III. Yuxugörmə – arzuların gerçəkləşməsidir
Dar cığırdan keçərək, qəflətən hər tərəfə yol olduğu yüksəkliyə qalxmaq qarşıda həm də gözəl mənzərə açır, bir dəqiqəlik dayanıb hara getmək barədə düşünmək olar. Yuxugörməni ilk dəfə yozduqdan sonra biz həmin yolayrıcındayıq. Gözlənilməz həqiqətin aydınlığı bizi heyrətləndirir. Yuxugörmə naşı adamın deyil, hansısa kənar qüvvənin əlinin toxunduğu musiqi alətinin qeyri-düzgün çalğısına bənzəyir; o, mənasız deyil, absurd deyil, o, ruhumuzun bir hissəsinin yatdığını, başqa bir hissəsinin isə oyandığını güman etmir. Yuxugörmə mükəmməl bir psixi haldır. O, arzunun gerçəkləşməsidir37. O, ayıq həyatın bizə aydın olan ruhi təzahürlərinin ümumi zəncirinə daxil edilə bilər. O, son dərəcə mürəkkəb intellektual fəaliyyətin köməyilə qurulur. Ancaq biz bu həqiqəti dərk edən kimi, dərhal bir çox suallar qarşısında dayanırıq. Əgər yuxugörmə öz yozumuna görə arzuların gerçəkləşməsidirsə, onda arzuların büründüyü bu qəribə və əcaib forma haradan qaynaqlanır? Ayıqlıqda xatırladığımız yuxugörmədə şəklini dəyişən fikirlər hansı dəyişikliklərə məruz qalır? Yuxugörmədə hazırlanan material haradan gəlir?
Məsələn, bizim qeyd etdiyimiz kimi bir-birinə zidd fikirlərin xüsusiyyətləri haradan qaynaqlanır?
Yuxugörmə bizə psixi təəssüratlarımızla bağlı yeni nəsə öyrədə, onun məzmunu bizim qənaət və baxışlarımıza hansısa düzəlişlər edə bilərmi? Hələlik bütün bu sualları kənara qoyub, başqa yolla getməyi zəruri hesab edirəm. Biz yuxugörmənin arzunu gerçəkləşmiş formada həyata keçirdiyini gördük. Bunun bütün yuxugörmələrə, yoxsa təsadüfən analizimizi başladığımız təkcə birinin məzmununa aid xarakterik cizgi olub-olmadığını öyrənmək bizim yaxın maraqlarımıza daxildir.
Çünki hətta biz hər bir yuxugörmənin öz mənası və öz psixi dəyəri olduğuna inansaq belə, bu mənanın hər cür yuxugörmədə eyni olmadığını güman etməliyik. İlk yuxugörməmiz arzunun gerçəkləşməsi idi, ikincisi, bəlkə də, əndişəmizin reallaşması, üçüncüsü öz məzmunu etibarilə refleks olacaq, dördüncüsü sadəcə hansısa xatirəni və sair əks etdirəcək. Ümumiyyətlə, arzunun gerçəkləşməsi məzmununda olmayan yuxugörmə də olurmu?
Yuxugörmələr çox vaxt arzuların gerçəkləşməsi baxımından elə aydın xarakterdə olur ki, onun dilinin bu vaxta qədər anlaşılmaz qaldığına təəccüb edirsən kimi düşünmək asandır.
Misalçün, mən istənilən vaxt müəyyən yuxunu görməyimi qabaqcadan təşkil edə bilərəm. Əgər axşamdan sardelka və ya başqa bir duzlu yemək yesəm, gecə susayır və ayılıram. Ancaq oyanmazdan əvvəl daim eyni məzmunlu yuxu görürəm: görürəm ki, birnəfəsə su içirəm; bu mənə susuzluqdan yanan hər kəs kimi ləzzət verir. Sonra oyanıram və doğrudan da möhkəm su içmək istəyirəm. Belə bir daimi yuxugörmənin səbəbi oyandıqdan sonra hiss etdiyim yanğıdır. Su içmək arzusu da bundan doğur və yuxugörmə həmin arzunu gerçəkləşmiş şəkildə təqdim edir.
