Tomas Mannın 60 illik yubileyinə

Əziz Tomas Mann!

60-cı ad gününüz üçün səmimi sevgi salamını xoş qarşılayın! Dostluqla qarşılayın! Mən sizin ən köhnə oxucularınızdan və heyranlarınızdan biriyəm, belə bir münasibətlə adət edildiyi kimi sizə çox uzun və xoşbəxt bir ömür arzulaya bilərdim. Amma mən bundan çəkinirəm, arzu etmək ucuzdur və mənə düşüncələrin sehrli qüdrətinə inanılan dövrə geri dönüş kimi görünür. Həm də öz təcrübəmdən bilirəm ki, mərhəmətli tale ömrümüzün müddətini vaxtında məhdudlaşdırsa, bu yaxşıdır.

Bundan əlavə, belə təntənəli bir münasibətlə nəvazişin hörməti üstələməsini, təbrik olunanı insan kimi tərifə qərq edib sənətçi kimi analiz və tənqid edərək dinləməyə məcbur etməyi təqlid olunmağa layiq saymıram. Mən bu təkəbbürdə günahkar olmaq istəmirəm. Amma özümə başqa bir şeyə icazə verə bilərəm: Saysız-hesabsız çağdaşlarınızın adından, — şairin sözləri də əməldir — heç vaxt qorxaq və alçaq bir şey etməyəcəyiniz və ya deməyəcəyiniz barədə inancımızı ifadə etməyə icazə verin; mühakiməni çaşdıran zamanlarda və vəziyyətlərdə də doğru yolla gedəcəksiniz və onu başqalarına da göstərəcəksiniz. Ürəkdən sizə bağlı Freyd, 1935-ci ilin iyunu.