Birinci mühazirə. GİRİŞ
Dəyərli xanımlar və bəylər! Sizlərin, oxuduqlarınız və eşitdikləriniz üzrə, psixoanalizlə hara qədər tanış olduğunuzu bilmirəm. Elə bunun üçün də mənim bu mühazirəm “Psixoanalizlə ilkin tanışlıq” adlanır və sanasan, sizlərin onunla bağlı heç nə bilmədiyinizi və bu elm üzrə bilgiləri ilk dəfə məndən eşitdiyinizi düşünürəm.
Buradaca bir az ürəklənib sizlərin ən azından bunu bildiyinizi sanıram: psixoanaliz əsəb xəstələrini sağaltmaq üçün olan metodlardan biridir; ancaq elə bu andaca, sizin bu biliyinizi yetərli saymadığımdan, örnəklər gətirməklə buradakı müalicənin tibdə olan başqa müalicə metodlarına oxşamadığını, bir sıra durumlarda isə bütünlüklə onların tərsinə olduğunu da diqqətinizə çatdırmaq istəyirəm. Bizim alışdığımıza görə, hansısa xəstəni yeni müalicə metodu ilə sağaltmağa başlayanda ona bu müalicənin qorxulu olmadığını və uğurla başa çatacağını aşılamağa çalışırlar. Belə bir yanaşmanı mən də bütünlüklə düzgün sayıram və bununla müalicənin uğur qazanma şansının artdığını düşünürəm. Ancaq biz hansısa nevrotiki psixoanaliz üsulu ilə müalicə eləyəndə büsbütün başqa bir yanaşmaya əl atırıq. Biz bu vaxt xəstəyə müalicənin ağırlığından, uzun çəkəcəyindən, habelə onun sağalmasının çoxlu güc və sarsıntılarla başa gələcəyindən danışırıq. Müalicənin uğurla bitəcəyinə gəlincə, biz bununla bağlı da xəstəyə söz verib onu arxayın eləmirik, axı uğurlu sonluq xəstənin özünü necə aparmasından, onun müalicəyə anlayışla yanaşmasından, öz düşündüklərini gizlətməyib yerli-yataqlı danışmasından və dözümlülüyündən asılıdır. Sözsüz, ilk baxışda sizlərə yanlış görünə bilən belə bir müalicə üsuluna əl atmaqda bizim də öz tutarlı arqumentlərimiz vardır və çox keçmədən sizlər də bu arqumentlərlə tanış olacaqsınız.
Bir istəyim var, danışığımın başlanğıcında sizlərlə də elə bu dediyim əsəb xəstələri ilə olduğu kimi davranmağımdan inciməyin. Belə davranışımın səbəbi isə, sözün doğrusu, sizləri mənim bundan sonrakı mühazirələrimə gəlməkdən çəkindirmək üçündür. Onun üçün mən elə sözümün başlanğıcındaca psixoanalizi öyrənmək istəyənlərin çaşqınlıqlarla üzləşdiyini, eləcə də onunla bağlı hansısa gerçək bilgiyə gəlib çıxmağın olduqca ağır başa gəldiyini çəkinmədən və gizlətmədən sizlərə deməliyəm. İndiyədək oxuyub-öyrəndiyiniz biliklərin və alışdığınız düşüncə tərzinin sizləri psixoanalizlə necə qarşı-qarşıya qoyacağını, sizin bu instinktiv öcəşkənliyinizi aradan qaldırmaq üçün çox ağır bir yol keçməli olacağınızı da bəri başdan diqqətinizə çatdırmaq istəyirəm. Mənim psixoanalizlə bağlı mühazirələrimdən sizin onu öyrənəcəyinizi öncədən demək çətindir, ancaq məni dinləməklə özünüzün psixoanalitik araşdırmalar aparmağınızı və onunla kimlərisə sağaltmağı bacarmayacağınızı əvvəlcədən inamla deyə bilərəm. Birdən sizlərin arasından kimsə psixoanalizlə bağlı beləcə qısa və ötəri tanışlığı yetərli saymayacaqsa, onu dərindən öyrənmək üçün öz gələcəyini qırılmaz tellərlə psixoanalizlə bağlamaq istəyəcəksə, mən beləsini var gücümlə bundan çəkindirməyə çalışmaqla yanaşı, onun bu addımı atmaması üçün əlimdən gələni edəcəyəm. Bunu etməyimin səbəbi isə, belə bir peşəni seçən kimsənin gələcəkdə seçdiyi elm üzrə heç bir gözəçarpacaq uğurunun olmayacağı ilə bağlıdır. Özünə bu yolu seçmiş həkim müalicəyə başlayan kimi onu anlamayan çoxsaylı insanların çevrəsinə düşəcək, ona inanmayacaqlar, öcəşkənliklə qarşılayacaqlar və toplumun bütün gizlin qara qüvvələri onu susdurmaq üçün birləşəcəklər. Ola bilsin ki, buradakı araşdırmalarımızda, bütün savaşların gedişində üzə çıxdığı kimi, bugünkü Avropada psixoanalizə qarşı savaş açan belə qara güclərin
“qoşun bölükləri”nin sayını, onların haralarda və necə yerləşdiklərini də az-çox öyrənə bildik.
