Bakirəlik tabusu

Primitiv xalqların seksual həyatındakı detallardan çox az bir hissəsi, onların bakirəliyə, qadın toxunulmazlığına verdiyi qiymət qədər duyğularımızda qəribə təəssürat yaradır. Qadına sevgi bəsləyən kişinin nəzərində onun bakirəliyinin dəyəri o qədər şübhəsiz və öz-özlüyündə aydındır ki, biz onun bu rəyini doğrultmaq və əsaslandırmaq istəyəndə demək olar, anlaşılmazlıqla qarşılaşırıq. Bir kişi ilə nikaha girən qızın başqaları ilə cinsi əlaqəsi barədə xatirələrinin olmaması tələbi, qadına istisnasız sahib olmaq tələbindən başqa bir şey olmayıb, bu sahədəki monopoliyanın indiyə aid olduğu kimi, keçmişə də tətbiq edilməsidir.

Qadınların sevgi həyatı ilə bağlı öncə məntiqsiz saydığımız fikirləri sonradan doğrultmaq bizim üçün artıq çətin deyildir. Kim ki, qızların uzun müddətdə sıxışdırılan sevmək həsrətini ilk dəfə çətinliklə də olsa təmin etməyi bacarır və bu vaxt onun ailə tərbiyəsi və mühitin təsiri ilə yaranmış müqavimətini qıra bilir, o şəxs bu qızla çox uzun müddətli, başqa heç kim üçün mümkün olmayan əlaqə yaratmış olur. Yaşadığı bu hisslərin nəticəsində qadınlarda “itaətkarlıq vəziyyəti” yaranır ki, ona ilkin yiyələnmiş şəxslə münasibətləri pozulmaz etməklə yanaşı, qadında bu istiqamətdə yeni təəssüratlar qazanma və digərlərinin ona yiyələnmək istəyinə qarşı müqavimət qabiliyyəti yaradır.

“Seksual itaətkarlıq” ifadəsi ilk dəfə 1892-ci ildə Kraft-Ebinq tərəfindən təklif edilmiş və bir şəxsin cinsi münasibətdə olduğu digər şəxsdən qeyri-adi dərəcədə asılılığı və qeyri-müstəqilliyi faktını bildirmək üçün işlədilmişdir. Bu cür “məhkumluq” bir sıra hallarda o qədər güclənə bilər ki, asılılıqda olan şəxsi bütün istəklərindən məhrum etməyə, öz maraqlarına qarşı ən ağır itkilərlə razılaşmağa gətirib çıxara bilər; ancaq bu ifadəni ilk işlədən müəllif bunu da qeyd edir ki, bu asılılıqda “cinsi əlaqənin uzunmüddətli olmasını zəruri şəkildə şərtləndirmənin” bəlli payı vardır. Seksual itaətkarlığın belə bir payı, həqiqətən də, mədəni nikahın saxlanılması və onu təhdid edən poliqamik tendensiyanı sıxışdırmaq üçün zəruridir və bizim ictimai birgəyaşayışımızda bu faktor həmişə nəzərə alınır.

Kraft-Ebinq seksual itaətkarlığın yaranmasını bir tərəfdən “qeyri-adi dərəcədə sevmək və xarakterin zəifliyi” ilə, digər tərəfdən isə hüdudsuz eqoizmlə izah edir. Ancaq analitik təcrübə bu cür sadə izahlarla kifayətlənməyi yolverilməz hesab edir. O göstərir ki, burada həlledici məqam, konsentrasiya (bütün fəaliyyətin bir nöqtədə toparlanması) və təkrarolunmazlıqla baş verən zəruri dəfetmə prosesinin aradan qaldırmalı olduğu seksual müqavimətin böyüklüyüdür. Buna görə də, “itaətkarlıq” çox tez-tez rast gəlinir və qadınlarda kişilərə nisbətən daha intensiv olur. Həmçinin, müasir kişilərdə bu fenomenə antik dövrə nisbətən daha çox rast gəlinir. Belə ki, kişilərdə özünü göstərən seksual “itaətkarlığı” öyrənmək imkanımız olan bütün hallarda onun, kişinin daimilik olaraq bağlanıb qaldığı qadının köməyi ilə özünün psixi impotensiyasını dəf etdiyi bəlli olur. Görünür, məhz işlərin bu sayaq gedişi ilə, çoxlu sayda əcaib görünən nikahları və heç də az olmayan və mühüm nəticələrə gətirib çıxaran faciəli taleləri izah etmək mümkündür.

Primitiv xalqlarda bakirəliyə heç bir əhəmiyyət verilmədiyini və bunun sübutu kimi bakirəliyin pozulmasının nikahdan öncə baş verdiyini göstərən şəxslər, əslində onların davranışını yanlış olaraq qiymətləndirir. Əksinə, belə görünür ki, bu xalqlar üçün bakirəliyin pozulması böyük əhəmiyyət kəsb edən hadisədir, ancaq dini qadağa vasitəsi ilə tabu predmeti olmuşdur. Adət tələb edir ki, bakirə qızı öz gələcək ərinə təqdim etməzdən öncə, bu tabu pozulsun və gələcək ər tabunu pozan ilk şəxs olmasın.

Bu qadağanın mövcud olduğunu sübut edən ədəbiyyat örnəklərini toplamaq, onun yayılma coğrafiyasını izləmək, hansı formalarda ifadə olunduğunu sadalamaq mənim planımda yoxdur. Yalnız bunu təsbit etməklə kifayətlənirəm ki, bakirəliyin bu cür, yəni evlənməzdən öncə pozulması hal- hazırda yaşayan primitiv xalqların arasında yetərincə geniş yayılmışdır. Bununla bağlı olaraq araşdırıcılardan Krauli deyir: “Aşağı səviyyəli mədəniyyətə malik xalqların, xüsusilə də Avstraliyanın yerli sakinlərinin nikah mərasiminə gəlinin qızlıq pərdəsinin yırtılması ayini daxildir, ancaq bunu onun gələcək əri deyil, xüsusi bir şəxs icra edir”.

Əgər nikahdan sonrakı ilk cinsi əlaqədə bakirəliyin pozulmasına yer yoxdursa, onda bu gərək daha öncə, necəsə və kiminsə tərəfindən icra olunsun. Kraulinin xatırlatdığım kitabından bu məsələyə həsr olunmuş bir neçə məlumatı baxışlarınıza çatdırmaq istəyirəm: yeri gəlmişkən, bu məlumatlar bir sıra tənqidi qeydlər etmək üçün də əsas verir.

Səh.191: “Avstraliyanın Diyeri və bir sıra qonşu qəbilələrində cinsi yetkinlik yaşına çatmış qızların qızlıq pərdəsini yırtmaq adəti yayılmışdır. Portland və Glenelqa adlanan qəbilələrdə bunu qəbilədən olan yaşlı qadınlardan biri icra edir, bəzən də, ağ adamlardan kimisə dəvət edirlər ki, cinsi əlaqə yolu ilə qızın bakirəliyini pozsun”.

