V. Yuxuların material və mənbələri
İrmaya iynə vurulması haqda yuxunun analizindən yuxugörmənin arzuların gerçəkləşməsi olduğunu gördükdə hər şeydən öncə biz bununla yuxuların ümumi xarakterini açıb-açmamağımızla maraqlandıq; bu analiz zamanı ortaya çıxa biləcək hər cür digər elmi marağı müvəqqəti susmağa məcbur etdik. Artıq bu hədəfə çatdığımızdan biz geriyə qayıda və yuxugörmə problemini tədqiq üçün başlanğıc nöqtəsi seçə bilərik, lakin bununçün tam olaraq araşdırmadığımız arzuların gerçəkləşməsi nəzəriyyəsini qısa müddətə kənara qoymalı olacaqdıq.
Bizim yuxuların yozumu üsulumuzu tətbiq edib, yuxugörmələrin öz əhəmiyyətinə görə aşkar məzmununu çoxdan geridə qoyan sirlərini və mənalarını öyrənməklə, bunun sayəsində qarşımızda yuxunun yalnız aşkar məzmunu olanda bizə əlçatmaz görünən bütün müəmma və ziddiyyətlərin çözülüb-çözülmədiyini müəyyənləşdirməyə cəhd etmək üçün onun ayrı-ayrı problemlərini yenidən nəzərdən keçirməliyik.
Yuxu ilə ayıq həyatın qarşılıqlı münasibətlərilə, o cümlədən yuxugörmənin materialıyla bağlı alimlərin rəyini birinci fəsildə ətraflı şərh etmişik. Yuxugörmə zamanı yaddaşın haqqında çox danışdığımız, ancaq hələ də anlaşılmaz qalan üç başlıca xüsusiyyətini bir də yada salaq: 1. Yuxugörmənin əvvəlki günün təəssüratlarına üstünlük verdiyini (Robert, Ştryumpel, Gilderbrandt, həmçinin Uid Qallam).
2. Yuxugörmənin ayıq yaddaşdan fərqli olan digər prinsiplər əsasında seçim etdiyini; o, mühüm və vacib olanı deyil, ikinci dərəcəli və əhəmiyyətsiz olanı seçir.
3. Yuxugörmənin sərəncamında ən erkən uşaqlıq xatirələrimizin olmasını; o hətta ayıq həyatda bizə mənasız görünən və unutduğumuzu zənn etdiyimiz dövrün detallarını belə canlandırır. Aydındır ki, Robertin yuxugörmənin guya yaddaşımızı yükdən azad etməyi nəzərdə tutmasıyla bağlı fikri doğru ola bilməz, əgər yuxuda uşaqlığımızın mənasız xatirələri tez-tez özünü göstərirsə, buradan belə bir nəticə çıxarmaq olar ki, yuxugörmə bu məsələnin öhdəsindən o qədər də yaxşı gəlmir. Yuxugörmənin material seçimilə bağlı bu xüsusiyyətlərini tədqiqatçılar, yəqin ki, onun aşkar məzmununda tapıblar.
a) Yuxugörmədə yeni və mənasız olan. Əgər indi yuxugörmənin məzmununun elementlərilə bağlı öz təcrübəmi köməyə çağırsam, hər şeydən öncə hər bir yuxugörmədə əvvəlki günün təəssüratlarıyla əlaqə tapmağın mümkünlüyünü təsdiqləməliyəm. Hansı yuxunu götürürəm-götürüm (özümün və ya başqasının) fikrim hər zaman öz təsdiqini tapır. Bunu nəzərə alaraq, mən yuxuların yozulmasına əvvəlki günün yuxugörməyə səbəb olan təəssüratlarının araşdırılmasından başlaya bilərəm; bir çox hallarda bu hətta son dərəcə qısa bir yoldur. Bundan əvvəlki fəsildə ətraflı analiz etdiyimiz hər iki yuxuda (İrmaya iynə vurulması və mənim sarısaqqal əmim haqqında) gündüz baş verən hadisələrlə əlaqə o qədər aşkardır ki, artıq izahat verməyə ehtiyac qalmır. Lakin bu cür qarşılıqlı əlaqənin nə qədər daimi olduğunu göstərmək üçün, öz yuxularımdan bir neçə misal göstərəcəyəm. Mən burada ona görə öz yuxularım barədə məlumat verirəm ki, bu onların mənbəyini açıqlamaq baxımından önəmlidir.
1. Evə gəlirəm, amma məni güclə içəri buraxırlar; küçədə məni hansısa qadın gözləyir.
Mənbə: Axşam bir qadın qohumumla söhbətim var, onu istədiyini əldə edənədək gözləməli oluram və s.
2. Mən hansısa bitki haqqında monoqrafiya yazmışam.
Mənbə: Səhər-səhər bir kitab mağazasının pəncərəsində Alp bənövşəsi haqqında monoqrafiya görmüşəm.
3. Küçədə iki qadın görürəm, ana və qız, sonuncu məndə müalicə olunur.
Mənbə: Qadın pasiyentlərimdən biri bu axşam mənə xəbər verdi ki, anası ona məndə müalicəsini davam etdirməyə mane olur.
• Kitab mağazasında S., R. və mən illiyi 20 marka olan dövri nəşrə abunə oluruq.
Mənbə: Arvadım dünən yadıma salmışdı ki, aylıq xərclərimizlə bağlı ona 20 marka verməliyəm.
• Mən sosial-demokrat komitəsindən sirkulyar alıram və görürəm ki, məni həmin partiyanın üzvü hesab edirlər.
Mənbə: Mən liberal seçki komitəsindən və həqiqətən üzvü olduğum humanitar birliyin rəyasət heyətindən sirkulyar almışdım.
• Mən dənizin ortasındakı dik qayada bir adam görürəm. Mənzərə mənə Beklinin rəsmini xatırladır.
Mənbə: Şeytan adasında Dreyfus, eyni vaxtda İngiltərədəki qohumlarımdan aldığım xəbər və i.a.
Sual yaranır: yuxugörmə hər zaman əvvəlki günün hadisələrilə bağlı olur, yoxsa son dövrün daha mühüm aralığının təəssüratlarına uzanır? Bu sualın, əlbəttə, xüsusi prinsipial əhəmiyyəti yoxdur, ancaq hər halda, yuxugörmədən əvvəlki günün üstün rol oynadığını qeyd etmək istərdim. Hər dəfə yuxugörmənin mənbəyinin iki-üç gün əvvəl qavranılmış təəssürat olduğunu təsəvvür edəndə yaxından araşdıraraq əmin oluram ki, bu təəssürat bir gün əvvəl yenidən təkrarlanıb və beləcə, təsəvvürün qavranıldığı günlə yuxugörmə arasında onun bir gün öncə baş verən aşkar reproduksiyası var; bundan əlavə, hər dəfə daha erkən təəssürat haqqında xatirəni əmələ gətirən yeni səbəb müəyyənləşdirməyə nail oluram. Bütün arzularıma rəğmən, yeni yaranan təəssüratla onun yuxuda əks olunması arasında bioloji əhəmiyyət kəsb edən daimi intervalın olduğunu heç vaxt təsdiq etməli olmamışam. (İlk belə intervalı Svoboda 18 saat hesab edir).
Artıq birinci fəsildə qeyd etdiyim kimi, Q. Svoboda, Flissin ruhi fəaliyyət sferasında kəşf etdiyi iyirmi üç və iyirmi səkkiz günlük bioloji intervala böyük əhəmiyyət verir və bu dövrlərin yuxugörmədə bu və ya digər elementlərin varlığında həlledici rol oynadığını təsdiq edir.
Doğrudur, bu fikrin doğruluğu təsdiq olunacağı təqdirdə yuxuların yozumu qətiyyən dəyişməzdi, lakin yuxugörmələrin materialının mənşəyi üçün yeni mənbə kəşf olunardı. «Dövrlər nəzəriyyəsinin» yuxugörmə materialına tətbiq edilə bilməsini yoxlamaq üçün bu yaxınlarda öz yuxularımı tədqiq etdim və bununçün görülmə vaxtları dəqiq təsdiq edilə bilən yuxuların məzmununun xüsusilə aydın olan elementini seçdim.
I. 1910-cu ilin 1-2 oktyabr tarixində gördüyüm yuxu.
Haşiyə… Mən haradasa İtaliyadayam. Üç qızım mənə nadir şeyləri göstərir və dizim üstdə otururlar. Mən nadir əşyalara baxıram və onlardan birini görüb, deyirəm: Bunu sizə mən hədiyyə etmişəm axı. Mən aydın şəkildə kiçik bir barelyef görürəm və Savonarolanın sifətini tanıyıram.
Mən Savonarolanın portretini son dəfə nə vaxt görmüşəm? Qeyd dəftərçəmdəki məlumatlara əsasən, 4-ü və 5-i sentyabrda Florensiyada olmuşam, orada yol yoldaşıma fanatik rahibin üz cizgiləri əks olunmuş barelyefi göstərmək istəyirdim – onun yandırıldığı Piasse Sinyoridə. Bu təəssüratdan onun əks olunduğu yuxugörmənin baş verdiyi gecəyədək 27+1 gün vaxt keçdi – Flissin dediyi kimi, «qadın dövrü». Lakin təəssüf ki, yuxunu görməzdən bir gün əvvəl bir həmkarım yanıma gəldi (qayıtdıqdan sonra ilk dəfə), mən onu zarafatla «rabbi Savonarola»
adlandırıram. O mənim yanıma dəmir yol qəzasında şikəst olmuş bir xəstə gətirmişdi, həmin yolla mən də bir həftə öncə İtaliyadan qayıtmışdım. Yuxugörmədə «Savonarola» elementinin mövcudluğu həmkarımın ziyarətilə izah olunur və 28 günlük interval öz üstün əhəmiyyətini itirir.
10-11 oktyabrda gördüyüm II yuxu.
Mən universitet laboratoriyasında kimya ilə məşğulam. Hofrat P. mənə onunla harasa getməyi təklif edir və yuxarı qaldırdığı əlində lapma, ya da başqa nəsə tutaraq dəhlizlə irəliləyir, onun qəribə duruşu var, boynunu irəli uzadıb. Biz böyük bir meydandan keçirik… (Qalanını unutmuşam).
Bu yuxuda ən çox nəzərə çarpan hofrat P.-nin lampanı (ya da lupanı) necə tutması və məkana zənlə baxmasıdır. Mən P.-ni uzun illərdir görmürəm, ancaq onun kimisə əvəz etdiyini anlayıram: Sirakuzlarda məhz həmin pozada lupa ilə dayanan və romalıların mühasirə qoşunlarına baxan Arximedin heykəlini. Bu heykəli ilk (ya da son) dəfə nə vaxt görmüşəm?
Qeydlərimə əsasən Sirakuzda sentyabrın 17-də axşam olmuşam, beləliklə, yuxuya qədər aradan 13+10 = 23 gün keçib – Flissə görə, «kişi dövrü».
Təəssüf ki, bu yuxunun yozumu bu əlaqənin vacibliyini azaldır. Yuxugörməyə bir gün əvvəl mühazirə oxuduğum auditoriyanın başqa yerə keçirilməsiylə bağlı aldığım xəbər səbəb olub. Yeni yer qətiyyən xoşuma gəlmirdi və düşünürdüm ki, bunun auditoriyasız qalmaqdan heç bir fərqi yoxdur; buradan da fikirlərim professorluq fəaliyyətimin əvvəlinə uçub, çünki o zaman həqiqətən də auditoriyam yox idi və mənim onu əldə etməklə bağla cəhdlərim çox hörmətli hofrat və professorların soyuq münasibəti nəticəsində uğursuz olmuşdu. O zaman müvəqqəti olaraq dekan vəzifəsini icra edən və özümə yaxın saydığım P.-nin yanına getdim. O mənə kömək etməyə söz versə də, vədinə əməl etmədi. Ancaq yuxugörmədə o, açıq-aydın Arximeddir və məni doğrudan da başqa bir otağa aparır. Yuxudakı fikirlərə istənilən yozumun aşkara çıxardığı kimi, nə qisas, nə də şəxsi ləyaqət hissi yad deyil. Lakin qeyd etməliyəm ki, əgər bu səbəb olmasaydı həmin gecə Arximedi görməyəcəkdim; ancaq Sirakuzdakı heykəllə bağlı təəssüratın fərqli bir müddətdən sonra daha güclü şəkildə ortaya çıxıb-çıxmayacağını deyə bilmərəm.
1910-cu il 2-3 oktyabrda gördüyüm III yuxu.
(Haşiyə)… Professor Ozer haqqında nəsə görürəm; o mənimçün menyu tərtib edir və bu mənə sakitləşdirici təsir göstərir… (Qalanını unutmuşam).
Həmin gün mədəmin pozulmasına və pəhriz müəyyənləşdirmək üçün həmkarlarımdan birinə müraciət haqqında düşünməyimə yuxugörmənin reaksiyası. Bu rolu yuxuda vəfat etmiş
Ozerə həvalə etməyim digər çox hörmət etdiyim bir professorun bu yaxınlarda (oktyabrın 1-də) ölməsiylə bağlıdır. Bəs Ozer nə vaxt ölmüş, onun ölümündən mən nə zaman xəbər tutmuşdum?
Qəzet xəbərlərinə görə, o, avqustun 22-də dünyasını dəyişmiş, həmin vaxt mən daim Hollandiyada olmuşdum. Orada müntəzəm olaraq Vyana qəzetlərini aldığımdan, onun vəfatından yalnız avqustun 24-də, ya da 25-də xəbər tutmuşdum. Bu interval artıq heç bir dövrə uyğun gəlmir, o 7+30+2=39, yaxud hətta 40 günə bərabərdir. O vaxt daim Ozer haqqında danışdığımı və ya hətta düşündüyümü xatırlamıram.
Öz müddətinə görə bu cür müxtəlif dövrlər, dövrlər haqqında təlim üçün yenidən işlənmədikcə bundan sonra istifadə oluna bilməz. Onlara mənim yuxularımda yuxugörmələrlə əvvəlki günün hadisələri arasındakı əlaqədən müqayisəolunmaz dərəcədə çox rast gəlinir.
Bu məsələyə eyni şəkildə diqqət ayıran Q.Ellis də yuxugörmələrdə belə bir reproduksiyanın dövriliyinə rast gəlmədiyini qeyd edir, «onu nəzərə almasına baxmayaraq». O aşağıdakı məzmuna malik belə bir yuxu danışır: O, İspaniyadadır və Darausa, Varausa, yaxud Sarausa getməyə hazırlaşır. Yuxudan oyandıqdan sonra belə bir yer adını heç cür xatırlaya bilmir və yuxugörməni kənara qoyur. Bir neçə aydan sonra o doğrudan da Saraus adlı yer olduğunu eşidir: bu, onun yuxusuna 250 gün qalmış qatarla keçdiyi San-Sebastyan və Bilboa arasındakı stansiyanın adı olur (s. 227).
Beləliklə, mənə elə gəlir ki, hər bir yuxugörmənin yuxugörmə törədicisi var, bu törədici «yaranma anından tək bircə gecə belə keçməyən» təəssüratlara aiddir.
Beləliklə, yaxın keçmişin təəssüratlarının (yuxugörmədən əvvəlki gün istisna olunmaqla) yuxugörmənin məzmununa hər hansı uzaq mərhələdəki digər təəssüratlardan fərqli aidiyyəti yoxdur. Yuxugörmə həyatın istənilən mərhələsindən yalnız ona görə material götürə bilər ki, əvvəlki günün təəssüratları («yeni» təəssüratlar) xəyali surətdə daha əvvəlkilərə uzana bilir.
Yeni təəssüratların bu üstün rolu nəylə izah olunur? Yuxarıda göstərilən yuxugörmələrdən birini ətraflı analiz etsək, bu məsələylə bağlı bəzi fərziyyələr irəli sürə bilərik.
Götürək elə monoqrafiya haqqında yuxunu.
Yuxunun məzmunu: Mən bir bitki haqqında monoqrafiya yazmışam. Kitab qarşımdadır, mən onun içindəki rəngli cədvəllərə baxıram. Kitaba qurudulmuş bitki nüsxələri, herbarilər əlavə olunub.
index
Analiz: Səhər-səhər bir kitab mağazasının vitrinində «Tsiklamen» adlı bir kitab görmüşəm. Bu, çox güman ki, bitkilər haqqında monoqrafiya idi.
Tsiklamen arvadımın çox sevdiyi çiçəyin adıdır. Ona çox nadir hallarda çiçək bağışladığıma görə, özümü qınayıram. «Çiçək bağışlamaq» haqqında düşünərkən bu yaxınlarda dostlar arasında danışdığım bir epizodu xatırlayıram; mən sübut etmək istəyirdim ki, unutma bir çox hallarda qeyri-şüuri niyyətin gerçəkləşməsidir və bütün hallarda unudanın gizli niyyətinin olmasını güman etməyə imkan verir. Ad günündə ərindən çiçək hədiyyə almağa adət etmiş gənc bir qadın bu il stolun üstündə gül görməyəndə ağlayır. Evə gələn əri onun göz yaşlarının mənasını arvadı: «Bu gün mənim ad günümdür» – dedikdən sonra anlayır. Əri əlini alnına vurub, ucadan deyir: «Bağışla, tamam yadımdan çıxıb» və gedib ona çiçək almaq istəyir. Ancaq qadın bununla sakitləşmir, çünki ərinin unutqanlığında artıq onunçün əvvəlki tək önəmli olmadığının sübutunu görür. Bir neçə gün əvvəl mənim arvadım həmin xanım P.-yə rast gəlib, o, arvadıma özünü yaxşı hiss etdiyini söyləyərək, mənim əhvalımı da xəbər alıb. Onu bir neçə il əvvəl müalicə etmişəm.
Yeni fikir axını: mən həqiqətən bir vaxtlar bir bitki haqqında monoqrafiyaya oxşar bir şey yazmış, «koka» bitkisinin xüsusiyyətlərini araşdırmış və bununla kokainin anesteziya edici xüsusiyyəti ilə maraqlanan K.Killerin diqqətini cəlb etmişəm. Mən öz əsərimdə alkaloidin bu xüsusiyyətini qeyd etsəm də, ətraflı araşdırma aparmamışam. Yadımdadır ki, yuxunu gördüyüm gecənin səhəri (onu yozmağa ancaq axşam başladım) mən kokain barədə ayıq halda ancaq yuxudakı kimi düşündüm. Əgər mən qlaukomaya tutulduğumu düşünsəydim, Berlinə dostumun yanına gedər və əməliyyat olunardım, ancaq dostumun məsləhət gördüyü həkimə adımı deməzdim. Kimi əməliyyat etdiyini bilməyən həkim, yəqin ki, indi kokaindən istifadənin sayəsində bu əməliyyatların xeyli asanlaşdığını mənə söyləyərdi; mənsə bu kəşfdə rolumun olduğunu büruzə verməzdim. Bu fantaziyaya həkimin kömək üçün öz həmkarlarına müraciət etməsinin necə çətin olduğu fikri də əlavə olunur. Məni tanımayan berlinli oftalmoloqun pulunu verməyə də, əlbəttə, imkanım çatardı. Bu yuxu ayıqlıqda ağlıma gələndən sonra görürəm ki, onun arxasında hansısa təəssüratımla bağlı bir xatirə gizlənir. Killerin kəşfindən az sonra atam qlaukoma olmuşdu, dostu oftalmoloq doktor Köniqşteyn onu əməliyyat etdi; doktor Killer ona kokain vurdu və bu zaman gördü ki, bu əməliyyatda kokainin keyləşdirici xüsusiyyətinin kəşf edilməsinə görə təbabətin borclu olduğu bütün şəxslər iştirak edir.
Kokainlə bağlı əhvalatı son dəfə nə vaxt xatırladığımı öyrənmək üçün indi mənim fikirlərim irəli uçur. Bu, bir neçə gün əvvəl qədirbilən tələbələrin müəllimlərinin və laboratoriya müdirinin yubileyi şərəfinə buraxdığı və kollektiv əməyin məhsulu olan bir əsər əlimə keçərkən olub. Bu laboratoriyanın xidmətlərini sadalayarkən aşkar etdim ki, Killer kokainin keyləşdirici xüsusiyyətini məhz həmin laboratoriyada tapıb. Mən qəflətən anlayıram ki, yuxum əvvəlki günün yaşantılarından biriylə əlaqədardır. Mən doktor Köniqşteyni evinə ötürmüş və məni çox maraqlandıran bir məsələ barədə onunla söhbət etmişdim; onun qapısına çatanda professor Gertner («Giirtner» tərcümədə «bağban» deməkdir) və onun cavan arvadıyla rastlaşdıq. Mən kompliment deməkdən özümü saxlaya bilmədim: lap işıq saçırsınız. Professor Gertner az öncə xatırlatdığım kollektiv əsərin müəlliflərindən biridir; görünür, onu görəndə həmin əsər yadıma düşüb. Doktor Köniqşteynlə söhbətimizdə xanım P.-nin yuxarıda haqqında danışdığım ad günündə üzləşdiyi xoşagəlməz məyusluğu da xatırlamışdım, amma başqa səbəbdən.
Mən yuxumun digər elementlərini də yozmaq istəyirəm. Monoqrafiyaya qurudulmuş bitki nüsxələri, herbarilər də əlavə olunmuşdu. Herbari ilə bağlı artıq mənim bir gimnaziya xatirəm var. Bir dəfə gimnaziyamızın direktoru yuxarı sinif şagirdlərinə botanika kabinetindəki herbariləri təmizləməyi tapşırmışdı. Onların arasında balaca qurdlar – kitab qurdları var idi.
Deyəsən, onun mənə xüsusi etimadı yox idi, ona görə də, mənə cəmisi bir neçə səhifə vermişdi.
Bunların xaççiçəklilər fəsiləsi olduğu hələ də yadımdadır. Mənim botanikaya xüsusi məhəbbətim yox idi. İmtahanda da mənə məhz xaççiçəklilər düşmüşdü və onları tanımamışdım. Əgər nəzəri biliklərim olmasaydı, yəqin ki, kəsiləcəkdim. Xaççiçəklilərdən mürəkkəbçiçəklilərə keçirəm.
Əslində ənginar da mürəkkəbçiçəklidir axı və mənim sevimli tərəvəzimdir. Arvadım daha nəcib insan olduğundan bazardan mənə tez-tez ənginar alır.
Qarşımda özümün yazdığım monoqrafiyanı görürəm. Bunun da öz əsası var. Dünən bir dostum Berlindən mənə yazmışdı: «Sənin yuxugörmələr haqqında kitabın məni hədsiz maraqlandırır, mən artıq onu qarşımda görür və hətta vərəqləyirəm». Onun bəsirətinə necə də heyrət etdim! Kaş ki bu kitabı hazır şəkildə qarşımda görə biləydim!
Rəngli düzgün cədvəllər. Tələbə olarkən daim təbabəti dərsliklərdən deyil, ayrı-ayrı monoqrafiyalardan öyrənməyə çalışırdım və o zamanlar məhdud maliyyə durumuma rəğmən, çoxlu tibbi atlaslarım vardı. Onlardakı rəngli cədvəlləri çox sevirdim. Mən araşdırmalara ciddi yanaşmağımla fəxr edirdim. Sonradan özüm də yazmağa başlayanda özüm də cədvəllər çəkməyə başladım və yadımdadır ki, onlarda biri elə pis çıxmışdı ki, həmkarlarımdan biri qəşş edib mənə güldü. Bura bir erkən uşaqlıq xatirəm də qoşulur, ancaq bunun necə baş verdiyini bilmirəm.
Atam mənə və böyük bacıma zarafatca rəngli cədvəlləri olan kitab bağışlamış (İrana səyahətin təsviri) və bizə onu cırmağı əmr etmişdi. Pedaqoji baxımdan bunun ağıllı hərəkət olduğunu demək çətindir. O zaman mənim beş, bacımınsa üç yaşı vardı və bizim həmin kitabı sevincək şiltələməyimiz (ənginar kimi, yarpaq-yarpaq etdiyimizi deməliyəm) həyatımın o dövründən plastik yaddaşıma həkk olunan, demək olar, yeganə hadisədir. Sonradan tələbə olanda, kitab toplamağa həvəsim yarandı (analoji olaraq, bunu monoqrafiyadan öyrənmək meyli yuxuda Alp bənövşəsi və ənginarla bağlı fikirlərin şişirdilməsidir). Mən kitab qurdu olmuşdum (bax: herbari).
Həyatdakı bu ilk ehtirasımı, özümü tanıyandan həmin uşaqlıq təəssüratımla bağlamışam, yaxud bu uşaqlıq səhnəsinin sonrakı kitab həvəskarlığımı «ört-basdır edən xatirə» olduğunu etiraf etmişəm. (Mənim «uber Deckerinnerungen» Monatschrift fiir Psychiatrie und Neurologle»
məqaləmə baxın, 1899). Mən bütün bu meyillərin xoşagəlməz tərəfləri də olduğuna, əlbəttə, çox erkən əmin oldum. Kitabçıya borcumu ödəməyə gücüm çatmayanda on yeddi yaşım vardı və atam pulu hər hansı başqa bir şeyə deyil, kitaba xərclədiyimi üzrlü belə saymadı. Bu gənclik epizodu haqda xatirə məni dərhal dostum doktor Köniqşteynlə bağlı söhbətə aparır. Yuxudan bir gün əvvəl onunla söhbətim məhz mənim həmin meyillərimlə bağlı qınaqlara aid olub.
Bura aidiyyəti olmayan səbəblərdən bu yuxunun yozumunu davam etdirməyəcəyəm, yalnız onun getdiyi yolu qeyd edəcəyəm. Yozma zamanı mən dostum Köniqşteynlə bir məsələ haqqında söhbətimizi xatırladım. Yuxugörmənin mənası onunla nə barədə danışdığımızı xatırlayanda mənə aydın olur. Yuxarıda bütün sözügedən elementlər: arvadımın və mənim meyillərimiz, kokain, həmkarlarım tərəfindən müalicə olunmaq, monoqrafiyalara həvəs və elmin bəzi sahələrinə, məsələn, botanikaya laqeyd münasibətim – bütün bunlar davam edərək vahid bir bütövdə birləşir. Yuxugörmə yenə bəraət xarakteri alır, İrmaya iynə vurulması haqqında birinci yuxuda olduğu kimi, mənim hüququmu qoruyur; hətta bundan da artıq. O bu yuxu ilə başlanan mövzunu davam etdirərək, ona bu iki yuxugörmə arasındakı intervalda qavradığım yeni materialla şəkil verir. Hətta görünən odur ki, yuxugörmənin mənasız ifadə forması da anlam qazanır: mən. Hər halda, kifayət qədər dəyərli bir əsər yazan (kokain haqqında) bir adamam, buna müvafiq olaraq özümə bəraət qazandırmaq üçün əvvəlcə növbəti dəlili gətirmişəm: hər halda, mən qabiliyyətli və çalışqan tələbəyəm; deməli, hər iki halda təsdiq edirəm: bunu etməyə haqqım var. Burada bu yuxunun yozumunu davam etdirməkdən imtina edə bilərəm, çünki məni onu danışmağa yuxugörmələrin qarşılıqlı əlaqəsini və bu əlaqəyə əvvəlki günün təəssüratlarının səbəb olduğunu göstərmək arzusu vadar etdi. O vaxta qədər mən bu yuxunun yalnız aşkar məzmununu bilirdim, yuxugörmə, görünür, yalnız bir təəssüratla bağlı imiş; ancaq analizdən sonra onun həmin günün başqa hadisəsi ilə bağlı mənbəyi də tapıldı. Yuxugörmənin bağlı olduğu ilk təəssürat ikinci dərəcəli rol oynayır. Mən vitrində kitabı görür, onun adını oxuyuram, amma onun məzmunu məni o qədər də maraqlandırmır. Lakin ikinci təəssüratın yüksək psixi dəyəri var.
Mən öz oftalmoloq dostumla, demək olar ki, bir saat söhbət etmiş, ona çoxdan unutduğum bir xatirənin yaddaşımda üzə çıxmasıyla bağlı son dərəcə mühüm açıqlama vermişəm. Tanışlarımıza rast gəldiyimiz üçün bu söhbət yarımçıq qalıb. Bu hər iki təəssüratın mənim yuxumla hansı əlaqəsi var?
Mən yuxugörmənin məzmununda mənasız təəssürata eyham tapıram və bu səbəbdən yuxugörmənin öz məzmununda daha çox ikinci dərəcəli təəssürat daşıdığını təsdiqləyə bilərəm.
Ancaq yuxunu yozan zaman hər şey mühüm və əhəmiyyətli təəssüratlara işarə edir. Əgər mən yuxunun mənasını yalnız analizin köməyilə onun gizli məzmunundan çıxarıramsa, o halda son dərəcə önəmli olan yeni bir nəticəyə gəlirəm. Yuxugörmənin guya ayıq həyatın çox əhəmiyyətsiz parçaları ilə məşğul olduğu müəmması çözülür; mən eyni zamanda ayıq haldakı ruhi həyatın yuxuda davam etməməsinin və yuxugörmənin psixi fəaliyyətə cüzi material sərf etməsinin də əleyhinə üsyan qaldırmalıyam. Mənsə əksini deyirəm: bizi gündüz məşğul edən şeylər yuxuda da fikrimizə hakimdir və biz yuxuda yalnız gündüzlər düşünməyimizə səbəb olan şeyləri görürük.
Yuxuda mənasız təəssüratlar görməyimlə bağlı eyni vəziyyət yuxugörmənin özü kimi bundan qat-qat əhəmiyyətli və mühüm təəssüratlarla şərtlənir və çox güman ki, qarşımızda yenə yuxugörmənin təhrifedici fəaliyyətinin durmasıyla izah olunur ki, onu da senzura rolu oynayan xüsusi psixi qüvvəyə aid edirik. Vitrində gördüyüm monoqrafiyanın xatırlanması yalnız həmkarımla etdiyim söhbətə eyham rolu oynaması baxımından önəmlidir; bu, baş tutmayan şam yeməyi yuxusundakı rəfiqə haqqında olan fikrin «hisə verilmiş qızıl balıq» təsəvvürüylə əvəz olunmasıyla eynidir. Ancaq monoqrafiya haqqında təsəvvürün həmkarımla söhbətlə hansı vasitəçi halqaların köməyi ilə bağlandığı sual olunur: onların qarşılıqlı əlaqəsi kifayət qədər dumanlıdır. Baş tutmayan şam yeməyi örnəyində əlaqə nisbətən aydındır; «hisə verilmiş qızıl balıq» rəfiqənin sevimli yeməyi olaraq yuxugörənin rəfiqəsinin şəxsiyyətinin səbəb verdiyi təəssüratlar dairəsinə bilavasitə aiddir. Bizim yeni misalda isə söhbət bir-birindən uzaq olan, yalnız eyni gündə qavranılmaları baxımından ümumilik təşkil edən iki təəssüratdan gedir.
Analizin buna verdiyi cavab belədir: hər iki təəssüratın əvvəlcə mövcud olmayan bu əlaqəsi yalnız birinci ilə ikincinin məzmunları arasında sonradan yaranır. Mən sizi maraqlandıran vasitəçi halqalar haqqında analizin lap əvvəlində xatırlatmışdım. Səhər monoqrafiya haqqında gördüyüm təsəvvürü kənardan heç bir təsir olmadan yalnız Alp bənövşəsinin arvadımın sevimli çiçəyi olması və xanım P.-yə hakim kəsilən məyusluqla əlaqələndirərdim. Lakin bu fikirlərin yuxugörmənin yaraması üçün kifayət etdiyini düşünmürəm.
«Kabusun bizə görünməsi üçün tabutdan qalxmasına ehtiyac yoxdur», – «Hamlet»dən oxuyuruq. Lakin analiz zamanı qəflətən xatırlayıram ki, bizim söhbətimizi yarımçıq qoyan adamın soyadı Gertnerdir və mən onun arvadının işıq saçan görünüşünə diqqət etmişəm; indi onu da xatırlayıram ki, söhbət zamanı biz gözəl Flora adını daşıyan pasiyentlərimdən biri haqqında da danışdıq. Heç bir şübhə yoxdur ki, botanik təsəvvürlər dairəsinə aid bu vasitəçi halqaların köməyilə mən günün hər iki təəssüratını (mənasız və əhəmiyyətli) əlaqələndirmişəm. Buna başqa bir əlaqə – şübhəsiz, doktor Köniqşteynlə, mənim yazdığım monoqrafiya haqqında fikri bağlayan kokain haqqında təsəvvür də qoşulur və hər iki təsəvvür dairəsini birləşdirir, ona görə ki, birinci təəssüratın bir elementi artıq ikinciyə eyham vasitəsi ola bilər.
Mən ona da hazıram ki, bu izahat əsassız, hətta uydurma hesab oluna bilər. Əgər professor Gertner öz işıq saçan arvadıyla bizə rast gələrkən pasiyentimi Flora deyil, Anna adlandırsaydım, görəsən, onda nə olardı? Buna cavab vermək çətin deyil. Əgər bu vasitəçi halqalar olmasaydı, onda yuxu başqalarını seçərdi. Zarafatcıl suallar və tapmacaların sübut etdiyi kimi, tez-tez əyləndiyimiz bu cür qarşılıqlı əlaqələri yaratmaq çox asandır. Müdrikliyin sərhədləri hüdudsuzdur. Mən davam edirəm: əgər günün hər iki təəssüratı arasında yetərli vasitəçi halqalar olmasaydı, onda yuxugörmə də başqa formada baş verərdi: günün hər zaman çoxluq təşkil edən və həmişə unutduğumuz digər mənasız təəssüratları yuxuda «monoqrafiyanın» yerini tutar, söhbətin məzmununa qoşular, yuxugörmədə onun yerinə keçərdi. Əgər «monoqrafiyanın»
taleyini heç bir təəssürat bölüşə bilməyibsə, demək, o yuxugörmə üçün daha münasib olub.
Lessinqin axmaq İvanuşkası kimi «bu dünyadakı pulların çoxunun varlılara məxsus olduğuna»
təəccüblənmək lazım deyil.
Fikrimizcə, mənasız təəssüratı psixi baxımdan dəyərli təəssüratla bağlayan və sanki ona üstün gələn psixoloji proses, hər halda, bizə çox qəribə və anlaşılmaz görünməlidir. Axırda biz qeyri-məntiqi görünən bu əməliyyatın xüsusiyyətlərini aydınlaşdırmağa çalışacağıq. Ancaq burada bizi yalnız çoxsaylı, daim təkrarlanan müşahidə və analizlər sayəsində ehtimal etdiyimiz prosesin nəticəsi maraqlandırır. Bu proses daha çox ona bənzəyir ki, sanki sözügedən halqaların köməyilə yerdəyişmə baş verir, – deyək ki, psixi mənada: əvvəlcə zəif intensivlikdə yüklənmiş təsəvvürlər kənardan yüklənmələr sayəsində ilk olaraq daha intensiv güc əldə edir, bu da onların şüura keçməsinə imkan verir. Söhbət affektlərin yerdəyişməsindən, ya da ümumiyyətlə, hərəki fəaliyyətdən gedirsə, bu yerdəyişmələr bizi qətiyyən maraqlandırmır. Məsələn, qarımış qızın heyvanlara incə hisslər bəsləməsi, qoca subay adamın ehtiraslı kolleksiyaçıya çevrilməsi, qoca əsgərin bayraq adlanan alabəzək parçanı qanıyla qoruması, yaxud Otellonun burun dəsmalını tapanda qəzəblənməsi bizi zərrə qədər təəccübləndirmir, bütün bunlar psixi yerdəyişməyə aid misallardır. Lakin nəyin bizim şüurumuza daxil olmaq haqqının olması, nəyin kənarda qalması məsələsinin eyni üsulla və eyni qaydalarla həll olunması bizdə nəsə xəstə bir təəssürat yaradır: biz bunu ayıq halımızda düşüncə yanlışlığı adlandırardıq. Ancaq onu da deyək ki, sonradan görəcəyimiz kimi, yerdəyişmə zamanı ortaya çıxan psixi proses xəstəlik olmasa da, hər halda, ibtidaiyə daha yaxın proses olaraq tam normal ruhi fəaliyyət də deyil.
Biz yuxugörmənin məzmununda onun təhrifedici fəaliyyətinin təzahürü olaraq ikinci dərəcəli təəssüratların qalıqlarının olduğu halı yozuruq (yerdəyişmə yoluyla); yada salaq ki, yuxugörmənin təhrifedici fəaliyyətini psixi senzuranın təsiri kimi qeyd etmişik. Bu halda yuxugörmənin təhlilinin daim bizə həqiqətən psixi cəhətdən qiymətli mənbə verəcəyini gözləyirik, elə bir mənbə ki, xatırlayanda onun mənası daha mənasız xatirlərə keçsin. Bu düşüncə bizi Robertin nəzəriyyəsi ilə tam üz-üzə qoyur. Robertin izah etmək istədiyi fakt həqiqətdə mövcud deyil, onun varolma ehtimalı mübahisəlidir, yuxugörmənin xəyali məzmununu onun əsil mənası ilə əvəz etmək arzusunun olmamasındadır. Robertin nəzəriyyəsinə daha bir etiraz: əgər yuxugörmənin vəzifəsi həqiqətən yaddaşımızı xüsusi psixi fəaliyyət nəticəsində gündüz xatirələrinin «tullantılarından» azad etməkdirsə, o halda yuxumuz qat-qat əzablı olardı və biz ayıq vəziyyətdə məşğul olduğumuz işdən daha əziyyətli və yorucu iş görmüş olardıq48.
Yaddaşımızı qoruduğumuz günün mənasız xatirələrinin miqdarı çox vaxt həddindən artıq çox olur, onların hamısının öhdəsindən gəlmək üçün bir gecə azlıq edərdi. Mənasız təəssüratların unudulmasının ruhi qüvvələrin müdaxiləsi olmadan baş verməsi daha çox ehtimal olunur.
Bununla belə, Robertin nəzəriyyəsilə belə asanca vidalaşa bilmərik. Biz günün – və məhz son günün – mənasız təəssüratlarından birinin daim yuxugörmənin məzmununa girməsi faktını izah etmədik. Bu təəssüratla yuxugörmənin əsil mənbəyinin qarşılıqlı əlaqəsi qeyri-şüuridə lap əvvəldən hər zaman olmayıb; artıq gördüyümüz kimi, yuxugörmə özü sonradan, sanki gözlənilən yerdəyişmə məqsədilə yaranır. Beləliklə, çox güman ki, mənasız olsa da, məhz yeni təəssürat istiqamətində əlaqə qurmağa ehtiyac var; sonuncu özünün hər hansı xassəsinə görə, bununçün xüsusilə yararlı olmalıdır. Əks təqdirdə yuxugörmədəki fikirlər öz aksentlərini asanlıqla öz təsəvvür dairələrinin hər hansı əhəmiyyətsiz tərkib hissəsinə köçürə bilər.
Növbəti müşahidə arzuladığımız yolu tapmaqda bizə kömək edəcək. Əgər biz gün ərzində yuxuya səbəb olacaq iki və ya daha çox təəssürat yaşayırıqsa, o zaman sonuncu onları birləşdirərək bütövləşdirir; bu zaman onlardan bütöv yaratmaq üçün o, hansısa ehtiyaca boyun əyir. Məsələn, bir dəfə axşam mən kupedə bir-birini tanımayan iki tanışıma rast gəldim.
Onlardan biri mənim hörmətli həmkarım, digəri isə ailə həkimliyini etdiyim tanınmış bir ailənin üzvüydü. Onları bir-biriylə tanış etdim, ancaq söhbət daim mənim vasitəçiliyimlə gedirdi.
Həmkarımdan xahiş etdim ki, yeni işləməyə başlamış ümumi tanışlarımızdan birinə kömək etsin.
O cavab verdi ki, mənim gənc dostumun biliyinə əmin olsa da, görkəmi yaraşıqsız olduğundan yaxşı evlərə düşməsi çətin olacaq. Mən etiraz etdim: «onun məhz buna görə sizin köməyinizə ehtiyacı var». Digər tanışımdan xalasının səhhətinin necə olduğunu xəbər aldım, onun xalası xanım pasiyentlərimdən birinin anasıydı və o zaman ağır xəstə idi. Gecə elə həmin kupedə yuxuda gördüm ki, kömək olunması üçün xahiş etdiyim gənc dostum qəşəng bir salondadır və seçkin cəmiyyətin ortasında mənim ikinci yol yoldaşımın xalasının (yuxuda artıq ölmüş) xatirəsinə nitq söyləyir (Etiraf edirəm ki, bu xanımla mənim münasibətlərim pis idi). Yuxugörmə günün hər iki təəssüratı arasında əlaqə yaradaraq onları bütöv halda birləşdirmişdi.
Buna bənzər çoxsaylı müşahidələr əsasında belə bir tezis irəli sürməliyəm ki, yuxugörmə özünün bütün mənbələrini bir bütövdə birləşdirmək zərurətinə tabe olur. Yuxugörmənin bizimçün maraq kəsb edən hər şeyi eyni zamanda eyni məzmunda ifadə etməyə meyilliliyini bir çox müəlliflərlə qeyd etmişlər. Məsələn, Delaj (s. 41), Delbef: rapprochement force (s. 236), bunun gözəl örnəklərinə E.Qavelok (s. 35 və sonrakı səhifələr) və digərlərində baxmaq olar. Biz bu zərurəti digər ilkin psixi proses olan qatılaşma (gərginləşmə) kimi növbəti fəsildə də öyrənəcəyik.
