Totem və tabu Ziqmund Freyd · 1913

02

I. İnsest qorxusu

Tarixdənqabağı insanı onun keçdiyi bütün inkişaf mərhələlərində ondan sonra qalan əşyalara və avadanlıqlara, onun sənəti, dini və dünyagörüşü haqqında qorunub saxlanılmış məlumatlara – bizə birbaşa və ya rəvayətlər, miflər və nağıllar yolu ilə çatan məlumatlara – və öz adətlərimizdə və əxlaqımızda onun düşüncə tərzinin qorunub qalmış qalıqlarına görə tanıyırıq. Bundan başqa, müəyyən mənada o, bizim müasirimizdir. Hələ də elə adamlar yaşayır ki, onları ibtidai xalqlara çox yaxın, bizdən qat-qat yaxın hesab edirik və buna görə də onlarda qədim insanların birbaşa nəsillərini və nümayəndələrini görürük. Vəhşi və yarımvəhşi xalqlar haqqında fikrimiz belədir; bu xalqların ruhi həyatında öz inkişafımızın yaxşı qorunub saxlanmış əvvəlki mərhələsini aşkar edə bilsək, onların ruhi həyatı xüsusi maraq kəsb edir. Əgər bu fərziyyə doğrudursa, onda müqayisə etnoqrafiyanın bizə göstərdiyi «ibtidai xalqların psixologiyası» ilə psixoanaliz sayəsində tanış olduğumuz nevrotiklərin psixologiyası arasında böyük oxşarlığı üzə çıxarmalıdır və bu, bizə hər iki sahədə artıq tanış olanı yeni işıqda görmək imkanı verəcəkdir.

Xarici və daxili səbəblərə görə bu müqayisə üçün seçimimi etnoqrafların ən vəhşi, ən bədbəxt və ən acınacaqlı saydıqları qəbilələr üzərində dayandırıram – daha doğrusu, ən gənc materik olan Avstraliyanın yerli sakinləri üzərində; Avstraliya öz faunasında da başqa yerlərdə yox olmuş çoxlu arxaik şeyi bizə qoruyub saxlamışdır.

Avstraliyanın yerli sakinlərinə elə bir ayrı irq kimi baxılır ki, onda ən yaxın qonşuları – melaneziya, polineziya və malay xalqları ilə nə fiziki, nə də dil baxımından heç bir qohumluq nəzərə çarpmır. Onlar nə ev, nə də möhkəm daxma tikirlər, torpağı becərmirlər, itdən başqa heç bir ev heyvanı saxlamırlar, dulusçuluq sənətini belə bilmirlər. Onlar yalnız öldürdükləri müxtəlif heyvanların əti ilə və qazıb çıxardıqları köklərlə qidalanırlar. Onların arasında nə kral, nə də başçı var. Yetkin kişilərin yığıncaqları ümumi işləri həll edir. Onlarda ali varlıqlara sitayiş formasında din izlərinin olmasına yol vermək çox şübhəlidir. Su çatışmazlığı üzündən ən amansız həyat şəraiti ilə mübarizə aparmağa məcbur olan materikin içərisindəki qəbilələr, görünür, hər baxımdan sahil sakinlərindən daha primitivdirlər.

Əlbəttə, biz bu acınacaqlı çılpaq adamyeyənlərin cinsi həyatda bizim mənada əxlaqlı olacağını, cinsi meyllərinin təzahürlərində özlərini yüksək dərəcədə məhdudlaşdıracağını gözləyə bilmərik. Və buna baxmayaraq, öyrənirik ki, onlar insest xarakterli cinsi münasibətlərdən diqqətli qayğı və əzabverici sərtliklə qaçmağı özlərinə məqsəd qoymuşlar. Üstəlik, onların bütün sosial təşkilatı bu məqsədə yönəlmişdir və ya belə bir nəticə ilə əlaqədardır.

Avstraliyalılarda mövcud olmayan bütün dini və sosial qurumların əvəzində totemizm sistemi durur. Avstraliya qəbilələri kiçik ailələrə, yaxud klanlara bölünür və bunların hər biri öz toteminin adını daşıyır. Bəs totem nədir? Adətən, bütün ailə ilə müəyyən münasibətdə olan, yeyilən, ziyansız və ya təhlükəli, qorxu doğuran bir heyvan, daha az hallarda isə bitki və ya təbiət qüvvəsi (yağış, su) olur. Totem, birincisi, bütün ailənin ulu babasıdır, bundan başqa, qoruyucu mələk və köməkçidir: gələcəyi qabaqcadan xəbər verir, öz övladlarını tanıyır və onlara mərhəmət göstərir, hətta adətən başqaları üçün təhlükəli olsa da. Bir totemin adamları buna görə öz totemini öldürməmək (məhv etməmək) və onun ətindən (və ya onun verdiyi digər həzzdən) çəkinmək kimi müqəddəs, özü-özlüyündə cəza gətirən öhdəliklə bağlıdırlar. Totemin əlaməti ayrı-ayrı heyvanla və ya ayrı-ayrı varlıqla deyil, bu növdən olan bütün fərdlərlə bağlıdır. Vaxtaşırı bayramlar təşkil olunur ki, onlarda bir totemin adamları mərasim rəqslərində öz toteminin hərəkətlərini təsvir edir və ya onlara təqlid edirlər.

