III. MUSA, ONUN XALQI VƏ TƏKALLAHLI DİN. İKİNCİ BÖLMƏ
Nəticə və təkrarlar
Bu araşdırmanın ikinci bölməsini əvvəlcə geniş bir izahat vermədən və üzrxahlıq etmədən başlamaq istəmirəm. İş burasındadır ki, oxuyacağınız ikinci bölmə, demək olar ki, birinci bölmənin sözbəsöz və dəqiq təkrarıdır, burada bir sıra tənqidə dözümsüz yerlər çıxarılmaqla mətn qısaldılmışsa da, başqa yerlərdə o, yəhudi xalqının məxsusi xarakterinin formalaşması ilə bağlı problemin işıqlandırılması məqsədilə genişlənmişdir. Mən belə yazı tərzinin məqsədəuyğun olmadığını və bədiilikdən uzaq olduğunu bilirəm. Sözün düzü, elə mən özüm də bu tərzi bəyənmirəm.
Elə isə, mən nə üçün bu vəziyyətdən qaçmağa çalışmadım? Bu suala asanlıqla cavab verə bilsəm də, bu işdə öz günahımı boynuma almaq heç də asan deyil. Qısaca desəm, bu araşdırmanın yaranmasının qeyri-adi gedişatından yaranan kələ-kötürləri aradan qaldırmağa gücüm çatmadı.
Bu əsər, faktiki olaraq, iki dəfə yazılmışdır. Onun heç vaxt çap oluna bilməyəcəyini düşünsəm də, əsəri bir neçə il bundan əvvəl Vyanada yazmağa başlamışdım. Mən bu işi yarımçıq saxlamaq istəyirdim, ancaq o, məzarda özünə yer tapa bilməyən gəzərgi bir ruh kimi məni izləyir, əzab verirdi və mən burada belə bir çıxış yolu tapdım: bu əsərdən iki hissəni ayırıb psixoanalitik bilgilər yayan “Imago”
dərgisində çap etdirdim, bunlar “Musa misirlidir” adlı hissədən və onun müddəaları üzərində qurulmuş “Musa misirli olmuşsa” adlı ikinci hissədən ibarət idi. Əsərin qalan hissəsi ittihamedici və qorxulu düşüncələrlə dolu idi, burada mənim yaratdığım psixoanalitik ideyanın təkallahlılığa və ümumiyyətlə, dinə tətbiq olunmasından doğan mülahizələr yer aldığı üçün mən bu hissələri həmişəlik olaraq gizlətməyi, açıbağartmamağı qət etdim. Psixoanalizin prinsiplərinə arxalanaraq, gəldiyim nəticələri üzə çıxararamsa, indiyədək bu təlimə dözümlü yanaşan Avstriya hakimiyyətinin psixoanalizlə bağlı çalışmaları qadağan edəcəyindən qorxmuş və bu addımı atmalı olmuşdum. Qəfildən 1938-ci ilin martında almanlar gözlənilmədən Avstriyanı işğal etdilər və mən öz ölkəmi tərk etməli oldum, bununla da psixoanalizin taleyi ilə bağlı qorxularımdan da qurtuldum. Avstriyadan İngiltərəyə köçdüm və buraya gəldiyim ilk günlərdən başlayaraq gizli saxladığım araşdırmalarımı çap edib yaymaqla bağlı qarşısıalınmaz bir istək məni çulğaladı, beləliklə də, bu əsərin üçüncü hissəsinin üzərində yenidən işləməyə başladım və artıq çap olunmuş ilk iki hissəyə bir sıra əlavələr etdim. Sözsüz, bütün bunlar materialı yenidən formalaşdırmaqla bağlı idi. Ancaq bu dəfə materialın hamısını əvvəlki iki yazının içərisinə sığışdıra bilmədim; digər tərəfdən də, öncə yazdıqlarımın çoxundan əl çəkmək də istəmirdim, buna görə də, araşdırmamın birinci hissəsini dəyişmədən ikinci hissəylə birləşdirdim və elə buna görə də indi dediyim bu geniş təkrarçılıq yarandı.
Yaranmış belə bir vəziyyətə görə özümü bununla ovuduram: mənim müzakirə etdiyim məsələlər yetərincə yeni və əhəmiyyətli olduğundan, bunlarla bağlı sonuncu mülahizələrimin nə dərəcədə inandırıcı olub-olmamağından asılı olmayaraq, oxucunun bu araşdırmadakı eyni mülahizələri iki dəfə oxumasını yersiz saymaq olmaz. Elə şeylər var, onları bir dəfə demək kifayət etmir və bunlar yeni və çox az eşidilən sözlərdirsə, onda bu zərurət daha da güclü olur. Ona görə də, belə hallarda ən yaxşısı, oxucuya bu sözlər üzərində yetərincə çox düşünə bilmək və ya onlara bir də yenidən qayıda bilmək imkanının yaradılmasıdır. Ancaq oxucunun etibarından suiistifadə edib onun üçün aydın olan şeyləri bir kitabda iki dəfə təkrarlamaq da yolverilməzdir. Bu artıq yazarın bacarıqsızlığından yaranan bir vəziyyətdir və bununla bağlı qınaqları da səmimi qəbul etmək lazımdır. Təəssüf ki, müəllifin yaradıcılıq enerjisi həmişə onun iradəsinə tabe olmur; əsər onun imkanları çərçivəsində alınır, lakin burada müəllifin ürəyincə olmayan, ona yad görünən yerlər də olur. a) İsrail xalqı
Özümüzə hesabat verəsi olsaq, gördüyümüz işi belə bir bənzətmə ilə dəyərləndirə bilərik: əlimizdə olan materiallardan işimizə yarayanları götürür, işə yaramayanları isə ələyir, onun müvafiq hissələrini psixoloji baxımdan öz məqsədimizə uyğunlaşdırıb istifadə edirik; əgər bu cür görülən iş həqiqətin üzə çıxacağına qəti zəmanət vermirsə, onda belə bir məntiqli sual yaranır: biz nə üçün bu işi görməyə cəhd edirik? Cavab gördüyümüz işin nəticələrinə əsaslanır. Əgər tarixi-psixoloji araşdırmalara qarşı olan kəskin tələbləri yetərincə yumşaltsaq, onda həmişə diqqət mərkəzində olan və son hadisələrlə bağlı olaraq yenidən tarixçiləri çox maraqlandırmağa başlamış bir problemi həll edə bilmək imkanı yaranır. Bəlli olduğu kimi, Aralıq dənizi hövzəsində yaşayan qədim xalqlardan yalnız yəhudilər öz adlarını və demək olar, mahiyyətlərini bu günədək də qoruyub saxlaya bilmişlər. Bu xalq tarixdə bənzəri olmayan bir bacarıq və inadkarlıqla başına gələn faciələrin və qarşılaşdığı amansız davranışların önündə dayana bilmiş, özünün məxsusi xarakterik cəhətlərini inkişaf etdirib formalaşdırmış və bütün bunlarla yanaşı olaraq, bütün başqa xalqlarda özünə qarşı güclü bir nifrət də yaratmışdır. Yəhudilərə ölməzlik verən bu bacarığı onlar haradan götürürlər və onların xarakteri taleləri ilə necə bağlıdır?
Bütün bunlar haqqında daha çox bilmək çox yaxşı olardı.
Burada yəhudi xalqının xarakterində onun başqa xalqlara münasibətini müəyyənləşdirən bir cəhətə əsaslanmaq doğru olardı. Yəhudilərin özləri haqda çox yüksək fikirdə olmalarına, özlərini çoxlu adətləri ilə fərqləndikləri başqa xalqlardan daha nəcib sayan, yüksəkdə dayanan, üstün saymalarına heç bir şübhə yoxdur. Onları yaşamağa ilhamlandıran xüsusi və çox güclü bir inam var, sanki onları nikbinliyin sarsılmaz bir tərəfinə bağlayan hansısa gizli və dəyərli sərvətləri mövcuddur; inanclı şəxslər bunu tanrıya bəslənən ümidlə əlaqələndirilər.
Bu davranışın səbəbi bizə bəllidir və onların gizli sərvətlərinin nə olduğunu da bilirik. Onlar, doğrudan da özlərinin tanrının seçdiyi bir xalq olduğuna inanırlar, yəhudilərin düşüncəsinə görə, onlar tanrıya başqa xalqlardan daha çox yaxındırlar və bu inam onlarda məğrurluq və özünəinam yaradır. Etibarlı qaynaqların verdiyi məlumata görə, onlar hələ ellinizm dövründə də özlərini bu gün apardıqları kimi göstərmişlər, daha doğrusu, yəhudi elə o vaxtlarda da çox yüksək həyata uyğunlaşa bilmək bacarığı ilə seçilmişdir, habelə onlarla qonşuluqda və birgə yaşayan yunanlar bu yəhudi özünəməxsusluğuna bu gün yəhudilərin üzərində ağalıq edən xalqlar kimi yanaşmışlar. Belə demək olarsa, onlar yəhudilərə münasibətdə, sanki İzrael xalqının iddia etdiyi üstünlüklərin onlarda, doğrudan da olduğuna inanırmış kimi yanaşmışlar.
Birdən kimsə əzazil atanın sevimli övladı olursa, qardaş-bacılarının ona qısqanclıqla yanaşmasına təəccüblənməyə dəyməz, belə bir qısqanclığın nəyə gətirib çıxardığı isə, Yusif və onun qardaşları ilə bağlı yəhudi əfsanəsində çox gözəl şəkildə açıqlanmışdır.
Ümumdünya tarixinin sonrakı gedişatı da yəhudilərin özləri haqqında olan yüksək fikirlərini doğruldur, axı sonradan tanrıya messiya (xilaskar) və insanların günahlarını yuyacaq bir nəfər lazım olanda o, bu adamı da yəhudi xalqının içindən seçmişdi. Onda başqa xalqlar özlərinə belə bir sözü deməkdə haqlı olacaqdılar: onlar tanrının seçdiyi xalq olduqlarını düz deyirmiş. Ancaq hər şey gözlənildiyinin əksinə oldu, insanların günahlarını yumaq üçün qurban verilən İsa Məsihin gəlişindən sonra yəhudilərə qarşı olan nifrət daha da gücləndi və İsa Məsihi messiya kimi tanımayan yəhudilərin bu işdən heç bir qazancı olmasa da, başqa xalqların onlara münasibəti bir az da pisləşdi.
Bundan əvvəl irəli sürdüyümüz mülahizələrə əsaslanaraq, yəhudi xalqının gələcəyi üçün çox vacib olan bu xarakterik cəhəti məhz Musa deyilən adamın formalaşdırdığını söyləyə bilərik. O, yəhudiləri, onların tanrı tərəfindən seçilmiş xalq olduqlarına inandırmaqla onlarda şəxsi ləyaqət duyğusunu gücləndirə bilmişdi, yəhudiləri müqəddəsləşdirib onlara başqa xalqlardan ayrılmağı və onlara qarışmamağı aşılamağı bacarmışdı. Bu heç də başqa xalqlarda şəxsi ləyaqət duyğusunun olmamağı demək deyil. O vaxtlar da, indi olduğu kimi, hər bir millət özünün bütün başqa millətlərdən üstün olduğunu düşünürdü. Ancaq yəhudi xalqının şəxsi ləyaqət duyğusu Musanın köməyi ilə, daha doğrusu, onun təktanrılı dininin vasitəsilə daha da möhkəmləndirilmişdi və şəxsi ləyaqət duyğusu yəhudilərin dini inancının tərkib hissələrindən birinə çevrilmişdi. Tanrı ilə daha sıx bağlı olduqlarından onlar Tanrının böyüklüyündən pay almışdılar. Yəhudiləri seçmiş və onları Misir köləliyindən qurtarmış tanrının arxasında Musanın dayandığını bildiyimiz üçün (burada o, tanrının əmri ilə yəhudiləri Misir zülmündən qurtarır) belə deməyə qərar veririk: yəhudiləri Musa deyilən adam yaratmışdır. Bu xalq ölməzliyinə görə ona borcludur, ancaq indiyədək yəhudi xalqına qarşı olan və bu gün də davam edən başqa xalqların nifrətinə görə də Musa məsuliyyət daşıyır.
b) Böyük insan
Görəsən, tək insan belə bir müstəsna işi necə görə bilir: passiv fərdlərdən və onların çeşidli çoxluqlarından xalq formalaşdırır, onların dayanıqlı xarakterini yaradır və bu xalqın minilliklər boyunca davam edən taleyini müəyyən edir? Belə bir təkliflə çıxış eləmək bizi yaradıcılar və qəhrəmanlar haqqında mifik düşüncə tərzinə qaytarmazmı? Biz bununla ötən çağlarda yalnız ayrı-ayrı şəxslərin, hakimlərin və işğalçı hökmdarların həyatı, fəaliyyəti və taleyindən ibarət olan tarixçiliyə dönmürükmü? Bəlli olduğu kimi, bizim yaşadığımız yeni dövrdə bəşəriyyətin tarixini gözlə görünməyən ümumi və fərdlərdən asılı olmayan faktorlarla bağlayaraq bu proseslərdə qarşısıalınmaz iqtisadi vəziyyətin, qidalanma üsulunda baş verən dəyişikliyin, xammal və əmək alətlərindən yararlanmaqla bağlı tərəqqinin, əhali artımı ilə bağlı yaranan köçlərin və iqlimin təsirinin həlledici rol oynadığını ön plana çəkirlər. Burada ayrıca götürülmüş tarixi şəxsiyyətin görməli olduğu iş yalnız kütləviləşən arzu və məqsədləri möhkəmləndirmək və təmsil etmək olur. Bu tarixi şəxsiyyətlərin ortaya çıxması zərurəti yaranır, eyni zamanda onların yaranması təsadüflərlə bağlı olur.
Tarixi hadisələrə belə bir baxış tamamilə doğrudur, ancaq belə bir yanaşma bizim düşüncəmizi doğuran orqanların işləmə mexanizmi ilə düşüncəmizlə qavramalı olduğumuz dünyanın quruluşu arasında mövcud olan çox mühüm bir ziddiyyəti də bizə xatırlatmış olur. Alışdığımız və yararlanmağa meyilli olduğumuz bütün hadisələrin səbəb-nəticə əlaqələri əsasında baş verməsi ilə bağlı daxili tələbatımızın ödənilməsi üçün istənilən prosesdə yalnız bir inandırıcı səbəbin tapılması yetərli olur.
