Bölüm 1. «Lilit» münasibət modeli

Qızıl sevgidən ağır olanda: Pul tələsi.

1. AD VƏ MƏNA

Transkripsiya və Etimologiya: Modelin adı Lilit (ivr. לילית) adından gəlir. Yəhudi mifologiyasında və akkad mətnlərdə Lilit Adəmin onun qabırğasından deyil, eyni gilindən yaradılmış birinci həyat yoldaşı kimi təsvir edilir. O, itaət etməkdən imtina etdi, Allahın qadağan olunmuş adını dedi və Cənnəti tərk edərək iblisə çevrildi.

Yəhya Dəməşqlinin məntiqinə əsaslanaraq, mələklər mahiyyətcə cisimsizdir, lakin obrazlar qəbul edə bilərlər. İblislər isə heç bir yeni şey yaratmırlar, yalnız təqlid edirlər. Metodikamızın terminləri ilə desək, Lilit cins məsələsi deyil, prioritet məsələsidir: maddi təminat və təhlükəsizlik emosional yaxınlıq və güvəndən üstün tutulur.

Obrazın kökləri şumer-akkad mifologiyasına gedib çıxır, burada lilû iblisləri külək və fırtına ilə assosiasiya edilirdi. Kabbala (Zohar) kitabında Lilit «klipot»un (natəmiz qabıqların) təcəssümüdür. Yunan mifologiyasında bu obrazın əks-sədaları Lamiya surətindədir. Bütün mədəniyyətlərdə vahid bir stereotip izlənilir: yaradıcı bağlılıq əvəzinə ayrılıq və maddi istehlak yolunu seçən varlıq.

2. ŞÜAR VƏ İNANCLAR

«Lilit» münasibət modelində olan insanlar tez-tez həyat kredosuna çevrilən fikirlər səsləndirir. Sosial şəbəkələrdə, forumlarda və danışıq dilində eşidilə biləcək üç əsas inanc bunlardır:

«Dünyadakı hər şey yalandır, puldan başqa». (Yalnız maddi resursların təhlükəsizliyi zəmanət etdiyinə dair inanc).

«Kifayət qədər vəsaitin varsa, sevgini satın ala bilərsən». (Hisslərin əməliyyat səviyyəsinə endirilməsi).

«Kapitalı olan üçün heç bir şey mümkünsüz deyil». (Mənəviyyat üzərində hakimiyyətin gücünə inam).

3. İNFORMASİYA BLOKU: TARİX, ƏDƏBİYYAT VƏ PSİXOLOGİYA

İnsan niyə «sevgi pul ilə alına bilər» qənaətinə gəlir? Bu anadangəlmə xüsusiyyət deyil, koqnitiv təhrifin nəticəsidir. Bu mexanizmi koqnitiv-davranış terapiyası (KDT) prizmasından nəzərdən keçirək. Vəziyyəti təsəvvür edin: insan aşiq olur, rədd cavabı alır. Sevdiyi insan maliyyə vəziyyəti daha yaxşı olanı, başqasını seçir. Müşahidəçi belə nəticə çıxarır: «Onlar üçün yalnız pul əhəmiyyətlidir». Burada klassik koqnitiv təhrif — həddindən artıq ümumiləşdirmə baş verir. Tək hadisə bütün insanlara şamil edilir. Davamlı inam (sistem) formalaşır: «Pul ən vacib şeydir, hisslər ikinci dərəcəlidir». Bu inam davranışı müəyyənləşdirir. İnsan «Lilit» modelinin daşıyıcısına çevrilir: hər şeyi pulla əldə etməyə çalışır, hissləri dəyərsizləşdirir. O, tərəfdaşları pulla alçaldır, bununla da haqlı olduğuna əmin olur: «Görürsən, sən mənimlə yalnız pul üçünsən, demək sevgi yoxdur». Beləcə dairə bağlanır. Rədd olunma ağrısı nəzarətlə basdırılır. Amma bədəli — mənəvi durğunluqdur.

Bu zaman hisslərlə nə baş verir? İnsan müxtəlif vəziyyətlərdə yaranmış hissləri gizlədəcək, boğacaq və ya fərqinə varmayacaq. Məntiqlə düşünməsinə gözəl şərait yaransa belə seçimlərinə obyektiv yanaşmaq üçün ona mane olan məhz yanlış təhriflər olacaq. Həqiqətən də öz istəklərini deyil, beyninə yeridilən inancların gücü ilə hərəkət edəcək. Burada pis nə var ki, düşünə bilərsiniz. Amma insan tədricən bütün hisslərdən qaçır — bütün yaranmış hisslər — sevinc, kədər, aqressiya sıxışdırılır və unudulur. Məntiq qalib gəlsə də, qəlbdəki proseslər susdurulur. Onun üçün bu, artıq heç bir əhəmiyyət kəsb etmir. O, düşünür ki, «pulum olarsa sevgini də pulla ala bilərəm», «pul olarsa, xoşbəxt ola bilərəm».

