02PROLOQ · METODOLOJİ ƏSAS

Ümumi anlayış, koqnitiv təhriflər və inanclar.

Bu kitab psixoloji cəhətdən sağlam münasibətlərin həyatdakı aktuallığını nümayiş etdirməklə yanaşı, yaranmış problemlərin fərqlilik baxımından xarakteristikasını və müxtəlif koqnitiv (düşüncə) təhriflərin təfəkkür vasitəsilə davranış modelinə təsirini göstərəcək.

İnsanın müasir cəmiyyətdə özünü nə cür təsdiqləməsi, ailə dəyərləri ilə bərqərar olaraq addımlaması kişi və qadın münasibətlərində birbaşa əks olunur. Bəs, nə zaman yaranır «Həmahəng münasibətlər» fenomeni?

Birincisi, qeyd edək ki, insanların bir-biri ilə psixoloji cəhətdən sağlam münasibət çərçivəsində ailə qurmaq istəyi — tələbatdır. Daxili (sevgi və qayğıya ehtiyac, cəmiyyətdə, insanlar arasında olmaq istəyi) və xarici (milli-mənəvi dəyərlər, ailədən gələn tərbiyə, dövlət siyasəti) faktorlara əsasən tanış olub ünsiyyət saxlaması, daha da yaxın münasibət quraraq ailə qurması — motivdir. Evliliyin ailə sistemində nə cür inkişaf etməsi (maddi dəyərlərin formalaşması və inkişafı, uşaq sahibi olmaq, onların tərbiyəsinə zaman ayırmaq, separasiya), münasibətlərdə dəyərlərin formalaşması, sevgi hisslərinin dərinləşməsi və qorunması — məqsəddir.

Bioloji faktorlar, psixogenetik səviyyədə şəxsiyyətin cəmiyyətdə necə yetişməsi onun fərdi xüsusiyyətlərini büruzə verməklə, unikallığını formalaşdırır. Bu da öz növbəsində fərdin nəinki ictimai statusunda, hətta münasibət modellərində öz əksini tapır.

Çox vaxt psixoloji komplekslər üzərində qurulan münasibət modelləri insanın şəxsi və işgüzar həyatında ciddi bir problemə çevrilir. Əsas məqsədimiz bu davranış modellərində gizlənən başlıca koqnitiv səbəbi üzə çıxarmaq və tezliklə tanış olacağınız yeni Feniks Transformasiya Metodologiyası ilə yetkin düşüncə tərzinin formalaşmasına kömək olmaqdır.

Burada açıqlanan sağlam münasibətlərin qurulması metodologiyasında hər bir şəxsiyyət öz tələbatlarının obyektiv psixoloji səbəblərini görə biləcək. Koqnitiv transformasiya həyatdakı başlıca məqsədlərə və ictimai statusa təsir edəcək qüvvəyə malikdirsə, «Feniks Erası» kitabı — psixoloq və psixologiya ilə məşğul olanlar üçün bir dərslik, həyatını yaxşılığa doğru dəyişmək istəyənlər üçün isə terapevtik bir metod olaraq təqdim olunur.

Şəxsiyyətlərarası münasibətlərə təsir edən ən başlıca faktor insanın daxilindəki komplekslərdir. Psixoloji komplekslər müxtəlif formada maneçilik yaradır. İnsanın həm daxili əhvalına təsir etməklə, vaxtında müdaxilə olunmadığı təqdirdə psixoloji pozuntulara qədər gətirib çıxara bilər. Məsələn, günahkarlıq kompleksindən əziyyət çəkən biri, hər hansı bir vəziyyətdə özünü günahkar sayaraq depressiv duruma düşür.

Bu nə cür baş verir? Psixoloji komplekslərin təsiri nəticəsində fərdin verdiyi qərarlar və insanlarla olan ünsiyyət modeli nevrotik ehtiyaclardan irəli gəlir. Hisslər, emosional durum, düşüncələr və davranış bir kompleksin içində cəmləşərək eyni davamlı reaksiyalara gətirib çıxarırsa — bu psixoloji komplekslər kimi müəyyən edilir. Psixoloji komplekslər erkən yaşda doğma insanlarla ünsiyyət zamanı, xüsusən də valideynlərlə təmas nəticəsində formalaşdığına görə psixoemosional komplekslər sayılır.

