Proloq. Elmi əsas
Ümumi anlayış, koqnitiv təhriflər və inanclar.
Bu kitab psixoloji cəhətdən sağlam münasibətlərin həyatdakı aktuallığını nümayiş etdirməklə yanaşı, yaranmış problemlərin fərqlilik baxımından xarakteristikasını və müxtəlif koqnitiv (düşüncə) təhriflərin təfəkkür vasitəsilə davranış modelinə təsirini göstərəcək.
İnsanın müasir cəmiyyətdə özünü nə cür təsdiqləməsi, ailə dəyərlərinə uyğun addımlaması kişi və qadın münasibətlərində birbaşa əks olunur. Bəs, nə zaman yaranır «Həmahəng münasibətlər» fenomeni?
Birincisi, qeyd edək ki, insanların bir-biri ilə psixoloji cəhətdən sağlam münasibət çərçivəsində ailə qurmaq istəyi — tələbatdır. Daxili (sevgi və qayğıya ehtiyac, cəmiyyətdə, insanlar arasında olmaq istəyi) və xarici (milli-mənəvi dəyərlər, ailədən gələn tərbiyə, dövlət siyasəti) amillərə əsasən tanış olub ünsiyyət saxlaması, daha da yaxın münasibət quraraq ailə qurması — motivdir. Evliliyin ailə sistemində nə cür inkişaf etməsi (maddi dəyərlərin formalaşması və inkişafı, uşaq sahibi olmaq, onların tərbiyəsinə zaman ayırmaq, separasiya), münasibətlərdə dəyərlərin formalaşması, sevgi hisslərinin dərinləşməsi və qorunması — məqsəddir.
Bioloji amillər və psixogenetik səviyyədə şəxsiyyətin cəmiyyətdə necə yetişməsi onun fərdi xüsusiyyətlərini büruzə verməklə, unikallığını formalaşdırır. Bu da öz növbəsində fərdin nəinki ictimai statusunda, hətta münasibət modellərində öz əksini tapır.
Çox vaxt psixoloji komplekslər üzərində qurulan münasibət modelləri insanın şəxsi və işgüzar həyatında ciddi bir problemə çevrilir. Əsas məqsədimiz bu davranış modellərində gizlənən başlıca koqnitiv səbəbi üzə çıxarmaq və tezliklə tanış olacağınız yeni Feniks Transformasiya Metodologiyası ilə yetkin düşüncə tərzinin formalaşmasına kömək olmaqdır.
Burada açıqlanan sağlam münasibətlərin qurulması metodologiyasında hər bir şəxsiyyət öz tələbatlarının obyektiv psixoloji səbəblərini görə biləcək. Koqnitiv transformasiya həyatdakı başlıca məqsədlərə və ictimai statusa təsir edəcək qüvvəyə malikdirsə, «Feniks Erası» kitabı — psixoloqlar və psixologiya ilə məşğul olanlar üçün bir dərslik, həyatını yaxşılığa doğru dəyişmək istəyənlər üçün isə terapevtik bir metod olaraq təqdim olunur.
Şəxsiyyətlərarası münasibətlərə təsir edən ən başlıca amil insanın daxilindəki komplekslərdir. Psixoloji komplekslər müxtəlif formada maneçilik yaradır. İnsanın daxili əhvalına təsir etməklə yanaşı, vaxtında müdaxilə olunmadığı təqdirdə psixoloji pozuntulara qədər gətirib çıxara bilər. Məsələn, günahkarlıq kompleksindən əziyyət çəkən biri, hər hansı bir vəziyyətdə özünü günahkar sayaraq depressiv vəziyyətə düşür.
