03«LİLİT»

Qızıl sevgidən ağır olanda: Pul tələsi.

1. AD VƏ MƏNA

Transkripsiya və Etimologiya: Modelin adı Lilit (ibr. לילית) adından gəlir. Yəhudi mifologiyasında və aqadik mətnlərdə Lilit Adəmin onun qabırğasından deyil, eyni gilindən yaradılmış birinci həyat yoldaşı kimi təsvir edilir. O, itaət etməkdən imtina etdi, Allahın qadağan olunmuş adını dedi və Cənnəti tərk edərək iblisə çevrildi.

Yəhya Dəməşqinin məntiqinə əsaslanaraq, mələklər mahiyyətcə cissimsizdir, lakin obrazlar qəbul edə bilərlər. İblislər isə heç bir yeni şey yaratmır, yalnız təqlid edirlər. Metodikamızın terminləri ilə desək, Lilit cins məsələsi deyil, prioritet məsələsidir: maddi təminat və təhlükəsizlik emosional yaxınlıq və güvəndən üstün tutulur.

Obrazın kökləri şumer-akkad mifologiyasına gedib çıxır, burada lilû iblisləri külək və fırtına ilə assosiasiya edilirdi. Kabbala (Zohar) kitabında Lilit «klipot»un (natəmiz qabıqların) təcəssümüdür. Yunan mifologiyasında bu obrazın əks-sədaları Lamiya surətindədir. Bütün mədəniyyətlərdə vahid bir stereotip izlənilir: yaradıcı bağlılıq əvəzinə ayrılıq və maddi istehlak yolunu seçən varlıq.

2. ŞÜAR VƏ İNANCLAR

«Lilit» münasibət modelində olan insanlar tez-tez həyat kredosuna çevrilən fikirlər səsləndirir. Sosial şəbəkələrdə, forumlarda və danışıq dilində eşidilə biləcək üç əsas inanc bunlardır:

«Dünyadakı hər şey yalandır, puldan başqa». (Yalnız maddi resursların təhlükəsizliyi zəmanət etdiyinə dair inanc).

«Kifayət qədər vəsaitin varsa, sevgini satın ala bilərsən». (Hisslərin əməliyyat səviyyəsinə endirilməsi).

«Kapitalı olan üçün heç bir şey mümkünsüz deyil». (Mənəviyyat üzərində hakimiyyətin gücünə inam).

3. İNFORMASİYA BLOKU: TARİX, ƏDƏBİYYAT VƏ PSİXOLOGİYA

İnsan niyə “sevgi pul ilə alına bilər” qənaətinə gəlir? Bu anadangəlmə xüsusiyyət deyil, koqnitiv təhrifinin nəticəsidir. Bu mexanizmi koqnitiv-davranış terapiyası (KDT) prizmasından nəzərdən keçirək. Vəziyyəti təsəvvür edin: insan aşiq olur, rədd cavabı alır. Sevdiyi insan maliyyə vəziyyəti daha yaxşı olanı, başqasını seçir. Müşahidəçi belə nəticə çıxarır: “Onlar üçün yalnız pul önəmlidir”. Burada klassik koqnitiv təhrif – həddindən artıq ümumiləşdirmə baş verir. Tək hadisə bütün insanlara şamil edilir. Davamlı inam (sistem) formalaşır: “Pul ən vacib şeydir, hisslər ikinci dərəcəlidir”. Bu inam davranışı müəyyənləşdirir. İnsan “Lilit” modelinin daşıyıcısına çevrilir: hər şeyi pulla əldə etməyə çalışır, hissləri dəyərsizləşdirir. O, tərəfdaşları pulla alçaldır, bununla da haqlı olduğuna əmin olur: “Görürsən, sən mənimlə yalnız pul üçünsən, demək sevgi yoxdur”. Beləcə dairə bağlanır. Rədd olunma ağrısı nəzarətlə basdırılır. Amma bədəli – mənəvi durğunluqdur.

