III. Cinsi yetkinləşmə dövründəki ciddi dəyişikliklər
Cinsi yetkinliyin başlaması ilə infantil seksual həyatın sonuncu, normal formasına keçidini təmin edən dəyişikliklər yaranmaqda davam edir. Bunadək əsasən autoerotik olan seksual istək, indi özü üçün seksual obyekt tapır. İndiyədək onun fəaliyyəti, bir-birindən asılı olmayan müxtəlif istəklərdən və erogen sahələrdən qaynaqlanırdı və bütün bunlar yeganə seksual məqsəd sayıla biləcək həzz almaq axtarışlarında ifadə olunurdu. İndi artıq yeni seksual məqsəd ortaya çıxır, ona çatmaq üçün bütün qismən ehtiraslanmalar birlikdə fəaliyyət göstərir, həmçinin erogen sahələr genital sahələrin aparıcılığına tabe olur. Yeni seksual məqsəd hər iki cinsə çox fərqli funksiyalar verdiyi üçün, onların seksual inkişafı da fərqli inkişaf istiqamətinə yönəlir. Kişilərdəki bu inkişaf çox ardıcıl şəkildə olur və bizim anlayışlarımız üçün əlçatandır, ancaq qadınlarda özünəməxsus geriləmələrin olduğu müşahidə edilir. Seksual həyatın normal olmasının təminatı, hər iki tərəfin seksual obyektə istiqamətlənməsinin və seksual məqsədə doğru hərəkətinin dəqiq şəkildə üst-üstə düşməsi ilə olur (seksual məqsədə münasibətdə özünü göstərən zəriflik, emosionallıq xüsusi qeyd edilməlidir və buradakı zərifliyin erkən infantil seksuallığın çiçəklənməsindən qaldığı da aydındır).
Kişilərin yeni seksual məqsədi seksual məhsulun ifrazından ibarət olur; o, bundan öncəki həzz almaq məqsədinə qətiyyən yad deyil, əksinə, həzzin maksimal kəmiyyət ölçüsü məhz seksual prosesin bu son aktı ilə bağlıdır. İndi artıq seksual istək nəsil artımı funksiyasına xidmət edir; o, necə deyərlər, fədakarlığa çevrilir. Bu çevrilmənin baş tutması üçün, baxılan prosesdə ilkin meyillər və seksual istəyin bütün xüsusiyyətləri diqqətə alınmalıdır.
İstənilən başqa halda olduğu kimi, orqanizmdə yeni əlaqələrin və mürəkkəb mexanizmlərin birləşməsi vəziyyətinə uyğun olaraq, burada da, xəstəliklə müşayiət olunan mümkün hallar bu yeni qaydaların başlanmamasının nəticəsində mümkün olur. Cinsi həyatın xəstəlik tipli pozuntularının hamısına tam bir əsasla inkişafın gecikməsi kimi baxıla bilər.
Cinsi sahələrin üstünlüyü və ilkin həzz (Vorlust)
Gözlərimiz önündə inkişafın gedişinə aid olan mənzərənin başlanğıc nöqtəsi və son məqsədi bütün aydınlığı ilə açılır. Çoxlu sayda münasibətlərdə vasitəçilik edən keçidlər hələ bizim üçün qaranlıq qalır; biz onlarda gizlənən çoxsaylı müəmmalarla üz-üzə qalmalı oluruq. Yetkinlik yaşının başlanmasının gedişini müşayiət edən proseslərdən ən mühümü olaraq, uşaqlıq dövrünün latentlik mərhələsində boy artımının gecikdiyi duyulan zahiri cinsi orqanların gözəçarpacaq dərəcədə böyüməsidir. Bununla yanaşı olaraq, daxili cinsi orqanlar o qədər inkişaf edir ki, onlar cinsi məhsullar ifraz edə və ya onları yeni varlığın yaranması üçün qəbul edə bilir. Beləliklə də, öz istifadəsini gözləyən çox mürəkkəb bir aparat meydana çıxır.
Bu aparat işə salınmalıdır və müşahidə göstərir ki, ona yönələn qıcıqlanmaların üç yolu olur: xarici aləmdən, bizə bəlli olan erogen sahələrin həyəcanlanması ilə; daxili orqanlardan və araşdırılması lazım olan üçüncü bir yolla (bu, xarici təəssüratların anbarı və daxili həyəcanlanmaların qəbuledicisi olan psixoloji aləmdir). Bütün bu üç yolla eyni, “seksual həyəcanlanma” adlanan hadisə yaranır və o, ikili: cismani və psixoloji əlamətləri ilə təzahür edir. Psixoloji əlamətlər ifrat impulsiv xarakterli, özünəməxsus duyğuların gərginliyindən ibarətdir; cismani dəyişikliklərin müxtəlifliyi arasında ilk yerdə cinsi orqanlarda baş verən və şübhə doğurmayan bir məna daşıyan, yəni seksual akta hazır olmağı nəzərə çarpdıran hallar dayanır (bunların təzahürü kimi kişi cinsi orqanının sərtləşməsi, qadın cinsi orqanının nəmlənməsi baş verir).
Cinsi həyəcan
Cinsi həyəcan üçün xarakterik olan gərginlik seksual prosesləri anlamaqdan ötrü çox böyük əhəmiyyəti olan və həlli də əhəmiyyətinin ölçüsünə uyğun səviyyədə çətinlik yaradan bir problemlə əlaqəlidir. Hakim psixoloji nöqteyi-nəzərlərdə onunla bağlı müxtəlif fikirlər olsa da, gərginlik duyğusunun özlüyündə xoşagəlməz xarakter daşıdığını təkid etməyi düzgün hesab edirəm. Mənim üçün burada həlledici məqam ondan ibarətdir ki, belə bir duyğu özü ilə psixoloji vəziyyəti dəyişmək istəyi gətirir, həmçinin, yaşanan həzzin mahiyyətinə tamamilə yad olan həyəcanlandırıcı təsir göstərir. Əgər, seksual həyəcanın yaratdığı gərginliyi xoşagəlməz duyğu saysaq, onda belə bir faktla qarşılaşmalı olursan ki, o, heç şübhəsiz, son nəticədə, xoşagəlimli bir duyğunun yaşanmasına yol açır. Burada həzz, hər yerdə seksual proseslərin yaratdığı gərginliklə qarışır; hətta, cinsi orqanlarda hazırlıqla bağlı dəyişikliklərdə məmnunluq duyğusunun yaranması bütün aydınlığı ilə hiss edilir. Bu xoşagəlməz gərginliklə həzz duyğusu arasında hansı əlaqə vardır?
“Həzz-məmnunsuzluq” probleminə aid olan bütün məsələlər, müasir psixologiya elminin ən ağrılı yerlərindən birinə toxunur. Biz problemə bütövlükdə baxmadan, yalnız əlimizdə olan faktlara əsaslanmaqla, imkan daxilində bu barədə daha çox öyrənməyi sınamağa çalışacağıq. Öncə hansı erogen sahələrin yeni qaydaya tabe olduğunu aydınlaşdıran üsullara diqqət yetirək. Cinsi həyəcanın yarandığı məqamda onlar çox vacib rol oynayır. Seksual obyektdən ən uzaq olan sahə – göz – obyektə pərəstiş şəraitində elə bir vəziyyət alır ki, bu vaxt, bizim seksual obyektdə gözəllik adlandırdığımız xüsusi bir keyfiyyətlə bağlı olaraq həyəcanlanır. Məhz buna görə də, seksual obyektdə baş verən bu proses, həmçinin, “yaraşıq” adlanır. Bu qıcıqlanma ilə bir tərəfdən artıq həzz duyğusu bağlı olur, digər tərəfdən, onun nəticəsində cinsi həyəcan oyanır və ya başlanır. Əgər bu hala digər erogen sahənin həyəcanlanması da qoşulursa, misal üçün, seksual obyekti əlləşdirən əllər işə düşürsə, onda yenə də həminki kimi effekt alınır, – bir tərəfdən indi, “hazırlığın” dəyişilməsi hesabına güclənən həzz duyğusu yaranır, digər tərəfdən, seksual gərginliyin güclənməsi baş verir və əgər ona daha artıq həzz əldə etmək imkanı verilmirsə, onda o olduqca aşkar məmnunsuzluq duyğusuna keçir. Ola bilsin, başqa bir misal məsələyə daha çox aydınlıq gətirsin, misal üçün, cinsi həyəcanlanması olmayan şəxs toxunmaqla erogen sahəni qıcıqlandırır, tutalım, bu qadın döşlərinə təmas etməklə olur. Bu toxunuş artıq həzz duyğusu yaradır, ancaq eyni zamanda, o, hər şeydən artıq, həzzin artmasını tələb edən cinsi həyəcan üsulu axtarmağa başlayır. Problemin kökü də elə bundan ibarətdir: necə olur ki, duyulan həzz daha böyük həzz tələbatı yaradır?
İlkin həzz mexanizmi
Bu məsələdə erogen sahələrin payına düşən rol aydındır. Onların birinə aid olan nə varsa, hamısına şamil olunur. Onların vəzifəsi – uyğun qıcıqlanmanın təsiri ilə bəlli miqdarda həzzə çatdırmaqdır; həzz gərginliyi artırır, bu isə cinsi aktı sona çatdırmaq üçün zəruri olan hərəkətləri enerji ilə təmin edir. Onun sonuncudan əvvəlki hissəsi yenə də, erogen sahənin qıcıqlarına uyğun gəlir və bu, cinsi sahənin glans penisi (penisin başlığı) ilə qadın vaginasının onu qəbul etməyə uyğunlaşmış selikli qişasının vasitəsi ilə baş tutur; bu qıcığın törətdiyi həzzin təsiri ilə bu dəfə refleks yolu ilə inkişaf edən hərəkət enerjisi cinsi seliyin ayrılmasına gətirir. Özünün intensivliyinə görə ən güclü olan bu sonuncu həzz mexanizminə görə özündən əvvəlkilərdən fərqlənir. O, bu gərginliyin tamamilə aradan qaldırılmasına gətirir, həzzin yaşatdığı məmnunluq hissinin bütünlüklə təmin edilməsinə səbəb olur və onunla libidonun gərginliyi müvəqqəti olaraq sönür.
Mənə elə gəlir, erogen sahələrin qıcıqlanmasından doğan həzzə görə cinsi selik ayrılması ilə indi qeyd etdiyimiz cinsi selik ayrılmasının mahiyyətcə fərqli olduğu zəruri şəkildə qeyd edilməli və ikinciyə uyğun ad verilməlidir. Birinci həzz sonuncu həzzin (Endlust), yaxud seksual fəaliyyətin təmin edilməsini reallaşdıran hadisənin əksinə olaraq, ilkin həzz (Vorlust) adlandırıla bilər. İlkin həzz də bu halda eyni funksiyanı yerinə yetirir, ancaq o, burada, daha kiçik dərəcəli, infantil seksual ehtiyacın təmin edilməsinə xidmət edir; sonuncu həzz yenidir, yəni çox güman, yalnız cinsi yetkinliyin yaratdığı şəraitlə bağlıdır. Erogen sahələrin yeni funksiyaları ilə bağlı formula görə: ondan istifadə, infantil həyatdakı ilkin həzzə bənzər, ancaq həm də, cinsi tələbatın daha artıq məmnunluq doğuran həzzini almaq üçündür.
