Beşinci mühazirə. QARŞIYA ÇIXAN ANLAŞILMAZLIQLAR VƏ ONLARI ADLAMAQ ÜÇÜN İLKİN ÇALIŞMALAR
Dəyərli xanımlar və bəylər! Haçansa araşdırmaların gedişində əsəb xəstəliyinə tutulanların bir çoxunda özünü göstərən xəstəlik əlamətlərinin bəlli anlamlar daşıdığı aydın olmuşdu. Elə buna əsaslanaraq da belə xəstəliklərin sağaldılmasının psixoanalitik metodları yaranmışdı. Belə xəstəliklərin sağaldılmasının gedişində xəstəlik əlamətlərinin bir çoxunun yuxugörmələr şəklində üzə çıxması da bəlli olmuşdu. Elə bütün bunlara görə sonradan yuxuların da bəlli anlamlarının olduğu düşüncəsi ortaya çıxmışdı.
Ancaq biz indi keçmişdən gəlib bu günə çıxan yola davam etməyəcəyik, tərsinə, bu yolla arxaya qayıtmağa çalışacağıq. Biz yuxugörmələrin anlamı olduğunu göstərməklə buradan nevrozları öyrənməyə gəlib çıxacağıq. Belə bir yolun doğru olduğu artıq bəllidir, daha doğrusu, yuxugörmənin öyrənilməsi təkcə elə nevrozların araşdırılmasına aparan yolu açmır. Yuxugörmənin özü də nevrotik simptomlardan biri olduğundan və yuxugörmələr sağlam adamlarda da özünü göstərdiyindən, onun öyrənilməsi bizə öz araşdırmalarımızda çox dəyərli bir üstünlük qazandırır. Birdən bütün insanlar sağlam olsaydılar və bununla yanaşı olaraq, onların yuxugörməsi də qalsaydı, onda bu yuxugörmələri araşdırmaqla biz elə nevrozları öyrənməkdən aldığımız sonuclara gəlib çıxardıq.
Beləliklə də, gəlin yuxugörməni psixoanalitik yolla araşdırmağa başlayaq.
Bununla biz yenə də, yanlış davranışlarla olduğu kimi, elmi çevrələrdə adi, önəmsiz sayılan bir fenomenlə qarşılaşırıq. Bu fenomen, yanlış davranışlarda olduğu kimi, özünü sağlam adamlarda da göstərir. Yanlış davranışlarla üzdən görünən bu oxşarlığına baxmayaraq, yuxugörmələr qalan bütün hallarda araşdırılmaq üçün olduqca əlverişsizdir. Psixoanalitik araşdırmalar aparılmayanadək elm yanlış davranışları yetərincə öyrənə və gərəyincə dəyərləndirə bilməmişdi; bundan başqa, onların öyrənilməsində elmə başıaşağılıq gətirən heç nə yoxdur. Düzdür, biz yanılmalar üzrə araşdırmalara başlayanda ortalıqda onlardan daha çox önəmli nəsnələrin olduğunu da deyirdilər, ancaq sonradan onların araşdırılmasından hansısa önəmli sonuclara gəlib çıxıldığını da gördük. Ancaq yuxugörmələri elmi baxımdan araşdırmağa qoşulmaq təkcə elə praktiki olmayan və artıq bir iş kimi görünmür, hətta bu, elmə başıaşağılıq gətirən bir iş sayılır; bu işə qoşulanları elmi olmayan bir yol tutmaqda qınayır və belə kimsələrin mistizmə qapıldığını düşünürlər. Nevropatologiya ilə psixiatriyanın öyrənməli olduğu bunca önəmli xəstəliklər olduğu yerdə hansısa həkimin durub yuxugörmələri araşdırmasına nə ad vermək olar? Axı ortalıqda beyni basıb əzən alma böyüklüyündə şişi, insan ruhunu yaşadan orqanları, qansızmanı, insanın hüceyrələrində baş verən dəyişikliklərə kimi gətirib çıxardığını mikroskopla görmək olan xroniki soyuqdəymələri araşdırmaq varsa, belə önəmsiz bir işə baş qoşmağa dəyərdimi?! Yuxugörməni araşdırmaq, sadaladığımız bu problemləri araşdırmağın yanında çox kiçik və lazımsız bir iş deyilmi?
Bundan başqa, burada dəqiq elmin araşdırılma aparılmasını əngəlləyən bir özəllik də vardır. Bəlli olduğu kimi, yuxugörməni araşdıranda yuxugörən obyektin verdiyi bilgiyə sonacan inanmaq belə mümkün deyildir. Dəli olmuş birisinin beynində yaranan hansısa yalançı ideyaları onun dilindən, özü də hamının yanında eşitmək olur.
Məsələn, o, uca səslə deyir: “Mən Çin imperatoruyam”. Yuxugörmədə necə? Axı onlar çox vaxt heç başqalarına danışılası da olmur. Bu, bir yana, yuxugörənin özü gördüyü yuxunu olduğu kimi danışdığına arxayındırmı? O, yuxusunu danışdıqca yadından çıxan nələrinsə yerinə özündən nəsə düşünüb artıra, beləliklə də, yuxuda gördüklərini başqalarına dəyişikliklərlə çatdıra bilməzmi? Bundan başqa da, görülən yuxuların çoxu yuxudan ayılandan sonra büsbütün unudulur, sonradan onların ən kiçik detallarını belə xatırlamaq olmur. Burada belə bir sual da yaranır: yuxugörmələrlə bağlı toplanmış materialların araşdırılmasına elmi-psixoloji üsulla, yoxsa xəstəliyin sağaldılması üsulu ilə yanaşmaq gərəkdir?
Baxılan mövzunu aşırı dəyərləndirmək bizdə istər-istəməz çaşqınlıq yarada bilər.
Ancaq yuxugörmələrin araşdırılmasına qarşı çıxmaq da, bizi gerçəkliyə doğru-düzgün yanaşmaqdan yayındırmaqla yanaşı, elmi dünyagörüşdən uzaqlaşmağa gətirib çıxarır.
Hansısa mövzunun öyrənilməsinin önəmsiz olması ilə bağlı deyilənlərin çox vaxt yerinə düşmədiyini də biz yanılmalarla bağlı apardığımız araşdırmalarda yetərincə görmüşdük. Biz onda böyük nəsnələrin öz varlığını çoxlu kiçik nəsnələrlə üzə çıxardığı düşüncəsinə gəlib çıxmışdıq. Yuxugörmələrdə özünü göstərən qeyri-müəyyənliyə gəlincə, bütün bunlara yuxugörməni başqa olaylardan seçib ayıran özəlliklər kimi yanaşmaq düzgün sayılmalıdır; heç bir olay üçün özümüzdən hansısa özəlliklər uydura bilmədiyimiz, məncə, aydın olmalıdır, ona görə də yuxugörmənin özəlliklərinin də yalnız elə onun özündən doğulduğunu dəyərləndirməyə çalışmalıyıq.
Bundan başqa, axı olduqca aydın və bəlli bir şəkildə baş verən yuxugörmələrin olduğunu da danmaq olmaz. Psixiatriyada belə, qeyri-müəyyən özəlliyi olan obyektlər heç də az deyildir. Bunlara örnək olaraq, insanların, öz istəklərinin əksinə olaraq, hansısa işlərə qapılmasını göstərmək olar, ən başlıcası isə, çox tanınmış və adlı-sanlı psixiatrlar insanın belə davranışlarını öyrənməyə vaxt ayırmağı düzgün sayırlar.