Düzdür, hansı çətinliklərlə bağlı olmasından asılı olmayaraq, yeni qavrayış üsuluna vurğunluqla bağlanan insanlar da həmişə tapılır. Sizin aranızda da belələri tapılacaqsa və onlar mənim bu çəkindirici sözlərimdən sonra da buraya yenidən gələcəksə, onda mən bu insanları alqışlarımla qarşılayacağam. Ancaq siz, öncədən, psixoanalizi öyrənməyin hansı çətinliklərlə bağlı olduğunu da bilməlisiniz.
Bu çətinliklərdən birincisi, psixoanalizi öyrətmək və onu öyrənməklə bağlıdır. Siz tibb ilə bağlı məşğələlərdə hər şeyi canlı olaraq görüb-götürməyə alışmısınız. Burada hansısa canlının sınaq üçün götürülmüş kəsiyini, hansısa bir kimyəvi reaksiyadan alınmış maddəni, əsəb sisteminin qıcıqlanmasından əzələlərin necə yığıldığını görürsünüz. Daha sonra sizə xəstələri, onların bu xəstəliyindən yaranan çatışmazlıqlarını, xəstəliyin hansı sonuclara gətirib çıxardığını, bir sıra durumlarda isə lap xəstəlik törədicilərini də göstərirlər. Cərrahlığı öyrənərkən siz xəstəni sağaltmaq üçün aparılan əməliyyatlara qatılırsınız, yeri gələndə özünüz də bu əməliyyatları aparmağa başlayırsınız. Eləcə də psixoanalizdən fərqli olub, psixiatriya adlanan tibb sahəsində də dediyimiz bu konkretlik vardır, siz psixiatriyada xəstələrin mimikasında, danışıq və davranış tərzində xəstəliklə bağlı baş verən dəyişiklikləri birbaşa izləyib öyrənə bilirsiniz. Bir sözlə, elə bil tibb üzrə müəlliminiz sizi muzey bələdçisi kimi buradakı eksponatlarla tanış eləyir, siz isə bu gördüklərinizi birbaşa araşdırıb qavrayaraq özünüz üçün yeni olan bu faktların gerçəkliyinə inanırsınız.