Ancaq xarici aləmdə işlər heç də bu cür deyil; əksinə, hər bir hadisə, görünür, çox mürəkkəb səbəb-nəticə əlaqələri ilə bağlı olur və onun baş verməsi bir neçə səbəbin bir nöqtədə qovuşması nəticəsində baş verir. Hadisələrin hədsiz genişliyindən qorxuya düşən araşdırmamız burada yalnız başqa qarşılıqlı əlaqələrdən yüksəkdə dayanan birini götürür, ziddiyyətlərin olduğundan danışır, halbuki belə bir ziddiyyət, əslində, yoxdur və onu yaradan da yalnız geniş qarşılıqlı əlaqələrdən ayrılmağa cəhd etməyimizdir. Beləliklə də, bəlli bir hadisə ilə bağlı apardığımız araşdırma burada ayrıca götürülmüş bir fərdin çox böyük təsirinin olduğunu təsdiq edirsə, bu bizi özümüzü qınamağa və bu mühakiməmizin ümumi və fərdlərdən asılı olmayan qanunauyğunluqlarla ziddiyyətə girdiyini düşünməyə sövq etməməlidir. Burada, prinsipcə, hər iki nöqteyi-nəzər yararlıdır və yerinə düşür. Əlbəttə, təktanrılılığın yaranmasından danışarkən biz yuxarıda xatırlatdığımızdan başqa heç bir xarici faktorun təsirini göstərə bilmirik: hadisələrin bu yöndə inkişaf eləməsinin səbəbi Misirin dünya dövlətinə çevrilməyə başlaması və müxtəlif millətlər arasında yaxın əlaqələr qurulması yolu ilə böyük bir imperiya yaratması olmuşdu.
Buna görə də biz hadisələr zəncirinin halqaları və ya səbəblər hörgüsünün arasında “böyük insan” üçün yer də saxlayırıq. Ancaq görünür, buradaca soruşmağın yeridir: biz bu hörmətli insanların adlarını hansı şəraitdə çəkməyə başlayırıq? Necə təəccüblü olsa da, bu suala cavab verməyin çox çətin olduğunu görürük. Belə bir formulun bütün vəziyyətlərdə uğursuz olacağı əvvəlcədən də bəllidir: “böyük insan”
hansısa gözəçarpan yüksək keyfiyyətləri olduğu üçün bizim çox böyük hörmətimizi qazanmış bir şəxsiyyətdir; məsələn, xarici gözəllik, yaxud da fiziki baxımdan çox güclü olmaq necə həsəd doğurucu keyfiyyətlər olsa da, bu keyfiyyətlərə malik kimsə
“böyük insan” adını daşımağa iddialı ola bilməz. Şübhəsiz, kiminsə “böyük insan
“statusunu qazanması üçün onun çox yüksək mənəvi keyfiyyətləri, habelə psixi və intellektual üstünlükləri olmalıdır. Sonuncu dediyimizlə bağlı belə düşünə bilərik: hansısa bəlli bir sahədə qeyri-adi istedadı olan şəxsi böyük insan adlandıra bilərik.
Sözsüz, bu təyinat böyük şahmat ustasına, virtuoz bir musiqiçiyə, yaxud da çox gözəl rəssama və güclü araşdırma mütəxəssisinə aid deyil. Elə isə, biz belə deməkdə haqlı olacağıq: düzdür o, böyük şair, rəssam, riyaziyyatçı və ya fizikdir, çalışdığı sahədə çox böyük yeniliklər yaratmışdır, ancaq bütün bunlara görə ona böyük insan deyə bilmərik. Nə vaxtsa çəkinmədən Höteni, Leonardo da Vinçini, Bethoveni böyük insan adlandırırıqsa, görünür, bu sözü demək üçün onların çox böyük yaradıcılığına vurğunluğumuzdan başqa bir səbəb də olur. Belə nümunələr olmasa idi, onda biz
“böyük insan” statusunu “böyük işlər” görən şəxslər, daha doğrusu, işğalçılar, sərkərdələr, hakimlər üçün qoruyub saxlayardıq və onların gördüyü “böyük işlər”in özlərinin böyüklüyündən qaynaqlandığını qəbul edərdik. Ancaq belə bir yanaşma da, bizim mülahizələrimizi doğrultmur, bunu səbəbi isə olduqca çoxlu ləyaqətsiz adamların öz çağdaşlarına və sonrakı nəsillərə güclü təsir buraxdığını bildiyimiz üçündür. Hətta uğur qazanmağı da böyüklüyün əlaməti saymaq doğru deyil, çünki əksər böyük insanların uğur qazanmaqdan çox, uğursuzluğa düşdüklərini xatırlamaq bunu sübut edir.
Beləliklə də, belə bir nəticəyə yönəlməyə çalışaq: “böyük insan” anlayışının birmənalı tərifini axtarmağın heç bir əsası yoxdur. İnsanın hansısa keyfiyyətinin qeyriadi inkişaf etməsini yüngülbeyinliyə və özbaşınalığa qapılaraq hədsiz dəyərləndirmək “böyüklük” anlayışının mənasına kobud yanaşmaq deməkdir. Bunu da xatırlamağa dəyər ki, bizi böyük hesab edilən insanın mahiyyəti deyil, belə bir sual maraqlandırır: o öz ətrafındakılara nə ilə belə güclü təsir edə bilir? Ancaq belə bir araşdırmanı da biz gərək müəyyən hüdudları gözləməklə aparaq, yoxsa mövzunun genişliyi bizi seçdiyimiz məqsəddən çox uzaqlaşdıra bilər.
Beləliklə də, gəlin böyük insanın öz çağdaşlarına iki yolla təsir etdiyini etiraf edək: bunlar onun müstəsna şəxsiyyəti və doğrultmağa çalışdığı ideyalarıdır. Bu ideyalar kütlənin bağlı olduğu köhnə idealları möhkəmləndirməyə də qulluq edə və ya onlara bağlana biləcəkləri yeni məqsəd və arzuların ünvanını göstərə, ya da hansısa başqa bir üsulla kütlənin vurğunluğunu qazana bilər. Hərdən – bunu birinci təsadüf kimi qeyd etmək yerinə düşərdi – burada böyük insanın yalnız şəxsiyyəti təsiredici olur, onun ideyası çox əhəmiyyətsiz bir rol oynayır. “Böyük insan nə üçün hansısa vacib rol oynamalıdır” sualının cavabı da aydındır. Bildiyimiz kimi, kütlənin həmişə öz üzərində güclü təsiri olan hakimiyyətə tələbatı olur, kütlə – vurğunluqla bağlanacağı, sözsüz boyun əyəcəyi, ona hökm edəcək, yeri gələndə onunla amansız davranacaq bir hakimiyyət həsrətində olur. Fərdi psixologiyanı öyrənəndə kütlənin bu ehtiyacının necə yarandığını da anlamışdıq. Bu duyğu hər bir fərdin yaşa dolandan sonra uşaqlığının bağlı olduğu atasına bəslədiyi həsrətdən qaynaqlanır, bu həm də əfsanə qəhrəmanının üzərində çaldığı qələbə ilə adını ucaltdığı həmən atadır. Bu mülahizələrin köməyilə qarşımızda belə bir işıqlı düşüncəyə yol açılır: böyük insan adlandırdığımız fərdə qazandırdığımız bütün cəhətlər ataya xas olan cəhətlərdir və böyük insanın belə bir gərginliklə axtardığımız mahiyyəti də bu cür uzlaşmadadır.
Böyük insanın ata obrazı ilə uzlaşan cəhətlərindən intellektin qətiyyəti, iradəlilik, görülən işlərin böyüklüyünü göstərmək olar, ancaq bunların hamısından daha çox, böyük insanın müstəqilliyi və azadlığı ata obrazı ilə uzlaşır, bu keyfiyyətlərin yaratdığı soyuqqanlılığın isə amansızlıq səviyyəsinə çata biləcək bir inkişaf xüsusiyyəti var.
Ataya vurğun olmalısan, ona inanmağa borclu, həm də ondan qorxmağa da məcbursan. Kütlə özünün, sözün birbaşa anlamında, atalığa əsaslanan bir hakimiyyətlə idarə olunmasını istəyir, axı uşaqlığımızda atamızdan başqa hansı
“böyük insan” ola bilərdi?
Sözsüz, Musanın şəxsində məhz atanın çox böyük obrazı yoxsul yəhudi kənlilərinin yanına gəlib onları öz sevimli uşaqları olduğuna inandıra bilmişdi. Bundan da artıq sarsıdıcı təəssüratı onlar vahid, əbədi, yenilməz qüdrəti olan bir tanrının olmasından və ən başlıcası, belə bir tanrı üçün özlərinin bir heçlik olmayıb, onun sevimli və seçkin bəndələri olmalarından və bu tanrının onlarla ittifaq bağlayıb, hörmət edəcəkləri təqdirdə daima onlara qayğı göstərəcəyini vəd etməsindən keçirmişdilər. Çox güman, onlar üçün Musanın obrazını onun tanrısının obrazından ayırmaq asan deyildi, onların bunu çox doğru olaraq duyduqlarını da demək olar, çünki doğrudan da Musa öz tanrısından götürdüyü bir çox cəhətləri şəxsi keyfiyyətlərinə çevirmişdi, Musa ilə onun tanrısının bir-birinə oxşarlığı onun təbiətində özünü göstərən qəzəbli və rəhmsiz olmasında daha aydın görünür. Əgər yəhudilər sonradan Musanı öldürmüşdülərsə, bu da ibtidai çağlarda tanrı ilə eyniləşdirilən hökmdarın öldürülməsi demək idi və bunun da kökü daha qədim dövrlərə ulu atanın obrazına gedib çıxırdı.
Beləliklə də, bir tərəfdən böyük insanın obrazı ilahilik səviyyəsinə qədər yüksəlir, digər tərəfdən isə, elə atanın da nə vaxtsa uşaq olduğunu xatırlamağın vaxtı gəlib çatır. Bizim təqdim etdiyimiz variantda Musanın ortaya çıxardığı böyük dini ideya onun özünün şəxsi ideyası deyildi; o bu ideyanı özünün hakimi olmuş firon Ehnatondan götürmüşdü. Böyüklüyü və dini təlimçi olması faktlarla sübuta yetirilən Ehnaton isə, görünür, Yaxın və ya Uzaq Asiyadan, ola bilsin anasından, ola da bilsin başqa bir yolla aldığı impulsla gəlib bu ideyaya çıxa bilmişdi.
Bizim bu hadisələr zəncirinin bütün həlqələrini izləmək imkanımız olmasa da, əgər indicə dediyimiz fikirlərin doğruluğunu qəbul etsək, onda belə çıxır, təktanrılılıq ideyası bumeranqsayağı dolanaraq yenidən çıxdığı yerə qayıdıb gəlmişdir. Görünür, ayrı-ayrı şəxslərin bu yeni ideyanın inkişafındakı rolundan danışmağın da heç bir əhəmiyyəti yoxdur. Onun inkişafında çoxlu insanların iştirak etdiyi və bu ideyaya öz töhfələrini verdikləri aydındır. Ancaq bu hadisələr zəncirinin sonuncu həlqəsi olaraq Musanı götürmək və bundan sonra olanları gözdən qaçırmaq da doğru olmazdı, bu, Musadan sonra təktanrılı din ideyasını yaşatmış və inkişaf etdirmiş yəhudi peyğəmbərlərin əməyini yerə vurmaq demək olardı. Təktanrıçılıq toxumu Misirdə bitmədi. Bu, İzraeldə baş tutdu və xalq onun həyatını ağırlaşdıran həmin çox tələbkar dini onlara öyrətmiş adamı devirib öldürəndən sonra bu ideyanı qəbul etdi. Ancaq yəhudi xalqının arasından fasiləsiz olaraq yeni-yeni insanlar ortaya çıxdılar və hər dəfə də zəifləməkdə olan ənənələri canlandıra bildilər, dini ehkamları və Musanın tələblərini yenilədilər və itirilən keyfiyyətlərin hamısını bərpa edənədək dinclik tapmadılar. Ara vermədən yüz illər boyunca çəkilən əməyin nəticəsində və sonradan aparılan iki islahatın köməyilə Babil əsirliyindən qurtarandan sonra xalqın keçmiş tanrısı olan Yahve Musanın yəhudiləri inanmağa məcbur etdiyi tanrıya çevrilmiş oldu.
Kütlənin spesifik psixi qabiliyyət göstərib yəhudi xalqına çevrildiyini göstərən bu arqument sonradan bu xalqın musaçılıq dininin bütün ağırlığını çiyninə götürən çoxsaylı insanlar yetişdirə bilməsi ilə doğrulur və yəhudilər bütün bunları özlərini tanrının seçdiyi xalq sanaraq alacaqları mükafatlara şirnikərək etmişdilər.
c) Ruhani tərəqqi
Xalqa onun tanrı tərəfindən seçilmiş olduğunu demək ona dayanıqlı psixoloji təsir etmək üçün yetərli deyil. Xalqın belə bir dinə inanması və ondan özü üçün nəticələr çıxarması üçün gərək bu deyilənlər sübut olunsun. musaçılıq dinində belə sübut Misirdən çıxıb gedə bilmək idi; tanrı və ya onun adından danışan Musa yorulmadan tanrının yəhudilərə bu böyük mərhəmətini nümunə göstərirdi. Qədim dövrlərdə ortaya çıxmış Pasxa bayramı da bu hadisənin yaddaşlarda möhkəmlənməsi üçün yaradılmışdı, bir az da dəqiq desək, bununla bağlı olan yaddaşı daha da məzmunlu etmək üçün idi. Ancaq hər halda, bunlar yalnız dumanlı və uzaq keçmişlə bağlı xatirələrdən başqa bir şey deyil. İndiki zamanda tanrının mərhəmətini göstərən əlamətlər olduqca az idi, əksinə, xalqın acı taleyi daha çox onun rəhmsizliyindən soraq verirdi. Primitiv xalqların arasında belə bir adət olmuşdur: əgər onların tanrısı bu xalq üçün qələbəni, xoşbəxtliyi və yaxşı dolanışığı təmin etməzdisə, onlar bu tanrını qovar və hətta cəzalandırardılar. Bütün zamanlarda hökmdarlarla da elə bu tanrılarla olduğu kimi davranmışlar; belə məqamlarda onların eyniləşdirilməsi, daha doğrusu, eyni kökdən qaynaqlanması özünü göstərmişdir. Düzünə qalsa, indi çağdaş xalqlar da torpaqlarının itirilməsinə gətirib çıxaran məğlubiyyətlərə və xalqın dolanışığını dözülməz həddə çatdırdığına görə, öz təmtərağını itirmiş hakimiyyətlərin təmsilçilərini devirib ölkədən qovurlar. Elə isə, nə üçün tanrı onunla nə qədər çox pis davranırsa, İzrael xalqı ona bir o qədər çox itaət göstərir? – bu problemin həllini hələlik bir kənara qoymağa məcburuq.