Totem ana və ya ata xətti ilə irsən keçir; çox güman ki, əvvəlcə hər yerdə birinci növ keçid mövcud olmuş, yalnız sonra o, ikincisi ilə əvəz olunmuşdur. Totemə mənsubiyyət avstraliyalıların bütün sosial öhdəliklərinin əsasında durur; bir tərəfdən o, bir qəbiləyə mənsubiyyətin sərhədlərini aşır, digər tərəfdən isə qan qohumluğunu arxa plana keçirir.

Totem nə bir sahə, nə də bir yer ilə bağlıdır. Bir totemin adamları ayrı-ayrı yaşayır və başqa totemlərə bağlı olanlarla dinc yanaşı dolanırlar.

İndi isə, nəhayət, totemizm sisteminin psixoanalitikin ona marağını cəlb edən xüsusiyyətlərinə keçməliyik. Totemin olduğu demək olar hər yerdə belə bir qanun var ki, eyni totemin üzvləri bir-biri ilə cinsi münasibətə girməməli, deməli, bir-biri ilə nikaha da girə bilməzlər. Bu da totemlə bağlı ekzoqamiyanı təşkil edir.

Bu ciddi surətdə gözlənilən yasaq olduqca diqqətəlayiqdir. O, totemin anlayışı və ya xüsusiyyətləri haqqında indiyədək öyrəndiklərimizin heç biri ilə əsaslandırılmır. Ona görə də onun totemizm sisteminə necə düşdüyünü başa düşmək mümkün deyil. Buna görə də bəzi tədqiqatçıların belə bir qəti fikirdə olması bizi təəccübləndirmir ki, əvvəlcə – ən qədim zamanlarda və həqiqi mənasına uyğun olaraq – ekzoqamiyanın totemizmlə heç bir əlaqəsi yox idi və o, sonralar, nikah məhdudiyyətlərinə ehtiyac yarandığı vaxtda dərin bir əlaqə olmadan ona əlavə edilmişdir. Necə olursa olsun, totemizmin ekzoqamiya ilə birləşməsi mövcuddur və çox möhkəm olduğu aşkar olunur.

Sonrakı izahatda bu yasağın mənasını aydınlaşdıracağıq.

a) Qəbilə üzvləri gözləmir ki, bu yasağı pozan günahkarın cəzası, totemin digər yasaqlarında olduğu kimi (məsələn, totem heyvanını öldürdükdə), sanki avtomatik olaraq özünü tapsın; günahkar bütün qəbilə tərəfindən ən qəti şəkildə cəzalandırılır – sanki söhbət bütün cəmiyyəti təhdid edən təhlükənin qarşısını almaqdan və ya onu əzən günahdan azad etməkdən gedir. Frezerin kitabından bir neçə sətir göstərə bilər ki, bizim nöqteyi-nəzərdən digər baxımlardan kifayət qədər əxlaqsız olan bu vəhşilər bu kimi cinayətlərə nə qədər ciddi yanaşırlar.

Avstraliyada qadağan olunmuş klanın bir üzvü ilə cinsi əlaqəyə görə adi cəza ölüm cəzasıdır. Qadının həmin adam qrupunda olması, yaxud başqa qəbilə ilə müharibə zamanı əsir götürülməsinin heç bir əhəmiyyəti yoxdur: düşmən klanından olan və onunla arvad kimi əlaqədə olan kişini klan yoldaşları tutub qadınla birlikdə öldürürlər. Lakin bəzi hallarda, əgər müəyyən müddət ərzində tutulmaqdan yayına bilsələr, təhqir bağışlanır. Yeni Cənubi Uelsdəki ta-ta-ti qəbiləsində bilinən o seyrək hallarda yalnız kişi öldürülmüş, qadını isə döymüş, oxlarla vurmuş və ya hər ikisini edərək yarımcan hala salmışlar. Onu sadəcə öldürməmələrinin səbəbi, bəlkə də, zorakılığa məruz qaldığı ehtimalı olmuşdur. Eyni şəkildə, təsadüfi eşq münasibətlərində klan qadağaları çox dəqiq gözlənilir, bu kimi qadağaların pozulması ən iyrənc əməl sayılır və ölüm cəzası ilə cəzalandırılır (Hovitt).

b) Uşaq doğulmasına gətirib çıxarmayan qısamüddətli eşq əlaqələrinə də eyni dərəcədə amansız cəza verildiyindən, yasağın başqa, məsələn, praktik motivlərinin olması ehtimalı azdır.

c) Totem irsən keçdiyindən və nikah nəticəsində dəyişmədiyindən yasağın nəticələrini qabaqcadan görmək asandır, məsələn, ana xətti ilə irsilik halında. Əgər ər kenquru totemli klana mənsubdursa və emu totemli qadınla evlənirsə, uşaqlar – oğlanlar da, qızlar da – hamısı emu olur. Bu nikahdan doğulan oğul üçün totem qaydasına görə həm də emu olan ana və bacılarla qanqarışdırma qeyri-mümkün olur[1 - Kenquru totemli klana mənsub ataya isə, heç olmasa bu yasağa görə, öz emu qızları ilə insest imkanı verilir. Totem ata xətti ilə miras qaldıqda – kenquru və uşaqlar da kenquru; o zaman ataya qızlarla insest qadağan olunardı, oğul üçün isə ana ilə insest mümkün olardı. Totem yasağının bu nəticələri onu göstərir ki, ana xətti ilə irsilik ata xətti ilə irsilikdən daha qədimdir, köhnədir, çünki totem yasaqlarının ilk növbədə oğulun insest arzularına qarşı yönəldiyini düşünmək üçün əsaslar var.].