Ancaq nə etmək olar? Psixoanalizdə işlər bambaşqadır. Burada aparılan analitik müalicənin gedişində yalnız xəstə ilə onun həkimi arasında çox uzun sürən bir danışıq baş verir. Xəstə özünün keçmiş sarsıntılarından, indiki duyğularından danışır, şikayətlənir, özünün arzuları və diləkləri ilə bağlı ürək sözlərini deyir. Həkim isə xəstənin dediklərinə qulaq asır, onun düşüncələrini yönəltməyə çalışır, nələrisə onun yadına salır, xəstənin diqqətini bəlli bir yöndə toplamağa çalışır, ona nələrisə aydınlaşdırmağa başlayır və xəstəyə təsir eləmək üçün dediklərini onun necə qarşıladığını, necə qavradığını öyrənməyə çalışır. Ancaq xəstənin yalnız birbaşa görüntülərdən təsirlənə bilən, hər şeyi kinolarda olduğu kimi canlı olaraq görmək istəyən qohumları isə müalicə başlayan kimi ortalığa şübhə toxumu səpmək fürsətini qaçırmırlar: “Bu nə deməkdir? Yalnız xəstə ilə danışmaqla da xəstəlik sağalarmı?” Bu isə onlarda uzaqgörənliyin və olayları ardıcıllıqla izləmək bacarığının olmamasından doğur. İşə baxın, indi həkimi qınayan bu qohumlar bundan öncə öz doğmaları olan bu xəstəni də “özü üçün xəstəlik uydurmaq”da qınayırdılar. İnsanların keçmişlərdə sözlə ovsunlandıqları dönəmlər arxada qalsa da, ancaq söz yenə də özünün möcüzəli təsirlərini saxlamaqdadır. Sözlə bir insan başqasının könlünü aça, ya da onun qanını qaralda bilər, müəllim öz biliklərini öyrəncilərinə sözlərin yardımı ilə öyrədir, hansısa natiq sözün gücü ilə çoxsaylı insanların diqqətini özünə toplaya, onlarda bəlli bir düşüncə və rəylər yarada bilir. Bir sözlə, sözün çox güclü təsir qüvvəsi vardır və insanlar hamılıqla onun bu gücündən öz aralarında bir-birinə təsir edə bilmək üçün yararlanırlar. Ona görə biz də psixoterapiyada sözün bu dəyərindən yararlanmağa çalışırıq və həkimin öz xəstəsindən eşitdiyi sözlərdən onun müalicəsi üçün yararlanmağı bacardığını görəndə buna sevinirik.
Ancaq işə baxın, psixoanalizdə xəstənin müalicəsi ilə bağlı olan belə məqamları biz başqalarına göstərə bilmirik. Psixoanalitikin müalicəsi elə onun xəstə ilə apardığı danışıqlardan ibarətdir, ancaq onun öz xəstəsi ilə apardığı bu danışıqlara başqası qulaq asmamalıdır; ona görə də o öz müalicə metodlarını başqalarına göstərib bunun nə demək olduğunu birbaşa anlatmaq gücündə deyildir. Düzdür, psixiatriya üzrə mühazirələrdə öyrəncilərə nevrasteniyadan, yaxud da isterik tutmalardan əziyyət çəkən xəstələri göstərmək olar. Bu xəstələr xəstəliyin yaratdığı ağrılardan və sarsıntılardan danışa da bilərlər, ancaq onlar başqalarının yanında bundan artığını deməyəcəklər. Belə xəstə psixoanalitikə gərək olan bilgiləri ancaq öncədən bunun üçün yaradılmış bəlli durumlarda verə bilər; o, danışdığı yerdə özünə yad saydığı başqa birisini görüncə səsini kəsib susur. Axı öz həkiminə ürək qızdırıb danışdıqları onun mənəvi həyatının ən intim duyğuları ilə bağlıdır. O, yaşadığı toplumda özünü ayrıca bir fərd kimi qavradığından, bütün bunları başqalarından gizlətməyi gərəkli sayır, bu məqamların bəzilərini isə heç özünə də etiraf eləmək istəmir.
Beləliklə də, psixoanaliz metodu ilə müalicə eləyən həkimin danışıqlarını birbaşa dinləmək olmur. Siz isə bütün bunlarla bağlı ancaq sonradan eşidə bilirsiniz və psixoanalizlə tanışlığınız yalnız ağızlarda dolaşan sözləri eşitməkdən o yana keçmir.
Psixoanalizlə bağlı bilikləri dolayısı ilə öyrəndiyinizə görə onunla bağlı fərdi baxışlarınız da alışmadığınız bir şəraitdə formalaşacaqdır. Psixoanalizlə bağlı biliklərə yiyələnməyiniz isə bununla bağlı bilgilər verən kimsəyə inamınızdan asılı olacaqdır.
Bir anlığına, tutalım, siz psixoanalizlə yox, tarixlə bağlı mühazirədəsiniz və mühazirəçi sizlərə Makedoniyalı İsgəndərin ömür yolundan və göstərdiyi igidliklərdən danışır. Siz bu eşitdiklərinizin doğruluğuna nəyə əsasən inanacaqsınız?
