II. İnfantil seksuallıq
Cinsi istəklə bağlı olan ümumi baxışa görə, o, uşaqlıqda ümumiyyətlə, mövcud olmur, yalnız yeniyetməlik dövrünün gəlməsi ilə oyanır. Bu sadə bir yanlışlıq deyil, hətta, ağır nəticələr doğuran amansız bir səhvdir və bizim seksual həyatla bağlı əsas məsələlərdə özünü göstərən indiki biliksizliyimizin başlıca günahkarı məhz bu cür yanlış düşüncə olmuşdur. Uşaqlıq çağında təzahür edən seksuallığın əsaslı şəkildə öyrənilməsi, yəqin ki, cinsi istəyin mühüm cəhətlərini aşkara çıxarmağa, onun müxtəlif mənbələrdən necə yaranıb inkişaf etdiyini aydınlaşdırmağa xidmət edərdi.
İnfantilliyə yetərincə diqqət yetirilməməsi
Çox maraqlıdır ki, yaşlı fərdin xüsusiyyət və reaksiyalarını izah etməklə məşğul olan müəlliflər, əcdadların həyatı ilə bağlı olan əvvəlki dövrlərə olduqca böyük diqqət ayırmışlar, başqa sözlə desək, fərdin həyatındakı daha əvvəlki dövrlərə, yəni onun artıq mövcud olduğu uşaqlıq çağına nisbətən, irsiyyətin daha böyük təsirləri olduğunu düşünmüşlər. Düşünmək olardı ki, uşaqlıq çağının təsirini daha asan anlamaq mümkündür və o, irsiyyətə nisbətən daha çox öyrənilmək hüququna malikdir.26 Baxmayaraq, bu istiqamətli əsərlərdə azyaşlı uşaqlarda ereksiya, masturbasiya və cinsi əlaqəyə bənzər erkən hadisələrin olması barədə təsadüfi qeydlərə rast gəlinir. Ancaq bütün bu kimi hallar, müstəsna proseslər kimi qeyd edilməklə, əcaib hallar, ya da vaxtından öncə əxlaq pozulması kimi dəyərləndirilir. Bildiyim qədəri ilə, heç bir müəllif uşaqlıqda özünü göstərən seksual istəklərlə bağlı qanunauyğunluqlar haqqında aydın təsəvvürlərə malik olmamışdır və uşaqların inkişafına həsr edilmiş əsərlərdə demək olar ki, “Seksual inkişaf” adlanan başlıq yoxdur.
İnfantil amneziya (yaddaş itirmə)
Bu cür əcaib diqqətsizliyin səbəbini mən qismən, müəlliflərin şəxsi tərbiyəsindən doğmaqla, ümumi qəbul edilmiş nöqteyi-nəzərin diktə etdiyi mülahizələrdə, qismən də, indiyədək izahı tapılmayan psixi fenomendə görürəm. Mən bununla, insanların böyük çoxluğunda (ancaq hamısında yox!), ilkin uşaqlıq çağının 6 və ya 8 yaşadək olan dövrünü əhatə edən özünəməxsus amneziyanı diqqətə çatdırmaq istəyirəm. İndiyədək bu amneziyaya təəccüblənmək ağlımıza gəlməsə də, bizim bunun üçün tam əsasımız vardır. Axı indi yalnız bir neçə anlaşılmaz və yarımçıq hadisələrini xatırladığımız bu dövrlə bağlı danışılanlara görə, o vaxt ətrafımızda baş verənlərə həssaslıqla yanaşmış, bizi bərk həyəcanlandıran hadisələri: qüssə və kədərimizi, sevgi, qısqanclıq və başqa duyğularımızı insanca ifadə etməyi bacarmışıq, hətta, böyüklərin diqqətini özümüzə cəlb edən nöqteyi- nəzərlər səsləndirə bilmişik. Bu isə, əlbəttə, bizim o çağımızda mühakimə yürütmək qabiliyyətinə malik olduğumuzu isbat edir. Və indi, artıq yaşa dolduğumuz çağlarda, bütün bunlar barədə heç nə bilmirik. Nə üçün yaddaşımız, digər psixi funksiyalarımıza nisbətən bu qədər geri qalır? Axı bizim belə hesab etmək üçün hər cür əsasımız vardır ki, uşaqlıqla müqayisədə, ömrümüzün heç bir dövrü bu qədər həssas, təəssüratlarla və onlara göstərilən reaksiyalarla zəngin olmamışdır.
Digər tərəfdən, biz belə bir halın mümkünlüyünü qəbul etməklə, başqalarının üzərində psixoloji araşdırmalar aparmaq yolu ilə əmin ola bilərik ki, bizim o dövrümüzlə bağlı unutduğumuz təəssüratlar ruhumuzda dərin izlər buraxmış və gələcək inkişafımıza həlledici təsir göstərmişdir. Ona görə də, burada, nəticə etibarı ilə uşaqlıq xatirələrinin yaddaşda itirilməsindən deyil, nevrotiklərin şüurlu həyatlarının əvvəlki dövrünə aid hadisələri unutması ilə şərtlənən, mahiyyəti isə, sıxışdırılma yolu ilə bu hadisələrin şüura buraxılmamasından ibarət olan amneziyaya bənzər hadisədən söz gedir. Ancaq bu uşaqlıq təəssüratlarını yaddaşdan ayıran və onları şüura qayıda bilməməsi üçün sıxışdıran hansı qüvvədir? Bu müəmmanı həll edən şəxs, həmçinin isterik amneziya problemini də həll etmiş olur.
Həmçinin, bunu da qeyd etməyi unutmayaq ki, infantil amneziyanın mövcudluğu uşaqların və psixonevrotiklərin psixoloji həyatlarını müqayisə etmək üçün yeni təmas nöqtəsi yaradır. Bundan öncə biz başqa bir təmas nöqtəsi ilə qarşılaşmış və buna əsasən belə bir fikrə gəlmişdik ki, psixonevrotiklərin seksuallığı uşaqlıq pilləsində qalmış və ya ona qayıtmışdır. Bu halda, nəhayət, infantil amneziyanın özü ilə uşaqlıq çağının seksual hissləri arasında əlaqə olduğunu etiraf etmək lazım gəlmirmi?
Ancaq infantil və isterik amneziyaları əlaqələndirmək iti ağıllılığa əsaslanan oyundan daha artıq olan bir məsələdir. Sıxışdırmaya xidmət edən isterik amneziya yalnız onunla izah edilir ki, fərdin şüurlu şəkildə sərəncam verə bilmədiyi, assosiativ əlaqələrdən istifadə edərək, şüura yönələn bütün yaddaş elementlərini özünə cəlb edib onlara itələyici təsir göstərən xatirələr ehtiyatı vardır.27 İnfantil amneziya olmadan, isterik amneziyanın da olmayacağını demək olar.
Hesab edirəm ki, insanlığın unutduğu uzaq tarixi keçmişə bənzəyən, hər bir şəxsin uşaqlıq dövrü ilə bağlı olan və ondan cinsi həyatının başlanğıc dövrünü gizlədən infantil amneziya, seksual həyatın inkişafında uşaqlıq çağı ilə bağlı hadisələrə heç bir əhəmiyyət verilməməsinə gətirib çıxarmaqda günahkardır. Tək-tək müşahidəçilər biliyimizdə bu şəkildə yaranmış qüsuru aradan qaldırmaq gücündə deyildir. Mən artıq 1896-cı ildə cinsi həyatla bağlı olan bəlli, mühüm fenomenlərin meydana çıxmasında uşaqlıq yaşının əhəmiyyətini qeyd etmişdim və indiyədək də, infantil həyatın seksuallıq üçün vacibliyini qeyd etməkdə davam edirəm.
Uşaqlıq çağının latent (mürgüləyən) seksuallıq dövrü və onun pozulması
Olduqca çoxlu sayda rast gəlinən, sanki normal halla ziddiyyət yaradan və eyni zamanda, həm uşaqlıq çağındakı seksual psixoloji vəziyyətə, həm də, nevrotiklərin qeyri-şüuri səviyyədə araşdırılan xatirələrində onların uşaqlıq xatirələrinə uyğun gələn hadisələr uşaq yaşlarındakı seksual davranışın təqribən belə bir mənzərəsini yaradır.28 Belə bir hal şübhə doğurmur ki, yeni doğulmuş çağa özü ilə birlikdə dünyaya seksual hissiyyatın rüşeymlərini də gətirir, onlar bir müddət üçün inkişaf edir, daha sonra isə getdikcə artan bir təzyiqlə sıxışdırılır. Ancaq bu sıxışdırılma da seksual inkişafın qanunauyğun müdaxilələri ilə pozulur və artıq bu sıxışdırılmanın öz gücünü saxlaması yalnız fərdi xüsusiyyətlərdən asılı olur. Bu dalğavari qalxıb-enmələrlə müşayiət olunan inkişafın qanunauyğunluqları və periodikliyi barədə dəqiq heç nə bəlli deyildir. Ancaq deyəsən, təqribən üç və ya dörd yaşlarından başlayaraq uşaqların seksual həyatı müşahidə oluna bilən formalar almağa başlayır.29
Cinsi inkişafın gecikməsi
Bu mərhələdəki bütöv və ya qismən latentlik dövründə, seksual istəyin yolunda maneəyə çevrilib onun gecikməsini şərtləndirən psixoloji qüvvələr formalaşır və onlar bunu axının qarşısının bəndlə alındığı halda onun özünə yeni məcralar tapmasına bənzər bir şəkildə məhdudlaşdırır (bu isə özünü ikrah, utancaqlıq, estetik və əxlaqi ideal tələbləri qoyulması kimi hallarla büruzə verir). Özünü mədəni aparan uşağı müşahidə edəndə bu cür maneələrin yaranması səbəbinin tərbiyə olduğu təəssüratı yaranır və şübhəsiz, tərbiyə bu işdə mühüm rol oynayır. Ancaq əslində, bu inkişaf daha çox, irsi xüsusiyyətlərin ötürülməsini təmin edən üzvi proseslərlə şərtlənir və sadaladığımız məhdudiyyətlər digər hallarda tərbiyənin təsiri olmadan da təzahür edir. Bu isə, sözsüz ki, özünün təsir göstərdiyi çərçivədən kənara çıxmamaqla, öncədən müəyyən edilmiş üzvi perspektivləri tamamlayır, onların dəqiq və dərin şəkildə ifadə olunmasını şərtləndirir.
