On dördüncü mühazirə. İSTƏKLƏRİN GERÇƏKLƏŞMƏSİ
Dəyərli xanımlar və bəylər! İndiyəcən keçdiyimiz yolu sizə bir də yenidən xatırlatmağa dəyərmi? Unutmamısınızsa, biz yararlandığımız texnika ilə yuxugörmələri yozmağa başlayanda onların korlanması ilə qarşılaşdıq, bu korlanmanı necə adlamaq üzərində düşünəndə isə yuxugörmənin mahiyyətcə düşüncələrimizin körpəliyə qayıdışından yarandığı ilə bağlı olduqca dəyərli bilgilər aldıq. Bundan sonra isə biz araşdırmalarımızın yardımı ilə əldə elədiyimiz bu sonuclarla yaraqlanaraq, yuxugörmələrin korlanması problemi üzərində çalışmağa başladıq və mənim inamıma görə, addım-addım da olsa, bu problemi adlaya bildik. Ancaq biz indi gərək keçdiyimiz bu iki yolun bizi gətirib çıxardığı sonuclar arasında kəskin bir uyuşmazlıq olduğunu da boynumuza alaq. Beləliklə də, qarşımızda, gəldiyimiz bu sonucları tutuşdurmaqla, onlar arasında ilişkilər yaratmaq kimi bir məsələ dayanmaqdadır.
Bildiyiniz kimi, bu yanaşmalarımızın ikisində də üst-üstə düşən belə bir sonuc vardı: yuxugörmənin gördüyü işin mahiyyəti düşüncələrin qarabasmalı (hallüsinasiyalı) görüntülərə çevrilməsindən ibarətdir. Bunun necə baş verməsi isə, bir başsındırıcı tapmaca olaraq, ümumi psixologiyanın problemlərindən biri sayılır və bunu araşdırmaq bizim işimiz deyildir. Uşaq yuxugörmələrini araşdıranda biz yuxugörmənin gördüyü işin, yatan insanın psixoloji durumunda yaranan qıcıqları aradan qaldırmaq üçün, bu qıcıqları yaradan istəkləri gerçəkləşdirməyə çalışdığını öyrənmişdik. Eləcə də korlanmış olduğunu dediyimiz yuxugörmələri yozmayana kimi onların da mahiyyətində buna oxşar olan nələrinsə olduğunu deyə bilmirdik. Ancaq bu işə başlamazdan öncə biz korlanmış yuxugörmələrinin araşdırılmasında da uşaq yuxugörmələrini araşdırarkən tutduğumuz mövqeyə arxalanmağın düzgün olduğunu kəsdirmişdik. Bizim bu mövqeyimizin düzgünlüyünü göstərən ilkin tapıntılarımız isə, doğrudan da, bütün yuxugörmələrin mahiyyətcə uşaq yuxugörmələri olduğunu, yuxugörmələrin işinin isə, uşaqlıq çağının materiallarından yararlanaraq uşaq psixologiyasına uyğun və uşaqlığa xas olan mexanizmlərlə işlədiyini bütün aydınlığı ilə göstərdi. Buradaca korlanmış yuxugörmələr üzrə qarşımıza qoyulmuş problemi adladığımıza arxayın olmaq üçün bu yuxugörmələrdə də uşaq yuxugörmələrindəki başlıca özəlliyin: istəklərin gerçəkləşdirilməsinin baş verib-vermədiyini araşdırmağa başlaya bilərik.
Bir az öncə biz bir sıra yuxugörmələri yozduq, ancaq onlarda istəklərin gerçəkləşməsi məsələsi bizim baxışlarımızdan yayınmışdı. Məncə, bu durumlarda sizdə də belə bir arasıkəsilməz sorğular yaranmışdı: burada niyə yuxugörmələrin başlıca məqsədi adlandırdığımız istəklərin gerçəkləşməsindən söz açılmır? Bu çox önəmli bir sorğudur və elə bizim dayazdüşüncəli tənqidçilərimiz də bizi küncə qısnaya bilmək üçün dayanmadan bunu soruşmaqdadırlar. Bildiyiniz kimi, insanlığın istənilən intellektual yeniliyə qarşı instinktiv olan qorunma reaksiyası vardır. Bu isə belə yeniliklərin kiçildilib dəyərsiz biçimlərə salınmasında, bacardıqda isə onların şüarçılığa çevirməsində özünü göstərir. Yuxugörmələrlə bağlı yaranan yeni nəzəriyyə üçün belə bir başaldadıcı şüar isə istəklərin gerçəkləşməsi oldu. Özlərinin yarımçıq biliyi ilə öyünməyi sevənlər bu yerdə dillərini uzadıb soruşurlar: yaxşı, hanı o sizin dediyiniz istəklərin gerçəkləşməsi? Onlar yuxugörmələrdə istəklərin gerçəkləşməli olduğunu eşidən kimi bunun nyə gözə dəymədiyini soruşur və bununla da bizim nəzəriyyəmizi dana bildiklərini düşünürlər. Onlar o andaca özlərinin çoxsaylı yuxugörmələrini xatırlayır, bu yuxugörmələrdə qarşılaşdıqları, qorxuncluğa kimi gedib çıxan, xoşagəlməz duyğuları ortaya qoyur, bütün bunların yuxugörmə ilə bağlı yeni nəzəriyyə ilə düz gəlmədiyini deyirlər. Biz heç bir çətinlik çəkmədən onların bu sorğusuna belə cavab verə bilərik: yuxugörmələr korlanmışdırsa, deməli, onlarda istəklərin necə gerçəkləşdiyi də açıq-aydın gözə çarpa bilməz, yuxugörməni bütünlüklə yozmadan onu tapmaq mümkün deyildir. Biz bu korlanmış yuxugörmələrdəki istəklərin yasaqlanmış istəklər olduğunu da bilirik və elə yuxugörmələrin senzurasının bu istəklərə qarşı çıxdığı üçün də yuxugörmələri korladığını artıq sübut eləyə bilmişik. Ancaq üstümüzə ayaq alan bu dayazdüşüncəli adamlara yuxugörmələri yozub qurtarmadan onların bu istəklərinin də yerinə yetirilə bilməyəcəyini heç cür anlatmaq olmur. Bunu dönə-dönə desək də, onlar az sonra bu dediklərimizi unudurlar. Onların yuxugörmələrin istəkləri gerçəkləşdirməsi nəzəriyyəsinə qarşı yönəlmiş bu yersiz danmalarını “doğruldan” yuxugörmənin senzurasının yuxugörmələri korlayaraq burada istəklərin gerçəkləşməsini anlaşılmaz bir duruma salmasıdır.
