13DƏYİŞİKLİKLƏRİN ODU · ARAŞDIRMANIN YEKUNLARI · NEVROTİK MASKALARIN KÜLU
Biz araşdırmamızın birinci mərhələsini başa vurduq. Qarşımızda insan kölgələrinin panoraması açıldı — ətraflı təhlil etdiyimiz on münasibət modeli. Bu, psixoloji praktikada rastlanan nevrotik davranış nümunələrinin təsnifatıdır. Bu, daxili boşluğu xarici surrogatlarla doldurmağa çalışaraq insanın seçdiyi on sağ qalma strategiyasıdır.
Lilit qızılda təhlükəsizlik axtarırdı, sevginin satın alına biləcəyinə özünü inandırırdı. Amma hisslərin valyutası bank hesabına çevrilmir. Putana ağrını üsyana çevirirdi, özündəki qorxunu batırmaq üçün dünyaya bağırırdı. Amma aqressiya körpü qurmur, yalnız yandırır. Hippi məsuliyyətdən azadlıq xülyasına qaçırdı, amma məqsədsiz azadlıq hara əsdiyini bilməyən küləyə çevrilir. Geyşa həyat səhnəsində heyranlıq axtarırdı, səmimiliyini alqışa dəyişirdi. Amma alqış səngiyir, yalnız oyundan yorğunluğu arxada qoyur. Məşuqə tərəfdaşına xilasedici kimi yapışırdı, asılılığı sevgi ilə qarışdırırdı. Amma başqasının havası ilə əbədi nəfəs almaq olmaz. Kurtizan münasibətləri ova çevirdi, qələbələr toplayırdı. Amma qələbələr qucaqlaya bilmir, kolleksion uğurların soyuqluğu ruha işləyir. Tereza əzab vasitəsilə mövcudluq hüququnu satın alaraq özünü fəda edirdi. İnfanta icazəsiz bir addım atmaqdan qorxaraq böyük bədəndə uşaq ruhu olaraq qalırdı. Amma həyat kimsənin əmr verməsini gözləmir. Sinderella başqalarının yükünü öz borcu hesab edərək daşıyırdı və özünü başqalarına qayğıda eridirdi. Amma başqasının yükü beli düzəltmir, əksinə şəxsiyyətin onurğasını sındırır. Dilənçi özünü şəraitin qurbanı hiss edərək dünyadan borcunu tələb edirdi. Amma dünya bizə heç nə borclu deyil, sevgini vergi kimi tələb etmək rədd cavabına məhkumdur.
Dərin psixologiyanın məntiqini izləsək, bütün bu modelləri bir şey birləşdirir: onlar yalançı ehtiyaclar üzərində qurulub. Ünsiyyət və sevgi əvəzinə insan təhlükəsizlik, diqqət, hakimiyyət və ya bəraət axtarırdı. Bu, susuzluğu duzlu su ilə söndürməyə çalışmaq kimidir: nə qədər çox içsən, susuzluq bir o qədər artar. Nevrotik modellər travmalara reaksiya olaraq yaranan, lakin stereotip şəklini almış qoruyucu mexanizmlərdir. Onlar bütünlük vermir, yalnız ağrını konservləşdirir.
İnsan bu maskalardan birinin çökdüyünü yaşadıqda, nə qızılın, nə üsyanın, nə azadlığın, nə də qurbanın cavab vermədiyini anladıqda — yol ayrıcında dayanır. O artıq Lilit və ya Sinderella olmaq istəmir. Lakin kim olduğunu da hələ bilmir. Cəmiyyətdə sağ qalmaq, rədd edilməmək üçün ətrafındakıların maskalarını sınamağa başlayır. Hamı üçün rahat olur. Başqalarının arzularını güzgü kimi əks etdirir.
Nevrotik münasibətlərdən sağlam münasibət modelinə keçid prosesi.
