Kişilərin xüsusi tipli “obyekt seçimi” haqqında

Biz indiyədək “sevgi şərtlərini” təsvir etməyi, yəni insanların burada “obyekt seçimi” edib öz arzularını gerçəkliyə uyğunlaşdırmaq cəhdinin təqdimatını, yalnız şairlərin öhdəsinə buraxmışdıq. Doğrudan da, şairlər digər insanlardan bir sıra xüsusiyyətləri ilə fərqlənirlər ki, bu da onlara belə bir məsələni həll edə bilmək imkanı yaradır. Çox incə psixoloji keyfiyyətlərinin olması, başqa insanların sirli istək və arzularını böyük həssaslıqla duymaq bacarığı ilə yanaşı, onlar öz məxsusi qeyri-şüuri hisslərini açıq-aydın şəkildə deyə bilmək kimi bir cəsarət sahibi olurlar. Ancaq bir halı nəzərə alsaq, onda bu cür dərketmə vasitəsilə qazanılan biliyin təsvirində bir nöqsan da vardır. Şairin məqsədi – intellektual və estetik həzlər təqdim etmək və bununla duyğulara təsir etməkdir, məhz buna görə də, şair gerçəkliyi dəyişdirmək məcburiyyətində qalır, bunun üçün də, onun ayrı-ayrı hissələrini təcrid etməli, bunu edə bilmək üçün maneçilik törədən əlaqələri qırmalı, bütövlüyü yumşaltmalı və onda çatmayan nələrisə əlavə etməli olur. “Poetik sərbəstlik” adlanan anlayışın belə bir üstünlüyü vardır. Şair, belə ruhi hadisələrin mənşəyinə və inkişafına olduqca az maraq göstərir və onları artıq hazır şəklində götürüb təsvir edir. Ona görə də, elm zəruri şəkildə, daha kobud yanaşmalar vasitəsi ilə və qətiyyən həzz almaq arzusu güdmədən, poetik emalından insanların əsrlərlə həzz aldığı bu problemlərlə məşğul olmağı qət edir. Bu qeydlər insanın sevgi aləmi ilə bağlı məsələlərin ciddi elmi təhlilinə haqq qazandırmağa xidmət edir.

* * *

Psixoanalitik müalicə vaxtı həkimin nevrotiklərin sevgi aləmi ilə tanış olması üçün kifayət qədər imkanı olur. Belə tanışlıq göstərir ki, bu sahədə onların sərgilədiyi davranışı sağlam insanlar və hətta, görkəmli insanlar arasında da görmək mümkündür. Əlimizdə olan bu cür materialların araşdırılması zamanı meydana çıxan xoş təsadüflər, həmçinin, məsələ ilə bağlı yaranan eyni cinsli təəssüratlar nəticəsində qarşımızda sevgi aləminin bəlli tipləri peyda olur. Obyekt seçimində özünəməxsusluğu ilə seçilən bir kişi tipini təsvir etmək istəyirəm, çünki o, bir yerdə götürüləndə anlaşılmaz, hətta, qəribə görünən “sevgi vəziyyətlərinin” olması ilə fərqlənir və bununla yanaşı olaraq bu tip sadə psixoloji izah üçün əlçatandır.

1. Bu “sevgi vəziyyətlərindən” birincisini spesifik adlandırmaq olar; əgər bu cəhət artıq göz önündədirsə, onda bu tipin digər fərqləndirici əlamətlərini axtarmaq lazım gəlir. Onu “üçüncü zərərçəkmişlə əlaqədar” vəziyyət adlandırmaq olar. Mahiyyət ondan ibarətdir ki, haqqında söz gedən şəxs öz sevgisinin obyekti olaraq heç vaxt azad qadını seçmir, yalnız artıq bir başqasının: ərin, nişanlının və ya dostun hüququnu elan etdiyi qadını seçir. Bu vəziyyət bir sıra hallarda çox faciəvi olur, belə ki, bu qadın uzun müddət kimsənin diqqətini çəkmir, hətta, bir başqasına məxsus olanadək ona etinasız yanaşılır; ancaq bu qadın yuxarıda dediyimiz münasibətlərdən birinə uyğun olaraq hansısa bir kişi ilə münasibət quran anda, dediyimiz tipli kişi ona ürəkdən vurulur.

