Seksual həyatda baş verən alçaldılmalar haqqında

Əgər müalicə ilə məşğul olan psixoanalitik-həkim özündən soruşsa ki, pasiyentləri ona daha çox nədən əziyyət çəkdikləri ilə əlaqədar kömək üçün müraciət edirlər, o, belə bir cavab verməyə vadar olacaqdır: əgər qorxunun müxtəlif təzahürlərini nəzərə almasaq, bu müraciətlərin çoxu psixoloji impotentlik ilə bağlıdır (psixoloji impotentlik – cinsi əlaqəyə girə bilmək baxımından tamamilə sağlam olan kişilərin, müəyyən hallarda, ən müxtəlif psixoloji pozuntular səbəbindən penisinin sərtləşə bilməməsinə deyilir – tərcüməçinin qeydi). Bu əcaib xəstəlikdən güclü hissiyyatı olan kişilər əziyyət çəkir və xəstəlik özünü onda göstərir ki, cinsi orqan cinsi əlaqə funksiyasını yerinə yetirməkdən imtina edir, baxmayaraq, bu orqan tamamilə sağlamdır, cinsi əlaqəyə girməyə hazırdır və orqanın sahibi də cinsi əlaqəyə həvəslidir. Belə pasiyentlərin vəziyyətlə əlaqədar ilk anladıqları bundan ibarət olur ki, onlar yalnız bəzi tipli qadınlarla cinsi əlaqəyə girmək istədikdə belə bir hadisə baş verir, digər qadınlarla cinsi əlaqələrində isə heç bir problem olmur. Belə bir hadisə ilə qarşılaşan kişi inanmağa başlayır ki, onun kişilik potensiyasının funksiyasını yalnız xüsusi tipli seksual obyektlər pozur. Bəzən belə xəstə özü danışır ki, bu halda daxilində hansısa maneənin yarandığını hiss edir, yaranan bu əks təsir onun şüurlu niyyətinə maneçilik törədir. Ancaq xəstə anlaya bilmir ki, bu maneə nədən ibarətdir və cinsi obyektin məhz hansı xüsusiyyətləri onda bu halın yaranmasına səbəb olur. Əgər cinsi münasibətlərdəki bu uğursuzluq dəfələrlə təkrarlanırsa, onda pasiyent belə bir yanlış fikrə meyil edir ki, onun nə vaxtsa olmuş ilk seksual uğursuzluğu barədə xatirələri sonrakı uğursuzluqlarının səbəbidir; baxmayaraq, birinci dəfə bu uğursuzluq hansısa “təsadüflərdən” yaranmışdı.

Psixoloji impotensiyanın psixoanalitik araşdırılması bir neçə müəllif tərəfindən aparılmış və onlar gəldikləri nəticələri çap etdirmişlər. Hər bir analitik, şəxsi təcrübəsinə əsaslanaraq verdiyi şərhləri təsdiq edə bilər. Bu halda, həqiqətən də, fərdin şüuru üçün əlçatmaz olan bəlli psixi komplekslərin iflicedici təsirindən söz gedir. Burada ön plana, baxılan patogen materialın ümumi məzmunu kimi, şəxsin öz anası və bacısına yönəlmiş insest səciyyəli fiksasiya olunmuş libidosunun gücünü və təsirini saxlaması çıxır. Bundan başqa, uşaqlıq dövrünə aid təsadüfi əzablı hallara da diqqət yetirməli, həmçinin, qadına cinsi obyekt kimi yönəlməli olan libidonun zəiflədilməsinə təsir edən bütün digər məqamlar da nəzərə alınmalıdır.

Əgər kəskin şəkilli psixoloji impotensiya hallarını psixoanalizin köməyi ilə detallı şəkildə araşdırsaq, onda, baş verən psixoseksual proseslərin belə bir mənzərəsi alınır. Burada və çox güman, nevrotik əzablarda da xəstəliyin əsasında libidonun inkişafının öz normal, tamamlanmış halına çatmasındakı gecikmə dayanır. Yəni, tam normal sevgi fəaliyyətini təmin edən iki axın hələ qovuşmamışdır (bu iki axın adı altında biz nəvaziş və həssaslığı nəzərdə tuturuq).

