II. ƏGƏR MUSA MİSİRLİ OLMUŞSA
Bundan əvvəlki başlıqda yəhudi xalqının xilaskarı və qanunvericisi olmuş Musa adlı şəxsin yəhudi deyil, misirli olması ilə bağlı fərziyyəni daha yeni arqumentlərlə doğrultmağa çalışmışdım. Musa adının Misir dilindən götürüldüyünü çox-çox əvvəllər da deyiblər, ancaq bu fakta yetərincə dəyər verilməmişdir; mən doğulan körpələrin atılması ilə bağlı geniş yayılmış mifləri Musanın misalında araşdırmaqla onun misirli olduğu qənaətinə gəlmiş, yalnız xalqın zəruri ehtiyacını ödəmək üçün yəhudiyə
“çevrildiyini” bildirmişdim. Sonda Musanın misirli olmasını bir fərziyyə kimi qəbul etməkdən çoxsaylı vacib və dəyərli nəticələrin çıxdığını da demişdim; lakin bu fərziyyəmlə aldığım nəticələr yalnız psixoloji araşdırmalarla doğrulduğundan, onların mütləq həqiqət olması üzərində təkid edə bilmirəm, bunu etmək üçün gərək onlar obyektiv şəkildə əsaslandırılsın. Bu yolla əldə olunan nəticələrin əhəmiyyəti artdıqca, onları köklü şəkildə əsaslandırmağa da bir o qədər böyük ehtiyac yarandığını duyursan, yoxsa itələyəndə duruş gətirə bilməyən gildən düzəlmə altlığı olan büt kimi, bu nəticələr də tənqidlərə qarşı çox dayana bilməyəcək. Doğruya çox oxşayan heç bir cəlbedici ideya sizi yanılmaqdan qoruya bilməz; hətta bu ideyaya görə qurduğumuz mühakimələrin hamısı ardıcıl olaraq doğrulsa belə, unutmaq olmaz ki, doğruya oxşayanlar həmişə həqiqət olmur və həqiqət də həmişə doğruya oxşamır.
Bundan başqa, mən sxolast və talmudçularla bir sırada dayanmağı da istəməzdim, bəlli olduğu kimi, belələri iti ağıllarına arxalanaraq öz sözlərini insanlara qəbul etdirməyi yaxşı bacarırlar, ancaq bu dediklərinin doğru olub-olmaması onlar üçün heç bir əhəmiyyət daşımır.
Bu gün də mənə rahatlıq verməyən şübhələrə baxmayaraq, dediklərimi tənqid edənləri də cavabsız qoymaq istəməzdim, eyni zamanda indiyədək gəldiyim nəticələri bir yerə toplayıb yekun söz deməyi də gərəkli sayıram. Dediklərim axtardığım həqiqəti bütövlüyü ilə əks etdirə bilməsə də, düşünürəm ki, bu işi görməyə dəyər.
Beləliklə, əgər Musa misirli olmuşsa, onda belə bir ehtimaldan çıxan ilkin nəticələr qarşımıza çox çətin həll olacaq müəmmalar qoymuş olur. Nə vaxtsa hansısa bir xalq və ya oymaq (biz Musa ilə Misirdən çıxıb getmiş insanların dəqiq sayını bilmirik) çox böyük bir iş görmək istəyirsə, ilk olaraq bu xalqın içindən kimsə çıxıb özünü onun öndəri elan edir, yaxud da xalq özü onu bu öndərliyə seçir. Ancaq çox adlı-sanlı soydan olan bir misirlinin – Musa firon oğlu, kahin, ya da ən azı, yüksək rütbəli bir məmur olmalı idi – gəlmə, mədəniyyətcə öz xalqından çox geridə qalan yadellilərə başçılıq edərək onlara qoşulub öz ölkəsindən çıxmasını anlamaq çox çətindir. Tarixdən misirlilərin yadellilərə yuxarıdan aşağı baxdıqları yaxşı bəlli olduğundan, belə bir hadisə heç cür inandırıcı görünmür. Bundan başqa, mənim düşüncəmə görə, elə bu səbəbdən də, tarixçilərin çoxu Musanın adının Misir mənşəli olduğunu bilsələr də, onun Misirin bütün adət-ənənə və müdrikliklərini dərindən bildiyini söyləsələr də, yəhudilərə qoşulduğu üçün, təbii olaraq, misirli hesab etməli olduqları Musanın misirli ola biləcəyini deməkdən çəkinmişlər.
Dediyimiz bu birinci çətinliyə ikincisi də qoşulur. Biz gərək Musanın Misirdə məskunlaşmış yəhudilərin yalnız siyasi rəhbəri olmadığını, həm də onların qanunvericisi, yolgöstərəni və bu gün də onun adı ilə “musaçılıq” deyə çağırılan dinlərinin yaradıcısı olduğunu da unutmayaq. Bir adamın yerindən durub təkbaşına din yaratması asan işdirmi? Kimsə bir başqasını hansısa dinlə bağlamaq istəyirsə, elə bu onun özünün inandığı din olmayacaqmı? Sözsüz, Misirdə məskunlaşmış yəhudilərin hansısa dini inanclarının olması şübhə doğurmur, əgər Musa onlara yeni bir din təklif edirsə, onda bu dinin Musanın mənsub olduğu xalqın, misirlilərin dini olması ehtimalı çox böyükdür.
Ancaq bu mülahizənin doğruluğunu əngəlləyən bir maneəni də gözdən qaçırmaq olmaz: Musanın yəhudilərə təbliğ etdiyi dinlə misirlilərin dini arasında çox kəskin bir ziddiyyət vardır. Musanın təbliğ etdiyi din böyük və əlçatmaz olan tanrıya itaət etməklə bağlı olan təkallahlı dindir; burada yalnız bir tanrı var və o təkdir, qüdrətlidir, əlçatmazdır, gözəgörünməzdir və ağılla dərk oluna bilməz, onun görünüşünü təsvir etmək mümkün deyil və adını çəkmək də yasaqdır. Misirlilərin dinində isə müxtəlif statuslu və mənşəli çoxlu gözlə görünən tanrılar vardı, onların əksəriyyəti göy, yer, günəş, ay və bir sıra təbiət gücləri ilə bağlı idi, hətta doğruluq və ədalət tanrısı sayılan Maat kimi mücərrəd mahiyyət daşıyanları da vardı, yaxud da bu tanrıların içində cırtdan görkəmli tanrının olduğu da bəllidir; bu çoxsaylı tanrılar Misirin bir ölkədə birləşdirilməsindən öncə müxtəlif bölgələrdə yaranmışdılar və onların çoxu hələ də yarandıqları totemlərdən sonadək ayrıla bilməyib müxtəlif heyvanların görkəmində təsvir olunurdu. Eyni zamanda hər birinin daşımalı olduğu ilahi vəzifələr də birbirindən yetərincə ayrılmamışdı. Bu tanrıların şərəfinə yazılmış himnlərdə onların hamısına, demək olar, eyni epitetlər deyilmiş, bir-birilə eyniləşdirilmiş və eynigüclü sayılmışlar. Məsələn, Misirdə yeni krallığın çiçəkləndiyi çağlarda paytaxt olmuş
Fivanın baş tanrısını Amon-Ra çağırırdılar, buradakı Amon şəhərin qoyun başı şəklində təsvir olunan tanrısı, Ra isə qırğı baş şəklində təsvir olunan, əslində isə, Qora adlanan Günəş tanrısı idi. Tanrıları bu sayaq qovuşdurduqdan sonra Misirin bütün dini ayin və ovsunçuluqla bağlı mərasimlərində, habelə bütün dini simvollarında bu tanrı başlıca yeri tutmağa başlamışdı.
Musanın yəhudilərə gətirdiyi dinlə misirlilərin dini arasındakı bir çox fərqləri birincidə tanrının tək olması, ikincidə məhdudiyyət tanımayan çoxsaylı tanrıların varlığı arasındakı birbaşa ziddiyyətlə də aydınlaşdırmaq olar. Başqa bir fərq misirlilərin ənənəvi dinlərinin öz ibtidai mahiyyətinə çox yaxınlığı, Musanın gətirdiyi dinin isə yüksək dərəcədə mücərrədliyə varması idi. Bu iki məqama əsaslanıb bu dinlərin bir-birindən köklü surətdə fərqləndiyini görmək mümkündür, eyni zamanda göstərilən fərqlərin, elə bil, qəsdən daha çox qabardıldığı da duyulur. Məsələn, bu dinlərdən biri tanrının tək olduğunu deyərək müxtəlif ovsun və cadugərlik ayinlərini yasaqlayırdısa, o biri din bunun büsbütün əksinə olaraq tanrıların çoxluğunu daha da artıq gözə çarpdırır, müxtəlif ovsun və cadu ayinlərini daha da təntənəli, hay-küylü keçirməyə can atırdı. Ya da bu gün bizim muzeylərin öz zənginliyinə görə borclu olduqları çoxlu Qədim Misir eksponatlarına baxdıqda misirlilərin tanrılarının saysızhesabsız rəsmlərini, daşdan yonulmuş, bürüncdən tökülmüş heykəllərini yaratdıqlarını görürük və bunun tam əksinə olaraq, Musanın gətirdiyi təkallahlı dində tanrının da, bütün başqa canlıların da təsvir edilməsinin qəti şəkildə yasaqlandığını da bilirik. Ancaq bu iki din arasında indiyədək çox az tarixçinin diqqətini çəkən daha bir çox kəskin ziddiyyət vardır. Məncə, dünyada heç bir xalq qədim dövrün misirliləri qədər ölümü inkar etmək üçün çalışmamışdır, misirlilərin dinində o dünyanı və oraya düşən ölmüş insanları idarə edən tanrı Osirisin xalq arasında başqa bütün tanrılardan daha populyar olması da dediklərimizi sübut edir. Əski yəhudi dinində isə bunun tam əksinə olaraq, insanın ölümsüzlüyü tamamilə inkar olunur, bu dinin o dövrlə bağlı kitablarının heç birində ölümdən sonra həyatın olması barədə bir söz belə yazılmamışdır. Burada diqqəti çəkən amillərdən biri də təktanrılı dinlərin sonrakı inkişafının bu dinlər üçün də o dünya ideyasının böyük uğur qazandığını göstərməsinə baxmayaraq, yəhudilərin təktanrılı dininin ilkin mərhələsində bu faktın özünü təsdiqləməməyidir.
Biz Musanın misirli olması ilə bağlı ehtimalın müəyyən cəhətlərdən işimizə yarayacağını düşünürdük. Ancaq onun yəhudilərə gətirdiyi dinin misirlilərin dini olması ilə bağlı ilk mülahizəmiz uğursuzluqla nəticələndi və Musanın yəhudilərə təbliğ etdiyi dinin misirlilərin ənənəvi dinindən köklü surətdə fərqinin aydınlaşması yəhudilərin dininin misirlilərə mənsub olması ideyasını alt-üst etmiş oldu.
II
Ancaq misirlilərin dini inancları ilə bağlı olaraq bu yaxınlarda üzə çıxmış və dəyərləndirilməyə başlamış bir fakt bizim işimizə yaraya bilər və belə bir faktın varlığı yürütdüyümüz mülahizələrin doğrulması işində ümidverici perspektivlər yaradır. Bu fakt Musanın yəhudilərə bağışladığı yeni dinin, ola bilsin, Misirdə yaranmasa da, ancaq bir zamanlar misirlilərin inandığı bir din olduğunu göstərir.
Misirin tarixində çox böyük ad-san qazanmış XVIII sülalənin vaxtında ölkə öz sərhədlərinin hüdudlarını genişləndirib dünya dövlətinə çevrilərkən təqribən e.ə.
1375-ci ildə öz atası kimi Amenhotep adlanan bir gənc fironluq taxtına çıxmışdı.
Sonradan bu firon öz adını, həmçinin çox şeyləri də dəyişdirməsi ilə tanınmışdı. Yeni firon öz təbəəsi olan misirlilərə onların minillik ənənələrlə bağlı olduqları inancı və məişəti ilə bütünlüklə ziddiyyət yaradan yeni bir dini aşılamağa cəhd göstərmişdi. Bu, təktanrılı din idi və bizə bəlli olduğuna görə, tarixdə ilk dəfə belə bir addım atılmışdı, ancaq bu yeni, təktanrılı din özü ilə yanaşı başqa dinlərə qarşı dözümsüzlük duyğusunu da gətirmişdi, bu da insanlığın və dinlərin keçmişində ilk hadisə sayıla bilərdi. Bundan əvvəl də, çox sonralar da insanlar arasında yad inanca qarşı belə bir dözümsüzlük olmamışdı. Amenhotepin fironluğu çox az – 17 il çəkmişdi. Onun təxminən e.ə. 1358-ci ildə ölümündən sonra yeni din qadağan olunub aradan götürüldü, həmçinin bu “kafir” fironun xatirəsinin yaddaşlardan silinməsi üçün də çalışdılar. Yenilikçi fironun saldırdığı yeni paytaxtın dağıntıları arasından tapılmış abidə və onun qəbri üstündəki qayalara yazılmış mətnlərdən, az da olsa, bu fironun və onun apardığı din islahatının məzmununu öyrənmək mümkündür. Qədim Misir tarixinin bu qeyri-adi şəxsiyyəti ilə bağlı əlimizə gəlib çatan azacıq məlumatlar da onun gördüyü bu işlərə böyük maraq doğurur.
Bəlli olduğu kimi, bütün üzə çıxan yeniliklər keçmişə aiddir və öz çağının yetişməyə başlayan mühakimələrinin gerçəkləşməsi kimi yaranmağa başlayır. Misirdə yaranmış bu təktanrılı dinin də köklərini araşdırıb keçmişlə bağlı olduğunu inandırıcı şəkildə sübut etmək mümkündür. Heliopolda Günəş tanrısı Qoranın adına ucaldılmış məbəddəki kahinlərin təlimində çoxdan idi, bu tanrının timsalında universal bir tanrı kultu yaratmağa çalışırdılar və bu tanrının tək allah kimi tanınmasının əxlaqi-mənəvi tərəflərini də qabarda bilmişdilər. Elə buna görə də həqiqət, qayda-qanun və ədalət tanrısı Maatın da Günəş tanrısı Ranın qızı olduğunu iddia edirlər. Artıq gənc fironun atası və onun apardığı islahatların ilkin özülünü qoymağa başlamış III Amenhotepin dövründə Fivada hədsiz güclənməyə başlamış Amon tanrısına qarşı Günəş tanrısını qoyub onun daha artıq güclənməsinə çalışırdılar. Elə bu vaxtlarda Günəş tanrısının Aton və ya Atum kimi səslənən köhnə adını da dirçəldib gündəmə gətirdilər və Aton tanrısının dinindən təsirlənən gənc firon öz hakimiyyətini qorxu altına alsa da, yeni dini təlimin güclənməsinə çalışmağa başladı.
