II. Yuxuların yozulma üsulu. Yuxuların təhlili örnəyi
Kitabıma verdiyim ad özü yuxugörmə anlayışını hansı ənənə ilə bağladığım haqda məlumat verir. Mən qarşıma yuxuların yozulmasının mümkünlüyünü göstərmək məqsədi qoymuşdum və problemin işıqlandırılmasına əlavələr mənə yalnız əsil məsələni həll etmək üçün lazımdır. Yuxugörmənin yozulmasının mümkünlüyünü güman etməklə mən yuxugörmələr haqqında hökmran olan təlimlə, ümumiyyətlə Şernerin təlimi istisna olmaqla bütün təlimlərlə dərhal ziddiyyətə girmiş oluram, çünki «yuxugörməni yozmaq» onun «mənasını» açmaq, onu elə bir şeylə əvəz etməkdir ki, həmin tam hüquqlu və tam dəyərli halqa kimi ruhi prosesimizin ümumi zəncirinə daxil ola bilsin. Artıq gördüyümüz kimi, yuxugörməylə bağlı elmi nəzəriyyələrə yuxuların yozulması problemi daxil deyil, çünki yuxugörmə onlarda. ümumiyyətlə, ruhi akt yox, təkcə somatik prosesdir. Əks halda yuxugörməyə, demək olar ki, həmişə geniş publikanın nəzər nöqtəsindən baxılır. Geniş kütlə yuxugörməni anlaşılmaz və absurd hesab etsə də, qeyri-ardıcıl olmağı özünün haqqı hesab edir, lakin yuxugörmələrin arxasında olan hər hansı mənanı inkar etməyə də qərar verə bilmir. Qeyri-müəyyən ön duyğunu rəhbər tutan kütlə yuxugörmənin, hər halda, müəyyən mənası olduğunu güman edir, bəlkə də, bu gizlidir, başqa bir fikri prosesi əvəz edir və bu gizli mənanı çözmək üçün həmin əvəzetmənin doğru açılmasının zəruriliyinə inanır.
Ona görə də, geniş kütlə həmişə yuxugörmələri «yozmağa» çalışmış və bu zaman mahiyyət etibarilə fərqli olan iki üsuldan istifadə etmişdir. Bu üsullardan birincisi yuxugörmənin məzmununu bütöv şəkildə nəzərdən keçirir və onu daha aydın olan, müəyyən mənada analoji məzmunla əvəz etməyə çalışır. Bu yuxugörmələrin simvolik yozumudur; o, yəqin ki, elə lap başdan iflasa uğrayır və həmin yuxugörmələr anlaşılmaz olmaqla bərabər, həm də qarışıq və xaotik görünür. Bibliyadakı Yusifin fironun yuxularını yozarkən eyni üsuldan istifadə etməsi buna misaldır. Yeddi kök inəyin ardınca onları yeyən yeddi arıq inəyin gəlməsi Misirdə baş verəcək yeddiillik aclığın qabaqcadan xəbər verilməsinin simvolik əvəzlənməsidir, bu illər bolluq illərində hər şeyi udacaq26. Poetik fantaziyaların yaratdığı süni yuxugörmələrin əksəriyyəti bu tipli simvolik yozumlar üçün nəzərdə tutulur, çünki onlar şairin fikirlərini pərdələnmiş, yuxularımızın məlum xüsusiyyətlərinə uyğunlaşdırılmış şəkildə ifadə edir. Yazıçı İensenin «Qradiva»
novellasında təsadüfən çox məharətlə uydurulmuş bir neçə süni yuxugörmə tapdım, onları sanki müəllif uydurmamış, həqiqətən real şəxs görmüşdü.
Yazıçı sualıma cavab olaraq bəyan etdi ki, təlimimlə tanış deyil. Mən araşdırmamın yazıçının yaradıcılığı ilə uyğun gəlməsindən yuxugörmə təhlillərimin doğruluğunu isbat etmək üçün istifadə etdim (mənim «Qradiva»da V.İensenin sayıqlama və yuxuları» broşürümə baxın, rusca tərcüməsinə «Həyat və ruh» (1912) nəşrində baxın). Yuxugörmənin guya gələcəklə maraqlanması, gələcəyi görə bilməsi fikri əvvəllər yuxugörməyə sırınan peyğəmbərlik rolunun qalığıdır və sonradan yuxugörmədə gələcək zamana aid edilən mənanın simvolik yozumunu oyadan motivə çevrilir.
Bu simvolik yozuma necə yol tapmaq olar? Bu barədə, yəqin ki, heç bir dəqiq söz söyləmək olmaz. Uğur müdriklikdən, subyektin bilavasitə intuisiyasından asılıdır, buna görə də, yuxugörmələrin rəmzlər vasitəsilə yozulması aydındır ki, tamamilə xüsusi istedadla bağlı olan incəsənətdən asılıdır. Aristotelin fikrincə, yuxuları ən düzgün şəkildə bənzərlikləri ən yaxşı tuta bilən adam yoza bilər; çünki yuxugörmə obrazları suda əks olunan obrazlara bənzəyir, tərpənəndə təhrif olunur və onları hamıdan yaxşı həqiqəti təhrif olunmuş şəkildə anlaya bilənlər tapa bilər (Byuşenşyuts, s. 65). Ancaq yuxuların yozulmasının digər populyar üsulu bundan uzaqdır. Bu üsulu «şifrələmə» adlandırmaq olar, çünki bu üsul yuxugörməyə özünəməxsus şərti bir şifrə kimi yanaşır, həmin şifrəyə görə hər bir əlamət əvvəlcədən hazırlanmış açarla mənası və mahiyyəti hamıya bəlli olan başqa bir əlamətlə əvəz oluna bilər. Məsələn, mən yuxuda məktub, onun ardınca dəfn mərasimi və sairə gördüm: «yuxuyozma» kitabına baxıram, «məktub» – «xiffət» mənası, «dəfn mərasimi» isə «nişanlanma» və başqa mənalar verir. Bundan sonra bu anlayışları əlaqələndirmək və gələcəklə bağlamaq, əlbəttə, məndən asılıdır. Bu şifrələmənin onun mexanikliyini müəyyən dərəcədə düzəldən maraqlı variantı Daltisli Artemidorun yuxu yozumları haqqında əsəridir. Eramızın təxminən ikinci yüzilliyinin əvvəllərində anadan olan Daltisli Artemidordan bizə yunan-roma aləmində yuxuların yozulmasının araşdırılmasıyla bağlı olduqca bitkin və mükəmməl bir araşdırma qalıb. Hompersin qeyd etdiyinə görə, o, yuxuların yozumunu müşahidə və təcrübə əsasında həyata keçirir, onun yozma sənəti digər aldadıcı üsullardan fərqlənirdi. Hompersin şərhinə görə, onun sənətinin prinsipi magiya, assosiasiya prinsipi ilə eynidir. Yuxugörmə elementi xatırlatdığı mənanı verir. O, yuxuyozana nə xatırladırsa, o da başa düşülür. Sərbəstliyin və etibarsızlığın tükənməz mənbəyi eyni yuxugörmə elementinin bir yozumçuya bir, digərinə isə tamamilə başqa şeyi xatırlatması faktındadır. Bundan sonra şərh edəcəyim texnika antik texnikadan bu yeganə mühüm məqamla fərqlənir: o, yozma işini yuxugörənin özündən tələb edir. Bu texnika yuxugörmənin bu və ya digər elementilə bağlı, yuxuyozanın deyil, yuxugörənin ağlına gələn şeyə diqqət yetirir. Missioner Tfinkditin (Anthropos, 1913), ən yeni məlumatlarına görə, Şərqin müasir yuxuyozanları da yozumda yuxugörənin iştirakına böyük əhəmiyyət verirlər. Bir şahid Messopotomiyalı ərəb yuxuyozanlar haqqında deyir: «Yuxugörmənin mənasını yaxşı izah etmək üçün, ən ağıllı yuxuyozanlar yuxunu yaxşı yozmaq üçün onlara müraciət edən şəxsin bütün təfərrüatlar haqqında yaxşıca sorğu-suala tutulmasını zəruri sayırlar. Yuxuyozanlar bütün suallarına cavab almayana qədər izahat verməkdən imtina edirlər».
Bu suallar içərisində hər zaman ailənin yaxın üzvlərilə (valideynlər, arvad, uşaqlar) bağlı ətraflı məlumatları aydınlaşdıran suallar, o cümlədən tipik «yuxudan əvvəl cinsi əlaqədə olmusunuzmu?» sualı olur. – «Yuxugörmənin yozumunun əsas ideyası – yuxunun məzmununu onun əksilə dəyişməkdir».