Bunu dərk etdikdən sonra hər bir psixoloji komplekslərin yaranma səbəbini təhlil edə bilərik. Psixoanaliz nəticəsində komplekslərin təhlili düşüncələrin dərinliyində gizlənən sirləri üzə çıxardıqca, mane olan stereotip fikirləri dəyişməyə doğru aparır.

Elə bir insan yoxdur ki, heç bir psixoloji kompleksi olmasın. Elə olarsa, bu insanın heç bir emosiyası, hissləri və həyatdakı məqsədləri olmayacaq. Belə insanları biz adətən heç görmürük, onların cəmiyyətdə varlığı hiss olunmaz. Nəzərə alsaq ki, insanın ətraf mühitlə təması, daha çox münasibət modelindən asılıdır, harmonik və sağlam münasibətlərin qurulması metodologiyası məhz bu komplekslərin üzərində təməl salır. Kitabın məqsədi insanları sevgi və hüzur içində yaşamağına kömək etməkdir.

Bu metodologiya digərlərindən niyə üstündür? Bu kitabda əks etdirilən davranış modelləri insanları şəxsiyyət tiplərinə görə bölən əvvəlki təsnifatlarla müqayisədə çox üstün tərəflərə malikdir. Məsələn, temperamentlərə baxsaq insanın anadan gəlmə dəyişilməz xarakterə məxsus olduğunu görə bilərik. Belə bir halda yalnız bu əsaslara arxalansaq, insanın gələcəkdə dəyişilərək daha sağlam münasibət qurmağa sanki şansı qalmır. Hətta bir çox psixoloqların şəxsiyyət tiplərinə həddindən çox dəyər verməsi uğursuz nəticə verir.

Eləcə də psixologiyadan kənarda, astrologiyada insanların bürc əlamətlərinə görə bölünməsi insana məxsus davranış və düşüncə modeli kimi sabit və dəyişilməz ölçü kimi qəbul olunur. İnsana «sən beləsən, bu əbədidir» deyən hər hansı bir təsnifat tələyə çevrilə bilər. Çünki insan anadan olduğu andan hər gün, hər saat, hər an aldığı yeni məlumatlar sayəsində təfəkkür tərzini, duyğusallığını, davranışını mütəmadi dəyişir. Biz damğa deyil, özünü müşahidə üçün bir alət təklif edirik. Hər birimiz həyatı boyu bunun şahidi olmuşuq. İstənilən insan müxtəlif yaş çərçivəsində psixoemosional inkişaf mərhələlərini yaşayıb.

Lakin bir çox təsnifatlarda olmayan məhz münasibət modelləri insanın təfəkkürü, hissləri və davranışı ilə ortaq və vacib məqamları göstərir. Bu kitabda təqdim olunan münasibət modelləri imkan verir ki, insan qeyri-adekvat davranışda onu xoşbəxt etməyən tərəfləri görərək, qısa müddət ərzində dəyişilməyə qərar versin və başqa bir münasibət modelinə keçid etsin.

Psixiatriya sahəsinin bir sıra təsnifatlarında insanın davranış modellərinin kökündə olan səbəb şəxsiyyət patologiyası kimi qəbul olunur. Əgər davranış modeli xəstəlik kimi qəbul olunursa, bu elə bir məna verir ki, sanki bu insan daha heç bir zaman sağlam münasibət qura bilməyəcək. Belə bir damğa, bu sahədə çalışan mütəxəssisləri də çaşdırır. Ona görə də bunların heç biri psixoterapevtik, yəni həyatında dəyişiklik gətirəcək bir vasitə kimi istifadə olunacağı uyğun gəlmir.