Ancaq bu sual bizi belə bir araşdırma aparmağa yönəldir: Musanın dini xalqın tanrının seçilmiş xalqı olduğu duyğusundan yaranan şəxsi ləyaqət hissini artırmaqdan başqa, ona ayrı bir şey də verə bilmişdimi? Buradakı ən yaxın faktoru tapmaq çox asandır. Din yəhudilərə tanrı ilə bağlı daha böyük təsəvvürlər verə bilmişdi, qısa desək, onlar bu dinin köməyi ilə daha böyük tanrını tanıya bilmişdilər. Belə bir tanrıya tapınıb onun böyüklüyündən özünə də hansısa payın düşdüyünə inanan insan özünün yüksəldiyini düşünməkdə haqlı idi. Dinə inanmayanlar üçün bu mülahizə asan anlaşılan olmadığı üçün həyatdan nümunə gətirməklə onların işini yüngülləşdirmək olar: tutalım, İngiltərənin təbəəsi olan bir şəxs xalqın qiyam qaldırdığı və çox qorxulu bir vəziyyətin yarandığı hansısa kiçik ölkədədir. Ancaq bu İngiltərəli şəxs yaranmış qorxunc vəziyyətə baxmayaraq özünü çox soyuqqanlı aparır, başından bir tük əskik olarsa, öz ölkəsinin buraya hərbi gəmilərini göndərəcəyinə arxayındır, qiyam qaldırmış bu balaca ölkədə isə, bir dənə də olsun hərbi gəmi yoxdur. Britaniya imperiyasının böyüklüyündən duyulan qürur hər bir ingilisin şüurunda özünün istənilən situasiyada təhlükədən qorunduğu ilə bağlı bir inam yaratmışdır. Görünür, bu fakt tanrının böyüklüyü ilə bağlı analogiya kimi götürülə bilər, tanrının dünyanı idarə etməsində onunla birgə iştiraka iddia etmək ağlasığmaz olduğu üçün burada tanrının böyüklüyündən duyduğun qürur onun səni xalqını seçməsindən duyduğun hislərdən qaynaqlanır.
Musaçılıq dininin ehkamları arasında ona kimi əhəmiyyət verilməyən bir məsələ ilə bağlı çox ciddi bir əmr vardır. Bu əmrə görə, tanrının rəsmini çəkmək qadağan edilir, yəni görülməsi mümkün olmayan tanrıya itaət etmək tələb olunur. Bizim düşüncəmizə görə, Musa burada Aton dininin bəlli qadağalarından daha kəskin bir əmr vermişdir; ola bilər, o öz dini təliminin tələblərinin ardıcıllığını gözlədiyi üçün bu addımı atmışdır, axı onun tanrısının adı və müəyyən görkəmi yox idi, ola da bilər, bütün bunlar cadugərliyin və ovsunçuluğun bu dinə ayaq açmasının qarşısını almaq üçün düşünülmüşdü. Ancaq bu qadağa qəbul olunmuşdusa, onda o, insanların psixikasında çox dərin təsir buraxmalı idi. Axı bu qayda abstrakt təfəkkürü duyğu ilə qavramaqdan üstün tutmaq demək idi, mənəviyyatın hissiyyat üzərində təntənəsi idi, ciddi desək, bu, ehtirasdan onun doğura biləcəyi psixoloji nəticələrlə birlikdə imtina etmək idi.
İlk baxışdan qaranlıq qalan prosesi aydınlaşdırmaq üçün, ən yaxşısı, insan mədəniyyətinin inkişafı ilə bağlı olan buna oxşar başqa prosesləri xatırlamaqdır.
Onlardan ən ilkini, ola bilsin ən mühümü, keçmişin qaranlıqlarının içində sönük bir parıltı kimi gözə dəyir. Onun təəccüblü nəticələri bizi, istər-istəməz, onun varlığını qəbul etməyə sürükləyir. Azyaşlı uşaqlarımızda və yaşlı nevrotik xəstələrimizdə, habelə primitiv xalqlara məxsus olan bir psixi fenomen var, bu fenomeni biz öz araşdırmalarımızda “düşüncənin qüdrətinə inanmaq” deyə ifadə etmişik. Fikrimizcə, burada bizim psixi, baxılan halda isə intellektual fəaliyyətimizin xarici aləmin dəyişdirilməsinə təsirinin şişirdilməsindən söz gedir. Bundan başqa, bizim psixoanalitik texnikamızın əcdadı olan istənilən ovsun bu mülahizəyə əsaslanır.
İstənilən alqış və qarğışlar da buraya aiddir, bu zaman müəyyən biliklərə yiyələnməklə və ya müəyyən adları çəkməklə hadisələr üzərində hökmranlıq inamı yaranır. Bizim ehtimalımıza görə, “düşüncənin qüdrətinə inanmaq” insanın intellektual inkişafını olduqca irəli aparmağa gətirib çıxarmış dilin inkişafı ilə bağlı insanın qürurundan doğmuşdur. Bu yeni mənəvi imperiyanın yaranması demək idi və burada artıq təsəvvürlər, xatirələr və rəylər həlledici psixi fəaliyyət formalarına çevrilmiş, habelə bundan əvvəlki yalnız duyğu orqanları vasitəsi ilə qavramağa əsaslanan daha aşağı səviyyəli psixi fəaliyyətlərlə təzad yaratmağa başlamışdı. Sözsüz, bu hadisə insanın yaranmasında ən vacib mərhələlərdən biri olmuşdur.
Sonrakı dövrdə baş verən başqa bir hadisə bizim üçün daha əhəmiyyətli sayılmalıdır. Bizim açıqlamağa borclu olmadığımız və bir çoxu hələ indiyədək də qaranlıq qalan xarici faktorların təsirilə ictimai həyatda matriarxat sistemin dəyişilməsi hadisəsi baş verdi və bununla əlaqədar olaraq, indiyədək mövcud olan hüquqi münasibətlər sistemində də güclü bir çevriliş oldu. Düşünüldüyünə görə, bu inqilabın əks-sədası Esxilin “Oresteya” dramında da duyulur. Ancaq burada qeyd etmək yerinə düşərdi: ictimai münasibətlərdəki ağırlıq mərkəzinin anadan ataya keçməsi mənəviyyatın hissiyyat üzərində qələbəsi demək idi, başqa sözlə, bu bir mədəni tərəqqi hadisəsi idi, axı analıq duyğu orqanlarının şahidliyi ilə sübut olunurdu, atalıq isə rəylər və fərziyyələr üzrə qurulmuş mülahizələrə əsaslanır. Məntiqi prosesi duyğu ilə qavrama üzərində yüksəltməyə yönəldən bu meyil olduqca böyük nəticələrə gətirib çıxaran bir iş oldu.
Nə vaxtsa bir az öncə xatırlatdığımız iki hadisənin baş verdiyi tarixlərin arasında üçüncü bir hadisə də baş vermişdi, bu hadisə bizim öyrəndiyimiz dini tarixlə araşdırdığımız hadisələrin arasında daha sıx qohumluq əlaqələrini üzə çıxardı. Baş verən bu dəyişikliklərdən sonra insanda “ruhani” təsiri ümumilikdə dəyərləndirə bilmək ehtiyacı yarandı: daha doğrusu, duyğu orqanları ilə müəyyənləşməsi mümkün olmayan, hətta görmə duyğusunun da aşkara çıxara bilmədiyi varlığı şübhə doğurmayan bu keyfiyyətlər, üstəlik hədsiz təsir güclərinin olduğunu da göstərirdilər.
Əgər biz dilin şahidliyinə inansaq, onda ruhaniliyin ilkin obrazının hərəkət edən hava olduğunu deyə bilərik, bəlli olduğu kimi, ruh termini öz adını əsən külək deyimindən almışdır (latınca “animus, spiritus”, ivritcə “ruach” “yel” deməkdir). Beləliklə də, ruh ayrıca götürülmüş hər bir insanın ruhani prinsipi kimi anlaşılırdı. Öz növbəsində təcrübələr nəfəs alan insanın havanı hərəkətə gətirdiyini görür, öləndən sonra isə bu hərəkətin dayandığının şahidi olurdular; eləcə də, indiki təsəvvürlərə görə də, ölən adamın ruhu onun nəfəsi ilə uçub gedir. Ancaq dediyimiz dini inkişafın yaratdığı bu mərhələdə, insan üçün ruh imperiyası yaranmışdı; o artıq özü ruhun varlığını fərz edə bilirdi və bu ruhu özündə və təbiətin bütün başqa predmetlərində də aşkara çıxarırdı.
Bütün dünya ruhla dolmuşdu və yalnız çox sonralar ortaya çıxmış elm təbiətdə və dünyada olan bir çox predmetlərin cansız-ruhsuz olduğunu göstərə bilmişdi, ancaq buna baxmayaraq, bu mühakimənin özü də indiyədək mübahisəli olaraq qalmaqdadır.
Musanın qoyduğu yasağın hesabına tanrı ruhaniliyin daha yüksək pilləsinə qaldırıldı və bununla da, bir az sonra danışacağımız kimi, tanrı haqqında təsəvvürlərin dəyişilməsi üçün yol açmış oldu. Ancaq bundan əvvəl başqa bir nəticəni gözdən keçirməyimiz gərəkdir. Ruhaniliyin belə bir irəliləyişi nəticəsində insanlarda şəxsi ləyaqət duyğusu gücləndi və onlar bununla qürrələnməyə başladılar, axı indi ancaq duyğu orqanlarının köməyi ilə yaşayan insanlardan üstün olduqlarını duymağa başlamışdılar. Bildiyimiz kimi, Musa yəhudilərə seçilmiş xalq olduqlarını aşılamaqla onlarda çox böyük ruh yüksəkliyi formalaşdırmış, bunun üçün o, tanrını qeyrimaddiləşdirməklə xalqın gizli sərvətinə çevrilən bir dəyər yaratmışdı. Beləliklə də, yəhudilər ruhani maraqlara olan meyillərini qoruyub saxladılar, millətin başına gələn bədbəxtçiliklər isə onlara əllərində qalmış yeganə mülkiyyəti – öz əlifbalarını dəyərləndirməyə alışdırdı. Bəlli olduğu kimi, Roma imperatoru Tit Yerusəlimdəki məbədi dağıdandan bir az sonra ravvin İohan ben Sakkay Yamni şəhərində Tövratı öyrədən ilk məktəbi açmaq üçün razılıq ala bilmişdi. Bu andan başlayaraq Tövrat müqəddəs kitaba çevrildi və səpələnmiş xalqı birləşdirmək işinə qulluq edən ruhani mərkəz rolunu oynamağa başladı.
Bu dediklərim hamıya bəllidir və hamılıqla qəbul olunur. Bütün bunlara yalnız bir şeyi əlavə etmək qalır: yəhudilərin mahiyyətini müəyyən edən tipik dəyişikliklər Musanın tanrıya onun görünən obrazı üzrə ibadəti qadağan etməsindən sonra baş verdi.
Sözsüz, yəhudi xalqının iki min ilə yaxın ruhani dəyərlərə əsaslanan inkişaf yolunu tutması onların üstünlüyü sayılmalıdır və bu üstünlük özünün təsirini göstərməyə bilməzdi; bu üstünlük onlara öz cahilliklərini və zorakılığa meyillərini məhdudlaşdırmaqda yardımçı oldu, məlum olduğu kimi, bundan sonra onlarda formalaşan keyfiyyətlər ruhani dəyərlərdən uzaq düşən, fiziki gücə arxalanmağı özünün idealına çevirən xalqların arasında yüksək mövqe tutdu. Bununla da, yəhudilər qədim dövr yunan xalqının çata bildiyi ruhani və fiziki fəaliyyətin harmoniyasından məhrum oldular. Hər halda, onların yaşamında bunlardan hansını seçməklə bağlı fikir ayrılığı yaranan məqamlarda yəhudilər məsələni dəyər verdikləri ruhaniliyin xeyrinə həll etməyə üstünlük verməyə başladılar.
d) Ehtirasdan imtina
Ruhani tərəqqinin, daha doğrusu, idrakın duyğuların fövqünə qalxmasının istər fərdin, istərsə də xalqın özünüdərkini nə üçün gücləndirdiyi özü-özlüyündə aydın deyil və ilk baxışda anlaşılmaz görünür. Güman ki, burada insanın bağlı olduğu müəyyən dəyərlərin miqyasının və ya onun yararlandığı hansısa sahənin genişlənməsi nəzərdə tutulur. Gəlin fərdin psixologiyasında artıq bizim üçün aydın olan bir analogiyaya baxaq.