Burada yalnız yuxunun məzmunu deyil, yuxugörənin özünün şəxsiyyəti və həyat şəraiti də nəzərə alınır, belə ki, yuxugörməyə aid eyni element zəngin, evli və natiq bir insan üçün bir, yoxsul, subay və tacir olan digəri üçün başqa məna kəsb edir. Bu üsulun ən mühüm cəhəti yuxunun bütövlükdə deyil, ayrı-ayrı elementlər şəklində yozulmasıdır, sanki yuxugörmə hər bir hissəsinə xüsusi əhəmiyyət verilən konqlomeratdır. Bu üsulun yaramasının əsas səbəbi, təbii ki, rabitəsiz, dolaşıq yuxulardır. Doktor Alf Robitzek mənim diqqətimi Şərq yuxuyozma kitablarına yönəldir (onlarla müqayisədə bizimkilər miskin yamsılamadır), bu kitablarda yuxugörmənin elementləri daha çox sözlərin oxşarlığı və səs tərkibinin bənzərliyinə görə yozulur27. Bu analogiya dilimizə tərcümə edildikdə, şübhəsiz, mənasını itirir və nəticədə bizim xalq yuxuyozma kitablarındakı yozumlar qəribə görünür. Qədim Şərq mədəniyyətindəki bu möhtəşəm söz oyunu ilə bağlı Hüqo Vinkler daha ətraflı danışır. Yuxuların yozumuna dair qədim dövrdən bizə qədər gəlib çatmış daha parlaq nümunə söz oyununa əsaslanır. Artemide xəbər verir (s. 255): «Aristandr makedoniyalı İsgəndərə onun yuxusunu çox uğurla yozdu. O, Tiri mühasirəyə alanda şəhərin inadlı mübarizəsindən dilxor olub, yuxusunda qalxanının üzərində rəqs edən Satiri (yunan əsatirində: şərab və kef allahı, Vakxın əyyaşlıq yoldaşı) görüb; Aristandr təsadüfən Tirin yaxınlığında, suriyalılara qalib gələn kralın məiyyəti arasında imiş. O, «satir» (Zatupos) sözünü tərkib hissələrinə ayırıb (Za n fupos), kralın mühasirəni səylə aparıb, şəhəri almasına kömək edir.
(Satupos – «Tirin sənin»)”. Beləliklə, yuxugörmə öz sözlü ifadəsilə o qədər sıx bağlıdır ki, Ferensi tamamilə haqlı olaraq hər bir dilin öz yuxugörmə dili olduğunu qeyd edir. Adətən yuxugörmə başqa dillərə tərcümə olunmur və mənə də elə gəlir ki, bu kitaba bənzər kitab da başqa dillərə tərcümə oluna bilməz. Buna baxmayaraq, doktor A.A.Brillyu «Yuxuların yozumunu» Nyu-Yorkda ingilis dilinə çevirə bilib (London, 1913, George Alien amp; Co, Ltd), psixoanalitiklər doktor Hollos və doktor Ferensi macar tərcüməsi üzərində işləməyə başlayıblar (1918).
Mövzunun elmi cəhətdən nəzərdən keçirilməsi üçün populyar olan hər iki yuxuyozma üsulunun yaramadığı, əlbəttə, aşkardır. Simvolik üsul tətbiq olunmaq üçün son dərəcə məhdud imkanlara malikdir və ümumi rola az və ya çox dərəcədə iddia edə bilməz. Şifrləmə üsulunda isə hər şey «açarın», «yuxuyozma kitabının» etibarlı mənbə olmasına istiqamətlənib, buna isə, təbii ki, heç bir təminat yoxdur. İstər-istəməz filosof və psixiatrlarla razılaşaraq yuxuları yozmaq problemindən imtina etmək istəyir, buna lüzumsuz və qeyri-real bir iş kimi baxırsan. Bu kitabı bitirdikdən sonra əlimə Ştrumpfın yuxugörmənin mənasız olmadığını və yozula biləcəyini sübut etmək məsələsində mənimlə eyni qənaətdə olan əsəri düşdü. Lakin yozma onda alleqoriyalı simvolikanın köməyi ilə, bu üsulun ümumi tətbiqinin zəmanəti olmadan həyata keçirilir. Ancaq mən tamamilə başqa fikirdəyəm. Mən əmin oldum ki, burada yenə qarşımıza çıxan öncül məsələlərdən biri xalq inancının həqiqətə müasir elmi mühakimələrdən daha yaxın olmasıdır.
Yuxugörmənin həqiqətən önəmli olduğunu və onun elmi cəhətdən yozulmasının mümkünlüyünü təsdiq etməyi özümə borc bilirəm. Bu nəticəyə aşağıdakı yolla gəlmişəm.
Uzun illərdir ki, müalicə məqsədilə bir çox psixopatoloji hadisələri, isterik fobiyaları, beyindən çıxmayan təsəvvürləri və s. öyrənirəm. Cozef Breyerin23 bir mühüm məlumatı əsasında əmin oldum ki, xəstəlik simptomları kimi qəbul olunmuş belə təzahürlərin açılması və bərpa olunması bir-biriylə üst-üstə düşür (Breuer und Freud. Sludien iiber Hysteric, Wien. 1895, 3. Aufl. 1916). Bu tipli patoloji hadisəni xəstənin ruhi həyatından qaynaqlanan ayrı-ayrı elementlərlə əlaqələndirməyə nail olanda bununla da o aradan qalxır və xəstə ondan qurtulur.
Bizim digər terapevtik cəhdlərimizin gücsüzlüyü və bu durumun müəmmalığı halında mən hədəfə çatmaq yolundakı çoxsaylı çətinliklərə baxmayaraq, Breyerin açdığı yolla getməyi məqsədəuyğun saydım. Bu üsulun texnikasının sonda necə formalaşması, çalışmalarımın nəticəsinin necə olduğu barədə sonra danışmaq imkanımız olacaq. Həmin psixoanalitik məşğələlər zamanı mən yuxugörmələrin yozumu ilə qarşılaşdım. Bu məsələylə bağlı ortaya çıxan bütün duyğu və düşüncələrini mənə danışmağa məcbur etdiyim pasiyentlər mənə öz yuxularını danışdılar və bununla göstərdilər ki, yuxugörmə həmin patoloji ideyalardan xatirələrin dərinliyinə uzanan psixoloji zəncirdə qapanıb qala bilər. Artıq yuxugörmənin özünü simptom kimi nəzərdən keçirmək və ona da sonuncuya tətbiq olunan eyni yozma üsulunu tətbiq etmək çətin deyildi29.
Bununçün, əlbəttə, xəstənin məlum psixi hazırlığı zəruridir. Ondan iki şey tələb olunur: onun psixi xatirələrinə diqqətin artırılması və tənqidin aradan qaldırılması (bunun köməyilə o adətən beynində yaranan fikirlərin seçimini aparır). Öz-özünü diqqətlə müşahidə edə bilməsi üçün sakit vəziyyətdə olması və gözlərini yumması məqsədəuyğundur; qavranılan fikir və duyğularla bağlı tənqidin aradan qaldırılması xüsusilə vacibdir. Ona demək lazımdır ki, psixoanalizin uğuru onun beynindən keçən və ona əhəmiyyətsiz, absurd, ya da mövzuya dəxli olmayan kimi görünən fikirləri boğmağa cəhd etməyən hər şeyi görməsində və xəbər verməsindədir; ona görə ki, o, yuxugörmənin, beyninə girən fikrin və sairənin arzu etdiyi yozumunu tapa bilmədiyi təqdirdə məhz bu tənqid mühüm rol oynayardı.
Psixoanalitik məşğələlər zamanı düşünən insanın psixi strukturunun özündəki psixi prosesləri müşahidə edən adamın psixi strukturundan tamamilə fərqli olduğuna diqqət etmişəm.
