Dördüncü mühazirə. YANILMALAR (sonu)
Dəyərli xanımlar və bəylər! İndiyədək olan danşıqlarımızda biz yanlış davranışların da anlamı olduğu düşüncəsinə gəlib çıxdıq, gəldiyimiz bu sonuc, bundan sonrakı araşdırmalarımızın özülündə dayanacaqdır. Bir də diqqətinizə çatdırmaq istəyirəm ki, biz heç də bütün yanlış davranışların anlamlı olduğunu irəli sürmürük, bizim araşdırmalarımız üçün belə bir hamılıqla anlamı olan yanlış davranışlar heç önəmli də deyildir, ancaq sözün düzü, mənə elə gəlir, heç anlamsız yanlış davranışlar da olmur. Beləliklə də, bizim üçün bu yanlış davranışların sıx-sıx rast gəlinən müxtəlif formalarının anlamlı olması yetərlidir. Bu baxımdan yanaşanda yanılmaların müxtəlif formaları üçün fərqli yozumlar irəli sürülür: bunlardan söz yanılmasında, yazıda yanılmada hansısa fizioloji faktorlardan asılılıq ağlabatandırsa da, başqa yanılmalarda, məsələn, adların unudulması, nəyisə özü gizlədib sonra tapa bilməmək kimi yanılmaları belə fizioloji faktorlara bağlamaq inandırıcı görünmür. Tutalım, nəyisə itirməyin təsadüfən baş verməsini sanmaq olar. Habelə gündəlik yaşamda baş verən hansısa çaşqınlıqların da çox az bir bölümü bizim araşdırmalarımız üçün önəmli sayıla bilər. Bizim yanılma deyib önəm verdiyimiz olaylar həmişə psixoloji akt olaraq yaranır və iki fərqli niyyətin qarşıdurmasından ortaya çıxır.
Bununla bağlı psixoanalizin gəldiyi birinci sonuc belədir. Belə bir toqquşan niyyətlərin olması və onların yanılmaları ortaya çıxarması ilə bağlı psixologiya elmi indiyədək heç nə bilmirdi. Biz psixoloji olayların çevrəsini gözəçarpacaq qədər genişləndirdik və indiyədək bəlli olmayan bir sıra psixoloji fenomenləri də psixologiya elminin araşdırma oblastına gətirib çıxarmış olduq.
Gəlin indi də qısaca olaraq yanlış davranışların “psixoloji akt” olmasının nə demək olduğu üzərində dayanaq. Sorumuzun qoyuluşu belədir: Yanılmalara
“psixoloji akt” kimi baxılması, onların anlamlı olması ilə bağlı baxışdan daha önəmli sayıla bilərmi? Mənə elə gəlir, yox; buradakı “psixoloji akt” anlayışının ortaya çıxması durumu daha da anlaşılmaz eləyir, öyrəndiyimiz mövzunu bir az da artıq qaranlığa gömür. Bəzən insanın ruhi yaşamı ilə bağlı özünü göstərən bütün nəsnələrə psixoloji fenomenlər kimi yanaşılır. Burada ayrı-ayrı psixoloji olayların birbaşa, cismani, üzvi və maddi təsirlərdən yaranmasını aydınlaşdırmaq çox önəmlidir. Belə psixi olaylar artıq psixologiyanın araşdırma oblastına düşmürlər və ya onlar başqa, daha dərin qatlarda gizlənən üzvi səbəblərdən doğan psixoloji olaylardan asılı olaraq araşdırılır. Biz də burada psixoloji akt deyəndə onu bu sonuncu dediyimiz anlamda qavrayacağıq və elə buna görə də psixoloji aktların hansısa məzmununun anlamının olmasından söz açmağı məqsədəuyğun sayacağıq. Burada anlam deyəndə biz izlədiyimiz psixoloji aktın daşıdığı dəyərin, niyyətin və meylin nədən ibarət olduğunu, bir də bu aktın psixoloji proseslərin sırasında hansı yeri tutduğunu aydınlaşdırmağı başa düşürük.