Bu yaxında, psixoloji fəaliyyətin tamamilə başqa sahəsinə aid bir misalı aydınlaşdıra bildim, burada, şirnikləndirici mükafat kimi təsir edən cüzi həzz duyğusu olduqca böyük effektli həzz almağa gətirib çıxarırdı. Bu misalda həzzin mahiyyətinə yaxından baxmaq imkanı yaranmışdı.45
İlkin həzzin təhlükələri
Ancaq ilkin həzz ilə infantil seksual həyat arasındakı əlaqə onun payına düşə biləcək patogen halın oynadığı rolla təsdiq olunur. İlkin həzzin yaranmasına xidmət edən mexanizmdən normal seksual məqsədə çatmaq imkanını təhlükə altına atan hal yaranır; bu təhlükə onda meydana çıxır ki, seksual prosesə hazırlığın hansısa bir hissəsində ilkin həzz həddindən artıq böyük, buna uyğun olaraq yaranan gərginlik isə olduqca cüzi olur. Onda seksual prosesi davam etdirməli olan ehtirasın gücü yox olur, prosesin keçməli olduğu yol ixtisar olunur və uyğun seksual hazırlıq aktı seksual məqsədin yerini tutur. Bəllidir ki, bu halı şərtləndirən cəhət, uyğun erogen sahənin və ya qismən ehtiraslanma hadisəsinin uşaqlıq dövründə hədsiz miqdarda həzlər verməsi ilə əlaqəlidir. Əgər prosesə bu halı stabilləşdirməyə xidmət edən məqamlar da əlavə olunursa, onda gələcəkdə bu vəziyyətdə ilişib qalma hadisəsi yaranır, bu isə ilkin həzlərin yeni əlaqələrə tabe olması imkanlarına qarşı yönəlir. Seksual prosesin hazırlıq mərhələsində ilişib qalmaqdan ibarət olan çoxlu sapma hallarının yaranma mexanizmi bundan ibarətdir.
Əgər uşaqlıq çağının infantil həyatında genital sahənin üstünlüyü təsbit olunmuşsa, onda ilkin həzzin günahı ucbatından yaranan seksual mexanizmin uğursuzluğu hadisəsindən qaçmaq çox asanlaşır. Uşaqlığın ikinci yarısında (8 yaşdan başlayaraq cinsi yetkinliyə çatmağa qədər olan dövr), sanki bu məsələnin həlli üçün həqiqətən də hazırlıq tədbirləri görülür. Uşaqlığın bu illərində genital sahələr özünü yetkinlik yaşına uyğun gələn tərzdə aparır; onlar digər erogen sahələrin təmin etdiyi hansısa həzz duyduqda, həyəcanlanma və “hazırlıq” vəziyyətinə uyğun gələn hallar yaşayırlar, ancaq bu effekt məqsədsiz olur, çünki seksual prosesi davam etdirməyə kömək edə bilmir. Beləliklə də, artıq uşaqlıq yaşında həzzin ödənilməsi ilə yanaşı, daimi və tam olmasa da, bəlli ölçüdə seksual gərginlik yaranır. İndi anlamaq çətin deyildir ki, nə üçün seksuallığın mənbəyini araşdıranda, uyğun prosesin seksual münasibətlərdə həm məmnunluq, həm də həyəcan yaradıcı təsir göstərdiyini tam əsasla deyə bilərik. Həmçinin, indi bunu da görmək mümkündür ki, biz yanlış olaraq, infantil və yetkin seksual həyatlar arasındakı fərqin çox böyük olduğunu təsəvvür etmişik və indi buna lazımi düzəliş verə bilərik. Seksuallığın infantil təzahürü, yalnız normal seksual həyatdan geri çəkilməyə aparmır, həmçinin, onun normal formalarına da yol açır.
Seksual həyəcanlanmanın problemləri
Erogen sahələr üçün həzlərin təmin edilməsi ilə yanaşı yaranan seksual gərginliyin mənbəyi və bu həzlərin mahiyyəti bütünlüklə anlaşılmaz olaraq qalır.46
Düşünülə bilən ilk fərziyyə, bu gərginliyin necəsə, həzzin özündən doğulduğu mülahizəsi ola bilər, ancaq bu nəinki özlüyündə ağlabatan deyil, həm də, cinsi məhsulun tökülməsi ilə əlaqəli yaşanan ən böyük həzdən sonra heç bir gərginliyin yaranmaması, əksinə, bütün gərginliklərin aradan qalxması, bu fərziyyənin doğru olmadığını sübut edir. Buna görə də, həzzin və seksual gərginliyin əlaqəsinin birbaşa yolla olması mümkün görünmür.
Seksual məhsul ayrılmasının rolu
Adi şəraitdə, yalnız seksual məhsul ayrılmasının seksual həyəcana son qoyması faktından əlavə, seksual gərginliklə seksual məhsul ayrılması arasındakı əlaqənin digər əsasları da vardır. Özünü məcburi şəkildə şəhvətdən çəkindirən şəxslərdə, çox müxtəlif, həmçinin doğru olaraq, gecələr yuxugörmə vaxtı cinsi aparatdan seksual məhsul ayrılır və bu, yuxugörmədə seksual aktın gerçəkləşməsi fonunda, həzz duyulması ilə baş verir. “Gecə boşalması” adlanan bu prosesə münasibətdə belə bir nöqteyi- nəzərdən imtina etmək çox çətindir: seksual aktı əvəz etmək üçün kəsə, hallüsinasiyaya əsaslanan yol tapmağı bacaran seksual gərginlik, cinsi məhsulun saxlandığı rezervuarlarda (saxlanma çənlərində) toxumların toplanması nəticəsində gerçəkləşir. Bu, özünü seksual mexanizmin tükənməsi halında da doğruldur. Saxlama çənlərində toxum ehtiyatı olmayanda, yalnız seksual aktın baş verməsinin mümkünsüzlüyü ortaya çıxmır, həmçinin, erogen sahələrin qıcıqlanması da yox olur. Bu müşahidələrin gedişində onu da öyrənmiş oluruq ki, hətta erogen sahələrin qıcıqlanması üçün seksual gərginliyin müəyyən səviyyəsi tələb olunur.
Beləliklə də, əgər yanılmıramsa, bu təcrübələrə əsaslanan belə bir çox geniş yayılmış nöqteyi-nəzər ortaya çıxır ki, seksual məhsulun toplanması seksual gərginlik yaradır, toplanmış bu məhsulun saxlandığı orqanın divarlarına təsiri onurğa beyin mərkəzinə gedib çatan qıcıqlanma yaradır. Bu da öz növbəsində daha yüksək mərkəzlər tərəfindən qeydə alınmaqla şüurda bəlli bir gərginlik hissiyatı kimi əks olunur. Erogen sahələrin seksual gərginliyi üstələməsi yalnız erogen sahələrin bu mərkəzlərlə anatomik əlaqələri olduğu halda mümkündür və o, yetərli seksual gərginlik olduqda həyəcanlanmanı artırıb seksual aktın baş tutmasına gətirir, gərginlik kifayət etmədikdə, sadəcə, seksual məhsulun ayrılması ilə nəticələnən hadisə baş verir.
Misal üçün, araşdırıcılardan Kraft-Ebinqin də seksual proseslərin təsvirində istifadə etdiyi bu nəzəriyyənin zəifliyi bundan ibarətdir ki, o, yetkinlik yaşına çatmış kişinin cinsi fəaliyyətini izah etməyə çalışanda, şəraitin üçqatlı bir səbəbdən asılı olmasına az diqqət yetirir və izah etməli olduğu bu səbəbin özünə də aydınlıq gətirə bilmir. Dediyimiz bu şərait körpəyə, qadına və kişi axtalığına aiddir. Bu halların üçündə də, kişilərdə olduğu kimi, cinsi məhsulların toplanmasından söz gedə bilməz, bu isə sadəcə, seçilən sxemin tətbiqini mürəkkəbləşdirir. Hər halda etiraf etmək lazımdır ki, eyni zamanda bu nəzəriyyəyə və göstərilən üç hala tabe edilməsi mümkün olan faktlar da tapmaq mümkündür. Ancaq cinsi məhsulların səbəb olmadığı nələrinsə onun adına yazılması təhlükəsindən çəkinmək də vacibdir.
Daxili cinsiyyət hissələrinin qiymətləndirilməsi
Axtalanmış kişilər üzərində aparılan müşahidələr göstərir ki, seksual həyəcanlanma əhəmiyyətli dərəcədə cinsiyyət vəzilərinin məhsullarından asılı olmaya bilər, çünki axtalama əməliyyatının libidoya təsir göstərmədiyi hallara da rast gəlinir, baxmayaraq, bu əməliyyatın motivi onun aradan qaldırılmasına yönəlmişdir və adətən, əməliyyatın nəticəsi buna gətirib çıxarır. Bundan başqa da, kişi cinsiyyət məhsulu hüceyrələrini məhv edən xəstəliklərin artıq sterilləşmiş fərdin libido və potensiyasına toxunmadığı da, çoxdan bəllidir. Ona görə də, K.Rigerin təsvir etdiyi kimi, kişi toxum vəzilərin yaşlı vaxt dövründə itirilməsinin bu cür fərdlərin psixoloji vəziyyətinə təsirsiz ötüşdüyü təəccüb doğurmamalıdır. Cinsi yetkinliyə çatmazdan öncə, çox erkən yaşlarda icra olunan axtalanma, cinsi əlamətlərin aradan qaldırılması məqsədinə çox yaxınlaşsa da, ancaq bu vaxt, cinsiyyət vəzilərinin öz-özlüyündə itirilməsi ilə yanaşı, bu vəzilərin yoxluğu səbəbindən digər faktorların inkişafındakı geriqalmaların olmasına da diqqət yetirilməlidir.
Kimyəvi nəzəriyyə
Heyvanlar üzərində aparılan təcrübələrdə toxum vəzilərinin (erkək yumurtalarının və dişi yumartalıqlarının) çıxarılması və eyni qaydada onurğalı heyvanlara bu cür yeni orqanların köçürülməsi, nəhayət, seksual həyəcanın mənşəyinin aydınlaşdırılmasında müəyyən nəticələr əldə olunmasına gətirdi, həmçinin, bu təcrübələr cinsi məhsulların toplanmasının düşünülən qədər çox olmadığını sübut etmiş oldu. Bu kimi eksperimentlərin köməyilə erkəyi dişiyə, dişini erkəyə çevirmək mümkün oldu, həm də bu vaxt, əməliyyat olunan heyvanların psixoseksual davranışlarının və buna uyğun olaraq cismani cinsi xarakterlərinin də dəyişildiyi müəyyən olundu. Ancaq bu cinsi müəyyənliyə təsir göstərən və spesifik cinsi hüceyrələr istehsal edən toxum vəziləri deyil, onları örtən və bir sıra müəlliflərin “cinsi yetkinlik vəziləri” kimi xüsusi əhəmiyyət verdiyi toxumalardır.