Bu nə cür baş verir? Psixoloji komplekslərin təsiri nəticəsində fərdin verdiyi qərarlar və insanlarla olan ünsiyyət modeli nevrotik ehtiyaclardan irəli gəlir. Hisslər, emosional vəziyyət, düşüncələr və davranış bir kompleksin içində cəmləşərək eyni davamlı reaksiyalara gətirib çıxarırsa — bu psixoloji komplekslər kimi müəyyən edilir. Psixoloji komplekslər erkən yaşda doğma insanlarla ünsiyyət zamanı, xüsusən də valideynlərlə təmas nəticəsində formalaşdığına görə psixoemosional komplekslər sayılır.
Bunu dərk etdikdən sonra hər bir psixoloji kompleksin yaranma səbəbini təhlil edə bilərik. Psixoanaliz nəticəsində komplekslərin təhlili düşüncələrin dərinliyində gizlənən sirləri üzə çıxardıqca, mane olan stereotip fikirləri dəyişməyə doğru aparır.
Elə bir insan yoxdur ki, heç bir psixoloji kompleksi olmasın. Elə olarsa, bu insanın heç bir emosiyası, hissi və həyatdakı məqsədi olmayacaq. Belə insanları biz adətən heç görmürük, onların cəmiyyətdə varlığı hiss olunmaz. Nəzərə alsaq ki, insanın ətraf mühitlə təması, daha çox münasibət modelindən asılıdır, harmonik və sağlam münasibətlərin qurulması metodologiyası məhz bu komplekslərin üzərində təməl salır. Kitabın məqsədi insanlara sevgi və hüzur içində yaşamağa kömək etməkdir.
Bu metodologiya digərlərindən niyə üstündür? Bu kitabda əks etdirilən davranış modelləri insanları şəxsiyyət tiplərinə görə bölən əvvəlki təsnifatlarla müqayisədə çox üstün tərəflərə malikdir. Məsələn, temperamentlərə baxsaq insanın anadan gəlmə dəyişilməz xarakterə məxsus olduğunu görə bilərik. Belə bir halda yalnız bu əsaslara arxalansaq, insanın gələcəkdə dəyişərək daha sağlam münasibət qurmağa sanki şansı qalmır. Hətta bir çox psixoloqların şəxsiyyət tiplərinə həddindən çox dəyər verməsi uğursuz nəticə verir.
Eləcə də psixologiyadan kənarda, astrologiyada insanların bürc əlamətlərinə görə bölünməsi insana məxsus davranış və düşüncə modeli kimi sabit və dəyişilməz ölçü kimi qəbul olunur. İnsana «sən beləsən, bu əbədidir» deyən hər hansı bir təsnifat tələyə çevrilə bilər. Çünki insan anadan olduğu andan hər gün, hər saat, hər an aldığı yeni məlumatlar sayəsində təfəkkür tərzini, duyğusallığını, davranışını mütəmadi dəyişir. Biz damğa deyil, özünü müşahidə üçün bir alət təklif edirik. Hər birimiz həyatı boyu bunun şahidi olmuşuq. İstənilən insan müxtəlif yaş çərçivəsində psixoemosional inkişaf mərhələlərini yaşayıb.
Lakin bir çox təsnifatlarda olmayan məhz münasibət modelləri insanın təfəkkürü, hissləri və davranışı ilə ortaq və vacib məqamları göstərir. Bu kitabda təqdim olunan münasibət modelləri imkan verir ki, insan qeyri-adekvat davranışda onu xoşbəxt etməyən tərəfləri görərək, qısa müddət ərzində dəyişməyə qərar versin və başqa bir münasibət modelinə keçid etsin. Beləliklə, bu yanaşma həyatında hər hansı bir dəyişikliyə nail olmaq istəyənlər üçün münasib bir vasitə olmalıdır.