Yanılmalara yaxın olub, onlara olduqca oxşayan çoxlu olaylar da vardır, ancaq onların yanılma adlanması doğru deyildir. Belə olayları biz təsadüfi və gözəçarpan (əlamətdar) çaşqınlıqlar adlandırırıq (Zufalls und Symptomhandlungen). Bu olaylar məqsədsiz, ötəri və önəmsizdirlər, habelə onların baş verməsinin yerinə düşməməsi də index açıq-aydın görünür. Bu olayları yanlış davranışlardan ayıran başlıca özəllik necə yaranmalarıdır: onlar heç də hansısa ikinci bir niyyətin ortaya çıxıb başlıca niyyətlə toqquşmasından və onu çaşqınlığa uğratmasından yaranmamışlar. Başqa bir yandan da, bu davranışlar çox asanlıqla emosionallıqdan yarandığını sandığımız jestlər və hərəkətlərə çevrilərək üzə çıxırlar. Belə təsadüfi hərəkətlərə örnək olaraq, məqsədsiz yerinə yetirilən bütün işləri aid eləmək olar, tutalım, paltarının, yaxud da bədəninin hansısa hissəsini əlləşdirmək, dartışdırmaq, onunla oynamaq və ya hansısa nəsnəni məqsədsiz olaraq, dəfələrlə götürüb sonra yerinə qoymaq, ya da öz-özünə nəyisə zümzümə eləmək bu sıradandır. Mənim inamıma görə, bu olayların da daşıdığı anlamlar vardır və onları da yanılmalar kimi araşdırmaq, yozmaq olar; habelə onlar da, yanılmalar kimi, daha dərin qatlarda baş verən önəmli psixoloji proseslərin üzə çıxan göstəriciləri olub, özləri də psixoloji olay sayıla bilərlər. Ancaq mən indi psixi olayların bu yeni oblastı üzərində dayanmayıb, yanılmalarla bağlı araşdırmalarımızı davam elətdirmək istəyirəm, axı yanlış davranışlar psixoanaliz üçün önəmli olan soruların dəqiqləşdirilməsinə daha çox yardım eləyə bilir.
Yanlış davranışlarla bağlı ortaya atıb cavab vermədiyimiz ən maraqlı sorğu belədir: biz yanılmaların bir-birini üstələməyə çalışan iki fərqli niyyətlərin qarşılaşmasından yarandığını demişdik, bu niyyətlərdən birini pozulmuş (gestörte), o birini isə pozucu (störende) niyyət adlandırmaq olar. Pozulmuş niyyətin aydınlaşdırılması bizim üçün çətinlik törətmir, ancaq pozucu niyyətlərə gəlincə, burada aydınlaşdırılmalı iki sorğu vardır: 1) başlıca niyyəti pozmağa çalışan bu niyyət hansıdır; 2) pozucu niyyətlə pozulmuş niyyət arasında hansı əlaqələr vardır?
Siz buna qarşı deyilsinizsə, onda mən bütün yanılma örnəkləri içində yalnız söz yanılmalarından yararlanaraq, öncə ikinci sorğuya, sonra isə birinci sorğuya cavab vermək istərdim.
Söz yanılmasında, pozucu niyyətin pozulmuş niyyətin anlamı ilə hansısa aydın görünən ilişkisi ola bilər və onda bu yanılma deyiləsi olan düzgün sözlə əks anlam daşıyır, yaxud da ona düzəliş vermək və ya onu tamamlamaq istəyir. Ancaq nədən yarandığı qaranlıq qalan və daha qəribə olan yanılmalarda pozucu niyyətlə pozulmuş niyyətin daşıdıqları anlamlar arasında heç bir ortaqlıq olmur.
Dediyimiz birinci tip yanılmaların varlığını göstərən örnəklərə bir az yuxarıda artıq baxmışdıq və onlara oxşar olan başqa, çoxlu örnəkləri yenə də göstərə bilərik.