Bu iki axından daha öncə gələni nəvazişdir. O öz başlanğıcını ən erkən yaşlardan götürür və özünüqoruma instinktinin maraqları əsasında yaranmaqla, doğma ailənin nümayəndələrinə və ya uşağın qayğısını çəkən, onun tərbiyəsi ilə məşğul olan şəxslərə doğru yönəlmişdir. Ona ən başlanğıcından bəlli sayda cinsi istək, erotik marağın komponentləri də qarışmışdır; uşaqların həyatında az, ya çox dərəcədə normal şəkildə ifadə olunan bu hal psixoanaliz tərəfindən nevrotiklərin həyatında, daha sonrakı yaş dövründə aşkara çıxarılır. O, uşağın ilkin obyekt seçiminə uyğun gəlir (primäre kindliche Objektwahl). Onu gözdən keçirdikdə görürük ki, cinsi istəklər (Sexualtriebe) ilk obyektlərini “Mən”in (Ichtriebe) istəklərinə əsasən tapır və eyni ilə bunun kimi ilkin seksual həzlər həyatı saxlamaq üçün zəruri olan funksiyalarla əlaqəli olur. Valideynlərin və tərbiyəçilərin, çox vaxt, erotik xarakterli olduğu aydın görünən “nəvazişi” (“körpə – erotik oyuncaqdır”), bu erotik uzantıların istəklərin təsbit olunmuş obyektlərinə (Ichtriebe) meylini gücləndirməyə xidmət etməklə, onları elə bir yüksək həddə çatdırır ki, onlar sonrakı inkişafa təsir etsinlər və doğrudan da, bu təsir, xüsusilə də, bir sıra başqa şərtlərin münasib olduğu halda daha aydın şəkildə gözə çarpır. Təsbit olunmuş nəvaziş bütün uşaqlıq illərində qorunur, sonradan ona yeni erotik hisslər qoşulur və bunun nəticəsində erotika öz cinsi məqsədindən yayınır. Cinsi yetkinlik yaşında (Pubertât) artıq bunadək təsbit olunmuş nəvazişə öz məqsədini aydın şəkildə dərk edən “hissiyyat” axını da qoşulur. Aydındır ki, o yenə də, özünün əvvəlki yolları ilə gedir və ilkin infantil seçim obyektlərini əhəmiyyətli dərəcədə böyük miqdarda libido ilə təchiz edir. Ancaq o, nəticədə, insest məhdudiyyəti ilə (Inzestschranke) qarşılaşmalı olduğundan, çalışır ki, real olaraq işə yaramayan obyektlərdən digər, həqiqi cinsi münasibətin mümkün olduğu obyektlərə doğru sürətli keçid imkanları tapsın. Ancaq bu kənar obyektlər infantil nümunələr əsasında seçilir, həmçinin, bir müddət sonra onlar əvvəllər təsbit edilmiş nəvazişi özlərinə cəlb edirlər. Kişi, Bibliyida təsvir edildiyi kimi, ata və anasından ayrılıb, arvadının ardınca gedir, bu vaxt, nəvaziş və hissiyyat vahid bir məcrada birləşir. Yüksək dərəcəli sevgi duyğusu sevdiyini psixoloji baxımdan çox yüksək dəyərləndirmək ilə bağlıdır (bu, eyni zamanda cinsi obyektin kişi tərəfindən normal yenidən qiymətləndirilməsidir).

Bu prosesdə baş verən uğursuzluqda libidonun inkişafının iki məqamı həlledici əhəmiyyət daşıyır. Bunlardan birincisi, yeni obyekt seçiminə yol verməyən və onu dəyərsizləşdirən real qadağanın dərəcəsindən asılıdır. Axı, əgər seçmək qadağan olunmuşsa, yaxud hansısa yaxşı bir seçim edə biləcəyinə ümid etmirsənsə, onda obyekt seçiminin mənası qalmır. İkincisi, vaxtilə qarşılaşdığı həmin infantil obyektlərə xas keyfiyyətləri ilə cazibəli olan, ancaq həm də imtina olunması vacib olan obyektlə qarşılaşmaq: belə bir obyektin uşaqlıq dövrünün erotik təsbitləri ilə mütənasibliyi, buradakı uğursuzluğun səbəbi olur. Əgər bu iki faktor kifayət qədər güclüdürsə, onda nevrozun formalaşmasının ümumi mexanizmi fəaliyyətə başlayır. Libido reallığa ikrahla yanaşır, fantaziyaların fəaliyyətinə sığınır (İntroversion), ilkin uşaqlıq dövrünə xas olan obyektlərin prototipləri təxəyyüldə ciddi şəkildə canlanır və onların seksual həyatda xəyali fiksasiyası baş verir. Ancaq insestə (yaxın qan qohumları ilə cinsi əlaqəyə) qoyulan məhdudiyyətlər bu obyektlərə yönələn libidonu qeyri-şüurilikdə qalmağa məcbur edir; indi artıq qeyri-şüurilikdə qərarlaşan hissiyyat axınının köhnəlməsi onanistik aktların köməyi ilə bu fiksasiyanı möhkəmləndirməyə təkan verir. Reallıqda baş tutmayan tərəqqinin fantaziyada gerçəkləşməsi vəziyyəti dəyişmir, yəni bu vaxt onanistik məmnunluğuna aparıb çıxaran fantastik situasiyalarda ilkin cinsi obyektlər kənar obyektlərlə əvəzlənir. Fantaziyanın bu cür yerdəyişməsi sayəsində hadisə şüura nüfuz etmək qabiliyyəti qazanır, ancaq bu vaxt real libidoda heç bir tərəqqi olmur.