Psixiatriya sahəsinin bir sıra təsnifatlarında insanın davranış modellərinin kökündə olan səbəb şəxsiyyət patologiyası kimi qəbul olunur. Əgər davranış modeli xəstəlik kimi qəbul olunursa, bu elə bir məna verir ki, sanki bu insan daha heç bir zaman sağlam münasibət qura bilməyəcək. Bunun şəxsiyyət və ya davranış pozuntusu sayılması isə onu insanın dəyişilməz xüsusiyyəti kimi təqdim edir. Belə bir damğa, bu sahədə çalışan mütəxəssisləri də çaşdırır. Əgər insanın dəyişilməz bir xüsusiyyəti olduğu düşünülürsə, onda nə etmək olar? Belə bir vəziyyət mütəxəssisi hər bir təşəbbüsündə və cəhdində çarəsiz qoyur. Ona görə də bunların heç birinin psixoterapevtik, yəni həyatında dəyişiklik gətirəcək bir vasitə kimi istifadə olunması uyğun gəlmir.
Nə şəxsiyyət tipləri nəzəriyyəsi, nə şəxsiyyət pozuntuları anlayışı, nə də ki, digər mistik nəzəriyyələr imkan vermir ki, insan öz iradəsi, şüuru və zəkası ilə inkişaf edərək həyatını dəyişsin.
Bu nəzəriyyələrin kökündə duran əsas problem elə bundan ibarətdir ki, insanları stiqmatizasiya edir, yəni bu keyfiyyətləri möhürlənmiş vəziyyətə gətirib çıxarır. Reallıqda isə elə deyil.
Uzun müddət bir insanın həyatını müşahidə edəndə, biz görürük ki, obyektiv olaraq, onun düşüncə tərzi dəyişdikcə emosional vəziyyətləri də tədricən dəyişir. Məhz bu dəyişkənlik, canlı orqanizmlərin hər birinin adaptasiya xüsusiyyətlərindən biri sayılır. Bunu aksiom kimi qəbul etsək, görərik ki, həqiqətən də bütün canlıların obyektiv funksiyalarından biri məhz adaptasiyadır. Ona görə də, insan dəyişmək istəmirsə, psixoterapevtik texnikaların da təsiri olmur. Belə çıxır ki, bu cür vəziyyətlərdə psixoloji xidmətlərdə çalışan mütəxəssislər çarəsiz halda yalnız insanlara izahat verməklə məşğul olurlar. Yəni insan hansı şəxsiyyət tipinə aid olduğunu dərk etsə, bunun ona nə faydası olacaq? Əgər bu, dəyişilməz xüsusiyyətdirsə, onda psixoloqa müraciət etməyin nə mənası var? Uzun müddətli terapiyalar da mənasız vaxt itkisinə səbəb olur və nəticədə insan ruhdan düşərək eyni problemlər içərisində qalmağa məhkum olur.
Bu kitabda tərtib etdiyimiz münasibət modelləri obyektiv olaraq müəyyən edilən ölçü vahidlərindən ibarətdir. İnsanın düşüncə tərzi, fikirlərini və dəyərlərini ifadə edə bilmək tərzi, əhval-ruhiyyəsinin dəyişkənliyi və davranış modeli — sabit bir formada müşahidə oluna bilər. Amma unutmaq olmaz ki, bu sadəcə davranış modelidir. Hazırda insan müxtəlif şəraitlərdə fərqli davranış modelləri göstərə bilər. Məsələn, yetkin bir kişi atasıgilə gəlir, valideynləri ilə görüşərkən, özünü «İnfanta» (uşaq) kimi göstərə bilər. (Misallarda qeyd olunan münasibət modellərinin təsnifatı irəlidə açıqlanacaq). Bu davranış modeli uşaqlıqdan müşahidə olunur və sabit davranış modellərindən biridir. Uşaqlıq təcrübəsində müşahidə olunan davranış modeli olduğuna görə, bu düşüncə tərzi onun üçün vərdiş halına gəlmiş yanaşmadır. Lakin oradan çıxıb evinə, öz ailəsinə qayıdanda tamamilə başqa bir davranış modeli müşahidə oluna bilər. Çünki o, həyatı boyu qazandığı təcrübə əsasında həmin vəziyyətə uyğun münasibət modelini göstərir.