Nə şəxsiyyət tipləri nəzəriyyəsi, nə şəxsiyyət pozulmaları anlayışı, nə də ki, digər mistik nəzəriyyələr imkan vermir ki, insan öz iradəsi, şüuru və zəkası ilə inkişaf edərək həyatını dəyişsin.

Bu nəzəriyyələrin kökündə duran əsas problem elə bundan ibarətdir ki, insanları stiqmatizasiya edir, yəni bu keyfiyyətləri möhürlənmiş vəziyyətə gətirib çıxarır. Reallıqda isə elə deyil.

Uzun müddət bir insanın həyatını müşahidə edəndə, biz görürük ki, obyektiv olaraq, onun düşüncə tərzi dəyişilərək, emosional durumları da tədricən dəyişir. Məhz bu dəyişkənlik, canlı orqanizmlərin hər birinin adaptasiya xüsusiyyətlərindən biri sayılır. Ona görə də, insan dəyişilmək istəmirsə, psixoterapevtik texnikaların da təsiri olmur. Uzun müddətli terapiyalar da, mənasız vaxt itkisinə səbəb olur və nəticədə insan ruhdan düşərək eyni problemlər içərisində qalmağa məhkum olur.

Bu kitabda tərtib etdiyimiz münasibət modelləri obyektiv olaraq müəyyən edilən ölçü vahidlərindən ibarətdir. İnsanın düşüncə tərzi, fikirlərini və dəyərlərini ifadə edə bilmək tərzi, əhval-ruhiyyəsinin dəyişkənliyi və davranış modeli — sabit bir formada müşahidə oluna bilər. Amma unutmaq olmaz ki, bu sadəcə davranış modelidir. Məsələn, yetkin bir kişi atasıgilə gəlir, valideynləri ilə görüşərkən, özünü «İnfanta» (uşaq) kimi göstərə bilər. (Misallarda qeyd olunan münasibət modellərinin təsnifatı irəlidə açıqlanacaq).

Tədricən dəyərləri, təfəkkürü dəyişildikcə, təbii ki, insanlarla münasibət modeli də dəyişməyə doğru gedir. Eyni zamanda insan iş mühitinə qayıtdıqda tamamilə başqa bir insana çevrilir. Vacib olan odur ki, həyatı boyu qazandığı təcrübələr əsasında hansı münasibət modelini özünə doğma sayır, sanki mənimsəyir və sahib çıxır. Şəraitə uyğun davranış modeli dəyişə bilər, lakin birini özünə uyğun seçib daimi münasibət modeli kimi inkişaf etdirəcək.

«Feniks Erası» kitabında təsvir edilən münasibət modelləri bir insanın davranışında müxtəlif şəraitlərdə fərqli tərzdə müşahidə edilsə də, insanın doğru qəbul etdiyi davranış tərzi uzun müddət onun əsas davranış modeli ola bilər. Cəmiyyətin stereotipləri, ictimai qınaq, təzyiq olarsa, onun düşüncəsində qəbul etdiyi münasibət modeli sabit vərdiş halına gəlib çıxır.

Biz buna asılı münasibətlər adı vermirik. Çünki müxtəlif şəxsiyyət tipləri, psixopatoloji durumlar olsa belə — hər biri ünsiyyətin bir hissəsinə toxunur. Amma bu ünsiyyətin niyə belə olduğunu və necə dəyişilə biləcəyi sualına çox vaxt digər nəzəriyyələrdə cavab tapılmır.

Metodologiyada psixoanalizin fundamental əsasları. Psixoanaliz nəzəriyyəsinə əsaslanaraq şəxsiyyətin quruluşunu 3 komponentə bölürük: Eqo (Mən), Süper-Eqo (Ali Mən), İD (O).

EQO (MƏN) — Kamal, dərrakə, gerçəklik prinsipi, xarici nəzarət davranış modelinə əks olunur.

İD (O) — Şüuraltı, şüursuz səviyyədə gizli motivlərdən, ehtiyaclardan ibarətdir.

SÜPER-EQO (Ali MƏN) — Ali şüur, dəyərlərə, əxlaqa, mənəviyyata cavabdeh olaraq özünə nəzarət davranış modelinə təsir edir.