Elə indi analizin bizi aparıb çıxardığı yuxuyaradan mənbənin hər zaman aparıcı (və əhəmiyyətli) təəssüratlarla əlaqəsi olmalıdırmı, yoxsa bizim gündüz təəssüratlarımız, başqa sözlə, psixi baxımdan dəyərli hadisənin xatırlanması yuxugörməni doğurma rolunu üzərinə götürə bilərmi sualını müzakirə etmək istəyirəm. Çoxsaylı analizlərimiz bu məsələni sonuncu fərziyyənin xeyrinə həll edir. Yuxugörməni sanki gündüz düşüncəsinin köməyilə bir qədər təzələnən daxili proses də yarada bilər. Buradaca yuxugörmənin mənbələrini qarşımızda sxem kimi açan müxtəlif şəraitləri bir-biriylə tutuşdurmaq yerinə düşər.
Yuxugörmənin mənbələri: a) yuxugörməyə bilavasitə keçən təzə və psixi dəyəri olan təəssüratlar. İrmaya iynə vurulması haqqında yuxu; həmkarım olan əmim haqqında yuxu.
b) yuxugörmənin bütövləşdirdiyi bir neçə yeni və əhəmiyyətli təəssürat (Gənc həkimin matəm nitqi haqqındakı yuxu).
c) yuxugörmədə eyni vaxtda əvəzlənən (amma mənasız təəssüratla) bir neçə yeni və əhəmiyyətli təəssürat.
d) yuxugörmədə sonradan daim yeni, ancaq mənasız yuxugörmə ilə əvəzlənən mühüm daxili həyəcan (təəssürat, fikir). Analiz edərkən mənim pasiyentlərimin əksəriyyətinin yuxusunun bu cür olduğunu müəyyən etmişəm. Buradan da aydın göründüyü kimi, yuxuların hər cür yozulmasının şərti əvvəlki günün yeni təəssüratının hər zaman yuxunun məzmununda təkrarlanmasıdır. Bu element həmişə yuxugörmənin əsil oyandırıcısının hər hansı təəssüratlar dairəsinə aid ola bilər; o, əhəmiyyətli də ola bilər, yuxunun əhəmiyyətsiz bir hissəsi də ola bilər, ya da o, yuxugörməni doğuran sahə ilə hansısa şəkildə bağlı olan indifferent (laqeyd) təəssüratlar sahəsindən qaynaqlanır. Şərtlərin xəyali çoxsaylığı müstəsna alternativdən asılıdır: əvəzetmə olsa da, olmasa da, biz bu alternativin yuxugörmənin təzadlarını asanlıqla aydınlaşdırmağa imkan verdiyini görürük, yuxugörmə haqqındakı tibbi nəzəriyyələrə belə bir imkanı beyin hüceyrələrinin qismən ayıqlıqdan tam ayıqlığa qədər olan şkalası verir.
Buradan daha sonra aydın olur ki, psixoloji baxımdan dəyərli, ancaq «təzə» olmayan element (fikirlərin gedişatı, xatirə) yuxugörməni yaratmaq məqsədilə yeni, lakin psixoloji baxımdan indifferent (laqeyd) elementlə əvəzlənə bilər, ancaq bu zaman iki şərt yerinə yetirilir: 1. Yuxugörmənin məzmunu təzəcə yaşananlarla bağlı olmalı və 2. yuxugörməni doğuran psixi baxımdan dəyərli təəssürat olaraq qalmalıdır. Yalnız bir halda (a) hər iki şərt eyni təəssürat tərəfindən yerinə yetirilir. Əgər yuxugörmədə hələlik «təzə» olan eyni əhəmiyyətsiz təəssüratlardan istifadə olunduğunu nəzərə alsaq, bir gün (ya da uzaq başı bir neçə gün) keçən kimi, bu keyfiyyətlərini itirir; buradan belə bir nəticəyə gəlmək olar ki, təəssüratların təzəliyi ona yuxugörmə yaratmaq üçün müəyyən psixi dəyər verir. Sonda yuxugörmə yaratmada yeni təəssüratların bu dəyərinin nəyə əsaslandığını göstərəcəyik (VII fəsildə «köçürmə» haqda hissəyə bax).
Bu arada, diqqətimiz ona yönəlir ki, gecə şüurumuz hiss etmədən xatirə və təəssüratların bütün materialı ciddi dəyişikliyə məruz qala bilər. Hər hansı məsələnin həllinin çox vaxt səhərə qədər təxirə salınması «gecənin xeyrindən gündüzün şəri yaxşıdır» zərb-məsəlində ifadə olunur və sözsüz ki, bəlli məna daşıyır. Lakin artıq burada yuxugörmə psixologiyasından yuxu psixologiyasına keçdiyimizi görürük və belə hala sonralar da tez-tez rast gələcəyik.
Yuxugörmənin yaranmasında təzə materialın roluna dair O.Petsl fikirlərlə son dərəcə zəngin olan bir əsərində mühüm müddəalar irəli sürür (Experimentell erregte Traumbilder in ihren Beziehungen zum indirekten Seven. Zeitschr. f. die ges. Neurologie und Psychiatric, XXXVU, 1917).
Petsl sınaqdan keçirdiyi müxtəlif şəxslərə taxitoskopdan şüurlu şəkildə qəbul etdikləri bütün şəkilləri çəkməyi təklif edir. Sonrakı gecə sınaqdan keçirilən şəxsin gördüyü yuxu ilə maraqlanır və gördüyü yuxunun ayrı-ayrı hissələrini çəkməyi də ona təklif edir. Bu zaman şəksiz aydın olur ki, sınaqdan keçirilən şəxsin taxitoskopa qoyulan şəkillərdə qavramadığı detallar gördüyü yuxu üçün material verib, eyni zamanda şüurlu olaraq qavranan və şəkillərin birinci rəsmdə qeydə alınan detalları yuxugörmənin aşkar məzmununda görünməyib. Yuxugörmə qavradığı materialı yuxuyaradan tendensiyalara uyğunlaşdırmaq məqsədilə məlum «özbaşına», yaxud daha doğrusu, müstəqil ruhda yenidən işləyir. Petslın araşdırmasında toxunulan məsələlər yuxuların yozulması probleminin bu kitabda şərh olunduğu çərçivədən xeyli kənara çıxır. Qısaca olaraq onu da qeyd etmək lazımdır ki, yuxugörmələrin əmələ gəlməsinin öyrənilməsinin bu yeni üsulu yuxugörmənin məzmununa yuxunu pozan qıcıqlanmaların əlavə olunduğunu ehtiva edən əvvəlki kobud texnikadan kəskin fərqlənir.
Sonuncu fikrimizi təkzib edə biləcək bir etiraz var. Əgər indifferent təəssüratlar yalnız təzə olduqları müddət ərzində yuxugörmənin məzmununa düşə bilirsə, onda niyə, yuxugörmədə həyatın çoxdankı dövrlərinin elementinə rast gəlinir? Halbuki, Ştryumpelin sözlərilə desək, təzə olduqları müddətdə heç bir psixi dəyərə malik olmayıb və çoxdan unudulmalıydı, başqa sözlə, nə təzəliyi, nə də hər hansı psixi dəyərilə seçilməyən elementlər olub.
Əgər əsəb xəstələrinin psixoanalizinin nəticələrinin araşdırılmasına diqqət etsək, bu etiraz tamamilə inkar edilə bilməz. Məsələnin həlli ondan ibarətdir ki, psixi dəyərə malik materialı indifferent materialla əvəz edən yerdəyişmə (həm yuxugörmə, həm də təfəkkür üçün) burada da həmin erkən mərhələdə baş verir və dərhal yaddaşa həkk olunur. Həmin ibtidai indifferent elementlər yerdəyişmə nəticəsində psixi cəhətdən mühüm materiala çevrilib dəyər qazandığı üçün indifferent deyil. Həqiqətən indifferent olanlar isə yuxugörmədə heç vaxt əks oluna bilməz.
Bundan əvvəlki şərhdən əsaslı olaraq belə nəticə çıxarmaq olar ki, mən indifferent yuxugörmə yaradıcılarının, bununla birgə məsum (mənasının əhəmiyyətsizliyi baxımından) yuxugörmələrin mövcud olmadığı fikrini irəli sürürəm. Bu həqiqətən mənim qəti qənaətimdir, təbii ki, uşaqların gördüyü yuxuları və gecə hissiyyatlarının səbəb olduğu yuxugörmələri istisna edirəm. İnsanın yuxuda gördüklərinin ya aşkar psixi dəyəri olur, ya da bizə təhrif olunmuş şəkildə təqdim olunur, ona görə də, yuxugörmə məzmununun psixi anlamının açılması üçün yozuma məruz qoyulur. Yuxular heç vaxt cəfəngiyatla məşğul olmur; biz xırda şeylərin yuxuda bizi narahat etməsinə yol vermirik. «Yuxuların yozumunun» ən xoşniyyət tənqidçilərindən olan Q.
Ellis yazır: «Bizlərdən bir çoxumuz bu nöqtədən başlayaraq Freydin ardınca gedə bilmərik» (s.
169). Lakin Ellis heç bir analiz təşəbbüsündə bulunmamışdır və yuxugörmənin aşkar məzmunu haqqındakı düzgün olmayan mülahizələr barədə düşünmək istəmir. Xəyali məsum yuxugörmələr yozulduqdan sonra ciddiləşir; onların, əgər belə demək mümkünsə, «qoltuqlarının altında daş»
olur. Hər halda, etirazla qarşılaşa biləcəyim məqam olduğundan və ümumiyyətlə, yuxugörmənin təhrifedici fəaliyyətini və işini misallarla göstərməyi vacib saydığım üçün burada bir neçə «məsum» yuxunu təhlil edəcəyəm. 1. Təmkinli insan tipinə aid olan («suyun lal axanı» tipində) bir gənc ziyalı və yetərincə ağıllı xanım danışır: «Yuxuda görürəm ki, bazara çox gec gəlirəm və nə qəssabda, nə də tərəvəzçidə heç nə tapa bilmirəm». Əlbəttə, bu məsum bir yuxudur, ancaq yuxugörmə belə olmur. Mən ondan yuxusunu daha ətraflı danışmasını tələb edirəm. Bundan sonra o bunları danışır: O, bazara səbətini daşıyan qadın aşpazıyla gedir. O, qəssabdan nəsə istəyir, qəssab cavab verir ki, «ondan daha yoxdur» və nəsə başqa şey vermək istəyərək deyir: «Bu da yaxşıdır». O, qəssabın təklifini qəbul etmir və tərəvəz satan qadının yanına gedir. Qadın ona dəstə şəklində bağlanmış qara rəngdə qəribə bir məhsul satmaq istəyir. O deyir: «Mən bunun nə olduğunu bilmirəm, onu almıram».
Yuxugörmənin gündüz təəssüratları ilə əlaqəsi yetərincə sadədir. O həqiqətən bazara gec getmiş və heç nə ala bilməmişdi. Ət dükanı artıq bağlanıbmış və bu təəssüratın təsviri bu şəkildə əks olunur. Məgər bu kişinin paltarının pintiliyini, ya daha doğrusu, bunun əksini göstərmək üçün istifadə olunan nitq ifadəsi deyil?49. Ancaq yuxugörən bu sözlərdən istifadə etməyib, bəlkə də onlardan qaçıb; gəlin yozumu yuxugörmənin məzmunundakı detallarda axtaraq.
Yuxugörmədə danışıq xarakterində olan şeylər, yəni insanın düşünməklə bərabər, həm də danışıb-eşitməsi (bunu əksər hallarda əminliklə ayırmaq olur) xam material kimi emal olunan, parçalanan, azacıq dəyişilən, hər şeydən öncə mövcud olduğu əlaqədən qopan ayıq həyat danışıqlarından qaynaqlanır. Deyəsən, yalnız bir müəllif yuxugörmədəki danışıqların mənşəyini müəyyən edib: bu, onları «cliches» ilə müqayisə edən Delbefdir (s. 226). Yozum zamanı bu danışıqlardan çıxış etmək olar. Bu mənada qəssabın sözləri haradan qaynaqlanır: «ondan daha yoxdur?» Mənim özümdən; bir neçə gün qabaq ona izah etmişdim ki, ən erkən uşaqlıq təəssüratları yoxdur, çünki onlar yuxugörmələrin və «köçürmələrin» analizi zamanı əvəzlənirlər.
Demək, qəssab mənəm və o, köhnə fikir obrazlarının bugünkü hissiyyatlara köçdüyünü qəbul etmir. Yuxudakı söhbət haradan qaynaqlanır? «Mən bunun nə olduğunu bilmirəm, onu almıram». Bu cümləni analiz etmək üçün hissələrə ayırmaq lazımdır. «Mən bunun nə olduğunu bilmirəm» – yuxunu görməmişdən bir gün əvvəl mübahisə zəminində aşpazına deyib və əlavə edib: «Özünüzü tərbiyəli aparın». Burada yerdəyişmə müşahidə olunur; onun aşpazına dediyi iki cümlədən yuxugörmə heç bir əhəmiyyəti olmayanı seçib; dilxorcasına deyilmiş «özünüzü tərbiyəli aparın» cümləsi yuxunun yerdə qalan məzmununa uyğundur. Ədəbsiz tələblər irəli sürən və «ət dükanını bağlamağı unudan» hər kəsə belə demək olar. Tərəvəz satan qadınla olan macəraya daxil olan eyhamlara həmahənglik bizim həqiqətən yozumun izinə düşdüyümüzü göstərir. Dəstəylə satılan məhsul (əlavə olaraq söylədiyi kimi, uzunsov) nəsə başqa bir şeydir: bu, yuxugörmənin birləşdirdiyi qulançar və ya qara turp (Rettig) ola bilər. «Qulançar» (Spargel) elementi o qədər aydındır ki, onu yozmağa ehtiyac yoxdur, digər məhsul da onun kimi – səs şəklində: Schwarzer, rett’dich! «Rettig» – turp, «rett’dich» – qurtul: və buradan tərcümə olunmayan söz oyunu başlayır. Mənə elə gəlir ki, Y.K. bizim lap əvvəldə, yuxugörmənin məzmununa «ət dükanı bağlıdır» ifadəsini əlavə edəndə aşkar etdiyimiz seksual mövzuya işarə edir. Burada söhbət bu yuxunun mənasını tam anlamaqdan getmir; biz onun yetərincə ağıllı və qətiyyən məsum olmadığını müəyyənləşdirdik. Maraqlananlar üçün bildirirəm ki, bu yuxunun arxasında mənim ədəbsiz, ehtirasa gətirən seksual davranışım və xanımın buna etiraz etməsi haqqında fantaziya dayanır. Bu yozumu təəccüblə qarşılayanlara isteriyalı qadınlar tərəfindən həkimlərə qarşı irəli sürülən bu cür ittihamlarla bağlı çoxsaylı halları xatırladıram, bu zaman eyni fantaziyalar nə təhrif olunmuş şəkildə, nə də yuxugörmə formasında deyil, şüurlu, pərdələnməmiş və sayıqlama şəklində meydana çıxır. Qadın pasiyentlərin psixoanalitik müalicəsi bu yuxugörmədən sonra başladı. Mən yalnız sonradan başa düşdüm ki, o öz yuxusu ilə aldığı və nevroz halının qaynaqlandığı ilkin travmanı təkrarlayıb, o vaxtdan etibarən eyni davranışa uşaqlıqda seksual xarakterli qəsdlərin qurbanı olan və sanki onların yuxuda təkrarlanmasını istəyən başqa şəxslərdə də rast gəldim.
II. Həmin qadın pasiyentimin digər məsum yuxusu birinciyə müəyyən mənada ziddir: Əri ondan soruşur: «Bəlkə royalı kökləməyə verək?» – O cavab verir: «Lazım deyil, onsuz da onu yenidən düzəltmək lazım olacaq». Yuxugörmə yenə öncəki günün hadisəsini təqdim edir. Əri həqiqətən ondan bu barədə soruşub və o da ərinə təxminən bu cür cavab verib. Buna baxmayaraq, yuxunun gizli mənası da var. O, royalı pis səs çıxaran iyrənc qutu adlandırsa da (toylarına qədər royal ərinin imiş), yozumun açarı bunda yox, onun «lazım deyil» sözlərindədir (Yozumdan sonra aydın olduğu kimi, əksliklərin dəyişdirilməsində). Onun sözləri dünən rəfiqəsigilə getməsilə izah olunur. Orda ondan jaketini çıxarmasını xahiş ediblər, ancaq o razılaşmayıb və deyib: «Lazım deyil, mən onsuz da indi gedəcəyəm». Bunu danışarkən xatırlayıram ki, dünən o, analitik araşdırma zamanı qəflətən düyməsi açılmış jaketindən yapışdı: «Xahiş edirəm baxmayın, lazım deyil». Beləliklə, qutu (Kasten) döş qəfəsinə (Brustkasten) çevrilir, yuxunun yozumu bizi bilavasitə onun bədəninin formasından narazı olduğu fiziki inkişaf dövrünə aparır. Əgər «iyrənc» və «pis ton» elementlərinə diqqət etsək, bu yuxu bizi eyni zamanda keçmişə aparır və yada salaq ki, eyhamlarda və yuxugörmədə qadın bədəninin kiçik yarımkürələri tez-tez böyük yarımkürələrin yerini tutur (onların əksliyi və onları əvəz edən element kimi).
III. Mən bu pasiyentin yuxularını kənara qoyub, cavan bir oğlanın qısa və məsum bir yuxusunu misal gətirirəm. O, yuxuda görür ki, yenidən öz qış pencəyini geyir, ancaq bu ona qəribə gəlir. Bu yuxugörməyə guya qəflətən düşən şaxtalar səbəb olub. Ancaq yuxunu daha ətraflı nəzərdən keçirəndə görürük ki, yuxugörmənin hissələri bir-birinə uyğun gəlmir. Çünki insanın qışda isti pencək geyməsində xüsusilə «qorxulu» nə ola bilər? Yuxunun məsumluğu analiz zamanı ortaya çıxan ilk fikirdən dağılır, çünki dünən bir qadın açıq şəkildə ona deyib ki, onun (qadının) sonbeşiyi dünyaya gəlməsinə görə cırılmış prezervativə borcludur. Bu xəbəri aldıqda onda bir sıra fikirlər oyanır: nazik prezervativ təhlükəlidir, qalın da pisdir. Prezervativ pencəyin analoqudur, onu da pencək kimi «geyinirlər». Həmin qadının verdiyi xəbər onun kimi subay bir adam üçün həqiqətən «qorxuludur». İndisə yenidən məsum yuxular görən xanım pasiyentimizə qayıdaq.
IV. O, şamı şamdana qoyur, ancaq şam qırıq olduğu üçün pis dayanır. Məktəbdəki rəfiqələri onun çox bacarıqsız olduğunu deyirlər, qulluqçu bunun onun günahı olmadığını bildirir.
Real səbəb burada da var, dünən o həqiqətən şamdana şam qoyub, ancaq şam qətiyyən qırıq olmayıb. Burada qarşımıza son dərəcə şəffaf bir simvolika çıxır. Şam qadın cinsiyyət orqanını qıcıqlandırmağa qadir predmetdir; əgər o qırıqdırsa, bu onun ərinin impotentliyinə işarədir («bu onun (qadının) günahı deyil»). Bəs şamın bu təyinatı yaxşı tərbiyə görmüş, hər cür iyrəncliyə yad olan gənc qadına bəllidirmi? Bunu hansı təəssürata əsasən bildiyini o təsadüfən müəyyənləşdirə bilər. Reyndə qayıqda üzərkən, başqa bir qayığa rast gəlib, orada oturan tələbələr vulqar mahnı oxuyurmuşlar: «İsveç kraliçası Apollonun şamı ilə taxtabənd arxasında olanda…» O, son sözü ya eşitməyib, ya da anlamayıb. Əri ona tələb olunan izahatı verməliydi. Bu mahnı yuxuda bir dəfə pansionda naqolaycasına yerinə yetirdiyi məsum bir tapşırıqla əvəzlənib; məsələ məhz taxtabənd arxasında olub. Onanizm haqqında mövzunun impotensiya ilə əlaqəsi kifayət qədər aşkardır. Yuxugörmənin gizli məzmununda «Apollon» bu yuxunu bakirə Pallada haqqında olan əvvəlki yuxu ilə əlaqələndirir. Beləliklə aydın olur ki, bu yuxunun məsum xarakterindən söhbət belə gedə bilməz.
V. Yuxugörmə ilə yatanın həqiqi təəssüratlarının həddindən artıq şəffaf görünməməsi üçün burada ilk baxışda məsum görünən daha bir yuxunu misal göstərəcəyəm. O (qadın) deyir: yuxuda görüb ki, sandığa o qədər kitab yığıb ki, qapağını örtə bilmir və bu onun yuxusuna həqiqətdə baş verdiyi şəkildə girib. Burada pasiyent özü yuxu ilə gerçəkliyin bir-biriylə üst-üstə düşməsinə diqqət çəkir. Yuxugörmə haqqında bütün belə mülahizələr, yuxugörmələrin səbəblərinə diqqət edib onların ayıq təfəkkürdən qaynaqlandığını görsək də, bundan sonrakı misallardan da görəcəyimiz kimi yuxugörmənin açıq məzmununa aiddir. Beləliklə, bizə deyirlər ki, insan yuxuda gündüzlər həqiqətən başına gələnləri görür ( 22-ci və sonrakı səhifələrdəki qeydə bax). Sərbəst şəkildə ortaya çıxan və izahına ingilis dilinin kömək etdiyi fikirlərə hansı yolla gəlib çıxdığımızı bildirmək çox uzun olardı. Burada söhbətin ağzınadək dolu və daha heç nə yerləşməyən balaca bir qutudan (box) (qutudakı ölü uşaq meyiti haqqında olan yuxu ilə müqayisə et) getdiyini söyləmək kifayətdir. Hər halda, bu dəfə yuxuda axmaq heç nə yoxdur.
Bütün bu «məsum» yuxularda seksual məqam senzura motivi kimi nəzərə çarpır. Ancaq prinsipial əhəmiyyət kəsb edən bu məsələni hələlik kənara qoyacağıq.
e) Yuxugörmənin infantil qaynaqları. Yuxugörmənin məz•mununun üçüncü xüsusiyyəti barədə biz bütün müəlliflər (Robert də daxil) birlikdə bildirdik ki, yuxugörmədə həyatın erkən dövrünün epizodları da öz ifadəsini tapa bilər, ayıq yaddaş onları canlandırmaqda gücsüzdür.
Bunun hansı sıxlıqda müşahidə olunduğunu demək, əlbəttə, çətindir, çünki oyandıqdan sonra yuxugörmənin bu elementlərinin mənşəyini müəyyən etmək mümkün deyil.
Söhbətin uşaqlıq təəssüratları haqqında getdiyini obyektiv yolla isbat etmək lazımdır, bununçün zəruri şərait nadir hallarda mövcud olur. Morinin 20 illik ayrılıqdan sonra öz vətənini ziyarət etməyə qərar vermiş bir oğlan haqqında danışdığı əhvalat xüsusilə isbat olunmuş kimi görünür. Yola düşməzdən öncəki gecə o, yuxuda görür ki, naməlum bir şəhərdədir və küçədə yad bir cənabla rastlaşıb, onunla söhbət etməyə başlayır. Vətəninə gəldikdə həmin küçənin uşaqlığını keçirdiyi evin yaxınlığında olduğuna əmin olur, yuxudakı tanımadığı cənab isə mərhum atasının orada yaşayan dostu imiş. Göründüyü kimi, bu onun həmin küçəni və adamı uşaqlıqda görməsinə son dərəcə inandırıcı sübutdur. Lakin cibində konsertə bilet olan qızın, ya da atası Qamoya aparmağa söz verən uşağın yuxusunda və digər bənzər yuxularda olduğu kimi, bu yuxuda da onun səbirsizliyinin ifadəsini görmək lazımdır. Uşaqlığın məhz bu təəssüratının yuxuda meydana çıxmasının motivləri, əlbəttə ki, detallı analiz yoluyla açıla bilər.
Yuxusunun nadir hallarda təhrif prosesinə məruz qalmasıyla öyünən həmkarlarımdan biri mənə xəbər verdi ki, bu yaxınlarda yuxuda atasının müdirini 11 yaşınadək onu tərbiyə edən və evlərində qalan tərbiyəçi qadının yatağında görüb. Bu səhnənin baş verdiyi yer onun ağlına hələ yuxuda ikən gəlib. Bu yuxuyla ciddi maraqlanaraq, onu dərhal böyük qardaşına danışır, qardaşı gülərək bu yuxunun real olduğunu təsdiq edir. O həmin vaxt altı yaşında olduğunu xatırlayır.
Gecəni birlikdə keçirmək üçün əlverişli şərait yarananda sevgililər ona, böyük oğlana pivə içirdib kefləndirirlərmiş. Ancaq bizim indiki yuxugörəni – o zaman tərbiyəçinin otağında yatan üç yaşlı balaca oğlanı sevgililər veclərinə almırmışlar.
Başqa bir halda, hətta yozumun köməyi olmadan yuxugörmənin məzmununda uşaqlıq dövrünün elementləri olduğunu əminliklə təsdiq etmək olar; yuxugörmənin məhz təkrar xarakterdə olduğu halda, insanın uşaqkən yuxuda gördükləri sonradan zaman-zaman yenidən yuxusuna girir. Bu cür məşhur misallara pasiyentlərimin danışdığı daha bir neçə örnəyi əlavə edə bilərəm, ancaq özümdə bu cür təkrarlanan yuxuların olmasını xatırlamıram. Otuz yaşlı bir həkim mənə danışıb ki, uşaqlıqdan ta bu günə kimi yuxusunda tez-tez iki sarı şir görür və bu obrazın mənşəyi ilə bağlı ən dəqiq məlumatlar verə bilər. Yuxugörmədən tanıdığı şir bir dəfə həqiqətən tapılıb və çoxdan atılmış farfor oyuncaq olduğu məlum olub; cavan oğlan anasından öyrənib ki, həmin şir uşaqlıqda onun ən sevimli oyuncağı olub, ancaq özü onu tamamilə unudub.
Əgər yuxunun aşkar məzmunundan onun analizdən sonra bəlli olan mənasına müraciət etsək, belə yuxularda uşaqlıq təəssüratlarının varlığını təəccüblə təsdiqləyəcəyik, ancaq məzmunda bunlar qətiyyən olmur. Bu qəbildən olan son dərəcə təsirli yuxu haqqında xəbər verdiyinə görə, «sarı şir» görən həmkarıma borcluyam. O, Nansenin qütb səyahəti haqqında kitabını oxuduqdan sonra yuxuda görüb ki, guya buzlu bir səhrada cəsur səyyahı qalvanizasiya (qalvanik cərəyanın müalicə məqsədilə tətbiqi) edərək, onu əziyyət çəkdiyi işias xəstəliyindən müalicə etməyə çalışır. Bu yuxunun analizi əsnasında onun yadına uşaqlığından bir epizod düşdü, həmin epizod olmadan yuxu anlaşılmaz qalardı. Üç-dörd yaşı olanda bir dəfə o, böyüklərin qütb səyahəti haqqında söhbətini maraqla dinləyib: atasından bu xəstəliyin ağır olub-olmadığını soruşub. Görünür, o «Re-isen» (səyahət) sözüylə «ReiBen» (ağrı) sözünü qarışdırıb.
Qardaş-bacılarının lağlağısı bu rüsvayçı epizodun onun yaddaşından silinməməsinə yardımçı olub.
Mənim «Alp bənövşəsi haqqında monoqrafiya» barədə yuxumun analizində də məsələ eynilə bu cürdür, orada da mən uşaqlığımla, atamın mənə, beş yaşlı balaca oğlana cırmaq üçün şəkilli kitab verdiyi bir epizodla qarşılaşmışdım. Lakin burada o xatirənin həmin yuxunun əmələ gəlməsində həqiqi rol oynaması, yoxsa analiz əsnasında ortaya çıxması şübhə doğurur. Ancaq müxtəliflik və ayrı-ayrı assosiasiya elementlərinin qarşılıqlı əlaqəsi birinci fərziyyənin xeyrinədir: Alp bənövşəsi – sevimli çiçək – sevimli yemək – ənginar – kitab vərəqlərinin ənginarda olduğu kimi yarpaq-yarpaq cırılması (bu nitq ifadəsini eyni zamanda hər gün Çin fəslinə aid də eşitmək olar); – herbari – sevimli yeməyi kitablar olan kitab qurdu. Bundan başqa, yuxunun xəbər verməyi lüzumsuz saydığım sonuncu mənasının həmin uşaqlıq epizodunun məzmunu ilə sıx əlaqədə olduğunu təsdiq edə bilərəm.
Digər yuxuların analizi göstərir ki, yuxugörmənin əmələ gəlməsinə səbəb olan arzu və yuxugörmənin arzunun həyata keçməsiylə yaranması uşaqlıq xatirələrindən qaynaqlanır, belə ki, subyekt üçün təəccüblü olsa da, yuxuda guya bütün arzuları və impulslarıyla birlikdə öz uşaqlıq həyatını davam etdirdiyini görür.
Mən burada artıq bir dəfə qiymətli nəticə çıxardığımız bir yuxunun yozumunu davam etdirəcəyəm: bu, həmkarım R. – əmim haqqında olan yuxudur. Həmin yuxunun yozumu bizə göstərdi ki, onun əsasında, şübhəsiz, professor təyin olunma arzusu dayanır; yuxuda həmkarım R.-ə bəslənən incə duyğuları biz yuxugörmədə hər iki həmkarıma qarşı olan təhqirlərə qarşı etiraz kimi izah etdik. Bir halda ki, bu mənim öz yuxuma girib, mən verilən izahatla qətiyyən razı olmadığımı bildirib, analizi davam etdirə bilərəm. Həmkarlarım barədə yuxunun məzmununa daxil olan fikirlərin tamamilə başqa cür olduğu mənə məlum idi; mənim ayıq haldakı fikrimlə yuxugörmənin gəldiyi qənaət arasındakı ziddiyyəti tam izah etmək üçün professor rütbəsilə bağlı onların taleyini bölüşməmək arzusunun məndə həddindən artıq güclü olması mənə əhəmiyyətsiz görünürdü. Əgər bu titula sahib olmaq istəyim şöhrət xəstəliyinə tutulmağımı sübut edəcək dərəcədə güclüdürsə, bildiyim qədərilə mən bundan olduqca uzağam. Dost-tanışımın bu barədə nə deyəcəklərini bilmirəm, bəlkə, mən doğrudan da şöhrətpərəstəm; əgər bu belədirsə, mənim şöhrətpərəstliyim ekstraordinar professor titul və rütbəsinə deyil, artıq çoxdan başqa obyektlərə yönələrdi.
Bəs yuxunun mənə sırıdığı şöhrətpərəstlik haradandır? Xatırlayıram ki, uşaqlıqda mənə tez-tez mən doğulanda hansısa bir kəndli qarının anama böyük bir insana həyat bəxş etdiyini söylədiyini danışırdılar. Belə bir proqnoz heç kəsi təəccübləndirmir; dünyada nə qədər arzusu çin olmuş ana və hakimiyyətləri sona çatdığından gələcəyə müraciət edən qoca kəndli qarılar, digər yaşlı qadınlar var. Bu iş, əlbəttə, peyğəmbərliklə məşğul olanlar üçün o qədər də ziyanlı deyil.
Yəni mənim şöhrətpərəstliyim həmin mənbədən qaynaqlanır? Ancaq mən daha həqiqətəuyğun izahatı olan başqa bir analoji təəssürat da xatırlayıram. Bir dəfə axşam valideynlərimin məni də tez-tez apardıqları Praterdəki restoranlardan birində (o zaman on bir-on iki yaşım olardı) biz stoldan-stola gəzərək kiçik qonorar müqabilində yetərincə uğurlu şeirlər improvizə edən bir adam gördük. Valideynlərim məni improvizatoru bizim masaya dəvət etmək üçün göndərdilər; o mənə alicənab təsir bağışladı. Ondan nəsə xahiş edənə qədər mənə bir neçə qafiyə həsr etdi və öz şerilə mənim nə vaxtsa «nazir» olacağımı ehtimal etdi. Bu ikinci peyğəmbərliyin təəssüratı çox yaxşı yadımdadır. O zaman məhz mülki nazirlik dövrüydü; bundan az bir müddət əvvəl atam evə yeni nazirlərin – Herbstin, Hiskrın, Ungerin, Bergerin və başqalarının portretlərini gətirmişdi. Biz onları bəzəmişdik. Onların arasında yəhudilər də vardı və hər bir ümidverən yəhudi oğlan uşağı qarşısında nazir portfeli görürdü. O dövrün təəssüratları arasında universitetə qəbul olmamışdan əvvəl hüquq fakültəsinə daxil olmaq istəyim və son anda qərarımı dəyişməyim faktı var. Nazir karyerası həkim üçün ümumiyyətlə əlçatmazdır. Yenidən yuxuma müraciət edirəm. Onun məni indiki kədərli dövrdən ümidlərlə dolu mülki nazirlik dönəminə aparıb, o zamankı arzumu yerinə yetirdiyini anlamağa başlayıram. Hər iki hörmətli həmkarımı yalnız yəhudi olduqlarına görə təhqir etməklə, birini «axmaq», digərini isə «cinayətkar» adlandırmaqla mən özünəməxsus nazir rolu oynayıram, deməli, yuxuda sadəcə nazir kürsüsünə əyləşmişəm. Zati-aliləri necə də qisasçı imiş! O məni ekstraordinar professor təsdiq etməkdən imtina edir, mənsə ondan intiqam almaq məqsədilə yuxuda onun yerini tuturam.
Başqa bir halda mən yuxudakı arzunun indiyə aid olsa da, uşaqlıq xatirələrilə xeyli dərəcədə möhkəmləndiyini görə bilirəm. Söhbət Romada olmaq arzusunu ifadə edən bir çox yuxulardan gedir. Bu arzu böyük ehtimalla hələ uzun müddət ancaq yuxularda həyata keçəcək, çünki Romaya getmək imkanlarım ilin elə bir fəslinə düşür ki, həmin vaxt Romada olmaq səhhətim üçün təhlükəlidir. O vaxtdan etibarən bilirəm ki, artıq çoxdan əlçatmaz hesab olunan arzuların izahı üçün bir qədər cəsarətli olmaq lazımdır. Bir dəfə yuxuda gördüm ki, vaqonun pəncərəsindən Tibrə və Mələklər Körpüsünə baxıram. Qatar yerindən tərpənir və ağlıma gəlir ki, axı şəhərdə olmamışam. Yuxuda qarşımda açılan mənzərə bir gün əvvəl pasiyentimin qonaq otağında gördüyüm məşhur qravüranı xatırladırdı. Başqa bir yuxuda bir adam məni dağa aparır və dumana bürünmüş Romanı göstərir: şəhər məndən o qədər uzaqdır ki, qarşımda açılan mənzərinin aydınlığına heyrət edirəm. Bu yuxunun davamı var, ancaq burada onun haqqında danışmaq imkanından məhrumam. Lakin onda «həsrəti çəkilən yerə uzaqdan baxmağın»
motivini asanlıqla qeyd etmək mümkündür. Əvvəlcə dumanlar içində gördüyüm şəhər Lübekdir.
Şəhər öz əksini Hleyhenberqdə (almanca «Berg» – dağ deməkdir) tapır. Üçüncü yuxuda, nəhayət, guya Romanın özündəydim; ancaq şəhərin özünü deyil, tünd rəngdə suyu olan bir çay görürəm: bir sahilində qara qaya var, digərində hündür ağ çiçəkləri olan çəmənlik. Hansısa cənab Tsukeri («Tsuker» tərcümədə «şəkər» deməkdir) görürəm (onu az tanıyıram) və ondan şəhərin yolunu soruşmaq istəyirəm. Şəhəri yuxuda görməyə çalışmağım, aydındır ki, əbəsdir, çünki onu ayıq həyatda heç vaxt görməmişəm. Əgər yuxunu ayrı-ayrı elementlərə ayırsam, ağ çiçəkləmə mənə tanış olan Ravennaya işarə edir, o, bir müddət birincilik uğrunda Roma ilə mübarizə aparıb. Ravenna ətrafındakı bataqlıqda biz ağ və çox gözəl dəniz çiçəkləri tapmışdıq; yuxuda onlar bizim Auszedəki nərgizlər kimi çəmənlikdə bitib: Ravennada onları sudan dərmək olduqca çətin idi. Sahildəki qara qaya Karlsbad yaxınlığındakı Tepl vadisini çox xatırladırdı. «Karlsbad» isə yolu niyə cənab Tsukerdən soruşduğumu izah edir. Mənim yuxumun materialında iki məzəli yəhudi lətifəsinin olduğunu görmək mümkündür, onlarda kədərli də olsa, müdrik həyati məna var, biz danışarkən və məktub yazarkən onları tez-tez sitat gətiririk. Onlardan biri «konstitusiya»
haqqında əhvalatdır (burada bədən quruluşu mənasındadır). Bir kasıb cuhud biletsiz Karlsbada gedən sürət qatarına minir; onu hər stansiyada düşürürlər və nəhayət, stansiyaların birində rast gəldiyi tanışı ondan hara getdiyini soruşur. O cavab verir: «Əgər konstitusiyam dözsə, Karlsbada». Başqa bir lətifə fransız dilini bilməyən və Parisə gələn cuhud haqqındadır. O, Rişelye küçəsinə necə getmək lazım olduğunu soruşmaq məcburiyyətində qalır. Paris də uzun illər mənim səylərimin hədəfi olub və ilk dəfə dünyanın mərkəzi olan bu şəhərə düşəndə məni bürüyən bəxtiyarlıq duyğusu yerdə qalan bütün arzularımın yerinə yetəcəyinə zəmanət verdi.
Yolla bağlı suallar Roma ilə bağlıdır, məlum olduğu kimi bütün yollar Romaya aparır. Bundan əlavə, Tsuker (şəkər) soyadı konstitusional xəstəlik olan şəkərdən əziyyət çəkən xəstələrin hamısını göndərdiyimiz Karlsbada işarədir. Bu yuxunun səbəbi Berlindən olan dostumun Pasxada Praqada görüşməklə bağlı təklifidir, onunla şəkər (Zucker) və diabetlə bağlı bəzi məsələləri aydınlaşdırmalıydıq.
Üçüncü yuxudan az sonra gördüyüm dördüncü yuxu məni yenidən Romaya apardı. Mən bir küçə görürəm və oraya yapışdırılmış alman plakatlarının çoxluğuna heyrət edirəm. Bir gün əvvəl dostuma peyğəmbərcəsinə yazmışdım ki, almanlar Praqada çətin ki xoş vaxt keçirməyə ümid etsinlər. Beləliklə, yuxu həm də onunla Bohemiya paytaxtında deyil, Romada görüşmək arzusunu ifadə edir və bundan başqa, mənim Praqada alman dilinə daha dözümlü yanaşmanı istəyən tələbəlik illərimin arzularına aiddir. Mən çex dilinə bələdəm, doğrudur, slavyanların üstünlük təşkil etdiyi kiçik Marene qəsəbəsində doğulduğum üçün onunla uşaqlıqda təmasda olmuşam (üç yaşıma qədər). Gəncliyimdə eşitdiyim çexcə bir şeir yaddaşıma elə həkk olunub ki, sözlərinin mənasını anlamasam belə, bu gün də onu əzbər söyləyə bilərəm. Beləliklə, bu yuxular da mənim erkən uşaqlığımın təəssüratlarıyla sıx bağlıdır.
İtaliyaya son səfərim zamanı Trazimen gölünün yanından keçəndə Tibri gördüm, ancaq çox təəssüf edirəm ki, Romaya səksən kilometr qalmış geri dönməli oldum; nəhayət, mənim şiddətli Əbədi şəhəri görmək arzumu (kənar təəssüratlardan) əsaslandıra bildim. Mən gələn il
Neapoldan keçərək Romaya getmək planı düşündüm və qəflətən yadıma çox güman ki, klassiklərimizdən birindən oxuduğum cümlə düşdü: «Böyük sual otaqda səylə irəli-geri qaçıb, nəhayət, Romaya yollanmağa qərar verdi, – konrektor (prorektor) Vinkelman, ya da sərkərdə
Hannibal». Mən axı Hannibalın izilə gedirdim, onun kimi mənim də taleyimdə Romanı görmək yox idi, Romada bütün dünya onu gözlədiyi halda, o da Kampanyuya getmişdi. Mənimlə oxşarlığı olan Hannibal gimnaziya illərimin sevimli qəhrəmanlarından olub; bu yaş dövrünü yaşayan bütün həmyaşıdlarım kimi, mən də Punik müharibələrində romalılara deyil, karfagenlilərə rəğbət bəsləyirdim. Sonradan yuxarı sinifdə oxuyanda mənşəyimin semit irqindən gəlməsinin tam mənasını anlayanda bəzi dostlarımın antisemit baxışları məni bəlli mövqeyi tutmağa vadar etdi, bundan sonra semit sərkərdə gözümdə daha da yüksəldi. Hannibal və Roma gənc insan üçün yəhudilərin yaşamaq uğrunda mübarizəsi ilə katolik kilsəsi təşkilatı arasındakı ziddiyyəti simvolizə edirdi. O vaxt antisemit hərəkatın mənim psixikam üçün kəsb etdiyi məna sonradan həmin erkən dövrün fikir və duyğularını müəyyən edib. Beləliklə, Romaya getmək arzusu bir çox digər çılğın arzuların simvoluna çevrilib, bu arzuların həyata keçməsi üçün tale Hannibala öz həyat vəzifəsini yerinə yetirməkdə yardımçı olduğu kimi, sənə də kömək etdiyi müddətdə səbirlə, karfagenli mətanətilə, dözümüylə çalışmalısan.
