Narsisizm haqqında

Narsisizm terminini P.Nekkenin 1899-cu ildə yazmış olduğu bir xəstəlik tarixçəsindən götürmüşəm. O bu termindən, insanın öz bədəninə seksual obyekt kimi yanaşmasını bildirmək üçün istifadə edir, yəni bu vəziyyətə düşən insan özü öz bədənindən tam seksual həzz almaq üçün onu sığallayır, nəvaziş göstərir və nəhayət gözlədiyi məmnunluq duyğusuna çatır. Belə bir şəkildə təzahür edən narsisizm, bu halın daşıyıcısı olan insanın bütün seksual həyatını təhrif edir, onu sapıqlığa yönəldir və əslində bu hal bizim öyrəndiyimiz bütün sapıqlıq hallarında da özünü göstərir.

Psixoanalitik müşahidələrlə müəyyən edilmişdir ki, narsisistik davranışın ayrı-ayrı cəhətləri, digər psixi xəstəliklərdən əziyyət çəkən şəxslərdə də rast gəlinir; misal üçün, araşdırıcılardan Zadgeri homoseksual şəxslərdə bu cəhətin olduğunu qeyd edir. Və ən nəhayətdə, belə bir mülahizə meydana çıxır ki, libidonun narsisizm adlanmağı haqq edən təzahürünü daha geniş dairədə müşahidə etmək olar və ona insanın normal seksual inkişafında müəyyən yer ayrılması vacibdir.

Bu cür mülahizələr nevrotiklərin psixoanalitik müalicəsi zamanı rast gəlinən çətinliklərlə bağlı olaraq da yaranır, çünki bu vaxt bəlli olur ki, bu xəstələrdə təzahür edən narsisizm halları onların terapevtik müalicəsi imkanlarını məhdudlaşdırır. Narsisizm, bu mənada, sapıqlıq deyildir, sadəcə, özünüqoruma instinktinin doğurduğu eqoizmə qoşulan libidonun bir əlavəsidir və bu xüsusiyyətin istənilən canlı varlıqda müəyyən payı vardır.

İndiyədək erkən kəmağıllılığın (Krepelinin araşdırmalarında) və ya şizofreniyanın (Bleyerin araşdırmalarında) psixologiyasına libido nəzəriyyəsi əsasında aydınlıq gətirmək üçün göstərilən cəhdlər nəticəsində ilkin normal narsisizmlə məşğul olmaq üçün vacib səbəb ortaya çıxmışdır. Mənim parafrenik adlandırmağı təklif etdiyim bu cür xəstələrdə iki əsas xarakterik cəhət müşahidə olunur: özünün böyüklüyü (əzəməti) barədə xülyalara qapılmaq və ətraf aləmə (insanlara və predmetlərə) marağın itirilməsi. Psixikalarında belə bir dəyişikliyin baş verməsi nəticəsində bu tipli xəstələr psixoanalizin təsirinə məruz qalmır və biz onları müalicə etməyi bacarmırıq. Ancaq bu, dünyadan ayrılan parafreniklərin xüsusiyyətlərinin və əlamətlərinin daha dəqiq müəyyən edilməsi və aydınlaşdırılması qarşımızda zəruri bir məsələ kimi dayanır. İsterika xəstəsində, yaxud sarmaşan hallar nevrozundan əziyyət çəkən pasiyentdə, onların xəstəliyi bu şəxslərin ətraf aləmə münasibətində əks olunur və onun reallığa olan normal münasibətlərinin pozulduğu bəllidir. Ancaq analiz aşkara çıxarır ki, bu cür adamların insanlara və predmetlərə erotik münasibəti tamamilə yox olmamış, onların fantaziyasında qorunub saxlanmışdır, yəni bir tərəfdən, real obyektlər onların təxəyyülündə xəyali obrazlarla əvəzlənərək bir-birilə qarışdırılmışdır, digər tərəfdən, onların öz məqsədlərinə real şəkildə çatmaq üçün heç bir fəaliyyəti olmur, yəni obyektə gerçək olaraq yiyələnmək üçün təşəbbüs göstərmirlər.

Ancaq bu halla bağlı olaraq K.Yunqun ciddi ayrı-seçkilik qoymadan işlətdiyi libidonun introversiyası (qapalılığı) (Introversion der Libido) ifadəsi yerinə düşmür. Parafreniklərdə məsələ başqa cürdür. Görünür, onlarda libido, tamamilə, insanlardan və xarici aləmin predmetlərindən ayrılmış, ancaq onları heç bir fantaziya məhsulu ilə əvəz etməmişdir. Əgər, haradasa belə bir əvəzlənmə müşahidə edilirsə, görünür, burada ikinci dərəcəli prosesdən söz gedir, bu isə özünümüalicə cəhdi olmaqla, libidonu obyektin üzərinə qaytarmaq istəyini ifadə edir.

Sual yaranır: Schizophrenia nəticəsində obyektdən ayrılan libidonun sonrakı taleyi necə olur? Bu məsələdə bizə xəstəliklə bağlı meydana çıxan “böyüklük xülyası” barədə öyrəndiklərimiz yol göstərir. Xarici aləmdən ayrılmış libido, məxsusi “Mən”in orbitində özünə yer edib fırlanmağa başlayır və beləliklə də, bizim narsisizm adlandıra biləcəyimiz hal yaranmış olur. Ancaq “böyüklük xülyası” fenomeni nə isə yeni bir şey deyil, bildiyimiz kimi bu, artıq öncə olanların şişirdilməsi və üzə çıxarılmasından ibarətdir. Libidonun məxsusi “Mən”in üzərinə köçməsi nəticəsində formalaşmış simptomlardan əziyyət çəkən parafrenikin narsisizmi, indiyədək müxtəlif təsirlərdən dumanlanmış ilkin narsisizmin əsasında yaranmış ikincilikdir.

Bir daha qeyd etmək istəyirəm ki, mən burada şizofreniya problemini izah etmək, yaxud daha dərindən araşdırmaq məqsədi güdmürəm, yalnız başqa yerdə söylədiklərim barədə məlumat verməklə, narsisizmin zəruri şəkildə libidonun inkişafının ümumi sxeminə qoşulduğunu isbat etməyə çalışıram.

Libido nəzəriyyəsinin gələcək inkişafı üçün tamamilə qanuni sayıla bilən belə bir üçüncü mənbəyi, məncə, primitiv xalqların və uşaqların psixi həyatını müşahidə etməkdən və onların psixikasını anlamaqdan ibarətdir. Primitiv xalqlarla yalnız bir dəfə təmasda olmaq kifayət edir ki, onların arasında “böyüklük xülyası” kimi qəbul edilə biləcək cəhətlərin olduğunu müşahidə etmək mümkün olsun. Buraya, onların öz arzu və istəklərinin, həmçinin, psixoloji fəaliyyətlərinin həddindən artıq şişirdilməsi, “düşüncənin böyük qüdrətinə”, sözün fövqəladə gücünə inam, “sehrbazlıq sistemini” formalaşdıran xarici aləmə təsir etmək vasitələri, gündəlik həyatlarında məxsusi böyüklüyünü və əzəmətini reallaşdırmağa çalışması kimi fenomenlər aid edilə bilər. Xarici aləmə eyni ilə buna uyğun gələn münasibəti, biz psixi inkişafı barədə indilikdə çox az şey bildiyimiz uşaqlarda da müşahidə edə biləcəyimizi düşünürük. Bununla da, belə bir təsəvvür yaranır ki, ilkin libido məxsusi “Mən”in üzərində cəmləşir, bundan sonra onun bir hissəsi obyektin üzərinə köçürülür; ancaq libidonun bu keçidi, mahiyyətcə, başa çatmamış prosesdir və o, əhatə etdiyi obyektlərə aid olmaqda davam edir və bu hadisəni kiçicik protoplazmatik varlığın öz psevdopodiyalarına (yalançı ayaqcıqlarına) münasibətinə bənzətmək yerinə düşərdi. Biz araşdırmalarımızda nevrotik simptomlara əsaslandığımızdan, təbii ki, öncə, libidonun bu hissəsini diqqətdən qaçırmışdıq. Bizim diqqətimizi yalnız bu libidonun yayılması, onun xarici obyektlərə bağlanması və yenidən öz daxilinə qayıtması kimi hadisələr özünə cəlb etmişdi. Ümumi, zahiri kobud görüntülərə əsaslanıb demək mümkündür ki, biz “libido-Mən” ilə “libido-obyekt” arasında bəlli bir ziddiyyət görürük. Onlardan biri nə qədər çox istehlak olunur və köhnəlirsə, o birinin ümumi psixoloji vəziyyəti bir o qədər zəifləyir. “Libido-obyekt”in inkişafının ən yüksək mərhələsinin sevmək olduğunu düşünürük. Bu hadisə bizə obyektin cazibəsinə qapılmaqla öz şəxsi mənliyini inkar etmək kimi görünür və əks halda, dünyanın məhv olacağı barədə paranoik səciyyəli fantaziyalar (yaxud daxili həyəcanlı qavramlar) işə düşür.1 Nəhayət, psixi enerjinin müxtəlif növlərinə gəlincə, hesab edirik ki, öncə, narsisizm halında hər iki enerji birləşir və bizim zahiri-kobud analizimiz onları fərqləndirmək gücündə olmur, yalnız obyektin cazibəsinə qapılmaqla başlayan mərhələdə, seksual enerjini libido şəklində “Mən”in istəklərinin enerjisindən ayırmaq mümkün olur.

Mühakimələrimi davam etdirməzdən öncə, zəruri şəkildə, bu mövzunun çətinlikləri ilə bağlı daha sıx qatlara aparıb çıxaran daha iki suala toxunmaq istəyirəm. Birincisi: burada söz açdığımız narsisizmin, libidonun erkən mərhələsinə aid etdiyimiz autoerotizmə münasibəti necədir? İkincisi: libidonun öncə “Mən” üzərində cəmləşdiyini etiraf ediriksə, onda ehtirasın seksual enerjisini seksual olmayan enerjilərdən ayırmaq nəyə lazımdır? Məgər, buradakı mürəkkəbliyi aradan qaldırmaq üçün, “Mən”in istəyi ilə bağlı enerjinin “libido-Mən”dən, “libido-Mən”in enerjisinin isə “libido- obyektdən” alındığını qəbul etməklə, vahid bir psixoloji enerjinin mövcudluğuna gəlib çıxa bilmərikmi? Birinci sualla bağlı bunu qeyd etmək istərdim: belə bir mühakimədən qaçmaq mümkün deyil ki, şəxsi “Mən”in bütövlüyü, fərddə ən başlanğıcdan mövcud olmur, axı “Mən” autoerotik istəyin ilkinliyi şəraitində inkişaf etməlidir; deməli, narsisizmin formalaşması üçün autoerotizmə hökmən nələrsə qoşulmalı və hansısa yeni həyəcan və hisslər doğulmalıdır.