Bütün bu nevrotik davranış modellərinin kökündə çox vacib bir faktor var. Hər bir disharmonik münasibət modeli insanların sağlam olmayan ehtiyacların ödənilməsi məqsədi ilə qurulur. Burada sağlam olmayan ehtiyaclar dedikdə, birbaşa ünsiyyət və ya sevgidən kənar ehtiyaclar nəzərdə tutulur. Daha aydın izah üçün bir misal gətirək. İnsan anadangəlmə tələbatları arasında bir sıra fizioloji və psixoloji ehtiyacları var. Gida, su, hava, yuxu, nəcis və ya sidik ifrazı – bunlar fizioloji ehtiyaclardır. Çünki zamanında ödənilməyəndə insan həyatı üçün təhlükə var – insan ölə bilər. Təhlükəsizlik, ünsiyyət və sevgi, möhtərəmlik və özünü reallaşdırma – bunlar psixoloji tələbatlardır. Psixoloji tələbatlar zamanında ödənilmədikdə, insan sağlamlığı üçün real təhlükə yoxdur, lakin özünü xoşbəxt hiss etməsi üçün bu ehtiyacların ödənilməsi zəruridir. Məhz psixoloji ehtiyacların ödənilməsində insan inkişaf etdikcə şəxsiyyət kimi formalaşır, cəmiyyətdə öz adı ilə bacarığı və istedadı ilə layiqli yerini tutur. Burada qeyd olunan ünsiyyət və sevgi psixoloji tələbatı münasibətlərin qurulması üçün yeganə uyğun olan sağlam tələbatdır. Yəni, hər bir insan tənha olmadığını, sevib sevildiyində hər hansı bir cəmiyyətə aid olduğunu hiss etməyə ehtiyac duyur. Bu insanları birləşdirən tələbat cəmiyyəti formalaşdırır, humanizmi inkişaf etdirir, mərhəmətlik və empatiya hissini oyadır və mənəvi cəhətdən insanı inkişaf etdirir. Münasibət qurarkən insanlar bu tələbatın əvəzinə hər hansı başqa bir tələbat və ya tələbatlarına aid olmayan şəxsi və ya ictimai məqsədə nail olmağa üstünlük verirsə, bu təfəkkür sağlam olmayan ehtiyacları meydana gətirir. Misal üçün, insan özünü təhlükəsizlikdə hiss etmək üçün münasibət qurur. Bu, bir tələbatın başqa tələbatla ödənilməsi cəhdidir. Fizioloji tələbatlarla müqayisə etsək, sanki insan susuzluğunu ödəmək məqsədi ilə çox yatmağa qərar verir. Və yaxud aclığını dərindən nəfəs almaqla ödəməyə çalışır. Fizioloji tələbatlarla müqayisə etdikdə, bu təbii ki, gülünc səslənir. Çünki hər bir şəxs bilir ki, fizioloji tələbat zamanında ödənilməsə insan özünü nə qədər aldatmağa çalışsa da – ölüm qaçılmazdır. Psixoloji tələbatlara gəldikdə isə, insanlar bir tələbatın ödənilməsini başqası ilə ödəməyə çalışarkən həm özünü həm də ətrafdakıları aldatmağa çalışır. Təbii ki, bu cür sağlam olmayan ehtiyaclar insanın münasibətində qabarıq şəkildə gözə çarpırsa, bu da təsadüf deyil. Bu onu göstərir ki, insan hələ də şəxsiyyət kimi yetkin deyil – öz ehtiyaclarını özü ödəməyə hələ də hazır deyil. Və hansı ehtiyacını ödəməkdə ən böyük zəiflik hiss edirsə, həmin ehtiyacın da təsiri altında daxili gərginlik hiss edir və onun ödənilməsi məqsədi ilə münasibət qurur. Belə ki, sağlam olmayan ehtiyaclar insanın təfəkkürünə, mənəviyyatına, dəyərlərinə, həyat prinsiplərinə, inanclarına və təbii ki, başqa insanlarla münasibətinə təsir etmiş olur.
Bu kimi sağlam olmayan emosional bağlar çox vaxt əsl səmimi sevgi hissləri üzərində deyil, ən çox cinsi ehtiyacın tələbatı üzərində qurulur. Ona görə də, bu nevrotik davranışlar üzərində yaranan münasibətlər qeyri-sabit və saxtadır. Bu münasibət modelləri sanki səhnədəki oyuna bənzəyir. Özü inanır, hamını aldadır – nəticədə xoşbəxt ola bilmədiyindən şikayətlənir.
Bəs, sağlam ehtiyacların əsnasında yaranmış münasibət modeli varmı?
Bütün saxta münasibət modellərində özünü sınayaraq, onların kökündə duran yalanın səbəbini dərk edib, onlardan imtina etmək üçün özündə cəsarət tapa bilib və bundan sonra həyatında yalnız qəlbindən gələn səmimi sevgi ilə münasibətlərini qurmağa qərar verən şəxs, sanki bir Feniks (Zümrüd quşu) kimi, keçmişini həqiqət odu ilə külə döndərib, özünü yenidən yaradan ilk baxışdan başqalarından seçilən, parlaq təbəssümü ilə özünə aşiq etdirən, səmimiyyəti ilə insanları tərksilah edən, cəsarəti ilə öz arzusu istiqamətində hərəkət edən Yetkin Şəxsiyyətdir. Bir insanın anadangəlmə Feniks olması mümkündürmü? – Belə bir şəxsə rast gəlsəniz bilin ki, bu möcüzədir – bu uşaq müqəddəsdir.
