12«DİLƏNÇİ»
Dünyanın borcu — Sahibolma hüququnun tələsi.
1. AD VƏ MƏNA
Transkripsiya və Etimologiya: Modelin adı «Dilənçi» sözündən gəlir. Metodikamız kontekstində bu, mütləq küçədə əl uzadan insan deyil. Bu, dərin psixoloji borcluluq arxetipidir – insan dünyanın ona borclu olduğuna inanır.
Sosial psixologiya məntiqinə görə, bu, ədalət qavrayışının təhrifidir. «Dilənçi» modeli terminologiyada belədir: insan ehtiyaclarını başqaları hesabına ödəməyi tələb edir, qarşılığında heç nə vermir və bunu «xüsusi taleyi» və ya «əzabları» ilə əsaslandırır. Özünü zəif və itaətkar hiss edən «İnfanta»dan fərqli olaraq, «Dilənçi» özünü kompensasiya haqqı olan qurban kimi hiss edir.
Təsvirin kökü uşaqlıq ssenarilərindədir – ehtiyaclar zəhmətsiz ödənilir. Yunan mifologiyasında İr – Odisseydən dilənən aqressiv kasıb obrazı bunu əks etdirir. Bütün mədəniyyətlərdə ortaq stereotip var: başqasının malını doğuşdan haqqı, yaxud əzab çəkmək haqqı sayan insan.
2. ŞÜAR VƏ İNANCLAR
«Dilənçi» ruh halında olan insanlar tez-tez manipulyasiya alətinə çevrilən fikirlər səsləndirir. Bu modelə xas üç əsas inanc bunlardır:
«Səndə varsa, niyə paylaşmırsan?». (Başqasının uğurunu öz itkisi kimi görmək inancı.)
«Dünya mənim əzablarıma görə mənə borcludur». (Qurban mövqeyi vasitəsilə tələblərin əsaslandırılması).
«Əsl dost dar gündə tanınar». (Resurslar əldə etmək üçün dostluğun qırmaq kimi istifadəsi).
3. İNFORMASİYA BLOKU: TARİX, ƏDƏBİYYAT VƏ PSİXOLOGİYA
Təəssüflər olsun ki, bu gün istənilən cəmiyyətdə dilənçiliklə məşğul olan insanlar var. Rəsmən dilənçi olmayan, lakin dilənçi təfəkkürünü münasibətlərə gətirən insanlar da az deyil. Kimdir “dilənçilər”?
Bu mövzuda dilənçiləri bir neçə bölümə aid etmək lazımdır. Birinci, buna iş kimi yanaşanlar – bəzi hallarda hətta kənar insanlar tərəfindən sanki açıq aşkar dilənməyə məcbur edilənlər. Bütün dünyada bir etnik qrup kimi tanınan, köçəri həyat tərzi sürən “Qaraçılar”ın bir qismi açıq aşkar dilənçiliklə məşğul olur və buna peşə kimi yanaşırlar.
İkincisi, Dini, milli və ictimai dəyərləri sui-istifadə edərək dilənçiliklə məşğul olanlar. Sosial şəbəkələrdə yalançı səhifələr açaraq, real olmayan foto və video paylaşım edərək insanların hisslərinə toxunaraq, pul və hər hansı kömək dilənənlər.
Növbəti bölümə, həqiqətən də ehtiyacı olan və çıxılmaz kimi görünən vəziyyətlərdə ən son ümid yeri axtaranları aid etmək olar. Lakin hətta burada da insanın özünü belə çarəsiz görməyinin psixoloji tərəfləri mövcuddur.
Cəmiyyətdə bir qisim insan birbaşa dilənçiliklə məşğul olmasa da, mütəmadi başqaları ilə münasibətdə yazıqlıq hissi oyadaraq öz ehtiyaclarının ödənilməsini ətrafındakı insanların öhdəliyinə buraxır. Bu hallarda özünü onlardan asılı vəziyyətə qoyaraq, qarşılığında onların tələblərini bilmədən şərtlərə razılıq vermiş olur.
Koqnitiv terapiya terminləri ilə desək, bu, nəzarətin xarici lokalizasiyasıdır. Onlar öz rifahlarının öz səylərindən deyil, başqalarının səxavətindən asılı olduğuna inanırlar. Çox vaxt bu cür insanlar uşaqlıqdan layiqsiz təriflər alırdılar. Onların bütün tələbləri əmək olmadan yerinə yetirildi. Bu, paradoksal şəkildə inkişaf etmək qabiliyyətsizliyi ilə birləşən qürur və üstünlük hissi formalaşdırır. Onlar tənqidə dözümsüzdür, öyrənməyə meyilli deyillər, lakin özlərini başqalarından üstün hesab edirlər.
Başqa insanların hesabına yaşayan və zəli kimi manipulyasiya edərək öz mənfəətini güdən “dilənçilər” gündəlik həyatda hər kəsdən nəsə güdürlər. Bir çox hallarda borc istəməklə yalan vədlər verirlər. Sonradan isə özünü yazıq hala salaraq, müxtəlif bəhanələr gətirir və məsuliyyətdən yayınmaq istəyirlər. İnsanlarla davranış modelində yalnız ehtiyaclardan irəli gələrək çıxış edən insanlar, qurban mövqeyində daim həyatdan və dövlətdən şikayətçi olurlar.
Psixoloji mexanizm. Dilənçi təfəkkür tərzinə insan o vaxt gəlib çatır ki, uşaqlıqdan valideynləri tərəfindən yersiz və əsassız təriflər olur və heç bir əmək qoymadan bütün tələbləri yerinə yetirilir. O zaman bu şəxsdə təkəbbür formalaşır, özünü başqalarından üstün hiss etməyə başlayır. Lakin tədrisə meyilli olmadıqlarına və tənqidə qarşı dözümsüz olduqlarına görə cəmiyyətdə inkişaf edə bilmirlər. Ehtiyaclarını ödəyə bilməyən şəxs, hər hansı bir uydurulmuş səbəbdən özünü hamıdan üstün hesab edirsə, sanki bir monarx kimi (orta əsrlərdə Roma papası, kralları Allah tərəfindən seçilmiş adı ilə təyin edirdi. Və ona görə də, hakimiyyət irsi qohumluluq əsasında atadan oğula keçirdi. Bu halda hakimiyyətin başçısı Monarx sayılırdı) hamının ona borclu olduğunu düşünür və onun istəklərini dərhal yerinə yetirilməsini tələb edir. Müasir cəmiyyətdə bu cür münasibət, təbii ki, tənqid olunur və bu səbəbdən, münasibətini dəyişməyən şəxs davranışında tələbi başqa bir formada ifadə edir – hər hansı bir mənəvi dəyəri dilə gətirərək Dilənir. Belə ki, sanki bu mənəvi dəyəri səsləndirərək xahiş edirsə və onun xahişinə rədd cavabı verildikdə, həmin şəxs tənqid yağışına tutulur və “Pis insan” kimi cəmiyyət tərəfindən mühakimə olunmasını tələb edir.
Niyə maddi durumu aşağı olan bir qisim insan, hətta şikayətçi olsalar belə, yenə də işləməyə və zəhmətlə pul qazanmağa meyilli olur? Lakin, daim iş yeri olan insanlar var ki, ətrafında olan hər kəsdən bir qarış nəsə dilənməyə daha çox səy göstərirlər. Emosional cəhətdən dilənməyə meyilli olan insanların nə kimi koqnitiv təhrifləri olmalıdır ki, “Dilənçi” münasibət modeli yaratsın?
