Müəllifin 4-cü nəşrə ön sözü
Müharibə dövrünün qəzəblə coşan dalğaları toxtayandan sonra, yaşadığımız nəhəng dünyada psixoanalitik araşdırmalara olan marağın sönmədiyini görmək məmnunluq doğuran hadisədir. Ancaq bu təlimin heç də bütün sahələrinə eyni tale nəsib olmamışdır. Sırf psixoloji şərait və psixoanalizin, qeyri-şüurilik, xəstəliyə aparan konflikt, sıxışdırılma, xəstəlikdən faydalanma, simptomların yaranması mexanizmi və başqa bu kimi hallar barəsində olan kəşflər getdikcə daha artıq etiraf edilir və hətta, psixoanalizin ən prinsipial rəqibləri tərəfindən də nəzərə alınır. Təlimin, əsasları bu kiçik əsərdə ifadə edilən biologiya ilə məhdudlaşan hissəsi yenə də kəskin etirazlar doğurmaqdadır və hətta, bu məsələ vaxtı ilə psixoanalizlə intensiv şəkildə məşğul olan bir sıra şəxslərin ondan ayrılaraq yeni nöqteyi-nəzərlər yaratmasına, bu da öz növbəsində istər normal, istərsə də xəstə psixoloji həyat tərzində seksual məqamın rolunun məhdudlaşdırılmasına gətirib çıxarmışdır.
Bütün bunlara baxmayaraq, psixoanalitik təlimin bu hissəsinin onun başqa bir hissəsinin ortaya qoyduğu həqiqətlərdən çox fərqli nəticələrə aparıb çıxardığını qəbul etmirəm. Xatirələrim və bütün yeni araşdırmalarım mənə deyir ki, bu hissə də, eyni dərəcədə dərin və qeyri-obyektivliyə uymayan müşahidələr nəticəsində meydana çıxmışdır və onun cəmiyyətdə qəbul edilməməsilə bağlı məqamı da izah etmək çətin deyildir. Birincisi, insanın seksual həyatının başlanğıcı barədə burada verilən təsvirləri yalnız pasiyentin ilk uşaqlıq illərinədək analiz apara bilmək üçün kifayət qədər səbri və texniki çevikliyi olan araşdırıcılar təsdiq edə bilər. Çox vaxt bunu etmək mümkün olmur, çünki həkimlik fəaliyyəti xəstəliyin daha tez sağaldılmasını tələb edir, həkim olmayıb psixoanalizlə məşğul olanlar isə ümumiyyətlə, bu sahəyə nüfuz edə bilmir, onların məxsusi antipatiya duyğusu və öncədən inandıqları şeylərin təsirindən xilas ola bilməməsi, müstəqil mühakimə yürütmələrinə imkan vermir. Əgər insanlar uşaqlar üzərində birbaşa müşahidə aparmaqla nə isə öyrənə bilsəydilər, onda bu üç məqalə ümumiyyətlə yazılmazdı.
Ancaq daha sonra onu da qeyd etmək zəruridir ki, bu kitabın məzmununu təşkil edən çoxlu şeylər, burada insan fəaliyyətinin bütün sahələrində seksuallığın rolunu qeyd etməklə, seksuallıq anlayışının genişləndirilməsinə cəhd edilməsi, məhz, həmişə psixoanalizə qarşı müqavimətin ən güclü motivləri olmuşdur. Yüksəkdən səslənən şüarlara olan ehtiyac üzündən iş o yerə gəlib çatmışdır ki, psixoanalizin “panseksualizm” olduğu, həmçinin, onun hər şeyi seksuallıqla izah etdiyi kimi mənasız ittihamlar eşidilməkdədir. Əgər biz yalnız hər şeyi dolaşdırmağa və unutmağa gətirib çıxaran affekt vəziyyətində olsaydıq, bu hala təəccüblənmək də olardı. Ancaq axı, filosof Artur Şopenhauer artıq çoxdan, insanlara onların düşüncə və fəaliyyətlərinin nə dərəcədə, sözün adi mənasında seksual istəkləri ilə müəyyən edildiyini göstərmişdir və böyük bir oxucu kütləsinin bu cür heyrətamiz məlumatı unutması heç də ağlabatan görünmür! Uşaqların və seksual sapmaları olan şəxslərin cinsi həyatının öyrənilməsi nəticəsində zəruri olaraq meydana çıxan seksuallıq anlayışının “genişləndirilməsinə” gəlincə, psixoanalizə yuxarıdan aşağı baxan bütün şəxslərə xatırlatmaq istəyirəm ki, psixoanalizin genişləndirdiyi seksuallıq anlayışı “ilahi” Platonun Eros termini ilə olduqca yaxındır (S.Naxmanson. Freydin libido nəzəriyyəsinin Platonun Erosla bağlı təlimi ilə tutuşdurulması). “Internationale Zeitschrift für ärztiche Psychoanalyse”, 111,1915).
Vyana, may 1920-ci il