Bu zaman hisslərlə nə baş verir? İnsan müxtəlif vəziyyətlərdə yaranmış hissləri gizlədəcək, boğacaq və ya fərqinə varmayacaq. Məntiqlə düşünməsinə gözəl şərait yaransa belə seçimlərinə obyektiv yanaşmaq üçün ona mane olan məhz yanlış təhriflər olacaq. Həqiqətən də öz istəklərini deyil, beyninə yeridilən inancların gücü ilə hərəkət edəcək. Burada pis nə var ki, düşünə bilərsiz. Amma insan tədricən bütün hisslərdən qaçır –bütün yaranmış hisslər – sevinc, kədər, aqressiya sıxışdırılır və unudulur. Məntiq qalib gəlsə də, qəlbdəki proseslər susdurulur. Onun üçün bu, artıq belə bir əhəmiyyət kəsb etmir. O, düşünür ki, “pulum olarsa sevgini də pulla ala bilərəm”, “pul olarsa, xoşbəxt ola bilərəm”.

Nə baş verir: Bu düşüncə sahibi artıq əzəldən sağlam olmayan nevrotik münasibətlərin bünövrəsini qurmağa başlayır. Hətta özü də pula görə satılmağa hazır olduğunun fərqində olmaya bilər. Lakin belə bir inanc maddi vəziyyətin əhəmiyyətinə görə hissləri qurban verməyə təkan verir.

Qarşılayın! Nəticədə “Lilit” münasibət modeli formalaşır. Nəyə görə məhz Lilit? Lilit Yəhudi mifologiyasına Adəmin ilk həyat yoldaşı və ilk İblis qadın kimi qeyd olunur. Əfsanəyə görə, o, Adəmə tabe olmadığı üçün və ona itaət etmədiyi üçün Cənnət bağından qovulur.

Liliti, tarixin ilk feminist qadını kimi təqdim etmək olar. Əfsanəyə görə, O, Adəmə qarşı üsyan edərək, ona tabe olmaqdan imtina etmişdir. Eyni hüquqlara malik olmaq üçün müxtəlif bəhanələr gətirirdi. Hətta üzərində dominantlıq göstərmək üçün öz ecazkarlığı sayəsində Adəmin ehtirası ilə oynamağı bacarırdı. Mənəviyyatdan uzaq olaraq seksual hisslərlə manipulyasiya edirdi. Onlar ilk insan münasibətlərinin qurucusu sayılsalar da, təməli xoşagəlməz və dəyərsiz hisslər üzərində idi. “Dünyanın malı, dünyada qalar” misalı onlardan çox-çox uzaq idi. Məhz Lilit müxtəlif nemətlər üçün satqınlıqla məşğul olar və ilk insanı bu formada yoldan çıxarmağa çalışardı. Onunla çiyin-çiyinə gəlməyə çalışsa da, dünyanın bütün malını öz əlinə keçirməyə cəhd edərdi. Onun bu cür hiyləgər və acgözlüyü islam dinində İblisi, xristian aləmində “qovulmuş mələk” sayılan Lusiferin davranışına bərabər idi. Elə ona görə də, Adəmlə bərabərləşə bilməzdi. Cənnətdən qovulub, iblisə çevrilən Lilit ömür boyu bu qərarla razılaşmır və daim Həvvaya qarşı nifrət duyurdu. Amma heç cürə də Həvva ilə rəqabətə keçə bilmirdi, çünki Həvva Adəmin qabırğasından yaradılan qadın sayılırdı və emosional cəhətdən ona bağlı idi. Bu bağlılıq nəticəsində onların arasındakı münasibət xoş və saf hisslərə çevrilirdi. Lilit isə, belə səmimi münasibətdən uzaq qalaraq Həvvayə tay ola bilməzdi. Hər yeni cəhdi isə Adəm tərəfindən rədd edilərdi. Əfsanəyə görə, Lilitin intiqamının daha bir səbəbi məhz bu idi. O, ən alçaq yola əl ataraq insan övladlarının qatili kimi tanınardı. Burada neqativ və dağıdıcı hisslərin cərəyan etməsi müşahidə oluna bilər. Paxıllıq, kin-küdurət, nifrət kimi hisslərlə günaha batması şər qüvvələrin əlverişli silahı kimi bu gün insanlar arasında dağıdıcı qüvvəyə malikdir. Lilit üçün artıq müqəddəs heç nə qalmırdı, o hər dəfə uduzaraq, bütün kişi xislətinə qarşı nifrətini daha da artırardı. Həvva kimiləri seçən və sevgi hisslərinin ardınca gedən kişilərə qarşı min cür xoşagəlməz oyunlar çevirər və sehrli tora salaraq ən ağır cəza ilə öldürərdi.