Nə baş verir: Bu düşüncə sahibi artıq əzəldən sağlam olmayan nevrotik münasibətlərin bünövrəsini qurmağa başlayır. Hətta özü də pula görə satılmağa hazır olduğunun fərqində olmaya bilər. Lakin belə bir inanc maddi vəziyyətin əhəmiyyətinə görə hissləri qurban verməyə təkan verir.

Qarşılayın! Nəticədə «Lilit» münasibət modeli formalaşır. Nəyə görə məhz Lilit? Lilit yəhudi mifologiyasında Adəmin ilk həyat yoldaşı və ilk İblis qadın kimi qeyd olunur. Əfsanəyə görə, o, Adəmə tabe olmadığı üçün və ona itaət etmədiyi üçün Cənnət bağından qovulur.

Liliti tarixin ilk feminist qadını kimi təqdim etmək olar. Əfsanəyə görə, o, Adəmə qarşı üsyan edərək, ona tabe olmaqdan imtina etmişdir. Eyni hüquqlara malik olmaq üçün müxtəlif bəhanələr gətirirdi. Hətta üzərində dominantlıq göstərmək üçün öz ecazkarlığı sayəsində Adəmin ehtirası ilə oynamağı bacarırdı. Mənəviyyatdan uzaq olaraq seksual hisslərlə manipulyasiya edirdi. Onlar ilk insan münasibətlərinin qurucusu sayılsalar da, təməli xoşagəlməz və dəyərsiz hisslər üzərində qurulmuşdu. «Dünyanın malı, dünyada qalar» misalı onlardan çox-çox uzaq idi. Məhz Lilit müxtəlif nemətlər üçün satqınlıqla məşğul olardı və ilk insanı bu formada yoldan çıxarmağa çalışardı. Onunla çiyin-çiyinə gəlməyə çalışsa da, dünyanın bütün malını öz əlinə keçirməyə cəhd edərdi. Onun bu cür hiyləgərliyi və acgözlüyü islam dinində İblisin, xristian aləmində «qovulmuş mələk» sayılan Lusiferin davranışına bərabər idi. Elə ona görə də, Adəmlə bərabərləşə bilməzdi. Cənnətdən qovulub, iblisə çevrilən Lilit ömür boyu bu qərarla razılaşmır və daim Həvvaya qarşı nifrət duyurdu. Amma heç cür də Həvva ilə rəqabətə keçə bilmirdi, çünki Həvva Adəmin qabırğasından yaradılan qadın sayılırdı və emosional cəhətdən ona bağlı idi. Bu bağlılıq nəticəsində onların arasındakı münasibət xoş və saf hisslərə çevrilirdi. Lilit isə, belə səmimi münasibətdən uzaq qalaraq Həvvaya tay ola bilməzdi. Hər yeni cəhdi isə Adəm tərəfindən rədd edilərdi. Əfsanəyə görə, Lilitin intiqamının daha bir səbəbi məhz bu idi. O, ən alçaq yola əl ataraq insan övladlarının qatili kimi tanınardı. Burada neqativ və dağıdıcı hisslərin cərəyan etməsi müşahidə oluna bilər. Paxıllıq, kin-küdurət, nifrət kimi hisslərlə günaha batması şər qüvvələrin əlverişli silahı kimi bu gün insanlar arasında dağıdıcı qüvvəyə malikdir. Lilit üçün artıq müqəddəs heç nə qalmırdı, o hər dəfə uduzaraq, bütün kişi xislətinə qarşı nifrətini daha da artırardı. Həvva kimiləri seçən və sevgi hisslərinin ardınca gedən kişilərə qarşı min cür xoşagəlməz oyunlar çevirər və sehrli tora salaraq ən ağır cəza ilə öldürərdi.

Hətta yəhudi mifologiyasının bir sıra sonrakı interpretasiyalarında, Adəmin oğlu Qabil əslində Lilitdən idi. Təbii ki, ənənəvi yəhudi mifologiyasında Qabil Adəm və Həvvanın oğlu hesab edilir. Qabil həm də Adəmin oğlu sayılsa da, yenə də anası Lilitin genini daşıyırdı və məhz ona görə İblisin şər qüvvələrinə asanlıqla tabe olaraq qardaşı Habili qətlə yetirmişdi. Bu fərqli tərəfdən gələn interpretasiya birmənalı qarşılanmasa da, hazırkı münasibət çərçivəsində biz Qabilin Lilitdən gələn paxıllıq və qısqanclıq kimi hisslərin təsirini göstərə bilərik. Ananın sevgisini paylaşa bilməyərək, sevgini sanki mənimsəmək üçün, ən alçaq addımı atır və qısqanclıq zəminində qardaşını qətlə yetirir.