Mən yenə bütün bu hissiyyatlarda və yuxugörmələrdə zühur edən daha bir gənclik təəssüratı ilə qarşılaşıram. Atam məni özüylə gəzintilərə aparmağa və ən müxtəlif şeylər barədə mənimlə söhbət etməyə başlayanda ya on, ya da on iki yaşım vardı. Beləcə, bir dəfə mənim dövrümün onunkundan nə qədər yaxşı olduğunu göstərmək üçün dedi: «Cavan olanda şənbə günləri anadan olduğum şəhərdə əynimdə bayram paltosu, başımda qəşəng şlyapa gəzərdim. Bir dəfə bir xristian mənə yaxınlaşıb, yumruqla şlyapama vurdu və qışqırdı: «Cuhud, səkidən rədd ol!» – «Bəs sən nə etdin?» – «Mən döşəmə yola keçib, şlyapamı qaldırdım», – atam cavab verdi.
Bu mənə, balaca oğlana, əlindən tutub aparan böyük və güclü adamın göstərdiyi çox kiçik bir qəhrəmanlıq kimi göründü. Mən bu situasiyaya qarşı başqa birini – mənim duyğularıma daha çox uyğun gələnini qoydum: Hannibalın atası Hamilkar Varkanın oğluna səcdəgah qarşısında romalılardan qisas almağa and içdirməsi səhnəsi. O vaxtdan Hannibal mənim fantaziyalarımda mühüm yer tutdu. Bu kitabın ilk nəşrində burada Hasbrubal yazılmışdı; bu dəhşətli bir səhv idi, izahını «Adi həyatın parapsixologiyası» əsərimdə vermişəm. (Rusca tərcüməsi «Sovremennıye problemı» nəşrində, Moskva, 1924).
Mənə elə gəlir ki, Karfagen sərkərdələrinə marağı uşaqlığımın daha dərin qatlarında izləyə bilərəm, belə ki, burada söhbət yalnız artıq mövcud olan affektiv münasibətin yeni obyektə köçürülməsindən gedir. Əlimə düşən ilk kitablardan biri Tyerin «Konsulat və
İmperiyanın tarixi»dir; yadımdadır ki, öz qalay əsgərlərimin üzərinə ilk imperator marşallarının adı yazılmış kağızlar yapışdırmışdım və o zaman Massena (yəhudi adı Menasseyə bənzəyir) mənim sevimlim idi. (Bu rəğbət arada yüz il fərq olsa da, doğum günlərinin üst-üstə düşməsiylə izah olunmalıdır.) Napoleonun özünün Alp dağlarından keçməsi sayəsində Hanniballa bağlılığı var. Bəlkə də bu hərbi idealın inkişafını məndən bir yaş böyük olan dostumla (o zaman mənim üç yaşım vardı və zəif tərəfi təmsil edirdim) aramızda olan yarıdost-yarıdüşmən münasibət sayəsində ortaya çıxan uşaqlıq arzularınadək izləmək olar.
Yuxugörməni nə qədər dərindən təhlil ediriksə, yuxugörmənin gizli məzmununda onun mənbəyi rolunu oynayan uşaqlıq təəssüratlarının izinə daha çox düşürük.
Yuxarıda dedik ki, yuxugörmə çox nadir hallarda öz aşkar məzmununda dəyişilmədən ortaya çıxan xatirələr doğurur. Bununla belə, bu hala aid də bir neçə misal tapmaq olar; mən özümdən uşaqlıq xatirələrilə bağlılığı olan daha bir neçə yuxugörmə əlavə edirəm.
Pasiyentlərimdən birinin gördüyü yuxu bir seksual epizodun, demək olar ki, təhrif olunmamış əksidir; bu fakt tam doğru bir xatirə kimi dərhal təsdiqləndi. Doğrudur, hadisə haqqındakı xatirə hafizədən heç vaxt silinməmiş, ancaq zaman keçdikcə xeyli tutqunlaşmış və baş verən psixoanalitik iş sayəsində yenidən canlanmışdır. Həmin pasiyent 12 yaşındaykən bir dəfə xəstə yoldaşına baş çəkib; təsadüfən yorğan yoldaşının üzərindən sürüşərək düşüb və o, yataqda çılpaq görünüb. Onun cinsiyyət orqanını görən pasiyentim özünəməxsus sırtıqlıq edərək soyunub və yoldaşının penisinə toxunub. Lakin yoldaşı elə hirslənib və heyrətlənib ki, o pərt olaraq gedib. Həmin səhnə 23 ildən sonra yenidən yuxuda əks olunub, fərq yalnız mənim pasiyentimin aktiv deyil, passiv olmasındadır, məktəb yoldaşının şəxsiyyəti isə indiki tanışlarından biriylə əvəzlənib.
Söz yox ki, uşaqlıq epizodları yuxugörmənin aşkar məzmununda yalnız ayrı-ayrı eyhamlar şəklində ortaya çıxır və yalnız yozulduqdan sonra izah oluna bilir. Bu cür misallar o qədər də inandırıcı deyil, çünki uşaqlıq təəssüratlarının doğruluğuna heç bir təminat yoxdur; hətta əksər hallarda yaddaş da onları etiraf edə bilmir. Yuxulardakı bu cür uşaqlıq təəssüratlarını ümumi fəaliyyəti yetərincə etibarlı olan çoxsaylı məqamlardan çıxış edərək psixoanalitik analizdən keçirdikdə təsdiqləmək olar. Yozum məqsədilə öz kompleksindən çıxarılan yuxugörmələr, yuxulardakı uşaqlıq təəssüratlarıyla bağlı bu cür məlumatlar, ola bilər ki, yetərli təəssürat yaratmasın, ona görə ki, mən yozumun əsaslandığı bütün material haqqında belə məlumat vermirəm.
1. Qadın pasiyentlərimdən biri belə bir yuxu görüb: O, hər cür maşınların olduğu böyük bir otaqdadır; ona elə gəlir ki, guya ortopedik müalicə alır. Eşidir ki, mənim qətiyyən vaxtım yoxdur və o digər beş pasiyentlə birlikdə müalicə olunmalıdır. O buna etiraz edir və onunçün ayrılmış yatağa uzanmaq istəmir, ya da nəsə başqa bir şey. Mənim bunun yalan olduğunu dediyimi eşitmək üçün küncdə durub gözləyir. Bu zaman o birilər ona gülürlər və bunun şıltaqlıq olduğunu söyləyirlər. Bununla yanaşı ona elə gəlir ki, guya çoxlu balaca kvadratlar çəkir.
Bu yuxunun birinci hissəsi müalicənin mənim yanıma köçürülməsiylə bağlıdır. İkinci hissə uşaqlıq epizoduna işarə edir; hər iki hissə öz arasında yatağın xatırlanmasıyla bir-birinə bağlanır.
«Ortopedik müalicə» mənim sözlərimlə izah olunur: bir dəfə onun müalicəsinin uzun çəkməsini ortopedik xəstəxana müalicəsi ilə müqayisə etmişdim. Müalicəyə başlayanda ona demişdim ki, hazırda ona çox vaxt ayıra bilmərəm, ancaq sonradan gündə bir saat sərf edə bilərəm. Bu onun uşaqlar üçün son dərəcə xarakterik olan və isteriyaya meyilli köhnə duyğularını oyadıb. O duyğularda sevgi aclığı var. Mənim pasiyentim altı bacının ən kiçiyi və atasının sevimlisi olub.
Buna baxmayaraq, ona elə gəlib ki, atası ona çox az vaxt ayırır. Onun mənim bunun doğru olmadığını söyləməyimi gözləməsinin izahı belədir: dərzi ona öz köməkçisi vasitəsilə paltar göndərib, o da ona pul verib ki, dərziyə çatdırsın. Sonra o, ərindən soruşub ki, əgər köməkçi pulu itirsə, görəsən, ikinci dəfə ödəniş etmək zorunda qalmayacaq? Əri ona sataşmaq üçün (yuxuda da sataşır) deyib: «Əlbəttə». O, ərindən əl çəkməyib və gözləyib ki, əri, nəhayət, bunun doğru olmadığını söyləsin. Yuxunun gizli məzmununu əgər mən ona ikiqat vaxt ayırsam, onun mənə ikiqat qonorar ödəməkdən qorxması şəklində qurmaq olar, xəsisliklə bağlı bu fikir ona xoş deyil, «çirkinlikdir». (Uşaqlıqla bağlı pintilik yuxuda tez-tez xəsisliklə qarışır; «çirkinlik» sözü burada bağlayıcı halqa rolu oynayır). Əgər yuxuda gözləmə barədə deyilənləri «çirkin» sözü ifadə etməlidirsə, onda küncdə dayanma və yatağa uzanmaqdan imtina da bura aiddir: uşaqlıqda o bir dəfə yatağını batırıb və buna görə küncə qoyulmaqla cəzalanıb; onu hədələyiblər ki, atası onu daha sevməyəcək, bacıları ona gülüblər və s. Balaca kvadratlar ona hesab məsələsini göstərib, «doqquz rəqəmini kvadratlarda necə yerləşdirmək olar ki, cəm bütün istiqamətlərdə 15 alınsın»
soruşan kiçik bacısı qızına işarədir.
II. Yuxuda kişilər: o, güləşən iki oğlan görür; onların çəlləkçinin (Fabinder) oğulları olduqlarını ətrafdakı alətlərdən necə müəyyənləşdirə bilər; oğlanlardan biri o birini yıxdı, yıxılan oğlanın göy qaşlı sırğaları var. O, əlindəki ağacı yuxarı qaldıraraq günah işləmiş oğlanı cəzalandırmaq üçün ona doğru cumur. Oğlan taxta çəpərin yanında dayanmış qadının yanına qaçır, qadın guya onun anasıdır. Amma bu qadın muzdlu fəhlənin arvadıdır, o, arxası yuxugörənə sarı dayanıb. Nəhayət, üzünü döndərib dəhşətli baxışlarla ona elə baxır ki, o qorxub qaçır.
Gözlərinin alt qapaqlarından qırmızı ət çıxdığı görünür.
Yuxu əsasən əvvəlki günün bayağı hadisələrindən istifadə edib. Dünən o, küçədə həqiqətən iki oğlan görüb, onlardan biri doğrudan da digərini yerə yıxıb. Onları aralamaq üçün tələsik yaxınlaşmaq istəyəndə hər ikisi qaçıblar. Çəlləkçinin oğlu: bu element analizində Dem Fab den Boden ausschla-gen (bütün işləri korlamaq) nitq ifadəsindən istifadə etdiyi növbəti yuxudan sonra aydınlaşıb. Göy qaşlı sırğaları onun müşahidə etdiyinə görə əsasən fahişələr taxırlar.
Beləliklə, bura iki oğlan haqqında iki şeir də qoşulur: «O biri oğlanın adı Mariya idi… » (yəni qız idi). Duran qadın: iki oğlanla bağlı epizoddan sonra o, Dunay sahilinə gəzməyə çıxıb, burada heç kəsin olmamasından istifadə edərək, taxta çəpərin dibini isladıb. Bir az irəli getdikdə yaxşı geyinmiş bir qadına rast gəlib, qadın ona gülümsünüb və öz ünvanını vermək istəyib.
Qadının adətən sidiyə gedərkən aldığı pozada dayanması o deməkdir ki, söhbət pəşov edən qadından gedir və buna qırmızı ətin çıxması kimi qorxunc «görünüşü» də aid etmək lazımdır ki, bu da yalnız çömələrkən cinsiyyət orqanlarının aldığı vəziyyətlə bağlıdır; uşaqlıqda görülən bu mənzərə sonradan gecikmiş xatirə şəklində «artıq ət», «yara» kimi yenidən ortaya çıxır. Yuxu iki səbəbi birləşdirir və bunlar əsnasında balaca oğlan balaca qızın cinsiyyət orqanını görə bilər: yerə uzanarkən və sidik buraxarkən. Digər səbəblərdən də göründüyü kimi, nəticə etibarilə o, balaca oğlanın seksual marağının hər iki halında cəzalandırılmasını, ya da atasının təhdidini xatırlayır50.
III. Uşaqlıq xatirələrinin bir fantaziyada necə gəldi birləşməsinin bütöv kompleksi bir gənc qadının aşağıdakı yuxusunda öz əksini tapır.
O, alış-verişə gedir və bərk tələsir. Qrabendə qəflətən çalınmış ot kimi dizi üstə yıxılır.
Camaat ətrafına yığışsa da, heç kəs kömək etmir. O, ayağa qalxmaq istəyir, ancaq bacarmır.
Nəhayət, qalxır və onu evə getməsi üçün faytona mindirirlər. Pəncərəsinə ağzınadək dolu böyük səbət (bazar səbətinə oxşayır) atırlar.
Yuxunun birinci hissəsi, çox güman ki, yıxılan at görünüşü ilə izah olunur, yuxudakı «çalınmış ot» elementi cıdıra işarədir. Gəncliyində o, at sürüb, uşaqkən də, yəqin özünü at kimi təsəvvür edib. Onun yıxılmasının qapıçının küçədə epileptik qıcolması tutaraq yıxılan və faytonda evə gətirilən 17 yaşlı oğluyla bağlı xatirəsilə əlaqəsi var. Bu barədə o, əlbəttə, yalnız eşidib, epileptik qıcolma, «yıxılma» haqqında təsəvvür onun təxəyyülünün məhsuludur və sonradan onun öz isterik tutmalarının formasına təsir göstərib. Qadının yuxuda yıxılma görməsi, demək olar ki, həmişə seksual məna kəsb edir və o, «bədnam» olur; bizim yuxu üçün bu yozum heç bir şübhə doğurmur, çünki o, Vyanada fahişələrin toplandığı yer kimi məşhur olan Qrabendə yıxılır.
Alış-veriş səbəti yozumdakından daha çox məna verir. O, səbət («Korb») qadının əvvəllər bütün adaxlılarını dəfələrlə rədd etməsini və öz dediyinə görə, sonradan rədd olunmasını xatırladır.
o özü bunu etinasızlıq əlaməti kimi qiymətləndirir. Alış-veriş səbəti daha sonra artıq analiz olunmuş fantaziyaları xatırladır, bu fantaziyalarda o, sosial durumu özündən aşağı olan adama ərə gedir və indi bazara özü getməlidir. Nəhayət, alış-veriş səbəti xidmətçi atributu kimi də yozula bilər. Sonrakı uşaqlıq xatirələri də bura aiddir: oğurluq üstündə qovduqları aşpaz qadın; həmin aşpaz qadın da diz üstə yıxılmış və üzr istəmişdi. O zaman onun on iki yaşı varmış. Sonra faytonçu ilə mazaqlaşdığına görə işdən qovulan qulluqçu, ancaq sonradan elə həmin faytonçuya da ərə gedib. Bu xatirə beləcə yuxuda faytonçularla bağlı xatırlamanın mənbəyinə çevrilib (onlar gerçəkliyin əksinə yıxılana kömək etmirlər). Qalır bircə səbətin niyə pəncərəyə atılmasını aydınlaşdırmaq. Bu, kiçik stansiyalarda düşən sərnişinlərə yüklərinin pəncərədən atılmasını xatırladır və kənddə olmaqla bağlantısı var. Bu həm də bir cənabın tanış xanımın pəncərəsinə göyəm atmasını, xanımın balaca bacısının isə bundan sonra hansısa avaranın onların pəncərəsinə baxmasından qorxmasını xatırladır. Bunun ardınca on yaşı olanda onlarda yaşayan və nökərlə əlaqəsi olan tərbiyəçi qadınla bağlı tutqun bir xatirə üzə çıxır; biz bu hadisəyə bir çox başqa yollarla yaxınlaşdıq. Vyanalılar yükə, sandığa saymazyana şəkildə «yeddi gavalı» deyirlər.
«Yeddi gavalını götür, sürüş».
Mənim kolleksiyamda belə yuxular həddindən artıq çoxdur, onların analizi dumanlı, bəzən tamamilə unudulmuş, hətta üç yaşa qədərki uşaqlıq xatirələrinə aparır. Lakin onlardan yuxugörmə nəzəriyyəsi üçün hansısa ümumi məna kəsb edən hər hansı nəticə çıxarmaq lazım deyil. Onların hamısında söhbət əsəb xəstələrindən, hətta isteriyalılardan gedir və onlarda uşaqlıq xatirələrinin rolu qətiyyən yuxugörmənin öz mahiyyəti deyil, nevrozun mövcudluğu ilə şərtlənə bilər. Ancaq öz yuxularımın yozumu (kobud xəstəlik simptomları səbəbindən deyil) zamanı da gizli məzmunda olduqca tez-tez gözlənilməz uşaqlıq epizodlarına rast gəlirəm; bəzən hətta bir çox yuxular hansısa uşaqlıq təəssüratlarının izahına da yol verir; artıq buna dair misallar gətirmişəm; gələcəkdə onların bir çoxu haqqında məlumat verməli olacağam. Bu fəsli özümün gördüyüm bir neçə yuxu ilə başa vursam, bəlkə də, ən yaxşısı bu olar, bu yuxularda yeni təəssüratlar və çoxdan unudulmuş uşaqlıq təəssüratları eyni şəkildə yetərincə mühüm rol oynayır.
Şəhərdə xeyli gəzdikdən sonra yorğun və ac halda yatağıma uzananda böyük həyati tələbatlar özünü yuxuda göstərməyə başlayır və yuxuda görürəm: mətbəxə keçib yemək üçün mənə bir şey vermələrini xahiş edirəm. Orada dayanan üç qadının biri ev sahibəsidir; o, əlində nəsə hərlədir, elə bil, kiçik xəmir kündələri düzəltmək istəyir. O məndən yemək hazır olanadək gözləməyi xahiş edir (onun nitqi o qədər də aydın deyil). Mən səbirsizlik edib, incik halda mətbəxdən çıxıram və paltomu geyirəm; ancaq ilk geymək istədiyim mənə çox uzun gəlir. Onu soyunuram və xəz yaxalığı olduğuna təəccüblənirəm. İkinci paltoda nədənsə türk parçasından uzun belbağı var. Uzunsifət, balaca saqqallı yad bir adam peyda olub, paltonu geyməyimə mane olur, deyir ki, palto onundur61. Mən paltonun başdan-ayağa türk naxışlarıyla bəzədildiyini göstərirəm. O soruşur: Türkün (naxışlarının, kəmərlərinin…) sizə nə dəxli var? Ancaq sonra bir-birimizə qarşı çox mehriban davranırıq.
Bu yuxunu analiz edərkən qəflətən ağlıma 13 yaşında ikən ilk oxuduğum roman gəlir.
Ancaq mən onu oxumağa birinci fəslin sonundan başlamışdım. Romanın və müəllifinin adını heç vaxt bilmədim, ancaq sonu yaxşı yadımdadır. Qəhrəman dəli olur və daim həyatda ona böyük xoşbəxtlik və bədbəxtlik bəxş etmiş üç qadının adını təkrarlayır. Bu adlardan biri Pelatidir. Amma bu xatirənin sonrakı analizdə hansı rol oynadığını hələ bilmirəm. Qəflətən bu üç qadın mənim fikirlərimdə insanın taleyini qaraldan üç Qismətə çevrilir və bilirəm ki, bu qadınlardan biri yuxuda, bəzən hətta, misalçün, mənə də həyat bəxş edən və ilk həyat qidası verən anadır. Sevgi və aclıq qadın döşlərində kəsişir. Bir lətifədə deyilir ki, qadın gözəlliyinin pərəstişkarı olan bir gənc söhbət onun gözəl dayəsindən düşəndə deyib: onun sinəsi üzərinə uzananda fürsətdən yaxşı istifadə etmədiyinə çox təəssüf edir. Mən adətən bu lətifədən psixonevrozlar mexanizmində gecikmə məqamını aydınlaşdıranda istifadə edirəm. Qismətlərdən biri əlində nəsə hərləyir, sanki kündə qayırır. Qismət üçün qəribə məşğuliyyətdir, izahat tələb edir! İzahatı başqa bir, daha erkən uşaqlıq xatirəsində tapıram. Altı yaşım olanda anam mənə dərs keçirdi və demişdi ki, biz torpaqdan yaranmışıq və torpağa da çevrilməliyik. Bu mənim xoşuma gəlmirdi, odur ki, şübhəylə yanaşırdım. O bunu eşidəndə yuxudakı ev sahibi kündə qayırarkən etdiyi kimi əllərini bir-birinə sürtür (fərq yalnız əllərinin arasında xəmirin olmamasındaydı) və mənə ovucları bir-birinə sürtdükdə əmələ gələn qara epiderma hissəciklərini göstərirdi. Bununla mənə torpaqdan düzəldildiyimizi göstərmək istəyirdi. Mən bu ad oculos nümayişinə hədsiz təəccüblənir və sonradan sözlərdən əxz etdiyim inancı mənimsəyirdim: «Öz ölümünlə təbiətə borclusan». Bu uşaqlıq epizoduna aid olan hər iki affekt – labüd olana təəccüb və itaət bundan bir az əvvəl gördüyüm və məni ilk dəfə bu uşaqlıq təəssüratı haqda xatirəyə qaytaran başqa bir yuxuda da var. Beləliklə, mən mətbəxə, həqiqətən Qismətlərimin yanına gedirəm. Uşaqlıqda ac olarkən tez-tez mətbəxə gedərdim, pilətənin yanında dayanan anam isə nahar hazır olanadək gözləməyimi xahiş edərdi. Ancaq «kündələr» (Knodel)! Histoloji biliklərimə görə (epiderma) borclu olduğum professorlarımdan birinin məhz «Knodel» sözüylə əlaqəsi var. Knedel professoru onun əsərini plagiat etməkdə suçlayan adamlardan birinin soyadı idi. Plagiat etmək başqalarına məxsus olanı mənimsəməkdir və bizi yuxunun ikinci hissəsinə aparır ki, burada mən guya başqasının paltosunu oğurlayıram; bu mənə universitetin qarşısında uzun müddət tələbələrin paltosunu oğurlayan oğrunu xatırladır. Mən «plagiat» sözünü qəsdən işlətmədim, ancaq indi görürəm ki, o, yuxunun gizli məzmununa aiddir, çünki aşkar məzmunun ayrı-ayrı parçaları arasında körpü ola bilər. Assosiasiya: Pelagi – plagiat – plagiostomalar (plagiostomaları qeyri-ixtiyari xatırladım, onlar mənə həmin professorun imtahanındakı xoşagəlməz bir epizodu xatırladır) (köpəkbalıqları) – balıq qabarcıqları – oxuduğum romanı Knedelin işi və palto (Überzieher) ilə bağlayır ki, bunun da seksual texnika ilə əlaqədar olduğu aydındır.
(«Überzieher» həm palto, həm də kondomdur.)
(Morinin kilo-loto haqqında yuxusuna bax). Doğrudur, bu, həddindən artıq süni və mənasız tutuşdurmadır, ancaq əgər o yuxuda hazır vəziyyətdə verilməsəydi, ayıq düşüncə onu quraşdıra bilməzdi. Və sanki belə müqayisələrin heç bir sərhəd tanımamasını sübut etmək üçün mənə əziz olan Bryukke (körpü) adı (söz körpüsünə yuxarıda bax) köməyimə gəlir və tələbə kimi ən xoşbəxt günlərimi yaşadığım institutu mənə xatırladır, ancaq mənə qətiyyən lazım olmağı halda («So wird’s Euch an der Weisheit Briisten mit jedem Tage mehr geliisten» – «Sizi hər gün daha çox müdrikliyin ağuşuna çağıracaq») yuxuda mənə əzab verən acgözlüyün əksinə. Və nəhayət, mənə əziz olan başqa bir müəllim haqqında xatirə – onun soyadı nəsə yeməli bir şey kimi səslənir (Fleischi («Fleisch» – ət), Knodel kimi) – epidermisin (ana – ev sahibəsi) pulcuqlarının rol oynadığı başqa bir kədərli epizod və latın mətbəxindən aclığı öldürən vasitə – kokain üzə çıxır.
Beləliklə, fikirlərin dolaşıq gedişatı davam etdirilə bilər və bundan sonra mən yuxunun bütün məzmununu əskiksiz yozaraq aça bilərəm, ancaq bundan imtina edirəm, çünki bu halda xeyli şəxsi qurban vermiş olaram. Mən yalnız bilavasitə bütün bu xaosun əsasında dayanan fikrə aparan bir ipucundan istifadə edirəm. Uzunsov sifəti və balaca saqqalı olan və mənə geyinməyə maneçilik törədən yad adam Spalatoda gördüyüm bir taciri xatırladır, arvadım ondan çoxlu türk parçası almışdı. Onu Popovik çağırırdılar; bu, şübhəli bir soyaddır, hətta yumorist Ştettenheymə buna eyham vurmağa bəhanə verib («O mənə soyadını dedi və qızarıb, əlimi sıxdı».). Ancaq biz burada da yuxarıdakı kimi soyaddan sui-istifadə görürük: Pelagi, Knedel, Bryukke, Fleyşel. Şəxs adlarıyla bu cür oynamağın uşaq şıltaqlığı olduğunu, zənnimcə, kimsə inkar etməz; əgər bununla mən məşğul oluramsa, bu əvəzləmə aktıdır, çünki mənim öz soyadım dəfələrlə belə səfeh müdriklik hıqqınmalarının qurbanı olub. Göte bir dəfə insanın öz soyadına nə qədər həssas olduğuna diqqət çəkib, bunu Gerder onun sanki dərisindən yaratdığı soyadıyla bağlı aşağıdakı fikri söylərkən deyib: «Der du von Gottern abstammst, vom Goten oder vom Kote» – «So seid ihr Gotterbilder auch zu Staub».
Hesab edirəm ki, soyadlarından sui-istifadədən bu şəkildə geri durmaq bizi yalnız bu şikayətə hazırlamalıdır. – Spalatodakı alış-veriş Kattarodakı digər alış-verişləri xatırlatmalıdır: bir az xəsislik etdiyinçün yaxşı şeylər almaq fürsətini qaçırdın (yuxarıda bax: «Dayənin sinəsi üstündə fürsəti əldən verdim»). Ac yatan adama təlqin olunan fikirlərdən biri növbəti mənanı verir: heç nəyi əldən vermək olmaz, yeməyə nə varsa götürmək lazımdır, həyat çox qısadır, ölüm qaçılmazdır. Bu fikrin seksual anlamı da olduğundan və bu ədalətsizlik qarşısında dayanmadığından, bu «saqre diem» senzuradan çəkinməli və yuxugörmənin arxasında gizlənməlidir. Bütün əks fikirlər, yatanın yetərli miqdarda mənəvi qidasının olduğu həmin dövrlə bağlı xatirələr, böyüklərin öyüd-nəsihətləri, hətta qorxunc seksual təhdidlərlə dolu cəzalar da buna əlavə olunur.
II. Növbəti yuxugörmə daha ətraflı ilkin məlumat tələb edir.
Mən Auszeyə getmək üçün qərb vağzalına yollanıram, amma nədənsə İşlə yola düşən qatarın perronuna çıxıram. Orada qraf Tunu görürəm, o da İşlə, imperatorun yanına gedir. Yağışa baxmayaraq, o, açıq faytonda gəlib, sakitcə perrona çıxdı və onu tanımayıb biletini soruşan gözətçini lal-dinməz, əl işarəsilə özündən uzaqlaşdırdı. Qatar İşlə yola düşür; mən perrondan aralanıb, zala qayıtmalı oluram, bura çox istidir. Burada qalmağa çox çətinliklə icazə alıram. Mən tanışlıqla kupeyə bilet almaq istəyənləri müşahidə etməklə vaxt öldürür və öz hüququmu müdafiə etmək üçün qalmaqal salmağa qərar verirəm. Eyni vaxtda nəsə zümzümə edirəm, sonradan bu «Fiqaronun toyu» operasından bir ariya olur: «Əgər qraf rəqs etmək, oynamaq istəyirsə, Qoy desin, Mən onunçün çalaram».
(Yad adam bəlkə də bu motivi tuta bilməz) Bütün axşamı mən yetərincə yaxşı əhvaldayam, kelner (aşxanada yemək gətirən xidmətçi) və faytonçulara sataşıram, ancaq bu zaman heç birinin xətrinə dəymirəm. Başımda Fiqaronun sözlərinə və Bomarşenin baxdığım Comedie francaise komediyası haqqında pendant (uyğun) hər cür cəsarətli inqilabi fikirlər dolaşır. Yadıma «dünyaya gəlmək üçün zəhmət çəkən» böyük şəxsiyyətlər haqqında sözlər düşür; Almavivanın Susannanın yanında istifadə etmək istədiyi cənabın hüququ düşür52; müxalif jurnalistlərin qraf Tunu ələ salaraq, «Nichtsthun» (avara) adlandırmalarını da xatırlayıram. Ona həsəd aparmıram; indi o, ağır missiya daşıyır. Əslində mən indi qraf Nichtsthun-am (avarayam); mən səyahətə yollanıram. Hazırda mən tətildəyəm və rəngarəng planlarım var. Bir cənab mənə yaxınlaşır; mən onu tanıyıram: o, tibb fakültəsinin imtahanlarında hökumət deputatıdır, bu rolda sərgilədiyi davranışa görə haqlı olaraq özünə xoş gələn «hökumət quyruğu» ləqəbini qazanıb. Öz yüksək vəzifəsinə arxalanaraq birinci dərəcəli yarım-kupe tələb edir, mən bir məmurun digərinə bunları dediyini eşidirəm: «Bu cənabı hara yerləşdirək?» – Açıq-aşkar tərəfkeşlik! Mən birinci dərəcəli yer üçün tam ödəniş edirəm. Nəhayət, özümçün kupe alıram, ancaq orta vaqonda deyil, ona görə də, bütün gecəni voter-klozetdən məhrum olacağam. Məmura şikayətim uğur qazanmır; sərnişinlərin rahatlığı üçün kupenin döşəməsindən dəlik açmağı təklif etməklə ondan qisas alıram. Gecə saat üçdə doğrudan da sidiyə getmək üçün oyanıram. Bundan əvvəl görürəm: Kütlə, tələbə yığıncağı. Qraf (Tun, ya da Taaffe) danışır. Almanlar haqqınla suala cavab olaraq o, ironik tərzdə onları sevimli öskürəkotu çiçəyi adlandırır və yaxasına cırılmış yaşıl bir yarpaq taxır, sanki əzilmiş yarpaq qırığıdır. Mən özümdən çıxıram, beləcə, çıxıram özümdən, ancaq germanofil meylimə təəccüblənirəm. Sonra dumanlı şəkildə görürəm: Mən auditoriyadayam; bütün çıxışlar bağlıdır, mənə qaçmaq lazımdır. Təkrar yuxunun mətnində gizlənib, görünür, dalğın olduğum üçün unutmuşam, çünki analiz göstərir ki, onun öz mənası var. Mən gözəl sıralanmış otaqların arasıyla qırmızı-bənövşəyi mebellə birlikdə canımı qurtarıram və nəhayət, dəhlizin sonuna gəlirəm, burada bir qapıçı oturub, yaşlı kök qadındır. Onunla söhbətdən qaçıram, ancaq o mənim buradan keçmək haqqımı qəbul edir, çünki lampa işığına ehtiyacım olub-olmadığını soruşur. Mən ona izah edirəm, ya da deyirəm ki, pilləkəndə qalsın, nəzarətçidən qaça bildiyim üçün öz bicliyimə özüm heyrət edirəm. Aşağı düşüb, ensiz, dik yuxarı qalxan keçid tapıram və onunla gedirəm.
Yenə aydın görmürəm… Qarşımda ikinci vəzifə var: auditoriyadan çıxdığım kimi, şəhərdən də çıxmaq. Fayton tutub, ona vağzala sürməyi əmr edirəm. «Oradan o yana sizinlə getməyəcəyəm», – ondan çox yorulduğunu eşidib deyirəm. Ancaq mənə elə gəlir ki, artıq onunla adətən dəmir yoluyla gedilən yolun bir hissəsini getmişəm. Vağzal büsbütün doludur.
Düşünürəm ki, bəlkə, Kreymsə, yaxud Tsnayma gedim, ancaq yadıma düşür ki, indi saray rezidensiyası oradadır və Qrasa getməyə qərar verirəm. Tramvay vaqonunu xatırladan vaqonda oturmuşam, yaxamda qəribə uzun bir saplaq var, üzərində hamının diqqətini cəlb edən möhkəm materialdan qırmızı-bənövşəyi bənövşəsi var. Burada yuxugörmə qırılır.
Mən yenə yaşlı bir cənabla vağzalın önündəyəm; nəzərə çarpmamaq üçün plan düşünürəm, ancaq planımın artıq icra olunduğunu görürəm. Ümumiyyətlə, burada fikir və təəssüratlar bir-biriylə çulğaşıb. Yol yoldaşım kordur, uzaq başı bir gözü var və mən onun qarşısında sidik şüşəsi tutmuşam (şüşəni biz ya almalıyıq, ya da artıq şəhərdən almışıq). Beləliklə, mən onun sanitarıyam və şüşəni onun qarşısında tutmalıyam, çünki o, kordur. Əgər konduktor bizi bu vəziyyətdə görsəydi, bizə hiss olunmadan getməyə icazə verərdi. Bu zaman yol yoldaşımın pozasını plastik şəkildə görürəm və onun cinsi orqanı sidik ifraz edir. Oyanıram və sidiyə getmək istədiyimi hiss edirəm.
Bütün yuxular yatanı 1848-ci il inqilabına aparan fantaziya təəssüratı yaradır, onunla bağlı xatirəni 1898-ci il yubileyi, eyni zamanda Vaxauya kiçik gəzinti doğurur, orada Emersdorfu görəndə əvvəlcə səhvən tələbə hərəkatının başçısı Fişhofun məzarı zənn etdim; yuxunun aşkar məzmununun bəzi cizgiləri ona işarə edir. Assosiasiya sonra məni İngiltərəyə, arvadına Tennisonun şerinin adı olan «Fifty years ago» cümləsilə sataşan (uşaqlar adətən buna «Fifteen years ago»53 deyə cavab verirdilər) qardaşımın evinə gətirir. Qraf Tunun italyan kilsələrinin fasadına oxşayan görünüşünün səbəb olduğu fikirlərlə əlaqəli olan bu fantaziyanın binaların özüylə heç bir üzvi əlaqəsi yoxdur; lakin əksinə, bu fasad üçün o çoxdur, öz aralıqları, zədələri ilə; onun ayrı-ayrı hissələri qeyri-müəyyəndir və adda-budda daxili məzmun elementlərilə qırılır.
Yuxugörmənin birinci situasiyası bölə biləcəyim bir neçə epizoddan ibarətdir. Yuxuda qrafın təkəbbürlü ovqatı mənə 15 yaşım olarkən gimnaziyada baş vermiş bir epizodu xatırladır. Bizim sevmədiyimiz kobud bir müəllimimiz vardı; ona qarşı sui-qəsd təşkil etmişdik. Qəsdin ilhamvericisi özünü ingilis kralı VIII Henrixə oxşadan yoldaşım idi. Əsas zərbəni isə mən vurmalıydım; gimnaziyaçıların açıq hiddətinin səbəbi Dunayın (Donau) (Vaxau) Avstriya üçün əhəmiyyəti ilə bağlı idi. Sui-qəsdə ucaboy olduğuna görə «zürafə» ayaması verilən sinfimizdəki yeganə aristokrat da cəlb olunmuşdu. Məktəbimizin tiranı olan alman dili müəllimi onu lövhəyə çağıranda o özünü təxminən yuxudakı qraf kimi apardı. Sevimli çiçəyin xatırlanması və qrafın yaxasına çiçəyə bənzər nəsə taxması (o mənim həmin gün həmkarlarımdan birinə gətirdiyim səhləb çiçəyini, həm də iyerexon qızılgülünü xatırladır) Şekspirin kral faciəsindən Qırmızı və Ağ qızılgüllərin vətəndaş müharibəsini əks etdirən səhnəni xatırladır; bu xatırlatmaya VIII Henrix haqqında fikir səbəb olub. Qızılgüllərdən qırmızı və ağ qərənfillərə isə o qədər də uzaq deyil.
(Analizə qəflətən iki şeir daxil olur, biri alman, digəri isə ispanca: «Qızılgüllər, zanbaqlar, qərənfillər – hamısı solur». – Isabelita, po llores que se marchitan las f lores. Fiqarodan ispan şeri.) Ağ qərənfil bizim Vyanada antisemitlərin, qırmızı qərənfil isə sosial-demokratların açıq nişanıdır. Bunun arxasında mənim gözəl Saksoniyaya (anqlosakslar) bir səfərim zamanı antisemit hərəkətlə qarşılaşmağım barədə xatirə gizlənir. Birinci situasiyanın yaranmasına səbəb olan üçüncü epizod mənim tələbəlik dövrümə aiddir. Bir alman tələbə dərnəyində fəlsəfə ilə təbiətşünaslığın qarşılıqlı əlaqəsi mövzusunda diskussiya təşkil olunmuşdu. Mən, materialist nəzəriyyənin ardıcıl tərəfdarı olan sütül gənc, birtərəfli baxışı yüksək səviyyədə müdafiə etməyə başladım. Məndən sonra ayağa qalxan yaşca böyük bir yoldaş öz siyasi və kütlə təşkilatçısı qabiliyyətini nümayiş etdirərək – onun soyadı bir heyvan adı idi – bizi necə lazımdır töhmət etdi.
O da uşaqlıqda donuz otarmış, ancaq sonradan peşman olub atasının evinə qayıtmışdı 54. Mən özümdən çıxıb (yuxudakı kimi) kobudluq etdim (saugrob) (Sau – donuz) və cavab verdim ki, donuzotaran olduğunu biləndən sonra artıq onun danışıq tonuna təəccüblənmirəm (yuxuda mən öz germanofil meylimə təəccüblənirəm). Ümumi qəzəb; mənə öz sözlərimi geri götürməyi təklif etdilər, ancaq imtina etdim. Təhqir olunan ona yönəlik təhqiri qəbul etmək üçün çox ağıllı olduğundan baş verənə əhəmiyyət vermədi.
Birinci situasiyanın digər elementləri daha dərin qatlara aiddir. Qrafın «öskürəkotunu»
xatırlamasının mənası nədir? Mən bir sıra assosiasiyalara müraciət edirəm. Öskürəkotu almanca «Huflattich» – lattica salat – Salathund deməkdir (Bu ifadə bizim bir məsələ bənzəyir: «Köpək samanlıqda uzanıb, nə özü yeyir, nə də başqalarına verir»). Buradan bir sıra söyüşlərə o qədər də uzaq deyil: zürafə, donuz, köpək. Mən yaşca böyük yoldaşın yuxarıdakı soyadı əsasında başqa bir yolla söyüş ifadəsi olan «eşşək» sözünə də gedə bilər və bununla yenə də bir professorun təhqirinə müraciət edərdim («Giraffe» sözündə «affe» elementi var ki, bu da tərcümədə meymun deməkdir). Bundan sonra öskürəkotunu tərcümə edirəm – bilmirəm, doğrudur, ya yox
– Huflattich fransızca «pisse-en-lit»dir; mən bunu Zolyanın uşaqların həmin otu gətirdikləri «Jerminal» romanı əsasında edirəm. Köpək – chien – mənə insan orqanizminin başqa funksiyasının həmahəng bir şeyi xatırladır («chier» başqa bir funksiyanı yerinə yetirən «pisser»
sözünə bənzəyir). Artıq biz bütün bu ədəbsiz ifadələri izah edə bilərik; baş verəcək inqilabdan bəhs edən elə həmin «Jerminal» əsərində Flatns adlanan qazabənzər ekskresiyalar ifrazatı üzrə özünəməxsus bir yarış təsvir olunur. «Jerminal» romanında yox, «Torpaq» romanında. Bu səhvi yalnız analizdən sonra gördüm. Bundan başqa, Huflattich və Flatus sözlərində eyni hərflərə diqqət çəkirəm. Həmin «flatus»a doğru yolda artıq çiçəklərdən, ispan şerindən, İzabelladan və armadanın İngiltərəyə qarşı mübarizəsindən bəhs edən və qələbədən sonra ingilislərin üzərində
Afflavit et dissipati sunt55 yazılmış medal buraxdıqları ingilis tarixindən uzaq keçirəm. Çünki ispan donanmasını fırtına darmadağın etmişdi. Əgər nə vaxtsa öz baxışlarım və tarixin müalicə üsulu haqda ətraflı hesabat verə bilsəydim, bu kəlamdan «Terapiya» fəslinə epiqraf olaraq yarızarafat-yarıgerçək istifadə etmək istərdim.
