Yeddinci mühazirə. YUXUGÖRMƏNİN AÇIQ MƏZMUNU VƏ ONUN GİZLİN ANLAMLARI
Dəyərli xanımlar və bəylər! Gördüyünüz kimi, bizim öncə yanlış davranışları öyrənməyimiz boşuna deyil. Bu çalışmalarımıza, habelə sizə bəlli olan iki fərziyyəyə arxalanaraq biz iki məqam üzrə irəlilədik: yuxugörmənin elementlərini anlamağa və yuxugörməni yozmaq üçün texnikaları tapmağa gəlib çıxa bildik. Yuxugörmənin elementini anlamaq deyəndə, biz onun yuxugörmənin gerçək məzmununun daşıyıcısı deyil, yanlış davranışları törədib özü gizli qalan niyyətlərlə olduğu kimi, yuxugörməni törədib özü yuxugörən üçün bəlli olmayan gerçək bir məzmunun əvəzedicisi olduğunu başa düşürük. Yuxugörən bu məzmunu bilir, ancaq bu anlarında həmin bilik onun üçün əlçatmaz olaraq qalır. Biz indi anladığımız bu gerçəkliyin bütün qalan yuxugörmələrin də ayrı-ayrı elementlərinə tətbiq oluna biləcəyinə inanmaq istəyirik. Yuxugörməni yozmaq üçün tapdığımız texnikaya gəlincə, biz onun yardımı ilə yuxugörən kimsəni öz duyğularına sərbəstlik verməyə yönəltməklə, onu baxdığımız yuxugörmə elementi ilə əlaqəli əvəzedicilər sırası tapmağa gətirib çıxardırıq və bu əvəzedicilərin yardımı ilə yuxugörmənin gizlin qalan məzmununu aydınlaşdırmağa çalışırıq.
İndi isə mən sizi dediklərimizin daha da anlaşıqlı olması üçün işlətdiyimiz terminlərdə bir sıra dəyişikliklər eləməyə çağırıram. Gəlin yuxugörmənin “gizli, əlçatmaz, gerçək məzmunu” yerinə “yuxugörənin şüurunun çata bilmədiyi, yaxud da şüursuzluqdakı (unbewubt) terminini işlətməyə başlayaq. Bu terminlə biz (unudulmuş sözlərlə və ya yanlış davranışlardakı pozucu niyyətlərlə olduğu kimi) baxılan andakı şüursuzluğunu göz önündə tuturuq. Dediyimiz bu “şüursuzluqdakı” termininə qarşı isə yuxugörmənin araşdırdığımız elementi, habelə onun əvəzediciləri dayanır, bunlar isə sərbəst və əlaqələndirici duyğuların yardımı ilə şüurlu olaraq yaranırlar. Ortaya çıxardığımız bu yeni termin hansısa yeni nəzəriyyə qurulması üçün deyildir. Biz “şüursuzluqdakı” termini ilə danışıqlarımızda aydınlıq yaranmasına çalışırıq və elə bilirəm, bu hansısa anlaşılmazlıqlara və həmin terminə qarşı dirənişlərə gətirib çıxarmayacaqdır.
Biz yuxugörmənin ayrıca götürülmüş elementi ilə bağlı anladıqlarımıza arxalanıb yuxugörməni bütövlükdə anlamağa çalışsaq, onda yuxugörmələrin şüursuzluqdakı nələrinsə korlanmış əvəzedicisi olduğu düşüncəsinə gəlib çıxacağıq və yuxugörmənin yozumu da bu şüursuzluqdakı nələrisə tapmaq demək olacaqdır. Buradan dərhal vacib qayda yaranır və biz gərək yuxugörmələri yozanda onlara əməl edək: 1) yuxugörmənin nə demək istədiyinə, aydınmı, absurdmu, qarmaqarışıqmı olduğuna önəm verməyə gərək yoxdur, onsuz da o bütün hallarda axtardığımız şüursuz deyil (bu qaydanın aşkar məhdudiyyəti öz-özlüyündə aydın olacaqdır); 2) işi hər bir element üçün əvəzedici təsəvvürləri oyatmaqla məhdudlaşdırmaq, onlar haqqında düşünməmək, onların uyğun bir şey ehtiva edib-etmədiyini yoxlamamaq, yuxu elementindən nə qədər uzaqlaşdıqlarına əhəmiyyət verməmək lazımdır; 3) gizli qalan, axtarılan şüursuzluqdakı gerçək məzmun özü yavaş-yavaş gəlib üzə çıxana kimi dözmək və gözləmək gərəkdir (təsvir olunan cəhddəki “Monako” sözü kimi).
Yuxugörmənin yaddaşda yaxşı, yoxsa pis, nə dərəcədə dəqiq və ya qeyri-dəqiq, bütün, yoxsa yarımçıq bərpa edilməsinin hansı önəm daşıdığı, məncə, indi hamımız üçün aydındır. Biz artıq yaddaşda bərpa olunan yuxugörmənin axtardığımız gerçək məzmunun özü yox, onun korlanmış əvəzedicisi olduğunu bilirik və bu əvəzedici gərək daha yeni əvəzedicilər doğurmaqla bizi addım-addım yuxugörmənin daşıdığı gerçək məzmuna yaxınlaşdırsın, daha doğrusu, şüursuzluqdakı gizli qalan biliyi şüurun qavradığı bilgiyə çevirib, onu qaranlıqdan aydınlığa çıxarsın. Ayıqlıq durumunda yuxugörmənin yaddaşda bərpası dəqiq deyilsə, onda, görünür, şüursuzluqdakının əvəzedicisi səbəbsiz ola bilməz daha bir korlanmaya uğramışdır.