Düzünü desəm, elə bizim də qarşımızda yuxugörmələrin bir çoxunda nə üçün belə ağrı-acıların və qorxuncluqların olmasını aydınlaşdırmaq kimi bir sorğu dayanmaqdadır. Bu durumları aydınlaşdıranda biz ilk dəfə yuxugörmələrdə özünü göstərən emosional çılğınlıqlarla (affektlərlə) üzləşirik və bu dərindən araşdırılmalı olan fenomeni öyrənmək də bizim işimiz olmadığından, onu incələməkdən boyun qaçırmalı oluruq. Doğrudan da, yuxugörmə istəklərin gerçəkləşməsi üzərində qurulursa, onda yuxugörmələrdə, dayazdüşüncəli adamların dediyi kimi, ağrı-acı doğuran duyğulara yer olmamalıdır. Ancaq burada bu adamların baxışlarından yayınan üç mürəkkəblik vardır.
Birincisi, ola bilsin, yuxugörmənin işi istəyin gerçəkləşməsini sonacan yerinə yetirə bilməmişdir və elə buna görə də istəyi doğuran affektin qalıqları bu ağrı-acılar şəklində yuxugörmədə qala bilmişdir. Onda gərək yuxugörməni yozandan sonra istəkləri doğuran düşüncələrin yuxugörmədə üzə çıxan düşüncələrdən qat-qat ağrılı olduğu sübut olunsun. Yuxugörmələrin yozulması, doğrudan da, bunun elə belə də olduğunu sübut eləyir. Onda biz burada, yuxugörmənin işinin görməli olduğu işi başa çatdıra bilmədiyindən, yuxugörmənin də gerçəkləşməli olan istəyə sonacan çata bilmədiyini düşünməliyik. Doğrudan da, yuxugörən birisi yuxugörməsində nə qədər su içsə də öz yanğısını söndürə bilmir və sonunda yuxudan ayılıb gerçəkdən su içməklə susuzluğunu yatırır. Ancaq bu yuxugörmə gerçək bir yuxugörmədir və onun istəyi gerçəkləşdirmək mahiyyəti daşıdığı da göz önündədir. Bu yerdə belə də demək olardı: Ut desint vires, tamen est laudanda voluntas (Roma şairi Ovidinin şerindəndir: Görülən işi başa vurmağa güc çatmasa da, onu görməyə çalışmağı öyməyə dəyər).
Burada da özünü açıq şəkildə göstərən niyyəti öyməyə dəyər. Belə durumlarda uğursuzluqların baş verməsi də tez-tez olur. Bunun səbəbi isə, bir sıra durumlarda, yuxugörmənin işinin yuxugörməni yaradan məzmunun içində olan affektləri dəyişib yuxugörməyə gətirməsinin olduqca çətin bir prosesə çevrilməsidir; affektlər birdən belə bir dəyişikliyə uğramaqla çevrilməyə qarşı çox böyük tərslik göstərirlər. Belə çıxır, bu durumlarda yuxugörmənin işi yuxugörməni doğuran düşüncənin ağrı-acılı məzmununu istəyin gerçəkləşməsi şəklinə salır və ardınca da bu istəyin gerçəkləşməsini doğruldan yuxugörməyə çevirir, ancaq bu məzmundakı affektin bir sıra bölümləri, dəyişikliyə uğramadan, yuxugörməyə soxula bilir. Habelə yuxugörmələrə soxulan affektlər bu yuxugörmələrin məzmunu ilə uyumur və bizim nəzəriyyəni dananlar bu durumda yuxugörmənin istəkləri gerçəkləşdirməkdən uzaq olduğunu deyir və bu dediklərini çox vaxt adi məzmunlu bir yuxugörmənin içində özünü göstərən ağrı-acılarla əsaslandırırlar. Bu məntiqsiz irada bizim cavabımız belədir: bax elə bu cür yuxugörmələrdə yuxugörmənin işinin sıxıntıya uğramış istəkləri gerçəkləşdirməyə çalışması daha aydın gözə çarpır. Burada dayazdüşüncəlilərin yanlışa qapılması isə onların nevrozun nə demək olduğunu anlamamasından doğur, elə buna görə də bu adamlar istənilən məzmun və onunla bağlı olan affektin bir-biri ilə çox sıx bağlı olduğunu düşünür və bu məzmunun dəyişikliyə uğramasının heç də həmişə onunla bağlı olan affektin də dəyişilməsi demək olmadığını anlaya bilmirlər.
Burada dayazdüşüncəli adamların dəyərləndirə bilmədiyi ikinci, daha önəmli və dərin olan bir məqam da vardır. Yuxugörmədə istəyin gerçəkləşməsindən, doğrudan da, gərək həzz duyğusu yaransın, ancaq bu həzz kimdə yaranmalıdır? Sözsüz, bu həzzi istəyinin gerçəkləşməsini istəyən kimsə almalıdır. Ancaq araşdırmalarımızın göstərdiyi kimi, çox vaxt yuxugörən kimsələrin yuxugörmədə gerçəkləşən istəklərinə anlaşılmaz bir yanaşmaları olur. Bir də görürsən o, yuxugörmədə gerçəkləşən bu istəklərinin olduğunu danır, onları özü də ayıqlıq çağında senzuradan keçirir, çox vaxt da onları bəyənmir, büsbütün danır. Beləliklə də, onların gerçəkləşməsi özlüyündə bu yuxugörən kimsəyə həzz yox, iztirab gətirir. Daha sonra, aparılan sınaqların da göstərdiyi kimi, bu alınacaq həzzə qarşı olan duyğular qorxu duyğusuna çevrilib üzə çıxırlar və bunun niyə belə olduğunu aydınlaşdırmağın özü də yeni bir sorğunun yaranmasına gətirib çıxarır. Yuxugörən kimsə özünün yuxuda gerçəkləşməli olan istəklərinə yanaşmasındakı bu durumda, sanasan, bir-biri ilə qırılmaz ilişkilərlə bağlı olan iki ayrı-ayrı kimsənin bir kimlikdə qovuşmasından yaranan bir varlığa çevrilir.
Dediklərimin daha yaxşı anlaşılması üçün belə ilişkilərin mahiyyətini açan bir örnəyə, daha doğrusu, bəlli bir nağıla üz tutaq. Yaxşılıqsevər bir pəri çox yoxsul yaşayan ərlə arvada onların üç istəyini yerinə yetirəcəyinə boyun olur. Ərlə arvad sevincdən özlərinə yer tapmır, gerçəkləşdirməli olduqları ən yaxşı istəklərini seçməyə çalışırlar.
