Bölüm 12. «Feniks» münasibət modeli. Yolun Finalı. Küldən Yenidən Doğuluş

Biz araşdırmamızı tamamlamağa yaxınlaşdıq. Lilitdən Buqələmuna qədər uzanan nevrotik maska labirintindən keçərək sağ qalmanın bitdiyi, həyatın başladığı nöqtəyə çatdıq. Bu, sağlam münasibət modellərinin ərazisidir. Burada insan şəraitin qurbanı ya da reallığın manipulyatoru olmaqdan çıxır. Yaradıcıya çevrilir.

Feniks sadəcə daha bir model deyil. Bu, yetkinlik halıdır. Bu, qoruyucu mexanizmlərin arxasında gizlənmədən səmimi yaşamaq bacarığıdır. Nevrotik modellər yalançı ehtiyaclar üzərində (təhlükəsizlik, hakimiyyət, bəraət) qurulurdusa, Feniks münasibətləri həqiqi dəyərlər üzərində qurur: Səmimilik, Sevgi və Mərhəmət.

Bu, insanın dərk etdiyi səviyyədir: o — öz taleyinin Hökmdarıdır. Dünyanı idarə etdiyi üçün deyil, özünü idarə etdiyi üçün. O artıq Buqələmun kimi rəng dəyişmir. Öz işığı ilə parıldayır.

FENİKS

1. AD VƏ MƏNA

Transkripsiya və Etimologiya: Modelin adı odda yanan və küldən yenilənmiş halda qalxan əfsanəvi Feniks quşundan götürülüb. Konsepsiyamız çərçivəsində bu, psixoloji transformasiyanın rəmzidir. İnsan nevrotik nümunələrini yandırır və yetkin şəxsiyyət kimi yenidən doğulur.

Mifologiyanın məntiqini izləsək, bu, dəyişiklik vasitəsilə ölümsüzlükdür.

Feniks köhnə «Mən»in ölümündən qorxmur, çünki bilir: həyat yeni keyfiyyətdə davam edəcək. Metodika terminologiyasında «Feniks» — xarici uğurun üstündən daxili mənanın prioritetləşdirilməsidir. Bu, insanın kütlənin gözləntisinə deyil, öz mahiyyətindən irəli gəldiyi modeldir.

2. ŞÜAR VƏ İNANCLAR

«Feniks» ruh halında olan insanlar özlərini və ətrafındakıları azad edən düşüncələr yayırlar. Bu modelin xarakterik üç əsas inancı:

«Özümü və başqalarını şərtsiz qəbul edirəm». (Şəxsiyyətin dəyərinin qazanılmasına ehtiyac olmadığına inam).

«Həyatım — mənim seçimimdir». (Öz qərarları və emosiyalarına görə məsuliyyəti dərk etmək).

«Sevgi — əməldir, sövdələşmə deyil». (Qayğının geri dönüş gözləntisi olmadan azad verildiyinin anlaşılması).

3. İNFORMASİYA BLOKU: TARİX, ƏDƏBİYYAT VƏ PSİXOLOGİYA

Adaptasiyadan orijinallığa. Buqələmun uyğunlaşaraq sağ qalır. Feniks yaradaraq yaşayır. Buqələmundan Feniksə keçid — ən çətin mərhələdir. Bu, rahat maskanı atmaq və dünyaya həqiqi simasını göstərmək cəsarəti tələb edir. Bu, insanın «Mənim haqqımda nə düşünəcəklər?» sualını verməyi dayandırıb «Nə hiss edirəm?» soruşmağa başladığı andır.

Humanist psixologiya terminlərində bu, özünüaktuallaşdırmadır. Feniksin bütünlüyü var. Düşüncələri, sözləri və əməlləri üst-üstə düşür. O, gizlətməyə bir şeyi olmadığından daxili münaqişə yaşamır. Onun enerjisi xülyaların saxlanmasına deyil, yaradıcılıq və inkişafa yönəlir.