Öncə adama elə gəlir, çox uzaq keçmişlə bağlı olan bu faktları bütün dərinliyinədək öyrənmək daha çətindir, axı sizə mühazirə oxuyan tarix professoru Makedoniyalı İsgəndərin yürüşlərində onun yanında olmamışdır, sizinlə danışan psixoanalitik isə ən azından söz açdığı olayın iştirakçısı olmuşdur. Ancaq burada bizi tarixçi alimə inanmağa yönəldən tutarlı arqumentlər də vardır. Tarixçi alim ya bu yürüşlərin gedişində İsgəndərin yanında olmuş əski çağ yazarlarının əsərlərinə arxalanır, ya da İsgəndərin yaşadığı dönəmə yaxın olan çağlarda yaşamış, tutalım, Diodor, Plutarx, Arrian və bu kimi başqa sanballı tarixçilərin əsərlərindən öyrəndiklərinə görə danışır; bundan başqa, o, İsgəndərin yaşadığı çağdan bu günümüzə gəlib çıxmış pulların,
İsgəndərin büstünün, onun döyüş səhnələrinin əks olunduğu mozaik rəsmlərin fotolarını göstərməklə dediklərinin doğruluğuna sizləri inandırmağa çalışır. Lakin bir az məntiqlə yanaşanda sizə göstərilən bu faktların çoxunun keçmişlərdə Makedoniyalı İsgəndəri birbaşa görməyən, ancaq eşitdiklərinə görə onun varlığına və göstərdiyi igidliklərə inanan insanların dilindən yazıya alındığını anlayaraq tarixçi professorun sizə danışdıqlarına şübhə ilə yanaşmağa başlayacaqsınız. Onda siz İsgəndərlə bağlı danışılanların bir çoxunun bir-biri ilə uyuşmadığını, inandırıcı olmadığını da duya biləcəksiniz, ancaq mənə elə gəlir, belə yanlışlarla üzləşdiyiniz üçün siz İsgəndərin gerçək bir tarixi şəxsiyyət olduğuna inanmaqdan əl çəkməyəcəksiniz, eləcə də durub mühazirə zalından çıxmayacaqsınız. Siz burada eşitdiklərinizi başlıca olaraq iki yöndən qavramağa çalışacaqsınız: birincisi, mühazirəçinin bilərəkdən sizi aldatmağa çalışmadığını, buna görə də yalan danışmaqda maraqlı olmadığını düşünəcəksiniz; ikincisi, əldə olan tarix kitablarının çoxunda İsgəndərlə bağlı baş verən başlıca olayların, demək olar, üst-üstə düşdüyünü görüb, buna görə də toxtaqlıq tapacaqsınız.
Əgər siz sonradan, əski çağlardan qalma qaynaqları öyrənməyə başlasanız, durumun, həqiqətən, sizin düşündüyünüzə uyğun olduğunu və ayrı-ayrı qaynaqları yazıya alan insanların dediklərinin çox yerdə, doğrudan da, üst-üstə düşdüyünü görəcəksiniz.
Sizin bu araşdırmalarınız, ola bilsin, İsgəndərlə bağlı düşüncələrinizə bir aydınlıq gətirəcəkdir, ancaq siz bu araşdırmalarınızı birdən Musa, yaxud Nəmrudla bağlı aparmaq istəsəniz, işlər büsbütün ayrı cür gedəcək və sizin bu mövzular üzrə inandırıcı biliklər almağınız da çox çətin olacaqdır. Bu baxımdan, sanıram, sizin psixoanaliz üzrə mühazirə oxuyan birisinə inamla yanaşıb-yanaşmayacağınızı da, bir azdan özünüz üçün aydınlaşdıra biləcəksiniz.