Bu zaman yuxugörmə bir az aşağıda söyləyəcəyim funksiyanı yerinə yetirir. Yuxum yaxşıdır; yanğımı yuxuma girən şey, yəni guya içdiyim suyla söndürməyə nail olduqda qətiyyən oyanmıram. Beləliklə, bu yuxugörmə rahatlıq haqqındadır. Yuxugörmə mənim həyatda etməli olduğumu yuxuda edir. Təəssüf ki, yuxugörmə eynilə mənim həmkarım Ottoya və doktor M.-ə qarşı qarşı olan intiqamım kimi, suya olan tələbatı da ödəyə bilməz; ancaq arzu hər ikisində eynidir. Bu yaxınlarda həmin yuxugörmə bir qədər şəklini dəyişdi. Yatmazdan qabaq susadığım üçün yatağımın yanındakı balaca stolun üstündəki bir stəkan suyu içdim. Bir neçə saatdan sonra yenə su içmək istədim və özümü narahat hiss etdim. Su içmək üçün ayağa qalxıb arvadımın yatağının yanındakı balaca stolun üstündəki stəkanı götürmək lazım idi. Buna uyğun olaraq yuxuda gördüm ki, arvadım mənə böyük bir qabda su verir; bu qab tanışlarımdan birinin hədiyyə etdiyi və İtaliyadan gətirdiyim köhnə etrusk urnasıdır. Onun içindəki su mənə elə duzlu gəldi ki (çox güman ki, urnadakı külə görəydi), yuxudan ayıldım. Yuxugörmənin hansı rahatlığı yaratdığı buradan məlum olur: onun yeganə məqsədi arzunu həyata keçirmək olduğundan tamamilə eqoist olması mümkündür. Rahatlığa məhəbbətlə altruizm (öz mənafeyini unudub başqalarının qeydinə qalma, başqalarına təmənnasız yardım etməyə hazır olma) bir araya sığmır. Urnanın varlığı, böyük ehtimalla yenə arzunun gerçəkləşməsidir. Həmin urnanın məndə olmamasına təəssüf edirəm, ancaq buna baxmayaraq, stəkandakı su arvadımın yanındadır. Eyni zamanda urna məni oyanmağa məcbur edən duzlu dad hissinə dəqiq uyğun gəlir. Yanğıyla bağlı yuxugörmə Beyhandtın da diqqətini cəlb edib, o bu haqda deyir (s. II): «Yanğı hissini hamı çox dəqiq qavrayır, o daim bu tələbatın ödənilməsi barədə təsəvvür yaradır. Yuxugörmənin təqdim etdiyi susuzluq yatırma üsulları müxtəlifdir və onun arxasında gizlənən xatirələrdən asılıdır.
Adətən susuzluğun yatırılmasından sonra xəyali yatırmanın cüzi effekti ilə müşayiət olunan ümidsizlik yaranır». Lakin o, yuxugörmənin qıcıqlanmaya qarşı ümumi məcburi xarakterli reaksiyasını göstərmir. Gecələr susuzluq hiss edən bəzi insanların yuxu görmədən ayılması bizim fikirlərə zidd deyil, bu həmin adamların yuxusunun dərin olmadığını sübut edir.