Yuxu yozmalarını siz öz yuxularınızın da, başqalarının yuxularının da üzərində apara bilərsiniz. Öz yuxugörmələrin üzrə aparılan araşdırmalar daha güvənli bilgilər üzrə aparıldığından, buradan daha çox şey öyrənmək olur. Bu işə başlayanda isə öz içində yuxugörməni yozmağa qarşı dirənən duyğuların doğulduğunu anlamağa başlayırsan. Yuxu yozumu ilə bağlı düşüncələr yaransa da, sən onların çoxuna önəm vermək istəmirsən. Yaranan düşüncələri yoxlayıb onların içində seçim aparırsan. Bir düşüncə ilə bağlı özünə deyirsən: yox, bu, bura üçün deyil, bu duruma uyğun gəlmir.
Bir başqası üçün deyirsən: bu, aşırı anlamsızdır. Üçüncüsü üçün isə deyirsən: bu lap önəmsizdir. Və çox keçmədən düşüncələrin çoxunu, sonacan aydınlaşdırmadan, danmağa başladığını anlayırsan. Beləliklə də, bir yandan yuxugörmənin ilk seçdiyin elementinin asılılığına qapılırsan, başqa yandan da apardığın seçim əlaqələndirici düşüncələrin sərbəst olaraq yaranmasının qarşısını almağa başlayır. Yuxu yozarkən tək deyilsənsə, yuxunu başqasına yozdurursansa, bu icazəsiz seçim üçün istifadə etdiyin başqa bir motivi çox aydın şəkildə görəcəksən. Birdən öz yuxunu təkbaşına yox, kiminsə yardımı ilə yozursansa, onda düşüncələri özündən uzaqlaşdırmağına da haqq qazandırmağa başlayırsan. Bəzən özünə deyirsən: yox, bu düşüncə çox xoşagəlməzdir, mən bunu başqasının bilməsini istəmirəm (yaxud başqasına deməyi bacarmıram).
Belə dirənişlər bizim gördüyümüz işin uğura çatmasının qarşısını açıq-aydın bir şəkildə almağa başlayır. Onlara qarşı dirənməyi, onları aradan qaldırmağı bacarmaq gərəkdir və öz yuxunu yozanda qarşına belə bir aydın məqsəd qoyub, səni araşdırmadan yayındıran bu dirənişlərin təsirinə qapılmamaq olar; yox, birdən başqasının yuxusunu yozursansa, gərək onun qarşısında da ağlına sərbəst olaraq gələn düşüncələrin hamısını deməkdən çəkinməmək şərtini bütün kəskinliyi ilə qoyasan. O bu düşüncələrini gizlətmədən üzə çıxarmaq üçün yuxarıda dediyimiz dörd dirəniş növlərinə qarşı duruş gətirməyi bacarmalıdır: sərbəst şəkildə yaranan düşüncələrinin heç birini önəmsiz saymamalı, onların anlamsız olduğunu düşünməməli, onların baxılan araşdırmaya yararsız olduğunu saymamalı və onları, xoşagəlməz olduğu üçün, açıb deməkdən çəkinməməlidir. Düzdür, o sizin bu şərtlərinizi yerinə yetirəcəyinə söz verir, ancaq sonradan onun bu sözünün üstündə heç də yetərincə durmadığını da sezirsiniz. Öncə onun bu yanlışlarını yuxugörmə ilə bağlı doğulan əlaqələndirici düşüncələrinin necə dəyərli olduğunu özü üçün yaxşı aydınlaşdıra bilmədiyinə yozursan, sonra düşünürsən: yoxsa onun bu mövzu ilə bağlı nəzəri biliklərini artırmaq, ona bununla bağlı elmi ədəbiyyat oxutdurmaq, onu mühazirələrə göndərmək yaxşı olardı? Bununla da o, bizim yuxugörmə ilə bağlı yaranan sərbəst düşüncələrin dəyərli olması ilə bağlı dediklərimizə inanmağa başlayardı. Ancaq bir az düşünüb, bu yoldan əl çəkməli olursan, özünün də yuxugörmənin yozumu ilə bağlı işlənilən texnikaya ürəkdən inandığına baxmayaraq, yuxugörmə ilə bağlı yaranan sərbəst düşüncələrini danmağa yönəlik olduğunu xatırlayırsan və çox vaxt bunları da aradan qaldırmaq üçün başqasının yardımından yararlanmalı olduğunu anıb, belə yanaşmanın uğur qazanmayacağını anlayırsan.
Yuxugörənin bizim sözümüzə yetərincə qulaq asmamağından inciməkdənsə, gəlin bu təcrübələrdən yeni bir şey öyrənmək üçün istifadə edək, nə qədər az hazırlaşmış olsaq, bir o qədər vacib olan bir şey öyrənək və bundan bizim indiyədək önəm vermədiyimiz bir sıra yenilikləri öyrənməyə çalışaq. Göründüyü kimi, yuxuyozma üzrə görülən iş ona qarşı qoyulan müqavimətə qarşı aparılır və bu müqavimətin təzahürləri həmin tənqidi etirazlardır. Özü də yuxugörən kimsədə bu dirənişlərin yaranması onun bizim irəli sürdüyümüz nəzəri baxışlara inamından asılı deyildir. Bu bir yana qalsın.