Söz yanılmalarının, demək olar, hamısında pozucu niyyətin daşıdığı anlam pozulan niyyətin daşıdığı anlamın əksinə olur və yanılmanın özü də iki qarşılaşıb toqquşan niyyətin qarşıdurmasından yaranır. Yuxarıda göstərdiyimiz örnəklərin birində parlament sədrinin yanılmasını belə yozmuşduq: Mən yığıncağımızı açıram, ancaq onu bağlamaq istərdim. Yaxud da satqınlıqda suçlanan siyasi qəzet özünü təmizə çıxarmaq üçün aşağıdakı sözlərlə qurtarmalı olan bir məqalə yazır: “Bizim oxucular bunu çox yaxşı bilirlər, biz daima toplumun yararı üçün necə büsbütün umacaqsız işlər görmüşük”. Ancaq bu məqaləni yazan redaktor yanılaraq burada umacaqsız sözünün yerinə umacaqlı yazmışdır. Görünür, ürəyinin dərinliklərində bu redaktor belə düşünürmüş: mən gərək burada özümüzün umacaqsız olduğunu yazam, ancaq bu yalandır, biz belə deyilik. Başqa bir olayda isə kayzerin qulluğuna gəlib ona sözün doğrusunu bütün kəskinliyi ilə deməli olan xalq elçisi ürəyindən keçirir: bu sözləri deməkdən qorxmursanmı? Və “sözün doğrusunu bütün kəskinliyi (rückhaltlos) ilə demək istəyirəm” yerinə “sözün doğrusunu bütün yumşaqlığı (rückgratlos) ilə demək istəyirəm” deyir (Bu olay 1908-ci ildə alman bundenstaqında (parlamentində) baş vermişdir).
Sizə bəlli olan örnəklərdən bildiyiniz kimi, sözlərin daralması və qısalması ilə baş verən yanılmalarda sonradan bu yanılmanın yiyələri sözlərinə düzəliş və lazımi artırmalar edəndə dediyimiz o pozucu niyyət üzə çıxmış olur. “Burada bir çox faktlar üzə çıxmışdır (zum Vorschein kommen)” deməli olan birisi bu durumla bağlı ürəyindən keçən “sözün kəsəsi, bu, donuzluqdur (Schweinereien)” niyyətini gizlətmək üçün sözləri sıxışdıraraq aşağıdakı yanılmaya yol verir: es sind Dinge zum Vorschwein gekommen (Buradakı Vorschwein sözü, Vorschein sözü ilə
Schweinereien sözlərinin sıxışdırılıb bir-birinə qarışdırılmasından yaranmışdır).
Yaxud başqa bir örnəkdə professorun yanılaraq dediyi “bunu başa düşən insanları əlin bir barmağı ilə saymaq olar” sözündə professorun gizli niyyəti üzə çıxır: “bunu başa düşən yalnız mənəm”. Başqa bir örnəkdə “mənim ərim ürəyi istədiyi hər şeyi yeyə və içə bilər” demək istəyən bir xanımı “ərim mənim ürəyim istədiyi hər şeyi yeyə və içə bilər” yanılmasına gətirən onun ürəyindən keçən belə bir niyyət olmuşdu: onun öz ürəyi istədiyini eləməyə mən heç yol verərəmmi?
Baxdığımız bütün bu söz yanılmaları ya pozucu niyyətin daşıdığı anlamın birbaşa təsirindən, ya da onunla dolayı ilişkilərindən yaranır.
Başqa tip yanılmalarda birdən bir-biri ilə çəkişən iki niyyət çox qəribə biçimlərdə də üzə çıxır. Yanılmanı doğuran pozucu niyyətin daşıdığı anlamla pozulmuş niyyətin anlamı arasında heç bir uyğunluq və ilişki yoxdursa, onda belə bir sorğu ortaya çıxır: görəsən, bu pozucu niyyət niyə, haradan yaranır və nə üçün bu niyyətin qarşısını almağa, onu sıradan çıxarmağa can atır? Bu cür olayların uzun çəkən izləmələrindən gəlinən sonuc isə belədir: yanılmanı yaradan pozucu niyyətin bağlı olduğu düşüncə çox da uzaq olmayan keçmişdə, ola bilsin, lap bu yaxın anlarda yanılan kimsənin düşüncəsini məşğul etmiş, indi isə bu düşüncələri beynindən keçirmiş insanın onu dilə gətirməyi istəyib-istəməməsindən asılı olmayaraq, bu düşüncələr özünü danışığın içində gerçəkləşdirməyə başlamışdır. Belə bir kənaraçıxmanı sözlərin əks-sədası da adlandırmaq olar, ancaq bu, deyilən sözün yox, ancaq düşünülmüş fikrin əks-sədasıdır. Belə çıxır, burada da pozucu niyyətlə pozulan niyyət arasında bəlli ilişkilər vardır, ancaq bu ilişki birbaşa onların daşıdığı anlamlarla bağlı deyildir və onlar arasındakı bu ilişki də birbaşa yox, dolayı yollarla tapıla bilər.