Səh.307: “Qızlıq pərdəsinin məqsədyönlü şəkildə yırtılması bəzən uşaqlıq yaşlarında icra olunur, ancaq adətən bunun cinsi yetkinlik yaşına çatdıqdan sonra edilməsi daha geniş yayılmışdır... Çox vaxt, bu hadisə, Avstraliyada olduğu kimi, xüsusi mayalandırma aktı ilə birlikdə icra olunur”.

Səh.348: (burada müəllif Spenser və Jillenin, ekzoqamik nikah məhdudiyyəti qoyulan Avstraliya qəbilələri haqqında məlumatlarına istinad edir): “Qızlıq pərdəsi süni şəkildə yırtılır və bu əməliyyatı icra edən kişi dəqiq müəyyən edilmiş qaydaya əsasən (burada bəlli ayin qaydalarının olduğu da qeyd olunmalıdır) qızla cinsi əlaqəyə girir. Bütün proses qızlıq pərdəsinin dağıdılmasını və sonrakı cinsi əlaqəni təmin edən iki aktdan ibarət olur”.6

Səh.349: “Ekvator boyunca yaşayan afrikalı mazay qəbiləsində bu əməliyyat nikaha hazırlığın ən başlıca elementini təşkil edir. Malay adasındakı Zakaylar, Sumatradakı battlar, Tselebesdəki alfurlarda qızlıq pərdəsinin yırtılmasını qızın atası icra edir. Filippin adalarında xüsusi ixtisaslaşmış müəyyən kişilər var idi ki, qızların uşaq vaxtı qızlıq pərdəsi yaşlı qadınlar tərəfindən yırtılmadığı hallarda bu işi icra edirdilər. Bir sıra eskimos qəbilələrində qızlıq pərdəsinin yırtılması şamanlara tapşırılır”.

Yuxarıda xatırlatdığım tənqidi qeydlər iki bəndə aiddir. Birincisi, təəssüf etmək lazım gəlir ki, bu məlumatlarda qızlıq pərdəsinin cinsi əlaqə olmadan və cinsi əlaqə vasitəsi ilə yırtılması arasındakı fərqlər barədə ətraflı bilik verilmir. Yalnız bir yerdə aydın şəkildə deyilir ki, proses iki aktdan ibarət olur: əl, yaxud hansısa alətlə qızlıq pərdəsi yırtılır və bunun ardınca, cinsi əlaqə baş verir. Bununla bağlı Bartels-Plossun çap etdirdiyi zəngin materiallar da bizim məqsədimiz üçün yararsızdır, çünki bu materiallarda qızlıq pərdəsinin yırtılmasının psixoloji əhəmiyyəti, onun anatomik nəticələri barədə təsvirinin arxasında qalıb itirilir. İkincisi, bu şəraitdə baş verən cinsi əlaqə “mərasiminin” (təntənəli və rəsmi) normal cinsi əlaqədən necə fərqləndiyini öyrənmək üçün burada heç bir məlumat verilmir. Mənim üçün əlçatan olan müəlliflər, ya hədsiz utandıqları üçün bu haqda danışmırlar, yaxud da, bu cür seksual detallara psixoloji nöqteyi- nəzərdən çox az əhəmiyyət vermişlər. Ümid etmək olar ki, səyyahların və missionerlərin bu barədə daha əhatəli və birmənalı bilikləri vardır, ancaq bu məlumatlar bizim üçün əlçatan olan xarici dildə nəşr olunan kitablara salınmamışdır və buna görə də, məsələ ilə bağlı aydın bir fikir söyləmək mümkün deyildir. İkinci bəndlə bağlı belə bir şübhə də vardır ki, ola bilsin bu təntənəli mərasim, qızlıq pərdəsinin əl, yaxud alətlə yırtılmasını əvəz etmək üçün sonradan yaranmış və bütünlüklə pərdənin mexaniki şəkildə yırtılması aktının yerini tutmuşdur.7

Bakirəlik tabusunu izah etmək üçün çoxlu sayda müxtəlif məqamları göstərmək olar ki, mən indi onları qısaca qiymətləndirməyə çalışacağam. Adətən, qızlıq pərdəsinin yırtılması zamanı qan axır; bunu etmək üçün ilk cəhddə belə olur və burada primitiv xalqların qanda həyatın olmasına əsaslanan təsəvvürü bu hadisə ilə bağlı qorxu hissi yaradır. Qan tökülməsinə qoyulmuş bu tabu, seksuallıqla heç bir əlaqəsi olmayan çoxlu misallarla sübut olunur; görünür, bu hadisənin öldürməyin qadağan edilməsi ilə əlaqəsi vardır və ibtidai insanın qaniçənliyi, öldürmək yanğısı kimi xüsusiyyətlərinin qarşısının alınması üçün müdafiə tədbiridir. Bakirəlik tabusunun bu cür anlaşılması, demək olar ki, istisnasız əməl edilən aybaşı qadağası ilə əlaqəyə yol açır. Primitiv insan qanaxma ilə müşayiət olunan aybaşı kimi sirli fenomeni sadistik təsəvvürlərindən ayıra bilmir. Aybaşı, xüsusilə də onun birinci baş verdiyi hal, xəyali, ruh şəklində gəzən vəhşinin dişləməsinin nəticəsi kimi yozulur və burada ruhla seksual münasibət önə çıxarılır. Əcdadların ruhu ilə bağlı primitiv insanların digər baxışlarını öyrənməklə belə bir fikrə gəlmək mümkündür ki, aybaşısı başlayan qız onların nəzərində əcdadın ruhunun mülkiyyəti olduğu üçün tabuya çevrilir.

Digər tərəfdən, məntiq bizə xəbərdarlıq edir ki, burada yalnız bir məqamı - qandan qorxmağı ifrat şəkildə qiymətləndirməyək. Axı bu qorxu, oğlan uşaqlarının sünnət edilməsi kimi adətlərin qarşısını ala bilməmiş, bir sıra yerlərdə isə daha qanlı hadisə olan qızların sünnət edilməsi (klitorun və kiçik dodaqcıqların kəsilməsi) faktı da vardır ki, bütün bunlar bakirəlik tabusunun olduğu qəbilələrdə baş verir. Həmçinin, bakirəlik tabusunun mövcud olduğu qəbilələrdə qan tökülməsi ilə müşayiət edilən digər mərasimlər də vardır. Ona görə də, əgər bu qorxunun dəf edilməsi qızın ərə getdiyi kişiyə həvalə olunursa, burada təəccüblü heç nə yoxdur.

