Üçüncü nəşrə ön söz

Bu kitabın birinci nəşrilə ikincisi arasında doqquz il məsafə olmasına baxmayaraq, üçüncüsünə ehtiyac yaranması üçün bir ildən bir qədər çox çəkdi. Əgər oxucularımın əvvəlki dövrdə göstərdikləri etinasızlığı əsərimin yararsız olduğunun isbatı saymasaydım, bu dəyişikliyə sevinərdim. Çünki ona qarşı sonradan yaranan maraq kitabın müsbət keyfiyyətlərə malik olmasını sübut etmirdi.

Elmi təfəkkürün inkişafı «Yuxuların yozumu»nu kənarda qoymamışdı. 1899-cu ildə mən bu kitabı yazanda «seksual nəzəriyyə» hələ mövcud deyildi, psixonevrozların mürəkkəb formalarının analizi isə yenicə doğulmuşdu. Yuxuların yozumu nevrozların analizini həyata keçirmək üçün köməkçi vasitə rolunu oynamalıydı. Sonuncuların dərindən öyrənilməsi öz növbəsində yuxuların yozumuna da təsir göstərməyə başladı. Sonuncunun öyrənilməsi bu kitabın birinci nəşrində yetərincə aydın müəyyən olunmamış yolla aparıldı. Şəxsi təcrübəm, V. Ştekelin və digərlərinin əsərləri sayəsində yuxulardakı (ya da, daha doğrusu, qeyri-şüuri təfəkkürdəki) simvolik mənaların həcmini və mahiyyətini düzgün qiymətləndirməyi öyrəndim.

Beləliklə, bu illər ərzində özünə xüsusi diqqət tələb edən xeyli şey toplandı. Mən mətndəki qeydlərin və çoxsaylı haşiyələrin köməyinə müraciət edərək bunların hamısından istifadə etməyə çalışdım. Əgər bu əlavələr bəzi yerlərdə mövzudan kənara çıxırsa, yaxud ilkin mətni hər yerdə bizim bugünkü baxışlarımız səviyyəsinə qaldırmaq mümkün olmayıbsa, kitabın bu qüsurlarına dözümlü yanaşmanızı xahiş edirəm; onlar yalnız bizim biliklərimizin sürətli inkişaf tempinin nəticələridir. Bundan başqa, «Yuxuların yozumu»nun sonrakı nəşrlərinin hansı istiqamətlərə meyillənəcəyini öncədən qeyd edirəm – təbii ki, əgər həmin meyillərə zərurət duyulsa. Onlar poeziyanın, mifin, dilin və xalq məişətinin zəngin materialına yaxınlaşacaq, digər tərəfdən, yuxugörmələrin nevrozlar və psixi pozuntularla əlaqəsinə indikindən daha ətraflı toxunacaq.

Otto Rank2 mənə material toplamaqda olduqca qiymətli xidmətlər göstərdi və çap vərəqlərini özü korrektə etdi, ona və digər zəhməti keçənlərə dərin təşəkkürümü bildirirəm.

Vyana, 1911-ci ilin yazı

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.