d) Lakin bir işarə kifayətdir ki, totemlə bağlı ekzoqamiyanın ana və bacılarla insestin qarşısını almaqdan daha çoxunu verdiyinə, deməli, daha çoxunu qarşısına məqsəd qoyduğuna əmin olaq. O, kişi üçün öz klanının bütün qadınları ilə, yəni onunla qan qohumluğunda olmayan bir sıra qadınlarla cinsi əlaqəni qeyri-mümkün edir, çünki bütün bu qadınlara qan qohumu kimi baxır. İlk baxışdan bu nəhəng məhdudiyyətin psixoloji əsaslandırılması tamamilə anlaşılmazdır; bu məhdudiyyət sivil xalqlarda onunla yanaşı qoyula biləcək hər şeyi xeyli üstələyir. Yalnız bu aydın görünür ki, totemin (heyvanın) əcdad roluna burada ciddi yanaşılır. Eyni totemdən törəyən hər şey qan qohumluğu sayılır, bir ailə təşkil edir və bu ailənin daxilində hər şey – hətta ən uzaq qohumluq dərəcələri də – cinsi əlaqə üçün mütləq maneə sayılır.

Beləliklə, bu vəhşilər insest qorxusunun, yaxud insestə həssaslığın qeyri-adi yüksək dərəcəsini nümayiş etdirirlər; bu həssaslıq bizə tam aydın olmayan bir xüsusiyyətlə – real qan qohumluğunun totemistik qohumluqla əvəz olunması ilə bağlıdır. Lakin biz bu ziddiyyəti həddindən artıq böyütməməliyik, sadəcə yadda saxlamalıyıq ki, totem yasaqları real insesti qismən hal kimi əhatə edir.

Lakin əsl ailənin totem klanı ilə əvəz olunmasının necə baş verdiyi sirr olaraq qalır və bu sirrin həlli, bəlkə də, totemin özünün izahı ilə üst-üstə düşür. Bununla yanaşı, əlbəttə, bu barədə də düşünmək lazımdır ki, nikah sərhədlərini aşan müəyyən cinsi azadlıq şəraitində qan qohumluğu, onunla birlikdə isə insestin qarşısının alınması o qədər şübhəli olur ki, yasağın başqa bir əsaslandırılmasına ehtiyac yaranır. Ona görə də qeyd etmək artıq olmaz ki, avstraliyalıların əxlaqı elə sosial şəraiti və təntənəli halları tanıyır ki, onlarda kişinin qadın üzərindəki adi hüququ istisna olunur.

Bu Avstraliya qəbilələrinin dili bizi maraqlandıran məsələ ilə şübhəsiz əlaqəsi olan bir xüsusiyyətlə seçilir. Belə ki, onların istifadə etdiyi qohumluq bildirişi iki fərdin bir-biri ilə münasibətini deyil, fərdlə qrup arasındakı münasibəti nəzərdə tutur. L. H. Morqanın ifadəsi ilə desək, onlar «təsnifatçı» sistemə aiddirlər. Bu o deməkdir ki, hər kəs təkcə öz valideynini deyil, həm də öz qəbiləsinin qanunlarına görə onun anası ilə evlənib beləliklə onun atası ola biləcək hər hansı digər kişini də ata adlandırır. O, öz anasından başqa, qəbilənin qanunlarını pozmadan onun anası ola biləcək hər hansı digər qadını da ana adlandırır. O, təkcə öz həqiqi valideynlərinin uşaqlarını deyil, həm də ona münasibətdə valideyn qrupunda duran bütün adı çəkilən şəxslərin uşaqlarını da «qardaş», «bacı» adlandırır və s. İki avstraliyalının bir-birinə verdiyi qohumluq adları, deməli, dilimizin mənasına uyğun olaraq aralarındakı qan qohumluğuna işarə etmir. Onlar fiziki deyil, daha çox sosial əlaqəni bildirir. Bu təsnifatçı sistemə yaxınlıq bizdə uşaq dilində təzahür edir: uşaq valideynlərinin hər bir tanışını «dayı», «xala» adlandırmağa məcbur edilir; yaxud məcazi mənada «Apollon qardaşları», «Məsihdə bacılar» haqqında danışarkən.

Bu qədər qəribə görünən danışıq tərzinin izahını tapmaq çətin deyil, əgər onda Rev. L. Fisonun «qrup nikahı» adlandırdığı həmin nikah institutunun qalığını görsək; bunun mahiyyəti ondan ibarətdir ki, müəyyən sayda kişi müəyyən sayda qadın üzərində öz nikah hüquqlarını həyata keçirir. Bu qrup nikahının uşaqları hamısı eyni anadan doğulmasalar da, bir-birinə qardaş və bacı kimi baxmağa əsaslıdırlar və qrupun bütün kişilərini öz ataları sayırlar.

Bəzi müəlliflər, məsələn, E. Vestermark özünün «İnsan nikahının tarixi» əsərində başqa müəlliflərin dildə qrup qohumluğu adlarının mövcudluğundan çıxardıqları nəticələrlə razılaşmasa da, avstraliyalı vəhşiləri ən yaxşı bilənlər təsnifatçı qohumluq adlarına qrup nikahı dövrünün qalığı kimi baxılması ilə razıdırlar. Üstəlik, Spenser və Jillenin fikrincə, Urabunna və Dieri qəbilələrində hələ indi də qrup nikahının müəyyən formasının mövcudluğunu müəyyən etmək olar. Deməli, bu xalqlarda qrup nikahı fərdi nikahdan əvvəl olmuş və dillərində və əxlaqlarında aydın izlər qoyaraq yox olmuşdur.

