Uşaq cinsiyyət orqanının təşəkkülü (seksuallıq nəzəriyyəsinə əlavələr)

Psixoanalizdə araşdırma işlərinin çətinliyi, ən yaxşı belə bir cəhətlə xarakterizə edilir ki, bəzən arasıkəsilmədən, on illərlə aparılan müşahidələrdə baxılan fenomen nəhayət bütün aydınlığı və tamlığı ilə üzə çıxanadək, onun ümumi cəhətlərini və tipik tərəflərini asanlıqla gözdən qaçırmaq mümkündür; aşağıda oxuyacağınız qeydlərdə mən seksual nəzəriyyənin infantillik sahəsindəki gözdən qaçırdığı bir sıra məsələləri yoluna qoymağa çalışmışam.

Mənim “Seksuallığın psixologiyası ilə bağlı üç məqalə” adlanan kitabımla tanış olan oxucuya bəlli olmalıdır ki, bu əsərin sonrakı nəşrlərində mən onu yenidən işləməmişəm, yalnız bu məsələ ilə bağlı olan baxışlarımızda baş verən bəzi dəyişiklikləri qeyd etməklə kifayətlənmişəm. Bu zaman keçmiş və yeni baxışların vahid və ziddiyyətlərdən azad olan bütünlüyü çox nadir hallarda təmin oluna bilirdi. Bu məsələdə diqqətimiz öncə uşaqların və böyüklərin seksual həyatındakı fərqlərin təsviri üzərində cəmləşmişdi, sonradan ön plana pregenital təşəkkül və libido, daha sonra isə, ardıcıl və mühüm nəticələrini qeyd etdiyimiz seksual inkişafın ikiqatlı başlanğıcı çıxarılmışdı. Nəhayət, bizim diqqətimizi infantil seksual araşdırmalar özünə cəlb etdi və bunlara əsaslanaraq, infantil seksuallığın son nəticədə (təqribən beş yaşda) yaşlı fərdlərin formalaşan son seksuallığına nə qədər yaxın olduğunu müəyyən etmək mümkün oldu. Seksuallıq nəzəriyyəsi ilə bağlı kitabın 1922-ci ildə çap edilən sonuncu nəşrində mən bu mövqenin üzərində dayanmışdım.

Öncə, mən belə bir fikri xatırlatmışdım ki, “çox vaxt və ya həmişə, artıq uşaq yaşında aşağıdakı təsvirə uyğun gələn seksual obyekt seçimi baş verir: bu obyekt seçimi cinsi yetkinlik yaşının başlanğıcı üçün xarakterik olur, çünki burada da, bütün seksual canatmalar bir şəxsə yönəlir və həmin şəxs məqsədə çatmaq üçün əsas olur. Bu isə seksual yetkinliyin başlamasından sonra seksual həyata ən çox yaxınlaşmanın göstəricisi olmaqla, yalnız uşaqlıq çağında mümkündür. Bu formanın fərqi bundan ibarətdir ki, qismən ehtiraslanmaların birləşməsi (Partiatriebe) və cinsi orqanların idarəsinə tabe olması, uşaqlıq dövründə olduqca natamam şəkildə olur, yaxud heç olmur. Nəsil artırmaq məqsədi ilə bu üstünlüyün təmin edilməsi, sonuncu fazada seksual quruluşun təşəkkülü vasitəsi ilə gerçəkləşir”.

Artıq bu gün, erkən uşaqlıq dövründə cinsi orqanların üstün vəziyyətinin tamamilə müəyyənləşməməsi və ya çox yarımçıq şəkildə olması fikri məni təmin etmir. Uşaqların cinsi həyatının böyüklərin cinsi həyatına yaxınlaşması daha erkən baş verir və bu yalnız cinsi obyekt seçimində ifadə edilməklə qalmır. Əgər bu, qismən ehtiraslanma elementlərinin cinsi orqanların rəhbərliyi altında birləşməsi həddinə çatmırsa da, ancaq hər halda, infantil seksual inkişafın öz kulminasiyasında cinsi orqanlara yönələn maraq və onlardan istifadə hakim mövqeyə çevrilir və bu hal cinsi yetkinlik dövründəki eyni haldan çox az geri qalır. Bu “infantil cinsi təşəkkül”, xarakterinə görə, yaşlıların cinsi təşəkkülündən fərqlənir. Bu fərq, infantil seksual həyatda hər iki cinsin yalnız bir cinsi hissə, kişilərə xas olan libidoya mənsub olmasında özünü göstərir. Yəni burada cinsi orqanların deyil, penisin üstünlüyü hökm sürür.

Təəssüf ki, biz bu vəziyyətlə bağlı prosesi yalnız oğlan uşaqları üçün təsvir edə bilirik, kiçik qız uşaqları üçün bu vəziyyəti aydınlaşdırmaqda, indilikdə, bəlli bir nöqteyi-nəzərə malik deyilik. Balaca oğlan uşağı, şübhəsiz, kişilərlə qadınların fərqini hiss edir, ancaq o hələlik, bu fərqi, onların cinsi orqanları ilə əlaqəli şəkildə aydınlaşdırmağa gəlib çatmır. Onun tamamilə təbii olan belə bir mülahizəsi vardır ki, bütün canlıların, insan və heyvanların, özündə olduğu kimi cinsi orqanları vardır, hətta, bizə onun cansız cisimlərdə də, öz cinsi orqanına analoji olan cəhəti axtarması da bəllidir.61 Bu, asanlıqla oyanan, dəyişkən bədən üzvü, oğlan uşağının marağını çox yüksək səviyyədə məşğul edir və onu bu məsələ ilə bağlı arasıkəsilməz araşdırmalara sövq edir. O məhz özününkü ilə tutuşdurmaq üçün digər şəxslərin də bu orqanlarını görmək istərdi və özünü elə aparır ki, sanki bu orqanın əslində daha böyük olmalı olduğunu hiss edir; sonradan, yetkinlik yaşına çatanda, kişi cinsi orqanının qazandığı hərəkətverici qüvvə, uşaqlıq dövründə araşdırıcılıq, seksual maraqlara istiqamətlənmək kimi istəklərin üstünlüyünə gətirib çıxarır. Uşaqların cinsi orqanlarını nümayiş etdirməsi və digər bu kimi aqressiv hərəkətləri, daha böyük yaşlarda düşünülmədən, şəhvətin təzahürü kimi dəyərləndirilərdi, ancaq bu kimi hadisələrin təhlili, onların sadəcə, eksperiment olduğunu, seksual araşdırma məqsədi ilə edildiyini göstərir.

Bu araşdırmanın gedişində uşaq penisin özü ilə eyni saydığı varlıqların heç də hamısında olmadığını kəşf edir. Uşağın, təsadüfən, öz bacısının, yaxud oyun yoldaşı olan hansısa qızın cinsi orqanını görməsi onun bu kəşfinə təkan verir. Müşahidə qabiliyyəti yüksək olan oğlan uşaqları bu faktı görməzdən öncə də, qızların sidik ifrazını müşahidə edərkən, onların başqa vəziyyətdə dayandıqlarını və bu hadisə zamanı yaranan səsi müşahidə edərək, burada nə isə başqa bir şeyin olduğundan şübhələnir və bu məsələni aydınlaşdırmaq üçün müşahidələrini davam etdirməyə çalışır. Onun başqa bir uşaqda penisin olmadığını öyrənməsinə necə reaksiya verdiyi məlumdur. O, bu çatışmazlığı qəbul etmir, hesab edir ki, onun penisdən fərqli olaraq gördüyü orqan müşahidə və dərketməsini dolaşdırmaq üçün maskalanmışdır, yaxud bu orqan hələ kiçikdir, tədricən böyüyüb onunku kimi şəkil alacaqdır, həmçinin, özünün də belə bir halı yaşadığını, bu mərhələni keçdiyini düşünməyə başlayır. Penisin yoxluğu axtalanmanın nəticəsi kimi anlaşılır və uşaq özü ilə bağlı baş verə biləcək axtalanma hadisəsi üzərində düşünməyə və bu məsələni aydınlaşdırmağa çalışır. Sonrakı vəziyyət hamıya bəllidir və burada onun barəsində danışmağa ehtiyac yoxdur. Ancaq mənə elə gəlir ki, axtalanmaq kompleksinin əhəmiyyətini, yalnız onun inkişafını penisin öz hakim mövqeyini qazandığı mərhələyə diqqət yetirməklə hərtərəfli qiymətləndirmək mümkündür.