İkinci suala aydın şəkildə cavab vermək tələbi, istənilən psixoanalitikdə hökmən müəyyən xoşagəlməz duyğu yaratmalıdır. Bir tərəfdən, birbaşa müşahidələr sahəsini buraxıb səmərəsiz nəzəri mübahisələrə qoşulmaq istəməməkdən doğulan bu duyğuya qapılmaq istəmirsən, ancaq digər tərəfdən də qarşılaşdığın hadisəni, zəruri şəkildə, necəsə izah etməyə cəhd göstərməkdən qaçmaq da olmaz. Şübhəsiz, “Libido-Mən” kimi təsəvvür edilən anlayışın enerjisi, istəyi və başqa bu kimi xüsusiyyətləri özünün aydınlığı və məzmununun zənginliyi ilə seçilmir; bu mənada burada spekulyativ nəzəriyyə qurmağa çalışmaq, hər şeydən öncə, anlayışların dəqiq şəkildə müəyyən edilməsi əsasında baş verə bilər. Ancaq, mənim fikrimcə, spekulyativ nəzəriyyə ilə empirik məlumatların köməyinə əsaslanan şərhlər verilməsi üzərində qurulan elmi nəzəriyyə arasındakı başlıca fərq də məhz bundan ibarətdir. Həmçinin, elmi nəzəriyyə spekulyativ baxışın hamar, məntiqi baxımdan qüsursuz görünən nəticələrinə həvəslə güzəşt edir, bu dumanlı və şərti məlumatlarla razılaşmağa hazır olur, ancaq bütün bunlara öz inkişafı nəticəsində, tədricən aydınlıq gətirəcəyinə və ola bilsin, onları əvəz edə biləcəyinə ümidini də itirmir. Bizim elmi nəzəriyyənin qurulmasının əsasında bu ideyalar dayanmır; elm istisnasız olaraq müşahidələr nəticəsində əldə etdiyi arqumentlərə əsaslanır. Bu ideyalar, elm binasının bünövrəsini təşkil etmir, yalnız onun yuxarı hissəsini, dam örtüyünü formalaşdırır və onu binanın bütünlüyünə heç bir ziyan vermədən sökmək, yenisi ilə əvəz etmək də mümkündür. Biz son vaxtlar buna bənzər hadisəni fizika elmində yaşamalı olduq, burada materiya, güc mərkəzləri, cazibə və sair anlayışlar barədə əsas baxışların psixoanalizdəki buna uyğun vəziyyətlə müqayisədə daha az şübhə doğurduğunu demək çətindir.

“Libido-Mən” ilə “libido-obyekt” anlayışlarının dəyəri ondadır ki, onlar nevrotik və psixotik proseslərin ən kiçik detallarının araşdırılması nəticəsində meydana çıxmışdır. Libidonun “Mən”ə əsaslanan və obyektlə əlaqəli hissəsi birbaşa, seksual istəyi “Mən”in istəyindən ayıran vəziyyətdən qaynaqlanır. Bu hissə sırf köçürmə nevrozlarının (isteriya, sarmaşma halları) analizi ilə müəyyən edilmişdir və mən yalnız onu deyə bilərəm ki, bu fenomenləri izah etmək istəyən bütün digər cəhdlər büsbütün uğursuzluqla nəticələnmişdir.

Ehtiraslarla bağlı məsələdə istiqamət götürməyə imkan verən hər hansı nəzəriyyənin əsla mövcud olmaması şəraitində tamamilə mümkündür və ya daha dəqiq desək, zəruridir ki, hansısa fərziyyənin üzərində dayanıb, onun yanlış olduğunu, yaxud bütünlüklə təsdiqini tapacağını müəyyənləşdirənədək, araşdırmalar davam etdirilsin. Seksual ehtirasların və “Mən”in ehtiraslarının bölgüsü nəticəsində ilkin hissələrə ayrılma barədə fərziyyənin, “köçürmə nevrozlarının” analitik şəkildə öyrənilməsi üçün əlverişli olması ilə yanaşı, çoxlu sayda başqa faydaları da vardır. Bu məqamın başqa bir izahının ola biləcəyi fikri ilə də razılaşıram, misal üçün, bu halda psixi enerjinin identifikasiyasından söz açmaq, onun yalnız obyektə cəzb olunması nəticəsində libidoya çevrilməsini də düşünmək olardı. Ancaq, birincisi, bu anlayışların ayrılması ümumi qəbul edilmiş ilkin ehtirasların aclıq və sevgi şəklində bölünməsinə uyğun gəlir. İkincisi, bioloji mülahizələr də onun xeyrinədir. Fərd həqiqətən də ikili mövcudluq yaşayır – bir tərəfdən, o özünü məqsəd kimi qavrayır, digər tərəfdən, o, uzun bir zəncirin halqası olmaqla, bunun əksinə olsa da, ancaq öz iradəsinə zidd olaraq buna xidmət etməyə məcburdur. O, hətta, seksuallığın da, necəsə, özünün istəklərinə tam uyğun olduğunu qəbul edir, ancaq başqa nöqteyi-nəzərdən, seksuallıq onun ilkin-ibtidai plazmasının əlavə törəməsidir və insan həzz adlanan mükafat naminə bütün gücünü ona verir, demək olar ki, ölümsüz bir substansiyanın ölümlü daşıyıcısı olur; bunu necəsə, miras kimi verilən və sonra özündən sonrakı varislərə ötürülən mülkiyyətlə müqayisə etmək mümkündür. “Mən”in ehtirasları ilə seksual ehtirasların belə bölünməsi fərdin ikili funksiyasının ifadəsidir. Üçüncüsü, bilmək zəruridir ki, öz tərəfimizdən müvəqqəti olaraq yolverilən saydığımız bütün psixoloji halları, nə vaxtsa, onların üzvi bünövrəsi üzərinə köçürmək lazım gələcəkdir. Çox ola bilsin, onda bəlli olacaqdır ki, xüsusi maddə və kimyəvi proseslər seksuallıq şəklində ifadə olunur və onların vasitəsi ilə fərdi həyat nəslin həyatının davamına çevrilir. Biz belə bir imkanla hesablaşır, ancaq xüsusi kimyəvi maddənin yerinə xüsusi kimyəvi qüvvələri qoyuruq.

Məhz buna görə də, mən həmişə, psixologiya sahəsində ona yad olan nə varsa, hamısını, o sıradan bioloji təfəkkürü kənarlaşdırmağa çalışıram və bu halda tam əminliklə etiraf edirəm ki, “Mən”in və seksuallığın ayrıca ehtiraslarının olmasını (yəni libido nəzəriyyəsini) qəbul etmək, əslində psixoloji cəhətdən çox az əsaslandırıla bilir və başlıca olaraq bioloji əsaslara söykənir. Bu səbəbdən də baxılan məsələdə kifayət qədər ardıcıl olmağa çalışacağam və əgər psixoloji araşdırmalar ehtiraslarla əlaqəli başqa fərziyyələrdən istifadə etməyin daha əlverişli olduğunu göstərərsə, indi yararlandığım fərziyyədən imtina edəcəyəm. Ancaq indiyədək belə bir hadisə baş verməyib. Ola bilsin, libidonun seksual enerjisi özünün dərin kökləri ilə, son nəticədə ümumiyyətlə fəaliyyətdə olan psixoloji enerjinin şaxələnməsinin nəticəsi olaraq mövcuddur. Ancaq belə bir iddianın heç bir əhəmiyyəti yoxdur. O, bizim müşahidələrimiz nəticəsində problemin üzərində cəmlənmiş fikirlərdən bütünlüklə ayrılmış məqamlara aiddir və əslində bizim qazanmaq istədiyimiz müsbət nəticəli biliklərə münasibətdə o qədər kiçik faktiki məzmun daşıyır ki, onunla hesablaşmağa və ya mübahisə açmağa dəymir. Enerjinin bu ilkin eyniləşdirilməsinin bizim üçün analitik nöqteyi-nəzərdən maraq doğuran bütün insan irqlərinin ilkin qohumluğu nöqteyi-nəzəri ilə olduqca az ümumi bağlantılarının olması tamamilə mümkündür; bu halı, yuxarıda qeyd etdiyimiz misalda, varislik hüququnun təsdiq edilməsi üçün hakimiyyət tərəfindən hansısa fərdin mərhumla qohumluğunun sübut olunması tələbinə bənzətmək olardı. Bütün bu mühakimələr bu qaydada davam etməklə heç bir konkret nəticəyə gətirib çıxara bilməz; çünki biz gözləyə bilmərik ki, nə vaxtsa, hansısa bir elmi təlim bizə ehtiraslar barədə tamamlanmış və lazımi bir nəzəriyyə gətirəcəkdir; bundansa, psixoloji fenomenlərin sintezi ilə bağlı bu əsas bioloji tapmacanın üzərinə necə işıq salmağa cəhd etməyin məqsədəuyğunluğu üzərində çalışmaq daha düzgün sayılmalıdır. Yanlışların ola biləcəyi halla barışaq və qoy bu bizi “Mən”in ehtirasları ilə seksual ehtirasların bir-birinə əks olduğu barədə yuxarıda səsləndirdiyimiz mülahizə ilə bağlı ardıcıl araşdırmalar aparmaqdan çəkindirməsin, çünki, bu mülahizə bizim köçürmə nevrozlarının araşdırılması nəticəsində gəldiyimiz qaçılmaz nəticələrə əsaslanır; ancaq daha sonra bu məsələdə belə bir hala da baxmağa borcluyuq: bu fərziyyəni daxili ziddiyyətlərə gəlib çıxmadan, məhsuldar şəkildə inkişaf etdirə bilərikmi və onu digər xəstəliklər, misal üçün, şizofreniya ilə bağlı da tətbiq edə biləcəyikmi?