Xristian aləmində Feniks əbədi həyat rəmzini daşıyır. Odda yanaraq, külə dönür və bir daha yeni ecazkar görünüşə sahib olaraq canlanır. Fars və sufi ənənəsində eyni rəmzi daşıyan Simurq quşuna rast gəlmək olar. Hətta Azərbaycan folklorunda «Məlikməmmədin» nağılını misal gətirə bilərik. Əfsanəvi Zümrüd quşu etimoloji mənada eyni mahiyyəti daşımışdır.

Qədim Misir mifologiyasında Feniks adlanan bu əfsanəvi mistik quşun göz yaşı şəfaverici təsirə malik məlhəm hesab olunurdu. Benu quşu ilə əlaqələndirilən canlı, yenidən doğulan günəş mənasına gəlir. Feniksin küldən doğan əbədi gücə malik olması yetkin şəxsiyyətin sağlam təfəkkürünü təcəssüm etdirir.

Yetkin insan manipulyasiyaya uymayan birisidir. Heç nədən çəkinmədən səmimi münasibətə əhəmiyyət verəndir.

Bir çox mifoloji əfsanələrə görə Feniks quşunun digər personajlardan fərqli olaraq daim hüzur və rahatlıq rəmzi kimi həyata qarşı mərhəmətli olması vurğulanırdı. Əfsanələrin birində Nuh gəmisində, digər canlılardan fərqli olaraq, bir tək Feniks diqqət və qayğı tələb etmədən yalnız şehlə qidalanırdı. Nuh səbəbini soruşanda, Feniks onu narahat etmək istəmədiyini vurğuladı. Bu mərhəmət və zəriflik müqabilində ona əbədi həyat hədiyyəsi verildi. Bu, eqoizmdən azad olmuş şüurlu qayğının rəmzidir.

Feniks barədə bir çox digər əfsanələr də mövcuddur. Qədim Misir, Yunanıstan, Çin və Roma mifologiyasında fərqli ehtimallar olsa da, onları birləşdirən eyni simvolik məna var — ölümdən dönən və yenidən pərvazlanan əfsanəvi varlıq — Feniks. Çin mifologiyasında Feniks (Fənxuan) quşların kralı və qadın başlanğıcı sayılır. Yunan və Roma mifologiyasında isə Feniks özünü odda yandırıb külündən yenidən doğulan bir quş kimi təsvir olunur. Metaforik olaraq Feniks quşunun simasında sağlam münasibətlərin yaranması prosesini seyr edə bilərik.

İnsan nə zaman ki, qəlbində yaratdığı o saxta simaları öldürür və yeni bir qənaətə gəlir ki, «Mən artıq belə istəmirəm. Mən artıq kiməsə kömək etmək istəyirəmsə, ondan əvəzini gözləmək üçün deyil, yalnız onun xoşbəxt olması üçün bunu edirəm» deyirsə, bu insanlar arasında əsl təmiz sevgi bağları yaranmağa başlayır. Əbədi sevgi yalnız bu formada mövcuddur.

Cəmiyyətdə hər bir insan üçün ən vacib və qlobal mövzulardan biri məhz saf sevgi hissləri üzərində qurulan münasibətlərdir. Həyatı boyu insanların bir-biri ilə qeyri-səmimi formada təmas saxlamağının kökündə duran sevgi çatışmazlığı olur. Dünyanın ən qlobal problemləri sayılan, urbanizasiya, demoqrafik böhran, qida çatışmazlığı — bunların hər biri insanın yaşayış tərzinə müəyyən qədər təsir edirsə, sevgi hissləri hər zaman hər kəsə təsir etmiş olur. Bu mövzu ilə bağlı məşhur filosoflar, yazıçılar, rejissorlar, daim insanları maarifləndirməyə çalışır. Bünövrədə bir sistem yox idi deyə, hər kəs yaranmış xoşagəlməz vəziyyətin səbəbini müxtəlif problemlərdə görürdü.