Çox mümkündür ki, sonrakı araşdırmalar normal “cinsi yetkinlik vəzinin” ikicinsli quruluşda olduğunu göstərəcəkdir, məhz yüksək səviyyədə inkişaf etmiş heyvanların biseksuallığı nəzəriyyəsi anatomik olaraq bununla əsaslandırılır və indi, onun seksual həyəcan və cinsi əlamətləri müəyyən edən yeganə orqan olmadığını güman etmək olar. Hər halda, bu yeni bioloji kəşf, bizə artıq çoxdan bəlli olan, qalxanabənzər vəzin seksuallıqla bağlı əhəmiyyəti ilə əlaqədar biliyimizə qoşulur. Qəbul edə bilərik ki, toxum vəzisinin toxuma hissəsi, qana keçən və mərkəzi sinir sistemini seksual gərginlik yaratmağa yönəldən xüsusi kimyəvi maddə buraxır – bu hadisəni, bizə bəli olan: toksik qıcıqlanmanın, orqanizmin zəhərlənməyən kənar orqanlarında xüsusi qıcıqlar yaratması halına bənzətmək olar. Beləliklə də, mərkəzi sinir sisteminin aldığı təsir nəticəsində erogen sahələrin qıcıqlanması, bunun nəticəsində isə seksual həyəcanlanma yaranır, həmçinin, burada sırf toksik və fizioloji qıcıqların hansı qarışığının bu prosesi başlatdığını müəyyən etməyə çalışmaq, indiki zamanda, hətta hipotez kimi də vaxtı çatmamış məsələdir. Bizim üçün, seksual prosesə aid olan bu baxışda, əsas məsələ seksual maddələr mübadiləsi nəticəsində xüsusi maddənin ayrılmasının mövcudluğunu qəbul etməkdir. Çünki, ilk baxışda əsassız görünən bu hipotez, çox böyük diqqətə layiq olan, ancaq az diqqət yetirdiyimiz bir nöqteyi-nəzərin hesabına möhkəmlənir. Yalnız seksual həyatın pozulması ilə izah edilə bilən nevrozların, ilk dövrlərdə istifadəsi zamanı həzz verən zəhərli maddələrin (alkaloidlərin) törətdiyi toksinlə zəhərlənmə və özünüqoruma fenomenləri ilə olduqca böyük klinik uyğunluğu vardır.
Libido nəzəriyyəsi
Seksual həyəcanlanmanın kimyəvi əsasının olması barədə fərziyyə, seksual həyatın psixi təzahürləri ilə bağlı təsəvvür və anlayışlarımızla çox gözəl uyuşur. Biz özümüz üçün libido anlayışını təsbit edərkən onu, seksual həyəcanlanma sahəsindəki bütün proses və çevrilmələri ölçə bilən dəyişkən kəmiyyətli qüvvə olaraq qəbul etmişdik. Bununla da biz libidonu psixoloji proseslərin əsasında dayanan enerjidən fərqləndirir, özünəməxsus mənşəyi olduğunu qeyd etməklə onun, xüsusi keyfiyyətli xarakterə malik olduğunu qəbul edirik. Libidoya bağlı olan psixi enerjini, digər enerjidən ayırmaqla biz belə bir fərziyyəmizi ifadə etmiş oluruq ki, orqanizmin seksual prosesləri onun qidalanma proseslərindən özünün məxsusi kimyəviliyi ilə fərqlənir. Cinsi sapmalar və psixonevrozların analizi bizi buna inandırmış oldu ki, seksual həyəcanlanma yalnız cinsiyyətlə bağlı hissələrdə yaranmır, onun yaranmasında bədənin bütün üzvlərinin iştirakı vardır. Beləliklə də, bizdə, psixi baxımdan “Libido-Mən” (İch-libido) dediyimiz anlayışın müəyyən miqdarı barədə məlumat yaranır, bu məhsulun artımı və ya azalması, paylanması və dəyişilməsi isə müşahidə edilən psixoseksual fenomeni izah etmək imkanı yaratmalıdır.
Ancaq bu “Libido-Mənin” analitik araşdırılması yalnız bu libidonun seksual obyektə bağlanması, yəni “libido-obyektə” çevrilməsi üçün psixoloji tətbiqini tapanda mümkün olur. Onda biz, onun obyektin üzərində necə toplandığının, onda təsbit olunduğunun, yaxud ondan digər obyektə keçid aldığının və mövqeləri ilə fərdin həzz almağa gətirib çıxaran seksual fəaliyyətini istiqamətləndirdiyinin, başqa sözlə desək, libidonun qismən, müvəqqəti sönməsinin şahidi oluruq. Köçürülmə nevrozları adlandırdığımız, isteriya və sarmaşma nevrozu kimi xəstəliklərin psixoanalitik araşdırılması bizə buna əmin olmaq imkanı verir.
“Libido-obyekt”in taleyini izləməklə bunu da öyrənə bilərik ki, obyektdən ayrılmış halında o, gərginlik vəziyyətində qalmaqla yüksəlməyə davam edir və nəhayət, “Mən”ə qayıdaraq yenidən “Libido-Mən” olur. “Libido-Mən”i biz “libido-obyekt”in əksi olaraq, həm də, narsisistik libido adlandırırıq və bununla da, libidonun hər iki forması barədə biliklərimiz yaranmış olur. Narsisistik libido və ya “Libido-Mən” bizə, obyektlərə sevgi hissləri göndərilən və yenidən geri qayıdan hisslərin bir böyük xəzinəsi kimi görünür; libidonun “Mən”ə narsisistik sevgisi erkən uşaqlıq çağında gerçəkləşmiş kimi görünür, yalnız bu sevgi fərdin sonrakı inkişafından törəyən yeni qatlarla örtülmüş, ancaq onların altında mahiyyətcə dəyişilməz olaraq qalmışdır.
Nevrotik və psixotik xəstəliklərdə libido nəzəriyyəsinin görməli olduğu iş, bütün müşahidə edilən libidonu və gözlənilən prosesləri iqtisadi (energetik) terminlərlə ifadə etməkdən ibarətdir. Dərin psixotik xəstəliklərin izah edilməsi ilə bağlı hallarda, libidonun taleyinin burada çox mühüm əhəmiyyət kəsb etdiyini anlamaq çətin deyildir. Bu halda ortaya çıxan çətinlik ondan ibarətdir ki, bizim araşdırma metodumuz olan psixoanaliz, yalnız “libido-obyekt” çevrilmələri barədə etibarlı məlumatlar verə bilir, “Libido-Mən”i isə fəaliyyət göstərən digər “Mən”li enerjilərdən bütünlüklə ayırmağı bacarmır. Məhz buna görə də, libido nəzəriyyəsinin sonrakı inkişafı hələlik yalnız spekulyativ (nəzəriyyəyə və təcrübəyə əsaslanmayan mülahizələr) yolla mümkündür. Ancaq əgər, K.Q.Yunqun etdiyi kimi, libido anlayışını həddindən artıq genişləndirməklə onu ümumiyyətlə hərəkətverici psixi güclə eyniləşdirsək, onda psixoanalitik müşahidələrlə qazanılmış bütün uğurlar itirilmiş olur.
Seksual istəklərin digər istəklərdən ayrılması və onunla əlaqədar yaranan libido anlayışının məhdudlaşması, seksual funksiyanın xüsusi kimyəvi təbiəti ilə bağlı yuxarıda ifadə edilmiş fərziyyələrlə bir daha möhkəmlənir.
Kişinin qadından fərqi
Cinsi yetkinliyin başlanması ilə yanaşı, kişi və qadın xarakterləri arasında kəskin fərq yaranır – bu hal, insanın həyat tərzinə başqa heç nəyin bunca böyük təsir edə bilmədiyi ölçüdə əkslik yaradır. Kişi və qadının anadangəlmə xüsusiyyətləri artıq uşaq yaşlarında aydın şəkildə görünür; seksual istəyin sıxışdırılıb arxa plana keçirilməsinin inkişafı (utancaqlıq, ikrah, əzab və sair) qızlarda daha erkən başlayır və bu hisslər onlarda oğlanlara nisbətən daha az müqavimətlə qarşılaşır: cinsi hisslərin sıxışdırılması isə daha güclü olur; qismən ehtiraslanmanın təzahür etdiyi hallarda onlar passiv formalara üstünlük verirlər. Ancaq erogen sahələrin autoerotik fəaliyyəti hər iki cins üçün eyni olur və bu cür uyğunluğun hesabına uşaqlıq dövründə, cinsi yetkinlik başlayandan sonra özünü göstərən cinsi fərqlərin təzahür imkanı olmur. Autoerotik və masturbatik seksual təzahürlərə diqqət yetirməklə belə bir fikrə gəlmək mümkündür ki, azyaşlı qız uşaqlarının seksuallığı kişi xarakterlidir. Digər tərəfdən, əgər bizim “kişilik” və “qadınlıq” anlayışlarına tamamilə aydın məzmun vermək imkanımız olsaydı, onda belə bir baxışı bütünlüklə müdafiə etmək olardı: “libido həmişə – və öz təbiətinə xas olan qanunauyğunluqla – kişidə və ya qadında rast gəlinməsindən asılı olmayaraq və obyektinin kişi, yaxud qadın olmasına baxmayaraq, təbiəti etibarı ilə kişilik təcəssümüdür”.41
Biseksuallıq nöqteyi-nəzəri ilə tanış olduğum gündən başlayaraq mən bu məqamı baxılan hal üçün həlledici sayıram və güman edirəm ki, biseksuallığa layiq olduğu dəyəri vermədən, kişilik və qadınlıqla bağlı faktiki müşahidə edilən seksual təzahürləri anlamaq mümkün deyildir.
Kişilərdə və qadınlarda cinsi idarəetmə sahələri
Hər şeydən öncə, bunu qeyd etmək istəyirəm ki, qadın cinsindən olan uşaqda idarəedici erogen sahə klitorda, kişi cinsindən olan uşaqda bu sahə penisin başlığında yerləşir. Kiçik qız uşaqlarının masturbasiyası ilə əlaqədar öyrənməyi bacardığım biliklərə əsaslanıb deyə bilərəm ki, bu hadisə birbaşa klitorla əlaqəlidir və onun sonrakı cinsi funksiyaları yerinə yetirən cinsi orqanın zahiri hissələri ilə bağlılığı yoxdur. Azyaşlı qız uşağının şirniklənmənin təsirindən, yalnız müstəsna halları çıxmaq şərti ilə, masturbasiyadan başqa hansısa başqa bir hərəkətə yol verəcəyinə şübhə ilə yanaşıram. Məhz qızlarda rast gəlinən kortəbii (qeyri-ixtiyari) seksual həyəcan klitorun sancılı titrəyişlərində ifadə olunur və onun qismən böyüməsi ilə müşayiət olunan proses, qızlara, xüsusi təlim olmadan da, digər cinsin seksuallığını düzgün şəkildə anlamağa kömək edir (onlar bunu, sadəcə, duyduqları seksual prosesi oğlanların üzərinə “köçürməklə” edirlər).