Həmçinin bu da bəllidir ki, qadınların alçaldılmasında, onlara qarşı dəhşət duyulmasında, homoseksuallığa meyillilikdə, qadınlarda penisin olmadığına əmin olmaqdan yaranan hisslərin böyük payı vardır. Araşdırıclardan Frensi bu yaxınlarda, tamamilə doğru olaraq izah etmişdir ki, mifologiyadakı dəhşət simvolu – Meduzanın başı – qadın cinsi orqanının penisdən məhrum olmasından alınan təəssüratın məhsuludur.62

Ancaq belə hesab etmək olmaz ki, uşaq öz müşahidələrini çox tez və asanlıqla ümumiləşdirib qadınlarda penisin olmamasını axtalanmağın nəticəsi və ya nəyə görəsə cəzalanmağa görə olduğu fikrinə gəlir. Əksinə, uşaq düşünür ki, yalnız onun özü kimi, yolverilməz psixoloji hərəkətlərə meyilli olan ləyaqətsiz qadınlar penisdən məhrum olmuşlar. Həmçinin, onun anası kimi hörmətəlayiq olan qadınlar uzun müddətə öz penislərini saxlayırlar. Uşaq üçün qadın olmaq penisi olmamaq deyildir.63 Yalnız sonradan, uşaq körpələrin doğulması problemini həll etməyə çalışanda “kəşf” edir ki, körpələri ancaq qadınlar doğa bilir və buna görə də onlar, həmçinin öz anası, penislərindən məhrum olurlar; bəzən uşaqlar körpə ilə penisin mübadilə olunmasını izah etmək üçün çox mürəkkəb nəzəriyyələr də qururlar. Həmçinin, bütün bu hallarda qadın cinsi orqanını məsələyə qatmır, körpənin ananın qarnında yaşadığını və bağırsaqlardan keçib doğulduğunu düşünürlər. Bu sonuncu nəzəriyyə ilə biz infantil seksuallıq mərhələsini adlamış oluruq.

Uşaqların seksual inkişafının, seksual qütbləşməni yaxşı ayırd etmək üçün hansı dəyişikliklərin hesabına bu maneəni dəf etdiyini də nəzərdən keçirmək vacibdir. Birinci əkslik, obyekt seçimi zamanı meydana çıxır, yəni subyektin obyektlə bağlı aldığı təklif onu qütblərin olduğu fikrinə gətirir. Gerçək seksuallığın təşəkkülündən öncə, hələ kişi və qadının cinsi fərqləndirilməsi barədə danışıq getmir, burada aktiv və passiv əkslik hökm sürür. Sonrakı pillədə infantil cinsi orqan kişi təbiətli olur və qadın cinsi orqanı barədə məlumat olmur; buradakı əkslik kişi cinsi orqanı və onun olmadığı axtalanmış vəziyyətdən ibarət olur. Yalnız cinsi yetkinlik yaşına çatmaqla əlaqədar olaraq bu inkişaf yekunlaşanda, seksual qütbləşmə aydın şəkildə kişilik və qadınlığa ayrılır. Kişilik subyekt olmaqdan, aktivlikdən və penisə malik olmaqdan ibarət olur, qadınlıq isə obyekt olmaqla və passivliklə səciyyələnir. Bu vaxt, artıq, vagina penisin yerləşdirilə biləcəyi orqan kimi dəyər qazanır və bu vaxt miras kimi alınan uşaqlıq borusu da əhəmiyyət qazanır.

Qeydlər

1. İnversiyanın belə sarmaşan təbiətli müqavimətinin, təlqin etmə və ya psixoanalizin köməyi ilə əlverişli terapevtik müdaxilə üçün şərait yaratması mümkündür.

2. Ən müxtəlif cəhətlərdən tamamilə düzgün olaraq göstərilmişdir ki, invertləşmiş şəxslərin tərcümeyi-halında onların inversiyaya meyilliliyinin başlanması barədə verilən məlumatlar etibarlı deyil, çünki onlar özlərində vaxtı ilə heteroseksual hisslərin olması barədə sübutları yaddaşlarından sıxışdırıb çıxara bilər; psixoanaliz özünə bəlli olan inversiya hallarına əsasən, bu şəxslərin uşaqlıq çağına aid olan unutqanlığını aradan qaldırmaqla, yaddaşlarını bərpa edərək, belə bir şübhənin yerində olduğunu təsdiq etmişdir.

3. Degenerasiya diaqnozu qoyulmasına və onun cüzi praktik əhəmiyyət kəsb etməsinə necə ehtiyatla yanaşılmasının vacibliyi Mebiusun mühakimələrində aydın görünür (“Ueber Entartung – Grenzfragen des Nerv. und Seelenleb”, 1900, № 3): “Əgər, burada müəyyən qədər aydınlıq gətirilən anadangəlmə hallara geniş miqyasda baxılarsa, onda sonrakı gedişatı nəzərə almadan da, degenerasiyanın çox cüzi əhəmiyyəti olduğunu görmək mümkündür”.

4. “Uranizmin” (homoseksuallığı kişi bədənində qadın psixologiyasının mövcudluğu ilə izah edən cərəyan) müdafiəçilərinə bu məsələdə haqq qazandırmaq olar ki, bizə bəlli olan bir sıra çox böyük şəxslər qismən, hətta mütləq invertləşmiş olmuşlar.

5. İnversiyanı izah etmək üçün biseksuallıqdan ilk dəfə istifadə edən (bunu, “Jahrbuch’a fur sexuelle Zwischenstufen”nın 6-cı cildinə əsaslanaraq demək mümkündür) E.Qley hələ 1884-cü ildə “Revue philosophique” dərgisində çap edilmiş “Les abérrations de l’instinct Sexuel” məqaləsində bu barədə söz açmışdır. İnversiyanı biseksuallıqla izah edən müəlliflərin çoxu bu məqama yalnız invertləşmiş şəxslərə münasibətdə əhəmiyyət verməklə qalmayıb, onu bütün normal seksuallığa da aid edir və nəticədə, inversiyanı inkişafın pozulması kimi anlayırlar. Çoxlu sayda müşahidələrin göstərdiyi kimi, ən azından, burada ikinci mərkəz də mövcuddur (cinsi baxımdan inkişafdan qalma).

Belə mülahizələr səslənir ki, hər bir insanda kişilik və qadınlıq elementləri mövcuddur, ancaq konkret olaraq bu və ya digər cinsə aid şəxslərdə onlardan biri digərindən ölçüyəgəlməz dərəcədə çox inkişaf etmişdir; əlbəttə, burada məsələyə heteroseksual şəxslərə nəzərən baxılır.

