II. Simptomun yaranmasının əsasları
Simptomun yaranmasının əsas cizgiləri çoxdan öyrənilib və — güman ki, etiraz yer qoymayan şəkildə — ifadə edilib. Simptom baş tutmamış instinkt təminatının əlaməti və əvəzedicisidir, sıxışdırma prosesinin nəticəsidir. Sıxışdırma Məndən çıxır — Mən, bəzən Super-Eqonun tapşırığı ilə, «O»da oyadılmış instinkt yükləməsinə qoşulmaq istəmir. Sıxışdırma sayəsində Mən nail oluram ki, xoşa gəlməyən meylin daşıyıcısı olan təsəvvür şüurlaşmadan saxlanılsın. Analiz tez-tez sübut edir: o, qeyri-şüurlu formasiya kimi saxlanılıb. Bunacan hər şey aydındır, lakin az sonra həll olunmamış çətinliklər başlayır.
Sıxışdırma prosesi haqqında indiyə qədərki təsvirlərimiz şüurdan uzaq tutulmanın uğurunu qətiyyən vurğulayırdı, lakin başqa məqamlarda şübhələri açıq buraxırdı. Sual yaranır: «O»da aktivləşdirilmiş instinkt
impulsunun taleyi nədir? Cavab dolayı idi — sıxışdırma prosesi ilə gözlənilən qənanə həzzi hoşnutsuzluğa çevrilir; və insan problemin qarşısında qalırdı: həvəs qənanəsinin nəticəsi necə hoşnutsuzluq ola bilər. Biz vəziyyətin aydınlaşacağına ümid edirik, əgər dəqiq müddəa qoyaq: «O»da nəzərdə tutulan həyacan gedişi sıxışdırma nəticəsində ümumiyyətlə baş tutmur — Mən onu üstələməkdə ya yayındırmaqda müvəffəq olur. Onda sıxışdırmada «affektin çevrilməsi» bilməcəyi düşür. Lakin bununla biz Mənə güzəştə gedərək etiraf etmiş oluruq ki, o, «O»nun proseslərinə bu qədər geniş təsir göstərə bilir — və öyrənməliyik ki, bu gözlənilməz qüvvə göstərməyi ona hansı yolla mümkün olur.
Məncə, bu təsir Mənə onun qavrama sistemi ilə sıx münasibətləri sayəsində düşür — münasibətlər, hansı ki, onun mahiyyətini təşkil edib və «O»dan fərqlənməsinin əsasına çevrilib. W-Bw. adlandırdığımız bu sistemin funksiyası şüur fenomeni ilə bağlıdır; o, həyacanları təkcə xaricdən yox, daxildən də qəbul edir və oradan ona çatan həzz-hoşnutsuzluq hissləri vasitəsilə ruhi həyatın bütün gedişlərini həzz prinsipinə uyğun olaraq yönəltməyə çalışır. Məni «O»ya qarşı aciz təsəvvür etmək bizə çox xoş gəlir, lakin o, «O»dakı həvəs prosesinə qarşı çıxanda yalnız bir hoşnutsuzluq siqnalı verməsi kifayətdir ki, niyyətinə demək olar, hər şeyə qadir həzz prinsipi instansiyasının dəstəyi ilə nail olsun. Bu situasiyaya bir anlıq təcrid şəklində baxsaq, başqa sahədən bir nümunə ilə illüstrasiya edə bilərik. Bir dövlətdə müəyyən qruplaşma belə bir tədbirə qarşı çıxsın — hansının qəbulu kütlənin meyllərinə uyğun gələrdi. Bu azlıq sonra mətbuatı əlinə alır, onun vasitəsilə suveren «ictimai rəy»i formalaşdırır və beləcə nail olur ki, nəzərdə tutulan qərar alınmasın.
Bu cavaba başqa suallar da qoşulur. Hoşnutsuzluq siqnalının yaradılmasına sərf olunan enerji haradan gəlir? Burada bizə yol göstərən fikir budur: daxildəki arzuolunmaz prosesin müdafiəsi xarici qıcığa qarşı müdafiənin nümunəsi ilə gedir — Mən daxili təhlükəyə qarşı da xarici təhlükəyə qarşı olduğu kimi eyni müdafiə yolunu tutur. Xarici təhlükədə orqanik varlıq qaçış cəhdinə əl atır: əvvəlcə yükləməni təhlükənin qavranmasından geri çəkir; sonra daha səmərəli vasitəni tanıyır — belə əzələ hərəkətləri aparmaq ki, təhlükənin qavranması — onun rədd edilməməsinə baxmayaraq — mümkün olmasın, yəni təhlükənin təsir dairəsindən çıxmaq. Sıxışdırma da belə bir qaçış cəhdinə bərabərdir. Mən (qabaqşüurlu) yükləməni sıxışdırılacaq instinkt təmsilçisindən geri çəkir və onu hoşnutsuzluğun (təlaşın) doğulmasına sərf edir. Sıxışdırmada təlaşın necə doğulması problemi sadə olmayan bir problem ola bilər; hər halda Mənin özünün əsl təlaş ocağı olması fikrinə sadiq qalmaq hüququmuz var və əvvəlki təsəvvürü rədd etmək hüququmuz var ki, sıxışdırılmış meylin yükləmə enerjisi avtomatik olaraq təlaşa çevrilmir. Əgər bir zamanlar belə ifadə olunmuşdumsa, fenomenoloji təsvir verirdim, metapsixoloji təqdimat yox.