Rahatlıqla bağlı bu yuxuları mən cavanlıqda çox tez-tez görürdüm. Gecədən xeyli keçənədək işləməyə adət etdiyimdən vaxtında oyanmağa çətinlik çəkirdim. Tez-tez yuxuda görürdüm ki, artıq qalxıb, əlüzyuyanın qarşısında dayanmışam. Bir neçə saniyədən sonra yatağımda uzandığımı dərk etsəm də, yatmağa davam edirdim. Mənim kimi yatmağı sevən həmkarlarımdan biri mənə xüsusilə müdrik formada meydana çıxan belə bir yuxugörmə haqqında danışmışdı. Xəstəxanaya yaxın yerdə yerləşən qaldığı evin sahibəsinə hər səhər onu oyatmaq haqqında ciddi əmr veribmiş, ancaq qadın onu oyadanadək xeyli əziyyət çəkməli olurmuş. Bir səhər o yenə bərk yatıbmış: sahibə qapını döyərək deyib: «Oyanın, cənab Pepi, xəstəxanaya getməlisiniz». O dərhal yuxusunda xəstəxanadakı otağı, uzandığı çarpayını və baş tərəfindəki «Pepi Q… tibb namizədi, 22 yaş» yazılmış lövhəni görür və yuxudaca düşünür: «bir halda ki, xəstəxanadayam, demək, mənə ora getmək lazım deyil», – və üzünü çevirib yatmağa davam edir. Bu zaman o öz yuxusunun motivini açıq-aşkar etiraf edir.
Başqa bir yuxugörmədə qıcıqlanma öz fəaliyyətini yenə də yuxuda həyata keçirir: çənəsindən kifayət qədər uğursuz bir əməliyyata məruz qalmış qadın pasiyentlərimdən biri həkimin tapşırığıyla ağrıyan yanağının üzərində daim soyuducu aparat qoymalı idi. Yatarkən adətən onu çıxarıb kənara atırmış. Bir dəfə buna görə məndən onu danlamağı xahiş etdilər; buna baxmayaraq, qadın aparatı yenə döşəməyə atır və özünə haqq qazandırırdı: «Bu dəfə günah məndə deyil; bu, bu gecə gördüyüm yuxunun nəticəsidir. Gördüm ki, operada lojada oturub, maraqla tamaşaya baxıram. Ancaq sanatoriyada yatan cənab Karl Meyer başının ağrısından bərk zarıyırdı. Mən öz-özümə dedim ki, artıq heç yerim ağrımır və aparat mənə lazım deyil. Ona görə də onu atdım». Zavallı əzabkeş qadının bu yuxusu narahat vəziyyətdə olan insanın ağzından çıxan yalvarış kimi səslənir: mən böyük həzz almaq istərdim. Yuxugörmə həmin böyük həzzi təsvir edir. Qadının öz ağrılarını yüklədiyi cənab Karl Meyer onun xatırlaya biləcəyi ən uzaq tanışlarından idi.
Arzuların gerçəkləşməsini sağlam adamların mənə danışdığı bir sıra başqa yuxugörmələrdə də tapmaq mümkündür. Mənim yuxugörmələr nəzəriyyəmlə tanış olan və bu barədə arvadına danışan bir həmkarım bir dəfə mənə dedi: «Bilirsən, dünən arvadım yuxuda görüb ki, aybaşı olub. Maraqlıdır, sən bu yuxunu necə yozardın?» Bu çox asandır: əgər gənc qadın yuxuda aybaşı olduğunu görürsə, demək, həqiqətdə bu baş vermir. Mən bilirəm ki, o ilk dəfə ana olanadək öz azadlığından istifadə etmək istəyir. Bu onun ilk hamiləlik əlamətlərini göstərmək üçün əlverişli üsul olub. Başqa bir həmkarım mənə yazır ki, onun arvadı bu yaxınlarda yuxuda köynəyində süd ləkələri olduğunu görüb. Bu da hamiləlik əlamətidir, ancaq ilk yox; gənc ana südünün ikinci uşağı üçün birincidən daha çox olmasını arzu edir.
Yoluxucu xəstəlikdən əziyyət çəkən uşağına baxan və bu səbəbdən bütün cəmiyyətdən tamamilə təcrid olan bir gənc qadın yuxuda xəstəliyin xoşbəxt sonunun A.Dodenin, Burjenin, M.Drevonun iştirak etdiyi məclisdə qeyd etdiyini, onların ona qarşı çox nəzakətli olduqlarını və çox gözəl vaxt keçirdiklərini görüb. Drevo istisna olmaqla yazıçılar yuxuda qadının gördüyü portretlərinə çox oxşayırlarmış. Qadın Drevonun portretini görməyibmiş, o dünən xəstənin otağını dezinfeksiya edən və uzun zamandan sonra onların evinə ilk dəfə gələn adamı xatırladırmış. Bu yuxunu bütövlükdə belə yozmaq olar: artıq bir qədər əylənməyin vaxtıdır, bu qədər qayğı və əzab-əziyyət yetər!
