Totem və tabu Ziqmund Freyd · 1913

01

Giriş

Aşağıdakı dörd məqalə mənim nəşr etdirdiyim «İmago» jurnalının birinci və ikinci il nəşrlərində, elə bu kitabla eyni başlıq altında işıq üzü görmüşdür; onlar mənim tərəfimdən psixoanalizin nöqteyi-nəzərini və nəticələrini xalqların psixologiyasının aydınlaşdırılmamış problemlərinə tətbiq etmək yolunda ilk cəhddir. Tədqiqat metoduna görə bu məqalələr bir tərəfdən eyni məqsədlə analitik olmayan psixologiyanın müddəalarından və metodlarından istifadə edən V. Vundtun böyük əsərinə, digər tərəfdən isə əksinə, fərdi psixologiyanın problemlərini xalqların psixologiyası sahəsindən götürülmüş materialın köməyi ilə həll etməyə çalışan Sürix məktəbinin işlərinə ziddir. Məmnuniyyətlə etiraf edirəm ki, mənim öz işimə ən yaxın təkan bu iki mənbə olmuşdur.

Mən işimin nöqsanlarını yaxşı bilirəm. Bu sahədə ilk tədqiqatım olması ilə bağlı yaranan boşluqlara toxunmaq istəmirəm. Lakin onların bəziləri izahat tələb edir. Burada mən geniş savadlı adamlar dairəsinin diqqətinə hesablanmış dörd məqaləni birləşdirmişəm; əslində, onları yalnız psixoanaliz özünün bütün özünəməxsusluğu ilə yad olmayan o azsaylı adamlar başa düşə və qiymətləndirə bilər. Bu məqalələrin vəzifəsi bir tərəfdən etnoqraflar, linqvistlər, folklorşünaslar və s. ilə, digər tərəfdən psixoanalitiklər arasında vasitəçi olmaqdır; buna baxmayaraq, onlar nə birinə, nə də digərinə çatışmayan şeyi verə bilmir: birincilərə – yeni psixoloji texnika ilə kifayət qədər tanışlığı, sonunculara – emal tələb edən materiala tam yiyələnmək imkanını. Ona görə də onlar yalnız buna razı olmalıdırlar ki, ara-sıra diqqəti cəlb edib o ümidi oyadırlar ki, əgər hər iki tərəf daha tez-tez görüşsə, bu, elmi tədqiqat üçün faydasız olmaz.

Bu kitaba ad vermiş iki əsas mövzu – totem və tabu – burada eyni dərəcədə işlənməmişdir. Tabunun təhlili, şübhəsiz, daha böyük etibarlılıqla fərqlənir və bu problemin həlli daha hərtərəflidir. Totemizmlə bağlı tədqiqatlar isə yalnız bu bəyanatla kifayətlənir: totem probleminin izahı üçün psixoanalitik öyrənmənin hazırda verə biləcəyi şey budur. Bu fərq onunla bağlıdır ki, tabu, əslində, hələ də bizdə mövcuddur; inkar şəklində başa düşülsə və başqa məzmunlara keçirilsə də, psixoloji təbiətinə görə o, Kantın «kateqorik imperativin»dən başqa bir şey deyil – obsesif şəkildə təsir edən və hər cür şüurlu əsaslandırmanı inkar edən bir imperativ. Totemizm isə, əksinə – müasir duyğumuz üçün yad olan, həqiqətdə çoxdan tərk edilmiş və yeni formalarla əvəz olunmuş dini-sosial bir qurumdur ki, müasir xalqların dinində, əxlaqında və adətlərində yalnız cüzi izlər qoyub getmiş və hətta bu gün də ona sadiq qalan xalqlarda da, çox güman ki, böyük dəyişikliklərə uğramışdır. Bəşəriyyət tarixindəki sosial və texniki uğurlar tabuya totemdən qat-qat az ziyan vurmuşdur. Bu kitabda totemizmin ilkin mənasını onun infantil izləri, uşaqlarımızın inkişafı prosesində yenidən təzahür etdiyi işarələr vasitəsilə açmaq üçün cəsarətli bir cəhd göstərilmişdir. Totemlə tabu arasındakı sıx əlaqə burada müdafiə olunan hipotezə aparan sonrakı yolları göstərir və əgər bu hipotez axırda kifayət qədər inanılmaz görünmüşsə, onun bu xarakteri həmin hipotezin çətin bərpa oluna bilən gerçəkliyə az-çox yaxınlaşdığı ehtimalına etiraz üçün əsas vermir.

Roma. Sentyabr 1913.

* * *

Psixoanalitik tədqiqat özünün ən başlanğıcından etibarən ayrı-ayrı fərdin ruhi həyatı sahəsindəki işlərinin nəticələri ilə xalqların psixologiyasının tədqiqindən alınan nəticələr arasında analogiyalara və oxşarlıqlara işarə edirdi. Tamamilə aydındır ki, əvvəlcə bu, ürkək və inamsız, təvazökar həcmdə baş verirdi və nağıl və miflər sahəsindən o tərəfə keçmirdi. Göstərilən metodların bu sahəyə yayılmasının məqsədi yalnız bu qədər gözlənilməz bir oxşarlığa işarə etməklə özlüyündə inanılmaz olan tədqiqat nəticələrinə daha çox inam aşılamaq istəyi idi.