Hətta Yəhudi mifologiyasının bir sıra sonrakı interpretasiyalarında, Adəmin oğlu Qabil (Kain) əslində Lilitdən idi. Təbii ki, ənənəvi yəhudi mifologiyasında Qabil Adəm və Həvvanın oğlu hesab edilir. Lakin baxmayaraq ki, Qabil həm də Adəmin oğlu sayılırdı, yenə də anası Lilitin genini daşıyır və məhz ona görə İblisin şər qüvvələrinə rahat tabe olaraq qardaşı Habili qətlə yetirmişdi. Bu fərqli tərəfdən gələn interpretasiya birmənalı qarşılanmasa da hazırkı münasibət çərçivəsində, biz Qabilin Lilitdən gələn paxıllıq və qısqanclıq kimi hisslərin təsirini göstərə bilərik. Ananın sevgisini paylaşa bilməyərək, sevgini sanki mənimsəmək üçün, ən alçaq addımı atır və qısqanclıq zəminində qardaşını qətlə yetirir.

Psixoanalizdə belə bir kompleks mövcuddur – “Kain kompleksi”. Uşaqlar arasında müşahidə etsəniz bacı və qardaşlar bəzən bir-birilərini vurmağa çalışırlar. Valideynin diqqətini və qayğısını qazanmaq naminə sanki rəqabətə çıxırlar.

Misal üçün, bir insan münasibətlərində sevgini emosiyalarla qazana bilmirsə, o hər zaman ehtiras və cazibə üsullarından istifadə etməyə çalışacaq. Məhz ona görə də bu cür insanlar emosional bir-birinə bağlı olan şəxslərə istehza və nifrət hissi ilə yanaşırlar. Onlar sevgini fürsət düşdükcə inkar etməyə çalışırlar. Eşq və məhəbbət, Yaradanın qüvvəsini təcəssüm etdirən simvol olaraq hər nəfəsdə duyulursa, yalnız maddi dəyərlərə arxalanan şəxslərin təfəkkürü bu mənəviyyatdan çox-çox uzaq olur. İrsindən, irqindən, dinindən, vəziyyətindən asılı olmayaraq hər kəs, həyat eşqində yalnız ləl-cavahirat düşkünü olarsa, o insanlığın sevgi qığılcımlarında Tanrı nemətlərini görməyəcək. Ona görə də qəhrəmanımız Lilit mənəvi və əxlaqi normalara ziddiyyət təşkil edərək Cənnət bağından uzaqlaşdırılır. Yəni bir sıra dini mifoloji əsaslara gəldikdə, Tövrat, İncil və yəhudi əfsanələrinin bir çox interpretasiyalarında bu günə kimi lənətlənmiş hesab olunur.

Hətta müasir cəmiyyətdə seksual münasibətlərdən dərin anlayışı olan biri, əgər maddi dəyərləri mənəvi hisslərdən üstün tutarsa, mahircəsinə öz cazibə qüvvəsinin sayəsində, hətta yataqda virtuoz hərəkətlər etsə də, qəlbini emosional cəhətdən fəth edə bilməyəcək. Ona görə münasibətlərdə bu sarıdan özünü daim zəif hiss edəcək. “Niyə mən deyil? Onda nə var ki, məndə yoxdur?” sualını həyatı boyu təkrarlayacaq. Cinsiyyətindən asılı olmayaraq məhz bu düşüncə sahibi kimi münasibət qurmağı seçənlər, pula görə görüşür, “sevir”, hətta yalandan sevgi etirafları etsə də, özü də buna inana bilər. Lakin bu münasibət onları heç bir zaman qane etmir, çünki onlar münasibət qurduğu insanın ən zəif tərəfindən istifadə edərək, sonradan onları cəzalandırırlar.