Sınaqların göstərdiyinə görə, belə bir tənqidi etiraz heç vaxt doğru olmur. Hətta belə sıxışdırılan, yuxunu yozmaqdan uzaqlaşdırılan düşüncələrin hamısı istisnasız olaraq şüursuzluğu tapmaq üçün ən vacib, həlledici düşüncələrdir. Belə bir etirazla müşayiət olunan bir fikir, həqiqətən də, bir fərqlənmədir.
İrəli sürdüyümüz fərziyyələrdə ona yer ayırmasaq da, ancaq elə bu fərziyyələr üzrə araşdırmalarda üzə çıxan bu dirəniş bizim üçün büsbütün yeni bir fenomendir.
Bu yeni faktor bizi hesablamalarımızda xoşagəlməz bir sürprizlə qarşılaşdırır. Onun bizim işimizi bir az da ağırlaşdıracağını öncədən duymağa başlayırıq. O, bizi yuxu ilə bağlı bütün səylərimizdən əl çəkməyə vadar edə bilər. Bu durum belə bir düşüncənin doğulmasına da gətirib çıxara bilər: yuxugörmə kimi önəmsiz bir olaya və onu araşdırmaq üçün belə ağır çətinliklərə, hamar bir texnika əvəzinə baş qoşmağa dəyərmi?! Ancaq başqa yandan da, elə bu qarşıya çıxan çətinliklər bizi gördüyümüz işin dəyərli olduğuna inandırmağa gətirib çıxarır. Biz yuxugörmənin şüursuzluqdakı gerçək məzmununun əvəzedicisi olan hansısa elementindən şüursuzluqdakı məzmuna sarı irəliləmək istəyəndə arasıkəsilməz dirənişlərlə qarşılaşırıq. Beləliklə də, istər-istəməz, bu əvəzedicinin arxasında nə isə çox önəmli bir nəsnənin gizləndiyi düşüncəsinə gəlirik. Yoxsa niyə gizlətməyi davam etdirmək istəyən çətinliklər olsun? Yoxsa niyə yuxugörmənin gerçək məzmununu açmaq üçün olan çalışmalarımız bunca dirənişlərlə üzləşsin? Doğrudan da, birdən uşaq əlini açıb orada nə olduğunu göstərmək istəmirsə, deməli, o, əlində olmamalı olan bir şey gizlədir.
İndi biz yürütdüyümüz mühakimələrə müqavimətin dinamik təsəvvürünü daxil etdiyimiz anda, bu məqamın kəmiyyətcə dəyişkən bir şey olduğunu da düşünməliyik. Onlar daha böyük və daha kiçik müqavimətlər ola bilər və biz bu fərqlərin işimiz zamanı da özünü göstərəcəyinə hazırıq. Bəlkə də bununla yuxuyozma işində də əldə etdiyimiz başqa bir təcrübəni birləşdirərik. Bir də görürsən, təkcə bir, yaxud da bir neçə düşüncə yuxugörmənin baxılan elementindən şüursuzluqdakına keçmək üçün yetərli olur, ancaq başqa durumlarda bu işi görə bilmək üçün çox uzun əlaqələndirici düşüncələr tapmaq və bir çox tənqidi etirazların aradan qaldırılması tələb olunur.
Biz burada yaranan fərqlərin dirənişlərin böyüklüyündən asılı olduğunu desək, məncə, heç də yanılmarıq. Dirəniş gözəçarpacaq deyilsə, onda yuxugörmənin elementi də şüursuzluqdakı gerçək məzmundan çox az fərqlənəcəkdir; böyük dirənişlər isə şüursuzluqdakının böyük təhriflərinə və bununla da əvəzedicidən şüursuzluğa uzun bir geri çəkilməyə səbəb olur.
İndi isə, görünür, hansısa yuxugörməni götürüb onu bizim texnikamızla yozmağa çalışmağın vaxtı çatmışdır, bununla da biz yuxuyozma texnikamıza bəslədiyimiz ümidlərin özünü necə doğruldacağını yoxlaya bilərdik. Ancaq bunun üçün hansı yuxugörməni seçək? Siz mənim üçün bu seçimi eləməyin necə ağır olduğunu təsəvvür belə edə bilməzsiniz, habelə bu seçimin nədən belə ağır olduğunu sizə yetərincə anlatmağa mənim gücüm də çatmır. Şüursuzluqda gizli qalan gerçək məzmunun az korlandığı yuxugörmələrin olduğu bəllidir və yozumumuzu onlardan başlamaq ən yaxşı olardı. Ancaq onlardan ən az korlananı hansıdır? Yoxsa mənim yuxarıda göstərdiyim çox aydın və dolaşıqlıqdan uzaq olan iki örnəkdəki kimi yuxugörmələrimi uyğun sayırsınız? Bax elə burada da bərk yanılırsınız.