Əgər fərdi nikahı qrup nikahı ilə əvəz etsək, bu xalqlarda rast gəlinən insestə qarşı qoruyucu tədbirlərin görünən həddindən artıqlığı bizə aydın olar. Totem ekzoqamiyası, eyni klanın üzvləri ilə cinsi münasibətlərin yasaqlanması qrup insestinin qarşısını almaq üçün məqsədəuyğun bir vasitə kimi görünür; sonralar bu vasitə sabitləşdi və onu əsaslandıran motivləri uzun müddət yaşadıb geridə qoydu.

Əgər avstraliyalı vəhşilərin nikah məhdudiyyətlərinin motivlərini başa düşdüyümüzü düşünürüksə, onda bizi hələ o gözləyir ki, həqiqətdə mövcud olan şəraitdə ilk baxışdan daha çox çaşdıran bir mürəkkəblik müşahidə olunur. Avstraliyada totem məhdudiyyətlərindən başqa heç bir qadağası olmayan çox az qəbilə var. Qəbilələrin çoxu elə təşkil olunmuşdur ki, onlar əvvəlcə nikah sinifləri adlanan iki şöbəyə bölünür (ingiliscə: phrathries). Bu siniflərin hər biri ekzoqamikdir və çoxlu sayda totem ailələrini əhatə edir. Adətən, hər bir nikah sinfi iki altsinfə (subfratriyalara), deməli, bütün qəbilə dördə bölünür; altsinflər fratriyalarla totem ailələri arasında yer tutur.

Deməli, Avstraliya qəbiləsinin təşkilatının tipik, çox tez-tez rast gəlinən sxemi belə görünür:

On iki totem ailəsi iki sinif və dörd altsinf arasında bölüşdürülmüşdür. Bütün şöbələr ekzoqamikdir[2 - Totemlərin sayı ixtiyari götürülmüşdür.]. c altsinfi e ilə, d altsinfi isə f ilə ekzoqamik birlik təşkil edir. Nəticə, yəni bu təşkilatın meyli şübhə doğurmur; bu yolla nikah seçiminin və cinsi azadlığın daha da məhdudlaşdırılmasına nail olunur. Əgər on iki totem ailəsi olsaydı, hər ailədə bərabər sayda adam olduğunu fərz etsək, yəqin ki, ailənin hər üzvü qəbilənin bütün qadınlarının 11/12-si arasında seçim imkanına malik olardı. İki fratriyanın mövcudluğu bu sayı 6/12-yə – yarısına bərabər həddə məhdudlaşdırardı; totem kişisi yalnız 1-dən 6-ya qədər olan ailələrdən qadınla evlənə bilər. Hər iki altsinf daxil edildikdə isə seçim 3/12-yə, yəni 1/4-ə düşür. a toteminin kişisi öz nikah seçimini 4, 5, 6 totemli qadınlarla məhdudlaşdırmağa məcburdur.

Nikah sinifləri – sayı bəzi qəbilələrdə 8-ə çatır – ilə totemistik ailələr arasındakı tarixi münasibət şübhəsiz aydınlaşdırılmamışdır. Yalnız bu aydındır ki, bu qurumlar ekzoqamiyanın nail olduğu şeyə, hətta daha çoxuna nail olmağa can atır; lakin totem-ekzoqamiya bilinməyən bir yolla formalaşmış müqəddəs bir qurum, yəni bir adət təəssüratı bağışlayarkən, nikah siniflərinin mürəkkəb qurumları, onların bölünmələri və onlarla bağlı şərtlər, görünür, müəyyən məqsədə can atan qanunvericilikdən irəli gəlir; bəlkə də o, yenidən qarşısına insestə qarşı qoruyucu tədbirlər qoymuşdu, çünki totemin təsiri zəifləmişdi. Totemistik sistem, bildiyimiz kimi, qəbilənin bütün digər sosial vəzifələrinin və əxlaqi məhdudiyyətlərinin əsasını təşkil edirsə, fratriyanın əhəmiyyəti ümumilikdə onların nail olduğu nikah seçiminin tənzimlənməsi ilə tükənir.

Nikah sinifləri sisteminin sonrakı inkişafında qoruyucu tədbirləri təbii və qrup insestinin hüdudlarından kənara çıxarmaq və daha uzaq qohum qrupları arasında nikahları qadağan etmək meyli üzə çıxır – katolik kilsəsinin etdiyi kimi: o, qardaş və bacı arasında çoxdan mövcud olan nikah qadağasını əmi-dayı, xala-bibi uşaqlarına da yaymış və buna ruhani qohumluq dərəcələrini də əlavə etmişdi.

Bizi maraqlandıran problem üçün nikah siniflərinin mənşəyi və mənası, habelə totemlə münasibətləri haqqındakı son dərəcə dolaşıq və aydınlaşdırılmamış mübahisələrə daha dərindən varmağa çalışsaq, bundan heç bir fayda götürməyəcəyik. Məqsədlərimiz üçün avstraliyalıların və başqa vəhşi xalqların insestdən qaçmağa çalışdıqları böyük diqqətcilliyə işarə etmək tamamilə kifayətdir. Etiraf etməliyik ki, bu vəhşilər insestə qarşı bizdən də həssasdırlar. Çox güman ki, onlarda vəsvəsə daha çoxdur və buna görə də ona qarşı daha geniş qoruyucu tədbirlərə ehtiyac duyurlar.