Bu gün cəmiyyətdə ən çox yayılmış “Lilit” münasibət modeli ailə daxili cütlük münasibətlərində, subay insanların evlilik seçimində, rəhbərliklə iş birliyində, dost-tanışlarla ünsiyyətdə və ən əsası da xəyanətlərin bir səbəbi kimi də görülə bilər.

Bu cür təfəkkürlə qurulan ailələrdə, maddi problem yaranarsa, öncə verilən dəyərlər heç bir əhəmiyyət daşımayacaq.

Cəfər Cabbarlının “Aydın” əsərini misal çəkmək olar. Orada Gültəkinin düşdüyü acınacaqlı durum pulla alınan sevginin qurbanı olduğundan yaranır. Varlı kişinin nəyin bahasına olursa-olsun satın almaq istədiyi kasıb ailənin qəhrəmanları bu durumda onun gizli qalan hisslərini oyatmaq üçün bir vasitə idi. Lakin buna bir oyun və əyləncə kimi yanaşan Dövlət bəy “Lilit” münasibət modelinin mahir ifaçısıdır. Bu prototip özü yaşanılmayan hisslərini pulla oyatmaq istəsə də, pula görə də hisslərini qurban verməyə hazırdır. Bəs, qarşı tərəf bu oyunda hansı rolun daşıyıcısıdır? Ehtiyaclar üzərində qurban verilən hisslər Gültəkin obrazında canlanır. Gültəkinin bu vəziyyətdə atdığı addım, onun Lilit münasibət modelinə cəlb olunması müxtəlif bəhanələrlə ölçülə bilər. Lakin, zəhərli münasibətlərdə hər iki tərəf “Lilit” düsturunu özündə təcəssüm etdirir.

Bu düşüncə tərzinə məxsus olan insanlara hisslər mane olduğundan, onlar emosiyalarını daha çox boğmağa və inkar etməyə üstünlük verirlər. Hətta sevsələr belə, pula görə sevgini duyurlar. Bu mövqedə olan insanlar müasir cəmiyyətin ən geniş yayılmış problemini əks etdirir. Lilit münasibət modelinə cəlb olunan hər iki tərəf müxtəlif manipulyasiya dolu oyunlarla münasibəti davam etdirməyi seçirlər. Psixoemosional ehtiyaclarını ödəmək üçün susmağa meyilli olan qurbanlar öz komfort ərazisindən çıxmadan eyni davranış modelini təkrarlayır. Qurban mövqeyində olan bir kəsin “Lilit” münasibət modelinə cəlb olunması “Məcburam”, “Uşaqlarım üçün edirəm”, “Çıxılmaz vəziyyətə düşmüşəm” kimi anlayışların özü belə yanlış addımlara bəraət qazandırmaq üçün deyilir. Bu fikirlər dərin bir inanca çevrilərək öz təsirini davamlı şəkildə göstərir. Hər iki halda istər qurban, istər ovçu məsuliyyəti dərk etməzsə, bu münasibət modelindən çıxa bilməyəcək. Bir növ yaranmış müxtəlif səbəblər nəticədə durumu dəyişmirsə, insan yenə də pula görə satın alınırsa, hisslərini, istəklərini susdurmaq məcburiyyətində qalırsa nə cür qürurunu qoruya bilər ki?

Nə baş verməlidir ki, insan yaranmış bu münasibət sistemini qıraraq, çıxılmaz görünən dairədən qurtulsun?