Bu hadisələrin baş verməsinə az qalmış misirlilərin dininə uzun müddətlik təsir edəcək siyasi situasiya da yaranmışdı. Qonşu ölkələrə uğurlu basqınları ilə ad-san qazanmış firon III Tutmosun qoşun başçısı kimi qazandığı qələbələrin sayəsində Misir dünya dövlətinə çevrilmişdi, cənubda Nubiya, şimalda Fələstin, Suriya və
Mesopotamiyanın bir hissəsi işğal edilərək Misir dövlətinə qatılmışdı. Belə bir imperiya quruculuğu üzrə çalışmalar misirlilərin dininə bir universallıq və təktanrılılıq təmayülləri də gətirmişdi. Artıq Misirdən başqa Nubiya və Suriya da fironun himayəsi altına keçdiyi üçün, yaranmış bu vəziyyət misirlilərin təsəvvüründə fironun bütün dünyaya yiyələnməsi anlamına gəlirdi və onların yeni tanrısı da milli çərçivəni adlayaraq fironun ağalıq etdiyi bütün torpaqlarda tanınan universal bir tanrıya çevrilməli idi. Əlavə olaraq, imperiya qurmaqla öz sərhədlərini genişləndirən Misir xarici ölkələrdən gələn təsirlər üçün də açıq olmağa başlamışdı, artıq fironların əksəriyyəti Asiya hökmdarlarının qızları ilə evlənirdilər (deyilənə görə Amenhotepin sevimli arvadı Nefertiti də asiyalı olmuşdur) və çox güman ki, təktanrılı dinin birbaşa təsirləri Misirə Suriyadan gəlib çıxmışdı.
Amenhotep özünün Günəş kultu olan Qoraya, başqa sözlə desək, Atona olan sevgisini həmişə çox böyük coşqunluqla bildirmişdi. Onun qəbrinin yerləşdiyi qayalıqda, böyük ehtimalla, özünün Atona yazdığı iki himn bu günümüzə gəlib çatmışdır. Burada o Günəşi bütün canlıların yaradıcısı və qoruyucusu kimi çox böyük bir coşqunluqla vəsf edir və Misirdən kənarda tanrıya belə bir coşqunluqla üz tutmanın nümunəsinə biz yalnız yüzilliklər sonra yəhudilərin tanrı Yahvenin şərəfinə yazdıqları məzmurlarda rast gəlirik. Ancaq firon Amenhotep Günəş tanrısını öyən yazısında yalnız günəş şüalarının bütün canlılara həyat enerjisi verməsi ilə bağlı elmi dünyagörüşündən söz açmaqla kifayətlənməmişdi. O bir az da uzağa gedib, günəşi maddi bir obyekt kimi deyil, enerjisi onun şüalarında üzə çıxan ilahi mahiyyətin simvolu kimi dəyərləndirmişdi. Ancaq biz burada fironu yalnız onun dövrünədək mövcud olmuş Aton dininin ardıcılı və himayəçisi kimi qəbul etsək, bu, yanlış və ona qarşı ədalətsiz bir rəy olardı. O bu işdə çox böyük çalışqanlıq göstərmiş və gördüyü böyük işlərlə universal tanrı ideyasına yenilik gətirmiş, bununla da təktanrılı din yaradılmasına zəmin yaratmışdı. Bu müstəsna məqamı dəyərləndirmədən keçmək doğru olmazdı. Onun yazdığı ehtimal olunan himnlərdən birində Atona deyilən belə bir söz vardır: “Ah, ey tək olan tanrı, səndən başqa heç bir tanrı yoxdur”. Biz gərək bu yeni dini düzgün dəyərləndirə bilmək üçün onun məzmununda özünə yer edən müsbət və mənfi ideyaları yetərincə bilmədiyimizi də unutmayaq. Yeni dinin birdənbirə, yunan mifologiyasında Afinanın Zevsin başından doğulduğu kimi, bütünlüklə hazır şəkildə yarandığını düşünmək də böyük yanlışlıq olardı. Əksinə, əldə olan məlumatlara əsasən, bu din Amenhotepin hakimiyyəti illərində getdikcə daha da aydınlaşmış, ardıcıllıq qazanmış, habelə amansız və qəddar olmağa başlamışdı. Böyük ehtimalla, bunun səbəbi həmin vaxtadək hakim olan Amon tanrısının kahinlərinin bu dinə qarşı kəskin düşmənçilik göstərmələri olmuşdu. Yeni və köhnə dinlər arasındakı düşmənçilik getdikcə daha çox gücləndiyindən, hakimiyyətinin altıncı ilində gənc firon öz adını dəyişib artıq adının çəkilməsi yasaqlanmış Amon tanrısının adını özününkündən silmişdi. Bundan sonra o Aton tanrısının şərəfinə özünə Ehnaton adını götürmüşdü. İslahatçı firon Amon tanrısının adını özününkündən götürməklə kifayətlənmədi, onun adını bütün yazılardan, hətta atası III Amenhotepin üzərindən də silib atdı. Bütün bu dəyişikliklərdən az sonra Ehnaton Amon tanrısının baş tanrı sayıldığı paytaxt Fivanı da tərk edərək Nil çayının aşağısında özü üçün Ahematon (Atonun üfüqü) adlı yeni paytaxt şəhəri saldırdı. Şəhərin bu günə gəlib çatan dağıntıları indi Tell-el-Amarna adlanır.
Firon Amon tanrısının adını yazılı abidələrdən silməklə kifayətlənmədi. Onun əmri ilə imperiyada başqa tanrıların şərəfinə tikilən bütün məbədlər bağlandı, onlarda mərasim və ayinlər keçirmək yasaqlandı, məbədlərin bütün əmlakı müsadirə olundu. Onun bu yöndəki səyləri həddini aşmışdı. Fironun göstərişi ilə ölkədə olan bütün abidələr araşdırılmalı, harada tanrı sözü cəm şəklində işlənmişsə, bütün bu yazılar silinməli idi. Ehnatonun bu kəskin tədbirləri izlənib sıxışdırılan kahinlər arasında fanatizmin və bununla bağlı qisasçılıq duyğularının güclənməsinə, xalqın içində böyük narazılıqların yaranmasına gətirib çıxarmaya bilməzdi və bütün bunlar onun ölümündən sonra özünü aydın büruzə verdi. Bu, geniş yayılmış və tanınmış bir din deyildi və ola bilsin, onun ardıcılları da çox məhdud sayda idi. Ehnatonun necə öldüyü ilə bağlı əlimizdə heç bir fakt yoxdur. Ölümündən sonra onun soyadını daşıyan bir neçə fironun qısamüddətli hakimiyyətdə olması müxtəlif qaynaqlardan gəlib bizə çatmışdır. Firon taxtına çıxanlardan biri Ehnatonun kürəkəni Tutanhaton artıq yeni dinə qarşı yaranan kəskin təzyiqlərə dözə bilməyib paytaxtı yenidən Fivaya köçürməli olmuşdu və adındakı “aton” sonluğunu atıb onu tanrı Amonun şərəfinə “amonla”
əvəzləmişdi. Daha sonra Misirdə bir neçə il çəkən anarxiya hökm sürmüş, bütün bunların sonunda isə sərkərdə Horemhabu ölkədə qayda-qanun yaradıb, e.ə. 1350-ci ildə firon taxtına oturmuşdu. Bunun ardınca XVIII sülalənin qazandığı böyük ad-san unudulmağa başladı və onun Nubiya və Asiyada ələ keçirdiyi torpaqlar da itirildi.
Bütün bu xaosun hökm sürdüyü dövrdə Misirin köhnə dini bərpa olundu, Aton dini isə tamamilə ləğv edildi. Ehnatonun tikdirdiyi yeni paytaxt talanaraq darmadağın edildi və onun gördüyü bütün işlər böyük cinayət sayılmağa başladı.
Gördüyümüz işin məqsədinə aydınlıq gətirmək üçün Aton dininin xalqla qovuşa bilməsini əngəlləyən qüsurları da göstərməyə dəyər. Bunlardan ən birincisi, bu dində misirlilərin alışdığı mif, ovsun və cadugərliklə bağlı heç bir ayinin olmaması idi. Daha sonra Günəş tanrısının simvolu əvvəlki kimi kiçik piramida, yaxud da qırğı şəklində deyil, üzərindən şüalar çıxıb insan əlinə çatan dairəvi disk şəklində göstərilirdi və bu olduqca rasional bir simvol idi. İndi Əl-Amarna adlanan yerdə Ehnatonun tikdirdiyi paytaxtın xarabalıqları arasında çox zəngin rəsm və heykəltəraşlıq abidələri tapılsa da, burada Günəş tanrısı Atonun bir dənə də olsun təsviri və heykəli tapılmamışdı.
Ancaq yeni təktanrılı dinin meyarlarına bələd olduğumuz üçün belə bir tanrı təsvirinin tapılmayacağını öncədən də deyə bilərdik. Ən sonuncu isə, buradakı abidələrdə və qəbirüstü yazılarda o dünyanın və ora düşən ölülərin tanrısı sayılan Osirisin adı çəkilmir və insan ölümsüzlüyünə ürəkdən inanan misirlilərin ürəyinə yatan heç bir simvola və yazılara rast gəlinmir. Xalqın inanclarına belə açıq-aydın əks mövqe göstərmək isə zaman baxımından doğru sayıla bilməzdi.
III
İndi isə risk edib belə bir mülahizə irəli sürək: əgər Musa misirli olmuşsa və yəhudilərə Misirdə yaranmış bir dini gətirmişsə, onda bu din Ehnatonun, Atonun dini olmuşdur.
Bir az əvvəl biz yəhudilərin dinini misirlilərin ənənəvi dini ilə tutuşdurub onlar arasındakı ziddiyyəti göstərdik. İndi biz gərək yəhudi dini ilə Atonun dinini tutuşduraq və onların eyni kökdən olduqlarını göstərəcəyimizə ümid edək. Bizə elə gəlir ki, görəcəyimiz iş çoxlu çətinliklər törədəcək. Aton dininin izlərini qatı qisasçılıq duyğusu ilə silib atmağa çalışmış Amon tanrısı kahinlərinin günahı ucbatından biz bu dinlə bağlı çox az şey bilirik. İndi musaçılıq adlanan yəhudi dini ilə biz onun sonradan formalaşmış variantı ilə tanışıq və bizə gəlib çatan yəhudi dininin bu variantı onların Misirdən çıxıb getdikləri vaxtdan 800 il sonra yəhudi ruhaniləri tərəfindən formalaşdırılmışdır. Fakt qıtlığına baxmayaraq, öz mülahizələrimizi doğrulda bilən ayrıca əlamətlər tapa bilsək, onları çox yüksək dəyərləndirməkdə haqlı olacağıq.
Mənə elə gəlir, bizim irəli sürdüyümüz tezisi sübut etməyin qısa yolu musaçılıq ilə Aton dininin inancla bağlı olan başlıca prinsiplərinin uyğunluğuna əsaslanmaq ola bilərdi. Ancaq qorxuram, bizim tənqidçilərimiz bu yolun doğru olmadığını irəli sürsünlər. Bəlli olduğu kimi, yəhudi inancının simvolu belə ifadə olunur: “Şema Cizroel Adonai Elehonu Adonai Ehod”. Əgər Misir dilindəki Atona (və ya Atuma), yəhudi dilindəki Adonay və suriyalıların tanrısı olan Adonisin adlarının belə bir uyğunluğu təsadüf deyilsə, bu dillərin bir-birilə ünsiyyətindən yaranmış ortaq anlamlı bir söz sayıla bilərsə, onda yəhudi inancında şəhadət gətirmək anlamındakı yuxarıda göstərdiyimiz inanc simvolunu belə tərcümə etmək olar: “Eşit, İzrael, bizim tanrımız Aton (Adonay) – tək olan tanrıdır”. Ancaq təəssüf ki, mən bu məsələni inandırıcı şəkildə həll etməyə hazır deyiləm və axtardığım qaynaqlarda bununla bağlı olduqca az fakt tapdığım üçün məsələnin həlli belə çətinliklərlə üzləşir. Məhz bu səbəbdən də, biz məcburi şəkildə, yenidən tanrıların adı ilə bağlı problemin üzərinə qayıtmalı olacağıq.
Bu iki dinin uzlaşdığı və fərqləndiyi yerlər, artıq təfərrüata varmadan da, göz qabağındadır. Hər iki din ardıcıl təktanrılılıq yolunu tutub gedir və bu cəhətləri özözlüyündə onlar arasında ümumi olan çoxlu cəhətlər doğurur. Bəzi hallarda yəhudi təktanrılığı özünü daha kəskin aparır, buna misal olaraq, onun yalnız tanrının yox, bütün canlıların rəsm və heykəlinin yaradılmasını yasaqlamasını göstərmək olar. Bu dinlər arasındakı ən böyük fərq – tanrılarının adını bir kənara qoyuram – yəhudi dininin Günəş kultunu inanc sistemindən tamamilə çıxarmasıdır, ancaq dərindən baxanda, Aton dinində də Günəş kultundan uzaqlaşmaq meyillərini görmək mümkündür. Aton dinini Misir xalqının ənənəvi dini ilə tutuşdurarkən biz onlar arasındakı olan prinsipial ziddiyyətlərdən başqa da bu dinlərin məqsədyönlü şəkildə bir-birilə qarşıdurma yaratmaları amilinin də gözə çarpdığını demişdik. Baxdığımız misalda yəhudi dinini Aton dini ilə əvəzləsək, bu təəssüratımız bir az da güclənəcək, bəlli olduğu kimi, firon Ehnaton qəsdən Aton dini ilə ənənəvi Misir dini arasında qarşıdurma yaradıb və bu məsələni Aton dininin xeyrinə həll etməkdə maraqlı idi. Bizi təəccübləndirən məsələlərdən biri də ölümdən sonrakı həyatın və o dünyanın təktanrılı dinlərin işinə çox yaradığını bilsək də, bu ideyanın yəhudi dinində olmadığını öyrənməyimiz olmuşdu. Bu təəccübü aradan qaldırmağın yolu çox asandır, bunun üçün biz yəhudi dinindən onun qaynağı saydığımız Aton dininə qayıdırıq və firon Ehnatonun misirlilərin ən çox bağlı olduğu ideyanı – onların bütün yerüstü tanrılardan qat-qat artıq bağlandıqları yeraltı dünyanın tanrısı Osirisi sarsıtmaq üçün o dünya və ölümdən sonrakı həyat anlayışını yanlış bir inanc kimi aradan qaldırmağa çalışmasıdır. Yəhudi dini ilə Aton dininin belə bir vacib məsələdə üst-üstə düşməsi bizim irəli sürdüyümüz tezisi doğrultmaq üçün birinci ciddi arqument sayıla bilər.
Ancaq bunun sonuncu belə arqument olmadığına bir azdan əmin olacaqsınız.