2012-ci ildə Kann Beynəlxalq Kinofestivalında qalib olan filmlər sırasında «Sevgi» («Amour») adlanan film var idi. «Qızıl Palma Budağı» mükafatına layiq görülən film, sonradan «Ən yaxşı xarici dilli film» nominasiyasında Oskar mükafatına da layiq görülmüşdü. Filmin əsas süjetində iki yaşlı insan arasında qayğı və diqqət səhnələri nümayiş olunurdu. Orada göstərilirdi ki, yaşlı qadın insultdan sonra yaranmış hemiplegiyadan (iflic) əziyyət çəkir, bədəninin bəzi hissələri iflic olsa da, yoldaşı şəxsən özü onun qayğısına qalır. Bəzi məqamlarda onunla kobud rəftar etsə də, yenə də özü onun yeməyini verir və diqqət göstərir. İki yaşlı insanın arasında artıq cinsi münasibət yoxdur, artıq dünya malı və maddiyyat onlar üçün maraqlı deyil, amma bir-birinə qarşı ünsiyyət və qayğı hələ də yaşayır. Öz ehtiyaclarını deyil, daha çox qarşı tərəfin hisslərinə və tələbatına əhəmiyyət vermək bu filmdə bütün incəliklə çatdırılır. Rejissor göstərmək istəyib ki, həyatın son anlarında, heç bir digər mənəvi və maddi dəyərlər əhəmiyyətli olmayan anda belə, Sevgi hələ də yaşaya bilər. Bu insanlara xas olan ən böyük bir nemətdir. Bu neməti də insan nə qədər tez dərk edərsə, həyatı boyu bir o qədər tez hüzur və xoşbəxtlik əldə edər.

Münasibət modellərinin hər birinin kökündə duran səbəblər düşüncə tərzindəki xətalara bağlıdırsa, onlar həllini tapmayana kimi insanlar arasında o saf hisslərə yer qalmayacaq. Yanlış ideoloji prinsiplərə arxalanan inanclar, daxili komplekslərin qərarlara təsiri — həmin davranışdakı xətalara gətirib çıxarır. Feniks münasibət modelinin əsas xüsusiyyəti məhz budur ki, insan köhnədən qalan bütün psixoloji baryerləri aşmağa nail olduqdan sonra insanlar arasında yeni, sağlam bağların qurulması üçün zəmin yaranır.

Əgər biz digər nəzəriyyələri yada salsaq görərik ki, «Karpman» üçbucağında Qurban-Aqressor-Xilaskar üç davamlı sürən obrazlar mövcuddur. Lakin hər birində nevrotik düşüncə tərzi və sağlam olmayan münasibət modeli davamlı bir-birini əvəz etdikcə, insan heç cür bu oyundan çıxa bilmir. Bu davranış modellərinin hər birində nevrotik mövqe mövcuddur. Xoş olmayan bir vəziyyətdə insan öz davranışını digər nevrotik davranışla əvəz edir, nəticədə isə sağlam düşüncə modeli formalaşmır. Misal üçün iş mühitində əməkdaşlıq edən insanlar öz aralarında müxtəlif növ problemlər yaşaya bilərlər. Xilaskar mövqeyində olan birisi hər dəfə səhvlər ucbatından problem yaşayan əməkdaşına daim kömək etməyə çalışacaq. Amma bir gün həmin zəif əməkdaş vəzifə pilləsində yüksələrsə, Xilaskarın üçbucaqdakı mövqeyi dəyişə bilər. Ondan hər hansı bir soyuqluq gördüyü halda, «Deyəsən, vəzifəni qaldırıblar artıq bizi saymırsan» kimi zarafatla ona qarşı aqressiya hiss edə bilər. Bundan sonra ona qarşı Xilaskar deyil, Aqressor olaraq davranmağa başlayacaq. Onu bu cür davranmağa sövq edən nevrotik düşüncə tərzidir.

Erik Bernin Tranzakt analizi nəzəriyyəsində Uşaq-Valideyn-Yetkin Eqo vəziyyətlərində yalnız «Yetkin» münasibət çərçivəsində yetkin təfəkkürə malik xüsusiyyətlər açıqlanır. Bu xüsusiyyətlərin dərk edilməsi insanın davranışının dəyişdirilməsi üçün bir psixoterapevtik alət olduğu sayılır. Lakin dəyişikliyin baş verməsi üçün dərk etmə kifayət etmir. Bu qərarın qəbulundan sonra, istəklərin reallaşması üzərində ayrıca iş prosesini başlamaq lazım gəlir.