Əks təsir mexanizmi və sublimasiya
Sonrakı mədəni qaydaların və normal münasibətlərin formalaşması üçün belə böyük əhəmiyyəti olan bu konstruksiyalar hansı vasitələrlə yaranır? Bunlar, çox güman, ən infantil seksual duyğuların hesabına yaranır, belə ki, bu duyğuların axını latent dövründə dayanmamış, sadəcə, duyğunun doğurduğu enerji bütünlüklə və ya qismən, seksual istiqamətdə tətbiq olunmaqdan ayrılıb başqa məqsədlərin xidmətinə verilmişdir. Mədəniyyət tarixi ilə məşğul olan şəxslər, sanki belə bir mühakimə ilə razıdırlar ki, seksual istəklə bağlı olan qüvvənin seksual məqsəddən yayınması və yeni məqsədə yönəlməsi – haqlı olaraq sublimasiya adlana bilən proses, – mədəni fəaliyyətin bütün növləri üçün sərf edilə biləcək qüdrətli bir komponentin meydana çıxmasına səbəb olur; biz isə bunu əlavə edərdik ki, eyni proses ayrıca götürülən fərdin inkişafında da iştirak edir və onun başlanğıcı uşaqlıq dövrünün latent seksuallıq dövrünə aiddir.30
Belə sublimasiya mexanizminə münasibətdə, risk edib bir sıra fərziyyələr irəli sürmək olar. Uşaqlıq illərinin bu dövründəki seksual hissiyyatlar bir tərəfdən, öz tətbiqi üçün imkan tapa bilmir, çünki nəslin davam etdirilməsi funksiyası daha sonra meydana çıxır və bu, latent dövrünün başlıca əlamətidir; digər tərəfdən, onlar öz-özlüyündə cinsi sapmadır, çünki erogen sahələrdən qaynaqlanır və fərdin indiki inkişaf istiqamətində yalnız xoşagəlməz hisslər yarada bilən ehtiraslara əsaslanır. Buna görə də, onlar yalnız əks psixoloji qüvvələr yaradır (əks təsirli hərəkət), bu isə, ikrah, xəcalət və əxlaqi hisslər vasitəsilə bu cür xoşagəlməz duyğuları sıxışdırmaq üçün öncə xatırlatdığımız psixoloji “bəndlər” (maneələr) yaradır.31
Latent dövründəki kənaraçıxma halları
Uşaqlıq çağının latentlik dövrü ilə bağlı baxışlarımıza xas olan hipotetik (fərziyyə) təbiətli və kifayət qədər aydın olmayan mülahizələrlə özümüzü aldatmaqdan əl çəkib, gerçəkliyə qayıdaq və ayrı-ayrı fərdlərin inkişafı gedişində hansısa elementləri ilə bağlı, mühüm dərəcədə geriyə çəkildiyi bəlli olan tərbiyəvilik idealının infantil seksuallığa tətbiqinin nədən ibarət olduğunu göstərməyə çalışaq. Latent dövründə zaman-zaman seksuallığın sublimasiyaya uymayan bəlli ünsürləri mürgüləməkdən ayılıb fəallaşır və ya hansısa seksual davranış, cinsi yetkinlik yaşının gəlib çatması və seksual istəyin güclənməsi dövrünə qədər, daimi şəkildə fəaliyyət göstərməkdə qərarlı olur. Tərbiyəçilər uşaq seksuallığına yanaşanda, sanki bizim irəli sürdüyümüz: əxlaqi qüvvələrin seksuallığa qarşı əks təsirdən yaranması fikri ilə razılaşırmış kimi görünür. Elə bil uşağın verilən tərbiyəyə uymamasında seksual təzahürlərin rolunun olduğunu bilirlər. Ancaq onlar uşaqlarda özünü göstərən seksuallıq təzahürlərini “yaramazlıq” kimi dəyərləndirdiyi üçün, bunlara qarşı heç bir əsaslı tədbir görmək imkanına malik deyildir. Bizim isə öz marağımızı tərbiyəçilərdə qorxu doğuran bu fenomenlərə yönəltmək üçün tam əsasımız vardır, çünki biz onlardan cinsi istəyin ilkin formalarının izahını gözləyirik.
İnfantil seksuallığın ifadə edilməsi
Sonradan aydın olacaq motivlərə görə biz, macar pediatrı Lidnerin çox əhəmiyyətli bir əsər həsr etdiyi əmmək hadisəsini infantil seksual təzahürlər üçün örnək olaraq götürürük.
Əmmək (lutschen)
Çağalıq dövründən başlayan və yaşlı çağacan, bəzən də bütün ömür boyu davam edən əmmə (Ludein, Lutschen), ağzın (dodaqların) ritmik təkrarlanan sorma prosesidir və burada qidalanma istisna olunur. Dodaqların bir hissəsi, dil, dərinin əlçatan istənilən hissəsi, hətta ayaqların baş barmaqları – əmmək üçün obyektlər olaraq götürülür. Bu istəyin gəlişi özünü qulağın xarici hissəsinin ritmik dartınmaları ilə göstərir və bu məqsədlə başqa insanın bədən hissəsindən (daha çox qulaqlardan) istifadə edilə bilər. Əmmə (Wonnesaugen) bununla məşğul olan fərdin bütün diqqətini məşğul edir və yuxu, yaxud orqazma bənzər olan reaksiya ilə sona çatır.32 Əmmə, çox vaxt, bədənin hissiyyatlı hissələrinin, döşlərin, cinsi orqanların sığallanması ilə müşayiət olunur. Çoxlu sayda uşaqlar bu yolla əmmədən masturbasiyaya keçid edirlər.
Lindner bu davranışın seksual təbiətli olduğunu bütün aydınlığı ilə anlayırdı və bunu birmənalı olaraq qeyd edirdi. Məişətdə əmmə hadisəsi, çox vaxt, uşaq tərbiyəsizliyinin (Unarten) digər formaları ilə eyniləşdirilir. Çoxlu sayda pediatr və nevropatoloqlar bu baxışa qarşı çox güclü etiraz bildirmiş, mülahizələrini, “seksuallıqla” “cinsiyyəti” qarışdırmaqla əsaslandırmağa çalışmışlar. Bu etirazlar çox çətin, ancaq həm də qaçılmaz bir sual doğurur: biz körpənin seksuallığını ifadə etməsini hansı ümumi əlamətlər əsasında öyrənməyi düşünürük? Mən hesab edirəm ki, psixoanalitik araşdırmaların sayəsində anlamağı öyrəndiyimiz hadisələr arasındakı əlaqə, əmməni seksuallığın təzahürü hesab etməyə imkan verir və məhz onunla infantil seksual fəaliyyətin mühüm cəhətlərini öyrənmək olar.33
Autoerotizm
Baxdığımız bu örnəyi təfərrüatı ilə araşdırmaq qarşımızda bir vəzifə olaraq durur. Bu seksual davranışın ən parlaq əlaməti kimi, burada seksual istəyin başqa şəxsə yönəlməməsini qeyd edə bilərik; o, şəxsi bədənin hesabına təmin olunur, H.Ellisin uğurla işlətdiyi termindən yararlansaq, onun autoerotik olduğunu demək mümkündür.34
Daha sonra, tamamilə aydındır ki, əmməklə məşğul olan uşağın fəaliyyəti həzz (Lust) axtarışı kimi müəyyən oluna bilər ki, bu da artıq yaşanmış və indi oyanmış xatirələrlə əlaqədardır. Selikli qişanın dərisi, ritmik şəkildə baş verən əmmə nəticəsində həzz alır. Körpənin yenidən duymaq istədiyi bu həzlə, ilk dəfə nə vaxt və hansı şəraitdə tanış olduğunu anlamaq çətin deyildir. Körpənin həyatındakı ilk və ən vacib fəaliyyət – ana döşünü (və ya onun əvəzedicisini) əmmək – onu artıq bu həzlə tanış etməli idi. Bu hala uyğun olaraq deyə bilərdik ki, körpənin dodağı erogen sahə, isti südün yaratdığı hiss isə aldığı həzzin səbəbi sayıla bilər. Öncə, erogen sahədən alınan həzz yemək ehtiyacını ödəməkdən alınan həzlə birləşmişdir. Beləliklə, seksual fəaliyyət, öncə həyatın qorunub saxlanmasına xidmət edən funksiya ilə birləşir və yalnız sonradan ondan asılı olmayan vəziyyətə keçir. Kim ki əmib doymuş uşağın allanmış yanaqları ilə ana döşündən ayrılıb xoşbəxt təbəssümlə yuxuya dalmağına diqqət vermişdir, o, bu mənzərənin sonrakı həyatda alınan tipik seksual həzz xarakterli olduğunu da anlayır. Sonradan seksual həzzin təkrarlanması tələbatı yemək istəyi tələbatından ayrılır; körpənin dişləri çıxandan və qidalanma yalnız əmməklə deyil, həm də, başqa qidaları çeynəməklə baş verəndə, bu ayrılma zəruri olur. Körpə əmmək üçün kənar obyektdən istifadə etmir, bu məqsəd üçün, həvəslə, bədəninin bir hissəsindən yararlanır, çünki bu, onun üçün əlverişlidir. Həmçinin, o, bununla, indilikdə yiyələnə bilmədiyi zahiri aləmdən asılılığını minimuma endirir, habelə, bu üsulla özünə, əhəmiyyəti az sayıla bilən ikinci erogen sahə yaratmış olur. Bu, ikinci, az əhəmiyyətli sahənin tapılması sonradan başqasının dodağının timsalında eyni cinsli hissənin axtarılmasına gətirib çıxaracaqdır (“təəssüf ki, mən öz dodağımdan öpə bilmirəm” – bunu ona təlqin etmək olardı).
