On ikinci mühazirə. BİR SIRA YUXUGÖRMƏLƏRİN ANALİZİ

Dəyərli xanımlar və bəylər! Mən indi sizi geniş və bütöv yuxugörmələri yozmağa qoşulmaqdansa, hansısa yuxugörmələrin yozumlarının fraqmentləri ilə tanış olmağa çağırsam, gərək buna görə özünüzü darıxdırmayasınız. Siz yetərincə biliklər aldığınızı söyləyərək yuxugörmələri bütövlüyü və genişliyi ilə yozmağa gəlib çıxdığınızı deyə bilərsiniz, hətta belə bir inamınızı da dilə gətirə bilərsiniz: minlərlə yuxugörmələrin uğurla yozula bildiyi bu durumda indi gərək ortalıqda yuxugörmə ilə bağlı işlərimizin və düşüncələrimizin doğruluğunu göstərən çoxsaylı yuxugörmə örnəkləri toplusu olaydı. Düz deyirsiniz, ancaq neyləyəsən, bizim bu umacağımızın qarşısını kəsib gerçəkləşməyə qoymayan çoxlu çətinliklər vardır.

Sizin qarşınızda boynuma alıb deyə biləcəyim söz budur: bu işin dərinliyinə varsanız, onda elmi çevrədə yuxugörmələr üzərində çalışmağı özünün başlıca işinə çevirən bir kimsəni də tapa bilməyəcəksiniz. Bir anlıq özünüz də düşünün, yuxugörmələrin yozulmasına ən çox kimlər və necə qoşulurlar? Ola bilər, gözlənilmədən, hansısa məqsəd güdmədən, öz yaxınlarının yuxugörmələrini araşdırasan və ya psixoanalitika üzrə biliklərini dərinləşdirmək üçün öz yuxugörmələrini ardıcıl olaraq incələyəsən; ancaq bu yuxugörmələrin ən çox öyrənilən kəsimi nevroza yoluxmuş insanların psixoanalitikanın yardımı ilə müalicəsi zamanı onların danışıqları üzrə toplanmışdır. Bu nevrozlu insanların yuxugörmələri də elə sağlam insanların yuxugörmələri qədər dəyərlidir və mövzunu öyrənmək üçün çox gözəl bir qaynaq sayıla bilər, ancaq buradakı başlıca iş bu insanların sağaldılması olduğu üçün biz onların yuxugörmələrindən ancaq tibbi baxımdan işimizə yarayan kəsimləri götürür, qalanını isə araşdırmadan qırağa qoyuruq. Müalicənin gedişində üzləşdiyimiz bir sıra yuxugörmələr isə sonacan yozula bilmir. Belə yuxugörmələr bizə bəlli olmayan çoxsaylı psixoloji materialların toplusundan yaranır, elə ona görə də yalnız müalicə elədiyimiz xəstəni sağaldandan sonra onları anlamaq olur. Belə yuxugörmələrin sonacan yozula bilməsi nevrozun bütün gizlinlərini bizim üçün aydınlaşdıra bilərdi; biz də elə buna görə nevrozu dərindən araşdırıb öyrənə bilmək üçün yuxugörmələrin analizi işinə girişmişik.

Elə bilirəm, siz də nevroza yoluxmuş xəstələrin yuxularının araşdırılması ilə bağlı materialları öyrənməkdən boyun qaçırıb sağlam insanların və ya özünüzün yuxugör-mələrinizin yozumları ilə tanış olmağa üstünlük verərdiniz. Ancaq yuxugörmələrin məzmunu bizim bu arzumuzun yerinə yetməsinin qarşısını alır. İnsanlar istər özlərinə, istərsə də ürək qızdırdıqları başqalarına da ürəklərinin bütün gizlinlərini açıb sonacan demək istəmirlər, yuxugörmənin düzgün yozumu isə yuxugörən kimsənin bütün mərhəm duyğuları ilə sonacan və bütün açıqlığı ilə tanış olmadan mümkün deyildir.

Yuxugörmə ilə əlaqədar materialların əldə edilməsi ilə bağlı bu dediyimizdən başqa da çətinliklər vardır. Sizə də bəlli olduğu kimi, bir sıra durumlarda yuxugörmə onu görən kimsənin özünə də çox qəribə gəlir, elə isə yuxugörən kimsəni yaxından tanımayan bir başqası üçün yuxugörmə daha da çox qəribəliklərlə dolu olacaqdır.

Bizim əlimizdə yuxugörmələrin çox yaxşı və dərindən analiz edildiyi çoxsaylı yazılı örnəkləri vardır, mən özüm də müalicə elədiyim xəstələr üzrə apardığım belə analizlərlə bağlı çoxlu materiallar çap elətdirmişəm; ola bilsin, belə yazılı örnəklərdən ən yaxşısı O.Rankın 1910-cu ildə çap elətdirdiyi, bir gənc qızın bir-biri ilə ilişkili olan yuxugörmələrinin araşdırılmasıdır. İşə baxın, bu yuxugörmələrin məzmunu iki çap vərəqi, onların analizi isə 76 çap vərəqini tutur. Mən bu materialı bütün incəliklərinə kimi sizə danışmaq istəsəydim, bunun üçün bizə bir semestr (altı ay) vaxt gərək olardı. Birdən analiz eləmək üçün çox uzun və bərk korlanmış bir yuxugörməni götürürsənsə, onda bu durumda olduqca çoxsaylı aydınlaşdırmalara gərək duyulur, yuxugörəni çoxsaylı suallarla danışdırıb onun yuxugörmə ilə əlaqəli düşüncələrini öyrənməli olursan, sonra bunların üzərində çoxsaylı çək-çevirlər eləməli olursan, bütün bunları mühazirə kimi danışanda isə olduqca dolaşıq və anlaşılmaz görünən bir məzmun ortaya çıxır. Ona görə də sizlərin burada bir az asan başa gələn analizlərlə tanış olmaqla kifayətlənməyinizi istərdim, daha doğrusu, nevroza yoluxmuş insanların yuxugörmələrindən götürülmüş fraqmentlərin analizindən alınan bilgiləri öyrənməklə, bacardıqca bu mövzunu qavramağa çalışmağınız daha doğru olardı. İşimizi bir az da yüngülləşdirmək üçün, öncə, götürdüyümüz bu fraqmentlərdəki simvolları aydınlaşdırmağımız, daha sonra isə yuxugörmənin işinin düşüncəni geriyə sürükləyərək onu obrazlı görüntülərə necə çevirdiyini izləməyimiz yerinə düşərdi.