Musa yəhudilərə yalnız yeni din verməklə kifayətlənməmişdi, onlar arasında sünnət ayininin yaranmasının da Musanın xidməti olduğunu eyni inamla demək mümkündür. Bu fakt qarşımızda dayanan problemin həlli üçün çox mühüm rol oynayır və bu fakt, nədənsə, indiyədək heç kim tərəfindən lazımınca dəyərləndirilməmişdir. Doğrudur, Bibliyada bu fakt bir neçə dəfə inkar edilir, ancaq baxın: Bibliyada bir yandan sünnət ayininin Musadan çox-çox öncələr yaşamış
Avraamla tanrı arasında yaranan ittifaqla bağlı olduğu deyilir, başqa bir yerdə isə tanrının sünnət olunmadığı üçün Musaya qəzəblənib onu öldürmək istəməsindən danışılır və bundan çıxış yolu da tapılır: Musanın madianlı arvadı təcili olaraq Musanı öz əlləri ilə sünnət edərək onu tanrının qəzəbindən qoruya bilir. Bibliyadakı bu yanlışlıq gərək bizi çaşdırmasın, bu yanlışın hansı motivdən yarandığını sonradan aydınlaşdıra biləcəyik. Ancaq yəhudilərin sünnət ayinini haradan götürdükləri sualının yalnız bir cavabı var: onlar bunu misirlilərdən öyrənmişlər. “Tarixin atası” Herodot da sünnət ayininin çox qədim dövrlərdən yerinə yetirildiyini deyir, bu faktın doğruluğunu isə bizə gəlib çatan mumiyaların araşdırılması, həm də qəbirüstü çılpaq şəkillərdəki təsvirlərin öyrənilməsi də təsdiq edir. Bildiyimizə görə, Qərbi Aralıq dənizi sahillərində yaşayan başqa heç bir xalqda belə bir adət olmamışdır; semitlər, babillilər və şumerlər haqqında onların sünnət olunmadıqlarını inamla demək olar.
Bibliyadan bəlli olduğu kimi, Kənaan ölkəsinə bu adəti yəhudilər gətirmişdilər və bunun təsdiqi kimi İakovun qızı ilə kral oğlu Sixemin evlənməsi ilə bağlı hadisə şahidlik eləyə bilər. Misirə köçüb gəlmiş yəhudilərin sünnət ayinini Musanın dini ilə bağlı olmayaraq, özlərinin bəyənib götürdüklərini düşünmək ağlabatan deyildir və belə bir hal inandırıcı görünmür. Biz indi sünnət ayininin misirlilərin hamılıqla yerinə yetirdikləri bir ayin olduğunu müəyyən etdik. Onda bir anlığına bəlli mülahizəni qəbul edib Musanın yəhudi olduğunu və öz yurddaşlarını Misir köləliyindən qurtarmaq istədiyini, bu məqsədlə də onları Misirdən çıxardığını, müstəqil və özünü tanıyan bir milli varlığa çevirmək istədiyini – Musanın gördüyü işlər, doğrudan da buna gətirib çıxarmışdı – düşünsək, onda Musa nə üçün yəhudiləri misirlilərə oxşadacaq bu ayini onlara təkrarlatdırmalı, bu millətin yaddaşından silmək istədiyi “Misir köləliyini”
onlara daima xatırladacaq bu ayinlə yaşatmalı? Axı Musanın məqsədi tamamən başqa idi: o öz xalqını Misir köləliyindən birdəfəlik qurtarmağa, “Misir torpağında asan tapılan ətlə dolu qazanları” unudub, çətinliklərə sinə gərib, müstəqil yaşamağa alışdırmaq istəyirdisə, onda Musanın belə bir addım atması heç cür ağlabatan görünmür. Ancaq bizim baxdığımız fakt və ona əlavə elədiyimiz mühakimələr birbirilə tam uzlaşdığından, inamla belə bir nəticə çıxara bilərik: əgər Musa yəhudilərə yalnız yeni bir din verməklə kifayətlənməyib onlara sünnət ayinini icra etməyi də buyurmuşsa, onda o, yəhudi deyil, misirli olmuşdur, bu isə musaçılıq dininin Misir dini olması deməkdir və bu Aton dini adlana biləcək inanc misirlilərin ənənəvi dinləri ilə ziddiyyət və qarşıdurmada olan bir dindir, habelə bu dinin başlıca ehkamlarının yəhudilərin sonradan tamamilə formalaşmış dini inanclarındakı ehkamlarla uyğunluğu nəzərəçarpacaq dərəcədə aydındır.
Bir az əvvəl Musanın yəhudi deyil misirli olması ilə bağlı irəli sürdüyümüz fərziyyənin yeni müəmmalar doğurduğunu demişdik. Onun etdiklərinin çoxu bir yəhudi olaraq anlaşılandır, ancaq bir misirlinin bu addımları atma səbəbləri anlaşılmaz görünür. Ancaq biz Musanın firon Ehnatonun dövründə yaşadığını ehtimal etsək və onu bu fironla bağlı bir şəxsiyyət kimi götürsək, onda bu yaranan müəmmalar yox olur və Musanın öz davranışlarında əsaslandığı motivlərlə bağlı yaranmış bütün suallarımıza da cavab tapmış oluruq. Gəlin indi də Musanın adlı-sanlı bir soydan və varlı bir misirli, onun doğulması haqqında əfsanədə deyildiyi kimi, fironun ailəsində böyümüş olduğunu fərz edək. Çox iddialı və enerjili bir insan kimi o, sözsüz, özünün böyük qabiliyyəti olduğunu anlayırdı. Ola bilsin, nə vaxtsa dövlətin başında dayanmaq, xalqı idarə etmək də ürəyindən keçirdi. Fironun yaxın ətrafından olduğu üçün o yeni dinin qızğın və inamlı tərəfdarlarından biri idi və bu dinin başlıca ideyalarının yaranmasında onun da düşüncələri və gördüyü işlər mühüm rol oynamışdı. Fironun ölümündən sonra köhnə din tərəfdarlarının yeni dinə qarşı kəskin təzyiqlərinin başlamasını və onun aradan qaldırıldığını görəndə Musa öz ideyalarının və onlarla bağlı ümidlərinin puç olmağa başladığını anlamışdı. O özünün ürəkdən bağlandığı inancından ayrılmaq istəmirdi, doğma ölkəsi Misir isə bu yolda ona ümidverici heç bir şey vəd etmirdi, elə buna görə də Musa öz yurdunu tərk etməyi qərara almışdı. Belə ağır vəziyyətdən çıxmaq üçün Musa qeyri-adi bir yol düşünüb tapmışdı. Xəyalpərəst Ehnaton öz xalqından ayrı düşmüş və Misirin yaratdığı imperiyanı dağıtmaq həddinə gəlmişdi. Enerjisi aşıb-daşan Musa isə yeni bir ideya düşünərək yeni krallıq yaratmaq və bu krallığın xalqına misirlilərin hörmət göstərmək istəmədiyi yeni dini vermək yolunu tutmuşdu. Bu isə öz taleyi ilə barışmamaq, Ehnatonun yıxılması ilə yaranan itkilərinin yerini ikiqat doldurmağa çalışmaq idi.
Onun artıq çoxdan semit oymaqlarının məskunlaşmağa başladığı, Misirin Qəzza ilə sərhədində fironun valisi ola biləcəyini də güman etmək olar. Elə orada da Musa özünün yeni xalqını seçmişdi. Bununla da, ümumdünya tarixində çevriliş yaradan bir qərar vermişdi! Yeni xalqı ilə razılaşan Musa onlara öndərlik etməyə başladı, özünün
“güclü əli ilə” xalqını Misirdən köçürməyi bacardı. Bibliyada yazılanların tam əksinə olaraq, yəhudilərin Misirdən çıxıb getməsinin tamamilə dinc yolla baş verdiyi və onların buna görə izlənilmədiyini mülahizə etmək olar. Bu köçün baş tutmasının başlıca təminatı Musanın böyük nüfuza sahib olması idi və o dövrdə Misirdə anarxiya hökm sürdüyündən mərkəzi hakimiyyətin ona mane olmaq imkanı da yox idi.
Bizim ağlabatan görünən bu mülahizəmizə görə, yəhudilərin Misirdən çıxması firon Ehnatonun ölümündən sonra, bizim e.ə. 1358 və 1350-ci illər arasında sərkərdə
Haremhabın mərkəzi hakimiyyəti möhkəmlədə bilməsindən öncə baş vermişdi. Bu köçün başlıca məqsədi yalnız Kənaan ölkəsini ələ keçirmək ola bilərdi. Misir imperiyasının dağılmasından sonra bu torpaqlara arameylərin qəsbkar yürüşləri başlamışdı, habelə çoxlu quldur və talançı dəstələr bu torpaqları qarət etmək üçün hərəkətə keçmişdilər. Belə bir vəziyyətdə özünə yeni torpaqlar qazanmaq istəyən işgüzar bir xalq üçün bu ölkə çox əlverişli yerə çevrilmişdi. Buraya basqın edən döyüşkən oymaqların kimliyi ilə bağlı 1887-ci ildə Amarnada aparılan qazıntılar zamanı tapılmış bir məktubda məlumat verilir. Məktubda onları habirlər (habiru) adlandırırlar, sonradan bu söz, necəsə, yəhudi basqınçılarına verilən hebrey (hebrəer) adı ilə dəyişdirilmişdir, ancaq belə olan halda bu söz yəhudilərin Kənaan torpağına gəlişindən öncə dağıdılmış Amarna şəhərində yazıya alına bilməzdi. Fələstinin cənubunda yerləşən Kənaan bölgəsində Misiri tərk edən yəhudilərlə çox yaxın qohumluğu olan oymaqlar yaşayırdı və ola bilsin, bu anlaşılmazlığın yaranması onlarla bağlı olmuşdur.
Yəhudilərin Misiri tərketmə motivinin dəqiqliklə aydınlaşması onların arasında sünnət ayininin icra səbəblərini də izah edə bilir. İndi anlamı çox da aydın olmayan bu ayinə insanların, xalqların və ayrı-ayrı şəxslərin necə yanaşdığı bəllidir. Bu ayini bir ənənə olaraq qəbul edənlər sünnət olunmayan adamların qəribə olduqlarını düşünmüş, onlar kimi ola bilməkdən çəkinmiş və sünnət olunmaqları ilə öyünmüşlər.
Nəticə etibarilə, sünnət olunmuşlar özlərinin başqalarından yüksəkdə dayandığını sanmağa başlamış, bu ayini yerinə yetirməyənlərə yuxarıdan aşağı baxmış, onları natəmiz saymışlar. Elə bu gün də, hansısa türk bir xristianı alçaltmaq istəyəndə onu
“sünnət olunmamış köpək” adlandırır. Çox böyük ehtimalla, Musa özü də misirli olduğu və sünnət edildiyi üçün, bu ayinə çox yüksək dəyər vermişdir. O, yurdunu atıb getməklə qoşulduğu yəhudilərə, öz həmvətənləri olmuş misirliləri əvəz edəcək yaxşı insanlar kimi yanaşmağa başlamışdır. Musanın düşüncəsinə görə, onun bu yeni xalqı keçmiş xalqından heç nə ilə geridə qalmırdı. Bibliyada yazıldığı kimi, o bu yeni xalqını özünü tək olan tanrıya həsr edən, onun yolu ilə gedən bir xalqa çevirmək istəyirdi.
Beləliklə də, yəhudilərin təktanrılı dinə gəlməsinin başlıca əlaməti olaraq onları sünnət etməklə misirlilərin səviyyəsinə qaldırmağa çalışırdı. Belə bir ayindən keçən insanlar öz aralarında daha da sıx birləşsələr, başqa yadellilərlə qaynayıb qarışmaqdan, onların içində əriyib itməkdən çəkinsələr, misirlilər kimi yad ölkələrə gedəndə belə, onlarla qaynayıb qarışmasalar, onda bu ayini yalnız alqışlamaq olardı.
Ancaq yəhudilərin sünnət olunmaq ənənəsini sonradan öz adlarına çıxmaq cəhdlərində, bizim yuxarıda dediyimiz şübhəli vəziyyəti aradan qaldırmaq məqsədi gizlənir. Əgər sünnətin misirlilərin adəti olduğu və onun yəhudilərin arasına Musa tərəfindən gətirildiyini qəbul etsək, bu elə Musanın yəhudilərə gətirdiyi dinin də misirlilərin dini olması deməkdir. Bu faktı inkar etmək üçün ciddi əsaslar varsa, onda sünnətlə bağlı mülahizələri təkzib edən faktların da olması vacibdir.
Yuxarıda deyilənlərlə bağlı bir zəruri qeyd: E.ə. 450-ci ildə Misirə gəlmiş
Herodotun yol qeydlərinə baxanda onun burada qarşılaşdığı bir çox adətləri təsvir etdiyi bəlli olur və bu adətlər sonradan yəhudilər arasında formalaşmış adətlərlə təəccüblü dərəcədə oxşardır: “Buranın adamları başqa xalqlarla müqayisədə tanrıdan daha çox çəkinirlər və başqa xalqlardan özünəməxsus adətləri ilə seçilirlər. Onlar yerinə yetirdikləri sünnət ayini ilə özlərinin başqa xalqlara nisbətən təmiz olduqlarını düşünürlər; daha sonra donuz əti yeməkdən çəkinir, bunu şər qüvvə təmsilçisi Cemin qara donuz cildinə girib Günəş tanrısı Qoranı yaralaması ilə əsaslandırırlar; onlar inəklərə bəslədikləri müqəddəslik duyğusuna görə onun ətini yemir, həm də onu qurban olaraq kəsmirlər. Onlar başqa xalqlardan üstün və təmiz olduqlarını düşündükləri üçün heç bir misirli qadın yunanı öpməyi özünə rəva bilmir, yunanların bıçaq, kabab şişi və qazanlarından istifadə etmirlər, bu insanların yediyi öküz əti yunan bıçağı ilə kəsilmişsə, yaxud yunanın qazanında bişmişsə, onlar bu əti yemirlər...
Bir sözlə, onlar başqa xalqlara yuxarıdan aşağı baxır, bu xalqları natəmiz sayır, özlərinin tanrıya hamıdan çox yaxın olduqlarını düşünürlər”.
Belə bir vasvasılığın hinduların içində olduğunu da yada salmaq olar. Çox qəribədir, yəhudi mənşəli şair Henrix Heyne görün XIX yüzillikdə nə yazmışdı: “Nil çayının sahillərindən, misirlilərin xəstəliyə yoluxmuş inanclarından yaranmış bir fəlakət mənim xalqımın dini inancına çevrilmişdir”. Z.Freyd IV
Misirli Musanı firon Ehnatonun dövrü ilə əlaqələndirməyim, onun yəhudi xalqının qayğısına qalması ilə bağlı dediklərim, habelə bütün bunların Misirdə yaranmış siyasi durumdan asılı olduğunu göstərməklə Musanın yəhudilərə verdiyi və ya qəbul etdirdiyi dinin artıq Misirdə süquta uğramış Aton dini olmasını dilə gətirməyim mənə qarşı etirazlar yaradacaq və bunu öncədən duyuram. Bütün bu mülahizələrimi faktiki materiallarla yetərincə əsaslandırmadan irəli sürməklə həddimi aşdığımı da istisna etmirəm. Mən bununla bağlı giriş sözümdə də öz şübhələrimi bildirmişdim və bunu artıq bir dəfə dilə gətirməyim məni mövzu ilə əlaqədar yenidən nəsə deməkdən çəkindirmək üçün yetərli sayıla bilərdi.