İnsan düşünən zaman psixi proses ən diqqətlə müşahidə etdiyindən daha böyük rol oynayır, bunu fikrə qərq olmuş insanın gərilmiş fizianomiyası və hətta alnının qırışları da göstərir, amma əksinə, özünü müşahidə edən subyektin mimikası sakit olur. Hər iki halda güclü diqqət tələb olunur, ancaq insan adi halda düşünərkən tənqidi qoruyur, onun sayəsində qavradığı fikirlərin bir hissəsini kənara atır, ya da saxlayır və beləliklə, bəlkə də, yaranmağa başlayan həmin fikirlərin gedişatını izləmir: digər fikirləri o ümumiyyətlə qavramır, çünki onlar qavranılana qədər boğulur. Bunun əksinə, özünü müşahidə edən yalnız tənqidi boğmağa çalışır; əgər buna nail ola bilirsə, saysız-hesabsız fikirləri dərk etməyə başlayır, əks təqdirdə həmin fikirlər dərk olunmamış qala bilərdi. Bu yolla alınmış materialın köməyilə patoloji ideyalar, eyni zamanda yuxugörmələr izah oluna bilər. Beləliklə, aydındır ki, burada söhbət psixi durumun hazırlanmasından gedir, bu durum psixi enerji (hərəkətli diqqət) bölgüsü baxımından yatma (həm də hipnoz) vəziyyəti ilə bir qədər oxşardır. Yatan zaman «arzuolunmaz təsəvvürlər» bizim təsəvvürlərimizə təsir göstərən sərbəst (yəqin ki, həm də tənqidi) prosesin zəifləməsiylə birlikdə zahirə çıxır. Bu zəifləmənin səbəbi kimi biz adi «yorulmanı» göstəririk; meydana çıxan «arzuolunmaz təsəvvürlər» eşitmə və görmə obrazlarına çevrilir. (Şleyermaxerin və digərlərinin qeydlərinə bax. S. 34). Q.Zilberger təsəvvürlərin görmə obrazlarına çevrilməsini şəxsi müşahidə etməsi əsasında yuxuların yozulması üçün mühüm materiallar əldə etmişdir (Jahrbuch der Psychoanalyse I və II, 1809 və digər.). Yuxugörmələrin və patoloji ideyaların analiz olunduğu durumlarda bilərəkdən və məqsədli şəkildə fəallıqdan imtina edir, meydana çıxan öz təsəvvür xarakterini qoruyub saxlayan (yatma durumunda fərqi də elə bundadır) arzuolunmaz fikirlərin diqqətlə izlənilməsi üçün saxlanan psixi enerjidən (ya da onun bir hissəsindən) istifadə edir. Beləliklə, «arzuolunmaz»
təsəvvürlər «arzuolunan» təsəvvürlərə çevrilir.
Burada tənqidi aradan qaldırılmış fikirlərin xəyali «sərbəst axını» ilə bağlı tələb mexanizmi çoxları üçün son dərəcə çətindir. «Arzuolunmaz fikirlər» adətən onların zahirə çıxmasına mane olan güclü müqavimətə səbəb olur. Ancaq bizim böyük mütəfəkkir şairimiz Fr.
Şillerə inansaq, eyni proses poetik yaradıcılıq üçün də zəruridir. Otto Rankın verdiyi məlumata əsasən, Şiller Kernerlə yazışmalarının birində dostunun şikayətinə onun qeyri-kafi qabiliyyəti ilə cavab verir: «Belə şikayətlərin səbəbi, mənə elə gəlir ki, sənin ağılının sənin təxəyyülünü buna məcbur etməsidir. Mən burada bir fikir söyləyib, ona müqayisəylə qüvvət verəcəyəm. Əgər ağıl ortaya çıxan fikirləri sanki onların niyyətini izləyərək son dərəcə kəskin tənqid edirsə, məncə, bu ziyanlıdır. İdeya öz təcrid olunmuş durumunda, bəlkə də, son dərəcə miskin və təhlükəlidir, ancaq digər şeylərlə və özündən sonra gələnlərlə birlikdə o, fövqəladə dərəcədə əhəmiyyətli ola bilər; bu və ya digər ideyalarla, ayrı-ayrılıqda eyni cür əhəmiyyətsiz ideyalarla o, fikirlərin çox maraqlı və əhəmiyyətli gedişatını əks etdirə bilər. Əgər ideya yerdə qalanlarla birlikdə nəzərdən keçirilənədək ağıl onu qoruyub saxlaya bilmirsə, bütün bunlar haqqında mühakimə yürüdə bilməz. Bunun əksinə, yaradıcı başdakı ağıl keşikçiləri qapıdan götürür, ideyalar nizamsız şəkildə axdıqdan sonra onlara göz atır, hamısını birlikdə nəzərdən keçirir. Siz, cənab tənqidçilər, anidən gələn dəlilikdən utanır və qorxursunuz, ancaq bu hər bir yaradıcı ağılda müşahidə olunur və düşünən sənətkarı xəyalpərəstdən onun müddəti fərqləndirir. Sizin səmərəsizlikdən şikayətləriniz də buradan qaynaqlanır: siz fikirləri həddindən artıq erkən aradan qaldırır və həddindən artıq ciddi şəkildə çeşidlərə ayırırsınız» (1 dekabr, 1788-ci il tarixli məktub).
Ancaq buna baxmayaraq, «keşikçilərin ağlın qapısından bu cür götürülməsi», Şillerin təbirincə desək, özünü tənqidsiz özünümüşahidə vəziyyətinə salmaq qətiyyən çətin deyil.
Mənim pasiyentlərimin əksəriyyəti bu çətinliklərə ilk göstərişlərdən sonra üstün gələ birlər; mənim özümçün də bu elə bir xüsusi çətinlik törətmir, xüsusilə də, öz fikirlərimi yazanda.
Tənqidi fəaliyyəti beləcə zəifləyən, eyni zamanda özünümüşahidənin intensivliyini artıran psixi enerji sonda pasiyentin diqqətinin yönəlməli olduğu mövzudan asılı olaraq əhəmiyyətli dərəcədə tərəddüd edir.
Bu üsulun tətbiqi zamanı ilk addım öyrədir ki, diqqət obyekti olaraq yuxugörməni bütövlükdə deyil, onun məzmununun ayrı-ayrı elementlərini götürmək lazımdır. Əgər təcrübəsiz pasiyentdən «Bu yuxunu görməyinizə nə səbəb olub?» soruşsam, o adətən öz əqli üfüqündə heç nə tapa bilməyəcək; odur ki, yuxunu ayrı-ayrı hissələrə bölməli oluram və o hər bir hissəyə aid xeyli fikir söyləyir ki, bu fikirləri yuxugörmənin bu elementlərinin «gizli fikirləri» hesab etmək olar. Mənim yuxuları yozma üsulum bu ilkin vacib şərti ilə artıq populyar, tarixi və əfsanəvi simvollaşdırma üsulundan fərqlənir və digər üsul olan «şifrələmə» metoduna yaxınlaşır. O da sonuncu kimi, en masse yox, on detail yozma deməkdir: sonuncu kimi o da yuxugörməni əvvəldən axıra qədər psixi hadisələrin konqlomeratı kimi götürür.
index
Əsəb xəstələrinə tətbiq etdiyim psixoanalizlərim zamanı, yəqin ki, bir neçə min yuxugörmə yozmalı olmuşam, ancaq yuxuları yozmanın texnikası və mahiyyətinə giriş üçün burada bu materialdan istifadə etmirəm. Bu yuxugörmələrin nevropatların yuxusu olduğu və sağlam adamların yuxuları ilə analogiya aparmağa imkan vermədiyinin mənə irad tutulacağını bir kənara qoyub, onlara müraciət etməməyimin başqa səbəbindən danışmaq istəyirəm. Bu yuxugörmələrin aid olduğu mövzu, əlbəttə ki, hər zaman bu nevrozun əsaslandığı xəstəlik tarixidir. Buna görə də, hər bir yuxugörmə üçün həddən artıq geniş yayılmış ön informasiya və psixonevrozun mahiyyəti, etioloji şərtlərilə tanışlıq tələb olunur; bütün bunlar yüksək dərəcədə maraqlıdır, ancaq, yəqin ki, bizim fikrimizi yuxugörmə probleminin özünün həllindən uzaqlaşdırardı. Mənim məqsədim isə, əksinə, yuxuları yozmaqla daha çətin və mürəkkəb olan nevroz psixologiyasının həllinə zəmin hazırlamaqdan ibarətdir. Əgər əsəb xəstələrinin yuxugörmələrindən, öz başlıca materialımdan imtina edirəmsə, onda başqa materialla bağlı həddən artıq inadkar olmamağa haqqım var. Mənə yalnız sağlam adamların təsadüfən danışdığı və yuxugörmə problemi ilə bağlı ədəbiyyatdan tapdığım yuxular qalır. Təəssüf ki, bütün bu yuxugörmələr analizdən məhrumdur, bunsuz isə mən yuxugörmənin mənasını aça bilmərəm.