Dediklərimi aydınlaşdırmaq üçün özümün izlədiyim olaylardan örnək göstərmək istəyirəm. Günlərin birində bizim dağlarda gəzərkən kirəcli mağaraların yaxınlığında turist geyimində olan iki xanımla qarşılaşdım. Mən onlarla bir az gəzişdim və biz turistliyin gözəlliklərindən və çətinliklərindən danışmağa başladıq. Xanımlardan biri turist gəzintisinin bəlli çətinliklərinin olduğundan söz açıb dedi: “Doğrudan da, bütün günü qızmar günəşin altında addımlamaq, köynəyi, donu tərdən islanmış durumda gəzmək çox dözülməzdir”. Xanım duruxub danışığına bir az ara verdi, sonra yenidən dilləndi: “Haçan gəlib çıxırsan nach Hose (xanım yanılaraq evə (Hause) sözünü demək yerinə şalvar (Hose) sözünü işlətdi), ilk istəyin əyin-başını dəyişmək olur”. Bu söz yanılmasını sizinlə birgə araşdırmasaq da, mənə elə gəlir, siz çox asanlıqla bu yanılmanın nədən baş verdiyini anlayırsınız. Bu xanım evə çatanda köynəyini, donunu və şalvarını dəyişmək istədiyini demək istəyirdi, ancaq burada şalvar sözünü işlətmək eyib olduğundan, sözünü bir az dəyişməli olmuşdu və buradaca sonrakı cümlənin anlamına qarışacağı olmayan şalvar sözü ev (Hause) sözünü yanlışa uğradaraq üzə çıxa bilmiş, bununla da, xanımın gizlətmək istədiyi niyyəti açıqlanmışdı.
Beləliklə, indiyədək elə hey sonraya saxladığımız sorğunun üstünə gələ bilərik: bu nə niyyətdir elə, beləcə gözlənilmədən ortaya çıxıb yanılmalar törədir? Sözsüz, bu niyyətlər duruma görə bir-birindən seçilib ayrılırlar, ancaq mənə elə gəlir, biz onları birləşdirən ümumi dəyərləri də tapa bilərik. Belə örnəklərin uzun bir sırasını araşdırıb öyrənəndən sonra biz onları üç qrupa bölə bilərik. Birinci qrupla bağlı olan yanılmalarda danışan adam bu pozucu niyyətin olduğunu bilir və o, yanılmazdan öncə də onun varlığını duyur. Yuxarıda göstərdiyimiz “Vorschwein” yanılmasında danışan kimsə qarşılaşdığı fakta görə acıqlandığını danmır, ancaq burada “Schweinereien (donuzluq)” sözünü işlətmək niyyətinin olduğunu desə də, sonradan onu demək istəmədiyini də bildirir. İkinci qrupla bağlı olan yanılmalarda da, danışan adam düşüncəsində bu pozucu niyyətin olduğunu danmır, ancaq danışmazdan öncəki düşüncələrində bu niyyətin hansısa fəal rol oynadığını duymadığını da deyir. O, yanılması ilə bağlı bizim dediyimiz yozumla razılaşır, ancaq özü də baş verənlərə təəccüblə yanaşır. Bu qrupla bağlı olan yanılmaları təkcə söz yanılmalarında deyil, başqa yanılma növlərində də tapmaq çətin deyildir. Üçüncü qrupla bağlı olan yanılmalarda, sözünü yanılmış kimsə bizim göstərdiyimiz yanılmanın baş verməsinə gətirib çıxaran pozucu niyyətin olmasını var gücü ilə danmağa çalışır; o bu pozucu niyyətin onu yanıltmasını boynundan atmaqla yanaşı, özünün heç vaxt belə bir niyyətinin olmadığını da qətiyyətlə deyib durur. Burada “aufstoben” (“toqquşdurmaq”