Dilənçi münasibət modelini daşıyan şəxslərin özünə olan dəyəri çox aşağı səviyyədədir. Onlar əzəldən öz dəyərini anlamır, öz bacarıq və istedadına bələd deyillər. Bu səbəbdən də, müdafiə mexanizmi olaraq, başqalarına qarşı aqressiv tələbkar olmaqla yanaşı özünü hamıdan üstün hesab edirlər. Ona görə də şəxsi inkişafa meyilli olmayır və hər nə olursa hazır əldə etmək istəyirlər. Bunun üçün də, emosional cəhətdən ən zəif məqamları daha çox qabardırlar. Bu cür insanlardan soruşanda “Necəsən?”, hər dəfə “Belə də, çətindir, bir kömək yoxdur” deməyə vərdiş ediblər. Onların özünə inam səviyyəsi o qədər aşağı düşür ki, lazımı dərəcədə öz bacarıqlarını doğru dəyərləndirə bilmirlər. Adətən psixoloji cəhətdən “Mən bacarmıram, çatdıra bilmirəm” fikrinə əsasən bütün imkanları başqa birində görür və eyni imkanları əldə etmək istəyirlər. Məhz bu səbəbdən onlar digər insanların uğurlarını dəyərsizləşdirməyə meyilli olurlar, eyni zamanda həmin insanlara qarşı dərin paxıllıq hiss edir, onlara qarşı qəddarlıq belə göstərməyə hazır olurlar. – “Onlar layiq olduqlarından artığına sahibdirlər. Mən onlardan da artığına layiqəm. Onların sahib olduğu mənim haqqımdır.” – Bu cür şüarlar bir çox oğru və qatillərin əsas inanclarındandır. Misal üçün, F. Dostoyevskinin “Cinayət və Cəza” əsərindəki kimi, baş qəhrəman Raskolnikov, cinayət törədərək ədaləti bərpa edəcəyinə inanırdı.
Əgər “Dilənçi” kiminsə diqqəti və nəvazişi ilə qarşılaşsa, dərhal öz qurbanını tapmış kimi ondan sui-istifadə edəcək. Bu o demək deyil ki, “Dilənçi” münasibət modelini inkişaf etdirən hər gün, hər yerdə “mənə pul ver” deyəcək. Məsələn, kişi qadına şikayət edir ki, yoldaşı onu tərk edib, o da yazıq, kimsəsiz və evsiz halda bilmir nə etsin. Qadın dərhal onun vəziyyətinə acıyaraq, evinə qəbul edir. Bu elə əsl həmin şikayətçi modelidir ki, başqa tərəfdən zəiflik kimi qəbul olunur. Və bunu qəbul edən tərəf xilaskar ehtiyacından irəli gəlir. Sinderelladan fərqli olaraq Dilənçi heç bir vaxt qane etməyə çalışmayacaq. O zəhmət çəkmədən, daim şikayət əsasından istəyini əldə etməyə çalışacaq. Məsələn, şəxsi münasibətlərdə sevgini daim dilənəcək. Başqaları ilə müqayisə edərək, öz durumuna acıyacaq. Qadın bu cür kişi ilə onun necə biri olduğuna görə deyil, halına acıdığına görə bir yerdə ola bilər. Əlbəttə, bu cür münasibətlər zövq vermədən davam edir.
İndi təsəvvür edin, əgər “Sinderella” “Dilənçi” ilə rastlaşarsa nə baş verəcək?
Sənin sevginə ehtiyacım var, mənim anam heç vaxt mənə bu qayğını gostərməyib. Mən də başqaları kimi, sevilmək istəyirəm. Sənə yalvarıram məndən ayrılma. Sən mənim yeganə varlığımsan, səndən başqa heç kimim yoxdur.
Narahat olma, mənə tam güvənə bilərsən, nə lazımdırsa edəcəyəm, mənim evim – sənin evin.
Bu səhnənin qəhrəmanları birgə olsalar da sağlam münasibətlər yaratmaqda çətinlik çəkəcəklər. Sinderella həmin qadındır ki, yoldaşını nəyin bahasına olursa olsun qane etməyə çalışacaq və nəticədə elə həmin qadındır ki, münasibətdən həzz almadan əziyyət çəkəcək. Eyni əziyyəti kişi də çəkə bilər. Sağlam olmayan ehtiyaclar üzərində qurulan münasibətlərin acı nəticəsi ya ayrılıq olur, ya da birgə həyatın əzab dolu günləri.
İki bədbəxt insan üzləşəndə faciə yaranır, çünki güclü emosional sarsıntını sevgi ilə səhv salırlar. Hər ikisinin ehtiyacları ödənilsə də, hər ikisi özünü natamam hiss edirlər. Bu emosional bağlılıq iki kompleksi insanın asılılıq probleminə işarə verir. Ona görə də, bir-birindən ayrı olduğu məqamda hər ikisi güclü sarsıntı və təşviş hiss edirlər. Bir-birinin yanında olarkən, həyəcanın azaldığını duyaraq daha çox bağlanırlar. Və ona görə də, münasibəti itirmək kabusu yaşayırlar. Ayrılıq zamanı da, faciənin şiddətini emosional səviyyədə elə kəskin yaşayırlar ki, hər bir şeyin artıq mənasız və dəyərsiz olduğunu hiss edirlər. Bu durum bəzən nigelistik səviyyədə sayaqlamaya gətirib çıxarır. Belə bir düyünü çözməyin bir yolu var – bu insanlar bir yerdə olarkən psixoloji problemin olmadığını düşünürlər və hətta birbaşa göstəriş olsa belə, simbioza (birliyə) üçüncü şəxsi əlavə etmirlər. Olduğu mühitdə hər hansı bir qəflətən dəyişiklik olarsa ya da ailə üzvlərinin avtoritar formada müdaxiləsi nəticəsində bu şəxsləri bir-birindən ayırandan sonra yaşadıqları acının bitməsi üçün psixoloqa müraciət edə bilərlər. Ayrılıq faciəsi, o qədər dözülməz olur ki, insanlar ağır depressiya yaşayır və hətta qəlbin acısından qurtulmaq üçün intihar etməyi belə düşünürlər. Bu durumun nə qədər çox yayılmış olduğunu dərk etmək üçün, ayrılıq məzmunlu klassik sənət əsərlərini dinləmək yetərlidir. – Azərbaycan folklorunda ayrılıq mahnıları hər zaman el arasında dillərə düşür, çünki bu mahnıların hər biri milyonlarla insanların duyğularını oyatmış olur. Rəşid Behbudovun “Ayrılıq” mahnısını yada sala bilərik.
Belə bir ayrılığa düçar olmamaq üçün qarşılıqlı frustrasiya yaşayan cütlüklər həyatlarını dəyişməkdə çətinlik çəkirlər.
Toksik ittifaq: Dilənçi və Sinderella. Münasibətlər psixologiyasında «Dilənçi» və «Sinderella» modellərinin arasındakı təhlükəli bağlantı xüsusi vurğulanır. Bu, nevrotik simbiozun klassik nümunəsidir. Günahkarlıq hissiylə hərəkət edən Sinderella, münasibətlər dözülməz olanda belə Dilənçini tərk edə bilmir. Özünü onun həyatı üçün məsul hesab edir, onsuz batacağını düşünür. Dilənçi isə bu günahkarlığı manipulyasiya aləti kimi istifadə edir.
Sinderella münasibət modeli hər mənada çalışır yoldaşının mənfi həyat tərzinə müxtəlif bəhanələrlə bəraət qazandırsın. “Siz bilmirsiz, O necə də yaxşı insandır, sadəcə şansı gətirmir, mərdimazarlar imkan vermir ki...” kimi fikirlərlə özünü aldatmış olur. Bu kimi inanclarla, ondan bir həyat yoldaşı kimi qane olmasa da, çalışır heç olmasa sevgi sarıdan özü onun ehtiyaclarını ödəsin. “Heç olmasa mən onu atmayım, yoxsa o batar, mənsiz yaşaya bilməz.” – əsl fədakar ruhlu “Sinderella”, “Dilənçi” münasibət modelinin ehtiyaclarını tam ödəməyə qadir olur.