Əgər bir adamda “O” erotik və ya aqressiv təbiətli ehtiraslara olan tələbi gücləndirirsə, onda burada ən sadə və təbii çıxış yolu düşüncə və fiziki aparatı olan
“MƏN”-in hərəkətə gəlib bu tələbi yerinə yetirməsi olardı. Ehtiras tələbinin bu sayaq yerinə yetirilməsini “MƏN” özü üçün həzz kimi qəbul edir və qəfildən bu tələbi yerinə yetirməzsə onda bu, “MƏN” üçün bir iztirab olacaqdır. Birdən elə hallar da ola bilər ki, “MƏN” xarici faktorları nəzərə alıb ehtirasın ödənilməsindən imtina da edə bilər, burada “MƏN” belə bir ehtirasın gerçəkləşməsinin özünə qarşı çox ciddi təhlükə yaradacağını bildiyi üçün belə davranır. Həzdən belə əl çəkmək, xarici faktorlara görə ehtiraslardan imtina eləmək – biz bunu gerçəkliyin prinsipial tələblərinə itaət etmək adlandırırıq – sözsüz, sevinc gətirən bir əməl sayılmır. Əgər enerjinin başqa işə yönəldilməsi yolu ilə ehtirasın gücünü azaltmaq mümkün olmursa, onda belə bir imtina uzun çəkən xoşagəlməz gərginlik yaradır. Lakin ehtirasdan imtinaya tamam başqa, necə deyərlər, xarici faktorlardan asılı olmayan daxili səbəblər də gətirib çıxara bilər. Fərdi inkişafın gedişatında xarici aləmin çəkindirici güclərinin bir hissəsi daxili aləmə nüfuz edir və “MƏN”-də bir şöbə (instansiya) yaradır, bu şöbə isə müşahidə, tənqid və qadağa yolu ilə “MƏN”-in yerdə qalan şöbələrini müəyyən şeylərdən çəkindirir. Biz bu yeni şöbəni “Üst MƏN” adlandırırıq. Bundan sonra “MƏN” “O”-nun ehtirasların gerçəkləşdirilməsi ilə balı tələblərini yerinə yetirməzdən əvvəl xarici aləmin təhdidlərini nəzərə almaqdan başqa da, “Üst MƏN”-nin etirazları ilə də hesablaşmalı olacaq və beləliklə də, ehtirasların gerçəkləşdirilməməsi üçün bəhanəsi yaranacaq. Ancaq onda ehtiraslardan imtinanın xarakteri də dəyişəcək, indiyədək xarici aləmin təhdidlərinə görə onlardan imtina iztirab doğururdusa, indi “Üst MƏN”in tələblərinin qarşılığında ehtiraslardan imtina psixi təəssüratda tamam başqa bir anlam daşıyacaqdır. “Üst MƏN” burada ehtiraslardan çəkindirdiyi üçün “MƏN”-ə xoşagəlməz duyğular yaşatmaqla yanaşı, ona bunun qarşılığında hansısa, kiçicik də olsa, həzz payı verəcəkdir. Bununla da “MƏN” ehtirasdan imtinaya görə özünü ucalmış sayacaq, bunu dəyərli bir uğur sayaraq bundan qürrələnəcəkdir. Düşünürəm ki, həzzalmanın bu mexanizmini anlaya bilirik. “Üst MƏN” – fərdin ömrünün ilk dövrlərində onun davranışlarına nəzarət etmiş valideynlərin (tərbiyəçilərin) varisidir; o özünə qədər olmuş bu kəslərin fəaliyyətini, demək olar, dəyişilmədən, olduğu kimi davam etdirir. “Üst MƏN” daimi olaraq “MƏN”-i özündən asılı halda saxlayır və ona dayanmadan təzyiq göstərir. Uşaqlıqda olduğu kimi, “MƏN” özünün hakimi saydığı varlığın sevgisini itirməkdən qorxur və onun göstərişlərini özünün azadlığı və xoşbəxtliyi kimi qəbul edir, qınaqlarını isə vicdanın tənbehi kimi anlayır. Əgər “MƏN”
“Üst MƏN”-ə nəyisə qurban vermişsə, bunun əvəzində ondan özünə qarşı çox böyük sevgi gözləyir. Bu sevgiyə haqqı çatdığını anlaması isə onu qürurlandırır. Hələ “Üst
MƏN”-nin bir nüfuz yiyəsi kimi tanınmadığı dövrlərdə, ehtiraslara qapılmaqla sevginin itirilə bilməsi qorxusu olmuşdur. Onda ehtiraslardan imtinanı valideynlərin sevgisini qazanmaq üçün etmişlər, bu isə özünəinam və özündənrazılıq duyğusu yaratmışdır. Narsisizm duyğusundan qürrələnmək də, bu yaxşı sayıla biləcək duyğu da, elə yalnız “MƏN”-in bir hissəsi özü üzərində yüksəlib nüfuz yiyəsinə çevriləndən sonra baş verir.
Görəsən, ehtirasdan imtinanın məmnunluq yaratmaqla izah olunması öyrənmək istədiyimiz problemi anlamağa kömək edirmi, yəni doğrudanmı, özünüdərkin güclənməsi ruhani uğurlardan doğur? Deyəsən, bir o qədər də yox. Vəziyyət bir qədər başqa cürdür. Burada ehtirasdan imtina olunmasından heç bir söz açılmır və sevgisi naminə fədakarlıq edilən ikinci şəxsdən və ya instansiyadan da danışılmır. Buradakı ikinci mühakimənin şübhə doğurduğunu biz tezliklə görəcəyik. Bu məqamda belə demək yerinə düşərdi: məhz böyük insan böyük nüfuz sahibi olduğu üçün bu mərtəbəyə qalxmışdır və ona olan sevgi onun vurğunlarına uğur gətirir, habelə böyük insan ataya bənzədiyinə görə bu cür güclü təsir göstərə bildiyindən kütləvi psixologiyada onun payına “Üst MƏN” rolunu oynamaq düşür. Bu dediklərimiz Musa ilə yəhudi xalqı arasındakı münasibətlərə uyğun gəlir və buradakı prosesin də buna oxşar olduğunu düşünmək olar. Ancaq başqa məqamlarda belə bir analogiya özünü doğrultmur. Ruhani tərəqqinin mahiyyəti birbaşa təsirinə uğradığımız duyğu ilə bağlı olan qavramaya qarşı yüksək intellektual prosesləri qoymaq və üstünlüyü ona verməkdir, daha doğrusu, xatirə, mühakimə və rəylərlə bağlı olan qavramanı daha vacib saymaqdır. Məsələn, analıq birbaşa duyğu orqanlarının vasitəsi ilə yaranır, atalıqda isə belə birbaşa duyğularla bağlı asılılıq yoxdur, ancaq buna baxmayaraq, atalıq bir dəyər kimi analıqdan üstün sayılır. Ona görə də uşağın atasının adı ilə tanınması və onun varisi olması doğru hesab olunur. Yaxud tanrı yel kimi və ya ruh kimi gözəgörünməz olsa da, onun ən böyük və ən qüdrətli olduğuna inanırlar.
Göründüyü kimi, seksual və ya aqressiv ehtirasların cazibəsindən yayınmaq dediyimiz proseslərdən tamamilə fərqlənir. Həm də ruhanilik istiqamətində müəyyən uğurlar qazanılması, məsələn, atalıq hüququnun üstünlüyünün tanınması burada öz nüfuzunun miqyasına görə daha vacib olan başqa bir nüfuz sahibini aşkara çıxarmır.
Bu hadisədə vacib nüfuz sahibinin yerini ata tuta bilməz, axı prosesi yönəltmir, onun özünü də yalnız ruhani tərəqqi nüfuz sahibinə çevirir. Nəticədə, belə bir fenomenlə qarşılaşırıq: bəşəriyyətin inkişafında ruhanilik tədricən hissiyyatlılığa qalib gəlir və insanlar hər belə bir uğura görə qürrələnir və yüksəldiklərini sanırlar. Ancaq bütün baş verənlərin nə üçün məhz belə olduğunu demək olmur. Daha sonra isə belə bir hadisə də baş verir: ruhaniliyin özü inancın tamamən anlaşılmaz bir fenomeninə çevrilir. Burada bəlli: “credo quia absurdum(absurd olduğu üçün də inanıram)”
ehkamından söz gedir, bununla belə, bu sözü deməyə gəlib çıxmış hər bir kəs ruhani baxımdan yüksəlişə çatdığını sanır. Ola bilsin, bütün bu psixoloji proseslər üçün ümumi olan başqa bir şey vardır. Bizim ehtimalımıza görə, insan, sadəcə, ən vacib olanı ən ağır olan kimi elan edir və onun qüruru da elə şüurun bu ağırlığı üstələməsindən yaranan narsisizmdən başqa bir şey deyil.
Sözsüz, bu yozum araşdırdığımız problemə çox səthi yanaşır və belə bir yozumun, ümumiyyətlə, yəhudi xalqının xarakterini aydınlaşdırmaq problemi ilə əlaqəsi olmadığını da düşünmək olardı. Belə bir bu yozum, sadəcə, bu məqamda bizim üçün münasib göründüyündən biz də ondan yararlandıq, ancaq sonradan qarşılaşacağımız bir fakt bu yozumun da bizim problemlə az-çox bağlılığının olduğunu göstərəcək.
Tanrının təsvir olunmasını qadağan edən din yüzilliklər boyu getdikcə daha çox ehtiraslardan imtina dininə çevrilir. Bu din seksdən çəkindirici tələblər qoymur, yalnız seksual azadlıqları məhdudlaşdırmaqla kifayətlənir. Ancaq tanrı seksuallıqdan bütünlüklə arınır və bitkin bir etik ideal səviyyəsinə qaldırılır. Etika da elə ehtirasların məhdudlaşdırılması deməkdir. Peyğəmbərlər, gecə-gündüz yorulmadan xalqı tanrının dediyi yolu tutmağa çağırırdılar, onların sözlərinə görə, tanrı onlardan doğrucul və xeyirxah bir ömür sürməkdən başqa heç nə tələb etmir, daha doğrusu, onlardan elə çağdaş etikanın da qınadığı, yaramazlıq saydığı ehtiraslara qapılıb alçalmamağı tələb edir. Dərindən baxanda bu dində qoyulan tələblərin yerinə yetirilməsinə tanrıya inanmağın özündən daha ciddi yanaşılır. Beləliklə də, ehtiraslardan imtina dinin özü ilə bərabər yaranmasa da, onun inkişafında çox mühüm bir rol oynayır.
Ancaq elə buradaca yaranmış anlaşılmazlıqları aradan qaldırmaq üçün etirazlar üzə çıxır. Qəfildən ehtiraslardan imtina və ona əsaslanan etikanın mahiyyətcə dinlə bağlı olduğu düşünülsə belə, onlar genetik (mənşə) baxımdan bir-biri ilə çox sıx bağlıdırlar. Dinin bizə bəlli olan ilk forması totemizm də yaranışından başlayaraq özü ilə bir sıra dəyişilməz əmr və qadağalar gətirir, bunlar isə ehtiraslardan imtina olunmasından başqa bir şey deyil, misal olaraq, totemə böyük hörmətlə yanaşmağı, ona ziyan vurmamaq və öldürməmək kimi qadağaları göstərmək olar; habelə ekzoqamiyanın təsbit olunması, adamlara öz ana və bacıları ilə seksual əlaqələrə girməyin qadağan olunması da bu sıradandır; eləcə də, qardaşlıq ittifaqına daxil olanların hamısına eyni hüquqların tanınması, daha doğrusu, onlar arasında amansız çəkişmələrin məhdudlaşdırılması da bu sıradandır. Bu qaydalarda biz ilkin mənəvi və ictimai nizamın yaradılmasını görürük. Burada iki motivin təsir göstərdiyini də nəzərə almalıyıq. İlkin iki qadağa öldürülmüş atanın ruhuna uyğundur, onun iradəsinin davamı kimi görünür; üçüncü qadağa – atanın iradəsinə boyun əyməkdən imtina etmiş qardaşlara eyni hüquqların verilməsi – atanın aradan götürülməsindən sonra yeni yaranmış nizamın uzun müddət saxlanmasına əsaslanır. Əks halda yenidən köhnə nizama qayıtmaq qaçılmaz olardı. Baxdığımız bu situasiyada ictimai qadağalar birbaşa dini münasibətlərdən asılı olmayan başqa tələblərdən yaranmış olur.
Ayrıca götürülmüş bir insanın inkişafında baxdığımız bu yolun bütün mərhələləri qısa şəkildə təkrar olunur. Burada məhz valideynlərin nüfuzu, mahiyyətcə – atanın məhdudiyyət tanımayan və əlində cəza sistemi olan hakimiyyəti uşağı ehtiraslardan imtinaya yönəldir və atasının əmrlərinə uyğun olaraq onun üçün nəyi etmək, nəyi etməmək müəyyən olunur. Onun ailədən bütünlüklə asılı olduğu uşaq yaşlarında
“tərbiyəlilik” və “yaramazlıq” kimi dəyərləndirilən keyfiyyətlər sonradan valideynlərin yerini cəmiyyət və “Üst MƏN” tutanda “yaxşılıq” və “yamanlıq”, ya da “xeyirxahlıq”
və “bədniyyətlilik” kimi dəyərləndirilir və elə bu da atanın yerini tutan başqa bir nüfuz sahibinin təzyiqi ilə ehtiraslardan imtina deməkdir.
Biz indi diqqətəlayiq olan “müqəddəslik” anlayışını araşdırmağa başlasaq, onda bu ideyalar bir az da dərinləşəcəkdir. “Müqəddəslik” deyilən anlayışın bizim başqa yüksək dəyərləndirdiyimiz, çox qiymətli və vacib saydığımız şeylərdən fərqi nədir? Bir tərəfdən müqəddəsliyin dinlə bağlı olduğu şübhəsizdir, din israrla ondan danışmaqdan yorulmur; dini olan nə varsa, hamısı müqəddəs sayılır və müqəddəsliyin nüvəsində din dayanır. Ancaq başqa bir tərəfdən də, bizim bu rəyimizə mane olan mühakimələr də var və onlar dinlə bağlılığı olmayan, ya da çox zəif bağlanan müxtəlif predmet, şəxs, ictimai quruluş və peşələrdə də bu keyfiyyətin olduğunu deməklə çaşqınlıq yaradırlar. Bu çalışmalar bəlli təmayüllərə xidmət edir.