Araşdırmaların göstərdiyi kimi, belə aydın və dolaşıq olmadığını saydığımız örnəklər elə ən çox korlanmış yuxugörmələrdir. Yox, birdən mən heç bir ülgü gözləmədən, birinci qarşılaşdığım yuxugörməni götürüb yozmağa başlasam, onda sizin qanınızı bərk qaraltmış olacağam. Ola bilsin, bu durumda yozmağa başladığımız yuxugörmə ilə bağlı yaranan sərbəst düşüncələr və onların doğurduğu əvəzedicilər olduqca çoxsaylı olsun və bu da yuxugörmənin yozumunu bizim üçün çox yorucu və bezdirici bir işə çevirsin. Biz durub öncə yuxugörmənin məzmununu yazsaq, sonra qarşısından onunla bağlı yaranan sərbəst düşüncələri yazmağa çalışsaq, onda yuxugörmənin məzmunundan qat-qat artıq olan bir mətn alınacaqdır. Görünür, ən məqsədəuyğunu belə bir araşdırma üçün bir neçə qısa məzmunlu yuxugörmə götürməkdir və onların hər birinin yozumundan özümüz üçün gərək olan bilikləri almağa çalışmaqdır. Ancaq bunu da eləyə bilmək üçün gərək təcrübələrimizə arxalanaraq onların içindən ən az korlananlarını seçməyi də bacaraq.
Bundan başqa da, mən seçimimizi yüngülləşdirə bilmək üçün bir yol da tanıyıram. Gəlin yuxugörməni bütünlüklə yozmaqdansa, onun ayrı-ayrı elementlərini yozmağa çalışmaqla kifayətlənək və bizim yuxugörməni yozmaq üçün işlətdiyimiz texnikanın bu örnəkləri necə aydınlaşdıra bildiyinə baxaq.
a) Bir xanımın deməsinə görə, o, uşaqlıq çağlarında tez-tez yuxusunda Tanrını başına şiş uclu kağız papaq qoymuş durumda görürmüş. Sizcə, bunu yuxugörənin özünün yardımı olmadan necə başa düşmək olar? Axı bu yuxugörmə büsbütün anlamsızdır. Ancaq xanımı danışdırdıqca bu anlamsızlıq yoxa çıxır. Sən demə, bu xanım uşaq olanda yemək stolunun arxasında onun başına belə bir şiş uclu kağız papaq qoyurlarmış, bunun isə çox qəribə bir səbəbi varmış: bu xanım uşaq olanda acgözlük eləyərək stol arxasında onunla yanaşı oturmuş qardaş-bacılarının boşqablarına göz qoyar, onlara özündən çox yemək qoyulub-qoyulmamasına göz yetirərmiş, böyüklər də onun gözlərini qıraqdan örtən bu papaqla uşağın pis vərdişini aradan qaldırmaq istəyirlərmiş. Ən başlıcası, bu xanım yuxugörməsini yozmaq üçün lazım olan bu bilgini gecikdirmədən açıb demişdi. Yuxugörmənin bu elementini və ona arxalanaraq bütün yuxunu yozmaq çətin deyildir, görünür, bu yuxugörmə uşağın belə bir düşüncəsindən yaranmışdı: “Böyüklərin deməsinə görə, Tanrı hər şeyi bilən və görəndir, indi bu böyüklər nələrisə mənim baxışlarımdan gizlətmək istəyirlər, ancaq onlar bərk yanılırlar, mən də Tanrı kimi hər şeyi bilən və görənəm”.
Gətirdiyimiz bu yuxugörmə örnəyi, ola bilsin, sizə çox sadə görünəcəkdir. Gəlin daha çətin görünən başqa bir örnəyə baxaq.
b) Bir vasvası xanım uzun bir yuxu görür və yuxusunda bizim ortaq tanışlarımız olan adamlar ona mənim “İtiağıllılıq” kitabımla bağlı danışır, onu bərk tərifləyirlər.
Sonra o, dumanlı şəkildə hansısa “Kanal” sözünü xatırlayır və dediyinə görə, deyəsən, bu da hansısa kitabın adı kimi çəkilmişdi, danışığın bu bölümündə hansısa kanaldan, yaxud kanalla bağlı nədənsə söz açılmışdı, ancaq o bu yeri yaxşı xatırlamır... kanalla bağlı nə üçün söz açıldığı da onun üçün aydın deyildir.
Axı doğrudan da, Pas de Calais İngiltərə ilə Fransanı ayıran Canal la manche (Lamanş boğazı-kanalı) sahilində Fransa tərəfdə yerləşir və bu şəhərin limanından İngiltərənin Duvr şəhərinə bərələr işləyir. Bu fikrin yuxu ilə əlaqəsi olduğunu düşünürəmmi? Əlbəttə, düşünürəm, bu, həqiqətən də sirli yuxu elementinin həllini verir. Yoxsa şübhə edirsiniz ki, bu zarafat yuxudan əvvəl “kanal” elementinin şüursuz olaraq mövcud olduğunu, onun sonradan əlavə edildiyini düşünürsünüz? Siz, sözsüz, yuxugörmədəki “kanal” elementinin çox anlaşılmaz olduğunu və buna görə də yozula bilməyəcəyini düşünürsünüz. Buradakı çətinliyi düzgün də-yərləndirirsiniz, ancaq yuxunun yozumunu çətinləşdirən bu elementin anlaşılmazlığı deyil, tərsinə, bu elementin anlaşılmazlığını doğuran yuxugörmənin özünün yozulmasındakı çətinliklə bağlıdır: yuxugörənin ağlına bu “kanal” elementi ilə bağlı heç bir düşüncə gəlmədiyi üçün də belə bir durum yaranır; sözsüz, burada mən də heç nə deyə bilmirəm. Bir az sonra, daha doğrusu, ertəsi gün o, ağlına gələn bir şeyin bəlkə də buna aid olduğunu söylədi. Daha doğrusu, bu sözü necə eşitdiyini xatırladı. Haçansa ona belə bir gülməcə danışıblarmış: Duvrla Kale arasında üzən paroxodda tanınmış bir yazıçı ilə bir ingilis danışırlar, birdən bu ingilis bəlli olan bu sözü sitat gətirir: Du sublime au ridicule il n,y a quun pas (Böyüklüklə gülünclüyün arası bir addımlıqdır). Tanınmış yazıçı deyir: Oui, le pas de Calais (Bəli, Kale boğazı). Bununla yazıçı Fransanın böyük bir ölkə, İngiltərənin isə gülünc olduğunu demək istəyir. Axı doğrudan da, Pas de Calais İngiltərə ilə Fransanı ayıran Canal la manche (Lamanş boğazı-kanalı) sahilində Fransa tərəfdə yerləşir və bu şəhərin limanından İngiltərənin Duvr şəhərinə bərələr işləyir.