Öz məzmununu maskalanmamış şəkildə büruzə verən yuxugörmələrin arzuların gerçəkləşməsini tez-tez və bütün mümkün şəraitlərdə son dərəcə parlaq ifadə etdiyini göstərmək üçün bu misallar, bəlkə də, kifayət edir38. Bunlar əsas etibarilə qısa və sadə yuxulardır, tədqiqatçıların diqqətini daha çox çəkən dolaşıq və uzun yuxulardan kəskin şəkildə fərqlənir. Lakin belə qısa yuxular bir qədər ətraflı baxış tələb edir. Daha sadə yuxuları, yəqin ki, uşaqlar görməlidirlər, çünki onların psixi fəaliyyəti böyüklərə nisbətən daha az mürəkkəbdir.
İbtidai heyvanların quruluşunun və inkişafının öyrənilməsi ali strukturlu heyvanların tədqiq olunmasında mühüm rol oynadığı kimi, fikrimcə, uşaq psixologiyası da böyüklərin psixologiyasının öyrənilməsi baxımından önəmlidir. Lakin təəssüflər olsun ki, hələ də uşaq psixologiyasından bu mənada yetərincə istifadə olunmayıb.
Kiçik uşaqların yuxuları arzuların gerçəkləşməsini olduqca sıx-sıx ifadə edir, ona görə də, böyüklərin yuxularının əksinə, demək olar ki, tamamilə maraqsızdır. Onlarda heç bir çətin çözülən müəmma olmur, lakin yuxugörmənin öz mahiyyəti etibarilə arzuların gerçəkləşməsini ifadə etməsi baxımından dəlil olaraq son dərəcə qiymətlidir. Burada öz uşaqlarımın gördüyü bir neçə yuxunu misal gətirəcəyəm.
Gözəl Hallştatdakı gəzintiyə (1896-cı ilin yayında) iki yuxugörməylə borcluyam; onlardan birini səkkizyaşlı qızım, digərini beşyaşlı oğlum görüb. Qabaqcadan qeyd etməliyəm ki, həmin yayı biz Auszedə yaşamışdıq, orada hava yaxşı olanda Dahşteynə gözəl mənzərə açılırdı.
Müşahidə borusu ilə Simonihütte də yaxşı görünürdü. Uşaqlar müşahidə borusu ilə tez-tez ora baxırdılar; ancaq nə qədər yaxşı gördüklərini deyə bilmərəm. Gəzintidən əvvəl uşaqlara danışdım ki, Hallştat Dahşteynin ətəklərində yerləşir. Onlar gəzintiyə çox sevindilər. Biz Hallştatdan Eşerntala keçdik, bura öz gözəl və dəyişkən mənzərələrilə uşaqları heyran etdi. Təkcə beşyaşlı oğlum birdən şıltaqlıq etməyə başladı; yeni bir dağa rast gələn kimi o dərhal soruşurdu: «Bu Dahşteyndir?» Mən cavab verməyə məcbur olurdum: «Yox». O bu sualı bir neçə dəfə təkrarladıqdan sonra narazı halda susdu. Şəlalənin yanına getmək belə istəmədi. Elə bildim ki, yorulub. Ertəsi gün o yanıma gəlib çöhrəsi işıq saçaraq dedi: «Gecə yuxuda gördüm ki, Simonihüttedə olmuşam». Mən onu başa düşdüm: o, Hallştata gedərkən uşaqların haqqında çox eşitdikləri dağı görəcəyinə ümid edirmiş. Sonradan dağları görməyəcəyini, kiçik bir təpə və şəlaləylə kifayətlənəcəyini anlayanda ümidsizləşib. Buna görə yuxusu onu mükafatlandırmışdı.