Uzun illər yığılıb qalan basdırılmış hisslər kritik həcmə çataraq partlamalı və üzə çıxmalıdır. İnsan özünə etiraf etməlidir ki, “Artıq yetər! Pula görə dözmək istəmirəm, mən də insanam, mənim də qəlbim var” və bununla da yeni düşüncə tərzinin köməyi ilə bu oyun tələsindən çıxa bilər. Təəssüflər olsun ki, bu oyunun qurbanları real olaraq özlərini günahkar hiss edirlərsə, bəzən çıxış yolunu da özlərinə qəsd etməkdə görürlər. Məsələn, Qədim Yaponiyada belə adət var idi ki, təcavüzə məruz qalan qadın çirkinlikdən təmizlənmək, öz qürurunu qorumaq üçün “Harakiri” etməyə məcbur olurdu. Aydın məsələdir ki, bu vəziyyətdə çıxış yolu ölüm deyil. “Gültəkin” dərk etsəydi ki, o, heç kimə görə məcbur deyil bu addımı atmağa, asanlıqla oyundan çıxardı. Amma o çıxış yolunu ölümdə gördü... Çünki, onun tapdalanmış mənliyi, qüruru məhz o düşüncə tərzinin məhsulu idi. Yetər ki, zamanında “Yox! Mən bu oyunun iştirakçısı deyiləm” fikri qəbul olunsaydı, bir təməl olaraq ailə sistemində yeni gələcək ssenarisinə təkan verə bilərdi. Bir çox uğursuz sevgi əlaqələrinin acı nəticəsi olaraq, Lilit münasibət modelinin daşıyıcıları həyatlarını dəyişmək qərarına gəlsələr, ən birinci münasibətlərdəki dəyər sisteminə nəzər yetirmələri lazım olacaq. Fahişə təfəkkürü gizli sürsə belə, psixoloji əsasda maddi dəyərlərin heç bir önəmi qalmazsa, düşüncə tərzində ciddi bir dəyişiklik başlaya bilər. Sanki artıq xoşbəxtlik üçün pulun heç bir köməyi dəymirsə, demək ki, dəyərlərin yenidən qurması halları baş verməlidir. Nə zaman ki, maddi dəyərlərini ödəyərək özünü hələ də xoşbəxt hiss etmədiyini dərk edir, bu cür davranışı məyusluq və ruh düşkünlüyünə gətirib çıxarır. İnsan cəmiyyətdən uzaqlaşmağa başlayır, özü kimi dəyərləri olan insanlara qarşı aqressiyası yaranır, illərini itirməyinə baxmayaraq maddi dəyərlərin həcmi belə, artıq ruh yüksəkliyi vermir. Lilit özünə qapanır, daxili dialoq nəticəsində artıq bu tərzdə həyatını istəmədiyini qərar verir. Bu qərardan sonra daha öncə basdırdığı və inkar etdiyi duyğuları çılğınlıqla üzə çıxarır, həddindən çox israfçılıq edir, pulun və varlığın dəyərsiz olğunu bəyan edir. Pula və maddi dəyərlərə sitayiş edən şəxsləri mənəvi sınamağa çalışır və sınaqdan keçməyənləri qəddarcasına cəzalandırır, alçaldır.

Misal üçün “Ləyaqətsiz təklif” filmində Robert Redford ailəli qadın obrazını canlandıran Demi Mura və onun həyat yoldaşına xanımla bir gecə keçirmək müqabilində bir milyon dollar təklif edir. Burada bu təklifi edən kişi zəngin insan həmin Lilit münasibət modelinin depressiv mərhələsində olarkən artıq maddi dəyərlərin sevinc duyğusu vermədiyini bilir. Ona görə, bu pulları əldə edəcəyini xəyal edən cütlüyü pul ilə sınağa çəkir. Onların daha öncə münasibətlərində sevgi olması ilə yanaşı maddi dəyərlərin böyük rol daşımamasına baxmayaraq bu depressiv Lilitlə üzləşərkən onun emosional basqısı və bu sınağı onların dünyasında mənəvi dəyərlərin dəyişilməsinə səbəb olur. Və onlar güclü həyəcan keçirməyinə baxmayaraq sonda verdikləri qərar maddiyata üstünlük vermək olar. Və bu da onların sevgisindən parçalayaraq, o ülvi hisslərdən əsər əlamət qoymur.