Ailə dəyərlərinin uyğun gəlməsi, hüzurlu münasibətlərin formalaşması üçün əsaslı təməllərdən biridir.

Freyda görə psixoseksual inkişafın mərhələləri. Uşaq dünyaya göz açandan ən birinci stressi ana bətnindən ayrılarkən alır. Tədricən özünü və onunla yaxın təmasda olan insanları görür. Bu zaman travmatik durumlar nəticəsində yaranmış müxtəlif koqnitiv təhriflər, onun üçün fərqli emosional durumların yaranmasına səbəb olur.

Ziqmund Freydin nəzəriyyəsinə əsaslansaq, libido enerjisi öz təməlini infantil səviyyədə olan yaşantılarda qoruyub saxlayır. Hər bir mərhələdə qeyd olunan libido enerjisi müəyyən yaş çərçivəsini əhatə edir. Dövrün növbəti mərhələyə keçidi, müəyyən konfliktin həlli olunması ilə əlaqəli olmalıdır.

Oral mərhələ. (0 — 1,5 yaş)

Bu dövrdə körpənin ağız sahəsi bioloji tələbatların təmin edilməsi və xoş duyğularla çox sıx bağlı olur. Adətən bu fazanın pozulması nəticəsində insanlarda Şizoidlik şəxsiyyət tipi formalaşmağa başlaya bilər.

Anal mərhələ. (1,5 — 3 yaş)

Bu yaş ərəfəsində libido anusa yönəlir. Anal mərhələnin hər hansı bir pozuntusu nəticəsində insanlarda Epileptoid şəxsiyyət tipi formalaşa, aqressivlik, gərginlik, affektiv reaksiyalar yarana bilər.

Fallik mərhələ (3 — 5 yaş)

Hissiyyat artıq cinsi orqanlarda cəmləşir. Bu mərhələdə uşaq anatomik cinsi fərqlərdən xəbərdar olur və Freydin Edip (oğlanlarda) və Elektra (qızlarda) kompleksindəki hisslər arasında qarşıdurma yaradır. Bununla da uşağın cinsi xüsusiyyətlərini qəbul edərək, identifikasiya mərhələsini həll edir.

Latent mərhələ (6 — 12 yaş)

6-7 yaşdan başlayaraq uşaqların müxtəlif əqli məşğələlərə, idmana, həmyaşıdları ilə ünsiyyətə maraqları artır. Bu mərhələdə şəxsin mənəvi dəyərləri formalaşır, yaxşı və pis anlayışları öz davranışını idarə etməkdə əsas vasitəyə çevrilməyə başlayır.

Yetkinlikdən sonrakı dövr həyatın sonuna kimi davam edir. Freydin nəzəriyyəsinə görə, məhz bu mərhələdə ideal «Genital xarakter» formalaşmalıdır. Bunun üçün insan, həyatı vacib məsələlərin məsuliyyətini dərk edərək, uşaqlığa xas olan passivlikdən imtina etməlidir.

Z. Freyd əmin edir ki, hər bir insan Psixoseksual inkişaf dövrünü sağlam formada başa vurmalıdır ki, yetkin təfəkkür modeli formalaşsın. Fərd inkişaf etdikcə, cəmiyyətin məhdudiyyətlərini qəbul edərək, istədiyi həzzi almaq üçün müxtəlif yollarını tapmağa çalışır. Bu uyğunlaşma strategiyaları şəxsiyyətin cinsinə məxsus davranış modelini təşkil edir.

Beləliklə, bu kitabda biz sizinlə, müxtəlif yalançı ideologiyalardan yaranan, insanın sağlam düşüncəsinə mane olan münasibət modellərini təhlil edəcəyik.

Bu kitabda siz bu suallara cavab və həlli yollarını tapa biləcəksiniz:

— Niyə ictimai statusundan asılı olmayaraq insanlar xoşbəxt ola bilmir?

— İnsanı bu yalançı oyunların axarı ilə getməyə vadar edən nədir?

YALANçı DƏYƏRLƏR

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.