Bu nevrotik yanaşma müəyyən vaxta qədər keçərlidir. Məsələn, Sinderella ətrafdakıları qane etdikdə, özünü unutsa da, emosional formada qidalanır. Bir gün sinirləri dözmədikdə, uzun müddət içində boğduğu ehtiyaclar üzə çıxmağa başlayır və dilənçiliyə meyilli olan tərəfdaşının oyunlarına getmir. Və bu zaman əsl mübahisələr üzə çıxır.
Nəyə görə belə bir emosional sarsıntı baş verir? “Dilənçi” öyrəşməyib imtina ilə qarşılaşmağı. Parazitliyə meyilli olmaq vərdişi istədiyini rahat yolla əldə etməyə kömək olur. Ehtiyaclar təmin olduqdan sonra hətta Sinderella kimi donorlar belə, adiləşir və daha çox istəklərə yol açır. Beləliklə, “Dilənçinin” qurbanı bu davamlı sürən təzyiqə dözə bilmir və artıq istəmir, çünki səbir kasası daşmağa başlayır. Bu mübahisədə qalib çıxan Sinderella davamlı təkrarlanan sistemi qıra bilər, lakin Dilənçi münasibət modelinin daşıyan, yeni qurbanını axtarmağa başlayacaq. Günahkarlıq kompleksindən əziyyət çəkən, həddindən artıq məsuliyyətli, “yox” deyə bilməyən bir başqasını taparaq yenidən eyni ssenarini təkrarlayacaq. Adətən Dilənçi düşüncə tərzi ilə yaşayanlar mütləq ətrafında bir neçə qurbanı yaxın məsafədə saxlayır ki, biri ondan imtina etsə, başqasından istifadə edə bilsin. Bir dəfə kimsə yardım əlini uzatdısa, “Dilənçi” heç bir zaman özü könüllü olaraq ondan imtina etməyəcək. Məsələn, əgər ailədə bütün yükü daşıyan qadındırsa, kişi yalnız bütün günü evdə, küçədə istirahət etməklə vaxtını boşuna sərf edirsə, qadın bir gün üsyan edə bilər.
Sən necə kişisən, axı?! 15 ildir ki, özünə düz əməlli iş tapmırsan, işləmədən bütün günü avara həyat sürürsən. Ailənin bütün yükünü mənim üzərimə atmısan, hələ üstəlik məni də borclu çıxarırsan. Bezdim artıq səndən!!!
Bu üsyan xarakterli etiraz aksiyası qadın tərəfindən deyilsə də, Dilənçi münasibət modelinə öyrəşən birisi mütləq bu vəziyyətdə yoldaşından yenidən yalvararaq rəhm diləyəcək. Alınmadığı təqdirdə, getməyə mütləq yer tapacaq.
“Məni yalnız, Sən, başa düşürsən. Mən, onunla heç cür bacarmadım, o qədər dözmüşdüm, amma artıq təhqirlərə dözə bilmirəm. Mən də, bir kişiyəm, mənliyimə toxunur, o qədər tələb edir ki, yükdən belim qırılır artıq. Səndən başqa heç bir kimsəm yoxdur. Nə olar, məndən üz çevirmə...”
Yalvar-yaxar etməklə “Dilənçi” müxtəlif yollarla yeni bir “Sinderellanın” qəlbinə mütləq yol tapacaq”. Xeyirxah biri, cəmi bir günlük də olsa, dilənən birinə qapı açarsa, “Gəl, mən sənə kömək edərəm, bu vəziyyətdə tək qalma”, “Dilənçi” həmin evin uzunmüddətli sakininə çevriləcək. Yazığı gəldiyinə görə qəbul edən “Sinderella”, eyni səbəbdə də onu evdən qova bilməyəcək. Bir müddət dözəcək və daha sonra yenidən təkrarlanmış həyat hekayəsinin klassik qəhrəmanına çevriləcək.
Niyə mənim həyatıma daxil olanlar, hər zaman məndən istifadə edirlər? Mən də, normal bir insanla, mənim qayğımı çəkən biri ilə rastlaşmaq istəyirəm. Axı, mən də bir qadınam...
Bu cür şikayətin səbəbini də yəqin ki, artıq təxmin edirsiz. Dilənçi olaraq bu vəziyyətdən sui-istifadə edən isə, qapı arxasında qaldıqda sanki bədbəxtliyinin səbəbkarı olan daha bir “aqressorla” qarşılaşır. Onun həyat hekayəsində belə bir qəhrəmanların sayı bərabəri yoxdur. Həyatın necə də amansız olduğunu bir daha növbəti qurbanlarına izah etməyə hazırdır. Sanki, ayrılıqdan sonra hər şeyini itirir və sıfırdan başlamağa məcbur olur.
Araşdırsaq görərik ki, əslində o münasibətlərə heç nə xərcləməyib – nə maddi, nə də mənəvi olaraq yatırımla deyil, əksinə sui-istifadə etməklə məşğul olub. Bu o deməkdir ki, qəhrəmanımız xilaskar deyil, özünü qurban rolunda görərək daim başqalarının hesabına yaşamağa meyil göstərir. Bu onun öz seçimidir. Və əgər araşdırsaq, görərik ki, o daim başqaları ilə münasibətlərdə yalnız alan tərəf kimi çıxış edib və etirazla qarşılaşarkən, avtomatik olaraq düşmən rejiminə keçir. Qarşı tərəfi tənqid edərək, günahkarlıq hissini oyadır və öz mövqeyini bir az da bərkitmiş olur.
Bu düşüncə tərzi ilə münasibətlər quran “Dilənçilər” heç bir vaxt güclü hisslər və emosiyalar yarada bilmirlər. Onlar heç vaxt nə Kurtizan, nə də Geyşa kimi münasibət qura bilməzlər. Çünki hətta burada hər hansı bir potensiala malik olmaq və müəyyən peşə üzrə özünü reallaşdırmaq lazım gələcək. Onlar öyrənməyə meyil göstərmirlər ona görə deyil ki, buna kifayət qədər zehni imkanları çatmır. Sadəcə, Dilənçi münasibət modelində formalaşmış təfəkkür əzəldən tədrisə meyilli deyil. İnsan da şəxsi inkişafa meyilli deyilsə, cəmiyyətdə sosial cəhətdən də inkişaf edə bilmir. Bu istiqamətdə nəyəsə nail olmaq üçün, ilk növbədə insan dərk etməlidir ki, hər hansı bir sahədə uğur qazana və kiməsə kömək edə bilər. Əgər bu cür düşünməyə başlayarsa, o artıq “Dilənçi” mövqeyindən uzaqlaşmağa başlayır. Kimdənsə nəsə dilənmək yeganə çıxış yolu kimi görülməsə, deməli, başqa imkanlar və vasitələr axtarışına başlamaq olar. O, hər gün onun qayğısına qalan müxtəlif insanlar görür və yalnız onların sayəsində ayaqda durmağı bacardığını düşünür. Belə bir düşüncə sahibini, həmin insanlarla belə üzləşdirə və konfrontasiya etsək, insan artıq vəziyyətə başqa gözlə də baxmağa başlaya bilər. Bu onun üçün çox böyük bir stress və psixi sarsıntıya səbəbdir.