Beləliklə, bu filmin baş qəhrəmanı müsbət personaj deyil, əksinə ən qəddar insan odur. Eyni Adəmin Həvvaya qarşı sevgisini qəbul edə bilməyən Lilit kimi – paxıllıqdan və qısqanclıqdan sevən insanları ayırmağa meyilli olur. Bu cür, Lilit münasibət modelinin daşıyıcıları depressiv mərhələdə olarkən ətrafdakı insanların mənəviyyatı üçün daha da təhlükəlidir.

Ulduzlar və ya şəxsiyyət tipləri burada nə işə yarayır?

— Onlar məntiq və ümid olmayan yerdədir.

Teologiya terminləri ilə desək, bu günahın möhürüdür. Psixologiya terminləri ilə desək — müdafiə mexanizmi. İnsan maliyyə baxımından böyüyə bilər, çünki bu onun üstün məqsədinə çevrilir, lakin şəxsiyyət kimi böyümür. O, Lilit mərhələsində ilişib qalır, çünki bu model təhlükəsizlik illüziyasını yaradır, lakin güvənli münasibətlər qurmaq imkanını bloklayır.

Psixosomatika və emosiyalar. Belə düşüncə tərzi olan insanlar emosiyaları boğmağa meyillidir. Sevinc, kədər, aqressiya — hamısı sıxışdırılır və unudulur. Məntiq qalib gəlir, lakin ürəkdəki proseslər susdurulur. Onlar düşünür: «Pulum olarsa, sevgini də pulla ala bilərəm». Lakin tədricən bütün hisslərdən qaçırlar.

4. 5 MƏŞHUR ŞƏXSİYYƏT (MODELİN ARXETİPLƏRİ)

Həyatlarının böyük hissəsini «Lilit» modelinə uyğun keçirmiş tarixi və mədəni şəxsiyyətlər. Modelin mahiyyətini anlamaq üçün emosiyalar üzərində maddi dəyərlərin üstünlüyünü nümayiş etdirən konkret həyat tarixçələrini nəzərdən keçirmək vacibdir.

Madam de Pompadur (Janna-Antoanette Puason, Fransa, XVIII əsr)

Burjua ailəsindən olan qız, ehtiras üçün deyil, sosial yüksəliş və siyasi nüfuz naminə Kral XV Lüdoviklə əlaqəyə başladı.

Modelin təzahürü: O, hər addımını diqqətlə hesablayırdı. Hətta Kralla fiziki yaxınlıq bitdikdən sonra belə, özünü və ailəsini titullar və sərvətlə təmin edərək, onun məsləhətçisi və dostu olmaqla mövqeyini qoruyub saxlayırdı. Emosional bağlılıq statusun qorunmasına nisbətən ikinci dərəcəli idi.

Zsa Zsa Gabor (Macarıstan/ABŞ, XX əsr)

Doqquz evlilik etmiş aktrisa və işıqlı cəmiyyətin nümayəndəsi. Onun həyatı kişilər vasitəsilə təhlükəsizlik axtarışının dərslik nümunəsinə çevrildi.

Modelin təzahürü: Onun məşhur ifadəsi: «Kişi nahar xərclərini ödəməlidir ki, bunu özünə icazə verə biləcəyini bilsin». O, kişilərin rahat həyat üçün ona lazım olduğunu açıq şəkildə etiraf edirdi. Münasibətlər faydasız olduqda, yeni himayəçi tapıb asanlıqla onları kəsirdi.

Eva Peron (Argentina, XX əsr)

Nikahdan kənar qız, prezident Xuan Peron ilə evlilik yolu ilə yoxsulluqdan ölkənin birinci xanımı vəzifəsinə çatdı.

Modelin təzahürü: Buenos-Ayresdəki ilk illəri həyatda qalmaq və karyerasını irəliləmək üçün himayəçi axtarışı ilə xarakterizə olunurdu. Peron ilə evliliyi strateji ittifaq idi. O başa düşürdü ki, kütlənin sevgisini sosial proqramlarla, kişinin sevgisini isə onun karyerasına faydalılı olmaqla almaq olar.

Anna Nikol Smit (ABŞ, XX əsr).

26 yaşında 89 yaşlı milyarder C. Hovard Marşalla evlənmiş model və aktrisa.