Burada, həkimlik təcrübəmdə qarşılaşdığım bir olayı xatırlayıram. Xəstələrimdən birisi mənə belə demişdi: “Nədənsə mənə elə gəlir, hansısa canlı varlığa qarşı böyük bir yamanlıq eləmişəm, ya da eləmək istəyirəm: elə bil bu hansısa körpəyə qarşıdır, yox, deyəsən, bu, bir itə qarşı yönələn yamanlıqdır; ola bilsin, mən onu hündür bir körpüdən aşağı tullamışam, ya da buna oxşar bir qansızlıq eləmişəm”. Biz görülən yuxunun bir sıra yerlərinin unudulması ilə bağlı ortaya çıxan əyər-əskikləri aradan qaldıra bilərik, bunun üçün isə gərək yuxu görmüş kimsənin öz yuxusu ilə bağlı danışdıqları ilə kifayətlənək, ondan bundan artığını gözləməyək, onun unutduğu və danışığının gedişində dəyişdirdiyi məqamlara önəm verməyək. Necə olursa olsun, ortaya qoyulan bu yuxugörmələrə dəyərsiz bir olay kimi yanaşaraq, onları anlamsız saymaq düzgün deyildir. Bizə özəl yaşamımızdan da çox yaxşı bəllidir: yuxugörmədən yaranan ovqat çox vaxt bütün günü bizi tərk eləməyə də bilir; həkimlərin təcrübəsinin də göstərdiyi kimi, bir sıra durumlarda ruhi xəstəliklər və hansısa düşkünlüyə qapılmalar elə öz başlanğıcını hansısa yuxugörmələrdən də götürə bilir; yuxugörmənin olduqca böyük işlər görməyə yönəltdiyi çox böyük insanların olduğunu da bilməmiş deyilsiniz. Ona görə də istər-istəməz belə bir sual yaranır: elmi çevrələrdə yuxugörməyə belə yuxarıdan aşağıya baxmaq nə üçündür?
Mənə elə gəlir, bunun başlıca səbəbi, uzaq keçmişlərdən başlayaraq, insanların yuxugörməni gərək olduğundan qat-qat artıq dəyərləndirməsi olmuşdur. Uzaq keçmişlərdəki olayların necə baş verdiyini yerli-yataqlı öyrənə bilməyin necə çətin olduğu hamıya bəllidir, ancaq məni bu zarafatıma görə qınamayın, mənə elə gəlir, bizim ulu babalarımız 3000 il bundan qabaq, hətta ondan öncə də yuxunu elə bizim gördüyümüz kimi görürdülər. Ancaq bütün əski çağ xalqlarının yuxugörməyə çox böyük önəm verdikləri, onları yozaraq gördüyü yuxuların hamısının anlamı olduğunu düşündüklərini də biz yaxşı bilirik. Onlar bu yuxuların gələcəkdən soraq verdiyini düşünərək, onlarda hansısa əlamətləri ayırd eləməklə öz gələcəklərini öyrənməyə çalışırdılar. Əski yunanlarda, eləcə də Yaxın və Orta Doğunun əski xalqları arasında da savaşla bağlı olan yürüşlər yuxu yozucularına gənəşilmədən başlanmazdı, bu olayı bugünkü savaşların havadan kəşfiyyat aparılmadan başlanmaması ilə tutuşdurmaq olar. Makedoniyalı İsgəndər özünün basqınçı yürüşlərinə başlayanda onun ən yaxın çevrəsindəki insanların arasında o çağın ən adlı-sanlı yuxuyozanları da var idi. O çağlar hələ adada yerləşən Tir şəhəri İsgəndərin basqısına qarşı çox böyük qızğınlıqla dirəniş göstərdiyindən, o bu şəhəri tutmaqdan daşınmaq istəmişdi. Ancaq döyüşdən əl çəkmək istədiyi bu günlərin birində Makedoniyalı İsgəndər yuxuda mifik varlıqlar olan satirlərin rəqs elədiyini görmüş, yuxuyozanlar isə bu yuxunu belə yozmuşdular: o ən yaxın günlərdə Tir şəhərini tuta biləcəkdir. İsgəndər bunu eşidən kimi qoşuna basqın əmri vermiş və Tir şəhərini tuta bilmişdi. Gələcəyi öyrənmək üçün etrusklarla romalılar başqa üsullardan da yararlanırdılar, ancaq Yunan-Roma dönəmi adlanan bütün çağlarda yuxu yozmaq peşəsi çox geniş yayılmışdı və bu yozumlar çox yüksək dəyərləndirilirdi. Yuxuyozmalarla bağlı bizə gəlib çatan kitab imperator Adrianın çağında yaşamış Daldisli Artemidorun əsəridir. Ancaq sonradan yoxuyozmalarla bağlı peşənin aradan qalxması və yuxugörmələrə qarşı inamsızlığın yaranmasının nə üçün baş verdiyini bilmədiyimdən, bununla bağlı sizlərə nəsə deyə bilmirəm. Burada toplumda getdikcə genişlənməkdə olan maarifçiliyin hansısa böyük rol oynadığını da demək olmaz. Bildiyimiz kimi, orta yüzilliklərin qaranlıq-bulanıq düşüncələrində antik çağlardan qalma yuxuyozmalardan da qat-qat artıq bayağı baxışlar yer ala bilmişdi. Ola bilsin, yuxuyozmalarla bağlı baxışlar getdikcə mövhumat sayılaraq yalnız oxumamış kütlənin içində qalmışdı. Yuxuyozmalardan yaramaz işlərdə yararlanmağın sonuncu örnəklərinə bizim yaşadığımız çağlarda, lotoda uduşlu nömrəni tapmaq üçün əl atıldığını da bilirsiniz. Bunun əksinə olaraq, çağdaş dəqiq elmlər yenidən yuxugörmələri araşdırmağa başlamışdır və bununla da, yuxugörmələrdə özlərinin fizioloji nəzəriyyələrini yoxlamağa çalışırlar. Həkimlər, sözsüz, yuxugörməni psixi akt saymırlar, onun da fizioloji proseslərin insan ruhunda yaratdığı qıcıqlardan biri olduğunu düşünürlər. Örnək üçün, bununla bağlı araşdırma aparan Bints 1878-ci ildə yuxugörmələrlə bağlı yazırdı: “Yuxugörmə fiziki bir prosesdir və bütün durumlarda yararsız sayıla bilər. Çoxlu durumlarda o, xəstəlik kimi yaranır və dünyanı idarə edən ruh və ölümsüzlük ondan yerlə göy qədər aralıdır”.
Başqa bir araşdırmaçı Mori yenə də 1878-ci ildə yazırdı: “Müqəddəs Vittanın qarmaqarışıq bədən səyritmələri normal insan rəqslərindən necə seçilirsə, yuxugörmələr də eləcə şüurun normal işləməsindən seçilirlər; başqa bir araşdırmaçı Strümpell isə yuxugörmənin anlamı ilə musiqi çalınması arasında tutuşdurma apararaq yuxugörməni: “çalmaq bilməyən birisinin bütün on barmağını musiqi aləti üzərində gəzdirməsinə bənzədirdi”.