Tədricən dəyərləri, təfəkkürü dəyişdikcə, təbii ki, insanlarla münasibət modeli də dəyişməyə doğru gedir. Eyni zamanda insan iş mühitinə qayıtdıqda tamamilə başqa bir insana çevrilir. İş yoldaşları, rəhbərlik və müştərilərlə davranışında o, başqa cürdür. Məsələn, insan deyə bilər: «Mən etiraza dözməyən adamam, sözü bir dəfə deyirəm». Əgər belə bir yanaşma onun düşüncə tərzinə xasdırsa, ailə çevrəsində bu, çox böyük əhəmiyyət daşıya bilər. Ata-anası ilə münasibətdə isə o, eyni mövqeyi tutmaya bilər. Yeni qazanılmış düşüncə tərzi həyatı boyu qarşılaşdığı vəziyyətlərdə də formalaşa bilər. Vacib olan odur ki, həyatı boyu qazandığı təcrübələr əsasında hansı münasibət modelini özünə doğma sayır, sanki mənimsəyir və sahib çıxır. Hansı münasibət modelini özünə yaxın, yəni düşüncə tərzinə uyğun sayırsa, həyatı boyu onu da tətbiq etməyə başlayacaq. Bu, artıq onun formalaşmış sabit münasibət modelidir. Şəraitə uyğun davranış modeli dəyişə bilər, lakin birini özünə uyğun seçib daimi münasibət modeli kimi inkişaf etdirəcək.
«Feniks Erası» kitabında təsvir edilən münasibət modelləri bir insanın davranışında müxtəlif şəraitlərdə fərqli tərzdə müşahidə edilsə də, insanın doğru qəbul etdiyi davranış tərzi uzun müddət onun əsas davranış modeli ola bilər. Cəmiyyətin stereotipləri, ictimai qınaq, təzyiq və şəxsi həyata nəzarət olarsa, onun düşüncəsində qəbul etdiyi münasibət modeli sabit vərdiş halına gəlib çıxır. Bu, sərbəst münasibətlərdə daha çox nəzərə çarpır. Sevgi münasibətlərində insanın ünsiyyətə nədən başladığı elə ilk görüşdən bəlli olur. Məhz bu xüsusiyyət sevgi münasibətlərində ailə terapiyası ilə məşğul olan mütəxəssislərə araşdırmanı elə bu sualla başlamağa imkan verir: «İlk görüşdə onunla ünsiyyətə başlamağa sizi hansı hisslər və düşüncələr vadar etdi?» İnsanı ilk dəfə qərar verməyə hansı davranış modelləri sövq edib?
Biz buna asılı münasibətlər adı vermirik. Çünki, əvvəl qeyd etdiyimiz kimi, müxtəlif şəxsiyyət tipləri, psixopatoloji vəziyyətlər və asılılıq halları olsa belə — hər biri ünsiyyətin bir hissəsinə toxunur. Amma bu ünsiyyətin niyə belə olduğu və necə dəyişə biləcəyi sualına çox vaxt digər nəzəriyyələrdə cavab tapılmır. Halbuki bu vəziyyətin yaranma səbəbinin araşdırılması başlıca məqsəd olaraq qalır. Ona görə də həmin nəzəriyyələr psixoloqlar üçün praktik vasitə kimi faydasız sayılır. Məhz bu səbəbdən bir çox hallarda insanlar astroloji proqnozlarla şəxsiyyət tipləri arasında ciddi fərq görmürlər. Hətta müasir astrologiya ilə məşğul olanlar da astrologiyanı şəxsiyyət tipləri nəzəriyyəsi kimi ön plana çıxarmağa çalışırlar. Səbəb odur ki, psixologiyada tətbiq olunan şəxsiyyət tipləri nəzəriyyəsi də reallıqda özünü doğrultmur. O, şərti ölçülərdən ibarətdir, lakin insanın gündəlik dəyişikliklərinə və həyatdakı nailiyyətlərinə təsir göstərəcək tətbiqi mexanizmi yoxdur.