Sağlam psixoloji portretin xüsusiyyətləri bir çox nəzəriyyələrdə qeyd olunub. Eləcə də Adlerin nəzəriyyəsində psixoloji komplekslərdən əziyyət çəkən şəxs illərlə kompleksini kompensasiya etməyə sərf etsə də, heç bir zaman özünü tamamlanmış xoşbəxt şəxs kimi hiss edə bilməz. Yalnız kompleksləri dərk etdikdən sonra onların sövq etdiyi istiqamətdən imtina etməklə, onu xoşbəxt edən həyat tərzinə sahib ola bilər qeyd edilir.

Bütün bu nəzəriyyələrdən yetkin təfəkkürün sağlam mövqeyini dərk etsək də, həyat ssenarisində münasibət modelləri nə cür cərəyan etməlidir, tam açıqlanmır. Şərti olaraq müəyyən məqamda yetkin insan nə cür hərəkət etməlidir mənasında deyil, davamlı həyat mövqeyi nə cür olmalıdır? Şəxsi həyatda, işgüzar mühitdə dostlarına, rəhbərliyə qarşı, sevgilisinə, uşağa, heyvanlara, planetimizdə olan istənilən canlıya qarşı, cəmiyyətdə baş verən hadisələrə qarşı Yetkin insanın sabit münasibət modeli, dayanıqlı formada nə cür olmalıdır? Hətta aqressiv bir insana qarşı nə cür münasibət göstərmək lazımdır ki, onun aqressiyası artmadan azalmağa doğru getsin. Yetkin təfəkkür başqalarında baş verən qeyri-adekvat davranışın səbəblərini dərk etməklə onunla münaqişəyə girmir.

Nədir sənin qəzəbinə səbəb olan? Mən nə etdim ki, sən bu qədər hirslisən, açıq deyə bilərsən və biz birlikdə bu problemi həll edərik.

Yetkin insan...

Nə baş verməlidir ki, Buqələmun Feniksə çevrilsin?

Bu suala cavab tapmaq üçün tarixə nəzər salaq. Tarixin müxtəlif dövrlərində «Buqələmun» birdən-birə hər şeyi kənara atıb «Feniksə» çevrildiyi halda tarixi şəxsiyyət formalaşıb. Tarixdə bu liderlər müxtəlif sahələrdə olub. İstənilən sahədə bu insanların davranışında oxşar stereotiplər görə bilərik. İndiyə kimi öyrəndiklərini kənara ataraq yeni bir şəxsiyyət, yeni bir tərz, yeni bir missiya arxasınca gediblər.

Miyamoto Musaşi — XVI–XVII əsrlərdə yaşamış yapon samurayı vaxtilə qılınc ilə döyüş növlərini mükəmməl səviyyədə öyrənirdi. Deyilənə görə, Yaponiyada ondan yaxşı qılınc ustadı yox idi. Hətta buna baxmayaraq, hər samuray özünə borc bilirdi ki, öz döyüş məktəbini mükəmməl formada təsdiq etmək üçün Miyamoto Musaşi ilə döyüşə çıxsın. O dövrlərdə iki samuray döyüşürdüsə, qalibiyyətin nəticəsi olaraq ikisindən biri ölüm hökmü qazanmalı idi. Təbii ki, Miyamoto Musaşi hər dəfə qalib gəlirdisə, məğlub olanı mütləq öldürməli idi. Onun dövründə belə çağırışlar çox olurdu. Hər zaman da qalib gəlirdi, heç bir zaman uduzmurdu. Ona görə də qılınc ilə döyüş növünə görə onun məktəbi ən güclü hesab olunurdu. İki qılıncı eyni vaxtda idarə etmək ustadlığını Miyamoto Musaşi təmsil etmişdi. Baxmayaraq ki, o dövrlərin ən nüfuzlu məktəbi sayılsa da, yenə də tarixdə adının səslənməsi üçün yetərli deyildi. Nə baş verməli idi ki, insanın düşüncəsində və həyat tərzində ciddi dəyişiklik olsun?