Belə ziddiyyətləri aradan qaldırmaq üçün biz burada müqəddəsliklə çox sıx bağlılığı olan qadağaların xüsusiyyətindən yararlanmağa çalışacağıq. Bəlli olduğu kimi, müqəddəs toxunulması qadağan olan bir məfhumdur. Həm də bu qadağanın rasional baxımdan heç bir əsası yoxdur, o yalnız duyğuların coşdurulması yolu ilə gücləndirilmişdir. Misal üçün, nəyə görə qızı və ya bacısı ilə cinsi əlaqədə olmaq ən ağır cinayət və iyrənclik sayılır, ancaq yad birisi ilə cinsi əlaqəyə təbii yanaşılır? Bu suala əsaslandırılmış cavab belə səslənir: bizim duyğularımız bacı və qızlarımızla belə əlaqələrin olmasına qarşıdır. Ancaq burada qadağanın özü-özlüyündə ağlabatan olduğu deyilir və belə çıxır, onu əsaslandırmağa gərək yoxdur. Belə bir izahın yararsızlığını aydınlaşdırmaq çox asandır. Bizim ən müqəddəs duyğularımızı təhqir etdiyini dediyimiz bu insest hadisəsi (ana, qız və ya bacı ilə cinsi əlaqədə olmaq) –
Qədim Misirdə və başqa qədim xalqlarında yüksək təbəqədən olan ailələr üçün hamılıqla qəbul olunmuş bir adət, belə demək olarsa, müqəddəs bir vərdiş idi. Bəlli olduğu kimi, öz bacısına evlənən firon onu ən birinci və ən üstün arvadı sayırdı, hətta Misirin yunan köklü sonuncu Ptolemeylər sülaləsinin fironları da bu adəti davam etdirmişdilər. Göründüyü kimi, buradakı düşüncələrə görə, insest – baxdığımız halda qardaşla bacı arasında – sadə insanlara nəsib olmayan, ancaq yüksək təbəqəyə aid bir üstünlük sayılırdı, elə qədim yunan və german əfsanələrində də tanrıların və onların yerdəki əvəzediciləri kimi tanıdılan hökmdarların insestə uymaları ilə bağlı hadisələrin izləri bütün aydınlığı ilə görünməkdədir. Çox böyük ehtimalla, özlərinin uzaq keçmişindən bu günə gəlib çatan və adlı-sanlı köklərini itirməkdən qorxan bugünkü aristokratiya da insestlə bağlı əlaqələrdən törəmişdir. Əksər Avropa ölkələrində özlərinin aristokrat soyunu qoruyub saxlaya bilmək üçün yalnız ən yaxın qohumlarla evlənməyə üstünlük verilməsi bu gün belə ölkələrin bir və ya iki ailə tərəfindən idarə olunmasına gətirib çıxarmışdır.
Tanrı, hökmdar, qəhrəmanların insestə yol vermələri ilə bağlı biliklər bu hadisənin bioloji baxımdan qorxunc olduğu və yaxın qan qohumluğunun doğulan uşaqlar üçün ziyanlı nəticələr verəcəyi ilə bağlı dumanlı baxışları aradan qaldırmağa kömək edə bilər. Müasir dövrdə yaxın qohumların evliliyindən şikəst uşaqların doğulması yetərincə sübut olunmamış şübhəli bir arqumentdir, ancaq bundan da şübhəlisi guya ibtidai insanların bunu bildikləri üçün yaxın qohumlarla evlənməmələrini düşünməkdir. Burada müəyyən qohumluq dərəcələrinə görə evliliyə yol verilməməsi də insestə qarşı belə bir “təbii duyğunun” olması ilə bağlı deyilənləri doğrultmur və insestə belə bir qorxu ilə yanaşmanı izah edə bilmir.
Bizim irəli sürdüyümüz, insanların tarixdən öncəki həyatı ilə bağlı sxem isə bütün bunlara başqa bir izah verir. Öz qohumları ilə nikaha qoyulan qadağa –ekzoqamiya tarixdən öncəki dövrdə oymaqdakı bütün qadınların sahibi olan atanın hökmü ilə baş verirdi və elə bu da insestlə bağlı qorxu duyğusunu formalaşdırmışdır və atanın aradan götürülməsindən sonra da davam edib sonrakı dövrlərə ötürülmüşdür. Onun emosional gücünü yaradan bu qüvvə olmuşdur və heç bir rasional izahla bu hadisəyə müqəddəslik qazandırmaq mümkün deyil. Bizim möhkəm inamımıza görə, müqəddəsliklə bağlı olan nə varsa, hamısının araşdırılması insestlə bağlı araşdırmamızın nəticəsinə gətirib çıxaracaqdır və bu nəticə belədir: ilkin müqəddəslik
– ulu atanın iradəsinin yerinə yetirilməsinin davamından başqa bir şey deyil. Bununla da müqəddəslik anlayışının iki anlamlı bir söz olması bəlli olur. Bu isə bir az əvvəl dediyimiz, ataya bəslənən münasibətlərin ikimənalılığından doğmuşdur.
“Müqəddəslik” anlamında işlənən “sacer” sözü təkcə “müqəddəs” və
“müqəddəsləşmiş” anlamlarını vermir, yeri gələndə, bu sözdən “lənət”, “qarğış” və
“iyrənc” kimi anlamlar da doğula bilər (misal üçün, latıncada: “qızıla olan lənətə gəlmiş acgözlük” belə deyilir: “auiri sacra fames”). Atanın iradəsi ancaq nəyəsə toxunmağın yolverilməzliyi və başqa bir məfhuma böyük hörmət bəsləməyi hökm etməklə qurtarmırdı, o həm də ehtiraslardan imtina etməməklə bağlı qorxunc cəzalar verəcəyi ilə təhdid edirdi. Bu düşüncələrə əsaslananda Musanın öz xalqını
“müqəddəsləşdirmək” üçün onları sünnət olunmağa məcbur etməsinin anlamı indi bizə bütün aydınlığı ilə bəlli olur. Sünnət olunmaq – axtalanmağın simvoludur, nə vaxtsa ulu ata özünün qüdrətindən yararlanıb öz oğullarını belə bir üsulla cəzalandırırdı, bu simvolun qəbul olunması isə, ata necə ağır işgəncələr verərsə belə, oğulların onun iradəsinə tabe olacağını nümayiş etdirir.
Yenidən etika mövzusuna qayıtmaq üçün biz son nəticədə onun bir çox qaydalarının rasional düşüncə ilə doğrulduğunu deyə bilərik: icmanın hüquqlarının fərdlərin xeyrinə məhdudlaşdırılması, fərdin hüququnun icmanın xeyrinə olaraq məhdudlaşdırılması, fərdlərin hüquqlarının bir-birinin xeyrinə məhdudlaşdırılması zərurəti bütünlüklə ağlabatan və rasional düşüncəyə uyğundur. Ancaq etikada qarşılaşdığımız qorxunc qadağalar və mistik baxımdan doğruluğu “şübhə yaratmayan” nə varsa, etika bunların hamısı üçün atanın iradəsindən qaynaqlanan dinə borcludur.
e) Dinin gerçək məzmunu
Dünyada Yüksək Varlığın olduğuna inanan tarixçilər bizim tək inancdan məhrum olan insanlarda özlərinə qarşı necə də böyük bir həsəd oyadırlar! Bu Böyük Ruh üçün dünyada cavabı bəlli olmayan heç bir sual yoxdur, axı buradakı bütün formaları o yaratmışdır. İnanclıların geniş, tükənməz və sonu bəlli təlimləri ilə müqayisə edərkən bizim öz araşdırmalarımızda güclə gəlib çata bildiyimiz nəticələr necə də əziyyətli, yoxsul və qırıntılardan ibarət görünür! Etik idealın özü olan İlahi Ruh ona inanan insanlara bu idealla bağlı bilgilər öyrətməklə yanaşı, ona oxşamaq üçün alovlu bir istək də vermişdir. Onlar nəyin ucalıq və xeyirxahlıq, nəyin alçaqlıq və yamanlıq olduğunu birbaşa duya bilirlər. Onların duyğuları özlərinin idealdan olan məsafələrini öyrənməyə yönəlmişdir. Onlar Günəşin başına fırlanan Yerin öz orbiti ilə ona yaxınlaşıb sonra uzaqlaşmağına oxşar olaraq, gah ideala ən yaxın olur, bununla çox böyük həzlər yaşayır, gah da idealdan uzaqlaşdıqlarını duyub özlərini çox böyük kəskinliklə qınayırlar. Bütün bunlar olduqca sadə və sarsılmaz bir şəkildə qurulmuşdur. Bəlli həyat təcrübəsinin və təbiət üzərində aparılan müşahidələr bizi belə bir yüksək varlığın mövcudluğuna inanmağa qoymursa, bizə buna görə, sadəcə, dərin təəssüf hissi keçirmək qalır. Əgər dünya saysız müəmmalarla dolu olmasa idi, onda qarşımızda yeni bir məsələ dayanardı, bu halda biz gərək başqa adamların ilahi varlığa necə inana bildiklərini və belə bir inancın “ağıl və elmi” üstələyən qeyri-adi hakimiyyətini haradan əldə etdiyini anlamağa çalışa idik.
Gəlin bizi indiyədək düşündürən daha sadə problemlə məşğul olaq. Biz yəhudi xalqının bu günədək yaşamağa və özünün varlığını qorumağa kömək edən özünəməxsus xarakterinin haradan qaynaqlandığını anlamağı qarşımıza məqsəd olaraq qoymuşduq. Daha sonra öz araşdırmalarımızla bu xarakteri Musa deyilən adamın möhkəmləndirdiyini aydınlaşdırdıq, onun yəhudilərə bağışladığı yeni din bu xalqın şəxsi ləyaqət hissini olduqca yüksəldə bildi və onlar özlərinin bütün başqa xalqlardan üstün olduqlarına inandılar. Bununla da, onlar başqa xalqlardan kənar durmağa çalışaraq, öz varlıqlarını qoruya bildilər. Onları hamılıqla yiyələndikləri intellektual və emosional bir irs birləşdirdiyindən yəhudilər başqa xalqlarla evlənərək yaranan qan qarışıqlığından da qorxmurdular. Musanın dini aşağıdakı üç səbəbdən bu xalqa belə bir təsir göstərə bilmişdi: 1) xalqa yeni tanıdığı dinin tanrısının böyüklüyündən pay ala bilmək imkanı yaradırdı; 2) bu xalqın böyük tanrı tərəfindən seçilmiş xalq olması və tanrının xoşməramlı olduğunu sübut edəcəyi təsdiq olunurdu; 3) xalqı ruhani tərəqqi yoluna yönəldirdi və öz-özlüyündə vacib olan bu hadisə ilə xalqın intellektual fəaliyyəti daha yüksək dəyərləndirməsi xüsusiyyəti yaranır, bu isə onun ehtiraslardan imtina etməsinə gətirib çıxarırdı.
Bunlar bizim gəldiyimiz nəticələrdir və bunun əksinə deyilən bütün haqlı iradları dinləməyə hazırıq, habelə dediklərimizin bir sıra hallarda özünü doğrultmadığını da etiraf edirik. Buradakı səbəblərin toplusu, belə demək olarsa, nəticənin üstünü bütünlüklə örtə bilmir: bizim aydınlaşdırmağa çalışdığımız fakt onu izah etdiyimiz faktorlardan müqayisə olunmaz dərəcədə böyükdür. Burada belə bir təbii sual yaranır: ola bilərmi, bizim indiyədək apardığımız araşdırmalar buradakı bütün ola biləcək motivləri üzə çıxara bilməsin, daha dərində olan başqa faktorlara nüfuz etmədən yalnız üzdə olanlarla kifayətlənsin? Həyatda və tarixdə səbəb-nəticə bağlarını müəyyən etməyin fövqəladə çətinliyi bizi, heç olmasa, az-çox uyğun gələn faktorlardan yararlanmağa məcbur edir.
Görünür, daha dərin motivlərə yanaşa bilməyin yolu bizim əvvəlcədən yararlandığımız bir mühakimənin bəlli bir məqamı ilə bağlıdır. Musanın dini öz təsirini birbaşa yox, dolayı olaraq göstərmişdi. Bunun necə baş verdiyini nümayiş etdirmək mümkün deyil, o, bir dəfəyə təsir etmirdi, özünün təsirini bütünlüklə göstərə bilmək üçün ona yüz illərin keçməsi gərək idi və xalqın xarakterinin formalaşdırılması və möhkəmləndirilməsindən söz gedəndə bunun elə belə də olacağı gözlənilən idi.
Üzərində dayanmaq istədiyimiz faktı biz yəhudi xalqının din tarixindən götürmüşük, istəsəniz, bu faktın yəhudilərin dini inancına kənardan gətirildiyini də düşünə bilərsiniz. Biz artıq yəhudi xalqının bir müddət sonra Musanın dinindən imtina etdiyini demişik; onların bu dinin bütün ehkamlarından üz döndərdiklərini, yoxsa onların bir hissəsini saxlayıb qalanlarından imtina etdiklərini indi öyrənmək mümkün deyil. Burada mülahizələrimizə arxalanaraq yəhudi xalqının Kənaan torpaqlarını tutduğu və oradakı xalqlara savaş açdığı, çox uzun müddətdə onun itaət etdiyi tanrı Yahvenin qonşu xalqların tanrılarından çox da fərqlənmədiyi də aydındır və sonradan bu tarixi gerçəkliyi saxtalaşdırmaq yolu ilə Yahvenin xəcalət doğuran obrazını maskalamağa çalışan adamların yazdıqları da bizi çaşdırmamalıdır. Ancaq musaçılıq dini izsiz-soraqsız yoxa çıxmamışdı, ondan bir sıra dumanlı, təhrif olunmuş və görünür, kahinlər kastasından olan bir təbəqənin bildiklərinə əsaslanan xatirələr qalmışdı, habelə dini ehkamların yazıya alındığı bir sıra köhnədən qalma əlyazmalar da vardı. Bax elə böyük bir keçmişdən qalma bu ənənələr də, səhnə arxasından baş verirmiş kimi, bir təsir göstərməyə başlayıb tədricən insan ruhları üzərində çox böyük bir hakimiyyətə yiyələndi, bu, işin sonunda isə tanrı Yahvenin bütünlüklə Musanın tanrısına çevrilməsinə gətirib çıxardı, bununla da, Musanın yüz illər bundan əvvəl başlayıb özündən sonra yarımçıq qalan işləri yenidən canlanaraq daha böyük vüsət almağa başladı.