Mövzu ilə bağlı ortaya atdığım bir sıra tənqidi qeydlərim bu araşdırmanın davamının mümkünlüyünü göstərir. Başlıca arqumentlərimdən birini, yəhudi təktanrılı dininin Misir tarixində olmuş təktanrılı din epizodundan asılılığını mənə qədər də bir çox müəlliflər sezmiş və bununla bağlı düşüncələrini yazmışlar. Onların heç biri bu təsirin necə yarana biləcəyini yetərincə göstərə bilmədiklərindən, mən bu müəlliflərin mövzu ilə bağlı dediklərini burada təkrarlamağa gərək duymuram. Bizim bu yöndəki araşdırmalarımız hələ də birbaşa Musanın şəxsiyyəti ilə bağlıdırsa, onda burada mümkün ola biləcək başqa variantlara da baxıb onları yoxlamağa borcluyuq.
Aton dininin süquta uğraması heç də Misirdə təktanrılı dinin bütünlüklə aradan qalxması kimi anlaşıla bilməz. Günəş tanrısının şərəfinə tikilmiş On məbədində yaranmış bu inanc dövlət dini olaraq süqut etsə də, bu məbəddəki məktəb Ehnatonun ölümündən sonra da bir müddət duruş gətirməyi bacarmışdı və hələ misirli insanların arasından bir çoxunu özünün ehkamları ilə tərbiyələndirə bilmişdi.
Beləliklə də, əgər Musa Ehnatonun çağında yaşamasa və onun şəxsi təsiri altında olmasa idi belə, onun yalnız elə On məbədinin ardıcıllarından və ya bu məbədin üzvlərindən biri olması da Musanın gördüyünü iddia etdiyimiz işləri bacara bilməsi üçün yetərli olacaqdı. Belə bir varianta arxalanmaqla biz yəhudilərin Misirdən çıxıb getmələrinin tarixçilər tərəfindən qəbul olunmuş e.ə. XIII yüzillikdə baş verməsi tarixini doğrulda da bilərik. Ancaq bu tarixin özü də heç bir əsaslı tarixi sənəd və faktlara əsaslanmır. Belə qəbul etsək, onda Musanın nə üçün Misirdən qaçmasının motivi izah olunmayacaq, habelə yəhudilərin Ehnatonun ölümündən sonra yaranmış anarxiyaya görə ölkədən asanlıqla çıxıb gedə bilmələri faktı da aradan qalxacaqdır.
Bəlli olduğu kimi, Ehnatonun ölümündən bir neçə il sonra onun mənsub olduğu sülalə süquta uğradı və sonradan hakimiyyətə gələn XIX sülalə ölkədə çox güclü bir hakimiyyət yarada bildi. Ona görə də onların güclü hakimiyyəti dövründə yəhudilərin Misirdən çıxıb getmələri mümkünsüz idi, bunun üçün ən əlverişli vaxt firon Ehnatonun ölümündən sonra bir neçə il sürmüş anarxiya dövrü ola bilərdi.
Yəhudilərin dini kitablarından başqa, onların qədim dövrdə yaşamış başçı, ruhani və qəhrəmanları ilə bağlı əfsanə və miflərin toplandığı çoxsaylı, bədii sayıla biləcək kitabları da vardır və bu əsərlərdə xalq özünün böyük şəxsiyyətlərinin adını yüksəltməklə yanaşı, onların gerçək kimliyini dumana da bürümüş olur. Görünür, yəhudi inancının təsbit olunduğu müqəddəs kitabların beşliyinə düşə bilməyən çox gərəkli məlumatların qalıqları da bu əfsanə və miflərə qarışaraq yaşamaqdadır. Belə əfsanələrdən birində Musanın hələ körpə ikən necə iddialı olduğu açıqlanır. Burada deyildiyinə görə, Musa firon ailəsində tərbiyə aldığı vaxtlarda bir gün firon onu qucağına alıb oynatmağa başlamış və Musanı əlləri üstündə başı üzərinə qaldırarkən bu üçyaşlı körpə gözlənilmədən fironun başındakı tacı qapıb öz başına keçirmişdi. Baş verən hadisənin pis yerə yozula bilməsi fironu bərk qorxutmuşdu və o gecikmədən sarayında yaşayan müdriklərdən bu əlamətin necə yozula biləcəyini soruşmuşdu.
Başqa bir əfsanədə Musanın qoşun başçısı olaraq Efiopiyada göstərdiyi igidliklərdən danışılır və onun Misirdən uzaqlaşmasının səbəbi sarayda bir sıra əyanların, ola bilsin, fironun özünün ona qarşı hansısa fitnə törədəcəyindən çəkinməsi ilə izah olunur.
Bibliya və bir sıra digər mənbələrdə Musa ilə bağlı yazılanlar onun xarakterinə çox uyğun gəlir. Bibliyada Musa qisasçı və çox çılğın bir insan kimi xarakterizə olunur, məsələn, burada yazıldığına görə, o, yəhudi qulla kobud davranan nəzarətçiyə bərk acıqlanır və onu vurub öldürür, başqa bir yerdə Sina dağından qayıdarkən xalqın dindən uzaqlaşdığını görüb çox hirslənir və tanrı tərəfindən ona verilmiş qanunların yazıldığı daş lövhələri yerə çırpıb sındırır. Başqa bir mənbədə isə səbəbi sonadək aydın olmayan bir durumda tanrı onu səbirsizliyinə görə cəzalandırır. Belə xasiyyətlər insanlara başucalığı gətirmədiyindən, Musa haqqında deyilən bu məlumatların doğru olması mümkündür. Görünür, yəhudilərin tanrının xarakteri ilə bağlı formalaşmış ilkin baxışlarında onu qısqanc, amansız və rəhmsiz saymalarının da Musa ilə bağlı xatirələrindən doğduğunu zənn etmək olar, axı onları Misirdən çıxaran gözəgörünməz tanrı yox, Musa adlı konkret bir insan olmuşdu.
Musanın xarakterik cəhətləri ilə bağlı verilən bir məlumat bizim diqqətimizi daha çox cəlb edir. Deyilənə görə, Musa “çətinliklə danışırmış”, yəni danışanda kəkələyir, sözlərini çatdırmaqda çətinlik çəkirmiş, elə buna görə də fironla danışığa gedəndə onun sözlərini firona çatdırmaq üçün Musanın qardaşı kimi tanıdılan Araon da onunla birlikdə gedər, Musanın nə demək istədiyini izah edərmiş. Bu fakt, görünür, tarixi bir gerçəklikdən soraq verir və böyük tarixi şəxsiyyətin kimliyini öyrənmək baxımından dəyərli bir məlumat sayılmalıdır. Ancaq bu fakt daha mühüm olan başqa bir dəyərli məqamla da bağlı ola bilər. Məlumat bir az korlanmış təhrif olunsa da, Musanın yadelli olmasını nəzərə çarpdırmaq üçün də deyilə və onun başçılıq etdiyi semit mənşəli yəhudilərlə onların anladığı bir dildə danışa bilməyib dilmancın yardımından yararlandığını göstərmək üçün də ola bilərdi, hər halda yəhudilərə başçılıq etdiyi ilk illərdə Musanın onların dilində danışmağı bacarmadığı ağlabatandır. Bununla da, irəli sürdüyümüz tezisi təsdiq edən daha bir sübut tapılır: Musa misirli idi.
Beləliklə də, indiyədək gördüyümüz işlərin aralıq yekununu çıxara bilərik.
Musanın misirli olması ilə bağlı irəli sürdüyümüz ehtimalın sübut olunubolunmamasından asılı olmayaraq, biz burada dəyərli sayıla biləcək heç bir ümumi nəticəyə gəlib çıxa bilmədik. Bibliyada Musa və onun köməyi ilə yəhudilərin Misirdən çıxması hadisələrini oxuyan istənilən tarixçi onların xeyirxah niyyətlə quraşdırılmış bir əfsanə olduğunu və uzun illərin ənənəsi ilə işlənib cilalandığını deyə bilər. Biz Bibliyadakı bu məlumatların öncə necə səsləndiyini bilmirik; bununla bağlı nəsə öyrənə bilsə idik, bütün bunları etməkdə hansı məqsədin güdüldüyünü anlaya, aşındırılmış mətnlərdə nəyə can atıldığını öyrənə də bilərdik, ancaq əlimizdə heç bir əsaslı tarixi fakt olmadığı üçün bu məsələ qaranlıq qalır. Öz araşdırmalarımızın köməyilə qurduğumuz, hadisələrin gedişatında Bibliyanın bir sıra incilərinə yer qalmadığı da bizi narahat eləmir, məsələn, bizim qurduğumuz sxemdə tanrının misirlilərə göndərdiyi on cəza, dənizin yarılıb Musa ilə yəhudilərə yol verməsi, tanrının Sina dağında Musaya qanunlar yazılmış daş lövhələr verməsi kimi hadisələrə yer yoxdur. Ancaq çağdaş günümüzdə aparılan tarixi araşdırmaların bizim apardığımız araşdırmalarla ziddiyyət yaratdığı məqamlara laqeyd qala da bilmərik.
Ən görkəmli nümayəndəsini Edvard Meyerin şəxsində tanıdığımız bu yeni tarixçilər Bibliyada verilən məlumatların ən vacib yerlərinin təhlilində eyni bir mövqedən çıxış etməyə başlamışlar. Onlar da sonradan İsrail xalqını yaratmış yəhudi qəbiləsinin bəlli bir məqamda yeni bir dini qəbul etdiyini düşünürlər. Ancaq onların düşüncələrinə görə, yəhudilərin bu yeni dini qəbul etməsi nə Misirdə, nə də Sinay yarımadasındakı dağların ətəyində baş vermişdir, bu mühüm hadisə, onların fikrincə, bol sulu və su quyuları ilə zəngin vahələrin olduğu Fələstinin cənubunda, Ərəbistanın şərq sərhədləri ilə Sinay yarımadasının əhatə etdiyi zolaqda, Merebat-Kadeş deyilən məntəqədə baş vermişdir. Onlar burada Yahve adlanan tanrı ilə bağlı inancı qəbul etmişdilər və çox güman ki, bu tanrı buradakı madianların qonşuluğunda yaşayan ərəblərin itaət etdiyi tanrı olmuşdur. Böyük ehtimalla, qonşuluqda yaşayan bütün başqa oymaqlar da bu tanrıya itaət edirdilər.
Heç şübhəsiz, Yahve vulkan tanrısı idi. Bəlli olduğu kimi, istər Misirdə, istərsə də
Sinay yarımadasında vulkanlar yoxdur; bunun əksinə olaraq, Ərəbistanın şərq sərhədləri boyunca tarixən fəaliyyətdə olan çoxlu vulkanlar olmuşdur. Çox güman ki, belə vulkanların olduğu yerlərdən biri də Yahvenin məskəninin yerləşdiyi deyilən Sina-Xereb dağı olmuşdur. Bibliyada bu tanrı haqda ilkin məlumatların sonradan çox güclü dəyişikliklərə uğramasına baxmayaraq, Edvard Meyer bu tanrının qədim dövrlərdə necə təsəvvür olunması ilə bağlı bilikləri müəyyənləşdirə bilmişdir: Yahve amansız və qaniçən bir iblis şəklində, yalnız gecələr gəzib dolaşan, gündüz işığından qaçan mifik varlıq olaraq təsəvvür olunurdu.
Bu qaniçən tanrı ilə xalqın arasında vasitəçilik edən insanın adı isə Musadır. O, madianlı kahin İofarın kürəkənidir və onun qoyun sürüsünü otararkən ilahi bir çağırış eşitmişdi. Kadeşdə o özünün ruhani atası saydığı İofardan da bir sıra təlimatlar alırdı.
Bununla bağlı olaraq, Edvard Meyer yazır: “Şübhəsiz, Misirdən köç etməkdə və misirlilərin tanrı tərəfindən cəzalandırılmasında nə isə tarixi bir gerçəkliyin izləri olmamış deyil”. Ancaq onun öz araşdırmalarında fakt kimi qəbul etdiyi bu hadisələri tarixi hadisələr zəncirinin harasında yerləşdirməyi və necə dəyərləndirməyi müəyyənləşdirə bilməməsi də bir fakt olaraq göz önündədir. O, sünnət ayininin Misirdən götürüldüyünü qəbul etməyə hazırdır və Meyer burada bizim arqumentlərimizi iki mühüm faktla zənginləşdirə də bilir. Birincisi, xalqa sünnət ayinini öyrədən adamın İisus Navin olduğunu aydınlaşdırır və onun bu ayini “öz xalqını misirlilərin istehzasından qurtarmaq üçün etdiyini” deməsi faktının olduğunu da bildirir, sonra isə Herodota əsaslanaraq “Fələstində yaşayan finikiyalıların (çox güman ki, yəhudilər nəzərdə tutulur) və suriyalıların sünnət ayinini misirlilərdən götürdüklərini etiraf etdikləri” faktını açıqlayır. Ancaq Musanın misirli ola bilməsi faktı onu qətiyyən maraqlandırmır. Onun Musa ilə bağlı qənaəti belədir: “Musa bizə
Kadeş kahinlərinin başçısı kimi bəllidir, daha doğrusu, onun obrazı kultla bağlı əfsanədən doğmuşdur və o gerçək tarixi şəxsiyyət deyildir. Bibliyada yazılanları tarixi həqiqət kimi qəbul edənləri çıxsaq, indiyədək onu gerçək tarixi şəxsiyyət sayan insanlardan heç kim onun varlığını doğruldan hansısa bir tarixi faktı ortaya çıxarmamışdır və onun konkret olaraq yaratdığı nəyisə və ya gördüyü hansısa bir tarixi işi göstərə bilməmişdir”.
Bunun əksinə olaraq, Meyer yorulmadan Musanın Kadeş və Madianla əlaqələrindən danışır: “Musa obrazı Madian və səhrada yaşayan xalqların kultu ilə çox sıx şəkildə bağlıdır”; “Musanın obrazı Kadeş deyilən məntəqə ilə (Massa və
Meriva) qırılmaz surətdə bağlıdır. Musanın yəhudiləri Misirdən köçürməsi, onun doğulması və gəncliyi haqqında deyilənlər isə ikinci dərəcəli məsələlərdir və Musanı sonradan bu əfsanələrə qoşmaq istəyinə görə uydurulmuşdur”. Burada o, Musanın gəncliyi ilə bağlı danışılanların sonradan bir daha xatırlanmadığına əsaslanaraq, bu mülahizələrini doğrultmağa çalışır: “Madiana gəlib çıxmış Musa artıq nə misirli, nə də fironun nəvəsi kimi tanınmır, o tanrı Yahvenin özü ilə xalq arasında vasitəçi seçdiyi sadə bir çobandır. Sonrakı Bibliya yazılarında tanrının Musanın vasitəçiliyi ilə Misirdə törətdiyi on fəlakətdən də söz açılmır, onun keçmiş əlaqələri xatırlanmır, Misir fironunun yəhudi uşaqlarını öldürmək üçün verdiyi iddia edilən əmr isə büsbütün yaddan çıxır. Yəhudilərin Misirdən köçü və bununla bağlı misirlilərin cəzalandırılmasında Musa heç bir rol oynamamışdı və elə buna görə də Bibliyanın sonrakı mətnlərində, bir dəfə də olsun, xatırlanmır. Eləcə də Musanın yeniyetmə və gəncliyində çox igid bir insan olması ilə bağlı deyilənlər artıq yaşa dolmuş Musanın xarakterində əsla görünmür; o yalnız tanrı Yahvenin vasitəçisi olan və onun fövqəltəbii güc bağışladığı adam kimi tanıdılır”.