Körpələrin heç də hamısı bədəninin hansısa hissələrini əmmir; güman etmək olar ki, bu yalnız dodaqlarının, öz yaranışından başlayaraq, daha güclü hissiyyata malik olduğu körpələrdə olur. Əgər dodaqlardakı anadangəlmə olan bu cür güclü hissiyyat qalmaqda davam edirsə, onda belə uşaqlar yaşa dolandan sonra öpüşmək həvəskarı olur, cinsi sapmaya xas olan öpüşmələrə meyil göstərirlər, bu cür fərdlər kişi cinsindən olduqda, onlarda içkiyə və tütün çəkməyə yönəldici güclü motivlər yaranır. Əgər buna, istəklərini sıxışdırma da qarışırsa, onda belə şəxslərdə yeməyə qarşı ikrah və isterik ürəkbulanmalar yaranır. Dodaqların erogen sahə və eyni zamanda yeməklə bağlı sahə kimi ümumiliyi səbəbindən, bu cür sıxışdırma yemək istəyinə də təsir göstərmiş olur. Qida qəbulunda problemi olan, boğaz tıxanmasından, çətinliklə udqunmaqdan və ürəkbulanmasından əziyyət çəkən qadın xəstələrimlə əlaqədar topladığım məlumatlar, onların böyük çoxluğunun uşaqlıqda əmməyə güclü həvəs göstərdiyini üzə çıxarmışdı.
Əmməkdə biz artıq infantil seksual təzahürün üç mühüm əlamətini qeyd edə bilərik. Onlar, həyat üçün vacib olan cismani funksiya ilə birləşmiş şəkildə olur; seksual obyekti tanımır, başqa sözlə, autoerotikdir; onların seksual məqsədi erogen sahələrin hakimiyyəti altında olur. Öncədən demək istəyirəm ki, bu əlamətlər infantil seksual istəklərin digər təzahürlərinin böyük çoxluğu üçün də öz əhəmiyyətini saxlayır.
İnfantil seksuallığın seksual məqsədi
Erogen sahələrin əlamətləri
Əmməklə bağlı baxılan nümunələrdən yararlanıb erogen sahələrin daha bir neçə əlamətini tapmaq mümkündür. Bu, dəridə və ya selikli qişada olan, bəlli növ qıcıqlanmaların müəyyən keyfiyyətli həzz duyğusu yaratdığı yerlərdir. Həzz duyğusu yaradan qıcıqlanmanın xüsusi şəraitlə əlaqəli olduğu şübhə doğurmur; bu şəraitin nə olduğu bizə bəlli deyildir. Baxılan hadisədəki ritmik xarakterin istər-istəməz qıdıqlama hadisəsi ilə analoji olduğu görünür. Məsələyə yanaşmada daha az aydın olan sual bundan ibarətdir: qıcıqlanma nəticəsində yaranan həzz duyğusunu “xüsusi” xarakterli adlandırmaqla, bu xüsusiyyət adı altında məhz seksual məqam anlaşıla bilərmi? Həzz duymaq və həzz duymamaq (məmnunsuzluq) problemləri psixologiya üçün indilikdə o qədər qaranlıqdır ki, burada rəy söyləməkdə çox ehtiyatlı olmaq tələb olunur. Ola bilsin, bir az sonra biz, bu həzlərin xüsusi keyfiyyətli olmasını təsdiq edən dəlillərlə qarşılaşacağıq.
Erogenlik xüsusiyyəti müstəsna şəkildə bədənin ayrıca hissələri ilə əlaqəli ola bilər. Əmməklə bağlı nümunənin göstərdiyi kimi, öncədən bəlli olan erogen sahələr vardır. Ancaq eyni zamanda, bu nümunə onu da göstərir ki, dəriyə və selikli qişaya aid olan istənilən hissə, üzərinə erogen sahə rolunu götürə bilər, əlbəttə, bunun üçün onlar öncədən, hökmən buna meyilli olmalıdır. Ona görə də, qıcıqlanmanın keyfiyyəti bədən hissəsinin quruluşundan daha çox doğurduğu həzz duyğusuna əsaslanır. Əmən uşaq bütün bədəni üzrə axtarışa çıxaraq onun bəlli bir hissəsini bu məqsəd üçün seçir və bu hissəyə sonradan vərdiş üzrə daha böyük əhəmiyyət verilir; əgər o bu vaxt təsadüfən, bədənin müəyyən hissəsindən yapışırsa (döşündəki məməcikdən, yaxud cinsi orqanından), onda bu orqanlar da əmmə prosesində əhəmiyyət qazanmış olur. İsteriyanın simptomlarında da eyni ilə buna analoji olan hərəkətlərlə qarşılaşırıq. Nevrozda sıxışdırılma daha çox cinsi orqanlarla bağlı sahələrlə əlaqəli olur və bu sahələr öz qıcıqlanmalarını digər sahələrə, yaşa dolduqdan sonra erogen sahə funksiyasından uzaqlaşmış, ancaq bu məqamda özünü tamamilə cinsi orqan kimi aparan bədən hissələrinə ötürür. Ancaq, əmmədə olduğu kimi, bu vaxt, bədənin istənilən hissəsi cinsi orqanları oyandırmaq qabiliyyəti qazana və erogen sahəyə çevrilə bilər. Erogen və isterogen (isteriya doğuran) sahələr eyni əlamətlərlə ayırd edilir.35
İnfantil seksual məqsəd
İnfantil istəyin seksual məqsədi bu və ya başqa şəkildə seçilmiş erogen sahələrə uyğun qıcıqlanmalar vasitəsi ilə həzz almaqdan ibarətdir. Bu həzzin təkrarlanma tələbatının olması üçün o, hökmən, daha öncə yaşanmış olmalıdır və biz təbiətin bu həzz hallarının yaşanmasına qarşı gerçək mexanizmlər qurmasına da hazır olmalıyıq.36 Dodaqlarla bağlı sahədə bu məqsədi yerinə yetirən mexanizm artıq bizə bəllidir; bu bədən hissəsi eyni zamanda qida qəbulu üçündür. Digər bənzər mexanizmlər bizə seksuallığın mənbəyi kimi rast gəlir. Həzzin təkrarlanması tələbatının təzahüründə ikilik vardır, bunlar özünü: daha çox xoşagəlməz xarakterli olan xüsusi gərginlik duyğusu və mərkəzdə müəyyənləşib, yan ətraflardakı erogen sahələrə inikas edən qıcıqlar şəklində büruzə verir. Buna görə də, seksual məqsədi həm də belə ifadə etmək olar: erogen sahələrə inikas edən duyğuları elə bir zahiri qıcıqlanma ilə əvəz etmək vacibdir ki, qıcıqlanma duyğusu özü kəsilməklə həzz duyğusu yaratmış olsun. Bu zahiri qıcıqlanma əsasən, əmməyə analoji olan hansısa manipulyasiyadan ibarət olur.
Bizim fizioloji biliklərimizə tamamilə uyğun olaraq, yan ətraflardakı erogen sahələrdə hər hansı gerçək dəyişikliklər sayəsində belə bir tələbatın yaranması baş verir. Ancaq qəribəsi budur ki, eyni bir yerdəki bir qıcıqlanma özünün kəsilməsi üçün başqa bir qıcıqlanma tələb edir.
Masturbasiya səciyyəli seksual təzahürlər
Erogen sahələrə uyğun istəklərin necə doğulduğunu biləndən sonra, artıq, körpənin seksual davranışı barədə çoxlu vacib şeyləri öyrənməyə ehtiyac qalmaması bizi yalnız sevindirə bilər. Burada ən aydın fərqli cəhət həzz almaq üçün zəruri olan fəaliyyətlə bağlı olur, misal üçün, əmməklə bağlı halda bu, dodaq sahəsində, başqa hallarda vəziyyətdən asılı olaraq, əzələlərin digər sahələrdəki hərəkəti ilə meydana gəlir.
Arxa dəliklə bağlı sahənin təzahürü
Arxa dəliklə bağlı olan sahə, dodaq sahəsində olduğu kimi, öz vəziyyətinə görə, seksuallıqla bərabər bədənin digər funksiyalarının da birləşdiyi bir yerdir. İlk növbədə bədənin bu hissəsinin erogen sahə kimi çox böyük əhəmiyyəti olduğunu təsəvvür etmək gərəkdir. Psixoanaliz vasitəsi ilə belə bir təəccüblü faktı öyrənmiş oluruq ki, bu sahədən qaynaqlanan seksual oyanış normal halların hansı çevrilmələrinə gətirib çıxarır və çox vaxt, bu sahə bütün ömür boyu əhəmiyyətli cinsi oyanış daşıyıcısı olan sahə kimi qalmaqda davam edir. Uşaqlıq çağında uzun sürən bağırsaq xəstəlikləri bu sahədə intensiv qıcıqlanma ocağı yaradır. Erkən yaşlarda düz bağırsağın çıxışındakı selikli qişanın iltihabı, adətən deyildiyi kimi, uşaqları “əsəbi” edir; yaşa dolduqdan sonra onlarda özünü göstərən nevrotik xəstəliklərin simptomları arasında müxtəlif bağırsaq pozuntuları əhəmiyyətli yer tutur. Arxa dəliyin, ən azından, dəyişilmiş formada qalan erogen sahə olaraq əhəmiyyətinə diqqət yetirərkən hemorrohidial (babasil törədici) təsirləri tamamilə gözardı etmək doğru olmazdı, belə ki, qədim tibdə nevrotik vəziyyətin izahında bu məqam məhz belə bir baxımdan dəyərləndirilirdi.
Arxa dəliyindən erogen qıcıqlanmalar üçün istifadə edən uşaqlar özlərini belə ələ verirlər: onlar nəcisin bayıra çıxmasını onun böyük kütlə halında toplanıb güclü əzələ sancısı doğurmasına qədər gecikdirirlər və nəticədə nəcis arxa dəlikdən çıxanda buradakı selikli qişada güclü qıcıqlanma yaradır. Bu vaxt ağrı hissi ilə yanaşı, xoşagələn bir hiss də yaşanır. Uşağın gələcək xarakterindəki qəribəliklərin, yaxud onun nevroza meyilliliyinin vacib əlamətlərindən biri, onu tualet küpəsinə (qorşoka) oturdanda bağırsaqlarını təmizləmək istəməməsidir, yəni bunu dayənin istədiyi vaxtda deyil, yalnız öz istədiyi zaman etməsidir. Hətta, onun üçün, bu gecikdirmə ilə yatağını bulaşdıra biləcəyi də əhəmiyyətsizdir; o, yalnız bayıra çıxma zamanı alacağı həzdən məhrum olmamaq üçün çalışır.