Əsərimizin bundan əvvəlki bölməsində bununla bağlı yazmışdıq və keçmiş ənənələrin təsirini aydınlaşdırmaq üçün hansı mübahisəsiz fərziyyədən yararlanmalı olduğumuzu da müəyyənləşdirmişdik.
f) Sıxışdırılıb aradan çıxarılanların qayıdışı
Psixoanalitika psixika üzərində apardığı araşdırmalarda bizi bir sıra uzlaşan proseslərlə tanış edə bilmişdir. Onlardan bəzilərini patoloji hadisələr, bir başqalarını isə normanın çoxçeşidliliyi adlandırırlar. Ancaq onların necə adlanması vacib deyil, çünki onlar arasında kəskin bir sərhəd yoxdur, işləmə mexanizmləri də çox az fərqlənir və demək olar, bir-birinin eynidir, habelə burada ən başlıcası onların ortaya çıxması ilə “MƏN”-də dəyişikliyin baş verib-verməməyi və ya onların “MƏN”-lə qarşıdurmaya gedərək onunla ziddiyyət yaratmasıdır, sonuncu halda bu hadisələrə simptomlar deyilir. Bununla bağlı əlimizdə bol material olsa da, mən onlardan xarakterin dəyişilməsi ilə bağlı hadisələri nümunə göstərmək istəyirəm. Anası ilə konfliktə girən çox gənc yaşlarında bir qız anasında olmayan bütün xüsusiyyətlərə yiyələnməyə çalışır və onu xatırladan nə varsa, hamısından qaçır. Qeyd edim ki, o da bütün qızlar kimi, uşaqlıq çağında özünü anası ilə eyniləşdirməyə, bütün xüsusiyyətləri ilə ona oxşamağa çalışmışdı, indi isə var gücü ilə onun əksinə getməyə başlamışdır. Ancaq bu qız ailə qurub kiminsə arvadı və ana olandan sonra biz çox böyük təəccüblə onun artıq çoxdan sevmədiyi anasına oxşamağa başladığını görürük və onda başlayan bu proses anası ilə ziddiyyət təşkil edən bütün xasiyyətlərindən daşınmasına və onunla maksimal eyniləşməyə qədər davam edir. Belə bir hal yeniyetmə oğlanlarla da baş verir, hətta dühasının çiçəklənməyə başladığı çağlardan özünün hədsiz ciddiliyi və xırdaçılığı ilə onu bezdirən atasından üz döndərmiş böyük Höte də yaşlı vaxtlarında atasının xarakterində olan çoxlu cəhətlərin özündə olduğunu aşkarlaya bilmişdi. Ancaq görünür, iki şəxs arasındakı ziddiyyət çox kəskin olanda daha da sarsıdıcı nəticə alına bilər. Məsələn, ləyaqətsiz ömür sürən atası ilə birgə yaşayan gənc onun əksinə davranmağa çalışır, çox yaxşı, etibarlı və vicdanlı bir adama çevrilir. Ancaq gözlənilmədən enerjisinin qaynayıb-daşdığı çağlarda onun xarakterində kəskin bir dönüş baş verir və o özünü atasından nümunə götürürmüş kimi aparmağa başlayır. Araşdırdığımız mövzu ilə əlaqəmizi itirmədən buradaca bütün bu nəticələrin uşaqların körpə yaşlarında özlərini atalarına oxşatmaq istədiklərindən qaynaqlandığını görürük. Sonra bu duyğunu ataya qarşı olan etiraz duyğusu sıxışdırıb çıxarır və artıqlaması ilə onun yerini tutur, bütün bunların sonunda isə yenidən körpəliklə bağlı duyğular geriyə dönüb onu sıxışdıran duyğuları üstələməyə başlayır.
Çoxdan bəlli olduğu kimi, insanın öz ömrünün ilk beş ilində yaşadığı hislər onun həyatında həlledici rol oynayır və sonrakı illərdə onun iradəsi bu yaşlarında qazanmış olduğu xüsusiyyətlərə qarşı heç cür duruş gətirə bilmir. Bu ilkin təəssüratların yaşlı çağında insan iradəsinə üstün gəlib üzə çıxmasının qarşısıalınmazlığı və onun özünü gerçəkləşdirməsinin hansı üsullarla baş verdiyi ilə bağlı çoxlu maraqlı sözlər danışmaq olar, ancaq onların çoxu bizim mövzumuza aid deyil. Çoxları bunu bilmir: insan öz ömründə ən güclü və unudulmayan təəssüratlarını hələ ən kiçik yaşlarında, bizim onun psixi aparatının yarımçıq işlədiyini düşündüyümüz çağında qazanır. Bu faktın doğruluğuna şübhə yoxdur, o özünün ortaya qoyduğu məqamlarla çox sarsıdıcı təsirlər buraxır və bu faktın daha asan anlaşılması üçün biz onu çəkilmiş fotonun çox gecikdirilmiş aşkarlanması ilə tutuşdura bilərik. İstəyirəm, bu məqamda hamının razılaşa biləcəyi bir söz də deyim, çox canlı təəssürat sahibi olan yazıçılar bizim bu çətin həzm olunan kəşfimizdən əvvəl də, özlərində cürət tapıb bu fakta toxuna bilmişlər. E.T.A.Hoffmann özünün poetik əsərlərinin qəhrəmanlarının obrazlarından ibarət bir imperiya yaratmışdı və burada o hələ südəmər körpə olarkən anasının qucağında bir həftə ərzində karet ilə keçdiyi yoldakı mənzərələri də təsvir etməyə çalışmışdı. Uşaqlar iki yaşına qədər yaşadıqları təəssüratları sonradan heç vaxt xatırlamırlar, bunu yalnız bir halda, yuxuda xatırlayanlar ola bilir. Psixoanalitik müalicə zamanı bu unudulmuş xatirələrini yenidən onların yadına salmaq mümkündür, ancaq nə vaxtsa, çox-çox sonralar yaşanmış bu təəssüratlar aşılayıcı impulslar şəklində üzə çıxaraq onlarda müxtəlif predmetlərə qarşı bəyənmək və ya bəyənməzlik duyğuları yarada bilir, çox hallarda onların sevgi obyektlərini seçməkdə yönəldici təsir göstərir və bu zaman onlara rasional düşüncəyə əsaslanan seçim etmək imkanı vermir. Bu faktların bizim araşdırdığımız problemə iki yerdə toxunduğunu görməmək mümkün deyil. Bunlardan birincisi, özünü həlledici faktor kimi göstərən zamanın uzaqlığı məsələsidir, buna misal olaraq, yaddaşın xüsusi bir səviyyəsinin uşaqlıq təəssüratları kimi təsnifləşdirilib “qeyri-şüuriliyə” aid edilməsini göstərmək olar. Burada biz həmçinin xalqın psixi həyatında ənənələrin adına yazdığımız məqamlarla bağlı analogiyalar tapmağa da ümid edirik. Ancaq onu da qeyd edim ki, “qeyri-şüuriliklə” bağlı təsəvvürləri kütlə psixologiyasına bağlamağın özü də çox çətindir.
Belə hadisələri öyrənməkdə nevrozun yaranmasına aparıb çıxaran mexanizmlər çox aydın bir şəkildə kömək edir. Bu halda da həlledici hadisələr uşaqlığın ilk illərində baş verir, ancaq biz burada vurğunu zamanın deyil, prosesin üzərinə salırıq, bu proses isə özlüyündə baş verən hadisəyə qarşı dirəniş göstərir və bundan yaranan reaksiyanı üzə çıxarır. Bunu daha sadə dillə belə demək olar: yaşantılardan alınan təəssürat ehtirasa qapılmanı gücləndirir və onun ödənilməsi tələbatını da şiddətləndirir. Bu vaxt “MƏN” ya ehtirasa qapılmanın miqyasından sarsıldığına, ya da onun ödənilməsinin qorxulu olduğuna görə ehtirasın təmin olunmasından imtina edir. Bu səbəblərdən birincisi daha əsaslı görünür və onlar ikisi də təhlükəli vəziyyət yarandığına görə ehtirasın ödənilməsindən yayınmağa gətirib çıxarır. “MƏN”
yaranmış təhlükədən sıxışdırma prosesinin köməyi ilə qorunur, bununla da ehtirasın göstərdiyi təsir azalır, onu doğuran qavramlar və təəssüratlar da unudulur. Ancaq bununla proses başa çatmır, ehtiras ya öz gücünü bütünlüklə saxlayır, ya da gücünü yenidən toplamağa başlayır, yaxud da yeni bir bəhanə ilə güclənməyə başlayır. Bu halda o özünün cazibə qüvvəsini də yeniləyir; belə bir situasiyada onun normal şəraitdə qayıdışı mümkün olmur, bunun səbəbi isə sıxışdırmanın yaddaşda hələ də yeri qalan çapığının yaratdığı emosional vəziyyətdir, müdafiənin zəif olduğu digər bir yerdə “MƏN”-in razılığı və xəbəri olmadan ehtiras özünə başqa yol açır və tələbatın ödənilməsinin müəyyən əvəzedicisini yaratmağa, bu isə öz növbəsində nevroz simptomları olaraq aşkarlanmağa başlayır. Simptomların yaranmasının bütün fenomenlərini çəkinmədən “sıxışdırılanların qayıtmasının” adına yazmaq olar. Ancaq onların fərqləndirici xüsusiyyətləri çox dərindən korlanmış şəkildə üzə çıxmaları olur, beləliklə də, sıxışdırılanlar qayıdanda özlərini ilkin formalarına nisbətən çox dəyişirlər.
Sonda nəzərdən keçirdiyimiz faktlarla bağlı bizim araşdırdığımız ənənə problemindən çox uzaqlaşdığımızı düşünə bilərsiniz. Ancaq buna görə təəssüflənməyə dəyməz, biz bu faktları araşdırmaqla ehtiraslardan imtina probleminə xeyli yaxınlaşa bildik. g) Tarixi gerçəklik
Mənim apardığım bütün bu tarixi ekskursiyaların məqsədi musaçılıq dininin yalnız sıxışdırılmış ənənənin qayıdışı kimi (fərdlər üçün sıxışdırılmış uşaqlıq təəssüratlarına uyğun olan) yəhudi xalqına təsir etdiyi ilə bağlı irəli sürdüyüm tezisin daha çox inandırıcı olduğunu göstərmək üçündür. Ancaq indiyədək biz bu tezisi az, ya çox dərəcədə ehtimal olunan bir səviyyədə təsdiq edə bilmişik. Hətta mən bu tezisi isbat edə bilsəm də, yenə də məsələni yalnız keyfiyyət baxımından həll edə bildiyimiz təəssüratı yaranır. Dinin yaranıb ortaya çıxması ilə bağlı bütün suallarda – o sıradan yəhudi dininin də – bizim mühakimələrimizdən kənarda qalan nə isə böyük bir məqamın olduğu da duyulmaqdadır. Görünür, bu prosesdə hansısa uyğun analogiyalar göstərilməsi çox çətin, ya da heç mümkün olmayan hansısa faktorlar da iştirak etməlidir, həmçinin bu faktorlar onlardan yaranan dini inancların özü qədər unikal və güclü olmalıdır.
Baxaq görək, bu faktorlara əks tərəfdən yanaşmaq mümkündürmü? İbtidai insanın dünyanı yaradan, onun icmasına böyüklük edən və onu himayəsinə götürən tanrıya ehtiyacı olduğu bizim üçün anlaşılandır. Belə bir tanrıya olunan səcdə hələ də ənənələrin xatırlatmaqda olduğu ölmüş ulu babalara olan səcdəni tədricən kölgədə qoymağa başlayır. İnsan uşaqlıq çağından çox sonralar yaşlı vaxtlarında da öz mahiyyətində körpəliyini saxlamaqda davam edir və bütünlüklə yetkinlik yaşına çatanda belə, kiminsə himayəsinə ehtiyac duyur; bu vəziyyətində o, tanrının himayəsinə sığınır. Bütün bunlar şübhə doğurmur, ancaq bununla yanaşı olaraq bu tanrının nə üçün tək olmalı olduğu və nə üçün çoxallahlılıqdan təkallahlılığa keçidin bunu qəbul edən insanlar üçün belə böyük əhəmiyyət daşıdığını anlamaq çətindir.
Doğrudur, bizim yuxarıda qeyd etdiyimiz kimi, inanclı insan tanrısının böyüklüyündən özünə pay düşdüyünü düşünür və bu tanrı nə qədər qüdrətlidirsə, özünün də daha güclü himayə olunduğuna inanır. Ancaq tanrı tək olmadan da çox qüdrətli ola bilər: keçmişdə çoxtanrılı dinlərə ibadət edən əksər xalqlar bu çoxsaylı tanrıların birinə, tanrıların hamısına başçılıq edən tək bir tanrıya çox böyük ehtiramla yanaşmış və ondan başqa da tanrıların olması onların gözündə bu tanrının böyüklüyünə xələl gətirməmişdir. Bundan başqa da, əgər tanrı təkdirsə, yəni o bütün ölkələri və onların xalqlarını himayə və idarə edirsə, onda ayrıca götürülmüş bir insan və ya xalq qaçılmaz olaraq tanrı ilə özü arasında olan məhrəmlik duyğusunu itirir, axı bu halda o özünü himayə edən tanrının qüdrətini başqaları ilə, özü də yadellilərlə bölüşməli olur.(Ancaq burada da belə bir çıxış yolu var: ayrıca götürülmüş insan və ya xalq tanrının bütün başqalarından ona daha çox qayğı göstərdiyinə özünü inandıra bilər.) Tək tanrı konsepsiyasının qəbul edilməsinin ruhani tərəqqi yolunda irəliyə doğru çox böyük bir addım olduğu da danılmazdır; ancaq bu konsepsiyanın işə düşdüyü ilkin dövrdə insanların ağlını hansı üsulla özünə itaət etməyə inandırmasının səbəbi yenə də bizim üçün qaranlıq qalır.
Tanrıya həqiqətən inanan insan bu sualın cavabını bilir. Belə bir insan bu suala cavabında, şübhəsiz, bunları deyəcəkdir: “Tanrının tək olması insanlar arasında bu qədər misilsiz bir təəssürat yaradırsa, deməli bu ideyada “Əbədi Həqiqətin” toxumu vardır və elə buna görə də ona inanmamaq mümkün deyil; bir zamanlar gizlin qalan bu Həqiqət sonunda insanları öz işığına qərq etdi və onun parlaq işığında insanların ağlına indiyədək hakimlik edən nə vardısa, hamısı öz əhəmiyyətini itirib sönükləşdi”.
Burada, doğrudan da öz böyüklüyü və nəticələri ilə ölçüyəgəlməz bir səbəbin olduğu ilə razılaşmamaq olmur.