İllərdir öyrəşdiyi davranış modelinə gətirən düşüncə tərzindən uzaqlaşmaq üçün kifayət qədər zaman tələb olunur. O dərk edə bilər ki, bu cür yanaşma modeli əzəldən uğursuzluğa gətirib çıxarır. Həyatı boyu lazımsız münasibətləri davam etməkdə əsas məqsədi yalançı ehtiyaclarını təmin etməkdən ibarət idi. Bu fikrə gəlib çıxdıqdan sonra təfəkküründə baş verən “dərk etmə çatı” əmələ gəlsə də, hələ uzun müddət yeni düşüncə tərzinin formalaşma prosesi baş verə bilər. Bir tərəfdən əsl problemini dərk edir, digər tərəfdən qeyri-müəyyənlik baş verir. Çünki illərdir yaşamaq üçün yalnız bir vasitədən istifadə edib.
Bu vəziyyətdən çıxmaq üçün fərdin yeni baxış bucağına ehtiyacı var. Sanki əvvəllər hər hansı bir şəxsiyyətin köməyinə ehtiyac duyurdusa, indi ətrafında həyatdan kömək əli kimi ayrıca fərdləri deyil, sərgilənmiş vasitələri görməyə başlayır. Müxtəlif vəzifə öhdəlikləri hər zaman çıxış yolu kimi görünə bilər, lakin onlardan nədən indiyədək istifadə etməyib kimi suala cavab tapa bilmədikdə, müxtəlif bəhanələri gətirəcək. Məhz bu zaman, “bəli, amma...” ilə başlayan ifadələr çoxluq təşkil edəcək. Bir çox insanların kəlmələrində belə bir qarşıdurma müşahidə etsəniz bilin ki, insan, öz qurduğu bəhanələrin təsiri altında əzilir. Qurban mövqeyi ona görə acınacaqlı sayılır ki, insanı inkişafdan saxlayır. Bir şəxsiyyət ki, öz şəxsi inkişafından qalırsa, deməli gec və ya tez müxtəlif yanlış davranış modellərinin əsirinə düşəcək. Uzun müddət eyni cür düşüncə tərzi sistemli şəkildə müxtəlif vəziyyətlərdə eyni cür davranışa səbəb olacaq. Ətrafında olan hər kəsdən gələn yardım əlinə arxalanmaq vərdişi də, Dilənçi münasibət modelində öz yerini bu cür tapmış olur.
Cəmiyyətdə belə bir insanlar yanlış ideologiya arxasınca gedərək özlərini müxtəlif yollarla daim sübut etməyə çalışırlar. Onlar başqasının hesabına qazanc əldə etməyi yeganə çıxış vasitəsi kimi görürlər. Lilit münasibət modelindən fərqli olaraq “dilənçilər” əvəzində qarşısındakı insana heç nə vermir. “Alfons” dediyimiz, qadının hesabına yaşayan, ondan daim pul dilənən kişi obrazları Dilənçi münasibət modelində özlərini digər kişilərdən üstün hesab edərək saxta sevgi oyunu nümayiş etdirirlər. Qadının hesabına yaşayır, lakin səmimi olmadığına və öz üzərinə məsuliyyət götürə bilmədiyinə görə, və ən vacibi qadına güvən və etibar hissi verə bilmədiyinə görə onu xoşbəxt edə bilmirlər. Qadının zəif tərəfindən istifadə edərək daim öz xeyrinə manipulyasiya edirlər.
Belə bir münasibətə cəlb olunan Sinderella da günahkarlıq kompleksindən əziyyət çəkərək həyatı boyu Dilənçini öz çiyinlərində daşıyır. Belə insanlar adətən özlərini unutmuş, sevgisizlikdən, tənhalıqdan əziyyət çəkən baxımsız birinə çevrilirlər. “Ailəmdə heç olmasa bir “kişi” var deyərək, özlərinə təsəlli tapırlar. Eyni şəkildə Dilənçi münasibət modelinin daşıyıcısı qadın olanda da, Sinderella kimi kişini özünə cəlb edərək daim onun günahkarlıq və natamamlıq hissinin artırır. Cəmiyyətdə bu cür şəxslərin formalaşmasına təkan verən ən güclü səbəblərdən biri bayağı adət-ənənələrdir. Digər səbəb sırf psixoloji faktordur – uşaqlıqda çətinlik görən valideynlər, öz övladlarının hər bir istəyini şərtsiz olaraq yerinə yetirmək davranışı ilə bu cür təfəkkürün bünövrəsini yaradır. Davranış terapiyasında müsbət hərəkətlər mükafatlandırılmalıdır anlayışı var. Lakin heç bir əmək qoymadan mükafatlandırılma olduğu halda, uşaq bir şəxsiyyət kimi yetişmir və anadangəlmə yeganə sahib olduğu vərdişini müxtəlif formalarda tətbiq edir – ağlamaq, qışqırmaq, ayaqlarını yerə döymək. Müasir cəmiyyətdə bu münasibət modelinin daşıyıcıları “Zumerlər” nəsli kimi qiymətləndirərək, bu cür davranışa bəraət qazandırırlar – səbrsiz, tənqidə dözümsüz, yox sözünü qəbul edə bilməyənlər, daimi tənbəllik və saxta yorğunluq nümayiş etdirən şəxslərdir. Digər tərəfdən çoxsaylı sosial şəbəkələr hekayələrinə baxıb, zənginlik “oliqarx” həyatını yaşamaq istəyən xanımlara rast gəlirik. Onlar qadın və kişi münasibətlərində istifadə etdiyi cümlələrlə tanınır – “Mənimlə görüşmək üçün kişi ən azı gərək bu X qədər qazansın”, “Mən kasıb insanla heç vaxt görüşmərəm”, “Mən yalnız oliqarxlarla görüşürəm”, “Onunla görüşməyim üçün, o mənim üçün nə edib ki? Hanı onun bahalı hədiyyələri?”, “Kişi mənə bahalı hədiyyələr etməlidir, mənim istəklərimi təmin etməlidir, amma bu o demək deyil ki, mən onun qarşılığında nəsə etməliyəm. Hədiyyələrə görə qarşılıq gözləyən kişilərlə mən görüşmürəm” və digər məntiqsiz və mənəvi cəhətdən kasad fikirlərlə yaşayırlar. Nəticədə bu cür insanlar “Dilənçi” münasibət modelinin ən parlaq nümunələri olaraq, öz ehtiyaclarının ödənilməsini artıq xahiş etmirlər, qanun kimi tələb edirlər və özlərini digər qadınlardan üstün hesab edirlər. İlk baxışdan bu münasibət modelini Lilit münasibət modelinə oxşada bilərsiz. Lakin ciddi bir fərqi var – Lilit pul müqabilində hər şey etməyə hazırdır və bunu bacarırır – uzun müddətli münasibət qura bilir. Dilənçi isə, bir tərəfli olaraq tələb edir, lakin qarşılığında heç nə verə bilmir. Ona görə Dilənçi münasibət modeli yalnız Sinderella və Tereza modeli ilə müvəqqəti uyğunlaşa bilir. Digər hallarda Dilənçinin ilk tələbi belə ya güclü tənqidə məruz qalır, ya da sadəcə lağa tutulur. Yetkin insanlar dilənçiliyin hər bir formasına qarşı (xahiş, yalvarış, tələb, hədə-qorxu) müqavimət göstərə bilirlər. Eyni zamanda dilənçiliyə qarşı müqavimətlə mərhəmətlilik arasında böyük fərq var. Mərhəmətlilik isə bir insanın öz şəxsi seçimindən asılı olmayaraq, ehtiyac durumuna düşmüş halda kömək etmək istəyinə bağlıdır. Qarşı tərəfdən də səmimi minnətdarlıqla qəbul olunur. Dilənçi münasibət modeli isə, qeyri-səmimi müraciətdən başlayır və mövcud ehtiyacının yaranması həmin şəxsin öz şüurlu seçimindən qaynaqlanır. Əgər bir gənc sağlam, əmək qabiliyyəti olan insan, bir peşəni öyrənib ixtisasa sahib olmaq əvəzinə dilənməyə qərar verirsə, bu onun şəxsi seçimindən qaynaqlanır. Və ona maddi yardım edilməsi mərhəmətlilik, xeyriyyəçilik hesab edilmir. Onun bu cür manipulyasiyasının təsir altına düşməsi hesab edilir. Məhz elə ona görə, Dilənçi münasibət modeli əksər cəmiyyətlərdə ictimai dərəcəsinə görə Lilitdən sonra ən aşağı dərəcəli təbəqə hesab olunur.
