Aforizmlər Ziqmund Freyd

10

Cəmiyyət, kütlə və əxlaq

İncildə deyilən: “öz doğmalarınızı sevin” öyüdü insanı aqressivliyə yönəldir və burada mədəni “Üstün Mənin” psixologiyaya zidd davranışının açıq-aydın üzə çıxması görünməkdədir. Bu, yerinə yetiriləsi bir öyüd deyildir, yoxsa, sevgini belə ucuzlaşdırmaq onun dəyərini heçə endirərdi, beləliklə də, sevgi insanların ona olan ehtiyaclarını ödəyə bilmək gücünü itirərdi.

İnsanı ağgünlü eləmək dünyanın yaradılması planına daxil olmamışdır.

İtiağıllıq – insanın içində alovlanan yağılıq duyğusunun başqa yolla söndürülə bilməməsindən yaranır.

İnsanlar düşündüklərindən daha çox əxlaqlıdırlar, ancaq təsəvvür elədiklərindən də qat-qat əxlaqsızdırlar.

Bir insan başqasında aradan qaldırılmalı olan hansısa bir yanlışlıq tapa bilməzsə, onda onların birlikdə yaşaması dözülməz bir darıxdırıcılıq yaradardı.

Qanmazlığın ilkin əlaməti utanmazlığın heç olmamasıdır.

Kütlənin bəlli adı yoxdur (anonimdir) və o öz üzərinə heç bir sorumluluq götürmür. Ayrılıqda götürülmüş hər bir fərddə olan sorumluluq duyğusu, bu fərd kütləyə qarışanda yoxa çıxır.

Olduqca çoxlu sayda mədəni sayılan kimsələr insan öldürməkdən, yaxud da insentdən sarsılardılar, ancaq elə bu mədəni kimsələr də, özlərini acgözlükdən, aqressivlikdən, aşırı seksual çılğınlıqdan həzz almaqdan çəkindirmir, cəzasız qalacaqlarına arxayın olduqca, başqalarının yaşamını yalanla, fırıldaqla, qarayaxmaqla ağuya döndərməyə yönəlik olurlar və bütün bunlar neçə min illər boyunca sürən mədəniyyət dönəmlərinin hamısında dəyişilməz olaraq qalmaqdadır.

Gerçəkləşmək istəyən instinktlərin güclü basqısı altında olan insanın qarşısında cəmiyyət üç yol qoyur. İnsanın daxili istəkləri ölçü-biçi gözləmədən birbaşa özünü gerçəkləşdirmək istəyəndə o, cinayətkara çevrilir; insan bu istəklərini sıxıb öz içində saxlayırsa o, nevrotik olur; insan bu istəklərini ictimai baxımdan yararlı sayılan işlərə qoşa biləndə isə dinclik içində yaşaya bilir.

Kütlədə heç vaxt həqiqəti öyrənmək yanğısı olmur. Ona illüziya gərəkdir, o, bunsuz yaşaya bilmir.

Azlığın kütlə üzərində ağalığı olmadan keçinmək olmaz, kütlə qaba olduğu, uzağı görmədiyi üçün özünün gərəksiz ehtiraslarından əl çəkmək istəmir, bununla bağlı çağırışları qulaqardına vurur və kütlənin içindəki ayrı-ayrı fərdlər onu özbaşınalığa və əxlaqsızlığa şirnikləndirir.

Milli özəllik – xalqın keçmiş tarixindən qalan qatılaşmış qalıqlardır.

Fərdlərin çoxusu qazandığı üstünlükləri, öz içərilərindəki aqressiv və öcəşkən duyğuları üzərində ağalıq eləyə bilməklə qazanmışlar; toplanan bu üstünlüklərdən isə, maddi və ideal baxımdan yararlı sayılan dəyərlər yaranmışdır. Öz ehtiraslarını cilovlaya bilməyərək toplumla uyuşmayanlar isə, birdən, toplumun yüksək qatında doğulmayıblarsa və özlərinin hansısa üstün bacarıqları ilə “qəhrəman” kimi tanınmayıblarsa, onda topluma qarşı olduqları üçün onları “cinayətkar”, yaxud da “dönük” saymışlar.

İnsanlar heç də həmişə, ürəklərinə yatan yamanlıqlara qapılmaqdan çəkinmirlər, onlar üçün ən başlıcası bunun başqalarından gizlin qalmasıdır.

Təbiət insanlara bədəncə və ruhca çox qeyri-bərabər bacarıqlar vermiş və bununla da, heç bir üsulla aradan qaldırıla bilməyən bir ayrı seçkilik yaratmışdır.

Hansısa sayda canlı varlıqlar bir yerə yığışanda – bunun heyvan sürüsü, yaxud insan kütləsi olması önəmli deyil – onlar instinktiv olaraq kiminsə böyüklüyünə boyun əyməyə yönəlik olurlar. Kütlə – kiminsə ağalığı olmadan yaşaya bilməyən üzüyola sürüdür. Kütlə, kiməsə boyun əyməyə çox qatı bir şəkildə yönəlik olduğundan, kimsə özünü ağa elan eləyən kimi, instinktiv olaraq ona boyun əyir.

Çoxlu sayda insanları sevgi telləri ilə biri-birinə bağlamaq asandır, ancaq bunun üçün gərək onların ayrıldığı və aqressiyalarının yönələcəyi başqa insanlar da olsunlar.

Belə bir önəmli fakt göz özündədir: insanlar öz bugünkü yaşamlarını çox böyük bir anlamazlıq içində yaşayırlar və onun anlamını dəyərləndirə bilmirlər; onlar gərək bugündən bir az qırağa çəkilsinlər, başqa sözlə desək, gərək bu gün keçmişə çevrilsin, yalnız bundan sonra onu dəyərləndirə və gələcəyə apara biləcək düzgün yönünü aydınlaşdıra bilsinlər.

İnsan – insanlığı siniflərə bölən və bu bölgünü qoruyan yasaqlara çox pis yanaşır.

Bu bölgüdə üstünlüklərə yiyələnmiş siniflərə qarşı bir gözügötürməzlik duyğusu yaranır və insan, bütün yollara əl ataraq, özünün də bu üstünlüklərə yiyələnə bilməsinə çalışır. İnsan mədəniyyətində özünü göstərən bu çatışmazlıq gec-tez qarşısıalınmaz sonuclara gətirib çıxarır. Toplumda çoxluqda olan və oturuşmuş durumu görməyə gözü olmayan sinif, azlıqda qalan sinfin əldə elədiyi üstünlükləri ona da verməyi bacarmayan mədəniyyəti yaşatmaq üçün işləməkdən boyun qaçırmağa başlayır, bu mədəniyyətin yükünü çəkməyi istəməyərək, onu devirir.

Mədəniyyətin hansısa bir toplumda qoyduğu yasaqların yaratdığı boşluq, çox vaxt, başqa toplumların mədəniyyət ideallarına yağılıq bəsləməklə doldurulur.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.