2. İkinci vəziyyət, ola bilsin, artıq elə də daimilik deyil, ancaq eyni dərəcədə qəribədir. Bu tipli obyekt seçimi, yalnız bu vəziyyətin haqqında söz açdığımız birinci vəziyyətlə birləşməsi sayəsində olur, eyni zamanda, birinci vəziyyətdə olduğu kimi çox tez-tez rast gəlinir. İkinci vəziyyətin mahiyyəti ondan ibarətdir ki, təmiz, məsumluğu heç bir şübhə doğurmayan qadın burada yetərincə cazibəli hesab edilmir, yalnız şübhə doğuran – sadiqliyinin, etibarlığının möhkəm olmadığı duyulan qadın cinsi münasibət qurmaq baxımından cazibəli görünür. Bu sonuncu xüsusiyyətin bir sıra keçid halları ola bilər, bunlar etibarına yüngülcə kölgə düşmüş, eyni zamanda naz-qəmzə nümayiş etdirməkdən çəkinməyən ərli qadından tutmuş çoxlu sayda kişilərlə cinsi münasibətdə olan qadınlar, yaxud fahişələr də ola bilər. Ancaq baxdığımız tipə aid olan kişi bu cür qadınlardan uzaqlaşmağı heç cür bacarmır. Bu vəziyyəti bir azca şişirdilmiş şəkildə, “fahişəyə olan sevgi” adlandırmaq olar.

Birinci vəziyyət, sevdiyi qadını əlindən qoparmış kişiyə qarşı düşmənçilik duyğusu yaradır, ikinci vəziyyət – qadının fahişəlikdə iştirakı – bu tipli sevgiyə məruz qalan şəxsin tələbatı fonunda yaranan zəruri qısqanclıq duyğusunun məhsuludur. Yalnız bir halda, əgər onlar qısqanırsa, məhz onda ehtirasları ən güclü həddə çatır, qadın öz həqiqi dəyərini qazanır və onlar heç vaxt belə güclü duyğunu sınamağı əldən buraxmırlar. Təəccüblü burasıdır ki, qanuni olaraq yiyələndiyi qadını deyil, özgə birisinə məxsus, yaxud buna namizəd olan, ancaq həm də, bu halı şübhə doğuran qadını qısqanırlar. Bu halın kəskin ifadə olunan variantında, sevən şəxs qadının yeganə sahibi olmaq istəmir və görünür, o yarana biləcək “üçtərəfli ittifaq” şəraitində özünü yaxşı hiss edir. Mənim pasiyentlərimdən biri, sevdiyi qadının “kənar əyləncələrindən” bərk əzab çəksə də, onun başqasına ərə getməyinə qarşı deyildi və onunla evlənmək istəyən kişiyə var gücü ilə kömək etməyə çalışırdı; sonradan, uzun illər ərzində bu qadınla münasibətlərini qoruyub saxlayan bu şəxs onun ərinə qarşı heç bir qısqanclıq duyğusu yaşamırdı. Başqa bir tipik halda, pasiyentim ilk dövrdə, gəzdiyi qadının ərinə qarşı çox qısqanc olmuşdu, hətta, ondan əri ilə cinsi əlaqədən imtina etməyi tələb etməyədək gedib çıxmışdı; ancaq qadınla davam edən çoxillik əlaqələrindən sonra o da özünü başqaları kimi aparmış, qadının qanuni əri ilə intim yaxınlığına adi hal kimi yanaşmışdı.

Sonrakı bəndlər artıq sevgi obyektindən tələb olunan şərtləri deyil, sevənin sevdiyi obyektə münasibətini təsvir edir.