İlk baxışdan Dilənçi İnfantaya bənzəyə bilər, amma çox ciddi bir fərqləri var. İnfanta həqiqətən də uşaq kimi zəif olduğunu düşünür, o hissləri yaşayır və daim qorxu içində olduğuna görə daim dəstəyə ehtiyac duyur. Ona himayəçilik edən kəsə yüz faiz tabe olur. Onun tələblərini yerinə yetirir, və onun qərarı ilə öz davranışını tənzimləyir. Dilənçi isə bir nəfər himayədar axtarmır, o hamıdan nəsə tələb edir. Tələbkarlığı da təkcə yazıqlıq üzərində deyil, nifrət, aqressiya və qorxu yaşadaraq, hətta bəzən şantaja qədər gəlib çataraq münasibətlərdə açıq-aşkar əks olunur. Onun ehtiyacını ödəyən şəxsin də əslində heç bir sözünə dəyər verməz və ondan asılı bir vəziyyətə düşməkdən yayınar. Ona qarşı məmnunluq və ya itaətkar kimi hisslər deyil, əksinə daha çox nifrət hissini bəsləyər. Sanki başqaları daha çox imtiyaz sahibi olduğuna görə, onlara qarşı nifrət hissini inkişaf etdirər. İnsanlara qarşı aqressiya və nifrət hissi yaşadığına görə, onları aldadaraq öz davranışına bəraət qazandırır. İnsanları tələyə saldıqca, içində bir məmnunluq hissi yaşayır. Bura kiçik dələduzlar, insanı müxtəlif yollarla şantaj edən, pul tələb edənlər də aiddir. Növündən asılı olmadan, hər biri dilənçi münasibət modelidir.
“Dilənçilər” başqa insanların ehtiyacları sayəsində daim qazanc əldə etməyin yollarını axtarırlar. Başqa insanların qazancından istifadə etmək kimi davranışlarına da hər zaman haqq qazandırırlar. Cəmiyyət üçün ən təhlükəli davranış modeli məhz dilənçilik sayılır. Ona görə ki, bütün mənəvi dəyərləri nə qədər aşağı olsa da, insana qarşı nifrəti bir o qədər də yüksək olur. Əgər Putana və ya Lilit münasibət modelində insan xoşbəxtlik xatirinə, öz şəxsi ehtiyaclarını ödəmək üçün maddi dəyərləri üstün tuturdusa, Dilənçi təfəkküründə daha çox insanların qazancına hakim olmaq məqsədi daşıyır. Nifrət hissi o qədər güclü ola bilər ki, hətta yalançı duaların sonu, qarğışla da əvəz oluna bilər. Məhz bu səbəbdən el arasında deyirlər ki, «İnsanların çörəyi dizin üstündədir». Min dəfə yaxşılıq etsən, bir dəfə etməsən yaxşılığı sanki yerə vuracaqlar. Bu davranış məhz dilənçi təfəkkürünə aiddir. “Dilənçi” üçün sizdə olan, onda olmazsa, sanki, günahkar sizsiniz.
Böhran və Keçidlər. Ətrafındakılar artıq verməyi dayandırdıqda (hamı manipulyasiyanı rədd etdi) böhran başlayır. Neqativ yol (Cinayət və ya Lilit): Könüllü heç kim vermədikdə, Dilənçi oğurluğa və ya bədən ticarətinə qərar verə bilər (Lilit modelinə keçid). Qurğunu «Hamı mənə borcluyur»dan «Pul müqabilindəki hər şeyi edərəm»ə dəyişdirir. Bu, tənəzzül yoludur, lakin bəzən bacarıqlar inkişaf etdirir. Pozitiv yol (Şəxsi inkişaf): İnsan bu yolun çıxmaz küçəyə apardığını dərk edərsə, istənilənin əldə edilməsinin obyektiv yollarını axtarmağa başlaya bilər
Cəmiyyətdə ən çox neqativ modellə üzləşirik – Dilənçinin cəhdlərinə baxmayaraq, ətrafından artıq ona yardım etmək istəyən insanlar qalmır, hamısı ilə münaqişə yaşamış olur və digərləri onun manipulyasiyasının təsirinə düşmürlər. O zaman Dilənçi minimum tələbatlarını ödəyə bilmədiyinə görə bu davranış modeli böhran hiss edir, yeni bir tərzdə ünsiyyət qurmağı düşünür və ağlına gələn ilk üsul öz bədəni ilə ticarət etməkdir və ya cinayətə əl atmaqdır. Öz bədəni ilə ticarət etməyə qərar verərkən, artıq “Hamı mənə borcludur” fikrindən uzaqlaşmaq və pulun müqabilində “Hər nə istəsələr edərəm” fikrində yaşamağa davam edir, insanlara qarşı tələbləri azalır, qarşılıqlı razılaşmağa meyilli olur, ünsiyyət tərzi dəyişilir, insanların ehtiyaclarına qarşı daha çox diqqət yetirməyə başlayır. Bu istiqamətdə davam etdikdə, ilk olaraq bədənini satmaqdan başlamağına baxmayaraq, gələcəkdə insanların nəyin müqabilində daha çox pul ödəmələrinə diqqət yetirərək, həmin xidmətləri göstərməyə cəhd edir. Dilənçidən Lilit münasibət modelinə keçir və bundan sonra özünü inkişaf etdirərək, tacir, rəqqas, müğənni və digər peşələrə sahib ola bilər. Lakin peşəsindən asılı olmayaraq artıq onun seçim meyarı ən çox ödəniş edilən işə yönəlir. Beləliklə, bu insan daim yenilikləri öyrənir və ictimai inkişaf etmək üçün ciddi motivasiyası (təkanı) formalaşır. Təbii ki, bu yanaşma tərzində nə qədər insan dəyişilsə də, inkişaf etsə də, tez-tez peşələri və fəaliyyət tərzini dəyişdiyinə görə, heç bir sahədə yüksək nailiyyətlər əldə edə bilmir. Lakin Lilitdən sonra sevdiyi hər hansı bir peşəni aşkar etsə, istedadı ilə uyğunlaşaraq Geyşa münasibət modelinə keçə bilər və seçdiyi fəaliyyətə həm də yüksən nailiyyətlər əldə edə bilər. Belə ki, Dilənçi münasibət modeli böhran yaşadıqdan sonra, dəyişikliklərə məcbur olaraq bir neçə transformasiya keçəndən sonra məşhur və cəmiyyətdə sevilən bir simaya çevrilə bilər. Məhz ona görə təcrübəli insanlar deyirlər ki, “Dilənçiyə həqiqətən də kömək etmək istəyirsənsə, ona kömək etmə”.