Psixoanalizdə belə bir kompleks mövcuddur — «Qabil kompleksi». Uşaqlar arasında müşahidə etsəniz, bacı və qardaşlar bəzən bir-birini vurmağa çalışırlar. Valideynin diqqətini və qayğısını qazanmaq naminə sanki rəqabətə çıxırlar.

Misal üçün, bir insan münasibətlərində sevgini emosiyalarla qazana bilmirsə, o hər zaman ehtiras və cazibə üsullarından istifadə etməyə çalışacaq. Məhz ona görə də bu cür insanlar emosional bir-birinə bağlı olan şəxslərə istehza və nifrət hissi ilə yanaşırlar. Onlar sevgini fürsət düşdükcə inkar etməyə çalışırlar. Eşq və məhəbbət, Yaradanın qüvvəsini təcəssüm etdirən simvol olaraq hər nəfəsdə duyulursa, yalnız maddi dəyərlərə arxalanan şəxslərin təfəkkürü bu mənəviyyatdan çox-çox uzaq olur. İrsindən, irqindən, dinindən, vəziyyətindən asılı olmayaraq hər kəs, həyat eşqində yalnız ləl-cavahirat düşkünü olarsa, o insanlığın sevgi qığılcımlarında Tanrı nemətlərini görməyəcək. Ona görə də qəhrəmanımız Lilit mənəvi və əxlaqi normalara ziddiyyət təşkil edərək Cənnət bağından uzaqlaşdırılır. Yəni bir sıra dini mifoloji əsaslara gəldikdə, Tövrat, İncil və yəhudi əfsanələrinin bir çox interpretasiyalarında bu günə kimi lənətlənmiş hesab olunur.

Hətta müasir cəmiyyətdə seksual münasibətlərdən dərin anlayışı olan biri, əgər maddi dəyərləri mənəvi hisslərdən üstün tutarsa, mahircəsinə öz cazibə qüvvəsinin sayəsində, hətta yataqda virtuoz hərəkətlər etsə də, qəlbini emosional cəhətdən fəth edə bilməyəcək. Ona görə münasibətlərdə bu baxımdan özünü daim zəif hiss edəcək. «Niyə mən deyil? Onda nə var ki, məndə yoxdur?» sualını həyatı boyu təkrarlayacaq. Cinsiyyətindən asılı olmayaraq məhz bu düşüncə sahibi kimi münasibət qurmağı seçənlər, pula görə görüşür, «sevir», hətta yalandan sevgi etirafları etsə də, özü də buna inana bilər. Lakin bu münasibət onları heç bir zaman qane etmir, çünki onlar münasibət qurduğu insanın ən zəif tərəfindən istifadə edərək, sonradan onları cəzalandırırlar.

Bu gün cəmiyyətdə ən çox yayılmış «Lilit» münasibət modeli ailədaxili cütlük münasibətlərində, subay insanların evlilik seçimində, rəhbərliklə iş birliyində, dost-tanışlarla ünsiyyətdə və ən əsası da xəyanətlərin bir səbəbi kimi də görülə bilər.

Bu cür təfəkkürlə qurulan ailələrdə, maddi problem yaranarsa, öncə verilən dəyərlər heç bir əhəmiyyət daşımayacaq.

Cəfər Cabbarlının «Aydın» əsərini misal çəkmək olar. Orada Gültəkinin düşdüyü acınacaqlı vəziyyət pulla alınan sevginin qurbanı olduğundan yaranır. Varlı kişinin nəyin bahasına olursa-olsun satın almaq istədiyi kasıb ailənin qəhrəmanları bu vəziyyətdə onun gizli qalan hisslərini oyatmaq üçün bir vasitə idi. Lakin buna bir oyun və əyləncə kimi yanaşan Dövlət bəy «Lilit» münasibət modelinin mahir ifaçısıdır. Bu prototip özü yaşanılmayan hisslərini pulla oyatmaq istəsə də, pula görə də hisslərini qurban verməyə hazırdır. Bəs, qarşı tərəf bu oyunda hansı rolun daşıyıcısıdır? Ehtiyaclar üzərində qurban verilən hisslər Gültəkin obrazında canlanır. Gültəkinin bu vəziyyətdə atdığı addım, onun Lilit münasibət modelinə cəlb olunması müxtəlif bəhanələrlə izah edilə bilər. Lakin, zəhərli münasibətlərdə hər iki tərəf «Lilit» düsturunu özündə təcəssüm etdirir.