3. Normal sevgi aləmində qadının dəyəri onun saflığı ilə müəyyən olunur və qadının həyat tərzi ilə fahişəliyə yaxın olması bu dəyəri aşağı salır. Ona görə də, haqqında söz açdığımız kişi tipinin normal sevgi meyarından bu cür uzaqlaşması və saflığı ilə seçilməyən qadınlara daha dəyərli sevgi obyekti kimi yanaşması təəccüblü görünür. Bu cür qadınlarla sevgi əlaqələrinə onlar ruhlarının bütün gücü ilə qoşulur, onların bu ehtirası həyatdakı bütün maraqlarını kənara atır. Onlar yalnız belə qadınları sevə bilir və hər dəfə, bu sevginin şərtlərini pozmamaq üçün özlərinə qarşı güclü tələbkarlıq göstərirlər. Təsvir olunan sevgi münasibətlərinin bu cəhətlərində istənilən sevən şəxsə bəlli dərəcədə xas olan sarmaşma xarakterinin ifadə olunduğu çox aydın bir şəkildə görünür. Ancaq bu şəxslərin münasibətlərində özünü göstərən sədaqətə və güclü vurğunluğa əsaslanıb, onların həyatındakı bu cür hadisənin təkrarlanmadığını və ya yalnız bir dəfə baş verdiyini hesab etmək olmaz. Əksinə, bu cür ehtiraslı vurulma eyni xüsusiyyətlərlə, bu tipə aid olan adamların həyatında dəfələrlə təkrarlanır və onlardan hər biri özündən əvvəlkinin dəqiq surəti olur. Bundan əlavə, xarici şəraitin dəyişməsindən asılı olaraq, misal üçün, yaşayış yerinin və ya daxil olduğu mühitin dəyişilməsi ilə sevgi obyektləri bir-birinin ardınca çox tez- tez dəyişir və uzun bir silsilə təşkil edir.

4. Bu tipli aşiq kişiləri müşahidə edən adamı, hər şeydən daha çox, onların sevdikləri qadınları xilas etmək niyyətləri təəccübləndirir. Bu tipə aid olan kişi hesab edir ki, sevgilisi olan qadının ona bərk ehtiyacı vardır, o olmasa bu qadın bütün mənəvi dayaqlarını itirər və əxlaqca çox aşağı səviyyəyə yuvarlanar. O, qadını xilas etməyi onu atmamaqda görür. Bir sıra hallarda xilas etmək niyyəti, qadının təsadüfi cinsi əlaqələrə can atması, yaxud onun cəmiyyətdəki şübhəli ictimai vəziyyəti ilə doğruldulur; ancaq bu niyyət, onu doğrultmaq üçün heç bir bəhanə olmayan hallarda da, hökmən özünü göstərir. Təsvir olunan tipə aid olan, gəzdiyi qadınları çox böyük ustalıqla şirnikləndirməyi və tədrici üsullarla ələ almağı bacaran bir kişi sonradan özünün yazdığı traktatın köməyi ilə növbəti məşuqəsinə təsir edib onu yolundan azmamağa sövq etməyə çalışır.

Əgər burada təsvir olunan mənzərənin ayrı-ayrı cəhətlərinə göz yetirsək, sevdiyi qadının sərbəst olmaması və ya fahişəliyə meyilli olması tələbi, onun çox yüksək dəyərləndirilməsi, qısqanclıq duyğusuna ehtiyac duyulması, çox asanlıqla başqa qadına keçsə də, ancaq baxılan halda güclü görünən sədaqət və sevdiyi qadını xilas etmək niyyəti kimi xüsusiyyətləri nəzərə alanda, bütün bu xüsusiyyətlərin eyni mənbədən doğulduğu çox az ehtimal oluna bilər. Ancaq haqqında söz gedən kişilərin həyat tarixçəsini psixoanalizin köməyi ilə dərindən araşdırmaqla, belə bir mənbənin olduğunu asanlıqla kəşf etmək mümkündür. Bu özünəməxsus sevgi obyekti seçimi və bu cür qəribə sevgi münasibətləri, normal insanın sevgi həyatı ilə eyni psixoloji mənşəyə malikdir: onlar ana nəvazişinin uşaqlıq təsbitindən (fiksasiyasından) qaynaqlanır və bu təsbitin nəticələrindən birini ifadə edir. Normal sevgi həyatındakı obyekt seçimində ananın prototipinin təsiri ilə formalaşdığı şübhə doğurmayan bir sıra cəhətlər özünü büruzə verir, buna misal olaraq, gənc adamların daha yaşlı qadınlara meyl göstərməsi örnəklərini göstərmək olar; nəticədə sevgi istəyinin (libidonun) anadan ayrılması bəlli dərəcədə tez baş vermiş olur. Bizim tipli insanlarda, əksinə, anaya yönələn istək cinsi yetkinlik yaşına çatandan sonra da uzun müddət qalır və bu özünü sonradan sevgi obyekti seçimində, bu obyektdə özünü aydın şəkildə göstərən ananın əlamətlərində büruzə verir və ona baxaraq ananın prototipinə xas olan cəhətləri asanlıqla tanımaq mümkündür. Bu hadisəni obrazlı şəkildə yeni doğulmuş körpənin kəlləsinin deformasiyaya uğraması ilə müqayisə etmək olar: bəlli olduğu kimi, çətin və uzun çəkən doğuşdan sonra körpənin kəlləsi ananın çanaq keçidinin formasını alır.