Modelin təzahürü: Bu, Lilit modelinin müasir, faciəvi nümunəsidir. O, «sevgidən» evləndiyini açıq bəyan edirdi, lakin bütün hallar maliyyə zəmanəti axtarışına işarə edirdi. Onun hekayəsinin sonu — tənhalıq, asılılıq və vaxtından əvvəl ölüm — psixikanın canlı hissləri pul öhdəlikləri ilə əvəz etdiyi qiyməti göstərir.

Pol Getti (J. Paul Getty, ABŞ, XX əsr)

Öz dövrünün ən varlı adamı sayılan Amerika neft maqnatı — Lilit modelinin ən saf, «kişi» təzahürlərindən biri: onun üçün pul bütün insani bağlardan, o cümlədən sevgidən üstün idi.

Modelin təzahürü: Getti beş dəfə evlənib beş dəfə də boşandı; həyat yoldaşlarından biri boşanma ərizəsində onu emosional soyuqluq və laqeydlikdə günahlandırırdı. Sərvəti nə qədər böyüsə də, o, şəxsiyyət kimi yaxınlıq qura bilmirdi — hisslər həmişə maddiyatın kölgəsində qalırdı. Bu təfəkkürün ən kəskin nümunəsi 1973-cü ildə yaşandı: 16 yaşlı nəvəsi İtaliyada girov götürüldükdə, dünyanın ən varlı adamı fidyəni ödəməkdən imtina etdi — «14 nəvəm var; bir qəpik ödəsəm, 14 girov nəvəm olacaq» dedi. Yalnız oğurlanan uşağın qulağı kəsilib qəzetə göndəriləndən sonra o, məbləği aşağı salıb razılaşdı və hətta fidyənin bir hissəsini öz oğluna faizlə borc verdi. Bu, Lilit təfəkkürünün son həddidir: burada sevgi belə mühasibat qeydinə çevrilir, insan isə milyonların içində emosional cəhətdən tənha qalır.

5. MODELDƏN ÇIXIŞ (DEPRESSİV VƏ AQRESSİV)

Maddi dəyərlər sevinc gətirməyi dayandırdıqda böhran başlayır.

Depressiv çıxış: İnsan boşluğu dərk edir. «Zənginəm, lakin tənhayam». Lilit özünə qapanır, pulun dəyərini inkar etməyə başlayır, israfçılığa və ya apatiyaya düşür. Bu, Tereza modelinə (altruizm) və ya Putana modelinə (üsyan) keçidin mümkün olduğu nöqtəsidir. Depressiv fazada modelin daşıyıcısı ətrafındakılar üçün mənəviyyat baxımından daha təhlükəli olur.

Aqressiv çıxış: İnsan dünyaya qəzəblənir. «İnsanlar nankordu». Lilit başqalarını cəzalandırmağa başlayır, pulu manipulyasiya silahı kimi istifadə edir. Bu, izolyasiyanı gücləndirir və Kurtizan modelinə keçidi ehtimal edir.

6. MƏRYƏMİN HEKAYƏSİ: LİLİT YOLU

Məryəm həmişə belə deyildi. Əvvəllər ucadan gülürdü. Onun ambisiyaları, planları, xəyalları var idi. Karyera qurmaq istəyirdi. Konfranslarda adının çəkilməsini istəyirdi. Valideynlərə sübut etmək istəyirdi ki, onların qızı kömək olmadan öz başına bacaracaq. Kompromissiz.

Lakin cəmiyyət başqa cür deyirdi. Cəmiyyət pıçıldayırdı: «Pul olmadan heç kimsən. Status olmadan boşluqsan». Məryəm bu pıçıltını hər gün eşidirdi. Metroda. Ofisdə. Güzgüdə.

Və Rafael peyda olanda hər şey dəyişdi.

Üç ay əvvəl

Hər şey bilərziklə başladı. Qızıl bilərzik soyuq və ağır idi. Rafael qızıl bilərziyi onun biləyinə taxdıqda, Məryəm bir saniyə tərəddüd etdi. Əxlaqına görə deyil, atacağı addımın nə dərəcədə faydalı olduğuna görə düşündü:

«Bir gecəyə hər şeyi əldə edə bilərsənsə, niyə beş il yol gedəsən? Pul bütün problemləri həll edər. Mənzil, geyim, status — hər şey alınır».