Aşağıda sadalayacağım yuxugörmələri analiz elədikcə mən nə üçün bu yuxugörmələrin üzərində dayandığımı da sizin üçün aydınlaşdırmağa çalışacağam.

1. Yuxugörmə iki sadə görüntüdən yaranıbdır: bu gün şənbə olsa da onun əmisi siqaret çəkir; hansısa bir qadın onu öz körpəsi kimi oxşayır.

Burada yuxugörən inanclı bir yəhudidir və o öz yuxusunun birinci kəsimi ilə bağlı bunları deyir: əmim çox inanclı bir kimsədir və o, yuxugörmədə baş verən sayağı, yəhudi dini inancının pozulması ilə bağlı heç vaxt bir suç işləməmişdir, onun belə bir suça batması ola bilməz. İkinci kəsimdəki qadına gəlincə, onun ağlına bununla bağlı heç nə gəlmir, onun deməsinə görə, ola bilər, bu qadın onun anasıdır.

Biz indi gərək yuxugörmənin bu iki görüntüləri ilə yuxugörənin düşüncələri arasında uyğunluq tapmağa çalışaq. Ancaq bunu necə etməli? Yuxugörəni sorğulayanda o, əmisinin suça batmayacaq birisi olduğunu çox qətiyyətlə deyir və bu zaman “birdən”

sözü ilə başlayan bir söz də deyir: “Birdən, mənim mömin bir insan olan əmim şənbə günü siqaret çəksəydi, onda anamın da məni bu yaşımda oxşaya biləcəyinə inanmaq olardı” (Yəhudi dininin qanunlarına görə, ananın yetkinlik yaşına çatmış oğlunu oxşaması yasaqdır. A.G.). Göründüyü kimi, burada yaşlı və inanclı bir yəhudinin şənbə günü siqaret çəkməsinin suç sayılması ilə, ananın öz yaşa dolmuş oğlunu oxşamasının da suç sayılması uyğunlaşdırılmışdır. Burada mənim sizə yuxarıda dediyim durum yaranmışdır: yuxugörmənin işi düşüncələr arasındakı asılılıqları aradan qaldırmışdır; onlar düşüncə olmaqdan çıxaraq geriyə qayıtmış, xammal şəklinə düşmüşlər, indi gərək biz də öz yozumumuzla bu itirilmiş ilişkiləri tapıb öz yerinə qoymağı bacaraq.

2. Mən yuxugörmələrlə bağlı çoxlu materiallar çap elətdirəndən sonra çoxsaylı insanlar üçün yuxugörmələr üzrə tanınmış bir məsləhətçiyə çevrilmişəm və uzun illər boyunca bununla bağlı çoxsaylı məktublar alıram. Bu məktublarda insanlar mənə öz yuxugörmələrini yazıb göndərir, çox vaxt da mənim onları yozmağımı istəyirlər. Mən, yuxugörmələrlə bağlı çoxlu sayda yozula biləcək yeni materiallar əldə eləyə bildiyimiz üçün, habelə bir çoxlarının yuxugörmələrini özlərinin yozumları ilə birgə göndərib işimizi yüngülləşdirməyə çalışdıqlarına görə, bu insanların hamısına öz sayğılarımı yetirirəm. Mənə göndərilən belə örnəklərdən biri Münhenli bir həkimin 1910-cu ildəki yuxugörməsidir. Mən bu örnəyi sizin diqqətinizə çatdırmaqla yuxugörmə ilə bağlı onu görən kimsənin geniş bilgi vermədiyi durumda yuxugörmənin anlaşılmaz olaraq qaldığını və yozula bilmədiyini sübut eləmək istəyirəm. Mənə elə gəlir, sonuncu mühazirələrimizi dinləyəndən sonra siz simvolların anlamlarını aydınlaşdırmaq yolu ilə yuxugörmələri yozmağın ən doğru yol olduğunu düşünməyə qapılmısınız və burada yuxugörən kimsəni sorğulamaqla qazanılan bilgilərdən yararlanmağa barmaqarası baxmağa başlamısınız, ona görə də mən sizi bu yanlışlığa qapılmaqdan çəkindirmək üçün bu yuxugörmə örnəyini baxışlarınıza çatdırmaq istəyirəm.

Münhenli həkim yuxugörməsini belə danışır: “13 iyul 1910-cu ildə belə bir yuxu gördüm: Tyubengen küçəsi ilə üzüaşağı velosipedlə gedirəm, birdən qonur rəngli bir köpək ardımca cumur və məni topuğumdan qapır, dişlərini topuğuma keçirib ardımca qaçır. Mən velosipedlə bir az da gedib dayanıram, velosipeddən düşüb topuğumu köpəyin dişindən qoparmağa çalışıram (ancaq nədənsə onun məni dişləməsindən ağrı duymuram, habelə bundan acıqlanmıram). Mənim dayandığım yerin qarşısında bir necə qoca qadın oturub, onlar mənə baxıb gülümsəyirlər. Burada mən yuxudan oyanıram və həmişə olduğu kimi, yuxudan ayılandan sonra da, bu yuxugörmə bütünlüklə gözümün önündə canlanır”.

Burada simvolların yardımı ilə çox az şeyi aydınlaşdırmaq olar. Ancaq qulaq asın, görün yuxugörən həkim öz yuxusunu aydınlaşdıra bilməyimiz üçün bizə nə yazır: “Son çağlar mən bir qıza bərk vurulmuşdum, onu tez-tez küçədə görsəm də yaxınlaşıb tanış olmaq üçün heç bir fürsət yaranmırdı. Sevdiyim qız küçəyə çıxanda yanında bir köpək olurdu, mən də heyvanları bərk sevən birisi kimi onun itlə gəzməsindən yararlanaraq bu qıza yaxınlaşmağı və tanış olmağı ən yaxşı fürsət sayırdım”. Həkimin bu yazısında deməsinə görə, o harada boğuşub bir-birini dişləri ilə gəmirən itlər görmüşsə, onları bir-birindən ayırmağa çalışmış və bu da çox vaxt bu boğuşmanı maraqla izləyənləri təəccübləndirmişdir. Beləliklə də, onun yazdıqlarına görə, biz həkimin vurulduğu qızın həmişə bu köpəklə gəzməyə çıxdığını öyrənirik.

Ancaq bu qızın obrazı yuxugörmədə yoxdur, onun yerini əlaqələndirən əvəzedici olan köpək tutmuşdur. Ola bilsin də, elə yuxugörmədəki yaşlı qadınlar qızın yerini tutmuşdur. Yuxugörənin dedikləri bu məqamı aydınlaşdırmaq üçün yetərli deyildir.

