5. Yuxunun yozumuna əlavə
Normal, sabit vəziyyətlərin tədqiqatı — onda Mənin «O»na qarşı sərhədləri müqavimətlərlə (qarşı-yükləmələrlə) qorunub saxlanılıb dəyişilməz qalıblar və Üst Mən Məndən fərqləndirilmir, çünki hər ikisi uyğun-uyğuna işləyirlər — belə tədqiqat bizə az aydınlıq verərdi. Bizə irəliləmək imkanı verən yalnız münaqişə və qarışıqlıq vəziyyətləridir: qeyri-şüurlu «O»nun məzmununun Məna və şüura nüfuz etmək ümidi olduğu və Mənin bu basqına yenidən müdafiəyə qalxdığı vaxt. Yalnız bu şərtlər altında hər iki tərəf haqqında iddialarımızı təsdiq edən və ya düzəldən müşahidələr edə bilərik. Belə vəziyyət isə gecə yuxusudur; ona görə də yuxu kimi qavradığımız yuxu vəziyyətindəki psixik fəaliyyət bizim ən əlverişli tədqiqat obyektimizdir. Bununla biz eyni zamanda tez-tez eşitdiyimiz ittihamdan yaxa qurtarırıq ki, deyirlər, biz normal ruh həyatını patoloji tapıntılara görə qururuq: yuxu normal insanların həyatında qaydasınca baş verən hadisədir, onun xüsusiyyətləri oyaq həyatımızın məhsullarından nə qədər fərqlənsə də. Məlumdur ki, yuxu çaşqın, anlaşılmaz, düz mənasız ola bilər; onun bildirdikləri reallıq haqqında bütün biliyimizə zidd ola bilər və yuxu gördüyümüz müddətdə biz ruhi xəstələr kimi davranırıq — yuxunun məzmunlarına obyektiv reallıq veririk.
Yuxunu başa düşmək («yozmaq») yoluna biz o fərziyyə ilə çıxırıq: oyanandan sonra yuxu kimi yadımıza saldığımız əsl yuxu prosesi deyil, yalnız onun arxasında gizləndiyi fasaddır. Bu bizim aşkar yuxu məzmunu ilə latent yuxu fikirləri arasındakı fərqləndirməmizdir. Sonunculardan birinciləri doğuran prosesə yuxu işi deyirik. Yuxu işinin öyrənilməsi bizə mükəmməl bir misal üzərində göstərir ki, «O»dan gələn qeyri-şüurlu material — ilkin olan da, sıxışdırılmış da — Məna necə özünü qəbul etdirir, qabaqşüurlulaşır və Mənin müqaviməti sayəsində o dəyişikliklərə məruz qalır ki, onları yuxunun təhrifi kimi tanıyırıq. Yuxunun bu yolla aydınlanmayan heç bir xüsusiyyəti yoxdur.
Ən yaxşısı o təsbitlə başlamaqdır ki, yuxunun yaranmasına iki cür səbəb var. Ya yuxu vaxtı əks halda basdırılmış həvəs impulsu (qeyri-şüurlu arzu) Məndə özünü göstərmək qüvvəsini tapır, ya da oyaq həyatdan artıq qalan meyl — ona yapışmış bütün münaqişə impulsları ilə qabaqşüurlu fikir gedişi yuxuda qeyri-şüurlu elementlə qüvvətlənmə tapır. Deməli, yuxular ya «O»ndan, ya Məndən gəlirlər. Yuxunun yaranması mexanizmi hər iki halda eynidir, dinamik şərt də eynidir. Mən sonradan «O»ndan yaranmasını onunla sübut edir ki, vaxtaşırı öz funksiyalarını dayandırır və əvvəlki vəziyyətə qayıtmağa imkan verir. Bu, düzgün şəkildə baş verir: o, xarici dünya ilə münasibətlərini kəsir, qavrama orqanlarından yükləmələrini geri çəkir. Haqlı olaraq demək olar: doğuşla tərgedilmiş uşaqlıq-içi həyatına qayıtmaq həvəsi, yuxu həvəsi yaranmışdır. Yuxu belə analığa qayıdışdır. Oyaq Mən hərəkətliliyə hakim olduğundan bu funksiya yuxu vəziyyətində iflic olur və bununla qeyri-şüurlu «O»na qoyulmuş maneələrin yaxşı bir hissəsi artıq olur. Bu qarşı-yükləmələrin geri çəkilməsi və ya azalması isə indi «O»na zərərsiz miqyarda azadlıq verir. Qeyri-şüurlu «O»nun yuxunun yaranmasında payı haqqında dəlillər bol və məcburedicidirlər. a) Yuxu yaddaşı oyaq vəziyyətin yaddaşından xeyli genişdir. Yuxu yuxu görənin unutduğu, oyaq olanda əlçatmaz olduğu xatirələri gətirir. b) Yuxu dilsimvollardan məhdudiyyətsiz istifadə edir, onların mənasını yuxu görən əksərən bilmir; amma biz onların mənasını öz təcrübəmizlə təsdiqləyə bilirik. Onlar ehtimal ki, dil inkişafının əvvəlki fazalarından gəlirlər. c) Yuxu yaddaşı çox vaxt yuxu görənin erkən