Mən yuxugörmənin təfərrüatlarını soruşmağa başladım. Ancaq o mənə çox az şey danışdı. Onun eşitdiyinə görə, «ora altı saat yol getmək lazımdır».
Həmin gəzinti zamanı səkkizyaşlı qızımda doğan arzu da, sonradan gördüyü yuxu da gerçəkləşdi. Biz qonşumuzun 12 yaşlı oğlunu da özümüzlə Hallştata aparmışdıq, mənə elə gəlir ki, o, əsl cəngavər kimi balaca qızın rəğbətini qazanmışdı. Ertəsi gün səhər o mənə bu yuxunu danışdı: «Təsəvvür edirsən, yuxuda görürəm ki, Emil mənim qardaşımdır, o sizə «ata» və «ana»
deyir və böyük otaqda bizimlə birlikdə yatır. Qəflətən anam otağa girdi və bizimçün yorğanın altına bir ovuc göy və yaşıl kağızlı şokoladlı konfet atdı». Onun yuxu yozmağı atalarından miras almayan qardaşları yuxugörməni eynilə bizim müəlliflər kimi izah ediblər: mənasız yuxudur.
Ancaq qızım heç olmasa yuxugörmənin bir hissəsini müdafiə edib, bunun hansı hissə olduğunu bilmək nevroz nəzəriyyəsi üçün də maraqlı olacaq: «Emil ilə bağlı görülənlər boş şey ola bilər, amma konfetlər yox!» Sonuncu mənim özümə də anlaşılmaz göründü. Ancaq arvadım bu barədə izahat verdi. Vağzaldan evə qayıdarkən uşaqlar avtomatın qarşısında dayanıb, analarından xahiş ediblər ki, şokolad götürmək üçün ora xırda pul atsın. Lakin arvadım dedi ki, həmin gün arzuların gerçəkləşməsi baxımından yetərincə zəngin olub və bu arzunu da yuxuya ötürüb. Mən bu səhnəyə diqqət etmədim. Yuxugörmənin qızımın özünün belə rədd etdiyi hissəsini şərhsiz-filansız başa düşdüm. Balaca Emilin yolda uşaqlara atanı və ananı gözləmək lazım olduğunu dediyini özüm eşitmişdim. Bizim ailəyə bu müvəqqəti aidiyyəti qızımın yuxusu uzun müddətə övladlığa götürməyə çevirmişdi. Şokoladlı konfetlərin niyə yorğanın altına atıldığını uşağı sorğu-suala tutmadan izah etmək, əlbəttə, mümkün deyildi.
Oğlumun gördüyü yuxuya bənzər bir yuxunu bir dostumdan eşitmişəm. Onun səkkiz yaşlı bir qızı var. Ata bir neçə uşaqla Rorerhütteni ziyarət etmək məqsədilə Doriblərə gəzintiyə çıxır; ancaq gec qaldıqlarından məqsədlərinə çata bilmirlər və o, uşaqlara ora gələn dəfə gedəcəklərini vəd edir. Geri qaydarkən onlar Qamoya yolu göstərən verst dirəyinin yanından keçiblər. Uşaqlar dərhal Qamoya getmək istəyiblər, ancaq ata bu gəzintini sabaha qədər təxirə salıb. Ertəsi gün səhər səkkizyaşlı qız atasına danışıb: «Ata, gecə yuxuda gördüm ki, sən bizimlə Rorerhüttedə və
Qamoda olmusan». Beləliklə, onun səbirsizliyi atasının vədini yerinə yetirməsini yuxuda qabaqcadan sezib.
Bu cür birbaşa və başqa bir yuxunu o zaman üçyaşlı qızım Auszenin gözəl mənzərəsinin təsirilə görüb. Qızım suyla ilk dəfə səyahət etdiyindən səfər ona çox qısa görünmüşdü. Biz sahilə yan alanda o, qayıqdan düşmək istəməyərək acı-acı ağladı. Səhərisi günü dedi: «Bu gecə göldə gəzmişəm». Ümid edək ki, bu səfərin davamı yuxuda onu daha çox məmnun edib.