Birdən qonşu daxmadan gələn qızardılmış sosis iyinə şirnikən arvad iki dənə belə sosis istəyir. O andaca sosislər ortalığa gəlir və bununla da artıq onların bir istəyi gerçəkləşir. Arvadının bu acgözlyündən bərk acıqlanan ər bu sosislərin onun burnuna yapışıb asılmağını istəyir. O andaca sosislər arvadın burnuna yapışıb sallanır və onları heç cür qoparıb atmaq olmur, beləliklə də, ərin də bu istəyi gerçəkləşir; ancaq onun bu istəyinin gerçəkləşməsindən arvadı iztirab çəkməyə başlayır. Nağılda daha sonra nə baş verdiyini bilirsiniz. Burada ərlə arvad mahiyyətcə bir varlığı, ailəni təmsil eləyirlər, ona görə də istər-istəməz, onların üçüncü istəyi bu sosislərin arvadın burnundan qopub düşməsi olur. Biz bu nağıldan başqa durumlarla bağlı da hələ çox yararlana bilərik; burada isə, baxdığımız bu nağılda bir-biri ilə anlaşa bilməyən iki kimsənin istəklərinin gerçəkləşməsinin onların hər birində necə xoşagəlməz duyğular yarada bilməsindən öz işimiz üçün yararlana bilərik.
Bu örnəyin anılması qorxulu yuxuları daha yaxşı anlamaq üçün işimizi yüngülləşdirir. Deyilənlərə bir müşahidəmizi də artırsaq, onda indi demək istədiyimiz çox önəmli bir mülahizəmizi doğrulda bilmək üçün çoxsaylı dəlillər də qazana biləcəyik. Bu müşahidənin göstərdiyi kimi, qorxulu yuxular yuxugörmənin senzurasından yayınır və məzmunca da, demək olar, büsbütün korlanmamış olurlar.
Qorxulu yuxugörmələr çox vaxt ayıqlıq çağında baş tutmayan və ya yasaq olunan sıxışdırılmış istəklərin yuxugörmədə üstüörtülü yox, açıq-açığına gerçəkləşməsindən yaranır. Başqa yuxugörmələrdə senzuranın gördüyü işi burada qorxu duyğusu yerinə yetirir. Uşaq yuxugörmələri yolverilən istəklərin gerçəkləşməsindən, korlanmış yuxugörmələr isə yasaq olunub sıxışdırılan istəklərin maskalanaraq gerçəkləşməsindən yaranırsa, qorxulu yuxular bu yasaqlanmış istəklərin açıq-açığına gerçəkləşməsindən törəyir. Buradakı qorxu yasaqlanan istəklərin yuxugörmənin senzurasından güclü olduğunun göstəricisidir və senzuranın dirənişinə baxmayaraq, bu istəklər onu üstələyib yuxugörmə kimi gerçəkləşə bilirlər, yaxud da buna çox yaxınlaşırlar. Biz nəyinsə istək olduğunu dəyərləndirməyə çalışırıqsa və düşüncələrimiz də yuxugörmənin senzurasının meyarlarına uyğundursa, onda hansısa yasaqlanaraq sıxışdırılmış istəyin gerçəkləşməyə can atması bizdə ağrı-acılı duyğular və dirəniş doğuracaqdır. Ona görə də, bilmək istəsəniz, yuxugörmədəki bu qorxu yasaqlanaraq sıxışdırılmış istəyin üzə çıxmasından yaranır. Bu yasaqlanmış istəyə qarşı olan dirənişin nə üçün qorxu formasında üzə çıxmasını isə yalnız yuxugörməni öyrənməklə anlamaq mümkün deyildir; bu qorxunun nədən yaranmasını, görünür, başqa qaynaqlardan öyrənmək gərəkdir.
Korlanmamış qorxulu yuxugörmələr üçün doğru olan nə varsa, onların elə az-çox korlanmış və qorxuya yaxın olan xoşagəlməz duyğuların yer aldığı başqa yuxugörmələr üçün də doğru olacağını düşünə bilərik. Qorxulu yuxugörmələr çox vaxt yatan kimsəni diksindirib yuxudan oyadır və beləliklə də, yasaqlanmış istəklər yuxugörmənin senzurasını adlayıb bütünlüklə gerçəkləşməyə macal tapmamış yuxugörən kimsə ayılır. Bu durumda yuxugörmənin sonucu yarımçıq olur, ancaq bu heç də yuxugörmənin mahiyyətini dəyişmir. Bir az öncə biz yuxugörməni gecələr şəhərdə insanların dincliyini qoruyub, onların yuxusunu pozanların qarşısını alan qarovulçulara bənzətmişdik. Ancaq bəlli olduğu kimi, bu gecə qarovulçuları da dara düşəndə və insanların yuxusunu pozmaq istəyənlərə gücü çatmayanda hay-küy salmalı, beləliklə də, bizi yuxudan oyatmalı olur. Ancaq birdən belə də olur: yuxugörmə necə qorxulu olsa da, biz yatmaqda davam eləyirik. Bildiyiniz kimi, bu durumlarda bizdə belə bir düşüncə yaranır: “Eh, nə olsun, bu onsuz da yuxugörmədir”. Və beləliklə də, yatmağımıza davam eləyirik.
Görəsən, yuxugörmədəki istəyin gerçəkləşməsinin senzuraya güc gələ bilməsi necə baş verir? Bunun baş verməsi yuxugörmədə gerçəkləşən istəkdən də, senzuradan da asılı ola bilər. Anlaşılmaz bir səbəbdən hansısa belə bir istək qarşısıalınmaz dərəcədə güclü ola bilər; ancaq mənə elə gəlir, işlərin bu yerə gəlib çıxmasında və güc nisbətinin belə dəyişməsində çox vaxt yuxugörmənin senzurası suçlu olur. Biz artıq senzuranın yuxugörmənin ayrı-ayrı yerlərində fərqli intensivliklə işlədiyini və onun hər bir elementinə də fərqli ciddiliklə yanaşdığını bilirik; burada bu bildiyimiz faktı bir az da dərinləşdirərək demək istəyirəm: yuxugörmənin senzurası çox dəyişkəndir, habelə onun hansısa eyni bir ədəbsiz yuxugörmə elementinə yanaşmasında da ciddiliyinin artıb-əskilməsi baş verir. Belə çıxır, yuxugörmənin senzurasının ciddiliyinin belə əskilən durumlarında o gücsüzləşir və üstünə yeriyib əlbəyaxa olmağa gələn hansısa istəyin ondan güclü olduğunu görüb, bu çıxılmaz durumda sonuncu vasitəyə əl atır: yuxugörmənin içində çox bərk qorxu duyğusu yaradaraq yatan adamın yuxusunu pozur, onu yuxudan oyatmağa çalışır.