İndi isə siz, çox düzgün olaraq, soruşa bilərsiniz: psixoanalizlə bağlı birbaşa heç bir gerçək və yoxlanılası biliklər almaq olmursa, onda onu necə öyrənmək olar və bu öyrəndiklərimizin doğruluğuna inanmaq olarmı? Doğrudan da, psixoanalizi öyrənmək çox çətindir, çox az sayda insanlar onu dərindən bilir, ancaq buna baxmayaraq, onu öyrənə bilməyin bəlli yolları da vardır. Psixoanalizi öyrənmək, ilk öncə, özünün kimliyini araşdırmaqdan başlayır və özünün fərdi özəlliklərini araşdırmağı bacaran insanlar onu bir elm olaraq yetərincə qavraya bilirlər. Bu dediklərimizi insanın özünümüşahidə adlanan özəlliyi ilə qarışdırmaq olmaz, ancaq psixoanaliz də elə necəsə bu özünümüşahidənin bir növü sayıla bilər. Hamıya bəlli olan və geniş yayılmış çoxlu psixoloji olayları öz-özünü öyrənməyə başlamaqla yiyələndiyin bacarıqlara arxalanaraq araşdırıb, onlara aydınlıq gətirmək olar. Belə sınaqlar isə psixoanalizin təsvir elədiyi proseslərin gerçəkliyinə inanmağa gətirib çıxarır və onları düzgün anlamağa kömək eləyir. Ancaq bu yolla irəliləmək də bəlli hüdudlara çatana kimi olur. Burada sənin kimliyini bilgin bir psixoanalitik araşdıranda daha çox bilik qazanmaq olur, bu vaxt onun sənin MƏNİNƏ göstərdiyi təsirləri izləməklə psixoanalizin metodlarının incə texniki üsullarını qavramaq mümkündür. Ancaq psixoanalizlə bağlı bilikləri öyrənməyin bu yolu da hər bir kəsin ayrılıqda görə biləcəyi bir işdir, insanların bunu birlikdə öyrənməsi mümkün deyildir.
Psixoanalizi öyrənməyin başqa bir çətinliyi isə onun özü ilə yox, birbaşa sizin özünüzlə, özü də sizin psixoanalizi öyrənməzdən öncə aldığınız tibb üzrə biliklərlə bağlıdır. Bir sözlə, indiyə qədər öyrəndiklərinizə görə alışdığınız düşüncə tərzi sizi psixoanalizi anlamağa qoymur. Siz orqanizmin fəaliyyətini və onda baş verən çatışmazlıqları anatomik biliklərlə əsaslandırmağa, onları kimyəvi və fiziki anlayışlarla aydınlaşdırmağa, bütün bunların hamısını isə bioloji qanunauyğunluqlarla anlamağa alışmısınız və bizim çox təəccüblü və mürəkkəb orqanizmimizin inkişafının ən yüksək pilləsində dayanan psixi proseslərə yetərincə maraq göstərməmisiniz. Onun üçün də siz apardığınız araşdırmalarda psixoloji yanaşmadan yararlanmırsınız, ona inamsız yanaşmağa öyrəşdiyinizdən, onu elmi yanaşma saymırsınız və elə buna görə də elmin bu sahəsini peşəkar olmayanların − yazıçıların, təbiətçi-filosofların (naturfilosofların) və mistiklərin öhdəsinə buraxmısınız. Özünü bu sahədən çəkindirmək isə sizin həkimlik fəaliyyətinizə böyük ziyan vurur. Bəlli olduğu kimi, insanların ünsiyyəti onların psixi fəaliyyət növlərindən biridir, ona görə də, sizin yanınıza gələn xəstə də özünün psixi özəllikləri ilə qarşınızda dayanır, siz isə çox vaxt özünüzün yaxşı bildiyiniz tibbi yardımdan başqa, xəstənin psixi durumuna da təsir etməli olursunuz, ancaq bu sahə üzrə biliksiz olduğunuzdan, yaranmış bu durumda bəyənmədiyiniz hansısa mistikdən, yaxud da türkəçarəçi həkimdən eşitdiyiniz yarıtmaz üsulları işə salmalı olursunuz.
Mən sizin intellektinizdə özünü göstərən bu çatışmazlığın aldığınız təhsildən yarandığını yaxşı bilirəm. Sizdə həkimlik təcrübənizdə yararlanmalı olduğunuz fəlsəfi biliklər çatışmır. Mən burada alver predmetinə çevrilmiş fəlsəfi baxışlardan, quru təsvirçilikdən ibarət olan psixologiyadan, tədris ocaqlarında öyrədilən fizioloji proseslərdən doğan duyğuları araşdıran eksperimental psixologiyadan söz açmıram.