Metodologiyada psixoanalizin fundamental əsasları. Müxtəlif münasibət modellərini strukturlu şəkildə açmazdan əvvəl, bu konsepsiyanı öyrənmək üçün klassik metodoloji yanaşmaları, müəyyən prinsipləri nəzərdən keçirməyimiz lazımdır. Psixoanaliz nəzəriyyəsinə əsaslanaraq şəxsiyyətin quruluşunu 3 komponentə bölürük: Eqo (Mən), Süper-Eqo (Ali Mən), İD (O).
EQO (MƏN) — Kamal, dərrakə, reallıq prinsipi, xarici nəzarət davranış modelinə əks olunur.
İD (O) — Şüuraltı, şüursuz səviyyədə gizli motivlərdən, ehtiyaclardan ibarətdir.
SÜPER-EQO (Ali MƏN) — Ali şüur, dəyərlərə, əxlaqa, mənəviyyata cavabdeh olaraq özünə nəzarət davranış modelinə təsir edir. Cəmiyyətdə insanın nəyi edə biləcəyinə və nəyi edə bilməyəcəyinə cavabdehdir.
Ailə dəyərlərinin uyğun gəlməsi, hüzurlu münasibətlərin formalaşması üçün əsaslı təməllərdən biridir.
Freydə görə psixoseksual inkişafın mərhələləri. Uşaq dünyaya göz açandan ilk stressi ana bətnindən ayrılarkən alır. Tədricən özünü və onunla yaxın təmasda olan insanları görür. Onları necə görməsi ətraf mühitin təsiri altında baş verir. Bu zaman travmatik vəziyyətlər nəticəsində yaranmış müxtəlif koqnitiv təhriflər, onun üçün fərqli emosional vəziyyətlərin yaranmasına səbəb olur. İnsan dəyərlərin formalaşdığı dövrdə sıxışdırılmış hissləri unutsa belə, emosional yaddaşda hakim olan məqamlar özünü müxtəlif vəziyyətlərdə büruzə verir.
Ziqmund Freydin nəzəriyyəsinə əsaslansaq, libido enerjisi öz təməlini infantil səviyyədə olan yaşantılarda qoruyub saxlayır. Hər bir mərhələdə qeyd olunan libido enerjisi müəyyən yaş çərçivəsini əhatə edir. Dövrün növbəti mərhələyə keçidi, müəyyən konfliktin həll olunması ilə əlaqəli olmalıdır.
Oral mərhələ (0 — 1,5 yaş)
Bu dövrdə körpənin ağız sahəsi bioloji tələbatların təmin edilməsi və xoş duyğularla çox sıx bağlı olur. Oral stimullaşdırıcı üsullara fiksasiya hallarını uşaqların gələcəkdəki bir sıra vərdişlərində görə bilərik. Ətrafımızda dırnaq yeyən, siqaret çəkən, dodaq ətrafında xüsusi həssaslıq hiss edən insanlar var ki, onların bu vərdişləri xüsusi stress altında daha da güclənir. Adətən bu fazanın pozulması nəticəsində insanlarda Şizoid şəxsiyyət tipi formalaşmağa başlaya bilər.
Anal mərhələ (1,5 — 3 yaş)
Bu yaş ərəfəsində libido anusa yönəlir. Uşaq defekasiyadan həzz almağa başlayır. Məhz bu fazada uşaq öz istəklərini dərk etsə də, bu, ətraf mühitin tələbləri ilə ziddiyyət təşkil edir. Belə münaqişələrdə böyüklər uşaqların harada və nə vaxt defekasiya edəcəyinə müxtəlif məhdudiyyətlər qoyurlar. Freyd hesab edirdi ki, 3 yaşadək davam edən bu fazada uşaqlar sərbəst funksionallığa öyrəşir və öz nəzarətindən zövq almağa başlayırlar. Bu cür qaydaların necə tətbiq edilməsi gələcək həyatda fərdin müxtəlif qaydalara olan reaksiyalarının təməlini qoyur. Anal mərhələnin hər hansı bir pozuntusu nəticəsində insanlarda Epileptoid şəxsiyyət tipi formalaşa, aqressivlik, gərginlik, affektiv reaksiyalar və mənfi düşüncələrə meyillilik yarana bilər.