uşaqlıqdan təəssüratlarını yenidən yaradır — onların yalnız unudulması haqqında deyil, eyni zamanda sıxışdırma ilə qeyri-şüurlu olması haqqında müəyyənliklə iddia edə bilərik. Yuxunun yuxu görənin erkən çağının rekonstruksiyasında köməyi məhz buna söykənir — biz o köməyi nevrozların analitik müalicəsində sınayırıq və əksərən onsuz da keçə bilmərik. d) Bundan əlavə, yuxu elə məzmunları üzə çıxarır ki, onlar nə yuxu görənin yetkin həyatından, nə də unudulmuş uşaqlığından gələ bilərlər. Onları arxaik irsə aid etməyə məcburuq: uşaq babalarının yaşadıqları ilə təsirlənərək hər hansı öz təcrübəsindən əvvəl onu dünyaya gətirir. Bu filogenetik materialın qarşılıqlarını insanlığın ən qədim əfsanələrində və sağ qalmış adətlərində tapırıq. Yuxu beləcə insanın tarixəqədərki keçmişinin rədd edilməyə layiq olmayan mənbəyinə çevrilir. Amma yuxunu bizim dərketməmiz üçün bu qədər qiymətsiz edən o şərtidir ki, qeyri-şüurlu material Məna nüfuz edəndə öz iş üsullarını da özü ilə gətirir. Bu o deməkdir ki, o, ifadəsini tapdığı qabaqşüurlu fikirlər yuxu işi gedişində elə işlənilirlər, sanki onlar «O»nun qeyri-şüurlu paylarıdırlar; yuxunun yaranmasının digər halında isə qeyri-şüurlu həvəs impulsunun qüvvətlənməsini özlərinə götürən qabaqşüurlu fikirlər qeyri-şüurlu vəziyyətə salınırlar. Yalnız bu yolla öyrənirik ki, qeyri-şüurlu axının qanunları nədən ibarətdir və onlar bizim
məlum qaydalardan nə ilə fərqləndiklərini. Deməli, yuxu işi mahiyyətcə qabaqşüurlu fikir proseslərinin qeyri-şüurlu işlənməsi halıdır. Tarixdən bir məsəl çəkək: işğalçı fəthçilər fəth edilmiş ölkəni orada rast gəldikləri hüquqla deyil, öz hüquqları ilə idarə edirlər. Amma yaxşı görünür ki, yuxu işinin nəticəsi güzəşdür. Qeyri-şüurlu materiala məcburi tətbiq edilən təhrifdə və bütövə Mənin hələ qəbul edə biləcəyi şəkil verməyə çox vaxt çox natamam cəhdlərdə (ikincili işlənmə) hələ iflic olmamış Mən orqanizasiyasının təsiri görünür. Bu, məsəldə desək, tabe olanların davam edən müqavimətinin ifadəsidir.
Qeyri-şüurlu axının beləcə üzə çıxan qanunları kifayət qədər qəribədirlər və bizə yuxunun əksər yad tərəflərini izah etməyə bəs edirlər. Əvvəla burada sıxlaşdırmaya gözlənilməz dərəcədə aydın meyl var: oyaq təfəkkürdə bizim mütləq ayrı saxlayacağımız elementlərdən yeni vəhdətlər yaratmaq can-atması. Nəticədə aşkar yuxunun tək bir elementi çox vaxt bütün latent yuxu fikirlərinin sayını təmsil edir — sanki o, hamıya aid ortadamıştır; umumiyyətlə, aşkar yuxunun həcmi onun doğulduğu zəngin materiala nisbətən fövqəladə qısalmışdır. Yuxu işinin digər xüsusiyyəti — əvvəlkidən tam asılı olmasa da — psixik intensivliklərin (yükləmələrin) bir elementdən o birinə asan yerdəyişməsidir: beləcə, aşkar yuxuda çox vaxt elə element ən aydın və ona görə də ən mühüm kimi görünür ki, o, yuxu fikirlərində ikinci dərəcəli idi; əksinə, yuxu fikirlərinin mühüm elementləri aşkar yuxuda yalnız kiçik işarələrlə təmsil olunurlar. Üstəlik, yuxu işinə sonrakı bütün əməliyyatlar üçün bir elementi o birisi ilə əvəz etməyə çox vaxt çox görsüz ortaq əlamətlər bəs edirlər. Başa düşülür ki, sıxlaşdırma və yerdəyişmə mexanizmləri yuxunun yozumunu, aşkar yuxu ilə latent yuxu fikirləri arasındakı münasibətlərin aşkarlanmasını nə qədər çətinləşdirə bilər. Nəzəriyyəmiz bu iki meylin — sıxlaşdırma və yerdəyişmənin — göstərilməsindən belə nəticə çıxarır: qeyri-şüurlu «O»da enerji sərbəst hərəkətlilik vəziyyətindədir və «O» üçün həyacan miqdarlarının boşalması imkanı hər şeydən çox əhəmiyyət daşıyır,1) və nəzəriyyə hər iki xüsusiyyətdən «O»ya şamil edilən ilkin prosesin xarakteristikasında istifadə edir.