Mənim üsulum populyar olan şifrələmə metodu qədər rahat deyil, çünki şifrələmə üsulu yuxugörmələrin məzmununu daimi açar vasitəsilə açır; mən, əksinə, müxtəlif adamların fərqli şəraitlərdə gördüyü eyni yuxuların tamamilə fərqli mənalar verə biləcəyinə hazıram30. Bütün bunlara görə, mən daha zəngin və rahat material kimi öz şəxsi yuxularımdan istifadə etməyə çalışıram; əvvəla bunlar kifayət qədər normal bir şəxsiyyətin yuxularıdır, ikincisi də, gündəlik həyatın ən müxtəlif sahələrinə toxunur. Oxucular belə «öz analizin» etibarlılığına şübhə edə bilərlər. Burada, əlbəttə, bir qədər sərbəstlik istisna olunmur. Lakin mənim fikrimcə, özünümüşahidə başqalarını müşahidə etməkdən qat-qat rahat və məqsədəuyğundur; özünüanalizin yuxugörmələrin yozulmasında hansı rolu oynadığını bütün hallarda müəyyənləşdirməyə cəhd etmək olar. Digər əhəmiyyətli və böyük çətinliyi öz daxilimdə aşmalı oldum. İnsan öz ruhi həyatının intim təfərrüatlarını açmaqla bağlı anlaşılan qorxu hiss edir: həmişə ətrafdakıların anlayışsızlığı ilə qarşılaşmaq riski var. Ancaq bu qorxunu dəf etmək lazımdır. «Hər bir psixoloq, – Delbef yazır, – öz zəifliyini etiraf etməlidir, əgər bu etiraf ona hər hansı problemi açmağa imkan verirsə». Mənə elə gəlir ki, oxucuda da intim təfərrüatlarla bağlı əvvəl yaranan maraq tezliklə öz yerini müstəsna olaraq bununla işıqlanan psixoloji problemin dərinliklərinə verəcək.
Ona görə də, öz yozma üsulumu şəxsi yuxularımdan birini misal gətirərək izah edəcəyəm.
Hər bir belə yuxunun ilkin informasiyaya ehtiyacı var. Oxucudan mənim maraqlarımı özününkünə çevirməsi və mənimlə birlikdə həyatımın təfərrüatlarına baş vurması üçün bir neçə dəqiqəsini xahiş edəcəyəm, çünki belə bir zəruri köçürməni yuxugörmənin gizli mənasına maraq tələb edir.
İlkin informasiya: 1895-ci ilin yayında mənimlə və ailəmlə sıx dostluq edən bir gənc xanımı psixoanalizə cəlb etməli oldum. Tamamilə aydındır ki, münasibətlərin bu cür qarışması həkim, xüsusilə də psixoterapevt üçün hər cür xoşagəlməz hadisələrin mənbəyi ola bilər.
Həkimin şəxsi marağı onun nüfuzundan daha əhəmiyyətlidir. Uğursuzluq yaxın pasiyentlərlə dostluğa son qoya bilər. Mənim müalicəm qismən uğurla nəticələndi, xəstəm isterik qorxudan qurtuldu, ancaq bütün somatik simptomlardan xilas ola bilmədi. O zaman mən isteriyanın tam başa çatdığını bildirən əlamətlərdən tamamilə əmin deyildim, ona görə də, pasiyentimə qəbuledilməz görünən «çözüm» təklif etdim. Onunla fikrimiz üst-üstə düşmədiyindən yayın ortasında müalicəni dayandırmalı olduq. Günlərin bir günü gənc bir həmkarım yanıma gəldi, o, yaxın dostlarımdan biriydi, bu yaxınlarda pasiyentim İrmanın və ailəsinin qonağı olmuşdu.
Dostumdan İrmanın necə olduğunu soruşdum və cavab belə oldu: qismən yaxşıdır, amma tam yox. Dostum Ottonun bu sözləri yaxşı yadımdadır, çünki onların deyiliş tonu məni əsəbiləşdirmişdi. Mənə elə gəldi ki, bu sözlərdə qınaq var, yəni guya mən pasiyentə həddən artıq çox şey vəd etmişəm. Müalicəmdən xoşlanmadıqlarını artıq çoxdan hiss etdiyim pasiyentimin doğmalarının mənə qarşı olan xəyali qərəzlərini Ottoya izah etdim. Lakin ovqatım təlx və kifayət qədər dumanlı olsa da, heç nəylə büruzə vermirdim. O axşam İrmanın xəstəliyinin yetərincə ətraflı tarixçəsini yazdım, onu özümə bəraət qazandırmaq üçün bizim ümumi dostumuz və son dərəcə məşhur həkim doktor M.-ə verəcəkdim. Elə həmin gecə (daha doğrusu, səhərə yaxın) aşağıdakı yuxunu gördüm və oyanan kimi dərhal yazdım.
1895-ci il 23/24 iyulda gördüyüm yuxu.
Böyük bir zalda çoxlu qonaq qəbul edirik. İrma da onların arasındadır. Mən onun qolundan tutub sanki yazdığı məktuba cavab vermək istəyirəm və onu mənim «çözümümü»
qəbul etmədiyinə görə qınayıram. Ona deyirəm: «Əgər hələ də ağrın varsa, bunun günahı özündədir». O cavab verir: «Kaş ki boğazımın, mədəmin və qarnımın necə ağrıdığını biləydin, məni əməlli-başlı qıc edir». Mən qorxub ona baxıram. Onun rəngi ağarıb, sifəti şişib. Ağlıma gəlir ki, bəlkə də hansısa üzvi xəstəliyini sezməmişəm. Onu pəncərənin qarşısına aparıb, boğazına baxıram. O, taxma dişləri olan bütün qadınlar kimi yüngülcə müqavimət göstərir. Öz-özümə düşünürəm ki, axı bütün bunlar ona qətiyyən lazım deyil. O, ağzını açır, mən əvvəlcə ağ böyük ləkə görürəm, bir az arxada isə burun boşluğuna oxşayan şiş var; mən onun bozumtul qabığını görürəm. Dərhal doktor M.-i çağırıram, o müayinəni təkrarlayıb, təsdiqləyir… Doktor M.-in görkəmi həmişəkindən tamamilə fərqlidir. Çox solğundur, axsayır və nədənsə saqqalı da yoxdur… Dostum Otto artıq mənim yanımda dayanıb, dostum Leopold isə İrmanın ağ ciyərlərini yoxlayır və deyir: «Onda sol aşağı tərəfdə zəifləmə var». O həm də sol çiyindəki infiltrasiyanı (1) süzülmə, sızma; 2) orqanizmin hüceyrə və toxumalarına yad maddələrin keçməsi və orada toplanması) göstərir (əynindəki paltara baxmayaraq, bunu mən də onun kimi hiss edirəm)… M.
deyir: «Bu, şübhəsiz infeksiyadır. Ancaq eybi yoxdur, onda dizenteriya olacaq və zəhər gəlib töküləcək…» İnfeksiyanın haradan qaynaqlandığını biz də dərhal anlayırıq. Bu yaxınlarda xəstə özünü pis hiss edərkən dostum Otto ona propila, propilen… propilen turşusu… trimetilamin (onun formulunu gözlərim önündə açıq-aydın görürəm) vurub… Belə iynəni düşünmədən vurmaq olmaz… Çox güman ki, şpris də tam təmiz olmayıb31.
Bu yuxunun başqaları qarşısında bir üstünlüyü var. Yuxunun ötən günün hansı hadisəsi ilə bağlılığı, hansı mövzuya aid olduğu dərhal aydın olur. Ottonun İrmanın səhhəti ilə bağlı verdiyi informasiya, axşamdan xeyli keçənədək onun xəstəlik tarixçəsini yazmağım mənim ruhi fəaliyyətimi yuxu zamanı da məşğul edib. Buna baxmayaraq, ilkin məlumatla və yuxunun məzmunu ilə tanış olmayan heç kəs mənim yuxumun nə məna verdiyini tapa bilməz. Bunu heç mən özüm də bilmirəm. Yuxuda İrmanın mənə söylədiyi xəstəlik simptomlarına təəccüb edirəm, çünki həmin simptomlar mənim müalicə etdiklərimə qətiyyən oxşamır. Mən propilen turşusu iynəsi haqda mənasız ideyaya və doktor M.-in təsəllisinə gülümsəyirəm. Yuxunun sonu mənə əvvəlindən dumanlı və anlaşılmaz gəlir. Bütün bunları yozmaq üçün, təfərrüatlı analizdən istifadə edirəm.
Analiz:
Böyük zalda qəbul etdiyimiz çoxlu qonaq. Biz o yay Belvyu küçəsində kiçik təpənin üzərindəki bir evdə yaşayırdıq. Ev bir vaxtlar restoran olub, ona görə də otaqları çox hündürdür və zala oxşayır. Bütün bunlar bu evdə mənim yuxuma arvadımın doğum gününə bir neçə gün qalmış girib. Gündüz arvadım mənə dedi ki, doğum günü çoxlu qonaqlarımız olacaq, İrma da gələcək. Mənim yuxum həmin sözlərdən istifadə edib: arvadımın doğum günü, çoxlu adam, onların arasında olan İrma, biz qonaqları Belvyudakı evin böyük zalında qəbul edirik.