Dilənçi münasibət modelinin təfəkkürünü dəyişmədən psixoloji böhran keçirən şəxslər, bir müddət sonra istədiyini ala bilmədiyinə görə, insanlara qarşı nifrəti daha da artır və təcili şəkildə güc hesabına onların imkanlarına sahib olmağa çalışırlar. Belə ki, bu durumda onlar ən qəddar və ağır cinayətləri planlaşdırırlar. Cinayət törədəndən sonra belə, bu şəxslər həbs olunarkən, özünü günahkar hesab etmir, gələcəkdə daha düşünülmüş bir cinayət törətməyə hazırlaşa bilərlər. Lakin reallıqda bu cür insanlar törətdiyi cinayətə görə həyatının böyük bir hissəsini həbsxanada keçirir və onların minimum ehtiyaclarını yenə də dövlət, yəni cəmiyyət ödəyir.
İkinci şəxsi inkişaf (pozitiv motiv). Bu halda Dilənçi, əldə etdiyi kiçik nailiyyətləri ilə qane olmur və dünya görüşü artdıqca istəkləri də artır, getdikcə başa düşür ki, eyni münasibət modeli çərçivəsində həyatını davam etdirsə, arzu etdiyi həyata nail ola bilməyəcək. Belə məqamlarda bir müddət xəyallar quraraq, sonradan o xəyallarını nail olmaq üçün obyektiv yolları axtaracaq. Ən qısa müddətli hədəflər ticarət sahəsinə yönəlir və insan başa düşür ki, arzu etdiyi həyatı yaşamaq üçün ticarətlə məşğul olmağa başlamalıdır. Çünki bu istiqamətdə tədrisə az əmək sərf etməklə karyerasını tez bir zamanda qura bilər. Nəticədə insanlarla ünsiyyət qurmaq qabiliyyəti və manipulyasiya bacarığı dilənçi münasibət modeli çərçivəsində minimum ehtiyacları ödəməyə nail olurdusa, ticarətlə məşğul olarkən eyni xüsusiyyətləri daha çox satışa təsirli olur. Bu cür insanlar artıq müştəriyə müştərək iş prinsipi ilə yanaşaraq əksər hallarda ən böyük gəlir faizini ticarət sahəsindən çıxarırlar, misal üçün, avtomobil, əmlak ticarəti və s. Lakin bu insan artıq Dilənçi deyil, özü də dərk etmədən tədricən arzularının dalınca gedərək öncə Lilit münasibət modelinə uyğunlaşır, sonra isə hətta Geyşa münasibət modeli ilə həyatını davam edə bilər. Sahəsindən asılı olmayaraq, insanın hansı təfəkkür tərzində düşünməsi və qərarlarını nəyə əsasən verməsi, onun hazırkı münasibət modelini nümayiş etdirir.
Unutmayaq ki, münasibət modeli hər hansı bir peşə və ya milliyyətə məxsus deyil. Yalnız insanın şəxsi təfəkkürü və qərarları nəticəsində dəyişilə bilər.
4. 5 MƏŞHUR ŞƏXSİYYƏT (MODELİN ARXETİPLƏRİ)
Davranışı «Dilənçi» modelinə — özü üçün hüquq hissi, başqaları hesabına həyat, acıma vasitəsilə manipulyasiya — uyğun gəlmiş tarixi və mədəni şəxsiyyətlər.
Rodion Raskolnikov (Ədəbi arxetip, F. Dostoyevski).
«Cinayət və Cəza» romanının qəhrəmanı «ali məqsəd» naminə başqalarının həyatına sərəncam verməyə haqqı olduğunu düşünürdü.
Modelin təzahürü: Onun «qorxaq məxluqam, ya da haqqım var» fəlsəfəsi Dilənçi təfəkkürünün mahiyyətidir. O, dünyanın ədalətsiz olduğunu, tarazlığı bərpa üçün başqasınınkını götürməyə haqqı olduğunu əsas gətirərək cinayətə bəraət qazandırırdı. Bu, dilənçiliyin intellektuallaşdırılmış formasıdır.
Qraf Alessandor Kaliostro (Tarixi şəxsiyyət, XVIII əsr).
Avropada dolaşan italyan macəraçı və mistik.
Modelin təzahürü: Himayədarların hesabına yaşayır, manipulyasiya, mistika və yaltaqlıq işlədirdi. Heç bir real dəyər yaratmırdı, amma zadəganların etibarını və sərvətini məharətlə istismar edir, ehtiyatlar tükənəndə və ya hiyləsi üzə çıxanda bir himayədardan o birinə keçirdi. Başqalarının resursları hesabına qarşılıqsız yaşamağın klassik nümunəsi.
Ir (Mifik arxetip, Homer).
Odisseyadan, qəhrəmanlardan aqressiv şəkildə sədəqə tələb edən dilənçi.
Modelin təzahürü: Təcavüzkar dilənçiliyin simvolu. O, istəmirdi, tələb edirdi. Verməyənləri təhqir edir, qurban statusunun ona başqalarının resurslarına haqq qazandırdığını düşünürdü. Bu, çoxa sahib olanlara qarşı qədim bir nifrət arxetipidir.
Müasir «Rəqəmsal Dilənçi» (Sosial arxetip).
Heç bir hesabatlılıq olmadan «müalicə» və ya «layihələr» üçün donat toplayan, abunəçilərin emosiyalarını manipulyasiya edən bloqerlər.
Modelin təzahürü: Acımanı monetizasiya etmək üçün sosial şəbəkələrdən istifadə. Onlar şəraitin qurbanı obrazı yaradaraq, əvəzinə real dəyər və ya məhsul vermədən auditoriyadan maliyyə dəstəyi tələb edirlər.
İppolit Matveyeviç Vorobyanov (Ədəbi arxetip, İ. İlf və Y. Petrov).
«On iki stul» romanının qəhrəmanı – keçmiş zadəgan, zəhmətə qadir olmayan adam. Modelin təzahürü: Köhnə təfəkkürlü insan – mənşəyinə görə dünyanın ona borclu olduğunu zənn edir. İşləmək istəmir, hər şeyi bir anda (xəzinəli stulları) əldə etmək arzusundadır, ətrafındakıları (Tixonu) manipulyasiya edir, onları keçmiş statusuna görə özünə xidmətə məcbur sayır.
5. MODELDƏN ÇIXIŞ (DEPRESSİV VƏ AQRESSİV)
Metodikaya görə, insan rədd cavabı ilə üzləşə və ya inkişaf etməyə başlaya bilər.
Ətrafındakıların resursları tükəndikdə (hamı manipulyasiyanı rədd etdi) böhran başlayır.
Depressiv çıxış: İnsan dərk edir: «Heç kim mənə heç nə vermək istəmir». Dilənçi ümidsizliyə düşür. Resursu güclə və ya mübadiləylə əldə etmək üçün cinayətə və ya bədən ticarətinə gedə bilər (Lilit modelinə keçid). Bu, tənəzzül yoludur, lakin bəzən bacarıqlar inkişaf etdirir (Geyşaya aparan yol).
Aqressiv çıxış: İnsan dünyaya qəzəblənir. «Siz hamınız xəsissiniz!». Dilənçi açıq tələb etməyə, şantaj etməyə, hədə-qorxu gəlməyə başlayır. Nifrət böyüyür. Bu, izolyasiya və cinayət yoludur. Lakin insan bu yolun çıxılmazlığını dərk edərsə, istənilənin əldə edilməsinin obyektiv yollarını axtarmağa başlaya bilər ki, bu da yetkinliyə doğru ilk addım olacaq.