Fallik mərhələ (3 — 5 yaş)
Hissiyyat artıq cinsi orqanlarda cəmləşir və uşağın cinsindən asılı olmayaraq masturbasiya yeni həzz mənbəyinə çevrilir. Təbii ki, bu yaşda uşaqların genital nahiyəyə toxunaraq həzz almaları cinsi istəklə bağlı deyil, sadəcə fizioloji bir maraqdır. Bu mərhələdə uşaq anatomik cinsi fərqlərdən xəbərdar olur və Edip (oğlanlarda) və Elektra (qızlarda; termini K. Q. Yunq təklif edib, Freyd onu qəbul etməyib) komplekslərində erotik cazibə, rəqabət, qısqanclıq və qorxu hissləri arasında qarşıdurma yaranır. Bununla da uşaq öz cinsi xüsusiyyətlərini qəbul edərək, identifikasiya mərhələsini həll edir. Fallik dövrün əsas təsiri məhz Freydin vaxtilə böyük mübahisələrə səbəb olmuş Edip kompleksindədir. Əvvəlcə oğlan uşaqları anaya qarşı istəklərini boğmağa başlayır (onları öz şüurundan sıxışdırıb çıxarır), lakin bu, ataya qarşı rəqabət hissini gücləndirir. Uşaq özünü ata qarşısında zəif hiss edir və xəyalında atasının ondan intiqam alacağının həyəcanını yaşayır. Freyd öz nəzəriyyəsində bu qorxunu «Kastrasiya» adlandırırdı və onun fikrincə, məhz bu qorxu oğlanı öz niyyətindən əl çəkməyə məcbur edirdi. Uşaq 3–5 yaşında Edip kompleksini həll edərək kişi davranışını təqlid edir və öz identifikasiyasını qəbul edir. Özündən yaşca böyük bir insanın dəyərlərini, daxili hisslərini, davranışını mənimsəməklə uşaq öz Süper-Eqosunu formalaşdırır. Oğlanlarda olduğu kimi, qızların da ilk məhəbbət obyekti anaları olur. Lakin fallik fazaya daxil olduqda qız özündə kişi cinsi orqanının olmadığını görüb sanki natamamlıq hissi yaşayır. Şüuraltı olaraq anasını onu «qüsurlu» doğmaqda günahlandırmağa başlayır. Eyni zamanda atasına sahib olmaq istəyi duyur və sanki anasına rəqib çıxır. Aralarında qısqanclıq hissləri oyana bilər. Özünüdərk mərhələsində o, zamanla atasına qarşı hisslərini boğur və anası ilə eyniləşərək Elektra kompleksindən xilas olur. Bununla da ana obrazının simvolunu daşıyan qız gələcəkdə atasına bənzəyən kişi ilə ailə qurmaq şansını artırır.
Latent mərhələ (6 — 12 yaş)
Latent mərhələ psixoseksual inkişafın son böyümə dövrünə hazırlıqdır. 6 — 7 yaşdan başlayaraq uşaqların müxtəlif əqli məşğələlərə, idmana, həmyaşıdları ilə ünsiyyətə maraqları artır. Yeniyetməlik dövrü başlayanadək uşağın psixoloji inkişafı yenidən sosial fəallığa yönəlir. Bu mərhələ Latent adlansa da, şəxsiyyətin psixoloji inkişafı üçün çox vacib mərhələdir. Bu mərhələdə şəxsin mənəvi dəyərləri formalaşır, yaxşı və pis anlayışları öz davranışını idarə etməkdə əsas vasitəyə çevrilməyə başlayır. Əgər bu yaşda şəxsiyyətin mənəvi-əxlaqi tərbiyəsi ilə ciddi məşğul olunmasa, həmin insan gələcəkdə mənəvi dəyərlər baxımından qeyri-sabit olacaq. Öz dəyərləri əsasında həyatda məqsəd müəyyən etməyə və bu məqsədə sadiq qalmağa mənəvi gücü çatmayacaq. Latent dövrün sonunda fərddə utancaqlıq və özünütənqid inkişaf edir. Bu hisslərin hansı inanclarla yaşanması onun olduğu mühitdən və tarixi dövrdən asılı olaraq çox fərqlənir. Məsələn, biri oğurluğa görə utanır və özünü günahlandırır, digəri isə eyni əməli edib qürur duyur.