Nəyisə yozmaq onun gizli olan anlamını tapmaq deməkdir; yuxugörmənin bu cür dəyərləndirilməsində isə bununla bağlı söz açılmır. Gəlin yuxugörmənin tanıdılması ilə bağlı Vundtun (1874-cü ildə), Yodlun (1896-cı ildə) və daha sonra gələn başqa filosofların yazılarına baxaq; onlar hamısı bir səslə, yuxugörmələri gözdən salmaq üçün, yuxugörmədə və ayıqlıqda baş verən düşüncələr arasında olan fərqləri sadalayır, insanın yuxugörmə anlarında duyğularının korşalmasını, götür-qoyluğunu itirməsini, gerçək yaşamda bildiklərinin bir çoxunu unutmasını və psixikasının zəifləməsini örnək olaraq göstərirlər. Dəqiq elmlərin yuxugörməni anlamaq üçün verə bildiyi dəyərli faktlara gəlincə, bunlara örnək olaraq, yalnız fiziki qıcıqların yuxuya və yuxugörmənin məzmununa təsiri ilə bağlı aparılan araşdırmaları göstərmək olar. Bu yaxınlarda ölmüş Norveçli alim C.Mourli Voldun yuxugörmənin təcrübi yolla araşdırılması üzrə yazdığı iki çox qalın cildli kitabında xarici qıcıqlardan yaranan yuxugörmə ilə bağlı olduqca maraqlı bilgilər verilmişdir. Bugünkü elm isə, dediyimiz kitabda verilən belə sınaqlarla bağlı bildirişləri yuxugörmənin araşdırılması üzrə özünün ən böyük uğurları sayaraq öyünməkdədir. Bizim indi yuxugörmənin anlamını tapmaq istədiyimizi eşidəndə bu dəqiq elmlərin çevrəsindən olan alimlərin buna necə bir kəskinliklə yanaşacağını, bizə hansı aşağılayıcı sözlər deyəcəklərini təsəvvür eləyirsinizmi? Ola bilsin, onlar bu sözlərini artıq deyiblər də. Ancaq bunlar bizi qorxudub çəkindirə bilməz. Yanlış davranışların çoxunun bəlli anlamı varsa, deməli, yuxugörmələrin də anlamı ola bilər, bundan başqa, yanılmaların bu anlamları çox vaxt dəqiq elmlərin araşdırma metodlarından yayına da bilir. Gəlin bir anlığa özümüzü əski çağların və bugünkü sadə xalqın geriçiliyinə qoşulmuş sanaraq, antik çağların yuxu yozucularının açdığı yolla getməyə çalışaq.
Baxdığımız problemi həll edə bilmək üçün biz, ilk öncə, yuxugörmənin bütün oblastı boyunca yönələcəyimiz hədəfləri tapmalı və bu oblasta bütün genişliyi ilə baxmağa çalışmalıyıq. Yuxugörmə (Traum) nə deməkdir? Doğrusuna qalsa, onun nə demək olduğunu bir cümlə ilə demək çox çətindir. Sözsüz, biz burada hamıya bəlli olduğu bilinən hansısa anlayışa yenidən tərif vermək istəmirik. Ancaq buna baxmayaraq, biz gərək yuxugörməni, mahiyyətcə, başqa olaylardan ayırmağa və dəyərləndirməyə çalışaq. Yuxugörmənin mahiyyəti nədir? Bu axtarış oblastımızda az qala bütün xətlər boyunca ağlagəlməz müxtəlifliklər olduğunu gözdən qaçırmadan, biz burada mahiyyət deyəndə bütün yuxugörmələr üçün eyni olan özəllikləri başa düşəcəyik.
Belə demək olarsa, bütün yuxugörmələri birləşdirən ilkin özəllik, bizim yuxugörmə zamanı yatmağımızdır. Yatıb (Schlaf) yuxu görməyin (Traume) bizim ruhi yaşamımızla bağlı olduğu da aydındır, hətta bu yuxugörməmizdə bizim ayıq olan anlarımızla bəlli uyğunluqlar da çoxdur, ancaq burada baş verənlərlə ayıqlıq durumundakı olaylar arasında çox kəskin fərqlər də vardır. Yuxugörmə ilə bağlı belə bir tərifi Aristotel vermişdir. Ola bilər, yatmaqla yuxugörmə arasında daha sıx ilişkilər də vardır. Yuxugörmə insanı yuxudan oyada da bilər. Bir çox durumlarda isə yatanın yuxusunu pozmağa yönəlmiş olan hansısa güclü qıcıq, o andaca yuxugörmənin yaranmasına gətirib çıxarır. Beləliklə də, görünür, yuxugörmə yatma ilə ayıqlıq arasındakı aralıq bir durumdur. Onda biz gərək, ilk öncə, yuxunu araşdırmaqdan başlayaq. Yuxu nə deməkdir?
Yuxu fizioloji və bioloji bir problem sayılır və onunla bağlı mübahisəli qalan bir sıra sorular bu günə qədər də çözülməmişdir. Biz də burada yuxu ilə bağlı son sözün yiyəsi deyilik, ancaq məncə, biz yuxunun psixoloji xarakterini dəyərləndirməyə çalışa bilərik. Yuxu – mənim xarici aləmlə bağlı heç nə bilmək istəmədiyim bir durumumdur, bu anlarımda yan-yörəmdə olan bütün başqa nəsnələr mənim üçün öz marağını itirir. Mən ətraf aləmdən ayrılaraq, onun bütün qıcıqlarından yayınaraq yuxuya dalıram. Ətraf aləm məni yoranda da mən yuxuya dala bilərəm. Mən yatmağa başlarkən, sanasan, ətraf aləmə deyirəm: “Əl çək mənim yaxamdan, mən yatmaq istəyirəm”. Ancaq uşaqlar çox vaxt bunun tərsini deyirlər: “Mən indi yatmaq istəmirəm, mən hələ yorulmamışam, bir az da oynamaq istəyirəm”. Beləliklə də, yuxunun bioloji anlamı dincəlmək, onun psixoloji göstəricisi isə dünyaya olan marağın itməsidir. Görünür, bizim öz xoşumuzla gəlmədiyimiz bu dünyayla ilişkilərimiz arasıkəsilmədən davam edə bilmədiyindən, biz bu ağırlığa dözə bilmədiyimizdən, aradabir bu ilişkiləri dayandırıb yuxuya dalmalı oluruq. Bununla da biz zaman-zaman dünyaya gəlməmişdən əvvəlki duruma qayıdırıq, bir az da doğrusunu desək, ana bətnində olduğumuz duruma dönürük. Bunun üçün biz, demək olar, ana bətninə çox bənzəyən bir durum yaradırıq, yatdığımız yerin qaranlıq, isti olmasına və burada bizi qıcıqlandıran nəsnələrin olmamasına çalışırıq. Bir sıra insanlar isə büzüşüb yatmaqla bədənlərini birbaşa ana bətnində olduğu duruma salırlar. Qıraqdan baxanda insan ömrü belə görünür: onun üçdən ikisi doğulmuş və yaşamaqdadır, üçdən biri isə hələ də doğulmamışdır və insan yuxuda öz ömrünün o doğulmamış kəsimini yaşayır. Hər gün səhər yuxudan oyanmaq elə bil dünyaya yenidən doğulmağa oxşayır. Bir sıra durumlarda biz yuxudan ayılanda deyirik: elə bil anadan yenicə doğulmuşam; ancaq mənə elə gəlir, bu durumu yeni doğulmuş körpənin durumuna oxşatmaq çox da elə uğurlu bənzətmə deyildir. Ola bilsin, çağalar dünyaya yeni gələndə özlərini bu dünyada çox da rahat hiss eləmirlər.
Unutmamısınızsa, uşağın doğulmasına biz işıqlı dünyaya göz açmaq da deyirik.