Kiçik qız uşağının tədricən necə qadına çevrildiyini anlamaq istəyən şəxs, gərək klitorun bu həyəcanlanmasının gələcək taleyini izləsin. Oğlan uşaqlarına libidonun çox böyük oyanışını gətirən cinsi yetkinləşmə mərhələsinə uyğun gələn dövrdə, qız uşaqlarında klitorun xüsusi seksuallığına qarşı yeni sıxışdırılma dalğası yaranır. Bu vaxt, sıxışdırılmanın bəlli bir payı kişi seksual həyatına da təsir edir. Qadınların cinsi yetkinlik mərhələsində yaranan sıxışdırılma ilə seksual gecikmələrin daha geniş vüsət alması, kişi təbiətli olan libidonu qıcıqlandırır və onun seksual fəaliyyətini gücləndirir; libidonun bu yüksəlişi ilə seksual yenidən dəyərləndirmə də güclənir, bu isə özünün seksuallığını inkar edən, ondan imtinaya çalışan qadının münasibətlərində öz əksini tapmış olur. Onda klitorun rolu – cinsi əlaqəyə yol verilən halda o, nəhayət, seksual aktı gerçəkləşdirmək üçün özü həyəcanlanır – bu həyəcanlanmanı qadın cinsi orqanının qonşu hissələrinə ötürməkdən ibarət olur, bunu necəsə, ağacın xəzəllənmiş yarpaqlarından onun gövdəsini yandırmaq üçün alışıq kimi istifadə edilməsinə bənzətmək olar. Çox vaxt, bu ötürülmənin baş verdiyi müddətin müəyyən hissəsində, gənc qadının hissləri keyimiş halda qalır. Klitor özünün qıcıqlanmasını ötürməyəndə bu keyimə uzun müddət ərzində qala bilər, səbəbi isə, uşaqlıq vaxtı masturbasiya hallarının davamlı olması ilə bağlıdır. Qadınlardakı bu keyləşmənin lokal xarakterli olmasının yalnız zahirən belə görünməsi bəllidir. Bu keyimə yalnız vaginanın girişinə xasdır, ancaq bu vaxt klitorun və ya digər erogen sahələrin həyəcanlanmadığını demək olmaz. Keyləşmənin erogen səbəblərinə, həmçinin, psixoloji səbəblər də birləşir və bu da sıxışdırılmanı şərtləndirir.
Əgər klitorun erogen qıcıqlanmasının vaginanın girişinə köçürülməsi baş verirsə, onda bununla qadınlarda sonrakı seksual fəaliyyət üçün aparıcı rol oynayan erogen sahələr də dəyişir, kişilərdə isə, uşaqlıqdan başlayaraq eyni bir sahə özünün bu cür xüsusiyyətini qoruyub saxlayır. Aparıcı erogen sahələrdə baş verən bu dəyişikliklər, həmçinin, cinsi yetkinliyin başlanması ilə, qadın libidosuna da xas olan infantil kişilik xarakterinin aradan qaldırılmasına xidmət edən sıxışdırılma dalğasının gəlməsi, qadınların nevrozla, xüsusilə də isteriya ilə xəstələnməsinin başlıca səbəbidir. Bu şərait, nəticə etibarilə, qadınlığın mahiyyəti ilə sıx surətdə bağlıdır.
Obyektin tapılması
Cinsi yetişkənlik prosesi sayəsində genital sahələrin üstünlüyü təsdiq olunur və kişi cinsi orqanının sərtləşmə xüsusiyyəti qazanması, hakimanə bir tərzdə, yeni seksual məqsədi göstərir, genital sahəni həyəcanlandıran bədən hissəsinin daxilinə nüfuz etməklə, uşaqlıq çağından başlayaraq hazırlıq görülən cinsi obyektin tapılması istəyi psixoloji tərəfdən də öz həllini tapır. Qida qəbulu ilə əlaqədar olan ən birinci seksual məmnunluqda, seksual istək öz bədənindən xaricdə olan ana döşlərində seksual obyekt tapırdı. Sonradan o, bundan məhrum oldu. Ola bilsin, bu hadisə körpənin ona məmnunluq verən orqanın sahibi haqqında fikir yürütmək imkanı yaranandan sonra baş verir. Bu halda adi cinsi istək autoerotik olur və yalnız latentlik mərhələsini keçəndən sonra ilkin münasibət bərpa olunur. Körpənin ana döşlərini əmməsi ciddi sayıla biləcək bir əsasla, istənilən sevgi münasibətinin prototipidir. Sonradan, seksual obyektin tapılması, mahiyyətcə, ikinci görüşdür.48
Körpəlik dövrünün seksual obyekti
Ancaq əmməkdən ayrılandan sonra da bu, ilkin və ən vacib seksual əlaqənin obyekt seçimini hazırlayan mühüm hissəsi qalmaqda davam edir, yəni itirilmiş səadəti qaytarmağa kömək etməyə çalışır. Bütün latentlik dövrü ərzində körpə ona köməksiz vəziyyətində yardım edən və tələbatlarını ödəyən başqa şəxsləri sevməyi öyrənir və onları döşünü əmdiyi şəxsin obrazına uyğun olaraq qəbul edib, ona bəslədiyi münasibəti davam etdirirmiş kimi davranır. Ola bilsin, körpənin öz dayəsinə bəslədiyi incə duyğusunu və verdiyi dəyəri cinsi sevgi ilə eyniləşdirməklə razılaşmasınlar; ancaq mən hesab edirəm ki, daha dəqiq psixoloji araşdırmalar, bu iki duyğunun eyni olduğunu isbat edərək bu məsələdə heç bir şübhəyə yer qoymayacaqdır. Körpənin öz dayəsi ilə münasibəti onun üçün arasıkəsilməz seksual həyəcanlanma və erogen sahələrin hesabına məmnunluq qazanmağın mənbəyi olur, xüsusilə də bu dayə – adətən elə körpənin öz anası olur – körpəyə, özünün seksual həyatından doğan duyğular bəsləyir: o, körpəni əzizləyir, tumarlayır, öpür, yırğalayır və açıq-aydın, ona tam hüquqlu seksual obyekt kimi yanaşır.49 Çox güman, onun öz nəvazişi ilə körpədə seksual istək doğurduğunu və bu istəyin gələcək intensivliyini hazırladığını izah etsəydilər, bu, ananı qorxudardı. O, öz hərəkətlərini seksuallıqdan tamamilə uzaq olan “təmiz” sevgi hesab edir, o hətta, uşağa qulluq etdiyi zaman onun cinsi orqanlarına lazım olduğundan az təsir göstərməyə çalışmaqla, onların daha az həyəcanlanması qayğısına qalır.
Ancaq bizə bəlli olduğu kimi, cinsi istəyi genital sahəni birbaşa qıcıqlandırmadan da oyatmaq mümkündür; bizim nəvaziş adlandırdığımız davranış tərzi günlərin gözəl bir çağında, genital sahəyə təsir edə bilir. Əgər ana cinsi ehtirasın bütünlükdə psixoloji aləmdə hansı böyük dəyərinin olduğunu, bütün etik və psixoloji təzahürlərdə necə mühüm rol oynadığını bilsəydi, o, bütün bunları öyrənəndən sonra da öz övladına nəvaziş göstərməklə onda bu hissləri oyatmaqdan çəkinməzdi. Ana körpəsinə sevməyi öyrətməklə yalnız öz borcunu yerinə yetirir; qoy o, işgüzar olmaqla yanaşı, həm də, seksual tələbatına görə enerjili bir şəxs olsun və ehtirasının onu yönəltdiyi nə varsa, hamısını gerçəkləşdirsin. Körpəyə həddindən artıq göstərilən valideyn nəvazişi, əlbəttə, ziyanlıdır, çünki cinsi yetişkənliyi süni surətdə sürətləndirir, uşağı “ərköyün” edir, gələcək həyatında müvəqqəti olaraq sevgidən imtina etmək, yaxud ondan qədərində yararlanmaq qabiliyyətindən məhrum edir. Gələcək nevrozun şübhə doğurmayan əlamətlərindən biri körpənin valideynlərindən tələb olunan nəvazişi yetərincə ala bilməməsidirsə, digər tərəfdən, nevrotik olduğu üçün körpəsinə ifrat nəvaziş göstərən valideynlər də, onu nevrotik xəstəliyə yönəltmiş olurlar. Bu misaldan görünür ki, nevrotik valideynlərin öz xəstəliklərini irsi olaraq körpələrinə ötürməsindən əlavə, bu “yoluxmanın” daha birbaşa yolları da vardır.