6. Psixoanaliz indiyədək inversiyanın mənşəyini izah edə bilməsə də, ancaq hər halda onun mənşəyinin psixi mexanizmini aydınlaşdıra bilmiş, bununla da, məsələni diqqətə alınmalı çoxlu sayda suallarla əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Bütün araşdırılan hallarda müəyyən edirik ki, invertləşmiş şəxslər uşaqlığın çox sonrakı mərhələsində, çox intensiv, ancaq həm də qısamüddətli olaraq qadın təbiətində (çox vaxt analarının şəxsində) qərarlaşmışlar, onlar bu mərhələni adlamaq üçün özlərini anaları ilə eyniləşdirir və özlərini seksual obyekt olaraq seçirlər; yəni narsisizmə əsaslanaraq özlərinə bənzəyən gənc yaşlı kişi axtarır və onu öz analarının sevəcəyi kimi sevmək istəyirlər. Daha sonra biz aşkar etdik ki, invertləşmə halı yaşayan şəxslər heç bir halda qadın gözəlliyinə laqeyd olmamışlar, daima, qadınların yaratdığı həyəcanları kişi obyektlərə köçürmüşlər. Beləliklə də, onlar bütün ömürləri boyu işləyən bir mexanizm yaratmış və onun sayəsində invertləşmişlər. Onların qarşısıalınmaz şəkildə kişilərə can atması, qadınlardan qaçmağın doğurduğu narahatçılıqlarla şərtlənir.

Psixoanalitik araşdırmalar, qətiyyətlə homoseksualları xüsusi qrup şəklində digər insanlardan ayırmaq cəhdlərinə qarşı çıxır. O, yalnız açıq şəkildə təzahür edən halı deyil, digər seksual həyəcanlanmaları da tədqiq edərək aydınlaşdırır ki, bütün insanlarda özü ilə eyni cinsdən olan obyekt seçmək qabiliyyəti vardır və o, bu seçimi qeyri-şüurilik əsasında edir. Üstəlik, libido duyğusunun öz cinsinə cəzb olunması, normal psixoloji həyat yaşamaqda, əks cinsə nisbətən az rol oynamır, xəstəliklərin inkişafında isə daha böyük rol alır.

Həmçinin, psixoanaliz hesab edir ki, obyekt seçimində ilkin müstəqillik, kişi və qadın obyektləri seçməkdə eyni dərəcədə sərbəstdir və təsadüfi deyildir ki, bu ilkin müstəqillik uşaqlıq çağının primitiv halında və qədim tarixi dövrlərdə müşahidə olunur və bu ilkin vəziyyətdən məhdudlaşdırma yolu ilə inkişafın normal və invertləşmiş tip adlanan nəticələri meydana çıxır. Psixoanalizin fikrincə, kişilərin qadınlara olan müstəsna seksual marağı özlüyündə aydın olan məsələ olmayıb, əsasında kimyəvi cazibənin dayandığı və izah edilməsinə ehtiyac duyulan problemdir. Yekun cinsi seçim məsələsində həlledici məqam yalnız cinsi yetkinliyin yaranması ilə başlayır və bir hissəsi anadangəlmə cismani quruluş, digər hissəsi öz təbiəti etibarı ilə təsadüfi olan, həmçinin, qeydə alınması mümkün olmayan bir sıra faktorlardan ibarətdir. Şübhəsiz, bu faktorlardan bəzisi son nəticəyə həlledici təsir göstərə biləcək qədər güclü ola bilər. Ancaq son nəticəni müəyyən edən məqamların çoxsaylı olması, adamların aşkar seksual davranışlarının çoxsaylı şəkil müxtəlifliyində əks olunur. Araşdırmalarda, invertləşmiş tipli şəxslərdə, ümumilikdə, arxaik cismani quruluşun və primitiv psixi mexanizmin olduğu təsdiqlənir. Onların ən mühüm əlamətləri obyekt seçiminə narsisistik təsir və anal sahənin erotik funksiyasının saxlanılmasıdır. Ancaq belə bir cismani quruluşa əsaslanaraq, ifrat invertləşmiş fərdləri digərlərindən ayırmağın heç bir faydası yoxdur. Bu cür ifrat invertləşmiş fərdlərdə tapılan və qeyri- normallıq kimi dəyərləndirilən cəhətləri yarımçıq və aşkar normal tiplərdə də, ancaq daha zəif ifadə edilmiş şəkildə tapmaq mümkündür. Nəticələrdə olan fərqlər öz təbiətinə görə keyfiyyət xarakterli ola bilər: analiz göstərir ki, şərtlərin fərqliliyi yalnız kəmiyyət səciyyəlidir. Obyekt seçiminə təsadüfi şəkildə təsir göstərən faktorlardan biz qadağanı (uşaqlıqda seksual qorxudulma) qeyd edirik və buna diqqət yetiririk ki, ailədə hər iki valideynin olması böyük rol oynayır. Uşaqlıqda ailədə güclü atanın olmaması, çox vaxt, inversiya üçün əlverişli şərait yaradır. Nəhayət, seksual obyektin invertləşməsi və subyektin cinsi əlamətlərinin bir-birinə qarışması halını ciddi fərqləndirməyin zəruriliyi xüsusi qeyd edilməlidir. Bu məsələdə də, müstəqilliyin bəlli bir payının olduğu məlumdur.

İnversiya haqqında çoxlu sayda mühüm mülahizələri Frensi özünün “Kişi homoseksuallığının nozologiyası” (homoerotiklər) adlı məqaləsində göstərmişdir (Intern. Zeitschrift für ârztliche Psychoanalyse”, 11, 1914). Frensi tamamilə doğru olaraq bu faktı mühakimə edir ki, “homoseksuallıq” (o, bu sözü daha uğurlu alınan “homoerotika” sözü ilə əvəz etməyə çağırır) adı altında çoxlu sayda üzvi və psixoloji baxımdan tam fərqli xüsusiyyətləri birləşdirib bir-birinə qarışdırırlar və bunun səbəbi kimi onların hamısında inversiyanın ümumi simptom olduğuna əsaslanırlar. O, ən azından, iki tipə münasibətdə ciddi fərq qoymağı tələb edir: özünü qadın kimi aparan subyekt-homoerotik və mütləq şəkildə kişi təbiətli, ancaq qadını obyekt olaraq özü ilə eyni cinsdən olan fərdlə dəyişən obyekt-homoerotik. Birincini o, M.Hirşveldin təbirincə, gerçək “aralıq seksual” tip hesab edir, ikincini isə – onun bu təyini çox da uğurlu deyil – sarmaşan haldan əziyyət çəkən nevrotikə aid edir. İnversiyaya meyilliliklə mübarizə, həmçinin psixoloji təsir vasitəsi kimi, yalnız obyekt-homoerotiklərdə olur. Həmçinin bu iki tipin olduğuna zəruri şəkildə o da əlavə edilməlidir ki, çoxlu sayda fərdlərdə subyekt-homoerotikanın obyekt-homoerotika ilə bəlli nisbətdə qarışması halları mövcuddur.

Son illərdə bioloqların çalışmaları, xüsusilə də E.Şteynaxın araşdırmaları, istər homoerotikanın, istərsə də, ümumiyyətlə, cinsi əlamətlərin anlaşılmasına çox böyük aydınlıq gətirmiş oldu.

Axtalanma və digər cinsə aid olan orqanların köçürülməsi ilə əlaqədar eksperimental təcrübələr vasitəsi ilə müxtəlif məməlilərin erkəyini dişiyə və əksinə çevirmək mümkün oldu. Çevrilmə az, ya çox dərəcədə cismani cinsi əlamətlərə və psixoloji davranışlara (yəni subyekt və obyekt- homoerotiklərə) toxunmaqla baş verirdi. Cinsiyyəti müəyyən edən qüvvənin daşıyıcısı cinsi hüceyrələri təşkil edən toxum vəzisi deyil, bu orqanın birləşdirici materialı (“yetkinlik vəzisi”) hesab edilir.