Bunların heç biri sizə insanın bədəni ilə ruhu arasındakı ilişkilərdən nəsə anlatmaq gücündə deyildir, habelə siz bu biliklərinizlə qarşılaşdığınız insanda psixi pozuntuların olub-olmadığını ayırd eləməyi də bacarmayacaqsınız. Düzdür, tibbin bölmələrindən biri sayılan psixiatriya psixi sarsıntıların təsviri və belə xəstələrin klinik durumunun araşdırılması ilə məşğul olur, ancaq psixiatrların özləri də səmimi olduqları anlarda belə bir təsvirçiliyin elm adlanmasına şübhə ilə yanaşdıqlarını boyunlarına alırlar. Onlar araşdırdıqları xəstəliyin üzə çıxardığı əlamətlərin dolğun mənzərəsini yarada bilmirlər və bu əlamətlərin nədən qaynaqlandığını, bir-birindən necə asılı olduğunu, hansı mexanizmlə işlədiyini də aydınlaşdıra bilmirlər; onların yozumlarında insan psixologiyasının daşıyıcıları olan orqanların hansısa bəlli olmayan dəyişilməsindən, ya da bütünlüklə orqanizmdə baş verən və səbəbi bəlli olmayan hansısa psixi çatışmazlıqlardan söz açılır. Bu psixi pozğunluqların terapevtik müalicəsinə gəlincə, belə xəstəlikləri yalnız orqanizmdə hansısa üzvi dəyişikliklər törətməyə başlayandan sonra aydınlaşdıra bildiklərindən, xəstəliyi də yalnız ağırlaşmağa başlayandan sonra müalicə eləməyə çalışırlar.
Psixoanaliz isə xəstəliyin üzə çıxarılması ilə onun müalicəsinə başlanması arasında yaranan bu boşluğu doldurmağa çalışır. O, psixiatriyaya onun gedib çata bilmədiyi psixoloji özülü tapmaqda kömək eləyir, bununla da cismani, habelə psixi dəyişikliklərin və çatışmazlıqların bir-birindən asılılığını öyrənə bilmək üçün lazım olan ortaq bir mühit yaratmağa çalışır. Buna görə də psixoanaliz gərək onun üçün yad olan istənilən anatomik, kimyəvi və fizioloji özəlliklərə əsaslanan fərziyyələrdən yayınmağa çalışsın, yalnız psixoloji anlayışların köməyinə arxalansın – bax elə buna görə də mən psixoanalizlə tanışlığın sizlərdə ona qarşı inamsızlıq və anlaşılmazlıq yaradacağından qorxuram.
Psixoanalizin öyrənilməsində ortaya çıxan sonrakı çətinliklərə gəlincə, mən burada sizləri istər birbaşa, istərsə də dolayısı ilə, təhsil və düşüncə tərzinizdə olan yarıtmazlıqlara görə suçlaya bilmərəm. Psixoanaliz bu gün, qarşılaşdığı iki duruma görə, bütün dünyanı aşağılamış kimi görünür və bunun qarşılığında da hamının gözündən düşmüşdür; bunlar onun dünyada hökm sürən intellektual və etik-estetik xurafatçılıq ilə toqquşmasına görədir.
Ancaq dediyimiz bu xurafatçılığı yetərincə dəyərləndirməmək də doğru olmazdı; dünyada hökm sürən və bu gün psixoanalizlə toqquşan bu güclər insanlığın inkişafı gedişində yaranan olduqca zəruri və gərəkli dəyişikliklərlə yanaşı olaraq ortaya çıxmışdır. Bu xurafatçılıq, bizim çılğın duyğularımızın (affektiv) təsiri ilə yaranır və onlara qarşı duruş gətirmək çox çətindir.