Bütün bu deyilənləri oxuyandan sonra qarşımızda indiyədək tanıdığımız Musadan çox fərqli başqa bir insanın dayandığını görürük. Bizim indiyədək tanımaq istədiyimiz Musa əslən çox qüdrətli bir misirlidir, o xalqa bütün ovsun və caduların ciddi yasaq olunduğu bir dini inanc bəxş edir, burada təsvir olunan ikinci Musa isə Madian torpaqlarında yerləşən Kadeş məntəqəsindəndir və hətta sağlamlıq tanrısı kimi anlaşılan bürünc ilandan büt düzəltməyi də özünə rəva görür. Görünür, bizim misirli Musanın madianlı Musadan fərqi, universal tanrı olan Atonun ilahilik qaynağı olan və dağda məskunlaşan iblis Yahvedən fərqi qədərdir. Beləliklə də, dediyimiz bu yeni tarixçilərin araşdırmalarında gəldikləri nəticələrə azacıq da olsa inanırıqsa, onda
“Musa misirlidir” deyə öz mühakimələrimizdən toxuduğumuz nazik sap ikinci dəfə qırılacaq. Özü də adama elə gəlir ki, bu dəfə qırılan sapı yenidən bərpa etməyə heç bir ümid yeri yoxdur.
Ancaq gözlənilmədən burada da bir çıxış yolu tapıldı. E. Meyer və onun kimi düşünən tarixçilərin təsirilə Musanın Kadeş şəhəri kahinlərinin arasından çıxması ilə bağlı düşüncə getdikcə insanlar arasında öz yerini möhkəmləndirməkdə idi və
Musanın böyüklüyü və ad-sanı da Bibliyada yazılanlarla bağlı dəyərləndirilirdi. Ancaq sonradan, daha doğrusu, 1922-ci ildə E. Zellinin etdiyi bir kəşf bizim qarşıya qoyduğumuz problemin həll olunmasına çox böyük köməklik göstərdi. O öz araşdırmalarında e.ə. VIII yüzillikdə yaşamış peyğəmbər Yeşayanın kitabında din təlimçisi Musanın mənsub olduğu yaramaz və tərs yəhudi xalqı tərəfindən amansızcasına öldürülməsi faktını tapıb ortaya qoydu. Bu kitabda yazıldığına görə, Musanı öldürən yəhudilər bundan sonra onun yaydığı dindən də üz döndərmişdilər.
Ancaq bu məlumatı yalnız Yeşaya vermir, ondan sonra gələn bir çox başqa peyğəmbərlərin kitablarında da eyni şey yazılmışdır və Zellinin gəldiyi nəticəyə görə, sonradan Bibliyada yer almış göydən gələcək hansısa xilaskar (mesiya) ilə bağlı ideyaların yaranmasında bu hadisənin çox güclü təsiri olmuşdur. Yəhudilər Babil əsirliyində ikən onların arasında belə bir ideya sürətlə yayılmağa başlamışdı: bizim utanmazcasına öldürdüyümüz Musa ölülərin arasından dirilib bu dünyaya qayıdacaq və tövbə edən xalqını yenidən köləlikdən xilas edəcək, hətta ola bilsin ki, əbədi firavanlığın hökm sürdüyü bir hakimiyyət də yaradacaq. Bu ideyanın sonrakı din yaradıcılarının taleyi ilə necə uzlaşdığını da biz artıq bilirik.
Sözsüz, Zellinin Yeşaya peyğəmbərin sözlərini nə dərəcədə doğru yozduğu ilə bağlı nəsə demək mənim bacaracağım iş deyil. Ancaq onun gəldiyi nəticə doğrudursa, onda bizə gəlib çatan bu məlumatın həqiqiliyinə inanmağa dəyər, axı belə bir məlumatı uydurmaq heç də asan bir iş deyil. Bu məlumatın sonradan nə üçün Bibliyadan çıxarılmasının səbəbi aydın deyil; əgər bunu etmişlərsə, deməli, bu faktın unudulmasını istəmişlər. Sözsüz, bu məlumatın bütün detallarını da doğru hesab etməməliyik. Zellinin bildirdiyinə görə, böyük ehtimalla, yəhudilər Musanı Şərqi İordan torpağında yerləşən Sixem məntəqəsində öldürmüşlər. Ancaq çox keçmədən onun Musanın öldürüldüyü yeri dəqiqləşdirməsinin bizim mülahizələrimizlə uzlaşmadığını anlayacağıq.
Zellinin dediklərinə əsasən, misirli Musanın onun dininə gəlib sonradan üz çevirən yəhudilər tərəfindən öldürüldüyü ilə bağlı müddəanı qəbul etsək, bizim tutub getdiyimiz sapın qırılmadan davam etməsini, başqa sözlə desək, apardığımız araşdırmanın tarixi gerçəkliklərə uyğun gəldiyini sübut edə bilərik. Ancaq bununla yanaşı, biz “öz yolumuzla davam etməyi”, yəni bu müəllifin dediyindən fərqli olan, öz müstəqil yolumuzla getməyi daha məntiqə uyğun hesab edirik. Beləliklə də, Misirdən köçüb getmək bizim araşdırmamızda başlanğıc nöqtə kimi qalır. Musa ilə Misirdən çıxıb gedənlərin sayının yetərincə çox olduğunu da düşünməyə dəyər; çox iddialı və böyük bir məqsədə doğru yönəlmiş insan azsaylı tərəfdarlarla yola çıxmağı özünə sığışdırmazdı. Böyük ehtimalla, köçmək istəyənlər uzun müddət Misirdə qalıb özlərinə qoşulacaq adamların sayca artmasını da gözləməli olmuşdular. Ancaq başqa bir çox müəlliflər kimi, Misirdə yaşamış yəhudilərin çox az qisminin burada düşdükləri təsirlərə bütünlüklə qapıldıqlarını düşünsək, məncə yanılmarıq. Başqa sözlə desək, Misirdən qayıdan yəhudi oymağı Misirlə Kənaan torpağı arasında yerləşən, burada çoxdan yaşayan başqa yəhudi oymaqları ilə birləşmişdilər. Misirdən köçən yəhudilərlə yerli yəhudilərin birləşmiş və hamılıqla yeni bir dini qəbul edərək izrael (İsrail) xalqını yaratmışdılar. Bu din Yahve adlı tanrıya inam üzərində qurulmuşdu və
E.Meyerin dediyi kimi, bu tanrıya itaəti yəhudilər madianlıların təsiri ilə Kadeş deyilən yerdə qəbul etmişdilər. Beləliklə də, ancaq vahid din ətrafında birləşdikdən sonra qohum oymaqlardan təşkil olunmuş bu xalq özündə Kənaan torpaqlarını tuta biləcək bir güc tapmışdı. Ancaq hadisələrin belə inkişafı Musanın Şərqi İordanda öldürülməsi hadisəsi ilə uzlaşmır, deyilənlərin ağlabatan olması üçün o, yəhudilərin dediyimiz bu birliyinin yaranmasından çox-çox əvvəllər öldürülməli idi.
Şübhəsiz, yəhudi xalqının formalaşmasında çox müxtəlif elementlər iştirak etmişdir, ancaq bu xalqın yaranmasının ilk mərhələsində Misirdən gələn yəhudilərlə yerli oymaqlardan olan yəhudilər arasında böyük fərq olmuş və onların birgə yaşamağa başladıqları gündən bu fərq özünü çox qabarıq şəkildə göstərmişdir. Bu məqamı nəzərə alsaq, yəhudi millətinin iki ayrı icmanın birləşməsindən yarandığını da demək olar və bu faktın doğruluğunu onların qısa müddət ərzində birləşməsindən sonra İzrael və İudeya kimi iki dövlətə ayrılması da konkret olaraq təsdiqləyir. Tarix belə təkrarları sevir, burada yaranmış hansısa birliyin parçalanaraq onu yaradan fərqli hissələrə ayrılması tez-tez baş verən hadisələrdəndir. Bunun ən parlaq nümunələrindən biri Avropada baş vermiş Reformasiyanın Almaniyanı min il ərzində
Romanın tərkibində olan və həmin dövrlərdə öz müstəqilliyini qoruyub saxlaya bilmiş keçmiş hissələrinə ayırması olmuşdu. Yəhudi xalqının arasında baş verən bu ikiyə bölünmə ilə bağlı yeni və köhnə durumun necə olduğunu dəqiqliyi ilə deyə bilmirik; bu dövrlə bağlı məlumatlarımız çox da etibarlı olmadığı üçün dilə gətirə biləcəyimiz belə bir hökmün üstündə inamla və israrla dayana bilmirik: ikiyə bölünmüş ölkənin şimalında lap əvvəllərdən yaşayan oturaq oymaqlar, cənubunda isə Misirdən gəlmiş yəhudi oymaqları toplanmışdılar. Ancaq belə bir ayrılma varsa, deməli, bu, öncədən olmuş hansısa birləşmə ilə bağlı olaraq baş verməlidir. Misirdən köçüb gəlmiş yəhudilər sayca o biri yəhudilərdən az olmalı idilər, ancaq onlar yerli oymaqlarla müqayisədə çox mədəni olduqları üçün, bütün xalqın gələcək inkişafına çox böyük təsir göstərmişdilər, axı onların özləri ilə gətirdiyi bu yenilikçi ənənələr yerli yəhudi oymaqlarında yox idi. Ola bilsin, bu təsirlərin yaranmasında ənənədən başqa da, hansısa vasitələr olmuşdu. Qədim yəhudi tarixində ən qəribə müəmmalardan biri də burada ortaya çıxmış levitlərin mənşəyi ilə bağlı idi. Levitləri İzraelin on iki oymağından biri olan Levilərlə əlaqələndirirlər, ancaq ən qəribəsi, bu oymağın keçmişdə hansı bölgədə yaşadığı və Kənaan torpaqlarının hansı hissəsinin onlara verildiyi ilə bağlı heç bir məlumat yoxdur. Onlar yəhudi dinində çox yüksək ruhani vəzifələri tuturdular, lakin kahin kastasından fərqlənirdilər, yəni levitin ruhani vəzifəsi tutması məcburi deyildi. Buna görə də onların hansısa kasta olduğunu da demək olmaz. Musanın milli kimliyi ilə bağlı irəli sürdüyümüz mülahizə bu məsələyə də aydınlıq gətirə bilər. Çox yüksək rütbəli və adlı-sanlı soydan olan misirli Musa kimi bir adamın özünə yad bir xalqın içinə təkbaşına getdiyini düşünmək doğru olmazdı, lakin onun yəhudilərin arasına xidmətində olan bir bölük insanla gəldiyini deməyin yeri var. Sözsüz, o bu yola çıxarkən ətrafındakı yüksək rütbəli kimsələri, yaymaqda olduğu yeni dinin misirli ardıcıllarından ona yaxın olanları, katiblərini və qulluqçularını da özü ilə aparmalı idi. Bax, elə bu insanlar da sonradan levit adlanmağa başlamışdılar.
Musanın özünün də levit olması ilə bağlı Bibliyada yer almış məlumat açıq-aydın yanlışdır: levitlər Musanın tərəfdarları idilər. Gəldiyimiz bu nəticənin doğruluğunu bundan öncə yazdığım hissədəki faktlar da sübut eləyir: məlum olduğu kimi, levitlərin arasında çox uzun müddət üçün misirli adlarının qoyulması xarakterik olmuşdu.
Musanın yaxın ətrafından olan bu insanların bir çoxunun Musanın öldürülməsindən və onun dininin aradan qaldırılmasından sonra da yaşadıqlarını ehtimal etmək olar.
Onların sonrakı nəsilləri artaraq yavaş-yavaş arasında yaşadıqları xalqla qaynayıb qarışmışlar, ancaq onlar öz öndərinə dönük çıxmamış, onun xatirəsini əziz tutmuş, Musanın dini təliminin ənənələrini qoruyub saxlamış və yaşatmışlar. Xalq tanrı Yahvenin dini ətrafında birləşəndə də, levitlər xalqın içində mədəni səviyyə baxımından ən yüksək təbəqəni təşkil etmişlər.
Bu yerdə əvvəlcədən belə bir ehtimal irəli sürmək istəyirəm: Musanın amansızlıqla öldürülməsindən Kadeşdə Yahve dininin qəbul olunmasınadək iki nəsil dəyişilmişdi, çox güman ki, yüz il keçmişdi. Mən burada Musanın başçılığı ilə Misirdən köçmüş yəhudilərin yerli yəhudilərlə onların Yahve dinini qəbul etdikdən sonra, yoxsa əvvəldən görüşdüklərini müəyyənləşdirəcək bir üsul tapa bilmirəm. Çox böyük ehtimalla, onların görüşü yerli yəhudilərin bu dini qəbul etməsindən əvvəl baş vermişdi. Ancaq yekun nəticəyə gəlmək üçün bunun necə baş verməsi vacib deyil.
Kadeşdə baş verənlər iki inancın qarşılaşıb kompromisə gəlməsi idi və burada, sözsüz, Musanın Misirdən çıxardığı yəhudilər də böyük rol oynamışdılar.
Bütün bunların sübutu kimi yəhudilərin arasında sünnət ayinin icra olunmasını göstərmək olar və bu ayinin qəbul olunması misirlilərin dini qalıqlarının yaşamasını göstərməklə yanaşı, onun vacib mövqelərini hələ də itmədiyinə işarə idi. Bu adət Yahve dininin məcburi ayinləri sırasına yazılmışdı və artıq Musanın adamlarına olan – ola bilsin, levitlərə – bir güzəşt demək idi, bununla da musaçılar üstünlük saydıqları ənənədən əl çəkmək istəmir, öz köhnə dinlərinə bağlılıqlarını saxlamağa çalışırdılar.