Mən İrmanı mənim «çözümümü» qəbul etməməkdə qınayıram: ona deyirəm: «Əgər hələ də ağrın varsa, bunun günahı özündədir». Bunu ona ayıqlıqda da deyə bilərdim, bəlkə də, demişəm. O zaman o fikirdəydim (sonradan fikrimi dəyişdim) ki, mənim vəzifəm xəstəyə onun simptomlarının gizli mənalarını söyləməklə məhdudlaşır: müalicənin bütün uğuru onların «qərar» qəbul edib-etməməsindən asılıdır və buna görə mən məsuliyyət daşımıram32. Mənim mövcudluğumu bir müddət asanlaşdırdığına görə artıq aradan qalxmış səhvimə minnətdaram, çünki bütün labüd biliksizliyimə rəğmən terapevtik uğur qazanmalıydım. İrmaya dediyimi cümlədən hiss edirəm ki, hər şeydən öncə onun hiss etdiyi bu ağrılara görə, günahkar olmaq istəmirəm. Əgər onlara görə İrma özü günahkardırsa, o halda mən necə günahkar ola bilərəm?
Bəlkə yuxunun mənasını bu istiqamətdə aparaq?
İrmanın şikayətləri: boğazda, mədədə, qarında ağrı onu tamamilə qıc edir. Mədə ağrısı mənim pasiyentimin adi xəstəlik simptomlarından biridir, ancaq əvvəllər onu elə də narahat etmirdi, o yalnız ürəkbulanmadan və qusmadan şikayətlənirdi. Boğaz ağrısı isə onun xəstəliyində, demək olar ki, heç bir rol oynamırdı. Yuxugörmənin niyə məhz bu simptomlar üzərində dayandığına təəccüb edirəm, ancaq hələlik bu mənimçün qaranlıqdır.
Onun rəngi solğun, sifəti şişkindir.
Pasiyentimin sifətinin rəngi həmişə çəhrayı olurdu. Yuxuda onun başqa üzlə əvəzləndiyini güman edirəm.
Onun üzvi xəstəliyini sezmədiyim fikri məni qorxudur.
Bu tamamilə təbiidir, hər tərəfdə, demək olar ki, müstəsna olaraq əsəb xəstələrini görən və demək olar, başqa həkimlərə üzvi görünən bütün təzahürləri isteriyaya aid etməyə öyrəşmiş peşəkar qorxusudur. Digər tərəfdən qorxumun o qədər də vicdanlı olmamasıyla bağlı yüngül şübhə bürüdüyü fikrinin haradan qaynaqlandığı düşüncəsi mənə hakim kəsilir. Əgər İrmanın ağrılarının üzvi əsası varsa, mən onu yenidən müalicə etməməliyəm. Mənim müalicəm yalnız isterik ağrıları aradan qaldırır. Mənə az qala elə gəlir ki, sanki diaqnoz qoymaqda belə səhvin olmasını istəyirəm və bununla da uğursuz müalicəylə bağlı qınaq aradan qalxır.
Onu pəncərənin qarşısına aparıb, boğazına baxmaq istəyirəm. o, taxma dişləri olan bütün qadınlar kimi yüngül müqavimət göstərir. Düşünürəm ki, axı bütün bunlar ona lazım deyil. Mən heç vaxt İrmanın boğazına baxmamışam. Yuxugörmə mənə bu yaxınlarda gənc və gözəl qadın təsəvvürü yaradan bir qulluqçunu müayinə etdiyimi xatırladır; o, ağzını açmazdan öncə öz protezini gizlətməyə çalışdı. Həkim müayinələri və kiçik sirlər barədə bu zaman açılan başqa xatirələr də məhz bununla bağlıdır. «Axı bu ona lazım deyil» – İrma üçün komplimentdir. Lakin mən başqa bir mənadan da şübhələnirəm. Diqqətlə analiz edində bütün gizli fikirlərin sərf olunub-olunmadığını hiss edirsən. İrmanın pəncərənin qarşısında dayandığı poza qəflətən başqa bir xatirəni yadıma salır. İrmanın mənim çox böyük hörmət etdiyim yaxın bir rəfiqəsi var. Bir dəfə axşam onun yanına gedərkən onu pəncərənin qarşısında bu vəziyyətdə görmüşdüm və həkimi olan həmin doktor M. mənə dedi ki, onun boğazında difterit ləkələri var. Doktor M.-in şəxsiyyəti və ləkələr yuxugörmənin sonrakı gedişində meydana çıxır. Yadıma düşür ki, son aylar İrmanın rəfiqəsinin də isteriya xəstəsi olması barədə çox düşünmüşəm. Hətta İrma özü də bu barədə mənə danışıb. Ancaq onun vəziyyəti haqqında nə bilirəm? Yalnız onun da, İrmanı yuxuda gördüyüm kimi, boğazının isterik sıxılmasından əziyyət çəkdiyini. Beləliklə, yuxugörmə mənim pasiyentimi onun rəfiqəsi ilə əvəz edib. Daha sonra yadıma düşür ki, onun rəfiqəsinin də xəstəlik simptomlarından xilas olmaq üçün mənə müraciət edə biləcəyi barədə tez-tez düşünmüşəm.
Ancaq bunu inandırıcı saymamışam, çünki onun son dərəcə gizli təbiəti var. Başqa bir izahat bunun ona lazım olmadığı mənasına gələ bilərdi, çünki o həqiqətən hələ də hər cür kənar yardım olmadan da özünü çox gözəl idarə edir. Lakin həm İrmaya, həm də rəfiqəsinə uyğun gəlməyən bir neçə detal qalır: solğunluq, şişkin görünüş, protez dişlər. Protez dişlər məni yuxarıda xatırladığım qulluqçunun üzərində dayanmağa sövq edir; mən pis dişlər izahatıyla kifayətlənməyə meyilliyəm. Ancaq birdən bu detalların aid ola biləcəyi başqa bir qadını xatırlayıram. Mən onu da müalicə edirəm, ancaq onun pasiyentim olmasını istəmirəm, çünki məndən utandığını hiss etmişəm, ona görə də, müalicə etmək çətin olacaq. O adətən çox solğun və bəzən sifəti şişkin olur. İndiyədək izahı olmayan qarın ağrısını da həmin üçüncü şəxsə aid etmək olar. Söhbət, əlbəttə ki, mənim arvadımdan gedir: qarın ağrısı mənə onun qorxduğu bir hadisəni xatırladır. Etiraf etməliyəm ki, mən bu yuxugörmədə arvadıma və İrmaya o qədər də nəzakətli yanaşmıram, ancaq onları yaxşı və sözəbaxan pasiyent idealı ilə müqayisə etməyim faktı üzrxahlıq anlamına gələ bilər. Beləliklə, mən öz pasiyentim İrmanı müalicəyə eyni dərəcədə müqavimət göstərə biləcək iki başqa qadınla müqayisə etdim. Bəs niyə yuxuda onu rəfiqəsi ilə qarışdırmışam? Bəlkə bu dəyişikliyi bilərəkdən etmişəm. Bəlkə, İrmanın rəfiqəsi məndə daha çox rəğbət doğurur, yaxud onun intellektuallığı haqda daha yüksək fikirdəyəm. Məsələ burasındadır ki, mən İrmanı ağıllı qadın saymıram, çünki o mənim müalicəmdən razı qalmayıb. O biri özünü daha ağıllı aparar və yəqin ki, mənimlə razılaşar. Ağız hər halda açılır, o mənə İrmadan daha çox şey danışardı. Hiss edirəm ki, yuxunun bu hissəsinin yozumu gizli mənanı tam açmaq üçün yetərli deyil. Əgər üç qadını müqayisə etməyə başlasam, onda mətləbdən çox yayınaram. Hər bir yuxugörmədə həqiqətən naməlum qalan ən azı bir yer olur: bu yuxugörməni məchulla bağlayan göbəkbağıdır. Mən boğazda nə görürəm: ağ ləkə və boz qabıqla örtülmüş burun boşluğu.
Ağ ləkə mənə difteriti, eyni zamanda İrmanın rəfiqəsini, bundan başqa iki yaşını keçmiş qızımın ağır xəstəliyini və həmin dövrün bütün dəhşətlərini xatırladır. O zaman mən burun boşluğunun xoşagəlməz şəkildə şişməsinə görə tez-tez kokaindən istifadə edir və bir neçə gün əvvəl eşitmişdim ki, pasiyentlərimin birinin burnunun selikli qişası kokaindən nekroz (orqanizmdə hüceyrələrin bir qrupunun, orqanın və ya onun bir hissəsinin ölməsi) olub. 1885-ci ildə kokainlə bağlı apardığım araşdırmadan sonra ağır qınaqlara məruz qalmışdım. 1895-ci ildə yaxın bir dostum kokaindən sui-istifadə etməsi nəticəsində ölümünü tezləşdirmişdi33.