Yuxugörmənin ikinci situasiyasını bu qədər ətraflı işıqlandıra bilməyəcəyəm, başlıca olaraq da senzura ilə bağlı düşüncələr səbəbindən. Məsələ burasındadır ki, burada mən həmin inqilabi dövrün yüksək vəzifəli şəxslərindən birinin yerinə keçirəm, onun da incontinentia alvi56
və sairdən əziyyət çəkən qartalla macərası olub. Bu əhvalatın böyük bir hissəsini mənə bir qofratın (auditoria, Aula, consiliariusaulicus 57) danışmasına baxmayaraq, zənnimcə, senzuranı aşmaqda düzgün hərəkət etmiş olmazdı. Yuxudakı otaq cərgələrinə, aydındır ki, zati-alilərinin mənim bir anlıq baxdığım salon-vaqonu səbəb olub, bu cərgə yuxularda tez-tez olduğu kimi qadın (Frauenzimmer) (fahişə qadınlar – ararische Frauenzimmer) anlamındadır. Qapıçı məni qonaq etdiyinə və evində eşitdiyim çoxlu özəl əhvalata görə olduqca şübhəli tərzdə təşəkkür etdiyim ağıllı yaşlı qadını xatırladır. Lampa ilə getmə məni sonradan «Gero və Leandre»də (dəniz və sevgi dalğaları – armada və fırtına) istifadə olunan analoji məzmunlu gözəl epizod olan Qrilpartseruya53 gətirir. Q. Zilberer yuxunun bu hissəsindən çıxış edərək, məzmunca zəngin olan əsərində (Phantasie und Myfhos, 1910) göstərməyə çalışır ki, yuxugörmə yalnız gizli fikirləri deyil, həm də yuxugörmənin əmələ gəlməsində iştirak edən psixi prosesləri də əks etdirə bilər (Funksional fenomen). Mənim fikrimcə, bu zaman o, yuxugörmənin əmələ gəlməsi zamanı mövcud olan psixi proseslərin mənimçün digər hər bir şey kimi fikir materialı olduğunu nəzərdən qaçırır. Bu təkəbbürlü yuxuda, təbii ki, mən bütün bu prosesləri açmağımla fəxr edirəm.
Yuxunun son hər iki parçasının ətraflı analizindən imtina etməyə məcburam; onlardan yalnız iki uşaqlıq epizoduna aid elementləri götürəcəyəm ki, bu yuxunu doğuran da ümumilikdə məhz onlardır. Oxucu tamamilə haqlı olaraq məni analizdən imtina etməyə məhz seksual materialın olmasının vadar etdiyini düşünə bilər; ancaq təkcə bu izahatla kifayətlənmək olmaz.
İnsan çox zaman başqalarından gizli saxladığı çox şeyi özündən gizlətmir; ancaq burada söhbət məni analizin nəticələrini gizlətməyə vadar edən səbəblərdən deyil, yuxunun əsil məzmununun özünü gizlədən daxili senzura motivlərindən gedir. Ona görə də deməliyəm ki, mənim yuxumun bütün bu üç parçasının analizi onlardakı xoşagəlməz lovğalığı və mənimçün yetərincə gülməli olan və ayıq həyatda çoxdan mövcud olmayan böyüklük iddiasını açır; sonuncu hətta yuxunun aşkar məzmununda da meydana çıxır (mən öz hiyləgərliyimə təəccüblənirəm) və yuxugörmədən əvvəlki axşam yekəxana davranışımı izah edir. Bu yekəxanalıq bütün münasibətlərdə özünü göstərir; belə ki, Qrasenin xatırlanması bizi insanın öz puluyla lovğalandığını zaman işlətdiyi bu nitq ifadəsinə gətirib çıxarır: Was kos-tet Graz?59 Kim Rablenin Qarqantua və oğlu Pantaqruelin həyat və fəaliyyətlərini bənzərsiz şəkildə təsvir etməsini xatırlayırsa, yuxugörmənin yuxarıda sözügedən hissəsinin məzmununu yekəxanalıq hesab edə bilər. Yuxarıda göstərilən iki uşaqlıq epizoduna bunlar daxildir: mən səyahət üçün özümə bənövşəyi-qırmızı çamadan almağım yuxuda bir neçə dəfə zühur edir (yükün yanında «qızları ovlamaq üçün cihaz» adlandırılan və sərt materialdan olan bənövşəyi-qırmızı bənövşələr, auditoriyadakı mebel). Yeni olan hər şeyin insanların gözünə sataşması uşaqların hamıya məlum adi vərdişidir. Bir dəfə mənə uşaqlığımla bağlı bir epizod danışdılar, onunla bağlı xatirə hekayə ilə bağlı xatirə ilə qarışıb. İki yaşım olanda yerimi isladarkən atamın qınaqlarına cavab olaraq, ona N.-dən (yaxınlıqdakı şəhər) yeni qırmızı qəşəng yataq dəsti alacağımla təsəlli vermişəm. (Yuxuda şüşə qabı şəhərdən aldığımız və ya alacağımız fikri buradandır; söz verdin, gərək yerinə yetirəsən.) (Bundan başqa, kişi sidikqabısı ilə siyen rəngli çamadanın (box) tutuşdurulmasına diqqət etmək lazımdır.) Uşağın böyüklük iddiasının hamısı bu vəddədir. Yuxuda uşağın sidiyini saxlaya bilməməsinin mənasını bundan əvvəlki yuxugörmələrin birinin yozumu zamanı izah etmişik. Əsəb xəstələrinin psixoanalizindən sidik saxlaya bilməməklə şöhrətpərəstlik xarakter cizgisi arasında sıx əlaqə olduğunu da öyrənmişik.
Ev həyatı ilə bağlı 7-8 yaşıma aid və yaddaşımda çox gözəl qalan daha bir epizod var. Bir dəfə axşam yatmazdan qabaq valideynlərimin əmrinə zidd olaraq, onların yataq otağında və onların hüzurunda tələbatımı ödədim. Atam məni danlayıb dedi: «Səndən heç nə olmayacaq».
Bu, yəqin ki, mənim heysiyyətimə vurulan ən ağır zərbəydi, çünki bu epizodun təəssüratları daim yuxuma girir və adətən xidmət və uğurlarımla əlaqəli şəkildə, sanki bununla demək istəyirəm: «Görürsən, məndən, hər halda, nəsə oldu». Həmin uşaqlıq materialı yuxudakı son situasiya üçün də material verib, ancaq yəqin ki, qisas məqsədilə rollar qarışdırılıb. Yaşlı cənab, aydındır ki, mənim atamdır, gözünün kor olması onun qlaukoma xəstəliyi ilə izah olunur, bir vaxtlar mən onun yanında sidik ifraz etdiyim kimi, indi də o mənim yanımda bunu edir. (Başqa bir yozum: o, allahların atası Odin kimi təkgözdür. Odinin təsəllisi – Uşaqlıq epizodunda ona yeni yataq dəsti alacağımı vəd etməyimlə bağlı təsəlli). Qlaukomanın köməyilə ona əməliyyat zamanı son dərəcə faydası olmuş kokaini xatırladıram. Bundan başqa, ona rişxənd edirəm; o, kordur və mən şüşəni onun qarşısında tuturam, bu mənim isteriya sahəsində qazandığım və çox fəxr etdiyim uğurlarıma işarədir. Mən bura yozum üçün bəzi materiallar da qoşuram: şüşənin tutulması eynəkçidən dalbadal bir neçə şüşə istəyən, amma yenə də oxumağı bacarmayan kəndli haqqında əhvalatı xatırladır (Kəndliləri ovlamaq üçün cihaz – yuxunun əvvəlki parçasında qızları ovlamaq üçün cihaz). Kəndlilərin ağıldankəm ata ilə davranışları Zolyanın «Torpaq» romanında təsvir olunub. Atanın həyatının son günlərində yatağında uşaq kimi təmiz olmamasından doğan kədərli məmnunluq. Burada fikir və təəssüratlar qovuşaraq Oskar Panitsin inqilabi dramını xatırladır, əsərdə tanrıların atasıyla iflic qoca kimi rüsvayçı davranılır. Orada deyilir: «Onun iradə və hərəkətləri bir-birinə qovuşub və onun mələyi, öz soyundan olan Qanimed onu söyüş söyməkdən və lənət yağdırmaqdan saxlamalıdır, çünki həmin nifrinlər dərhal yerinə yetir». Plan qurulması atama qarşı sonrakı tənqiddən qaynaqlanan qınaqdır, zati-alilərini təhqir etməyə və ali rəhbərliyi ələ salmağa yönəlik hər cür qiyamçılığa bərabərdir. Yuxunun məzmunu atamın əleyhinə etiraza çevrilir. Knyaz ölkənin atası adlanır, ata isə uşaq üçün ən böyük, birinci və vahid avtoritetdir, insan sivilizasiyası tarixinin gedişindəki digər sosial hakimiyyətlər bu hakimiyyətin bütövlüyündən qaynaqlanır (nə qədər ki analıq hüququ bu durumu lazımi qədər məhdudlaşdıra bilmir). Yuxudakı fikir və təəssüratlar anlayışı burada bir-birinə qovuşaraq, kişi sidikqabısının (Glas) aid olduğu isterik simptomların izahatını nəzərdə tutur. «Gschnas» prinsipini Vyana sakininə izah etməməliyəm; bu o deməkdir ki, nadir və qiymətli görünüşü olan əşyalar, adi, daha çox komik və qiymətsiz materialdan hazırlanır, məsələn, yaraq-əsləhəni mətbəx bardaqlarından, süpürgə və duzqabılardan düzəldirlər (sənətkarlar bunu öz şən axşamlarında etməyi xoşlayırlar).
Mən isteriyalıların da belə hərəkət etdiklərinə diqqət yetirmişəm, onları həqiqətən məmnun etməyən şeylərlə bərabər, şüursuz olaraq ən məsum və ən bayağı materialdan özləri üçün iyrənc və əxlaqsız fantastik hadisələr yaradırlar. Simptomlar həqiqi hadisələr haqqındakı təəssüratlarla deyil (onların ciddi xarakter daşımasından və eyni şəkildə məsum olmalarından asılı olmayaraq), həmin fantaziyalarla bağlı olur. Bu izahat mənə bir çox çətinlikləri aradan qaldırmağa kömək etdi və xeyli sevindirdi. Mən onun köməyilə yuxudakı kişi sidikqabısı (Glas) elementini isbat edə bildim, belə ki, mənə sonuncu «gschnas axşamı» və orada Lukresi Borcianın içində zəhər olan kasasının nümayiş olunduğu haqqında danışmışdılar, onun əsas tərkib hissəsi adətən xəstəxanalarda istifadə olunan kişi sidikqabısı kimi istifadə olunurmuş.
Əgər uşaqlığımın işəmə ilə bağlı hər iki epizodu böyüklük iddiası mövzusu ilə bunsuz da sıx bağlıdırsa, onlar haqqında xatirələrin Auszeyə səyahət zamanı oyanmasına həm də mənim kupemdə voter-klozetin olmadığı təsadüfi hal kömək edib, çünki mən səfər zamanı narahatlıq hiss etməyə hazır olmuşam. Səhər tezdən bu həqiqətən baş verdi və mən yuxudan təbii tələbat duyğusuyla oyandım. Mənə elə gəlir ki, bu hissiyyatlara yuxugörməyə xüsusi səbəb olan rol vermək lazımdır, ancaq mən başqa bucaqdan baxıram; bu isə ondan ibarətdir ki, yuxugörmədə olan gizli fikirlərə yalnız sidiyə getmə tələbatı səbəb olmur. Mən heç vaxt yuxudan bu səbəbdən oyanmıram, xüsusilə də, bu dəfəki kimi, çox erkən, yəni gecə saat 3-də. Bu fikrin əleyhinə daha rahat şəraitdə etdiyim digər belə səfərlər zamanı erkən oyandıqdan sonra, demək olar ki, heç vaxt sidik tələbatı hiss etmədiyimə qeydlərimdə rast gəldim. Nə isə, bu məsələni yozuma heç bir ziyan vurmadan kənara qoya bilərəm.
Yuxuların analizi təcrübəsi məni inandırdı ki, arzu mənbələri tamamilə əlçatan və aşkar olduğundan yozumu da ilk baxışdan mükəmməl olan yuxularda belə uzaq uşaqlıq dövrünə uzanan fikirlər var; bundan çıxış edərək belə bir sual verməliyəm: bu xüsusiyyət hər cür yuxugörmələr üçün mühüm şərt deyilmi? Bu fikri ümumiləşdirərək deyirəm ki, hər bir yuxu öz aşkar məzmunu ilə təzə təəssüratlarla bağlıdır, onun gizli məzmununda isə daha əvvəlki təəssüratlarla əlaqələr aşkar olunur. Məsələn, isteriyanın analizi zamanı həmin təəssüratlar son günədək təzədir. Lakin bu fikri isbatlamaq elə də asan deyil; odur ki, yuxugörmələrin əmələ gəlməsində erkən uşaqlıq təəssüratlarının mümkün roluna bir daha toxunmaq imkanımız olacaq (VII fəslə bax).
Yuxugörmə yaddaşının nəzərdən keçirdiyimiz üç xüsusiyyətindən biri yuxuda ikinci dərəcəli elementlərin üstünlüyüdür ki, bunu yuxugörmənin təhrifedici fəaliyyəti kimi tamamilə məqbul şəkildə izah etmişik. Digər iki xüsusiyyət təzə təəssüratların varlığı və uşaqlıq təəssüratlarıdır ki, onları yalnız etiraf etmişik, ancaq yuxugörmənin motivlərindən çıxarıla bilməzlər. İrəlidə izah edəcəyimiz bu hər iki xüsusiyyəti hələlik sadəcə qeyd edirik; onlara ya yuxu halının psixoloji izahını verərkən, ya da ruh aparatının strukturunu nəzərdən keçirərkən qayıdacaq və görəcəyik ki, yuxuların yozumu sayəsində psixikamızın gizli dərinliklərinə açıq pəncərədən baxdığımız kimi baxa biləcəyik.
Lakin son yuxugörmə analizlərimizdən birinin nəticələrini burada qeyd edəcəyəm. Yuxu çox zaman çoxmənalı olur; onda yuxarıda gətirdiyimiz misallarda olduğu kimi yalnız bir neçə arzunun gerçəkləşməsi birləşmir, ən sonuncu fikirdə erkən uşaqlıq arzusunun gerçəkləşməsiylə qarşılaşanadək bir fikir, bir arzu gerçəkləşməsi digərinin üstünü örtə bilir; burada biz bir daha özümüzdən soruşmalıyıq: bu cümlədəki «çox zaman» sözünü «həmişə» sözüylə əvəz etmək doğru olmazmı? Yuxudakı bir mənanın digərinin üstünü örtməsi faktı ən çətin, bununla birgə yuxuların yozulması problemində öz məzmununa görə ən zəngin faktlardandır. Bu imkanı unudanlar çox asanlıqla yanılır və yuxugörmənin mahiyyəti ilə bağlı çoxlu əsassız mülahizələr irəli sürməyə meyilli olurlar. Ancaq bu sahədə aparılan araşdırmalar çox azdır. Bu vaxta qədər yalnız Otto Rank yuxulardakı sidikburaxma ehtiyacı simvolikasının ciddi qanunauyğun təbəqələşməsinə əsaslı qiymət verib (aşağıya bax).
b) Yuxugörmələrin somatik mənbələri. Əgər psixologiya sahəsindən məlumatsız olan, ancaq yuxugörmə problemilə maraqlanan ziyalı bir şəxsdən yuxugörmənin hansı mənbələrdən qaynaqlandığını soruşsaq, bir çox hallarda görə bilərik ki, sual verilən bu problemin heç olmasa bir hissəsilə bağlı öz yanaşmasının doğruluğuna əminlik ifadə edəcək. O dərhal yuxu zamanı həzm prosesinin pozulmasının təsirini, bədənin təsadüfən aldığı vəziyyəti və yuxugörmənin əmələ gəlməsində rolu olan digər əhəmiyyətsiz təəssüratları yada salacaq; ancaq o bütün bunlardan əlavə xüsusi izahat tələb edən bir şeyin olduğunu güman etməyəcək.
Elmi ədəbiyyatda yuxugörmələrin əmələ gəlməsinin somatik mənbələrinə hansı rolun verildiyini artıq birinci fəsildə ətraflı nəzərdən keçirmişik, ona görə də, burada şərhimizin yekunlarını xatırlatmaq kifayətdir. Biz qıcıqlanmanın somatik mənbələrinin üç növü barədə eşitmişik: kənardan alınan obyektiv hissi qıcıqlanmalar, duyğu orqanlarının subyektiv daxili qıcıqlanması və daxildən gələn fiziki qıcıqlanmalar; bundan sonra, həmin somatik mənbələrin varlığını təsdiq edən, demək olar ki, bütün alimlərin yuxugörmənin hər hansı psixi mənbələrinin varlığını arxa plana keçirməyə, ya da tamamilə inkar etməyə meyilli olduqlarını görmüşük.
Qıcıqlanmaların həmin somatik mənbələrinin xeyrinə olan baxışları nəzərdən keçirdikdə öyrəndik ki, duyğu orqanlarının obyektiv qıcıqlanmasının mənası – yuxu zamanı qismən təsadüfi qıcıqlanmalar, qismən də yuxu zamanı ruhi fəaliyyətdə olan qıcıqlanmalar – çoxsaylı müşahidələrlə təsdiqlənir, təcrübə isə bizə göstərdi ki, subyektiv hissi qıcıqlanmaların rolu yuxugörmədə hipnoqogik hallüsinasiyaların əks olunmasıyla ortaya çıxır və yuxularımızın daxili fiziki qıcıqlanmalara çevrilməsi bütövlükdə isbat olunmasa da, yuxularımızın məzmununa, həzmetmə və sidik-tənasül orqanlarının durumuna qıcıqlandırıcı təsir göstərdiyi məlum fəaliyyətə əsaslanır. Yuxugörmənin somatik mənbəyi «əsəbi» və «fiziki» qıcıqlanmalardır, yəni bir çox müəlliflərə görə, yuxugörmənin ümumiyyətlə yeganə mənbələri bunlardır.
Buna baxmayaraq, həm somatik qıcıqlanmalar nəzəriyyəsinin doğruluğu, həm də tətbiqi əleyhinə xeyli sayda şübhələr də eşitmişik.
Bu nəzəriyyənin bütün nümayəndələri öz sarsılmazlıqlarına və faktiki əsaslarına – xüsusilə də, yuxugörmənin məzmununda aşkar edilməsi çətin olmayan təsadüfi və xarici əsəb qıcıqlanmaları məsələsində – nə qədər əmin olsalar da, heç kəs yuxuda özünü göstərən bol təəssürat materialının xarici əsəb qıcıqlanmalarına müstəsna məlumat buraxmadığını inkar etmir. Miss Meri Uayton altı həftə ərzində özünün və başqa bir şəxsin yuxularını məhz bu nöqteyi-nəzərdən müşahidə edərək yalnız 13,2% resp. (Resp. Latınca: respective-dəndir, burada: uyğunluq) aşkar etmişdir ki, onlarda 6,7% xarici hissi qavrayış elementi izləmək mümkündür.
Burada statistika bizə şəxsi müşahidələrimiz əsasında çıxardığımız ötəri nəticəni təsdiq edir.
Alimlər tez-tez əsəb qıcıqlanmalarının səbəb olduğu yuxugörmələri digər yuxugörmə formalarından fərqləndirməklə kifayətlənirlər. Spitta yuxugörmələri əsəb qıcıqlanmalarından qaynaqlananlara və assosiativ olanlara ayırır. Lakin aydındır ki, problemin bu şəkildə həlli yuxugörmələrin somatik mənbələrilə onların təsəvvürlər kompleksi arasında əlaqəni müəyyən etməyənə qədər qeyri-kafidir.
Xarici qıcıqlanma mənbələrinin daimi mövcudluğuna dair ilk etirazla yanaşı, bu tip yuxugörmə mənbələrini tətbiq edərkən alınan yuxugörmələri izah etmək üçün bu nəzəriyyənin yetərsizliyinə dair ikincisini də irəli sürmək olar. Sözügedən nəzəriyyənin təmsilçiləri bizə əvvəlcə xarici qıcıqlanmaların yuxuda niyə öz həqiqi halında deyil, təhrif olunmuş (yatanın ayılmasıyla bitən yuxugörmələri müqayisə et) şəkildə təqdim olunması, ikincisi, qavrayan ruhun həmin təhrif olunmuş qıcıqlanmaya reaksiyasının nəticəsinin bu qədər dəyişkən və qeyri-müəyyən olmasının səbəblərilə bağlı izahat verməlidirlər. Buna cavab olaraq Ştryumpeldən eşitmişik ki, yuxu zamanı ətraf dünyadan təcrid olunmuş ruh obyektiv hissi qıcıqlanmaları doğru izah edə bilmədiyindən qeyri-müəyyən təhriketmə əsasında illüziyalarını yaratmağa məcbur olur. O deyir (s.108): «Yuxu zamanı xarici və ya daxili sinir qıcıqlanması sayəsində hissiyyat, yaxud hissiyyat kompleksi yaranan, duyğular, ya da ümumiyyətlə, hər hansı psixi proseslər onu mənimsəyən kimi, bu proses ruhda ayıq şüurun təsəvvürlər dairəsinə aid olan obrazlar yaradır, yəni əvvəlki qavrayışları ya xam şəkildə, ya da müvafiq psixi dəyərlərlə əlaqədə təkrar edir. O sanki ətrafına az və ya çox miqdarda belə obrazlar toplayır, bundan da sinir qıcıqlanmasından qaynaqlanan təəssüratlar öz psixi dəyərini alır. Bu cür yozum nəticəsində də biz sinir qıcıqlanmalarının səbəb olduğu yuxular, yəni tərkib hissələri sinir qıcıqlanmalarının təkrar olunma qanunlarıyla ruhi həyata öz psixi təsirini göstərməsi ilə şərtlənən yuxular əldə edirik».
Bu nəzəriyyə mahiyyət etibarilə Vundtun yuxugörmələrdəki təsəvvürlər əsasən hissi qıcıqlanmalardan, başlıca olaraq isə ümumi hissiyyatın qıcıqlanmasından qaynaqlanır, ona görə də, bir çox hallarda fiziki illüziyadır və yaddaşdakı saf təsəvvürlər yalnız cüzi dərəcədə hallüsinasiya səviyyəsinə yüksəlirlər fikri uyğun gəlir. Yuxugörmənin məzmununun bu nəzəriyyədən irəli gələn qıcıqlanmalarla nisbəti, Ştryumpelin dəqiq müqayisəsinə görə (s. 84), «musiqiçi olmayan adamın on barmağının royalın klavişləri üzərində gəzməsinə» bənzəyir.
Beləliklə, yuxugörmə psixi motivlərdən doğan ruhi təzahür kimi deyil, psixi simptomatologiyada ifadə olunan fiziki qıcıqlanmanın nəticəsi kimi təqdim olunur, çünki qıcıqlanmanı hiss edən ruh aparatı heç bir başqa dəyişikliyə qadir deyil. Məsələn, beyindən çıxmayan təsəvvürlərin izahı da analoji ilkin şərt üzərində qurulmuşdur, Meyner bunu ayrı-ayrı rəqəmlərin daha aydın göründüyü məşhur siferblat müqayisəsi ilə izah etməyə çalışır.
Somatik qıcıqlanmalar nəzəriyyəsi nə qədər populyar, öz sadəliyi ilə nə qədər cəlbedici olsa da, onun zəif tərəflərini göstərmək olduqca asandır. Yuxuda ruhi aparatı illüziyalar yaratmaqla yozuma vadar edən hər cür somatik qıcıqlanma saysız-hesabsız belə yozumlara səbəb ola, yəni yuxugörmənin məzmununda saysız-hesabsız və çeşidli formalarda ifadə oluna bilər. Təcrübə şərtlərinin ayrıca götürülmüş bir yuxugörmənin məzmununda çox az şeyi izah edə biləcəyinə və yuxugörmə problemini başa düşmək üçün belə eksperimentlərin faydasının ümumiyyətlə cüzi olduğuna əmin olmaq üçün oxucuya Mudvi Voldun təcrübə üçün çağırdığı yuxugörmələrə aid iki cildlik geniş və dəqiq protokolları oxumağı məsləhət görürəm. Lakin Ştryumpel və Vundtun təlimi daxili qıcıqlanma və onun yozumu üçün seçilmiş təsəvvürün nisbətini tənzimləyəcək bircə motiv belə gətirə bilmir: bu təlim qıcıqlanmanın «öz reproduksiyaedici fəaliyyətində tez-tez həyata keçirdiyi»» «qəribə seçimi» izah edə bilmir.
(Ljpps. Grundtat-sachen des Seelenlebens, s. 170). Digər qıcıqlanmalar illüziyalar haqqında bütün təlimin əsas ilkin şərtlərinin əleyhinə yönəlir, yuxuda ruhun obyektiv hissi qıcıqlanmaların əsil təbiətini dərk etmək durumunda olmamasının əleyhinə yönəlir. Qocaman fizioloq Burdax bizə göstərir ki, ruh yuxuda da onların doğru yozumuna müvafiq olaraq düzgün reaksiya verməyə qadirdir; o sübut edir ki, individuuma mühüm görünən bəzi təəssüratlar yuxu zamanı onlara qarşı etinasız münasibətdən yaxa qurtara bilər (dayə və uşaq) və subyekt əhəmiyyətsiz eşitmə duyğusundansa, adı çəkiləndə qat-qat tez oyanır; demək, ruh yuxuda da hissiyyatları bir-birindən ayıra bilir (1-ci fəsil, s. 37). Burdax bu müşahidələrdən belə nəticə çıxarır ki, yuxu zamanı yozuma gəlməyən hissi təəssüratlar deyil, onlara marağın azlığı mövcud olur. Burdaxın 1830-cu ildə istifadə etdiyi arqumentlərdən 1833-cü ildə Lipps onun somatik qıcıqlanmalar nəzəriyyəsini tənqid edərkən istifadə edib. Ona görə də, ruh bizə bir lətifədə yatan adamı belə təqdim edir: O, «Sən yatmısan» sualına «Yox» cavabı verdiyi halda, «Onda 10 marka borc ver»
xahişinə qarşı «Mən yatmışam» – deyir.
Somatik qıcıqlanmalar nəzəriyyəsinin yetərsizliyi başqa mənada da görünür. Müşahidə göstərir ki, xarici qıcıqlanmalar yuxugörmənin məzmununda peyda olsa da, onun əmələ gəlməsinə səbəb olmaları mütləq deyil. Mən yuxuda hiss etdiyim toxunma və ya basma qıcığına müxtəlif şəkildə reaksiya verə bilərəm. Mən onu görməyə və yalnız oyandıqdan sonra, məsələn, ayağımın bağlı, yaxud qolumun düzgün qatlanmadığını görə bilərəm; patologiya yuxuda müxtəlif qıcıqların heç bir təsir göstərməməsinə dair çoxsaylı misallar göstərir. Mən qıcıqlanmanı yuxu kimi də hiss edə bilərəm və o adətən ağrı hissilə müşayiət olunur, ancaq bu hissiyyat yuxugörmə üçün əsas rol oynamır. Və üçüncüsü, mən qıcıqlanmanı aradan qaldırmaq üçün onun öz təsiri ilə oyana bilərəm. (Bax. Sr. K. Landauer. Handlungen des Schlafenden (Zeitschr. f. d. ges.
Neurologie und Psychiatrie, XXXIX, 1918). Hər bir müşahidəçi üçün yatan adamın fəaliyyətinin aşkar və icra olunmuş məqsədləri var. Yatanın ağlının zəifləməsi mütləq deyil; əksinə, o, məntiqli və iradəli hərəkətlər edə bilər. Yalnız dördüncü imkan ondan ibarətdir ki, sinir qıcıqlanmaları məndə yuxugörməyə səbəb ola bilər. Ancaq ilk üç imkan bir-birinə dördüncüdən daha yaxındır.
Əgər yuxugörmədə somatik qıcıqlanma mənbələrindən kənar motivlər olmasaydı, sonuncu baş verə bilməzdi.
Somatik qıcıqlanmalarla müşayiət olunan yuxugörmələrin izahında yuxarıdakı qüsurları qeyd etmək tamamilə ədalətlidir, digər müəlliflər, – Şerner və ona qoşulan Folkelt, – ruhi fəaliyyəti dəqiq müəyyənləşdirməyə çalışıblar, onun sayəsində somatik qıcıqlanmalar qəribə, əcaib yuxuların yaranmasına səbəb olur; beləliklə, onlar yuxugörmənin mahiyyətini yenidən ruhi həyat sahəsinə, psixi fəallığa keçirirlər. Şerner yuxugörmələrin əmələ gəlməsində ortaya çıxan psixi xüsusiyyətlərin həm poetik-duyğusal, həm də olduqca parlaq təsvirini vermişdir; o əmin idi ki, həm də ruhun ona təqdim olunan qıcıqlanmaları işləməsi prinsipini də kəşf edib. Şernerin fikrincə, gündüz buxovlarından azad olan fantaziyalar yuxuda qıcıqlanmanı doğuran orqanın təbiətini və qıcığın öz xarakterini simvolik şəkildə təsvir etməyə çalışır. Beləliklə, özünəməxsus bir «yuxuyozma kitabı» alınır ki, onun köməyilə yuxugörməyə əsaslanaraq fiziki duyğular, ayrı-ayrı orqanlar və fiziki qıcıqlar haqqında mühakimə yürütmək olar. «Misalçün, pişik obrazı pis əhval-ruhiyyəni, açıq rəngli, hamar çörək çılpaqlığı ifadə edir. Yuxuda insan bədəni bütöv halda ev şəklində təsvir olunur. Yuxularda diş ağrısının səbəb olduğu ağız boşluğu evin qübbəli dəhlizinə, udlaq yolundan qida borusuna keçid isə pilləkənə uyğun gəlir; yuxugörmə zamanı baş ağrısının səbəb olduğu başın təsvirində fantaziya otağın iyrənc hörümçəklərlə dolu tavanını seçir». «Yuxugörmə bu simvolikanı eyni orqan üçün daimi bir şey kimi tətbiq edir; nəfəs alan ağciyər öz ifadəsini gur alovla yanan qızarmış sobada tapır; ürək boş yeşik və səbətlərdə, sidik kisəsi dəyirmi kisəyəbənzər, ya da sadəcə, içiboş əşyalarda ifadə olunur. Xüsusilə mühüm olan odur ki, yuxunun sonunda orqan və ya onun funksiyası həqiqi görkəmində və hətta daha çox yatanın öz bədənində təqdim olunur. Məsələn, diş ağrısıyla bağlı görülən yuxu yatanın dişini ağzından çıxarmasıyla qurtarır». Yuxuların bu cür yozulması nəzəriyyəsinin elm aləmində geniş yayıldığını demək olmaz. Hər şeydən öncə o, həddindən artıq qeyri-adi görünürdü; onda hətta şübhəsiz mövcud olan həqiqət payını görə bilmirdilər. O, yuxuların qədim zamanlarda olduğu kimi rəmzlərlə yozulması üsuluna aparırdı, fərq yalnız bundaydı ki, yozumun əsaslandığı sahə, insanın fiziki dünyası ilə məhdudlaşırdı. Şernerin təliminin zəif tərəfini yozum əsnasında konkret elmi texnikanın çatışmazlığı təşkil edir. Burada yozum zamanı sərbəstliyin istisna olunmaması, görünür, xüsusilə ona görədir ki, yuxugörmə zamanı hər bir qıcıqlanma müxtəlif obrazlarda peyda olur. Məsələn, artıq Şernerin davamçısı olan Folkelt onun guya insan bədəni yuxuda ev kimi təsvir olunur fikrilə razılaşmırdı. Burada yuxugörmənin faydasız və məqsədsiz ruhi fəaliyyət kimi təqdim olunması da, ruhun onu maraqlandıran qıcıqla bağlı fantaziya qurmaqla kifayətlənməsi də, heç olmasa, uzaqdan da olsa, həmin qıcığın aradan qaldırılmasıyla bağlı münasibət bildirməməsi də, şübhəsiz, etirazla qarşılanırdı.
Lakin bir etiraz Şernerin yuxugörmələrdəki qıcıqlanmaların simvolizə edilməsi təliminə ciddi zərbə vurur. Həmin fiziki qıcıqlanmalar daim ortadadır; ruh ayıq haldansa, yuxu əsnasında onlar üçün əlçatandır. Beləliklə, ruhun niyə bütün gecəni və hər gecə bütün bu orqanlar haqqında xəyala dalmaması aydın deyil. Əgər bu etiraza gözlərin, qulaqların, bağırsaqların və sairənin yuxugörmə fəaliyyətini oyandırmaq üçün xüsusi qıcıq hiss etməli olduqlarıyla cavab versək, onda bu cür gücləndirilmiş qıcıqlanmanın müəyyən olunmasında çətinlik yaranır; bu yalnız ən nadir hallarda mümkündür. Əgər yuxuda uçmaq ağciyərlərin divarcıqlarının qalxıb-yenməsidirsə, onda bu yuxu ya, Ştryumpelin dediyi kimi, sıx-sıx görülməlidir, ya da həmin yuxugörmə zamanı ağciyərlərin sürətli fəaliyyəti müşahidə olunmalıdır. Lakin ən çox ehtimal edilən üçüncü hal da mümkündür: bəzən daim mövcud olan vistseral hissiyyatlara diqqət yetirmək məqsədi olan xüsusi motivlər də fəaliyyətə keçir; ancaq bu hal artıq bizi Şernerin nəzəriyyəsindən kənara çıxarır.
Şerner və Folkelt nəzəriyyəsinin mənası ondan ibarətdir ki, o, yuxugörmələrin izahat tələb edən və arxasında yeni həqiqətlər gizlədən xeyli xüsusiyyətinə diqqət yetirir. Yuxuların məzmununda bədən orqanları və onların funksiyalarının olması, suyun sidiyə getmək tələbatı anlamına gəlməsi, kişi cinsi orqanının nasos, ağac və ya sütun kimi təsvir edilməsi və sairə tamamilə doğrudur. Parlaq rənglərlə bol yuxular tutqun yuxuların əksinə, sözsüz ki, görmə orqanlarının qıcıqlanmsıyla bağlıdır, eyni şəkildə eşitməylə bağlı qıcıqlanmalar səs-küylü yuxularda illüziyalar yarada bilir. Şernerin haqqında xəbər verdiyi yuxu körpüdə iki cərgə yaraşıqlı sarışın oğlanın bir-biriylə dalaşması və yatan özü körpüdə oturub ağrıyan dişini çəkib çıxardıqdan sonra öz yerlərinə qayıtması haqqındadır; ya da Folkeltin yuxusunda iki cərgə yeşik görməsi də ağrıyan dişin çəkilməsiylə sonuclanır. Bütün bunlar Şernerin nəzəriyyəsini mənasız fantaziya hesab etməyə və onda həqiqət nüvəsi olduğunu inkar etməyə əsas verir. Belə olduğu halda, biz xəyalən çəkilən dişin xəyali simvolizasiyasına başqa izahat vermək zorundayıq.
Yuxugörmələrin somatik mənbələri nəzəriyyəsini müzakirə edərkən mən daim bizim yuxu analizlərindən gələn arqumentlərə istinad edirəm. Əgər biz başqa müəlliflərin öz materialına tətbiq etmədiyi üsulun köməyilə yuxugörmənin psixi akt kimi xüsusi dəyər daşıdığını, onun yaranma motivinin arzu olduğunu və əvvəlki günün təəssüratlarının onun məzmunu üçün başlıca material verdiyini müəyyən etdiksə, onda bu üsulu inkar edən və bununla bərabər yuxugörməni somatik qıcıqlanmalara qarşı məqsədsiz və müəmmalı psixi reaksiya sayan hər cür başqa yuxugörmə nəzəriyyəsinin heç bir əsası yoxdur. Bu halda yuxugörmənin iki müxtəlif növünün olması ehtimalı, onlardan birinin yalnız bizim tərəfimizdən, digərinin əvvəlki yuxugörmə tədqiqatçıları tərəfindən müşahidə edilməsi qətiyyən doğru deyil. Artıq biz somatik qıcıqlanmalar haqqında geniş yayılmış təlimin söykəndiyi faktları öz nəzəriyyəmizlə uyğunlaşdırmalıyıq.
Buna doğru ilk addım artıq yuxugörmənin fəaliyyəti onun bütün oyandırıcı məqamlarını bütöv halda işləməyə məcbur edir deyərkən atmışıq. Biz gördük ki, əgər əvvəlki gündən iki və ya daha artıq qiymətli təəssürat qalırsa, onda onlardan doğan arzu yuxugörmədə birləşir, həmçinin yuxugörmənin materialı üçün psixi dəyəri olan təəssüratlar əvvəlki günün mənasız təəssüratları ilə o şərtlə birləşir ki, birilərilə digərləri arasında bağlayıcı təsəvvürlər yarana bilsin. Beləliklə, yuxugörmələr yatan ruhda hazırda aktual şəkildə mövcud olan hər bir şeyə reaksiya verir.
Əvvəlki yuxugörmə analizlərindən bilirik ki, onların materialı psixi rudimentlərin və arxasında, etiraf etmək lazımdır ki (təzə və uşaqlıq dövrü materialına üstünlük verildiyinə görə), aktuallığın psixoloji baxımdan qeyri-müəyyən xarakteri olan xatirə izlərinin toplusudur. Əgər yuxu əsnasında bu materiala yeni material əlavə olunsa, nə baş verəcəyi sualına cavab vermək bizimçün çətin olmayacaq: qıcıqlanma. Bu qıcıqlanmalar yuxugörmə üçün aktual olduqlarına görə dəyər qazanır; onlar başqa psixi aktual məqamlarla birləşir və onlarla birgə yuxugörmə materialı yaradır. Başqa sözlə, yuxugörmələr yuxu əsnasında arzuların gerçəkləşməsinə çevrilir, digər tərkib hissələri isə əvvəlki günün məlum olan psixi qalıqlarıdır.
Lakin belə birləşmə vacib deyil; yuxu zamanı fiziki qıcıqlanmalara qarşı kənardan müxtəlif münasibətlərin mümkünlüyü barədə eşitmişik. Bu münasibət harada olursa, yəqin ki, yuxugörmənin hər iki mənbəyinə – somatik və psixi – ifadə verməyə qadir təsəvvürləri də orada tapmaq mümkündür.
Yuxugörmənin psixi mənbəyinə somatik material əlavə olunanda onun mahiyyəti zərrə qədər dəyişmir; onun ifadə olunması aktual materialla necə şərtlənir şərtlənsin, yenə də arzunun gerçəkləşməsi olaraq qalır.
Burada mən xarici qıcıqlanmanın əhəmiyyətini yuxugörmə üçün dəyişkən edən bir sıra xüsusiyyətlərə həvəslə yer ayıracağam. Təsəvvür edirəm ki, individual, fizioloji və təsadüfi məqamların qarşılıqlı əlaqəsi insanın yuxuda ayrı-ayrı hallarda intensiv obyektiv qıcıqlanmaları necə qavramasıyla şərtlənir; yuxunun adi və ya təsadüfi dərinliyi bəzən qıcıqlanmanın intensivliyi ilə əlaqədar olaraq onu boğmağa o dərəcədə imkan verir ki, qıcıqlanma yuxunu qətiyyən pozmur, ancaq başqa bir halda həmin qıcıqlanma adamı oyanmağa məcbur edə, yaxud da qıcıqlanmanın yuxugörməyə daxil edilməsinə səbəb ola bilər. Buna uyğun olaraq xarici obyektiv qıcıqlanmalar bir subyektin yuxusunda tez-tez, digərində isə o birinə nisbətən gec-gec peyda ola bilər. Şəxsən mən əla yatıram və məni oyatmaq çox çətindir; xarici təəssüratlar mənim yuxularımda olduqca nadir hallarda özünü göstərir, bununla belə psixi motivlər məni çox asanlıqla yuxu görməyə məcbur edə bilir. Mən özümdə obyektiv əzablı qıcıqlanmaların olduğu yalnız bircə yuxu qeydə almışam və xarici qıcığın hansı effekti doğura biləcəyini bu yuxunu misal gətirərək göstərmək asandır.
Mən boz bir at sürürəm, əvvəlcə ürkək və qətiyyətsiz gedirəm, elə bil, naqolay oturmuşam. Həmkarım P.-yə rast gəlirəm; o, yun paltarda atın üstündə əsl igid kimi oturub və mənə nəyisə xatırladır (yəqin ki, çox naqolay oturduğumu). Mən öz ağıllı atımın üstündə yerimi rahatlamağa çalışıram, daha yaxşı otururam və birdən görürəm ki, özümü evdəki kimi hiss edirəm. Yəhərin yerində döşək kimi bir şey var; o, atın boynu ilə ağrısı arasındakı hissəni tamamilə örtüb. Mən iki yük arabasının arasındakı ensiz yerdən keçirəm. Küçəni keçdikdən sonra dönürəm və küçəylə üzbəüz qapısı açıq qəşəng kiçik kilsənin yanında atdan düşmək istəyirəm.
Sonra doğrudan da yaxınlıqdakı başqa bir kilsənin qarşısında düşürəm. Həmin küçədə karvansara da var. Mən atımı ora tək də buraxa bilərəm, ancaq onu özüm aparıram. Hiss edirəm ki, guya ora atın üstündə getməyi ayıb sayıram. Karvansaranın qarşısında bir oğlan dayanıb, o salıb itirdiyim məktubu mənə göstərir və məni lağa qoyub gülür; məktubda «Yemək olmaz» yazılıb və altından iki xətt çəkilib. İkinci cümlə (aydın deyil): «İşləmək olmaz». Ağır şəkildə hiss edirəm ki, sanki yad bir şəhərdəyəm və heç bir işim-gücüm yoxdur.