Yuxulamağa bu baxımdan yanaşanda, belə çıxır, yuxugörmə heç bir halda onun məqsədi sayıla bilməz, daha doğrusu, bu onun üçün arzuolunmaz bir durum sayılmalıdır. Elə biz özümüz də yuxu görmədən yatmağın dincəlmək üçün ən yaxşı olduğunu düşünürük. Gərək yuxuda heç bir ruhi fəaliyyət olmasın; yox, birdən bu olursa, deməli, biz yuxuda yetərincə dincələ bilmirik; beləliklə də, ruhi fəaliyyətimizin qalıqlarından sonacan qurtula da bilmirik. Görünür, elə bu qalıqlar da yuxugörməni yaradır. Yuxugörməyə belə yanaşanda, adama elə gəlir, doğrudan da, yuxugörmədə hansısa anlam axtarmağa da dəyməz. Yanılmalarda işlər başqa cür idi; onlar insanın ayıqlıq durumunda baş verən olaylarla bağlı olaraq yaranırdı. Mən yatıramsa, bununla özümün ruhi fəaliyyətimi dayandırmaq istəyirəmsə, ancaq onu bütünlüklə fəaliyyət göstərməkdən saxlaya bilmədiyimdən ruhumun hansısa kiçik bir bölümü işləməkdə davam edirsə, onda belə çıxır, ruhun işləməkdə davam eləyən bu qalıqlarında anlam axtarmağa da dəyməz. Mənim ruhani yaşamım bütünlüklə yuxuya dalaraq dincəlmək istəyirsə, onda ruhumun belə bir yararlı işə uymaq istəməyən şıltaq bölümlərinin gördüyü işlərin nə anlamı ola bilər? Burada söhbət, olsa-olsa, fiziki qıcıqlardan yaranan psixi çırpınmalar və səyrimələrdən gedə bilər. Onda belə çıxır, yuxugörmələr, insanın dincəlməsi üçün ruhi yaşamın daldığı yuxu anlarında ruhun bir sıra bölümlərinin bunu əngəlləməsindən yaranır və o, psixoanaliz üçün araşdırma mövzusu ola bilməz.
Bütün bu deyilənlərə baxmayaraq, yuxugörmə gərəksiz bir nəsnə kimi görünsə belə, o, bir gerçəklikdir və biz onun nə üçün baş verdiyini anlamaq üçün çalışa bilərik.
Nə üçün insan yuxuya gedəndə onun psixi yaşamı öz işini bütünlüklə dayandırmır?
Görünür, burada nə isə insan ruhuna dinclik verməyən bir səbəb vardır. İnsanın ruhunu nələrsə qıcıqlandırır və o da bu qıcıqlara qarşı təpki göstərməyə başlayır.
Beləliklə də, yuxugörmə ruhun, yuxuya daldığı anlarda ona qarşı yönələn qıcıqlara qarşı göstərdiyi təpkidir (reaksiyadır). İndi artıq bizim yuxugörmələri anlamaq üçün konkret yanaşmamız vardır. Çoxsaylı yuxugörmə örnəklərini araşdırmaqla biz insanın yuxugörmə anlarında reaksiya verdiyi bu xarici qıcıqları da araya bilərik. Bununla da, biz bütün yuxugörmələr üçün eyni olan ilk özəlliyi ayırd eləyə bildik.
Görəsən, yuxugörmələrin hamısı üçün eyni olan başqa özəlliklər də varmı?
Elədir, bunlar vardır, ancaq onları anlamaq və anlatmaq olduqca çətindir. Ruhi proseslər yuxuda, ayıqlıqda olduğundan büsbütün fərqli özəlliklər daşıyır.
Yuxugörmədə çoxlu anlar yaşayırsan, sıxıntılar keçirirsən, bunların hamısına da inanırsan, ancaq bunların hamısı gerçəkdən baş vermir, yalnız yuxunu əngəlləyən hansısa qıcıqlardan törəyir. Yuxugörmədə yaşadıqlarımız ən çox görüntülərin araçılığı ilə baş verir; düzdür, bu anlarda hansısa duyğular və düşüncələr də yarana bilər, başqa duyğu orqanları da işləyə bilər, ancaq burada başlıca yeri görüntülər (obrazlar) tutur.
Bax elə bu görüntülərin sonradan sözlə anladılması da görünən yuxunun danışılmasında böyük çətinliklər yaradır. Çox vaxt yuxugörən kimsədən belə sözlər də eşidirsiniz: mən bu yuxuda gördüklərimin şəklini olduğu kimi çəkə bilərdim, ancaq onları sözlə anlatmağa gücüm çatmır. Bu deyilənlər heç də yuxugörmənin insan psixikasını gücsüzləşdirdiyi anlamına gəlmir və yuxuda qarşılaşdığımız bu durumu hansısa gerizəkalılığın dahiliklə tutuşdurulmasına bənzətmək də doğru deyildir; bu nə isə büsbütün başqa bir durumdur, ancaq onun insanın ayıqlıqdakı ruhi durumundan konkret olaraq necə fərqləndiyini demək də çox çətindir. Bu yöndə araşdırma aparan Q.T.Fexnerin düşüncəsinə görə, insan ruhunda yuxugörmənin yarandığı yerlə onun ayıq olduğu anlardakı təsəvvürlərinin yarandığı yerlər başqa-başqadır. Düzdür, bu deyilənləri dərindən anlamasaq da, onunla bağlı hansı sonuca gəlməyi müəyyən edə bilməsək də, yuxugörmədəki təsəvvürlərin ayıq vaxtlarımızdakı təsəvvürlərlə yadlığı da gözəçarpacaq bir gerçəklikdir. Burada yuxugörmənin, yuxarıdakı örnəkdə olduğu kimi, çalmağı bilməyən birisinin barmaqlarını çalğı alətinin dilləri üzərində gəzdirməsi ilə tutuşdurulması da düşüncələrimizin aydınlaşmasına yardım eləyə bilmir. Doğrudan da, istər çalmağı bacaran, istərsə də bacarmayan olsun, pianinonun dillərinə toxunanda o, eyni səsləri çıxarır. Burada çalmağı bacaranın tək üstünlüyü bu səsləri melodiyaya çevirməyi bacarmaqdır. Yuxugörmənin bu ikinci özəlliyi, bir az da doğrusunu desək, yuxugörmələrdəki təsəvvürlərlə ayıqlıqdakı təsəvvürlərin bütün durumlarda uyuşmaz olduğu bizim üçün necə anlaşılmaz olsa da, onu bütün yuxugörmələr üçün eyni olan bir özəllik kimi yadda saxlayaq.
Yuxugörmələr üçün eyni olan başqa özəlliklər də varmı? Mən bu dediklərimdən başqa, bütün yuxugörmələr üçün eyni sayıla biləcək ayrı bir özəllik görmürəm, onları bir-birindən seçib ayıran özəlliklər isə olduqca çoxdur, bunlara örnək olaraq, yuxugörmələrin başvermə vaxtının uzun-qısalığını, onların aydın və qarmaqarışıq olmalarını, həyəcan, qorxu doğurub-doğurmamasını, ayılandan sonra unudulub-unudulmamasını, habelə bu kimi çoxlu fərqli özəlliklərini göstərmək olar. Daha doğrusu, xarici qıcıqların ruhun fəaliyyətində əks olunan çırpıntıları, səyrimələri heç də həmişə bizim gözlədiyimiz kimi baş vermir, düşüncələrimizin alışdığı məntiqə sığmır. Yuxugörmənin uzun-qısalığına gəlincə, birdən bu yuxugörmələr olduqca qısa olur, bir, yaxud bir-iki ötəri görüntü, yalnız bir düşüncə, hətta bir söz bütün yuxugörmənin məzmununu təşkil edir; ancaq başqa yuxugörmələrin məzmunu ağlagəlməz dərəcədə zəngin olur, burada az qala bir romanlıq olaylar baş verir və görünür, belə yuxugörmələr çox uzun çəkir. Gerçəkliyə olduqca çox oxşayan yuxugörmələr də vardır, burada baş verən olaylar olduqca aydın və inandırıcı olduğundan, biz yuxudan ayılandan sonra da uzun bir müddət baş verənlərin yuxu olduğuna inanmaq istəmirik, başqa yuxugörmələr isə olduqca zəif, dağınıq, qarmaqarışıq, kölgə kimi qaranlıq olur; habelə eyni bir yuxuda olduqca aydın yerlər olduğu kimi qaranlıq, anlaşılmaz olan yerlər də ola bilər. Bir sıra yuxugörmələrdə anlamlı, məntiqli, habelə olduqca ağlabatan və insanı heyran eləyən olaylar baş verə bilər; başqalarında isə qarmaqarışıq, axmaq, bayağı, olduqca anlamsız olaylar görmək olar. Bir sıra yuxugörmələrə soyuqqanlılıqla yanaşsaq da, bir başqaları bizi çılğınlığa çatdıracaq qədər duyğulandırır, gözyaşı tökdürəcək qədər qəmləndirir, yuxudan oyadacaq qədər qorxudur, təəccüb, vurğunluq, habelə bu kimi başqa fərqli duyğular yarada bilir. Bir sıra yuxugörmələr oyanan kimi də unudulur, başqası isə bütün günü unudulmur, ancaq axşamtərəfi yavaş-yavaş unudulmağa başlayır, gecə keçdikcə daha da zəif və qırıq-qırıq xatırlanmağa başlayır; başqa yuxugörmələr isə, örnək üçün, uşaqlıq çağındakı yuxugörmələr kimi, yaddaşda çox yaxşı qorunub saxlanılır, üstündən otuz il keçəndən sonra da yaddan çıxmır və bütün detalları ilə xatırlanır.