Psixoanaliz özünün ağlasığmaz görünən ilkin müddəası ilə, psixi proseslərin öz-özlüyündə qeyri-şüuri olaraq baş verdiyini deyir, onlardan yalnız mənəvi aləmlə bağlı olan kəsiminin şüurlu olduğunu təsdiqləyir. Bildiyiniz kimi, biz psixoanalizlə tanış olmayana kimi bunun tərsini düşünür, bütün psixi olayların şüurlu olaraq baş verdiyini sanırıq. Bizim inancımıza görə, şüur psixikanın ən başlıca özəlliyidir və psixologiya şüurluluğun məzmununu öyrənən bir elmdir. Biz şüurla psixikanın eyniliyini danılmaz bir gerçəklik saydığımızdan, buna qarşı deyilən istənilən sözü də anlamsızlıq sayırıq, ancaq bütün bunlara baxmayaraq, psixoanaliz bu eyniləşməni danır və şüurla psixikanın eyniliyini tanımır. Psixoanalizin arxalandığı baxışa görə, psixi olaylar dedikdə, duyğular, düşüncələr və istəklər anlaşılır və psixikada qeyri-şüuri baş verən düşüncələr və istəklər də ola bilər. Ancaq belə bir mühakimə o andaca psixoanalizi ayıq elmi baxışların tərəfdarı olan insanların gözündən salır və onlar psixoanalizin nə isə anlaşılmazlıqlarla dolu, fantastikaya qapılmış bir təlim olduğunu düşünürlər, onun qaranlıqlarda veyilləndiyini, bulanıq suda balıq tutmaq istədiyini sanırlar. Sözsüz, siz sayğılı dinləyicilər üçün də indilikdə mənim nə üçün “psixi olan elə şüurlu olandır” kimi mücərrəd bir anlayışı xurafatçılıq saymağım qaranlıq qalacaqdır. Mənim düşüncəmə görə, siz qeyri-şüuri adlana biləcək bir gerçəkliyin olduğunu danmağın nəyə gətirib çıxaracağını yetərincə dəyərləndirə bilmirsiniz və bunun bizə hansısa üstünlüklər qazandırdığını düşünməklə yanlışa qapılırsınız.
Beləliklə də, biz indi belə bir sorunu araşdırmağa başlamışıq: psixi olanla şüurlu olan eyni şeylərdir, yoxsa psixi olan daha geniş çevrəni əhatə edən bir gerçəklikdir? Bu soru sizlərə boş bir söz oyunu kimi də görünə bilər, ancaq mən bu araşdırmalarımın gedişində sizlərə bunu aşılamaq istəyirəm: qeyri-şüuri psixi proseslərin olduğuna inanmaq elmi öz inkişafında bütünlüklə yeni olan bir yola yönəldir.
Psixoanalizin indicə səsləndirdiyim bu cəsarətli qənaəti ilə onun bir az sonra deyəcəyim ikinci bir qənaətinin bir-biri ilə necə qırılmaz tellərlə bağlı olduğunu, məncə, siz heç təsəvvürünüzə belə gətirə bilməzsiniz. Psixoanalizin özünün çox böyük uğuru saydığı bu ikinci qənaətinə görə, sözün dar və geniş anlamlarında, seksuallıq adlanan instinkt əsəb və psixi xəstəliklərin yaranmasında indiyədək dəyərləndirilə bilməmiş çox böyük bir rol oynamaqdadır. Bundan başqa da, psixoanalizin gəldiyi bu qənaətə görə, yüksək mədəniyyətin, incəsənətin və insan mənəviyyatı ilə bağlı olan sosial dəyərlərin yaranmasında seksual instinkt olduqca böyük bir rol oynayır və onun bu təsiri danılmazdır.