Bu düşüncə tərzinə məxsus olan insanlara hisslər mane olduğundan, onlar emosiyalarını daha çox boğmağa və inkar etməyə üstünlük verirlər. Hətta sevsələr belə, pula görə sevgini duyurlar. Bu mövqedə olan insanlar müasir cəmiyyətin ən geniş yayılmış problemini əks etdirir. Lilit münasibət modelinə cəlb olunan hər iki tərəf müxtəlif manipulyasiya dolu oyunlarla münasibəti davam etdirməyi seçirlər. Psixoemosional ehtiyaclarını ödəmək üçün susmağa meyilli olan qurbanlar öz rahatlıq zonasından çıxmadan eyni davranış modelini təkrarlayır. Qurban mövqeyində olan bir kəsin «Lilit» münasibət modelinə cəlb olunması «Məcburam», «Uşaqlarım üçün edirəm», «Çıxılmaz vəziyyətə düşmüşəm» kimi anlayışların özü belə yanlış addımlara bəraət qazandırmaq üçün deyilir. Bu fikirlər dərin bir inanca çevrilərək öz təsirini davamlı şəkildə göstərir. Hər iki halda istər qurban, istər ovçu məsuliyyəti dərk etməzsə, bu münasibət modelindən çıxa bilməyəcək. Bir növ yaranmış müxtəlif səbəblər nəticədə vəziyyəti dəyişmirsə, insan yenə də pula görə satın alınırsa, hisslərini, istəklərini susdurmaq məcburiyyətində qalırsa nə cür qürurunu qoruya bilər ki?

Nə baş verməlidir ki, insan yaranmış bu münasibət sistemini qıraraq, çıxılmaz görünən dairədən qurtulsun?

Uzun illər yığılıb qalan basdırılmış hisslər kritik həcmə çataraq partlamalı və üzə çıxmalıdır. İnsan özünə etiraf etməlidir ki, «Artıq yetər! Pula görə dözmək istəmirəm, mən də insanam, mənim də qəlbim var» və bununla da yeni düşüncə tərzinin köməyi ilə bu oyun tələsindən çıxa bilər. Təəssüflər olsun ki, bu oyunun qurbanları həqiqətən özlərini günahkar hiss edirlərsə, bəzən çıxış yolunu da özlərinə qəsd etməkdə görürlər. Məsələn, Qədim Yaponiyada belə adət var idi ki, təcavüzə məruz qalan qadın çirkinlikdən təmizlənmək, öz qürurunu qorumaq üçün ritual intihara məcbur olurdu. Aydın məsələdir ki, bu vəziyyətdə çıxış yolu ölüm deyil. «Gültəkin» dərk etsəydi ki, o, heç kimə görə məcbur deyil bu addımı atmağa, asanlıqla oyundan çıxardı. Amma o çıxış yolunu ölümdə gördü... Çünki, onun tapdalanmış mənliyi, qüruru məhz o düşüncə tərzinin məhsulu idi. Yetər ki, zamanında «Yox! Mən bu oyunun iştirakçısı deyiləm» fikri qəbul olunsaydı, bir təməl olaraq ailə sistemində yeni gələcək ssenarisinə təkan verə bilərdi. Bir çox uğursuz sevgi əlaqələrinin acı nəticəsi olaraq, Lilit münasibət modelinin daşıyıcıları həyatlarını dəyişmək qərarına gəlsələr, birinci münasibətlərdəki dəyər sisteminə nəzər yetirmələri lazım olacaq. Fahişə təfəkkürü gizli hökm sürsə belə, psixoloji əsasda maddi dəyərlərin heç bir əhəmiyyəti qalmazsa, düşüncə tərzində ciddi bir dəyişiklik başlaya bilər. Sanki artıq xoşbəxtlik üçün pulun heç bir köməyi dəymirsə, demək ki, dəyərlərin yenidən qurulması halları baş verməlidir. Nə zaman ki, maddi dəyərlərini ödəyərək özünü hələ də xoşbəxt hiss etmədiyini dərk edir, bu cür davranış onu məyusluq və ruh düşkünlüyünə gətirib çıxarır. İnsan cəmiyyətdən uzaqlaşmağa başlayır, özü kimi dəyərləri olan insanlara qarşı aqressiyası yaranır, illərini itirməyinə baxmayaraq maddi dəyərlərin həcmi belə, artıq ruh yüksəkliyi vermir. Lilit özünə qapanır, daxili dialoq nəticəsində artıq bu tərzdə yaşamaq istəmədiyinə qərar verir. Bu qərardan sonra daha öncə basdırdığı və inkar etdiyi duyğuları çılğınlıqla üzə çıxarır, həddindən çox israfçılıq edir, pulun və varlığın dəyərsiz olduğunu bəyan edir. Pula və maddi dəyərlərə sitayiş edən şəxsləri mənəvi sınamağa çalışır və sınaqdan keçməyənləri qəddarcasına cəzalandırır, alçaldır.