Hesab edin ki, Buqələmunun Feniksə çevrilməsi üçün düşüncədə inqilab baş verməlidir. Koqnitiv səviyyədə dəyişikliyi müəyyən etmək üçün yapon samurayının həyatında əks olunan bu tarixi anı araşdıraq.

Bir gün Miyamoto Musaşi qayıqla balıq tutmağa çıxmışdı. Təbii ki, qılıncları da yanında deyildi. Dəniz kənarına qayıdanda görür ki, iki samuray onun qarşısına çıxaraq, üzərinə hücum etməyə çalışır. Rəqib məktəbin samurayları, onun silahsız olmasını görərək, yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışdılar. Çünki döyüş ustadının qətlə yetirilməsi bütün el-aləmə tarixi qalibiyyət kimi yayılacaqdı. Əlində qılınc olmasa da, Miyamoto Musaşi qayığın avarı ilə döyüşü qəbul edərək onlara müqavimət göstərməyə çalışdı. Döyüş zamanı onun diqqəti çəkən nə idi? Hərəkət texnikalarının qılıncla heç bir əlaqəsi yoxdur. Hücum edənə qarşı mübarizə aparmaq üçün əlində qılınc olmasa belə, düzgün mövqeyi seçərsənsə, zərər çəkmədən döyüşə qalib gələ bilərsən. O, döyüşə qalib gəldikdən sonra, başa düşdü ki, onun ustadlığı qılıncla əlaqəli deyildi. Heç bir qılınc olmadan da, ustad, döyüş növünü və qaydaları bilirsə, daxilindəki qüvvə və özünü idarəetmə daha vacibdir, nəinki əlindəki silah.

Məhz bu kəşfdən sonra Miyamoto Musaşi yeni bir döyüş məktəbi açdı. Qalibiyyəti silahın deyil, ruhun ustalığının gətirdiyi məktəbin yaradılması Yaponiyada yeni bir fəlsəfəyə səbəb oldu. Artıq hər kəs bilirdi ki, qeyri-adi bir silah hazırlamaqdansa, döyüş ustadlığını daha yüksək səviyyədə mənimsəmək, öz diqqətinin idarəedilməsi daha yüksək nəticə verə bilər, nəinki hansısa bir silahın və texnikanın mənimsəməsi. Miyamoto Musaşi Yaponiyanın samuray məktəbləri arasında inqilabi bir yenilik gətirdi və ən məşhur şəxslərdən birinə çevrildi. Miyamoto Musaşini bu gün tək Yaponiyada deyil, bütün dünyada rəssam və filosof kimi də tanıyırlar. Tarixi şəxsiyyət olaraq əsrlərlə yadda qalması məhz bütün öyrəndiklərini kənara atdıqdan sonra baş verdi. Burada söhbət bilik və bacarıqdan getmir. İllərlə düşüncəsində daşıdığı informasiya, günün birində tam fərqli anlayışla əvəz olunursa, düşüncə tərzində dəyişik bir vəziyyət yaranır. Təfəkküründə bütün yanaşma sıfıra enirsə, təməlində yeni bir dəst-xətt yaranır.

Həqiqətin kəlməsi vurur, kəsir,
Gecənin qaranlığında şimşək tək,
Polad qılıncdan da iti, sərt —
Maskasını qoparır, üzünü açır,
Yalanın ölü xəyalını üzə çıxarır.

Oda tutub yandıraraq,

Kül edərək keçmişini,

Ruhun toxumunu verir niyyət,

Günəş kimi doğularaq,

Yaradılır Yeni Şəxsiyyət.

(Miyamoto Musaşinin ruhunda)

Bu fikirlərdə ifadə olunan məna da, psixologiyanın təməlində duran koqnitiv səviyyədə baş verən dəyişiklikləri göstərir. Bir çox siyasətçilər, lider ruhlu insanlar, illərdir qəlbində daşıdığı problemlərin həlli üçün, xalqın sevgisinə nail olmaq üçün, birinci özünü dərk etməli olurlar.