Lakin bu xalqlarda insest qorxusu təsvir olunan qurumların yaradılması ilə kifayətlənmir; bu qurumlar, bizə elə gəlir, əsasən qrup insestinə qarşı yönəlmişdir. Biz buna hələ bir sıra «adətlər» də əlavə etməliyik ki, onlar bizim mənada yaxın qohumların fərdi ünsiyyətinə qarşı yönəlmişdir və tamamilə dini sərtliklə gözlənilir; onların məqsədi heç bir şübhə doğura bilməz. Bu adətləri, yaxud adətin tələb etdiyi yasaqları «qaçınma» (avoidances) adlandırmaq olar. Onların yayılması Avstraliyanın totemistik xalqlarının hüdudlarından xeyli kənara çıxır, lakin burada da oxucudan zəngin materialdan fraqmentar bir parça ilə kifayətlənməyi xahiş edirəm.

Melaneziyada bu kimi məhdudlaşdırıcı qadağalar oğlan uşaqlarının ana və bacılarla ünsiyyətinə aiddir. Belə ki, məsələn, Neohibrid adalarından biri olan Lepers İsland adasında oğlan uşağı müəyyən yaşda ana evini tərk edib «klub evi»nə köçür və o vaxtdan orada daim yatıb-yeyir. Evinə yemək götürmək üçün gəlməsinə icazə verilsə də, bacıları evdədirsə, yemədən oradan getməlidir; bacılarından heç biri evdə deyilsə, qapının ağzında oturub yeyə bilər. Əgər qardaş və bacı təsadüfən evdən kənarda, açıq yerdə rastlaşsalar, qaçmalı və ya yana gizlənməlidirlər. Oğlan uşağı qumda bacılarının ayaq izlərini tanıyırsa, onlara bu izlərlə getmək olmaz, onlar da onun izləri ilə gedə bilməzlər. Üstəlik, o, onların adlarını çəkməyə cürət etmir və hər hansı adi söz onların adının tərkib hissəsi kimi daxil olarsa, həmin sözü də deməyə qorxur. Yetkinlik mərasimi vaxtından başlayan bu «qaçınma» bütün ömür boyu gözlənilir. Ana ilə oğul arasındakı münasibətlərdə təmkin illər keçdikcə artır və əsasən ana tərəfindən təzahür edir. O, oğluna yemək gətirirsə, özü vermir, sadəcə qabağına qoyur. Onunla intim söhbət etmir, bizim danışıq tərzimizə görə desək, ona «sən» deyil, «siz» deyə müraciət edir. Bənzər adətlər Yeni Kaledoniyada da hökm sürür. Qardaş və bacı rastlaşsalar, o, kolluğa gizlənir, qardaş isə başını çevirmədən yanından keçib gedir.

Yeni Britaniyadakı Ceyran yarımadasında bacı ərə getdikdən sonra qardaşı ilə heç danışmamalıdır, onun adını da çəkmir, onun haqqında təsviri şəkildə danışır.

Yeni Meklenburqda bu kimi məhdudiyyətlər əmi-dayı, xala-bibi uşaqlarına (hər növdən olmasa da), habelə doğma qardaş və bacıya da şamil olunur; onlar bir-birinə yaxınlaşmamalı, bir-birinə əl verməməli, hədiyyə verməməlidir, lakin bir neçə addım məsafədə bir-biri ilə danışa bilərlər. Bacı ilə insestə görə cəza asılmaqla ölümdür.

Fici adalarında «qaçınma» qaydaları xüsusilə sərtdir. Onlar burada təkcə qan qohumlarına deyil, hətta qrup bacılarına da aiddir. Buna görə də bizə daha qəribə təsir bağışlayır ki, bu vəhşilərə müqəddəs orgiyaların məlum olduğunu eşidirik: orada elə bu yasaqlanmış qohumluq dərəcəsində olan şəxslər cinsi əlaqəyə verilir – əgər biz bu ziddiyyətdən göstərilən qadağanı izah etmək üçün istifadə etməyi ona təəccüblənməkdən üstün tutmuruqsa.

Sumatradakı battaklarda bu «qaçınma» qaydaları bütün qohumluq münasibətlərinə şamil olunur. Battak üçün doğma bacısını məclisə müşayiət etmək son dərəcə ədəbsizlik olardı. Battak qardaş bacısının yanında, hətta kənar adamların iştirakı ilə belə, özünü son dərəcə narahat hiss edir. Onlardan biri evə girirsə, digəri çıxıb getməyi üstün tutur. Ata da evdə qızı ilə, ana da oğlu ilə tək qalmır. Bu əxlaqdan bəhs edən holland missioner əlavə edir ki, təəssüf ki, onları tamamilə əsaslı saymalıdır. Bu xalqda belə düşünmək adətdir ki, kişinin qadınla tək qalması yolverilməz intimliyə gətirib çıxarar və qan qohumları arasındakı cinsi əlaqənin hər cür cəzasından və kədərli nəticələrindən qorxduqları üçün belə yasaqlar sayəsində bu kimi vəsvəsələrdən qaçmağa çalışmaları tamamilə düzgündür.