İkinci izah da seksuallığa diqqət yetirmir, ancaq həm də daha çox uzaqlara gedib çıxır. O göstərir ki, primitiv insan həmişə onu təhdid edən qorxu hissinin təsiri altındadır və onun bu vəziyyəti, eyni ilə, psixoanalizin nevroz təlimində göstərdiyi, nevrotiklərin daimi qorxu hissi altında yaşamasına bənzəyir. Qorxuya bu meyillilik, daha çox, adi vəziyyətlərə uyğun olmayan hallarda – hansısa yenilikdən, gözlənilməzlikdən, anlaşılmazlıqdan, təhlükədən yaranıb meydana çıxır. Çox sonrakı dinlərə gedib çıxan, istənilən başlanğıcı, yeni dövrün başlanmasını, insanın, heyvanın ilk balasının doğulmasını, bitki və ağacların birinci bəhərini xüsusi mərasimlə qeyd etmək öz mənşəyini buradan götürür. Təhlükənin təhdid edib qorxutduğu şəxsin fikrincə, o özünün başlanğıcında olduğundan daha qorxunc vəziyyətdə olmur və ondan ən məqsədyönlü müdafiə məhz bu başlanğıcda olmalıdır. Nikahda ilk cinsi əlaqə də, belə bir ehtiyat tədbirinin görülməsinə əsas verir. Hər iki izah – qan qarşısında və ilkin başlanğıcdan qorxmaq, bir-biri ilə ziddiyyət yaratmır, əksinə, bir-birinin mövqeyini möhkəmlədir. Primitiv insan üçün, şübhəsiz, birinci cinsi akt təhlükəli görünür, çünki bu vaxt qan tökülür.

Üçüncü izah – Krauli ona üstünlük verir, – diqqəti buna yönəldir ki, bakirəlik tabusu bütün seksual həyatı əhatə edən böyük bir hadisələr silsiləsinə daxildir. Yəni burada yalnız birinci cinsi əlaqə deyil, ümumiyyətlə, cinsi əlaqənin özü tabu sayılır, demək olar ki, qadın özü bütünlüklə tabu hesab edilir. Qadın yalnız onun cinsi həyatındakı vəziyyətlərə görə – aybaşı, hamiləlik, doğuş və doğuşdan sonrakı dövr, – tabu sayılmır. Bundan başqa çoxlu sayda hallarda da, qadınla ünsiyyətdə elə ciddi və çoxsaylı məhdudiyyətlər vardır ki, bu bizdə vəhşi insanlar arasında azad seksin olması barədə deyilənlərə qarşı əsaslı şübhələr yaradır. Tamamilə doğrudur ki, bəlli hallarda primitiv xalqların seksuallığı heç bir çərçivə tanımır, ancaq adətən ona, görünür, daha yüksək mədəniyyətə malik olan xalqlara nisbətən daha çox məhdudiyyətlər xasdır. Misal üçün, kişilər xüsusi bir ciddi iş görməyə hazırlaşarkən, – uzaq səfərə çıxmaq, ova getmək, hərbi yürüş etmək kimi, – hökmən qadından uzaq dayanmalı, xüsusilə də cinsi əlaqədən imtina etməlidir; əks halda, bu, onların gücünün tükənəcəyi və uğursuzluğa düçar olacağı hesab edilir. Həmçinin, adi gündəlik həyatda da cinslərin bir-birindən ayrılması meyilləri açıq şəkildə gözə çarpır. Qadınlar və kişilər ayrılıqda yaşayırlar; bizim anladığımız ailə həyatı primitiv xalqların çoxunda yoxdur və bəzən cinslərin bu cür ayrılması, bir-birindən uzaq tutulması elə bir həddə çatır ki, bir cinsdən olan şəxsə digər cinsin nümayəndəsinə öz adını demək qadağan olunur, qadınların özlərinə xas sirli sözlərdən ibarət “dili” yaranır. Sonradan, hər dəfə yaranan seksual ehtiyac yenidən onları cinslərin ayrılmasından yaranmış bu maneələri dəf etməyə məcbur edir. Ancaq bir sıra qəbilələrdə, hətta ərlə arvadın görüşləri evdə deyil, yalnız başqa bir gizli yerdə ola bilər.

Primitiv insan harada tabu yaratmışsa, bunu hansısa təhlükədən qorxduğu üçün etmişdir və qadından kənar durmaq barədə qərarı, onun qarşısında duyduğu qorxu hissində ifadə olunmuşdur. Ola bilsin, bu qorxu onunla izah edilir ki, qadın başqa cürdür, kişidən fərqlidir, həmişə anlaşılmaz, sirli və yaddır, buna görə də, düşməndir. Kişi qadın tərəfindən zəiflədilməkdən qorxur, onun qadınlığı ilə yoluxmaqdan, öz kişilik qabiliyyətini itirməkdən çəkinir. Cinsi əlaqənin zəiflədici və keyləşdirici təsir göstərməsi bu təhlükəni doğrulda biləcək nümunə sayılır, sonradan qadının cinsi əlaqə cazibəsi ilə kişini üstələməsi, onun diqqətini özünə çəkməsi, özünə bağlaması halları nəzərə alınaraq, bu qorxu daha da artır. Bütün bu məqamların içində elə biri yoxdur ki, köhnəlsin və bizim aramızda yaşamağa davam etməsin.

Bu gün yaşamaqda olan primitiv xalqları müşahidə edən bir çox araşdırıcılar belə bir nəticəyə gəlirlər ki, onların sevgi ehtirasları nəzərə çarpacaq qədər zəifdir və öz intensivliyinə görə bizim dövrün mədəni insanına nisbətən çox aşağıdır. Digərləri bu cür dəyərləndirməyə etiraz edir, ancaq onlar da varlığını danmadığı çoxsaylı tabular göstərir ki, hər halda, primitiv insanların arasında sevgiyə müqavimət göstərən güclər mövcuddur, çünki burada qadına yad və düşmən münasibəti hökm sürür.

Fikirlərini psixoanalizdə qəbul edilmiş terminlərdən bir az fərqli şəkildə ifadə edərək, Krauli isbat edir ki, hər bir fərd digərlərindən “taboo of personal isolation” (şəxsi özünəqapanma, təcridolma tabusu) vasitəsilə fərqlənir və digər münasibətlərdəki uyğunluq məqamlarında özünü göstərən kiçik fərqlər də məhz onlar arasındakı yadlıq və düşmənçilik duyğularının olduğunu izah edir. İrəli sürülən ideyanı izləmək çox şirnikləndiricidir, həmçinin, bu “kiçik fərqlərin narsisizm”indən düşmənçilik təzahürlərini ayırd etmək də mümkündür. Habelə, bu məqamın bütün insani münasibətlərdə ümumiləşmə duyğusunu və ümumi insanlıq sevgisini necə üstələdiyini də görmək olar. Psixoanaliz hesab edir ki, qadına qarşı narsisistik, şübhə ilə yoğurulmuş mənfi münasibətin başlıca səbəbini kəşf etmişdir və bunun axtalanmaq kompleksi və bu kompleksin qadın haqqında mühakimələrə təsirindən qaynaqlandığını göstərir.