Əgər libido nəzəriyyəsinin şizofreniyaya tətbiqinin uğursuzluqla nəticələndiyi sübut edilsəydi, yəqin ki, işlər tamamilə başqa cür olardı. K.Q.Yunqun bunun əksini iddia etməsi məni yuxarıdakı sözləri deməyə məcbur etdi, yoxsa bunları deməkdən çəkinməyə üstünlük verərdim. Mən Şreberin ortaya qoyduğu hadisənin analizi nəticəsində seçdiyim yolla, səssizcə getməyə üstünlük verər və gəldiyim mühüm nəticələrə toxunmaqdan vaz keçərdim. Ancaq Yunqun bu iddiası, ən azından, tələsik verilmiş qərardır. Onun gətirdiyi sübut olduqca yetərsizdir. Öncə, o mənim şəxsi qənaətimə əsaslanır və iddia edir ki, guya mən Şreberin işi ilə bağlı analizlərimdə qarşılaşdığım çətinliklərə görə, libido anlayışını genişləndirməyə məcbur olmuşam, yəni onun sırf seksual mənasından imtina edərək libidonu, ümumiyyətlə, psixi maraqla eyniləşdirmişəm. Frensis, Yunqun fikirlərinin tənqidində, artıq, mənim sözlərimin yanlış yozumunun aradan qaldırılması üçün zəruri düzəlişləri ifadə etmişdir. Mənə ancaq bu tənqidlə razılaşmaq və təkrar etmək qalır ki, mən libido nəzəriyyəsindən bu şəkildə imtina barədə heç vaxt və heç yerdə nə isə deməmişəm. Yunqun ilk baxışdan əsassız görünən ikinci arqumentində, libidonun real olaraq normal funksiyasını itirməsinin onu öz obyektlərindən ayırdığı iddia olunur və onun bu mühakiməsinin sübut deyil, əsassız hökm olduğu açıq-aydın görünür; it begs the guestion (“sizin cavabınız yoxdur” anlamındadır) vəziyyətinə uyğun gələn bu arqument məsələni öncədən, araşdırma aparmadan “həll edir” və bununla da, onun müzakirəsini lüzumsuzlaşdırır, əslində isə məsələnin mahiyyəti bundan ibarətdir: bunun mümkünlüyünü isbat etmək lazımdır və isbat edilən halda, bu mümkünlüyün hansı şəkildə olduğu aydınlaşdırılmalıdır. Yunq sonradan özünün iri həcmli bir əsərində, məsələnin həlli ilə bağlı mənim artıq çoxdan qeyd etdiyim mülahizəyə yaxınlaşır: “Bununla, hər halda, diqqət yetirmək lazımdır ki, – elə Freyd də Şreberin əsəri ilə bağlı buna əsaslanır, – Libido sexualisın qapalılığı onun “Mən” üzərində cəmlənməsinə aparır, bunun nəticəsində, ola bilsin, reallıq funksiyasının itirilməsi başlayır. Doğrudan da, reallıq funksiyasının bu şəkildə itirilməsi psixologiyasını bu şəkildə izah etmək imkanı çox cəlbedicidir”. Ancaq o bu imkanın üzərində çox dayanmır. Bir neçə səhifə sonra, o bu şəraitdə, Dementia praecox (erkən kəmağıllılıq) deyil, asketik-tərki-dünyalıq psixologiyasının yaranacağını qeyd edərək, bu nöqteyi-nəzərdən imtina edir. Bu cür uyğunsuz müqayisələrlə məsələnin həll edilə bilməyəcəyini belə bir mühakimə təsdiq edir ki, “özündə seksual marağın bütün izlərini yox etməyə çalışan” (ancaq buradakı “seksuallıq” anlayışı özünün populyar mənasındadır) tərki-dünya şəxsdə libidonun patogen əlavələr şəklində heç bir təzahürü də olmamalıdır. O, insana olan seksual marağını bütünlüklə itirə bilər, ancaq eyni zamanda bu marağı sublimasiya etməklə, ilahiliyə, təbiətə, heyvanat aləminə yönələn yüksək marağa çevirə bilər, həmçinin, bu vaxt onun libidosu fantaziyalar sahəsinə qapanıb qalmır və “Mən”ə qayıdıb onun üzərində cəmləşmir. Görünür, belə müqayisə, öncədən erotik mənbələrdən qaynaqlanan maraqların, başqa cür, istənilən digər maraqlardan ayırmaq imkanını mümkün hesab etmir. Daha sonra xatırlamağa dəyər ki, özünün bütün xidmətlərinə baxmayaraq, psixoanalitikanın İsveçrə məktəbi Dementia praesox (erkən kəmağıllıq) xəstəliyinin öyrənilməsində yalnız iki bəndi izah edə bilmişdir: birincisi, bu xəstəlik zamanı rast gəlinən komplekslərin sağlam insanlarda və nevrotiklərdə də rast gəlinməsi, ikincisi isə, belə xəstələrin fantaziyalarının xalq arasında mövcud olan miflərlə uyğunluğudur. Onlar xəstəliyin mexanizminə aydınlıq gətirən başqa heç bir nəticəyə gələ bilməmişlər. Bu səbəbdən də, Yunqun libido nəzəriyyəsinin Dementia praecoxni izah etmək gücündə olmadığı və nəticədə başqa nevrozlara münasibətdə də əhəmiyyətini itirdiyi barədə iddiasını yanlış hesab edirik.

Mənə elə gəlir, narsisizmin birbaşa öyrənilməsi xüsusi maneələrlə qarşılaşmağa gətirib çıxarır. Bu öyrənmənin başlıca vasitəsi, parafreniyanın analizidir. “Köçürmə nevrozları” (Uebertragungsneurosen) bizə istəklərin libido ilə bağlı təzahürlərini izləməyə imkan verdiyi kimi, erkən kəmağıllılığın və paranoyanın öyrənilməsi də, “Mən”in psixologiyasını anlamağa imkan yaradır. Və biz yenə də, belə patoloji hallarla eybəcərləşmiş və şişirdilmiş məqamların əsasında, bunların sağlam şəxslərin həyatında hansı yerə aid olduğu barədə təsəvvürlər qurmalı olacağıq. Ancaq narsisizmlə daha yaxından tanış olmaq bizim üçün digər yollar açır və mən indi onları, ardıcıllıqla təsvir etmək istəyirəm. Bu yollar cismani xəstəliklərdən əziyyət çəkən xəstələrin, şübhəçiliyə qapılan fərdlərin psixologiyasını, həmçinin, hər iki cinsə aid fərdlərin sevgi ilə bağlı duyğularını öyrənməkdən ibarətdir.

Cismani xəstəliklərin libidonun paylanmasına təsirinin qiymətləndirilməsi üçün, Frensi ilə olan söhbətimdən gəldiyim nəticələrə əsaslanıram. Sizə bəlli və ümumiyyətlə isə, aydın olduğu kimi, cismani xəstəliklərdən və bunun doğurduğu xoşagəlməz hisslərdən əzab çəkən insan, xarici aləmin obyektlərinə olan marağını itirir, çünki, bütün bunlar onun əzablarına aid deyildir. Daha dəqiq müşahidə göstərir ki, onun libido ilə bağlı maraqları da itir və əzab çəkdiyi müddətdə heç kimə sevgi istəyi ilə yanaşmır. Bu faktın banallığı, libido nəzəriyyəsinin terminologiyasından istifadə olunmaqla onu təsvir etməkdə bizə mane olmamalıdır. Bu halda biz belə deyərdik: xəstə öz libidosunu şəxsi “Mən”i üzərində cəmləyir, onu bütün başqa obyektlərdən ayırır ki, sonradan sağalanda, yenidən onlara yönəltsin. V.Buş diş ağrısından əzab çəkən şair haqqında deyir: “Ruh, istisnasız olaraq, əng dişinin darısqal çuxurunda məskən salır”. Bu vaxt libido və “Mən”in maraqları eyni taleyi yaşayır və onları yenidən bir- birindən ayırmaq mümkün olmur. Xəstənin məlum eqoizmi, istisnasız olaraq bütün maraqlardan yüksəyə qalxır. Biz buna tamamilə anlayışla yanaşırıq, çünki çox gözəl bilirik ki, bu vəziyyətə düşsəydik, biz də özümüzü eyni ilə belə aparardıq. Cismani xəstəlik ucbatından ən güclü duyğu olan sevginin yoxa çıxması və onun tam laqeydliklə əvəz olunması, yumoristik ədəbiyyatda da öz geniş tətbiqini tapan bir hadisəyə çevrilmişdir.

İstər xəstəlik, istərsə də yuxuya getmə, libidonun narsistcəsinə öz- özünə qayıtması ilə əlaqəlidir, yaxud yuxuya getmə haqqında daha dəqiq danışsaq, bu halda vahid yatmaq istəyi psixologiyaya hakim olur. Yuxugörmələrin eqoizmi barədə də, tamamilə eyni sözləri demək olar. Hər iki halda biz başqa bir şeylə deyil, “Mən-komplekslərin” dəyişilməsi nəticəsində libidonun paylanmasındakı dəyişikliklə üzləşirik.

İpoxondriya da (özündə daima xəstəlik axtarmaq və “tapmaq”; belə insanlara dilimizdə “cancur” deyilir – tərcüməçinin qeydi), üzvi xəstəliklər kimi, əzablı cismani hisslərlə ifadə olunur və libidonun eyni ilə cismani xəstəliklərdə olduğu kimi paylanmasına gətirib çıxarır. İpoxondriya xəstəsində, xarici aləmin obyektlərinə qarşı olan maraq və libido – sonuncu daha aydın şəkildə – yox olur və onların hər ikisi onu məşğul edən orqanın üzərində cəmləşir. Burada yalnız bir fərq vardır: üzvi xəstəliklərdəki əzablı duyğular, obyektiv şəkildə sübut edilə bilən cismani dəyişikliklərin sayəsində baş verir, ipoxondriyada isə belə deyildir. Ancaq nevrozlarda patoloji prosesləri anlamaqla bağlı qəbul etdiyimiz ümumi ruha sadiq qalaraq, biz belə bir fikir söyləyə bilərik ki, ipoxondrik təəssüratlarda da, bəlli həqiqət payının olmaması, yəni bu vaxt bədən üzvlərində hansısa dəyişikliklərin baş verməməsi mümkün deyildir. Belə dəyişikliklər nədən ibarət ola bilər? Bu halda biz digər nevrozlarda müşahidə etdiyimiz və ipoxondrik nevroza bənzər cismani hissləri əsas götürməliyik. Mən artıq bir dəfə ipoxondriyanı nevrasteniya və qorxu nevrozunda olan üçüncü aktual nevroz halı ilə birləşdirməyə meyil etmişəm. Çox güman, digər nevrozlarda da, adətən, ipoxondriyanın bəlli payının olduğu və onların inkişafında rol aldığını demək məsələni şişirtmək olmayacaqdır. Bunu hər şeydən yaxşı qorxu nevrozunda və onun inkişafı gedişində müşahidə etmək mümkündür. Cinsi orqan, həyəcanlanma halında, belə bir ağrı hissi duyan orqanın təmsilçisi olur, burada adi mənada sağlam olan orqan bəlli şəkildə dəyişikliyə uğrayır. Ona qanın böyük axını yönəlmişdir, o şişmişdir, nəmlənmişdir və müxtəlif hisslərin mənbəyidir. Əgər biz hansısa orqanın öz erogenliyi hesabına psixikaya seksual qıcıqlandırıcı təsirlər göndərdiyinə baxsaq və seksuallıq nəzəriyyəsindən çıxan mühakimələrə görə, cinsi orqanın bədənin erogen sahə adlanan başqa bir hissəsi ilə əvəz oluna biləcəyini xatırlasaq, onda bu halda bizə yalnız bircə addım atmaq qalır. Biz gərək erogenliyin bütün bədən üzvlərinin ümumi xüsusiyyəti olduğunu qəbul edək ki, bundan sonra orqanizmin bu və ya digər hissəsində erogenliyin artıb-azalması barədə danışa bilək. Hansısa bir orqanda erogenliyin bu cür dəyişilməsi ilə paralel şəkildə libidonun “Mən”də cəmləşməsini demək üçün də, bu addım atılmalıdır. Bu məqamlarda biz gərək ipoxondriyanın ilkin səbəblərini axtaraq və hesab edək ki, onlar da libidonun paylanmasına eyni ilə üzvi (cismani) xəstəliklər kimi təsir edirlər.