Beləliklə, mümkündür ki, gənc adamın bütün hissiyatı qeyri-şüuri səviyyədə insestik obyektlərlə əlaqəli olur, yaxud başqa cür desək, onun hissiyyatı bütünlüklə, qeyri-şüuri insestik fantaziyalarda ilişib qalır. Nəticədə mütləq impotensiya yaranır, bununla yanaşı, cinsi aktı yerinə yetirən orqanların gerçək zəifləməsi də baş verir.

Psixi impotensiya adlanan hadisənin baş verməsi üçün, daha yumşaq şərtlər tələb olunur. Bu halda, hissiyyat axını tam həcmdə, nəvaziş axınının içərisində gizlənməyə məcbur olur, ancaq o, bu çərçivədə saxlanmasına rəğmən, kifayət qədər güclü və azad olmalıdır ki, heç olmasa özünə, qismən də olsa, reallığa qovuşmaq üçün yol aça bilsin. Bu tipli adamların cinsi fəallığında, onu idarə edən psixi impulsların bütün gücü ilə işləyə bilmədiyinin aşkar əlamətləri olur; o şıltaqdır, qaçaraqdır, asanlıqla pozulur, çox vaxt düzgün işləmir, az həzz yaradır. Ancaq o, başlıca olaraq nəvaziş axını ilə qovuşmaqdan qaçınır. Bununla da, obyekt seçimində məhdudiyyət yaranır. Hissiyyat axınının fəal qalan hissəsi yalnız elə obyektləri axtarır ki, onlar insestlə əlaqəli qadağaları xatırlatmasın; əgər kimsə yüksək psixoloji dəyər qazanmağa gətirən təəssürat yaradırsa, onda o özünə qarşı hissiyyatın oyanmasını deyil, yalançı erotik nəvaziş yaradır. Bu cür adamların sevgi həyatı iki istiqamətə yönəlməklə parçalanır və öz ifadəsini incəsənətdə, həmçinin səmavi və yerlə bağlı (heyvanat aləminə) sevgidə tapır. Onlar sevəndə yiyələnmək arzusunda olmurlar, nə vaxt belə arzuları yaransa, onda sevə bilmirlər. Onlar hissiyyatlarını sevimli obyektdən ayrı saxlamaq üçün sevmək istəmədikləri obyektləri axtarırlar və bu vaxt qəribə bir formada təzahür edən psixoloji impotensiya, yalnız onda meydana çıxır ki, – bunlar, “kompleksin həssaslığı” (Komplexempfmdlichkeit) və “sıxışdırılmanın geri dönüşü” qanunlarına əsasən olur – onların insestdən qaçmaq şərti ilə seçdikləri obyektin hər hansı bir əhəmiyyətsiz cizgisi qaçılması lazım gələn obyekti xatırladır.

Bölünmüş sevgi duyğusuna malik adamların belə pozuntulara qarşı istifadə etdiyi başlıca vasitə sevgi obyektini psixoloji baxımdan alçaltmaqdır, belə ki, cinsi obyektə münasibətdə normal hala xas olan məqamlarda onlara insest və onun əvəzedicisinə olan hisslər hakim olur. Hissiyyat isə yalnız alçaldılma şərti yerinə yetiriləndə sərbəst şəkildə meydana çıxa bilir, həmçinin, cinsi fəallığın əhəmiyyətli dərəcədə güclənməsi və güclü həzz almaqla müşayiət olunması da mümkündür. Buna digər amillər də təsir edir. Nəvaziş və hissiyyat axınları yetərincə qovuşmamış adamlar, əksərən kifayət qədər incə sevgi duyğusuna malik olmur; onlarda cinsi qeyri-normallıq saxlanmış və onun təmin edilməməsinə məmnunluqlarının alçaldılması kimi baxırlar və bu halda məmnunluq yalnız alçaldılmış və az dəyərləndirilən cinsi obyektlə münasibətdə mümkündür.