Eksperimental təcrübələrin birində vərəm xəstəliyi səbəbindən xayalarından məhrum olmuş kişinin cinsi dəyişikliyinə nail olunmuşdu. Xayalarını itirəndən sonra o, özünü passiv homoseksualist kimi, qadıncasına aparırdı və onda çox aydın şəkildə ikinci xarakterli qadın cinsi əlamətləri müşahidə olunurdu (başında və üzündəki saçlarla, döşlərində və budlarında piy toplanması ilə). Bu kişiyə insan xayası köçürüləndən sonra o, özünü kişi kimi aparmağa başladı və öz libidosunu normal şəkildə, qadınlara qarşı yönəltdi. Eyni zamanda qadına xas olan cismani əlamətlər yox oldu (A.Lipchütz. “Die Pubertätsdrüse und ihre Wirkung. Bern, 1919).

Bu gözəl təcrübə sayəsində inversiya haqqında təlimin yeni əsaslar qazandığını təsdiq etmək yersiz olardı və bu kimi təcrübələrin homoseksualizmin “müalicəsi” üçün yeni yollar açdığını hesab etmək tələskənlik sayılmalıdır. V.Fliss çox doğru olaraq qeyd edir ki, bu cür eksperimental təcrübələr ali heyvanların anadangəlmə biseksual meyillərinin olması barədə təlimi dəyərsizləşdirmək gücündə deyildir.

Məncə, çox ehtimal ki, bu tipli sonrakı araşdırmalar biseksuallıq barədə iddiaları təsdiq edəcəkdir.

7. Sevgiyə münasibətdə qədim dünya ilə bugünkü dünya arasındakı ən böyük fərq bundan ibarətdir ki, antik dünyada ehtirasın özünü vurğulayırdılar, biz isə bunu ehtiras doğuran obyektin üzərinə köçürürük. Keçmişdəkilər ehtirasa hörmətlə yanaşır və onu yüksəltməyə hazır idilər, ancaq ehtiras doğuran obyektin özünə az dəyər verirdilər, biz isə əksinə, ehtirasın meydana gəlməsini yüksək dəyərləndirmir, onun ləyaqətini, bağlı olduğu obyektin yüksək dəyəri ilə doğrulduruq.

8. Burada hipnoz altına düşmüş şəxsin hipnozçuya tabe olması və inanması ilə bağlı hadisəni xatırlatmaya bilmirəm; bu hadisə məni belə düşünməyə yönəldir ki, hipnozun mahiyyətində libidonun qeyri-şüuri şəkildə hipnozçuya bağlanıb qalması dayanır (seksual ehtirasın mazoxist komponenti vasitəsi ilə). Frensis bu təlqinçilik əlamətini atalıq “kompleksi” ilə əlaqələndirirdi (“Jahrbuch für psychoanalytische und psychopathologische Forschungen”, 1909).

9. Ancaq zəruri olaraq qeyd etməliyik ki, seksual yenidən dəyərləndirmə obyekt seçiminin bütün mexanizmlərinə aid deyil və bir az sonra biz bədənin digər üzvlərinin seksual rolunun daha birbaşa olmasının izahı ilə tanış olacağıq. Xoxe və Blox tərəfindən seksual marağın cinsi orqanlardan bədənin digər hissələrinə keçidini izah etmək üçün yaradılmış “aclıq” məqamı anlayışı, məncə, bu cür qiymətləndirməni ifadə edə bilmir. Libidonun başlanğıcından getdiyi ən müxtəlif yollar, bir-biri ilə “birləşmiş qablar”8 kimi əlaqəlidir və burada əsas məcradan kənara çıxan axınlar fenomenini nəzərə almaq zəruridir.

10. Bəlli olduğu kimi, qadınlarda kişiləri seksual yenidən dəyərləndirmə müşahidə olunmur, ancaq bu, demək olar ki, həmişə, öz doğduğu körpəyə münasibətdə özünü göstərir.

11. Bu zəiflik ümumi anadangəlmə quruluşla şərtlənir. Psixoanaliz isbat edir ki, erkən uşaqlıqda seksuallıqla bağlı qorxutma tədbirləri, normal seksual məqsəddən sıxışdırılıb uzaqlaşdırılma və onun əvəzedicisinin yaranmasına sövq edən təsadüfi şərtlər sırasındadır.

12. Daha dərin psixoanalitik araşdırma Binenin iddiasının düzgün tənqidinə gətirib çıxardı. Bura aid olan bütün müşahidələr öz məzmununa görə fetişlə birinci qarşılaşmaya aiddir və bu vaxt fetiş artıq cəlbedici seksual marağa səbəb olur, ancaq hadisələrin baş verdiyi şəraitə əsaslanaraq onun bu marağı necə qazandığını anlamaq mümkün deyil. Digər tərəfdən, bütün bu, “erkən uşaqlığın” seksual təəssüratları 5-6 yaşdan sonra qazanılır və psixoanaliz bizi məcbur edir ki, belə gec yaşda yenidən patoloji sabitliyin yaranmasına şübhə ilə yanaşaq. Əslində isə, fetişin meydana çıxması ilə bağlı ilkin xatirənin kökündə seksual inkişafın məhv olmuş və unudulmuş mərhələsi dayanır, o burada “xatirələrin örtüyü” rolunu oynayan fetişlə əvəz olunur və onun qalıqları ilə çöküntüləri fetişi yaratmış olur. İlk uşaqlıq illərinə uyğun gələn inkişaf mərhələsinin fetişizmə sarı dönməsi, fetişi seçməyin özü kimi, bədənin genetik mirası ilə öncədən müəyyən olunmuşdur.

13. Buna uyğun olaraq, çəkmə və ya ayaqqabı qadın cinsi orqanının simvoludur.

14. Fetiş seçimində pis qoxulardan məmnunluq duymaq hissinin sıxışdırılma yolu ilə aradan qaldırılmasının əhəmiyyətini göstərməklə, psixoanaliz fetişizm anlayışını başa düşməyə mane olan boşluğu doldurdu. Ayaqlar və tüklər güclü iy verən obyektlər olmaqla, məhz onların xoşagəlməz iylənməsindən imtina etdikdən sonra fetişə çevrilir. Ayaqların fetişləşdirildiyi cinsi sapmalarda seksual obyekt həmişə kirli, pis qoxulu ayaqlardan ibarət olur. Ayaqların fetişləşdirilməsinin digər izahı, aşağıda verəcəyimiz infantil seksual nəzəriyyə vasitəsi ilə aydınlaşır. Burada ayaq qadının çatışmayan penisini əvəz edir.

Ayaqların fetişləşdirilməsi ilə bağlı olan bir sıra hallarda sübut etmək mümkün olmuşdur ki, cinsi orqana göz yetirməklə əlaqəli olan ehtiras, aşağıdan yuxarıya yönəldiyi vaxt, obyektin özünə yaxınlaşmaqla bağlı sıxışdırılma və qadağa nəticəsində, yola davam etməyərək dayanmağa məcbur olmuş, bunun nəticəsində qadın ayaqları və başmaqları fetişləşmişdir. Uşaqların təsəvvüründə isə yuxarıda qeyd etdiyimiz kimi, qadın cinsi orqanı kişilərdə olduğu şəkildə qəbul edilmişdir.

15. Mənə elə gəlir ki, “gözəllik” anlayışının kökündə seksual həyəcanın dayandığı heç bir şübhə doğurmur və ondan alınan ilkin təəssürat seksual həyəcanla əlaqəlidir. Məsələ ilə əlaqədar bu maraqlı fakta diqqət yetirməyə dəyər: görünüşü ən güclü seksual həyəcan yaradan cinsi orqanın özünü biz heç vaxt “gözəllik” anlayışı ilə ifadə etmirik.

