Dr. Vilhelm Stekelin “Sinir təşviş halları və onların müalicəsi” əsərinə ön söz

1893-cü ildən davam etdirdiyim, əvvəlcə həmkarlar arasında az diqqət çəkmiş nevrotik xəstəliklərin etiologiyası və psixi mexanizmi haqqında tədqiqatlarım nəhayət bir sıra tibbi tədqiqatçılar tərəfindən tanındı və nəticələrimi borclu olduğum psixoanalitik tədqiqat və müalicə üsuluna da diqqəti yönəltdi. Psixoanalizlə tanış edə bildiyim ilk həmkarlardan biri olan və hazırda uzun illərin təcrübəsi ilə onun texnikasına özü də bələd olan cənab doktor V. Stekel indi bu nevrozların klinikasından bir fəsli mənim baxışlarım əsasında işləməyi və psixoanalitik üsulla əldə etdiyi təcrübəni həkim oxucular üçün təqdim etməyi öz öhdəsinə götürür. İndi izah etdiyim mənada onun işinə görə məsuliyyəti könüllü üzərimə götürsəm də, təşviş halları haqqında bu kitaba birbaşa təsirimin çox az olduğunu açıq bəyan etməyi yerinə düşən hesab edirəm. Müşahidələr və qavrayışın, şərhin bütün təfərrüatı onun mülkiyyətidir; yalnız «təşviş histeriyası» adı mənim təklifimə əsaslanır.

Deyə bilərəm ki, doktor Stekelin əsəri zəngin təcrübəyə əsaslanır və digər həkimləri bu vəziyyətlərin etiologiyası haqqında baxışlarımızı öz səyləri ilə təsdiqləməyə təşviq etmək üçün nəzərdə tutulub. O, çox vaxt nevrotik simptomların arxasında gizlənməyə adət etmiş həyat reallıqlarına dair gözlənilməz görüşlər açır və həmkarları, şübhəsiz ki, inandıracaq ki, burada verilən işarələrə və izahlara münasibətdə hansı mövqe tutacaqları onların anlayışı üçün də, terapevtik fəaliyyətləri üçün də laqeyd ola bilməz.

Vyana, mart 1908.

Prof. Freyd.