Hiss etmək çətin deyildir ki, bu cür düşüncələrin gedişində biz yalnız ipoxondriya ilə deyil, həmçinin, digər aktual nevrozlarla, nevrasteniya və qorxu nevrozu ilə bağlı problemlərlə də qarşılaşırıq. Yuxarıda deyilənlərlə məhdudlaşmadan və sırf psixoloji hadisələri öyrənərkən, psixologiyanın sərhədlərini adlamadan, fizioloji araşdırmalar sahəsində daha dərinlərə nüfuz etməyə çalışaq. Bu nöqteyi-nəzərə əsaslanaraq yalnız bunu xatırlatmaq kifayətdir ki, ipoxondriyanın parafreniyaya münasibəti necədirsə, digər aktual nevrozların da isteriyaya, sarmaşan nevrozlara münasibətinin eyni ilə belə olduğunu düşünmək üçün hər cür əsasımız vardır, yəni bu nevrozların “Libido-Mən” və “libido-obyekt”lə asılılığı hansı dərəcədədirsə, ipoxondrik qorxu da “Libido-Mən” ilə eyni dərəcədə asılıdır, həmçinin, nevrotik qorxunun “libido-obyekt”lə münasibəti də eyni cürdür. Əgər bu baxışı mənimsədiksə, daha sonra “köçürmə nevrozlarında” xəstələnmə mexanizminin və simptomların formalaşmasının, daha dəqiq desək, qapalılıqdan depresiyayadək olan inkişaf prosesini “libido-obyekt”in toplanması və durğunluğu ilə əlaqələndirmək zəruriyyəti yaranır və biz onda “Libido-Mən”in də eyni qaydada toplanması və durğunluğu fikrini qəbul etməli və onun ipoxondriya və parafreniya kimi fenomenlərlə əlaqəsi olduğu fikri ilə razılaşmalıyıq.

Ancaq biz burada özümüzə başqa bir maraqlı sual verəcəyik: nə üçün “Libido-Mən”in bu cür durğunluğu necəsə, xoşagəlməz duyğular yaradır? Mən bununla bağlı belə bir cavabla kifayətlənərdim ki, qeyri-məmnunluq (Unlust) yüksək gərginliyin ifadəsidir və artan daxili gərginliyin toplanmasını psixi cəhətdən xoşagəlməz, qeyri-məmnun duyğular şəklində qəbul edən maddi prosesin bəlli kəmiyyət dərəcəsini təmsil edir. Ancaq, qeyri-məmnunluq duyğusunun inkişafında həlledici məqam bu maddi prosesin mütləq kəmiyyət ölçüsü deyil, bu mütləq kəmiyyətin bəlli bir funksiyasıdır. Bu nöqteyi-nəzərin üzərində dayanıb, belə bir sualın cavabına çox yaxınlaşmaq olar: narsisizmin sərhədlərini adlamağın və öz libidosunu obyektə yönəldib onun üzərində cəmləşdirməyin psixoloji zərurəti necə doğulur? Mühakimələrimizin ümumi gedişindən doğulan cavab belədir: bu zərurət, “Libido-Mən” bəlli sərhədləri adlayanda yaranır. Güclü eqoizm xəstəlikdən qoruyur, ancaq nəhayət, xəstələnməmək üçün sevməyə başlamaq zərurəti vardır və nə vaxt ki, öz iflasının nəticəsində sevmək imkanını itirirsən, onda xəstələnməkdən başqa yol qalmır. Bu təqribən, H.Heynenin şeirlərindən birində ifadə etdiyi, dünyanın yaradılmasının psixogenezisinin təsvirinə bənzəyir:

Çox güman, xəstəlik, yaradıcılığa can atmağın

Sonuncu səbəbi olmuşdu;

Mən yalnız yaratmaqla sağala bilərdim,

Yaradaraq da sağaldım.

Malik olduğumuz psixoloji aparatın bizim üçün, ilk növbədə, bir silah olduğu bəllidir: biz onun köməyi ilə adətən özümüzə əzab verən və patoloji təsir göstərməklə təhdid edən həyəcanların ziyanını aradan qaldırırıq. Bu həyəcanların emal olunması müstəsna gərginlik yaratmağa gəlib çıxır ki, bu vasitə ilə, özünə birbaşa, xaricə çıxış imkanı tapmaq qabiliyyətində olmayan həyəcanlar, yaxud, bu anda belə çıxışlarının arzuedilməz olduğu həyəcanlar, daxili psixoloji məcralara yönəldilir. Ancaq belə daxili emal üçün, öncə, bunun real, yoxsa xəyali obyektlər üzərində gerçəkləşdirilməsinin fərqi olmur. Fərq yalnız onda üzə çıxır ki, libidonun qeyri-real obyektlərə keçidi onda durğunluq yaranmasına gətirib çıxarır. Obyektlərdən “Mən”ə qayıdan libidonun daxili emalı parafreniya halında, özünün böyüklüyü haqqında xülyaların yaranıb inkişaf etməsini mümkün edir; çox ehtimal ki, özünün böyüklüyü barədə bu sayıqlama-xülyalar, real həyatda iflasa gətirib çıxarandan sonra, libidonun “Mən” üzərində cəmlənməsi patogen vəziyyət yaradır və bizim sonrakı inkişafını xəstəlik forması kimi müşahidə etməyə başladığımız prosesin başlanmasına səbəb olur.

İndi isə mən parafreniyanın mexanizminin dərinliklərinə varmağa cəhd edəcəyəm və artıq diqqət yetirməyə layiq hesab etdiyim bir sıra nöqteyi- nəzərləri ifadə etməyə çalışacağam. Narsisistik xəstəliklərlə (parafreniya, paranoya kimi) köçürmə nevrozları arasındakı fərqi onda görürəm ki, baxılan şəxsin həyati mübarizədə iflasa uğraması ucbatından azad olmuş libido, fantaziya obyektləri üzərində dayanıb qalmır,2 onun “Mən”inə qayıdır; özünün böyüklüyü barədəki xülyalar bu halda, libidonun kütləsinin psixoloji baxımdan dəf edilməsinə uyğun gəlir, başqa sözlə, “köçürmə nevrozlarında” özünə qapanma hadisəsi baş verir; bu psixi fəaliyyətin (xülyaların) iflası parafreniyada ipoxondriyanın inkişafına, “köçürmə nevrozlarında” isə eynicinsli qorxuların meydana gəlməsinə təkan verir. Bizə bəllidir ki, bu qorxu sonradan psixi emalın çevrilmiş məhsulları olan “reaktiv formalar” (özünüqoruma reaksiyaları) və müdafiə tədbirlərini təşkil edən (fobiya) məhsullarla əvəzlənə bilər. Parafreniyada, bütün bu proseslərlə yanaşı özünümüalicəyə cəhd də özünü göstərir ki, bu da, bu vaxt müşahidə etdiyimiz bütün xəstəliklərin səbəbi olur. Parafreniyanın, çox vaxt, – əslində bu olduqca çoxlu hallarda baş verir – libidonun obyektdən qismən kənarlaşmasına gətirdiyini nəzərə alsaq, onda bu mənzərədə üç qrup hadisəni fərqləndirmək mümkündür: 1) normallığın saxlanılması və ya nevrozla əlaqəli olan hadisələr (qalıq hadisələr); 2) ağrıverici proseslərlə bağlı hadisələr (libidonun obyektdən kənarlaşması, həmçinin, “özünün böyüklüyü ilə bağlı xülyalar”, ipoxondriya, affektiv pozuntular, bütün reqressiyalar buraya daxildir); 3) özünümüalicə hadisəsi, bu, libidonu isteriya formasında (Dementia praecox, paraphrenia), yaxud sarmaşan nevroz şəklində (paranoia) obyektə qaytarılmasında ifadə olunur. Libidonun cəzb olunmağa bu qayıdışı psixikanın digər səviyyəsindən qaynaqlanır və ilkin cazibənin yarandığı şəraitdən tamamilə fərqli halda baş verir. Bu cür ikinci qayıdış zamanı libidonun “köçürmə nevrozlarına” bağlanması ilə, normal “Mən”ə uyğun gələn mənzərə arasındakı fərqin aydınlaşdırılması, bizim malik olduğumuz psixoloji aparatın quruluşunu ən dərin qatlarına kimi öyrənməyimizə gətirib çıxarmalıdır.

Narsisizmin öyrənilməsində üçüncü yanaşma, insanların sevgi ilə bağlı həyatı və onun qadın və kişilər arasındakı müxtəlif şaxələnmələrini araşdırmaqdan ibarətdir. Belə ki, “Libido-Mən”i biz ilk dəfə “libido- obyekt”in cazibəsi altında görmüşdük və öncədən, körpənin (və ya yeniyetmənin) seksual obyekt seçiminin, “Mən”in istəkləri ilə bağlı olan tələblərin məmnunluq səviyyəsində təmin edilməsi ilə bağlı hisslərdən qaynaqlandığını anlamışdıq.