Bu araşdırmalarımızın gedişində belə bir sorğu da qarşıya çıxır: görəsən, bu iyrənc və yasaqlanmış istəklər nə üçün yalnız gecələr üzə çıxmağa və bununla da bizim yuxumuzu pozmağa çalışırlar? Bu sorunun cavabını ancaq yuxugörmənin təbiətinə əsaslanan mülahizə ilə vermək olar. Gündüzlər bizim psixologiyamıza hakim olan senzura bu istəkləri sıxışdırıb onları gerçəkləşməyə qoymur. Gecələr isə, bu senzura da, bizim yaşamla bağlı olan bütün maraqlarımız kimi, yuxulamaq istəyir, ya da belə demək olarsa, ən azından yorğunluğunu almaq üçün mürgüləyir. Elə bu yasaqlanmış istəklər də canlana bilmələri, özlərini gerçəkləşdirməyə girəvə qazanmaları üçün də, senzuranın “bir hovur gözünü yummasından” yararlanırlar.
Mənim yata bilməməkdən əziyyət çəkən nevrozlu xəstələrimin bir çoxu, öncə özləri özlərini yatmaqdan çəkindirdiklərini boyunlarına alırlar. Onlar yatanda gördükləri qorxulu yuxulara, daha doğrusunu desək, senzuranın zəifləməsindən qorxduqlarına görə yatmaq istəməmişdilər. Mənə elə gəlir, siz senzuranın belə zəifləməsini onun ehtiyatsızlığı kimi dəyərləndirmək düşüncəsindən uzaqsınız. Doğrudan da, yatmaq bizim hansısa işləri görə bilmək üçün olan bütün hərəkətlərimizi dayandırır; bizim yaramaz niyyətlərimiz nə isə eləmək üçün hərəkətə gəlmək istəsələr də, bu yalnız elə ziyansız yuxugörmələr yaratmaqdan o yana keçə bilmir və insanın ayıqlıq çağında özünə yaraşdırmadığı istəklərin yuxuda baş verməsi yatan kimsənin özünü belə bir düşüncə ilə ovutmasına gətirib çıxarır: axı bu sadəcə yuxudur, qoy bu yaramaz istəklər nə bilirlərsə eləsinlər, təki mən yatıb yuxumu alım.
Üçüncüsü isə, yuxugörməsində öz istəklərinə qarşı çıxan kimsəni bir-biri ilə çox sıx bağlı olan iki şəxslə tutuşdurduğumuzu xatırlasanız, onda burada başqa bir durumun olduğunu da kəsdirəcəksiniz: hansısa istəyin yerinə yetməsi olduqca xoşagəlməz də ola bilər, daha doğrusu, istəyin yerinə yetməsi bu istək yiyəsinin cəzasına çevrilə bilər. Burada yenə də yuxarıda baxdığımız üç istəyin gerçəkləşməsi ilə bağlı olan nağıl bizim köməyimizə gələ bilər: boşqabda ortaya gələn qovrulmuş sosiska birbaşa birinci şəxsin, arvadın istəyinin gerçəkləşməsi idi; sosiskaların arvadın burnunda bitməsi onun əri olan ikinci şəxsin istəyinin gerçəkləşməsi idi, bu isə hətta arvadın öz axmaq istəyini gerçəkləşdirməsinə görə cəzalanması idi. Yuxugörmələrdə bu nağıldakı olaylardan ikisi yaşanırsa, nevrozlarda biz buradakı üçüncü bir istəyin gerçəkləşdirilməsinə canatma ilə də üzləşirik. İnsanın psixi yaşamında belə cəzalandırıcı meyillər çoxdur; onlar çox güclüdürlər və bir sıra yuxugörmələrdəki ağrı-acıları törədən də elə onlardır. Bu yerdə siz indiyədək yuxugörmələrin istəklərin gerçəkləşməsi kimi öyülməsinin yerinə düşmədiyini deyə bilərsiniz. Ancaq araşdırdığımız mövzuya bir az dərindən baxsanız, belə düşünməkdə yanıldığınızı anlayacaqsınız. Bir az sonra görəcəyimiz kimi, yuxugörmələrə xas olan çoxçeşidlikdə (bir sıra araşdırıcıların düşüncəsinə görə yuxugörmələr çoxçeşidli olmaya bilməz) özünü göstərən, istəklərin gerçəkləşməsi – qorxu duyğusunun yaranması – cəzalandırma duyğusunun yaranması kimi özəlliklərdən hərəsinin özünəməxsus yeri vardır. Habelə qorxunun gerçəkləşməyə can atan istəyin əksinə olduğunu və bu əksliyin özlüyündə onlar arasında bir bağlılıq yaratdığını da unutmaq olmaz, bəlli olduğu kimi, şüurdışında belə əks duyğular bir-biri ilə üst-üstə də düşə bilirlər, başqa bir yandan, cəzalandırmaq da elə senzuranı yürüdən şəxsin istəyinin gerçəkləşməsi deməkdir.
Beləliklə də, mən sizin yuxugörmələrin istəklərin gerçəkləşməsi demək olduğunu irəli sürən nəzəriyyəni danmaqla bağlı dediklərinizin qarşısında bir addım da olsa geri çəkilmədim. Bununla belə, biz istənilən korlanmış yuxugörmənin də istəklərin gerçəkləşməsindən yarandığını sübut eləməliyik və bu sorudan yayınmaq düzgün olmazdı. Gəlin bizim bundan öncə yozduğumuz və dönə-dönə üstünə qayıdıb çoxlu nəsnələr öyrəndiyimiz, 1 florin 50 krona üç teatr bileti alınan yuxugörmənin üstünə qayıdaq. Düşünürəm, siz bu yuxugörməni unutmamısınız. Gündüz çağı ərindən, özündən üç ay kiçik olan bacılığı Elizanın adaxlandığı xəbərini eşidən xanım gecə yuxusunda əri ilə teatra getdiyini görür. Onların oturduğu parterin, demək olar, yarısı boşdur. Əri öz xanımına danışır: Eliza da öz adaxlısı ilə teatra gəlmək istəyirdi, ancaq onlara bir florin əlli krona çox pis yerə üç bilet təklif elədiklərindən tamaşadan boyun qaçırdılar. Xanım onların gəlməməsinə heyifsilənmir. Bizim yozumumuza görə, yuxugörmənin anlamı bu xanımın tez ərə getməsindən və ərindən soyumasından soraq verir. Elə isə onun bu qaranlıq istəyinin açıq yuxugörmədəki izlərini axtaraq və onun bu istəyinin gerçəkləşməsini aydınlaşdırmağa çalışaq. Biz artıq yuxugörmənin senzurasının “çox tələsik və vaxtından qabaq” kimi elementləri silib atdığını bilirik.