«Mən, bir siyasətçi kimi ayrı-ayrı insanları qane etmək istəmirəm. Mən, daha böyük bir sərvət vermək istəyirəm, tarixdə qalan bir inqilabi dəyişiklik etmək istəyirəm.» İnsan bunu dərk edərsə, hətta illərdir bu missiyasını qəlbində daşıya bilər. Amma o missiyanı elan edəndə və onu reallaşdırmaq istəyəndə hamı onu daha da dərindən sevməyə başlayır. Yetkin şəxsiyyət olaraq bu münasibət modelinin daşıyıcısı, cəmiyyətdə öz statusu ilə insanların rəğbətini qazana biləcək şəxsiyyət olaraq ətrafına çoxsaylı davamçılarını toplaya bilir. Öz missiyası yolunda əldə olunan hər bir qalibiyyət, hər bir uğurun əks-sədası bütün dünyaya yayılır. Bu həm dini, həm siyasi, həm də incəsənət xadimlərində tez-tez rast gəlinən haldır. Şəxsiyyət kimi özünü reallaşdıra bilən insanlar tarixə öz adını qızıl hərflərlə yaza biləcək qüvvəyə malikdirlər.

FENİKSİN ÜÇ DAYAĞI.

Səmimilik. Feniks özünə və başqalarına yalan danışmır. Xəta və zəifliklərini utanc hiss etmədən etiraf edir. Bu ona böyük güc verir, çünki dürüstlük manipulyasiyanı tərksilah edir.

Sevgi. Bu, nevrotik bağlılıq (Məşuqə kimi) deyil, fədakarlıq da deyil (Sinderella kimi). Bu, başqasında şəxsiyyəti görmək və onun azadlığına hörmət etmək bacarığıdır.

Mərhəmət. Bu, empatiyanın ali formasıdır. Feniks kömək edir, borclu olduğuna görə deyil, ona görə ki, bacarır. Nuhun gəmisindəki quş kimi, məcburi köməyin həddini hiss edir.

Feniks Məktəbi. Metodologiyada təsvir edilir ki, Feniksə aparan yol çox vaxt icma vasitəsilə keçir. İnsan vakuumda transformasiya ola bilməz. Eyni yolu keçmiş başqa insanlar şəklindəki güzgüyə ehtiyac duyur. Böyümənin iyerarxiyası var: şagirddən Məşqçiyə, Məşqçidən Ustada, Ustaddan Qrandmasterə. Bunlar hakimiyyət titulları deyil, məsuliyyət səviyyələridir. Qrandmaster — əmr verən deyil, nümunə olan insandır.

Böhran və Özünütəsdiq. Feniksin nevrotik mənada böhranı yoxdur. Onun çətinliyi — qaranlıq dünyada işığı qorumaqdır. Bəzən ətrafındakılar Feniksin səmimiliyinə hazır deyildir, onu maska oyununa qaytarmağa çalışırlar. Amma Feniks möhkəmdir. Bilir: böyüməyi dayandırsan, ölməyə başlayırsan. Ona görə onun yolu — daimi öyrənmə və təcrübəni ötürməkdir.

4. 5 MƏŞHUR ŞƏXSİYYƏT (MODELİN ARXETİPLƏRİ)

Davranışı «Feniks» modelinə — yetkinlik, bütünlük, bədava xidmət — uyğun gəlmiş tarixi və mədəni şəxsiyyətlər.

Viktor Frankl (Avstriya, XX əsr).

Nasist konsentrasiya düşərgələrindən keçmiş psixiatr.

Modelin təzahürü: Qeyri-insani şəraitdə o, sağ qalmada məna tapdı — digər məhbuslara kömək etməklə. Azad olduqdan sonra loqoterapiya, məna haqqında elm yaratdı. Onun həyatı əzab vasitəsilə müqəddər münasibəti şüurlu seçərək faciədən küldən yenidən doğuluşun nümunəsidir.

Nelson Mandela (CAR, XX əsr).

27 il həbsdə keçirmiş, Cənubi Afrika Respublikasının prezidenti olmuş siyasətçi.