Bunun qarşılığında isə yeni dini və onun tanrısını qəbul edir, madianlı kahinlərin bu tanrı ilə bağlı ehkamlarına itaət etməyə razılıq verirdilər. Ola bilsin, burada digər çoxlu qarşılıqlı güzəştlər də olmuşdu. Biz artıq yəhudi ayinlərində tanrının adının birbaşa çəkilməsini yasaqlayan ehkamı xatırlatmışdıq. Bu ehkama görə, ayinlərdə
Yahve əvəzinə Adonay adı işlənməli idi. Ehkamın doğurduğu nəticədən öz araşdırmalarımızda yararlanmaq çox cəlbedici görünür, lakin bunu etmək üçün yetərincə arqument də yoxdur. Bəlli olduğu kimi, tanrının adının çəkilməsini yasaqlamaq çox qədim dövrlərdə bütün dinlərdə olmuşdur. Ancaq bu tabunun nə üçün yəhudi dini ehkamları sırasında yenidən özünü göstərməsi anlaşılmaz görünür; çox güman ki, bunun meydana çıxması hansısa yeni bir motivin yaranması ilə bağlı olmuşdur. Bu qadağanın bütün hallarda yerinə yetirildiyini də demək olmaz; tanrı adı qoşularaq yaradılan adlarda Yahvenin adı açıq şəkildə işlənmişdir (Hehanon, İehovo, İeşua kimi adların Yahve adından törəndiyi açıq-aydındır). Lakin bu adla bağlı məsələ bir az fərqlidir. Məlumdur ki, Bibliya mətnlərinin tənqidi araşdırılması yəhudilərin müqəddəs altılıqda birləşmiş kitablarının iki fərqli qaynağının olduğunu göstərir. Bu qaynaqlar Y və E ilə işarələnirlər, səbəbi isə qaynaqların birində tanrının adının Yahve, o birində isə Elohim kimi göstərilməsidir. Deməli, ehkamlarda Yahveni əvəz edəcək söz olaraq Adonay yox, Elohim təsbit olunmuşdur, lakin elə buradaca bir müəllifin bu sözlərini xatırlamağa dəyər: “İki fərqli adın olması bu dinlərin yaranmasında iki fərqli tanrının olmasını açıq-aydın sübut edən bir əlamətdir”.
Bizim mülahizəmizə görə, sünnətin Yahve dini ayinləri arasına daxil edilməsi Kadeşdəki din yaradıcılığında kompromislərin də yer aldığının göstəricisidir. Bu dövrlə bağlı Bibliya mətnlərinin Y və E işarəli iki qaynaqdan götürülməsini nəzərə alsaq, bu kompromisin izlərini axtarmaq olar. Burada başlıca istiqamət tanrı Yahvenin böyüklük və qüdrətini göstərməyə yönəlmişdir. Musanın adamları yəhudilərin Misirdən çıxarılmasını çox böyük igidlik hesab etdiklərinə görə, hadisənin unudulmaması məqsədilə onu tanrı Yahvenin adına bağladılar və bütün baş verənləri tanrı Yahvenin onları Misir köləliyindən qurtarması, onlara görə misirlilərə on bəla göndərməsi kimi rəngarəng detallarla bəzəməli oldular. Bütün bunların gedişatında Yahvenin gücünün yenilməzliyini gözə çarpdırmaq üçün onun vulkan tanrısı olarkən daşıdığı epitetlərdən də yetərincə yararlandılar: Bibliya bu dövrlə bağlı yer almış gecələr odlu sütunlara çevrilərək göyə ucalan tüstü burumları, güclü tufanlar, bir anın içində dənizin quruyaraq musaçılara yol verməsi, sonra amansız su burulğanlarının yaranıb onları izləyənləri boğub öldürməsi kimi məqamlarda bu, aydın görünür. Misirdən köçməklə dinin əsasının qoyulmasınadək olan zaman intervalı qısaldılır və ilahi qanunlar Kadeşdə deyil, dağın ətəyində, vulkan püskürməsi zamanı verilir. Ancaq hadisələrin bu şəkildə nəql edilməsi Musanın gördüyü işi ədalətsizcəsinə dəyərləndirməkdir, axı necə olsa da, yəhudiləri Misirdən çıxaran vulkan tanrısı Yahve yox, Musa olmuşdu.
Musadan “üzrxahlıq” etmək üçün Bibliyanı yazanlar onu Kadeşə və ya Sinay-Xorebə
“köçürürlər” və burada onu madianlı kahinə çevirirlər. Bir az sonra bu işi görənlərin eyni üsulla ikinci bir təcavüzkar niyyəti doğrultmağa çalışdıqlarını da aydınlaşdıracağıq. Beləliklə də, hadisələrin axarında pozulmuş tarazlıq bərpa edilmiş, Madian dağlarında yerləşən tanrı Yahve Misirə köçürülmüş, Musanın fəaliyyəti isə
Şərqi İordanın Kadeş məntəqəsinə bağlanılmışdı. Bundan əlavə, Musanın şəxsiyyəti çox sonralar yaşamış madianlı İofarın kürəkəni ilə eyniləşdirilmiş və bu kürəkən Musanın adını ondan borc olaraq götürmüşdür. Ancaq misirli Musa bu “ikinci”
Musanın üstünə kölgə saldığından, biz onun haqqında heç bir konkret söz deyə bilmirik. Görünür, elə Musanın şəxsiyyətinin ikinci birisi ilə birləşdirilməsi də onun Bibliyada nəzərə çarpan ziddiyyətli və bir adamda qərarlaşması mümkün olmayan xarakterinin yaranmasına gətirib çıxarmışdır. Burada onu çox vaxt hökmlü, acıqlı, hətta çox amansız birisi kimi təsvir edirlər, lakin ardınca onun insanlar arasında ən nəzakətli və ürəyiyumşaq birisi olduğundan da danışırlar. Öz xalqı ilə çox ağır və keşməkeşli yol keçmiş Musanın belə bir yumşaq təbiətli adam olması inandırıcı deyil və görünür, bu xüsusiyyətlər ona yox, onunla eyniləşdirilən ikinci şəxsə, madianlı kahinə xas olmuşdur. Mənə elə gəlir, süni şəkildə birləşdirilərək bir adama çevrilmiş bu iki şəxsi bir-birindən ayırmaq daha yaxşı olardı və misirli Musanın heç vaxt Kadeşdə olmayıb tanrı Yahvenin adını eşitmədiyini, madianlı Musanın da heç vaxt Misirdə olmayıb tanrı Atonla bağlı heç nə bilmədiyini düşünmək daha düzgün olardı.
Göründüyü kimi, bu iki ayrı-ayrı şəxsiyyəti birləşdirib bir nəfər kimi ortaya çıxarmaq üçün misirli Musanı Madiana gətirmək tələb olunmuşdur və bunun səbəbləri isə araşdırmalarımızın gedişatında aydınlaşır.
VI
Biz İzrael (İsrail) xalqının qədim dövr tarixi ilə bağlı apardığımız yenidənqurmada yersiz özünəarxayınlığa qapılmaqla günaha batdığımızı deyənlərin qınaqlarını ikinci dəfə də eşitməkdən çəkinmirik. Biz özümüz də araşdırmalarımızın gedişatında irəli sürdüyümüz bir sıra ehtimallarda ifrata vardığımızı bilirik, tənqidləri dözümlə qarşılamağa hazırıq. Bu yenidənqurmamızda zəif tərəflərin olduğunu anlayırıq, lakin eyni zamanda onun güclü tərəflərinin olduğunu da yaxşı bilirik. Ümumilikdə isə gəldiyimiz nəticə belədir: başladığımız işin seçdiyimiz yöndə davam etdirilməsinə əmək sərf etməyə dəyər. Bibliyada dəyərli, həm də çox dəyərli məlumatlar var, ancaq bu məlumatlar bir yandan məqsədyönlü təmayüllərin təsirindən, başqa bir yandan da bu mətnlərə poetik təfəkkürlə bəzək-düzək vurulması ucbatından çox korlanmışdır.
İndiyədək apardığımız araşdırmalar bu mətnləri korlayan təmayüllərdən birini aydınlaşdıra bilmişdir. Bu tapıntı bundan sonra tutmalı olduğumuz istiqaməti də göstərir. Buradakı başqa təmayülləri də tapıb üzə çıxarmağa borcluyuq. Bu təmayüllərin korladığı məlumatları müəyyənləşdirməklə biz hadisələrin gerçək axarının necə olduğunu konkretləşdirə bilərik.
Gəlin Bibliyanın tənqidi araşdırma metodlarına arxalanaraq, yəhudi dininin başlıca ehkamlarının toplandığı Altı Müqəddəs Kitabın yaranması ilə bağlı bu mətnlərin bizə hansı məlumatları verə biləcəyini öyrənək (Burada Altı Müqəddəs Kitab dedikdə Musanın adı ilə bağlanan beş kitab və İisus Navvinin adı ilə bağlanan bir kitab anılır və bizi də ən çox bu sonuncu kitab maraqlandırır). Kitabların ən qədim ilkin qaynağı bizim Y kimi simvollaşdırdığımız Yahveist yazılar sayılır və indiki tarixçilər iddia edirlər ki, bu yazıların müəllifi Davudun çağdaşı olmuş Ebcator adlı kahindir. Bir az sonra isə bu yazıların yəhudilərin Şimal krallığında Elohist adlandırdığımız ikinci qaynağı da üzə çıxır. E.ə. 722-ci ildə Şimal krallığı dağılandan sonra adı bəlli olmayan hansısa kahin bu iki qaynağı bir kitabda birləşdirir və buraya özünün də əlavələrini daxil edir. Onun işləyib ortaya çıxardığı variant YE kimi simvollaşdırılır. E.ə. VII yüzillikdə guya məbədi təmir edərkən tapıldığı deyilən beşinci kitabın tam mətni də
İkinci qanun kitablarının sırasına artırılır. E.ə. 586-cı ildə məbədin dağıdılmasından sonra yəhudilər əsir alınır və onlar öz ölkələrinə qayıdandan sonra Müqəddəs kitabların “Kahinlik kodeksi” adı altında yenidən təkmilləşdirilməsi başlanır, daha sonra e.ə. V yüzillikdə Müqəddəs kitablar sonuncu dəfə redaktə olunur. O gündən etibarən bu kitablarda mühüm bir dəyişikliyin baş vermədiyi məlumdur.
İzraelin kralı olmuş Davudun tarixi və onun yaşadığı dövrdə baş vermiş hadisələrlə bağlı məlumatlar, çox güman, o çağda yaşamış biri tərəfindən yazılmışdır.
Bu məlumatlar “tarixin atası” Herodotdan 500 il öncə yazılmış tarixi gerçəklərə əsaslanır. Yəhudilərin inanclarına Misir təsirinin olması ilə bağlı irəli sürdüyümüz ehtimalı əsas götürərək araşdırsaq, əlimizə gəlib çatan bu gerçək tarixi məlumatlar da çox asan qavranıla bilir. Burada, hətta belə bir şübhə də yaranır: deyəsən, ilk yəhudi əlifbasının yaranmasında Musanın yanında olmuş katiblərin də rolu olmuşdur. Çox qədim dövrlərdə baş vermiş hadisələrdən hansılarının daha uzaq keçmişdə, hansılarının isə şifahi olaraq dildən-dilə keçərək sonradan yazıldığını da aydınlaşdırmaq olmur və baş vermiş hadisələrlə onların yazıya alındığı zamanlar arasındakı intervalları müəyyənləşdirmək üçün bizim biliklərimiz yetərli deyil. Ancaq öyrəndiyimiz mətn bu gün qarşımızda dayandığı şəkildə də öz taleyi ilə bağlı başına nələrin gəldiyini heç də pis anlatmır. Ziddiyyətli düşüncələrin birinin o birini istədiyi kimi yozması bu mətnlərin üzərində iz buraxmadan keçməmişdir. Burada hansısa gerçəkliyi yanlışa apararkən bir tərəfdən onu saxtalaşdırmış, korlamış və genişləndirmişlərsə, – bir sıra hallarda isə bu təsirlər mətni daşımalı olduğu anlamın əksi olan bir anlama da gətirib çıxarmışdır – bununla da, bir yandan gerçək mətni özlərinin gizli niyyətlərinə uyğunlaşdırmağa çalışmışlarsa, başqa bir tərəfdən onu öz niyyətləri üçün korlamaq istəyənlərin başının üstünü kəsdirən və gerçək mətnlərə hörmət bəsləməli olduqlarını unutmağa qoymayan, hər şeyi necə varsa, eləcə də saxlamağa yönəltmək istəyən, mətnin içindəki gerçəyin gizli şəkildə olsa belə, saxlanılmasına çalışan bir duyğu öz təsirini göstərmişdir. Bütün bunlar isə gerçəkliyin yerini heç cür doldura bilmədiklərindən, heyrətamiz boşluqların, yersiz təkrarçılığın, açıq-aydın gözə çarpan ziddiyyətlərin yaranmasına gətirib çıxarmışdır və nəticədə, gizlədib üzə çıxarmaq istəmədikləri məqamların bəlli əlamətləri bir şəkildə üzə çıxmağa imkan tapmışdır. Hər hansı mətni bu sayaq korlamağa çalışmaq adam öldürməklə bağlı cinayətə çox bənzəyir. Burada qətli törətməkdən çox onun izlərini ört-basdır eləmək daha çətin olur. Danışıqlarımızda istifadə etdiyimiz “korlamaq”
ifadəsinə ikimənalı bir söz kimi də yanaşmaq olar, bu ikilik onun bu günündə gözə çarpmasa da, keçmişində iddialı olmuşdur. “Korlamaq” təkcə elə mətnin görkəmini dəyişmək demək deyil, həm də gerçək məlumatların təhrif edilməsi deməkdir. Ona görə də biz korlanmış mətni təhlil edərkən onun ortadan qaldırmaq və inkar etmək istədiyi məlumatları bu mətnin başqa bir yerində tapa biləcəyimizə ümid eləməkdə haqlıyıq, adətən, bu təhrif edilmiş məlumatlar öz anlamlarından ayrılır və mətnin başqa yerinə köçürülərək buradakı ümumi anlamla uzlaşmırlar. Onu da etiraf edək ki, bu dediyimiz cəhəti tapıb üzə çıxarmaq həmişə mümkün olmur.
Sözsüz, bizim müəyyən etmək istədiyimiz bu təhrifedici təmayül yazıya alınan mətnin hələ şifahi olaraq yayıldığı dövrlərdə da öz işini görməyə çalışmışdır. Belə təmayüllərdən birini, bəlkə də onlardan ən vacibini artıq aydınlaşdıra bilmişik. Biz Kadeşdə yeni tanrı Yahve ilə bağlı inancın möhkəmlənməsi üçün bu tanrının adsanının ucaldılması ehtiyacının yaranmasından danışmışdıq. Daha dəqiq desək: bu tanrıya vəzifə vermək, onun təsir çevrəsini genişləndirmək, bunun üçün də öncəki inancların izlərini itirmək gərək idi. Yerli oymaqların inancları ilə bağlı olaraq bu iş uğurla yerinə yetirilmişdi, məlum olduğu kimi, Yahve ilə bağlı inancın oturuşmasından sonra biz onların izini ortalıqda tapa bilmirik. Misirdən qayıdıb gələnlərlə bu işi görmək asan deyildi, onlar özlərinin Misirdən köç etmələri ilə bağlı gördükləri işlərin unudulması, Musa adlı başçılarının itirilməsi və sünnət ayininin ləğvi ilə barışmaq istəmirdilər. Beləliklə də, onlar Misirdə yaşamış, sonra oradan çıxıb getmişdilər və yaranmış duruma görə özlərinin hansısa Misir inancının təsiri altına düşdüklərini inkar etməyə məcbur edilmişdilər. Musa ilə bağlı yaranmış problemi yoluna qoymaq üçün onu Madiana gətirib Kadeş şəhərində yerləşdirdilər, bu da onu Yahvenin kahinlərindən birinə çevirməyə imkan vermişdi. Eləcə də Misirdən götürüldüyü açıq-aydın olan sünnət ayinini saxlamağa məcbur olsalar da, onun Misirdən götürüldüyünü inkar edən dəlillər irəli sürmüşdülər. Ancaq bu yaramaz işi görəndə təhrif etdikləri mətni yuxarıda dediyimiz şəkildə “sürüşdürmə və yerdəyişməyə”
məruz qoyduqlarından, Misirdən çıxışla bağlı bölmədə belə bir anlaşılmaz məqamı da gözdən qaçırmışdılar: Misiri tərk etdikdən sonra günlərin birində tanrı Yahve Musanın sünnət olunmadığını öyrənib ona bərk qəzəblənir, buna görə onu öldürmək istəyir, bunu öyrənən Musanın arvadı təcili olaraq ərini sünnət edib onu tanrının qəzəbindən qurtarır. Tezliklə biz başqa bir uyğunsuzluğun da belə bir “ixtira” ilə aradan qaldırılmasına şahid olacağıq.