yerinə “gəyirmək” deyilməsi) ilə bağlı yanılmanı xatırlamağa dəyər və mənim bu natiqin yanılmasını yozmaq istəyəndə onun tərəfindən qarşılaşdığım kobudluğu da unutmaq olmaz. Unutmamısınızsa, bu yanılma olayı ilə bağlı biz ortaq bir fikrə gələ bilməmişdik. Mənə qalsa, bu durumda yanılan kimsənin etirazlarını qulaqardına vurub öz yozumumu doğru saymaqda dirənərdim, ancaq mənə elə gəlir, sizlər onun mənim yozumuma qarşı kəskin etirazının təsirinə qapılaraq belə düşünmüşdünüz: baş verən yanılma ilə bağlı başqa yozumlardan qaçaraq yanılmanın səbəbini, psixoanalizin ortaya çıxmasından öncə olduğu kimi, yalnız fizioloji səbəblərlə bağlamaq yaxşı olmazdımı? Burada sizin nədən qorxduğunuzu anlayıram. Mənim yozumuma görə, yanılan kimsənin özünün də varlığından xəbərsiz olduğu pozucu niyyəti ola bilər və mən bu niyyətin varlığını dolayı dəlillərə arxalanaraq öyrənə bilərəm. Burada sizi çəkindirən mənim ehtimallarımın yeniliyi və ciddiliyidir. Ancaq dirəniş göstərdiyinizi görüb, hələlik sizin haqlı olduğunuzla razılaşmalı oluram. İndi isə mənə qulaq asın, görün indiyədək apardığımız psixoanalitik araşdırmalarla biz hansı sonuca gəlib çıxmışıq: siz yanlış davranışlarla bağlı, doğruluğu çoxlu faktlarla sübut olunmuş bəlli bir baxışa bağlanmaq, onun ardıcılı olmaq istəyirsinizsə, onda gərək mənim sizin üçün anlaşılmaz görünən yozumumla da razılaşasınız. Birdən siz bu qənaətə gələ bilmirsinizsə, onda gərək yanlış davranışlarla bağlı indiyədək birgə öyrəndiyimiz bütün biliklərinizdən də əl çəkəsiniz.
Ancaq gəlin hələlik bu üç yanılma tipini birləşdirən və ümumiləşdirən yaranma mexanizmləri üzərində dayanaq. Nə yaxşı, burada inandırıcılıq göz önündədir. İlk iki qrupla bağlı olan yanılmalarda yanılan kimsələrin özləri pozucu niyyətin olmasını boyunlarına alırlar; birinci yanılma tipində isə bu pozucu niyyətin elə birbaşa yanılmaya gətirib çıxardığı da bəlli olur. Ancaq hər iki durumda bu pozucu niyyət sıxışdırılmışdır. Danışan kimsə bu niyyəti danışığında açıb-ağartmaq istəməmiş, ancaq elə bu da onun yanılmasına gətirib çıxarmışdır, daha doğrusu, sıxışdırılan niyyət onun istəyinə qarşı olaraq üzə çıxmış və demək istədiyi niyyətlə qarışaraq, yaxud da onu bütünlüklə dəyişərək danışanın demək istədiyi niyyəti dəyişmişdir. Söz yanılmalarının yaranma mexanizmi bax belədir.