Afrikada Delaqoa körfəzində yaşayan baronqolarda qəribə bir şəkildə ən ciddi ehtiyat tədbirləri gəlinə – öz arvadının qardaşının arvadına – qarşı görülür. Əgər kişi haradasa onun üçün təhlükəli olan bu şəxslə rastlaşırsa, ondan diqqətlə qaçır. Onunla bir kasada yemək yeməyə cəsarət etmir, onunla tərəddüdlə danışır, onun daxmasına girməyə özünə icazə vermir və onunla titrək səslə salamlaşır.

Britaniya Şərqi Afrikasında akambalarda (yaxud vakambalarda) «qaçınma» qanunu var ki, ona daha tez-tez rast gəlmək lazım gələrdi. Qız cinsi yetkinliyə çatması ilə ərə getməsi arasındakı dövrdə doğma atasından diqqətlə qaçmağa borcludur. Küçədə onunla rastlaşanda gizlənir, heç vaxt onun yanında oturmağa cəsarət etmir və nişanlanana qədər özünü belə aparır. Ərə getdikdən sonra atası ilə ünsiyyəti üçün heç bir maneə qalmır.

Ən geniş yayılmış və sivil xalqlar üçün ən maraqlı «qaçınma» kişi ilə onun qayınanası arasındakı ünsiyyətin məhdudlaşdırılmasına aiddir. O, Avstraliyada hər yerdə yayılmışdır, həmçinin melaneziya, polineziya və zənci xalqlarında da qüvvədədir; totemizm və qrup qohumluğunun izləri nə qədər yayılıbsa, o da, çox güman ki, bir o qədər geniş yayılmışdır. Bu xalqların bəzilərində qadının qayınatası ilə ziyansız ünsiyyətinə də bənzər qadağalar var, lakin onlar o qədər də sabit və ciddi deyil. Ayrı-ayrı hallarda həm qayınata, həm də qayınana «qaçınma» obyektinə çevrilir.

Bizi qayınanadan qaçınmanın etnoqrafik yayılması onun məzmunundan və məqsədindən az maraqlandırdığından, bu halda da bir neçə misal verməklə kifayətlənəcəyəm.

Banqka adalarında bu qadağalar çox sərtdir və əzabverici dərəcədə dəqiqdir. Kişi öz qayınanasından qaçmalıdır, o da ondan. Əgər təsadüfən cığırda rastlaşsalar, qadın kənara çəkilir və kişi keçib gedənə qədər ona arxa çevirir, yaxud eyni şeyi kişi edir.

Vanua Levidə (Port Patteson) kişi dəniz sahilində belə qayınanasının arxasınca getməməlidir, ta ki qabarma onun qumdakı ayaq izlərini yuyub aparana qədər. Lakin onlar müəyyən məsafədə bir-biri ilə danışa bilərlər. Onun qayınanasının, yaxud onun kürəkəninin adını çəkməsi tamamilə istisna olunur.

Solomon adalarında kişi evləndiyi vaxtdan qayınanasına baxmamalı, onunla danışmamalıdır. O, onunla rastlaşanda elə edir ki, sanki onu tanımır və ondan gizlənmək üçün var gücü ilə qaçır.

Zuluslarda əxlaq tələb edir ki, kişi qayınanasından utansın, onun cəmiyyətindən hər yolla qaçsın. O, qayınanasının olduğu daxmaya girmir və rastlaşsalar, o, yaxud qayınana yana çəkilir: qadın kolluğa gizlənir, kişi isə üzünü qalxanla örtür. Əgər bir-birindən yayına bilməsələr və qadının bürünmək üçün bir şeyi olmasa, heç olmasa lazımi mərasimi yerinə yetirmək üçün başına bir dəstə ot bağlayır. Onların ünsiyyəti ya üçüncü şəxs vasitəsilə olur, ya da aralarında hər hansı bir maneə – məsələn, kraalın divarları – olmaqla müəyyən məsafədən qışqıraraq danışa bilərlər. Onlardan heç biri digərinin adını çəkməməlidir.

Nil mənbələri bölgəsindəki zənci qəbiləsi olan basoqlarda kişi qayınanası ilə yalnız evin başqa bir otağında olanda və onu görmədikdə danışa bilər. Yeri gəlmişkən, bu xalq qanqarışdırmadan o qədər qorxur ki, onu ev heyvanları arasında belə cəzasız qoymur.

Digər «qaçınmaların» qohumlar arasındakı məqsədi və mənası şübhə doğurmur və bütün müşahidəçilər tərəfindən qanqarışdırmaya qarşı qoruyucu tədbir kimi başa düşülürsə, qayınana ilə ünsiyyətə aid qadağaya bəziləri başqa məna verirlər. Tamamilə təbiidir ki, anlaşılmaz görünür: nə üçün bütün bu xalqlarda kişi üçün artıq gənc olmayan, həqiqətdə anası olmasa da, anası ola biləcək bir qadın surətində təcəssüm olunan vəsvəsə qarşısında bu qədər böyük qorxu var?

Bu etiraz Fisonun baxışına qarşı da irəli sürülmüşdü: o, diqqəti ona çəkmişdi ki, bəzi nikah sinifləri sistemlərində bu baxımdan boşluq var və nəzəri olaraq kişi ilə onun qayınanası arasında nikaha yol verilir; buna görə də bu ehtimalın xüsusi qabaqlanmasına ehtiyac yaranmışdı.