İnfantil qorxu
Uşaqlar erkən yaşlarında özlərini elə aparırlar ki, sanki onların dayələrinə olan bağlılıqları təbiətinə görə seksual sevgidir. Körpələrin ilkin qorxusu onlarda sevimli insanın çatışmazlığı ilə əlaqədar ifadə olunur; buna görə də, onlar istənilən kənar şəxsə qorxu ilə yanaşırlar; onlar qaranlıqdan qorxur, çünki bu vaxt sevimli insanı görə bilmirlər və yalnız, qaranlıqda bu sevimli insanın əlini tutduqda sakitləşirlər. Çox vaxt, uşaqlara xas olan bütün bu qorxuları, yaxud dayələrin uşaqlara qorxulu nağıllar danışmaqla, onları qorxaq böyütməkdə təqsirləndirilməsi şişirdilir. Qorxmağa meyilli uşaqlar, digər uşaqlarda heç bir təəssürat yaratmayan nağılları dinləməyi sevirlər, həmçinin, qorxmağa meyilli uşaqlar çox güclü, yaxud vaxtından qabaq inkişaf etmiş olur, yaxud da, göstərilən nəvazişdən seksual istəklərə daha güclü meyil göstərirlər. Belə uşaqlar bu vaxt özlərini yaşlılar kimi aparır, libidolarını təmin edə bilmək imkanı olmadığından onu qorxuya çevirirlər; yaşlılar isə libidolarını təmin edə bilməməkdən nevrotik olur, uşaqlara xas olan qorxuya qapılır, tək qalmaqdan, yəni sevdiyi şəxsin yanında olmamasından qorxuya düşür və özlərinin bu qorxularını uşaqlara xas hərəkətlərlə sakitləşdirməyə çalışırlar.50
İnsestin7 məhdudlaşdırılması
Əgər valideynlərin uşağa nəvazişi xoşbəxtlikdən, onda vaxtından öncə, yəni cinsi yetkinliklə bədənin uyğun şərtləri formalaşmadan, güclü cinsi oyanış yaratmamışsa, psixoloji oyanış genital sistemə nüfuz etməyi bacarırsa, onda valideynlərin öz uşağının yetkinlik yaşındakı cinsi obyekt seçimində uğur qazanması üçün ona lazımi qayğını göstərdiyini demək mümkündür. Aydındır ki, uşaq üçün ən asanı, körpəlikdən sevdiyi, libidonun keyimiş halda olduğu vaxt qarşılaşdığı şəxsləri seksual obyekt olaraq seçməsidir.51 Ancaq seksual yetişmənin vaxtı çatmadığından, bu prosesin kifayət qədər uzun müddətdə başa çatması sayəsində, həmçinin insestin məhdudlaşdırılması üçün görülən digər çəkindirici tədbirlər səbəbindən, uşaq qəbul etdiyi mənəvi qaydalara əsasən, seksual obyekt seçimində qan qohumlarını bu siyahıdan çıxarır. Bu qaydanın gözlənilməsi, hər şeydən öncə cəmiyyətin mədəni tələbi olur və bununla da, ailələrin daha yüksək səviyyəli ictimai birliklər yaratmasını əngəlləyə bilən dar çərçivəli maraqlar dəf olunur. Buna görə də, cəmiyyət bütün vasitələrlə, hər bir şəxsin, xüsusilə də, gəncliyin ailə bağlarını zəiflətməyə çalışır və yalnız körpəlik çağında həlledici rol oynayan bu münasibətlərin ilk plandan düşürülməsinə səy göstərir.52 Ancaq obyekt seçimi öncə təxəyyüldə gerçəkləşir və yetkinləşməkdə olan gəncin cinsi həyatı yalnız fantaziyalarda canlanır, yəni, heç vaxt gerçəkləşməyəcək təxəyyülün məhsulu olur.53 Bu fantaziyalarda bütün insanlar üçün, yenidən, infantil meyillər təzahür edir, ancaq onlar bu dəfə güclü cismani cəhətləri ilə seçilir; bu fantaziyalar arasında, qanunauyğun şəkildə və çox vaxt təkrarlanaraq, ilk yerdə, artıq cinsi cazibənin nəticəsi olaraq, körpənin öz valideynlərinə qarşı yaranan seksual meyillərinin şaxələnməsi baş verir: bu, oğlan uşağının anasına, qız uşağının atasına yönəlmiş meyillərindən ibarətdir.54 Eyni zamanda, bu insest təbiətli fantaziyaların dəf edilməsi və onları arxada buraxmaqla, cinsi yetişmə dövrünün ən qiymətli və ağrılı bir psixoloji fəaliyyəti baş verir – beləliklə də, valideynlərin nüfuzunun yaratdığı ağalıqdan xilas olmaqla, mədəni inkişaf prosesi üçün çox vacib olan yeni və köhnə nəsil arasındakı qarşılıqlı əksliklər formalaşır. Bu hadisə inkişaf yolundakı dayanacaqlarda ayrı-ayrı fərdlər tərəfindən gerçəkləşdirilir, ancaq onlardan bir qismi bu mərhələdə ilişib qalır və bununla da, heç vaxt valideynlərin nüfuzu ilə bağlı hakimiyyətindən və onların nəvazişindən, bütünlüklə və ya qismən, azad olmağı bacarmayan fərdlər yetişir. Baxılan halların çoxunda bu, qız uşaqları olur, onlar valideynlərinin sevincinə səbəb olaraq, cinsi yetkinlik yaşına çatandan sonra da, onlara bəslədikləri uşaqlıq sevgisini bütünlüklə qoruyub saxlayırlar; burada ibrətamiz bir cəhəti də qeyd etmək lazımdır: ərə getdikdən sonra bu tip qızların ərlərinə bəsləməli olduqları hisslər yetərli olmur. Onlar soyuq təbiətli həyat yoldaşı olur və seksual münasibətlərdə keylik göstərirlər. Buradan aydın olur ki, valideynlərə bəslənən qeyri-cinsi sevgi və cinsi sevgi eyni bir qaynaqdan bəhrələnir, daha doğrusu, bunlardan birincisi libidonun infantil fiksasiyasına (təsbitinə) uyğundur.
Psixoseksual inkişafın pozulmasına nə qədər dərindən yaxınlaşırsansa, insestual obyekt seçiminin rolu bir o qədər aydın görünür. Seksuallığa mənfi münasibətin nəticəsində psixonevrotiklərin böyük qismində, yaxud da, demək olar hamısında, seksual obyektin tapılmasına yönələn psixoseksual fəaliyyət şüur altında ilişib qalır. Nəvaziş görməyə çox böyük tələbatı olan qızlar üçün, seksual həyatın real tələbatları eyni dərəcədə yüksək səviyyəli qorxu və dəfolunmaz günah duyğusu yaradır, bir tərəfdən seksual sevgi idealını gerçəkləşdirmək arzusu, digər tərəfdən, öz libidosunu heç bir eyham duyulmayan nəvaziş altında gizləmək hissi olur və bütün bunlara görə, onların seksuallığı infantil təbiətli olur, həmçinin, cinsi yetkinlik dövrünə çatanda bu infantillik yenilənməklə onların seksual istəklərini valideynlərinə, yaxud bacı və qardaşlarına sarı yönəldir. Psixoanaliz asanlıqla isbat edə bilər ki, belə şəxslər sözün adi mənasında, özlərinin qan qohumlarına aşiq olurlar və bu hisslərini yaşadıqları nevrozun simptomları və digər təzahürləri ilə büruzə verir, şüuraltında yaşamaqda olan düşüncələrini nevrozun köməyi ilə şüura daşıyırlar. Hətta seksual baxımdan sağlam olan insan da, uğursuz məhəbbət hadisəsindən sonra xəstələnəndə, özü üçün belə bir şübhə doğurmayan halı müəyyənləşdirə bilər ki, tutulduğu bu xəstəliyin mexanizmi, onun libidosunu uşaqlıq vaxtı üstünlük verdiyi şəxslərə qaytarmaqdan ibarətdir.
İnfantil obyekt seçiminin təsiri
Xoşbəxtlikdən, öz libidosunun insest təbiətli fiksasiyasından qaça bilən şəxslər də, əslində onun təsirindən tamamilə azad deyildir. İnkişafın bu mərhələsinin aşkar təzahürü, çox vaxt gənc bir adamın yaşlı bir qadına vurulmasında, yaxud gənc qızın özündən yaşca çox böyük kişiyə sevgi ilə bağlanmasında özünü göstərir, bu isə onlarda ana və atalarının obrazını canlandırır.
Bu prototiplərin daha uzaq təsiri obyekt seçimində özünü büruzə verir. Xüsusilə kişilər obyekti, körpə vaxtı özü üçün obyektə çevrilmiş anası haqda xatirələrə əsaslanaraq seçir; bununla əlaqədar olaraq demək olar ki, əgər ana sağdırsa, o, oğlundakı bu yenilənməyə qarşı olub bunu düşməncəsinə qarşılayır. Obyekt seçiminə uşaqlıq çağının valideynlərlə olan münasibətinin bu cür mühüm təsiri olduğu üçün, bu uşaqlıq münasibətlərinin istənilən bir pozulmasının həmin şəxsin yetkinlik yaşındakı seksual həyatına ən ağır şəkildə təsir edə biləcəyini anlamaq çətin deyildir; sevənlərin qısqanclığı da infantil köklərə malikdir və ya ən azından, infantil hisslərin güclənməsinin nəticəsidir. Valideynlər arasındakı münaqişə, onların uğursuz evliliyi uşaqların seksual inkişafında çox ağır nəticələrə, yaxud nevrotik xəstəliklərə gətirib çıxarır.
Valideynlərinə infantil meyillilik, gələcək cinsi yetişmə mərhələsindəki obyekt seçiminə güclü təsir etsə də, bu, yeganə amil deyil. Bu səciyyəli, rüşeym halında özünü göstərən digər amillər kişilərə imkan verir ki, hələ də uşaqlıq hisslərinə əsaslanaraq, öz seçimini bir yox, bir neçə seksual obyektə yönəltsin və obyekt seçimi üçün tamamilə fərqli şəraitlər yarada bilsin.55
İnversiyanın xəbərdarlığı
Obyekt seçimində meydana gələn əsas məsələ, əks cinsi əldən buraxmamaqdan ibarətdir. Bəlli olduğu kimi, bu məsələ müəyyən dərəcədə, əlləşdirmək adlanan prosesdən keçir. Cinsi yetkinliyin yaranmasından sonra ilkin psixoloji fəaliyyət, çox vaxt, – xüsusi bir zərəri yoxdur – yalançı olur. Məsələni araşdıran müəlliflərdən Dessoir, tamamilə düzgün olaraq, gənc oğlan və qızların özü ilə eyni yaşlı və eyni cinsli şəxslərlə xəyalpərəst dostluğuna diqqət yetirir. Seksual obyektlə bağlı olan seksual sapmanın daimilik qazanmasını əngəlləyən ən güclü faktor, şübhəsiz, əks cinslərə xas olan cinsi əlamətlərin yaratdığı cazibə qüvvəsidir; biz bu halı izah etmək üçün burada heç bir dəlilə əsaslana bilmirik. Ancaq bu faktor, özlüyündə, cinsi sapmanı birdəfəlik aradan qaldırmaq üçün kifayət deyildir; bu məsələdə ona başqa amillər də qoşulur. Hər şeydən öncə cəmiyyətin çəkindirici nüfuzu böyük rol oynayır; inversiyaya cinayət kimi baxılmadığı cəmiyyətlərdə onun çoxlu sayda fərdlərin seksual meyillərinə tamamilə uyğun gəldiyinə əmin olmaq mümkündür. Daha sonra, kişilər üçün olan halda, anaları və himayəsində olduğu digər qadınlardan gördükləri nəvazişlə bağlı xatirələrinin onları çox böyük enerji ilə öz seçimlərini qadınlara yönəltməyə sövq etdiyini mümkün hesab etmək olar, eyni zamanda, uşaqlıq çağında atalarının seksual sahədə üzərlərində hiss etdikləri zəhmi və qorxuducu çəkindirmələri, həmçinin, onları rəqib olaraq qiymətləndirmələri, bu məsələdə onları özləri ilə eyni olan cinsdən uzaqlaşdırır. Hər iki məqam, seksual fəaliyyətləri analarının xüsusi qayğı və himayəsi altında olan qızlara da təsir edir. Beləliklə də, seksual məsələlərdə özü ilə eyni olan cinsə düşmən münasibət yaranır, bu isə öz növbəsində normal hesab edilən obyekt seçimində həlledici rol oynayır. Oğlan uşaqlarının kişilər tərəfindən tərbiyə edilməsi (qədim cəmiyyətlərdə qulların həyatında olduğu kimi), görünür, homoseksuallığın yaranmasına səbəb olurdu; müasir varlı insanların arasında inversiyanın daha çox rast gəlinməsi məsələyə bir az da aydınlıq gətirir, belə ki, onlar analarından daha az qayğı görmüş, daha çox kişi qulluqçuların himayəsində böyümüşlər. Bir sıra isterik təbiətli fərdlərdə belə bir hal müşahidə olunur: onlar erkən uşaqlıq dövründə valideynlərindən birini itirmişlər (buna səbəb ölüm, boşanma, yaxud uşağın nikahdan kənar doğulması ola bilər), bundan sonra yanında qaldığı valideyn uşağın bütün sevgisini özünə cəlb etmiş və onun sonrakı seksual obyekt seçməsində, həmçinin, sabit inversiya imkanının yaranmasında həlledici rol oynayan bir şərait formalaşdırmışdır.