Bilirəm, siz indi soruşmaq istərdiniz: mən bu düşüncələrin baxdığımız yuxugörmə ilə bağlı olduğunu düşünürəmmi? Elədir, mənim düşüncəmə görə, bu söz yuxugörmənin yozumunda qarşılaşdığımız anlaşılmazlığı aydınlaşdırmaq üçün işimizə yarayacaqdır.
Yoxsa siz bu gülməcənin baş verən yuxugörməyədək bilindiyinə və buradakı “kanal” elementinin şüursuzluqda özünə yer elədiyinə inanmır, xanımın bununla bağlı düşüncəsinin sonradan yarandığını düşünürsünüz? Xanımın yuxugörmə ilə bağlı ağlına gələn bu düşüncə onun özünün də şübhə ilə yanaşdığı və şüursuzluqda gizlənən həzləri ilə bağlıdır. Onun bu düşüncəsini üzə çıxmağa qoymayan dirənişi isə yuxugörmənin belə anlaşılmaz olmasının başlıca səbəbidir. Bu durumda yuxugörmənin elementi ilə onun şüursuzluqdakı gerçək məzmununun asılılığını düşünsəniz, elə bilirəm, özünüz üçün çox şeyləri aydınlaşdıra bilərsiniz... Bu element şuürdışındakı məzmunun bir qırığıdır, onun varlığından soraq verir. Biz yuxugörmə ilə bağlı yarımçıq bilgi aldığımızdan, onu yuxugörmənin bütövlüyündən ayırdığımızdan, o bizim üçün belə, büsbütün anlaşılmaz qalmışdı.
c) Mənim müalicə elədiyim bir xəstə çox uzun bir yuxu görmüşdü: xüsusi formalı bir stolun arxasında onun ailə üzvləri oturmuşlar və yuxugörmə bundan başlayaraq davam eləyir. Stolla bağlı onun ağlına gələn düşüncə belədir: o hansısa bir ailənin qonağı olanda onların belə bir stolu olduğunu görmüşdü. Sonra onun bu düşüncələri bir az da genişlənməyə başlayır: bu ailədə ata ilə oğul arasında çox özəl münasibət var idi, sonra isə özü ilə atası arasında da eyni ilə belə bir münasibətin olduğunu deyir.
Beləliklə də, görünür, yuxugörmədəki stol bu iki ailədəki münasibətlərin uyğunluğunu göstərmək üçün ortaya çıxmışdır.
Mənim bu xəstəm yuxugörmənin yozulması texnikası ilə çoxdan tanış idi. Ola bilsin, bir başqası üçün yuxugörmədəki stol kimi çox önəmsiz bir elementin araşdırılması olduqca anlamsız görünərdi. Biz isə yuxugörmədə heç nəyin təsadüfi və önəmsiz olmadığını düşünürük və öz yozumumuzda başlıca diqqəti də elə bu önəmsiz və anlamsız görünən detalların üzərində toplayırıq. Ola bilsin, siz yuxugörmədəki stolun yuxugörəndə “bizdə də hər şey elə onlarda olduğu kimidir” düşüncəsini doğurmasına qəribə baxırsınız. Ancaq siz haqqında danışılan o biri ailənin Tişler (“tiş” – stol deməkdir) soyadını daşıdığını biləndə, sözsüz, daha bərk təəccüblənəcəksiniz. Yuxugörən öz doğmalarını stol arxasında oturtmaqla, adətən onların da Tişlerlər olduğunu demək istəyir. Elə bilirəm, belə yuxugörmələri yozanda istər-istəməz təvazökarlıqdan qırağa çıxmalı olduğumuzu siz də duymamış deyilsiniz.
Mənə elə gəlir, yozum üçün yuxugörmələrin seçilməsinin ağırlığı ilə bağlı dediklərimiz də indi sizin üçün aydın olmalıdır. Mən buradakı yuxugörmə örnəklərinin yerinə başqalarını da götürə bilərdim, ancaq onda da bu qeyri-təvazökarlığın yerini bir başqası tutacaqdı.
Mənə elə gəlir, bizim çoxdan yararlana biləcəyimiz iki termini qəbul eləməyimizin vaxtı artıq gəlib çatmışdır. Biz bundan sonrakı araşdırmalarımızda, yuxugörmə ilə bağlı bütün danışılanları yuxugörmənin açıq məzmunu (manifester Trauminhalt), sonradan ağlımıza gələn düşüncələrin yardımı ilə tapdığımız gizlinləri isə yuxugörmənin gizli məzmunu (latente Traumgedanken) adlandırmaq istəyirik.