16. Analiz buna uyğun başqa hallarda olduğu kimi, bu sapmada da, motivlərin gözlənilməz çoxnövlüyünü və əhəmiyyətini aşkara çıxarır. Misal üçün, eksgibisionizm (cinsi orqan və intim yerlərini sərgiləmək xüsusiyyəti) güclü şəkildə axtalanmaq kompleksindən asılıdır; bu səbəbdən, eksgibisionizmdə daima şəxsi (kişi) cinsi orqanının bütövlüyü diqqətə çatdırılır və qadınlarda bu orqanın olmaması ilə bağlı uşaqlıqda yaşanmış məmnunluq təkrarlanır.

17. Bununla əlaqədar olaraq, seksual inkişafın – cinsi orqanların funksiyasının formalaşmadığı mərhələsi ilə bağlı məlumatı müqayisə etməklə, bu nöqteyi-nəzərin doğruluğuna əmin ola bilərsiniz.

18. Bir az sonra xatırlanacaq “ambivalentlik” anlayışı ilə müqayisə etmək olar.

19. Seksual inkişafı saxlamağa yönəlmiş qüvvələrə – ikrah, xəcalət və əxlaq – digər tərəfdən, zəruri şəkildə, tarixən olmuş zahiri çəkindirmələrin qalığı kimi baxılmalıdır, keçmişlə bağlı bu fenomen insanlığın psixogenezisində seksual ehtiraslara öz təsirini göstərmişdir. Ayrıca götürülmüş bir insanın inkişafında onların müəyyən dövrdə kənar təsirlərin və tərbiyə ilə bağlı eyhamların ardınca, necə öz-özünə meydana çıxdığını müşahidə etmək mümkündür.

20. İrəli gedərək, sapmaların inkişafı ilə əlaqədar bunu qeyd etmək istəyirəm ki, onların təsbit olunmasına qədərki mərhələdə, fetşizmdə olduğu kimi, normal seksual inkişafın rüşeymlərinin müəyyən yer tutduğunu güman etmək üçün əsaslar mövcuddur. İndiyədək aparılan analitik araşdırmalar ayrı-ayrı hallara əsaslanaraq göstərə bilmişdir ki, perversiya da edip kompleksinə qədərki inkişafın qalıqlarından ibarətdir və sıxışdırılma prosesindən sonra seksual ehtirasın ən güclü anadangəlmə komponenti kimi fəaliyyətə başlayır.

21. Bu bəyanatı məhdudlaşdırmadan, əlavə etməklə, onu bu şəkildə dəyişmək olardı: əsəb simptomları, bir tərəfdən libidonun törətdiyi ehtirasa, digər tərəfdən “Mən”in tələbi ilə ona qarşı yaranan reaksiyalara əsaslanır.

22. Sapmaya məruz qalmış şəxslərin əlverişli şəraitlərdə başqalarına yönəlmiş düşməncəsinə münasibətdə əks olunan və aydın şəkildə dərk olunan fantaziyalarının psixoanaliz tərəfindən aşkara çıxarılması göstərir ki, paranoya xəstələrinin xəyali vahimələri və isteriklərin qeyri-şüuru fantaziyaları, öz məzmununa görə, onların simptomları ilə ən kiçik detallarına qədər üst-üstə düşür.

23. Psixonevroz, çox vaxt, yəqinliyi şübhə doğurmayan inversiya ilə birləşir, bu vaxt, heteroseksuallıq bütünlüklə basılıb əzilir. Düşüncələrimdə ədalətli olmağı nəzərdə tutaraq demək istəyirəm ki, Berlində, V.Flissin dediyi bir qeyd, mənim diqqətimi bütün psixonevrotiklərin zəruri şəkildə inversiyaya meyl etməsinə cəlb etdi və bunun nəticəsi olaraq, mən onu ayrı- ayrı konkret hallarda aşkara çıxara bildim. Bu lazımınca qiymətləndirilməyən faktın homoseksuallıqla bağlı nəzəriyyəyə böyük təsir göstərəcəyi şübhəsizdir.

24. Burada nevrotik xəstəliklərin müəyyən bir sinfinin öyrənilməsi nəticəsində meydana çıxmış bu mülahizənin doğruluğunu sübut etmək heç də asan deyildir. Ancaq digər tərəfdən, bu mülahizəni inkar edən diqqətəlayiq heç bir ehtiras haqqında danışmaq da mümkün deyildir.

25. Burada Mollun irəli sürdüyü mülahizəni xatırlamaq zəruridir, o, seksual istəkləri contrectation və detumecent ehtiraslar olmaqla iki yerə ayırır. Contrectation, dəri ilə təmas tələbatı deməkdir (detumecent – cinsi orqanda baş verən sərtləşmə və şişmənin ilkin vəziyyətə qayıtmasıdır – tərcüməçinin qeydi).

26. Həmçinin, uşaqlıq çağına vacib olan diqqəti yetirmədən, irsiliklə bağlı məsələni düzgün dəyərləndirmək mümkün deyil.

27. Əgər eyni zamanda fəaliyyətdə olan bu iki prosesdən yalnız birinə diqqət yetirsək, onda sıxışdırmanın mexanizmini anlamaq mümkün olmayacaqdır.

Burada müqayisə kimi, Gizdə turistlərin hündür piramidaya qaldırılması üsuluna baxmaq olar: onları bir tərəfdən itələyir, digər tərəfdən isə dartırlar.

28. Sonuncu materialdan bu mənada doğru istifadə edilə bilər ki, yaşlı nevrotiklərin uşaqlıq çağı sağlam insanların uşaqlıq çağından mahiyyətcə fərqlənmir, onlar yalnız seksual münasibətlərlə bağlı davranışlarının intensivliyi və aydınlığı ilə başqa uşaqlardan seçilir.

29. Qeyd etdiyim infantil seksual funksiyanın təzahürünün mümkün anatomik analogiyası Bayerin belə bir kəşfi ilə doğruldulur ki, yeni doğulan körpələrin daxili cinsi orqanları daha yaşlı uşaqlara nisbətən böyük olur (Deutsche Archiv fur klinische Medicin”, Bd. 73). Ancaq Halban tərəfindən təsbit edilmiş bu baxış, yəni doğuşdan sonra cinsi aparatın digər hissələrində geriyə inkişafın baş verməsinə sonadək aydınlıq gətirilməmişdir. Halbana görə (“Zeitschrift fur Geburtshiffe und Gynâkologie”, LIII, 1904), bu cür reqressiv proses ana bətnindən ayrıldıqdan sonra bir neçə həftə ərzində sona çatır.

Toxum vəzisinin birləşdirici materialını cinsiyyəti müəyyən edən orqan kimi görən müəlliflər anatomik araşdırmalar sayəsində, öz növbələrində, infantil seksuallığın latentlik dövrünün olması fikrinə gəldilər. Bununla bağlı, Lipşütsin yuxarıda xatırlatdığım kitabından bir sitat gətirirəm: “...Hər şeydən öncə belə bir fakt təsdiqini tapır ki, yetkinlik yaşına çatma mərhələsində cinsi əlamətlərin püxtələşməsi, fikrimizcə, çox- çox öncə başlayan, həmçinin, yalnız güclü şəkildə sürətlənmiş proseslərin axını nəticəsində baş verir”. İndiyədək sadəcə cinsi yetkinləşmə mərhələsi adlanan hadisə, çox güman, yalnız, ikinci onilliyin ortalarında başlayan “yetkinləşmənin ikinci böyük mərhələsindən” ibarətdir. “Yetkinləşmənin ikinci böyük mərhələsini” “cinsi yetkinləşmənin orta mərhələsi” adlandırmaq mümkündür”.