Mən böyük bir sevinclə içində bu izahı qəbul etmək istərdim. Ancaq bir səbəb məni bundan çəkindirir. Burada intellekt üçün Həqiqətin qarşısıalınmaz bir cazibə yaratdığı ilə bağlı deyilənlər optimist və idealist mülahizələrə əsaslanır. Özlüyündə isə insan intellekti heç də Həqiqəti duymaq qabiliyyəti ilə seçilmir və ona böyük coşqunluqla can atmır. Əksinə, bizim indiyədək olan bütün təcrübələrimizin göstərdiyi kimi, intellekt çox asanlıqla və şübhələnmədən həqiqətə aparan yoldan çıxa bilir və onun üçün arzuları ilə illüziyalarına xoş gələn (“həqiqi”
olubolmamağından asılı olmayaraq) nə varsa, onlar intellekt üçün daha çox cazibəlidir. Bax elə buna görə də, burada deyilən sözün necəsə başqa cür ifadə olunmasına gərək duyulur. Mən inanclı insanın təkallahlılığın cazibəsi barədə dedikləri ilə razılaşa bilərəm, ancaq buradaca aşağıdakı düzəlişi diqqətə çatdırmalıyam: qədim dövr yəhudi xalqını təktanrılı dində olan hansısa metafizik
“Əbədi” olanlar özünə cəlb etməmişdi. Həqiqət öz ölçüsündə olanda tarixi həqiqət olur. Başqa sözlə desəm, mən təktanrılı dinin ehkamlarına inanmıram, daha doğrusu, tək və yenilməz qüdrəti olan tanrının varlığına inanmıram, ancaq burada tarixi keçmişlə bağlı olan həqiqətin mövcudluğu faktına, yəhudilər təktanrılı dinlə görüşəndə onların xatırladığı faktın varlığına inanıram, bu fakta görə, ibtidai icma quruluşunun hökm sürdüyü vaxtlarda, doğrudan da, icmaya başçılıq edən tək bir Ata vardı, o, Başçı, Hakim sayılırdı və ilahilik səviyyəsinə qaldırılmışdı. Ona görə də, bu tarixi gerçəkliyin insanların kollektiv yaddaşına qayıtması üçün gərək bu tarixi gerçəklik lap maskalanmış görkəmdə olsa belə, yenidən üzə çıxa idi və özünün ilkin formasını yenidən xatırlada bilmək gücündə ola idi, daha doğrusu, onun Musanın
“dini həqiqəti” görkəmində ortaya çıxması yetərli idi.
Biz artıq Musanın dininin inkarından və bir hissəsinin unudulduğundan, sonradan isə xalqın şüuruna ənənələr şəklində yenidən qayıtdığından danışmışdıq. İndi isə
Misirdən çıxan zaman yəhudilərin Musanın dinini qəbul etmələrini danışdığımız hadisələr zəncirinə bağlaya bilərik. Musa yəhudilərə tək tanrı konsepsiyasını təklif edəndə bu, onlar üçün mütləq yeni bir ideya olmadı, onların yaddaşında ibtidai insanların icma dövründə yaşanan xatirələr oyandığından ideya onlara doğma görünmüşdü. İnsanlığın tarix öncəsi keçmişində qalmış bu təcrübəsi ilə bağlı xatirələri onun şüurundan çoxdan silinsə də, bu hadisə özlüyündə çox vacib olduğundan, ibtidai icma quruluşunda çox böyük bir çevriliş yarada bildiyindən o, insan ruhunda əbədi bir iz buraxmadan keçib gedə bilməzdi və insanlığın bu “kollektiv uşaqlıq dövrünün xatirələri” şifahi danışıq və ənənələrdə də öz təsirini az-çox saxlaya bilmişdi.
Yuxarıda qeyd etdiyim kimi, ömrünün ilkin çağlarında yaşadığı təəssüratlar sonradan insanlarda davamlı vərdişlər şəklində yenidən üzə çıxmağa başlayır, bu təəssüratlar artıq şüurlu şəkildə xatırlanmır. İnsanlığın öz yaranışının ilkin çağlarında qazandığı belə təəssüratların da bütünlüklə bu şəkildə qalıb sonradan özünü büruzə verməsi düşüncəsi də bu baxımdan mənə inandırıcı görünür. Elə dediyimiz bu ilkin təəssüratlardan birinin özünü büruzə verməsi də yəhudiləri tək tanrı ideyasını qəbul etməyə yönəldə bilmişdi. Sözsüz, bu konsepsiyanı bir xatırlatma hesab etmək olardı, ancaq burada xeyli təhrif olunmuş şəkildə ortaya çıxan ilkin təəssüratdan söz gedir, buna baxmayaraq, nə olursa olsun, bu yenə də bir xatırlatmadır. İstənilən
“sıxışdırılmış təəssüratın qayıtması” kimi, o da güclü aşılayıcı təsirlə şüura müdaxilə edir və onun təsirindən qaçmaq mümkün olmur. Bu xatırlatmada yer alan tarixi həqiqət burada qeyri-şüuri səviyyəyə çatanadək korlandığından, şəklini dəyişdiyindən və maskalandığından onu illüziya da adlandırmaq olar; ancaq bu xatırlatmanın təsirindən yaranan konsepsiya uzaq keçmişin gerçəklərini özündə əks etdirdiyindən onu həqiqət adlandırmaq olar. Axı fərdi psixikada yaranan illüziyada da həqiqət toxumları olur: nevroz adamlar da elə qapıldıqları illüziyadakı bu həqiqət işartılarına aldanıb illüziyaya tənqidi yanaşa bilmək qabiliyyətlərini itirir və onun özünü də bütünlüklə həqiqət kimi qəbul etməyə başlayırlar.
Üstündən min illər keçəndən sonra Musanın öz dinini elan etməsinə, bunun üstündən yüzilliklər keçəndən sonra isə yəhudilərin bu konsepsiyanı qəbul etməsinə səbəb olan həmən o ilkin çıxış nöqtəsindəki situasiyanı mən 1912-ci ildə yazdığım
“Totem və tabu” kitabında yenidən qurmağa çalışmışam. Mən orada Darvin, Atkinson və xüsusi ilə də Robertson Smitin mühakimələrindən yararlanmışam, bunun üçün onların kəşflərini psixoanalizin fərziyyələri ilə birləşdirmişəm. Darvindən onun aşağıdakı mülahizəsini götürmüşəm: ibtidai insanlar əvvəlcə kiçik icmalar şəklində yaşamışlar, hər bir belə icma böyük erkəyin başçılığı ilə idarə olunmuş və bu erkək də başçılıq etdiyi icmanı kobud və amansız gücə arxalanaraq idarə etmişdir, icma başçısı buradakı bütün dişiləri özünə götürmüş, başqalarının onlarla cinsi əlaqəyə girməsinə yol verməmiş, uşaqları da daxil olmaqla bütün erkəkləri özünə tabe etmiş, itaət eləməyənləri isə öldürmüşdür. Atkinson mənə aşağıdakı mülahizəsi ilə kömək etdi: atanın başçı olduğu ibtidai icma quruluşundakı bu patriarxal sistem oğulların birləşərək ataya qarşı qiyam etmələri ilə dağılmışdı, oğullar atalarını devirərək öldürmüş, sonra qələbə şərəfinə düzəltdikləri bayram qonaqlığında onun ətini yemişdilər. Sonda isə, Robertson Smitin totemizmlə bağlı nəzəriyyəsinə əsaslanaraq, mən Atanın devrilməsindən sonra ibtidai icmanın hansı quruluş formasına keçməsi ilə bağlı mülahizələrimi irəli sürüb burada totemə itaət edən qardaşların birliyinin icmaya başçılıq etdiyini demişdim. Sülh içində yaşaya bilmələri üçün qardaşlar ələ keçən və atalarını elə onlara görə öldürdükləri qadınlardan imtina etməli idilər, yoxsa onlar arasında güclü bir didişmə qızışa bilərdi, buna görə də onlar “kənardan evlənməyə” əsaslanan ekzoqamiya qaydasını qoydular. Atanın hakimiyyəti devriləndən sonra ailələri qadınlar idarə etməyə başladı və matriarxat sistemi yarandı. Ancaq Ata və onun ilahi iradəsi bütünlüklə itib getmədi: Atanı hansısa bir canlı ilə əvəz etdilər və bu totem-himayəçini icmanın başçısı saymağa başladılar. Bu heyvan onlar üçün Atanı və ya ümumiyyətlə, Ulu Babanı simvollaşdırırdı, icmanın qoruyucu ruhu sayılırdı və ona toxunmaq və öldürmək qadağan idi. Ancaq ildə bir dəfə qardaşların icmanı idarə edən birliyi toplaşır, birgə bayram süfrəsi açır və bu zaman “müqəddəs” totemi təmsil edən heyvanı öldürür, ətini parçalayıb birlikdə yeyirdilər. Belə bir bayram qonaqlığından heç kim imtina edə bilməzdi, çünki o məhz keçmişdə baş vermiş atanı öldürməyin simvolik təkrarı idi və yeni ictimai qanunların, əxlaqi qaydaların və totemizmin qaynağı da bu hadisə ilə bağlı idi.
h) Tarixi inkişaf
Mənim burada “Totem və tabu” əsərinin bütün məzmununu təkrar etməyə imkanım yoxdur, ancaq bizdən çox uzaq olan o dövrdə baş verdiyinə inandığım və sonradan bəlli tarixi mərhələdə təkallahlılığın təntənəsinə gətirib çıxarmış hadisənin üzərində bir az da artıq dayanmağı zəruri sayıram. Qardaşların birliyi icmanın təkbaşına ağası olan Atanın üzərində qələbə çaldıqdan sonra ibtidai cəmiyyətdə matriarxat, ekzoqamiya, habelə totemizm oturuşdu və bu hadisələrin toplusunu
“sıxışdırılmış materialın qayıdışı”, özü də kollektiv yaddaşa qayıdışı kimi dəyərləndirmək olar. Buradakı “sıxışdırılmış” sözünü mən onun ciddi texniki anlamında işlətmirəm. Mən bu deyimlə insanlığın həyatında keçmişdə baş vermiş və sonradan yaddaşlardan silinmiş, habelə sonrakı nəsillərin unutduğu bir hadisəni anıram və elə fərdlərin psixoloji həyatındakı “sıxışdırılmış material” da çox vaxt bu şəkildə olur. Biz bu keçmişin onu yaddaşsızlıq qaranlığının ört-basdır edənədək kollektiv yaddaşda necə qorunub saxlandığını bilmirik. Fərdi psixologiyaya aid olan anlayışları kütləvi psixologiyaya tətbiq etmək çox da asan başa gələn bir iş deyil və mənə elə gəlir, biz burada “kollektiv qeyri-şüurilik” konsepsiyasını qəbul etsək, bu tətbiq asanlaşa bilər, doğrudan da qeyri-şüuri dediyimiz materialın məzmunu bu və ya başqa şəkildə kollektivə məxsus olur, daha doğrusu, bütün insanlığın mülkiyyətinə çevrilir. Ona görə də bizim burada analogiyanın köməyindən yararlanmağımız yerinə düşərdi. Burada araşdırdığımız, xalqların həyatında baş verən psixoloji proseslər, doğrudan da, fərdi psixologiyadan bizə bəlli olan patoloji hallarla, sonadək olmasa da, çox uzlaşır. Ona görə də belə bir düşüncənin doğruluğuna inanmaq mümkündür: danışdığımız həmin çox qədim dövrün intellektual materiallarının qalıqları müəyyən bir kollektiv psixi mirasa çevrilmişdir və bu miras ona bənzər hadisələrin yenidən təkrarlanması zamanı birbaşa xatırlatma təsiri olmadan belə, istənilən sonrakı nəsillərin yaddaşında oyana bilər. Belə intellektual qalıq hər bir uşaqda anadangəlmə olan və xüsusi səy göstərmədən özünü büruzə verən danışıq qabiliyyəti ilə uzlaşır, bu qabiliyyət anadangəlmə olduğu kimi, dillərin fərqli olmasına baxmayaraq, bütün xalqlarda eynidir. Sıxışdırılmış materialın şüura qayıdışı tədricən baş verir və çox böyük ehtimalla, özbaşına baş vermir, bunun üçün müəyyən stimulların olması mütləqdir. Bizim baxdığımız ibtidai icmada da zaman keçdikcə patriarxat sistem bərpa olunmağa başlayır: ata yenidən nəslin başçısına çevrilir, ancaq o indi ilkin çağlarda icmaya böyüklük edən ata qədər qüdrətli deyil. Eləcə də müəyyən ardıcıl və arasıkəsilməz inkişaf yolu keçdikdən sonra totemin də həqiqi sayılan başqa tanrı vasitəsi ilə tədrici sıxışdırılması başlanır. Artıq insan görkəmi ilə üzə çıxan bu yeni tanrı ilk çağlarda hələ insan bədənli, heyvan başlı olur; sonradan isə bütünlüklə insan görkəmi alır, ancaq zaman-zaman cildini dəyişib totemə də çevrilə bilir (buna misal olaraq, Zevsin zaman-zaman öküzə çevrilməsini göstərmək olar). Daha sonralar isə totemləşmiş heyvan, sadəcə, daima yeni tanrının yanında olan bir heyvan olaraq tanıdılır və buna görə də, “müqəddəs” elan olunur; başqa hallarda isə tanrının totem sayılan heyvanla savaşıb onun üzərində qələbə çalması ilə bağlı miflərlə də rastlaşırıq və miflərin yaranmasının bu ilkin dövründə qəhrəmanların ilahiləşdirilməsinə başlanır. Görünür, ən Yüksək Varlıq sayılan ilahilik ideyası çox erkən yaranır, ancaq bu dövrdə o hələ çox dumanlı və bəşəriyyətin tələbatları ilə uzlaşmayan bir şəkildə olur.