Onun yuxugörmədə velosiped sürməsi isə gerçəklikdə baş verənlərə bütünlüklə uyğundur. Həkimin yazmasına görə, doğrudan da, o həmişə velosipedlə gəzməyə çıxanda itlə gəzən bu qızla qarşılaşmışdır.

3. Olduqca yaxın və istəkli qohumunu itirmiş kimsələr çox uzun bir sürə qəribə yuxular görürlər və burada insanın ölümlə bağlı biliyi ölülərin haçansa diriləcəyi ilə bağlı deyilənlərlə qəribə bir barışığa girməyə çalışır. Bu “barışıq”dan belə bir qənaət alınır: ölən kimsə, diri olmasa da, özünün öldüyünü anlaya bilmədiyi üçün, yaşamaqda davam eləyir, o özünün öldüyünü anlaya bilsəydi, yalnız onda bütünlüklə ölərdi; ona görə də o, indiki durumunda yarı ölü, yarı diri sayılmalıdır və onun bu durumundakı hər bir anın xüsusi əlamətləri vardır. Belə yuxugörmələri anlamsız saymaq olmaz, bəlli olduğu kimi, ölənlərin dirilməsi nağıllarda olduğu kimi, yuxugörmələrdə də baş verə bilən adi bir olaylar sırasındadır. Mənim belə yuxugörmələri araşdırmalarımdan gəldiyim düşüncəyə görə, onların ağlabatan yozumlarını həmişə tapmaq olur və burada ən başlıcası, böyük sayğıyla anılmalı olan, ölənləri yenidən yaşama qaytarmaq diləyinin özünü belə, çox qəribə vasitələrlə gerçəkləşdirməyə çalışmasıdır. Mən indi çox qəribə və anlamsız görünən belə yuxugörmələrdən birini sizin baxışlarınıza çatdırmaq istəyirəm, elə bilirəm, bu yuxugörmənin analizi sizin psixoanalitika nəzəriyyəsini necə mənimsədiyinizi üzə çıxarmaq baxımından da maraqlı olacaqdır. Atasını bir neçə il bundan qabaq itirmiş kişinin gördüyü yuxu belədir: Atam öldü, onu basdırdıq, ancaq bir neçə gün sonra onu qazıb qəbrindən çıxardıq, o indi üzdən çox pis görünür. Qəbirdən çıxarılandan sonra atam neçə illərdir yaşayır, mən onun öldüyünü bilməməsi üçün var gücümlə çalışıram.

(Bunun ardınca yuxugörən kimsə yuxugörməsində bu olayla bağlı olmayan daha bir neçə epizod görür.)

Gerçək yaşama qayıdıb baxsaq, onun atasının öldüyü bəllidir. Ancaq atasının sonradan qəbirdən qazılıb çıxarılması və bundan sonrakı epizodlar gerçəklikdə olmamışdır. İndi görün bunun ardınca yuxugörən kimsə nə danışır: atasının basdırıldığı gün, evə qayıdandan sonra onun dişi ağrımağa başlamışdı. Əslən yəhudi olan bu kimsə ağrıyan bu dişi ilə yəhudi qaydasınca davranmaq istəmişdi, yəni “dişin ağrıdısa çək, canını qurtar”, ona görə də dişini çəkdirmək üçün diş həkiminin yanına yollanmışdı. Diş həkimi isə ona demişdi: “Bu dişi çəkməyə dəyməz, gərək onun ağrısına bir az dözəsən. Mən indi onun oyuğuna dərman qoyub dişi öldürərəm, üç gün sonra gələrsən, qoyduğum dərmanı dişindən çıxararam”.

Yuxugörən bu yerdə dillənir: görünür, elə dişimi öldürmək üçün qoyulan dərmanın çıxarılması yuxumda ölünün qəbirdən çıxarılmasına çevrilibdir.

Yuxugörənin bu sözlərini doğru saymaq olarmı? Sözsüz, onun dediklərini bütünlüklə doğru saymaq olmaz, axı gerçəklikdə onun ölən dişini yox, bu dişi öldürmək üçün qoyulan dərmanı çıxarıblar. Ancaq bildiyiniz kimi, yuxugörmənin işinin olayları beləcə bir-birinə qarışdırması gözləniləndir. Yuxugörən kimsə öz yuxusunda ölmüş atası ilə ölmüş, ancaq çıxarılmamış dişini bir-biri ilə qarışdırmışdır.

Burada açıq yuxugörmənin anlamsızlığa gəlib çıxması da təəccüblü deyildir, axı buradakı ölmüş dişlə bağlı deyilə bilənlərin heç də hamısı onun atasının ölümü ilə uyğun gəlmir. Elə isə, burada diş ilə ölmüş atanı yuxugörmədə belə qatılaşdırmağı bacaran Tertium comparationis (üçüncü tutuşdurulmalı predmet) haradadır?

Görünür, burada hansısa uyğunluq da vardır, doğrudan da, yuxugörən kimsə danışığının ardında deyir: mənim eşitdiyimə görə, yuxuda dişinin düşdüyünü görmək yaxın adamlarından birinin öləcəyini bildirir.

Biz yuxugörmənin bu çox geniş yayılmış yozumunun yanlış olduğunu bilirik, belə bir yozumu ancaq zarafata salaraq doğru saymaq olar. Ancaq yenə də yuxugörmənin başqa fraqmentləri ilə bu dişlə bağlı olayın uyğunluğu bizi təəccübləndirməkdə davam eləyir.

Yuxugörən kimsənin sonrakı danışıqları bu yuxugörməni düzgün yoza bilməkdə bizim köməyimizə gəlir, biz ondan nəsə soruşmadan, o, atasının ölümdən qabaqkı xəstəliyindən, özünün atasına necə qulluq eləməsindən danışmağa başlayır. Atası çox uzun bir müddət xəstə yatmış, onu müalicə etdirmək və qulluğunda durmaq üçün oğlu çox böyük məbləğdə pul xərcləməli olmuşdu. Bütün bunlara baxmayaraq, xərclədiyi pullara görə o heyifsilənməmiş, atasının qulluğunu tutmaqda dözümlülük göstərmiş, bütün bunlardan yaxa qurtara bilmək üçün heç vaxt atasının tez ölməsini istəməmişdi.