Bu silinmənin yaratdığı boşluq teatrdakı parterin yarısının boş olması ilə gözə çarpdırılır. Burada tapmacaya dönən bir florin əlli krona üç bilet almaq isə bizim artıq bildiyimiz simvollaşdırmanın köməyi ilə açılır. Yuxugörmənin bu elementindəki üçlük açıq yuxugörmədə kişini simvollaşdırır və yuxugörmənin bu elementi yaxşı cehizlə özünə ər almaq anlamı daşıyır (xanım öz bacılığının ərə getməsi ilə bağlı düşünür: mən öz cehizimlə indiki ərimdən on qat yaxşısını ala bilərdim). Ərə getmək burada açıq-aydın teatra getməklə əvəz olunubdur, tez ərə getməyin yerini isə “teatra bilet almağa tələsmək” tutur. Ancaq belə bir yerdəyişmənin baş verməsində istəyin gerçəkləşməsi də əks olunmuşdur. Bu xanımın, bacılığının adaxlandığını eşidəndə tez ərə getdiyi üçün özünü qınaması, bundan öncələr heç də həmişə özünü göstərməmişdir. Bir zamanlar o, tez ərə getməyi ilə öyünmüş, bunu öz yaşıdlarından üstün olması kimi dəyərləndirmişdir. Bəlli olduğu kimi, bizim indiki toplumumuzda bayağı düşüncəli gənc qızlar adaxlanmalarına bir şeyə görə də sevinirlər: onlar bununla, teatra gedərək bu çağa qədər onlar üçün yasaq olan tamaşalara baxa biləcəklərini düşünüb özlərini ağ günə çıxmış sanırlar. Burada özünü göstərən nəyəsə baxmaq, nələrləsə bərk maraqlanmaq ehtirasının kökündə vaxtı ilə uşaqlıq çağlarında yaranıb güclənməyə başlamış, cinsi ehtiraslarla bağlı güclü maraq dayanır, bu maraq isə özünü, ilk öncə, valideynlərinin cinsi yaşamına yönəlməkdə, sonra isə tez ərə getməklə cinsi yaşamla bağlı hər şeyi özünün yoxlamaq istəməsində göstərmişdir.
Beləliklə də, burada teatra getmək ərə getmək istəyini bildirməklə, yuxugörmədə onun yerini tutmuşdur. Buna görə də, indi özünün tez ərə getməsindən yaranan peşmanlıq bu xanımı vaxtilə ərə getməyin onun üçün istək olduğu çağlara qaytarır, axı onun o çağlardakı istəklərindən biri də cinsi yaşamla bağlı istəklərini ödəməkdən başqa, hətta ərə getməklə teatra gedə bilmək istəyinə də çata bilməsi olmuşdur.
Burada gizli istəyin yuxugörmədə gerçəkləşməsi ilə bağlı götürdüyümüz bu örnəyin çox da uğurlu olmadığını deyə bilərsiniz. Ancaq biz başqa korlanmış yuxugörmələri də bu yöndən araşdırıb, dediklərimizin doğruluğunu onların örnəyində də göstərə bilərik. Vaxtımızın darlığına görə bunu eləyə bilməsəm də, başqa bu kimi yuxugörmələrdə də istədiyimiz sonuclara gələ biləcəyimizə inanıram. Vaxt darlığına baxmayaraq, nəzəriyyəmizin bu məqamı üzərində bir az da dayanmaq istərdim.
Təcrübəmdən bildiyimə görə, yuxugörmə nəzəriyyəsinin bu məqamı onun bütün başqa məqamlarına nisbətən daha həssasdır və nəzəriyyə ilə bağlı olan anlaşılmazlıqlarla dirənişlər də ən çox bu məqamla bağlıdır. Bundan başqa da, mənim burada dediyim: “yuxugörmə istəklərin gerçəkləşməsi, yaxud da bu istəklərə qarşı yönələn qorxu və cəzalandırmanın köməyi ilə onların aradan qaldırılması üzərində qurulur” sözümü, siz irəli sürdüyüm nəzəriyyədən necəsə geri çəkilməyim kimi də başa düşə bilərsiniz və yaranmış bu durumu məni öz baxışlarımdan bir az da çox daşındıra bilmək üçün əlverişli saya bilərsiniz. Sizin belə bir qınağınız da qulağıma çatır: deməyəsən, mən özüm üçün aydın olan şeyləri çox qısa bir şəkildə danışıram, ona görə də sizi dediklərimə yetərincə inandıra da bilmirəm.
Sizlərdən kimsə yuxugörmələrin yozulması ilə bağlı indiyədək dediklərimizin hamısını izləmişsə də, üstəlik, bu işin gedişində alınan sonucları düzgün sayırsa da, bununla yanaşı olaraq, çox vaxt “yuxugörmənin istəklərin gerçəkləşdirilməsindən yarandığı” ilə bağlı müddəa onlarda inamsızlıqdan doğan belə bir sorğu yaradır: Tutalım, istənilən yuxugörmənin bəlli bir anlamı vardır və psixoanalizin yaratdığı texnikanın yardımı ilə bu yuxugörməni yozub o anlamları tapmaq mümkündür, onda nə üçün, bu gizli anlam gərək hökmən istəklərin gerçəkləşməsi şəklinə düşərək üzə çıxmalıdır? Nə üçün bu gecə düşüncələrinin anlamı gündüz, ayıqlıq çağındakı düşüncələr kimi çoxçeşidli ola bilmir, daha doğrusunu desək, niyə yuxugörmə bir yandan hansısa bir istəyin gerçəkləşməsi kimi yaranır, o biri yandan, hansısa istəyin gerçəkləşməsinə qarşı olan qorxu törədir, yaxud da niyyət kimi, nədənsə çəkinmək kimi, nəyinsə lehinə və əleyhinə olan eyhamlar kimi, vicdanın qınağı təki, hansısa görüləcək işi öncədən sınamaq kimi, habelə bu sayaq çoxsaylı anlaşılmazlıqlar da burada üzə çıxır? Nə üçün burada aparıcı yeri yalnız istəyin gerçəkləşməsi tutur, ən yaxşı durumda isə bir də bu istəyə qarşı çıxan dirənişlər ortaya çıxır?
Eləcə də burada yaranan anlaşılmazlığı və qarşıdurmanı önəmsiz sayaraq, bunları adlayıb, başqa bütün yönlərdə anlaşma yaranmasına çalışmağın daha doğru yol olduğunu da düşünə bilərsiniz. Belə də deyə bilərsiniz: biz yuxugörmənin anlamlı olduğunu və bu anlamı aydınlaşdırmaq üçün yol olduğunu biliriksə, elə bununla da kifayətlənmək olar; bütün bunların qarşılığında yuxugörmənin tapdığımız anlamını necəsə məhdudlaşdırmağın heç bir önəmi yoxdur. Ancaq bu, düzgün yanaşma sayıla bilməz. Burada düşüncələrin belə qarşılaşaraq toqquşması, bizim yuxugörmə ilə bağlı qavramlarımızın mahiyyətinə toxunur və nevrozun öyrənilməsi üçün yuxugörmələrin daşıdığı dəyəri heçə endirir. Bundan başqa da, alverdə üstünlük kimi dəyərləndirilən yolagəlimlilik və üzgörənlik kimi özəlliklər, elmdə çox yersiz, daha düzünü desək, olduqca ziyanlıdır.