Frensi tərəfindən qeyd edilən bu anatomik vəziyyətin psixoloji müşahidələrlə uyğunluğu (“Intern. Zeit-schrift f. Psychoanalyse”, VI, 1920) yalnız bir məqama görə pozulur: seksual orqanın inkişafının “ilkin kulminasiya nöqtəsi” erkən rüşeym mərhələsinə aid olunur, ancaq uşaq seksuallığının erkən çiçəklənməsi mərhələsini üç-dörd yaşlar arasına köçürmək lazım gəlir. Əlbəttə, bu məsələdə, anatomik mərhələ ilə psixoloji inkişafın bütünlüklə üst-üstə düşməsi tələb edilmir. Uyğun araşdırma insanın toxum vəzisinin üzərində aparılmışdır. Heyvanlarda psixoloji anlamda, latentlik dövrü mövcud olmadığından, belə bir məsələni öyrənmək vacibdir: seksual inkişafın iki kulminasiya nöqtəsi olduğunu fərz edən müəlliflərə əsaslanaraq, başqa ali heyvanların da eyni anatomik halda olduğunu sübut etmək mümkündürmü?

30. “Seksual inkişafdakı latentlik mərhələsi” terminini də mən V.Flissdən götürmüşəm.

31. Burada söz açılan halla bağlı məsələdə seksual ehtirasın sublimasiyası reaktiv quruluşların (reaktiv quruluş – orqanizmin psixoloji müdafiəsini təmin edən reaksiyalardır – tərcüməçinin qeydi) açdığı yolla gedir. Ancaq ümumilikdə, sublimasiya və reaktiv quruluşlar barədə iki, tamamilə müxtəlif proses kimi söz açılması vacibdir. Çünki, sublimasiya digər, daha sadə mexanizmlərin köməyi ilə də yarana bilər.

32. Burada artıq bütün ömürboyu əhəmiyyət kəsb edən mühüm bir hadisə təzahür edir, belə ki, seksual məmnunluq ən yaxşı yuxu dərmanıdır. Əsəblə bağlı olan yuxusuzluqların çoxu seksual baxımdan təmin olunmamaqla izah edilir. O da bəllidir ki, vicdansız dayələr ağlayan uşaqları yatırmaq üçün onların cinsi orqanlarını sığallamaqdan istifadə edir.

33. Doktor Talant 1919-cu ildə “Neurolog. Zentralblatt” jurnalının 20- ci sayında “Das Lutscherli” başlığı altında seksual fəaliyyətin bu uşaqlara xas olan formasından imtina etməmiş yaşlı qız uşağının etirafını verir və əmmədən seksual məmnunluğa analoji olan həzz alındığını təsvir edir, bunun xüsusi ilə sevdiyi şəxslə öpüşmədə daha effektiv olduğunu deyir.

“Heç də bütün öpüşlər Lutscherliyə (əmməyə) bənzəmir, yox, yox, çoxu üçün bu, belə deyil! Əmməkdən bütün bədən üçün necə bir böyük məmnunluq yarandığını sözlə təsvir etmək mümkün deyil; bu dünyadan bütünlüklə uzaqlaşırsan, tam məmnunluq yaranır, səadətə qərq olursan və bütün istəklərin unudulur. Heyrətamiz hisslərə qapılırsan: yalnız, heç nəyin poza bilməyəcəyi bir dinclik, asudəlik istəyirsən. Bu, sözlə deyilə bilməyəcək bir gözəllikdir: nə ağrı, nə əzab hiss edirsən, başqa bir dünyaya köçüb gedirsən”.

34. “Autoerotik” terminini müəyyən edən H.Ellis bunu həyəcanlanmanın xaricdən deyil, daxildən yaranması mənasında işlətmişdi. Psixoanaliz üçün həyəcanın mənşəyi deyil, obyektə münasibət mühüm əhəmiyyət kəsb edir.

35. Sonrakı mühakimələr və digər müşahidələr bədənin bütün xarici və daxili hissələrinin erogen xüsusiyyətli olduğu fikrinə gəlməyə əsas verir. Bununla əlaqədar olaraq, aşağıda narsisisizmlə bağlı deyilənlərə baxa bilərsiniz.

36. Bioloji mühakimələrdə hadisələrin məqsədyönlü inkişafı nəzəriyyəsinə əsaslanan düşüncələrdən qaçmaq, demək olar ki, mümkün deyildir, buna baxmayaraq, ayrı-ayrı hallarda səhvlərdən sığorta olmağın mümkünsüzlüyü də yaxşı məlumdur.

37. Bizim anal erotika barədə anlayışlarımızı qeyri-adi dərəcədə dərinləşdirən “Anal” und “Sexual”, “Imago”, IV, 1861 adlı əsərində Lu Andreas-Salome qeyd edir ki, uşağa öz anal funksiyasından və onun məhsullarından həzz almağın qadağan edilməsi barədə ilk xəbərdarlıq onun bütün gələcək inkişafında həlledici rol oynayır. Kiçik varlıq yəqin ki, bu vaxt, ilk dəfə özünün xarici aləmdə düşməncəsinə qarşılanan istəyinin olduğunu anlayır, özünün şəxsi varlığını ona yad olan bu dünyadan ayırmağı öyrənir və sonra, həyatında baş verən birinci “sıxışdırma” ilə həzz ala biləcəyi halı həyatından çıxarır. Bu andan başlayaraq anallığa aid olan atılmalı nə varsa, həyatından çıxarılmalı olan şeylərin simvoluna çevrilir. Sonradan anal proseslərin cinsi proseslərdən ayrılması tələbinə onların anatomik və funksional yaxınlığında ifadə olunan analogiyası və aralarında mövcud olan asılılıq mane olur. Cinsi aparat kloaka ilə (nəcis ifrazını icra edən anus ilə) qonşuluqda olur, “qadınlarda isə, cinsi orqanın sanki anusdan ayrılmaqla yaranması mənzərəsi vardır”.

38. Sonrakı yaş dövründə, onanizmdə özünü göstərən qeyri-adi üsulların onanizmlə məşğul olmağın qadağan olunmasının nəticəsi kimi yarandığı görünməkdədir.

39. Bleyer bu yaxınlarda belə bir faktı açıqlamışdır: nevrotiklər günahlarını dərk etdiklərini dedikdə, onları həmişə yetkinlik yaşına çatdıqları dövrdə məşğul olduqları onanizmlə bağlı xatirələrlə əlaqələndirlər; bu fakt özünün əhatəli analitik izahını gözləyir. Bu əlaqənin izahında ən qaba və vacib faktor, çox güman, bundan ibarətdir: görünür, onanizmin infantil seksuallığın bariz şəkildə təzahüründən ibarət olması ilə əlaqədar, o həmçinin, infantil seksuallıqla bağlı olan günah hissini də bütünlüklə öz üzərinə götürmək qabiliyyətindədir.

40. H.Ellis 1903-cü ildə çap olunmuş “Cinsi hissiyyat haqqında” əsərinə etdiyi əlavədə bir sıra şəxslərin tərcümeyi-halları ilə bağlı etdikləri bir neçə etirafı nümunə göstərir və məlum olur ki, sonradan bu insanların çoxu uşaqlıq çağının bu hadisələrinə və bununla bağlı yaşadıqları həyəcanlara normal münasibət bəsləyirlər. Aydındır ki, bu xəbərin başlıca qüsuru, onun tarixə qədərki uzaq keçmişə aid olan dövrdəki cinsi həyatı əhatə etməməsindədir, bu dərin qat infantil unutqanlıq təbəqəsi ilə örtülmüşdür və yalnız nevrotikləri müşahidə edib öyrənən psixoanalizin köməyi ilə aşkar edilə bilər. Ancaq bu məlumatın dəyərli tərəfi də vardır və bu cür halların olması məni isteriyanın mənşəyi ilə bağlı bəlli mətndə dəyişikliklər etməyə vadar etdi.