Onun özünün ürəkdən bağlı olduğu yəhudi inancına uyğun olaraq, atasına qayğı göstərməklə bağlı olan borcunu sonacan yerinə yetirə bildiyi üçün öyündüyü də duyulur. Ancaq yuxugörmədə olan düşüncələrdəki uyuşmazlığı duyursunuzmu? O, yuxugörməsində atasını öz dişi ilə uyğunlaşdırır. Dişi ilə bağlı o, yəhudi qanuna uyğun davranmaq istəyir: dişin ağrıdısa çək qurtar. O, atasına qarşı da yəhudi qanunları ilə davranmağa çalışıbdır: bütün ağır xərclərə və çətinliklərə baxmayaraq, xəstə atasının bütün qayğılarını öz üzərinə götürüb və atasının tez ölməsini istəməyibdir. Ancaq o, atasına da xəstə dişinə yanaşmaq istədiyi kimi yanaşsaydı, yəni dişini tezcə çəkdirib ağrıdan qurtulmaq istədiyi kimi, atasının da tez ölüb onu artıq xərcdən və ağır qayğılardan qurtarmasını diləsəydi, onun bu istəyi yuxugörməsinə daha çox uyğun gəlməzdimi?

Mənim inamıma görə, atasının uzun sürən xəstəliyi dönəmində onun atasına qarşı münasibəti dediyi kimi yox, tərsinə olmuşdur, o, atasının ölümünü istəmişdir. Onun indi özünü öyüb inancı ilə bağlı qanunlara əməl etdiyini deməsi isə öz-özünü bu xatirələrindən ayırıb uzaqlaşdıra bilməsi üçündür. Belə durumların çoxunda insanlar onların dincliyini pozan kimsənin ölümünü istəyirlər, ancaq bu ölüm istəklərini maskalamağı da unutmurlar, ona görə də bu ölümün xəstəni çəkdiyi ağrı-acılardan qurtaracağı düşüncəsini ortaya atmaqla özlərini aldatmağa çalışırlar. Gördüyünüz kimi, baxdığımız durumda biz, az da olsa, yuxugörmənin gizli məzmununun dərinliklərinə doğru bir neçə addım ata bildik. Atdığımız bu addımlardan, öncə ötəri olaraq, yuxugörənin şüurdışında atasına qarşı bəslədiyi düşmənçiliyi duyduq, ancaq bunun ardınca atılan addımlarda biz bu düşmənçiliyin çoxdan, lap uşaqlıq çağlarından yaranmağa başladığını və şüurdışında özünə yer elədiyini, atasının uzun sürən xəstəliyi çağında isə oradan maskalanaraq, çəkinə-çəkinə şüura sızmağa başladığını düşünə bilərik. Yuxugörmənin açıq məzmununda iz buraxan başqa gizli düşüncələrin olduğunu isə daha inamla demək olar. Yuxugörmənin özündən birbaşa ataya qarşı hansısa düşmənçiliyin olduğunu öyrənmək mümkün deyildir. Ancaq uşaqlıq çağlarında atalara qarşı yaranan belə düşmənçilik duyğularının qaynaqlarını araşdırsaq, bu çağlarında uşaqların həmişə öz atalarından qorxduqlarını xatırlaya bilərik. Bunun səbəbi isə, ən kiçik yaşlarından başlayaraq, ataların öz uşaqlarının seksual istəklərinin qarşısını amansızlıqla almağa çalışmasıdır. Bu uşaqlar böyüyüb seksual yetkinlik yaşına çatdıqda belə, ortalıqda olan sosial tələbatları göz önündə tutaraq atalar öz övladlarının seksual istəklərini ödəmələrinə qarşı çıxırlar. Bax elə öz atasına belə bir münasibət bəsləməsi də bizim baxdığımız örnəkdəki yuxugörən kimsəyə aiddir; onun atasına olan sevgisi yetərincə sayğı ilə çoxlu qorxu payının bir-birinə qarışmasından yaranmışdır, bunun kökündə isə erkən yaşlarında atasının qorxusundan seksual istəklərindən çəkinməsi dayanır.

Açıq yuxugörmənin sonrakı bölümü onanizm kompleksi ilə aydınlaşdırıla bilər.

Düzdür, buradakı “O indi üzdən çox pis görünür” yuxugörmə elementini diş həkiminin gerçəklikdə yuxugörən kimsəyə dediyi bu dişini çəksək, danışanda yeri çox pis görünəcək sözləri ilə də bağlamaq olar, ancaq bununla yanaşı olaraq, bu element bütün seksual yetkinlik yaşına çatan gənclərin yaşadığı xoşagəlməz anlarla bağlıdır.

Onlar bu anlarda özlərinin seksual istəklərini gizlədə bilməməkdən, ya da onların üzə çıxması qorxusundan bu yaşlarında tez-tez belə üzdən pis göründükləri duruma düşürlər. Yuxugörənin özünün haçansa onanizmə qapılmaqla bağlı olaraq yaranan pis görünüşünü yuxugörmədə atasının üzərinə köçürməsini isə biz yuxarıda yuxugörmədə yaranan tərsinə çevrilmələrin örnəyində artıq göstərmişdik. Yuxugörmədə ölən atası ilə bağlı atam neçə illərdir yaşayır elementi isə ölənin dirilməsi istəyi ilə yanaşı, diş həkiminin xəstə dişi çıxarmayıb onu saxlayacağı vədi ilə də bağlıdır. Yuxugörmədəki ən hiyləgər məqam isə mən onun öldüyünü bilməməsi üçün var gücümlə çalışıram elementi ilə bağlıdır, burada yuxugörən öz yuxugörməsində də atasının haçansa dirilə biləcəyinə inamsızlığını bildirməkdədir. Bütün hallarda burada dişlə bağlı gerçək əhvalatın yuxuya keçidi yuxugörənin öz gəncliyində yaşadığı və qorxu içində atasından gizləməyə çalışdığı onanizmlə bağlıdır. Unutmamısınızsa, yuxugörmələrlə bağlı aldığımız bilgilərin öyrətdiyinə görə, yuxugörmədə dişin düşməsi həmişə onanizmlə bağlı xatirələrdən doğulur.

Gördüyünüz kimi, bu anlaşılmaz yuxugörməni anlaşılan bir duruma gətirə bildik.

Burada bizim düşüncələrimizi azdıran bir qatılaşma vardı, bu qatılaşmanı yaradan isə şüurdışındakı çox fərqli və ayrı-ayrı vaxtlarda baş vermiş olaylarla bağlı olan düşüncələrin yuxugörmənin açıq məzmununa keçərkən üst-üstə qalaqlanıb onların hamısının əvəzedicisi sayıla biləcək anlaşılmaz görüntülər yaratması olmuşdu.

4. Biz artıq bir neçə dəfə bir sıra yuxugörmələri olduqca “açıq-aydın” və bayağı saymağa girişmişik, ancaq elə o andaca belə bir sorğu da qarşılaşmışıq: yuxuda belə boş-boş şeyləri nə üçün görürük? Mən bu sıradan olan bir yuxugörməni burada örnək olaraq göstərmək istərdim, bu yuxugörmə gənc bir xanımın bir gecədə gördüyü üç hissəli bir yuxudur.

a) O öz evində zaldan keçib gedir və bu zaman alçaqdan asılmış çilçıraqla toqquşub başını yarır.