Ancaq bunu da başa düşürük ki, sonuncu mülahizə bizi məqsədimizdən xeyli uzaqlaşdırmış oldu. Qadına qoyulmuş ümumi tabu bakirə fərdlə baş verən ilkin cinsi aktla bağlı hadisənin xüsusiyyətlərini anlamağa heç bir aydınlıq gətirmir. Biz burada ilk iki izahla kifayətlənməli, bu vaxt qan tökülməsinin və ilk dəfə baş verən hadisə ilə bağlı həyəcanın rolunu vurğulamalıyıq. Ancaq hətta bu izahlarla yanaşı deməyə borcluyuq ki, bu məqamlar sözü gedən tabu qadağasının mahiyyətinə uyğundur. Bu qadağanın əsasında elə bir hökmün dayandığı aydındır ki, ilkin cinsi aktla bağlı kişiyə nəyi isə qadağan etsin, yaxud onu nədənsə qorusun, baxmayaraq, biz söhbətimizin başlanğıcında qadının məhz özü üzərində ilkin seksual aktı icra edən kişiyə uzunmüddətli bağlılığının yarandığını xüsusi olaraq qeyd etmişdik.

Bu dəfə bizim həll etməli olduğumuz məsələ tabunun mənşəyini və icra mexanizminin mənasını aydınlaşdırmaq deyildir. Mən bu işi artıq “Totem və tabu” adlı kitabımda yerinə yetirmişəm; orada mən ilkin ambivalentliyin tabu üçün əhəmiyyətini qiymətləndirmiş və tabunun mənşəyinin uzaq tarixi keçmişdə insan ailəsinin formalaşması ilə əlaqəli olduğunu vurğulamışam. Müasir primitiv xalqlar üzərində aparılan bugünkü müşahidələrə görə, tabunun belə bir ilkin əhəmiyyətinin olduğu nəticəsinə gəlmək mümkün deyildir. Belə bir tələbi irəli sürəndə biz unuduruq ki, hətta ən primitiv xalqlar da bu gün özlərinin keçmiş mədəniyyətindən çox uzaqlaşmış yeni mədəni şərtlər daxilində yaşayırlar. Bunu necəsə, bizim onlardan mədəni fərqimizlə müqayisə etmək olar.

Bu gün biz primitiv xalqlar arasında artıq ağlabatan sistem əsasında inkişaf etdirilmiş tabulara rast gəlirik (bunu bizim nevrotiklərin öz fobiyasını dəf etməsinə bənzətmək olar) və tabunun köhnə motivləri harmonik razılaşdırma əsasında yeniləri ilə əvəz edilmişdir. Bu genetik problemlərə diqqət yetirmədən biz yalnız belə bir nöqteyi-nəzərin üzərində dayanmaq istəyirik ki, primitiv insan harada təhlükədən qorxursa, orada tabu yaradır. Ümumilikdə desək, bu təhlükə psixolojidir, çünki primitiv insan bizim üçün qaçılmaz görünən fərqləndirmələri etməmişdir. O, maddi təhlükəni psixi, real təhlükəni xəyalidən fərqləndirə bilmir. Onun ardıcıl olaraq apardığı animistik dərketməsinə görə, istənilən təhlükə onu özündə daşıyan canlı bir varlığın düşmənçilik niyyətindən yaranır – buraya təbiətin təhdidedici gücləri də, digər insanın və ya vəhşinin təhdidi də eyni dərəcədə aiddir. Digər tərəfdən, o öz daxilindəki psixoloji qarşıdurmanı və düşmənçilik fəaliyyətini xarici aləmə inikas etdirməyə, onları xoşagəlməz, yaxud yad saydığı obyektlərin üzərinə köçürməyə alışmışdır. O, qadını da belə təhlükə mənbələrindən biri hesab edir, qadınla ilk cinsi əlaqəni isə xüsusilə qorxulu hadisə sayır.

Hesab edirəm ki, bu yüksək təhlükənin nədən ibarət olduğunu aydınlaşdıra bilərik və bizim mədəni səviyyəyə uyğun müasir qadının davranışlarını bənzər şəraitə uyğun olaraq daha ətraflı araşdırmaqla, qadının gələcək ərini necə və nə ilə təhdid edə biləcəyini öyrənmiş olacağıq. Belə bir araşdırmanın nəticəsi olaraq mən təsdiq edirəm ki, bu cür təhlükə həqiqətən də, mövcuddur, ona görə də, primitiv insan tabu vasitəsi ilə zahirən yanlış sayıla bilən, əslində isə gerçək olan psixi təhlükədən müdafiə olunur.

Biz qadının cinsi əlaqədən sonra və ondan aldığı həzzin ən yüksək səviyyəsində olanda kişini qucaqlamasını, onu özünə sıxmasını normal bir reaksiya hesab edir və bunda onun minnətdarlığının və uzun müddəti əhatə edəcək sədaqət vəd etməsinin ifadəsini görürük. Ancaq bunu da bilirik ki, bu cür davranış adətən, birinci cinsi əlaqəyə aid deyildir; olduqca çox hallarda birinci cinsi əlaqədə qadın soyuqqanlı olur, məmnunluq duymur, məyus olur və adətən, qadının da cinsi əlaqədən kişilərdə olduğu kimi məmnunluq duyması üçün birinci əlaqədən uzun müddət keçməsi və cinsi əlaqənin tez-tez təkrarlanması tələb olunur. Cinsi münasibətlərin yalnız ilk dövründəki bu tez ötüb keçən frigidlikdən (cinsi əlaqəyə soyuq yanaşmaqdan) başqa da elə hallar vardır ki, kişilərin heç bir nəvazişi qadının cinsi əlaqəyə laqeydliyini aradan qaldıra bilmir. Hesab edirəm ki, bir sıra qadınlarda özünü göstərən bu frigidlik halı kifayət qədər aydınlaşdırılmamışdır, ancaq burada istisnalar da vardır və buna misal olaraq, kişinin potensiyasının yetərincə olmamasını göstərmək olar, həmçinin, bu kimi istisnalara əsaslanıb qadın frigidliyinin səbəblərini araşdırmağa cəhd etmək mümkündür.