Modelin təzahürü: İntiqam əvəzinə barışmağı seçdi. Yeni millət qurmaq üçün incikliyi (keçmişin külünü) yandırdı. Keçmiş cəlladlarında dialoq tərəfdaşlarını görə bilmə bacarığı — Feniksin ali yetkinliyinin nişanəsidir.

Mark Avreliy (Roma, II əsr).

İmperator və stoik filosof.

Modelin təzahürü: Mütləq hakimiyyətə sahib olduğu halda daxili təvazökarlığı və məsuliyyəti qorudu. Onun «Düşüncələri» — özünütəkmilləşdirmə gündəliyidir. O, dövlətə şan-şöhrət üçün deyil, ağıllı varlığın borcu kimi xidmət etdi. Hakimiyyət və ruhun bütünlüyünün nümunəsidir.

Lev Tolstoy (Rusiya, XIX əsr).

İşıqlı cəmiyyətin aslanından mənəviyyat axtarışına keçən yazıçı.

Modelin təzahürü: Yetkin yaşında imtiyazlardan və müəllif hüquqlarından imtina etdi, vicdanı ilə uyğun yaşamağa can atdı. Həqiqət axtarışı və cəmiyyətin riyakarlığı ilə barışmamağı autentikliyə aparan yolu nümayiş etdirir.

Miyamoto Musaşi (Yaponiya, XVI–XVII əsr).

Samuray, filosof, rəssam (yolun tamamlanması).

Modelin təzahürü: Buqələmun modelindəki kimi düşmənə uyğunlaşırdısa, Feniksə keçiddə, öz «Niten Ichi-ryu» məktəbini yaratdı və «Beş üzük kitabı»nı yazdı. O, qatil döyüşçüdən nəsillərə bilik ötürən ustada çevrildi. Bu, ustadın müəllimə transformasiyasının son mərhələsidir.

5. MODELİN İNKİŞAFI

Metodikaya görə, Feniksin başqa modelə çıxışı yoxdur, çünki bu zirvədir.

Feniks — statik nöqtə deyil, prosesdir.

İnkişaf: İnsan biliklərini dərinləşdirir, Məşqçi, sonra Ustad olur. O, başqalarının transformasiya yolundan keçməsinə kömək edir.

Xidmət: Feniksin mövcudluğunun ali forması — bilik odunu ötürməkdir. İnsan Qrandmaster olduqda, liderliyin hakimiyyət deyil, daşıdığın işıq üçün məsuliyyət olduğunu anlar.

Dövrüllük: Feniks yolun sonsuz olduğunu anlayır. Hər gün — yeni doğuluşdur. Əsası — dayanmamaq və keçmişin külünün bu günün odunu yenidən örtməsinə icazə verməmək.

6. MƏRYƏMİN HEKAYƏSİ: FENİKS YOLU

Edqarın o zəngindən bir il keçmişdi. Şənbə günləri Məryəm fonda gedirdi; orada keçmiş yeməkxanada masaları yan-yana çəkib qapalı kartlar paylayırdılar. Elə ilk oyunda ona Tereza düşdü və Müəllif onu beş dəqiqəyə, bircə cümlədən tapdı: «Mənə heç nə lazım deyil». Hamı güldü, o da güldü.

Beləcə Məktəbin Şagirdi oldu və gülmək həmişə nəsib olmurdu. Terapevtik qrupda başqalarının uşaqlıqdan bacardığını öyrənirdi: tələb etmədən xahiş etməyi, özünə bəraət qazandırmadan rədd etməyi, dözülməz olmamışdan «bu məni ağrıdır» deməyi. Ən çətini gölməçənin qırağındakı qarıdan danışdığı və ondan uzaqlaşacaqlarını gözlədiyi axşam oldu. Heç kim uzaqlaşmadı. Üzbəüz oturan qadın dedi ki, özü də eləcə qohumlarının qapısını gəzib, və Məryəm neçə ildən bəri ilk dəfə adamların yanında ağladı, özü də nəyəsə nail olmaq üçün yox.