Misal üçün «Ləyaqətsiz təklif» filmində milyarder rolunda Robert Redford ailəli qadın obrazını canlandıran Demi Mura və onun həyat yoldaşına qadınla bir gecə keçirmək müqabilində bir milyon dollar təklif edir. Burada bu təklifi edən kişi zəngin insan həmin Lilit münasibət modelinin depressiv mərhələsində olarkən artıq maddi dəyərlərin sevinc duyğusu vermədiyini bilir. Ona görə, bu pulları əldə edəcəyini xəyal edən cütlüyü pul ilə sınağa çəkir. Onların daha öncə münasibətlərində sevgi olması ilə yanaşı maddi dəyərlərin böyük rol daşımamasına baxmayaraq bu depressiv Lilitlə üzləşərkən onun emosional basqısı və bu sınağı onların dünyasında mənəvi dəyərlərin dəyişməsinə səbəb olur. Və onlar güclü həyəcan keçirmələrinə baxmayaraq sonda maddiyata üstünlük vermək qərarını verirlər. Və bu da onların sevgisini parçalayaraq, o ülvi hisslərdən əsər-əlamət qoymur.

Beləliklə, bu filmin baş qəhrəmanı müsbət personaj deyil, əksinə ən qəddar insan odur. Eyni Adəmin Həvvaya qarşı sevgisini qəbul edə bilməyən Lilit kimi — paxıllıqdan və qısqanclıqdan sevən insanları ayırmağa meyilli olur. Bu cür, Lilit münasibət modelinin daşıyıcıları depressiv mərhələdə olarkən ətrafdakı insanların mənəviyyatı üçün daha da təhlükəlidir.

Ulduzlar və ya şəxsiyyət tipləri burada nə işə yarayır?

— Onlar məntiq və ümid olmayan yerdədir.

Teologiya terminləri ilə desək, bu günahın möhürüdür. Psixologiya terminləri ilə desək — müdafiə mexanizmi. İnsan maliyyə baxımından böyüyə bilər, çünki bu onun üstün məqsədinə çevrilir, lakin şəxsiyyət kimi böyümür. O, Lilit mərhələsində ilişib qalır, çünki bu model təhlükəsizlik illüziyasını yaradır, lakin güvənli münasibətlər qurmaq imkanını bloklayır.

Psixosomatika və emosiyalar. Belə düşüncə tərzi olan insanlar emosiyaları boğmağa meyillidir. Sevinc, kədər, aqressiya — hamısı sıxışdırılır və unudulur. Məntiq qalib gəlir, lakin ürəkdəki proseslər susdurulur. Onlar düşünür: «Pulum olarsa, sevgini də pulla ala bilərəm». Lakin tədricən bütün hisslərdən qaçırlar.

4. 5 MƏŞHUR ŞƏXSİYYƏT (MODELİN ARXETİPLƏRİ)

Həyatlarının böyük hissəsini «Lilit» modelinə uyğun keçirmiş tarixi və mədəni şəxsiyyətlər. Modelin mahiyyətini anlamaq üçün emosiyalar üzərində maddi dəyərlərin üstünlüyünü nümayiş etdirən konkret həyat tarixçələrini nəzərdən keçirmək vacibdir.

Madam de Pompadur (Janna-Antoanette Puason, Fransa, XVIII əsr)

Burjua ailəsindən olan qız, ehtiras üçün deyil, sosial yüksəliş və siyasi nüfuz naminə Kral XV Lüdoviklə əlaqəyə başladı.

Modelin təzahürü: O, hər addımını diqqətlə hesablayırdı. Hətta Kralla fiziki yaxınlıq bitdikdən sonra belə, özünü və ailəsini titullar və sərvətlə təmin edərək, onun məsləhətçisi və dostu olmaqla mövqeyini qoruyub saxlayırdı. Emosional bağlılıq statusun qorunmasına nisbətən ikinci dərəcəli idi.

Zsa Zsa Gabor (Macarıstan/ABŞ, XX əsr)

Doqquz dəfə evlənmiş aktrisa və işıqlı cəmiyyətin nümayəndəsi. Onun həyatı kişilər vasitəsilə təhlükəsizlik axtarışının dərslik nümunəsinə çevrildi.

Modelin təzahürü: Onun məşhur ifadəsi: «Kişi nahar xərclərini ödəməlidir ki, bunu özünə icazə verə biləcəyini bilsin». O, kişilərin rahat həyat üçün ona lazım olduğunu açıq şəkildə etiraf edirdi. Münasibətlər faydasız olduqda, yeni himayəçi tapıb asanlıqla onları kəsirdi.