Bu baxışa arxalanaraq, indicə dediyimiz bu mexanizm üzrə üçüncü tipə aid olan söz yanılmalarını araşdırmaq və onların yozumlarını tapmaq artıq mənim üçün heç bir çətinlik törətmir. Bunun üçün mən ancaq belə bir ehtimala arxalanmalıyam: bu, bir-birindən seçilib ayrılan üç tip yanılmalarda pozucu niyyət də fərqli dərəcədə sıxışdırılmışdır. Birinci qrup yanılmalarda bu niyyət üzdədir və o, danışana hələ yanılma baş verməmişdən də aydındır; danışanın ondan yaxa qurtarmaq istəyini bu niyyət yanılmaya çevrilməklə üstələyir. İkinci qrupda pozucu niyyət daha da uzağa sıxışdırıldığından danışan kimsə, sözə başlamazdan öncə, artıq onun varlığını xatırlamır. Ancaq ən təəccüblüsü, belə bir durum da bu niyyətin özünü gerçəkləşdirib yanılma törətməsinin qarşısını ala bilmir! İndi isə çox asanlıqla üçüncü tip yanılmaların necə yarandığını aydınlaşdıra bilərik. Mən bu yanılmaların yaranması ilə bağlı çəkinmədən belə bir ehtimalı irəli sürürəm: yanılmaların yaranmasına gətirib çıxaran üçüncü tipli bir meyil də vardır və ola bilsin, buradakı niyyət lap çoxdan sıxışdırılıb düşüncədən uzaqlaşdırılmışdır, ona görə də yanılan kimsə onun varlığını büsbütün unutduğundan, yaranan yanılmada bu niyyətin rolunu var gücü ilə danır.
Ancaq gəlin bu sonuncu problemi indilikdə bir qırağa qoyaq; qalan iki tip yanılmalar üzrə sizlərin gəldiyi sonuc isə belədir: demək istədiyi hansısa niyyətini sıxışdırıb düşüncədən çıxarmaq söz yanılmalarının yaranmasının başlıca səbəbidir.
İndi yanlış davranışlarla bağlı olayları anlamaqda bir az da irəli gedə bildiyimizi deyə bilərik. Biz artıq bu yanılmaların da gerçək niyyət və anlam daşıyıcıları olan psixi akt olmasından başqa, onların iki fərqli niyyətlərin qarşılaşmasından və toqquşmasından yarandığını da bilirik, bundan əlavə, bu niyyətlərdən birinin vaxtı ilə başqa bir niyyət tərəfindən sıxışdırıldığını, onun gerçəkləşməsinə yol verilmədiyini və onun da sonucda üstələyə bilmədiyi niyyətin yerinə başqa bir gerçəkləşən niyyəti sıxışdırıb ortaya çıxdığını da öyrənmiş olduq. Beləliklə də, pozucu niyyətin başqa bir niyyətə mane olmasının səbəbi, öncə onun özünə maneçilik törədilməsidir. Ancaq bu söylədiklərimiz də yanlış davranışlar deyilən fenomenin nə demək olduğunu bütünlüklə aydınlaşdırmaq üçün yetərli deyildir. Burada biz hansısa sonuclara gəlib çıxdıqca və elə bil yanlış davranışların nə demək olduğu üzrə mövzunu aydınlaşdırmaqda irəlilədikcə daha çox yeni-yeni, qatı açılmamış sorğular ortaya çıxmağa başlayır. Örnək üçün, biz burada belə bir sorğu ilə üzləşirik: nə üçün bütün bunlar daha sadə formada baş vermir? Daha doğrusu, hansısa niyyətin gerçəkləşməsinin qarşısını alıb, onu sıxışdırmaq meyli varsa, onda gərək bu sıxışdırılan niyyət ya bir də heç bir yarımçıq formada belə üzə çıxa bilməyəydi, ya da üzə çıxırsa, onda gərək bütünlüyü ilə üzə çıxıb özünü gerçəkləşdirəydi. Ancaq göründüyü kimi, yanlış davranış bu qarşılaşan iki niyyətin kompromisi kimi ortaya çıxır, bu durum isə buradakı niyyətlərin hər birinin yarımuğur qazanması demək olur; beləliklə də, öncədən sıxışdırılmaya uğramış niyyət sonacan basılıb əzilmir və törətdiyi bu yanılmalarda, demək olar, özünü bütünlüklə gerçəkləşdirə də bilmir. Biz belə bir qarşıdurma və kompromisin yaranması üçün hansısa bəlli bir durumların yaranmasının zəruri olduğunu güman eləyə bilərik, ancaq onların özlüyündə hansı şərtlər daxilində yaranacağını təsəvvür eləyə bilmirik. Mənim düşüncəmə görə də, biz yanılmaları daha dərindən araşdıranda belə, necə yarandığını bilmədiyimiz bu durumların hansı şərtlər daxilində ortaya çıxdığını sonacan aydınlaşdıra bilməyəcəyik.