İlkin cinsi əlaqədən qaçmağa çalışmaq cəhdinin bunca çoxlu hallarda özünü göstərməsinə xüsusi diqqət ayırmağa lüzum görmürəm, çünki onların bir neçə izahı vardır və ilk növbədə, ola bilsin qeyd-şərtsiz olaraq, məhz onlarda qadının ümumi müqavimətinin ifadəsini görmək lazımdır. Ancaq, həmçinin, düşünürəm ki, bir sıra patoloji hallar qadın frigidliyi tapmacasının aydınlaşdırılmasına kömək edə bilər; bəlli olduğu kimi, bu haldan əziyyət çəkən qadınlar birinci və daha sonra dəfələrlə təkrarlanan digər cinsi əlaqələr vaxtı cinsi münasibətdə olduğu kişiyə düşmənçiliyini açıq şəkildə bildirir, onu söyür, ona əl qaldırmağa cəhd edir, hətta, bəzən onu vurmaqdan belə çəkinmir. Təfərrüatlı təhlil edə bildiyim belə hadisələrdən birində qadın öz ərini çox sevir, adətən özü ondan cinsi əlaqəyə girməyi tələb edirdi və bu cinsi əlaqədən böyük məmnunluq duyduğu da bəlli idi. Fikrimcə, bu qəribə və ziddiyyətli reaksiya, adətən, frigidlik kimi təzahür edən psixi xüsusiyyətin nəticəsidir, yəni burada frigidlik özünü birbaşa büruzə verə bilməsə də, kişi nəvazişinə qarşı sərt və kobud reaksiya ilə özünü göstərir. Patoloji halda gerçək frigidlik halında özünü birbaşa göstərən fenomen iki komponentə ayrılır və bunu necəsə, bizə artıq çoxdan bəlli olan sarmaşma nevrozunun “ikimüddətlilik”

simptomuna bənzətmək olar. Qadının qızlıq pərdəsinin yırtılmasının doğurduğu təhlükə bundan ibarətdir ki, bu akt zamanı qadında kişiyə qarşı nifrət və düşmənçilik hissi yarana bilər və gələcək ərin bu düşmənçiliyin yaranmaması üçün çalışması zərurəti vardır.

Aparılan analiz çətinlik çəkmədən, qadının təsvir etdiyimiz bu paradoksal davranışında onun məhz hansı psixi fəaliyyətinin dayandığını təxmin etməyə imkan verir və mən ümid edirəm ki, bu üsulla qadınlarda özünü göstərən frigidlik hadisəsinin izahını tapmaq olacaqdır. İlk cinsi əlaqə bu cür psixi fəaliyyətlərin uzun bir sırasını yaratmış olur; qadının özü üçün də bu halların yaranması arzu olunan deyildir və onların bir çoxunda sonrakı cinsi əlaqə aktlarında belə bir hal yenidən baş qaldırmır. Burada ilk növbədə qızlıq pərdəsinin yırtılması nəticəsində yaranan ağrı hissi barədə düşünmək lazım gəlir və ola bilsin, çoxları bu məqamı həlledici hesab edir, başqa səbəb axtarmağa lüzum görmür. Ancaq həmin ağrıya bu qədər əhəmiyyət verməyə dəyməz, çox güman burada narsisistik inciklikdən söz açmaq olar, bu isə hadisə nəticəsində bədənə xas olan bir orqanın dağılması və şüurda bakirəliyin pozulmasının şəxsin seksual dəyərini azaltması ilə bağlı fikir formalaşdırması ilə əlaqədardır. Ancaq primitiv xalqların toy adətləri bu cür dəyərləndirməni də inkar edən faktlar göstərir. Bir sıra hallarda qızlıq pərdəsinin yırtılmasının iki mərhələdən ibarət olduğunu demişdik, yəni öncə pərdə süni vasitə (əl, yaxud hansısa alətlə) yırtılır, ardınca isə o andaca, əri əvəz edən başqa bir kişi tərəfindən cinsi əlaqə həyata keçirilir, bu isə onu göstərir ki, qadının real ərinin qızlıq pərdəsinin anatomik yırtılmasından yayınması hələ tabu qadağasını aradan qaldırmır, yəni ər bakirəliyin pozulması zamanı qadının bədənində ağrılı yara açılmasından yaranan qəzəbindən başqa da hansısa bir təhlükədən qorunmağa çalışır.

Birinci cinsi əlaqə ilə bağlı digər məyusluğun səbəbi (ən azından mədəni qadınlar üçün), həmin an gözləntilərlə gerçəkliyin üst-üstə düşməməsidir. Bu vaxta kimi cinsi ilə əlaqə ən ciddi qadağalarla assosiasiya olunurdu və indi leqal, icazə verilən cinsi əlaqə belə qəbul edilmir. Bu iki fakt arasındakı əlaqə bəzən o dərəcədə komik vəziyyətə gətirib çıxarır ki, nişanlı qızların çoxu heç bir ehtiyac olmadan və əsla qınanmayacaqlarını bildikləri halda da, hamıdan, o cümlədən valideynlərindən öz sevgi münasibətlərini gizlətməyə can atırlar. Qızlar bunu açıq şəkildə deməkdən çəkinmirlər ki, başqaları onların sevgisindən xəbər tutanda o dəyərdən düşür. Bir sıra hallarda bu motiv o dərəcədə güclü inkişaf edir ki, ümumiyyətlə, nikaha girdikdən sonra sevməyə böyük maneələr yaradır. Qadın yenə də, özünün zərif duyğularını qadağan olunmuş sevgilərdə tapır ki, bu sevgini gizli saxlamaq lazımdır və o yalnız bu halda başqasının təsirindən azad olan iradəsinə inam hiss edir.

Ancaq bu motiv də kifayət qədər dərin deyildir; digər tərəfdən bu hal mədəni şərtlərlə əlaqəli olduğundan primitiv xalqlara aid oluna bilmir. Ona görə də, bundan sonrakı, libidonun inkişaf tarixi ilə şərtlənən məqam daha mühümdür. Psixoanalizin araşdırmaları nəticəsində bizə bəlli oldu ki, libidonin ən ilkin cəzb olunması məqamı sabit və güclü xarakterlidir. Burada uşaqlıq dövrünə xas olan seksual arzuların qorunub saxlanılmasından söz gedir, qadınlarda bu, çox vaxt, libidonun ata üzərində, yaxud onu əvəz edən qardaş üzərində fiksasiyasından ibarət olur; yetərincə çox hallarda cinsi əlaqəyə girməyə yönəlməmiş, nə isə başqa bir şeyə can atan, yaxud elə onu da nəzərdə tutan bu istəkdə aydın dərk edilməyən məqsəd vardır. Buradakı ər, heç vaxt “həqiqi” olmur, bütün hallarda onun əvəzedicisi olur; qadını birinci olaraq sevmək hüququ başqasına, tipik hallarda ataya verilir; ər isə ən böyük halda ikinci olur. Hər şey bu fiksasiyanın nə dərəcədə intensiv olmasından asılıdır və onun möhkəmliyinin ölçüsü, ərin əvəzedicisinin kafi sayılmaması və ondan imtina edilməsi ilə şərtlənir. Beləliklə də, frigidlik nevrozun genetik şərtləri arasında yer alır. Qadının seksual həyatında psixi məqam nə qədər güclüdürsə, onun libidosunun ilkin seksual aktın törətdiyi sarsıntıya qarşı paylanması da bir o qədər dayanıqlı olur və bu hadisə ona cismani yiyələnmək imkanına daha az sarsıdıcı təsir göstərir. Bu halda frigidlik nevrotik gecikmə kimi möhkəmlənə, yaxud digər nevrozlar üçün zəmin yarada bilər və hətta kişi potensiyasının cüzi azalmasını bu halda köməkçi məqam kimi nəzərdə tutmaq lazım gəlir.