O il pulla ödənməyən borclarını qaytarırdı. Timura yazdı, heç nə izah etmədən, heç nəyə ümid bağlamadan. Anasının yanına getdi və üç gün sadəcə onların yanında yaşadı, nə özünə bəraət qazandırdı, nə də kimisə günahlandırdı; atası bu üç gündə ona dörd kəlmə söz dedi. Davudu axtarıb tapdı: arvadı, iki uşağı və əvvəlkindən böyük emalatxanası vardı. Ona bir vaxtlar güzgünün qabağında demədiyini dedi: «Hə. Mən tənha idim. Otaq yoldaşım barədə də o vaxt hamıya yalan demişdim». O, Məryəmə çay süzdü və qızının şəkillərini göstərdi. Onun qapısı çoxdan bağlanmışdı.

Birlikdə yaşadığı kişi fikirləşdi və qaldı. İndi Məryəm ona nə istədiyini, nədən qorxduğunu deyirdi və onlar hamı kimi küsüşür, barışırdılar.

İkinci il Məşqçi olmaq üçün oxumağa getdi və superviziya altında apardığı elə ilk oyunu batırdı. Cavan bir qadın Dilənçi kartının üstündə hönkürüb ağladı, Məryəm də onu ovutmağa, xilas etməyə atıldı, sonra isə yarım saat qrupa qrupun eşitmək istədiyini danışdı. Təhlildə onun Ustadı bircə bunu dedi: «Bu gün burada Sinderella ilə Buqələmun işləyirdi. Məryəm yox idi». Məryəm qapını iyirmi dörd yaşında çırpdığı kimi çırpdı, bütün axşamı hirsindən ağladı, gələn şənbə isə yenə gəldi. Büdrəmələr sonra da olurdu, sadəcə indi onları görür və onların üstündə təzə həyat qurmurdu.

Mərhəmət axırıncı gəldi, səhifənin kənarında yazıldığı kimi. Bunu fondda başa düşdü; üçüncü mərtəbədəki qoca orada əvvəlki kimi şorbanı söyürdü. Məryəm yeməkxanadakı o qışqırığa görə ondan üzr istədi, qoca isə söhbətin nədən getdiyini xatırlamadı və yarım saat ona oğlundan danışdı. Qulaq asırdı və birdən fərqinə vardı ki, ondan heç nə, hətta təşəkkür də gözləmir və qoca sözünü qurtarmamış getmək istəmir.

Məşqçi oldu, bir neçə il sonra Ustad. Karandaşla qeydlər yazılmış kitab kabinetində dururdu və Məryəm bilirdi ki, onu təsadüfən alıb, otuz yaşında isə ikinci bölümün öhdəsindən belə gəlməzdi. Şirkətdən o vaxta qədər çıxmışdı. Qrupları dolu olurdu: nəzəriyyəni təkrarlamır, özündən bəzək-düzəksiz danışırdı və adamlar onun hekayələrində özlərini tanıdıqca inanmağa başlayırdılar ki, çıxış yolu onlar üçün də var.

Məktəbdəki yeddinci ilində onu Şuraya çağırdılar. Bu masada baş yer yox idi.

— Biz səni başçı seçmirik, — Ustadlardan biri, yumşaq səsli yaşlı bir kişi dedi. — Biz səni Şuraya dəvət edirik. Sən hər modeli içəridən tanıyırsan.

— Mən nə edəcəyəm?

— Baxacaqsan ki, Məşqçilər etikadan kənara çıxmasınlar. Kimsə ilişib qalsa, kömək edəcəksən. Hər birimizdən nə çox, nə az.

— Qrup aparmağı da dayandırmayacağam?

— Bu, sənin seçimindir.

Məryəm özünün nə istədiyini yoxlaya-yoxlaya bir az susdu. İndi bunu bacarırdı.

— Razıyam, — dedi. — Qrupları isə saxlayacağam.

Şənbə günü təzə qrupu vardı. Pəncərənin yanında iyirmi dörd yaşlarında bir qız oturmuşdu, biləyində ağır qızıl bilərzik, hərdən bir telefonuna baxırdı. Məryəm kartları paylayıb dairədə öz yerinə oturdu.