Bu halda qarşımızda belə bir vəzifə dayanır: gərək bizim tipə aid olan kişilərin xarakterik cəhətlərinin, onların sevgi şərtlərinin və sevgi vaxtı özünü göstərən davranışlarının, həqiqətən də, analarının prototipinə uyğun şəkildə yarandığı ehtimalının doğruluğunu göstərək. Bunu daha asan şəkildə, söz açdığımız birinci vəziyyətə uyğun halda etmək olar, bu halda qadın sərbəst deyildir və burada zərərçəkən timsalında üçüncü tərəf vardır. Tamamilə aydındır ki, ailədə böyüyən körpənin belə bir bəlli təsəvvürü vardır ki, onun anası atasına məxsusdur və burada, yəni onun anasına yönələn sevgisində, “zərərçəkən üçüncü tərəf” bir başqası deyil, məhz atasıdır. Həmçinin, uşaqların münasibətləri üçün yenidən qiymətləndirmə təbiidir və bu səbəbdən onlar üçün sevdiyi şəxslər yeganə və əvəzedilməz olur: çünki heç kimin birdən artıq anası olmur və ona olan münasibət bir də təkrarlanmayacaq və şübhə doğurmayan hadisəyə (doğulmağa) əsaslanır.

Əgər bütün sevgi obyektləri ananın əvəzediciləridirsə, onda sadiqliyə kəskin şəkildə zidd olan bunca böyük “sıranın formalaşması” da başa düşüləndir. Psixoanaliz bizə başqa nümunələr əsasında da göstərir ki, qeyri- şüuri səviyyədə fəaliyyətdə olan əvəzolunmazlıq, çox vaxt, sonsuz bir sıra şəklində ayrılır, buradakı sonsuzluğun səbəbi isə istənilən yeni surroqatın lazımi məmnunluğu yetərincə təmin edə bilməməsidir. Misal üçün, uşaqlarda, müəyyən yaşda qarşısıalınmaz şəkildə bir-birinin ardınca yeni suallar vermək arzusu yaranır və bu, onunla izah olunur ki, onlar verməyə cürət etmədikləri yeganə sualı ortaya çıxara bilmirlər. Bir sıra nevroz xəstələrinin yanşaqlığı (çox danışması), onların açmaq istədiyi, ancaq hər halda səsləndirmədiyi sirrin ağırlığı ilə bağlıdır.

Ancaq seçilmiş obyektin fahişələrə uyğun gəlməsi, bu hadisənin mənbəyinin analıq kompleksi olması fikri ilə büsbütün ziddiyyət yaradır.