6. MƏRYƏMİN HEKAYƏSİ: DİLƏNÇİ YOLU
Telefon susdu. Ekranda son mesaj asılı qalmışdı: «Məryəm, iş tap. Mən daha dözə bilmirəm». O, sözlərə baxdı. Onlar tərpənmirdi. Dəyişmirdi. Sadəcə asılı qalmışdı. Hökm kimi.İki ay keçdiMəryəm Antonu xilas etməyi dayandırandan sonra mənzilin boşluğu vurnuxurdu. Özünü istifadə olunmuş hiss edirdi.İlk üç həftəO, dostlarına zəng etməyə başladı. Hal-əhval tutmaq üçün yox. Dilənmək üçün.Dostlar pul göndərir, ərzaq gətirirdi. Məryəm özünü onların günahkarlıq hissini idarə edən kraliça kimi hiss edirdi. O,
iş axtarmırdı. Niyə? Onlar kömək etməlidir. Diqqət, mərhəmət, rahatlıq tələb edirdi. Kimsə cavabı gecikdirsə, aqressivləşirdi.Daxili səs ona bəhanələr pıçıldayırdı. Onların çoxu var. Bölüşməyə borcludurlar. Bu ədalətlidir. Mən hamıdan çox əziyyət çəkdim.
İkinci ayın sonundaTelefonlar susdu. Mesajlar cavabsız qaldı. O, küçəyə çıxdı. Soyuq külək üzünə çarpırdı.Parkda dayandı. Skamyada bir qadın oturub ördəkləri yemləyirdi. Məryəm yaxınlaşdı. Qadın onun baxışını hiss etdi. Qorxuyla kisəni sıxdı.Məryəm donub qaldı. Qadının gözlərində qorxu gördü. Elə həmin qorxu ki, özü ətrafa səpmişdi.Ertəsi səhər durdu. Güzgüyə yaxınlaşdı. Üzünü yudu. Soyuq su ayıltdı.O, ilk rast gəldiyi agentliyə girdi. – İstənilən iş lazımdır. Onu xadimə kimi götürdülər. Bu, keçmiş statusundan aşağı idi. Amma tək çıxış yolu bu idi.
DƏYİŞİKLİKLƏRİN ODU
ARAŞDIRMANIN YEKUNLARI
NEVROTİK MASKALARIN KÜLU
Biz araşdırmamızın birinci mərhələsini başa vurduq. Qarşımızda insan kölgələrinin panoraması açıldı — ətraflı təhlil etdiyimiz on münasibət modeli. Bu, psixoloji praktikada rastlanan nevrotik davranış nümunələrinin təsnifatıdır. Bu, daxili boşluğu xarici surrogatlarla doldurmağa çalışaraq insanın seçdiyi on sağ qalma strategiyasıdır.
Lilit qızılda təhlükəsizlik axtarırdı, sevginin satın alına biləcəyinə özünü inandırırdı. Amma hisslərin valyutası bank hesabına çevrilmir. Putana ağrını üsyana çevirirdi, özündəki qorxunu batırmaq üçün dünyaya bağırırdı. Amma aqressiya körpü qurmur, yalnız yandırır. Hippi məsuliyyətdən azadlıq xülyasına qaçırdı, amma məqsədsiz azadlıq hara əsdiyini bilməyən küləyə çevrilir. Geyşa həyat səhnəsində heyranlıq axtarırdı, səmimiliyini alqışa dəyişirdi. Amma alqış səngiyir, yalnız oyundan yorğunluğu arxada qoyur. Məşuqə tərəfdaşına xilasedici kimi yapışırdı, asılılığı sevgi ilə qarışdırırdı. Amma başqasının havası ilə əbədi nəfəs almaq olmaz. Kurtizan münasibətləri ova çevirdi, qələbələr toplayırdı. Amma qələbələr qucaqlaya bilmir, kolleksion uğurların soyuqluğu ruha işləyir. Tereza əzab vasitəsilə mövcudluq hüququnu satın alaraq özünü fəda edirdi. İnfanta icazəsiz bir addım atmaqdan qorxaraq böyük bədəndə uşaq ruhu olaraq qalırdı. Amma həyat kimsənin əmr verməsini gözləmir. Sinderella başqalarının yükünü öz borcu hesab edərək daşıyırdı və özünü başqalarına qayğıda eridirdi. Amma başqasının yükü beli düzəltmir, əksinə şəxsiyyətin onurğasını sındırır. Dilənçi özünü şəraitin qurbanı hiss edərək dünyadan borcunu tələb edirdi. Amma dünya bizə heç nə borclu deyil, sevgini vergi kimi tələb etmək rədd cavabına məhkumdur.
Dərin psixologiyanın məntiqini izləsək, bütün bu modelləri bir şey birləşdirir: onlar yalançı ehtiyaclar üzərində qurulub. Ünsiyyət və sevgi əvəzinə insan təhlükəsizlik, diqqət, hakimiyyət və ya bəraət axtarırdı. Bu, susuzluğu duzlu su ilə söndürməyə çalışmaq kimidir: nə qədər çox içsən, susuzluq bir o qədər artar. Nevrotik modellər travmalara reaksiya olaraq yaranan, lakin stereotip şəklini almış qoruyucu mexanizmlərdir. Onlar bütünlük vermir, yalnız ağrını konservləşdirir.
İnsan bu maskalardan birinin çökdüyünü yaşadıqda, nə qızılın, nə üsyanın, nə azadlığın, nə də qurbanın cavab vermədiyini anladıqda — yol ayrıcında dayanır. O artıq Lilit və ya Sinderella olmaq istəmir. Lakin kim olduğunu da hələ bilmir. Cəmiyyətdə sağ qalmaq, rədd edilməmək üçün ətrafındakıların maskalarını sınamağa başlayır. Hamı üçün rahat olur. Başqalarının arzularını güzgü kimi əks etdirir.
Nevrotik münasibətlərdən sağlam münasibət modelinə keçid prosesi.