Bağırsaqlarda olan, xaric olunanda arxa dəliyin seksual hissiyyata malik selikli qişasında qıcıqlanma yaratmaqla, uşaqlıq dövrü keçəndən sonra fəaliyyətə başlayacaq başqa bir orqanın axıntısını xatırladan nəcis kütləsinin körpə üçün başqa bir vacib əhəmiyyəti də vardır. Körpə ona öz bədənin bir hissəsi kimi yanaşır, bu kütləyə bir “hədiyyə” kimi baxır və bu kiçik varlıq, onu xaric etməyə, ətrafındakıların qarşısında geri çəkilmək, onlara güzəşt etmək kimi, xaric etməkdən imtinaya isə özünün dirənişi, onlara qarşı dayanması kimi baxır. Bu hədiyyə onun üçün sonradan öz “körpəsi” anlamını qazanır, bu körpə isə infantil seksual nəzəriyyə baxımından, yeməklə “yaranıb”, bağırsaq vasitəsi ilə “doğulur”.
Körpənin öz nəcis kütləsini ifraz etməyi gecikdirməsi, ondan məqsədyönlü şəkildə arxa dəlik vasitəsilə masturbasiya qıcıqlanması kimi istifadə etməsi və ya dayəyə qarşı dirəniş vasitəsi kimi yararlanması, sonradan nevropatlarda çox rast gəlinən qəbizlik hallarının kökündə dayanır. Nevrotiklərin çoxunda rast gəlinən və onların ciddi-cəhdlə gizli saxlamağa çalışdığı, nəcis ifrazı ilə bağlı məxsusi vərdişlərin və ya “mərasimlərin” olması faktında arxa dəliklə bağlı sahənin əhəmiyyəti əks olunur.37
Arxa dəliyi barmaqlamaqla, mərkəzi və yan ətraflı cinsi oyanışlara gətirən masturbasiya hadisəsinə yaşca böyük olan uşaqlarda çox rast gəlinir.
Genital (cinsəl) sahələrin təzahürü
Uşaq bədəninin erogen sahələri arasında, şübhəsiz, birinci dərəcəli rol oynamayan, ancaq ən erkən seksual həyəcanların daşıyıcısı olduğu da əminliklə deyilə bilən və gələcəkdə böyük rol oynayacaq bir hissə vardır. Bu hissə oğlan və qızlarda sidik ifrazına aid funksiya daşıyıcısıdır (qızlarda klitor, oğlanlarda penisin başlığını örtən dəri, daxilən selikli təbəqəyə malikdir və sidik ifrazı zamanı bu hissələr qıcıqlanmaqla seksual hisslər yaradır). Həqiqi cinsi orqanlara aid olan hissələrdəki bu erogen sahələrdə meydana çıxan seksual təzahürlər, sonrakı “normal” cinsi həyatın başlanğıcını təşkil edir. Anatomik vəziyyəti sayəsində, ifrazatla qıcıqlanması, gigiyenik qulluq zamanı yumaq və silməklə bağlı hallara görə, həmçinin, müəyyən təsadüfi oyanışlar səbəbindən, bədənin bu hissəsində yaranması mümkün olan həzlər (qızlarda bağırsaq parazitlərinin sürünməsi hadisəsinə bənzər), qaçılmaz olaraq körpənin diqqətini bu hissələrə yönəldir və bu həzlərin təkrarlanması tələbatını doğurur. Əgər mövcud olan mexanizmlərin hamısını toplu halında gözdən keçirsək və əgər çirklənməyə qarşı olan, təmizliyi gözləmək tədbirlərinə diqqət yetirsək, onda belə bir baxışdan imtina etmək mümkün olmayacaqdır ki, bu kimi tədbirlərdə heç kimin azad ola bilmədiyi körpə onanizmi sayəsində, erogen sahənin və cinsi fəaliyyətin gələcək prioriteti təsdiq edilir. Qıcıqlanmanı aradan qaldıran və eyni zamanda həzz yaradan fəaliyyət, əllərin bəlli sahələrə sürtünməsi vasitəsi ilə, yaxud budların qısılması ilə yanaşı doğulan refleksiv təzyiq nəticəsində əmələ gəlir. Sonuncu üsuldan daha çox qız uşaqları istifadə edir. Oğlan uşaqlarının əli ilə üstünlük verdiyi sahə, artıq, gələcək cinsi fəaliyyətinin əhəmiyyətli əlavələrini nişan verir.38
İnfantil masturbasiyanın üç fazasının olduğunu göstərməyim məsələyə aydınlıq gətirmək baxımından əhəmiyyətli sayıla bilər. Bunlardan birincisi körpə yaş dövrünə, ikinci – dörd yaş ərəfəsində seksual təzahürlərin özünü göstərən qısamüddətli güclənməsi dövrünə və yalnız üçüncü dövr cinsi yetkinliyin başlanmasını göstərən onanizmlə şərtlənir.
Uşaq masturbasiyasının ikinci mərhələsi
Körpədə özünü göstərən onanizm qısa bir dövrdən sonra sanki yox olur, ancaq onun cinsi yetkinlik dövrünədək kəsilməz olaraq davam etməsi, insanın mədəni inkişafında öz istəyindən geri çəkilməklə mümkün olur. Uşaq yaşlarında, körpəlikdən sonra, adətən dörd yaşa qədər, bu genital (cinsəl) sahələrin seksual istəyi yenidən oyanır və sonradan yeni təzahürün meydana çıxmasınadək qorunur, yaxud da kəsilməz olaraq davam edir. Mümkün şəraitlər fövqəladə dərəcədə müxtəlifdir və yalnız ayrı-ayrı hadisələrə uyğun halların təfsilatı ilə araşdırılması nəticəsində izah edilə bilər. Ancaq bu, infantil seksual həyəcanlanmaların ikinci fazasının təfsilatları onu yaşayan şəxsin yaddaşında, şüuraltında saxlanan izlər buraxır və insan sağlam olaraq qalırsa, onun xarakterinin inkişafını, gənc yaşlarında xəstələnirsə, onda özünü göstərən nevrozun simptomlarını öncədən müəyyən edir.39 Nevrozla bağlı olan halda bu seksual dövr tamamilə unudulmuş olur, şüuraltında onun yerini göstərə bilən xatirələr isə çox uzaqlaşır; məsələ ilə əlaqədar olaraq mən artıq bu infantil seksual fəaliyyətlə normal infantil amneziya (yaddaşın itirilməsi) arasındakı əlaqələrdən söz açmışdım. Psixoanalitik araşdırmalar nəticəsində unudulanları şüura qaytarmaq mümkün olur və bununla da, şüuraltından qaynaqlanan psixi materialın sarmaşması halı aradan qaldırılır.
Körpəlik dövrü masturbasiyasının qayıdışı
Körpəlik dövrünə xas olan seksual oyanış xatırlatdığımız uşaqlıq yaşında yenidən təzahür edir və bu ya onanistik həzz verən qıdıqlama qıcıqları vasitəsi ilə olur, yaxud da emmisiyaya (özündən asılı olmayaraq sperma ifrazı) bənzər prosesin köməyi ilə heç bir əməli fəaliyyət olmadan həzz yaranır. Sonuncu hal daha çox qızlarda, uşaqlıq dövrünün ikinci yarısında rast gəlinir; onun səbəbi əsla aydın deyildir və görünür, bu hadisə öncədən fəal onanizmlə məşğul olmadan da baş verə bilir. Bu seksual təzahürün simptomları çox kasaddır; bu halda hələ inkişaf etməmiş cinsi aparatın əvəzində, onun qəyyumu kimi çıxış edən sidik ixrac edən aparat özünü büruzə verir. Bu dövrdə, sidik kisəsi xəstəliklərinin çoxu seksual səciyyəli olur; Epileptik tutmalardan asılı olmayan bütün hallarda enuresis nocturna (yuxuda sidik buraxma), yuxarıda dediyimiz emmisiya hadisəsinə uyğun olur.
Seksual fəaliyyətin təzahürü üçün daxili səbəblərin və xarici təsirlərin əhəmiyyəti böyükdür; nevrotik xəstəliklər zamanı simptomların formasına görə, hər iki amilin əlamətlərini tapmaq mümkündür, həmçinin, psixoanalitik araşdırmanın köməyi ilə onların hər ikisini tamamilə aşkara çıxarmaq olar. Daxili səbəblərdən bir az sonra, aşağıda söz açacağıq; xarici təsirlərə gəlincə, onların böyük və uzunmüddətli əhəmiyyəti vardır. Burada birinci yerdə şirnikləndirici təsir dayanır, o körpəni öz bədən hissəsinə seksual obyekt kimi baxmağa təhrik edir və cinsəl sahələrdən alınan həzlərlə onda izləri silinməyən dərin təəssürat yaradır; nəticədə körpə onanistik yolla bu həzzi bərpa etmək məcburiyyətinə qapılır. Belə bir təsir böyüklərdən və ya digər körpələrdən gələ bilər; etiraf etməliyəm ki, 1896-cı ildə çap etdirdiyim “Ueber die Aetiologie der Hysterie” adlanan məqaləmdə bu təsirin əhəmiyyətini və təkrarlanma tezliyini lazım olduğundan yüksək qiymətləndirmişəm. Onda sağlam qalmaqda davam edən fərdlərin də, uşaqlıq çağında belə seksual oyanışlar yaşaya biləcəyini bilmədiyimdən, şirnikləndirici təsirə seksual inkişaf və onun təbii quruluş mexanizmindən daha artıq əhəmiyyət vermişdim.40 Aydındır ki, körpənin seksual həyatını canlandırmaq üçün xarici təsirlərin şirnikləndirici təhriki zəruri şərt deyildir, çünki bu cür seksual canlanmanın yaranması, özlüyündə, daxili səbəblərin köməyi ilə mümkündür.