Gənc xanımın gördüyü yuxunun necə yarana bilməsi ilə bağlı heç bir xatirəsi yoxdur, habelə başına gələnlərdən də heç biri gördüyü yuxuya uyğun gəlmir. Onun bu yuxugörmə ilə bağlı verdiyi açıqlamalar isə düşüncələrimizi bütünlüklə başqa bir yönə çəkib aparır: “Bilirsinizmi, mənim saçım çox bərk tökülməyə başlayıb. Dünən uşağım mənə görün nə deyir: ana, sənin saçın belə tökülsə, çox keçməz başın da yanına oxşayar”. Beləliklə də, burada başın yerini bədənin aşağıda duran başqa bir bölümü tutur. Çilçırağın nəyin simvolu olduğunu biz sizinlə aydınlaşdıra bilirik; bütün asılan və aşağıya sallanan nəsnələrin kişi cinsiyyət orqanının simvolu olduğu aydındır.

Belə çıxır, yuxugörmədəki başın yaralanaraq qanaması bədənin aşağı hissəsində baş verən qanaxmadan soraq verir, bu hissədəki qanaxma isə kişi cinsiyyət orqanının toxunmasından baş vermişdir. Bu yuxugörmədəki elementin bir neçə anlamı ola bilər; gənc xanımı danışdırıb ağlına gələn düşüncələrlə tanış olduqda, onun şüurdışı bilgiləri sırasında evli qadınlardakı aybaşıların kişilərlə cinsi əlaqəyə girməkdən yarandığı ilə bağlı düşüncələrin yer aldığı da bəlli olmuşdur. Tibbi bilgilərdən bəlli olduğu kimi, bu yanlış ideya seksual yetkinlik yaşına çatmayan qızlar arasında geniş yayılmışdır.

b) Yuxugörməsinin ikinci bölməsində o, üzümlükdə dərin bir çuxurun olduğunu görür və bu çuxurun həmin yerdəki ağacın çıxarılmasından yarandığını xatırlayır.

Gənc xanım yuxugörməsində üzümlükdə hansısa belə bir ağacın olmadığını da deyir.

O bununla yuxusunda bu ağacı görmədiyini demək istəyir, ancaq onun bu deyimi, yuxugörmənin simvolik yozulması işinə yarayan başqa bir düşüncənin yaranmasına gətirib çıxarır. Bu yuxugörmə uşaqların düşüncəsində yer alan başqa bir yanlış seksual ideya ilə bağlıdır. Yenə şüurdışında gizlin qalan bu ideyaya görə, ilk öncə qızların da oğlanlardakı kimi cinsi orqanları olmuş, ancaq sonradan onları axtalayaraq (ağacın çıxarılması) cinsi orqanlarını bu şəklə salmışlar.

c) O, yazı stolunun yeşiyinə baxır, bu yeşikdə nəyin harada qoyulduğunu çox yaxşı bildiyindən, kimsə buradakıları qurdalasa bu onun gözündən yayınmazdı. Yazı stolunun yeşiyi, bütün ona oxşar olan yeşiklər, sandıqlar, qutular kimi, qadın cinsi orqanının simvoludur. O, cinsi orqanı yoxlamaqla onun cinsi ilişkidə olub-olmadığını öyrənməyin mümkün olduğunu bilir və çoxdan baş vermiş bir olayla bağlı belə bir yoxlamadan keçirilə biləcəyini düşünərək qorxmuşdur və bu qorxunun izi bu günə qədər də onun psixologiyasında qalmaqdadır. Mənim düşüncəmə görə, bu üç yuxugörmənin hamısında gənc xanımın qavramlarına göz yetirmək gərəkdir. O bu yuxugörməsində özünün uşaqlıq çağlarında sekslə bağlı apardığı araşdırmalarını və bunlardan qazandığı biliklərlə öyündüyü keçmiş günlərini xatırlayır.

5. Gəlin bir az da simvolikaların üzərinə qayıdaq. Ancaq bu dəfə mən, öncədən, bir sıra bilgilər verməklə sizləri psixoloji baxımdan bu duruma hazırlamaq istəyirəm.

Bir nəfər ağa bir qadınla gecəni keçirmiş və onunla sevişmişdir. Bu ağanın deməsinə görə, bu qadın ana olmaq istəyi ilə yaşadığından bu sevişmədən uşağa qalmağı istəyirmiş. Ancaq yaranmış duruma görə, bu ağa qadının ondan uşağa qalmasını istəmir və sevişmənin gedişində özünün kişilik toxumlarının onun bətninə düşməsinə yol verməyərək onları bayıra tökür. Bu gecədən sonra səhər yuxudan ayılan qadın belə bir yuxu gördüyünü danışır: Küçədə qırmızı papaqlı bir zabit onun ardınca düşübdür. Qadın ondan qaçıb qurtulmağa çalışır, pilləkənlə üzüyuxarı qaçır, zabit də onu izləməkdə davam eləyir. O, təngnəfəs öz mənzilinə çatıb özünü içəri salır və qapını arxadan bağlayır. Zabit qapının arxasında qalır, qadın qapının gözlüyündən baxır, onun pillələrin üstündə oturub ağladığını görür.

Qırmızı papaqlı zabitin onu izləməsi və qadının pilləkənlə təngnəfəs qaçmasının baş verən cinsi əlaqənin təsviri olduğunu, elə bilirəm, artıq anlamısınız. Qadının otağına qapanıb qapını bağlamasına gəlincə, bu, yuxugörmələrdə üzləşdiyimiz hadisələrin tərsinə çevrilməsi ilə bağlıdır, doğrudan da, burada sevişmə zamanı qadın özünü kişi üçün bağlamağa çalışmamışdı, kişi özünü onun üçün bağlı saxlamışdı. Elə bunun kimi də o özünün sevişmədən gözləntisinin doğrulmamasından doğan kədərini də tərsinə, kişinin üzərinə köçürür, habelə buradakı ağlama həm də bayıra tökülən kişi toxumlarını simvollaşdırır.