Yuxu işinin öyrənilməsi yolu ilə qeyri-şüurlu proseslərin daha çox başqa xüsusiyyətlərini də öyrənmişik — qəribə olduqları qədər əhəmiyyətli olanları; burada onlardan yalnız bir neçəsinə toxunacağıq. Məntiqin həlledici qaydaları qeyri-şüurluda qüvvəyə minmirlər; demək olar, o, məntiqsizliyin çarlığıdır. Əks məqsədli meyllər qeyri-şüurluda yan-yana mövcuddurlar və onların uzlaşdırılmasına ehtiyac belə oyanmır. Ya onlar bir-birinə heç təsir etmirlər, ya da təsir edirlərsə, qərar verilmir, güzəş yaranır — o, mənasızlaşır, çünki bir-birilə barışmaz təfərrüatları özündə saxlayır. Bununla yaxın durur ki, qarşıdıqlar ayrı saxlanmırlar, eyni kimi işlənirlər, beləcə aşkar yuxuda hər element öz əksini də bildirə bilir. Bəzi dilçi alimlər aşkar etdilər ki, ən qədim dillərdə də belə idi: güclü-zəif, işıqlı-qaranlıq, hündür-alçaq kimi qarşıdıqlar əvvəlcə eyni köklə ifadə edilirdilər, ta ki, ilkin sözün iki fərqli dəyişməsi hər iki mənanı bir-birindən ayırana qədər. İlk ikimənalılığın qalıqları daha hələ latin dili kimi inkişaf etmiş dildə də qalıb: altus (hündür və alçaq), sacer (müqəddəs və ləənətli) və s. işlənmələrində.
Aşkar yuxu ilə onun arxasında duran latent məzmun arasındakı münasibətlərin mürəkkəbliyi və çoxmənalılığı qarşısında təbii ki, soruşmaq haqqımız var: nə yolla ümumiyyətlə birindən o birini çıxarmaq mümkün olur və
1) Analogiya belə olardı: rəisindən söz-sözsüz yazacaq alan çavuş öz əsəbini ən yaxın günahsız sadə əsgər üzərində boşaldır.
bunun üçün yalnız xoşbəxt təxminə söykənməli olduğumuza — onu aşkar yuxuda görünən simvolların tərcüməsi də dəstəkləyə bilər. Cavab vermək olar: bu vəzifə əksər hallarda məmnunedici şəkildə həll olunur, amma yalnız yuxu görənin aşkar məzmun elementlərinə özü verdiyi assosiasiyaların köməyi ilə. Hər başqa üsul özbaşınadır və etibarlılıq vermir. Yuxu görənin assosiasiyaları isə o ara elementləri üzə çıxarır ki, biz onları hər ikisinin arasındakı boşluğa yerləşdirir və onların köməyi ilə yuxunun latent məzmununu bərpa edir, yuxunu yaza bilirik. Yuxu işinə əks gedən bu yozum işi bəzən tam etibarlılıq əldə etmirsə, təəccüblü deyil.