Çoxformalı sapma səciyyəli meyillər
Belə bir ibrətamiz hal mövcuddur ki, körpə şirnikləndirici təsirlərin sayəsində çoxformalı sapma səciyyəli meyillərə istiqamətlənə bilər və bununla da, onu çoxlu sayda mümkün sapmalara şirnikdirmək olar. Bu isə onu göstərir ki, onun yaradılışında buna meyillilik vardır; bu səbəbdən də, o, bu cür şirnikləndirməyə zəif müqavimət göstərir və ifrat seksual istəyə qarşı müqaviməti təşkil edən utancaqlıq, ikrah və əxlaq, uşağın yaşından asılı olaraq, hələ qabaqcıl mövqeyə çıxmamışdır, yaxud hələlik inkişaf mərhələsindədir. Körpə bu halda özünü orta səviyyəli və eyni ilə buna bənzər çoxformalı sapmalara meyilli, qeyri-mədəni qadın kimi aparır. Belə bir qadın adi şəraitdə normal seksual həyat yaşaya bilər, ancaq hansısa bacarıqlı bir şirnikləndiricinin təhriki ilə o, bütün sapmaların dadını çıxarır və özünün sonrakı seksual fəaliyyətində onlara can atır. Eyni ilə belə çoxformalı, yəni infantil seksual meyillikdən fahişə qadınlar da öz peşə fəaliyyətlərində istifadə edir, çoxlu sayda fahişəlik edən qadınların olduğunu, həmçinin fahişə olmasalar da, ona meyilli olan digərlərini də göz önünə gətirsək, onda nəticə etibarı ilə bütün bu sapmalarda hansısa bir ümumbəşəri və ilkin cəhətin olduğunu etiraf etməmək olmur.
Qismən ehtiraslanma
Şirniklənmənin təsiri cinsi istəyin ilkin vəziyyəti ilə bağlı şərtləri aydınlaşdırmağa kömək etmir, əksinə, onu anlamağımızda dolaşıqlıq yaradır, bunun səbəbi, körpəyə vaxtından qabaq, indilikdə onun seksual istəyinin ehtiyac duymadığı, seksual obyektin verilməsidir. Ancaq biz razılaşmalı oluruq ki, uşaq seksual həyatında erogen sahələrin hökmünə üstünlük verəndə, öncədən başqa şəxsləri seksual obyekt kimi nəzərdə tutan komponentlərin təzahürünə gəlib çıxır. Bu cür komponentlər, erogen sahələrdən bəlli asılılığı olan ehtiraslı baxışdan və özünü seksual obyekt kimi göstərməyə çalışmaqdan, həmçinin, sonradan cinsi həyatla sıx əlaqəyə girən amansızlıq hallarından ibarətdir. Kiçik yaşlı uşaq hər şeydən öncə utanmaq hissindən məhrumdur və müəyyən bir yaşa çatanda paltarını soyunaraq çılpaq bədənini, xüsusilə də cinsiyyət üzvlərini göstərməkdən birmənalı olaraq həzz almağa başlayır. Bunun əksi və cinsi sapma sayılan hal, yəni digər şəxslərin cinsi orqanlarına baxmağa maraq göstərmə meyilləri, çox güman, bir az yuxarı yaşlarda, utancaqlıq maneəsinin müəyyən qədər inkişaf etdiyi dövrə təsadüf edir. Şirnikləndirici təsirin sayəsində, cinsi sapmanın baxışlarda özünü göstərən təzahürü, körpənin seksual həyatında mühüm yer tuta bilər. Ancaq sağlam və əsəb xəstəsi olan uşaqlar arasında apardığım araşdırmalara əsasən deyə bilərəm ki, baxışlarda yaranan cəlb olunma halları uşaqlarda, kənar təsir olmadan, müstəqil seksual təzahür kimi də yarana bilir.
Diqqəti öz cinsi orqanına yönəlmiş balaca uşaqlar – bu, çox vaxt, masturbasiya səciyyəli diqqət olur, – adətən bu sahədəki sonrakı uğurlarını kənardan yardım almadan qazanırlar və öz yoldaşlarının cinsi orqanlarına böyük maraq göstərirlər. Belə bir marağı təmin etmək, çox vaxt, hər iki ifraz ehtiyacının ödənilməsi vaxtı mümkün olduğundan, bu cür uşaqlar güdükçü olur, başqalarının sidik və nəcis ifrazını böyük maraqla seyr edirlər. Utancaqlıq duyğusunun təşəkkülü ilə bağlı bu cür maraqlanmağa olan meylin sıxışdırılmasından sonra da, özü ilə eyni və ya əks cinsdən olan şəxslərin cinsi orqanlarına istiqamətlənmiş bu maraq qorunub saxlanır, ancaq bu vəziyyətdə o, əzab doğuran sarmaşma kimi bir sıra nevrotik halların simptomlarının yaranmasına səbəb olan güclü impuls qaynağına çevrilir.
Erogen sahələrdən adi vəziyyətə nisbətən daha artıq asılılıq olanda, uşağın seksual fəaliyyətinin inkişafı seksual istəyin amansızlıqla səciyyələnən komponentinin meydana çıxmasına gətirir. Ümumiyyətlə, uşaq xarakterinə amansızlıq xasdır, çünki istəyin gecikdirilməsi, ödənilməməsi kimi, başqaları tərəfindən törədilən ağrılara dözümlü yanaşmaq, yaxud onlara görə əzab çəkməyə qatlaşmaq kimi qabiliyyətlər uşaqlarda çox sonralar inkişaf edir. Bəlli olduğu kimi, bu istəyin əsaslı psixoloji təhlilini vermək indiyə kimi mümkün olmamışdır; biz güman edə bilərik ki, amansız psixoloji hərəkətlər istəyin ödənilməsi üçün çalışmaların uğursuzluğu ilə bağlıdır, bu uğursuzluğun səbəbi isə cinsi orqanların öz funksiyasını yerinə yetirməyə hazır olmadığı bir vaxtda seksual istəyin gerçəkləşmə tələbi ilə əlaqəlidir. Amansızlığın hökm sürdüyü seksual həyat mərhələsini biz sonradan pregenital cismani hal (cinsi orqanların öz funksiyalarını yerinə yetirməyədək inkişaf etmədiyi hal) adlandıracağıq. Heyvanlara və öz yaşıdlarına qarşı xüsusi amansızlığı ilə seçilən uşaqlar, haqlı olaraq, erogen sahələrlə bağlı olan intensiv və vaxtından öncə başlayan seksual fəaliyyətlə məşğul olmaqda şübhəli bilinir və vaxtından öncə başlayan yetkinlik hallarında seksual istəklərin hamısı erogen təbiətli olur, həmçinin seksuallıq burada ilkin şərt olaraq özünü göstərir. Mərhəmət duyğusu ilə əlaqəli olan çəkindiriciliyin olmaması çox təhlükəli bir vəziyyət yaradır, uşaqlıq çağında erogen sahələrlə əlaqəli olaraq yaranan amansız təbiətli istəklər, sonrakı həyat dövründə qalmaqda davam edir və sarsılmaz xarakter alır.
Yanbızların dərisinin qıcıqlanmalara qarşı ağrılı həssaslığının erogen (cinsi istək doğuran) təbiətli olub, amansızlığa qarşı passiv istəyə (mazoxizmə) yönəldiyi J.J.Russo zamanından üzübəri bütün tərbiyəçilərə bəllidir. Onlar bunu bildikləri üçün, cismani cəzaların çoxunun bədənin bu hissəsinə verilməsinin təhlükəli olduğunu və uşaqların sonrakı mədəni tərbiyəsi dövründə libidonun normal istiqamətdən sapmasına yol aça biləcəyini vurğulayırdılar.
İnfantil seksual araşdırmalar
Dərketmənin cazibəsi
Təqribən 3 yaşla 5 yaş arasındakı dövrdə, körpənin seksual həyatının ilkin çiçəklənməsi mərhələsində, onda dərketmənin yaratdığı cazibə və ya araşdırma istəyi fəaliyyətə başlayır. Dərketmənin cazibəsi (dərketmə ehtirası) istəyin elementar komponenti sayıla bilməz, o, istisnasız olaraq seksuallığa tabe olur. Dərketmə fəaliyyəti mənimsəmənin (yiyələnmək istəyinin) sublimasiyaya uğramış şəklidir, digər tərəfdən, o, cazibə enerjisi ilə gözyetirmə (Schaulust) adlandırdığımız işi görür. Ancaq onun seksual həyata münasibəti xüsusi əhəmiyyət kəsb edir, çünki psixoanalitik tədqiqatlardan öyrəndiyimizə görə, uşaqlarda yaranan dərketməyə yönəlik cazibə, təəccüblü dərəcədə erkən və gözlənilməz bir intensivliklə seksual problemlər üzərində dayanır, hətta ola bilsin, onların təsiri ilə oyanır.