Yaşlı adamın şüurlu düşüncəsində ana yüksək mənəvi saflığın təcəssümü olan şəxsiyyətdir və anaya qarşı hansısa şübhə doğuran təəssürata qapılmaq bizim dözülməz əzablarla qarşılaşmağımıza gətirib çıxarır. Ancaq məhz “ana” ilə “fahişə” arasındakı bu kəskin ziddiyyət bizi bu iki kompleks arasındakı münasibətlərin inkişafı tarixini və qeyri-şüuri qarşılıqlı əlaqələrini axtarmağa sövq edir. Çünki artıq qeyri-şüuri halında vahid bir bütünlükdə olan şeylərin şüurda iki qarşılıqlı əks olan anlayışlara bölündüyünü çoxdan bilirik. Araşdırmalar bizi oğlan uşağının böyüklər arasında cinsi münasibətin olduğunu öyrəndiyi yaş dövrünə qaytarır – bu təxminən, cinsi yetkinliyin başlanmasına az qalmış olur. Eşitdiyi təhqir və ədəbsizlik niyyəti güdən kobud hekayətlər vasitəsi ilə o, cinsi əlaqənin sirri ilə tanış olur, bu isə, cinsi münasibətlərini bir eyib kimi gizlədən yaşlıların nüfuzunu onun gözündən salır. Bu kəşfin öyrətdiyi nəticənin öz valideynlərinə də aid olması cinsi həyata qədəm qoymaqda olan yeniyetməyə çox güclü təsir göstərir. Çoxlu hallarda sadəlövh yeniyetmələr bu fikrə etiraz edir və bunu təqribən belə ifadə edirlər: sənin valideynlərinin, yaxud başqalarının valideynlərinin buna bənzər işlər görməsi tamamilə mümkündür, ancaq mənim valideynlərimin belə bir iş görməsi qətiyyən mümkün deyildir.

Bu vaxt oğlan uşağı çətinliklə də olsa, “cinsi münasibətlərlə tanışlıqdan” öyrənir ki, bəlli tipli qadınlar mövcuddur və onların peşəsi başqaları ilə cinsi əlaqəyə girməkdən ibarətdir və buna görə də, hamı bu qadınlara nifrət bəsləyir. Ancaq bu nifrət onun özünə yad gəlir; onda bu bədbəxt qadınlara qarşı həsrətlə dəhşətin qarışığından ibarət bir duyğu yaranır, çünki o, artıq bilir ki, bu vaxtadək yalnız “böyüklərin” üstünlüyü hesab etdiyi cinsi əlaqəni indi o özü də bu qadınların köməyi ilə reallaşdıra bilər. Artıq öz valideynlərinin də bu ikrah doğuran cinsi münasibətlərdə iştirak etdiyini yəqinləşdirəndə, o, utanmaq hissini kənara atıb kinayə ilə özünə deyir ki, onun anası ilə fahişəlik edən qadın arasında elə də böyük bir fərq yoxdur, çünki onlar ikisi də mahiyyətcə eyni bir işi görürlər. “Maarifləndirici” əhvalatlar onda ilkin uşaqlıq dövrünə aid xatirələrin izlərini oyandırır və onlarla bağlı həyəcanlı duyğularını canlandırır. Bu dəfə uşaq öz anasına kəşf etdiyi yeni mənaya uyğun şəkildə yiyələnmək istəyir və yenidən bu istəyini reallaşdırmaq yolunda maneəyə çevrilən atasına düşmən gözü ilə baxır, beləliklə də, o bizim dediyimiz “Edip kompleksi”nin hakimiyyəti altına düşür. O, anasının xəyanətini bunda görür ki, anası onu yox, atasını sevir və bunu ona bağışlaya bilmir. Çox tez ötüb keçən bu hisslər heç bir real hadisədə öz təzahürünü tapmır, yalnız məzmunu anasının müxtəlif şəraitlərdəki seksual hərəkətlərindən ibarət olan fantaziyalar şəklində qalır; onların yaratdığı gərginlik isə xüsusi bir yüngüllüklə, özünü razı salmaq yolu ilə aradan qalxır. Ruhi fəaliyyətdə yer edən hər iki oyandırıcı motivin – cinsi istək və qisasçılıq yanğısı – daimi qarşılıqlı fəaliyyəti nəticəsində ananın xəyanəti fantaziyasından istifadə edilməsinə üstünlük verilməsi ilə ön plana çıxır; bu halda anaya xəyanət yolunu tutan aşiq, yaşca atasının səviyyəsinədək böyümüş və özü tərəfindən ideallaşdırılmış şəxsiyyətinin, demək olar ki, bütün məxsusi cəhətlərinə yiyələnmiş olur. Mənim başqa bir yerdə5 təsvir etdiyim “ailə romanı”, bu fantaziyanın fəaliyyətinin müxtəlif məhsullarından və onların ömrün bəlli bir dövründə müxtəlif eqoistik maraqlarla qovuşmasından ibarətdir. Psixi inkişafın tarixindəki bu hissə ilə tanışlıqdan sonra biz artıq sevgi obyektinin fahişəyə tay tutulması ilə bağlı vəziyyətin analıq kompleksinin təsiri ilə olduğu barədə mülahizədəki ziddiyyətin aradan qalxdığını görürük. Bizim yuxarıda təsvir etdiyimiz tipli kişi sevgisi bu inkişafın izlərini özündə daşıyır və onu sadəcə, cinsi yetkinləşmə dövründə oğlan uşağının fantaziyasındakı fiksasiyanın, sonradan real həyatda öz tətbiqini tapması kimi anlaya bilərik. Asanlıqla belə bir fikrə də gəlmək olar ki, keçid yaş dövründə onanizmlə məşğul olmağın güclənməsini də bu fantaziyaların fiksasiyası şərtləndirir.