Xülasə
İndi isə, yuxarıda dediklərimizin xülasəsini verməyə çalışmaq yerinə düşərdi. Biz cinsi istəyin obyektdən və məqsəddən yayınması ilə əlaqədar misallara baxarkən belə bir sualla qarşılaşdıq: bu yayınmalar anadangəlmə xüsusiyyətdir, yoxsa həyatın təsiri nəticəsində formalaşır? Bu sualın cavabını, çoxsaylı və sağlam insan qruplarından çox da aralı düşməyən psixonevrotiklərin cinsi istəklərinin təzahürlərinə əsasən, müəyyən edirik və bu işdə psixoanalitik araşdırmalara əsaslanırıq. Beləliklə də, biz aşkara çıxardıq ki, bu şəxslərin cinsi sapmalara olan meyillərinin xəstəliyin simptomlarının təşəkkülündə özünü göstərən şüuraltı qüvvənin təsirindən yarandığını sübut etmək mümkündür və eyni zamanda, fotoşəkillərdə olduğu kimi, nevrozu sapmanın “neqativ fotosuna” bənzətmək olar. Keçmişdən fərqli olaraq, indi bizə cinsi sapmalara meyilliliyin geniş yayıldığının bəlli olmasına əsaslanaraq, belə bir nöqteyi-nəzərə gəlməyə məcbur oluruq ki, sapmalara olan meyillər də insanın cinsi yetkinləşmənin inkişafı dövründə normal seksual davranışa gətirib çıxaran, üzvi dəyişiklik və psixoloji gecikmələr nəticəsində formalaşan cinsi istəyinin ümumi ilkin meylinin tərkib hissələrindən biridir. Biz uşaqlıq yaşlarında ilkin meyillərin olduğunu sübut edəcəyimizə ümid edirik; seksual istəyin istiqamətini çərçivəyə salan qüvvələr arasında utancaqlığı, ikrahı, əzabı, əxlaqın sosial quruluşunu və nüfuz faktorunu qeyd edirik. Beləliklə də, normal seksual həyatdan yayınmaqla bağlı hər bir qeydə alınmış halda, inkişafın gecikməsi və infantillik olduğunu görməyi bacarmalıyıq. Eyni zamanda, ilkin meyillərin variasiyalarının əhəmiyyətini ön plana çəkməli olduq, həmçinin, onlar ilə həyati təsirlər arasında qarşıdurmanın olmadığını, əksinə birləşmə hallarının olduğunu qəbul etdik. Digər tərəfdən, düşünürdük ki, ilkin meyillilik kompleks şəklində olmalı, bu cinsi istək bizə çoxlu sayda faktorlardan təşkil olunmuş kimi görünməlidir, başqa sözlə, o sapmada özünün ayrı-ayrı komponentləri ilə təmsil olunmalıdır. Bununla da cinsi sapma bizə, bir tərəfdən inkişafın gecikməsi, digər tərəfdən normal inkişafın ayrıntısı kimi görünməyə başlamışdı. Hər iki baxış belə bir hipotezdə birləşirdi ki, yetkinlik yaşına çatan insanların cinsi istəyi uşaqlıq dövrünün çoxlu sayda psixoloji fəaliyyətinin bir vahiddə birləşməsi ilə, yeganə məqsədə yönələn tək istək kimi formalaşır.
Biz psixonevrotiklərin sapmaya meyilli olması ilə bağlı izahları da əlavə edib, onları “sıxışdırılma” vasitəsilə axının əsas məcrasının məhdudlaşdırılması zamanı suyun özünə kənar məcralar tapması ilə müqayisə etdik və ardınca körpənin seksual həyatına diqqət yetirdik.56 Təəssüflə qeyd etdik ki, uşaq yaşlarında seksual istəyin ola bilməsi inkar olunmuş və körpələrdə çox vaxt müşahidə edilən belə hallar müstəsna hadisələr kimi təsvir edilmişdir. Körpənin öz seksuallığını doğuluşu ilə dünyaya gətirdiyi fikrinə gəlmişdik və onun artıq qida qəbulu vaxtı seksual məmnunluq duyduğunu demiş və bunu, yaxşı bəlli olan “əmmə” (Ludeln) aktı vasitəsi ilə daima təkrarlamağa can atdığını açıqlamışdıq. Ancaq uşağın seksual xüsusiyyəti onun başqa funksiyaları ilə eyni bərabərdə inkişaf etmir, kiçik bir çiçəklənmə dövründən sonra, iki və beş yaş arasında, latentlik adlanan bir mərhələdə bu inkişaf dayanır və hətta geriləmə baş verir. Seksual həyəcanlanma məhsulları bu vaxt kəsilmir, davam edir, ehtiyat enerji verir və bu enerji digər, seksual olmayan məqsədlər üçün istifadə edilir: bu, bir tərəfdən seksual komponentlərin sosial duyğularla birləşməsinə sərf olunur, digər tərəfdən (sıxışdırılma və reaktiv formalar vasitəsilə) sonrakı seksual məhdudiyyətlərin yaradılmasına yönəldilir. Beləliklə də, seksual istəyi müəyyən çərçivədə saxlamaq üçün olan qüvvələr, uşaq yaşlarında daha çox sapmalarla bağlı olan seksual təcrübələrin və tərbiyənin köməyi ilə yaradılır. İnfantil seksual təcrübələrin digər hissəsi bu sahədə tətbiq olunmaq üçün imkan tapmadığından, onların seksual fəaliyyətlə ifadə olunması mümkündür. Bu halda uşağın seksual oyanmalarının müxtəlif mənbələrdən təsirləndiyini öyrənmək mümkün olur. Hər şeydən öncə, erogen sahələr adlanan, qıcıqlanmalara həssas olan yerlərdən qaynaqlanan məmnunluq duyğusu qeyd edilə bilər. Erogen sahə rolunda isə, çox güman, dərinin istənilən hissəsi, istənilən duyğu orqanı, bir sözlə, bədənin ixtiyari hissəsi çıxış edə bilər, bununla yanaşı olaraq, xüsusilə seçilən erogen sahələr vardır ki, onların vasitəsi ilə baş verən seksual oyanış əvvəlcədən mövcud olan üzvi mexanizm sayəsində öncədən təmin olunmuşdur. Sonra seksual həyəcan orqanizmdə baş verən uzun sıralı proseslərin yan məhsulu kimi yaranır, bu isə həmin proseslərin bəlli intensivliyə çatması ilə baş verir. Bu hadisədə xüsusilə öz təbiətinə görə əzablı olan bir sıra güclü psixi sarsıntılar mühüm rol oynayır. Bütün bu mənbələrdən yayılan həyəcanlar hələ birləşmir, hər biri ayrılıqda, bəlli bir həzdən doğan məmnunluq yaratmaqdan ibarət olan məqsədini izləyir. Uşaqlıq dövründə cinsi istək, nəticə etibarilə, toparlanmır və əvvəlcə, obyekti olmadan, autoerotik səciyyəli fəaliyyətə can atır.
Hələ uşaqlıq dövründə cinsi orqanların erogen sahələrinin ayrılması prosesi başlayır – yaxud belə də demək olar ki, münasib hissi qıcıqlanmalardan məmnunluq duyulan sahələr ayrılmağa başlayır və ya tamamilə anlaşılmaz şəkildə, başqa mənbələrdən alınan məmnunluq duyğusu ilə yanaşı, eyni zamanda seksual həyəcan yaranmaqla, cinsiyyət orqanına xüsusi münasibəti ilə seçilən sahələr meydana çıxır. Təəssüf etmək lazımdır ki, seksual məmnunluqla seksual həyəcan arasındakı münasibəti kifayət qədər aydınlaşdırmaq mümkün olmamışdır, bu, həmçinin, genital sahələrlə seksuallığın digər mənbələri arasındakı münasibətlərə də aiddir.
Nevrotik əzabları öyrənmək sayəsində biz qeyd etdik ki, uşaqların seksual həyatında ən başlanğıcdan etibarən seksual istəyin elementlərinin rüşeymləri müşahidə olunur. Birinci, ən erkən mərhələdə, ön plana oral (ağızla əlaqəli) erotika çıxır; genital sahələrin təşəkkülündən öncəki ikinci bu cür mərhələ sadizm və anal erotika ilə xarakterizə olunur; yalnız üçüncü mərhələdə seksual həyat məxsusi genital sahələrin iştirakı ilə davam edir.
Müəyyən edə bildiyimiz ən gözlənilməz nəticə isə bundan ibarət idi ki, iki və beş yaşlar arasında baş verən bu infantil seksual həyatın erkən çiçəklənməsi, bütün zəngin psixoloji fəaliyyəti ilə birlikdə, obyekt seçimini də əhatə edir. Bu səbəbdən də, ona uyğun olan mərhələni, cinsi istəyin müxtəlif elementlərinin birləşmədiyinə və seksual məqsədin yəqinləşmədiyinə baxmayaraq, sonrakı seksual təşəkkülün ən mühüm məqamı olaraq qəbul etməli oluruq.
İnsanın seksual inkişafının ikitəbəqəli başlanğıcı, yəni bu inkişafın erkən uşaqlıqda çiçəklənərək, sonradan latentlik dövründə dayanması, nəhayət, daha sonra, cinsi yetkinləşmə dövründə yenidən irəliləməsi, bizim üçün xüsusi diqqətə layiq hadisə oldu. Görünür, insanlığın yüksək mədəni inkişafa çatmasında, həmçinin, ayrı-ayrı insanların nevroza meyilliliyində bu şərtin xüsusi rolu vardır. Bildiyimiz kimi, insana qohum olan heyvanlar üçün buna bənzər hansısa analoji halın olduğunu isbat etmək mümkün deyildir. Bu insani xüsusiyyətin mənşəyinin haradan yarandığını aydınlaşdırmaq üçün, yəqin ki, insan soyunun ən qədim tarixi araşdırılmalıdır.
Ancaq biz deyə bilmədik ki, uşaqlıq yaşındakı seksual həyatın hansı ölçüsü sonrakı inkişafa ziyan verməmək üçün normal hesab edilə bilər. Bu dövrdə seksual təzahürlərin xarakterinin masturbatik olduğu məlumdur. Sonra təcrübə göstərdi ki, xarici şirnikləndirici təsir, latentlik mərhələsini vaxtından öncə poza bilər və bu vaxt uşağın cinsi istəyi faktiki olaraq fərqli formalarda təzahür edən cinsi sapmalarla müşayiət olunur; sonradan, bu cür erkən seksual fəaliyyətin başlaması uşağın tərbiyə olunmasında mühüm çətinliklərə səbəb olur.
Uşaqların seksual həyatı barədə biliklərimizin natamam olmasına baxmayaraq, biz onun cinsi yetkinliyin başlanması ilə əlaqədar olan dəyişikliklərini öyrənməyə cəhd etdik. Onlardan iki, daha mühüm əhəmiyyəti olan dəyişikliyi seçdik: seksual həyəcanlanmanın bütün digər mənbələrinin genital sahənin aparıcı roluna tabe olmasına və obyekt seçimi prosesinə diqqət yetirməyi ön plana çəkdik. Bunların ikisinin də uşaq həyatında prototipləri vardır. Birinci dəyişiklik, ilkin həzz mexanizmindən istifadə etməklə baş verir, həmçinin, məmnunluq və həyəcanlanma ilə əlaqəli olan müstəqil seksual aktlar, yeni seksual məqsədlər üçün hazırlıq aktlarından ibarət olur; seksual məhsulların ayrılması nəticəsində çox böyük həzz yaranması seksual həyəcanın sona çatması ilə nəticələnir. Bu vaxt, cinsi mövcudluğun qadın və kişi olaraq şaxələnməsinə diqqət yetirmək lazım gəldi və biz müəyyən etdik ki, qadına çevrilmək üçün yeni sıxışdırılma mərhələsi keçilməlidir və bununla qadında izləri qalan infantil kişilik hissləri məhv olur və beləliklə də, qadın, aparıcı genital sahələrinin təsirinə tabe olan dəyişikliklərə hazırlanır. Nəhayət, aşkara çıxardıq ki, obyekt seçimində, infantil yaşda formalaşan, cinsi yetkinliyin başlanması ilə yenilənən, uşağın öz valideynlərinə və dayələrinə qarşı yönələn seksual meyillər aparıcı olur, uşaqlıq yaşlarında meydana gələn insestual məhdudiyyətlərin bu şəxslər tərəfindən istiqamətləndirilməsi sonradan onlarla eyni olan cinsə meyillilik hissini formalaşdırır. Nəhayət, bunu da əlavə edək ki, cinsi yetkinliyin başlanmasına keçid dövründə, bir müddət üçün, cismani və psixoloji inkişaf prosesləri paralel olaraq davam edir, onların hələlik, sinir hüceyrələri ilə təmin edilən cinsi orqanlarda baş verən intensiv, psixoloji və cinsi fəaliyyətlərlə əlaqəsi olmur və bu vəziyyətdə cinsi funksiyaların normal vəhdəti tələbi yaranır.