41. Qadınlarda axtalanmaq kompleksinin olduğunu tam bir əsasla demək olar. İstər oğlan, istərsə də qız uşaqları, qadınlarda öncə penisin olduğu, ancaq sonradan axtalanma yolu ilə itirildiyi barədə nəzəriyyələr qururlar. Son nəticədə qadınlarda penisin olmamasına əminliyin yaranması, çox vaxt, kişi fərdlərdə həmişəlik qadınlara qarşı alçaldıcı münasibətin yaranmasına gətirib çıxarır.

42. Çox insanlar vaxtilə yelləncəkdə yellənərkən, hərəkətə gələn havanın öz cinsi orqanlarına təzyiq yaratdığını və bundan seksual məmnunluq duyduğunu xatırlaya bilər.

43. Nevrotik xəstəliklərlə bağlı halların analizi – açıq məkana qarşı duyulan qorxudan yerimək qabiliyyətini itirmək kimi – hərəkətdən alınan məmnunluğun seksual təbiətli olmasına şübhə yeri qoymur. Bəlli olduğu kimi, müasir mədəni tərbiyə gəncləri seksual fəaliyyətdən ayırmaq üçün idmandan geniş istifadə edir; bu hal da, daha doğrusu, ondan ibarətdir ki, o, seksual həzzi hərəkətdən alınan həzlə əvəz edir və seksual fəaliyyəti yenidən geriyə, onun autoerotik komponentlərndən birinə doğru yönəldir.

44. Yuxarıda deyilənlərdən gəlinən zəruri nəticə tələb edir ki, hər bir şəxsdə oral, anal və uetral (sidik kanalı) ilə əlaqəli olan halların erotika olduğu qəbul edilməlidir və bu hallara uyğun gələn erotik psixologiyanın təsbit edilməsi, həmin şəxslərdə qeyri-normallıq və ya nevroz olmasına dəlalət etmir. Normal insanın qeyri-normaldan fərqi yalnız seksual istəyin ayrı-ayrı komponentlərinin gücünə və onların inkişafın gedişində tətbiqinə görə müəyyən edilə bilər.

45. Bununla əlaqədar mənim 1905-ci ildə çap edilmiş “İtiağıllılıq və onun qeyri-şüuriliyə münasibəti” adlı əsərimə müraciət edə bilərsiniz. Kəskinliyin texnikası nəticəsində yaranan “ilkin” həzdən daxili gecikmə hallarının məhv edilməsi hesabına daha böyük həzlərə yol açmaq üçün istifadə olunur.

46. Çox ibrətamizdir ki, alman dilində “həzz”, “məmnunluq” anlamı verən “Lust” sözündən istifadə edilməsi, xatırlanan mətndə seksual həyəcana hazırlıq rolu ayırmaq hesab edilir və onun eyni zamanda müəyyən həzz verməklə yanaşı, həmçinin, müəyyən miqdarda seksual gərginlik yaratdığı hesab edilir. “Lust” ikili məna verməklə, həm seksual gərginlik duymağı (İch habe Lust – mən zərurəti hiss etmək istədim), həm də məmnunluğu ifadə edir.

47. Anlamağa dəyər ki, “kişi” və “qadın” anlayışlarının məzmunu ümumi şəkildə birmənalı qəbul edilsə də, elmdə ən dolaşıq məfhumlardan sayılmaqla, hər biri ən azından üç istiqamətə bölünən məzmun daşıyır. “Kişi” və “qadın” anlayışlarını seksual münasibətlərdəki aktivlik və passivliklə, daha sonra bioloji və sosioloji anlamlarda ayırd edirlər. Bu üç anlamdan birincisi – psixoanalizdə ən mühümü və yeganə tətbiq olunanıdır. Bu mənaya uyğun olaraq, biz yuxarıda libidonu “kişiliyə” xas hal kimi qeyd etdik, çünki ehtiras, hətta passiv məqsəd daşıyanda da, həmişə aktivdir. İkinci, kişi və qadının bioloji dəyərləndirilməsi bu anlayışların ən aydın şəkildə yozulmasıdır. Burada kişilik və qadınlıq toxum hüceyrələrinin və uşaqlıq borusunun varlığına və onların şərtləndirdiyi funksiyalara görə xarakterizə olunur. Aktivlik və onun yan təzahürləri, əzələ sisteminin daha güclü inkişafı, aqressivlik, libidonun böyük intensivliyi, biologiyada kişiliyin təzahürü kimi dəyərləndirilirsə də, ancaq bu həmişə birbaşa belə olmur, çünki elə heyvan növləri vardır ki, bu xüsusiyyətlər onların dişiləri üçün xarakterikdir. Üçüncü sosial dəyərləndirmə, öz məzmununu gerçək mövcud olan kişi və qadın fərdləri müşahidə etməklə formalaşdırır. Adamların bu cür müşahidəsi göstərir ki, istər psixoloji, istərsə də, bioloji anlamda sırf kişilik və qadınlıq deyilən bir anlayış yoxdur. Hər bir şəxsdə onun öz cinsi əlamətləri ilə digər cinsə aid olan əlamətlərin qarışığı olur və aktivliklə passivlik, bu psixoloji cəhətin bioloji baxımdan asılı olub- olmamasına rəğmən, bir-biri ilə qovuşurlar.

48. Psixoanaliz göstərir ki, obyektin tapılmasının iki yolu vardır: birincisi, mətndə təsvir edildiyi kimi, erkən uşaqlığın prototipinə əsaslanaraq gerçəkləşir, ikincisi narsisistik hal olub, özünün məxsusi “Mən”ini axtarmaq və onu başqasında tapmaqdır. İkinci yol prosesin nəticəsi üçün xüsusilə böyük əhəmiyyət kəsb edir, ancaq bu cəhət burada müzakirə etdiyimiz mövzu ilə əlaqəli deyildir.

49. Bu baxışlar kiməsə “küfr” kimi görünürsə, onlara ana ilə uşağın münasibəti barədə H.Ellisin öz mənasına görə demək olar ki, bizim fikirlərimizlə üst-üstə düşən qeydlərini oxumağı məsləhət görərdim (“Das Geschlechsgefuhl”, səh.16).

50. Uşaqlıqda yaşanan qorxunun mənşəyini izah etməkdə mən üç yaşlı oğlan uşağına borcluyam; bir dəfə onun qaranlıq otaqda belə bir sualını eşidib diqqət kəsildim: “Xala, mənimlə danış: mən qorxuram, çünki qaranlıqdır”. Xalası ona cavab verdi: “Bundan nə çıxacaq? Sən axı məni görmürsən?” Uşaq cavab verdi: “Bunun əhəmiyyəti yoxdur, nə vaxt ki kimsə danışır, onda ətraf işıqlanır”. O qaranlıqdan qorxmurdu, yanında sevimli şəxsin olmaması onu qorxuya salmışdı və bu adamın yanında olduğu sübut olunarsa, sakitləşəcəyini vəd edirdi. Nevrotik qorxunun mənşəyinin libido olması faktı, onun çevrilməsindən yaranan məhsul kimi anlaşılır, libidonun bu cür çevrilməsini eyni mənşəli sirkə və şərab timsalında müqayisə etmək olar; bu qənaət isə psixoanalitik araşdırmaların gəldiyi ən mühüm nəticələrdən biridir. Bu problemin sonrakı müzakirəsi üçün mənim “Psixoanalizlə ilkin tanışlıq” adlanan mühazirəmdəki uyğun mətnə baxa bilərsiniz, ancaq orada da, hər halda, yekun izah verilməmişdir.