Ser C. Lubbok özünün «Sivilizasiyanın mənşəyi» əsərində qayınananın kürəkənə münasibətini bir vaxtlar mövcud olmuş qaçırma yolu ilə nikaha (marriage by capture) gətirib çıxarır. «Qadınların qaçırılması mövcud olduğu müddətdə valideynlərin qəzəbi kifayət qədər ciddi olmalı idi. Bu nikah formasından yalnız simvollar qaldıqda, valideynlərin qəzəbi də simvollaşdırıldı və bu adət mənşəyi unudulduqdan sonra da qorunub saxlanıldı». Krouli üçün göstərmək asan idi ki, bu izah faktiki müşahidənin təfərrüatlarına nə qədər az uyğun gəlir.

E. B. Taylor hesab edir ki, qayınananın kürəkənə münasibəti arvadın ailəsi tərəfindən yalnız bir «tanımama» (cutting) formasıdır. Kişi ilk uşaq doğulana qədər yad sayılır. Lakin sonuncu şərtin qadağanı ləğv etmədiyi hallar bir yana, bu izah belə bir etiraz doğurur ki, o, adətin qayınana ilə kürəkən arasındakı münasibətə yayılmasını izah etmir, yəni cinsi faktoru nəzərə almır və qaçınma qanununda təzahür edən saf müqəddəs ikrah momentini nəzərə almır.

Yasağın səbəbi soruşulan bir zulus qadını böyük həssaslıqla cavab verdi: onun arvadını əmizdirmiş döşləri görməsi yaxşı deyil.

Məlumdur ki, kürəkənlə qayınana arasındakı münasibət sivil xalqlarda da ailə təşkilatının zəif tərəfini təşkil edir. Avropa və Amerikanın ağ xalqları cəmiyyətində qaçınma qanunları artıq yoxdur, lakin belə qanunlar əxlaqda qorunub saxlanılsaydı və ayrı-ayrı fərdlər onları yenidən dirçəltmək məcburiyyətində qalmasaydılar, bir çox davaların və narazılıqların qarşısını almaq olardı. Bəzi avropalıya vəhşi xalqların qaçınma qanunu sayəsində bu qədər yaxın qohum olmuş bu şəxslər arasında fikir ayrılığının yaranmasını qabaqcadan qeyri-mümkün etmələri dərin hikmət aktı kimi görünə bilər. Şübhəsiz ki, qayınana ilə kürəkənin psixoloji vəziyyətində onlar arasındakı düşmənçiliyə kömək edən və birgə yaşayışı çətinləşdirən bir şey var. Sivil xalqların zarafatlarının bu qədər tez-tez öz obyekti kimi qayınana mövzusunu seçməsi, mənə elə gəlir, onu göstərir ki, kürəkənlə qayınana arasındakı hissi reaksiyalar hələ də bir-birinə kəskin zidd olan komponentlərə malikdir. Hesab edirəm ki, bu münasibət, əslində, «ambivalentdir» – mehriban və düşmən hisslərdən ibarətdir.

Bu hisslərin müəyyən bir hissəsi tamamilə aydındır: qayınana tərəfdən – qızı üzərindəki hüquqlardan imtina etmək istəməməsi, qızının məsuliyyəti ona həvalə olunmuş yad adama inamsızlıq, öz evində alışdığı hökmran mövqeyi saxlamaq meyli. Ər tərəfdən – heç birinin iradəsinə daha tabe olmamaq qətli, arvadının nəvazişinin ondan əvvəl mənsub olduğu şəxslərə qısqanclıq və – last not least – cinsi yüksək qiymətləndirmə illüziyasının pozulmasını istəməmək. Belə pozulma ən çox qayınananın onun arvadını xeyli xatırladan, eyni zamanda isə arvadında onun üçün bu qədər qiymətli olan gənclikdən, gözəllikdən və psixi təravətdən məhrum olan üz cizgilərindən irəli gəlir.

Ayrı-ayrı adamların psixoanalitik tədqiqinin bizə verdiyi gizli ruhi hərəkətlər haqqında bilik bu motivlərə daha başqa motivlər də əlavə etməyə imkan verir. Qadının nikahda və ailə həyatında psixoseksual tələbatları təmin olunmağı tələb etdiyi hallarda onu həmişə qane olunmamaq təhlükəsi gözləyir: buna ər-arvad münasibətlərinin vaxtından qabaq bitməsi və ruhi həyatının monotonluğu səbəb olur. Qocalan ana özünü bundan onunla qoruyur ki, övladlarının hissləri ilə yaşayır, özünü onlarla eyniləşdirir, onlarla birlikdə hiss sahəsindəki yaşantılarını keçirir. Deyirlər ki, valideynlər övladları ilə birlikdə cavanlaşır; bu, həqiqətən də valideynlərin övladlarından aldıqları ən qiymətli psixi üstünlüklərdən biridir. Uşaqsızlıq halında isə öz nikahında zəruri rezinyasiyanı həyata keçirmək üçün ən yaxşı imkanlardan biri aradan qalxır. Ananın qızının hissinə bu daxil olması o qədər uzağa gedir ki, o da qızının sevimli ərinə aşiq olur və bu, parlaq hallarda bu hisslərə qarşı güclü ruhi müqavimət nəticəsində nevrotik xəstəliyin ağır formalarına gətirib çıxarır. Qayınanada belə bir aşiq olma meyli hər halda çox tez-tez olur və ya bu hissin özü, ya da ona qarşı çıxan ruhi hərəkət qayınananın ruhunda bir-biri ilə mübarizə aparan qüvvələrin qasırğasına qoşulur. Çox tez-tez kürəkənə sevgi hərəkətinin düşmən sadist komponentləri yönəlir ki, bununla da qadağan olunmuş mehriban hissləri daha dəqiq boğsun.