Belə fantaziyalarla sevimli qadını xilas etmək tendensiyası artıb böyüyərək, real sevgi aləmi üzərində ağalıq etməyə çatır, sanki şüurlu dəlillərin nişan verdiyi, ayrı-ayrı səthi əlaqələrdə özünü göstərir. Burada sevimli qadın özünün seksual əlaqələrindəki dayanıqsızlıq və xəyanət meyilləri ucbatından təhlükəyə düşür və tamamilə aydındır ki, sevən şəxs, qadının dürüstlüyünü qorumaq və ağılsız meyillərinə qarşı dayanmaqla, onu təhlükədən xilas etməyə çalışır. Ancaq belə şəxslərin xatirələrinin hərtərəfli öyrənilməsi, fantaziya və yuxugörmələrinin geniş təhlili göstərir ki, burada, yuxugörmə materialının ikinci emalına bənzər olaraq, qeyri-şüuri motivin çox gözəl “rasionallaşdırılması” baş vermişdir. Əslində, xilasetmənin motivinin müstəqil qiyməti və tarixi vardır və o, analıq, daha doğrusu valideyn kompleksinin məhsuludur; uşaq öz həyatını valideynlərinə borclu olduğunu eşidəndə, anasının ona “həyat bağışladığı” məzmunlu danışıqlara qulaq asanda, onun ruhunda baş qaldıran incə duyğular, böyümək və müstəqil olmaq istəkləri ilə birləşir və onda yaşa dolandan sonra valideynlərin bu hədiyyəsinin qarşılığını vermək, onların etdiyinin haqqını ödəmək istəyi doğulur. Uşağın itaətsizliyi sanki belə bir ifadəni çatdırmaq istəyir: mənə atamdan heç nə lazım deyil, mən onun mənim üçün elədiklərinin haqqını qaytarmaq istəyirəm. O öz aləmində atasını ölümcül təhlükədən qurtarması barədə fantaziyalar qurur və bununla da onunla ödəşir. Bu fantaziya çox vaxt, imperatorun, kralın və ya digər yüksək təbəqəyə aid olan şəxsin üzərinə köçürülür və bu cür dəyişilmiş formasında şüur üçün əlçatan olur və hətta, poetik emal üçün yararlı vəziyyət alır. Atasına qarşı fantaziyanın təhdidedici təhlükələrindən xilas mövqeyi sərgilənir, anaya qarşı isə bu fantaziyaların zərif və nəvazişli hissəsi aid olur. Ana ona həyat bağışlamışdır və belə bir özünəməxsus hədiyyənin qarşılığını necəsə qaytarmaq çox çətindir. Ancaq sözlərin mənasında yüngülcə dəyişiklik etməklə – bu, qeyri-şüurilikdə asanlıqla baş verir və bunu anlayışların şüurlu şəkildə birləşdirilməsinə bənzətmək olar – ananı xilas etmək belə bir mənaya gəlir: anaya eyni ilə özü kimi bir uşaq bağışlamaq, yaxud onun belə bir uşağı dünyaya gətirməsinə kömək etmək. Xilas etmənin ilkin mənasından uzaqlaşmaq çox da böyük olmur və sözlərin mənasının dəyişilməsi özbaşına deyil (qeyri-ixtiyari baş vermir). Ana ona həyat bağışlayıb və buna cavab olaraq ona başqa bir həyat, özü ilə maksimum uyğun olan digər bir körpə bağışlanmaq istəyi vardır. Oğul minnətdarlığını anasından eyni ilə özü kimi bir körpə doğurmaqla bildirmək istəyir, yəni xilaskarlıq fantaziyasında o özünü atası ilə eyniləşdirir. Bütün istəklər – özünün incəliyi, nəcibliyi, şəhvaniliyi, üsyankarlığı və avtoritarizmi ilə – yeganə bir arzuda, öz-özünün atası ola bilməkdə təskinlik tapır. Mənanın bu cür dəyişdirilməsi ilə təhlükənin baş verməsi məqamı aradan qalxmır; axı doğulmaq aktının özü təhlükəli bir məqamdır və yalnız ananın sayəsində bu təhlükədən xilas olmaq mümkündür. Doğulma birinci həyati təhlükədir və o, bizi qorxuya salan bütün sonrakı təhlükələrin prototipidir; doğulma zamanı yaşanan həyəcan bizdə qalmaqda davam edir, ola bilsin, bu, qorxu adlanan həmin affektiv halda ifadə olunur. Şotland əfsanəsinin qəhrəmanı Makdufu ana doğmamışdı, onu uşaqlığı yarıb çıxarmışdılar və buna görə də, onun qorxunun nə olduğunu bilmədiyi deyilirdi.