Yuxugörmələr də fərdlər kimi, ola bilsin, ancaq bir dəfə görünüb bir də gözə dəyməsin və ya necə varsa eləcə, dönə-dönə görülsün, ya da azacıq dəyişikliklərlə təkrarlansın. Bir sözlə, ruhun bu gecə fəaliyyətinin repertuarı çox genişdir, insanın ruhu gündüzlər elədiyi nə varsa, onlara oxşar olan saysız olayları gecələr də eləyə bilir, ancaq bu, hər halda gündüz baş verənlərdən nə iləsə fərqlənən nəsnələrdir.
Yuxugörmədəki bu çoxçalarlılığı yuxu ilə ayıqlıq arasındakı müxtəlif intervallara uyğunluqla, yuxunun dərin, ya da üzdən olması ilə yozmağa çalışmaq olar. Belə olardısa, onda gərək insanın oyanana yaxın gördüyü yuxugörmələr daha aydın və anlamlı olaydı və bu getdikcə artaydı, özlüyündə isə bunun tərsi baş verir və birdən çox aydın, anlamlı yuxugörmənin ardı qarmaqarışıq və anlaşılmaz bir yuxugörməyə gəlib çıxır. Habelə insan psixikasının özü də yuxunun dərinliyini belə tez bir zamanda dəyişə bilməzdi. Beləliklə də, bu yozumlar araşdırdığımız mövzuya aydınlıq gətirə bilmir; görünür, məsələ biz düşündüyümüz qədər də sadə deyildir.
Gəlin yuxugörmələrin anlamlı olması ilə bağlı sorunu hələlik bir qırağa qoyub, onların hamısı üçün eyni olan özəlliklərə arxalanaraq, yuxugörmənin nə demək olduğunu bacardıqca dərindən anlamağa çalışaq. Yuxugörmə ilə yuxunun arasındakı ilişkilərdən danışarkən biz yuxugörmənin yuxunu əngəlləyən qıcıqlardan yarandığı sonucuna gəlib çıxmışdıq. Bildiyimiz kimi, bayaqdan sadaladıqlarımızdan yalnız dediyimiz bu sonuncu an dəqiq eksperimental psixologiyanın yuxugörmələri araşdırmasına yol açır; onun araşdırmaları isə, doğrudan da, yuxuda olan insana qarşı yönələn qıcıqların onda yuxugörmələr yaratdığını sınaqlar yolu ilə sübut eləyə bilir.
Yuxarıda adını çəkdiyimiz Mourli Voldom çoxlu belə sınaqlar keçirmişdir; bizim hər birimiz onun gəldiyi sonucları öz şəxsi müşahidələrimizlə təsdiq eləyə bilərik. Mən burada onun artıq köhnəlmiş sayılan sınaqlarından seçdiyim örnəkləri göstərəcəyəm.
Onu da deyim ki, Mourli bu sınaqları öz üzərində aparmışdı. Yuxuda ona odekolon iylətmişdilər. Bu zaman o, yuxuda Qahirədə İohann Mariya Farinin dükanında olduğunu görmüş, bunun ardınca onun başına ağlagəlməz macəralar gəlmişdi (İ.M.Farin italyan ətriyyatçısı olub odekolonun yaradıcısıdır). Sonra yuxuda yüngülcə onun boynunun ardına toxunmuşdular, o isə bu zaman uşaqlıqda onu müalicə eləyən həkimin boynundakı yaraya plastır qoyduğunu görmüşdü. Alnına bir damcı su tökəndə isə o, yuxuda İtaliyaya gedib çıxmış, orada bərk istiləyib tər tökdüyünü və
Orvieto adlanan ağ çaxır içdiyini görmüşdü.
Sadaladığımız bu sınaqlar yolu ilə törənmiş yuxugörmələri başqa yuxugörmələrlə tutuşduranda, onlarda bizim üçün ən aydın olan bu yuxugörmələrin yalnız elə qabaqcadan düşünülmüş xarici qıcıqlarla yaranmasıdır. Gəlin indi də özünün dərin ağlı ilə seçilən araşdırıcı Hidebrantın üçü də zəngli saatla bağlı olan yuxugörmələri ilə tanış olaq.
“Bir yaz səhəri mən qonşu kənddə yaşıl otlarla örtülmüş çöllükdə gəzirəm. Bu kəndin çoxsaylı insanlarının bayram geyimlərində, əllərində dua kitabları tutaraq, kilsəyə getdiyini görürəm. Hə, bu gün bazar günüdür, deyə düşünürəm, ona görə də birgə səhər duası oxunacaqdır. Mən də onların bu ibadətinə qatılmaq istəyirəm, ancaq istidən bir az təntidiyimdən, öncə kilsənin ətrafındakı qəbiristanlıqda gəzişib özümə gəlmək istəyirəm. Burada gəzişərək qəbir daşlarının üstündəki yazıları oxuyuram və bu vaxt zəngçalanın zəng qülləsinə qalxdığı gözümə sataşır, yuxarıda kiçik bir kilsə zənginin asıldığını görürəm. Bu zəng çalınan kimi səhər ibadəti başlanacaqdır. Kilsə zəngi bir ara tərpənməz dayanır, sonra hərəkətə gəlir, birdən onun kəskin səsi eşidilməyə başlayır. Bu kilsə zəngi olduqca qulaqbatırıcı bir səs çıxarır və mən bu səsə yuxudan ayılıram. Zəng səsini çıxaran isə zəngli saatdır”.
“İkinci yuxugörmə. Buludsuz qış günü; küçələrdə iri qar qalaqları vardır. Mənə at qoşulmuş xizəklə gəzmək təklif olunub və mən bununla razılaşmışam, ancaq çoxdan dayanıb xizəyin haçan bizim qapıya gəlib çıxacağını gözləyirəm. Mən xizəyə oturmaq üçün hazırlaşmağa başlayıram, qalın kürkümü geyirəm, ayağımı örtmək üçün içi yunla dolu kisələri götürürəm, sonra xizəyə minirəm. Ancaq yola düşməyimiz gecikir, nədənsə sürücü yerindən tərpənmək istəməyən atları qamçılamır. Budur, atlar yerlə-rindən tərpənirlər; onların boyunlarından asılmış zınqırovlar güclü bir səslə yeniçəri havası üstə dillənir, ancaq melodiya çox güclü səsləndiyindən, mən bu hay-küyə yuxudan oyanıram. Bu səs isə yenə də zəngli saatın kəskin səsindən başqa bir nəsnə deyildir”.