Tez doktor M.-i çağırıram və o mənim müayinəmi təkrarlayır.
Bu doktor M.-in bizim tərəflərdə malik olduğu reputasiyası baxımından tamamilə təbiidir.
Bu mənə kədərli bir hadisəni xatırladır. Bir dəfə o vaxtlar ziyansız hesab olunan preparatlardan (sulfanol) birini ardıcıl yazmağım nəticəsində qadın xəstələrimdən birində ağır intoksikasiya (zəhərlənmə) yaranmış, o da kömək üçün tələsik daha yaşlı və təcrübəli həmkarıma müraciət etmişdi. Bu hadisəni xatırlamağım başqa bir halla da təsdiqlənir. İntoksikasiya olan xəstə mənim böyük qızımın adaşı idi. İndiyədək bu heç ağlıma gəlməyib. İndisə bu mənə özünəməxsus məşum bir təsadüf kimi görünür, burada sanki şəxslərin əvəzlənməsi davam edir. Bu, bir Matildanın yerinə digər Matildadır. Mənə elə gəlir ki, həkim vicdanımın yetərsizliyinə görə qınağa tuş gələcəyim mümkün halı axtarıram.
Doktor M. solğundur, saqqalsızdır və axsayır.
Doktor M.-in görkəmi doğrudan da son zamanlar onun dostlarını narahat edirdi. Digər iki cizgini başqalarına aid etmək lazım gəlir. Mən xaricdə yaşayan böyük qardaşımı xatırlayıram: onun saqqalı yoxdur və yuxuda gördüyüm doktor M.-ə çox oxşayır. Bir neçə gün qabaq ondan məktub gəlmişdi, yazırdı ki, ayağı ağrıyır və axsayır. Yuxuda iki şəxsin bir-birinə qarışmasının xüsusi səbəbi vardır. Hər ikisi bu yaxınlarda onlara etdiyim təklifi təxirə salmışdılar.
Həmkarım Otto xəstənin yanında dayanıb, həmkarım Leopold isə onu müayinə edir və sol ağ ciyərindəki zəifləməni göstərir.
Həmkarım Leopold da həkimdir və Ottonun qohumudur. Onlar hər ikisi taleyin hökmüylə eyni ixtisası seçərək rəqib olublar. Onları daim bir-biriylə müqayisə edirlər. Hər ikisi bir neçə dəfə mənim assistentlərim olublar, o vaxt mən əsəb xəstəsi olan uşaqlara yardım işinə baxırdım.
Yuxuda gördüyümə bənzər səhnələrlə tez-tez qarşılaşırdım. Otto ilə bir diaqnoz üstündə mübahisəmiz düşəndə Leopold pasiyenti yenidən müayinə edir və mənim rəyimin xeyrinə gözlənilməz sübutlar gətirirdi. Onların arasında inspektor Breziq və dostu Karl arasında olduğu kimi, xarakter etibarilə də fərq vardı. Yuxuda Ottonu ehtiyatlı Leopoldla müqayisə edərək, aydındır ki, mən ikinciyə üstünlük vermişəm. Bu yuxarıda qeyd etdiyimi müqayisənin eynisidir: sözə baxmayan pasiyent İrma və onun daha üzüyola rəfiqəsi. İndi mən həmçinin yuxugörmədəki fikir bağlarının hərəkət etdiyi yollardan birini görürəm: xəstə uşaqdan uşaq xəstəlikləri institutuna doğru. Sol ağ ciyərdəki zəifləmə məndə elə bir təəssürat yaradır ki, sanki bu, Leopoldun öz ehtiyatlılığı ilə məni heyrətləndirdiyi hadisənin bütün təfərrüatlarıyla üst-üstə düşür. Bundan başqa, ağlıma metastaz (xəstəlik törədicilərinin qan və ya limfalar vasitəsilə bədənin başqa yerlərinə yayılması) kimi bir şey gəlir, lakin o, İrmanın yerində olmasını istədiyim pasiyentə daha çox uyğun gəlir. Başa düşdüyüm qədərilə həmin pasiyent bunu imitasiya edir.
Sol çiyində infltrasiya.
Əminəm ki, bu mənim hər dəfə gecə yuxuya gedə bilməyəndə çiynimdə hiss etdiyim öz revmatizmimdir. Bu mənada yuxugörmədəki söz mənə qüvvət verir: əynindəki paltara baxmayaraq, bunu mən də onun kimi hiss edirəm. Bununla demək istəyirəm ki, bunu öz bədənimdə də hiss edirəm. Yəni «infiltrasiya olunmuş sahə»nin mənası mənə qəribə gəlir. Biz adətən «soldan arxadan və yuxarıdan» deyirik; bu təyinat ağ ciyərə aiddir və bununla yenə də vərəmə işarə edir.
Əynindəki paltara baxmayaraq.
Yəqin ki, bu, sadəcə, haşiyədir. Uşaq xəstəlikləri institutunda biz uşaqları, əlbəttə, soyundurub müayinə edirik; bu, yaşlı pasiyentlərin müayinəsinə zidd bir şeydir. Tanınmış bir klinisist (klinikada işləyən və praktiki həkimlikdən əlavə elmi müşahidə və tədqiqatla məşğul olan həkim) haqqında danışırdılar ki, o öz pasiyentlərini yalnız paltarlarının üstündən fizikal müayinədən keçirirmiş. Sonrası mənimçün aydındır; mən açıq şəkildə deyirəm ki, çox böyük təfərrüatlara girmək istəmirəm34.
Doktor M. deyir: «Bu, infeksiyadır, ancaq eybi yoxdur. Dizenteriya olacaq və zəhər gəlib töküləcək».
Bu əvvəlcə mənə gülməli gəlir, ancaq yerdə qalan digər şeylər kimi, bunu da analiz edirəm. Diqqətlə nəzərdən keçirdikdə bunun da öz mənası var. Pasiyent qadını müayinə edərkən onda lokal difterit aşkar etmişdim. Qızımın xəstəliyi zamanı, yadımdadır ki, difterit və difteriya ilə bağlı mübahisə aparırdım35. Difteriya lokal difteritdən törəyən ümumi infeksiyadır. Leopold da metastazın varlığını güman etməyə vadar edən zəifləməyə işarə edərək həmin infeksiyadan danışır. Onlar mənə daha çox piyemiyanı (bədənin müxtəlif yerlərində irinliklər əmələ gəlməsi) xatırladır.
Ancaq eybi yoxdur. Bu təsəllidir. Zənnimcə, onun mənası budur: yuxugörmə onu göstərir ki, pasiyentin ağrıları ağır üzvi xəstəlikdən qaynaqlanır. Mənə elə gəlir ki, bununla da bütün məsuliyyəti üzərimdən atmaq istəyirəm. Psixi müalicə üsulu difteritə görə cavabdehlik daşımır.
Buna baxmayaraq, özümü təmizə çıxarmaq üçün belə ağır bir xəstəliyi İrmaya yüklədiyimə görə özümü naqolay hiss edirəm. Bu, böyük qəddarlıqdır. Beləliklə, mənə müsbət nəticəyə əmin olduğumu ifadə etmək lazımdır, odur ki, bu təsəllini olduqca uğurla doktor M.-in ağzına qoyuram. Burada mən, necə deyərlər, yuxugörmənin fövqünə yüksəlirəm, ancaq bu da xüsusi izahat tələb edir.
Lakin niyə bu təsəlli bu qədər absurddur?
Dizenteriya. Mən xəstə maddələrin bağırsaq vasitəsilə ifraz olunduğu barədə nəzəri müddəa ilə tanışam. Bəlkə də, mən buradakı həddən artıq uzun izahatlara, doktor M.-in qəribə patoloji birləşdirmələrinə gülürəm. Lakin dizenteriya ilə bağlı başqa bir şey də xatırlayıram. Bir neçə ay bundan öncə kifayət qədər özünəməxsus mədə ağrısından əziyyət çəkən cavan bir oğlanı müalicə edirdim. Digər həmkarlarım bu hadisəni «zəif qidalanma ilə bağlı anemiya» kimi qiymətləndirirdilər. Mən bu xəstəliyin isterik mənşəli olduğunu müəyyənləşdirdim, ancaq ona psixoterapiya tətbiq etmək istəmədim və xəstəni dəniz səyahətinə göndərdim. Bir neçə gün bundan qabaq ondan həyəcanlı bir məktub aldım; o, Misirdən yazır və ağır tutmaları olduğunu bildirirdi. Həkim onda dizenteriya aşkar etmişdi. Mən bu diaqnozun isteriyanı ciddi üzvi xəstəliklə səhv salan təcrübəsiz həmkarımın səhvi olduğuna əmin olsam da, pasiyentimin isteriya ilə yanaşı orqanik xəstəliyə tutulmasına imkan verdiyimə görə özümü qınamaya da bilmirdim.