Gəlin araşdırdığımız örnəklərdə yuxugörmənin açıq məzmunu ilə yuxu görmənin gizli məzmunu arasında olan ilişkilərə diqqət yetirək. Bu ilişkilər çox fərqli ola bilər. “a)” və “b)” örnəklərində açıq məzmun gizli məzmunun özəyindən ayrılsa da, onun çox kiçik bir bölümünü üzə çıxarır. Şüursuzluqdakı böyük və mürəkkəb psixi quruluşdan doğan düşüncələrdən azacıq bir bölümü bu düşüncənin bir fraqmenti kimi yuxugörmənin açıq məzmununa sızır. Bunu necəsə bir sloqana (şüara), yaxud da morze əlifbasının işarələrinə də bənzətmək olar. Əldə olan bu əlamətlərə görə biz gərək yuxunu yozmağa çalışaq və gördüyünüz kimi, baxdığımız örnəklərdə biz bunu bacara bildik. “b)” örnəyində biz yuxugörmənin gerçək məzmunun korlanmasından yaranmış yuxugörmə elementinin əvəzedicisini tapmaqla yozumumuzu yerinə yetirə bildik. “c)” örnəyində yararlandığımız yozum texnikasını dərindən anlaya bilmək üçün daha bir neçə yuxugörmə örnəklərinə baxa bilərik.
ç) Yuxugörən tanışı olan bir xanımı çarpayının altından tapıb çıxarır. O özü bu yuxugörməsinin nə demək olduğunu elə ilk düşüncəsi ilə açıqlayır: sən demə, o bu xanıma çox böyük sayğı bəsləyirmiş və həmişə onu öz gözündə ucaltmağa çalışırmış.
d) Başqa birisi yuxusunda qardaşının yeşiyin içində ilişib oradan çıxa bilmədiyini görür. Yozum zamanı onun ağlına gələn ilk düşüncə yeşiyi şkafla əvəzləmək olur, sonra o bu ikinci, əvəzedici sözə görə yuxusunu özü yozur: doğrudan da, onun qardaşı özünə qapılan, başqaları ilə ünsiyyətdən qaçan birisidir.
e) Yuxugörən dağın təpəsinə qalxır, oradan onun gözləri qarşısında ənginlərədək uzanıb gedən gözəl bir görünüş açılır. Göründüyü kimi, bu yuxu çox ağlabatan görünür və sanasan, burada yozmalı bir nəsnə də yoxdur, ancaq bu yuxugörmənin hansı xatirələrdən doğulduğunu öyrənəndə bunun heç də belə olmadığı bəlli olur, sən demə, bu yuxugörmənin yozulmasına başqalarından daha çox gərək varmış.
Yuxugörməni yozmağa başlayanda yuxugörənin ağlına özünün haçansa dağa qalxması ilə bağlı düşüncələr gəlmir, o burada, ilk olaraq, bir tanışının uzaq ölkələrlə öz ölkəsinin münasibətlərindən danışan “Baxış” adlı jurnal buraxdığını xatırlayır. Beləliklə də, yuxugörmənin gizli anlamı bəlli olur: o, yuxusunda özünü “Baxış” dərgisini buraxan tanışı ilə eyniləşdirmişdi.
Burada siz yuxugörmənin açıq və gizli elementləri arasında büsbütün yeni tipli ilişkiləri görürsünüz. Yuxugörmənin elementi şüursuzluqdakı məzmunun korlanmasından yox, onun təsvirindən, obrazlaşdırılmasından yaranmış və buradakı ”baxış” sözünün səslənməsi də yuxugörmənin yaranmasına öz təsirini göstərmişdir. Lakin bu, yenidən bir təhrifdir, çünki biz sözün hansı konkret obrazdan yarandığını çoxdan unutmuşuq və buna görə də onun obrazla əvəz olunmasında onu tanımırıq.
Göründüyü kimi, baxış sözündən doğan anlam korlanmaya uğramışdır, burada artıq bu söz uzaq ölkələrlə bağlı bilgilər almaq və onları incələməkdən çıxıb, hansısa uzaq görünüşləri izləməklə əvəz olunmuşdur, şüursuzluqda gizlənən ilkin anlam birbaşa açılmamış, obrazlaşdırılmışdır. Siz indi açıq məzmunlu yuxugörmələrin düşüncələr və sözlərdən daha çox, gözlə görünən obrazlardan qurulduğunun üzərində düşünsəniz, onda bu əlaqə növünün yuxu yaranmasında xüsusi əhəmiyyət kəsb etdiyini təxmin edə bilərsiniz. Eləcə də, görürsünüz ki, bu yolla açıq məzmunlu yuxuda bir sıra abstrakt fikirlər üçün gizlətmək məqsədinə xidmət edən əvəzedici obrazlar yaratmaq mümkün olur. Bu necəsə rebusa (şəkilli tapmacaya) oxşayır. Nə üçün belə görüntülərin yuxugörməmizdə obrazlaşdığı sorusu başqa bir araşdırma mövzusu olduğundan, biz ona burada toxunmayacağıq.