Eva Peron (Argentina, XX əsr)

Nikahdan kənar qız, prezident Xuan Peron ilə evlilik yolu ilə yoxsulluqdan ölkənin birinci xanımı vəzifəsinə çatdı.

Modelin təzahürü: Buenos-Ayresdəki ilk illəri həyatda qalmaq və karyerasını irəlilətmək üçün himayəçi axtarışı ilə xarakterizə olunurdu. Peron ilə evliliyi strateji ittifaq idi. O başa düşürdü ki, kütlənin sevgisini sosial proqramlarla, kişinin sevgisini isə onun karyerasına faydalı olmaqla almaq olar.

Anna Nikol Smit (ABŞ, XX əsr).

26 yaşında 89 yaşlı milyarder C. Hovard Marşalla evlənmiş model və aktrisa.

Modelin təzahürü: Bu, Lilit modelinin müasir, faciəvi nümunəsidir. O, «sevgidən» evləndiyini açıq bəyan edirdi, lakin bütün hallar maliyyə zəmanəti axtarışına işarə edirdi. Onun hekayəsinin sonu — tənhalıq, asılılıq və vaxtından əvvəl ölüm — psixikanın canlı hissləri pul öhdəlikləri ilə əvəz etdiyi qiyməti göstərir.

Pol Getti (J. Paul Getty, ABŞ, XX əsr)

Öz dövrünün ən varlı adamı sayılan Amerika neft maqnatı — Lilit modelinin ən saf, «kişi» təzahürlərindən biri: onun üçün pul bütün insani bağlardan, o cümlədən sevgidən üstün idi.

Modelin təzahürü: Getti beş dəfə evlənib beş dəfə də boşandı; həyat yoldaşlarından biri boşanma ərizəsində onu emosional soyuqluq və laqeydlikdə günahlandırırdı. Sərvəti nə qədər böyüsə də, o, şəxsiyyət kimi yaxınlıq qura bilmirdi — hisslər həmişə maddiyatın kölgəsində qalırdı. Bu təfəkkürün ən kəskin nümunəsi 1973-cü ildə yaşandı: 16 yaşlı nəvəsi İtaliyada girov götürüldükdə, dünyanın ən varlı adamı fidyəni ödəməkdən imtina etdi — «14 nəvəm var; bir qəpik ödəsəm, 14 girov nəvəm olacaq» dedi. Yalnız oğurlanan uşağın qulağı kəsilib qəzetə göndəriləndən sonra o, məbləği aşağı salıb razılaşdı və hətta fidyənin bir hissəsini öz oğluna faizlə borc verdi. Bu, Lilit təfəkkürünün son həddidir: burada sevgi belə mühasibat qeydinə çevrilir, insan isə milyonların içində emosional cəhətdən tənha qalır.

5. MODELDƏN ÇIXIŞ (DEPRESSİV VƏ AQRESSİV)

Maddi dəyərlər sevinc gətirməyi dayandırdıqda böhran başlayır.

Depressiv çıxış: İnsan boşluğu dərk edir. «Zənginəm, lakin tənhayam». Lilit özünə qapanır, pulun dəyərini inkar etməyə başlayır, israfçılığa və ya apatiyaya düşür. Bu, Tereza modelinə (altruizm) və ya Putana modelinə (üsyan) keçidin mümkün olduğu nöqtədir. Depressiv fazada modelin daşıyıcısı ətrafındakılar üçün mənəviyyat baxımından daha təhlükəli olur.

Aqressiv çıxış: İnsan dünyaya qəzəblənir. «İnsanlar nankordu». Lilit başqalarını cəzalandırmağa başlayır, pulu manipulyasiya silahı kimi istifadə edir. Bu, izolyasiyanı gücləndirir və Kurtizan modelinə keçidi ehtimal edir.

6. MƏRYƏMİN HEKAYƏSİ: LİLİT YOLU

İyirmi dörd yaşında Məryəm hələ elə ucadan gülürdü ki, metroda dönüb ona baxırdılar, özü isə bundan zərrə qədər sıxılmırdı. Şəhərin kənarında rəfiqəsi ilə şərikli bir otaq kirayələmişdi, üçüncü il idi ki, soyadını inadla başqa bir əməkdaşın soyadı ilə səhv salan bir firmada başqalarının təqdimatlarını hazırlayırdı və əmin idi ki, bütün bunlar uzun çəkməyəcək: bir il, uzağı iki il keçəcək, adı konfransların proqramlarında yazılacaq, valideynləri də nəhayət görəcəklər ki, qızları heç kimin köməyi olmadan öz gücünə ayaq üstə durub.