Elə bilirəm, siz psixoanalizin yuxugörmələrin hamısının seksual dəyərlərlə ilişkili olduğunu təsdiq eləməsini artıq eşitmisiniz. İndi isə yuxugörmələri araşdırdıqca bu eşitdiklərinizdə doğruluq payının olduğunu özünüz də duya bilərsiniz. Siz indiyədək ən adi ehtiyacların ödənilməsindən doğan yuxugörmələrlə tanış oldunuz: bunların sırasında aclıq, susuzluq, azadlıq üçün darıxmaq kimi durumlar var idi, habelə dözümsüzlüklə, dinclik axtarmaqla və bu kimi öz yararını güdməklə, eqoist istəklərlə bağlı yuxugörmələrin də olduğunu bildiniz. Ancaq bununla yanaşı, bizim psixoanalitik araşdırmalarımızın gedişində ən çox korlanmış yuxugörmələrin, tək-tük durumları çıxmaqla, az qala, hamısının seksual istəklərlə bağlı yarandığını da öyrəndiniz.

6. Mənim burada simvollarla bağlı olan yuxugörmə örnəklərini daha çox göstərməyimin özəl səbəbləri vardır. Unutmamısınızsa, sizinlə birinci görüşümüzdə mən psixoanalizin öyrədilməsinin praktika üzərində göstərilə bilməməsindən gileylənmişdim və bunun da onun bir elm olaraq tanınmasında inamsızlıq yaratdığını demişdim və siz də bununla razılaşmışdınız. Ancaq psixoanalizin ayrı-ayrı hökmləri bir-biri ilə çox sıx və qırılmaz tellərlə bağlı olduğundan, burada tapılan hər hansı bir sübut çox asanlıqla bütün psixoanalitika nəzəriyyəsinin çox böyük hissələrinə tətbiq oluna bilər. Psixoanalitika ilə bağlı belə də demək olar: sən ona barmağını uzadırsan, o sənin biləyini qamarlayır. Yuxarıda baxdığımız örnəklərdən də göründüyü kimi, kimsə psixoanalitikanın yanlış davranışlarla bağlı dediklərini özü üçün aydınlaşdıra bilibsə, o artıq psixoanalitikanın gəldiyi başqa sonuclara inanmaya bilməz. Burada ikinci belə bir keçid isə simvollarla bağlıdır. Sizə indi artıq çap olunmuş yuxugörmələrdən birini danışacağam, bu yuxunu əri polis olan oxumamış bir qadın görüb və onun istər simvollarla, istərsə də psixoanalizlə bağlı heç bir bilgisi yoxdur.

İndi özünüz baxın, onun yuxusunun seksual simvolların köməyi ilə yozulmasını bir gözlənilməzlik, ya da düşünülmüş bir uydurma saymaq olarmı? Qadının yuxusu belədir: “... Sonra kimsə otağa soxuldu və mən qorxub polisi köməyə çağırdım. Ancaq otağa soxulan adam, qorxub çəkinmədən, yanındakı iki “avara” ilə çıxıb kilsəyə sarı yönəldi və pilləkənlərlə qalxıb onun içərisinə keçdi. Kilsənin arxasında bir dağ ucalırdı, bir az yuxarıda isə qalın meşəlik vardı. Köməyə gələn polis başına dəbilqə qoymuş, dairəvi yaxalıqlı plaş geyinmişdi, qara saqqalı vardı. Bir azdan bayaq otağa soxulan iki avaranın, heç nə olmamış kimi, polisin yanınca dinməzcə düşüb getdiyini gördüm. Onların belindən qurşaqdan aşağılarını örtən kisəşəkilli önlük asılmışdı.

Kilsədən dağa doğru yol gedirdi. Bu yolun qırağı hər iki yandan ot basmış kolluq idi, yuxarı qalxdıqca bu kolluqlar bir az da sıxlaşır, daha uca yerlərdə isə qalın meşəliyə çevrilirdi”.

Elə bilirəm, bu yuxugörmənin simvollardan yararlanaraq yarandığını çox asanlıqla anlaya bilirsiniz. Burada kişi cinsiyyət orqanı otağa soxulan üç nəfərlə qadın cisiyyət orqanı isə otaq, landşaft, kilsə, dağ və meşə ilə təsvir olunub. Burada qarşılaşdığımız pillələr isə baş verən cinsi əlaqənin simvoludur. Yuxugörmədə dağ adlanan obyekt isə qadın cinsi orqanının üstündəki qabarıq yeri bildirməklə elə tibdə də Mons Venris, Venera təpəliyi adlanır.

7. Simvolların yardımı ilə yozula bilən daha bir yuxugörməyə baxaq. Burada ən qəribə olan yuxugörən kimsənin, yuxugörmələrin yozumu ilə bağlı heç bir nəzəri biliyi olmadan, bu yuxudakı simvolları özünün düzgün yoza bilməsidir. Yuxugörmədə təsvir olunan davranışlar çox qeyri-adidir və onların hansı durumda baş verdiyi də bəlli deyildir.

“O atası ilə haradasa gəzişir, deyəsən, bu, Vyanadakı Prater adlanan böyük parkdır. Doğrudan da, parkdakı dairəvi quruluşlu və günbəzi olan rotonda adlanan tikili də gözə dəyir. Rotondanın qarşısında kiçik bir tikili də görünür, tikiliyə yaxşı doldurulmadığı bilinən hava şarı bərkidilib. Atası ondan bunların nə demək olduğunu soruşur; o, atasının sorğusundan təəccüblənsə də, görünənlərin nə demək olduğunu açıqlamağa başlayır. Sonra onlar bir həyətə gəlib çıxırlar, burada çox böyük bir qalay tənəkəsi (lövhəsi) vardır. Atası bu tənəkədən böyük bir hissəni kəsib götürmək istəyir, ancaq öncə kiminsə onu görmədiyinə arxayın olmaq üçün yan-yörəyə göz gəzdirir. O, atasına deyir: sən buranın keşikçisinə desən, bu qalay tənəkədən, çəkinmədən, ürəyin istədiyin qədər kəsib götürə bilərsən. Bu həyətdən aşağıdakı şaxtaya enən pillələr vardır, şaxtanın divarlarına kreslo üzlüyü kimi yumşaq dəri material çəkilib. Bu şaxtanın qurtaracağında uzun bir meydança vardır, ardınca isə, yeni bir şaxtaya enən pillələr başlayır...”

Yuxugörən kimsə özü yuxugörməsini belə yozur: rotonda deyilən günbəzli tikili mənim cinsiyyət orqanımdır, onun qarşısından asılan hava şarı mənim tənasülümdür (penisimdir), onun yaxşı doldurulmamasına gəlincə, doğrudan da, indi mənim kişilik gücüm çox zəifləmişdir. Bir az dəqiqləşdirmə aparsaq, buradakı rotonda cinsiyyət orqanını, onun yanındakı kiçik tikili isə xayaları simvollaşdırır. Yuxuda atası ondan bunların nə demək olduğunu, yəni cinsiyyət orqanının nə üçün olduğunu soruşur.