Sfinks tapmacası5
Körpənin araşdırıcılıq fəaliyyətini nəzəri deyil, praktiki maraqları hərəkətə gətirir. Həyat şəraiti üçün yaranan təhlükə, özündən sonra yeni körpənin doğulması barədə məlumat və bununla bağlı diqqət mərkəzində olmaqdan çıxa biləcəyi, lazımi sevgi və qayğı görməyəcəyi qorxusu uşağı düşünməyə məcbur edir və onun hadisələrin dərinliyinə nüfuz etmək qabiliyyətini artırır. Onu məşğul edən birinci problem, özünün necə yaranması ilə bağlı olur, ancaq bu məsələ onun üçün cinsləri fərqləndirmək sualı olmayıb belə bir tapmaca ilə bağlıdır: körpələr haradan gəlir? Buradakı yanlışı, vaxtı ilə fivalı sfinksin verdiyi tapmacanın cavabı kimi, çox asanlıqla tapmaq mümkündür. İki müxtəlif cinsin mövcudluğu faktını körpə, öncə düşünmədən, ziddiyyətsiz bir hadisə kimi qəbul edir. Oğlan uşağı üçün tanıdığı bütün adamlarda eyni ilə özündəki kimi cinsi orqanın olduğunu düşünmək özlüyündə aydın bir məsələ kimi görünür və o, kimlərdəsə bu cür cinsi orqanların ola bilməməsi fikrini təsəvvürünə belə gətirmir. Oğlan uşağı bu etiqadında möhkəm dayanır, müşahidələri nəticəsində yaranan etirazlara qarşı inadla dirənir və yalnız çox ağır daxili mübarizə nəticəsində (axtalanmaq kompleksi) bu fikrindən imtina edir. Qadınlarda “penisin itirilməsi” faktının yaratdığı yeni təsəvvür müxtəlif növlü cinsi sapmaların formalaşmasında böyük rol oynayır.41
Axtalanmaq kompleksi və penisə həsəd aparmaq
Bütün insanlarda özündəki kimi kişi cinsi orqanının mövcudluğunu düşünmək, infantil seksual nəzəriyyənin ilkin olaraq gəldiyi ən görkəmli və vacib nəticələrindəndir. Uşağın bu cür düşünməsinə təsiri olmasa da, biologiya elmi onun fərziyyəsini doğruldur və qadın klitorunda penisin əvəzedicisini təqdim edir. Azyaşlı qız uşağı oğlan uşağının cinsi orqanının fərqli quruluşda olduğunu öyrənəndə, onun kimi inkarçılığın hökmü altına düşmür. O, bütün bunları o andaca qəbul edir və onda penisə həsəd aparmaq duyğusu baş qaldırır, bu isə oğlan olmağı arzu etməyə qədər böyüyən bir nəticə verir.
Doğuş nəzəriyyəsi
İnsanların çoxu, cinsi yetkinlik dövrünə qədəm qoymağa başladığı vaxtlarda, uşaqların necə yaranması ilə bağlı sualla intensiv şəkildə maraqlandığını bütün aydınlığı ilə xatırlayır. Bu dövrdə uşaqlar məsələnin anatomik həllinin müxtəlif variantlarını “tapırlar”: körpələr döşlərdən doğulur, onları qarnı yarıb çıxarırlar, yaxud göbək açılıb onları bayıra buraxır. Bununla bağlı erkən uşaqlıqda aparılan araşdırmaları çox az adam xatırlayır, onlar barədə xatirələr, bəlli yaş həddində sıxışdırılaraq şüuraltına qovulmuşdur Sonradan, uşaqların oxuduğu nağıllar öyrədirdi ki, uşaq doğmaq üçün nə isə xüsusi bir şey yeyir, sonra onu bağırsaqların vasitəsi ilə arxa dəlikdən dünyaya gətirirlər. Doğuş haqqındakı bu uşaq nəzəriyyələri heyvanat aləmindəki mexanizmləri xatırladır, misal üçün, inkişafca məməlilərdən aşağıda dayanan kloakalı heyvanları göstərmək olar (kloakalı heyvanlarda, misal üçün, toyuqlarda, balıqlarda olduğu kimi, bütün ifrazat və cinsi funksiyalar, bədəndə olan yalnız bir dəliyin vasitəsi ilə gerçəkləşir - tərcüməçinin qeydi).
Seksual münasibətin sadistcəsinə anlaşılması
Əgər azyaşlı uşaq böyüklər arasındakı seksual münasibətin şahidi olursa, o, bundan heç bir seksual məna çıxara bilmir, bu yaşdakı uşaqlar cinsi əlaqəni yalnız necəsə döymə, yaxud zorakılıq kimi, başqa sözlə, sadistlik anlamında başa düşür. Psixoanaliz öyrənməyə imkan verir ki, erkən uşaqlıqdakı belə təəssürat sonradan seksual məqsədin müəyyənləşməsi prosesində sadistik xüsusiyyətlər aşılayır. Daha sonra, cinsi münasibətin nədən ibarət olduğu, yaxud evliliyin nə demək olması problemləri uşaqları çox məşğul edir və onlar çox halda bu tapmacanın cavabını, sidik və nəcis ifrazında ifadə olunan eyniləşmədə tapırlar.
Uşaq seksual araşdırmalarının tipik uğursuzluğu
Uşaq seksual nəzəriyyələri haqqında ümumi şəkildə demək olar ki, onlar uşağın məxsusi seksual cismani quruluşunun inikasıdır və əcaib yanlışlıqlarına baxmayaraq, valideynlərinin gözləntilərinə rəğmən seksual prosesləri bir çox cəhətdən yaxşı anlayırlar. Həmçinin, uşaqlar analarının hamiləliyini duymağı və onu düzgün yozmağı bacarırlar; leyləklərin uşaq gətirməsi nağılını dinləyən uşaqlar, çox vaxt, danışılanlara dərin, ancaq dilə gətirilməyən bir şübhə ilə yanaşırlar. Ancaq hər halda, uşaq seksual araşdırmaları üçün iki element naməlum qalır, bunlar: dölün yaranmasında iştirak edən toxumun rolu və qadınlarda cinsiyyət dəliyinin mövcudluğu məsələsidir – yəni məhz infantil inkişafın gedişində lazımi həddə çatmayan keyfiyyətlər nəzərə alına bilmir, – infantil araşdırmalar nəticə etibarı ilə səmərəsiz olur və sonrakı axtarışlardan imtina edilməsi ilə başa çatır. Bu isə öz növbəsində, çox hallarda, ümumi dərketmə prosesinin zəifləməsinə səbəb olur. Erkən uşaqlıq dövründəki bu seksual araşdırmalar, həmişə, təkbaşına aparılır; bu, dünyada istiqamətlənmə üçün ilk addım hesab oluna bilər və körpənin indiyədək tamamilə etibar etdiyi ətrafdakı şəxslərə böyük dərəcədə etimadsızlığı və yadlaşması ilə müşayiət olunur.
Seksual təşəkkülün inkişaf mərhələləri
İndiyədək biz seksual təşəkkülün xarakterik əlamətlərindən belə cəhətlərə diqqət yetirdik: o, mahiyyətcə autoerotikdir (obyektini öz bədənində tapır) və ümumilikdə, bir-biri ilə əlaqəsi və asılılığı olmayan qismən ehtiraslanma halları vasitəsilə həzz almağa can atır. İnkişaf, yaşlıların normal seksual həyatı adlanan, həzz alınmasının nəslin davam etməsi funksiyasına xidmət etdiyi hadisə ilə tamamlanır və kənar obyektlə seksual məqsədin əldə edilməsi üçün fəaliyyət göstərən qismən ehtiraslanmalar, erogen sahələrin başlıca rol aldığı yeganə mexanizmi təşkil edir.
Pregenital quruluşlar
Psixoanalizin köməyi ilə bu inkişaf prosesindəki gecikmə və pozuntuların öyrənilməsi, seksual rejimi təşkil edən qismən ehtiraslanma halının rüşeymini və ilkin pillələrini öyrənmək imkanı yaradır. Seksual quruluşun bu mərhələləri, özü barədə yalnız eyhamlarla bilik verməklə, normal və rəvan bir axıcılıqla davam edir. Yalnız patoloji hallarda onların fəaliyyəti nəzərə çarpacaq şəkil alır və ən sadə müşahidə üçün də əlçatan olur.
Genital sahələrin özünəməxsus xüsusiyyətlərini sonadək qazanmadığı seksual həyat quruluşunu biz, pregenital hal adlandıracağıq. İndiyədək belə quruluşlardan ikisini öyrənmişdik və onlar ilkin heyvanlıq dövrünə qayıdış təəssüratı yaradır.
Bu cür birinci pregenital seksual quruluş, oral (ağız vasitəsilə), yaxud istəsəniz, kannibal (yamyam üsulu) adlandıra biləcəyiniz haldır. Burada seksual fəaliyyət hələ qida qəbulundan ayrılmayıb, bu ehtirasda baxılan iki hal arasındakı ziddiyyət şaxələnməyə (diferensiallaşmaya) gəlib çatmamış vəziyyətdədir. Belə ki, bir fəaliyyətin obyekti, eyni zamanda, digərinin də obyektidir, seksual məqsəd obyektin udulmasından ibarətdir, bu isə, eyniləşmənin sonradan oynayacağı mühüm psixoloji rolun prototipidir. Bu uydurma, sarmaşan patologiyanın qalığını yuxarıda söz açdığımız əmməklə bağlı mərhələdə görmək mümkündür, burada qida qəbulundan ayrılmış seksual fəaliyyət, öz bədənində tapdığı obyekt naminə, kənar seksual obyektdən imtina edir.
İkinci pregenital mərhələ sadistik-anal quruluşdan ibarətdir. Burada artıq bütün seksual həyatı əhatə edən ziddiyyət inkişaf etmişdir, ancaq o, hələ kişi və qadın anlayışları ilə çağırıla bilməyib, aktiv və passiv kimi adlanmalıdır. Burada aktivlik ehtiras vasitəsi ilə bədən əzələlərinin gərginləşməsindən ibarətdir, bağırsağın arxa dəliyə çıxışındakı erogen təbiətli selikli qişa isə özünü passiv seksual orqan kimi aparır; hər iki istəyin obyekti olsa da, ancaq onlar əslinə uyğun deyildir. Bununla yanaşı, digər qismən ehtiraslanmalar öz fəaliyyətini autoerotik şəkildə büruzə verir. Bu cür hadisələr, artıq, seksual qütbləşmənin və kənar obyektin varlığını sübuta yetirir. Ancaq bu hadisələrdə hələ nəslin davamına xidmət edən seksual quruluş və funksiya mövcud deyildir.
Ambivalentlik6
Bu forma artıq bütün ömür boyu qala bilər və seksual fəaliyyətin əhəmiyyətli hissəsini özünə bağlaya bilər. Sadizmə xas cəhətlər və anal sahəyə aid olan kloakanın rol oynaması, ona parlaq arxaik xarakter verir. Onun digər əlaməti, hər iki qarşılıqlı əks olan ehtirasın bir cüt olaraq birləşməsi və demək olar ki, eyni dərəcədə inkişafıdır; belə münasibətlər Bleulerin uğurla ifadə etdiyi, ambivalentlik anlayışı ilə ifadə olunur.