İnkişafa mane olan məqamlar
Artıq müxtəlif misallarla aydınlaşdırdığımız kimi, bu uzun çəkən inkişaf istənilən məqamda sabit bir halda ilişib qala bilər, bu qarmaqarışıq birləşmələrin bitişmə yerləri qopa və bu, cinsi istəyin dissosiasiyasına (öz əsl məqsədindən ayrılmasına) səbəb ola bilər. Qarşımızda hələ, inkişafa mane olan müxtəlif daxili və zahiri məqamların icmalını tərtib etmək və onlardan hər birinin mexanizmin hansı yerində ona mane olduğunu müəyyənləşdirmək vəzifəsi dayanır. Əlbəttə, bu məsələ ilə bağlı bir sırada qoyduğumuz məqamlar eyni dərəcədə əhəmiyyətli olmaya bilər və biz ayrı- ayrı məqamların əhəmiyyətini müəyyən etməklə bağlı çətinliklərlə hesablaşmağa borcluyuq.
Quruluş və irsiyyət
Burada, ilk növbədə, seksual quruluşların anadangəlmə fərqlərini qeyd etmək olar, bu isə çox böyük ehtimalla, həlledici rol oynayır, ancaq bu da bəllidir ki, onları yalnız çox sonrakı təzahürlərinə görə aşkara çıxarmaq mümkündür və bunun həmişə mümkün olacağını böyük əminliklə demək olmaz. Bu fərqlər adı altında biz seksual həyəcanlanmanın müxtəlif mənbələrindən bu və ya digəri ilə bağlanmağı təsəvvür edirik və hesab edirik ki, anadangəlmə olan bu cür meyillər hər halda son nəticədə özünü ifadə etməlidir, həm də, bu onun, hətta normal həddə qaldığı hala da aiddir. Əlbəttə, ilkin anadangəlmə meyillərin, zəruri şəkildə və kənardan kömək olmadan da, qeyri-normal seksual davranışa gətirib çıxarması mümkündür. Onları “degenerativ” adlandırmaq olar və onlara irsi pozulmanın təzahürü kimi baxa bilərik. Bununla bağlı olaraq çox əlamətdar bir faktı göstərmək istəyirəm: psixoterapevtik müalicəsi ilə məşğul olduğum ağır formalı isteriya və sarmaşan nevroz xəstələrinin yarıdan çoxu ilə bağlı araşdırmalarımda, onların atalarının nikaha girməzdən öncə sifilisə yoluxduğu yəqinliklə sübut olunmuşdu, onlarda sifilisin müxtəlif formalarının olduğu fakt olaraq danılmazdır. Əminliklə qeyd etmək istəyirəm ki, sifilisli valideynlərin nevrotik övladlarında bu xəstəliyin heç bir cismani əlaməti yoxdur, deməli, bu halda, qeyri-normal seksual quruluşa sifilisli mirasın sonuncu törəməsi kimi baxmaq lazımdır. Nevropatik xəstəliklərin mənşəyinin sifilisə yoluxmuş valideynlər olduğunu hesab etməklə yanaşı, mən hər halda müşahidə etdiyim bu uyğunluğu təsadüfi və əhəmiyyətsiz saymıram. Cinsi sapmalara səbəb olan irsi şərtlər kifayət qədər öyrənilməyib, çünki bu cür insanlar özləri haqda məlumat verməkdən qaçırlar; ancaq hesab etməyə əsas vardır ki, sapmalar da, nevrozlar da eyni dərəcədə rol oynayır. Cinsi sapma və psixonevrozlar sayı az olmayan elə ailələrdə rast gəlinir ki, burada əks cinslər hamılıqla, yaxud onların biri müsbət sapmalı, qadın nümayəndə isə mənfi sapmalı, isterik olur və bu halın mövcudluğu bu iki pozulma halları arasında bizim tapdığımız əlaqənin sübutu sayıla bilər.
Sonrakı təkrar əmələgəlmə
Ancaq belə bir nöqteyi-nəzərdə qalmaq olmaz ki, seksual həyatın gələcək formaları, guya yalnız seksual quruluş elementlərinin rüşeymləri vasitəsilə təşəkkül tapır. Burada başqa səbəblərdən də asılılıq vardır və sonrakı imkanlar seksual axının digər mənbələrdən olan asılılığından da yaranır. Bu sonrakı təkrar əmələgəlmə, son nəticə üçün həlledicidir, həmçinin, onların təsvirindən göründüyü kimi, eyni bir quruluş üç müxtəlif son nəticəyə gətirib çıxara bilər. Əgər bütün anadangəlmə meyillər və onların qeyri-normal sayılan qarşılıqlı münasibətləri qalırsa, həmçinin, yaşa dolmaqla əlaqədar olaraq öz yerini bərkidirsə, onda nəticə cinsi sapmaya gətirib çıxara bilər. Bu cür qeyri-normal quruluşa uyğun təmayüllər hələ kifayət qədər araşdırılmamışdır, ancaq bizə, bu cür meyillərlə çox asanlıqla izah edilə bilən hallar da məlumdur. Misal üçün, bir sıra müəlliflərin fikrincə, cinsi sapmaların təsbit olunduğu bəzi halların yaranması üçün zəruri şərt seksual istəyin anadangəlmə zəifliyidir. Məsələnin bu şəkildə qoyulması mənə düzgün görünmür, ancaq əgər burada genital sahənin seksual istəyinin bir faktorunun quruluş etibarı ilə zəifliyi nəzərdə tutulursa, onda bu fikir məna qazanmış olur, çünki bu halda ayrı-ayrı seksual fəaliyyətlərin nəsil artırmaq məqsədi ətrafında birləşməsi önə çəkilir. Deməli, baxılan halda cinsi yetkinlik zamanı zəruri olan bu birləşmə baş tutmayacaq və cinsi sapma meyli bütün yerdə qalan komponentlərdən ən güclüsü olacaqdır.57
Sıxışdırılma
Bununla bağlı başqa bir nəticə inkişaf dövründə bir sıra xüsusilə güclü anadangəlmə komponentlərin sıxışdırılma prosesinə məruz qalması ilə yaranır, ancaq bu halda komponentin öz fəaliyyətini tamamilə dayandırdığını demək olmaz. Bu vaxt uyğun həyəcanlanma adi şəkildə yaranır, ancaq psixoloji tutulub-saxlanma hesabına onlar öz məqsədlərinə çatmağa buraxılmırlar və simptom kimi ortaya çıxana kimi sıxışdırılıb, əsas yoldan kənar digər yollara yönləndirilirlər. Nəticədə, təqribən normal hesab edilə bilən cinsi həyat yaranır – cinsi fəaliyyət əsasən məhdudlaşdırılmış şəkildə, həmçinin, psixonevrotik xəstəlik əlavə edilmiş vəziyyətdə olur. Nevrotiklərin psixoanalitik araşdırmaları sayəsində biz məhz belə hallarla yaxşı tanış ola bilmişik. Bu cür şəxslərin seksual həyatı cinsi sapma daşıyıcılarının həyatı kimi başlayır: onların uşaqlıq çağı cinsi sapmaya əsaslanan seksual fəaliyyətlə bağlı olur, bu hal bəzən cinsi yetkinliklə bağlı yaş həddini də adlaya bilir; sonra daxili səbəblərdən – çox hallarda cinsi yetkinlikdən öncə, digər hallarda bundan çox sonra da, – sıxışdırılmada dönüş nöqtəsi baş verir və bu məqamdan başlayaraq cinsi sapma əvəzinə nevroz meydana çıxır, ancaq köhnə psixoloji hərəkətlər də yox olmur. Burada belə bir deyim yada düşür: “gəncliyində gəzəyən, qocalığında monax”, ancaq burada “gənclik” çox sürətlə keçib gedir. Həmin şəxslərin həyatında cinsi sapmanın nevrozla əvəzlənməsi, öncə xatırlatdığımız: eyni ailənin üzvləri arasında sapma ilə nevrozun paylanmasına bənzəyir (biz bu halda nevrozun sapmanın neqativini təmsil etdiyini demişdik).
Sublimasiya
Üçüncü qeyri-normal hal “sublimasiya” prosesi sayəsində mümkün olur, bu vaxt, ayrı-ayrı seksuallıq mənbələrindən doğulan, müstəsna dərəcədə güclü olan seksual həyəcan özünə seksual həyata aid olmayan digər sahələrdə tətbiq imkanları tapır, bununla da, öz-özlüyündə təhlükəli olan meyildən əhəmiyyətli dərəcədə yüksək psixoloji fəallıq yaranır. Bədii yaradıcılığın mənbələrindən birini burada tapmaq mümkündür və bu sublimasiyanın bütöv və yarımçıq olmasından asılı olaraq, böyük istedadlı və xüsusi ilə bədii yaradıcılıq qabiliyyəti yüksək olan şəxslərin xaraktercə analizi, onların iş qabiliyyətində cinsi sapma ilə nevrozun müxtəlif nisbətlərdə qarışıqlarını aşkara çıxarır. Sublimasiyanın xüsusi növü reaktiv təlim adlana biləcək tərzdə sıxışdırılmadır ki, biz buna uşaqlardakı cinsi oyanışın latentlik dövründə rast gəlirik və əlverişli şəraitdə bu dövr bütün ömür boyu davam edə bilər (reaktiv təlim, fərdin öz arzuolunmaz istəklərinə qarşı formalaşdırdığı müdafiə sistemidir – tərcüməçinin qeydi).