İndi, bundan öncə xatırlatdığımız, oğlan uşağının öz fantaziyasında anasını fahişə ilə eyniləşdirməsinin motivi aydındır. Onlarda, heç olmasa fantaziyanın köməyi ilə sevgi aləminin bu iki axınını ayıran uçurumun üzərindəki körpüdən keçmək və alçaltmaq hesabına, öz anasına seksual baxımdan yiyələnmək üçün cəhdlər yaranmağa başlayır.

Biz indiyədək məqaləmizin başlığını doğrultmayan bir işlə: psixi impotensiyanın həkim-psixoloji səciyyəli araşdırması ilə məşğul olduq. Ancaq sonradan başa düşəcəyik ki, mövzuya həqiqi mənada yanaşmaq imkanı qazanmaq üçün, məhz belə bir girişə ehtiyac var idi.

Biz psixi impotensiyanı sevgi həyatında nəvaziş və hissiyyat axınlarının qovuşmaması ilə əlaqələndirdik; inkişafın belə gecikməsini, uşaqlıq dövründəki fiksasiyaların və sonrakı dövrə aid insestlə bağlı qadağaların təsiri ilə izah etdik. Bu təlimə qarşı öncə belə bir etiraz irəli sürmək mümkündür: əgər o, bizə olduqca çox bilik verirsə – o, bizə bəzi insanların nə üçün psixi impotensiyadan əziyyət çəkdiyini izah edir – onda bizim üçün belə bir sirr yaranır: bəs digər insanlar bu vəziyyətdən necə qaçına bilir? Axı etiraf etmək lazım gəlirsə ki, bütün göstərilən məqamlar: güclü uşaqlıq fiksasiyaları, insest qadağası, cinsi yetişkənlik mərhələsində qoyulan digər yasaqlar demək olar, bütün mədəni insanlar üçün də olmuşdur, onda belə bir nəticəyə gəlmək tamamilə doğru olardı: psixi impotensiya ayrı-ayrı şəxslərin deyil, bütün mədəni insanlığın qarşılaşdığı ümumi bir əzabdır.

Əgər psixi impotensiya anlayışını genişləndirsək və onu cinsi istəyin mövcudluğu və cinsi aparatın fiziki sağlamlığı şərtləri daxilində cinsi əlaqəyə girə bilməməklə məhdudlaşdırmasaq, onda buraya ilk növbədə, psixastenik adlanan bütün kişiləri də aid etmək lazım gəlir: bəlli olduğu kimi, bu kişilərdə cinsi əlaqə bütün hallarda mümkün olsa da, onlar bundan xüsusi bir zövq ala bilmir; özü də bu hala düşünüldüyündən daha çox rast gəlinir. Belə halların psixoanalitik araşdırmaları, simptomologiyada olan fərqləri izah etmədən, eyni etioloji məqamları aşkara çıxarır. Anestetik (hisslərdən məhrum olan) kişilər üzərində aparılan müşahidənin nəticələri bizi, asanlıqla özünü doğruldan, olduqca çoxlu sayda cinsi əlaqəyə soyuq yanaşan qadınların mövcudluğu analogiyası ilə qarşılaşdırır; bu tipli qadınların cinsi sevgisi, kişilərin psixi impotensiyasının bəlli xüsusiyyətləri ilə müqayisədə eyniyyət təşkil edən çoxlu sayda uyğunluqlara malikdir.

Ancaq əgər biz psixi impotensiya anlayışını genişləndirməklə məşğul olmayıb, onun simptomologiyasının çalarlarına diqqət yetirsək, onda belə bir fikirlə razılaşmaya bilmərik ki, müasir mədəni cəmiyyətlərdə kişilərin sevgisi, ümumiyyətlə, psixi impotensiyanın tipik əlamətlərini daşıyır.