Bunu onlara sübut etmək istəyi uşaqlıqdan içində idi. Onların evində həmişə eyni şeyin, pulun üstündə dalaşırdılar, özü də mətbəxdə, heç bir səsi boğmayan qapının arxasında. Balaca Məryəm belə axşamlarda atasına çay aparır, anasına beşlərlə dolu gündəliyini göstərir və üzlərinə baxıb yoxlayırdı: kömək etdi, ya yox. Sonralar uzun müddət fərqinə varmadığı iki qaydanı da elə o vaxt özü üçün çıxarmışdı: adamı faydasına görə sevirlər, pulun çatdığı yerdə isə heç kim qışqırmır.

Şəhər də ona eyni şeyi deyirdi, sadəcə sözsüz. Vitrinləri, firmanın girişində dayanan başqalarının maşınlarını, hər axmaqlığı bağışlanan şöbə müdirəsini göstərirdi; bağışlayırdılar, çünki əri filankəs idi. İyirmi dörd yaşına çatanda Məryəm maaşa qədər günləri saymaqdan yorulmuşdu, uğrunda bu şəhərə gəldiyi həyatın nə vaxt başlayacağını gözləməkdən isə daha çox yorulmuşdu.

Rafael firmanın müştərisi idi. Məryəmi slaydları dəyişdiyi danışıqlarda gördü, bir həftə sonra şam yeməyinə dəvət etdi, yeməyin sonunda isə süfrənin üstünə, onun qabağına ensiz bir qutu qoydu. Bilərziyi qızın biləyinə özü bağlayanda qızıl soyuq və gözlənilmədən ağır gəldi, qutunun yanına isə şəhərin mərkəzindəki mənzilin açarları qoyuldu. Rafael sakit danışırdı, mal göndərişindən danışan kimi: o, Məryəmin həyatını öz üzərinə götürür, Məryəm axşamlarını onun üçün boş saxlayır və heç nə soruşmur.

Onun barmağındakı nikah üzüyünü Məryəm hələ danışıqlarda görmüşdü. İndi açarlara baxıb hesablayırdı: şəhərin kənarındakı otaq, metroda qırx dəqiqə, soyadını daha səhv salmayacaqları vəzifəyə qədər beş il. Tərəddüdü uzun çəkmədi və düzünü desək, heç də üzüyə görə deyildi.

«Hər şeyi bir axşamda almaq mümkün ikən bunun dalınca beş il getmək sadəcə axmaqlıqdır, — deyə düşünürdü. — Mən ər axtarmıram. Mənə dayaq lazımdır, dayaq isə pulla başa gəlir».

— Razıyam, — dedi və ovcunu açarların üstünə qoydu.

İlk ay asan keçdi. Firmadan həftənin sonunu gözləmədən çıxdı. Yeni mənzilin dəhlizində bütöv divar boyu güzgü asılmışdı; səhərlər növbəti paltarını geyinib onun qarşısında uzun-uzadı dayanır, indi neçəyə başa gəldiyini götür-qoy edirdi və baha çıxırdı. Anasına o qədər pul göndərdi ki, anası bunu yarım ilə qazanırdı, «haradandır?» sualına isə «mükafatdır» dedi. Anası dəstəkdə bir az susdu, sonra sağ ol dedi.

Şəhərin kənarındakı o otağı bölüşdüyü Ninaya getdikcə az zəng edirdi. Ona elə gəlirdi ki, məsələ təkəbbürdə deyil, sadəcə danışmağa söz qalmayıb: Nina ev sahibəsindən, yol biletinin qiymətindən şikayətlənir, Məryəm isə qulaq asa-asa bu şikayətləri pula çevirir, elə cüzi məbləğ alınırdı ki, adamı darıxdırırdı. Gecələr saatlarla söhbətləşdikləri telefonu yazı masasının siyirməsinə qoydu, çünki Rafael təzəsini bağışlamışdı.

«Sevgi kasıblar üçün nağıldır, — bir dəfə hesabdan çıxarışı nəzərdən keçirərkən belə qərara gəldi və bu fikir yetkin adamın fikri kimi göründüyü üçün xoşuna gəldi. — Əsl şeylər isə pulla alınır».

Rafael həftədə iki dəfə gəlir, zərfi dəhlizdəki balaca masanın üstünə qoyur və gecəyarısına yaxın gedirdi. Qalan günlərdə harada olduğunu Məryəm soruşmurdu, bu, razılaşmaya daxil deyildi. Hərdən o, artıq geyinmiş halda qapının ağzında ləngiyir və işə dəxli olmayan bir şey danışırdı: sudan qorxan oğlundan, uşaq vaxtı özünün limanda az qala boğulmasından. Belə dəqiqələrdə Məryəm onu sorğu-suala tutmaq istəyir, amma özünü saxlayırdı, çünki o vaxtkı anlayışına görə, səni saxlayan adama bağlanmaq qeyri-peşəkarlıq olardı. Lakin bir cümə axşamı Rafael gəlməli olduğu halda gəlməyəndə birdən fərqinə vardı ki, liftin səsinə qulaq asır, və elə hirsləndi ki, sanki özünü oğurluq üstündə yaxalamışdı. Onu gözləmək də razılaşmaya daxil deyildi, razılaşmaya daxil olmayan hər şeyi isə yeni həyatında yox sayırdı.