İlkin autoerotik seksual məmnunluq, yaşamaq üçün vacib özünüqoruma funksiyasına xidmət edən hadisələrlə əlaqəli olaraq yaşanır. Seksual ehtiras öncə, “Mən”in məmnunluq duyduğu istəklərlə birləşir və yalnız bundan sonra, ondan ayrılaraq müstəqillik qazanır; bu birləşmə özünü onda göstərir ki, körpəni yedizdirən, qulluq edən və qoruyan şəxslər onun ilkin seksual obyektlərinə çevrilirlər: bu ana da, onu əvəz edən digər şəxs də, ola bilər.

Obyekt seçiminin, dayaq axtarmaqda olan tip (Anlehnungstypus) adlandırıla bilən bu növü və mənbəyi ilə yanaşı, analitik araşdırmalar bizi görüşə biləcəyimizi heç cür gözləmədiyimiz daha bir növlə tanış edir. Bu halda, – bu hal libidosunun inkişafı bəzi pozuntulara uğramış şəxslərdə, misal üçün, sapıq və homoseksuallarda xüsusilə aydın görünür, – bir sıra şəxslərin daha sonrakı sevgi obyekti seçimində analarının deyil, özlərinin prototipinə əsaslandığının şahidi olduq. Onların sevgi obyekti seçimində özlərini axtardığı aydındır və bununla özlərini elə bir obyekt kimi təqdim edirlər ki, onu narsistik tipli obyekt adlandırmalı oluruq. Məhz bu müşahidə bizim, narsisizmin libidonun inkişafında müəyyən mərhələ olduğu fikrinə gəlməyimizdə həlledici motiv oldu.

Biz bütün adamların kəskin şəkildə fərqlənən, dayaq axtarmaqda olan və narsistik tipli iki qrupa bölündüyü fikrində deyilik, yalnız belə bir halın mümkünlüyünü qəbul edirik ki, bu iki seçimlə bağlı olan yolların hər biri bütün insanlar üçün açıqdır və onlar bu yollardan birinə və ya digərinə üstünlük verə bilər.

Biz deyirik ki, insan ilkin olaraq iki seksual obyektə malik olur, bunlardan biri onun özü, ikincisi onu tərbiyə edən qadındır və bu vaxt, hər bir insanda ilkin narsisizmin, həmçinin, onun əsasında obyekt seçiminin ola biləcəyini mümkün hesab edirik.

Kişi və qadınların müqayisəsi göstərir ki, obyekt tipinin seçilməsində əsas, ancaq mütləq şəkildə qanunauyğun olmayan fərqlər müşahidə olunur. Dayaq tipli obyektə dərin sevgi bəsləmək mahiyyətcə kişilər üçün xarakterikdir. Onda elə bir sarsıdıcı seksual yenidən dəyərləndirmə halı təzahür edir ki, çox güman, bunun səbəbi körpənin ilkin narsisizmi ilə bağlıdır və bununla o, bu narsisizmin seksual obyektin üzərinə köçürməsini ifadə edir. Belə bir seksual yenidən qiymətləndirmə sevginin özünəməxsus bir formada təzahür etməsini mümkün edir və bu forma nevrotik sarmaşmanı xatırladır. Bu isə libidonun obyektin xeyrinə olaraq “Mən”dən alınması ilə izah edilir. Əks halda, daha çox rast gəlinən, daha sırf və həqiqi qadın tipinin inkişafı baş verir. Yeniyetməlik çağındakı inkişaf və bu vaxta qədər latent halında olan qadın cinsi orqanlarının formalaşması ilə, bu halda, ilkin narsisizmin güclənməsi başlayır, bu isə, obyektə sevginin həqiqi, seksual yenidən dəyərləndirmə ilə əlaqəli inkişafına mənfi təsir göstərir. Xüsusilə, inkişafın zahiri gözəlliklə müşayiət olunduğu, qadının özünün obyekt seçimində cəmiyyət tərəfindən alçaldılmasına qarşı mükafat kimi aldığı məmnunluğu şəraitində bu, daha çox nəzərə çarpır.

Ciddi desək, belə qadınlar öz-özlərini, kişilərin onları sevə biləcəyi bir intensivliklə sevir. Onların sevmək tələbatı yoxdur, yalnız sevimli olmaq istəyi vardır və onlar bu başlıca şərtə cavab verən kişini məmnuniyyətlə qəbul etməyə hazırdır. Bu qadın tipinin adamların sevgi həyatında əhəmiyyətinin çox böyük olduğunu etiraf etmək lazımdır. Adətən, çox gözəl olan belə qadınlar kişiləri yalnız estetik motivlərlə özlərinə cəlb etmir, bu işdə həmçinin, təsadüfi psixoloji məqamlardan da geniş istifadə edirlər. Məhz hiss etmək çətin deyildir ki, hansısa şəxsin narsisizmi, görünür, öz narsisizmindən tamamilə imtina etmiş və digər obyekti sevməyə yönəlmiş şəxsləri özünə çox güclü şəkildə cəlb edir; körpənin cazibədarlığı əhəmiyyətli dərəcədə onun narsisizmi, özündənrazılığı və məqamca əlçatmazlığı ilə əlaqədardır. Bunu necəsə, bəzi heyvanlarda özünü göstərən bənzər cazibədarlıqla müqayisə etmək olar, onlar elə bir təəssürat yaradır ki, sanki, ətrafda olanların hamısına laqeyddir, misal olaraq pişikləri və böyük yırtıcı heyvanları göstərmək olar; hətta, poeziyanın təqdimatında təsvir edilən böyük cinayətkarlar və yumoristlər də, bizi bu səbəbdən cəlb edir, çünki onlar öz “Mən”indən onu kiçildən şeyləri kənarlaşdırmağı bacarırlar. Sanki biz onlara ona görə həsəd aparırıq ki, bu şəxslər, bizim artıq çoxdan imtina etdiyimiz bir cəhəti, libidonun mövqeyinin toxunulmazlığından qaynaqlanan xoşbəxt psixoloji ovqatlarını qoruyub saxlaya bilmişlər. Ancaq narsisistik qadının güclü cazibədarlığı medalın əks üzündən də məhrum deyildir: ona xeyirxah sevgi ilə yanaşan kişinin hisslərinin cavabsız qoyulması, ümumiyyətlə, kişilərin qadına olan sevgisinə şübhə ilə yanaşılması, öz mövcudluğunun mübhəmliyindən şikayət kimi hallar buradakı obyekt seçimi tiplərinin uyğunsuzluğu ilə əlaqəlidir. Ola bilsin, qadınların sevgisinin təsviri zamanı mənim onları alçaldan istənilən tendensiyadan tamamilə uzaq olduğumu qeyd etmək, burada heç də lüzumsuz olmazdı. Əslində, necəliyindən asılı olmayaraq, bütün tendensiyalar mənə yaddır, həmçinin, mənə bu da bəllidir ki, funksiyanın şaxələnməsinin müxtəlif istiqamətlərdəki inkişafı çox mürəkkəb bioloji münasibətlərə uyğundur; daha sonra mən belə bir baxışı qəbul etməyə hazıram ki, kişi tipli sevgiyə malik olan çoxlu sayda qadınlar da vardır və onlarda bu tipə xas olan seksual dəyərləndirmə elə bu istiqamətdə inkişaf edir.

Ancaq narsisistik təbiətli, kişilərə qarşı soyuq olan qadınlar üçün də onları seksual obyektə aparan həqiqi sevginin yolu açıq olaraq qalır. Onlar doğduqları körpədə kənar obyekt olaraq, öz bədənlərinin bir hissəsini tapırlar və narsisistik duyğularından təsirlənərək öz sevgilərini bütünlüklə bu obyektə bağışlayırlar. Bu tipli digər qadınlara, öz inkişafında narsisizmdən sevgi obyektinə doğru addım atmaq üçün, hətta, körpəsinin dünyaya gəlməsini gözləməyə ehtiyac yoxdur. Cinsi yetkinliyin formalaşmasına qədər onlar özlərini necəsə oğlan uşağı kimi hiss edirdilər, ancaq onların inkişafının bir sıra dövrləri kişi xarakterindən fərqlənirdi; qadınlıq yetkinliyinə çatandan sonra bu cür təzahürlər yox olur və onlarda bəlli kişi idealına ehtiras bəsləmək qabiliyyəti qalır, bu isə onların vaxtilə malik olduğu “oğlanlıq” mövcudluğunun davamıdır.

Bu qeydlərimizin sonunda obyekt seçimi yollarının qısa icmalını verək.

1. Narsisistik tipli sevgi ilə sevirsənsə: a) seçilən obyekti özün təmsil edirsən; b) özünün əvvəlki mövcudluğuna uyğunluq arayırsan; c) olmaq istədiyin kimi bir obyekt seçməyə can atırsan; ç) özünün bir hissəsi olan şəxsə vurulursan.

Dayaq axtaran tiplərin sevgisində seçilən obyekt: a) əmizdirən qadın ola bilər; b) himayəsində olduğun və müdafiəsinə sığındığın kişi ola bilər və bu iki tipə uyğun gələn digər şəxslər obyekt seçiminin predmeti ola bilər.

Birinci tiplə bağlı hadisə, yalnız sonrakı açıqlamaların köməyilə tamamilə aydınlaşdırıla və doğruldula bilər. Həmçinin, kişi homoseksuallığında narsisistik obyektin əhəmiyyəti də digər suallarla əlaqəli şəkildə müəyyən oluna bilər.

Bizim libido nəzəriyyəsinin hipotezlərindən birini təşkil edən körpənin ilkin narsisizmini birbaşa müşahidələrə əsaslanmadan da, digər nöqteyi- nəzər əsasında asanlıqla təsdiq etmək olar. Əgər nəvazişkar valideynlərin öz uşaqlarına göstərdiyi yaxşı münasibətə diqqət yetirsək, bu vaxt onlarda çoxdan ayrıldıqları narsisizmin oyandığını və dirildiyini görməmək mümkün deyildir.