Nəvaziş və hissiyyat axınları olduqca azsaylı intellektual kişilərdə bir-biri ilə birləşə bilmişdir; kişi qadına hörmət bəslədiyinə görə, demək olar, həmişə öz cinsi istəklərini büruzə verməkdə sıxıntı çəkir və yalnız aşağı səviyyəli cinsi obyektlə əlaqələrində öz potensiyasını bütünlüklə gerçəkləşdirir. Bundan başqa, bu vəziyyətin yaranmasını şərtləndirən cəhətlərdən biri də kişinin cinsi istəklərinə azğınlıq komponentlərinin də qoşulmasıdır ki, o, hörmət bəslədiyi qadına qarşı belə davranmağa cürət etmir. O yalnız heç nədən çəkinmədən, var gücü ilə həzz almağa qapılanda tam məmnunluq əldə edir və misal üçün, özünün yüksək əxlaqlı arvadı ilə belə davranmağa heç vaxt ürək etməzdi. Buradan da, onun alçaldılmış cinsi obyektə tələbatı yaranır. Onun fikrincə, etik baxımdan əhəmiyyətsiz dəyəri olan belə qadının onun mənsub olduğu təbəqəyə yad olduğundan və bu məsələ barədə mühakimə yürütmək qabiliyyəti olmadığından, cinsi əlaqələrdə heç bir estetik tələbi də yoxdur. Hətta, kişinin nəvazişi, əslində, daha yüksək mövqedə dayanan qadına meyilli olsa da, ancaq o yenə də, aşağı səviyyəli hesab etdiyi cinsi obyektlə münasibətdə özünün cinsi qüvvəsini bütünlüklə duya bilir. Ola bilsin, cəmiyyətin yüksək sinfindən olan kişilərin çox tez-tez müşahidə edilən, özünə aşağı təbəqədən olan qadını məşuqə kimi seçməsi, yaxud hətta belə qadınlarla qanuni nikah bağlaması da, yalnız alçaldılmış cinsi obyektə olan tələbatla bağlıdır, çünki o bu halda psixoloji baxımdan da bu əlaqədən tam seksual məmnunluq əldə edəcəyinə əmindir.

Tərəddüd etmədən bildirirəm ki, həqiqi psixi impotensiyadakı iki məqam: uşaqlıq yaşının insest fiksasiyası və yeniyetməlik illərindəki real qadağalar – normal və mədəni kişilərin sevgi həyatındakı bir çox halların təzahürünün səbəbidir. Necə xoşagəlməz və paradoksal səslənsə də, ancaq demək lazımdır ki, əgər kimsə sevgi həyatında azad və xoşbəxt olmaq istəyirsə, hökmən qadına olan etik hörməti dəf etməli, həmçinin insest qavramı ilə, yəni anası və bacısı ilə cinsi əlaqənin mümkünlüyü təsəvvürü ilə barışmalıdır. Kim ki, belə bir tələbə cavab olaraq özü öz qarşısında daxili aləmini ciddi araşdırarsa, onda cinsi əlaqəni mahiyyətcə alçaldıcı, insanın yalnız bədənini deyil, həmçinin bütün ruhunu çirkləndirən və biabır edən hadisə hesab etdiyini müəyyən edəcəkdir. Bu, doğru, ancaq etirafı çox çətin olan dəyərləndirmənin mənşəyini yalnız gənclik illərində: hissiyyat axınının artıq çox güclü inkişaf etdiyi, ancaq istər insestual, istərsə də kənar obyektlə seksual münasibətin eyni kəskinliklə qadağan olunduğu dövrdə tapmaq olar.

Bizim mədəni cəmiyyətdə qadınlar belə bir tərbiyənin, həmçinin, kişilərin onlara qarşı sərgilədiyi davranışın təsiri altında olur. Əlbəttə, görünür, onlar üçün kişinin cinsi gücsüzlüyü necə pisdirsə, bununla eyni dərəcədə, sevdiyi şəxsin ilkin sevgi dövründə özünə qarşı göstərdiyi yüksək dəyərləndirmənin, cinsi yaxınlıq dövrü başladıqdan sonra hörmətsizlik səviyyəsində özünü göstərən laqeydliyə çevrilməsinə də çox pis baxırlar.