Yuxugörmənin açıq və gizli məzmunları arasındakı dördüncü tip ilişkilərə gəlincə, mən onlarla bağlı susmağa üstünlük verirəm, hələlik bizim işlətdiyimiz yozum texnikası onun özəlliklərini bizim üçün açıqlaya bilmir. Mən istəsəm, başlanğıcda da bu dördüncü tip ilişkidən söz açmazdım və bu bizim araşdırmalarımıza əngəl yaratmazdı.
İndi nə deyirsiniz? Yuxugörmənin ayrı-ayrı elementlərini yozmaqdan onu bütövlüklə yozmağa keçmək üçün öz gücünüzə inanırsınızmı? Gəlin özümüzü bu işdə yoxlayaq və görək bu işi görməyi bacararıqmı? Sözsüz, mən yozum üçün çox anlaşılmaz olan yuxugörmələri seçməyib, gizli məzmununu özündə yetərincə əks elətdirən yuxugörmələrin üzərində dayanacağam.
Beləliklə də, gənc, ancaq çoxdan ərə getmiş bir xanım belə bir yuxu görür: o əri ilə teatrda oturub, parterin bir tərəfi tamamilə boşdur.
Eliza L. öz əri ilə teatra getmək istəyirdi, lakin onlara 1 florin 50 kreyserə çox pis yerə üç bilet təklif etmişdilər və onlar belə pis yerlərdən imtina etmişdilər. Elizanın düşüncəsinə görə, burada pis heç nə yoxdur, teatrsız da keçinmək olar.
Yuxugörənin bizə verdiyi ilkin bilgiyə görə, yuxunun səbəbi onun aşkar məzmununda öz əksini tapır. Doğrudan da, bir neçə gün qabaq əri ona, tanışları və bu xanım ilə yaşıd olan Eliza L.-in adaxlandığını demişdi. Yuxugörmə bu gənc xanımın aldığı bu bilgidən yaranan qıcıqdan doğmuşdur. Biz artıq bilirik ki, bir çox yuxular üçün əvvəlki günün belə bir səbəbini sübut etmək asandır və bu nəticələr yuxugörən tərəfindən tez-tez çətinlik çəkmədən göstərilir. Eləcə də yuxugörən bu yuxugörməsindəki başqa elementlərlə bağlı da bilgilər verə bilir. Parterin bir tərəfinin boş olması detalı haradandır? Bu, keçən həftə baş vermiş gerçək bir olayla bağlıdır. Bu xanım müəyyən bir teatr tamaşasına baxmaq üçün qabaqcadan bilet almış, və buna görə də erkən bilet almışdı, o qədər erkən ki, əvvəlcədən satış haqqı ödəməli olmuşdu. Teatra gəldikdə, onun narahatlığının nə qədər yersiz olduğu ortaya çıxdı, çünki parterin bir tərəfi demək olar ki, boş idi. Əgər o, biletləri tamaşa günü özü almış olsaydı, vaxtında olardı.
Xanımın əri onu bu, uğursuz bilet almağa görə qınamamış, bununla bağlı nəsə deməmişdi. Əri onu bu tələskənliyə görə lağa qoymaqdan da çəkinməmişdi. Bu, əvvəlki ilə heç bir əlaqəsi olmayan, lakin son günün xəbərinə işarə edən tamamilə başqa bir kontekstdən irəli gəlir. Onun baldızı ərindən 150 florin pul hədiyyə almışdı və bu ağılsız qadın, aldığı pula dəyərli bir nəsnə almaqdansa, zərgərin yanına gedib pulun hamısını qızıl bəzəklər almağa dağıtmışdı. Bəs bu “üç” rəqəmi haradandır? Yuxugörən xanım bununla bağlı heç nə bilmir, əgər gəlin, Eliza L.-in ondan cəmi 3 ay kiçik olması fikrini qəbul etməsək, o, demək olar ki, on ildir evli qadındır. Bəs iki nəfər olduqda niyə üç bilet götürmək lazımdır, axı bu, mənasızlıqdır? O bununla bağlı heç nə deyə bilmir və bundan sonrakı sualları cavablandırmaqdan da boyun qaçırır.