Bəlli olduğu kimi, duyğularla bağlı sahədə, bizim artıq narsisistik əlamətini bütünlüklə aydınlaşdıra bildiyimiz obyektin yenidən dəyərləndirməsi meyli hakimdir. Misal üçün, burada, körpənin adına bütün mükəmməlliklərin yazılması kimi bir tələbat bundan soraq verir. Əslində isə, daha açıq gözlə baxılsa, bunları vurğulamaq üçün heç bir əsas yoxdur və bununla yanaşı olaraq körpənin bütün nöqsanlarını ört-basdır etmək də bu qəbildəndir (uşaq seksuallığının inkarı da buna daxildir). Bundan başqa, mədəniyyətin, valideynlərin məxsusi narsisizmi hesab edilən məsələlərdə qoyduğu maneələrin körpənin yolundan yığışdırılması cəhdləri hiss olunur və eyni zamanda, körpəyə valideynlərin çoxdan əl çəkməyə məcbur olduğu bütün üstünlüklərin verilməsi tələbi ilə çıxış edilir. Qoy uşaq üçün valideynlərindən daha yaxşı olsun, o, valideynlərin, hakimiyyətinə boyun əydikləri taleyin bütün ağır tələblərindən azad ola bilsin. Uşaq xəstələnməməli, ölməməlidir, o heç bir halda şəxsi istəklərini məhdudlaşdırmamalı, istədiyi həzləri almalıdır; təbiətin və cəmiyyətin qanunları onun üzərində hakimiyyətini itirir, o gərək hökmən dünyanın mərkəzində, nüvəsində, ən mühüm mövqedə qərarlaşsın. Vaxtilə valideynlər özlərini kim hesab edirdisə, His Majesty the Baby (Əlahəzrət körpə) elə onun özüdür. O gərək hökmən valideynlərin yerinə yetməyən arzularına çatsın, atasının əvəzində böyük adam, qəhrəman ola bilsin, qızlar isə nəhayət, gec də olsa, analarını mükafatlandıra bilmək üçün şahzadəyə ərə getsin. Narsisistik sistemin ən həssas məqamı olan, “Mən”in ölümsüzlüyünün amansız reallıqla sarsıdılması, sanki, körpənin şəxsində aradan qalxır, özünə yeni zəmin və inam qazanır.

Çox kövrək və mahiyyətcə infantil olan bu valideyn sevgisi, yalnız onların məxsusi narsisizminin dirçəlməsini təmsil edir, bu narsisizm isə obyektə olan sevgiyə çevriləndə öz əvvəlki mahiyyətini hər vəchlə gizlətməyə çalışır.

Körpənin ilkin narsisizminin hansı pozulmalarla zədələndiyi, onun bu pozulmaları hansı reaksiyalarla müşayiət etdiyi və bu halda onun hansı yolla getməli olduğu barədə sualı bir kənara qoymaq istəyirəm – bu vacib elmi sual indilikdə araşdırılmasını gözləməkdədir. Onun ən vacib hissəsini axtalanma kompleksinin (oğlanlarda penisi itirmək qorxusunun, qızlarda penisi olanlara həsəd aparılmasının timsalında) örnəyində ayırmaq mümkündür və bunun seksual problemlərlə bağlı erkən yaşlarda baş verən qorxudulma ilə əlaqəsinə baxmaq olar. Adətən, bizə “Mən”in istəklərindən təcrid olunmuş libidonun istəklərinin taleyini izləmək imkanı yaradan psixoanalitik araşdırmalar, bunu onların bir-biri ilə ziddiyyətdə olduğu məqamlarda aşkarlayır və bununla da, bizə imkan verir ki, başqa tipli istəklərin birlikdə fəaliyyət göstərdiyi və narsisistik maraqlar şəklində, ayrılmaz olaraq, bu istəklərə qarışdığı dövrü və psixoloji vəziyyəti müəyyənləşdirə bilək. Bu qarşılıqlı münasibətlərdən Adler özünün “kişi protestini” hazırlamaq üçün yararlanır və o, burada xarakterin və nevrozun formalaşmasında yeganə yaradıcı qüvvə olaraq narsisizmi, yəni libidoz istəkləri deyil, sosial qiymətləndirməni görür. Psixoanalitik araşdırmalara ilk başladığım günlərdən etibarən “kişi protestinin” mövcudluğunu və əhəmiyyətini etiraf etmişəm, ancaq Adlerdən fərqli olaraq mən onun narsisistik təbiəti və “axtalanma kompleksindən” qaynaqlanması üzərində israr etmişəm. O, genezisdə digər faktorlarla yanaşı iştirak edərək, yalnız xarakterin cəhətlərinin müəyyənləşməsində iştirak edir və nevrozun problemlərini izah etmək baxımından tamamilə yararsızdır, Adler isə yalnız onların “Mən”in maraqlarına nə qədər xidmət etdiyini müəyyənləşdirməyə çalışır. Məncə, nevrozun müalicəsinə müqavimət göstərən digər amillərin arasından kişilərə xas olan axtalanmaq kompleksinin dar bazası üzərində nevrozun genezisini qurmaq qətiyyən mümkün deyildir. Nəhayət, mənə nevrozların elə halları bəllidir ki, “kişi protesti” və ya axtalanmaq kompleksi, onlarda ümumiyyətlə patoloji rol oynamır və ya əsla rast gəlinmir.

Yaşlı normal insan üzərində aparılan müşahidələr göstərir ki, onun uşaqlığına xas “böyüklük iddiası ilə bağlı xülyaları” zəifləmiş, infantil narsisizmi ilə əlaqələndirdiyimiz psixi əlamətləri düzəlmişdir. Onun “Libido-Mən”i (Ich-libido) ilə nə baş vermişdir? Biz onun bütünlüklə obyektin cazibəsinə qapıldığınımı düşünməliyik? Belə bir imkan, aydındır ki, bizim izahlarımızın bütün xarakteri ilə ziddiyyət yaradır; ancaq sıxışdırılma psixologiyası bu sualın digər mümkün cavabını göstərir.

Biz artıq bilirik ki, libidonun istəkləri, fərdin mədəni və etik təsəvvürləri ilə konflikt yaratdığı hallar üçün patogen sıxışdırmanın təsirinə tabe olmuşdur. Bu deyilən şərtdən belə anlaşılmamalıdır ki, baxılan şəxsin təsəvvürləri yalnız intellektual dəyərə malikdir və o, həmişə bu təsəvvürlərin aparıcı-rəhbər rolunu tanımaqla, həyatda onların tələblərinə tabe olur. Demişdik ki, sıxışdırılma “Mən”dən qaynaqlanır – daha dəqiq desək, onun mənbəyi “Mən”in özünə hörmətidir. Bir insanın öz təfəkküründə yol verdiyi, ən azından şüurlu şəkildə qəbul etdiyi təəssüratlar, hisslər, impulslar, arzular başqa bir şəxs tərəfindən inkar olunur, anlaşılmazlıq kimi qarşılanır və ya onları şüuruna yol tapmaq istədikləri məqamda sıxışdırıb ondan çıxarır. Ancaq bu iki şərtlər daxilində özünü büruzə verən sıxışdırmaları asanlıqla elə formullaşdırmaq olar ki, libido nəzəriyyəsinin bu sualla bağlı tətbiqinə imkan yaransın. Biz belə deyə bilərik: bir nəfər özünün gerçək “Mən”ini müqayisə etmək üçün ideal yaratmışdır, ancaq bir başqa şəxsdə, ümumiyyətlə, belə ideal yoxdur. Beləliklə də, idealın yaranması “Mən” tərəfindən sıxışdırılmanın baş verdiyi şəraitdə gerçəkləşir.

“Mən”in bu idealına uşaqlıqda həqiqi “Mən”ə verilən sevgi nəsib olmuşdur. Burada narsisizm bu ideal “Mən”in üzərinə köçürülür və infantilliyə xas olan bütün mükəmməlliklərə malik olur. İnsan bu halda libido sahəsindəki bütün hallarda olduğu kimi, nə vaxtsa yaşadığı məmnunluqdan imtina edə bilməyəcək bir vəziyyətə düşmüşdür. O, öz uşaqlığına xas olan narsisistik mükəmməlliyə qovuşmaq istəmir və onda zamanla, həmçinin yaşının artması ilə, onu öz qarşısında ideal kimi qoyur, bu isə onun öz-özünün ideal olduğu uşaqlıq çağındakı itirilmiş narsisizmin yerini tutur.

Bu halda bu formalaşmış idealla sublimasiya arasındakı qarşılıqlı əlaqə öz-özlüyündə araşdırma mövzusuna çevrilmiş olur. Burada sublimasiya – libidonun obyekti ilə əlaqədar baş verir və onun nəticəsi olaraq, seksual istək seksual məmnunluqdan uzaq, digər bir məqsədin üzərinə köçür; bu sublimasiyanın mahiyyəti seksuallıqdan ayrılmaqdan ibarət olur. İdeallaşdırma – obyektdə gedən elə bir prosesdir ki, onun sayəsində bu obyekt, öz mahiyyətini dəyişməyərək, psixi baxımdan daha əhəmiyyətli olur və daha yüksək dəyər qazanır. İdeallaşdırma eyni dərəcədə “Libido-

Mən” və “libido-obyekt”ə aid sahələrdə mümkündür. Misal üçün, obyektin cinsi yenidən dəyərləndirməsi onun ideallaşdırılmasıdır. Ona görə də, sublimasiya istəklə, ideallaşdırma isə obyektlə bağlı baş verən hansısa hadisəni təsvir etdiyindən, onları fərqli terminlər hesab etmək lazım gəlir. Ancaq əgər nöqteyi-nəzəri dəyişsək, onda ideallaşdırmanı sözün geniş mənasında sublimasiya kimi də təsvir etmək olar.

Düzgün anlaşılmadığından, çox vaxt, “ideal-Mən”in formalaşmasını istəyin sublimasiyası ilə qarışdırırlar. Kimsə, yüksək “ideal-Mən”in naminə öz narsisizmindən imtina etmişsə, bundan sonra onun öz libidosunun istəklərini uğurla sublimasiyasına ehtiyac qalmır. Baxmayaraq, “ideal-Mən” belə bir sublimasiyanı tələb edir, ancaq buna məcbur edə bilmir; sublimasiya xüsusi proses olaraq qalır və onun inkişafı bu prosesin səbəbindən asılı olmur. Məhz nevrotiklərdə “ideal-Mən”in inkişaf dərəcəsi və primitiv libido istəklərinin sublimasiyası arasındakı çox kəskin fərqləri tapmaq mümkündür, həmçinin, idealisti buna inandırmaq ümumiyyətlə daha çətindir ki, onun libidosu insanın sadə, təvazökar tələbləri ilə müqayisədə özünə məqsədyönlü tətbiq sahəsi tapır. Eləcə də, idealın formalaşması ilə sublimasiyalaşmanın nevrozun şərtləndirdiyi hala münasibəti də tamamilə fərqlidir. Öyrəndiyimiz kimi, idealın formalaşması “Mən”in tələbini artırır və sıxışdırılma üçün ən əlverişli məqam olur; sublimasiya isə elə bir çıxış yolu göstərməyə çalışır ki, bu tələb heç bir sıxışdırılma olmadan yerinə yetirilə bilsin.