Yuxugörmə nə üçün çoxanlamlı ola bilməz sorğusuna mən yaranmış qarmaqarışıq duruma uyğun gələn belə bir cavab verməli oluram: “Mən bunun nədən belə olduğunu bilmirəm. Bunun başqa cür olmasına qarşı da deyiləm. Qoy lap siz deyən kimi olsun. Ancaq burada sizin dediklərinizin baş tuta bilməyəcəyini göstərən kiçik bir detal da vardır, yuxugörmələrin öyrənilməsi onun heç bir durumda sizin istədiyiniz kimi ola bilməyəcəyini göstərir”. Sizə verəcəyim ikinci cavabımda isə mən yuxugörmələrdəki düşüncələrin çoxçeşidli formalarda və gerçək intellektual özəlliklərə uyğun olaraq yaranmasını, özümün d, ürəkdən istədiyimi boynuma alıram.
Keçmişdə mən bir xəstəlik tarixçəsində yazmışdım: xəstə üç gecə dalbadal eyni yuxunu görmüş, sonradan bu yuxugörmə kəsilmişdir, görünür, onun yuxugörmə ilə uyğun gələn hansısa niyyətindən daşınması yuxugörmənin təkrarlanmasını anlamsız eləyə bilmişdir. Bundan başqa da, yuxugörməni birbaşa istəklərin gerçəkləşməsi ilə bağlamadığım yazılarımın olduğunu da boynuma alıram. Elə isə, mən indi nədən yuxugörmənin yalnız istəklərin gerçəkləşməsindən yarandığını deyirəm?
Mən bunu yolverilməz bir yanlışlığa qapılmamaq üçün eləyirəm, bu yanlışlıq isə açıq yuxugörməni onun gizli məzmunu ilə qarışdırmaqdan yaranır və yuxugörmənin açıq məzmunu ilə onun gizli məzmununu, beləcə, bir-biri ilə qarışdıraraq, yuxugörmələrin araşdırılmasından aldığımız çox dəyərli sonucları puça çıxarır.
Yuxugörmələrin niyyətlərlə, çəkingənliklərlə, mühakimələrlə, nəyəsə hazırlaşmaqla bağlanması bütünlüklə doğrudur. Ancaq burada bir şeyi unutmaq olmaz, bütün bu dediklərimizin hamısı yuxugörmənin açıq məzmunu ilə deyil, yuxugörmənin bu açıq məzmuna çevrilmiş gizli məzmunu ilə bağlıdırlar. Yuxugörmələrin yozulmasından bildiyiniz kimi, insanların şüurdışındakı düşüncələrində sadaladığımız bu niyyətlər, şübhələr, mühakimələr, canatmalar hamısı vardır və yuxugörmənin işi də elə bunlardan yararlanaraq, yuxugörmə yaradır. Sizi yuxugörmənin gördüyü iş maraqlandırmırsa, yalnız insan düşüncələrinin şüurdışındakı fəaliyyətini öyrənmək istəyirsinizsə, onda yuxugörmənin işini bir qırağa qoyub, yuxugörmə ilə bağlı dediklərinizin üstündə dayana bilərsiniz, yəni onun, doğrudan da, nədənsə çəkinməkdən, hansısa niyyətdən, habelə sadaladığınız başqa özəlliklərlə bağlı olaraq yarandığını deyə bilərsiniz. Psixoanalitik araşdırmalarda da, belə yanaşma ilə sıx-sıx qarşılaşmaq olur: bir çoxları yuxugörmənin formasını dağıdıb, onun yerinə bu yuxugörməni törədən gizli məzmunun özünü qoymaq istəyirlər.
Yeri gəlmişkən, yuxugörmənin gizli qalan məzmununu araşdıranda sadaladığımız bu olduqca mürəkkəb psixi proseslərin şüurdışında özünə yer elədiyini öyrənə bilirik, bu isə, doğrudan da, çox dəyərli və vurğunluqla dolu sonuclardır!
Ancaq gəlin geriyə, öz araşdırmalarımıza qayıdaq. Siz bu dediklərinizi yalnız elə sözünüzü qısaldaraq söyləməyə çalışdığınıza yozsanız, onda bu danışdıqlarınızı doğru da saymaq olar, ancaq dediklərinizi bütünlüklə yuxugörmənin mahiyyəti ilə bağlamaq istəsəniz, onda açıq-aydın yanılmış olacaqsınız. Siz yuxugörmədən danışırsınızsa, onda gərək ya yuxugörmənin işinin yaratdığı açıq yuxugörməni, ya da şüurdışındakı gizli məzmundan açıq yuxugörməni yaradan psixi prosesi, yəni yuxugörmənin işini göz önündə tutasınız. Bu mövzuya yanaşmada hansısa başqa sözdən yararlanmağınız isə qarışıqlıq yaratmaqla düşüncələrinizdə anlaşılmazlığa gətirib çıxaracaqdır. Siz birdən öz mühakimələrinizdə açıq yuxugörmənin qaynağı olan yuxugörmənin gizli məzmununu göz önündə tutursunuzsa, onda bunu aydın bir şəkildə deyin, yoxsa yuxugörmənin problemlərinə yararlandığınız anlaşılmaz deyimlərdən don geyindirməyin. Gizli məzmun yuxugörmənin işinin açıq yuxugörməyə çevirdiyi materialdır. Siz axı nə üçün materialı onu formaya salan işlə qatıb-qarışdırmağa çalışırsınız? Onda sizin hansısa ərzaq məhsulunu görüb onun necə yarana biləcəyini aydınlaşdıra bilməyən birisindən nə fərqiniz oldu?