Qadınlarda tərəfdaşı olan cinsi obyekti alçaltmağa tələbat çox zəif olur; görünür, onlarda kişilərdə olduğu kimi, cinsi obyekti şişirdilmiş şəkildə dəyərləndirməyin olmaması bununla əlaqəlidir. Ancaq cinsi istəklərinin gerçəkləşdirilməsinin uzun müddət ərzində gecikdirilməsi və bununla bağlı duyğularının fantaziya aləmində saxlanılması qadınların həyatında digər vacib nəticələr doğurur. Cinsi istəklərini uzun müddətdə sıxıntı altında saxladığından, qadınlarda artıq hisslərlə qadağalar arasındakı əlaqəni aradan qaldırmaq üçün güc qalmır və nəhayət, cinsi əlaqəyə imkan yaradılanda, onların psixi impotent olduğu aşkara çıxır. Bu səbəbdən də, qadınların çoxunda cinsi əlaqəyə icazə verilən halda da hisslərini gizli saxlamağa meyillilik olur; digər qadınlar isə yalnız qoyulan qadağanın qismən qaldığı halda, misal üçün, gizli sevgi əlaqələrində özlərini normal hiss edə bilir. O, ərinə xəyanət etməklə yanaşı, ona olan sevgisini ikinci dərəcəli səviyyədə qoruyub saxlayır.

Hesab edirəm ki, qadağa şərti qadının sevgi həyatında kişinin cinsi obyekti alçaltması ilə eyni mənanı daşıyır. Bunların hər ikisi, mədəni məqsədə uyğun tərbiyənin sayəsində cinsi yetkinliyə çatandan sonra seksual əlaqənin uzun müddət təxirə salınmasının nəticəsidir. Hər ikisi, hissiyyat və nəvaziş axınlarının birləşə bilməməsinin nəticəsi olan psixi impotensiyanı aradan qaldırmağa cəhd edir. Əgər eyni bir səbəbin nəticəsi qadınlar və kişilər üçün fərqlidirsə, ola bilsin, bunun səbəbi hər iki cinsin davranışlarındakı fərqlərlə bağlıdır. Mədəni qadın, adətən, gözləməli olduğu müddətdə bu qadağanı pozmur və beləliklə, onda qadağalar ilə seksuallıq arasında sıx əlaqə yaranır. Kişi çox vaxt bu qadağanı cinsi obyekti alçaltma yolu ilə pozur və buna görə də, bu şərait onun sonrakı sevgi həyatına da keçmiş olur.

Müasir mədəni cəmiyyətdə cinsi həyatda islahat keçirməyin vaxtının yetişməsi və onların keçirilməsi üçün atılan addımları nəzərə alaraq, belə bir faktı xatırlatmağı lazım bilirəm ki, bu istiqamətdəki istənilən tendensiya psixoanaliz üçün yaddır. O yalnız buna çalışır ki, ümumi şəkildə bəlli olan şeylərin gizli əlaqə və asılılıqlarını tapıb üzə çıxarsın. Psixoanaliz özünün əldə etdiyi nəticələrdən, ziyanlı olanın əvəzinə faydalı olanı yaratmağı istəyən islahatlarda istifadə edilməsinin əleyhinə deyildir. Ancaq o, öncədən bunu deyə bilməz ki, bu və ya digər qaydaların təsbit edilməsi hansı, daha ağır itkilərə aparıb çıxara bilər.

Sevgi həyatının mədəni vasitələrlə cilovlanması faktının öz ardınca cinsi obyektin ümumi alçaldılmasına gətirməsi, diqqətimizi obyektdən ayırıb cinsi ehtirasın üzərinə yönəldir. Seksual həzzin ilkin qadağası ona gətirib çıxarır ki, sonradan buna nikah vasitəsilə icazə veriləndə artıq seksual əlaqə tam həcmli həzz vermir. Ancaq qeyri-məhdud cinsi azadlıq da ən başlanğıcından yaxşı nəticəyə aparmır. Asanlıqla isbat etmək olar ki, cinsi əlaqədən alınan həzz olduqca əlçatan olan kimi, buna paralel olaraq sevgi ehtiyacının dəyəri aşağı düşür. Libidonun həyəcanını artırmaq üçün onun qarşısında duran maneənin olması zəruridir və həzlərə qarşı təbii maneələrin yetərsiz olduğu yerlərdə insanlar həmişə süni maneələr yaratmışlar ki, sevgidən hərtərəfli həzz ala bilsinlər. Bu, ayrı-ayrı fərdlərə də, xalqlara da aiddir. Sevgi həzlərinin maneələrlə qarşılaşmadığı dövrlərdə, misal üçün, antik mədəniyyətin iflası dövründə sevgi öz dəyərini itirmiş, həyatda boşluq yaranmışdı. Zəruri affektiv dəyər yaratmaq üçün güclü “reaktiv formalara” (Reaktionsbildungen) ehtiyac var idi. Bütün bunlar deməyə əsas verir ki, xristianlığın asketik cərəyanı sevgiyə qədim dövr çoxtanrıçılığının heç vaxt verə bilməyəcəyi psixi dəyər gətirdi. Sevgi özünün ən böyük qiymətinə, bütün ömürləri demək olar ki, istisnasız olaraq libidonun yönəldiyi cazibələrlə döyüşməkdən ibarət olan asket rahiblərin şəxsində yüksəldi.