Qədim dövrün yuxuyozanı Artemidor, görülən yuxunun onu görənin şəxsiyyətindən asılı olaraq öz mənasını dəyişdiyini deməkdə, şübhəsiz, haqlı idi. Qeyri-şüuri düşüncələrin ifadə olunması qanununa görə, “xilas”, onun qadının, yoxsa kişinin fantaziyasında yaranmasından asılı olaraq fərqli mənalar daşıya bilər. O, eyni zamanda həm uşaq hazırlamaq, onun doğulmasına başlanğıc vermək (kişilərdə), həmçinin özü uşaq doğmaq (qadınlarda) mənasını verə bilər. Xilasın bu fərqli mənalarını xüsusilə, su ilə əlaqəli yuxugörmə və fantaziyalarda daha aydın görmək mümkündür. Əgər kişi yuxuda qadını sudan xilas edirsə, bu o deməkdir ki, o bu qadını ana eləyir (yuxarıda dediklərimizi xatırlasaq, bu onun həmən qadını öz anası etməsi mənasına gəlir). Əgər qadın yuxuda kimisə (körpəni) sudan xilas etmişsə, onda Musa haqqında əfsanəyə uyğun olaraq, o bu körpəni özünün doğduğunu hesab edir.

Bəzən atanın xilas olunması haqqında fantaziya da incə məna alır. Onda bu istək atanı öz oğlu kimi görməkdə, başqa sözlə, atası kimi oğlu olmağı arzulamaqda ifadə olunur. Valideyn kompleksinin təsirilə yaranan xilaskarlıq motivi tendensiyası, burada təsvir etdiyimiz sevgili tipinin mühüm cəhətlərini təşkil edir.

Mənim burada istifadə etdiyim metod, anal erotika halının təsvirində olduğu kimi, müşahidə materialları arasından ən ifrat və kəskin xüsusiyyətləri ilə fərqlənən tipləri ayırd etməyə əsaslanır və mən öz iş metodumun doğruluğunu isbat etməyə lüzum görmürəm. Hər iki hala aid edilə bilən çoxlu sayda fərdlər vardır ki, onlarda bu tipə aid olan ayrı-ayrı cəhətləri və kəskin şəkildə ifadə olunmayan xüsusiyyətləri müşahidə etmək mümkündür. Həmçinin, öz-özlüyündə aydındır ki, bu tiplərin müəyyən edilməsi üçün aparılan bütün müşahidələrin əlaqəli şəkildə ifadəsi onların düzgün qiymətləndirilməsinə imkan verərdi.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.