Qalır bir şey: dinamik izahı vermək — niyə yatan Mən ümumiyyətlə yuxu işi vəzifəsini öz üzərinə götürür. Xoşbəxtlikdən onu asan tapmaq olur. Yaranmaqda olan hər yuxu qeyri-şüurlunun köməyi ilə Mənə iddia irəli sürür: «O»ndan gəlirsə — bir həvəsin ödənilməsinə; oyaq həyatdakı qabaqşüurlu fəaliyyətin qalığından gəlirsə — münaqişənin həlli, şübhənin aradan qalxması, niyyətin yerinə yetirilməsinə. Amma yatan Mən yuxunu saxlamaq arzusuna tənzimlənib, bu iddianı narahatlıq kimi hiss edir və onu aradan qaldırmağa çalışır. Bunu Mən görünən güzəştlə nail olur: iddiaya bu şəraitdə zərərsiz arzu gerçəkləşməsi qarşı qoyur və onu beləcə ləğv edir. İddianın arzu gerçəkləşməsi ilə əvəzedilməsi yuxu işinin əsas xidməti kimi qalır. Bəlkə də, bunu üç sadə misal üzərində izah etmək artıq olmazdı: ac yuxusu, rahatlıq yuxusu və cinsi ehtiyacın doğurduğu yuxu. Yuxu görənin yuxusunda yemək ehtiyacı özünü bildirir; o, ziyafət yuxusu görür və yuxulamağa davam edir. Təbii ki, onun ixtiyarı vardı: ya yemək üçün oyanmaq, ya yuxunu davam etdirmək. O, sonuncunu seçib acığını yuxu ilə ödədi. Hər halda bir müddətə; ac ərsəyə gəlsə, yenə oyanmalı olacaq. Digər hal:
yatıcı müəyyən vaxtda klinikada olmaq üçün oyanmalıdır. Amma o, yuxulamağa davam edir və yuxu görür ki, onsuz da klinikadadır — hərçənd xəstə kimi, yatağını tərk etmək lazım deyil. Və ya gecə yarısı qadağan cinsi obyektdən — dostunun arvadından — ləzzət almaq həsrəti oyanır. O, cinsi birləşmə yuxusu görür — hərçənd bu şəxslə deyil, amma eyni adı daşıyan başqa biri ilə, hərçənd o özü ona biganədir. Və ya onun müqaviməti ondadır ki, sevgili tam anonim qalır.
Təbii ki, bütün hallar bu qədər sadə deyil; xüsusən tamamlanmamış gündüz qalıqlarından gedən və yuxu vəziyyətində yalnız qeyri-şüurlu qüvvətlənmə götürən yuxularda qeyri-şüurlu həvəs qüvvəsini üzə çıxartmaq, onun arzu gerçəkləşməsini sübut etmək çox vaxt asan olmur — amma fərz etmək olar ki, o, həmişə mövcuddur. «Yuxu arzu gerçəkləşməsidir» müddəası asan inamsızlıqla qarşılanır, yada salanda neçə yuxunun birbaşa narahatedici məzmunu olduğunu və hətta qorxu ilə oyanmaya gətirib çıxardığını — müəyyən hiss tonu olmayan o qədər çoxsaylı yuxuları heç deməməklə. Amma qorxu yuxusunun etirazı analizin qarşısında dayanmır. Unutmaq olmaz ki, yuxu bütün hallarda münaqişənin nəticəsi, bir növ güzəş quruluşudur. Qeyri-şüurlu «O» üçün ödənilmə olan şey məhz ona görə Mən üçün qorxu səbəbi ola bilər.
Yuxu işinin gedişində bir dəfə qeyri-şüurlu daha yaxşı özünü keçirtdi, başqa dəfə Mən daha enerjili müdafiəyə qalxdı. Qorxu yuxuları əksərən elələridir ki, onların məzmunu ən az təhrif yaşayıb. Qeyri-şüurlunun iddiası o qədər böyüyərsə ki, yatan Mən əlindəki vasitələrlə onu dəf edə bilmir, Mən yuxu arzusundan əl çəkir və oyaq həyata qayıdır. Bütün təcrübələri nəzərə alsaq, deyərik: yuxu hər dəfə yuxu pozuntusunu arzu gerçəkləşməsi ilə aradan qaldırmaq cəhdidir, deməli o, yuxunun qoruyucusudur. Bu cəhd daha tam və ya daha az tam müvəffəqiyyət qazana bilər, uğursuz da bitə bilər — onda yatıcı oyanır, görünür, məhz bu yuxu onu oyadıb. Axı şəhərciyin yuxusunu qorumaq lazım olan vicdanlı gecə qarovulçusunun da bəzən başqa yolu qalmır: qarə çalmaq və yatan vətəndaşları oyatmaq.
Bu mülahizələrin sonuna elə bir xəbər qoyuruq ki, o, yuxunun yozumu problemindəki uzun dayanmağımızı haqlı çıxaracaq. Məlum oldu: yuxu işinin öyrənilməsi ilə tanıdığımız və bizə yuxunun yaranmasını izah edən qeyri-şüurlu mexanizmlər — elə həmin mexanizmlər bizə nevrozların və psixozların marağımızı oyadan sirli simptom quruluşlarını başa düşməkdə də kömək edirlər. Belə uyğunluq bizdə böyük ümidlər doğurmaqdadır.