Əgər biz vəzifəsi “Mən”in idealı əsasında, narsisistik məmnunluğu təmin edən və bu məqsədlə arası kəsilmədən, həqiqi “Mən”i müşahidə edib onun idealla uyğunluğuna nəzarət edən psixi hakimiyyət qurumu tapa bilsəydik, bu heç də təəccüblü görünməzdi. Əgər belə bir psixi hakimiyyət qurumu mövcuddursa, onda aydındır ki, bizim onu kəşf etməyimiz istisna olunur; biz yalnız onu olduğu kimi tanıya bilərik və belə bir psixoloji hakimiyyət qurumunun necəsə, bizim öz vicdanımız adlandırdığımız məfhumun bütün əlamətlərini özündə daşıdığını etiraf etməliyik. Belə bir qurumun olduğunu etiraf etmək bizə, münasibətlərdəki xəyali cəhətlər (Beachtunge-Beobach-tungswahn) adlanan, paranoid xəstəliklərinin simptomlarında çox aydın şəkildə təzahür edən, ancaq yalnız təcrid edilmiş xəstəliklər kimi, yaxud köçürmə nevrozunun (Uebertragungsneurosen) mənzərəsinə qoşma kimi rast gəlinən hadisəni anlamağa imkan verərdi. Bu halda xəstələr şikayətlənirlər ki, özlərinin bütün fikirləri hamıya aydın olur, onların fəaliyyətini müşahidə edib izləyirlər, bu qurumun daimi diqqəti barədə adətən onlara üçüncü şəxs kimi müraciət edən bir səs – bu, xüsusilə xarakterik haldır – xəbər verir (misal üçün belə: “bax, indi o qadın bu haqda fikirləşir, bu dəqiqə o kişi çıxıb gedir”). Bu şikayət doğrudur və şeylərin həqiqi vəziyyətini əks etdirir. Düşüncə və niyyətlərimizə nəzarət edən, onları öyrənən və tənqid edən belə bir qüvvə bizim hamımızda, hətta, normal vəziyyətimizdə də mövcuddur. Xəstəlik halında xəyali müşahidə onu ilkin reqressiv formasında təsvir edir, ancaq bu vaxt onun mənşəyini və bünövrəsini gizlədir ki, bu da xəstənin narahatçılığına və buna qarşı qiyam qaldırmasına səbəb olur.

Keşikçisi vicdan təyin edilmiş “Mən” idealının formalaşma motivi, eşitmə hallüsinasiyasına çevrilmiş valideyn tənqidinin təsiri ilə yaranır, sonradan bu təsirin yaranmasında tərbiyəçi və müəllimlərin, daha sonra isə bu məsələyə müdaxilə imkanı olan, ictimai mühiti təşkil edən çoxlu sayda digər şəxslərin də böyük rolu olur.

Beləliklə də, “Mən”in narsisistik idealının formalaşmasında homoseksual libidonun iştirakı üstünlük təşkil edir və o, bu idealın qorunub saxlanması üçün onun tətbiqi və bundan məmnunluq duyulması vasitələrini tapır. Vicdan adlanan təsisat, öncə, mahiyyət etibarı ilə valideyn tənqidlərinin təcəssümü idi, daha sonra buraya cəmiyyətin tənqidləri də qoşulur – bu proses o hallarda təkrarlanır ki, öncə xarici qadağaların və ya maneələrin göstərdiyi təsir nəticəsində sıxışdırılmaya meyillilik inkişaf edir. Xəstəlik nəticəsində, eşidilən səslər şəklində eşitmə hallüsinasiyaları meydana çıxır, qeyri-müəyyən sayda insanların səsi ilə və çox ağrılı bir formada, vicdanın inkişafı reqressiv məcraya yönəlir. Bu senzura qurumuna qarşı narazılıq ona görə başlayır ki, xəstənin şəxsiyyəti, xəstəliyin əsas xarakterinə uyğun olaraq, bütün bu təsirlərdən, o sıradan valideynlərin də təsirindən azad olmağa çalışır və bu vaxt onların diqqətini homoseksual libidodan yayındırır. Reqressiv təsvirləri hallüsinasiyalar şəklində təqdim edən vicdan, bu halda, xaricdən gələn düşməncəsinə bir forma alıb şəxsiyyətə qarşı yönəlir.

Həmçinin, paranoid xəstələrinin şikayətləri göstərir ki, vicdanın özünütənqidi mahiyyətcə özünümüşahidəyə əsaslanır. Üzərinə vicdan funksiyası götürən psixi qurum, burada, fəlsəfəyə öz düşüncə fəaliyyətini gerçəkləşdirmək üçün material verən daxili özünüaraşdırma məqsədinə xidmət etməyə başlayır. Görünür, bu, paranoyanı fərqləndirən, spekulyativ sistemlər qurmağa meyilliliyin inkişafı üçün mühüm əhəmiyyət kəsb etməlidir.3

Bizim üçün bu tənqidçi və müşahidəçinin digər sahələrdəki fəaliyyətinin əlamətlərini aşkara çıxarmaq da vacib məsələdir, çünki məhz bu fəaliyyətin güclənməsi vicdanın inkişafı və fəlsəfi dərketməyə aparır. Bu əlamətlərə münasibətdə mən Q.Silbererin “funksional fenomen” adı ilə təsvir edib, yuxugörmələrin öyrənilməsinə əlavə etdiyi və dəyərli olduğu şübhə doğurmayan konsepsiyasına əsaslanıram. Bəlli olduğu kimi, Silberer göstərirdi ki, yuxu ilə ayıqlıq arasındakı vəziyyətdə düşüncələrin tamaşa edilən mənzərələrə çevrildiyini müşahidə etmək mümkündür, ancaq bu şəraitdə, çox vaxt, şəkillər düşüncələrin məzmununu deyil, yuxu ilə mübarizə aparan şəxsin vəziyyətini (yorğunluğa meyillənməyi və sairəni) təsvir edir. O həmçinin göstərir ki, yuxugörmələrin bir çox sonluqları və parçaları yuxuya dalan şəxsin özünün yuxuda olduğunu və ya ayılmaqda olduğunu dərk etməsini bildirir. Beləliklə də, o isbat edir ki, paranoya sayıqlamalarında yaranan müşahidəyə bənzər özünümüşahidə, yuxugörmənin formalaşmasında iştirak edir. Ancaq bu iştirak daimi deyildir. Ola bilsin, məhz buna görə, yəni mənim şəxsi yuxularımda çox az rol oynadığı üçün, yuxugörmələrlə bağlı araşdırmalarımda onu gözdən qaçırmışam; fəlsəfi istedadı olan, özünütəhlilə öyrəşən şəxslər üçün onun çox aydın olması mümkündür.

Bizim bundan öncəki araşdırmalarımızda, artıq, yuxugörmənin senzura altında formalaşdığını və bu səbəbdən də təhrif olunduğunu aydınlaşdırdığımızı xatırlayaq. Bu senzura adı altında biz öz üzərimizdə xüsusi bir qüvvənin olduğunu təsəvvür etmirik, bu sözdən baxılan halda “Mən”in üzərində ağalıq edən yuxugörmə düşüncəsinin sıxışdırılmasına yönəlmiş tendensiyanı bildirmək üçün istifadə edirik və biz “Mən”in quruluşunun təfərrüatlarını daha dərindən öyrənməyə çalışsaq, onda ideal “Mən”də və vicdanın dinamik təzahürlərində də yuxugörmənin senzoruna bənzər bir qurum olduğunu aşkar edə bilərik. Əgər bu senzor yuxu müddətində azacıq da olsa, psixi prosesləri müşahidə edirsə, onda onun fəaliyyətinin nə ilə şərtləndiyini anlamaq mümkündür, yəni bunu özünümüşahidə və özünütənqidin yuxugörmələrdə belə bir şəkildə təzahürü saymaq olar: “o indi bərk yatmaq istəyir ki, düşünə bilsin”, “o indi oyanmağa başlayır”.4

Bu nöqteyi-nəzərdən, biz normal və nevroza yoluxmuş insanın əhvali- ruhiyyəsinin necəliyini öyrənməyə cəhd etməliyik.

Əhvali-ruhiyyə (Selbstgefühl), hər şeydən öncə, necə və nədən təşkil olunmasından asılı olmayaraq, “Mən”in (Ichgrôsse) kəmiyyət ölçüsü ilə ifadəsidir. Malik olduğun, əldə etdiyin nə varsa, varlığı təcrübə ilə sübut edilmiş öz böyüklüyünə inam kimi primitiv duyğunun qalıqları əhval- ruhiyyənin yüksəlməsinə xidmət edir.

“Mən”in seksual istəkləri arasındakı göstərdiyimiz fərqi nəzərə alsaq, əhvali-ruhiyyənin narsisistik libidodan çox güclü asılılığı olduğunu etiraf etməli oluruq. Bu vaxt biz iki əsas fakta əsaslanırıq: parafreniyalarda əhvali-ruhiyyə yüksəkdir, köçürmə nevrozlarında o aşağıdır və sevgi aləmində sevilməyən insanın əhvali-ruhiyyəsi aşağı düşür, sevilənin əhvali- ruhiyyəsi isə yüksəlir. Bu onu göstərir ki, sevimli olmaq məqsədə çevrilir və narsisistik obyekt seçimində məmnunluq yaratmağa xidmət edir.

Daha sonra, asanlıqla müşahidə etmək olar ki, obyektə cəzb olunmuş libido əhvali-ruhiyyəni yüksəltmir. Sevimli obyektdən asılılıq əhvali- ruhiyyəni aşağı salır: kim sevirsə, o, məyusluğa düşür. Sevən şəxs, necə deyərlər, öz narsisizminin bir hissəsindən məhrum olur və yalnız sevgisinə qarşılıq almaqla onu geri qaytara bilər. Görünür, bütün bu qarşılıqlı münasibətlərdə əhvali-ruhiyyə, narsisizmin sevgi aləmində hansı payının olmasından asılıdır.

Özünün impotentliyini dərk etmək, psixi və ya cismani xəstəlik nəticəsində sevmək imkanının olmaması, əhval-ruhiyyəyə ən güclü dərəcədə zəiflədici təsir göstərir. Məncə, nevrotiklərin çox həvəslə ortaya qoyduqları öz dəyərlərinin azaldılması duyğusunu gözə çarpdırmağının mənbələrindən birini məhz bunda axtarmaq lazımdır. Ancaq bu duyğunun başlıca mənbəyi “Mən”in yoxsullaşmasıdır (İchverarmung), səbəbi isə libidonun “Mən”in hesabına obyektə olduqca güclü şəkildə cəzb olunmasıdır, yəni burada artıq “Mən”in nəzarət edə bilmədiyi seksual meyillərin nəticəsi olaraq, “Mən”in zədələnməsi baş verir.