O vaxt səkkiz yaşı olan böyük oğlum yuxuda öz fantaziyalarının reallaşdığını görüb. O, Axill ilə birlikdə onun Diamedin idarə etdiyi arabasında gəzmişdi. Bir gün əvvəl o, böyük bacısının hədiyyə etdiyi kitabı oxumuş və yunan mifologiyasına valeh olmuşdu39.
Əgər uşaqların yuxudan duran kimi danışdıqlarının gördükləri yuxuya aid olması məsələsində mənimlə razılaşsaq, onda ilk olaraq topladığım yuxugörmələrdən birini danışa bilərəm. Bir dəfə səhər-səhər 19 aylıq kiçik qızımda ürəkbulanması başladı, ona görə də, həmin gün onu aclıq pəhrizində saxladıq. Aclıq keçirdiyi günün gecəsi onun həyəcanla qışqırdığını eşitdik: Anna Freyd, moruq, çiyələk, qayğanaq, kisel. O, evə daxil olduğunu bildirmək üçün öz adını çəkmişdi; yemək siyahısına, təbii ki, onun yemək istədikləri daxildir; iki variasiyada adı çəkilən giləmeyvələr evdəki sanitar polisinin əleyhinə olan nümayişdir və dayənin onun naxoşlamasını çoxlu moruq yeməsiylə bağlı əhəmiyyətsiz faktla əlaqələndirməsinə əsaslanır; ona heç cür sərf etməyən bu reaksiyaya görə yuxuda qisas alır. Az müddətdən sonra 70 yaşlı nənə də nəvəsinin gördüyü yuxunu təkrar gördü. Böyrəyinin verdiyi ağrılara görə yarımac keçirməyə məcbur olduğu bir gündən sonra yuxuda görür ki (aydın məsələdir ki, bu zaman o sağlam qızlıq illərinə qayıdıb), nahara və səhər yeməyinə «dəvət olunub» və onu hər dəfə ən yaxşı yeməklərə qonaq edirlər. Əgər bizi uşaqlığımızı seksual ehtiraslardan xəbərsiz olduğuna görə alqışlayırıqsa, onda onun yuxugörmələri üçün hansı zəngin ümidsizlik qaynaqlarının, məhrumiyyətlərin, eyni zamanda vadaredici səbəblərin digər mühüm həyati tələbatlar olduğunu unutmamalıyıq.
Uşaqların ruhi həyatının daha ətraflı öyrənilməsi bizə göstərir ki, seksual element uşağın da psixi fəaliyyətində kifayət qədər böyük rol oynayır, lakin yetərincə diqqət mərkəzində deyil: bu bizi müəyyən dərəcədə uşaqlığın qayğısız sevinclərindən şübhələnməyə məcbur edir, adətən biz böyüklər bu barədə tez-tez həyəcanla danışırıq. (Mənim «Cinsi həvəs nəzəriyyəsi haqqında üç məqalə»mə baxın. Rusca tərcüməsinə Psixologiya və psixoanalitik kitabxanasının VII buraxılışında baxın. Moskva, Qosizdat, 1924. Freydin bu işi eyni zamanda «Qeyri-şüurinin psixologiyası» məcmuəsində də təkrar dərc olunmuşdur. Moskva, Prosveşenie, 1990.) 22 aylıq bacım oğlu məni doğum günüm münasibətilə təbrik etmək və bu münasibətlə bu ilin nübarı olan bir səbət albalı hədiyyə etməliydi. Bu vəzifə, deyəsən, ona çətin gəlirmiş, çünki durmadan təkrarlayırmış: «Burada albalılar var». Onu səbəti əlindən buraxmağa məcbur etmək mümkün deyilmiş. Ancaq o hər halda bunun acığını çıxa bilib. O vaxtdan hər səhər anasına danışırmış ki, yuxusunda «ağ əsgər», haçansa küçədə rastlaşdığı qvardiya zabitini görür. Mənə ad günümdə hədiyyə bağışlamasının ertəsi günü o yuxudan məmnun halda oyanaraq deyib: «He(r)man bütün albalıları