Bu dediyimiz ixtiranı yenilik saymaq olmaz, bu, sadəcə, artıq başlanmış təmayülün davam etdirilməsi və Yahvenin yəhudilərə yad olan yeni bir tanrı olması ilə bağlı yarana biləcək problemin kökündən həlli ilə bağlı idi. Bunu edə bilmək üçün belə bir yeni əfsanə uydurulub Bibliyaya daxil edilir: sən demə, yəhudi xalqının Avraam, İsaak və İakov adlı ulu babaları olmuş, onlar çox qədim dövrlərdən tanrı Yahveyə itaət və ibadət etmişlər. Bütün bunlar Yahvenin dilindən söylənir və o, yaranmış uyğunsuzluğu aradan qaldırmaq üçün yəhudilərin ulu babalarının ona başqa bir adla sitayiş etdiklərini də deyir.
Ancaq tanrı Yahve bu ulu babaların ona hansı adla sitayiş etdiklərini demək də istəmir. Bax elə bu uydurmanın içində sünnət ayininin Misirdən götürülməsi faktına həlledici zərbə vurub onu “yəhudiləşdirmək” niyyəti gizlənmişdir. Sən demə, Yahve bu ayinin icrasını Avraamdan tələb edibmiş və bunu özü ilə Avaraamın törəmələri arasında ittifaq bağlamaq üçün şərt kimi qoyubmuş. Ancaq bu ixtiranın çox uğursuz alındığı və yaranmış ziddiyyətləri aradan qaldıra bilmədiyi göz önündədir. Burada tanrının seçdiyi insanlar bu statusa yüksəlmək və başqa xalqlara nisbətən üstünlük qazana bilmək üçün gərək bəlli bir əlamətə yiyələnsinlər, ancaq onları başqa xalqlardan seçən bu əlamət tanrı tərəfindən verilmir, onu öz əlləri ilə yaratmalı olurlar. Burada deyilənlər doğru olsa idi, onda Misirə gedib çıxmış yəhudilər oradakı insanların hamılıqla sünnət olunduğunu görüb onların da tanrı Yahvenin dinindən olduğunu düşünməli və onları özlərinə din qardaşı saymalı idilər. Sünnət ayininin misirlilər arasında adi bir şey olduğu Bibliyanı yazan izraellilərə bəlli olmaya bilməzdi.
Bundan başqa da, E.Meyerin İisus Navinin kitabından tapıb üzə çıxardığı faktlar da bunu birbaşa təsdiqləyir, deməli, sünnət ayininin yəhudilərə xas olan ənənə kimi tanıdılması üçün Bibliya tərtibçiləri bütün vasitələrə əl atmağa çalışırdılar.
Dini mifologiya üzrə qurulan mətnlərə tələbkarlıqla yanaşmaq, onlarda hansısa məntiqi əlaqələrin olduğuna diqqət yetirmək inanc baxımından doğru sayılmır. Belə olmasa idi, onda ulu babalarla qarşılıqlı öhdəliklərlə bağlı müttəfiqlik sazişi bağlamış, sonra yüzillər boyunca öz tərəfdaşları olan bu insanları unutmuş, sonunda isə birdən, gözlənilmədən onların törəmələrinə özünün varlığını xatırlatmış tanrının davranışları xalqa qəribə gəlməyə bilməzdi və onlar belə bir unutqan tanrıya mənfi münasibət göstərməli idilər. Burada daha qəribəsi isə, tanrının birdən özü üçün həmişəlik olaraq
“bir xalqı seçməsi və onu özünün xalqı, özünü isə yalnız onun tanrısı elan etməsidir”.
Mənə elə gəlir ki, insanlığın tarixində yaranmış dinlərdən yalnız birində belə bir təsadüf vardır. Adətən, tanrı ilə xalq lap başlanğıcdan bir-biri ilə qırılmaz tellərlə bağlı
, arada bir xalqın özgə bir dinə keçib özünə başqa tanrı seçməsi halları olsa da, tanrının özünə başqa bir xalq seçməsi heç vaxt olmayıb. Ola bilər, biz Musa ilə yəhudi xalqının münasibətlərinin necə yaranmasına baxmaqla dinlərin tarixindəki bu müstəsna hadisənin nədən yarandığını da anlaya bilərik. Axı Musa özünün misirli
“ucalığından” aşağı enib yəhudi xalqı ilə birləşmişdi, habelə yəhudiləri “özünün xalqı olaraq seçmişdi”.
Burada ulu babalara istinad etməkdə daha bir məqsəd güdülürdü. Bibliyaya görə, yəhudilərin ulu babaları olmuş bu adamlar qədim dövrlərdən başlayaraq Kənaan torpaqlarında yaşamışdılar, buradakı yaşayış məntəqələrinin bir çoxu onların adları ilə bağlı xatirələri yaşadırdı. Böyük ehtimalla, onların əksəriyyəti Kənaan torpağı ilə bağlı mifik qəhrəmanlar, ya da dar bir çevrədə tanınmış yerli tanrılar olmuşdular və buraya sonradan gələn izraellilər onları öz keçmiş tarixinə bağlamışdılar. Ulu babaları bildikləri bu adamlara istinad etməklə izraellilər bu yerlərin qədim sahibləri olduğunu gözə çarpdırmağa və üzərlərindən qoyulan özgə torpaqlarını işğal edən yadelli adını silib atmağa çalışmışlar. Məsələnin belə qoyuluşu çox uğurlu alınmışdı: tanrı Yahve haqlı olaraq onlara vaxtilə ulu babalarının olmuş torpaqları qaytarmışdı.
Bibliyanın sonrakı bölmələrində məqsədli şəkildə Kadeşi xatırlamamağa çalışırlar.
Artıq sonrakı mətnlərdə dinin əsasının qoyulduğu yer kimi müqəddəs Sinay-Xoreb dağının adı çəkilir. Bu hadisənin motivi sonadək aydın deyil: ola bilsin, bununla dinin yaranmasına madianlıların göstərdiyi təsiri unutdurmağa çalışmışlar. Ancaq Bibliyanın daha sonrakı təhrifləri, bununla da “Kahinlik kodeksi” adlanan varianta gəlib çıxılması başqa bir məqsədə qulluq edir. Burada uzaq keçmişdə qalmış, Musanın öldürülməsi və onun dinindən uzaqlaşmaqla bağlı dövrün unutdurulmasının yeni variantda işlənilməsi zərurəti özünü göstərmişdir. Baş verən hadisələr çox uzaq keçmişdə qaldığından, bunu mümkün saymışlar. Eyni zamanda tanrı ilə xalq arasında çox sonralar “yaranmış” andlaşma (əhdləşmə) faktlarını da çox qədim dövrlərə bağlamaq, onların da Musanın qanunvericiliyi ilə bağlı olduğunu göstərməklə bu andlaşmalara müqəddəslik və məcburilik donu geyindirmək istəmişlər. Bu üsul bəlli psixoloji məqama əsaslanır, belə bir yolla keçmişin obrazını saxtalaşdırmaq mümkündür. Bu saxtalaşdırmalar uzun bir müddət ərzində – doğrudan da, Misirdən köçməklə
Bibliyanın Ezdre və Neemin tərəfindən sonuncu dəfə redaktə olunması arasında 800
illik zaman kəsiyi dayanır – belə bir faktın yarandığını təsdiqləyir: bu müddətdə tanrı Yahve ilə bağlı inanc çox güclü şəkildə Musanın dini təliminə uyğunlaşmışdır, hətta ola da bilsin, elə onunla tamamilə eyniləşmişdir.
Bu çox vacib nəticə yəhudi dininin tarixi taleyində həlledici rol oynamışdır.
VII
Uzaq keçmişdən qalma bu hadisələri çox sonralar şair, kahin və tarixçilər yenidən araşdırarkən onlardan birinin üstündən susqunluqla keçmişlər, səbəbi isə insana xas olan adi və xeyirxah duyğular olmuşdur. Mən burada böyük öndər və xilaskar Musanın amansızlıqla öldürülməsini nəzərdə tuturam. Bəlli olduğu kimi, bu hadisənin üstündəki qaranlıq pərdəni götürmüş tarixçi Zellin peyğəmbərlərin eyhamlarına arxalanır. Zellinin bu məsələ ilə bağlı dediklərini onun fantaziyasının məhsulu hesab etmək olmaz, onun dedikləri yetərincə ağlabatandır. Görünür, firon Ehnatonun məktəbində dərs almış Musa da fironun yararlandığı metodlarla işləmiş, öz inancını əmrlə, hökmlə, məcburiyyətlə xalqa çatdırmağa çalışmışdır. Ola bilsin, Musanın təlimində qoyulan tələblər Ehnatonun tələblərindən daha da kəskin olmuşdur, axı Ehnaton öz təlimində misirlilər arasında geniş yayılmış Günəş kultuna arxalana bilirdi, ancaq bu kult Musanın yeni xalqı olan yəhudilər üçün yad idi. Görünür, elə öz müəllimi Ehnaton kimi, bütün maarifçi despotların başına gələn faciəvi sonluq Musadan da yan keçməmişdi. Həmçinin elə yəhudi xalqı da Misirdəki XVIII sülalənin fironluğu dövründə yaşayan misirlilər kimi yüksək ilhamdan doğulmuş ruhani dəyərləri qavramaq və onları özünün gündəlik mənəvi tələbatını ödəmək üçün qəbul edəcək bir şüura çata bilməmişdi. Hər iki halda eyni hadisə baş vermişdi: himayə olunan və yeni əmrləri yerinə yetirmək istəməyən xalq qiyam eləyərək güclə yeridilən dinin yükündən azad olmuşdu. Burada yalnız bir fərq vardı, nisbətən mədəni misirlilər onların yoluna çıxmış müqəddəs şəxsi taleyin özünün aradan qaldıracağını gözləyə bilmişdilər, vəhşi semitlər isə taleyin ümidinə buraxmayıb tiran hesab etdikləri Musanı aradan götürmüşdülər.
Bibliya nə qədər təhrif olunsa da, onları oxuduqca Musanın faciəvi bir sonluqla üzləşəcəyi aydın sezilir. Yəhudilərin Misiri tərk etdikdən sonra “səhrada dolandıqları”
dövrlə bağlı yazılarda, hələ çox güman ki, Musanın bu xalqa başçılıq etdiyi vaxtlarda bir-birinin ardınca baş verən qiyamlardan danışılır və bu qiyamların tanrı Yahvenin amansız cəzası ilə yatırıldığı göstərilir. Qiyamların birinin heç də Bibliyanın göstərdiyi kimi, Musanın qələbəsi ilə deyil, ölümü ilə bitdiyini təsəvvür etmək çox da çətin deyil.
Habelə yəhudi xalqının yeni dinə qarşı dönüklüyü də buradakı bir epizodda yetərincə aydın verilmişdir. Bu, qızıl dana ilə bağlı epizoddur və burada Musanın Sinay dağından gətirdiyi üzərinə tanrı qanunları yazılmış daş lövhələrin sınması da simvolik mahiyyət daşımaqla xalqın onun dinindən üz döndərdiyini bildirir (“əlindəki daş lövhələri yerə çırpıb sındırdı”), ancaq baş verənləri az da olsa, yumşaltmaq üçün bu lövhələrin acıqlanıb özündən çıxmış Musa tərəfindən sındırıldığı deyilir.
Musanın öldürülməsindən xeyli sonra kütlə onun qarşısında tövbə etməyə başladı və ona qarşı törədilən amansızlığı unutmaq yolunu tutdu. Çox böyük ehtimalla, bu, Misirdən gəlmə və yerli oymaqların Kadeşdəki görüşünə yaxın dövrdə baş vermişdi. Misirdən çıxışın nəticəsi olaraq bu ərazidə yeni din yaradılmasına gəlib çatanda Musanı yenidən “dirildib” başqasının gördüyü bu işi onun adına yazdılar, bununla da Musanın cazibəsinə düşmüş insanların istəklərini təmin eləməklə yanaşı, onun amansızlıqla öldürülməsi faktını da ört-basdır etdilər. Özlüyündə isə, Musanı öldürməsə idilər belə, o, zaman baxımından Kadeşdə yeni dinin yayılmasınadək yaşaya bilməzdi.
Bu hadisələrin vaxt baxımından necə baş verdiyini aydınlaşdırmağa da borcluyuq.