Görünür, primitiv xalqların adətləri əvvəlki seksual istəklərin motivi ilə hesablaşır, buna görə də, qızlıq pərdəsinin yırtılmasını qəbilə ağsaqqalına, ruhaniyə, müqəddəs hesab edilən kişiyə, yəni atanın əvəzedicisinə həvalə edir. Mənə elə gəlir, məhz buradan orta əsr mülkədarının jus primae noctis-na (hərfi tərcümədə “ilk gecə hüququ” demək olub mülkədarın evlənən kəndlisinin arvadı ilə ondan öncə cinsi əlaqədə olması hadisəsi nəzərdə tutulur) birbaşa yol gedir. Eyni nöqteyi- nəzəri qəbul edən A.Q.Ştorfer, bundan başqa, geniş yayılmış “Tobiyas nikahı” hadisəsini (evləndikdən sonra üç gecə gəlinlə cinsi yaxınlıq etməmək) qəbilə başçısının üstün hüququnu tanımağın bu günə çatmış qalığı kimi izah etmişdir (ancaq buna daha öncə, K.Q.Yunq diqqət yetirmişdir). Mülahizələrimizə uyğun olaraq, qızlıq pərdəsini yırtmalı olan atanın surroqatları sırasında tanrıların təsvirlərini də görürük. Hindistanın bir sıra bölgələrində gəlin öz bakirəliyini taxtadan düzəldilmiş linqamla pozmalıdır (linqam – induizmdə ilahi məhsuldarlıq simvolu olub, çox vaxt, penis formasında təsvir edilir), həmçinin, müqəddəs Avqustinin məlumatına görə, Roma nikah mərasimində də belə bir adət var idi (görəsən bu onun yaşadığı dövrdə də qalmışdımı?), ancaq burada məsələnin praktikliyi zəif idi, belə ki, ərə getməli olan qız tanrı Priapın nəhəng penisinin üzərində oturmalı idi.

Daha dərin qatlarda başqa bir motiv özünü göstərir və məhz bu motivin ərə qarşı paradoksal reaksiyanın başlıca günahkarı olduğunu və məncə, onun təsirindən qadınlarda frigidliyin yarandığını isbat etmək mümkündür. Qadınlarda birinci cinsi əlaqə sayəsində təsvir olunanlardan əlavə, ümumiyyətlə, qadınlıq funksiyası və roluna müqavimət göstərən, öncədən mövcud olan digər psixi fəaliyyətlər də canlanmış olur.

Nevroz xəstəsi olan çoxlu sayda qadınlar üzərində aparılan analizlərdən bizə bəllidir ki, onlar ilkin inkişaf dövrünü keçəndə qardaşlarına həsəd aparmışlar, bunun səbəbi isə onlarda kişilik əlamətinin olması, özlərinin isə bundan məhrum olması (yaxud ən azından kişilik əlamətinin “kiçildilmiş” formasına malik olması) nəticəsində yaranan, “kənarda qalmaqla” bağlı inciklik hissi olmuşdur. Biz bu “penisə görə yaranan həsədi” “axtalanmaq kompleksinə” daxil edirik. Əgər “kişilik” adı ilə kişi olmaq istəyi başa düşülürsə, onda azyaşlı qızın bu davranışını “kişilik protesti” adlandırmaq olar – bu termini A.Adler düşünmüş və bu faktoru ümumiyyətlə nevrozun daşıyıcısı elan etmək üçün irəli sürmüşdür. Bu mərhələdə qızlar, çox vaxt, xoşbəxt hesab etdiyi qardaşlarına yönəlmiş həsədini və bundan doğan düşmənçiliyini gizlətmir: misal üçün, onlar bu dövrdə qardaşları kimi ayaq üstə dayanaraq işəməyə çalışırlar və bununla özlərinin cinslərarası bərabərlik xəyallarını qorumağa can atırlar. Yuxarıda xatırlatdığım, cinsi əlaqədən sonra sevimli ərinə qarşı hədsiz aqressivliyin baş verməsi hadisəsi ilə əlaqədar olaraq müəyyən edə bildim ki, bu mərhələ hələ obyekt seçiminədək mövcud olmuşdur. Sonra kiçik qızın libidosu atasına yönəlmiş və o, penisin əvəzinə körpə arzulamağa başlamışdır.

Əgər başqa hallarda da müvəqqəti ardıcıllıq əksinə fəaliyyət göstərsə və axtalanmaq kompleksinin bu hissəsi obyekt seçimindən sonra fəaliyyətə başlayarsa, bu məni təəccübləndirməzdi. Ancaq qızların oğlan uşaqlarına onların penisi olduğu üçün həsəd apardığı kişilik mərhələsi (kişi olmaq arzusu ilə yaşadığı dövr) öz tarixiliyinə görə, istənilən halda, daha erkən dövrə aiddir və obyektə olan sevgidən daha çox ilkin narsisizmə yaxındır.

Bir müddət əvvəl bir təsadüf mənə yeni ərə getmiş bir qadının yuxusunu anlamağa imkan verdi, bu yuxugörmə onun bakirəliyini itirməsinə reaksiyası idi. O, qadınların gənc ərini axtalamaq və onun penisini özündə saxlamaq kimi bir arzusunu yuxusunda asanlıqla büruzə verirdi. Şübhəsiz, bu yuxugörmədə onu daha sadə mənalandırmaqla yozmaq üçün kifayət qədər material da var idi, ancaq yuxugörmənin bir sıra detalları bu cür sadə yozum çərçivəsinə sığmırdı, həmçinin, yuxu görənin xarakteri və sonrakı davranışı daha ciddi yozumun olmasına yönləndirirdi. Penisə görə yaranan bu həsəddən qadınlarda kişilərə qarşı amansız düşmənçilik təzahürləri yaranır, bunu cinslərarası münasibətlərdə həmişə sezmək mümkündür və ən bariz nümunəsi ədəbiyyatda özünü göstərən “emansipasiya” cəhdlərində ifadə olunur. Qadınların bu düşmənçiliyini Frensi – bunu birinci dəfə onun irəli sürdüyünü deyə bilmərəm – palebioloji (uzaq keçmişlə bağlı bioloji məlumatlar) xarakterli saymaqla, cinslərin diferensiallaşması epoxasına aid edir. Onun fikrincə, öncə cinsi əlaqə eynicinsli iki fərdin arasında baş vermişdir, sonradan, onlardan biri inkişafın gedişində daha güclü olmuş və daha zəif olan fərdi cinsi əlaqənin ikinci tərəfi olmağa məcbur etməyə başlamışdır. Üstünlük uğrundakı bu amansız mübarizə isə müasir qadınların düşmənçilik meyillərində hələ də qorunub saxlanmaqdadır. Bu cür mühakimələrdən istifadə etməyin qınağa layiq olduğunu düşünmürəm, çünki onlara bu baxımdan çox da mühüm qiymət verilmir.