A.Adler doğru olaraq qeyd edirdi ki, özünün üzvi (cismani) dəyərinin aşağı olduğunu etiraf etmək psixi fəaliyyətin iş qabiliyyətinə oyandırıcı təsir edir və fövqəladə kompensasiya vasitəsi ilə onun məhsuldarlığını yüksəldir. Ancaq istənilən yüksək əmək qabiliyyətini orqanların ilkin vəziyyətinin dəyərcə aşağı olması ilə izah etməyə çalışmaq şişirtmə olardı. Heç də bütün rəssamlar görmə zəifliyindən əziyyət çəkmir, yaxud yüksək natiqlik qabiliyyəti olan şəxslərin heç də hamısı, öncə, pəltək olmamışlar: müstəsna əmək qabiliyyətinin, orqanların çox gözəl ilkin qabiliyyəti zəminində yarandığı ilə bağlı da çoxlu örnəklər vardır. Nevrozların etiologiyasında, orqanların zəif dəyərliliyi, yuxugörmələrin formalaşmasında faktiki qavrayışın oynadığı eyni ilkin rolu oynayır. Nevroz ondan digər uyğun məqamlara uyğun şəkildə, bir bəhanə kimi istifadə edir. Ancaq əgər nevrotik qadın pasiyentə inansaq, o məhz gözəl olmadığına, bədən quruluşunun qüsuruna, cazibədar görünmədiyinə görə xəstələnməli idi, çünki, onu heç kim sevə bilmir; ancaq digər qadın pasiyent bunun əksini sübut etməyə çalışır, özünün nevrozu ilə inad göstərib bütün cinsi əlaqələrdən imtina edir, baxmayaraq, əslində o, qeyri-adi dərəcədə yaraşıqlı və ehtiras doğuran görkəmə malikdir. İsterikadan əziyyət çəkən qadınların böyük çoxluğu öz cinslərinin cazibədar və hətta, çox gözəl nümayəndələri olurlar, digər tərəfdən, bizim cəmiyyətin aşağı təbəqəsinə mənsub olan insanlar arasında orqanlarının eybəcər və qüsurlu olması onların arasında nevrotik xəstəliklərin artmasına səbəb olmur.

Əhvali-ruhiyyənin erotika ilə münasibətini (libidonun istəklərinə və obyektə nəzərən) belə formullaşdırmaq olar: burada iki halı fərqləndirmək lazımdır – “Mən” bu sevgi əlaqələrini doğruldurmu, yoxsa, onlar sıxışdırılmaya məruz qalmışdır. Birinci halda (“Mən”in libidonun xərclənməsini doğrultduğu halda) sevgi, “Mən”in bütün başqa fəal təzahürləri kimi dəyərləndirilir. Sevgi öz-özlüyündə onun gətirdiyi kədər və əzablarla birlikdə əhvali-ruhiyyəni aşağı salır, ancaq sevilmək, sevgisinə cavab almaq, sevimli obyektə malik olmaq – bütün bunlar yenidən əhvali- ruhiyyəni yüksəldir. Libidonun sıxışdırıldığı halda sevgi duyğusuna qapılmaq “Mən”in amansız alçaldılması kimi hiss olunur: sevginin doğura biləcəyi məmnunluq imkanı yoxdur, “Mən”in zənginləşməsi yalnız libidonun obyektdən ayrılıb “Mən”ə qayıtması ilə mümkündür. “Libido- obyekt”in “Mən”ə belə qayıdışı, onun narsisizmə çevrilməsi, necəsə, yenidən xoşbəxt sevgi şəraiti yaradır, ancaq digər tərəfdən, real xoşbəxt sevgi, obyektlə libidonun bir-birindən ayırd edilə bilmədiyi ilkin vəziyyətə uyğundur.

Mövzunun vacibliyini və onu aydınlaşdırmağın çətinliyini nəzərə alaraq, burada qısaca, tam qaydaya salınmamış baxışların və rəylərin bəzi cizgilərini vurğulamaq lazım gəlir.

“Mən”in inkişafı ilkin narsisizmdən kənarlaşmaqla əlaqəlidir və bu hadisə yenidən ona qayıtmaq üçün intensiv cəhdlər doğurur. Bu kənaraçıxma libidonun kənardakı ideal “Mən”ə cəlb olunması vasitəsi ilə olur, bu idealın gerçəkləşməsi isə məmnunluq yaradır. Eyni zamanda “Mən” özünün libido ilə bağlanmış sevgisini obyektə verir. İdeal “Mən”ə verilən bu sevgi “Mən”in libido mənşəli sevgiyə münasibətdə “yoxsullaşmasına”

səbəb olur və yalnız idealının təcəssüm olunduğu obyektdən aldığı məmnunluqla ikinci dəfə “varlanır”.

Əhvali-ruhiyyənin ilkin hissəsi uşaqlıq narsisizminin qalığıdır, digər hissə təcrübənin təsdiq etdiyi müqtədirlikdən (“İdeal-Mən”in təcəssümü olan, hər şeyə gücü çatan subyekt) qaynaqlanır, üçüncü hissə, “libido- obyektin” məmnunluğundan ibarət olur.

“İdeal-Mən” libidonun obyektlərdən məmnunluq alması üzərinə çox ağır şərt qoymuşdur, belə ki, o öz senzurası vasitəsi ilə bir sıra məmnunluq formalarını yolverilməz elan edərək onlardan imtina edilməsini tələb edir. Harada belə bir “ideal-Mən” inkişaf etməmişsə, orada uyğun seksual meyillər sapmalar şəklində şəxsi keyfiyyətin tərkibinə daxil olur. Hətta, özünün seksual canatmalarında da, uşaqlıqda olduğu kimi, öz-özünün şəxsi idealı olmaq – insanların əldə etmək istədikləri ən böyük səadət bax, budur.

Sevgiyə qapılmaq “libido-Mən”in axıb obyektə tökülməsidir. O, sıxışdırılmanı məhv etmək və sapıqlığı bərpa etmək üçün yetərincə gücə malikdir. O, seksual obyekti seksual ideal səviyyəsinədək yüksəldə bilir. O, sevgini obyekt üzərində, infantil şərtlər əsasında gerçəkləşdirdiyi üçün, demək mümkündür ki, bu əsas üzərində sevginin gerçəkləşdirdiyi şeylərin hamısı ideallaşdırılır.

Seksual ideal “ideal-Mən” ilə maraqlı qarşılıqlı yardım münasibətlərinə girə bilər. Harada ki, narsisistik məmnunluq real maneələrlə qarşılaşır, orada seksual idealı “kəşf etməklə”, bunun əvəzində məmnunluq qazanmaq olar. Bəzən sevginin narsisistik obyekt seçiminə əsaslanan tipi insanın vaxtilə olduğu və əl çəkdiyi halından ibarət olur, yaxud bu vaxt, özündə heç vaxt olmayan keyfiyyətlərə yiyələnmiş olur. Burada bundan öncəki formula uyğun gələn paralel formul belə səslənir: yalnız, “Mən”in öz idealına çatmaq üçün kifayət etməyən keyfiyyətlərinə yiyələnməyi bacarmış şəxslər sevə bilir. Bu hal, obyektə ifrat sevgi bəslədiyi üçün “Mən”inin yoxsullaşdığı və bu səbəbdən “ideal-Mən”ini reallaşdıra bilməyən nevrotik üçün xüsusi əhəmiyyət kəsb edir. O, obyektə ifrat cəzb olunması hesabına müflis olmuş libidosundan narsisizmə qayıtmaq yollarını arayır, özünə, nevrotik olaraq onun üçün əlçatmaz olan keyfiyyətlərə malik narsistik seksual ideal tipi seçir. Bu isə məhz sevgi vasitəsi ilə müalicə olunmaq deməkdir və adətən analitik vasitələrlə doğruldulur. Nevrotik, müalicənin və sağalmanın digər mexanizminin olduğuna inanmır, yalnız bu yolla sağalacağını gözləyərək müalicəyə başlayır və öz gözləntisini onu müalicə edən həkimin şəxsiyyəti ilə bağlayır.

Bu tip müalicəyə xəstənin məruz qaldığı çox böyük miqyaslı sıxışdırma nəticəsində hamını sevə bilmək qabiliyyətini itirməsi başlıca maneə olur. Əgər müalicə sıxışdırılmanın bəlli dərəcədə aradan qaldırılmasına kömək edirsə, onda çox vaxt, müalicədə gözlənilməz uğur qazanılır, bu isə ondan ibarətdir ki, nevrotik sevgidə öz seçimini etmək və sevdiyi şəxslə birgə həyatının təsiri ilə sağala bilmək üçün həkim müalicəsindən imtina edir. Belə bir nəticə ilə həvəslə razılaşmaq olardı, ancaq iş burasındadır ki, bu halda xəstənin onu bədbəxtlikdən qurtaran xilaskardan daimi və əzici bir asılılığının yaranması təhlükəsi vardır.

İdeal “Mən”dən kütlə psixologiyasını anlamağa geniş bir yol açılır. Bu ideal fərdi payla yanaşı, həm də, sosial paya malikdir, o, həmçinin ailənin, təbəqənin və millətin ümumi idealıdır. Narsisistik libidodan başqa, o, həmçinin “Mən”ə qayıdışı homoseksual libido ilə təmin edilən şəxsdən böyük miqdarda homoseksual libido payı da götürür. Bu idealın reallaşdırıla bilməməsi nəticəsində yaranan qeyri-məmnunluq, homoseksual libidonu azad edir ki, o da öz günahını dərk etmək hissinə çevrilir (sosial qorxu). Günahını dərk etmək, öncə, valideynlərin verə biləcəyi cəzadan doğan qorxudan ibarət idi, sonra isə valideynlərin yerini qeyri-müəyyən saylı müasirlər tutur. Beləliklə, “Mən”in yaratdığı incikliyin “ideal-Mən”in əhatə etdiyi sahədə məmnunluq tapa bilməməyin, həmçinin, ideal “Mən”də idealın formalaşmasının, sublimasiyanın və sublimasiyanın dağılmasının üst-üstə düşməsinin, nə üçün çox vaxt paranoya xəstəliyinə yol açması, eləcə də, bəzən parafrenik xəstələrdə idealın əhatə etdiyi sahədə tam şəkildə dəyişikliyin baş verməsi aydın olur.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.