Paris, 3 fevral 1886
Mənim dəfinəm! Tanrının baxışları üstümüzdə olduğu üçün hər şey yaxşı qurtardı və indi gecikdirmədən, dünənki qonaqlıqla bağlı düşüncələrimi sənə yazmaq istəyirəm. Ürəyimə damanlar çin çıxdı.
Kiçicik dozada udduğum kokain olmasaydı bu qonaqlıqda, darıxmaqdan, bağrım çatlayacaqdı. Bütün qonaqlıq boyunca vaxtımı, demək olar, yalnız səni düşünməklə keçirdim. İndi də qonaqlığın gedişindən yazıram.
O gecə Şarkonun qonaqsevər evində 40, yoxsa 50 adam vardı, mən onları bu evdə, öncədən də, görmüşdüm. Ona görə də, kiminləsə tanış olmağa gərək yox idi. Bu qonaqlıqda kim necə bacarırdısa elə də əylənirdi.
Mənim üçün burada ilginc olan bir iş yox idi. Məncə, elə başqaları da burada vaxtlarını öldürürdülər, ancaq yenə necə də olsa onlar biri-biri ilə danışmaqla başlarını qatırdılar. Mənim isə onlarla danışığım tutmurdu.
Burada məni tanıyanlardan da heç biri mənə qarşı diqqətli deyildi. Mən nəzakətlə Şarkonun xanımı ilə salamlaşdım, görünür mənimlə danışmaq onun üçün maraqlı olmadığından, madam Şarko, o andaca, ərinin qonşu otaqda, qonaqlarla olduğunu deyib uzaqlaşdı.
Qoca professor Şarko stulda tərpənməz oturub qalmışdı və çox yorğun görünürdü. O, mənimlə xəstələrlə bağlı danışmağa icazə vermədi. Bu, onunla təklikdə geniş mövzular haqqında danışmaq imkanım olan yeganə hal idi.
Şarkonun qızı yunan stilində geyinmişdi və çox gözəl görünürdü. Sənin qısqanmağına yol verməmək üçün deyim, madmazel qonaq otağına gələn kimi mənimlə əl tutub görüşdü və bir söz belə demədən uzaqlaşaraq başqa qonaqların yanına getdi. Qonaqlıq sona yaxınlaşanda mənimlə Jil de lya Turet arasında siyasi konuda qızğın bir danışıq oldu.
O, çılğınlıqla Almaniya ilə şiddətli müharibə olacağını proqnozlaşdırırdı. Mən bir az barışdırıcı danışmağa üstünlük verib, istər alman, istərsə də avstriya vətəndaşlarının öz hakimiyyətlərinin istəklərindən tam xəbərsiz olduğunu dedim. Belə danışıqlar, bir neçə səbəbdən, mənim üçün çox ağır və sıxıntılıdır.
Ancaq, mən içimdə baş qaldıran alman yurdsevərliyi duyğusunu boğub özümü toxtaq apara bildim. Saat on ikinin yarısında bizi yemək stoluna çağırdılar. Stolun üstündə çoxlu içkilər və az-maz da yeyəcəklər vardı.
Mən bir fincan şokolad içməklə yetindim. Bu qonaqlığa görə incik deyiləm, onsuz da, belə qonaqlıqların hamısı elə bu sayaq olur. Mən səninlə heç vaxt belə qonaqlıqlar düzəltməyəcəyimizi yaxşı bilirəm.
Belə darıxdırıcı gecələr kimə və nəyə gərəkdir? Ancaq, buna baxmayaraq, Şarkonun məni çağırdığı, onun ailəsi və maraqlı insanlarla tanış olduğum, o birinci qonaqlığa görə onlara səmimi minnətdarlıq və təşəkkürlə böyük sayğı duyuram. İndi isə, gecən xeyrə qalsın, mənim dəfinəm.
Sənə ürəkdən gələn alqışlarımı göndərirəm. Sənin Ziqmundun