Bu yuxunun hansısa xəstə qıcıqlanmanın təsirilə yarandığını söyləmək çətindir. Lakin bir gün əvvəl məndə hərəkət etməyimə maneçilik törədən çiban olub; xayalığımdan alma böyüklükdə iri bir çiban çıxmışdı və bircə addım atanda dözülməz ağrılar verirdi; əzginlik, iştahasızlıq və xəstəliyə baxmayaraq gərgin iş məni hədsiz ruhdan salmışdı. Xəstələri qəbul etməkdə çətinlik çəkirdim, ancaq bu, əlbəttə, mənim xarakterimə və xəstəliyimin yerinə görə at sürmək qədər mümkünsüz bir iş deyildi. Lakin yuxugörmə məhz sonuncunu təsvir edib; bu əzabın təsəvvür oluna biləcək ən ciddi inkarıdır. Mən, ümumiyyətlə, at sürmürəm, yuxuda da heç vaxt at mindiyimi görməmişəm; ömrümdə cəmi bircə dəfə ata minmişəm, o da yəhərlənməmiş olub; at sürmək xoşuma gəlməyib. Ancaq yuxuda at üstündə elə gedirəm ki, sanki paçalarımın arasında heç bir çiban-zad yoxdur, daha doğrusu, məhz onları istəmədiyimə görə. Mənim yəhərim isidici kompressor kimdir, elə onun sayəsində də dərhal yuxuya getmişəm.
Yəqin ki, əvvəlcə ağrı hiss etməmişəm. Sonra ağrı əmələ gəlib və məni oyatmağa çalışıb; ancaq yuxugörmə peyda olaraq sakitləşdirici tonda deyib: «Yat, sən oyanmayacaqsan; səndə heç bir çiban-filan yoxdur, sən at sürürsən. Axı çibanın olsaydı at sürə bilməzdin!» Yuxugörmə sakitləşdirici rolunu oynaya bilib: ağrı kəsib və mən yatmağa davam etmişəm.
Lakin yuxugörmə mənə çibanın olmamasını mənim xəs•tə•liyimlə tamamilə bir araya sığmayan təsəvvürün köməyilə «təlqin etməklə» kifayətlənməyib; o özünü uşağını itirən ananın, ya da bütün var-dövlətini itirən tacirin qarabasma sayıqlamaları kimi göstərir; sonuncu hissiyyatın təfərrüatları və onu boğan obraz, həm də yuxugörmə situasiyasını mənim ruhumda aktual olanla əlaqələndirmək üçün ona material verir. (Bu haqda Qrizingerdən, eyni zamanda mənim müdafiə psixonevrozları haqqında digər məqaləmdən oxuya bilərsiniz. Neurologisches Zentraiblatt, 1896. (Sam-mlung kl. Schriften. I. Folge). Mən boz at sürürəm; atın rəngi bu yaxınlarda həmkarım L.-ə rast gəldiyim istiot, ya da duz rəngli faytona dəqiqliklə uyğun gəlir.
Furunkulyoza görə mənə tünd yemək qadağan olunub; mən onu furunkulyoz xəstəliyi zamanı daha çox ehtimal olunan şəkərdənsə, etioloji məqam saymağa üstünlük verirəm. Həmkarım P.
məni görəndə burnunu bir az yuxarı tutur, xüsusilə də, üzərində hər cür hoqqabazlıqlar etdiyim bir qadın pasiyentimin evində mənim yerimi tutandan sonra. (Hoch zu Ross sitzen – eyni zamanda: 1. İgid kimi oturmaq və 2. Burnunu yuxarı tutmaq mənalarını verir. Buradan tərcümə olunmayan söz oyunu başlayır. – tərcüməçi). (Yuxuda mən əvvəlcə atın üstündə qəribə pozada oturmuşam, lap sirkdəki kloun kimi, sanki hoqqabazlıq edirəm); ancaq qadın pasiyentim də lətifədəki xam süvarinin atı kimi mənim başıma oyun açır. Beləliklə, at mənim pasiyentimin simvolik ifadəsidir (o, yuxuda çox ağıllıdır). «Mən özümü lap evdəki kimi hiss edirəm» mənim evdəki (həmkarım P.-nin məni əvəz etdiyi) vəziyyətimə uyğun gəlir. «Elə bilirdim, siz yəhərdəki kimi möhkəm oturmusunuz», – bu yaxında mənim azsaylı xeyirxahlarımdan olan məşhur vyanalı həkimlərdən biri mənə demişdi. Mənim ağrılarımla gün ərzində 8-10 saat psixoterapiya ilə məşğul olmaq doğrudan da hoqqabazlıqdır, ancaq mən bilirəm ki, xəstə olduğuma görə uzun müddət belə davam edə bilmərəm və yuxugörmədə məni təhdid edən situasiyaya qaranlıq eyham var.
Bundan başqa, o mənim İtaliyaya səyahətimin elementlərindən də istifadə edib; yuxudakı küçə təsvirində Verona və Siyena haqqında təəssüratlar var. Daha dərin analiz məni seksual xarakterli fikirlərə aparır; mən yuxugörmənin bir qadın pasiyentimin (gen Italien – genitalien) gözəl vətəninə işarə etməsinin nə anlama gəldiyini xatırlayıram; bu eyni zamanda həmkarım P. yerimi tutmamışdan əvvəl həkim olduğum evlə və çibanımın yerilə bağlıdır.
Başqa bir yuxuda da mən bənzər şəkildə müdafiə oluna bildim, bu dəfə yuxumu pozmaq istəyən duyğu orqanının qıcıqlanmasından. Ancaq yuxugörmə ilə yuxugörmə yaradan təsadüfi qıcıqlanma arasında əlaqənin kəşfi xoşbəxt durumdan doğan nəticəydi. İsti yay günlərindən birində Tiroldakı şəhərcikdə səhər yuxudan oyananda yadıma düşdü ki, yuxuda atamın öldüyünü görmüşəm. Bu qısa, ancaq tamaşa xarakterli yuxunu yoza bilmədim. Bu yuxuyla bağlı yalnız bircə dayaq nöqtəsi xatırlaya bildim: bundan bir müddət öncə qəzetdə zati-müqəddəslərin yüngülvarı kefsizlədiyi haqda məlumat var idi. Ancaq səhər yeməyi zamanı arvadım məndən soruşdu: «Bu gün səhər kilsə zənglərinin dəhşətli zanqıltısını eşitdin?» Mən eşitdiklərim barədə heç nə bilmirdim, amma yuxumu artıq başa düşdüm. O mənim yuxudakı tələbatımın səsinə reaksiya idi, mömin tirolluların məni oyatmaq istədikləri səs-küyə. Mən onlardan yuxumun məzmununun çıxardığı nəticə ilə qisas alır və zəng səslərinə heç bir maraq göstərmədən yatmağa davam edirəm.
Əvvəlki fəsildə sözügedən yuxular arasında sinir qıcıqlanmalarının emal olunmasına dair parlaq misallar tapmaq mümkündür. Buna misal olaraq, birnəfəsə içməni göstərmək olar; burada somatik qıcıqlanma, yuxugörmənin yeganə mənbəyi sayılır, susama hissiyyatının doğurduğu arzu isə onun yeganə motividir. Analoji vəziyyət somatik yuxugörmənin arzunu öz-özünə doğurduğu digər sadə yuxularda da görülür. Gecələr yanaqlarından sərinləşdirici aparatı qoparan xəstənin gördüyü yuxuda da xəstə hissiyyatla bağlı gerçəkləşən arzuya yetərincə qeyri-adi reaksiya aşkar olunur. Belə bir təəssürat yaranır ki, xəstə bir müddət narkoz altında olub və öz ağrılarını başqa adama aid edib.
Mənim üç Park haqqında gördüyüm yuxuya, aclığın səbəb olduğu aydındır, ancaq bu yuxu aclığı körpənin ana döşünə tələbatına qədər aparıb çıxarır və bəzək-düzəksiz şəkildə özünü göstərən imkandan məhrum daha ciddi tələbatı ört-basdır etmək üçün məsum tələbatdan istifadə edir. Qraf Tun haqqında yuxuda biz təsadüfi fiziki tələbatın ruhun daha güclü, ancaq daha çox boğulmuş fəaliyyəti ilə necə birləşdiyini gördük. Və əgər Qarnyenin xəbər verdiyi hadisədə Birinci Konsul partlayan cəhənnəm maşınının səs-küyünü müharibə haqqında yuxuya çevirirsə, onda burada ruhi fəaliyyətin yuxu zamanı, ümumiyyətlə, hissiyyatlarla maraqlanması cəhdi son dərəcə aydın şəkildə aşkara çıxır. İlk böyük çıxışı etdiyi gün nahardan sonra yuxulayan gənc vəkil özünü Böyük Napoleon kimi aparır. O, Hüssiyatində (Hussiatyn) çıxışından tanıdığı hansısa Q. Reyxi görü, ancaq Hüssiyatin elementi yuxuda israrla təkrarlanır; oyandıqda eşidir ki, bronxitdən əziyyət çəkən arvadı möhkəm öskürür (husten).
Napoleonla bağlı həmin gözəl yuxunu yuxarıda sözügedən tələbənin digər bir yuxusu ilə tutuşduraq; ev sahibəsi ona hospitala getmək vaxtıdır dedikdən sonra yuxuda görür ki, guya artıq hospitaldadır və yatmağa davam edərək, öz-özünə deyir: «Bir halda ki hospitaldayam, onda harasa getmək üçün qalxmağa ehtiyac yoxdur». Sonuncu yuxunun rahatlığa cəhd olması aydındır; yatan öz yuxusunun motivini anlayır, ancaq bununla yanaşı ümumiyyətlə yuxugörmənin sirrini açır. Bütün yuxular müəyyən mənada rahatlığa cəhddir, onlar oyanmaq üçün yuxunu davam etdirmək arzusuna xidmət edir. Yuxugörmə yuxunun pozucusu yox, keşikçisidir. Bu fikrin psixi məqamlara münasibətdə doğru olduğunu başqa yerdə isbat edəcəyik; ancaq obyektiv xarici qıcıqlanmaların roluna tətbiqini burada əsaslandırmağa çalışacağıq. Ruh yuxu vaxtı ya duyğularla tamamilə hesablaşmır – ancaq bu yalnız həmin qıcıqlanmaların intensivliyə və dərk olunan mənalarına aiddirsə – ya bu qıcıqlanmaların varlığını inkar etmək üçün yuxugörmədən istifadə edir, ya da üçüncüsü, onları etiraf etmək zorunda qaldığından elə yozmaq istəyir ki, aktual hissiyyatlar yuxugörmənin arzu etdiyi və onunla razılaşdırılan situasiyanın tərkib hissəsi olsun. Yuxugörmədə aktual hissiyyatlar qarışır və bununla da reallıqdan məhrum olur. Napoleon yatmağa davam edə bilər, onun yuxusu yalnız Arkol altındakı güclü top atəşini xatırlamaqla pozulur. Bu yuxunun məzmununu mən iki mənbədən fərqli şəkildə eşitmişəm.
Şüurlu «mən»də yaranan və yuxugörmənin senzurası ilə (irəlidə həmçinin «təkrar emal»
olunaraq təsvir olunan) birgə yuxugörməyə material verən yatmaq arzusu yuxugörmənin əmələ gəlmə motivi kimi hər dəfə nəzərə alınmalıdır və hər bir baş tutan yuxugörmə onun gerçəkləşməsidir. Bu daimi və hər zaman hər yerdə eyni olan arzunun yuxugörmənin gah bir, gah da digər şeyi gerçəkləşdirdiyi digər arzulara necə uyğunlaşması başqa bir araşdırmanın mövzusu olacaq. Lakin bizim yatmaq arzumuzda Ştryumpel – Vundt nəzəriyyəsindəki boşluğu doldura biləcək və xarici qıcıqlanmaların izahının qəribəliyini və dəyişkənliyini aydınlaşdıracaq məqam var. Yatan ruhun qadir olduğu doğru yozumlar fəal maraq və yuxunun kəsilməsini tələb edir; ruh məhz yatmaq arzusunun qəti senzurası ilə bir olan bir yozumu seçir. Məsələn, bu bülbüldür, qaranquş deyil. Çünki əgər bu qaranquşdursa, onda yuxu başa çatıb, səhər açılıb.
Qıcıqlanmaların bütün mümkün olan yozumlarından yalnız ruhda olan arzularla daha sıx əlaqəyə gətirilə bilənlər seçilir. Beləliklə, hər şey əvvəlcədən ciddi şəkildə şərtləşdirilib və heç bir halda başlı-başına deyil. Doğru olmayan yozum illüziya deyil, belə demək mümkünsə, yalnız bəhanədir.
Ancaq burada hər halda normal psixi prosesin təhrif olunduğunu etiraf etmək lazımdır, yuxugörmə senzurasının xeyrinə yerdəyişmə yoluya əvəzləmədə olduğu kimi.
Əgər xarici və daxili fiziki qıcıqlanmalar psixi reaksiya doğurmaq üçün yetərincə intensivdirsə – bir halda ki, onların nəticəsi oyanma deyil, yuxudur – onlar yuxugörmələrin yaranmasının əsasını və onun materialının möhkəm nüvəsini təşkil edir, sonradan buna iki psixi qıcıqlanma arasında vasitəçi təsəvvür tapıldığı kimi (yuxarıya bax), müvafiq arzu gerçəkləşməsi də tapılır. Bu bir sıra yuxugörmələr üçün o dərəcədə ədalətlidir ki, çünki onlarda somatik element üstünlük təşkil edir. Yuxugörmələrin yaranmasının bu çarəsiz durumunda hətta aktual olmayan arzular da oyanır. Lakin yuxugörmə gerçəkləşmiş arzudan başqa heç nəyi təsvir edə bilməz. Onun məqsədi sanki aktual hissiyyatın köməyilə gerçəkləşdirmək üçün hansı arzunu seçməyi təsvir etməkdir. Əgər aktual material xəstə və ya xoşagəlməz xarakter daşıyırsa, təkcə buna görə yuxugörmə yaratmağa yararsız hesab olunmur. Ruhi həyatın sərəncamında gerçəkləşməsi xoşagəlməz hisslər doğuran arzular da var; bu, anlaşılmaz görünə, ancaq iki psixi instansiyanın və onlar arasındakı senzuranın varlığıyla izah oluna bilər.
Ruhi həyatda, artıq bildiyimiz kimi, birinci sistemə aid sıxışdırılmış arzular olur ki, onların gerçəkləşməsinə qarşı ikinci sistem mübarizə aparır. Bu gündə qüvvədə olan belə bir rəy mövcuddur ki, bu arzular əvvəlcə mövcud olub, sonra isə məhv olub, lakin psixonevrotikada zəruri olan sıxışdırılma haqqında təlim təsdiq edir ki, sıxışdırılmış arzular mövcud olmağa davam edir, ancaq onları ləngidən ağır maneələr də var. Belə impulsların «boğulması» haqqında danışmağımız tamamilə düzgündür. Biz psixi vərdişləri ona görə qoruyur və onlardan istifadə edirik ki, boğulmuş arzularımızı reallaşdıra bilək. Boğulmuş arzu gerçəkləşəndə ikinci sistemdən (dərk olunmuş sayılan) gələn maneənin aşılması xoşagəlməz duyğu formasında təzahür edir. Bu fikri belə xülasə edək: yuxuda somatik mənbələrdən qaynaqlanan xoşagəlməz xarakterli fikir yarandıqda yuxugörmə hansısa boğulmuş arzunu gerçəkləşdirmək üçün bu konstellyasiyadan istifadə edir, bu zaman senzura az və ya çox dərəcədə qalır.
Bu hal qorxuyla müşayiət olunan yuxuları, həmçinin arzu nəzəriyyəsinə zidd olan digər bir sıra yuxuları izah edir, başqa bir mexanizmin varlığını aşkar edir. Yuxugörmələrdəki qorxu psixonevrotik ola bilər; o, psixoseksual boşalmalardan qaynaqlana bilər. Lakin o özü sıxışdırılmış libidoya uyğundur. Onda bu qorxu, bütün yuxugörmələr kimi qorxuyla müşayiət olunur, nevrotik simptom anlamı qazanır və biz yuxuda arzuların gerçəkləşməsi tendensiyasının dağılmasının astanasında dayanırıq. Digər yuxugörmələrdə qorxu hissəsi somatik yolla verilir (məsələn, ağciyəri və ürəyi xəstə olanlarda tənəffüsdə təsadüfi çətinliklər yarananda); bu halda o, yuxugörmədə elə ciddi şəkildə boğulmuş arzuların gerçəkləşməsində istifadə olunur ki, onların yuxugörmədə psixi motivlər üzrə ortaya çıxması da qorxu hissinin nəticəsi olardı. Bu iki müxtəlif hadisəni birləşdirmək qətiyyən çətin deyil. Bir-biriylə sıx bağlı olan iki psixi hadisədən, affektdən və təsəvvürdən biri aktualdır və yuxuda digərini də doğurur; bəzən somatik baxımdan şərtlənən qorxu təsəvvürün boğulmuş məzmununu oyadır, bəzənsə qorxunun yaranmasına oyadılmış və seksual ehtirasla bağlı təsəvvür səbəb olur. Birinci hadisə haqqında demək olar ki, somatik şərtləşdirilmiş effekt psixi yozum qazanır; digər hadisədə hər şeyin psixi əsası var, ancaq təsəvvürün boğulmuş məzmunu qorxu hissinə uyğun gələn somatik yozumla asanlıqla əvəz olunur. Burada anlama üçün yaranan çətinliklərin yuxugörmə ilə ortaq cəhətləri azdır; onlar bizim bu fikirlə qorxunun yaranması və sıxışdırılması probleminə toxunmağımızdan qaynaqlanır.
Subyektin ümumi əhvalı, şübhəsiz, daha təsirli daxili xassəli qıcıqlanmalara aiddir. O, yuxugörmənin məzmunu ilə şərtlənmir, ancaq sonuncunu yuxugörmə yaradan materialdan seçim etməyə sövq edir, bu materialın bir, öz mahiyyətinə müvafiq hissəsini yaxınlaşdıraraq, digərini itələyir. Bundan əlavə, əvvəlki günün ümumi əhvalı yuxugörmədə mühüm rol oynayan psixi qalıqlarla sıx bağlı olur; həm də bu ovqat yuxugörmədə qorunur, ya da narazı olanda öz əleyhinə çevrilir.
Yuxu zamanı qıcıqlanmaların somatik mənbələri, başqa sözlə, hissiyyatlar xüsusi intensivliyə malik olmayanda, zənnimcə, onlar yuxugörmənin əmələ gəlməsində yenə əvvəlki günün təzə, ancaq indifferent təəssüratlarının oynadığı eyni rolu oynayır. Bununla demək istəyirəm ki, onlar yuxugörmənin yaranmasına yalnız psixi mənbənin təsəvvürlərinin məzmunu ilə birləşməyə qadir olanda cəlb olunur; əks təqdirdə, cəlb olunmur. Onlar ucuz, hər zaman hazır materialı olan, hər dəfə ehtiyac duyulanda tətbiq olunan hissiyyatlardır; qiymətli material isə, əksinə, bizə öz xarakterini və tətbiq məqsədini diktə edir. Bu, misalçün, mesenatın sənətkara hansısa nadir daşı, oniksi gətirərək, ondan sənət əsəri yaratmasını tapşırması hadisəsini xatırladır. Daşın ölçüsü, rəngləri, saflığı ondan hansısa büstü, yaxud mənzərəni düzəltməyə kömək edir, halbuki, material, məsələn, mərmər, yaxud qumdaşı bol olanda sənətkarın ağlında formalaşan ideya aparıcı rol oynayır. Yuxugörmənin adi hüdudlardan kənara çıxmayan daxili qıcıqlanmaların səbəb olduğu məzmununun bütün yuxugörmələrdə təkrar olunmaması və hər gecə yuxuya girməməsi faktı yalnız bu şəkildə izah olunur. Rank bir çox işlərində göstərib ki, üzvi qıcıqlanmaların səbəb olduğu və yuxugörənin oyanmasıyla nəticələnən (sidiyə getmə ehtiyacının səbəb olduğu və evolyusiya ilə müşayiət olunan yuxugörmə) bəzi yuxugörmələr yatmaq tələbatı ilə təbii ehtiyacları ödəmək tələbatı arasında mübarizəni, xüsusilə onların yuxunun məzmununa olan təsiri qədər yaxşı göstərir.
Mən öz fikrimi bizi yenidən yuxuların yozumuna qaytaran misalla aydınlaşdırmağa çalışacağam. Bir dəfə bağlılığın, yerindən tərpənə bilməməyin, hazırlıqsızlığın və insanın yuxusuna tez-tez girərək onu qorxutmağa çox yaxın olan digər şeylərin nə demək olduğunu anlamağa cəhd etdim. Həmin gecə yuxuda bunları gördüm: Tam geyinməmiş halda aşağı mərtəbədəki mənzildən pilləkənlə yuxarı mərtəbəyə qalxıram. Üç pilləni birdən tullanaraq pilləkənlə belə asanca qalxa bilməyimə sevinirəm. Birdən qulluqçunun pilləkənlə qarşıdan mənə doğru gəldiyini görürəm. Utanıram və tələsirəm, ancaq birdən bağlılıq hissi peyda olub, məni sanki pillələrə buxovlayır və yerimdən tərpənə bilmirəm.
Analiz: Yuxudakı situasiya gündəlik gerçəklikdən götürülüb. Vyanada mənim bir binada iki mənzilim var, onları bir-biriylə yalnız pilləkən birləşdirir. Birinci mərtəbədə qəbul otağı və kabinet, ikincidə isə yaşayış otaqlarıdır. Axşamdan xeyli keçmiş oturub işləyəndən sonra gecələr yataq otağıma bu pilləkənlə qalxıram. Yuxunu gördüyüm gecənin axşamı doğrudan da tam geyinməmiş halda pilləkənlə qalxmışdım: mən yaxalığımı, qalstuk və manjetləri çıxarmışdım; ancaq yuxuda bu yüngül ev paltarına çevrilmişdi, amma həmişə olduğu kimi, bir qədər dumanlı şəkildə. Pillələri tullanaraq adlamağım çoxdankı vərdişimdir; ancaq yuxum arzularımdan birini gerçəkləşdirir, pillələri belə yüngül qalxmaqla özümü ürəyimin yaxşı vəziyyətdə olmasına inandırıram. Bundan başqa, pilləkəni bu üsulla qalxmaq yuxunun ikinci hissəsindəki bağlılıq duyğusu ilə kəskin ziddiyyət təşkil edir. Bu üsul mənə göstərir ki, – bunu sübut etməyə də ehtiyac yoxdur, – yuxugörmə hərəkəti bütün mükəmməlliyilə son dərəcə asanlıqla təqdim edir; yuxuda uçmaq da buna parlaq misaldır!
Ancaq qalxdığım pilləkən evimin pilləkəninə oxşamır; əvvəlcə onu tanımıram, yalnız qarşılaşdığım qulluqçu mənə harada olduğumu göstərir. Bu qulluqçu gündə iki dəfə evinə gedib iynə vurduğum yaşlı bir xanıma xidmət edir; yuxudakı pilləkən də gündə iki dəfə qalxdığım həmin pilləkənə çox oxşayır.
Amma bu pilləkənin və bu qadının mənim gördüyüm yuxuya nə dəxli var? Səliqəsiz geyimə görə keçirdiyim utancaqlıq hissi şübhəsiz seksual xarakter daşıyır; yuxuma girən qulluqçu yaşca məndən xeyli böyükdür, deyingəndir və sözsüz ki, cəlbedici deyil. Bu suala cavab olaraq ağlıma yalnız bunlar gəlir: səhər-səhər bu evə gələndə pilləkəndə adətən məni öskürək və hayqırtı tutur. Burada tüpürcəkqabı olmadığından adətən pilləkənə tüpürməli oluram və düşünürəm ki, pilləkənin təmizliyi mənim hesabıma qorunmamalı, ev sahibi buraya tüpürcəkqabı qoymalıdır. Qapıçı da qoca və deyingən bir qarıdır, ancaq səliqə-sahmana son dərəcə meyilli, həm də bu məsələdə tamamilə başqa fikirdədir. O mənim yenidən bu sərbəstliyə yol verib-verməyəcəyimə nəzarət edir və məni cinayət başında yaxalayanda açıq-aşkar deyinir.
Adətən bundan bir neçə gün sonra rastlaşanda mənimlə salamlaşmır. Yuxunu gördüyümdən əvvəlki gün qapıçı ilə qulluqçu bir yerdəydilər. Mən həmişəki kimi işimi qurtarıb getməyə hazırlaşırdım ki, qulluqçu məni saxlayıb dedi: «Doktor, otağa girməmişdən ayaqlarınızı silsəydiniz yaxşı olardı. Çəkmələriniz qırmızı xalını yenə batırıb». Yuxugörmədə pilləkənin və qulluqçunun peyda olmasının şəksiz səbəbi məhz budur.
Pillələri tullanmağımla pilləkəndə hayqırmağım arasında sıx əlaqə var. Siqaret çəkməyə görə boğazdakı katar və ürək xəstəliyi eyni dərəcədə cəzalandırır, bununla bağlı arvadımın analoji qınaqları əskik olmur; mənə qarşı iki evdə lütfkar davranmırlar; yuxu bunları bir obrazda birləşdirib.
Bu yuxunun yozumunun davamını səliqəsiz paltarlarla bağlı tipik yuxugörmələrin ümumi əsaslarını müəyyənləşdirənədək təxirə salmalıyam. Yalnız sözügedən yuxunun ilkin nəticəsini, bağlılıq duyğusunun hər hansı assosiasiya ona ehtiyac duyanda yuxugörmədə hər dəfə meydana çıxmasını qeyd edəcəyəm. Yuxuda mənim hərəkətdə olmağımın xüsusi durumu yuxugörmənin bu məzmununun səbəbi ola bilməz, çünki bundan bir an öncə yuxuda pillələri asanlıqla tullanaraq keçdiyimi görmüşdüm.
d) Tipik yuxugörmələr. Ümumiyyətlə götürdükdə, əgər başqa adam bizə yuxugörmənin arxasında gizlənən qeyri-şüuri fikirləri izah etmək istəmirsə onun yuxusunu yoza bilmərik; bu bizim yuxuyozma üsulumuzun praktiki tətbiqini ağır itkiyə məruz qoyur. Lakin fərdin sərbəst iradəsinə zidd olaraq orijinal yuxugörmələr yaratmaq və bununla onları başqaları üçün anlaşılmaz edilməsiylə bağlı xeyli sayda və hər kəsin eyni formada gördüyü yuxular mövcuddur; biz hətta onların hər bir insanda eyni məna kəsb etdiyini güman etməyə də vərdiş etmişik.
Həmin tipik yuxular həm də ona görə xüsusilə maraqlıdır ki, onlar çox güman ki, bütün insanlarda eyni mənbədən qaynaqlanır, yəni görünür, həmin mənbələrin xarakterini açmaq üçün son dərəcə yararlıdır.
Beləliklə, biz həmin tipik yuxugörmələri yozma texnikamıza əlavələri xüsusi olaraq gözləyir və tamamilə həvəssiz olaraq etiraf edirik ki, bizim sənətimiz bu materialla bağlı özünü tam təsdiqləmir. Tipik yuxugörmələri yozarkən adətən yuxugörənin əvvəllər bizi yuxugörmənin mənasına gətirib çıxaran sərbəst fikri olmur, ya da bu fikir yetərsiz və anlaşılmaz olur, odur ki, məqsədimizə çatmaqda onların köməyinə bel bağlaya bilmərik.
Bunun haradan qaynaqlandığı və texnikamızın qüsurunu necə aradan qaldırmağımız araşdırmamızın başqa bir yerində aydın olacaq. Onda niyə burada tipik qrupa aid yuxugörmələrin yalnız bəzilərini müzakirə edə biləcəyim və niyə tipik yuxugörmələrin digər nümunələrinin müzakirəsini təxirə salmağım oxucuya aydın olacaq.
a) Çılpaqlıqla bağlı yuxugörmələr. İnsanın çılpaq olması və ədəbsiz geyinərək başqalarının yanında gəzməsilə bağlı yuxular utancaqlıq hissilə heç bir əlaqəsi olmadan da müşahidə olunur.
Lakin çılpaqlıq haqqında yuxu bizi o vaxt maraqlandırır ki, subyekt utancaqlıq və çaşqınlıq hiss edir, qaçmaq və gizlənmək istəyir, ancaq bu zaman özünəməxsus bağlılıq hissi keçirir: o yerindən tərpənə, ya da xoşagəlməz situasiyanı dəyişə bilmir. Yuxugörməni tipikləşdirən amil də məhz budur: onun məzmununun nüvəsində ən müxtəlif variasiyalar və individual xüsusiyyətlər ola bilər. Söhbət əsasən xoşagəlməz utancaqlıq duyğusundan gedir, subyekt öz üryanlığını əksər hallarda qaçmaq yoluyla gizlətməyə çalışır, ancaq bacarmır60. Mənə elə gəlir ki, oxucularımın çoxu artıq yuxuda bu vəziyyətə düşüblər.
«Yüngül ev paltarının» xarakteri adətən son dərəcə qeyri-müəyyən olur. Tez-tez «köynəkdə idim» sözlərini eşitsək də, bu nadir hallarda aydın şəkildə görülür; «yüngül ev paltarının» böyük hissəsi elə dumanlı olur ki, alternativ şəkildə təqdim olunur: «Ya köynəkdəydim, ya da alt tumanında». İntensiv utancaqlıq hissini yetərincə təsdiqləmək üçün geyim qüsurları adətən o qədər də mühüm olmur. Zabit mundiri daşıyanlar üçün çılpaqlıq tez-tez formanın cüzi pozulmasıyla əvəzlənir. Mən küçədə papaqsız gedirəm və zabitə rast gəlirəm… ya da qalstuksuz… yaxud əynimdə zolaqlı şalvar var.
Yatanın utandığı insanlar əksər hallarda yad, aydın olmayan, qeyri-müəyyən sifətli şəxslər olur. Tipik yuxugörmələrdə bu cür utancaqlıq hissi doğuran geyim qüsurlarını kiminsə görməsi, yaxud bunun hansısa nəticələr doğurması heç vaxt müşahidə olunmur. Əksinə, insanlar tamamilə mənasız fizionomiyalar göstərir, ya da son dərəcə aydın olan bir yuxugörmədə qeyd etdiyim kimi, sanki təntənəli-rəsmi maskalar geymiş olurlar. Bu düşündürücüdür61.
Yuxugörmələrdə, ümumiyyətlə, tez-tez meydana çıxan yatanın hiss etdiyi utancaqlıq və qarşılaşdığı adamların laqeydliyi ziddiyyət yaradır. Yatanın keçirdiyi hiss ətrafdakıların təəccübünə, gülüşünə, hətta çaşqınlığına uyğundur. Lakin mənə elə gəlir ki, bu zəruri xüsusiyyət arzunun gerçəkləşməsilə aradan qalxır, ancaq hansısa gücün saxladığı digər xüsusiyyət qalmaqda davam edir və onlar bir-birinə uyğun gəlmir. Arzunun qismən təhrif olunmuş formasıyla bağlı yuxugörmənin düzgün başa düşülməməsinə dair bizdə bir maraqlı sübut var. Bu yuxu Andersenin müəllifi olduğu məşhur bir nağılın («Kralın yeni paltarı») əsasını qoyub və Fulda öz «Tilsim»ində bundan poetik şəkildə istifadə edib. Andersenin nağılında krala bahalı paltar toxuyan və xeyirxah, sadiq təbəə kimi tanınan iki yalançıdan bəhs edilir. Kral bu gözəgörünməz paltarda küçəyə çıxır və hamı sirli gücün təsiri altında özünü elə aparır ki, guya kralın çılpaqlığını görmür.
Lakin sonuncu bizim yuxugörmədəki situasiyanı əks etdirir. Yuxugörmənin anlaşılmaz məzmununun xatırlanan situasiyanın öz mənasını tapdığı çılpaqlıq barədə tə•səv•vürə bəhanə verdiyini təsdiq etmək üçün xüsusi cəsarət tə•ləb olunmur. Həmin situasiya bununla birlikdə öz ilkin mənasından məhrum olur və ona lazım olan məqsədə xidmət edir. Lakin biz eşidəcəyik ki, yuxugörmənin məzmununun iki psixi sistemin şüurlu düşüncəsi tərəfindən bu cür dərki olduqca sıx-sıx müşahidə olunur və yuxugörmənin yekun formalaşma amili kimi qəbul olunmalıdır; sonradan öyrənəcəyik ki, beyindən çıxmayan təsəvvür və qorxuların yaranmasında dominant rolu da bu cür anlayış oynayır – yenə də həmin psixi şəxsiyyətin sferasında. Biz öz yuxumuzun materialının da çevrilmək üçün haradan götürüldüyünü deyə bilərik. Yalançılar yuxunun özü, kral isə yatandır, öyüdverən tendensiya yuxugörmənin gizli məzmununda söhbətin sıxışdırılma prosesinə məruz qalmış yasaq arzudan getdiyinin dumanlı dərkini aşkar edir. Mənim əsəb xəstələrimin də bu cür yuxularında meydana çıxan ümumi əlaqə yuxugörmənin əsasında erkən uşaqlıq xatirələrinin durmasına heç bir şübhə yeri qoymur. Biz yalnız uşaqlıqda öz yaxınlarımız, tərbiyəçilərimiz, qulluqçular və qonaqlarımız qarşısına tam geyinməmiş halda çıxmış və çılpaqlığımızdan utanmışıq. Uşağın həmin nağılda da rolu var: burada qəflətən balaca bir qızcığazın səsi eşidilir: «O ki tamamilə çılpaqdır!» Bir çox uşaqları, hətta bir qədər böyük yaşda olanları soyunduranda utanmaq əvəzinə nəsə bir həzz aldıqlarını müşahidə etmək mümkündür.
Onlar gülür, tullanıb-düşür, əllərini bədənlərinə şappıldadırlar. Anaları, ya da onları soyunduran başqası bunu etməyi qadağan edərək deyir: «Baho, ayıb olsun sənə!» Uşaqlarda çox zaman ekshibisionist (ekshibisionizm – öz-özünə induksiyalaşma məqsədilə öz bədəninin intim hissələrinin ətrafdakılara göstərilməsi zamanı ortaya çıxan psixi pozuntu.) hal müşahidə olunur.
İstənilən kəndə girsəniz, sizi görən 3-4 yaşlı uşağın gəlişiniz münasibətilə köynəyini mütləq yuxarı qaldırdığını görəcəksiniz. Pasiyentlərimdən biri erkən uşaqlıq dövrü haqqında xatirlərindən bir epizod danışıb: onun səkkiz yaşı varmış və bir dəfə yatmazdan qabaq soyunaraq təkcə köynəkdə qonşu otaqdakı balaca bacısının yanına getmək istəyib, ancaq qulluqçu onun yolunu kəsib. Əsəb xəstələrinin uşaqlıq hekayələrində əks cinsdən olan uşaqların yanında soyunmaq mühüm rol oynayır; paranoiklərin sayıqlaması bununla sıx bağlıdır, sanki soyunarkən və geyinərkən kimsə onları güdür. Pozğun adamlar içərisində bir qrup insan var ki, onlarda uşaq impulsu özünəməxsus zəhlətökən ideyaya çevrilir; bunlar ekshibisionistlərdir. Utancaqlıq hissindən məhrum bu uşaqlıq bizə özünəməxsus cənnət kimi görünür, ancaq əsil cənnət insanın uşaqlığı haqqında olan kütləvi fantaziyası kimi tamamilə başqa bir şeydir. Ona görə də, insanlar cənnətdə utancaqlıq və qorxu hiss edənə, cənnətdən qovulma baş verənə, cinsi həyat və mədəni iş başlayana qədər çılpaq gəzir və bir-birindən utanmırlar. Yuxugörmə bizi hər gecə həmin cənnətə apara bilər. Biz artıq ilkin uşaqlıq dövrü təəssüratlarının (ibtidai dövr, təxminən dörd yaşadək) öz-özlüyündə yenidən təkrarlanma tələb etdiyi barədə fərziyyə irəli sürmüşük; bəlkə də məzmunundan asılı olmayaraq, onların təkrarı elə arzuların gerçəkləşməsidir. Beləliklə, çılpaqlıqla bağlı yuxular ekshibisionist yuxugörmələrin mahiyyətidir. Ferensinin qadınların çılpaqlığıyla bağlı xəbər verdiyi bir neçə maraqlı yuxu asanlıqla ekshibisionizmdən alınan uşaqlıq həzzinə aid edilə bilər, ancaq bəzi məqamlarda yuxarıda sözügedən «tipik» çılpaqlıq yuxularından fərqlənir.Ekshibisionist yuxugörmələrin mərkəzi insanın uşaqlıq dövründə deyil, indiki zamanda təqdim olunan öz obrazı və yüngül ev paltarı haqqında sonrakı çoxsaylı xatirələrin təbəqələşməsi, yaxud bəlkə də, senzuranın təsiri sayəsində son dərəcə dumanlı, anlaşılmaz şəkildə təqdim olunan geyim qüsurlarıdır; bura yatan zaman utanan insanlar da daxildir. Mənə yatan adamın öz uşaqlıq ekshibisionist hərəkətlərinin həqiqi tamaşaçılarını gördüyü bircə misal da məlum deyil. Yuxugörmə sadə xatirə deyil. Maraqlıdır ki, uşaqlıqda seksual marağımızın yönəldiyi şəxslər heç vaxt nə yuxularımızda, nə isteriyada, nə də nevrozlarda əks olunmur. Yalnız paranoiklər onu çılpaq görənlərin obrazlarını çağırır və fanatik əminliklə onların yanında olması (gözəgörünməz olsalar da) nəticəsinə gəlir. Onların yuxuda əvəz olunduğu şəxslər təqdim olunan tamaşaya heç bir əhəmiyyət verməyən «çoxlu yad adamlardır»
və insanın öz çılpaqlığını təklif etdiyi ayrı və yaxın şəxslə arzuolunan ziddiyyət təşkil edirlər.
Ancaq «çoxlu yad adamlardır» elementi yuxuda istənilən başqa keyfiyyətdə ola bilər; o həmişə sirr anlayışına əks olan arzu mənasını bildirir. Eyni şeyi anlaşılan əsaslardan olan yuxuda «bütün ailənin» olması bildirir. Qeyd etmək lazımdır ki, paranoya62 zamanı baş verən köhnə adi şeylərin bərpası bu əkslik zamanı da baş verir. İnsan daha öz-özüylə təklikdə qalmır, o sözsüz müşahidə predmetinə çevrilir, onu müşahidə edənlər isə tamamilə aydın olmayan, qeyri-müəyyən sifətli çoxlu yad adamlardır.
Bundan başqa, ekshibisionist yuxugörmələrdə sıxışdırma prosesi də özünü göstərir.
Yuxudakı əzablı duyğular ikinci psixi sistemin aradan qaldırdığı ekshibisionist epizodun məzmunun üzə çıxmasına qarşı reaksiyasıdır. Əzablı hissiyyatdan xilas olmaq üçün bu epizod yenidən canlanmamalıdır.
Bağlılıq duyğusu haqqında aşağıda danışmaq imkanımız olacaq. Yuxugörmədə o, iradə, inkar konfliktinin dəqiq ifadəsinə xidmət edir. Qeyri-şüuri arzuya əsasən, ekshibisionizm davam etməli, senzuranın tələbinə görə isə kəsilməlidir.
Bizim tipik yuxularımız, nağıllar və poetik fantaziyanın digər məhsulları nə təsadüfi, nə də nadir hadisələrdir. Bəsirətli poetik baxış aləti şairin özü olduğu çevrilmə prosesini olduqca sıx-sıx görür və onu tərsinə çevirir, yəni poeziyanı yuxugörməyə aparır. Həmkarlarımdan biri diqqətimi H. Kellerin «Yaşıl Henrix» əsərindən aşağıdakı parçaya çəkdi: «Əziz Li, sizə nə vaxtsa Odisseyin son dərəcə cazibədar durumunu təcrübədə sınamağı arzulamıram, o, çılpaq, yaş lehməyə bulaşmış halda Navsikayanın64 və onun rəfiqələrinin qarşısında dayanmışdı! Bunun necə baş verdiyini bilmək istəyirsiniz? İstənilən misalı gətirmək olar. Siz vətəndən və sizə dəyərli olan hər şeydən uzaqdasınız; çox şey görüb-eşitmisiniz, qəlbinizdə qayğı və kədər var. Siz yalqızsınız, atılmısınız, bu vəziyyətdə, yəqin ki, yuxuda vətəninizə yaxınlaşdığınızı görəcəksiniz; o sizin qarşınıza parlaq rənglərilə çıxacaq; sizi gözəl, əziz, yaxın insanlar qarşılayacaq. Qəflətən cırıq paltarda olduğunuzu, hətta çılpaq halda palçığa və toza bulaşdığınızı görəcəksiniz. Sizi hədsiz utanc və qorxu bürüyəcək, siz gizlənmək istəyəcəksiniz və tər içində oyanacaqsınız. Fikirli-qayğılı insanın yuxusu belə olur və Homer bu situasiyanı insanın ən dərin və qədim mahiyyətindən götürüb».
İnsanın ən dərin və qədim mahiyyətinin oyanmasına şair adətən öz dinləyiciləri arasında ümid edir; ruhi həyatın uşaqlığın ibtidai dövrünə gedən hərəkətləri bax bunlardır. Arxada vətəndən uzaqda olan insanların şüurlu və etiraz doğurmayan arzuları var, yuxuda uşaqlığın boğulmuş, yasaqlanmış arzuları üzə çıxır, ona görə də, Navisakaye haqqında əfsanədə obyektivləşmiş yuxu, demək olar ki, həmişə qorxulu yuxuya çevrilir.
Mənim pilləkənin pillələrindən tullanmaq barədə olan və sonra bağlılıq duyğusuna çevrilən yuxum da ekshibisionist xarakterdədir, çünki sonuncunun mühüm əlamətlərini daşıyır.