Feniks münasibət modelinin dərinliyinə enməkdən öncə, sağlam münasibətlərə gedən yolu araşdıraq. Necə olur ki, insan öz təfəkküründə dəyişilərək, özünü və həyatdakı bütün ehtiyacları nəzərə alaraq, insanlarla davranışında səhvlərə yol vermir?
Birincisi onu qeyd etmək lazımdır ki, “Feniks Erası” kitabı bir dərslik olaraq imkan verir ki, insanın uzun müddət bir münasibət modelində saxlayan düşüncə tərzini müəyyən edə bilək. Əgər insan özü xoşagəlməz hisslərdən qurtulmaq istəyirsə, özünü müşahidə etməyə başlayacaq. Bu yolda yalnız şəxsiyyət tipi olaraq deyil, artıq təfəkküründə ona mane olan fikirləri əsas götürəcək. Eyni reaksiyaları və vəziyyətləri təkrarlayan hansı düşüncə tərzidir bilsə, onu dəyişmək üçün artıq bu düşüncəyə gətirib çıxaran səbəbləri araşdırmağa başlayacaq. İnsanın şəxsi inkişafı yolunda onu düşüncələrinə təsir edən eyni fikirlərdən özünü xilas etmək üçün, gələcəkdə nəyi və necə dəyişəcəyi barədə tədbirlər görməyə başlayacaq. Yalnız bu halda insan həyatının təkrarlanmış ssenarilərindən özünü sığortalaya bilər.
Psixoemosional komplekslərin də yaranmasına səbəb, insanın şəxsi inkişaf mərhələsində düşüncə tərzinin nə cür formalaşmasıdır. Şəxsiyyətin identifikasiyasında təməl salan inanclar, onun ilk növbədə necə biri olması barədə informasiyaya malik olur. İnsan özü dərk etdikdə ki, “mən bu yaşa çatınca, belə bir davamlı hisslərin daşıyıcısı olaraq yetişmişəmsə, səbəb mənim təfəkkürümdədir. Niyə mən davamlı eyni münasibət qarşılığında qalıram? Bu hərəkətləri mənə təkrarlamağa vadar edən nə olur?” İnsan fərqində olduğu təqdirdə “Feniks Erasına” daha tez bir zamanda keçid edə bilər.
Hər bir insan bu yolu bilərkən şəxsi inkişaf mərhələlərində öz üzərində daim çalışa bilər. Sağlam, səmimi və sevgi dolu həyat yaşamaq üçün doğru yol budur. Başqa bütün fərziyyələr bu imkanı vermir. İnsan aləmində müxtəlif patologiyalardan xəbər tutmaqla kifayətlənmək olmur. Bir çox məktəblərdə insanın davranışı üzərində saxlayacaq düşüncə tərzi barədə məlumat olmadığı üçün tez bir zamanda həllinə yönəlmək də çətin olur. “Feniks Erası”-nda bu mümkündür.
Keçid mərhələsi nə cür baş verir? İnsan sabit bir davranış modelində xoşagəlməz hallarla qarşılaşırsa və özünü dərk etmədən daim çıxış yolları axtarırsa – bu zaman onun seçimi axtarış sisteminə yönəlir. Bir növ dənizdə batan biri, necə çırpınırsa, o da xilas yolunu axtarmağa başlayır. İlk köməkliyinə çatan nədirsə, ondan istifadə etməyə hazırdır. Bu hallar onda qeyri-ixtiyarı, dəyişik bir prosesin yaranmasına gətirib çıxara bilər. Həyatı boyu, müxtəlif fikirlər arxasınca gedən və hər dəfə də fərqli çətinliklərə düçar olan şəxsin davranış modelinə, daha bir ad qazandıra bilərik – Buqələmun münasibət modeli.
Beləcə Buqələmun doğulur.
Bu son deyil. Bu başlanğıcdır. Bu, həqiqi «Mən»in küldən qalxmasından əvvəlki son hədddir. Buqələmundan sonra sağlam modellər ərazisinə keçilir — insan sağ qalmaq üçün deyil, məna üçün yaşayır. Amma buna nail olmaq üçün adaptasiyadan keçmək lazımdır.