Görünür, bunu bacara bilmək üçün gərək ruh dünyamızın bizim üçün qaranlıq qalan çoxlu oblastlarını araşdırıb öyrənək; bu oblastlarda apardığımız araşdırmalarda öyrəndiklərimiz və müxtəlif yanılmalar arasında apardığımız tutuşdurmalarda tapdığımız uyğunluqlar isə bizə yanılmaları daha yaxşı anlaya bilməkdə yardımçı ola biləcəkdir. Bir iş də var! Bizim baş qoşduğumuz bu az önəmli psixi olayları incələməyin yaratdığı bəlli bir qorxulu durum da vardır. Kombinator paranoya adlanan bir ruhi xəstəlik vardır və bu xəstəliyə yoluxan kimsələr ara vermədən belə, çox az önəmli əlamətlərin üzərində baş sındırıb onların anlamlarını tapmağa çalışırlar və mən onların bu araşdırmalarında heç vaxt doğru sonuclara gəlib çıxacaqlarını düşünmürəm. Ancaq çox geniş çevrədə aparılan izləmələr və psixi həyatın müxtəlif oblastlarında qarşılaşdığımız sonucların tutuşdurulması və onlar arasında uyğunluqların tapılması bizi belə bir qorxulu duruma düşməkdən qurtara bilər.
Bununla da, biz yanılmaları incələməyi dayandırıb, onları daha dərindən araşdırmağa başlayırıq. Ancaq mən buradaca sizə bir nəsnə ilə bağlı xəbərdarlıq eləmək istərdim: nə olar, yanılmalar dediyimiz fenomenlə bağlı yararlandığımız bu araşdırma metodunu unutmayın. Onların örnəyində siz bizim başqa psixoloji araşdırmalarımızın da başlıca məqsədinin nə olduğunu anlaya biləcəksiniz. Bu araşdırdığımız psixi olayları yalnız təsvir eləmək və növlərə ayırmaq istəmirik, biz onları ruhumuzun daxilində vuruşan güclərin üzə çıxan çəkişmələri kimi anlamağa çalışırıq, habelə onlara bir-biri ilə anlaşan və öcəşən məqsədyönlü meyillər kimi baxmağı düzgün sayırıq. Biz psixi olaylara dinamik baxışın tərəfdarıyıq. Bizim baxışlarımıza görə, qavranılan fenomenlər öz yerlərini yalnız ehtimal olunan ağlabatan meyillərə verə bilərlər.
Beləliklə biz indi yanlış davranışlarla bağlı mövzunun daha da dərinliklərinə varmağa çalışacağıq, ancaq bundan öncə bu oblasta bütün genişliyi ilə bir ötəri göz gəzdirsək, burada bizə tanış gələn və bizim üçün yeni olan nəsnələrlə üzləşəcəyik. Biz yanlış davranışların öncədən ayırdığımız üç tipinin olduğunu göz önündə tutmaqla yanaşı, yanılmaların: yanlış yazma, yanlış oxuma, yanlış eşitmə, unutqanlıqla bağlı yanılmanın bütün növləri (adları, başqa sözləri, niyyəti və təəssüratı unutma), habelə nəyisə yanlış götürmək, nəyisə gizlədib yerini unutmaq, nələrisə itirib tapmamaq kimi ayrı-ayrı tiplərini də yeri düşdükcə araşdırmağa çalışacağıq. Aldanışa, yanlışa qapılmaya (Irrtümer) gəlincə, bizim baxışlarımıza görə bu, unutqanlıqla çaşqınlığın qovuşmasından törəyir.