Ona görə də, onu uşaqlıq təəssüratlarına aid etmək olar və qulluqçunun davranışının, məni pilləkəni batırmaqda qınamasının onu yuxugörmədə əvəzlənən situasiyaya keçirdiyini sonuncular izah etməliydilər. Mən doğrudan da belə yozum verə bilərdim. Psixoanalizdə vaxtla bağlı əlaqəni mahiyyətlə bağlı əlaqəylə dəyişməyi öyrənirsən; bir-biriylə əlaqəsi olduğu görülməyən iki fikir nəsə bütöv bir şeydir, onu yalnız müəyyənləşdirmək lazımdır, bu, yanaşı yazımış A və B hərfləri kimidir, AB hecası kimi tələffüz edilməlidir.
Yuxugörmənin daxili əlaqəsində də məsələ eynilə belədir. Yuxarıda sözügedən pilləkən haqqında yuxugörmə xeyli yuxu arasından seçilib; bu cərgənin digər halqaları mənə onların yozumundan bəllidir. Bu cərgəyə salınmış yuxu da həmin əlaqəyə daxil edilməlidir. Bir cərgəyə salınmış bu yuxuların əsasında mənə iki yaşıma qədər baxmış dayə haqqında xatirə dayanır; onu olduqca dumanlı xatırlayıram; bu yaxınlarda anamdan aldığım məlumata görə, o, qoca və çirkin, ancaq çox ağıllı və vicdanlı olub. Yuxularımın analizindən bilirəm ki, o mənə hər zaman mehriban və nəzakətlə yanaşmayıb, onun təmizlik və səliqəli olmaqla bağlı tələblərinə əməl etməyəndə hətta söylənib də. Beləcə, mənim tərbiyəmi yuxuda davam etdirməyə çalışan qulluqçu «ibtidai dövrdəki» dayəm olmağa iddia edir. Güman etmək olar ki, ciddiliyinə baxmayaraq, uşaq bu tərbiyəçini sevirmiş65.
b) Yaxın adamların ölümüylə bağlı yuxular. Yuxugörmələrin tipik adlandırıla biləcək başqa bir qrupu yaxın doğmaların, valideynlərin, qardaş-bacıların, uşaqların və sairənin ölümlərilə bağlı təsəvvürlə əlaqəlidir. Bu yuxuların iki fərqli növünü qeyd etmək olar: birincisində yatan adam ağır kədər keçirmir və ayılanda öz duyğusuzluğuna heyrət edir, ikincisində isə kədər və itki yuxu zamanı real acı göz yaşlarına səbəb ola bilər.
Birinci növdən olan yuxuları bir kənara qoyuruq; onlar tipik hesab oluna bilməz. Onları təhlil edərkən öz məzmunlarından tamamilə uzaq olduqlarına və hər hansı digər arzunun müstəsna dərəcədə ört-basdır edilməsinə xidmət etdiyinə əmin oluruq. Bacısının yeganə oğlunu tabutda görən xalanın yuxusu buna aiddir (s. 111). Bu onun kiçik bacısı oğlunun ölümünü istəməsi anlamına gəlmir, yalnız uzun zamandan bəri görmədiyi sevimli adamı görmək arzusunu gizlədir, həmin adamı eynilə bu cür uzun ayrılıqdan sonra bacısının digər oğlunun tabutunun başında görmüşdü. Yuxunun əsil məzmununu təşkil edən bu arzu kədərli duyğulara səbəb vermir və ona görə də, yatan da bunu hiss etmir. Buradan aydın olur ki, yuxudakı hissiyyat onun aşkar məzmununa deyil, gizli məzmununa aiddir və yuxunun affektiv məzmunu təəssüratların payına düşən təhrifə məruz qalır.
Xəstəlik affektinə bağlı olan yaxın əziz adamın ölümünün təsvir olunduğu yuxugörmələrdə məsələ tamamilə başqa cürdür. Bu yuxuların mənası onların məzmununda əks olunur; həmin şəxsin ölümünün arzu olunması. Bütün oxucularımın və yuxuda belə şey görənlərin hamısının mənə etiraz edəcəklərini gözlədiyimdən bu məsələni mümkün qədər geniş əsaslandırmağa çalışacağam.
Artıq təhlil etdiyimiz bir yuxudan yuxugörmədə gerçəkləşən arzunun hər zaman aktual xarakter daşımadığını öyrənmişik. Yuxuda çoxdan unudulmuş, aradan qalxmış və sıxışdırılmış arzular da gerçəkləşə bilər; bir halda ki, onlar yuxuda yenidən üzə çıxır, mövcudluqlarını qorumağa davam etdiklərini etiraf etməliyik. Onlar bizim təsəvvürümüzdə mərhumlar kimi ölməyib, Odisseyin qan içmiş kölgələri kimi yenidən oyanır. Qutudakı ölmüş uşaq haqqındakı yuxuda söhbət on beş il öncə aktual olan və hələ də səmimi etiraf olunan arzudan gedirdi. Hətta bu arzunun arxasında ən erkən uşaqlıq xatirələrinin gizləndiyini əlavə etsəm belə, bu, yuxugörmə nəzəriyyəsi üçün əhəmiyyətsiz deyil. Qadın pasiyentlərimdən biri balaca uşaq olarkən – məhz nə vaxt olduğunu müəyyənləşdirə bilmədim – eşidib ki, anası ona hamilə olarkən melanxoliyadan əziyyət çəkib və bətnində olan körpəsinin ölümünü ürəkdən arzulayıb. Böyüyüb hamilə qalandan sonra o da anasının yoluyla gedib.
Əgər kimsə yuxuda atasının, anasının, qardaşının və ya bacısının öldüyünü görürsə və yuxu ağır təəssüratlarla müşayiət olunursa, həmin subyektin onlara məhz indi ölüm arzuladığını sübut etmək üçün qətiyyən bu yuxudan istifadə etmirəm. Yuxugörmə nəzəriyyəsi artıq bu qədərini tələb etmir; subyektin onların ölümünü nə vaxtsa uşaqlıqda arzuladığını təsdiqləməklə kifayətlənir. Bu məhdudiyyətin də oxucularımı yetərincə sakitləşdirməyəcəyindən ehtiyatlanıram; onlar yəqin ki, yenə səylə uşaqlıqda da belə arzularının heç vaxt olmadığını iddia edəcəklər. Ona görə də, burada uşağın ölmüş ruhi həyatının bir hissəsini hazırda mövcud olan əlamətlər əsasında canlandırmağa çalışacağam (Uşaq qorxusunun psixoanalizinə bax.
Hər şeydən öncə, diqqətimizi uşaqların qardaş və bacılarına münasibətinə yönəldək. Mən bilmirəm, biz bu münasibətlərdə sevginin üstünlük təşkil etdiyini deyərkən nəyə əsaslanırıq; bizdə yetkin yaşda olan bacı-qardaşlar arasında düşmənçiliyin olmasına dair kifayət qədər misal var və biz çox zaman bu düşmənçiliyin öz köklərinin uşaqlıqdan, hətta doğuluşdan qaynaqlandığını söyləyə bilərik. Ancaq digər tərəfdən uşaqlıqda öz bacı-qardaşlarıyla daim düşməncəsinə davranan, böyüdükdən sonra isə çox mehriban olan insanlar da var. Böyük uşaq balacayla pis davranır, sataşır, vurur, oyuncaqlarını alır; balaca isə aciz qalaraq kin bəsləyir, ona həsəd aparır və qorxur. Onun azadlığa və hüquqi düşüncəyə doğru ilk addımları zülmkarın əleyhinə yönəlir66. Valideynlər uşaqların bir-birini çəkə bilməməsini söyləyir, ancaq bunun səbəbini soruşduqda çiyinlərini çəkirlər. Lakin «yaxşı uşağın» xarakterinin böyük adamdakı eyni xüsusiyyətə nisbətən bir qədər fərqli olduğunu müəyyən etmək çətin deyil. Uşaq tamamilə eqoistdir, o, intensiv olaraq tələbatlar hiss edir və durmadan onları ödəməyə çalışır, xüsusilə də rəqibləri olan başqa uşaqlara, başlıcası da bacı-qardaşlarına qarşı. Ona görə də, biz bu uşağa «pis» yox, «axmaq» deyirik, o öz axmaq hərəkətlərinə görə nə bizim mühakimələrimiz, nə də qanun qarşısında cavabdehlik daşıyır. Tamamilə ədalətlidir ki, biz hələ uşaqlıq dövründə həmin balaca eqoistdə alturistik meyillər və əxlaqın yaranacağına ümid edirik. Meynertinin sözlərilə desək, ikinci «mən» birincinin üzərinə öz ləpirini salaraq onu əzəcəkdir. Doğrudur, əxlaq duyğusu bütün istiqamətlər üzrə eyni vaxtda oyanmır və qeyri-əxlaqi uşaqlıq dövrünün davamı ayrı-ayrı fərdlərdə tamamilə fərqlidir. Psixoanalitik tədqiqatlar mənə göstərib ki, reaktiv-əxlaqi təlimin vaxtından əvvəl müəyyən edilməsi (üç yaşa qədər) – yəni uşaq çox erkən «ağıllanıb» – sonrakı həyatda nevrozun əmələ gəlməsini güman etməyə əsas verən məqamdır. Harada ki bu əxlaqın inkişafı yoxdur, orada biz «degenerasiyadan» danışırıq; burada aydındır ki, qarşıya inkişafın ləngiməsi çıxır. Ancaq ilkin xarakterin sonrakı inkişafla aradan qaldırıldığı hallarda da, o, isteriyaya tutulma nəticəsində qismən üzə çıxa bilər. Uşağın isterik deyilən xarakterilə «axmaq»
xarakterinin oxşarlığı dərhal nəzərə çarpır. Nevroz isə zəhlətökənliyə, əksinə, hər zaman canlı olan ilkin xarakterin üzərinə qoyulmuş olduqca ağırlaşdırıcı məqam kimi fövqələxlaqilik boşluğuna uyğundur.
Beləliklə, hazırda öz bacı-qardaşlarını sevən, onların itkisini çox ağır qəbul edən çoxları çoxdandan qalma və yuxularda meydana çıxa biləcək kinli arzuları şüursuz olaraq yaşadırlar. Üç yaşınadək, hətta daha azyaşlı uşaqların özlərindən kiçik bacı-qardaşlarına münasibətlərini müşahidə etmək olduqca maraqlıdır. Sonuncular dünyaya gələnə qədər uşaq ailədə yeganə övlad idi; indisə deyirlər ki, leylək ona bacı və ya qardaş gətirib. Uşaq təzə gələnə baxıb qəti surətdə deyir: «Qoy leylək onu geri qaytarsın». Yuxarıdakı araşdırmada fobiyası təhlil obyekti olan üçyaşlı Hans bacısı doğulmamışdan bir az əvvəl dəli kimi qışqırıb: «Mənə heç bir bacı lazım deyil». İl yarımdan sonra o, nevroza tutularaq arzusunu dilə gətirir: anası körpəni əlindən vannaya salsın və o ölsün. Bütün bunlara rəğmən, Hans mehriban və ürəyiyumşaq uşaqdır; bir neçə ildən sonra bacısına səmimi bağlandı və ona himayədarcasına davrandı.
Tam ciddi təsdiqləməyə hazıram ki, uşaq yeni doğulan bacısının və ya qardaşının ona hansı ziyanı vuracağını şüurlu surətdə nəzərə alır. Hazırda öz kiçik bacısı ilə möhkəm dost olan bir qohumumdan bilirəm ki, bacısının doğulması xəbərini eşidəndə deyib: «Mən öz qırmızı papağımı ona verməyəcəyəm». Uşaq bu ziyanın təsirini sonradan hiss edəndə, düşmənçilik hissləri də onda başlayır. Mənə üçyaşlı qızın öz balaca qardaşını beşikdə boğmaq istəməsiylə bağlı bir hadisə məlumdur, çünki qardaşının yaşamağa davam etməsi ona yaxşı heç nə vəd etmirdi. Bu yaşda uşaqlar həddindən artıq, bəzən hətta fövqəladə dərəcədə qısqanclığa meyilli olurlar. Daha bir misal gətirək: yeni doğulan uşaq həqiqətən ölür; valideynlərin nəvazişi yenidən böyük uşağın payına düşür; ancaq leylək yenə bir bacı və ya qardaş gətirir. Məgər uşağın birinci körpənin ölümüylə ikinci körpənin doğulması arasındakı vaxtdakı kimi özünü yenidən əziz, sevilən hiss etməsi üçün yeni rəqibin də birincinin yaşadığı eyni taleyi yaşamasını arzulaması təbii deyil? Əlbəttə, uşağın kiçik bacı-qardaşlarına qarşı bu münasibəti normal şərtlərdə, sadəcə, yaş fərqinin funksiyasıdır. Aradan bir qədər çox vaxt keçsəydi, böyük qızda zəif körpəyə qarşı, əksinə, analıq duyğuları oyana bilərdi.
Uşaq yaşlarında bacı və qardaşlara qarşı düşmən münasibətə böyüklərin müşahidə etdiyindən daha sıx rast gəlinir. Uşaqların öz bacı-qardaşlarına və valideynlərdən birinə ilkin düşmən münasibətinə dair çoxlu müşahidələr aparılmışdır; bu müşahidələr psixoanalitik ədəbiyyatda vardır. Şair Spitteleromun öz erkən uşaqlıq dövrüylə bağlı bu tipik misalı xüsusilə index doğrudur və obyektiv təsvir olunmuşdur: «Orada Adolf adlı bir dost da vardı. O, balaca bir varlıq idi, mənim qardaşım olduğunu deyirdilər, ancaq onun nəyə lazım olduğunu heç cür başa düşə bilmirdim; mənim kimi onun da nazıyla niyə bu qədər oynadıqlarını bir az başa düşə bilirdim. Öz tələbatlarım məni qane edirdi, bu qardaş nəyimə lazım idi? Onun, sadəcə, heç bir faydası yox idi, hərdən hətta mənə mane də olurdu. Mən nənəmin qucağında oturanda o da oturmaq istəyirdi, mən uşaq arabasında gəzəndə o da qarşımda oturub yerin yarısını tutur, ayağı ilə məni itələyirdi».
Dünyaya bir-birinin ardınca gələn uşaqlarım üzərində bu cür müşahidə aparmaq fürsətini əldən qaçırdım; indi bunun əvəzini balaca bacım oğlundan çıxmağa çalışıram, onun təkbaşına hakimiyyəti on beş ay sonra gənc rəqibinin peyda olmasıyla sona çatıb; mən balaca oğlanın öz bacısına əsl cəngavər kimi yanaşdığını, onu tumarladığını, əlini öpdüyünü eşitsəm də, görürəm ki, hələ iki yaşına çatmasa da, onun fikrincə, gərəksiz olan rəqibinə qarşı tənqidi nitq söyləyir.
Söhbət bacısından düşən kimi, o dərhal müdaxilə edərək narazı tonda deyir: «O elə balacadır, elə balacadır ki». Son zamanlar qızcığaz əla inkişaf edərək, bu saymazyana nidaya layiq olmadığını göstərəndən sonra oğlan böyüklərin diqqətini bacısından yayındırmaq arzusunu başqa üsulla əsaslandırmağa başlayıb. Hər fürsət düşəndə də, düşməyəndə də deyir: «Onun dişləri yoxdur». Üçyaşlı Hans bacısına qarşı məhvedici tənqidi məhz bu sözlərlə ifadə edir. O hesab edir ki, bacısı dişləri olmadığı üçün danışa bilmir.
Uşaqlıqda yaşanan bu cür ölüm halları bəzən ailədə unudulur, lakin psixoanalitik araşdırma göstərir ki, onların sonradan yaranan nevrozlar üçün böyük əhəmiyyəti var. Başqa bir bacımın altıyaşlı böyük qızı xalalarına bir neçə dəfə belə bir sual verib: «Doğrudan Lüsi hələ heç nə başa düşmür?» Lüsi ondan iki yaş yarım balaca idi.
Yüksək düşmənçilik hissinə uyğun olan qardaşın və ya bacının ölümü haqqında yuxuları mən bütün qadın pasiyentlərimdə müşahidə etmişəm. Yalnız bircə istisna ilə qarşılaşmışam ki, analizdən keçirdikdən sonra o da ümumi qaydanı asanlıqla təsdiqləyib. Bir dəfə seans zamanı belə yuxulara hər bir adamda rast gəlindiyini söyləyəndə (zənnimcə, bunun araşdırdığımız növbəti simptomla əlaqəsi vardı), təəccüblü də olsa, o cavab verdi ki, yuxuda heç vaxt belə bir şey görməyib. Ancaq onun yadına guya birinci yuxuyla əlaqəsi olmayan başqa bir yuxu düşdü; o bu yuxunu ilk dəfə dörd yaşında görüb, o vaxt ailənin ən kiçik uşağı imiş; o vaxtdan yuxu dəfələrlə təkrarlanıb. Çəmənlikdə çoxlu uşaq – bütün bacı-qardaşları, əmisi uşaqları oynayırlar.
Birdən kürəklərindən qanadları çıxır və uçub gözdən itirlər. Bu yuxunun mənası haqda onun zərrə qədər anlayışı yox idi. Lakin bu yuxuda onun bacı-qardaşlarının ölümünü ibtidai, senzuranın az təhrif etdiyi formada görmək çətin deyil. Mən bu yuxunu aşağıdakı şəkildə yozmağı təklif edirəm. Əmisi uşaqlarından birinin ölümündən sonra – bu halda iki qardaşın uşaqları doğma bacı-qardaşlar kimi birlikdə böyüyüblər – o zaman dörd yaşı olan pasiyentim özündən böyük bir qohumundan soruşub: «Uşaqlar öldükdən sonra onlara nə olur?» Cavabında eşidib: «Onların qanadları çıxır və mələk olurlar». Yuxugörmədə bütün bacı və qardaşların mələklər kimi qanadları çıxır, ən əsası da onlar uçub gedirlər. Bizim balaca «mələk yaradanımız»
təkcə qalır. Uşaqların sonradan uçduqları çəmənlikdə oynaması tam aşkarlığıyla kəpənəklərə işarədir, uşaq sanki qədim insanları Psixeyanı kəpənək qanadlarıyla təchiz etməyə sövq edən assosiasiyaya əsaslanıb.
Məndən soruşa bilərlər: uşaqların öz qardaş və bacılarına qarşı düşmən impulsları həqiqətən mövcud olsa da, uşaq qəlbinin birdən-birə öz rəqiblərinə və ya daha güclü yaşıdlarına ölüm arzulayacaq qədər yaramazlaşması bəs necə baş verir? Sanki bütün günahlar və ədalətsizliklər yalnız ölümlə yuyulmalıdır! Belə danışanlar, yəqin ki, uşaqların ölüm haqqında təsəvvürünün bizimkiylə eyni olmadığından xəbərsizdirlər. Uşağın qəbir soyuqluğundan, dəhşətli çürümədən, tamamilə yox olmaqdan və böyüklərin təsəvvüründə «ölüm» sözüylə bağlı olan digər şeylərdən, o biri dünya haqqındakı miflərin nə demək olduğundan xəbəri yoxdur. Ölüm qorxusu ona yaddır, ona görə də, o bu qorxulu sözlə oynayaraq, başqa uşaqları təhdid edir: «Əgər bir də bunu etsən, Frans kimi öləcəksən». Bədbəxt ana qorxudan titrəyir, o yəqin ki, insanların çoxunun yetkinlik yaşınadək yaşamamasını unuda bilmir. Hətta səkkiz yaşlı uşaq hansısa təbiət-tarix muzeyindən qayıtdıqdan sonra anasına deyə bilər: «Ana, mən səni çox sevirəm. Sən öləndə müqəvvanı düzəldib otağa qoyacağam ki, səni həmişə görə bilim».
Uşaqların ölüm haqqında təsəvvürləri bizimkinə bu dərəcədə az oxşayır. On yaşında çox ağıllı bir oğlan uşağının atasının ölümündən sonra nə qədər təəccüblü olsa da, belə bir cümlə söylədiyini eşitmişdim: «Mən atamın öldüyünü başa düşürəm, ancaq onun şam etməyə niyə evə gəlmədiyini heç cür anlaya bilmirəm». Bu mövzuya aid daha geniş material doktor Huq-Helmutun redaktə etdiyi bölmədədir. (Kinderseele v «Imago» Zeitschrift fiir Anwendung der Psychoanalyse auf die Geisteswissen-schaften, Bd. I – V, 1912-1918.)
«Ölmək» ölümqabağı əzablardan, ümumiyyətlə, sığortalanmış uşaq üçün «getmək», sağ qalanlara bir daha mane olmamaq kimi bir şeydir67. O bu yoxluğun hansı üsulla gerçəkləşdiyini fərqləndirə bilmir – gedişlə, yoxsa ölümlə. Psixoanalitik təhsili olan bir ata apardığı müşahidə əsasında dördyaşlı qızının «yoxluqla» «ölüm» arasındakı fərqi öyrəndiyini qeyd edir. Uşaq həvəssiz yeyir və pansionun qulluqçularından birinin ona qeyri-səmimi yanaşdığını hiss edirmiş.
«Qoy Jozefina ölsün», – o atasına deyib. «O niyə ölməlidir? – atası dərhal soruşub. – Məgər onun çıxıb getməsi kifayət deyil?» «Yox, – uşaq cavab verib, – onda yenə qayıdıb gələcək». Uşağın özünü hədsiz sevməsi (narsizm) üçün hər bir pozuntu crimen laesae majestatis-dir və amansız qanunlara görə, uşağın duyğuları bütün belə günahlara görə bir və daimi cəza təyin edir. Uşağı dayədən məhrum edəndə və qısa müddətdən sonra anası öldükdə, onun yaddaşında hər iki hadisə yan-yana olur. Uşağın gedənlərə görə o qədər də xiffət çəkməməsi hər bir anaya məlumdur: uzun çəkən səyahətdən sonra evə qayıtdıqda uşaqların analarını bircə dəfə də soruşmadıqlarını eşidib məyus olur. Ancaq o doğrudan da «geriyə dönüşün olmadığı ən yaxşı dünyaya» köçdükdə, uşaqlar əvvəlcə onu tamamilə unudur və yalnız sonradan xatırlamağa başlayırlar.
Beləliklə, əgər uşağın başqa uşağın yoxluğunu arzulamasına motiv varsa, buna ölüm arzusu donu geyindirməyə heç nə mane ola bilməz: ölüm haqqında bu cür yuxulara psixi reaksiya göstərir ki, mahiyyətcə fərqli olmasına baxmayaraq, uşağın arzusu böyüklərin eyni arzusu ilə üst-üstə düşür.
Əgər uşağın bacı-qardaşlarının ölməsiylə bağlı arzusunu onun rəqabətdən doğan eqoizmi ilə izah etmək olsa, onda uşaq üçün sevgi mənbəyi olan, onun bütün tələblərini yerinə yetirən, şıltaqlıqlarına dözən valideynlərin ölümünü arzulamasını necə izah etmək olar? Halbuki eqoist motivlərdən çıxış etsək, bunlar uşağın əbədi arzusu olmalıdır.
Bu çətin məsələnin həllinə valideynlərin ölümü haqda yuxuların əksər hallarda onlardan birinə, yatanla eyni cinsdən olana aid olması kömək edir; yəni oğlanlar əksər hallarda atalarının, qızlar isə analarının öldüyünü görürlər. Mən bunun danılmaz qanun olduğunu təsdiq edə bilmərəm, ancaq örnəklərin mütləq əksəriyyəti o qədər inandırıcıdır ki, onlar hər hansı ümumi mənaları baxımından izahat tələb edir. Kobud desək, oğlanlar sevgi rəqibi olaraq atalarını, qızlar isə analarını görürlər ki, onların sıradan çıxması yalnız sərfəli olardı.
Bu iddianı tamamilə mümkünsüz bir şey kimi rədd etməzdən əvvəl, valideynlərlə uşaqların münasibətlərini analiz etmək lazımdır. Bu münasibətdən valideynlərə ehtiram mədəni məqamı nə tələb etməsilə, gündəlik müşahidələrin nə göstərdiyini ayırmaq lazımdır.
Valideynlərlə uşaqlar arasındakı münasibətlərdə düşmənçilik duyğularına rəvac verəcək xeyli səbəb var; amma senzuranın tələblərinə cavab verməyən arzuların yaranması üçün də xeyli şərtlər mövcuddur. Əvvəlcə ata ilə oğul arasındakı münasibətlərdə dayanaq. Mənə elə gəlir ki, on davranış haqqında müqəddəs qaydalar həqiqi vəziyyətin nə yerdə olduğunu görməkdə bizə mane olur. Biz bəşəriyyətin böyük hissəsinin dördüncü davranış qaydasını pozduğunu etiraf etmək istəmirik. İnsan cəmiyyətinin istər yuxarı, istərsə də aşağı təbəqələrində valideynlərə ehtiram digər maraqlar qarşısında arxa plana keçir. Miflərdən və insan cəmiyyətinin ibtidai həyatı haqqında əfsanələrdən bizə gəlib çatan dumanlı məlumatlar ataların hakimiyyəti və qəddarlığı haqqında kifayət qədər qəmgin təsəvvürlər verir. Xronos axta donuz digər donuzların peyinini yediyi kim, öz övladlarını yeyir, Zevs isə öz atasını axtalayaraq onun yerinə keçir (Bu ən azı bəzi mifoloji təsvirlərdə var. Başqa miflərə görə, yalnız Xronos atası Uranı axtalayır. Bu motivin mifoloji mənasına Otto Rankda baxa bilərsiniz: «Der Mythus von der Geburt der Helden, 5, Heft der Schriften zur angew. Seelenkunde, 1909», und «Das Inzestmotiv in Dichtung und Sage», 1912) Qədim ailədə ata nə qədər qeyri-məhdud hakimiyyətə malik olurdusa, varis hesab olunan oğulun ona qarşı düşmən mövqedə dayanmağa bir o qədər çox əsası olur, hakimiyyəti atanın ölümü vasitəsilə əldə etməyə daha çox səbirsizlənirdi. Hətta bizim burjua ailələrində də ata oğulun müstəqilliyinə müdaxilə edərək, münasibətlərdə gizli qalan düşmənçiliyin təbii rüşeyminin yaranmasına özü kömək edir. Atanın ölümüylə bağlı kədərin oğulun, nəhayət, azadlığa çıxmasıyla bağlı sevinci boğa bilməməsini həkim tez-tez müşahidə edir. Bizim ailədə də saxlanan potestas patris familias68–ın qalığını hər bir ata həyəcanla qoruyur; bu atalarla oğulların əbədi mübarizəsini öz əsərlərində ön plana çıxaran bütün şairlərə yaxşı məlumdur. Ana ilə qız arasında konflikt qız böyüyüb anasını özünün seksual azadlığına qarşı rəqib görəndə qızışır, qızının böyüməsi isə anaya öz cinsi həyatından ayrılmağın vaxtının çatdığını xatırladır.
Bütün bunlar məlum və aydındır, ancaq hələ bizə valideynlərin ölümü haqqında yuxuları yozmağa imkan vermir, amma valideynlərinə olan ehtiramları toxunulmaz və müqəddəs olan insanlar belə yuxuları tez-tez görürlər. Bundan əvvəlki şərhlərimiz valideynlərin ölümünün arzulanmasının da erkən uşaqlıq dövrünə aid olduğunu göstərir.
Bu fərziyyə bütün şübhələri istisna edərək, təkzibolunmaz şəkildə psixi əsəb xəstələrinin analizində də təsdiqlənir. Sonuncu göstərir ki, uşağın seksual istəkləri sıx-sıx özünü göstərir (əgər onların, əlbəttə, rüşeym halında ikən seksual adlanmağa haqları varsa) və qızın ilk meyli atasına, oğlanınkı isə anasına yönəlir. Beləliklə, ata oğulun, ana isə qızın rəqibinə çevrilir, uşağın bu duyğusunun ölüm arzusuna çevrilməsi üçün isə çox az şey lazımdır. Biz artıq analoji arzuları bacı-qardaşlara qarşı münasibətdə görmüşük. Seksual obyektin seçimi adətən öz ifadəsini valideynlərə münasibətdə tapır; təbii meyil elə təşkil edir ki, ata qızı, ana isə oğulu əzizləyir, eyni zamanda hər ikisi cinsiyyətlərinin təsirinin niyyətlərinin saflığına xələl gətirmədiyini düşünərək, uşaqların tərbiyəsinə eyni ciddiyyətlə yanaşırlar. Uşaq üstünlüyü hiss edir və ərköyünlüyə qarşı çıxan valideynə qarşı üsyan edir. Böyüklərin sevgisini qazanmaq onunçün yalnız xüsusi tələbatın ödənilməsi deyil, bu həm də onun iradəsinin bütün digər münasibətlərdə məmnun qalmasıdır.
Beləliklə, uşaq öz seksual meylinin ardınca gedərək, eyni zamanda valideynlərdən gələn meyli yeniləşdirir – əgər onun valideynlər arasında seçimi onların seçiminə uyğun gəlirsə.
Bu cür meyillərin əlamətləri əksər hallarda nəzərə çarpmır, ancaq onlardan bəziləri hələ erkən yaşlarda özünü göstərir. Tanışlarımdan birinin səkkiz yaşlı qızları anası stoldan qalxıb mətbəxə keçən kimi, özünü onun varisi elan edir: «İndi ana mən olacağam! Karl, yenə göyərti istəyirsən? Zəhmət olmasa, götür!» və sair. Səkkiz yaşlarında çox ağıllı və diribaş bir qızda uşaq psixologiyasının bu əlaməti özünü daha parlaq göstərir, o hətta açıq şəkildə deyir: «Qoy anam ölsün, atam mənimlə evlənsin və mən onun arvadı olum». Uşaq həyatında bu arzu onun anasını çox sevməsini qətiyyən istisna etmir. Əgər balaca oğlan atası gedən kimi anasıyla yatırsa, o qayıtdıqda isə öz otağına, daha az xoşladığı dayəsinin yanına qayıdırsa, onda çox asanlıqla atasının daim evdə olmamasıyla və əziz, sevimli anasının yanında öz yerini qorumasıyla bağlı arzu yarana bilər; bu arzuya çatmağın yollarından biri, aydındır ki, atanın ölməsi ola bilər, çünki uşaq bilir: «ölülər» babası kimi heç vaxt olmurlar, onlar heç vaxt qayıdıb gəlmirlər69.
Əgər balaca uşaqlar üzərindəki bu müşahidələr bizi yuxarıdakı nəticələri çıxarmağa sövq edirsə, onlar hələ yaşlı əsəb xəstələrini psixoanaliz müayinəsindən keçirən həkimin əminliyini tam yaratmır. Burada müvafiq yuxugörmələr elə ətraflı olur ki, onlarda həmin arzular heç bir şübhə doğurmur. Bir dəfə bir qadın pasiyentimin ağladığını gördüm. O deyirdi: «Mən öz qohumlarımı bir daha görmək istəmirəm, mən onları ancaq qorxuduram». O mənə mənasını, əlbəttə, anlamadığı bir yuxunu xatırlaması haqda danışır. Bu yuxunu o, dörd yaşında görüb.
Görüb ki: Evin damında hansısa heyvan gəzir, ya vaşaq (Luchs), ya da tülküdür (Fuchs), sonra nəsə düşür, ya da o özü yıxılır. Sonra isə birdən evdən ölmüş anasını çıxarırlar və o, acı göz yaşları tökür. Mən ona izah etdim ki, ananın ölməsiylə bağlı bu yuxu uşaqlıq arzusu olmalıdır və o məhz bu yuxuya görə yaxınlarında yalnız qorxu yaratdığını düşünür. Mənim sözlərimə cavab olaraq o dərhal yuxugörmənin materialı haqda xəbər verdi. «Luchsaug» (süləngi) – sözünü o, bir dəfə uşaqkən bir küçə uşağından eşidib; üç yaşı olanda anasının başına damdan kərpic düşüb və bərk yaralayıb.
Bir dəfə bir çox psixi durumlara məruz qalmış gənc bir qızı uzun müddət müşahidə etmək fürsətim olub. Onun hədsiz həyəcanlanma və dolaşıqlığa düşmək tutmasından başlayan xəstəliyi anasına qarşı nifrətlə müşayiət olunub, anası onun yatağına yaxınlaşan kimi onu döyüb-söyməyə başlayırmış, bu arada böyük bacısına qarşı incə duyğular bəsləyir, hər sözünə qulaq asırmış. Bu tutmaların ardınca ağlında xeyli aydınlanma yaranır, ancaq davamlı apatiya və yuxusuzluqdan əziyyət çəkirmiş; onun müalicəsinə bu fazada başladım və yuxularını analiz etdim. Onların xəstə qismi ananın ölümünü müəyyən gizli formada şərh edirdi: o gah hansısa yaşlı qadının dəfnində iştirak edir, gah da özünü və bacısını matəm içində görürdü; yuxuların mənası barədə, əlbəttə, heç bir şübhə ola bilməzdi. Onda yaxşılaşma getdikcə isterik fobiyalar yaranmağa başladı; onların ən əzablısı anasına nəsə olacağıyla bağlı qorxu idi. Harada olurdusa, anasının sağ olduğuna əmin olmaq üçün evə tələsirdi. Bu hal mənim digər müşahidələrimlə bağlı son dərəcə faydalıdır; o, psixi aparatın eyni dərəcədə həyəcanlandırıcı təsəvvürlərə reaksiyasının müxtəlif üsullarını göstərir. İkinci psixi instansiyanın birinci tərəfindən boğulduğu kimi başa düşdüyüm həyəcanlanma və çaşqınlıq durumunda adətən boğulmuş vəziyyətdə olan anaya qarşı şüursuz düşmənçilik motor hərəkətlərində özünü göstərib; sonra ilk sakitləşmənin yaranmasıyla çaşqınlıq aradan qalxanda və senzuranın hökmranlığı bərpa olunanda, həmin düşmənçilik üçün yeganə mümkün sfera yuxu olub və ananın ölümüylə bağlı arzunu gerçəkləşdirib; sağalma prosesi bir az da irəlilədikdə, o, isterik əks-reaksiya olaraq anaya qarşı həddindən artıq şişirdilmiş qayğını yaradıb. Bu mənada isterik qızların analarını ehtirasla sevmələrinin səbəbi tamamilə aydındır.
Başqa bir vaxt mən beyinəgirmə nevrozundan əziyyət çəkən cavan bir oğlanın qeyri-şüuri ruhi həyatına baş vurdum, o qarşısına çıxan hər bir adamı öldürə biləcəyindən qorxduğu üçün küçəyə çıxa bilmirdi. O bütün vaxtını özünə alibi toplamaqla keçirirdi ki, birdən şəhərdə törədilmiş hansısa cinayətə görə, ona qarşı cinayət işi qaldıra bilərlər. Mənə onun həddindən artıq əxlaqlı və ziyalı bir şəxs olduğunu xatırlatmağa ehtiyac yoxdur. Onun durumunun analizi göstərdi ki, bu ağır zəhlətökən ideyanın səbəbi onun həddən artıq ciddi atasını öldürmək arzusudur; ona təəccüblü gəlsə də, bu arzu onda yeddi yaşında ikən tamamilə şüurlu surətdə yaranıb, ancaq şübhəsiz ki, daha erkən uşaqlıq dövrünə aiddir. Atası otuz bir yaşında ağır xəstələnib öldükdən sonra xəstədə zəhlətökən qınaq hissi yaranır və yuxarıda sözügedən fobiya şəklində başqalarına qarşı çevrilir. Düşünmək olar ki, öz doğma atasını qayadan uçuruma itələmək arzusu hiss edən biri yad adamlara ümumiyyətlə rəhm etməz; ona görə də, bu adamın öz otağına qapanıb, küçəyə çıxmamağa əsası var.
Çoxsaylı müşahidələrimə əsasən deyə bilərəm ki, valideynlər sonradan əsəb xəstəsi olmuş bütün uşaqların ruhi həyatında üstün rola malikdirlər; onlardan birinə məhəbbət, digərinə nifrət psixi materialın dəyişməz, eyni zamanda sonradan ortaya çıxan nevrozun simptomatikası üçün son dərəcə mühüm tərkib hissəsini əmələ gətirir. Ancaq mən psixi əsəb xəstələrinin bu məsələdə digərlərindən kəskin fərqləndiyini düşünmürəm. Onların öz valideynlərinə qarşı dost və düşmən münasibətlərilə yalnız mübaliğə prosesini ifadə etməsi – bu, normal adamlar üzərində aparılan təsadüfi müşahidələrlə təsdiqlənir – daha doğrudur; bu, uşaqların əksəriyyətində az və ya çox dərəcədə intensiv və aydın şəkildə özünü göstərir. Bu həqiqətin təsdiqi üçün qədim dövr bizə son dərəcə inandırıcı mif miras qoymuşdur, onun dərin və əhatəli mahiyyəti yalnız uşaq psixologiyasının yuxarıda sözügedən cizgilərinin müəyyən olunması ilə aydınlaşır.
Mən çar Edip haqqındakı mifi və Sofoklun eyni adlı faciəsini nəzərdə tuturam. Edip Fiva çarı Layın oğludur. O, dünyaya gələn kimi valideynləri tərəfindən atılır, çünki kahin atanı xəbərdar etmişdi ki, dünyaya gələcək oğlu onun qatili olacaq. Edipi xilas edirlər və öz mənşəyindən şübhələnib kahindən kim olduğunu soruşana və vətənindən uzaq durmaq barədə məsləhət alana qədər (çünki atasını öldürməli və anasının əri olmalıdır) başqa bir çarın sarayında tərbiyə alır. Xəyali vətəninə gedərkən yolda çar Laya rast gəlir və təsadüfən qızışan döyüşdə onu öldürür. Sonra Fivaya yaxınlaşır, yolunu kəsən sfinksin dediyi tapmacanı tapdığı üçün mükafat olaraq Fiva taxtına seçilir və İokasta ilə evlənir. O, uzun müddət şəhəri sülh və əmin-amanlıqla idarə edir, ana-arvadından iki qızı və iki oğlu dünyaya gəlir. Qəflətən yayılan taun xəstəliyi fivalıları yenidən kahinə müraciət etməyə məcbur edir. Sofoklun faciəsi də buradan başlayır.
Çapar kahindən xəbər gətirir ki, taun yalnız Layın qatili şəhərdən qovulduqdan sonra kəsəcək.
Bəs o haradadır? Bu qədər qədim cinayətin izini kim tapacaq?
Faciədə hadisələr tədricən oyanan və süni şəkildə ləngidilən xətlə inkişaf edir – psixoanaliz prosesində də belədir. Edip həm Layın qatili, həm də Layla İokastanın oğludur. Öz dəhşətli bəd əməlindən dəhşətə gələn Edip gözlərini kor edir və vətənindən baş götürüb gedir.
Kahinin proqnozu gerçəkləşir.
«Çar Edip», necə deyərlər, taleyin faciəsidir; onun tragik inkişafı tanrıların hər şeyi əhatə edən iradəsilə dəhşətli fəlakətə düçar olan insanların əbəs müqaviməti arasındakı ziddiyyətə əsaslanır; faciənin sarsılmış tamaşaçısı tanrıların iradəsinə itaətə, öz acizliyinə əmin olmalıdır.
Müasir yazıçılar da öz poetik əsərlərində həmin ziddiyyəti təsvir edərək, həmin hədəfə can atır, yalnız bunu öz dəst-xətlərilə edirlər. Ancaq tamaşaçı günahsız insanların bütün müqavimətlərinə rəğmən başları üzərindən asılmış lənətin gerçəkləşməsinə tabe olmalarına biganə qaldı, laqeyd baxdı; taleyin sonrakı faciələri də, demək olar ki, heç bir uğur qazana bilmədi.
Ancaq «Çar Edip» çağdaş insanı da antik yunan qədər sarsıdırsa, onda bu yunan faciəsinin mənasının səbəbi tale ilə insan iradəsi arasındakı ziddiyyətin təsvirində deyil, bu ziddiyyətin əsasında dayanan mövzunun öz xüsusiyyətlərindədir. Əlbəttə, qəlbimizdə «Edip»də taleyin qarşısıalınmaz iradəsini etiraf etməyə hazır bir səs var, ancaq eyni zamanda «Ulu nənə»
və ya digər tale faciələrində biz öz qərarlarımızı sərbəst hesab edirik. Belə məqam çar Edipin öz tarixində həqiqətən var. Onun taleyi bizə ona görə belə təsir edir ki, o bizim də taleyimiz ola bilər, çünki kahin bizi də Edip kimi anadan olana qədər lənətləyib. Bəlkə də, hamımızın alnına öz ilk seksual duyğumuzu anamıza, ilk nifrətimizə və zorakı arzumuzu atamıza qarşı yönəltmək yazılıb; gördüyümüz yuxular bizi buna inandırır. Öz atası Layı öldürən və anası İokasta ilə evlənən çar Edip yalnız bizim uşaqlıq arzularımızın təcəssümüdür. Ancaq bundan daha böyük xoşbəxtlik seksual duyğularımızı anamızdan qoparmağımız, atamıza qarşı olan qısqanclığımızı unutmamızdır. Bu cür ibtidai uşaq arzusunu gerçəkləşdirən insan bizi diksindirir, biz uşaqlıqdan bəri ruhumuzdakı bu arzulara dözən sıxışdırma prosesinin bütün gücüylə ondan uzaqlaşırıq.