Yuxugörmədə önəmli olan yalnız düşüncə materialından yuxugörmələr yaradan yuxugörmənin işidir. Biz yaranmış hansısa durumda onu gözardı eləsək belə, nəzəri baxımdan heç bir halda onu dana bilmərik. Bundan başqa da, analitik izləmələrin göstərdiyi kimi, yuxugörmənin işi təkcə elə düşüncələri reqressiv formalara salmaqla bitmir. Yuxugörmənin yaranmasında başlıca hərəkətverici qüvvə olan yuxugörmənin işi yuxugörməyə çevirdiyi bu gündüzdən qalma yaşantılara onlarla bağlı olmayan çoxlu yeni detallar da artırır. Bax bu qaçılmaz artırmalar da elə şüurdışından yuxugörməyə sızan istəklərdir və yuxugörmənin məzmunu da onların gerçəkləşməsi üzərində qurulur. Beləliklə də, yuxugörməyə onu yaradan gizli düşüncə baxımından yanaşsanız, onda onun yaranmasına bu dediyiniz niyyətlərin, çəkingənliklərin, sınaqların və başqa bu kimi düşüncələrin qatıldığını da görəcəksiniz; ancaq siz yuxugörməyə başqa bir yandan, yəni yuxugörmənin işi kimi yanaşsanız, burada bütün durumlarda yalnız şüurdışından gəlmə istəklərin gerçəkləşdiyini görəcəksiniz.
Beləliklə də, yuxugörmə heç vaxt sadəcə hansısa niyyətin, şübhənin və bu kimi nəsnələrin daşıyıcısı olmur, o həmişə bu sadalanan nəsnələrin şüurdışı istəklərin yardımı ilə arxaik formalara salınması və bu istəklərin gerçəkləşməsinə yönəldilməsidir. Burada əlamətlərdən biri – istəklərin gerçəkləşməsi dəyişməzdir, qalanları isə dəyişkəndir; qalan əlamətlər də burada istəklərə çevrilib üzə çıxa bilərlər, beləliklə də, ayıqlıqda yaşanmış və yuxugörmənin gizli məzmununa qoşulan istəklər şüurdışı istəklərin köməyi ilə gerçəkləşməyə başlayırlar.
Mən danışdığım bu prosesin necə baş verdiyini çox gözəl anlayıram, ancaq görəsən, bunları sizin üçün anlaşıqlı olan bir dildə danışa bilirəmmi? Dediklərimin doğruluğunu sizə sübut eləməyə də çətinlik çəkirəm. Bunun səbəbi isə, bir yandan, olduqca çoxlu sayda yuxugörmələri dərindən araşdırmadan bu dediklərimin sübut oluna bilməməsidir, başqa bir yandan da, bizim bir az sonra öyrənəcəyimiz bir çox nəsnələri bilmədən, yuxugörmə ilə bağlı bu çağa qədər öyrəndiyimiz hələlik çox kövrək və dəyərli olan anlayışları sonradan öyrənəcəyimiz biliklərlə bağlamadan, bütün bu dediklərimizi sonacan sübut eləmək mümkün də deyildir. Elə siz özünüz də, bir-biri ilə qırılmaz tellərlə bağlı və asılı olan iki nəsnədən birinin dərinliyinə varmadan o birisini dərindən anlamağın mümkün olduğuna inanırsınızmı? Biz indiki durumumuzda yuxugörməyə təbiətcə ən yaxın olan nevrotik simptomlarla bağlı heç nə bilmiriksə, onda hələlik öyrənə bildiklərimizlə kifayətlənməli olacağıq. Mən indi sizə daha bir örnək göstərməklə diqqətinizi bir az da yeniləmək istəyirəm.
Yenə də dönə-dönə üstünə qayıtdığımız 1 florin 50 krona üç teatr bileti almaqla bağlı olan yuxugörməyə baxaq. Sözün düzü, mən bu yuxugörməni ilk dəfə örnək olaraq götürəndə onun bizim işimizə belə çox yarayacağını düşünməmişdim. Bu yuxugörmənin gizli məzmunu sizə bəllidir. Çoxdan ərə getmiş bir xanım öz yaşıdı olan bacılığının ancaq indi adaxlandığını eşidəndə özünün ərə getməkdə tələsdiyini düşünür və buna görə özünü qınamağa başlayır; onda ərinə qarşı soyuqluq olduğu üzə çıxır və o, gəncliyində bir az da gözləsəydi, evlənməkdə daha yaxşı seçim eləyə biləcəyini düşünməyə başlayır. Burada yuxugörmənin hansı istəkləri gerçəkləşdirdiyini də bilirsiniz, bu xanımın qızlıq çağında olan istəklərindən nələrisə yaxından görmək və sınaya bilməklə bağlı istəkləri, teatra getməyə yolunun açılmasını umması, bir sözlə, ərə getməyin nə demək olduğunu dərindən öyrənə bilməsi kimi diləkləri də bu yuxugörmədə gerçəkləşir. Bəlli olduğu kimi, uşaqlarda həmişə özünü göstərən seksual maraqlar onların diqqətini valideynlərinin seksual yaşamlarına doğru yönəldir, eləcə də, bu körpəlik duyğuları yaşarı olduğundan, yaşlılarda da belə körpəliklə bağlı olan seksual maraqlar qalır. Ancaq bu ehtirasın yuxugörmədə gerçəkləşməsi yuxugörəni ovutmur, əksinə onda inciklik və sarsıntılar yaradır. Biz bu yuxugörməni ilk dəfə yozanda, bu dediyimiz istəklərin olmasına önəm vermədən, yuxugörmədəki inciklik və sarsıntıların nədən yarandığını araşdırmışdıq.
İnciklik duyğusu öz-özlüyündə yuxugörmə yaratmaq gücündə deyildir; ona görə də yuxugörmənin işi, yuxugörən kimsənin düşüncələrini geriyə qaytarmadan, onu körpələşdirib (infantillik) yenidən seksual yaşamla bağlı nəsnələri öyrənməyə olan maraqlarını oyatmadan, yalnız elə “ərə getməyə tələsmək anlamsızlıq imiş”
düşüncəsindən yuxugörmə yarada bilməzdi. Elə bu körpələşməkdən (infantillikdən) yaranan seksual yönümlü istəklər də yuxugörmənin məzmununu yaradır, ancaq ərə getməyi teatra getməklə əvəz eləyir, xanımın keçmişdə olmuş ərə getməklə teatra ayaq aça bilmək istəyini gerçəkləşdirir və onun bir vaxtlar tez ərə gedə bildiyinə görə yaşıdları qarşısında öyündüyü yaşantılar da burada gerçəkləşir: baxın, mən ərə gedib sizin üçün yasaq olan teatr tamaşalarına baxa bilirəm, siz isə bunu eləyə bilmirsiniz; mən artıq ərə getmişəm, siz isə nə vaxt adaxlı tapıb ərə gedəcəyinizi gözləyirsiniz.