Bu sözləri isə özümün qarşılaşdığım saysız durumlara görə deyirəm: psixoanalizin öz araşdırmalarında gəlib çıxdığı bu sonuncu dediyim qənaət ona qarşı çevrilmiş düşmənçiliyi qızışdıran ən başlıca faktor sayıla bilər. Biz psixoanalitiklərin bu dediklərimizi özümüz üçün necə aydınlaşdırdığımızı bilmək istəyirsinizmi? Biz mədəniyyətin, həyati zərurətlərin təsiri ilə, insani instinktlərin qurban verilməsi hesabına yarandığını düşünürük və bu mədəniyyətin böyük bir hissəsi ara vermədən topluma qoşulan ayrı-ayrı insanların öz instinktlərinin ödənilməsini toplumun xeyrinə qurban verməsi ilə daim yenilənir. Dediyimiz bu instinktlərin içində isə ən önəmli yerlərdən birini seksual instinkt tutur; bu instinkt mədəniyyət yaradıcılığı prosesinə qoşulanda dəyişikliyə uğrayır, daha doğrusu, özünün seksual özəlliyini dəyişərək daha yüksək sosial məqsədlərə sarı yönəlir və o artıq bu durumunda seksual instinkt olmaqdan çıxır. Ancaq belə bir quruluş çox da dayanıqlı deyildir, seksual instinkti sıxışdırmaq çox çətindir və kimsə özünün bu instinktini sıxışdırmaqla mədəniyyət yaradıcılığına qoşulmaq istəyirsə, seksual instinktin onu bu işi görməkdən çəkindirə bilməsi qorxusu həmişə ortalıqda qalır. Ona görə də seksual instinktin belə bir sıxıntıdan azad olaraq yenidən özünün ilkin məqsədinə qayıda bilməsi toplumdakı oturuşmuş mədəniyyət üçün çox qorxuludur. Beləliklə də, toplum onun özülündə dayanan bu zəif yeri xatırlamağı sevmir, o, seksual instinktlərin gücünü və onun hər bir fərdə göstərdiyi çox böyük təsirini tanımaqdan boyun qaçırır; bununla yanaşı olaraq, tərbiyəvi baxımdan çıxış eləyərək, insanların diqqətini bu mövzudan yayındırmağa da çalışır. Elə buna görə də çağdaş toplum psixoanalizin öz araşdırmalarında gəldiyi, yuxarıda dediyimiz qənaətlərinə çox dözümsüz yanaşır və onları estetik baxımdan iyrənc, əxlaq baxımından ədəbsiz və qorxunc olaraq tanıtdırmağa çalışır. Ancaq belə qarşıdurma ilə elmi araşdırmanın gəldiyi gerçək sonucları danmaq özünü doğrulda bilməz. Bunlara qarşı çıxılırsa onda bu, intellektual baxımdan əsaslandırılmalıdır. Bəlli olduğu kimi, insanda bəyənmədiyi nəsnələri düzgün saymamağa yönəlik olan bir özəllik vardır və belə durumlarla qarşılaşanda o, dediyinin üstündə durmaq üçün arqumentləri də çox asanlıqla tapa bilir. Elə toplum da bəyənmədiklərinin düzgün olmadığını doğrultmaq istəyi ilə, psixoanailizin gəldiyi qənaətlərin düzgünlüyünü danmaq üçün çoxlu arqumentlərdən və dəlillərdən yararlanmağa çalışır, ancaq bütün bunları məntiqlə uyuşmayan bir çılğınlıqla eləyir və onu bu yanlış xurafatçılığından daşındırmaq üçün olan bütün çabalara qarşı var gücü ilə dirəşir.
Xanımlar və bəylər, danışığımızın bu yerində çəkinmədən demək istəyirəm: sizə mübahisəli görünən bu qənaətləri deməklə biz psixoanalitiklər əsla hansısa qərəzli məqsədlər güdmürük. Bizim, özümüzün ardıcıl və inadla apardığımız araşdırmalarda nəsnələrin gerçək durumu ilə bağlı gəldiyimiz və düzgün saydığımız düşüncələrimizi sizinlə bölüşməkdən ayrı bir istəyimiz yoxdur. Bizim qənaətlərimizin hansısa qorxunc sonuclara gətirib çıxaracağı ilə bağlı deyilənlərin nə dərəcədə inandırıcı olduğunu sonacan aydınlaşdıra bilməsək də, elmi fəaliyyətə bugünkü qısqanc yanaşmaları da düzgün saymırıq.
Mən indi psixoanalizlə məşğul olan insanların qarşılaşdıqları çətinliklərdən bir çoxunu sizlərə sadaladım. Elə bilirəm, başlanğıc üçün bu sadaladıqlarımız da yetərlidir. Sizlər, öz mühakimələrinizdə dediyim bu yanlış yanaşmaları üstələyə bilsəniz, biz danışığımıza davam edə bilərik.