Seksual həyatın pregenital quruluşları barədə fərziyyələr nevrozun analizlərinə əsaslanır və bu analizlər olmadan çətin ki, onları anlamaq mümkün olardı. Hesab edə bilərik ki, bu istiqamətdəki analitik fəaliyyət normal seksual fəaliyyətin quruluşunu öyrənməkdə daha çox məlumat almağa kömək edəcəkdir.
İnfantil seksual həyatın mənzərəsini tamamlamaq üçün zəruri olaraq bunu da əlavə etmək lazımdır ki, çox vaxt və ya həmişə, artıq uşaqlıq yaşlarında, yetkinlik yaşı üçün xarakterik olan seksual obyekt seçimi baş verir, məhz bu vaxtdan başlayaraq öz məqsədinə çatmaq istəyən seksual meyillər bir şəxsə qarşı yönəlir. Bu isə, yetkinlik yaşından sonra meydana gələn seksual həyatın yekun formasına uşaqlıq yaşında mümkün olan ən böyük yaxınlaşmadır. Burada fərq bundan ibarətdir ki, qismən ehtiraslanmaların birləşməsi və onların başlıca genital sahəyə tabe olması uşaqlıqda natamam və ya başa çatmamış halda olur. Seksual quruluşun dəf etdiyi sonuncu mərhələ bu başlıca cəhətin nəsil artımına xidmət etməsinə başlamasından ibarətdir.
Obyektin iki müddət ərzində seçilməsi araşdırma metodları, birlikdə, kifayət qədər etibarlı biliklər qazanmağa gətirib çıxarır.
Burada, obyekt seçiminin iki müddət ərzində, iki təkanın sayəsində seçilməsini tipik hesab etmək olar. Birinci təkan iki və beş yaşlar arasında başlayır, latentlik dövründə dayanır və ya hətta geriləyir; o, öz seksual məqsədinə görə infantil təbiətli olur. İkinci təkan cinsi yetkinlik yaşına çatanda başlayır və seksual həyatın sonuncu formasını şərtləndirir.
Obyekt seçiminin iki müddət ərzində olması faktının, mahiyyətcə latentlik dövrünün fəaliyyətinə gətirib çıxarması, məhz seksual həyatın sonuncu formasında baş verə biləcək pozğunluqların təşəkkülündə çox mühüm rol oynayır. Obyektin infantil seçiminin nəticəsi həyatın çox sonrakı dövrlərində öz ifadəsini tapır; onlar ya olduğu kimi saxlanılır, yaxud cinsi yetkinliyin başlanması ilə canlanırlar. Bu da bəllidir ki, baxılan iki mərhələ arasındakı fasilədə baş verən sıxışdırılmanın inkişafından mərhələnin təmsilçilərinin istifadəsi mümkün deyildir. Onların seksual məqsədlərində kiçilmə baş vermişdir və indi bizim seksual həyatın incə axını adlandıra biləcəyimiz durumdadır. Yalnız psixoanalitik araşdırmalar sübut etmək gücündədir ki, bu incəliyin, heyranlığın və hörmətin arxasında köhnə, indi yararsız olan infantil qismən ehtiraslanmanın canatmaları dayanır. Cinsi yetkinliyin başladığı mərhələdə infantil obyekt seçimindən imtina edilməsi və yenidən, hisslərdən ibarət axına başlamaq zərurəti yaranır. Hər iki axının üst-üstə düşməməsi çox vaxt, seksual həyatın ideallarından birini, bütün istəkləri bir obyektdə birləşdirməyi əlçatmaz edir.
İnfantil seksuallığın mənbələri
Seksual ehtirasın mənşəyini öyrənmək arzusu ilə biz indiyədək, seksual həyəcanın aşağıdakı hallarda yarandığını müəyyənləşdirə bilmişik: a) digər üzvi proseslərdə yaşanan təcrübə ilə əlaqəli olan məmnuniyyət hissinin təkrar yaşanması; b) periferik (ətraf) sahələrin qıcıqlanması sayəsində yaranan ehtiras; c) tumarlama və ya amansızlıq etmə kimi istəklərlə bağlı, mənşəyi bizə bəlli olmayan istəklərlə əlaqəli hisslərin ifadəsi.
Çox sonrakı dövrdən uşaqlıq çağına qayıdan və eyni zamanda, körpələr üzərində aparılan müşahidələr, psixoanalitik araşdırmalar, birlikdə bizə seksual həyəcanlanmanın digər daimi mənbələrini göstərir. Uşaqlar üzərində aparılan müşahidənin araşdırılan obyekti asanlıqla yanlış anlamaq kimi bir çatışmazlığı vardır; psixoanalitik araşdırmalar, öz obyektlərinə və onlara uyğun nəticələrə, yalnız uzun və dolayı yollarla gəldiyi üçün müəyyən çətinliklərlə üzləşir; ancaq böyüklər və uşaqlar üzərində aparılan
Erogen sahələri araşdırarkən, biz artıq müəyyən etmişdik ki, dərinin bu cür sahələri, ümumilikdə bütün dəri səthinə xas olan, özünəməxsus qıcıqları ilə seçilir. Bu səbəbdən də, dərinin ümumi qıcıqlanmasının bir sıra növlərini, çox aydın əks olunan erogen fəaliyyət kimi qeydə almağımız təəccüb doğurmamalıdır. Bunların arasında, dərinin temperaturla bağlı qıcıqlanmalarını xüsusi ilə qeyd edəcəyik; ola bilsin bununla, isti vanna qəbulunun terapevtik təsirini də anlaya biləcəyik.
Mexaniki həyəcanlanma
Biz burada, daha sonra, bədənin seksual həyəcan doğura biləcək ritmik mexaniki hərəkətlərinə diqqət yetirməliyik və burada zəruri olaraq üç növ qıcıqlanmanı fərqləndirmək vacibdir: vestibülyar sinirlərin hissiyyat aparatı, dəri və bədənin dərin qatları (əzələ və oynaq aparatları). Xüsusi ilə qeyd etmək lazımdır ki, baxılan halda hiss edilən həzlərlə əlaqədar danışanda, “seksual həyəcanlanma” və “məmnunluq” anlayışlarından eyni dərəcədə istifadə edə bilərik; bu isə bizim öhdəmizə bunu izah etmək kimi bir öhdəlik qoyur. Mexaniki ritmik hərəkətlərin və ya yırğalanmaların həzz doğurmasının sübutu belə bir faktla aşkara çıxır ki, uşaqlar yellənmək, atılıb-tutulmaq kimi, passiv oyun-hərəkətliliyini çox sevir və onların fasiləsiz olaraq təkrarlanmasını tələb edirlər.42 Bəlli olduğu kimi, narahatlıq yaşayan uşağı ovutmaq üçün onu yırğalayırlar. Hansısa bir xovun içində yumalanmaq və dəmir yolu ilə səyahət zamanı baş verən silkələnmələr, daha yaşlı uşaqlarda güclü məmnunluq duyğusu yaradır və ən azından, uşaqların hamısı, nə vaxtsa, böyüyəndə fayton sürücüsü və ya konduktor olmağı arzulayır. Dəmir yolunda baş verənlərə, onlar adətən, güclü və sirli bir maraq göstərirlər və gördükləri hadisələrin hamısı onların fantaziyalarının gücləndiyi (cinsi yetkinliyin təzahüründən az öncə) vaxta düşməklə, sırf seksual simvolların nüvəsini təşkil edir. Dəmir yolu ilə gedişi seksuallıqla əlaqələndirmək zərurəti, görünür, hərəkət zamanı əmməklə bağlı hadisəyə bənzər halın yaranmasına görədir. Əgər buraya sıxışdırılma hadisəsini və onun bir çox şeyləri özünün əksinə çevirməsini əlavə etsək, onda uşaqların hörmət və sevgi ilə yanaşdığı bu hal, elə həmin uşaqların gənc və yaşlı vaxtlarında xoşagəlməz hadisəyə çevrilir, bu səyahət zamanı baş verən silkələnmələr ürəkbulanmasına, güclü yorğunluğa səbəb olur, yaxud səyahət zamanı qorxu hissinə qapılma baş verir və nəticədə, dəmir yolu ilə səyahətə qarşı yaranan daimi və əzablı qorxu hissi bu cür adamları belə səyahətlərdən çəkinməyə sövq edir.
Buraya, qorxu ilə mexaniki silkələnmənin üst-üstə düşməsindən isteriyaya bənzər ağır travmatik nevrozun yaranması kimi anlaşılmaz bir fakt da birləşir. Ən azından, belə hesab etmək mümkündür ki, seksual həyəcanlanmanın kiçik intensivlikli mənbəyi olan bu cür təsirlər böyük miqdarda olanda seksual mexanizmdə dərin sarsıntılara səbəb olur.