Üçüncü ayda, bazar günü bir mesaj gəldi:

«Bu ay çətinliklər olacaq. Az gətirəcəyəm. Zəng etmə».

Məryəm mesajı bir neçə dəfə oxudu və sifətinin alışıb-yandığını hiss etdi. Nə qədər axtardısa da, içində inciklik tapmadı. Qalığı əskik verilən, üstəlik səs-küy salmaması xahiş olunan alıcının hirsi vardı.

«O buna necə cürət etdi? Mən ona üç ayımı, istədiyi hər axşamı verdim, o isə benzin xərcini ixtisar edən kimi məni ixtisar etdi».

Axşam özü gəldi və paltosunu çıxarmadan zərfi masanın üstünə qoydu. Zərf nazik idi və Məryəm bunu onu əlinə almamışdan əvvəl gördü.

— Biznes biznesdir, — dedi o, Məryəmin yanından ötüb pəncərəyə baxa-baxa.

— Mən biznes deyiləm.

— Sən investisiyasan. İnvestisiyada isə risk olur.

O bunu hirssiz, az qala yorğun-yorğun dedi və elə buna görə də Məryəmin cavab verməyə sözü olmadı. Qapı onun arxasınca quru bir çıqqıltı ilə örtüldü.

Diqqət edin: Məryəmi hiddətləndirən heç də hisslərinə etinasızlıq deyil. Onun «qiymətini endiriblər» və bu barədə o, sövdə sözləri ilə düşünür, çünki Lilitin münasibətlər üçün başqa dili yoxdur.

Gecəni çarpayının qırağında oturub keçirdi; qabağında, örtüyün üstündə açarlarla zərf vardı və o bunlara uduzandan sonra kartlara baxan kimi baxırdı. Ağlaya bilmirdi. Axırıncı dəfə nə vaxt ürəkdən qəhqəhə çəkdiyini xatırlamağa çalışdı, alınmadı; Rafaelin üzünü xatırlamaq istədi, yadına isə yalnız zərf tutan əlləri, bir də nədənsə sudan qorxan oğlan düşdü. Sonra ağlına gəldi ki, anası o vaxt, dəstəkdə, yəqin, hər şeyi başa düşmüşdü, yenə də pulu götürmüşdü və bu fikirdən ürəyi lap bulandı.

Ən pisi o idi ki, Rafael haqlı çıxmışdı: qiymətini Məryəm özü demişdi, o axşam, qutunun başında. Amma ona hirslənmək özünə hirslənməkdən qat-qat asan idi.

«Qərara gəlmisən ki, mənim qiymətimi anbarda qalıb köhnəlmiş mal kimi endirmək olar. Yaxşı. Madam ki bu biznesdir, mən sənə hesab çıxaracağam».

Səhərə yaxın siyirmədən köhnə telefonu çıxardı. Telefon xeyli vaxt işə düşmədi, sonra bir faiz enerji və ekrandakı şəkli göstərdi: Nina ilə ikisi mətbəxdə, hər ikisi una bulaşıb, hər ikisi qəhqəhə çəkir.

— Mənəm, — dedi Məryəm, Nina dəstəyi götürəndə. — Qayıdıram.

— Hara? — Nina yuxulu səslə və deyəsən, heç təəccüblənmədən soruşdu.

— Özümə. Onunla da hesablaşacağam.

Nina cavab verməyə macal tapmamış ekran söndü.

Zərf, açarlar və bilərzik masanın üstündə qaldı. Bilərzik çətin açılırdı, biləyində ondan yaydan sonra saatın yeri kimi solğun bir zolaq qalmışdı. Mənzilin qapısını kilidləmədi.

Çöl soyuq idi, hava az qala işıqlanmışdı, dənizdən rütubət gəlirdi. O, iti addımlarla gedirdi, sonra qaçmağa başladı və dönüb baxacaq bir kəsin olmadığı boş yolayrıcında var səsi ilə qışqırdı:

— Mən əşya deyiləm!

Səsi qırıldı. O güldü, gülüşü acıqlı, xırıltılı çıxdı, bir vaxtlar metroda adamların dönüb baxdığı gülüşə heç oxşamırdı.

«Sən məni ucuz almaq istəyirdin, — Ninanın evinə tərəf dönərkən düşünürdü. — İndi mən sənin nüfuzunu satacağam. Baha qiymətə».