Bütün bu nevrotik davranış modellərinin kökündə çox vacib bir faktor var. Hər bir disharmonik münasibət modeli insanların sağlam olmayan ehtiyacların ödənilməsi məqsədi ilə qurulur. Burada sağlam olmayan ehtiyaclar dedikdə, birbaşa ünsiyyət və ya sevgidən kənar ehtiyaclar nəzərdə tutulur. Daha aydın izah üçün bir misal gətirək. İnsan anadangəlmə tələbatları arasında bir sıra fizioloji və psixoloji ehtiyacları var. Gida, su, hava, yuxu, nəcis və ya sidik ifrazı – bunlar fizioloji ehtiyaclardır. Çünki zamanında ödənilməyəndə insan həyatı üçün təhlükə var – insan ölə bilər. Təhlükəsizlik, ünsiyyət və sevgi, möhtərəmlik və özünü reallaşdırma – bunlar psixoloji tələbatlardır. Psixoloji tələbatlar zamanında ödənilmədikdə, insan sağlamlığı üçün real təhlükə yoxdur, lakin özünü xoşbəxt hiss etməsi üçün bu ehtiyacların ödənilməsi zəruridir. Məhz psixoloji ehtiyacların ödənilməsində insan inkişaf etdikcə şəxsiyyət kimi formalaşır, cəmiyyətdə öz adı ilə bacarığı və istedadı ilə layiqli yerini tutur. Burada qeyd olunan ünsiyyət və sevgi psixoloji tələbatı münasibətlərin qurulması üçün yeganə uyğun olan sağlam tələbatdır. Yəni, hər bir insan tənha olmadığını, sevib sevildiyində hər hansı bir cəmiyyətə aid olduğunu hiss etməyə ehtiyac duyur. Bu insanları birləşdirən tələbat cəmiyyəti formalaşdırır, humanizmi inkişaf etdirir, mərhəmətlik və empatiya hissini oyadır və mənəvi cəhətdən insanı inkişaf etdirir. Münasibət qurarkən insanlar bu tələbatın əvəzinə hər hansı başqa bir tələbat və ya tələbatlarına aid olmayan şəxsi və ya ictimai məqsədə nail olmağa üstünlük verirsə, bu təfəkkür sağlam olmayan ehtiyacları meydana gətirir. Misal üçün, insan özünü təhlükəsizlikdə hiss etmək üçün münasibət qurur. Bu, bir tələbatın başqa tələbatla ödənilməsi cəhdidir. Fizioloji tələbatlarla müqayisə etsək, sanki insan susuzluğunu ödəmək məqsədi ilə çox yatmağa qərar verir. Və yaxud aclığını dərindən nəfəs almaqla ödəməyə çalışır. Fizioloji tələbatlarla müqayisə etdikdə, bu təbii ki, gülünc səslənir. Çünki hər bir şəxs bilir ki, fizioloji tələbat zamanında ödənilməsə insan özünü nə qədər aldatmağa çalışsa da – ölüm qaçılmazdır. Psixoloji tələbatlara gəldikdə isə, insanlar bir tələbatın ödənilməsini başqası ilə ödəməyə çalışarkən həm özünü həm də ətrafdakıları aldatmağa çalışır. Təbii ki, bu cür sağlam olmayan ehtiyaclar insanın münasibətində qabarıq şəkildə gözə çarpırsa, bu da təsadüf deyil. Bu onu göstərir ki, insan hələ də şəxsiyyət kimi yetkin deyil – öz ehtiyaclarını özü ödəməyə hələ də hazır deyil. Və hansı ehtiyacını ödəməkdə ən böyük zəiflik hiss edirsə, həmin ehtiyacın da təsiri altında daxili gərginlik hiss edir və onun ödənilməsi məqsədi ilə münasibət qurur. Belə ki, sağlam olmayan ehtiyaclar insanın təfəkkürünə, mənəviyyatına, dəyərlərinə, həyat prinsiplərinə, inanclarına və təbii ki, başqa insanlarla münasibətinə təsir etmiş olur.
Bu kimi sağlam olmayan emosional bağlar çox vaxt əsl səmimi sevgi hissləri üzərində deyil, ən çox cinsi ehtiyacın tələbatı üzərində qurulur. Ona görə də, bu nevrotik davranışlar üzərində yaranan münasibətlər qeyri-sabit və saxtadır. Bu münasibət modelləri sanki səhnədəki oyuna bənzəyir. Özü inanır, hamını aldadır – nəticədə xoşbəxt ola bilmədiyindən şikayətlənir.
Bəs, sağlam ehtiyacların əsnasında yaranmış münasibət modeli varmı?
Bütün saxta münasibət modellərində özünü sınayaraq, onların kökündə duran yalanın səbəbini dərk edib, onlardan imtina etmək üçün özündə cəsarət tapa bilib və bundan sonra həyatında yalnız qəlbindən gələn səmimi sevgi ilə münasibətlərini qurmağa qərar verən şəxs, sanki bir Feniks (Zümrüd quşu) kimi, keçmişini həqiqət odu ilə külə döndərib, özünü yenidən yaradan ilk baxışdan başqalarından seçilən, parlaq təbəssümü ilə özünə aşiq etdirən, səmimiyyəti ilə insanları tərksilah edən, cəsarəti ilə öz arzusu istiqamətində hərəkət edən Yetkin Şəxsiyyətdir. Bir insanın anadangəlmə Feniks olması mümkündürmü? – Belə bir şəxsə rast gəlsəniz bilin ki, bu möcüzədir – bu uşaq müqəddəsdir.
Feniks münasibət modelinin dərinliyinə enməkdən öncə, sağlam münasibətlərə gedən yolu araşdıraq. Necə olur ki, insan öz təfəkküründə dəyişilərək, özünü və həyatdakı bütün ehtiyacları nəzərə alaraq, insanlarla davranışında səhvlərə yol vermir?
Birincisi onu qeyd etmək lazımdır ki, “Feniks Erası” kitabı bir dərslik olaraq imkan verir ki, insanın uzun müddət bir münasibət modelində saxlayan düşüncə tərzini müəyyən edə bilək. Əgər insan özü xoşagəlməz hisslərdən qurtulmaq istəyirsə, özünü müşahidə etməyə başlayacaq. Bu yolda yalnız şəxsiyyət tipi olaraq deyil, artıq təfəkküründə ona mane olan fikirləri əsas götürəcək. Eyni reaksiyaları və vəziyyətləri təkrarlayan hansı düşüncə tərzidir bilsə, onu dəyişmək üçün artıq bu düşüncəyə gətirib çıxaran səbəbləri araşdırmağa başlayacaq. İnsanın şəxsi inkişafı yolunda onu düşüncələrinə təsir edən eyni fikirlərdən özünü xilas etmək üçün, gələcəkdə nəyi və necə dəyişəcəyi barədə tədbirlər görməyə başlayacaq. Yalnız bu halda insan həyatının təkrarlanmış ssenarilərindən özünü sığortalaya bilər.
Psixoemosional komplekslərin də yaranmasına səbəb, insanın şəxsi inkişaf mərhələsində düşüncə tərzinin nə cür formalaşmasıdır. Şəxsiyyətin identifikasiyasında təməl salan inanclar, onun ilk növbədə necə biri olması barədə informasiyaya malik olur. İnsan özü dərk etdikdə ki, “mən bu yaşa çatınca, belə bir davamlı hisslərin daşıyıcısı olaraq yetişmişəmsə, səbəb mənim təfəkkürümdədir. Niyə mən davamlı eyni münasibət qarşılığında qalıram? Bu hərəkətləri mənə təkrarlamağa vadar edən nə olur?” İnsan fərqində olduğu təqdirdə “Feniks Erasına” daha tez bir zamanda keçid edə bilər.
Hər bir insan bu yolu bilərkən şəxsi inkişaf mərhələlərində öz üzərində daim çalışa bilər. Sağlam, səmimi və sevgi dolu həyat yaşamaq üçün doğru yol budur. Başqa bütün fərziyyələr bu imkanı vermir. İnsan aləmində müxtəlif patologiyalardan xəbər tutmaqla kifayətlənmək olmur. Bir çox məktəblərdə insanın davranışı üzərində saxlayacaq düşüncə tərzi barədə məlumat olmadığı üçün tez bir zamanda həllinə yönəlmək də çətin olur. “Feniks Erası”-nda bu mümkündür.
Keçid mərhələsi nə cür baş verir? İnsan sabit bir davranış modelində xoşagəlməz hallarla qarşılaşırsa və özünü dərk etmədən daim çıxış yolları axtarırsa – bu zaman onun seçimi axtarış sisteminə yönəlir. Bir növ dənizdə batan biri, necə çırpınırsa, o da xilas yolunu axtarmağa başlayır. İlk köməkliyinə çatan nədirsə, ondan istifadə etməyə hazırdır. Bu hallar onda qeyri-ixtiyarı, dəyişik bir prosesin yaranmasına gətirib çıxara bilər. Həyatı boyu, müxtəlif fikirlər arxasınca gedən və hər dəfə də fərqli çətinliklərə düçar olan şəxsin davranış modelinə, daha bir ad qazandıra bilərik – Buqələmun münasibət modeli.
Beləcə Buqələmun doğulur.
Bu son deyil. Bu başlanğıcdır. Bu, həqiqi «Mən»in küldən qalxmasından əvvəlki son hədddir. Buqələmundan sonra sağlam modellər ərazisinə keçilir — insan sağ qalmaq üçün deyil, məna üçün yaşayır. Amma buna nail olmaq üçün adaptasiyadan keçmək lazımdır.