Qadınların qızlıq pərdəsinin yırtılmasına göstərdikləri paradoksal reaksiya ilə müşayiət olunan frigidliyində, izləri saxlanmaqda olan motivləri sadalayandan sonra, belə bir ümumiləşdirici fikrə gəlmək mümkündür ki, qadınların yetkinləşməmiş seksuallıq yükü, onları ilk dəfə seksual aktla tanış edən kişinin üzərinə düşür. Ancaq bu halda bakirəlik tabusu kifayət qədər məna qazanır və yaranan təhlükədən nə üçün məhz qadınla daimilik yaşayan kişinin qaçması zərurətinin bir tələb kimi ortaya çıxdığı da aydınlaşmış olur. Daha yüksək mədəni pillələrdə bu təhlükənin əhəmiyyəti, vəd olunan “itaətkarlıq” şərti ilə müqayisədə arxa plana keçir və burada bundan başqa motivlərin və şirnikləndirici vəziyyətlərin də rolu olur; bakirəliyə isə kişinin imtina etməməli olduğu sərvət kimi baxılır. Ancaq uğursuz alınan ailələrin araşdırılması göstərir ki, mədəni cəmiyyətə mənsub olan qadının psixologiyasından, qadını bakirəliyinin pozulmasına görə qisasçılığa təhrik edən motivlər heç də sonunadək yox olmamışdır. Düşünürəm, müşahidəçi şəxslər hökmən belə bir cəhəti görə bilmişlər ki, olduqca çox saylı hallarda qadınlar birinci nikahda frigid olur, özünü bədbəxt hesab edir, ancaq birinci nikahdan boşanıb ikinci ərə gedəndə bütün nəvazişini və səadətini ikinci ərinə bağışlayır. Necə deyərlər, burada arxaik reaksiya birinci obyektlə münasibətdən sonra aradan qalxmış olur.

Ancaq bakirəlik tabusunun bizim müasir mədəni həyatımızda yox olub getdiyini demək olmaz. Xalqın ruhu onun haqqında yaxşı məlumatlıdır və bəzən şairlər ondan yaradıcılıq süjetləri qurmaqda istifadə edirlər. Antsenqruber bir komediyasında bir sadəlövh kəndli gəncin nişanlandığı qızla evlənməkdən necə imtina etdiyini təsvir edir və gənc bunun səbəbini “bu qıza görə öz həyatı ilə hesab ödəyən ilk adam” olmaq istəmədiyi ilə izah edir. Buna görə də o, yalnız bununla razılaşır ki, qız öncə başqasına ərə getsin, sonra ondan boşanıb dul qaldıqdan və təhlükəli olmadıqdan sonra özü onunla evlənsin. Pyesin adının “Bakirəlik zəhəri” olması ilə xatırladılır ki, ilan oynadanlar öncə ilanı hansısa bir dəsmalı sancıb zəhərini ona tökməyə məcbur edir və bundan sonra zəhərini itirən təhlükəsiz ilanla oynamağa başlayırlar.8

Bakirəlik tabusu və onun motivlərinin bir hissəsi Hebbelin “Yudif və Olofern” faciəsindəki Yudif surətində özünün qüdrətli əksini tapmışdır. Yudif, bakirəliyi tabu ilə qorunan qadınlardan biridir. Onun birinci əri nikahın ilk gecəsində cinsi əlaqəyə girməyə macal tapmamış, sirli şəkildə iflic olmuş və bir də ona toxunmağa cürət etməmişdir. Yudif bu münasibətlə deyir: “Mənim gözəlliyim, zəhərli meyvənin gözəlliyi kimidir, ondan həzz almaq dəlilik və ölüm gətirir”. Günlərin birində Assur sərkərdəsi Yudifin yaşadığı şəhəri mühasirəyə alanda, o, öz gözəlliyi ilə sərkərdəni şirnikləndirib məhv etmək üçün plan qurur; beləliklə də o, cinsi sirrindən vətənpərvərlik motivi üçün yararlanır. Özünün fiziki gücü və amansızlığı ilə öyünən sərkərdə onun bakirəliyini pozandan sonra gücdən düşür və Yudif onun başını kəsərək öz xalqının xilaskarına çevrilir. Kəsilmiş başın axtalanmağın simvolu kimi işləndiyi bəllidir; Beləliklə də, Yudif – qadın onu bakirəlikdən məhrum edən kişini axtalamaqla, yeni evlənən qadınların öz yuxugörmələrində gerçəkləşdirdiyi bir arzunu reallaşdırır. Hebbel çox açıq şəkildə, bilərəkdən, Bibliyanın Köhnə andlaşma hissəsindən götürdüyü bu vətənpərvərlik mövzusunda olan əhvalatı seksuallaşdırmışdır, çünki hadisədən sonra Yudif öz namusunu ləkələmədiyi ilə öyünür və Bibliya mətnində də onun dəhşətli zifaf gecəsi haqqında konkret olaraq heç nə danışılmır. Çox güman, incə şair duyumuna malik olan müəllif bu tendensiyalaşdırılmış hekayənin qədim motivini anlamış və süjetə onun əvvəlki məzmununu qaytarmışdır.

İ.Zadger özünün gözəl təhlilində göstərir ki, Hebbel süjet seçimində məxsusi valideynlik kompleksinə əsaslanmışdır və o, cinslərarası mübarizədə həmişə qadınların tərəfində olmuş, öz incə hissetmə qabiliyyəti ilə onların psixologiyasının ən gizlin qatlarına enməyi bacarmışdır. O, həmçinin, şairin özü tərəfindən, süjeti dəyişməyi izah edən motivlə bağlı deyilənləri sitat gətirir və çox doğru olaraq bunu süni hesab edir və bu sözlərin yalnız zahirən özünü doğrultmaq naminə deyildiyini bildirir. Zadgerin belə bir izahına toxunmaq istəmirəm ki, nə üçün Bibliyada deyildiyi kimi, dul qalmış Yudif gərək bakirə dul qadına çevrilməli idi. Burada uşaq fantaziyasının məqsədlərindən biri: valideynləri arasında seksual münasibətin olmasının inkarı və uşağın öz anasını ləkələnməmiş qıza çevirmək istəyinin ifadəsi özünü göstərir. Bu fikirlərin davamı olaraq demək istərdim ki, şair öz fantaziyasının bakirəliyini təsdiq edən kimi, onun hissiyyatla əlaqəli fantaziyası bakirəliyin pozulmasına qarşı düşmənçilik reaksiyasını doğurmağa gəlib çıxmışdır.