Genital mərhələ (12 yaşdan)
Yetkinlikdən sonrakı dövr həyatın sonuna kimi davam edir. Genital mərhələnin ilkin fazası orqanizmdəki biokimyəvi və fizioloji dəyişikliklərlə səciyyələnir. Məhz bu dəyişikliklər nəticəsində yeniyetmələrdə keçid dövrü çılğınlığın güclənməsi və seksuallığın artması ilə müşahidə olunur. Freydin nəzəriyyəsinə görə, məhz bu mərhələdə ideal «Genital xarakter» formalaşmalıdır. Bunun üçün insan, həyati vacib məsələlərin məsuliyyətini dərk edərək, uşaqlığa xas olan passivlikdən imtina etməlidir. Əgər bir vaxtlar sevgiyə, təhlükəsizliyə və fiziki rahatlığa asanlıqla nail olurdusa, indi bütün bu nemətlər üçün səy göstərməlidir. Əks halda Genital xarakterin olmaması insanın heç bir hərəkətinə görə cavabdehlik daşımayan məsuliyyətsiz davranışına gətirib çıxara bilər. Belə insanlar cəmiyyətə heç bir fayda vermədən çox vaxt illərlə kiminsə hesabına yaşayır və daim başqalarından asılı vəziyyətə düşürlər.
Z. Freyd bildirir ki, hər bir insan Psixoseksual inkişaf dövrünü sağlam formada başa vurmalıdır ki, yetkin təfəkkür modeli formalaşsın. Yetkinliyin bütün sonrakı təzahürləri insanın həyatdakı mövqeyindən və müxtəlif münasibət modellərindən asılı olaraq dəyişir. Məhz bu dinamik inkişaf sistemində nevrotik vəziyyətlərin yaranması göstərir ki, əmələ gəlmiş koqnitiv təhriflər insana sağlam münasibətlər qurmağa mane olur. Lakin müxtəlif psixoloji maneələrin olmasına baxmayaraq, ailə münasibətləri, xidməti vəzifələr və ictimai əhəmiyyətli hadisələrlə bağlı məsələlərdə fərdin qəbul etdiyi qərarlar məqbul görünə bilər. Məhz buna görə də mənəvi dəyərlər baxımından cəmiyyətin qınağına səbəb olan stereotip davranış modelləri hələ də qüvvədə qalır və çoxluq təşkil edir. Məsələn, erkən nikahlar cəmiyyət tərəfindən qınansa da, bir çox ailələrdə erkən nikah hallarına tez-tez rast gəlinir.
Fərd inkişaf etdikcə, cəmiyyətin məhdudiyyətlərini qəbul edərək, istədiyi həzzi almaq üçün müxtəlif yollar tapmağa çalışır. Bu uyğunlaşma strategiyaları şəxsiyyətin cinsinə məxsus davranış modelini təşkil edir.
Beləliklə, bu kitabda biz sizinlə, müxtəlif yalançı ideologiyalardan yaranan, insanın sağlam düşüncəsinə mane olan münasibət modellərini təhlil edəcəyik.
Bu kitabda siz bu suallara cavab və həll yollarını tapa biləcəksiniz:
— Niyə ictimai statusundan asılı olmayaraq insanlar xoşbəxt ola bilmir?
— İnsanı bu yalançı oyunların axarı ilə getməyə vadar edən nədir?