Bizim insan “xarakteri” adlandırdığımız şey, əhəmiyyətli dərəcədə seksual həyəcan materialından ibarətdir və uşaqlıq vaxtı təsbit olunmuş istəklərdən təşkil olunur, bunlar isə əsasən yolverilməz sayılan psixoloji fəaliyyətin cinsi sapma şəklində ortaya çıxan təzahürünün güclü şəkildə sıxışdırılmasından doğan sublimasiya vasitəsi ilə qazanılır.58 Beləliklə də, uşaqlıq çağının ümumi sapma səciyyəli seksual meyilləri bizim fəzilətlərimizin (yüksək mənəvi keyfiyyətlərimizin) mənbəyi hesab edilə bilər, çünki o bu xüsusiyyətlərin reaktiv təlim vasitəsi ilə inkişafına təkan verir.59
Təsadüfən yaşanan hallar
Bütün digər təsirlər, öz əhəmiyyətinə görə, seksual təzahürlərdən, sıxışdırılmanı dəf etməkdən və sublimasiyadan çox geridə qalır, – həmçinin, sadaladığımız bu proseslərin daxili şərtləri bizə əsla bəlli deyildir. Kimsə sıxışdırılmanı və sublimasiyanı əsaslı meyillərə bağlayır və onlara bu meyillərin həyati təzahürü kimi baxırsa, bu şəxslər tam əsasla deyə bilər ki, seksual fəaliyyətin son forması hər şeydən öncə anadangəlmə quruluşun məhsuludur. Ancaq məsələni anlayan şəxslər, faktorların belə bir toplusunda uşaqlıq çağında və sonradan yaşanmış təsadüfi faktorların dəyişdirici təsirinə də yer qaldığını qəbul edəcəkdir. Əsaslı və təsadüfi faktorların təsirlərini qiymətləndirmək və onların qarşılıqlı münasibətlərini müəyyən etmək çox da asan məsələ deyildir. Nəzəriyyədə, həmişə, bunlardan birincisinə daha artıq əhəmiyyət verilməsinə meyil olduğu görünür; ancaq terapevtik praktika ikincinin də mühüm rolunu qeyd edir. Heç bir halda unutmaq olmaz ki, bu iki hal arasında bir-birini istisna etmək deyil, kooperasiya münasibətləri hökm sürür. Əsaslı faktorlarla əlaqəli məqamlar, onların təzahürünü ortaya çıxaran sınaqların baş verməsini gözləmək məcburiyyətindədir. Təsadüfi məqam da, öz növbəsində, hərəkətə gəlmək üçün əsaslı faktorların yardımına möhtacdır. Təsadüfi halların böyük çoxluğunda “əlavə sıra” adlandırıla biləcək belə bir halı təsəvvür etmək olar: bir faktorun zəifləyən intensivliyi digər faktorun güclənən intensivliyi ilə kompensasiya olunur; ancaq bu sıranın sonunda ifrat nəticələrə gətirən təsadüflərin ola biləcəyini inkar etmək üçün heç bir əsas da yoxdur.
Əgər erkən uşaqlıq dövründə yaşanmış məqamlar arasında təsadüfiliklərin üstünlük qazanması təsəvvür edilirsə, onda bu hal pasixoanalitik araşdırmalara daha çox uyğun gəlir. Bu halda bir xarakterik sıra iki sıraya ayrılır ki, onlardan birini meyillilik (dispositionel), digərini son nəticə (définitif) adlandırmaq olar. Birinci halda uşaqlıq çağının əsaslı quruluşları və təsadüfi sınaqları hansı ölçüdə təsir göstərirsə, ikinci hal üçün meyillilik və travmatik sınaqlar eyni dərəcədə təsirli olur. Seksual inkişa fa zərər vuran bütün məqamlar reqressiya törətməklə, başqa sözlə, bundan öncəki fazaya qayıtmaqla nəticələnən təsir göstərir.
Burada biz qarşıya qoyduğumuz məsələni dərk etməyə davam edirik – seksual inkişafa təsir edən, bizə bəlli olan bütün motivlərin sadalanması, təsiredici qüvvələrin və ya yalnız onların təzahürlərinin müəyyən edilməsi buna xidmət edir.
Vaxtından öncəki yetkinləşmə
Belə məqamlara örnək olaraq, özbaşına başlayan vaxtından öncəki seksual yetkinləşməni göstərmək olar, bunu ən azından, etioloji baxımdan (etiologoia – tibbin, xəstəliyin mənşəyini və yaranma səbəblərini öyrənən sahəsidir – tərcüməçinin qeydi), nevrozlara əsasən, yəqinliklə sübut etmək olar, ancaq bu məqam öz-özlüyündə, digər məqamlar kimi, ayrılıqda nevroz yaratmaq gücündə deyildir. Bu məqam infantil latentlik dövrünün qısalması və ya kəsilməsi ilə ifadə olunur və seksuallıq təzahürləri yaratmaqla xəstəliyin səbəbinə çevrilir; bu isə bir tərəfdən seksual çəkindirmələrə hazırlığın olmaması, digər tərəfdən, genital sistemin cinsi münasibətlərə hazır olmaması üzündən, yalnız cinsi sapma xarakterli hadisə ola bilər. Cinsi sapmaya bu cür meyillilik həmişəlik qala bilər, yaxud, sonradan baş verən sıxışdırılma nəticəsində yaradıcı qüvvələrin nevrotik simptomlarına çevrilə bilər; hər bir halda vaxtından qabaq başlayan seksual yetkinləşmə, seksual canatmalar üzərində yüksək psixoloji xüsusiyyətlərin rəhbərlik etməsi imkanını çətinləşdirir, həmçinin, bunsuz da, seksual istəklərin mövcud psixoloji təmsilçiliyinin sarmaşma xarakterini gücləndirir. Vaxtından öncə başlayan seksual yetkinlik, çox vaxt, vaxtından öncə başlayan intellektual inkişafla paralel gedir; belə ki, uşaqlıq çağında bu hadisə ən görkəmli və istedadlı fərdlərin həyatında rast gəlinir; görünür, bu vaxt, o, təkbaşına meydana çıxanda patogenik (xəstəlik törədici) təsir göstərmir.
Müvəqqəti məqamlar
Eyni ilə vaxtından öncəki yetkinləşmə kimi, onunla birləşdirilməsi mümkün olan digər hallara müvəqqəti məqamlar olaraq baxılmalıdır. Görünür, bu və ya başqa ehtirasın hansı sıra ilə fəallaşacağı filogenetik şəkildə öncədən müəyyən olunmuşdur və onların yeni meydana çı xacaq ehtirasın, yaxud sıxışdırmanın təzyiqi ilə hansı müddətdən sonra sıradan çıxacağı da öncədən bəllidir. Ancaq istər bu müvəqqəti ardıcıllığa, istərsə də, meydana çıxan ehtirasların fəal davametmə müddətinə münasibətdə, görünür, bu proseslərin nəticəsinə təsir etməli olan variasiyalar da vardır. Hansı cərəyanların özünə əks olan cərəyanlara nisbətdə daha öncə və daha sonra meydana çıxacağı burada mühüm əhəmiyyət daşıyır, çünki sıxışdırmanın təsirini aradan qaldırmaq mümkün deyildir; komponentlərin tərkibinin müvəqqəti dəyişilməsi, həmişə, öz ardınca nəticənin dəyişməsini gətirir. Digər tərəfdən, xüsusilə intensiv şəkildə meydana gələn ehtiraslar, çox vaxt, olduqca sürətlə axıb keçir. Buna misal olaraq, daha sonra homoseksual olan şəxslərin seksual inkişafını göstərmək olar. Burada, öncədən mövcud olan normal seksuallıq çox tez aradan qalxır. Uşaq yaşlarında mövcud olan çox güclü canatmalar, onların həmişə yaşlı çağlaradək eyni xarakterdə qalacağı ilə bağlı təhlükəni doğrultmur; gözləmək olar ki, onlar öz yerini əks istiqamətli canatmalara verib yox olacaqdır (“Çox ciddi ağaların hakimiyyəti çox az sürür” deyiminə uyğun olaraq). İnkişaf prosesinin bu cür müvəqqəti dolaşıqlıqlarının nə ilə əlaqədar olması barədə bizim ən elementar biliyimiz belə yoxdur. Burada çox dərin bioloji, ola bilsin, hətta tarixi perspektivlərə yol açılır ki, biz indilikdə onlara yaxınlaşa bilməmişik.
Qətiyyət
Bütün erkən seksual təzahürlərin əhəmiyyəti, mənşəyi məlum olmayan, indilikdə yalnız müvəqqəti psixoloji fenomen kimi təsvir edilə bilən psixi faktorun sayəsində daha da artır. Mən burada yüksək qətiyyəti və ya seksual həyatın erkən təəssüratlarının sabitləşməsini nəzərdə tuturam. Bu fenomeni zəruri şəkildə gələcək nevrotik və sapma daşıyıcıları barədə faktiki məlumatlara aid etmək lazım gəlir, çünki bu cür vaxtından qabaq baş verən seksual təzahürlər, başqa heç bir insanda onlar qədər dərin və qalıcı təəssüratlar yaratmır, həmçinin, yalnız onlarda bütün ömürboyu davam edən bu halın təkrarlanması istəyini doğurmur. Ola bilsin, bu əzmkarlığın yaranması nevrozların səbəbini izah etmək üçün yararlana bilmədiyimiz başqa bir psixi məqamla bağlıdır. Bu isə, xatirələrin psixoloji həyatda yeni təəssüratlara nisbətən daha ağır çəkiyə malik olmasından ibarətdir. Bu məqamın intellektual inkişafla əlaqəli olduğu məlumdur və o, şəxsi mədəniyyətin yüksəlməsi ilə artır. Bunun əksinə olaraq, öz vəhşiliyindən ayrıla bilməyən fərdi “məqamın bədbəxt övladı” ifadəsi ilə xarakterizə etmək olar.60 Mədəniyyətlə azad seksual münasibətlərin inkişafı arasındakı bir-birinə zidd olan asılılığın həyatımızın bütün sahələrində dərin iz buraxdığını görə bilərik. Belə ki, uşaqların seksual həyatının hansı axarla getməli olduğuna aşağı mədəni səviyyələrdə yüksək mədəni inkişaf etmiş cəmiyyətlərə nisbətən çox az əhəmiyyət verilir.
Sabitləşmə
İndicə xatırlanan əlverişli psixi məqamlar, uşaq seksuallığının təsadüfiliklə bağlı olan hallarının əhəmiyyətini artırır. Sonuncusu (ilk növbədə digər uşaqlar və ya yaşlılar tərəfindən şirnikləndirilmə), sabitləşmiş pozuntuları ilk dəfə qeydə almaq və müşahidə etmək üçün material verir. Nevrotiklərdə və cinsi sapma daşıyıcılarında normal seksual həyatdan yayınmaqla bağlı sonradan müşahidə olunan halların mühüm hissəsi, başlanğıcından, sanki uşaqlıq dövrünün seksuallığından azad olunması təəssüratı yaradır. Bu yayınmaların yaranma səbəbi cismani quruluşun meyilləri, vaxtından öncə yetkinləşmə, yüksək qətiyyətlilik qabiliyyəti və kənardan təsir vasitəsi ilə seksual istəyin təsadüfi oyanışları arasında bölüşdürülür.
Ancaq seksual həyatın tədqiqi ilə bağlı bu araşdırmaların məmnunluq gətirməyən nəticəsi ondan ibarətdir ki, seksuallığın mahiyyətinə aydınlıq gətirən bioloji proseslər haqqında olan biliklərimiz olduqca azdır, bu isə, ayrı-ayrı baxışlarımızdan yararlanıb, baxılan sahədəki normal və patoloji halları yetərincə anlamağa xidmət edən nəzəriyyə yaratmaq üçün kifayət deyildir.