Bu sahədə qarşılaşdığımız çətinliklər və aydın olmayan cəhətlər, hər şeydən öncə, bizim üzvi ehtiras və meyillərimizin xüsusiyyətləri ilə bağlıdır. Ümumilikdə, əlbəttə, tamamilə doğrudur ki, ehtirasın psixi dəyəri, onun gətirdiyi həzdən imtinanın hesabına yüksəlir. Ən müxtəlif tipli insan qruplarının eyni cür aclığa məhkum edilməsi bunu aydın şəkildə göstərir. Yemək ehtiyacının hakim kəsilməsinin güclənməsi bütün fərdi fərqləri aradan qaldırır və bununla yanaşı, istəyin təmin edilməməsindən yaranan eyni cür qeyri-məmnunluq halı yaranır. Ancaq doğrudanmı istəyin təmin edilməsi ilə onun psixi dəyəri güclü şəkildə aşağı düşür? Burada alkoqolikin şəraba olan münasibətini xatırlamağa dəyər. Məgər, şərab alkoqolikə həmişə eyni bir toksik həzz vermirmi, bu hal poeziyada çox vaxt erotik həzlə müqayisə edilirsə, onu elmi nöqteyi-nəzərdən də erotikliklə müqayisə etmək doğrudurmu? İçkiyə qurşanmış adamın daima içki növünü dəyişməyə vadar olduğunu eşitmisinizmi? – çünki eyni bir içkini uzun müddət içmək, sonradan, ondan öncə olduğu kimi zövq almağa imkan vermir. Əksinə, vərdiş insan ilə seçmə şərab növləri arasındakı əlaqəni getdikcə daha da möhkəmləndirir. İçki düşkününün şərabın çox baha, yaxud qadağan olunduğu ölkələrə getməyə ehtiyac duyduğunu və bu vasitə ilə özünə çətinlik yaratmaqla içkidən xüsusi zövq aldığını eşitmisinizmi? Bizim böyük alkoqoliklərin, misal üçün, Beklinin özlərinin şəraba olan münasibəti barədə söylədikləri sırf harmoniya, xoşbəxt nikah nümunəsi kimi səslənir. Bəs, nə üçün sevən şəxsin seçdiyi seksual obyektə münasibəti tamamilə başqa cürdür?

Necə qəribə səslənsə də, düşünmək olar ki, seksual ehtirasın təbiətində ondan tam məmnunluq ala bilməyə mane olan hansısa bir xüsusiyyət vardır. Onda, bu ehtirasın uzun və mürəkkəb inkişafı tarixindən, ola bilsin, bu çətinliyi doğuran iki məqam ayrılır. Birincisi, obyekt seçimində ikiqat cəhdin nəticəsində, həmçinin, buradakı aralıq dövrdə insestlə bağlı qadağanın mövcudluğuna görə, cinsi ehtirasın seçdiyi obyekt son nəticədə ilkin obyektlə uyğun gəlməyib yalnız onun surroqatı olur. Psixoanalizin bizi öyrətdiyi kimi: əgər hansısa istəyin ilkin obyekti sıxışdırılma nəticəsində itirilmişsə, onda bundan sonra gəlib ilkin obyekti əvəz etməyə iddialı olan sonsuz sayda obyektlər sırasından hansısa birinin, həmçinin, yalnız birinin bunu bacarması çox təsadüfi hallarda olur. Bu isə yaşlı adamların sevgi həyatında çox təsadüf edilən: obyekt seçimində tez-tez baş verən dəyişilmələri və məmnunluq hissinin yarımçıqlığını izah edə bilər.