Bundan əlavə, difterit difteriyaya bənzər səslənir; ancaq yuxugörmə zamanı sonuncunun adı çəkilmir.
Bəli, yəqin ki, mən təskinedici proqnoz verərək, doktor M.-ə rişxənd etmək istəyirəm: dizenteriya olacaq və sairə. Bir neçə ilə bundan qabaq onun mənə bir həmkarımız barədə analoji hadisə danışdığını xatırlayıram. Həmin həmkarımız onu ağır bir xəstənin üstünə konsultasiyaya çağırıbmış. O, pasiyentin sidiyində zülal tapdığını söyləməyi özünə borc bilib. Həmkar karıxmadan sakitcə bildirib: Bunun əhəmiyyəti yoxdur, həmkar, zülal gəlib töküləcək. Beləliklə, şübhə yoxdur ki, yuxugörmənin bu hissəsində isteriyanı yaxşı bilməyən həmkara qarşı istehza var. Sanki bunun təsdiqi olaraq ortaya belə bir fikir çıxır ki, doktor M. İrmanın rəfiqəsində müşahidə olunan və vərəmin varlığından ehtiyatlanmağa vadar edən halın isteriyaya aid olunmamalı olduğunu bilirmi? O bu isteriyanı müəyyən edibmi, ya da ona baxıbmı? Həmkarıma bu cür axmaq münasibət bəsləməyim üçün hansı motivlərim ola bilər? Bu çox sadədir: doktor M.
də İrma kimi mənim psixoanalitik «çözümümlə» tam razı deyil. Beləliklə, mən bu yuxugörmədə iki şəxsdən qisas almışam: İrmadan «əgər ağrıların varsa, buna görə günah özündədir» sözlərilə, doktor M.-dən isə bu dərəcədə absurd təsəllini onun ağzından səsləndirməklə.
Biz bu infeksiyanın haradan qaynaqlandığını dərhal anlayırıq.
Yuxugörmədəki bu birbaşa bilgi çox qəribədir. Axı bir az əvvəl bunu bilmirdik və infeksiya barədə ilk dəfə Leopold məlumat verdi.
Pasiyent özünü pis hiss edəndə həmkarım Otto ona iynə vurub. Otto doğrudan da danışırdı ki, İrmanın ailəsində olarkən onu qəflətən qonşuya çağırıblar və orada qəflətən özünü pis hiss edən bir xanıma iynə vurub. İynə mənə kokaindən zəhərlənən bədbəxt dostumu xatırladır. Mən bu vasitəni ona daxilə qəbul etmək üçün yazmışdım; o isə öz-özünə iynə vurub.
Propila preparatı… propilen… propilen turşusu.
Bu niyə ağlıma gəlib? Xəstəlik tarixçəsini yazdığım o axşam arvadım etiketində «ananas»
yazılan bir şüşə likör açmışdı. «Ananas» sözü mənə olduqca qəribə şəkildə pasiyentim İrmanın soyadını xatırladır. Bu mənada yuxugörməni uzaqgörən adlandırmaq olmaz. Digər məsələdə yuxugörmə haqlıdır, çünki pasiyentimin «çözülməmiş», eyni zamanda günahını boynuma götürmək istəmədiyim mədə ağrıları öd kisəsi daşlarından çəkiləcək ciddi ağrılardan xəbər verirdi. Likörü bizə həmkarım Otto bağışlamışdı; onun hər cür münasibətlə hədiyyələr vermək adəti vardı. Yəqin ki, arvadı bunu ona haçansa tərgidəcək. Likördən təmizlənməmiş araq qoxusu gəldiyindən dadına baxmadım. Arvadım şüşəni xidmətçilərə vermək istəyirdi, ancaq icazə vermədim ki, zəhərlənə bilərlər. Arağın iyi (amil…), yəqin ki, məndə bir sıra xatirələr oyadıb: propil, metil və s. Lakin yuxugörmə dəyişiklik aparıb: mən propili amilin qoxusunu hiss etdikdən sonra yuxuda görmüşəm, ancaq belə yerdəyişmələr hətta üzvi kimyada da mümkündür.
Trimetilamin36. Bu maddənin kimyəvi formulu gözlərim qarşısında açıq-aydın canlandı, bu bütün hallarda yaddaşımın son dərəcə gərildiyini sübut edir, çünki formul kontekstdən çıxarılmış xüsusilə mühüm bir şey kimi yağlı hərflərlə yazılmışdı. Bu nəyə lazımdır, bu Trimetilamin məni nəyə xüsusi diqqət yetirməyə sövq edir? Uzun illər işlərimdən daim xəbərdar olan bir dostumla söhbətim yadıma düşür. O vaxt o mənə seksual kimya sahəsində apardığı tədqiqat haqda danışmışdı və sözarası demişdi ki, trimetilamində seksual maddələr mübadiləsi məhsullarından biri mövcuddur. Beləliklə, bu maddə məni seksuallığa, əsəb xəstəliklərinin yaranmasında böyük əhəmiyyət verdiyim məqama aparır. Pasiyentim İrma gənc dul qadındır; əgər mən müalicəmin uğursuzluğuna bəraət qazandırmağa çalışsam, onun yaxın dostlarının dəyişmək istədikləri məqama istinad etməyim daha məqsədəuyğun olar. Yuxugörmənin necə də qəribə hörmələri var! Yuxuda İrmanın əvəzinə pasiyentim olmasını istədiyim digər qadın da gənc və duldur.
Yuxuda trimetilamini niyə belə aydın görməyimi artıq anlamağa başlayıram. Bu kimyəvi terminin son dərəcə böyük əhəmiyyəti var: Trimetilamin yalnız seksuallığın mühüm əhəmiyyətini göstərmir, həm də baxışlarımda özümü yalqız hiss etdiyim zaman məmnuniyyətlə xatırladığım bir adamı yada salır. Yəni həyatımda bu qədər mühüm rol oynayan həmkarım yuxugörmənin sonrakı gedişatına heç bir təsir göstərmir? Mən səhv etmirəm: o, rinologiya (tibb elminin burun xəstəliklərindən bəhs edən şöbəsi) üzrə mütəxəssisdir. Burun boşluğu ilə qadın cinsi orqanının qarşılıqlı əlaqəsi onu çox maraqlandırırdı (İrmanın boğazında üç qəribə şiş). Mən İrmanı müayinə etmək üçün ona verdim, düşünürdüm ki, mədəsindəki ağrılar burun xəstəliyi ilə bağlı ola bilər.
Ancaq onun özünün burnundan irin gəlir; sonuncu məni həm də yəqin ki, piemiya baxımından da narahat edir, yuxuda onu metastaz kimi qəbul edirəm.
Belə iynəni düşünmədən vurmaq olmaz. Düşüncəsizlikdə bilavasitə həmkarım Ottonu qınayıram. Mənə elə gəlir ki, həmin gün Otto sözləri və baxışlarıyla mənə öz narazılığını ifadə edərkən belə bir şey düşünmüşəm. Fikir, çox güman ki, belə olub: o, çox tez təsirə düşür, öz mühakimələrində tələskənliyə yol verir. Bundan başqa, düşüncəsizlik (yelbeyinlik) qınağı özünə kokain vurmuş mərhum dostumu yadıma salır. Yuxarıda qeyd etdiyim kimi, bu preparatı ona verərkən iynə kimi istifadə olunmasını nəzərdə tutmamışdım. Həmkarım Ottonu təhlükəli kimyəvi maddə ilə düşünmədən rəftar etməkdə qınamağım onu göstərir ki, məni analoji şəkildə qınaya biləcək bədbəxt Matilda ilə bağlı hadisəni yenidən xatırlamışam. Görünür, mən burada öz vicdanlılığımı sübut etməyə çalışır, ancaq bununla yanaşı əksini isbat edirəm.