“Üçüncü örnək! Mən yuxumda qabyuyan qulluqçunu görürəm. O, əlində üst-üstə yığılmış çoxsaylı boşqablar tutaraq dəhlizdən keçib mətbəxə sarı gedir. Mənə elə gəlir, indicə onun əlindəki üst-üstə qalanmış çini qablar sürüşüb yerə töküləcəkdir.
Ona üz tutub deyirəm: bax, ehtiyatlı ol, yoxsa indicə qablar əlindən düşüb sınacaqdır.
O da deməyə alışdığı sözü dilinə gətirir: mən artıq qabları belə daşımağa alışmışam, heç nə olmaz. Ancaq mən gözümü ondan çəkmirəm. Birdən o, doğrudan da, mətbəxin kandarında büdrəyir və kövrək çini qablar cingiltili bir səslə döşəməyə səpələnir.
Ancaq nədənsə sınan qabların cingiltili səsləri kəsilmək bilmir, bunlar cingiltidən dönüb zəng səsinə çevrilirlər və mən yuxudan ayılıb bunun zəngli saatın səsi olduğunu görürəm”.
Danışılan bu yuxugörmələr yetərincə düşündürücü, bütünlüklə anlamlıdır. Adi yuxugörmələrdə sıx-sıx özünü göstərən bir-biri ilə ilişkisi olmayan anlamsız olaylar burada yoxdur. Ona görə də bu yuxugörmələrlə bağlı bizim düşüncələrimizdə hansısa haçalanmalar da olmayacaqdır. Onların hamısı üçün eyni olan özəllik burada özünü göstərən səs-küydür və yuxudan ayılınca bu səs-küyü zəngli saatın doğurduğu da bəlli olur. Biz burada yuxugörmənin necə yaranmasını görməkdən başqa da bir sıra yeniliklər öyrənə bilirik. Yuxugörmə zəngli saatın varlığını görə bilmir, doğrudan da, zəngli saat yuxugörmədəki olayların içində yoxdur, ancaq bu yuxugörmə zəngli saatın səsini başqa bir səslə əvəz eləyir, o, yuxunu pozmağa yönələn qıcığı yozmağa çalışır və bu qıcığı hər dəfə başqa cür yozur. Bu niyə belədir? Buradakı olaylar məntiqi bir asılılıq olmadan, özbaşına baş verdiyindən, bu sorunun da cavabı yoxdur. Birdən biz yuxugörmənin nədən və necə baş verdiyini bilsəydik, onda qıcıq yaradan zəngli saatın səsinin yerinə nə üçün başqa bir səsin yox, yalnız bu səsin seçildiyini də anlaya bilərdik. Elə buna uyğun olaraq Mourlinin də sınaqlarına qarşı çıxa bilərik: burada da yuxugörməni yaratdığını dediyimiz qıcığın yuxugörmədə nə üçün başqa bir formada yox, yalnız elə bu formada üzə çıxdığı sorğusuna məntiqi bir cavab tapa bilmirik və görünür, burada baş verənlər heç də bütünlüklə yuxugörməni yaratdığını dediyimiz qıcıqdan asılı deyildir. Bundan əlavə, Mourlinin sınaqlarında qıcıqlandırıcının yuxugörmədə yaratdığı birbaşa olaydan başqa da yuxugörmədə bu qıcıqlardan heç bir asılılığı olmayan çoxsaylı olaylar baş verir. Örnək üçün, onun odekolonla bağlı apardığı sınaqda yuxugörmədə özünü göstərən çoxsaylı ağlagəlməz macəralar bu sıradandır və onların bu yuxugörməni törədən qıcıqla necə asılı olduqlarının anlaşıqlı yozumu yoxdur.
Ancaq burası da vardır, qıcıqlandırma yolu ilə yaranan yuxugörmələrin öyrənilməsi üzrə aparılan sınaqlar bizə bu prosesi dərindən anlamaq üçün əlverişli durumlar yarada bilir. Başqa araşdırma yollarından belə dərin bilgilər almaq qat-qat çətin başa gəlir. Bütün yuxugörmələr bitən kimi o andaca yuxudan ayılmırlarsa və yalnız səhər yuxudan oyanandan sonra gecəki yuxugörməni xatırlayırlarsa, onda gecə yuxunu pozub yuxugörmə yaradan qıcığın nə olduğunu necə öyrənmək olar? Günlərin birində mən gördüyüm yuxunun belə bir qıcıqlandırıcı səslə bağlı olduğunu sonradan öyrənə bilmişdim, ancaq bu, əlverişli bir durum yarandığı üçün mümkün olmuşdu.
Dağlıq Tirol şəhərciyində səhər yuxudan oyanıb indicə yuxumda Roma papasının öldüyünü gördüyümü xatırladım. Mən nə üçün belə bir yuxu gördüyümü özüm üçün aydınlaşdıra bilmədim, bir az sonra xanımım mənə dedi: “Sən səhərə yaxın qulaqbatırıcı kilsə zənglərinin səsini eşitdinmi? Nəyə görəsə səhərə yaxın şəhərin bütün kilsələrinin zəngi ara vermədən çalınmağa başlamışdı”. Yox, mən heç nə eşitməmişdim, ancaq xanımımın dediyi bu sözlərə görə mənim bu yuxugörməmi hansı qıcığın doğurduğunu öyrənə bilmişdim. Görəsən, yuxugörənin onun yuxugörmələrini törədən belə qıcıqları bilmədiyi durumlar çoxmu olur? Ola bilsin, belə durumlar çox olur, ola bilsin də çox az. Yuxugörməni yaradan qıcıqlanmanın olduğunu sübut eləyə bilmiriksə, onda onun olduğuna inanmaq da yersiz görünür. Biz, onsuz da, belə qıcıqların yuxugörmələrin hamısını yox, yalnız onların bir hissəsini törətdiyini biləndən sonra yuxunu pozaraq yuxugörmə yaradan bu qıcıqlara böyük önəm verməkdən özümüzü çəkindirməyə başlamışdıq.
Ancaq bütün baxdığımız durumlara göz yetirəndən sonra yuxugörməni yaradan qıcıqlarla bağlı nəzəriyyədən bütünlüklə əl çəkməyi də düzgün saymaq olmaz. Ola bilsin, bu nəzəriyyəni gələcəkdə genişləndirmək və araşdırmalarımız üçün daha da yararlı eləyə bilmək də mümkün olsun. Bizim araşdırmalarımız üçün yuxunun nədən pozulması çox da önəmli deyil, başlıcası yuxugörmənin baş verməsidir. Özü də bu qıcıqlar kənardan yaranan təsirlərin yaratdığı duyğular şəklində olmaya da bilər, belə qıcıqları insanın daxili orqanları da yarada bilər, bir az da doğrusunu desək, belə qıcıqlar üzvi qıcıqlanmalar da ola bilər. Bizim sonuncu mülahizəmiz öz-özlüyündə də aydındır və o, yuxugörmənin yaranmasının səbəbi ilə bağlı deyilənlərlə uyuşur. Elə bilirəm, sizin çoxunuz yuxugörmənin yaranmasının mədənin durumu ilə bağlı olduğunu çox eşitmisiniz. Ancaq yazıqlar olsun, bu duruma uyğun deyilənlər də ehtimal olaraq qalır, çox vaxt oyandıqdan sonra daxili orqanlarımızda belə bir gərginliyin olması öz təsdiqini tapmır və beləliklə də, onların yuxugörməyə göstərdiyi təsirlər də sübut oluna bilmir. Ancaq olduqca çoxlu inandırıcı izləmələrin daxili orqanlarda yaranan gərginliyin doğurduğu qıcıqların yuxugörmə törətdiyini sübut eləməsini də gözdən qaçırmaq olmaz. Bir sözlə, daxili orqanların durumu yuxugörməyə təsir göstərə bilər. Bir sıra yuxugörmələrin məzmununun yuxuda sidik kisəsinin dolub daşması, yaxud da cinsi orqanın ehtirasa gəlməsi ilə ilişkiləri çox aydın göründüyündən, bu durumlarda insanın daxili orqanları ilə yuxugörmələr arasında asılılıq olduğu danılmazdır. Yuxugörmə ilə bağlı belə aydın olan durumlardan başqalarına da keçmək olar, yəni bir sıra məzmunu daxili orqanların qıcığından yarandığını bildiyimiz yuxugörmələri andıran başqa yuxugörmələri də bu yolla az-çox aydınlaşdırmaq olar. Yuxugörmələr üzrə araşdırıcı Şerner yuxugörmələrin daxili orqanların yaratdığı qıcıqlara görə baş verməsini onların başlıca səbəbi olaraq götürmüş və bununla bağlı çox tutarlı örnəklər də göstərmişdir.