Bir anlıq gözü onun barmağındakı toy üzüyünə sataşdı. Amma bunun artıq heç bir əhəmiyyəti yox idi. O, ər axtarmırdı. O, imkanlar axtarırdı.

— Razıyam, — dedi və açarları götürdü.

Bir ay sonra

Həyat çox asanlaşmışdı. Məryəm istəyəndə geyimlər alırdı. Sıxılanda maşın dəyişdirirdi. Özünü vəziyyətin sahibi kimi hiss edirdi.

«Sevgi kasıblar üçün nağıldır, — deyə, bank çıxarışına baxaraq düşündü. — Reallıq satın alınır».

Rafael az-az gəlməyə başladı. Zərflər qoyub gedirdi. O isə, harada olduğunu soruşmurdu. Niyə soruşmalı idi ki? Sorğu-sual razılıq çərçivəsindən kənar idi.

İki ay sonra

Zərbə gözlənilmədən gəldi. Bazar günü mesaj aldı:

«Bu ay çətinliklər olacaq. Az köçürəcəyəm. Zəng etmə».

Məbləğ yarıya endirilmişdi.

Məryəm ekrana baxdı. Daxilində inciklik deyil, qəzəb hiss edirdi.

«Necə cürət etdi? — deyə düşündü o. — Mən ona üç ayımı verdim. Mən ona vaxtımı sərf etdim. O isə sadəcə xərcləri azaltdı? Büdcə maddəsi kimi?»

Axşam gəldi. Masanın üstünə yeni bir zərf atıldı. Yüngül.

— Biznes-biznesdir, — gözlərinin içinə baxmadan dedi.

— Mən biznes deyiləm, — dedi Məryəm. Soyuqqanlı səslə.

— Sən investisiyasan. İnvestisiyalar isə risk tələb edir.

O getdi. Qapı şaqqıldadı.

Üç ay sonra

Məryəm çarpayının kənarında oturmuşdu. Önündə açarlar və zərf yatırdı.

Ağlamırdı. Onsuzda göz yaşları hesabları ödəmir. Güclü bir qəzəb hiss edirdi.

«Sən məni nə hesab edirsən? — deyə düşünürdü. — Sən məni bu dərəcədə ucuzlaşdırmağa icazə verəcəyimi düşünürsən? Xeyr. Əgər bu biznesdirsə, mən sənlə tam hesablaşacağam».

Məryəm telefonu götürdü. Köhnəni. Razılaşmanın əvvəlində kənara qoyduğu telefonu. Bir faiz enerjisi var idi.

Dostunun nömrəsini yığdı.

— Mənəm, — dedi, — Qayıdıram.

— Haraya?

— Özümə. Və onunla hesablaşacağam.

Məryəm zərfə baxdı. Bu sadəcə cansız kağız idi. O, heç bilərziyi götürmədi, açarlara toxunmadı.

Sadəcə mənzildən çıxdı. Qapını açıq buraxdı.

Küçədə soyuq idi. O, sürətlə addımlayırdı. Üç ayda ilk dəfə olaraq o bir dad hiss etdi. Qızılın deyil. Qəzəbin dadını.

Məryəm üzünü göyə qaldıraraq ucadan, boğazı sızıldayana qədər qışqırmağa başladı.

— Mən əşya deyiləm!

Qışqıraraq, isterik gülüşə qərq oldu. Bu qarışıq hisslər sevgidən deyil, qəzəbdən, intiqam almaq istəyindən idi.

«Məni satın almaq istədin? — deyə düşünürdü — Yaxşı. Mənimsə satacağım sənin nüfuzun olacaq”.

Mənzil, pul, bütün imkanları geridə saxladı. Onun özünü də geridə qoydu. Qarşıda isə soyuq və qorxunc gecə var idi.

Və bu yeni bir başlanğıc idi.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.