Çox güman ki, şpris təmiz olmayıb. Həmkarım Ottoya qarşı yeni qınaq, lakin bunun başqa əsasları var. Dünən təsadüfən gündə iki dəfə morfi vurduğum 82 yaşlı xanımın oğluna rast gəldim. Qadın bağda yaşayır və eşitdim ki, venaları soyuqlayıb. Dərhal düşündüm ki, bəlkə də, bunun səbəbi şprisin çirkli olması olub. Mən iki il ərzində vurduğum iynələrin yalnız xeyir gətirməsiylə fəxr edirəm; çünki həmişə şprisin təmiz olmasının qayğısına qalıram. Venaların soyuqlamasından xəyalən hamilə olarkən vena trombozundan (damarlarda qan laxtası əmələ gəlməsi) əziyyət çəkən arvadıma keçirəm. Yaddaşımda üç analoji situasiya ortaya çıxır: arvadım, İrma və mərhum Matilda, aydındır ki, onların oxşarlığı mənə yuxuda üç şəxsi bir-birinə qarışdırmağa haqq verib.
Mən yuxunu yozub qurtardım. Aydın məsələdir ki, yozum işini yerinə yetirərkən ağlıma gələnlərin hamısını demədim. Analiz zamanı mən yuxugörmənin məzmunu ilə onun arxasındakı gizli məna arasında tutuşdurmadan alınan bütün fikirləri söyləməyə çalışdım. Yuxugörmədə gerçəkləşən bütün arzu və niyyətlərimi, aydındır ki, sonuncunun motivləri əsasında baş verənləri qeyd etdim. Yuxugörmə sonuncu axşamın hadisələri nəticəsində (Ottonun məlumatı və xəstəlik tarixçəsinin tərtib olunması) məndə yaranan bir neçə arzunu gerçəkləşdirir. Yuxugörmənin nəticəsi: İrmanın davam etməkdə olan xəstəliyində mənim günahım yoxdur, günahkar Ottodur.
Otto İrmanı yaxşı müalicə etməməyimə eyham vurmaqla məni əsəbiləşdirdi. Yuxum eyni qınağı Ottoya yönəltməklə mənim heyfimi ondan çıxdı. Yuxugörmə İrmanın özünü pis hiss etməsini başqa məqamlarla əlaqələndirərək (birdən-birə bir yığın əsas) məni məsuliyyətdən azad etdi. O mənim arzu etdiyim situasiyanı yaratdı; beləliklə, onun məzmunu arzunun həyata keçməsi oldu, onun motivi arzudur.
Buna şübhə yoxdur. Lakin yuxugörmənin bəzi detalları arzunun gerçəkləşməsi baxımından aydın deyil. Mən Ottodan yalnız mənim müalicəmlə bağlı tələsik mühakimə yürütdüyünə görə ehtiyatsız iynə vurmağı onun ayağına yazmaqla deyil, həm də təmizlənməmiş araq iyi verən likörə görə intiqam alıram. Yuxugörmədə iki qınaq propila, propilen preparatı iynəsində birləşir. Lakin mən hələ də məmnun qalmamışam və ona qarşı daha bacarıqlı rəqib çıxararaq qisasımı davam etdirirəm. Bununla, görünür demək istəyirəm ki, o mənimçün səndən yaxşıdır. Ancaq mənim pərtliyimi və qisasımı təkcə Otto hiss etmir. Mən öz tərs pasiyentimi ağıllı və itaətkar biriylə əvəz etməklə ondan da qisas alıram. Mən doktor M.-in məzəmmətini də bağışlamıram və fikrimi ona kifayət qədər şəffaf formada çatdırıram ki, bu məsələlərdə yetərincə məlumatsızdır («dizenteriya olacaq» və s.). Mənə hətta elə gəlir ki, daha yaxşı bilən birinə (mənə trimetilamin haqqında xəbər verən dostuma) şikayət edirəm, İrmadan onun rəfiqəsinə, Ottodan Leopolda keçirəm. Bu şəxsləri mənim yanımdan aparın, onları mənim seçimim əsasında başqa üç nəfərlə əvəz edin, onda mən qətiyyən layiq olmadığım qınaqlardan yaxa qurtaracağam. Bu qınaqların əsassızlığı yuxuda olduqca parlaq şəkildə üzə çıxır. İrmanın xəstəliyində mənim günahım yoxdur: o özü mənim «qərarımı» qəbul etmədiyi üçün günahkardır. Onun xəstəliyinin mənə dəxli yoxdur, bu xəstəlik üzvi xarakterlidir və psixoterapevtik müalicəyə cavab vermir.
Onun əzabları tam şəkildə dulluğu ilə izah olunur (trimetilamin), aydındır ki, mən bunu dəyişə bilmərəm. Onların səbəbi ehtiyatsız vurulmuş iynədir; Otto ona mənim heç vaxt istifadə etmədiyim maddə vurub. İrmanın xəstəliyində çirkli şprislə vurulmuş iynə günahkardır, mənim yaşlı pasiyentimin venalarının soyuqlamasına da eyni hal səbəb olmuşdu. Lakin mən hiss edirəm ki, İrmanın xəstəliyi ilə bağlı mənə bəraət qazandıran izahatlar bir-birinə uyğun gəlmir, əksinə bir-birini istisna edir. Bütün bu dolaşıqlıq (zatən bu yuxugörmə başqa bir şey deyil) mənə çox aydın şəkildə bir adamın özünə haqq qazandırmasını xatırladır, həmin adam qonşusunu ondan aldığı qazanı yararsız halda geri qaytarmaqda suçlayırdı. Birincisi, o, qazanı sağ-salamat qaytarmışdı; ikincisi, o, qazanı alanda artıq deşik imiş, üçüncüsü isə o ümumiyyətlə qazan-filan almayıb. Lap yaxşı: əgər bu dəlillərdən biri ədalətli olsa, bu adama bəraət vermək lazımdır.
Yuxugörmədə başqa elementlər də var ki, onların mənim bəraətimlə bağlılığı açıq-aydındır: qızımın və onun adaşı olan pasiyentimin xəstəliyi, kokainin zərəri, Misirə səfər edən pasiyentimin xəstəliyi, arvadımın sağlamlığıyla bağlı qayğılar, qardaşım, doktor M., mənim şəxsi xəstəliyim, burnundan irin gəlməsindən əziyyət çəkən uzaqdakı dostumla bağlı qayğılar. Əgər mən bunların hamısını bir yerə toplasam, bütün bunların arxasında yalnız özümün və başqalarının sağlamlığının qayğısına qalmağımın gizləndiyini görərəm; həkim vicdanı. Otto İrmanın sağlıq durumu ilə bağlı mənə məlumat verərkən keçirdiyim xoşagəlməz hissi dumanlı şəkildə xatırlayıram. Yuxugörmədə iştirak edən fikirlər dairəsindən mən bu ötəri hissə aşağıdakı ifadəni əlavə edə bilərəm. Mənə elə gəlir ki, sanki o mənə dedi: «Sən öz həkimlik vəzifələrinə yetərincə ciddi yanaşmırsan, sənin vicdanın yetərli deyil, öz vədlərini yerinə yetirmirsən». Bunun ardınca mən nə dərəcədə namuslu olduğumu, doğmalarımın, dostlarımın və pasiyentlərimin sağlamlığının qayğısına necə qaldığımı sübut etmək üçün bütün bu fikirlərdən istifadə edirəm.
Bu fikirlərin arasında nə qədər qəribə olsa da, mənim üzrxahlığımın xeyrindənsə, daha çox dostum Ottoya etdiyim qınağın ədalətli olduğunu bildirən xoşəgəlməz xatirələr də var.
Göründüyü kimi, bütün material qərəzsizdir, ancaq yuxugörmənin əsaslandığı bazisin onun qapalı (İrmanın xəstəliyi ilə bağlı bəraət arzusunun doğduğu) məzmunu ilə əlaqəsi hər halda aydındır.
Mən bu yuxugörmənin mənasını tamamilə açdığımı və onun yozumunun hər hansı boşluqlardan xali olduğunu qətiyyən təsdiqləmirəm.
Mən bu analizi davam etdirə və bir çox xırdalıqları izah edə bilərdim. Mənə hətta elə məqamlar məlumdur ki, onların vasitəsilə müxtəlif assosiasiyaları izləmək olar; lakin öz yuxumun hər cür analizi zamanı labüd olan bir çox mülahizələr bunu etməyə mənə mane olur. Kim ki məni gizlilikdə qınamaq istəyir, ona axıradək səmimi olmağı məsləhət görürəm. Ona görə də, buradan çıxardığım nəticəylə kifayətlənirəm: əgər burada göstərilən yuxuyozma üsulunu izləsək, məlum olur ki, yuxugörmənin həqiqətən mənası var və heç bir halda, müxtəlif müəlliflərin qeyd etdiyi kimi, beyin fəaliyyətinin zəifləməsinin nəticəsi ola bilməz. Bizim həyata keçirdiyimiz yozumlara görə, yuxugörmə arzuların gerçəkləşdirilməsidir.