Edipin cinayətini işıqlandıran şair bizi boğulmuş halda olsa da, hələ də o impulsların tərpəndiyi öz «mən»imizi tanımağa sövq edir. Xor bizi həmin müqayisə ilə tərk edir: «… Baxın Edipə, Böyük olana, o, həmvətənlərinin həsəd aparmadığı, o, Taledən qorxmayandır, çünki ağıllı və cəsurdur, o, Qədim sfinksin sirlərini çözdü. Baxın tale onu necə devirdi». Bu xatırlatma uşaqlıqdan bəri müdrik və güclü saydığımız bizə, bizim qürurumuza da aiddir. Biz də Edip kimi təbiətin bizə sırıdığı əxlaqa zidd arzuları dərk etmədən yaşayırıq; onları dərk etsəydik, baxışlarımızı uşaqlığımızın epizodlarından çevirərdik.
Heç bir psixoanalitik kəşf uşaqların qeyri-şüuri insestioz meyilləri qədər qəddar hücuma məruz qalmamış, bu qədər quduz müqavimətlə qarşılaşmamış, tənqidçilər arasında bu qədər gülməli çəkişmələrə səbəb olmamışdı. Son vaxtlar hətta bu insesti, bütün təcrübələrə rəğmən, yalnız simvolik adlandırmağa cəhd edirlər. Şopenhauerin bir məktubuna əsaslanan Ferensi (Imago, I, 1912) Edip haqqında mifi ətraflı şərh etmişdir. İlk dəfə «Yuxuların yozumu»nda toxunulan Edip kompleksi sonradan öyrənilərkən insan tarixinin, dinin və əxlaqın inkişafının dərk edilməsində mühüm əhəmiyyət kəsb etmişdir (Bax: «Totem və tabu»).
Öz məzmunu ilə ilk seksual meyl sayəsində valideynlərə münasibətdə əzablı yanlışlıq olan Edip haqqında mifin qədim yuxugörmə materialından yaranması barədə Sofoklun faciəsinin mətnində kifayət qədər şəffaf göstəricilər var. İokasta məsələnin əsil mahiyyətinin nə yerdə olduğunu hələ anlamayan, ancaq hər halda kahinin sözlərindən qayğılanan Edipə təsəlli verir; o, Edipə çox şey görülən, ancaq onun fikrincə, heç bir mənası olmayan yuxunu xatırladır: «Sənə qədər çox adam yuxuda anasıyla nikah taxtında olduğunu görüb, ancaq onlar azad və sərbəst yaşayırlar. Axmaq peyğəmbərliklərə kim inanmır?!»
Ana ilə cinsi əlaqə haqqında yuxu o vaxt da, indi də bunu çaşqınlıq və təəccüblə qarşılayan bir çox insanlarda müşahidə olunub. Faciənin açarı da məhz bu yuxudur və atanın ölümü haqqında yuxuya uyğundur. Edip haqqında mif hər iki tipik yuxugörməyə reaksiyadan doğan fantaziyadır, əgər bu yuxular böyüklərdə ikrah hissi yaradırsa, o halda mif də öz məzmunu ilə dəhşət və özünücəzalandırma ifadə etməlidir. Faciənin yekununda onun sonradan tarixi düzəlişə məruz qalmasıyla bağlı cizgilər var; mifə teoloji tendensiya verməyə çalışıblar (Ekshiisionizm haqqında yuxu materiallarına bax). İlahi qüdrəti insan məsuliyyətilə birləşdirmək cəhdləri hər cür digər materialda olduğu kimi, burada da iflasa uğramalıydı.
Digər böyük bir faciə olan Şekspirin «Hamlet»i də «Çar Edip»in söykəndiyi eyni bazisə əsaslanır. Lakin eyni materialın dəyişdirilmiş şəkildə işlənməsi bir-birindən bu qədər uzaq iki mədəni dövrün psixi həyatındakı bütün fərqləri, bəşəriyyətin ruhi həyatındakı sıxışdırma prosesinin çoxəsrlik tərəqqisini aşkar edir. «Edip»də, eynilə yuxudakı kimi, uşağın arzusu üzə çıxaraq, gerçəkləşir; «Hamlet»də isə o sıxışdırılmış qalır və biz onun varlığını – nevroz vəziyyətindəki kimi – ondan qaynaqlanan ləngimələrdə görürük. Bu faciənin müasir dramların fəthedici təsirlərilə özünəməxsus ümumi cizgiləri var, daha konkret desək, qəhrəmanın xarakteri tamamilə aydın deyil. Dram Hamletin onun üzərinə düşən intiqamı almaqda tərəddüd etməsi üzərində qurulub; bu tərəddüdün əsasları və ya motivləri barədə mətndə heç nə yoxdur, dramın şərhinə yönəlik çoxsaylı cəhdlər isə bu barədə çox az şey verib. Hələ də hökmran olan Hötenin şərhinə görə, Hamlet elə bir insan tipidir ki, onun həyat enerjisi təfəkkürünün hədsiz inkişafı sayəsində iflic olur («Fikirlərinin solğunluğu nəticəsində xəstə duruma düşüb»). Başqa bir fikrə görə, Şekspir zəif, qətiyyətsiz, nevrasteniyaya meyilli xarakter yaratmağa çalışıb. Lakin dramın fabulası bizə göstərir ki, Hamlet qətiyyən aciz deyil. Biz onun hərəkətlərini iki dəfə görürük: birinci dəfə o, gözlənilməz affekt vəziyyətində pərdə arxasından gizlicə qulaq asan Poloniyanı öldürür, ikinci dəfə isə qəsdən, hətta hiyləgərcəsinə iki əyanı ölümə göndərir. Bəs atasının kölgəsinin ona təlqin etdiyi tapşırığı həyata keçirməkdə ona nə mane olur? Burada yenə ağla tapşırığın tamamilə xüsusi olması fikri gəlir. Hamlet hər şeyə qadirdir, ancaq atasını aradan götürüb anasının yanında onun yerini tutan, onunçün sıxışdırılmış uşaqlıq arzularını həyata keçirən adamdan qisas almağa yox. Onda intiqam hissi oyandıracaq nifrət özünüqınama və hətta vicdan əzabı ilə əvəz olunub, ona deyirlər ki, onun sözün həqiqi mənasında cəzalandırmalı olduğu cinayətkardan heç bir fərqi yoxdur. Bununla mən yalnız qəhrəmanın ruhunda şüursuz olaraq mürgüləyən şeyi şüur sahəsinə keçirirəm; əgər kimsə Hamleti isterik adlandırsa, mən bunu yalnız öz yozumumun nəticəsi hesab edəcəyəm. Hamletin Ofeliya ilə söhbəti zamanı ifadə etdiyi seksual ikrah burada mühüm rol oynayır, sonrakı illərdə Şekspirin özünün qəlbini daha çox bürüyən və öz yekun nəticəsini «Afinalı Timon»da tapan həmin seksual nifrətdir. «Hamlet»də, söz yox ki, şairin öz ruhi həyatı ifadə olunur; Georq Brandesin Şekspir haqqında kitabından (1896) bilirik ki, bu faciə onun atasının ölümündən sonra (1601), yəni soyumamış dərdin və uşağın ataya münasibətinin dirçəlməsinin təsiri altında yazılıb. Şekspirin dünyadan erkən köçmüş oğlunun adının Hamlet olması da (Hamnet adına oxşar) bəllidir. Əgər «Hamlet» oğulun valideynlərə münasibətini əks etdirirsə, ona yaxın vaxtda qələmə alınmış «Maqbet» sonsuzluq mövzusundadır. Buna uyğun olaraq hər cür nevrotik simptomun yuxugörmənin özü kimi ən müxtəlif yozumları var və hətta anlaşılması üçün xeyli sayda yuxugörmə tələb edir. Beləcə, hər cür həqiqi poetik əsər də şairin qəlbinə bir motivdən sızmır və bir izahı yoxdur. Mən burada Şekspirin həyatının daha dərin qatını açmağa çalışdım. E.Cons «Hamlet»in yuxarıdakı analitik təhlilini tamamlayaraq, ədəbiyyatda mövcud olan digər şərhləri tənqid etmişdir (Das Problem des Hamlet und der Odipus-komple, 1911). «Maqbet»in digər təhlillərinə mənim «Einige Charaktertypen aus der psychoanalytischen Arbeit, Imago» (IV, 1916, i u L. İekelə Shakespeares Macbeth, Imago V, 1918.) məqaləmdə bax.
Mən tipik və yaxın və doğmaların ölümüylə bağlı yuxugörmələrin, ümumiyyətlə, yuxugörmə nəzəriyyəsi üçün əhəmiyyəti barədə bir neçə söz demədən onların nəzərdən keçirilməsini kənara qoya bilmərəm. Bu yuxugörmələr o baxımdan qeyri-adidir ki, onların məzmunundakı sıxışdırılmış arzu senzuranın təsirinə məruz qalmadan və dəyişilmədən yuxuya keçir. Bunun xüsusi əsasları olmalıdır. Mənə elə gəlir ki, burada iki məqam həlledici rol oynayır: birincisi, bu arzular bizdən çox uzaqdır; bizə elə gəlir ki, bu arzular «yatsaq, yuxumuza da girməz», ona görə də senzura onlara lazımi qədər müqavimət göstərmir, Solonun71
qanunvericiliyi kimi, atanı öldürməyə görə konkret cəza növü nəzərdə tutmur. İkincisi, sıxışdırılmış və qeyri-şüuri arzu yaxın şəxsin həyatı barədə qayğılar səbəbindən əvvəlki günün təəssüratları ilə xüsusilə tez-tez qarşılaşır. Həmin qayğılar yuxuya başqa cür də, eyni adlı arzunun vasitəsilə daxil ola bilir; arzu isə qayğı ilə pərdələnə bilər. Əgər bütün bunların qat-qat sadə şəkildə baş verdiyini düşünsək, gecə yuxuda davam edən ya gündüz başlayan prosesdir, ya da doğmaların ölümüylə bağlı yuxular yuxugörmə nəzəriyyəsindən asılı olmayaraq, çətin tapmaca kimi tamamilə ayrıca nəzərdən keçirilməlidir.
Bu yuxularla qorxu ilə müşayiət olunan yuxugörmələrin qarşılıqlı əlaqəsini izləmək də olduqca ibrətamizdir. Yaxın adamların ölümüylə bağlı yuxuda sıxışdırılmış arzu özünə senzuradan, eyni zamanda onun şərtləndirdiyi təhrifolunmadan qaça biləcəyi yol tapır. Bu durumla daimi yanaşı olan hadisə subyektin yuxugörmə zamanı ağrılı hisslər keçirməsidir.
Qorxuyla müşayiət olunan yuxular da eynilə belədir, onlar yalnız senzura tamamilə və ya qismən boğulanda müşahidə olunur, digər tərəfdən, senzuranın boğulmasına qorxunun artıq somatik mənbələrdən qaynaqlanan aktual hissiyyat kimi ortada olması kömək edir. Beləliklə, senzuranın yuxugörmənin təhrifedici fəaliyyətini şərtləndirərək hansı tendensiyaya xidmət etdiyi aydın olur: o, qorxunun, yaxud digər əzabverici affektlərin peyda olmasını əngəlləməyi nəzərdə tutur.
Yuxarıda mən uşaq qəlbinin eqoizmindən danışdım, indisə ona yuxugörmənin bu xarakteri qoruduğunu göstərmək məqsədilə toxunacağam. Onlar hamısı istisnasız olaraq eqositdir, hamısında sizin qiymətli «mən»iniz özünü göstərir. Amma bəzən pərdələnmiş formada. Onların gerçəkləşən arzusu daim bizim «mən»imizin arzusudur. Burada mənim bu iddiama guya zidd olan bir neçə təhlil aparacağam.
I. Dördyaşlı oğlan danışır: yuxuda böyük bir boşqabda qızarmış iri ət tikəsi görüb.
Qəflətən həmin ət doğranmadan yeyilir. Əti yeyən adamı o görmür. Yuxudakı hər şeyin böyük, bol miqdarda, həddindən artıq şişirdilmiş vəziyyətdə görünməsi şübhəsiz, yuxugörmədəki uşaq xarakteri xüsusiyyətini daşıyır. Uşağın ən ehtiraslı arzusu böyümək və hər şeydən böyüklərin aldığı qədər pay almaqdır; uşağı məmnun etmək çətindir: o daim xoşuna gələn və ya dadlı olan şeyin təkrarını tələb edir. Aza qane, ciddi olmağı o yalnız tərbiyə sayəsində öyrənir; məlum olduğu kimi, əsəb xəstələri də ölçüsüzlüyə və şişirtməyə meyilli olurlar.
Uşağın yuxuda gördüyü bol nahar edən o adam görəsən kim olub? Bunu aydınlaşdırmaq üçün əvvəlki günün təəssüratlarına müraciət etmək zorundayıq. Həkim oğlana bir neçə günlük süd pəhrizi təyin edibmiş; yuxunu gördüyü gecənin axşamı o, dəcəllik edib və buna görə axşam yeməyindən məhrum olunub. Əvvəllər də bu cür cəzalar çəkdiyi üçün özünü kişi kimi aparıb. Ona heç nə verilməyəcəyini bildiyindən aclıq hiss etdiyinə kiçicik eyham belə vurmayıb. Tərbiyə öz təsirini göstərməyə başlayır; o artıq təhrifedici fəaliyyətin rüşeymini aşkar edən yuxuda özünü göstərir. Şübhə yoxdur ki, arzusu bol nahar etməyə yönələn həmin adam o özüdür. Ancaq cəzalandırıldığından heç bir şey yeməyə haqqı olmadığı üçün yuxuda belə süfrəyə oturmağa və dadlı yeməyi yeməyə cürət etmir; ac uşaqlar yuxuda adətən belə edirlər (balaca Annanın moruq haqqında gördüyü yuxuya baxın).
II. Bir dəfə yuxuda görürəm ki, bir kitab mağazasının vitrinində mənim adətən aldığım seriyanın qəşəng cildli buraxılışı var (Rəssamlar, tarix, incəsənət məsələləri və sair haqqında monoqrafiyalar). Yeni seriya belə adlanır: «Məşhur natiqlər (yaxud nitqlər)» və ilk buraxılış doktor Lexerə həsr olunub.
Analiz əsnasında parlamentdə alman obstruksiyası (iclası, xüsusən parlament iclasını qışqırıq, səs-küy, şuluqluq salmaq və s. vasitəsilə qəsdən pozma) zamanı nitqinin uzunluğuna görə rekord vuran doktor Lexerin şöhrətinin məni maraqlandırmasına təəccübləndim. Əslində isə mən yuxugörmədən bir neçə gün əvvəl bir neçə yeni pasiyentimin psixi müalicəsinə başlamışdım, ona görə də, sutkada on-on bir saat danışmalı olurdum. Beləliklə, mən özüm çox danışmaqda rekord vururdum.
III. Başqa bir vaxt görürəm ki, bir tanış universitet müəllimi deyir: «Mənim oğlum. Mi-on». Sonra qısa sual-cavablardan ibarət dialoq gəlir. Bunun ardınca özümü və öz oğullarımı görürəm; yuxugörmənin açıq məzmunu üçün ata və oğul (professor M.) yalnız məni və oğullarımı gizlədən yalançı şəxslərdir. Digər xüsusiyyətinə görə bu yuxuya sonra qayıdacağam.
IV. Növbəti yuxugörmə öz arxasında qayğıları gizlədən həqiqi alçaq eqoist hissləri aşkara çıxarır.
Dostum Otto çox pis görünür, üzünün rəngi birtəhərdir, gözləri nəsə qəribə tərzdə dombalıb.
Həmkarım Otto mənim ailə həkimimdir, ona çox minnətdaram, çünki artıq bir neçə ildir uşaqlarımın sağlamlığına nəzarət edir və onları uğurla müalicə edir; bundan əlavə onlara hər cür kiçik münasibətdən dolayı hədiyyələr bağışlayır. Yuxugörmədən əvvəlki gün o bizdəydi, arvadım onun yorulduğunu və yaxşı görünmədiyini hiss etdi. Gecə yuxuda görürəm ki, onda bazedov xəstəliyinin (qalxanvarı vəzinin fəaliyyətinin artması nəticəsində əmələ gələn xəstəlik) bəzi əlamətləri var. Mənim yuxuları yozma qaydalarımı izləyənlər bu yuxunu mənim dostumun səhhətindən narahatlığım və bu narahatlığın yuxuda özünü göstərməsi kimi yozurlar. Ancaq bu təkcə mənim yuxuların arzuların gerçəkləşməsi olması haqda nəzəriyyəmin əleyhinə deyil, həm də onun yalnız eqoist maraq və məqsədlərə xidmət etdiyinə qarşıdır. Ancaq kim ki yuxuları belə yozur, onda qoy aydınlaşdırsın görək, niyə mən Ottoda bazedov xəstəliyi olmasını güman edirəm, axı belə bir diaqnozu qoymaq üçün mənim zərrə qədər əsasım yoxdur. Amma mənim analizim altı il bundan öncə baş verən bir epizodla bağlı aşağıdakı materialı verir. Professor R.- nin də olduğu kiçik dəstəylə gecə bizim bağın bir neçə saatlığında olan meşəylə gedirdik. Kefli faytonçu bizi faytondan yerə atdıqdan sonra sırf təsadüf nəticəsində salamat qaldıq. Ancaq yaxınlıqdakı mehmanxanada gecələməli olduq və orada başımıza gələn bədbəxtliklə bağlı xəbər bizə qarşı böyük şəfqət doğurdu. Bazedov xəstəliyinin son dərəcə aydın əlamətlərinə malik bir cənab – yeri gəlmişkən, onun dərisinin rəngi qəhvəyi idi və gözləri dombalmışdı; yuxudakı strumalar (vəzlərin şişkinliyi) yox idi – öz xidmətlərini təklif edib, başqa bir şeyə ehtiyacımız olub-olmadığını soruşdu. Professor P. öz adi tərzində cavab verdi: «Yalnız sizin gecə köynəyinizə ehtiyacım var». Ancaq o xeyirxah insan cavab verdi ki, «təəssüf ki, onu verə bilməz» və getdi.
Bu analizi xatırlayaraq düşünürəm ki, «Bazedov» təkcə həkimin deyil, həm də məşhur pedaqoqlardan birinin soyadıdır (ancaq ayıq vəziyyətdə bunun belə olduğuna o qədər əmin deyiləm). Bu arada mən həmkarım Ottodan xahiş etmişdim ki, əgər mənə nəsə olsa, uşaqlarımın fiziki inkişafıyla bağlı vəzifəni öz üzərinə götürsün, xüsusilə də, yetişkənlik çağında (gecə köynəyi də bununla bağlıdır). Yuxuda yuxarıda xatırlatdığım xəstə adamın simptomlarını həmkarım Ottoya aid etməklə mən, yəqin ki, bunları demək istəmişəm: «Əgər mənə nəsə olsa, nəzakətli təklifinə baxmayaraq, ondan baron L.-dən gözlədiyindən artığını gözləməyə dəyməz». Bu yuxudakı eqoist tendensiya tamamilə aşkardır. Doktor Ernest Cons Amerikadakı elmi mühazirəsində yuxugörmələrdəki eqoizm haqqında danışarkən bir alim xanım qeyri-elmi hesab etdiyi bu ümumiləşdirməyə etiraz edərək, bəyan etmişdir ki, müəllif yalnız avstriyalıların yuxularına əsasən mühakimə yürüdə bilər və amerikalıların yuxularına qarşı bu cür ittihamlar irəli sürmək haqqı yoxdur. O özünün bütün yuxularının altruistik olduğuna tam təminat verə bilər.
Yaxşı, bəs arzunun gerçəkləşməsi hanı? Əlbəttə, deyəsən, bəxtinə yuxularımda pis rolları oynamaq düşən Ottadan intiqam almaq deyil; arzunun gerçəkləşməsi tam başqa şeydə özünü göstərir. Yuxuda Ottonu yuxarıda sözügedən nəcib insanla əvəz etməklə mən, eyni zamanda özümü də məhz professor R. ilə eyniləşdirirəm, çünki Ottodan professor R.-in baron L.-dən başqa məqsədlə tələb etdiyini tələb edirəm. Tapmacanın cavabı da məhz buradadır. Professor R.
də mənim kimi öz karyerasını universitetdən asılı olmadan qurub və yalnız qocaldıqdan sonra layiq olduğu rütbəni ala bilib. Beləliklə, mən yenidən professor olmaq istəyirəm. Bu hətta «qoca yaşda belə» arzunun gerçəkləşməsidir, çünki mənim çox yaşayacağım və yetişkənlik dövründə də uşaqlarımın qayğısına qalmaq istəyim anlamına gəlir.
a) İmtahan haqqında yuxu. Kamal attestatından imtahan verməli olan hər kəs yuxuda imtahandan kəsildiyi, növbəti ilə qaldığı və s. bu kimi tərsliklərin onu təqib etməsindən şikayətlənir. Akademik diplomu alan şəxs üçün bu tipik yuxunu başqası əvəz edir: o, yuxuda guya imtahanları verdiyini, hətta çoxdan təcrübə keçdiyini, privat-dosent olduğunu, yaxud iş başında olduğunu söyləyərək, onlara qarşı nahaq yerə üsyan etdiyini görür. Bütün bunlar – uşaqlıqda etdiyimiz günahlara görə məruz qaldığımız cəzalar haqqında və dərs məşğələlərimizin iki əsas bəndilə, ciddi imtahanların «dies irae, dies ilia72» ilə bağlı ruhumuzda oyanan unudulmaz xatirələridir. «İmtahan qorxusu» əsəb xəstələrində də öz mənbəyini həmin uşaq qorxusunda tapır. Biz artıq uşaqlıq yaşından çıxmışıq, artıq bizə cəza verən valideynlərimizdən, tərbiyəçilərimizdən, müəllimlərimizdən asılı deyilik; bundan sonrakı tərbiyəmizlə həyatın amansız səbəb əlaqəsi məşğul olur və hər dəfə hansısa günahımız ucbatından, nəyisə düzgün etmədiyimiz üçün bir işimizin alınmayacağından qorxanda, hər dəfə məsuliyyət hissi bizi sıxanda yuxularımıza gimnaziya, ya da universitet imtahanları (hətta o vaxt özündən əmin olaraq qorxmayanların belə) girir.
İmtahanlar haqqında yuxuların bundan sonrakı izahıyla bağlı təcrübəli bir həmkarımın qeydinə borcluyam; bir dəfə elmi söhbət zamanı o qeyd etdi ki, imtahan haqqında yuxulara yalnız bu imtahanları verə bilənlərdə rast gəlinir, kəsilənlərdə belə yuxular heç vaxt olmur.
Qorxuyla müşayiət olunan və dəfələrlə təsdiq olunduğu kimi, yalnız subyektin ertəsi gün məsuliyyətli addım atacağından, ya da hər hansı rüsvayçı fiaskodan qabaq görülən imtahan haqqında yuxu material olaraq keçmişdən qorxumuzun əsassız olduğunu bildirən və uğurlu nəticə ilə təkzib olunan hər hansı epizodu seçir. Bu doğrudan da yuxugörmənin ayıq instansiya tərəfindən anlaşılmamasına dair son dərəcə parlaq misaldır. Adətən qəzəblə müşayiət olunan etiraz – mən ki artıq həkiməm və sair – əslində özüylə «sabahkı gündən qorxma, buraxılış imtahanlarından necə qorxduğunu, amma, hər halda onları verdiyini yadına sal» mənalı yuxugörmə gətirən təsəllidir. Sən artıq həkimsən və sairə. Ancaq bizim yuxunun ayağına yazdığımız qorxu gündüz baş verənlərin qalıqlarıdır73.
Bu izahatın həm mənim özümün, həm də çoxsaylı olmayan başqalarının üzərində yoxlanılması onun doğruluğunu təsdiq edib. Misalçün, tələbə olarkən, məhkəmə tibbi imtahanında kəsilmişdim; bu epizod heç vaxt yuxuma girməyib, ancaq botanika, zoologiya və kimya imtahanlarını tez-tez görürəm; mən bu imtahanlara tamamilə əsası olan qorxularla getmişdim, ancaq taleyin və imtahan götürənin lütfkarlığı sayəsində onları verə bildim.
Gimnaziyadakı buraxılış imtahanları haqqında yuxularımda daim əla verdiyim tarix imtahanını görürəm, ancaq doğrusu, yəqin ona görə ki, sevimli müəllimim (yuxunun təkgöz iştirakçısı) çəkib yenidən ona qaytardığım biletdə ortadakı suala dırnağımla nişan qoyaraq, bu sualı mənə verməməsini xahiş etməyimi görmüşdü. Kamal attestatına imtahan verməkdən imtina edən və onları sonradan verən pasiyentlərimdən biri sonralar zabit rütbəsi almaq üçün verdiyi imtahandan da kəsilmiş, buna görə də zabit ola bilməmişdi; o mənə deyirdi ki, gimnaziya imtahanını yuxuda tez-tez görsə də, zabit imtahanını heç vaxt görmür.
İmtahanlarla bağlı yuxuların yozumunda da əvvəlcədən xəbər verdiyim kimi, bir çox tipik yuxugörmələr üçün xarakterik olan çətinliklərə rast gəlinir. Yuxugörənin bizə təqdim etdiyi assosiativ material yozum üçün nadir hallarda yetərli olur. Bu yuxuların yaxşı başa düşülməsi üçün bir sıra örnəklərə müraciət etmək lazım gəlir. Bu yaxınlarda qəti əmin oldum ki, «Sən axı artıq həkimsən və s.» cümləsi özündə yalnız təsəlli deyil, həm də məzəmmət gizlədir.
Sonuncunun mənası belədir: «Artıq sənin xeyli yaşın var, bu qədər həyat təcrübəsi qazanmısan, buna baxmayaraq, uşaq kimi səfehlik edirsən». Özünütənqid və təsəllinin bu qarışığı imtahan haqqında yuxunun gizli məzmununa uyğun gəlir. O halda, «səfehlik» və «uşaqlıq»la bağlı bu qınaqların son analiz olunmuş örnəklərdə partnyor tərəfindən müqavimətlə qarşılanan cinsi əlaqənin təkrarlanmasına aid edilməsində təəccüblü heç nə yoxdur74.
Yuxarıda sözünü etdiyim həmkarım (Vyanadan olan doktor Ştekel) «yetişkənlik» sözünün ikimənalılığına diqqət çəkir; o müşahidə edib ki, guya kamal attestatı imtahanı yuxuya o vaxt tez-tez girir ki, ertəsi günü adamı seksual «sınaq» gözləyir. Bir alman həmkarımız buna etiraz etdi (görünür, tamamilə haqlı) ki, alman dilində bu imtahanların adı başqadır (Abiturium), ona görə də burada ikiqat məna axtarmaq mümkün deyil.
Analoji təəssürat sayəsində qatara gecikmə haqqında yuxunu da bu qrupa aid etmək olar. Onun yozumu bu fikri təsdiqləyir. Bu yuxugörmə yuxuda hiss edilən qorxuyla (ölüm qorxusu) bağlı təsəllini ehtiva edir. «Getmək» – ölümün daha çox işlənən və başa düşülən simvollarından biridir. Yuxugörmə bizi sakitləşdirir: «Qorxma, sən ölməyəcəksən (getməyəcəksən)», – imtahan haqqında yuxuda da belədir: «Qorxma, kəsilməyəcəksən». Bu yuxugörmələrin hər iki növünün başa düşülməsindəki çətinlik qorxu hissinin məhz təsəllinin ifadəsilə bağlı olmasıyla izah olunur. Ölüm rəmzləri barədə Ştekel özünün «Yuxuların dili»
kitabında ətraflı bəhs edir.
Pasiyentlərimdə qismən analiz etdiyim diş ağrısıyla bağlı yuxuların mənası mənə uzun illər sirli görünüb, çünki onları analiz edərkən daim hər cür əngəllərlə qarşılaşmışam.
Nəhayət, qəti əmin olmuşam ki, bu yuxuları doğuran güc kişilərdə yetişkənlik dövründəki onanist meyillərdir. İki belə yuxunu analiz edəcəyəm. Hər ikisini bir qədər qısıq olsa da, kəskin ifadə olunan homoseksual təmayüllü cavan bir oğlan danışıb.
Birinci yuxu: «O, operadadır və «Fidelio»ya qulaq asır; parterdə dərin rəğbət bəslədiyi və dostluğuna çoxdan nail olmaq istədiyi L.-in yanında əyləşib. Qəflətən o, parterin üzərilə lojalara qədər uçur, barmağını ağzına salır və iki dişini çıxarır».
Uçuşu o özü belə təsvir edir ki, sanki onu «havaya buraxıblar». Bunun baxdığı operanın təsiri aydın olduğundan, şairin «gözəl qıza kim sahib oldu» sözləri də bura aiddir. Ancaq «gözəl qıza sahib olmaq» mənim pasiyentimin arzusunu əks etdirmir. Ona dərhal daha iki sətir əlavə olunur: «Kimin bəxtinə öz dostunun dostu olmaq düşüb…» Bundan sonra tərcümə olunmayan səs ahəngi gəlir. Subyekt «havaya buraxıldığını» görür. Şeirdəki «Wurf»un mənası: birincisi, səs ahənginə görə «buraxma», ikincisi, məcazi mənada «bəxt, uğur».
Yuxugörmənin məzmununda həmin «Wurf» sözü də var, ancaq təkcə arzunun gerçəkləşməsi deyil. Onun arxasında dostluqdan sui-istifadə etdiyinə görə dəfələrlə «bayıra atıldığı» xoşagəlməz fikri və yenidən bu tale ilə qarşılaşacağı qorxusu da gizlənir. Bura yuxugörənin bir dəfə bu cür uğursuzluqdan sonra «dostunun» xiffətini çəkdiyindən iki dəfə dalbadal onanizmlə məşğul olması barədə etirafı da əlavə olunur.
Başqa bir yuxu: «Mənim əvəzimə onu iki məşhur professor müalicə edir. Biri onun penisinə nəsə edir; o, əməliyyatdan sonra qorxur. Digəri ağır bir şeylə ağzından vurur və bir, ya da iki dişi düşür. Onu dörd ipək dəsmalla bağlayıblar».
Bu yuxunun seksual mənası aşkardır. İpək dəsmallar bir tanış homoseksualla eyniləşdirilməyə uyğun gəlir. Heç vaxt cinsi əlaqədə olmayan və həqiqətdə heç vaxt kişi ilə cinsi yaxınlıq axtarmayan yatan cinsi əlaqəni özünə tanış olan mastrubasiya şəklində təsəvvür edir.
Mənə elə gəlir ki, diş ağrısı haqqında tipik yuxuların müxtəlif modifikasiyaları, məsələn, yatanın dişini başqa bir adamın çıxarması və sair də analoji şəkildə yozula bilər. Lakin yuxarıda göstərilən mənanın diş ağrısının səbəb olduğu qıcıqlanmanın arxasında necə gizlənməsi aydın deyil. Mən burada diqqəti seksual elementlərin sıxışdırılması zamanı bu qədər sıx-sıx müşahidə olunan «aşağıdan-yuxarı köçürməyə» yönəldirəm, onun köməyilə isteriya zamanı cinsi sferaya aid olan hissiyyatlar bədənin müxtəlif yerlərində özünü göstərə bilər. Ağız və dodaqlar tez-tez uşaqlıq yolunu, «cinsiyyət dodaqlarını», burun penisi, başdakı saçlar cinsi hissədəki tüklər simvolizə edir və s. Yalnız bədənin bir hissəsi müqayisə olunmur – dişlər; məhz bu durum sonuncuya seksual elementlərin sıxışdırılmasının təsiri altında təsvir olunması üçün xüsusi status verir75.
Mən diş ağrısı haqqında yuxularda onanizm elementinin mənasını tamamilə aydınlaşdırdığımı və sübut etdiyimi iddia etmirəm, ancaq buna zərrə qədər şübhəm də yoxdur.
Tipik yuxugörmələrin ikinci qrupuna yatanın uçduğu, havada buxarlandığı, yıxıldığı və s.
yuxular aiddir. Bu yuxuların mənası nədir? Ümumi cavab vermək yetərincə çətindir. Onlar indi görəcəyimiz kimi, hər dəfə fərqli məna daşıyır, yalnız onlardakı material həmişə eyni mənbədən qaynaqlanır.
Psixoanalitik biliklərdən belə bir nəticə çıxarmaq olar ki, bu yuxular əsas etibarilə uşaqların xoşuna gələn hərəkətli oyunlara aid olaraq, uşaqlıq dövrü təəssüratlarını canlandırır.
Yaxınları uşaqları tez-tez əlləriylə yuxarı qaldırıb otaqda qaçaraq «uçurdur», ya da onları dizləri üstündə oturdub ayaqlarını qəflətən aralayaraq «yıxılmalarını» stimullaşdırırlar. Uşaqlar bu zaman gülür və oyunun davam etməsini tələb edirlər, xüsusilə də, bu oyun yüngülvarı qorxu və başgicəllənmə ilə müşayiət olunursa. Bu oyunlar aradan uzun illər keçdikdən sonra yuxularda təkrarlanır, fərq onda olur ki, böyüklər bu zaman əllərini heç nədən tutmur, havada sərbəst şəkildə uçaraq, həqiqətən yıxılırlar. Balaca uşaqların belə oyunları, eyni zamanda yelləncəkdə yellənməyi sevməsi hər kəsə bəllidir: sirkdə sonradan gimnastik və akrobatik hərəkətləri görəndə öz erkən uşaqlıq oyunlarını xatırlayırlar. Bir çox oğlan uşaqlarında isterik tutmalar yalnız belə məşğələlər onlar tərəfindən böyük ustalıqla edildikdə baş verir. Bu məsum oyunlar zamanı çox vaxt seksual duyğular da oyanır. Tamamilə sağlam olan gənc bir həmkarım deyir: «Öz təcrübəmdən bilirəm ki, əvvəllər yelləncəkdə yellənəndə, xüsusilə də, arxaya uçanda cinsi sferamda özünəməxsus duyğu hiss edirdim, bu o qədər xoş olmasa da, hər halda şirin adlandırıla bilərdi».
Pasiyentlərimdən tez-tez eşidirəm ki, xoş hissiyyatla müşayiət olunan ilk ereksiyanı ağaca çıxarkən müşahidə ediblər.
Psixoanalizlərdən aydın olur ki, seksual duyğuların ilk işartıları çox zaman uşaqların qaçması, tutuşması və dalaşması əsnasında hiss olunur. Bu cür uşaqlıq təəssüratlarını əks etdirən uçmaq, yıxılmaq, başgicəllənməsi haqda yuxular və sair bunlarla bağlı xoş duyğuları qorxu hissinə çevirir. Ancaq demək olar, bütün analar bilir ki, bu oyunlar uşaqlar üçün çox zaman göz yaşlarıyla nəticələnir.
Yuxarıda göstərdiklərimə əsaslanaraq, guya yuxuda hiss etdiyimiz toxunma duyğusunun, ağciyərlərimizin hərəkətinin və sair bu kimi şeylərin uçma və yıxılmayla bağlı yuxugörmələr əmələ gətirməsindən vaz keçməyə tam ixtiyarım var. Mənə elə gəlir ki, həmin hissiyyatlar yuxunun aid olduğu xatirələrdən qaynaqlanır, yəni yuxunun mənbəyini deyil, məzmununu təşkil edirlər.
Bu eynicinsli və eyni mənbədən qaynaqlanan material yuxugörmənin arxasında gizlənən ən müxtəlif fikirlərin ifadə olunmasına xidmət edir. Qadın pasiyentlərimdən biri yuxuda görüb ki, yerə toxunmadan küçənin üzərilə uçur. Onun boyu çox balacaydı və həmişə öz reputasiyasını korlaya biləcəyindən qorxurdu, çünki yad adamlarla ünsiyyət zamanı bunun çox önəmli olduğunu düşünürdü. Onun yuxusu hər iki arzusunu gerçəkləşdirmişdi; onu yerdən qaldırmış, insanlardan uzaqlaşdıraraq havada uçurmuşdu. Həmişə «Ah, kaş ki quş olaydım» deyən başqa bir qadın pasiyentimin uçma haqqında yuxusu başqa bir arzunu ifadə edirdi. Başqaları gecələr tez-tez mələyə çevrilirlər, çünki heç kəsin onları bu adla çağırmamasından əziyyət çəkirlər.
Uçmanın quş haqqında təsəvvürlə yaxın əlaqəsi kişilərin uçmaqla bağlı yuxularının çox zaman kobud hissi məna daşıdığını izah edir. Ona görə də, bu cür yuxularda kişilərin olduqca tez-tez öz əqli avtoritetlərilə fəxr etdiklərini eşitsək, zərrə qədər təəccüblənmərik.
Doktor P.Federn (Vyana) maraqlı bir fərziyyə irəli sürür ki, uçma haqqında yuxuların böyük əksəriyyətinin ereksiya haqqında təsəvvürlə əlaqəsi var, çünki insan fantaziyasını daim məşğul edən ereksiya hadisəsi cazibə qüvvəsinin yox olması təsəvvürü yaradır. (Qədim dövrün qanadlı falloslarına bax)76.
Yıxılma haqqında yuxular əsas etibarilə qorxu xarakterlidir. Onların yozumu qadınlarda heç bir çətinlik törətmir, çünki bu yuxular, demək olar ki, «yıxılmanı» həmişə qadının erotik həvəsə düşməsi kimi simvolizə edir. Yıxılma haqqında uşaq yuxularının mənbələrinə hələ toxunmamışıq; bütün uşaqlar, demək olar ki, yıxılır – onları qaldırır və əzizləyirlər: gecələr yataqlarından yıxılan kimi, dayələr onları dərhal qaldırıb, qayğıyla yerlərinə uzandırırlar.
Yuxuda üzdüyünü, dalğaları ləzzətlə yarıb keçdiyini və s. görən şəxslər uşaqlıqda gecə sidiklərini saxlaya bilməməkdən əziyyət çəkənlərdir və yuxuda bunu çoxdan tərgitdiklərinə görə, xoş hisslər keçirirlər. Bu yuxugörmələrdə hansı elementlərin olduğunu irəlidə nəzərdən keçirəcəyik.
Yanğın haqqında yuxuların yozumu uşaqlara «odla oynamağın» yasaqlanmasıyla bağlıdır.
Onların da əsasında uşaqlıqda gecələr sidik saxlamamaq dayanır. «İsteriya analizi hissəsində»
(1905) bir qadın pasiyentimin xəstəlik tarixçəsilə əlaqədar yanğın haqqında belə bir yuxunun tam analiz və sintezini vermişəm və daha yetkin yaşda bu cür təəssüratların yaranması üçün həmin uşaqlıq materialının yararlı olduğunu göstərmişəm.
Müxtəlif subyektlərdə eyni aşkar məzmunlu yuxuların sıx-sıx təkrarlanmasına dair istənilən qədər tipik misallar gətirmək olar: məsələn, dar küçələrdən keçmək haqqında yuxular, qaçaraq otaqlardan bir-birinə keçmək haqqında yuxular, gecə quldurları haqqında yuxular, vəhşi heyvanlar tərəfindən təqib olunma, yaxud bıçaqla, xəncərlə, şişlə hədələnmə barədə yuxular; son iki hal fobiyalardan əziyyət çəkənlər üçün xarakterikdir. Belə yuxuların analizi son dərəcə maraqlı nəticələr verir, lakin bu analiz bizi çox uzaqlara aparardı, ona görə də mən tipik yuxugörmələrə aid ikicə qeydlə kifayətlənməli olacağam.
1. Yuxuların yozumuyla nə qədər çox məşğul olursansa, böyüklərin yuxularının əksəriyyətinin seksual xarakterli olduğuna və erotik arzuları ifadə etdiyinə əmin olursan. Lakin buna yuxuları həqiqətən analizdən keçirənlər əmin ola bilərlər, yəni onların aşkar məzmunundan arxasında gizlənən fikirlərə keçənlər: yuxunun aşkar məzmunu onun seksual xarakterini heç vaxt açmır. Bu məsələdə təəccüblü heç nə yoxdur, əksinə bizim yuxugörmə nəzəriyyəmizin prinsiplərinə tamamilə uyğundur. Uşaqlıq dövründən başlayaraq heç bir digər instinkt seksual meyillər qədər öz tərkib hissələrilə birlikdə təzyiqə məruz qalmır; heç bir instinkt yuxu zamanı yuxugörmə əmələ gətirən bu qədər çoxsaylı arzu doğurmur. (Mənim «Seksual nəzəriyyə haqqında üç oçerk»imə bax. 1910, II nəşr. Z.Freydin «Qeyri-şüurinin psixologiyası» toplusunda yenidən nəşr olunub, M., Prosveşenie, 1990). Yuxuları yozarkən seksual komplekslərin bu mahiyyətini nəzərdən qaçırmaq olmaz, ancaq onlara müstəsna rol da vermək lazım deyil.
Bir çox yuxuların ətraflı təhlili göstərir ki, onlar hətta biseksual baxımdan da yozula bilər: onlar həm də yatan subyektin normal cinsi instinktinə zidd olan homoseksual meyillərin gerçəkləşdiyi xüsusi yozuma yol verir. Lakin V. Ştekelin77 («Yuxunun dili», 1911) və Adlerin78
(«Həyatda və nevrozda psixi hermafroditizm» «Fortschritte der Medizin» 1910 q. № 16-da və «Zentralblatt fur Psychoanalyse»-dakı, 1910-1911, digər araşdırmalar) etdiyi kimi, bütün yuxuların istisnasız olaraq biseksual mənada yozulması eyni dərəcədə sübutsuz və mümkünsüz ümumiləşdirmədir. O halda erotik meyillərin (geniş mənada) deyil, digər, misalçün, aclıq, susuzluq, rahatlığa cəhd və sair bu kimi tələbatların gerçəkləşdiyi çoxsaylı yuxularda məsələ nə yerdədir? Guya hər bir yuxunun arxasında ölüm qorxusu gizlənir (Ştekel), guya hər bir yuxuda qadından kişi xəttinə keçid var fikri də, zənnimcə, yuxularının yozumunun bütün hüdudlarını eyni dərəcədə aşır.
