Müəllifin 3-cü nəşrə ön sözü

On il ərzində bu kitabın necə qarşılandığını və hansı təəssürat yaratdığını müşahidə edərək, mən kitabın üçüncü nəşri üçün bir sıra qeydlərimi vurğulamaq istəyirəm: bu qeydlər kitabın yanlış anlaşılması və ona münasibətdə icrası mümkün olmayan iddialarla əlaqədardır. Hər şeydən öncə bildirmək istəyirəm ki, kitabda ifadə edilən müddəalar elmi sübutlara arxalanan psixoanalitik araşdırmaların köməyi ilə dərinləşdirilmiş gündəlik həkimlik təcrübəsinə əsaslanır. “Seksuallıq nəzəriyyəsi ilə bağlı üç məqalə” zəruri şəkildə, psixoanalizdən çıxan nəticələrdən və onun təsdiq etdiyi müddəalardan başqa bir şey deyildir. Buna görə də onları necəsə, bütöv “seksual nəzəriyyəyə” qədər genişləndirmək imkanı istisna olunur və tamamilə aydındır ki, bu müddəalar ümumiyyətlə seksual həyatın bir sıra mühüm problemlərinə toxunmur. Bu səbəbdən burada buraxılmış başlıqların müəllifə məlum olmadığını, yaxud onun bu mövzulara ikinci dərəcəli qiymət verdiyini düşünməyə dəyməz.

Psixoanalitikanın təsiri altında yazılmış bu əsərin psixoanalitik təcrübədən asılılığı yalnız materialların seçimində deyil, həm də onların yerləşmə ardıcıllığında özünü göstərir. Təsadüflərdən asılı olan məqamlara daha böyük əhəmiyyət verilir, göz önündə olan meyillər arxa plana keçirilir və ontogenetik inkişafa (orqanizmin fərdi cismani inkişafı ilə əlaqədar cəhətlərə) filogenetik inkişafdan (orqanizmin tarixi inkişafından) daha öncə diqqət yetirilir. Analizdə təsadüfi təcrübələr başlıca rol oynayır, bu, analizlərin aparıcı xəttini təşkil edir; öncədən mövcud olan inkişaf meyilləri isə sanki bu təsadüfi təcrübələrin arxasından üzə çıxır və onların əhəmiyyəti psixoanalitika sahəsindəki çalışmaların sərhədlərindən çox-çox uzaqlara gedib çıxır.

Ontogenezis və filogenezis arasındakı münasibətlərə də belə bir asılılıq hakimdir. Ontogenezisə filogenezisin təkrarlanması kimi baxmaq olar, çünki filogenezis yeni təcrübələrin sayəsində dəyişilmir. Beləliklə, öncədən mövcud olan filogenetik meyillər ontogenetik proseslərin arxasından üzə çıxaraq görünür. Ancaq, mahiyyətcə, öncədən mövcud olan bu meyillər də özlüyündə növün daha öncə keçdiyi təcrübələrin qalıqlarıdır, bunlar isə öz növbəsində ayrı-ayrı mövcudluqların daha öncə qarşılaşdığı təsadüfi məqamların ümumi yekunu ilə əlaqəlidir.

Psixoanalitik araşdırmadan tam asılı olması ilə yanaşı, bunu da qeyd etməyi lazım bilirəm ki, mənim bu işimin xarakterik cəhəti, məqsədyönlü şəkildə, bioloji araşdırmalardan asılı olmamasıdır. Mən, insanın seksual funksiyasını psixoanalizin texnikası ilə öyrənməyə imkan verən bu araşdırmalarımda ümumi seksual biologiya və ya ayrı-ayrı heyvan növlərinin seksual biologiyası ilə bağlı elmi fərziyyələr yürütməkdən bütünlüklə qaçmağa çalışmışam.

Qarşımda dayanan başlıca məqsəd, psixoloji araşdırmalar vasitəsilə, biologiyanın insanın seksual həyatı ilə bağlı sahəsində nə əldə etməyin mümkünlüyünü öyrənmək idi; bu araşdırmalarımda aşkara çıxan bir sıra əlaqə və uyğunluqları göstərə bildim, ancaq özümdən bu məqamı da gizlətməyə ehtiyac duymadım ki, psixoanalitik araşdırmalar bir sıra mühüm hallarda, yalnız bioloji məlumatlara əsaslanan nəticə və baxışlardan geri qalır.

Üçüncü nəşrə çoxlu əlavələr etsəm də, ancaq onları bundan öncəki nəşrlərdə olduğu kimi, xüsusi işarələrlə qeyd etməmişəm. Bu günümüzdə bizim sahədəki elmi işlər daha yavaş sürətlə addımlayır; buna baxmayaraq, onun tədricən inkişafı, bu əsərin yeni psixoanalitik ədəbiyyatdan geri qalmaması üçün ona bir sıra əlavələr edilməsi zəruriyyəti yaradır.

Bonn, oktyabr 1914-cü il

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.