Yatan kimsə yuxusunda bir-birinin üstünə atılmaq üçün iki sıraya düzülüb, qarşı-qarşıya dayanan sarışın saçlı gözəl oğlan uşaqlarını görür, bir az sonra onlar bir-biri ilə tutaşırlar, sonra bir-birindən aralanıb yenə də sıraya düzülür, az sonra yenidən tutaşırlar. Şerner buradakı oğlan uşaqlarını dişlərə oxşadır və doğrudan da, bu yuxunu görən kimsənin səhərisi gün çənəsindəki qabaq dişlərdən birinin düşməsi onun bu yozumunu büsbütün doğruldur. “Uzun, dar, əyri-üyrü yolla keçib getmək”, onun yozumunda bağırsaqlarda baş verən gərginlikdən yaranan yuxugörmədir və Şernerin doğru olaraq göstərdiyi kimi, burada yuxugörmə onu doğuran qıcıqlandırıcı orqana bənzəyən predmetin görünüşünü yaratmağa çalışır.
Beləliklə də, biz yuxugörməyə insanın daxili orqanlarının qıcıqlanmasının da ona kənardan göstərilən qıcıqlar qədər təsirinin olduğu düşüncəsinə gəlib çıxırıq. Ancaq yazıqlar olsun, onların da yuxugörmədə gördüyü işin dəyərləndirilməsi ilə bağlı düşüncələr haçalanır. Buradakı durumların çoxunda daxili orqanların yaratdığı qıcıqların yuxugörməyə göstərdiyi təsirin aydınlaşdırılması sonacan inandırıcı olmur, ya da yetərincə sübut oluna bilmir, yalnız bir sıra yuxugörmələrin belə qıcıqlardan yarandığını aydınlaşdırmaq olur və eləcə də kənardan göstərilən qıcıqlarla olduğu kimi, burada da yuxugörmənin bütövlükdə yox, ancaq bəlli bir bölməsinin birbaşa bu qıcıqların təsirindən yarandığı görünür. Yuxugörmənin qalan bölmələrinin necə yaranması isə bəlli olmur.
Buradaca qıcıqlanmaların təsirindən yaranan yuxugörmələrin araşdırılmasında onların üzə çıxan bir sıra özünəməxsusluqlarını da qeyd eləmək yerinə düşərdi. Yuxugörmə qıcıqlanmanı birbaşa insan ruhuna ötürmür, onu üzərində işləyərək dəyişir, ona eyham vurur, hansısa olaylar sırası yaradaraq bu qıcıqla bağlı olayı da burada yerləşdirir, habelə onu necəsə başqa bir uyğun duyğuya çevirir. Bu, yuxugörmənin gördüyü işin yalnız bir tərəfidir, onun bu özəlliyi bizi yuxugörmənin mahiyyətini aydınlaşdırmağa yaxınlaşdıra biləcəyinə görə maraq doğurur: kimsə yuxugörmədə hansısa qıcığa görə nəsə eləyirsə, burada baş verənlər təkcə elə bu qıcıqla bağlanıb qalmır, daha geniş çevrəni əhatə edir. Örnək üçün, üç ölkəni öz hakimiyyəti altında birləşdirməyi bacarmış bir kralın taxta çıxması Şekspirin “Maqbet” pyesinin yazılmasına gətirib çıxarmışdı. Ancaq bu pyesdə yalnız elə bu tarixi fakt açıqlanmır, əsərin öz içinə aldığı geniş dramatik olaylar bu pyesi böyük və möcüzəli bir sənət əsərinə çevirir. Ola bilsin, yatan birisinə təsir göstərən xarici və daxili qıcıqlar da yalnız elə yuxugörməni doğurur, ancaq bu qıcıqların yuxugörmənin mahiyyəti ilə heç bir ilişkisi yoxdur.
Yuxugörmələrin başqa bir özəlliyi, onların özünü ələ verməyi sevməyən və gələcək araşdırmalar üçün hansısa girişi olmayan psixi xarakteri ilə bağlıdır.
Yuxugörmələrdə biz baş verənləri kənardan baxdığımız görüntülər kimi izləyirik.
Yuxugörməni yaradan qıcıqlar bunun nə üçün belə olduğunu açıqlaya bilərmi? Bizim yuxugörmədə yaşadıqlarımız, doğrudanmı, birbaşa bu qıcıqlarla bağlıdır? Elə isə, nə üçün burada ancaq görüntülər yer tutur, axı bu qıcıqlar olduqca az durumlarda bizim gözlərimizə təsir göstərir? Yoxsa hansısa danışıq bizim yuxumuza giribsə, bu zaman biz onu səslimi eşitmiş oluruq? Bunun belə olmadığını mən inamla və qətiyyətlə sizə deyə bilərəm.
Yuxugörmələrin hamısı üçün eyni olan özəlliklər daha dərin araşdırmalara yol aça bilmirsə, bəlkə, onları bir-birindən fərqləndirən özəlliklərə baxmaq yaxşı olardı?
Doğrudur, yuxugörmələr çox vaxt anlamsız, qarmaqarışıq, dolaşıq, bayağı olur; ancaq anlamlı, aydın və məntiqli yuxugörmələrin də olduğu bəllidir. Gəlin, baxaq görək, anlamlı yuxular bizə anlamsız yuxularla bağlı nəsə öyrənməyə yardımçı ola biləcəkmi? Bir nəfər gəncin mənə söylədiyi məntiqli bir yuxugörməni sizin üçün danışmaq istəyirəm. “Mən Kertnerştrassedə gəzişirdim, orada X. bəy ilə qarşılaşıb bir az gəzindik, sonra ondan ayrılıb restorana getdim. Mən oturduğum stolun arxasında iki xanımla bir bəy də oturmuşdu. Onların mənimlə bir stolda oturmaqlarına görə acıqlanırdım, başımı qaldırıb onlara sarı baxmaq belə istəmirdim. Bir az sonra mən onlara sarı baxmağa başlayıb bu insanların mənə çox doğma olduqlarını duymağa başladım”. Yuxugörən gəncin dediyinə görə, o, gecə, yatmazdan qabaq, hər gün olduğu kimi, Kertnerştrassedə gəzməyə çıxmış və orada X. bəy ilə görüşmüşdü.