Beləliklə də, gerçək durum yuxugörmədə özünün əksinə çevrilmişdir və keçmişdəki uğurun yerini özünün yenilməsi, uduzması ilə bağlı düşüncələr tutmuşdur. Bildiyimiz kimi, əlçatmaz olan ehtirasların ödənilməsi insanın eqoistik həzlərini oxşayır və onda başqlarından üstünlük və onlarla çəkişmə duyğusu yaradır. Bax elə bu eqoist həzlər də yuxugörmədə özünü göstərməkdədir: yuxugörən xanım teatrda oturmuşdur, onun öcəşməyə başladığı bacılığı isə bu tamaşaya gələ bilməmişdir. Belə bir həzz almağın yaratdığı uyğunsuz və anlaşılmaz görünən bir duruma yuxugörmənin gizli anlamı ilə bağlı olan düşüncələr də qatılmışdır, ancaq onlar ilk baxışdan gözə çarpmırlar. Ona görə də yuxugörməni yozarkən bütün diqqəti yalnız istəklərin gerçəkləşməsinin araşdırılmasına yönəltməklə kifayətlənmək doğru deyildir, burada başlıca məqsəd yuxugörmənin çox vaxt ağrılı olan gizli düşüncəsini arayıb üzə çıxarmaq, onu bütöv şəkildə qavramaq olmalıdır.
Diqqətinizə çatdırmaq istədiyim bu düşüncələrimlə yuxugörmənin üzə çıxardığımız bu gizli məzmununa bir az da artıq diqqət yetirməyinizə çalışmaq istəyirəm. Birincisi, yuxugörmənin bu gizli məzmununun yuxugörən üçün də gizli qaldığını və onun şüurdışında yerləşdiyini unutmamağınızı çox istərdim; ikincisi, bu gizli məzmun ağlabatan və məntiqlidir və yuxugörmənin onların doğurduğu qıcıqlardan yarandığı inandırıcıdır; üçüncüsü, onlar istənilən psixi fəaliyyətə və intellektual əmələ uyğun olan dəyərlər daşıya bilirlər. Mən indi bu düşüncəmi öncələrdə olduğundan daha da qətiyyətlə demək istəyirəm: “gündəlik yaşantıların qalıqları”, yuxugörən kimsənin onları boynuna alıb-almamasından asılı deyildir. Mən indi yuxugörmədə özünü göstərən gündəlik yaşantıların qalıqlarını və yuxugörmənin gizli məzmununu bir-birindən ayırıram, beləliklə də, mən yenə də, öyrəşdiyimiz kimi, yuxugörmənin yozumunun üzə çıxardığı məzmunu yuxugörmənin gizli məzmunu adlandırıram, gündəlik yaşantıların qalıqlarını isə yalnız yuxugörmənin gizli məzmununun bir hissəsi sayıram. Daha sonra, bizim anlayışımıza görə, gündəlik yaşantıların qalıqlarına yuxugörmənin işi nələrisə artırır, bu artırılanlar isə şüurdışından gəlmə nəsnələr olmaqla hansısa sıxışdırılmış, yasaqlanmış çox güclü istəklərdir və yuxugörməni də onlar yaradırlar, hətta onlar olmasa yuxugörmələr də olmazdı. Elə bu şüurdışından gəlmə istəklərin gündəlik yaşantıların qalıqlarına təsirindən də yuxugörmənin gizli məzmununun başqa hissələri yaranır və onları ayıqlıq çağının olayları ilə tutuşduranda məntiqi və anlaşıqlı görünmürlər.
Gündəlik yaşantıların qalıqları ilə şüurdışı istəklərin asılılığını aydınlaşdırmaq üçün çox vaxt yararlandığım tutuşdurmanı mən burada sizinlə bölüşmək istəyirəm.
İstənilən müəssisənin yaranması üçün onun xərclərini öz üzərinə götürən kapitalist və bu müəssisəni işlətmək üçün ideyası olan və bu ideyanı gerçəkləşdirməyi bacaran iş adamı olmalıdır. Yuxugörmənin yaranmasında kapitalistin rolunu şüurdışı istəklər oynayır; onlar yuxugörmənin yaranması üçün psixi enerji verirlər; iş adamı rolunu isə gündəlik yaşantıların qalıqları oynayır və onlar verilən enerjini xərcləmək işini öz üzərlərinə götürürlər. Düzdür, ola bilər, kapitalistin özünün də ideyası olsun, yaxud da iş adamının özünün də kapitalı olsun. Belə olarsa, onda praktik durum sadələşir, ancaq onun nəzəri anlamı mürəkkəbləşir. Birdən kapitalist həm də iş adamı rolundadırsa, onda xalq təsərrüfatında bu bir adam öz işini ikili davranışla doğrultmalı olacaqdır, bir sözlə, o yerinə görə kapitalist kimi də, iş adamı kimi də işləməli olacaqdır və bizim tutuşdurmamız yenə də öz gücündə qalacaqdır. Yuxugörmənin yaranmasında da bu iki işin birləşməsi baş verə bilir, ancaq mən bunu aydınlaşdırmağı sizin öhdənizə buraxıram.
Mənə elə gəlir, yuxugörmələrlə bağlı araşdırmalarımızda buradan o yana getməyə dəyməz, habelə, bildiyimə görə, artıq çoxdan diqqət çəkən bir sorğu da sizi özünə çəkir. Siz soruşmaq istəyirsiniz: doğrudanmı, gündəlik yaşantıların qalıqları da yuxugörmə yaratmaq üçün onlara qatılan şüurdışı istəklərin olduğu anlamda şüurdışı sayılmalıdır? Düz eləyib soruşursunuz. Bu sorunun cavabı ilə görmək istədiyimiz işin bütün mahiyyəti açılır. Mənim cavabım isə belədir: bu iki anlayışlar eyni anlamlı şüurdışının elementləri sayıla bilməzlər. Yuxugörmənin istəkləri başqa şüurdışına aiddir, biz onu körpələşmək adı ilə tanıyırıq və onun bu körpələşməyə uyğun bir mexanizmlə işlədiyini düşünürük. Ona görə də bu iki şüurdışı anlayışı bir-birindən ayırmaq və onlara fərqli adlar vermək doğru olardı. Ancaq gəlin bu işi görməyi bir az sonraya, nevrozları öyrənəcəyimiz çağlara saxlayaq. Burada çox maraqlı bir məqam da yaranır: bu çağa qədər bizi bu şüurdışı anlayışını ortaya atdığımıza görə qınayırdılarsa, görəsən, biz indi iki növ şüurdışının olduğunu deyəndə nə baş verəcəkdir?
Gəlin burada dayanaq. Siz burada yenidən yarımçıq bilik aldınız; ancaq aldığınız bu yarımçıq bilik sizə bizim özümüzün, yaxud da başqalarının sonradan daha da bütöv bilik ala biləcəyimizlə bağlı inam aşılamırmı? Biz özümüz də keçdiyimiz bu yolda yetərincə yeni və vurğunluqla qarşıladığımız biliklər qazanmadıqmı?