Ancaq onun başına gələn və bizə açıqladığı düşüncələr də yuxugörmənin gizlin anlamlarını aydınlaşdırmaq üçün yetərlidir. Onun gördüyü yuxu ilə bağlı verdiyi bilgilərdə bir neçə yerdə müxtəlif müddətlərdən söz açılır və onların hamısını birləşdirən bir özəllik də gözə çarpır: o, teatra çox tez bilet almışdı və bu tələskənliyinə görə artıq pul xərcləmişdi; onun adaxlanan tanışı da aldığı pulu tələsik zərgərə verib özünə qızıl bəzəklər almışdı, ancaq o gözləyə, pulu daha önəmli nəsnələrə verə bilərdi. Burada, yuxugörmədə qarşılaşılan çox tez, tələsik sözlərini, onun yaşca özündən üç ay kiçik olan tanışının adaxlanması, özünə çox uğurlu bir ər tapa bilməsi, ancaq elə bu andaca onu aldığı pulu yersiz xərcləmək kimi anlamazlıqda qınaması ilə bağlı aldığı bilgilərlə yanaşı qoyanda, onda bu xanımın yuxugörmədə korlanmış şəkildə üzə çıxan gizlin düşüncəsinin əvəzedicisinin belə bir gerçək düşüncələrdən qaynaqlandığı bəlli olur: “Belə tez ərə getməyim mənim anlamazlığımdan olmuşdur. Elza gözləyib uğurlu ər tapa bildisə, mən də gözləsəydim özümə daha uğurlu bir ər tapa bilərdim” (Burada onun özünü tələskənlikdə qınaması, bileti qabaqcadan və baha alması ilə, bir də adaxlı tanışının əlindəki pulu tələsib bəzək şeylərinə verməsi ilə əvəz olunmuşdur. Ərə getmək isə teatra getməklə əvəz olunmuşdur). Yuxugörmənin gizlin qalan başlıca anlamı budur; biz bu yuxugörmə ilə bağlı araşdırmamızı davam etdirə də bilərik, ancaq bundan sonrakı işimizi bunadək olan inamla görə bilməyəcəyimizi də boynumuza almalıyıq; düzdür, yuxugörənin dediyi bir sözə dayanaraq yuxugörmənin daha bir elementini də yozub, bu xanımın belə bir gizli düşüncəsinin olduğunu da irəli sürə bilərik: “Bu pulu mən ondan yüz qat yaxşı xərcləyərdim! ” (Baxın, gerçək olaydakı 150 fl., yuxugörmədəki 1fl. 50 kr.-dən yüz qat çoxdur). Biz buradakı pulu cehizlə əvəz eləsək, belə çıxır, əri cehizlə ələ alırlar; bu iki xanımın tapdığı ərlər isə pis bilet və qızıl bəzəklə əvəz olunmuşdur.
Buradakı anlamsız görünən üç bilet alınmasının da ər tapmaqla bağlı olduğunu göstərə bilsək, bir az da yaxşı olardı. Ancaq bizim yozumlarımız buradan o yana keçə bilmir. Beləliklə də, biz araşdırdığımız yuxugörmənin gizli anlamının belə olduğunu aydınlaşdırdıq: yuxugörən xanım öz ərini bəyənmir və tez ərə getdiyinə görə peşmandır. Mənim fikrimcə, biz bu ilk yuxuyozmanın nəticəsindən razı qalmaqdan daha çox təəccüblənəcək və çaşqınlıq yaşayacağıq.
Mənə elə gəlir, bu birinci yuxu yozumumuzun sonucu bizi qane etməkdən daha çox sarsıdır və çaşqınlığa uğradır. Burada birdən-birə bizim üzərimizə gücümüz çatandan qat-qat artıq yük düşdü. Biz artıq bu yuxugörmənin dərslərini tükətməyəcəyimizi hiss edirik. Gəlin, gecikmədən, burada yeni nə öyrənə bildiyimizi aydınlaşdırmağa çalışaq.
Birincisi, yuxugörmənin gizli məzmununda başlıca vurğu tələskənlik elementinin üstünə düşür; yuxugörmənin açıq məzmununda isə bu birbaşa gözə çarpmır.
Araşdırma aparmadan biz bu tələskənlik elementinin önəmli rol oynadığını aydınlaşdıra bilməzdik. Belə çıxır, şüursuzluqdakı başlıca düşüncənin anlamı yuxugörmənin açıq görünən məzmununda yoxdur. Bütün bunları biləndən sonra bizim bu yuxugörmə ilə bağlı təəssüratlarımız da büsbütün dəyişməli olur. İkincisi, yuxugörmədə 1 fl. 50 kr. Pul xərcləyib, üç ədəd almaq kimi absurd element vardır və biz onu “anlamazlıq” kimi qavrayırıq (sonradan tələsik ərə getməyin anlamazlıq olduğuna gəlib çıxırıq). Bu düşüncənin, yəni “anlamazlıq” düşüncəsinin aşkar yuxuda absurd bir elementin daxil edilməsi ilə təmsil olunduğunu inkar etmək olarmı?
Üçüncüsü, tutuşdurmaların göstərdiyinə görə, yuxugörmədəki açıq məzmunla onun gizli anlamı arasındakı asılılıqlar sadə deyildirlər, heç də həmişə bir açıq element bir gizli elementi əvəz etmir., heç də həmişə bir açıq məzmun yalnız bir gizlin anlamla əvəz olunmur. Bu, daha çox onların qrup halında olan asılılıqları şəklində olmalıdır, burada bir açıq element bir neçə gizli elementi təmsil edə bilər və ya bir gizli element bir neçə açıq elementlə əvəz oluna bilər.
Yuxugörmənin daşıdığı anlamla yuxugörənin ona yanaşmasına gəlincə, bununla bağlı da çoxlu təəccüblü sözlər danışmaq olar. Düzdür, yuxugörən yozumu qəbul edir, ancaq buna təəccüblənir. Düzdür, yuxugörən səmimidirsə, o, yuxusunun yozumunun doğru olduğunu boynuna alır, ancaq bununla yanaşı olaraq, yeni öyrəndiklərindən sarsılır. Bizim örnəyimizdəki xanım, bu yuxugörməsi yozulana kimi, ərinə bu qədər biganə yanaşdığını bilmirdi; o, həmçinin bilmir ki, niyə ona bu qədər biganə yanaşmalıdır. Beləliklə də, bizim bu yuxuyozmamızda anlaşılmaz qalan yerlər çoxdur. Mənim inamıma görə, biz hələ yuxuları bütövlükdə yozmağa hazır deyilik və əvvəlcə daha çox təlim və hazırlıq almalıyıq.