Burada da, yuxarıda dediyimiz, yuxugörmələrdəki tərsinə çevrilmə olayı baş verir.

Sözsüz, o heç vaxt atasından seksuallıqla bağlı heç nə soruşmamışdır, görünür, yuxugörmədəki bu bölmənin yaranması onun şüurdışında haçansa, keçmişdə yaranmış bir istəklə bağlıdır: “görəsən, atamdan seksuallıqla bağlı soruları aydınlaşdırmağı xahiş eləmək olarmı?” Bu düşüncənin davamını biz yuxugörmənin başqa bölməsində də görə biləcəyik.

Qalay tənəkəsinin olduğu həyəti simvollaşdırmağa dəyməz, bura onun atasının ticarət obyektinin təsviri olaraq yuxugörməyə düşüb. Onun atasının ticarəti ilə məşğul olduğu material başqa olsa da, o, yuxugörmədə dəyişikliyə uğramışdır. Yuxugörənin deməsinə görə, o, atasının ticarət işləri ilə tanış olanda çox sarsılmışdır, bunun səbəbi isə, atasının öz ticarətində yalnız qazanc götürməyi güdərək öz işlərini fırıldaqçılıq üzərində qurması olmuşdur. Ona görə də yuxugörmədə əksinə səslənən, düzü isə

“birdən mən ondan soruşsaydım” kimi olan sorğunu belə anlamaq gərəkdir: mən ondan bunu soruşsaydım, o öz alıcılarını aldatdığı kimi, məni də aldadacaqdı. Burada qalay tənəkədən bir kəsimini gizlincə qoparmaq istəyi öz ticarət işlərində fırıldaqçılıq eləməklə bağlı olsa da, yuxugörən kimsə onunla bağlı ikinci bir yozumu da açıqlayır: bu hətta onanizmlə bağlıdır. Bu məqam bizə çoxdan bəlli olan dəlillərlə uyğun gəlir, habelə bu yuxugörmədə işlərin tərsinə baş verməsi qaydası ilə də uyuşur (bunun baş verməsi isə onanizmlə məşğul olanların beyinlərində vaxtilə dolaşan “axı bu işi açıq-açığına da görmək olardı” kimi bir düşüncəylə bağlıdır. Eləcə də yuxarıdakı sorğu ilə bağlı məqamda olayın tərsinə baş verməsi kimi, burada da onanizm də oğulun adına yazılmaqdansa atanın adına yazılır. Qarşılaşdığı şaxtaya gəlincə, yuxugörən onun divarlarının yumşaqlığını anaraq bunu qadın cinsi orqanı olaraq yozur. Mən də onun sözünə qüvvət verərək, burada aşağı düşüb, sonra yuxarı qalxmaqla bağlı davranışları cinsi əlaqədə olmaq kimi yozuram.

Yuxugörmədəki şaxtadan sonrakı uzun meydança və ardınca gələn başqa şaxta ilə bağlı elementlərə gəlincə, bunları yuxugörənin özü yozmağa başlayır. Onun deməsinə görə, uzun illər qadınlarla cinsi əlaqələrdə olmuş, sonradan kişi gücsüzlüyü yarandığı üçün bu işlə məşğul olmağı dayandırmışdır, ancaq indi müalicə olunur və sağalıb yenidən qadınlarla cinsi əlaqələrə girməyi umur.

8. İndi danışacağım iki örnək isə bir yadellinin yuxugörmələridir və öz məzmunu ilə çoxarvadlılığa bağlanır. Bu yuxugörmələri diqqətinizə çatdırmaqda başlıca məqsədim insanın eqosunun, başqa sözlə desək, böyük MƏNİNİN onun bütün yuxugörmələrinə qatıldığını sübut eləmək üçündür, habelə bu MƏN yuxugörmənin açıq məzmununda görünməsə də, yenə də O-nun burada olduğu sözsüzdür. Bu yuxugörmələrdəki çamadan isə bütün durumlarda qadınlığı simvollaşdırır.

a) O yola çıxıb, baqajını faytonla vağzala gətirirlər. Baqajı üst-üstə qalanmış çoxlu çamadanlara yığılıb, çamadanlardan qara rəngdə olan ikisi çox böyük və

“gözəgəlimlidir”. O isə kimisə ovutmaq üçün deyir: hə, bunları yalnız vağzala kimi gətiriblər, mən onları yola götürməyəcəyəm.

Doğrudan da, mənim xəstəm olan bu yadelli yola çox böyük baqajla çıxmışdı, sonradan o mənə çoxlu qadınlarla intim yaxınlığı olduğundan danışmış, ancaq son çağlarda iki qarasaçlı qadınla çox möhkəm tellərlə bağlandığını boynuna almışdı.

Onlardan biri onun ardınca Vyanaya gəlmək istəyirdi; ancaq mən bunu yasaqladığım üçün o, qadına teleqram göndərib onun gəlişinin qarşısını almışdı.

b) Gömrüklə bağlı yuxugörmə: gömrükdən keçən bir yolçu, qayğısızca papiros çəkərək, çamadanını açıb gömrükçüyə deyir: burada yasaq olunan nəsə yoxdur.

Gömrükçü ona inanır, ancaq hər ehtimala qarşı çamadanı qurdalayır və oradan çox bərk yasaq olunan nəsə tapır. Bunu görən yolçu kədərlə dillənir: daha burada çıxış yolu yoxdur.

Bu yuxugörmədə yadelli özünü yolçu, məni isə gömrükçü kimi görür. O, müalicənin gedişində ürək sözlərini heç vaxt məndən gizlətməzdi, ancaq bu yuxugörməsindən öncə gizlincə bir qadınla tanış olmuş, bunu məndən gizlətmişdi.

Gördüyü bu işdən utandığı üçün o, yuxuda öz yerinə başqa birisini seçir, bununla da, gördüyü işin gizlin qalmasını öz kimliyini gizlətməklə əvəz eləyir.

9. İndiyədək sizə demədiyim bu yuxugörmə isə simvollardan yararlanmaqla bağlı çox yaxşı bir örnək sayıla bilər.

O, bacısını qarşılamağa çıxıb, bacısı iki bacılığı ilə gəlib çıxır, ancaq onlar da elə onun qarşıladığı bacısıdırlar. O, bacısının yanındakılarla əl tutur, bacısı ilə görüşmür.