Yuxunun qalanı isə hansısa olayla birbaşa bağlı deyildi, ancaq bu yaxınlarda başına gəlmiş bir olayla çox uyğunluğu vardı. Başqa bir xanımın gördüyü “aydın” bir yuxuya baxaq. “Yuxuda əri ondan soruşur: pianinonu köklətdirəkmi? Qadın deyir: hələlik buna gərək yoxdur, gərək qabaqca onun üzlüyünü dəyişək”. Xanımın deməsinə görə, yuxunu görməmişdən bir gün öncə onunla əri arasında bu yuxu ilə sözbəsöz eyni olan belə bir danışıq olubmuş. Bu cür “aydın olan” yuxugörmələrə baxıb hansı sonuclara gəlmək olar? Belə çıxır, bu cür yuxugörmələrdə gündüz yaşadığımız olaylar təkrarlanır, habelə onlarla ilişkili olan nələrisə də görürük. Birdən bu bütün yuxugörmələrdə belə olsaydı, onda çox önəmli bir olay sayıla bilərdi. Ancaq bunun belə olmadığı hamımıza aydındır; bu deyilənlər yuxugörmələrin çox azında baş verir, yuxugörmələrin çoxunda gündəlik baş verən olaylarla hansısa ilişkilər tapmaq olmur və onların çoxunda özünü göstərən anlaşılmazlıq və bayağılığı da heç yerə yozmaq olmur. Beləliklə də, bu yöndə irəlilədikcə yeni-yeni problemlərlə üz-üzə gəlirik. Biz təkcə elə yuxugörmələrin hansı anlam daşıdığını öyrənmək istəmirik, hətta, indicə gətirdiyimiz örnəklərdə olduğu kimi, gündəlik yaşamdakı hansısa olayların nə üçün və necə yuxuda belə aydın bir şəkildə təkrarlandığını da anlamaq istəyirik.
Mənə elə gəlir, belə sınaqları davam etdirməklə siz də mənim kimi yorulub əldən düşürsünüz. Göründüyü kimi, problemin həllinə aparan yolu tapmadan onunla maraqlanmağın heç bir önəmi yoxdur. Hələlik biz belə bir yolu tapa bilməmişik.
Eksperimental psixologiya qıcıqların yuxugörmə yaratması ilə bağlı olan bir sıra çox dəyərli bilgilər verməkdən o yana keçə bilmir. Fəlsəfənin də burada nə iləsə işimizə yarayacaq bir söz deyəcəyini gözləməyə dəyməz. O yalnız özünü dartıb bizim çox dəyərsiz bir işə baş qoşduğumuza eyham vuracaqdır; mistik təlimlərdən isə biz özümüz uzaq gəzməyə çalışırıq. Tarixin gedişində minilliklər boyunca özünə yer eləyə bilmiş və bu gün də xalq içində geniş yayılmış inanclara görə, yuxugörmələrin hamısı anlamlıdır və onlar gələcəkdən xəbər verirlər; bunlara inanmaq çox çətindir, sözsüz, bunun belə olduğunu sübut eləmək mümkün də deyildir. Beləliklə də, çıxış yolu tapmaq üçün üz tutduğumuz bütün yönlər dalana dirənir.
Ancaq birdən heç gözləmədiyimiz bir yerdən bizə kömək gəlib çıxır. Bəlli olduğu kimi, bizim dilimizdə işlətdiyimiz sözlər heç də hansısa gözlənilməzlikdən yaranmamışdır, bunların hamısı keçmişlərdən qalma qavramların daşıyıcılarıdır, düzdür, bu sözlərdən hansısa araşdırmalar üçün yararlananda götür-qoyluğu da əldən vermək doğru olmazdı; bildiyiniz kimi, danışıq dilimizdə gerçəklikdə baş verən olaylarla bağlı söylənilən, “ayıqlıqda yuxu görmək (aşkarda yuxu görmək)”
(Taqtraume) deyimi vardır. “Ayıqlıqda yuxu görmək” deyilən olay bir fantaziyadır (fantaziyadan doğan bir olaydır); bu istər sağlam, istərsə də xəstə insanlar arasında çox geniş yayılmış bir fenomendir və onu hər kəs öz üzərində də araşdırıb öyrənə bilər. Burada ən təəccüblü olan isə bu deyimin “ayıqlıqda yuxu görmək”
adlanmasıdır, baxmayaraq, bu olayın yuxugörmələrin hamısında özünü göstərən dediyimiz iki özəlliyi də yoxdur. Yəni bu olaylar yuxuda yox, gerçəklikdə baş verdiyi üçün yuxugörmə sayıla bilməz, ikincisi isə, onlarda hansısa qarabasmalar və gözəgörünmələr yoxdur, onlar, sadəcə, təsəvvürlərdir: bu anda sən xəyala daldığını anlayırsan və öz umacaqlarınla bağlı dərin düşüncələrə qapılırsan, ancaq onları görmürsən. Belə “ayıqlıqda yuxu görmələr” insanlarda cinsi yetkinlik yaşına çatanda, uşaqlığın son dönəmində başlayır, yaşlı çağlarda da üzə çıxır, sonradan isə bu ya yoxa çıxır, ya da qocalıq çağlarına kimi qalır. Bu fantaziyaların məzmunu çox aydın motivlərlə bağlıdır. Bu səhnələrdə və təsəvvürlərdə insanların eqoistliyi, özünəvurğunluğu, başqaları üzərində üstünlüyə can atması, habelə cinsi istəkləri özünü göstərir. Gənc kişilərdə bu çox vaxt özünəvurğunluqla bağlı fantaziyalar kimi üzə çıxır, qadınlarda isə belə özünəvurğunluq ən çox cinsi istəklərlə bağlı olur və sevgi macəralarında uğur qazanmağa can atan xəyalların qurulmasına gəlib çıxır.
Ancaq bu “ayıqlıqda yuxu görmələrdə” çox vaxt elə kişilər də erotik umacaqlarını fantaziyalaşdırırlar; belə kişilərdə bütün igidliklər və uğurlar qadınlara vurğunluq və onların ürəyini ələ almaqla bağlı olur və elə bu motivli fantaziyalara da çevrilir. Bir sözlə, “ayıqlıqda yuxu görmələr” çox müxtəlifdir və onların yönümü də çox fərqlidir.
Onlardan biri qısa bir müddətdə baş verib qurtarır və yerini yeniləri tutur, bir başqaları isə itib-batmır və sonradan yaşamdakı durumlara uyğun gələn çoxlu belə fantaziyaları da özünə qoşaraq uzanır və genişlənir. Belə demək olarsa, onlar özlərinə zamandan ayaq düzəldib yeriyirlər və yaranan durumlara uyğun olaraq, onların ayaq izləri keçdikləri yollara düşüb qalır. Onlar poetik yaradıcılıq üçün xammallardır və şairlərlə yazıçılar onlardan yararlanaraq onların əsasında çoxlu süjetlər qurur və öz şeirlərini, novellalarını, romanlarını, pyeslərini yazırlar. Ancaq bu “ayıqlıqda yuxu görmə” ilə yaranan əsərlərin qəhrəmanı həmişə bu fantaziyaları quran kimsənin özü olur, bu isə ya birbaşa onun özü, ya da özünün özəlliklərini dolayısı ilə üzərinə köçürdüyü bir başqası kimi ortaya çıxır.
Ola bilsin, “ayıqlıqda yuxu görmə” deyimi bu adı gerçəkliklə uyğunluğunun zəifliyinə görə almışdır, axı onların da məzmununda, yuxugörmələrdə olduğu kimi, gerçəkdən baş verən olaylardan çox az şeylər vardır. Ancaq ola da bilər, bu deyimin yuxugörmə ilə ümumiliyi, yuxugörmələrin bizə bəlli olmayan və aradığımız hansısa psixoloji özəlliyi ilə bağlılığı da olsun. Bu fenomenə yuxugörmə ilə bağlı olan adın verilməsi bir yanlışlıq da ola bilər. Ancaq biz bunu bir az sonra aydınlaşdıracağıq.