51. Deyilənləri uşağın seçimində ifadə olunan “incə axın” ilə müqayisə etmək olar.

52. İnsestin məhdudlaşdırılması, çox güman, insanlığın tarixi nailiyyətlərindən sayılmalıdır və bu xüsusiyyət, digər mənəvi cəhətlərdə ifadə olunan tabular kimi fərdlərin çoxunda üzvi miras kimi təsbit olunmuşdur (deyilənləri mənim “Totem və tabu” əsərimdə bu mövzu üzrə yazılanlarla tutuşdura bilərsiniz). Hərçənd psixoanalitik araşdırmalar hər bir fərdin öz seksual inkişafında insest günahına batmamaq üçün necə gərgin mübarizə apardığını və çox vaxt fantaziyalarında və hətta bəzən gerçəklikdə ona uyduğunu göstərən örnəklər də verir.

53. Cinsi yetkinləşmə dövründə fantaziya, uşaqlıqda baş verən infantil seksual araşdırmaların kəsilməsi ilə əlaqəlidir və o, latentlik dövrünün bir hissəsini də əhatə edir. Bu fantaziyalar bütünlüklə və ya əksərən, qeyri- şüuriliklə bağlı ola bilər və buna görə də, onların aşkara çıxdığı vaxtı dəqiq müəyyən etmək mümkün deyildir. Onlar müxtəlif simptomların yaranmasında mühüm rol oynayır, çünki onların birbaşa, daha öncəki pilləsini təşkil edirlər, yəni, öz məmnunluğunu libidonun sıxışdırılmış komponentlərində tapan formaları təmsil edirlər. Şüura yuxugörmə şəklində çatan gecə fantaziyaları da, eyni təmsilçiliyin nümayəndələridir. Yuxugörmə, çox vaxt, yalnız bu tipli fantaziyaların canlanmasından ibarət olur və onların bu canlanması oyaq vaxtı şüurda ilişib qalmış, gündüzün hansısa qıcıqlanmalarının təsiri ilə əlaqəlidir (“günün qalıqları”). Cinsi yetkinləşmə dövrünə aid seksual fantaziyaların arasında seçilən bir sıra fantaziyalar, özünün çoxluq üçün ümumiliyi və ayrı-ayrı şəxslərin fərdi yaşantılarından yüksək dərəcədə asılı olmaması ilə fərqlənir. Bu fantaziyaların miflərlə yaxın münasibətinin olduğu O.Rankın 1909-cu ildə çap etdirdiyi “Mif və qəhrəmanların doğulması haqqında” əsərində sübut olunmuşdur. Valideynləri arasındakı cinsi münasibətlərlə bağlı söhbətlərə gizlincə qulaq asmasından, erkən uşaqlıq çağında sevimli şəxs tərəfindən seksual duyğularının şirnikləndirilməsindən, axtalanmaq təhdidindən, ana bətnində olmaqla və hətta orada yaşadığı hisslərlə bağlı fantaziyalardan və “nəsil romanı” deyilən hadisədən aldığı təəssüratlara reaksiya verən yeniyetmə, indi və uşaqlıqda, bütün bunların valideynləri ilə əlaqəsindəki fərqli istiqamətlərinə diqqət yetirir.

54. Doğru olaraq qeyd edilir ki, Edip kompleksi nevrozların nüvəsinin özəyini təşkil edir və onların məzmunlarının mühüm hissəsini formalaşdırır. Onunla, öz fəaliyyəti ilə yaşlı fərdlərin seksuallığına həlledici təsir göstərən infantil seksuallıq başa çatır. Hər bir yeni doğulmuş uşağın qarşısında Edip kompleksini adlamaq məsələsi dayanır; bunu etmək bacarığı olmayanlar nevrozla xəstələnirlər. Psixoanalitik araşdırmaların uğuru Edip kompleksinin bu əhəmiyyətini getdikcə daha aydın göstərir; bunun etirafı psixoanalizin tərəfdarlarını onun əleyhdarlarından ayırd etmək üçün bir parola çevrilmişdir.

55. İnsanın sevgi həyatının sayı bilinməyən xüsusiyyətlərini və sevginin sarsılmaz bir hiss olmasını, ümumiyyətlə, yalnız onların uşaqlığa münasibətini müəyyən etməklə və uşaqlığın təsirinin qalması ilə anlamaq mümkündür.

56. Bu yalnız nevrozda yaranan “neqativin” cinsi sapmaya meyillənməsinə aid deyil, həmçinin, həqiqi sapma adlanan müsbət hala aiddir. Sonuncu isə yalnız infantil meyillərin fiksasiyası (dəyişməzliyi) ilə izah edilmir, həmçinin, digər seksual axınların yolunun kəsilməsi nəticəsində onların reqressiyası (geriyə inkişafı) ilə baş verir. Bu səbəbdən, müsbət sapma psixoanalitik müalicə üçün əlçatandır.

57. Bununla yanaşı olaraq, çox vaxt belə bir mənzərə ilə qarşılaşmaq da olur ki, cinsi yetkinliyin başlaması ilə öncə normal seksual cərəyan olur, ancaq sonradan özünün daxili zəifliyi ucbatından ilk xarici maneə ilə qarşılaşanda ilkin fiksasiyaya dönən reqressiyaya uğrayır.

58. Hətta insan xarakterinin bir sıra cəhətləri ilə müəyyən erogen komponentlərin əlaqəsinin olması barədə fikirlər də irəli sürülür. İnadcıllıq, xəsislik və qaydaları sevməyin anal erotikadan qaynaqlandığı deyilir. Şöhrətpərəstliyin güclü uretal-seksual meyillərə bağlı olduğu düşünülür.

59. İnsan ruhunun belə bilicilərindən olan E.Zolya “Həyat sevinci” əsərində bir nəfər qızı təsvir edir; bu qız bütün nəyi varsa, sevinclə sevdiyi şəxsə qurban verir və əmlakından, əlində olan hər şeydən, heç bir mükafat gözləmədən, sevgi naminə əl çəkir. Uşaqlıqda bu qız nəvazişə həsrət qalmış, ona böyük tələbat duymuşdu, bu tələbat təmin olunmadıqda amansızlığa çevrilir və hisslərini təmin edən nəvazişlə qarşılaşanda bu amansızlıq öz yerini yüksək insani keyfiyyətlərə vermişdi.

60. Ola bilsin, qətiyyətin yüksəlməsi, həmçinin, erkən yaşlardakı xüsusilə intensiv olan cismani seksual təzahürlərin nəticəsidir.

61. Çox maraqlıdır ki, uşağı kişi cinsi orqanının digər hissəsi – xayalar və onların içindəki saxlanc olduqca az maraqlandırır. Çünki uşağın apardığı analizlərə əsaslanaraq, heç vaxt, cinsi orqanın penisdən başqa da hansısa hissəsinin olduğunu öyrənmək mümkün deyildir.

62. Internazionale Zeitschrift fur Psychoanal. 1923 Heft 1. Mən bunu əlavə etmək istərdim ki, burada daha çox ananın cinsi orqanı nəzərdə tutulur. Zirehli geyimində Meduzanın başının təsviri olan ilahə Afina, məhz buna görə əlçatmaz qadına çevrilir və mifik təsəvvürlərə görə, ilahənin görünüşü onunla seksual yaxınlıq fikrinə düşənləri öldürür.

63. Gənc qadının həyatını analiz edərkən öyrəndim ki, erkən yaşında atasız qalan, ancaq bir neçə xalası olan bu qız artıq latentlik dövrünün bir neçə ilində də anasının və xalalarının penisləri olduğunu düşünməkdə davam etmişdir. Ancaq o ağıldankəm xalasının özü kimi axtalandığını hesab etmişdir.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.