Əzələ sisteminin işi
Uşağın böyük əzələ fəallığı ilə bağlı hərəkətlərə tələbatının olduğu bəllidir, bu tələbatın ödənilməsi ilə o, qeyri-adi həzz alır. Bu həzzin seksuallıqla hansısa ümumi cəhətinin olmasını, hətta, onda hansısa seksual məmnunluğun mövcudluğunu, yaxud seksual həyəcanlanmaya səbəb olduğunu demək, güclü etiraz doğura bilər; bu cür etiraz elə bundan öncə deyilən, passiv hərəkətlərdən duyulan həzzin seksual xarakterli olması və ya seksual həyəcan doğurması ilə bağlı fikirlərə qarşı da səslənmişdi. Ancaq çoxları belə bir danılmaz faktı qeyd edir ki, cinsi orqanlarındakı ilk oyanış əlamətlərini, yoldaşları ilə güləşəndə və ya savaşanda duymuşlar; bu vəziyyətdə, ümumi əzələ gərginliyindən başqa, həm də, hər iki tərəfin dərilərinin bir-biri ilə təması da təsir göstərir. Kiminləsə əzələ gücündən istifadə etməklə mübarizəyə atılmaq, daha sonrakı dövrlərdəki sözləşmə kimi (“Kim kimi sevir, onu cırnatmağa can atır”) bu şəxsə qarşı istiqamətlənmiş obyekt seçiminin əlamətidir. Əzələ fəaliyyətinin seksual coşqunluq yaratmasını sadistik ehtirasların köklərindən biri kimi görmək mümkündür. Fərdlərin çoxu üçün savaşla seksual coşma arasındakı infantil əlaqə, onların seksual ehtiraslarının seçilməsində həlledici məqamı əks etdirir.43
Emosional proseslər
Uşaqların digər seksual həyəcanlandırma mənbələri daha az şübhə doğurur. Birbaşa müşahidələrin və sonrakı dövrə aid araşdırmaların köməyi ilə asanlıqla müəyyən etmək mümkündür ki, bütün intensiv emosional proseslər, hətta qorxudan yaranan həyəcan da seksuallığa ötürülür və beləliklə də, psixoloji fəaliyyətə təsir edən patogen (xəstəliktörədici) halları anlamağa yardımçı olur. Şagirdin imtahan qarşısında duyduğu qorxu, çətin həll edilən məsələ ilə bağlı gərginliyi, seksual təzahürün baş qaldırmasına və onun məktəbə münasibətinə mühüm təsir göstərə bilər. Belə ki, bu cür hallarda, çox vaxt, cinsiyyət üzvünə toxunmağa məcbur edən qıcıqlandırıcı hisslər yaranır, yaxud bütün sarsıdıcı cəhətləri ilə, emissiyaya (qeyri-ixtiyari sperma ifrazı) bənzər proses meydana gəlir. Davranışları müəllimlər üçün müəmmalı olan şagirdlərin doğulmaqda olan seksuallığına diqqət yetirməyə dəyər. Özlüyündə xoşagəlməz olan çoxlu emosiyalar seksual həyəcan doğurur: qorxaqlıq, dəhşət, ürpənmək kimi hallar, adamların çoxunda yetkin yaşlarında da qalmaqda davam edir və nə üçün bunca çoxlu adamların bu cür duyğuları yaşamaq üçün uyğun hallar axtardığını izah edir; bu cür duyğulardan yalnız qarabasmalar, oxumaq və teatrla bağlı olanları xoşagəlməz duyğuların ciddiliyini azaldır.
Əgər qəbul etsək ki, intensiv ağrıdıcı hisslər də erogen təsirlidir, xüsusən də, əgər ağrı hansısa təsadüfi halla toxtadılmış və ya kənarlaşdırılmışsa, onda bu vəziyyət tədricən anlamaqda olduğumuz çoxtərəfli və mürəkkəb tərkibli sadistik-mazoxistik ehtirasların başlıca kökünü tapmağa kömək edə bilər.
İntellektual fəaliyyət
Nəhayət, asanlıqla görmək olar ki, bütün diqqətini intellektual fəaliyyətə yönəltmək və ümumiyyətlə, əqli gərginlik gənclərin və yaşlı adamların çoxunda seksual həyəcanlanma ilə nəticələnir və bu da, “əqli yorğunluq” deyilən əsəb xəstəliklərinin yanlış izahından qaçmaq üçün yeganə əsas sayılmalıdır.
Əgər biz, uşaq seksual həyəcanlarının mənbəyinə əhatəli şəkildə göz yetirsək, bu cür yarımçıq, tamamlanmamış və yalnız cizgiləri bəlli olan nümunələrə əsasən belə bir ümumiləşdirməni duya və ya öyrənə bilərik: görünür, mahiyyəti bizim üçün çox müəmmalı olan seksual oyanış və həyəcanlanma prosesinin işə düşməsi üçün hər bir şeyə yer verilmişdir. Bunun üçün, az, ya çox dərəcədə birbaşa şəkildə, hissiyyatın yarandığı müstəvilər – dəri və duyğu orqanları və ən birbaşa şəkildə isə, dərinin erogen sahələr adlanmağı haqq edən bəlli hissələrinin qıcıqlanmaları öz rolunu oynayır. Seksual həyəcanlanmanın bu mənbələrində qıcıqlanmanın keyfiyyəti həlledici əhəmiyyət daşıyır, ancaq bununla yanaşı olaraq, intensivlik məqamları (ağrı hissi doğuran) da kifayət qədər mühümdür. Bundan başqa, orqanizmdə elə mexanizmlər mövcuddur ki, çoxlu sayda daxili proseslərin intensivliyi kəmiyyətcə bəlli sərhədləri aşanda, onların yan təsiri kimi, seksual həyəcanlanmalar yaranır. Bizim qismən seksual ehtiraslanma adlandırdığımız hallar, ya birbaşa bu seksual həyəcanlanma yaradan daxili mənbələrdən törəyir, yaxud da bu daxili mənbələrlə erogen sahələrin birgə fəaliyyəti ilə bağlı olur. Ola bilsin, orqanizmdə az, ya çox dərəcədə mühüm olan elə bir hadisə yoxdur ki, onun komponentləri seksual ehtirasın oyanışına təkan verməmiş olsun.
İndiki vaxtda bu ümumi vəziyyətə tam aydınlıq və yəqinlik gətirməyi mümkün hesab etmirəm və problemin məsuliyyətini iki səbəblə əlaqələndirirəm: bunlardan birincisi, baxılan məsələdə düşüncə tərzinin tamamilə yenilənməsi, ikincisi, seksual həyəcanlanmanın mahiyyətinin bizə tamamilə qaranlıq qalması ilə bağlıdır. Ancaq mən, qarşımızda uzaq üfüqlər açmağı vəd edən iki qeydimi bildirməkdən imtina etmək də istəmirəm.
A) Müxtəlif seksual quruluşlar
Bundan öncə, anadangəlmə seksual quruluşların müxtəlifliyini (çoxçeşidli olmasını) erogen sahələrin inkişafındakı fərqlərlə əsaslandırmağı mümkün hesab etdiyimiz kimi, həmin qaydanı burada da tətbiq edərək, buna həm də, cinsi həyəcanlanmanın birbaşa mənbələrini də əlavə edə bilərik. Biz belə bir fikri doğru hesab edə bilərik ki, bu mənbələrin bütün insanlar üçün əhəmiyyətli olmasına baxmayaraq, onlar heç də bütün insanlarda eyni dərəcədə güclü deyil və seksual oyanışın ayrı- ayrı mənbələrinin üstünlük verdiyi inkişaf istiqamətləri sonradan müxtəlif seksual quruluşların şaxələnməsinə gətirib çıxarır.44
B) Qarşılıqlı təsir yolları
Uzun müddətdən bəri istifadə etdiyimiz fikrimizi obrazlı ifadə etmək tərzini saxlayaraq, seksual həyəcanlanma “mənbələri” barədə danışanda, belə bir fərziyyə irəli sürə bilərik ki, başqa funksiyalardan seksuallığa aparan bütün birləşdirici yollarla əks istiqamətdə gediş də mümkün olmalıdır. Əgər, misal üçün, hər iki funksiyaya görə ümumi olan dodaq sahəsi, qida qəbulu zamanı seksual məmnunluq hissi doğurursa, onda bununla, qida qəbulunda yaranan pozulmanı, bu ümumi sahədəki erogen funksiyanın pozulması ilə izah etmək olar. Əgər bizə, diqqətin cəmləşdirilməsinin seksual həyəcanlanma yarada bilməsi məlumdursa, onda bu hal belə bir fikri aşılayır ki, bunun əksi istiqamətindəki yol da açıq olmalıdır, yəni, seksual həyəcanlanma diqqətin nə üzərindəsə cəmlənməsinə təsir edir. Nevrozların – mənim seksual proseslərin pozulması kimi izah etdiyim simptomları, seksual-cismani olmayan digər pozulmalarla ifadə olunur və əgər bu hala seksual həyəcanlanmaya göstərilən təsirlərə paralel olaraq baxsaq, onda bu təsirin anlaşılmazlığı daha az müəmmalı görünməyə başlayır.
Ancaq seksual pozuntuların digər cismani funksiyalara keçdiyi yol, sağlam orqanizm üçün də vacib xidmət göstərməlidir. Onda hökmən ondan keçən seksual güc digər seksual olmayan məqsədə yönəlməlidir, yəni seksuallığın sublimasiyası baş verməlidir. Sonda yalnız bunu etiraf etmək qalır ki, söz açdığımız, hər iki istiqamətdəki keçidin mümkün olması və varlığı şübhə doğurmayan bu yollar haqqında əlimizdə çox az mötəbər məlumatlar vardır.
5 Yunan mifologiyasına görə, qadın başlı, şir bədənli qorxunc məxluq olan Sfinks, Tifon və Exidnanın övladıdır. Fiva çarı Layın gənc Harisipplə pozğunluğa qurşanmasından qəzəblənən Hera Sfinksi Fivanı cəzalandırmağa göndərir. Şəhər yaxınlığındakı dağda (başqa bir versiyaya görə, şəhər meydanında) məskən salan sfinks, qarşılaşdığı hər bir fivalıya belə bir tapmaca deyir: “Hansı canlı səhərlər dörd ayağı, gündüzlər iki ayağı, gecələr üç ayağı üstə gəzir?” Bu tapmacanı Sfinksə muzalar öyrətmişdi. Sfinks, tapmacaya düzgün cavab verməyənləri öldürür, sonra yeyirdi. Beləliklə də, o Fivanın çoxlu sayda tanınmış, varlı adamlarını, o cümlədən Fivanın o vaxtkı hakimi Kreontun bir oğlunu məhv etmişdi. Şəhəri qorxunc Sfinksin bəlasından qurtarmaq üçün kral Kreont elan etmişdi ki, kim Sfinksin tapmacasının cavabını tapıb onu məhv etsə, bacısı İokastanı və Fiva taxt-tacını ona bağışlayacaqdır. Bu tapmacanın cavabını Edip tapmış, Sfinksin soruşduğu canlının insan olduğunu demişdi. Bu cavabı eşidən Sfinks çarəsizlikdən uçuruma tullanaraq məhv olmuşdu. İokastanın öz anası olduğunu bilməyən Edip isə onunla evlənmişdi (tərcüməçinin qeydi). 6 Ambivalentlik – eyni bir obyektə ikili və eyni zamanda bir-birinə zidd olan münasibət bəslənməsinə deyilir (tərcüməçinin qeydi).