Buna görə də sonda belə demək mümkündür: bakirəliyin pozulması yalnız mədəni nəticə ilə, yəni qadını həmişəlik bir kişi ilə bağlamaqla qurtarmır; o həmçinin, qadının kişiyə qarşı olan arxaik düşmənçiliyinə təkan verə bilər ki, bu da patoloji formalar almaqla, evlilikdə özünü göstərən sevgi həyatındakı soyuqluq hallarına gətirib çıxara bilər və çox vaxt ikinci nikahın birinciyə nisbətən daha uğurlu olması faktının bu reaksiya ilə bağlı olduğunu düşünmək mümkündür. Bakirəlik tabusuna uyğun gələn qorxu, yəni primitiv xalqlarda ərin bakirəliyi pozmaqdan qaçması, bu düşmənçilik reaksiyasında özünü doğrultmuş olur.

Məsələni analitik kimi araşdıranda belə bir maraqlı faktla qarşılaşmaq mümkündür ki, qadında hər iki qarşılıqlı əks olan reaksiya (itaətkarlıq və düşmənçilik) eyni zamanda olur, özünü müxtəlif şəkildə ifadə edir və bir- biri ilə sıx qarşılıqlı əlaqə şəraitində qalmaqda davam edir. Elə qadınlara da rast gəlinir ki, sanki ərindən tam ayrılmış kimidir, ancaq bu ayrılığı reallaşdırmaq üçün çox böyük güc tələb olunur. Onlar başqa bir kişini sevməyə cəhd edəndə, artıq sevmədikləri birinci ərlərinin təsirini öz üzərində hiss edir və uğursuzluğa düçar olurlar. Aparılan analiz göstərir ki, bu cür qadınlar öz ərləri ilə nəvaziş baxımından əlaqələrini qırsalar da, ancaq hələ də onlara itaətkarlıq baxımından bağlıdırlar. Onlar keçmiş ərlərindən ona görə ayrıla bilmirlər ki, onlardan öz qisaslarını ala bilməmişlər və hətta psixologiyalarında olan bu qisasçılıq istəyini aydın şəkildə dərk edə bilmirlər.

I ----------------------------------------------------------------------------------------- 7 İnsest – ata-ana ilə övladlarının, həmçinin, bacı-qardaşların bir-biri ilə seksual əlaqəsinə deyilir (tərcüməçinin qeydi).

8 Fizikadan bəlli olduğu kimi, “birləşmiş qablara” tökülən suyun səviyyəsi hər iki qabda eyni olur (tərcüməçinin qeydi).

9 “Narsisizm”, termin olaraq, qədim yunan mifindən götürülmüşdür. Bu mifə görə, nimfa Ekonun sevgisini cavabsız qoyan və bununla da onun ölümünə səbəb olan gənc Narsisti tanrılar bu qaydada cəzalandırır: o, günlərin birində su içmək üçün gölün üzərinə əyiləndə, suda öz surətini görüb özünə dəlicəsinə aşiq olur və bu hissin təsirindən heç cür yaxa qurtara bilməyərək əzab çəkir, nəhayət, “nərgiz” gülünə çevrilərək həyatdan köçür.

Qeydlər

Burada “dünyanın məhv olmasının” iki mexanizmi vardır, birincidə – libido bütünlüklə sevimli obyektin üzərinə köçürülür, ikincidə – o, bütünlüklə “Mən”ə qayıdır.

Bu hal “köçürülmə nevrozlarında” özünü göstərir.

Yalnız fərziyyə kimi əlavə etmək istəyirəm ki, bu müşahidə materialının inkişafı və möhkəmlənməsi, çox güman, sonradan yaranan, qeyri-şüuri proseslər üçün əhəmiyyətsiz, subyektiv yaddaş və zamanı dərk etmə ilə əlaqəli olmuşdur.

Mən burada belə bir suala cavab verməkdə çətinlik çəkirəm: bu senzor instansiyasının yerdə qalan “Mən”dən ayrılması ilə fəlsəfi idrakın özünüdərkdən ayrılmasını psixoloji cəhətdən əsaslandırmaq mümkündürmü?

O.Rank Qəhrəmanların doğulması haqqında mif. 1909-cu il

Qızlıq pərdəsi süni üsulla yırtılır və bunun ardınca əməliyyatı icra edən kişi müəyyən edilmiş qaydalar üzrə qızla cinsi əlaqəyə girir... Mərasim iki hissədən ibarətdir – qızlıq pərdəsinin yırtılması və cinsi əlaqə.

Çoxsaylı digər toy mərasimlərinin araşdırılması şübhə yeri qoymur ki, gəlinlə ilk cinsi əlaqə onun ərinə deyil, başqa şəxslərə həvalə olunur, bu işi, misal üçün, onun köməkçisi, yaxud bizim adətlərdə şafer (sağdış) kimi tanıdığımız adam icra edir.

A.Şnitslerin ustalıqla yığcamlaşdırılmış hekayəsi (“Baron fon Leyzenboqun taleyi”) situasiyanın fərqliliyinə baxmayaraq burada misal olaraq gətirilməyə layiqdir. Sevgidə böyük təcrübəsi olan aktrisanın sevgilisinin bədbəxt hadisə nəticəsində həlak olması, sanki onun üçün yeni bakirəlik halı yaratmışdır, qadın sevgilisindən sonra onunla ilk dəfə cinsi əlaqədə olacaq kişini ölümlə lənətləyərək belə bir psixoloji hal yaşayır. Bu cür tabunun qadağası altında olan qadın bir müddət heç kimlə sevgi əlaqəsi yaratmağa cürət etmir. Ancaq bir az sonra o, bir nəfər müğənniyə bərk vurulanda hiyləyə əl atır: müğənni ilə sevgi münasibəti qurmazdan öncə, artıq neçə illərdir onu ələ keçirmək istəyən baron fon Leyzenboqa bir sevgi dolu gecə bağışlamaq qərarına gəlir. Qadının lənəti baronun məhvinə səbəb olur; belə ki, baron özünün gözlənilməz sevgi səadətinin səbəbini öyrənəndə, yaşadığı sarsıntıdan insult olaraq ölür.

Qaynaqlar:

1. Фрейд З. Очерки по психологии сексуальности Пер. с нем. М.В.Вульфа. Москва: Гос. Изд-во, 1923 г.

2. Зигмунд Фрейд. Психология сексуальности. Издательство “ПРАМЕБ”, 1993 г. Минск.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.