Kişidə qayınanaya münasibət də bənzər ruhi hərəkətlərlə mürəkkəbləşir, lakin onlar başqa mənbələrdən qaynaqlanır. Obyekt seçimi yolu onu adətən ana surətindən, bəlkə də bacıların surətindən keçərək sevgi obyektinə aparırdı; insest məhdudiyyətləri nəticəsində onun sevgisi uşaqlığının hər iki əziz şəxsindən uzaqlaşdı və onların surəti və oxşarlığı üzrə seçilmiş yad obyektdə dayandı. Onun doğma anasının və doğma bacısının anasının yerini indi qayınana tutur. İlk dövrlərin seçiminə qayıtmaq meyli yaranır; lakin onun içində hər şey buna qarşı çıxır. Onun insest qorxusu tələb edir ki, heç nə ona sevgi seçiminin geneologiyasını xatırlatmasın; qayınananın aktual gerçəkliyə mənsub olması, onun qayınananı çoxdan tanımaması və şüuraltında onun surətini dəyişməz saxlaya bilməməsi ona qarşı mənfi münasibəti asanlaşdırır. Bu hiss qarışığına xüsusi bir qıcıqlanma və hiddət qatqısı bizi belə fərziyyəyə gətirir ki, qayınana kürəkən üçün həqiqətən də insest vəsvəsəsi təmsil edir; eyni şəkildə, digər tərəfdən, tez-tez olur ki, kişi əvvəlcə öz gələcək qayınanasına açıq-aşkar aşiq olur, sonra isə meyli onun qızına keçir.

Vəhşilərdə qayınana ilə kürəkənin qaçınmasını məhz bu insest amilinin motivləşdirdiyini fərz etməyə nə mane ola bilər, görmürəm. Ona görə də bu primitiv xalqların bu qədər ciddi gözlənilən «qaçınmalarını» izah etmək üçün ilk dəfə Fisonun ifadə etdiyi və bu göstərişlərdə yenə də mümkün olan insestə qarşı yalnız müdafiə görən fikri üstün tutardıq. Eyni şey qan qohumları, yaxud qohumluq əlaqəsi olan şəxslər arasındakı bütün digər «qaçınmalara» da aiddir. Fərq ondan ibarətdir ki, birinci halda qanqarışdırma bilavasitədir və onun qarşısını almaq niyyəti şüurlu ola bilərdi; ikinci halda, qayınanaya münasibəti də əhatə edən halda, insest şüursuz ara bağlar vasitəsilə ötürülən xəyali vəsvəsə olardı.

Əvvəlki izahatda bizim psixoanalitik işıqlandırmadan istifadə etməklə xalqların psixologiyasının faktlarını yeni şəkildə başa düşmək mümkün olduğunu göstərmək imkanımız olmadı, çünki vəhşilərdə insest qorxusu çoxdan məlum olub və əlavə şərhə ehtiyac duymur. Onun qiymətləndirilməsinə biz belə bir təsdiq əlavə edə bilərik ki, o, tipik infantil bir cizgidir və nevrotiklərin ruhi həyatı ilə heyrətamiz oxşarlıq təşkil edir. Psixoanaliz bizə öyrətdi ki, oğlan uşağının ilk cinsi seçimi insest xarakterlidir, qadağan olunmuş obyektlərə – ana və bacıya – yönəlmişdir; o, həmçinin böyüyən gəncin insest vəsvəsəsindən azad olmaq üçün getdiyi yolları da bizə göstərdi. Lakin nevrotik daim müəyyən qədər psixi infantilizm nümayiş etdirir: o, ya psixoseksuallığın uşaqlıq şərtlərindən azad ola bilməmiş, ya da onlara qayıtmışdır (inkişafda ləngimə, reqressiya). Buna görə də onun şüursuz ruhi həyatında libidonun insest fiksasiyaları hələ də əsas rol oynamağa davam edir, yaxud yenidən oynamağa başlayır. Biz belə bir nəticəyə gəldik ki, insest arzularının hakimiyyəti altında olan valideynlərə münasibəti nevrozun əsas kompleksi elan etdik. İnsestin nevroz üçün bu əhəmiyyətinin kəşfi, əlbəttə, yetkin və normal adamların ümumi inamsızlığı ilə qarşılaşır. Eyni tanınmama Otto Rankın insest mövzusunun bədii yaradıcılığın motivlərində nə qədər mərkəzi yer tutduğunu getdikcə daha çox inandıran əsərlərini gözləyir; bu mövzu sonsuz variasiyalarda və təhriflərdə poeziyaya material verir. Belə tanınmamanın ilk növbədə adamların öz əvvəlki, sonradan sıxışdırmaya məruz qalmış insest arzularına qarşı dərin ikrahının məhsulu olduğunu düşünmək lazım gəlir. Buna görə də bizim üçün vacibdir ki, vəhşi xalqlar üzərində göstərə bilirik: onlar insanın sonralar şüursuzlaşmalı olan insest arzularında təhlükə hiss etmiş və onların qarşısını ən sərt tədbirlərlə almağı zəruri saymışlar.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.