yedi». Qeyd etmək lazımdır ki, balaca uşaqlarda bəzən olduqca mürəkkəb və o qədər də şəffaf olmayan yuxular müşahidə olunur, digər tərəfdən sadə infantil xarakterli yuxugörmələrə tez-tez böyüklərdə də rast gəlinir. Dörd-beş yaşlı uşaqların yuxularının gözlənilməz materialla nə qədər zəngin olmasına dair misallar mənim «Beş yaşlı oğlanın fobiyalarının analizi» əsərimdə (rusca tərcüməsinə bax: Psixoterapevtik kitabxana, IX buraxılış, Moskva, «Nauka» nəşr., 1913) və Yunqun «Uşaq ruhunun konfliktləri» əsərində (rusca tərcüməsinə bax: Psixoterapevtik kitabxana, XI buraxılış, Moskva, Qosizdat, nəşr tarixi göstərilməyib) var. Uşaq yuxularının analitik yozumu ilə eyni zamanda Huq-Helmutun, Putnamanın, Raaltenin, Şpilreynin, Tauskun, həmçinin Banşierinin, Buzemannın, Doqlianın və xüsusilə də onların arzuları gerçəkləşdirmə tendensiyasını qeyd edən Viqamanın əsərlərində tanış ola bilərsiniz. Digər tərəfdən, böyüklərdə infantil tipli yuxulara xüsusilə o vaxt rast gəlinir ki, onlar qeyri-adi həyat şəraitinə malik olurlar. Belə ki, Otto Nordskeld özünün «Antarktika»
kitabında bütün qışı keçirdiyi ekipaj gəmisi haqqında yazır (I c. s. 366); «Fikirlərimizi istiqamətləndirmək üçün yuxularımız son dərəcə xarakterik idi, onlar o vaxtkı asanlıqları və çoxsaylı olmalarıyla heç vaxt bu qədər seçilməyib. Hətta çox nadir hallarda yuxu görən yoldaşlarımız belə hər səhər gördüyümüz yuxuların təəssüratlarını bölüşəndə uzun əhvalatlar danışırdılar. Bu əhvalatlar hamısı bizim ayrıldığımız dünyaya aid idi, ancaq tez-tez hazırkı həyatımıza da uyğun gəlirdi. Yoldaşlarımızdan birinin gördüyü son dərəcə xarakterik yuxulardan biri beləydi ki, guya o, məktəb skamyasında oturub xüsusi olaraq tədris üçün nəzərdə tutulmuş balaca suitilərdən birinin dərisini soyur. Ancaq yuxularımızın əksəriyyəti çox vaxt yemək və içmək ətrafında fırlanırdı. Bizlərdən biri xəyalən bütün gecəni böyük bir məclisdə süfrə ətrafında keçirmişdi və səhər tezdən «üç xörəkdən ibarət nahar etməsini» böyük sevinclə danışırdı; başqa biri çoxlu tütün, üçüncüsü bütün yelkənlərini qaldırıb sürətlə üzən gəmi görmüşdü. Daha bir yuxunu xatırlatmaq da yerinə düşər: poçtalyon gəlib niyə uzun müddətdir məktub olmamasının səbəbini izah edir, çünki o, məktubları yanlış ünvana verib və sonradan çətinliklə geri ala bilib.
Ən qeyri-adi şeylərin yuxumuza girməsi tamamilə təbiidir, ancaq mənim və yoldaşlarımın hamısının, demək olar ki, bütün yuxularımızda fantaziyanın kasadlığı müsbət mənada nəzərə çarpır. Bu yuxuların hamısını psixoloji baxımdan qeydə almaq çox maraqlı olardı. Ancaq hər birimizin ürəkdən arzuladığı şeyi verən yuxunun niyə bu qədər istənilən olduğunu asanlıqla anlamaq olar». Daha bir sitatı Nyu Dreldən gətirirəm (s. 231): «Afrikaya səyahət edərkən susuzluqdan əziyyət çəkən Munqo Park yuxuda bol sulu vadi və vətəninin çəmənliklərini görür.