Biz yəhudilərin Musanın başçılığı ilə Misirdən köçmələrini XVIII sülalənin çökdüyü dövrə (e.ə. 1350-ci il) bağlamışdıq. Bu hadisə yalnız onda, ya da ona yaxın dövrdə baş verə bilərdi, misirli tarixçilərin yazıları da bu dönəmdə ölkədə anarxiyanın hökm sürdüyünü və mərkəzi hakimiyyətin ölkəyə nəzarəti itirdiyini yazır, habelə sonradan sərkərdə Haremhabın firon taxtına çıxıb e.ə 1315-ci ilədək sürən hakimiyyəti dövründə ölkədə çox güclü hökmranlıq yarada bildiyini də yazırlar. Bu deyilənlər irəli sürdüyümüz ehtimalı doğruldur. Sonrakı dövrdən bizə çatan yalnız bir tarixi qaynaq vardır, bu, firon Merneptahın (e.ə. 1225-1215-ci illər) daş üzərində oydurduğu yazıdır, burada o İziraail(izrael) üzərində çaldığı böyük qələbədən və onların əkin yerlərini dağıtmasından danışır. Bu yazıya əsaslanmaq bizi çox şübhəli nəticələrə gətirib çıxara bilər və onun yazıya alındığı çağda artıq izrael xalqının Kənaanda yerləşdiyini düşünmək də yanlışlıq olardı. Bu daş üzərində oyulmuş yazıya əsaslanan E.Meyer, doğru olaraq, Merneptahın indiyədək düşünüldüyü kimi, yəhudilərin Misirdən çıxıb getdikləri vaxtlarda firon ola bilməyəcəyini deyir. Bizcə də, yəhudilərin Misirdən köçünü daha erkən çağlara bağlamaq doğrudur. Həm də bu köçün baş verdiyi dövrdə kimin firon olduğunu araşdırmağı da biz gərəksiz bir iş sayırıq. Böyük ehtimalla, heç belə bir firon olmamışdı da, çünki yəhudilərin köçü bir sülalənin dağılıb o birinin qurulduğu bir vaxtda baş vermişdi. Ancaq Merneptahın tapılmış bu daş lövhəsi Misirdən gəlmiş yəhudilərin yerli oymaqlarla birləşməsi və onların Kadeşdə yeni dini qəbul eləmələrinin nə vaxt baş verdiyini aydınlaşdırmağa yaramır. Beləliklə də, dediyimiz bu hadisələr e.ə. 1350-1215-ci illər arasında baş vermişdir və bizim irəli sürdüyümüz mülahizələr çərçivəsində həmin hadisələr yalnız bu yüzilliklər arasında baş verə bilərdi. Misirdən çıxış birinci tarixə çox yaxın bir dövrdə, Kadeşdəki hadisə isə ikinci tarixdən çox da uzaq olmayan bir vaxtda baş vermişdir. Baxdığımız zaman intervalının böyük bir hissəsini bu iki mühüm hadisə arasında baş vermiş aralıq hadisələrin yaşandığı vaxtlar üçün ehtiyatda saxlayırıq. Misirdən çıxışla Kadeşdə yeni dinin qəbuluna kimi çox böyük bir vaxtın keçməsi bizə lazımdır, belə bir uzun müddət kəsiyi Musanın öldürülməsindən sonra Misirdən qayıdanların ehtiraslarının soyuması, Musanın yaxın adamları olan levitlərin isə xalq arasında daha çox nüfuz qazana bilməsi üçün çox vacibdir, levitlərin belə bir nüfuzu qazana bilmələri isə Kadeşdə musaçılığa göstərilən kompromislərdən görünür. Burada iki nəsil dəyişməsi, yəni altmış ilin keçməsinin yetərli olduğunu düşünə bilərik, ancaq məncə, bu çox dar intervaldır. Merneptahın daş lövhəsindən hansısa yekun nəticə çıxarmaq da hələ tezdir, bizim qurduğumuz mülahizələr sistemində hər bir mülahizə müstəsna şəkildə o birinə əsaslanmaqla qurulub və indi apardığımız diskussiya bizim yenidənqurmamızın zəif cəhətlərini aşkara çıxarır. Lakin təəssüf ki, yəhudi xalqının Kənaan torpaqlarına gəlişi ilə bağlı məlumatlar olduqca qaranlıq və dolaşıq şəkildə gəlib çatmışdır. Yaranmış bu məqamda bizə yalnız o qalır ki, bu daş lövhənin üzərində adı keçən izraelin bizim indiyədək taleyini izləməkdə olduğumuz oymaqlarla birləşməyən, onlardan kənarda qalan başqa bir izrael oymağı olduğunu düşünək. Axı habiru-yevrey (Habirru-Hebrəer) adı bu xalqa yalnız amarna dövründən (təktanrılı dininin yaradıcısı firon Ehnatonun paytaxtı olmuş indi Al-Amarna deyilən ərazi nəzərdə tutulur) sonra verilmişdi.
Ayrı-ayrı oymaqların dini özül üzərində millət şəklində birləşməsi çox asanlıqla ümumdünya tarixində əhəmiyyətsiz və gözə çarpmayan bir fakt kimi qala bilərdi. Yeni dinin yaranması da, bunun kimi, hadisələrin gedişatında görünməz ola bilərdi. Yahve çox da gözə çarpmadan, ədalətin yerini tapması üçün, səssizcə özündən əvvəlki tanrıların yerini tuta bilərdi və onun gəlişinə kimi yəhudilərin bölündüyü on iki oymağın izləri də itib gedərdi. Madianlı Musanın xalqa gətirdiyi dinin tanrısı olan Yahve heç də qeyri-adi bir varlıq deyildi. O, kobud, mənəviyyatsız, amansız, qaniçən bir tanrı idi. Ona itaət edən xalqa “süd ilə bal axan” torpaqlar verəcəyini vəd etmişdi və əvəzində onlardan bu torpaqlarda yaşayan xalqları iti qılıncları ilə kəsib-doğramağı tələb edirdi. Bibliyanın bu qədər redaktə olunmasına baxmayaraq, bu tanrının ilkin mahiyyətindəki yaramazlıqları dəyərləndirə bilmək üçün bu qədər faktın hələ də ortalıqda qalmasının özü də təəccüb doğurur. Onun tanrısı olduğu dinin gerçək bir təktanrılı din olduğu şübhəsizdir və o başqa xalqların tanrılarının ilahi təbiətinə meydan oxuyan, onları alçaldan bir tanrı kimi də tanıdılır. Görünür, öz tapındığı tanrının başqa yad xalqların tanrılarından güclü olması dinin xalq içində möhkəmlənməsi üçün yetərli olur. Yahvenin təsirilə yerli tanrıların hamısı aradan çıxıb getmişdilərsə, bütün bunların yalnız bir səbəbi vardı. Axı misirli Musa yəhudilərə tanrının ilahi təbiəti haqqında büsbütün yeni bir ideya vermişdi, bu ideyaya görə, dünyada yalnız bir tanrı vardı və o da bütün dünyanı əhatə edən, dünyadakılara sevinc gətirmək istəyən və çox qüdrətli olduğundan, heç bir ayinə və sehrbazlığa ehtiyac duymayan bir varlıq olmaqla insanların qarşısına doğruluq və ədalətlilik məqsədini qoymuşdu. Bizim Aton dininin aşıladığı əxlaqi dəyərlərlə bağlı məlumatlarımız olduqca az olsa da, firon Ehnatonun öz yazılarında onun daimi olaraq
“Maatda yaşamasını” (doğruluq və ədalət içində) vurğulamasından bu dinin etik dəyərlərini aydınlaşdırmaq mümkündür. Burada problem böyük zaman intervalında həll olunmamışdı, görünür, çox qısa bir müddətdən sonra xalq Musanın təlimini danmağa başlamış və onun özünü də cismən aradan götürmüşdü. Musanın irsindən isə yalnız ənənə qalmışdı və bu ənənə Musanın özünün də dediyi kimi, yüzilliklərdən sonra tədricən genişlənib yayıla bilmişdi. Musanın yəhudiləri Misir köləliyindən qurtarmaqla bağlı xidmətləri Kadeşdə tanrı Yahvenin adına yazıldı və ona layiq olmadığı bir hörmət göstərildi, lakin o sonradan haqsız olaraq mənimsədiyi hörmətin əvəzini çox ağır bir şəkildə ödəməli olmuşdu. Yerini tutduğu tanrının kölgəsi Yahvenin özündən güclü çıxdı və bu prosesin sonunda o, yalnız adını saxlaya bilərək mahiyyətcə büsbütün Musanın unudulmuş tanrısına çevrildi. Mənə elə gəlir, bu sözlərimə şübhə edən çox az adam tapılar: bütün bunlar yəhudi xalqının taleyin bütün amansız zərbələrinə dözərək bu günə gəlib çıxmasına imkan vermişdir.
Musanın tanrısının Yahve üzərində tam qələbəsində levitlərin hansı rolu oynadığını müəyyən etmək artıq mümkün deyil. Onlar xidmət göstərdikləri Musanın sağlığında da, ölümündən sonra da tərəfini saxlamış, onların yetişdirdiyi sonrakı levitlər nəsli isə Musanın xatirəsini yaşadaraq gələcəyə çatdırmış və göründüyü kimi, Kadeşdə xalq vahid dini qəbul edərkən Musanın tanrısı üçün həlledici güzəştlər də qazana bilmişdilər. O çağlardan başlayaraq levitlər xalq və ya kahinlərlə qaynayıbqarışmışdılar, onların qoşulduğu kahinlərin başlıca işi isə müxtəlif dini ayinləri yerinə yetirmək və onların yaşamasını təmin etmək, həmçinin müqəddəs yazıları qoruyub saxlamaq, zaman-zaman öz şəxsi məqsədləri üçün redaktə etmək olmuşdur. Ancaq burada sual yaranır: doğrudanmı, heç bir qurbanvermə mərasimləri, ovsun və cadugərliklər olmadan, yalnız elə danışıqlar yolu ilə Musanın təlimi yaşaya bilmişdi? Sualın cavabını bizə gəlib çatan bu məlumatlar verir: bir azdan xalqın arasından çıxmış, mənşəcə Musa ilə heç bir doğmalığı olmayan, ancaq onun yaratdığı təlimin ənənələrinə ürəkdən bağlanmış peyğəmbərlər adlanan insanlar meydana çıxmış və Musanın köhnədənqalma təlimini canlandıraraq ona yeni həyat vermişlər. Onlar xalqı ilahiliyin heç bir qurban və ovsun tələb etmədiyinə, yalnız doğruluğa və ədalətə əsaslanan bir inanca yiyələnməyə çağırdığına inandıra bilmişdilər. Peyğəmbərlərin çalışmaları uzaqlara gedib çıxan nəticələr vermişdi; onlar öz təlimlərində köhnədənqalma dini ənənələri dirçəltməklə yanaşı, bütün bu yaradıcılıqları ilə iudaist dininin məzmununu da formalaşdıra bilmişdilər. Belə bir dini inancın yaranması təşəbbüsü böyük bir yadellidən gəlsə də, yəhudi xalqının böyük əksəriyyəti bu ənənələrə bağlanaraq onları qoruyub saxlaya bildi və öz içində bu inancı yetərincə genişləndirib formalaşdıran insanlar yetirməyi bacardı.
Onu da deyim ki, mən öz araşdırmalarımda Musanı misirli sanmayıb, ancaq onun yəhudi xalqı üçün gördüyü işləri doğru-düzgün dəyərləndirməyi bacaran və bu məqamda dedikləri bizim mülahizələrimizlə səsləşən tarixçilərin dediklərinə arxalanmasa idim, baş verən hadisələri bu cür təsvir etməkdə öz dediklərimə yetərincə güvənə də bilməzdim. Məsələn, belə tarixçilərdən biri olan Zellin yazır:
“Beləliklə də, bizim qarşımızda təkcə mənəvi dəyərlərə söykənmiş tanrıya itaət etməyə çağıran Musanın yaratdığı bir din dayanır, bu dini o yaratmış və bu din müəyyən müddət üçün kiçik bir çevrənin arxasınca getdiyi inanc sistemi olmuşdur.
Sözsüz, biz bu cür məlumatların rəsmi dini kultda, kahinlərin formalaşdırdığı dini inancda və xalqın inancında yer alacağını gözləməməliyik. Görünür, burada bizim güvənə biləcəyimiz yalnız bir məsələ ola bilər: Musanın qaladığı ocaq sönməmiş, bir sıra məqamlarda yenidən alovlanaraq mənəvi işıq saçmaqla özünün varlığını göstərə bilmişdir, başqa sözlə desək, onun ideyaları itməmiş, uzun sürən bir səssizlik içində artaraq böyümüş və istər dinə, istərsə də ənənələrə öz təsirini göstərmişdir. Lakin bu ideyaların güclənməsi və geniş xalq kütlələrinə güclü təsir göstərdiyi məqamlar da olmuşdur, bu isə peyğəmbər adlanan xüsusi şəxsiyyətlərin bu ideyalardan ruhlanaraq bu konteksdə qavradığı gerçəkləri yayması ilə bağlı olmuşdur. Görünür, yəhudi dininin qədim tarixinə yalnız bu nöqteyi-nəzərdən baxmaq düzgün sayılmalıdır. Kimsə bu dinin yəhudilərin Kənaan torpağında yerləşməyə başladıqları ilk beş yüz ildə formalaşması ilə bağlı mühakimələr yürütməyə çalışırsa, kobud metodoloji səhv buraxır”. Deyilən bu yanlış yanaşma P.Foltsun araşdırmalarında daha kəskin şəkildə görünür. Onun düşüncəsinə görə, Musa öz dini təlimini əvvəlcədən çox yüksək ideyalar üzərində qurmuşdur və bu ideyalar çox aydın və konkret olsa da, ancaq çox qısa və zəif şəkildə xalqa çatdırılmışdır, sonra isə yüzilliklər boyunca o, getdikcə xalq üçün daha aydın olmuş, daha sonra isə peyğəmbərlərin ayrı-ayrılıqda gördükləri böyük işlər sayəsində bu ideyalar bütün incəlikləri və dərinliyi ilə xalqa çatdırılmışdır.
Beləliklə də, mən görmək istədiyim bu işi sona çatdırmaq üzrəyəm, bu işi görməkdə isə yalnız bir məqsədim var: misirli Musanın obrazını yəhudi tarixinə daxil edə bilmək. Gəlin indi də apardığımız araşdırmaların nəticələrini qısaca sadalamağa çalışaq. Baxdığımız bu tarixi hadisələrdə bir ikilik olduğu aydındır – iki ayrı-ayrı xalq kütləsinin birləşərək millətə çevrilməsi, sonra onların elə birləşdikləri oymaqlar üzrə ayrılaraq iki krallıq yaratması, Bibliyanın ilkin qaynaqlarında tanrının iki adla anılması bu sıradandır – biz bu ikiliyə daha ikisini də artırırıq: birincisi, burada qarşıdurmada olan iki inancın olduğunu, onlardan birincisinin digəri tərəfindən sıxışdırılıb ortadan çıxarıldığını, ən sonda isə birinci inancın digəri üzərində bütünlüklə qələbə çaldığını üzə çıxarırıq, ikincisi isə Musa adlı iki eyni dini təlimçinin olduğunu deyib, onların eyniləşdirilməsi səhvinin aradan qaldırırıq. Habelə bu ikilik buradakı birinciliyin olmasından doğan zəruri nəticələrdir, burada sonradan birləşən iki xalqdan biri, ikinci xalq üçün yad olan keçmiş hadisəyə görə sarsıntılar yaşayır. Bunlardan başqa, araşdırılmalı, aydınlaşdırılmalı və əsaslandırılmalı çoxlu başqa problemlər də vardır.
Belə bir işi görmədən, yalnız gerçək tarixi əks etdirmək məqsədi güdən bu esselərimizə inam yarana bilməz. Gəlib çıxdığımız bu məqamda yeni-yeni suallar da ortaya çıxır: xalqların adət və ənənələrinin başlıca xüsusiyyəti nədir və onun insanlar üzərindəki hökmranlığı nəyə əsaslanır? Nə üçün ayrı-ayrı böyük şəxsiyyətlərin ümumdünya tarixinin gedişatına göstərdikləri şəxsi təsirlərinin inkarı mümkün deyil?
İnsanın davranışlarının səbəblərini yalnız onun maddi tələbatlarını ödəmək istəyi ilə bağlayanda insanın həyatındakı müxtəlifliklərin fonunda hansı yamanlıqlar törəyə bilər? İdeyalar, ən çoxu da dini təlimlərin əsasında dayanan adamları və bütöv xalqları öz itaətinə sala bilən ideyalar, öz güclərini hansı qaynaqlardan götürür?
Bütün bu suallara yəhudi tarixinin misalında cavab axtarmaq çox maraqlı olardı.
Başladığım bu araşdırmanı belə bir yöndə aparmağa çalışsa idim, onda 25 il əvvəl
“Totem və Tabu” əsərimdə apardığım araşdırmalarımın üzərinə qayıtmalı və onları davam etdirməli olardım. Ancaq mən indi çox yaşlı olduğumdan, belə bir işi görməyi bacarmaram.