Oymaqlar və xalqlar birləşib daha böyük birliklər yaratdıqca onların tanrıları da bu yeni tanrılar ailəsinə daxil olub özünə uyğun gələn mərtəbədə dayanır. Adətən, bu tanrılardan birini başqa tanrıların hamısından qüdrətli və onlara hökm edən bir vəziyyətdə göstərirlər. Təbii olaraq, bunun ardınca atılan addım tək bir tanrıya itaət etmək olur, bu, əvvəlcə qətiyyətsizliklə, sınayıb yoxlamaqla baş versə də, sonradan insanlarda başqa tanrılara aid olan bütün səlahiyyətləri yalnız bir tanrıya verib qalan tanrılardan üz çevirmək qətiyyəti yaranır. Ancaq məsələnin belə həlli tək tanrının obrazında ilkin icmaya ağalıq etmiş Atanın böyüklüyünü bərpa edir; ona görə də insanlar bu tanrıya münasibətdə ilkin icmanın ağası olmuş Ataya bəslədikləri duyğularla yanaşırlar, onun qarşısında qorxu və həyəcanla dayanırlar. Bu səbəbdən də adamlar çoxdan itirdikləri və uzun müddət axtardıqları birisi ilə görüşərkən sarsıdıcı bir çaşqınlığa düşürlər, bu vəziyyət Sinay dağında Musaya tanrı Qanunlarının verildiyi ilə bağlı Bibliya mətnlərindən də aydın duyulmaqdadır. Həyəcan dolu vurğunluq, dua oxumaqla yalvarış və yenidən vəd olunan himayədarlığa görə coşqun təşəkkür – Musanın dini əvvəlcə yalnız bunları bilir və bu məlumatların köməyinə arxalanaraq ilahi Ata ilə pozitiv münasibətlər yaratmağa can atır. Yəhudilərin onlara tanıdılan bu tanrının yenilməz gücünə olan inamı, onun iradəsinə itaəti ilk çağlarda mütləq səviyyədə idi, həm də bu köməksiz və əzilən oğulun ilkin ibtidai icmadakı başçı-Ataya olan münasibətinə çox uyğun idi; xalqın yenidən infantil (körpəlik) səviyyəli icmaya çevrildiyini təsəvvür etsək, onda bu emosiyaların necə yarandığını da anlamaq mümkündür. İnfantil duyğular (körpəlikdə duyulanlar) yaşlı insanların duyğularından qat-qat güclü olur və əlçatmaz dərinliklərdə gizlənirlər; yalnız dini ehtizaz buna oxşar intensivlikdə olan duyğular törədə bilər. Buna görə də tək tanrıya yönələn yalvarış dolu dualar, sadəcə, uzaq keçmişdəki Böyük Ata obrazının canlanmasına olan təbii reaksiya idi.
Bu məqamdan başlayaraq bu ata kultu ilə bağlı olan dinin istiqaməti həmişəlik müəyyən olunur, lakin onun inkişafı da artıq burada sona çatmış olur. Axı ata ilə oğlu arasındakı münasibətlər ikili mahiyyətlidir; ona görə də zaman keçdikcə uzaq ibtidai icma quruluşunda oğulların birləşib atalarını öldürdüklərinə oxşar olaraq yəhudilərdə də, öz tanrılarına qarşı düşmənçilik yaranmalı idi. Musanın dinində atanı öldürmək həddinə çata biləcək belə bir nifrətə bəhanə yaradacaq birbaşa motivlər yoxdur.
Burada dərinliklərdə gizlənmiş nifrətin üzdə olan əlaməti kimi, günahkarlıq duyğusunu göstərə bilərik, bu duyğuda tanrıya olan gizlin nifrət üzə çıxır, ancaq bu
“vicdan əzabı” deyilən bir forma alır və bunun da səbəbi kimi, guya tanrının qanunlarına qarşı arasıkəsilməz günah işlətməkdən qaça bilməmək göstərilir.
Peyğəmbərlər fürsəti qaçırmadan bu duyğudan yapışdılar, ondan yararlanaraq ara vermədən yəhudilərə onların “günahkar” olduqlarını aşılamağa başladılar və tədricən özünü daima günahkar saymaq duyğusundan “ilkin doğulan günah” ehkamı yaranıb dini sistemin tərkib hissəsinə çevrildi. Bundan başqa da, yəhudilərin “günahkarlıq”
duyğusunu gücləndirən xarici faktorun olduğunu da qeyd etmək lazımdır və bu faktor öz mənşəyini gizli saxlayaraq maskalanmış şəkildə təsirini yayırdı. Xalq çox ağır bir dövrdə yaşayırdı; Musanın onlara tanıtdığı qüdrətli və böyük tanrı onları himayə etməyə və onlara mərhəmət göstərməyə tələsmirdi; belə bir vəziyyətdə yəhudilərin dini inancının onlara aşıladığı ən dəyərli illüziyaya – yəhudilərin tanrının seçdiyi xalq olması üstünlüyünə inanmaq getdikcə daha da çətinləşirdi. Bu inamı saxlaya bilmək üçün yəhudi tanrının bu amansızlığını özü üçün aydınlaşdıra bilməli idi; burada ən yaxşı izah məhz elə “şəxsi günah” və ardıcıl olaraq “günaha batmaq” ola bilərdi: beləliklə də, onlar tanrının qanunlarına əməl etmədikləri üçün bu fəlakətləri özləriözlərinin başına gətirmiş olurdular. Özünü bu günah duyğusunun köməyi ilə ovutmağa olan ehtiyac – bu ehtiyac daxildən gəldiyi üçün doyumsuz idi – getdikcə yəhudiləri daha çox və amansız bir tələbkarlıq yaradan, habelə, xırda təfərrüatlarla dolu günahları ilə bağlı yeni dini təfsilatlar yaratmağa təhrik edirdi. Bu qayda ilə onlar sezilmədən əxlaqi asketizmə keçdilər və bununla da özlərini daima artan sıxışdırılmış instinktlərlə məhdudlaşdırdılar. Bütün bu prosesin nəticəsi olaraq, yəhudilər antik xalqların heç birinin ucala bilmədiyi əxlaqi yüksəkliyə ucala bildilər (hər halda burada dini ehkamların tələbləri üzrə olan əxlaqi ucalıqdan söz gedir). Yəhudilərin çoxu elə bu gün də bu etik dəyərlərə çatmaq üçün yorulmaq bilmədən çalışmağı özlərinin mənsub olduqları dinin təkallahlılıqdan sonra ikinci başlıca xüsusiyyəti olduğunu düşünürlər. Bizim təhlilimiz bu xüsusiyyətin birinci ilə, yəni tək bir tanrı konsepsiyası ilə necə bağlı olduğunu göstərə bilmək məqsədi güdürdü. Yəhudi xalqının milli xarakterinə öz möhürünü vurmuş bütün bu yəhudi etikası ibtidai icma dövründəki Atanın təmsilçisi olan tək tanrıya qarşı yaranmış düşmənçiliyi boğmaqdan törəyən günahkarlıq duyğusundan əmələ gəlmişdir.
Təktanrılı dinin sonrakı inkişafı artıq yəhudi xalqının tarixi çərçivəsindən kənara çıxır. Çox uzaq keçmişdə ibtidai icmanın başçısı olmuş Atanın başına gəlmiş möhtəşəm dramın tək tanrı obrazına qarışıb kollektiv yaddaşa qayıdan başqa elementləri də vardı. Bu elementlər musaçılıq dininə qarışa bilməzdi, ancaq onlar şüura daxil ola bildilər və bunun nəticəsində, o dövrlərdə Aralıq dənizi hövzəsində yaşayan və öldürülmüş “Atanın qayıdışına” şahid olan bütün xalqların şüurunda hansısa günahla bağlı həyəcanlı və əzablı duyğular yaratmağa başladılar, bu isə yaxınlaşmaqda olan müəyyən fəlakətin hiss olunmasına bənzəyirdi və belə bir əzabverici duyğuların yaranmasının gerçək səbəbini onlardan heç biri anlaya bilmirdi.
Çağdaş tarix elmində antik mədəniyyətin sonradan “qocalmasından” danışılır. Mən də bununla razılaşmağa hazıram, həm də bu qocalmanın da müəyyən ümidsizlik və ondan yaxa qurtarmaqla bağlı duyğular yaratdığına səbəb olduğunu da demək olar.
Bu qurtuluş yolunu isə yenə də yəhudilər tapdılar. Qurtuluş ideyası üçün işlənən xammalın müxtəlif (o cümlədən yunan) qaynaqlarından götürüldüyünü də ehtimal etmək mümkündür, ancaq bütün bunlara baxmayaraq, burada da son sözü sırf yəhudi ağlı demişdi – bu, Tarsisli Saul adında Roma vətəndaşı olan və dini ədəbiyyatda Pavel adı ilə tanınan bir yəhudi olmuşdu – və hadisələrin mahiyyətini belə anlatmışdı: “Biz nə vaxtsa Atanı (yəni tanrını) öldürdüyümüz üçün bədbəxt olmuşuq”. İndi qurtuluş yolunun nə üçün Pavelə illüziya formasında gəlib çatdığı da bəlli olur və deyilənə görə, ona belə bir vəhy göndərilmişdi: “Biz üzərimizdə olan bütün günahları təmizləyə bilərik, lakin bunun üçün gərək bizlərdən biri bu günahlardan təmizlənə bilməyimiz üçün özünü qurban versin”. Bu deyilişdə günahın mənşəyinin Atanın öldürülməsi ilə bağlı olduğu xatırlanmır (bunun yerinə hansısa dumanlı və anlaşılmaz “ilkin doğulan günahdan” söz açılır), ancaq məlum olduğu kimi, öz həyatını qurban verməklə bağışlana bilən günah yalnız insanı öldürməklə bağlı ola bilər. Dini illüziya ilə (ilkin günahın bağışladılması) tarixi gerçəklik arasındakı (Atanı öldürməyə görə olan günahın bağışladılması) əlaqə Pavelə özünün ikinci tezisini qurmaqda kömək etdi və onun sözlərinə görə: “günahların bağışlanması mərasimində verilən qurban “tanrı oğlu” oldu”. Kollektiv yaddaşa qayıtmış ibtidai icma quruluşu dövrünün keçmişi ilə bağlı olan tarixi gerçəklik yeni dinə qeyri-adi psixoloji inam yaratdı, daha doğrusu, burada artıq “Həqiqətin” özü vardı; bu isə yeni dinə qarşısındakı bütün maneələri dəf etməkdə kömək etdi; yəhudilərin qürrələndikləri: tanrının seçdiyi xalq olmaları ilə bağlı duyğunun əvəzində isə, bu din insanlara ataya bəslənən ikili münasibətin inancın köməyilə aradan qaldırılmasını bağışladı və Atanın qarşısında olan günahlar Oğulun qurban verilməsi ilə yuyulmuş oldu.
“İlk doğulan günah” və onun insanın qurban verilməsi ilə yuyulması Pavelin yaratdığı yeni dini sistemin əsasını təşkil etdi. İbtidai icma quruluşundakı Atanın öldürülməsi üçün ona qarşı çıxmış və qardaşlarının üsyanına başçılıq etmiş real təşəbbüskarın gerçək olduğu, yoxsa onu sonradan qədim nağılçılardan birinin özünü bu qəhrəmanla eyniləşdirərək uydurduğu sualını, görünür, biz burada cavabsız qoymalı olacağıq. Xristian doktrinası iudaizmin sərhədlərindən qırağa çıxandan sonra özünə çoxlu başqa qaynaqlardan bir sıra elementlər də götürməyə başladı, Aralıq dənizi hövzəsində yaşayan xalqların arasında geniş yayılmış bir sıra ayinlərin detallarını özünə daxil edərək sırf təktanrılı dinin bir sıra cəhətlərindən imtina elədi.
Elə bil, Qədim Misir torpağın altından qalxıb Ehnatonun varisindən öz qisasını almış oldu. Burada diqqətəlayiq bir cəhət də yeni dinin ata-oğul münasibətlərindəki ən qədim dövrlərdən özünü göstərən ikiliyi yenidən formalaşdırması oldu. Belə görünür, onun başlıca ideyası oğulun atasına qarşı törətdiyi cinayətlə əlaqədar günahını yumaq üçün özünü qurban verməsi və tanrı-Ata ilə barışmasıdır; ancaq bu münasibətlərin astar üzü, daha doğrusu, ata ilə rəqabətin qarşısıalınmaz aspekti də günah yükünü çiyninə götürüb özünü qurban verən Oğulun obrazında öz əksini tapır. Nəticədə, Oğul da, Atanın yanında dayanan tanrıya çevrilir, bu isə mahiyyətcə elə Oğulun Atasının yerini tutması deməkdir. Beləliklə də, Atanın dini kimi ortaya çıxan xristianlıq tədricən Oğulun dininə çevrilmişdir. Qaynaqlandığı hadisə ilə bağlılığı onu nəticədə, zəruri olaraq, Atanı devirib yerinə Oğlun keçməsinə gətirib çıxarmışdır.
Yəhudi xalqının yalnız bir hissəsi yeni dini və onun irəli sürdüyü yeni doktrinanı qəbul etdi. Onu inkar edənlər isə indiyədək də yəhudi adlanırlar. Belə bir qərar qəbul etməklə onlar özlərini bütün başqa dünyadan əvvəlcə olduğundan bir az da artıq ayırmış oldular. Onlar bu yeni dini birlikdən(buraya yəhudilərdən başqa misirli, yunan, suriyalı, romalı və daha sonralar tevtonlar daxil idi) ittihamlar eşitməyə başladılar, bu ittihamçılar yəhudiləri yeni yaranan dinin tanrısını öldürməkdə təqsirləndirirdilər. Bu ittihamı öz əslinə qaytarıb onu qeyri-şüurilikdən şüura keçərkən uğradığı təhriflərdən təmizləsək, belə səslənərdi: “Onlar (yəhudilər) nə vaxtsa Atanın öldürülməsində iştirak etdiklərini etiraf etmək istəmirlər, biz isə Atanı öldürdüyümüzü və buna görə günahkar olduğumuzu etiraf etmişik və Oğulu qurban verməklə bu günahdan təmizlənmişik”. Belə nöqteyi-nəzərdən baxanda bu ittihamın arxasında hansı həqiqətin dayandığını daha asanlıqla görmək olur. Deformasiya olunmuş, maskalanmış şəkildə olsa da, Atanın öldürülməsinin etiraf olunması ilə başlayan bu tərəqqidə yəhudilər nə üçün iştirak etmək istəmədilər və kənara çəkildilər? – bu sualın cavabı xüsusi bir araşdırmaya layiqdir. Ancaq bunu etmədikləri üçün onlar bütün bəşəriyyət tarixinin başlanğıcında törətdiyi cinayətə görə yaranan günahı “öz üzərinə” götürməli və bunun əvəzini çox baha ödəməli oldular.
Ümid edirəm, bizim apardığımız təhlil yəhudi xalqının onu başqa xalqlardan fərqləndirən xüsusiyyətlərini necə qazanmasına müəyyən qədər aydınlıq gətirə bildi.
Bu xalqın uzaq keçmişdən başlayaraq bu günə kimi necə vahid bir xalq olaraq qala bilməsi sualı isə daha çətin həll olunası bir problemdir. Ancaq buna bənzər bütün tarixi müəmmalara aydınlıq gətiriləcəyini gözləmək və ya tələb etmək də ədalətsizlik olardı. Beləliklə də, mənim qaldırdığım problemlərlə bağlı deyə biləcəklərim bu azacıq və məhdud məlumatlardır və onları dəyərləndirərkən bu əsərin girişində xatırlanan ciddi məhdudiyyətlər də hökmən nəzərə alınmalıdır.