Deyilənlərdən yeni sual doğulur: iqtisadi cəhətdən necə mümkündür ki, qabaqşüurlu Mən yükləməsinin geri çəkilməsindəki kimi sadə bir geri çəkilmə və boşalma prosesi hoşnutsuzluq ya da təlaş yarada bilsin — hansı ki, bizim gümanlarımıza görə yalnız artan yükləmənin nəticəsi ola bilər. Cavab verirəm: bu səbəbiyyət iqtisadi cəhətdən izah edilməməlidir; sıxışdırmada təlaş yenidən yaradılmır, affekt halı kimi mövcud xatirə obrazına uyğun reproduksiya olunur. Bu təlaşın mənşəyi sualı ilə — affektlərin ümumiyyətlə mənşəyi kimi — biz artıq mübahisəsiz psixoloji zəmindən çıxır və fiziologiyanın sərhəd vilayətinə ayaq basırıq. Affekt halları ruhi həyata çox qədim travmatik təcrübələrin çöküntüləri kimi yedizdirilib və oxşar situasiyalarda xatirə simvolları kimi oyadılır. Məncə, onları gec və fərdi qazanılmış isterik tutmalara bərabər tutmağım və onların normal nümunələri saymağım səhv deyildi. İnsanda və ona qohum canlılarda doğum aktı ilk fərdi təlaş təcrübəsi kimi təlaş affektinin ifadəsinə səciyyəvi cizgilər güman ki, vermişdir. Lakin bu əlaqəni şişirtməməli və onu qəbul edərkən gözdən qaçmamaq lazımdır: affekt simvolu təhlükə situasiyası üçün bioloji zərurətdir və hər halda yaradılacaqdı. Hər təlaş partlayışında ruhi həyatda doğum situasiyasının reproduksiyasına bərabər bir şeyin baş verməsini fərz etməyi də haqsız hesab edirəm. Hətta əminlik yoxdur ki, isterik tutmalar — əvvəllər belə travmatik reproduksiyalar olanlar — bu xarakteri daim saxlayırlar.
Başqa yerdə qeyd etmişdim ki, terapevtik işdə qarşılaşdığımız sıxışdırmaların əksəriyyəti sonradan sıxışdırma hallarıdır. Onlar əvvəllər baş vermiş ilkin sıxışdırmaların olmasını zəruri sayırlar; bu ilkin sıxışdırmalar yeni vəziyyətə cəlbedici təsir göstərir. Sıxışdırmanın bu fonları və ön mərhələləri haqqında hələ çox az şey bəllidir. Sıxışdırma prosesində Üst MƏN-in rolunu həddindən artıq qiymətləndirmək təhlükəsi yaranır. İndi dəyərləndirmək mümkün deyil, bəlkə də Üst MƏN-in görünməsi ilkin sıxışdırma ilə sonradan sıxışdırmanın arasında sərhəd yaradır. İlk — çox intensiv — qorxu tutmaları hər halda Üst MƏN-in differensiasiyasından əvvəl baş verir. Tam inandırıcıdır ki, kəmiyyət məqamları — həyacanın ifrat gücü və qıcıqdan qorunmanın dağılması — ilkin sıxışdırmaların ən yaxın səbəbləridir.
Qıcıqdan qorunma haqqında bəhs edilməsi bizə sanki açar söz kimi işarə verir ki, sıxışdırmalar iki fərqli situasiyada meydana gəlir — xoşa gəlməyən instinkt impulsu xarici qavrama ilə oyadılanda və belə təxrik olmadan daxildən yarananda. Bu fərqə sonra qayıdacağıq. Qıcıqdan qorunma isə yalnız xarici qıcığa qarşı vardır, daxili instinkt tələblərinə qarşı yox.
Mənin qaçış cəhdini öyrəndiyimiz müddətdə simptomun yaranmasından uzaq qalırıq. Simptom sıxışdırma ilə zədələnmiş həvəs impulsundan doğulur. Əgər Mən xoşagəlməz siqnalına müraciət etməklə niyyətinə nail olsa və həvəs impulsunu tamamilə əzməyə müvəffəq olsa, bunun necə baş verdiyini öyrənmirik. Biz yalnız az-çox alınmamış sıxışdırmalar adlandırıla bilən hallardan öyrənirik.
Onda bu, ümumiyyətlə belə təzahür edir ki, instinktiv impuls sıxışdırmaya baxmayaraq əvəzedici tapıb, lakin bu əvəzedici güclü şəkildə zəifləmiş, sürüşmüş, əngəllənmişdir. O, doyma kimi də tanınmaz olur. Yerinə yetiriləndə heç bir həzz hissi doğulmur — bunun əvəzinə, bu icraat məcburiyyət xarakteri almışdır. Lakin doyma gedişinin simptoma bu dərəcədə aşağılanmasında sıxışdırma qüvvəsini başqa bir nöqtədə də göstərir. Əvəzedici proses mümkün olan yerdə motorika vasitəsilə boşalmadan uzaq saxlanılır; bunun alınmadığı yerdə isə öz bədənindəki dəyişikliklər ilə bitməyə məcburdur və xarici dünyaya keçməyə haqqı yoxdur; ona hərəkətə çevrilmək qadağandır. Başa düşürük ki, sıxışdırmada Mən xarici reallığın təsiri altında işləyir və ona görə əvəzedici prosesin uğurunu bu reallıqdan ayırır.
Mən şüura girişə və xarici aləmə qarşı fəaliyyətə keçidə nəzarət edir; sıxışdırmada qüvvəsini hər iki istiqamətdə göstərir. İnstinktin təmsilçisi onun güc təzahürünün bir tərəfini, instinktiv hərəkatın özü isə digər tərəfini duyur. Burada sual vermək yerinə düşər: Mənin bu qüdrətinin tanınması bizim «Mən və O» tədqiqatında eyni Mənin mövqeyi haqqında verdiyimiz təsvirlə necə uzlaşır?