Eyni şəkildə Maqdeburqun ulduzlu istehkamlarında aclıqdan əziyyət çəkən Trenk bol yemək-içməklə əhatə olunduğunu, Franklinin ilk ekspedisiyasının iştirakçısı Georq Bak isə dəhşətli məhrumiyyətlər nəticəsində acından ölmək təhlükəsilə üz-üzə qalanda daim fasiləsiz olaraq çoxlu yemək görüb».
Heyvanların yuxuda nə gördüklərini bilmirəm40. Dinləyicilərimdən birinin diqqət yetirdiyi alman zərb-məsəli bu mənada, görünür, məndən daha məlumatlıdır, çünki «Qazlar yuxuda nə görür?» sualına belə cavab verib: «Qarğıdalı» (Mais). Ferensinin sitat gətirdiyi bir macar atalar sözü «donuzların yuxuda palıd qozası, qazların isə qarğıdalı gördüyünü» daha geniş təsdiq edir.
Bir Avropa atalar sözündə deyilir: «Toyuq, sadəcə, yuxu görür» (Sam-mlung jud. Sprichw. u.
Redensarten, herausg. v. Bernstein, 2 Aufl., S. 1160, Nr. 7) . Yuxugörmənin arzu ifadəçisi olmasını təsdiq edən bütün nəzəriyyə bu iki cümlədə əks olunub. Mənə qədər heç bir müəllifin yuxugörməni arzuların yerinə yetməsilə əlaqələndirməməsi fikrindən çox uzağam (Növbəti fəslin ilk sətirlərinə bax). Bu məsələyə diqqət yetirənlər antik dövrdə I Ptolomeyin zamanında yaşayan həkim Herofilə istinad edə bilərdilər; o, yuxugörmələri üç sinfə ayırır (Byuşenyuts, s. 33): tanrının göndərdikləri; ruhun özü üçün faydalı saydığı məqamda ortaya çıxan təbii yuxular; və arzuladığımızı gördüyümüz zaman obrazlara yaxınlaşma nəticəsində öz-özünə ortaya çıxan qarışıq yuxular. Şterne, Şernerin topladığı örnəklərdən müəllifin özünün arzusunun gerçəkləşməsi hesab etdiyi bir yuxunun altını cızır: «Fantaziya yuxugörənin ayıqlıqda olan arzusunu dərhal yerinə yetirir, çün bu arzu onun qəlbində canlıdır». Bu yuxugörmə «ovqat yuxularına» aiddir; bunlara yaxın olan yuxugörmələr «ehtiraslı kişi-qadın sevgisi» və «pis ovqatla» bağlı yuxulardır. Göründüyü kimi, burada Şernerin yuxugörmələrdə arzuya ayıqlığın başqa ruhi durumundan qeyri bir məna yükləməsindən söhbət belə gedə bilməz, onun arzunu yuxugörmənin mahiyyəti ilə bağladığını hələ demirik.
Biz görürük ki, əgər ümumişlək nitq ifadələrinə müraciət etsəydik, yuxugörmənin gizli mənası haqqında nəzəriyyəmizə daha qısa yolla yetişə ola bilərdik. Yuxugörmələrdə xalq müdrikliyi bəzən kifayət qədər nifrətlə ifadə olunsa da, onun elmi baxışı daha doğru hesab etdiyi güman olunur. Xalq müdrikliyinə görə, yuxugörmə dəniz köpüyüdür (Traume sind Schau-me), ancaq ümumişlək ifadələrdə yuxugörmələrdəki nitqlər adətən ən qiymətli arzuların gerçəkləşməsi kimi təqdim olunur.