Məsum yuxugörmələrin ilk baxışdan kobud erotik arzulara ifadə verməsini artıq yuxarıda gördük və indi bunu çoxsaylı yeni misallarla təsdiqləyə bilərik. Mənasız olduğu görülən, məzmununda xüsusi heç bir şeyə rast gəlinməyən yuxugörmələr də analiz zamanı çox vaxt ən gözlənilməz xüsusiyyətlərə malik şəksiz seksual arzulara aid edilir.
Analiz olunana qədər kim aşağıdakı yuxuda seksual meylin olduğunu düşünə bilərdi?
Subyekt deyir: «İki sarayın arasında balaca bir ev var; qapısı bağlıdır. Arvadım məni küçəylə həmin evə aparır, qapını itələyir və mən tez bir qədər yüksəyə qalxan həyətə girirəm».
Yuxuyozma sahəsində müəyyən təcrübəsi olanlar sıx otaqlara girməyin və bağlı qapıları açmağın daha çox işlənən seksual simvolikalar olduğunu dərhal görür və bu yuxunu asanlıqla coitus’a a posteriori79a cəhdin təsviri kimi yozurlar. Yüksəyə qalxan ensiz həyət, şübhəsiz, uşaqlıq yoludur, arvadının göstərdiyi kömək göstərir ki, gerçəklikdə yalnız arvada hörmət bu cəhdin həyata keçməsinə əngəl olub; alınan məlumata görə, yuxudan əvvəlki gün yatanın evinə onda sərfəli təəssürat və yəqin ki, onun belə bir təklifini rədd etməyəcəyi fikri yaradan gənc qulluqçu gəlib. İki saray arasındakı balaca ev Praqa haqqında xatirələrdəndir və eyni zamanda əslən həmin şəhərdən olan qulluqçuya işarədir.
Pasiyentlərimi onlarda tez-tez öz analarıyla cinsi əlaqə haqqında «Edip» yuxularının olduğuna inandırmağa çalışanda daim bu cavabı eşidirəm: bircə belə yuxunu xatırlaya bilmirəm.
Lakin bunun ardınca dərhal tez-tez təkrarlanan digər dumanlı və mənasız bir yuxuyla bağlı xatirə ortaya çıxır; analiz bu yuxunun analoji məzmunda olduğunu göstərir. Mən təsdiq edirəm ki, anayla bağlı pərdələnmiş yuxulara açıq və aşkar yuxulardan daha çox rast gəlinir. Belə bir pərdələnmiş yuxuya tipik misalı «Zentralblatt’a»-nın1-ci sayında çap etdirmişəm. Başqa bir misalı analizilə birlikdə O.Rank 4-cü sayda nəşr etdirmişdir. Belə aşkar yuxunun simvolik yozumu qədim dövr insanlarına da yad olmamışdır. (O.Ranka bax: 106, s. 534) «Belə ki, Yuli Sezar yuxuda anasıyla cinsi əlaqədə olduğu haqda yuxu gördüyünü xəbər verir; yuxunu yozan onun torpağa sahib olacağını söyləyir (ana-torpaq). Kahinin Tarkviniyə (80) söylədiyi kəlam da bu qədər məşhurdur: kim anasını birinci öpsə (osculum matri fulerit), Romaya hökmranlıq etmək ona qismət olacaq. Bu sözləri Brut ana torpağa işarə kimi anlamışdı (terrain osculo contigit, scilicet guod ea commuia mater omnium mortalium esset. Livins. I, LXI).
Bu miflər və yozumlar tamamilə doğru psixoloji nəticələrə işarə edir. Ancaq mən bir şeyə də əmin oldum ki, uşaqlıqda anaların nəyə görəsə üstünlük verdikləri şəxslər sonrakı həyatlarında özlərindən elə əmin və elə optimist olurlar ki, bu onları çox zaman qəhrəman kimi göstərir və həmin subyektlərə həqiqətən həyatda uğur qazandırır.
Bəzən yuxuda elə yerlər və mənzərələr görülür ki, yatan elə yuxudaca qətiyyətlə təsdiq edir: «Mən burada nə vaxtsa olmuşam!» Bu yer hər zaman ananın cinsi sferasıdır; və təəccüblüdür ki, insan heç bir yer haqqında bu qədər əminliklə məhz həmin yerdə olduğunu deyə bilmir.
Qorxu hissilə müşayiət olunan və məzmununda ensiz küçə, suda üzmə olan yuxuların bir çoxunun əsasında ana bətnindəki həyat və doğuş aktı haqqında fikirlər yatır. Burada cavan bir oğlanın yuxusunu misal gətirəcəyəm, o öz xəyalında valideynlərinin cinsi əlaqəsini müşayiət etmək üçün ana bətnində olmasından istifadə edir: «O, dərin bir şaxtadadır: şaxtanın Zemmerinq tunelindəki kimi pəncərəsi var. Həmin pəncərədən əvvəlcə hansısa boş landşaft görür, bunun ardınca isə öz xəyalında həmin boşluğu dolduran tablo yaradır. Tabloda kotanla şumlanan yer təsvir olunur. O irəli gedir və pedaqogika üzrə açıq kitab görür… və seksual duyğuya (uşağın) bu qədər diqqət ayırdığına təəccüblənir. Bu zaman məni xatırlayır»81.
Başqa bir yuxu qadın pasiyentimə aiddir; bu yuxu onun sonrakı müalicəsi üçün xüsusi rol oynadı.
«O, bağda yaşayır; bir dəfə gecə özünü ayın solğun işığının hamar səthdə əks olunduğu yerdə gölün qara sularına atır».
Bu tip yuxular doğuş haqqındadır; əgər onların aşkar məzmunundakı faktı tərsinə çevirsək, yəni «suya atılmaq» əvəzinə «sudan çıxmaq» etsək, məna aydın olur, başqa sözlə, doğulmaq anlamına gəlir. Bəs onun bağda yaşadığı yerdə «doğulmaq» nə deməkdir? Ondan bunu soruşuram və tərəddüdlə cavab verir: «Məgər müalicə məni yenidən doğmadı?» Beləliklə, bu yuxuda müalicəni bağda davam etdirmək, yəni onu orada ziyarət etmək haqqında təklif var; burada, bəlkə də, onun özünün ana olmaq arzusuna xeyli dərəcədə dumanlı bir eyham vurulub.
Ana bətnində olmaq haqqında fantaziyaların və qeyri-şüuri fikirlərin mənasını mən yalnız bu yaxınlarda tam dolğunluğuyla öyrənmişəm. Onların hamısı həm insanların diri-diri basdırılmasından qorxması82, həm də axirət dünyasına (doğuma qədər olan sirli həyatın gələcəkdəki davamı) dərin qeyri-şüuri inamının əsaslandırılması kimi izah olunur. Doğum aktı qorxunun yalnız ilk dəfə hiss olunması, eyni zamanda bu hissiyyatın mənbəyidir.
Doğum haqqında başqa bir yuxunun yozumu ilə birlikdə Consun (95) kitabından götürmüşəm: «O (qadın), dənizin sahilində dayanıb suyu şappıldadan balaca oğlana (yəqin öz oğludur) baxır. Uşaq suyla o qədər irəli gedib ki, tamamilə suyun altındadır, ancaq suyun səthində irəli-geri hərəkət edən başı görünür. Qəflətən bu mənzərə otelin adamlarla dolu zalına çevrilir. Əri çıxıb gedir və o hansısa yad kişiylə «söhbətə başlayır».
Yuxunun ikinci hissəsi analiz zamanı ərindən ayrılma və üçüncü şəxslə əlaqəyə girmək kimi yozuldu. Yuxunun birinci hissəsi isə doğuş haqqında açıq-aşkar fantaziyadır. Mifologiyada olduğu kimi, yuxularda da uşağın döl suyundan çıxması tərsinə təsvir olunur: uşağın suya girməsi; bir çox digərlərilə yanaşı, Adonisin, Ozirisin, Moiseyin və Vakxın doğulması haqqında miflər yaxşı misallardır. Uşağın başının suda hərəkəti qadın pasiyentə dərhal yeganə hamiləlik zamanı bətnindəki dölün hərəkətini xatırladır.
Beləliklə, yuxunun ikinci hissəsi evdən getmə ilə bağlı fikirlərə məna verir; sonuncu ikinci hissənin əsasında dayanır. Birinci hissə ikincisinin gizli məzmununa uyğundur. Yuxarıda xatırladılan çevrilmədən başqa yuxugörmənin hər iki hissəsində başqa çevrilmələr də var. Birinci yarıda uşaq suyla irəliləyir və başını tərpədir. Yuxunun əsasındakı təsvirdə əvvəlcə uşağın hərəkəti, sonra isə sudan çıxma var (ikiqat çevrilmə). İkinci hissədə isə, əri onu atır; əslində isə o, ərini atır.
Doğuş haqqında başqa bir yuxu barədə Abraham (79)83 xəbər verir.
Hamiləlikdən azad olmağı gözləyən gənc qadın yuxuda görür: «Otağın döşəməsindəki bir yerdən qaranlıq bir kanal düz suya gedir (doğuş yolu – döl suyu). O, döşəmədəki lyuku qaldırır və dərhal tüklü kürkdə suitini xatırladan bir məxluq peyda olur. Məxluq yatanın uşaqlıqdan ana kimi sevdiyi kiçik qardaşıdır».
«Xilasetmə» haqqında yuxular da doğuş yuxugörmələrinə aiddir. Xilasetmə, xüsusilə də sudan xilas etmə qadının yuxusuna giribsə, bu doğuş deməkdir; ancaq kişinin gördüyü belə yuxunun mənası başqadır. (Belə bir yuxuya Pfisterdə bax: «Psixoanalitik ruhi qayğı və ruhi sağalma halı». 1909. «Xilas» simvolu haqqında mənim «Psixoanalitik terapiyanın gələcək şansları» («Zentralblatt fiir Psychoanalyse» № 1, 1910) məqaləmə, həmçinin «Cinsi həyatın psixologiyası» («Jahrbuch Bleuler-Frend», t. II, 1910 q.) məqaləmə bax). İnsanların yatmazdan öncə qorxduqları quldurlar, gecə basqınları və kabuslar eyni uşaqlıq xatirələrindən qaynaqlanır.
Bu şəxsləri uşağı yerini batırıb-batırmamasına və yuxuda əlini harasında tutmasına baxmağa məcbur etmək üçün oyadırlar. Bir neçə belə yuxunu analizdən keçirərkən gecə ziyarətçilərinin kimliyini müəyyənləşdirə bildim. Quldur çox vaxt ata, kabuslar isə daha çox ağ gecə paltarı geymiş qadınlar olurlar.
II. Yuxugörmələrin əmələ gəlməsində simvolikadan geniş istifadə olunmasıyla tanış olarkən belə bir sual verməliyik: bu simvolların əksəriyyəti eyni və həmişəlik müəyyən olunmuş məna daşımırmı? Başqa sözlə, bəlkə biz yeni tipli özünəməxsus «yuxuyozma kitabı» tərtib etmək istəyirik? Bu zaman qeyd etmək lazımdır ki, bu simvolika yuxulara deyil, xalqın qeyri-şüuri təsəvvürlərinə aiddir və folklorda, miflərdə, saqalarda, dildə, atalar sözlərində və zərb-məsəllərdə öz təsdiqini tam dolğun şəkildə tapa bilər. (Bleyerin və onun sürixli tələbələri Mederin, Abrahamın və başqalarının simvolika haqqındakı araşdırmalarına, eyni zamanda, onların istinad etdiyi həkim olmayan müəlliflərin (Kleynpaul və başqaları) araşdırmalarına bax).
Yuxugörmə bu simvolikadan arxasında gizlənən fikirlərin maskalanmış şəkildə əmələ gəlməsi üçün istifadə edir. Bu simvolların arasında daim və ya demək olar ki, daim eyni mənanı verən çox şey var. Yalnız psixi materialın özünəməxsus plastikliyinə diqqət etmək lazımdır.
Simvol yuxuda simvolik formada deyil, öz əsl mənasında da ortaya çıxa bilər; başqa bir halda yatan öz fərdi xatirə materialı əsasında nədən gəldi simvol kimi istifadə edə bilər. Bundan əlavə, daha çox işlənən seksual simvollar həmişə eyni mənanı vermir.
Bunu xatırladaraq, çox işlənən simvolları sadalayıram: kral və kraliça çox zaman yatanın valideynlərini, şahzadə və şahzadə xanım isə yatanın özünü əks etdirir. Bütün uzunsov predmetlər – taxtalar, əl ağacları, çətirlər (ereksiyaya bənzər), bütün uzun və iti silahlar: bıçaqlar, xəncərlər, şişlər kişi cinsi orqanını təsvir etmək üçündür. Bunun çox işlənən, ancaq az başa düşülən simvollarından biri də dırnaqyonandır.
Qutular, tənəkə qutular, yeşiklər, şkaflar, sobalar qadının cinsi sferasına uyğun gəlir.
Yuxulardakı otaqlar əsas etibarilə qadınlardır (burada səs ahəngi var: «Zimmer» və «Frauenzimmer»). «Açma» və «bağlama» qərarları da bura aiddir. Yatanın otaqlar arasındakı qapılardan keçərək xilas olmağa çalışdığı yuxular fahişəxananı əks etdirir. Pilləkənlər, onlarla qalxmaq və düşmək koitusun (cinsi əlaqə) simvolik təsviridir84. Yatanın dırmaşdığı çılpaq divarlar, evin fasadından əsasən qorxa-qorxa düşməsi ayaq üstə dayanan insan bədəninə uyğun gəlir və yuxuda, böyük ehtimalla, uşağın valideynin bədəninə dırmanmasını əks etdirir. «Hamar»
divarlar kişilərdir; yatan tez-tez evin «çıxıntılarından» da yapışır. Stollar, əsasən qadınlardır; çox güman ki, onların hamar səthinin qadın bədəninin qabarıqlığı ilə təzadının nəticəsidir. «Masa və yataq» nikahın zəruri atributları olduğundan, yuxuda birinci tez-tez ikincini əvəz edir və hərdən seksual təsəvvürlər kompleksini «yemək» kompleksinə daşıyır. Qadın şlyapası, demək olar ki, həmişə kişi cinsiyyət orqanlarını təsvir edir. Kişilərin yuxusunda qalstuk çox zaman penisin simvolu olur, yalnız uzunsov formada olduğuna görə deyil, həm də «sallandığına» və kişinin xarakterik atributu olduğuna, qalstuku hər kəs öz arzusuna uyğun seçə bildiyinə görə – bu simvolun əsil mahiyyətinə görə azadlıq qətiyyən yolverilməzdir. Yuxuda bu simvoldan istifadə edənlərin adətən böyük qalstuk kolleksiyası olur və onları tez-tez dəyişirlər85. Yuxuda bütün mürəkkəb maşın və cihazlar əsas etibarilə cinsiyyət orqanlarıdır, onların təsvirində yuxugörmə simvolikası son dərəcə ixtiraçıdır. Eyni dərəcədə bir çox landşaftları da bura aid etmək lazımdır, xüsusilə də meşəylə əhatə olunmuş körpülərin və dağların olduğu mənzərələri. Nəhayət, müxtəlif anlaşılmaz yeni söz yaradıcılığı cinsi həyatla bağlı bir neçə sözün birləşməsi ola bilər.
Azyaşlı uşaqla əlləşmək, ona fiziki cəza vermək adətən onanistik aktın təsviri rolunu oynamağa xidmət edir. Bir çox digər, ancaq doğrusu hələ yetərincə yoxlanmamış simvolları müxtəlif misallarla Ştekel (114) göstərir. Onun fikrincə, sağ və sol tərəf etik baxımdan yozulmalıdır. Sağ yol hər zaman mömin insanların, sol isə cinayətkarların yoludur. Beləliklə, birinci homoseksuallığı, pozğunluğu, ikinci isə, nikahı, fahişələrlə cinsi əlaqəni və sairəni əks etdirməlidir. Hər şey, əlbəttə, yatanın fərdi əxlaqi keyfiyyətlərindən asılıdır (s. 466). Yuxudakı qohumlar əsasən cinsi hissələrin rolunu oynayır (s. 473). Faytona çata bilməməyi Ştekel yaş fərqini ört-basdır edə bilməməkdən doğan təəssüf kimi təqdim edir. Səyahətə çıxarkən özünlə aparmalı olduğun yük insanın boynundakı ağır günah yüküdür. Ştekel yuxuda tez-tez rast gəlinən rəqəm və tarixlərə də müəyyən simvolik mənalar verir, halbuki bunu sübut etmək çətindir və bu cür geniş ümumiləşdirməyə tabe olmur, lakin bu cür yozum ayrı-ayrı hallarda həqiqətən doğru ola bilər. B.Ştekelin bu yaxınlarda çapdan çıxan və istifadə edə bilmədiyim «Yuxugörmənin dili»
kitabında (s. 72) daha çox işlənən seksual simvolların siyahısı var ki, bu da bütün seksual simvolların biseksual mənada işləndiyinin sübutudur. «Elə bir simvol yoxdur – nə qədər ki fantaziya heç olmasa qismən buna yol verir – həm kişilərə, həm də qadınlara aid edilə bilməsin!»
Bu «nə qədər ki» Ştekelin iddiasını xeyli dərəcədə məhdudlaşdırır, çünki məhz fantaziya buna hər zaman yol vermir. Lakin mən onu da əlavə etməyi zəruri hesab edirəm ki, Ştekelin fikri geniş müxtəlifliyin etirafı qarşısında uzaq plana keçməlidir. Kişi və qadın cinsiyyət orqanlarını bu qədər sıx-sıx təsvir edən simvollardan əlavə, daha çox, yaxud müstəsna dərəcədə bir cinsə uyğun gələn rəmzlər də mövcuddur; elələri də var ki, mənaları yalnız ya kişiyə aiddir, ya da yalnız qadına.
Uzunsov predmetlərdən qadın cinsiyyət orqanlarının, içiboş (yeşiklər, qutular və s.) şeylərdən isə kişi cinsiyyət orqanlarının simvolu kimi istifadəyə fantaziya yol vermir. Yuxugörmənin və qeyri-şüuri fantaziyanın seksual simvollardan biseksual mənada istifadəyə meyilli olması arxaik xarakter daşıyır, çünki cinslərin fərqi uşaqlara məlum deyil, odur ki, eyni cinsi orqanları hər iki cinsə aid edir.
Bir çox baxımdan mükəmməl olmayan bu tezislər gələcəkdəki ətraflı və dəqiq müşahidələr üçün yetərlidir. Yuxugörmələrdəki simvolikalara Şernerin münasibətilə mənim elə indicə inkişaf etdirdiyim baxış arasındakı bütün fərqlərə rəğmən, qeyd etməliyəm ki, bu simvolikanı ilk kəşf edən Şernerdir (58) və psixoanalitik dəlillər onun yarım əsr öncə meydana çıxan və mənasız fantaziyanın məhsulu sayılan araşdırmasının xidmətlərini bərpa edə bilib.
Mən burada belə simvolikalara aid yalnız bir neçə yuxugörmə misal gətirəcəyəm; bu misallar simvolika haqqında təlimdən imtina edərək yuxuların yozumunun mümkünsüzlüyünü göstərdiyi kimi, onun bir çox hallarda ilk plana çəkilməsini də israr edir.
1. Şlyapa kişi simvoludur (kişi cinsi orqanı). «Yuxuların yozumu oçerklərindən», «Zentralblatt fiir Psychoanalyse», I, № 5/6, 1911. (Aqorafobiyadan (böyük, açıq sahədən qorxma xəstəliyi) gənc qadının yuxusundan bir parça.) «Yayda küçədə gəzməyə gedirəm. Başımda qəribə formalı şlyapa var: təpəsi yuxarı qalxıb, kənarları isə aşağı sallanır, həm də bir tərəfi o birindən aşağıdır. Mən yaxşı, şən əhvaldayam. Bir neçə gənc zabitə rast gəlirəm və düşünürəm: «Siz mənə heç nə edə bilməzsiniz».
Yuxuda gördüyü şlyapa ilə bağlı heç bir fikrə gələ bilmədiyindən ona deyirəm: «Şlyapa, çox güman ki, ortası yuxarı qalxmış və kənarları aşağı sallanmış kişi cinsi orqanıdır». Hər iki tərəfinin bərabər uzunluqda olmamasını yozmaqdan qəsdən yayınıram; amma adətən düzgün yozuma aparan yol belə təfərrüatlardan keçir. Mən davam edirəm: əgər onun ərinin belə yaxşı cinsi orqanı varsa, onda zabitlərdən qorxmağına dəyməz, həm də öz fobiyasına görə, təkbaşına küçəyə çıxmır. Qorxunun bu cür izahını mən ona əvvəllər də dəfələrlə başqa materialla bağlı verə bilərdim.
Pasiyentimin mənim yozumumu necə qarşılayacağı olduqca maraqlıdır. O, şlyapanın kənarlarının aşağı sallandığını dediyini inkar edir. Ancaq mən onun sözlərini yaxşı xatırlayıram və israr edirəm. O susur, sonra, nəhayət, cürətlənib soruşur: əgər ərinin bir xayası digərindən aşağıdırsa, bu nə deməkdir, bütün kişilərdə belədir? Yuxuda görülən şlyapanın diqqətəlayiq detal olduğu bununla aydın olur və xanım yozumu həvəslə qəbul edir.
Şlyapa bir simvol olaraq bu yuxu haqqında məlumata qədər də məlum idi. Daha az şəffaf olan digər mənbələrdən əmin oldum ki, şlyapa qadın cinsiyyət orqanlarının da simvolu ola bilər.
2. Körpə – cinsiyyət orqanları; əzmək – kotius simvolu. (Aqorafobiyadan əziyyət çəkən qadın pasiyentimin digər yuxusu).
«Onun anası onun qızını harasa göndərir ki, o, tək getsin. Sonra o, anasıyla dəmir yolu ilə gedərkən qızının düz relslərə doğru qatarın altına getdiyini görür. O, sümük xırçıltısı eşidir (bu zaman xoşagəlməz nəsə hiss edir, ancaq bu dəhşət deyil). O, hissələrini görmək üçün vaqonun pəncərəsindən arxaya baxır və körpəni tək qoyduğu üçün anasını qınayır».
Analiz. Bu yuxunun tam yozumu çox çətindir. O, digər yuxugörmələrin bütöv bir silsiləsinə daxildir və ola bilər ki, yalnız onlarla birlikdə tam olaraq yozulsun. Burada xüsusilə çətin olan simvolikanı müəyyən etmək üçün zəruri olan materialı əlahiddə şəkildə ayırmaqdır.
Pasiyent qadın dəmir yolu ilə gedişini əsəb klinikasından qayıtmasıyla özü uyğunlaşdırır, deyəsən, onun rəhbərinə də vurulub. Ora onun ardınca anası gəlib, vağzaldan onu yola salmağa isə həkim də gəlib və bir dəstə çiçək gətirib; anasının bu iltifata şahid olması onu açmayıb.
Beləliklə, burada anası onun sevgi səylərinin pozucusudur; analoji rolu o, həqiqətən pasiyentimin gəncliyində də oynayıb. Sonrakı fikir yola aiddir. O dönüb baxır ki, arxada hissələrin görünüb-görünmədiyinə əmin olsun. Yuxuda, yəqin ki, söhbət qatarın vurduğu qızın bədəninin qalıqlarından gedir. Ancaq onun fikirləri iki istiqamətdədir. O xatırlayır ki, bir dəfə atasını arxadan lüt görüb, cinsi fərqlər haqqında danışır və kişilərdə cinsi orqanın arxadan da göründüyünə, qadınlarda isə görünmədiyinə işarə edir. Bununla əlaqədar olaraq, o özü yuxunu belə yozur ki, balaca qız cinsi orqanları ifadə edir, onun öz qızı isə (onun 4 yaşında qızı var) onun öz cinsiyyət orqanlarını. O, anasını qınayır ki, ondan sanki ümumiyyətlə, cinsi orqanları yoxmuş kimi yaşamasını tələb edir və bu qınağın ifadəsini yuxunun birinci hissəsində tapır: anası onun balaca qızını harasa göndərir ki, o tək getsin. Onun düşüncəsinə görə, küçəylə tək getməyin mənası belədir: kişisi olmamaq, cinsi yaxınlıq etməmək (coire – birlikdə getmək), o isə buna qadir deyil. Onun dediyinə görə, uşaqlıqda atası ona açıq-aşkar üstünlük verdiyindən həqiqətən anasının qısqanclığından əziyyət çəkib. «Balaca uşaq» haqqında cinsiyyət orqanlarının simvolu kimi (kişi və qadın) artıq Ştekel ümumişlək nitq ifadələrinə istinad edərək bəhs edib («Yuxuların yozumu haqqında oçerklər» «Jahrbuch flir psychoa-nalyt. und psychop. Forsch. T. I, 1909, s. 473.
Orada (s. 475) (impotent) kişini simvolizə edən ortasında lələyi əyri durmuş şlyapa haqqında yuxudan bəhs edilir).
Bu yuxunun daha dərin yozumu həmin gecə görülən başqa bir yuxudan gəlir, həmin yuxuda o, qardaşıyla özünü eyniləşdirir. Uşaqlıqda o doğrudan da oğlana oxşayırmış və ona tez-tez deyirmişlər ki, heyif, səndən yaxşı oğlan olardı. Bu identifikasiya ilə əlaqədar olaraq, «balaca uşağın» cinsi orqanlar mənasına gəldiyi tamamilə aydın olur. Cinsiyyət orqanıyla oynadığı üçün anası ona axtalayacağı ilə hədələyir; beləliklə, identifikasiya göstərir ki, uşaqlıqda o özü də onanizmlə məşğul olub, ancaq bu onun yaddaşında qardaşıyla bağlı qalıb. Kişi cinsiyyət orqanlarının görünüşü ilə sonradan unudulan tanışlıq ikinci yuxuya əsasən erkən uşaqlıq dövrünə aiddir. İkinci yuxu həm də guya qızların axtalanmış oğlanlar olduqları barədə uşaq seksual nəzəriyyəsini əks etdirir.
Beləcə, birinci yuxuda qız uşağının harasa göndərilməsi də axtalama hədəsinə aiddir.
Bundan başqa, onu oğlan doğmadığı üçün anasına qarşı qəzəblidir.
Bu yuxudan «basıb əzmənin» cinsi əlaqə olduğu aşkar olmasa da, bir çox yuxularda bu təsdiq olunur.
3. Cinsiyyət orqanlarının binalar, pilləkənlər və şaxtalar vasitəsilə təsviri. (Cavan oğlanın yuxusu.) «O, atasıyla birlikdə Prateri xatırladan küçəylə gedir, orada kiçik çıxıntısı olan balaca bir səhnə var; çıxıntıya böyük, ancaq zəif üfürülmüş şar bağlanıb; atası ondan bunların nəyə gərək olduğunu soruşur; o təəccüblənir və izah edir. O, bir həyətə girir; yerdə böyük tənəkə təbəqə var. Atası ondan böyük bir parça qoparmaq istəyir və kimsənin görüb-görmədiyini yoxlamaq üçün ətrafa boylanır. O, atasına deyir ki, gözətçiyə dedikdən sonra istənilən qədər götürmək olar. Bu həyətdə divarlarına kreslonun söykənəcəyi kimi yumşaq üzlük çəkilmiş şaxtaya düşən pilləkən var. Şaxtanın sonunda uzunsov platforma görünür, onun arxasında isə daha bir şaxta var…» Analiz. Bu pasiyent terapevtik mənada son dərəcə nanəcib xəstə tipinə aiddir, bunlar analizin müəyyən nöqtəsinə qədər heç bir müqavimət göstərməsələr də, sonradan, demək olar ki, tamamilə dözülməz olurlar. Yuxunu o özü müstəqil izah etdi. Dedi ki, səhnə mənim cinsiyyət orqanlarımdır, qarşısındakı hava şarı mənim süstlüyündən şikayətlənməyə haqqımın olduğu penisimdir. Detalları araşdıraraq demək olar ki, yuvarlaq səhnə yandır (uşaqlar bunu da cinsiyyət orqanlarına aid edirlər), irəli çıxış isə scrotumdur86. Yuxuda ata bunların nəyə lazım olduğunu soruşur, yəni cinsiyyət orqanlarının təyinatı və quruluşu ilə maraqlanır. Burada yəqin ki, sualı onun atasına verdiyini güman etmək lazımdır, əksinə deyil; çünki həqiqətdə o heç vaxt bunu atasından soruşmayıb, yuxugörmənin əsasında olan fikir arzu şəklində yozulmalı və ya şərti formada götürülməlidir: «Əgər bu şeylər barədə atamdan soruşsam…» Bu fikrin davamına irəlidə yenə rast gələcəyik.
Tənəkənin olduğu həyət simvolik izah olunmamalıdır: o, sadəcə, pasiyentin atasının ticarət obyektinin yerləşdiyi evin həyətini əks etdirir. Sonuncunun gizliliyini qorumaq üçün «tənəkəni» onun atasının alverini etdiyi başqa metalla əvəz edirəm; bu, yuxunun mahiyyətini zərrə qədər dəyişmir. Pasiyentim atasının işinə qoşulub və onun fırıldaq və maxinasiyalarından dəhşətə gəlib, sən demə, onun qazancı əsas etibarilə buna əsaslanırmış. Beləliklə, yuxarıdakı fikrin davamı belə olardı: («Əgər mən ondan soruşsaydım)… o öz müştərilərini aldatdığı kimi, məni də aldadardı». Kommersiya əliəyriliyini əks etdirən qoparma məsələsinə pasiyentim başqa izah da tapır: bu mastrubasiya deməkdir. Yuxugörmənin birinci hissəsində olduğu kimi sonuncu da, təbii olaraq, yenə ataya aid edilir. Şaxtanı o, yumşaq üzlüyünə əsaslanaraq vagina simvolu kimi izah edir. Pilləkənlə enib-qalxmaq, başqa mənbələrdən də bildiyim kimi, kotiusu təsvir edir (sr. «Zentral-blatt fur Psychanalyse», № 1).
Birinci şaxtadakı uzunsov platformanı və ikinci şaxtanı o, bioqrafik baxımdan izah edir. Bir vaxtlar o, cinsi əlaqədə olub, sonra dayandırmaq məcburiyyətində qalıb və indi müalicənin köməyilə yenidən başlamağa ümid edir. Yuxunun sonu o qədər də aydın deyil.
4. Şəxslərlə simvolizə olunan kişi, landşaftlarla simvolizə olunan qadın cinsi orqanları (Əri gözətçi işləyən sadə qadının yuxusu. B. Dattner məlumat verib).
… Evə kimsə girir və o, qorxaraq gözətçini çağırır. Ancaq o, oğrularla birlikdə bir neçə pillədən keçərək (kotius simvolu) sakitcə kilsəyə gedir (uşaqlıq yoluna); kilsənin arxasında dağ (qasıq), yuxarıda isə sıx meşəlik (qasığın üzərindəki tüklər) var. Gözətçinin başında dəbilqə, əynində cübbə (cübbəli iblislər, mütəxəssislərin dediyinə görə, həmişə fallik (fallos – kişi tənasül aləti) xarakteri daşıyır) var; onun böyük kürən saqqalı var. Onunla birlikdə gedən oğrular uzun kisəyəbənzər döşlüklər (xayalığın iki hissəsi) taxıblar. Kilsədən dağa yol var. Yolun hər iki tərəfi otluq və kolluqdur və getdikcə qalınlaşaraq, dağın zirvəsində qalın meşəliyə çevrilir.
5. Pilləkən haqqında yuxu (Otto Rank məlumat verir).
«Pilləkənlə balaca bir qızın dalınca aşağı yüyürürəm, mənə nəsə etdiyi üçün onu cəzalandırmaq istəyirəm. Aşağıda kimsə (yetkin qadındır?) qızı saxlayır; mən onu tuturam, ancaq bilmirəm ki, vururam, ya yox, çünki qəflətən pilləkənin ortasına düşürəm və qızla cinsi əlaqədə oluram (sanki havada). Əslində buna heç cinsi əlaqə də demək olmaz: mən yalnız penisimlə onun cinsi hissələrinə toxunuram və bu zaman arxaya əyilmiş baş görürəm. Kotius zamanı özümdən sol tərəfdə (yenə də sanki havada) iki kiçik şəkil görürəm, şəkillərdə yaşıllıqla əhatə olunmuş ev təsvir olunub. Daha kiçik olan birində rəssamın imzasının yerinə mənim adım yazılıb, guya tablo mənə doğum günümdə hədiyyə olunub. Tabloların önündən kağız da asılıb və onlarda daha ucuz tablolar almağın mümkünlüyü barədə yazılıb; (sonra tutqun şəkildə özümü görürəm, guya pilləkənin yuxarı meydançasında yataqdayam) və pollyusiyadan (Pollyusiya – kişilərin yuxuda sperma ifraz etməsi) islandığımı hiss edib oyanıram».
Yozum. Yuxugörmədən əvvəlki gün pasiyent kitab mağazasında olub və orada yuxuda gördüyü süjetə uyğun tablolara baxıb. Kiçik tablolardan biri onun xüsusilə xoşuna gəlib və yaxınlaşaraq tamamilə tanımadığı rəssamın adını oxuyub.
Elə həmin axşam bir cəmiyyətdə olarkən öz nikahdankənar uşağını pilləkəndə doğmasıyla fəxr edən bir qulluqçu barədə eşidib. Bu qeyri-adi hadisənin detallarıyla maraqlanaraq öyrənib ki, qulluqçu öz pərəstişkarıyla birlikdə valideynlərinin evinə yollanıb, orada rahatlıq olmadığından ehtirasları coşan pərəstişkar kotiusu birbaşa pilləkəndə həyata keçirib.
Yuxu ərəfəsindəki günün yuxugörmədə yetərincə qabarıq əksini tapan və pasiyentin yaddaşında tam qorunan təəssüratları bunlardır. Yuxuya daxil olan bir uşaqlıq xatirəsi də yaddaşında eyni dərəcədə aydın qorunub. Yuxudakı pilləkən uşaqlığının böyük bir hissəsini keçirdiyi və cinsi həyatın şirinliklərini şüurlu olaraq daddığı evdəki pilləkənə oxşayır. O bu pilləkəndə tez-tez oynamış, sürahilərlə aşağı-yuxarı sürüşərək cinsi oyanma hiss etmişdir. O, yuxuda da pilləkəni çox sürətlə düşür, dediyinə görə, elə sürətlə ki, sanki «aşağı» doğru uçurmuş. Uşaqlıq təəssüratlarıyla əlaqədar olaraq yuxugörmənin bu başlanğıcı, görünür, seksual oyanma anını əks etdirir. Qonşunun mənzilindəki həmin pilləkəndə pasiyent uşaqlıqda qonşunun uşaqlarıyla min oyundan çıxmış və cinsi arzusunu analoji yolla təmin etmişdir.
Freydin (bax: Zentralblatt f. Psychoanalyse 1, s, 2 sonr.) seksual-simvolik araşdırmalarına əsasən, pilləkən və onunla qalxmanın, demək olar ki, həmişə kotius anlamına gəldiyini bilərək, etiraf etməliyik ki, bu həddən artıq şəffafdır. Nəticəsindən də göründüyü kimi (pollyusiya), o sırf seksual xarakterdədir. Yuxu zamanı seksual istək baş qaldırır. O yüksələrək, cinsi əlaqəyə çevrilir (yuxuda qızın yaxalanması və pilləkənin ortasında ona qarşı həvəs). Bura qədər yuxugörmə sırf seksual-simvolik xarakter daşıyır və təcrübəsiz adama qətiyyən aydın olmur. Ancaq yüksək seksual ehtirasa yuxunun rahatlığını pozmayan bu cür simvolik təminat azlıq edir. Ehtiras orqazma aparır və kotius təsəvvürüylə bağlı bütün simvolika kotiusun təsvirinə çevrilir. Əgər Freyd bu simvolun (pilləkənin) köməyilə seksual xarakterli səbəblərdən biri kimi hər iki prosedurun ritmik xarakterini göstərirsə, onda bizim yuxu bunun bariz nümunəsidir, çünki yuxugörənin qəti iddiasına görə cinsi əlaqənin ritmikliyi bütün yuxugörmənin ən qabarıq elementidir.
İki tablonun real mənasından əlavə, simvolik mənalarının da olması barədə daha bir neçə söz: bu artıq yuxugörənin iki tablo – biri böyük, digəri balaca – görməsindən aydın olur və iki qadına – biri yetkin, bir də qızcığaz – analojidir. «Daha ucuz şəkillər almağın mümkünlüyü» isə fahişəliklə bağlı təsəvvürə gətirib çıxarır.
Dumanlı yekun səhnə yuxugörənin özünü pilləkənin yuxarı meydançasındakı yataqda görməsi və yaşlıq hiss etməsidir ki, bu da yalnız uşaq mastrubasiyasına aid olmayıb, həm də daha erkən enuresis nocturna87 ilə bağlıdır.
6. Pilləkən haqqında modifikasiya olunmuş (şəkli dəyişmiş) yuxular.
Təxəyyülü anasının ətrafında fırlanan və tez-tez yuxuda pilləkənlə qalxdığını görən pasiyentlərimdən birinə deyirəm ki, onunçün hərdənbir mastrubasiya ilə məşğul olmaq məcburən özünü saxlamaqdan az ziyanlı olar. Bu sözlərdən sonra o, növbəti yuxunu görüb: «Musiqi müəllimi onu royalda çalmağı, Moşelin etüdlərini və Klementinin «Gradus ad Pasnassum»unu ifa etməyi buraxdığına görə məzəmmət edir88».
Pasiyent yuxusunu mənə danışaraq, «Gradus»un da, pilləkən olduğunu bildirir; şkalalardan ibarət klaviaturanın da.
Əminliklə demək olar ki, seksual təzahürlərin və istəklərin təsvirinə aidiyyəti olmayan heç bir təsəvvür dairəsi yoxdur.
Bu fəsli öz onanistik vərdişlərini qadınla yaxınlığa dəyişən cavan bir kimyaçının yuxusu ilə yekunlaşdırıram.
İlkin məlumat. Yuxugörmə ərəfəsində o, bir tələbəyə Qrilyar reaksiyasının mahiyyətini (bu zaman maqnezium yodun katalizatorluğu nəticəsində saf efirdə əriyir) izah edib. Bundan iki gün əvvəl isə bu təcrübə aparılarkən partlayış baş vermiş və işçi əlini möhkəm yandırıbmış.
I Yuxugörmə. O, fenil və maqneziumun bromlu birləşməsini hazırlamalıdır, bu zaman maqnezium rolunu özü oynayır. Onun durumu qəribədir, o daim tamamilə doğru danışır: mənim ayaqlarım əriyir, dizlərim yumşalır. O, ayaqlarına toxunur, onları kolbadan çıxarır (özü də bilmir necə) və deyir: bəlkə də. Yox, heç nəyin fərqi yoxdur. O oyanır, ancaq tam yox və öz-özünə yuxusunu təkrar edir, çünki onu mənə danışmaq istəyir. O, yuxusunu unutmaqdan qorxur, hədsiz həyəcanlıdır və daim təkrar edir: «Fenil! Fenil!»
II Yuxugörmə. O, ailəsilə birlikdə X. adlı yerdədir. Saat on ikinin yarısında bir xanımla görüşü var, ancaq düz on ikinin yarısında oyandığından öz-özünə deyir: «Artıq gecdir, mən gedib çatanadək birin yarısı olacaq». Bu zaman bütün ailənin bir yerə toplanıb nahar etdiyini görür; anasıyla qulluqçunu şorba boşqabıyla daha aydın görür. Düşünür: «Bir halda ki, artıq nahardır, çətin çıxa biləm».
Analiz. Şübhə yoxdur ki, birinci yuxu da gözlənilən görüşlə bağlıdır. Onun izahat verdiyi tələbə olduqca murdar bir subyektdir; ona deyir: «Bu doğru deyil, ona görə ki, maqnezium hələ qətiyyən olmayıb». O da sanki bunun ona heç bir dəxli yoxmuş kimi cavab verir: «Qoy düz olmasın». Bu tələbə yəqin ki, onun özüdür; o öz analizinə də, həmin sintez qədər laqeyddir.
Digər tərəfdən, analiz (sintez) onun özüylə aparılır. Söhbət müalicənin uğurundan gedir. Yuxuda ayaqlar yuxugörmə ərəfəsindəki axşamı xatırladır. O, bir xanımla rəqs edirmiş, onu özünə necə möhkəm sıxıbsa, qadın hətta bir dəfə çığırıb. Onun ayaqlarına toxunarkən, qadının müsbət cavabını hiss edib. Beləliklə, bu situasiyada qadın retortadakı maqneziumdur, onunla işlər yoluna düşür. Mənə qarşı münasibətdə o, qadınsayağıdır, qadına münasibətdə isə qız kimidir. Əgər qadınla məsələ yoluna qoyulsa, müalicə də qaydasında olacaq. Ayaqların və bütün bədənin əllənməsi onanizmə və əvvəlki günün yorğunluğuna işarədir. Görüş doğrudan da on ikinin yarısına təyin olunub. Onun arzusu bu saatı yatıb yuxuya qalmaq və adət etdiyi ev şəraitində qalmaqdır, bu (yəni onanizmlə məşğul olmaq) onun müqavimətinə uyğundur.