Yuxugörmə gerçəklikdə baş vermiş hansısa olayla birbaşa bağlı deyildir. Onun düşüncələri burada çox uzaq çağlara gedib çıxmışdır. Həmin çağlarda öz izləmələrinə görə o, qızların döşlərinin çox gec iriləşməyə başladığını sezmişdi. Beləliklə də, iki bacı burada qadın döşləridir, o bu döşləri əlləşdirib əylənmək istərdi, təki bu onun bacısının döşləri olmayaydı.

10. Bu isə yuxugörmədə ölümün simvollaşdırılması ilə bağlı bir örnəkdir.

O çox hündür və dar bir dəmiryolu körpüsü ilə gedir, yanında tanıdığı iki adam da var, ancaq yuxudan ayılanda onların adını xatırlaya bilmir. Birdən bu iki nəfər yoxa çıxır, o, qarabasmaya bənzər, başında araqçın, əynində kətan parçadan kostyum olan bir adam görür. Qarşısına çıxan adamdan teleqrafçımı, yoxsa faytonçumu olduğunu soruşur, adam “yox” cavabı verir və o, bərk qorxu içində yoluna davam eləyir və birdən yuxudan ayılır, ancaq hələ də yuxugörmənin təsirindən qurtara bilməyərək, yarıyuxulu durumda, öz fantaziyasına qapılaraq üstündə olduğu dəmiryol körpüsünün uçduğunu, özünün isə uçuruma yuvarlandığını görür.

Onun yuxugörməsinə qatılan, ancaq adını unutduğu adamlar çox doğma kimsələr olmalıdır. Görünür, yuxugörən burada iki bacısı ilə bağlı düşünmüşdür; birdən o, bacılarının ölməyini istəsəydi, onda ölüm qorxusu onu da haqlayacaqdı. Yuxugörən kimsəni sorğulayanda o, teleqrafçını pis xəbər gətirə bilən birisi olaraq xatırladığını deyir, ancaq qulluqçu formasında olan bu adamın dəmir yolunda fənərçi işləyən birisi də ola biləcəyini düşünür və görünür, o, fənərləri söndürmək üçün dəmiryoluna çıxa bilərdi, bu isə ölümün ömür çırağını söndürməsinə uyğunlaşdırılmışdır. Faytonçunu o, Ulandın kral Karlla bağlı yazdığı şerindən xatırladığını deyir. Bir dəfə o, iki yoldaşı ilə qorxulu dəniz yolçuluğuna çıxıbmış və yolboyu özünü kral Karlın yerində təsəvvür eləməyə çalışırmış. Dəmiryolu körpüsü ilə bağlı onun ağlına gələn düşüncə isə bu yaxınlarda gördüyü bir bədbəxt olayla bağlı ağlına gələn axmaq bir fikirlə bağlıdır. O bu olayı görəndə nədənsə düşünmüşdü: “Ömür zəncirlərdən qurulmuş bir körpüdür”.

11. Ölümün təsviri ilə bağlı belə bir yuxugörməni də örnək göstərmək olar.

Tanımadığı bir ağa ona qara haşiyəli vizit kartı verir.

12. Mənə elə gəlir, indi danışacağım yuxugörmə onu görən kimsənin nevrotik durumu ilə bağlı olsa da sizi daha çox maraqlandıracaqdır.

O, qatarla yol gedir. Birdən qatar çöllük bir yerdə dayanır. O, indi qəza baş verə biləcəyini düşünür və gecikmədən qaçmaq gərək olduğunu kəsdirir, bundan sonra isə o, bütün vaqonları keçib gedir və qarşısına çıxan konduktorları və maşinisti də öldürür.

Bununla bağlı o, bir dostunun danışdığı olayı xatırlayır. İtaliyanın hansısa dəmir yolunda bir puhi xəstəni kupedə aparırlarmış, başısoyuqluq eləyib onun yanına bir nəfər yolçunu da yerləşdirirlər. Ruhi xəstə isə kupesinə yerləşdirdikləri yolçunu öldürür. Beləliklə də, o özünü bu ruhi xəstə ilə eyniləşdirir və ürəyində çoxdandır dolanıb onu incidən “yoluna çıxanları aradan qaldırmaq” kimi bir məqsədinə çatmağa çalışır. Sonra o, yuxugörməsinin səbəbini daha da konkretləşdirir. Sən demə, o, dünən teatrda evlənmək istədiyi ancaq sonra bu düşüncəsindən daşındığı qızı görübmüş. Bu qızın kişilərlə olan ilişkiləri onda güclü qısqanclıq duyğusu yaratdığından, o bu qızla evlənmək istəyindən əl çəkibmiş. Onun qısqanclığı çox güclü olduğundan, birdən bu qızla evlənərsə onun davranışlarına baxıb dəli ola biləcəyini düşündüyü üçün ondan uzaqlaşıbmış. Belə çıxır, onun bu yuxugörməsi keçmişdə yaşadığı duyğularla bağlı olaraq yaranmışdır: o bu qıza çox inamsız yanaşdığından, onun sevgisinə arxayın olmaq üçün gərək bu qızı qısqandığı bütün kişiləri öldürəydi. Bir neçə otaqdan keçmək isə artıq simvollarla bağlıdır və bildiyimiz kimi, kişinin eyni vaxtda bir neçə qadınla cinsi əlaqədə olması deməkdir (Verheiratetsein).

Yuxugörmədə qatarın çöllükdə dayanmasına və onda indicə qəza baş verə biləcəyi ilə bağlı düşüncələrin yaranmasına gəlincə, o bununla bağlı belə bir əhvalat danışır. Bir dəfə qatarla yol gedəndə, doğrudan da, stansiya olmayan bir yerdə qatar dayanıbmış, onunla yanaşı yol gedən gənc bir qadın bu zaman deyibmiş: ola bilsin, qarşıdan bizimlə toqquşa biləcək qatar gəlir, indi, ən yaxşısı, ayaq götürüb qatardan qaçmaq olmazdımı? (Die Beine hoch zu heben – ayaqlarını yerdən götürmək, ayaqlarını qaldırıb yerimək). Ancaq buradakı “ayaqlarını yerdən götürmək” deyimi ilə bağlı da onun çoxlu xatirələri vardır: elə qatarda onunla birgə yol gedən bu qızla,

“ayaqları yerdən qaldırma, yuxarı qaldırma” ilə bağlı deyilənlər baş vermişdi. O onda sevdiyi bu qızla təbiətin qoynuna çıxdığı gəzintilərdə dəfələrlə cinsi yaxınlıq eləmişdi.

İndi isə bu hamıya qısqandığı qızla evlənmək ona dəlilik kimi görünür. Mən belə durumları dərindən araşdırdığıma görə, onun könlündən hələ də “dəli olmaq” (bu qızla evlənmək) istəyinin keçdiyini inamla deyə bilərəm.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.