Lakin o vaxtdan keçən on beş ildən artıq müddətdə psixoanaliz öz işinə inam qazanmışdır; kifayət qədər böyük bir tədqiqatçı qrupu bir nəfərin göstərişlərinə uyğun gedərək öz baxışlarında qənaətbəxş bir oxşarlığa gəlmişdir və indi, görünür, fərdi psixologiyanın sərhədinə yaxınlaşmaq və işin qarşısına yeni məqsəd qoymaq üçün əlverişli məqam yetişmişdir. Xalqların ruhi həyatında psixoanalizin köməyi ilə fərddə aşkar edilmiş oxşar proseslər və əlaqələr təkcə üzə çıxarılmamalı, həm də psixoanalizdə formalaşmış baxışların köməyi ilə xalqların psixologiyasında qaranlıq və ya şübhəli qalan şeyi işıqlandırmaq üçün cəsarətli bir cəhd edilməlidir. Gənc psixoanalitik elm sanki özünün inkişafının ən başlanğıcında digər bilik sahələrindən borc aldığını qaytarmaq istəyir və vaxtilə aldığından daha çoxunu qaytaracağına ümid edir.

Lakin bu təşəbbüsün çətinliyi bu yeni vəzifəni öz üzərinə götürən şəxslərin keyfiyyət baxımından seçilməsindən ibarətdir. Mif və din psixologiyası sahəsinin tədqiqatçılarının, etnoloqların, linqvistlərin və s.-nin psixoanalitik düşüncə metodunu öz tədqiqat materiallarına tətbiq etməyə başlamasını gözləmək yersiz olardı. Bütün bu istiqamətlərdə ilk addımları, şübhəsiz, indiyədək psixiatr və yuxu tədqiqatçısı kimi psixoanalitik texnikaya və onun nəticələrinə yiyələnmiş olanlar atmalıdırlar. Lakin onlar hələlik digər bilik sahələrində mütəxəssis deyillər və güclə bəzi məlumatlar əldə etmişlərsə, yenə də diletant, ən yaxşı halda isə avtodidakt olaraq qalırlar. Onlar öz əsərlərində bütün materiala və onu idarə etmək bacarığına malik olan peşəkar mütəxəssis-tədqiqatçı tərəfindən asanlıqla üzə çıxarılacaq və bəlkə də istehza doğuracaq zəifliklərdən və səhvlərdən qaça bilməyəcəklər. Qoy o, nəzərə alsın ki, bizim işlərimizin yalnız bir məqsədi var: onu təhrik etmək ki, bizim əlində verə biləcəyimiz aləti özünə yaxşı tanış olan materiala tətbiq edərək eyni şeyi daha yaxşı etsin.

Təqdim olunan bu kiçik işə toxunaraq, bir bəraət halını da qeyd etməliyəm: bu, müəllifin o vaxta qədər yad olduğu bir zəmində ilk addımıdır. Buna onu da əlavə etmək lazımdır ki, müxtəlif xarici səbəblərə görə əsər vaxtından qabaq işıq üzü görür və digər məlumatlara nisbətən qat-qat qısa bir müddətdən sonra, müəllif mövzunun zəngin ədəbiyyatını hələ işləyə bilməmişdən çox əvvəl çap olunur. Buna baxmayaraq, çapı təxirə salmadımsa, məni belə bir mülahizə buna təhrik edirdi ki, ilk işlər onsuz da çox vaxt çox şeyi əhatə etmək istəməsi ilə günah edir və məsələnin elə tam həllini verməyə can atır ki, sonrakı tədqiqatların göstərdiyi kimi, bu, lap əvvəldən heç vaxt mümkün olmur. Ona görə də şüurlu və qəsdən kiçik bir təcrübə ilə kifayətlənməkdə pis heç nə yoxdur. Bundan başqa, müəllif meşədə gözəl göbələk və gözəl giləmeyvə yuvası tapan və tapdığı yerin bolluğunun öhdəsindən tək gələ bilməyəcəyini gördüyü üçün hələ hamısını dərməmiş yoldaşlarını ora çağıran bir oğlan uşağının vəziyyətindədir.

Psixoanalitik tədqiqatın inkişafında iştirak edən hər kəsin yadında o məqam qalır ki, K. Q. Yunq xüsusi bir elmi qurultayda öz şagirdlərindən biri vasitəsilə bildirmişdi ki, bəzi ruhi xəstələrin (Dementia praecax) fantaziyaları heyrətamiz dərəcədə qədim xalqların mifoloji kosmogoniyaları ilə üst-üstə düşür və savadsız xəstələr həmin xalqlar haqqında heç bir elmi təsəvvürə malik ola bilməzdilər. Bu, yalnız xəstəliyin ən qəribə psixi məhsulları üçün yeni bir mənbəyə işarə etmədi, həm də ruhi həyatda ontogenetik və filogenetik inkişaf paralelizminin əhəmiyyətini ən qəti şəkildə vurğuladı. Beləliklə, ruhi xəstə və nevrotik qədim insana, uzaq tarixdənqabağı dövrün insanına yaxınlaşır və əgər psixoanaliz düzgün fərziyyələrdən çıxış edirsə, onlarda ümumi olan şeyi infantil ruhi həyat tipinə gətirmək imkanı açılmalıdır.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.