İkincisi, biz bilirik ki, cinsi istək çoxlu sayda komponentlərə ayrılır ki, bunlardan heç də hamısı onun sonrakı formalaşmasına qoşula bilmir, ancaq onları hər şeydən öncə sıxışdırmaq, yaxud onlar üçün digər tətbiq imkanı tapmaq lazımdır. Öncə bunlara bizim estetik mədəniyyətimizlə bir araya sığmayan koprofil (seksual tərəfdaşının nəcisinə baxmaq, onu qoxulamaq və dadmaqla ehtiraslanma) tipli ehtiras növləri aid olur, görünür, biz dik yeriməklə bağlı bədənimizin vəziyyətini şaquli hala gətirməklə, iyduyma orqanımızı yer səthindən uzaqlaşdırmaqla bu səviyyəyə çatmışıq. Daha sonra, sevgi həyatına da təzahür edən sadistik impulsların mühüm hissəsi bura aid olur. Ancaq bütün bu inkişaf prosesi mürəkkəb bir strukturun yalnız üst qatını əhatə edir. Sevgi həyəcanını doğuran əsas proseslər toxunulmaz qalır. Seksuallıqla, cinsi orqanların vəziyyəti – inter urinas te faeces – bədəndən ifraz edilən məhsullarla qırılmaz surətdə bağlı olmaqla, prosesin təyinedici və dəyişməz məqamları kimi qalır. Burada Napoleonun bəlli deyimini bir az dəyişib belə söyləmək mümkündür: “Anatomiya taleyi həll edir”. Cinsiyyət orqanları insan bədəninin digər hissələri kimi estetik mükəmməlliyə doğru inkişaf etməmişdir, onlar öz heyvaniliyində qalmışlar və buna görə də, sevgi minilliklər boyu olduğu kimi, bu gün də heyvani olaraq qalır. Sevgi ehtirasları çox çətinliklə tərbiyəyə tabe olur, onların tərbiyələndirilməsi gah lazım olduğundan artıq, gah da əskik nəticə verir. Onlardan mədəniyyət yaratmaq baş tutmayacaq bir işdir; öz tətbiqini tapa bilməyən seksual həyəcan güclü qeyri-məmnunluq hissi yaratmaqla, fəal cinsi təzahürlər şəklində meydana çıxır.

Beləliklə də, görünür, belə bir fikirlə barışmaq lazım gəlir ki, cinsi ehtirasın və mədəniyyətin tələbləri arasında tarazlıq yaratmaq, ümumiyyətlə, mümkün deyildir, çünki, buradakı imtinadan doğan məhrumiyyəti və əzabı aradan qaldırmaq mümkün olmadığı kimi, insanlığın gələcək mədəni inkişafının onu bir canlı növü kimi məhvə məhkum etməsi təhlükəsi də aktual olaraq qalır. Ancaq bu kədərli proqnoz da, yalnız belə bir yeganə mühakiməyə əsaslanır ki, mədəni narazılıq mədəniyyətin təzyiqi ilə cinsi ehtirasların qazandığı bəlli xüsusiyyətlərin zəruri nəticəsindən ibarətdir. Ancaq cinsi ehtirasın tam şəkildə məmnunluq doğura bilməməsi, bu ehtirasın mədəniyyətin ilkin tələblərinə tabe olması nəticəsində yaranmaqla, böyük mədəni nailiyyətlərin mənbəyi olur və bütün bunlar bu ehtirasın ayrı-ayrı elementlərinin sonrakı sublimasiyaları vasitəsi ilə gerçəkləşir. Əgər insanlar seksual impulslarını həyatları üçün elə bölüşdürə bilsəydilər ki, ondan tam məmnunluq alsınlar, onda başqa hansı motiv onları bu ehtirasın digər tətbiqlərini tapmağa yönəldə bilərdi? Bu halda, onlar bu səadətdən əsla ayrılmaz və insanlığın mədəni inkişafındakı uğurlara çatmazdılar.

Beləliklə, görünür, iki ehtirasın – seksual və eqoistik – tələbləri arasındakı barışmaz ziddiyyət sayəsində, insanlar daimi şəkildə nevroza, xüsusilə də, onun zəif formalarına yoluxmaq təhlükəsi ilə qarşılaşsalar da, ancaq elə bu səbəbdən də, yüksək nailiyyətlər qazanmaq bacarığı əldə edirlər.

Elmin məqsədi – nə qorxutmaq, nə də təskinlik verməkdir. Ancaq mən özüm belə bir halın mümkün olduğunu qəbul etməyə hazıram ki, yuxarıda söylənən ümumi nəticəni daha geniş zəmin üzərində qurmağa ehtiyac vardır və ola bilsin, insanlığın inkişafının bir sıra istiqamətləri bizim təcrid edilmiş şəkildə göstərdiyimiz nəticələri daha geniş sahələrə tətbiq etməklə yanaşı, onların yanlışlardan azad edilməsinə də kömək göstərə bilər.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.