Söz yanılması ilə bağlı biz geniş danışdıq, ancaq o haqda yenə də bir-iki söz demək olar. Söz yanılmalarında bizim üçün qəribə olan az önəmli duyğular bir-biri ilə qovuşurlar. Heç kim sözündə yanılmağı istəmir, çox vaxt sözünü yanılan birisi yanıldığını eşitmir, ancaq başqaları həmişə bu yanılmanı duyurlar. Söz yanılmalarında bir yoluxuculuq vardır, söz yanılmasını qınayanlar da belə yanılmalardan qaça bilmirlər. Ən gözə çarpmayan söz yanılmasını araşdıranda onun özü öz yaranmasına gətirib çıxaran psixi olayla bağlı konkret bir bilgi verə bilməsə belə, biz çətinlik çəkmədən yanılma ilə onu doğuran psixi olay arasındakı ilişkini tapa bilərik. Örnək üçün, birdən kimsə uzun saiti qısa sait kimi deyərək danışdığı sözdə yanılmağa başlayırsa, onda bu sözdəki növbəti qısa saiti uzun sait kimi deyərək daha bir söz yanılmasına yol verir və bununla da buraxdığı yanlışı düzəltməyə çalışır. Qoşa saitləri (diftonqları) düzgün və səlis olmayaraq deyən kimsələrlə də belə olur. Örnək üçün, onlar eu və ya oi yerinə ei diftonqunu işlədir; yanlışını duyan insan onu düzəltmək istəyəndə isə birdən ei yerinə eu və ya oi deyir. Bu durumda, görünür, qarşıdakı kimsənin onun davranışlarına necə yanaşması söz danışan kimsəni maraqlandırır. O, birdən qarşısındakının onun ana dilində yaxşı danışa bilmədiyini düşünməsindən çəkinir. Burada birinci yanlışdan sonra bilərəkdən buraxılan ikinci yanlışla söz danışan adam qarşısındakına özü öz yanlışını anladığını çatdırmaq istəyir. Söz yanılmalarının içində ən çox baş verənləri, ən sadə və gözə çarpmaz olanları sözün daralması ilə, bir də danışanın demək istədiyi başqa bir sözə uyması ilə bağlı olaraq yol verdiyi yanılmalardır. Çox uzun cümlə deyiləndə də yanılma baş verir və sonda deyilməli olan söz daha tez deyilərək yanlışlıq yaradır. Burada danışanın öz sözünün uzunluğundan bezdiyi təsəvvürü yaranır və doğrudan da, söz yiyəsinin, elə bil, dediyi cümləni tez qurtarmaq istəməsi gözə çarpır. Bu isə onun düşüncələrinə təsir edən və danışılan cümləyə, yaxud da, ola bilsin, bütünlüklə demək istənilənlərə qarşı olan pozucu bir niyyətin olmasından soraq verir. Beləliklə də, biz bu durumda söz yanılmasını anlamaqda iki fərqli baxış sərgiləyən, psixoanalitik və fizioloji yanaşmalar arasındakı fərqlərin silindiyi bir xəttin üstünə gəlib çıxırıq. Bizim ehtimalımıza görə, bu durumda danışığı pozmağa çalışan bir niyyət vardır, ancaq bu niyyətin pozuculuq meyli açıq-aydın görünmür, o yalnız güclə sezilən bir qaraltı kimi gözə dəyir. Onun törətdiyi pozuculuq hansısa səslənmədən, yaxud da duyğuya qapılmaqdan yaranır, bu isə danışanın diqqətinin öz dediyindən yayınması kimi anlaşılır. Ancaq buradakı diqqətin yayınması da, hansısa duyğuya qapılmalar da baş verən prosesin mahiyyətinə aydınlıq gətirə bilmir. Onlar yalnız bu yanılmaya səbəb olan, hansısa başqa bir deyilmək istəyən pozucu niyyətin varlığından soraq verirlər, ancaq bu niyyət çox üstü örtülü qaldığından, pozucu niyyətlərin aydın göründüyü yanılmalardan fərqli olaraq, onları üzə çıxarmaq və baş verən yanılmanın səbəbini aydınlaşdırmaq olmur.
Araşdırmağa başlamaq istədiyim yanlış yazma (Verschreiben) öz özəllikləri ilə söz yanılmasına çox uyğun gəldiyindən, onun öyrənilməsindən nə isə bir gözə çarpacaq yeniliyin üzə çıxacağını gözləməyə də dəyməz. Ancaq bu araşdırmada yanlış yazmanın yaranma səbəbi ilə bağlı, ola bilsin, bir-iki kiçik yeniliklər öyrənə bildik.
Yanlış yazmalarda özünü göstərən sözlərin qısaldılması, sonradan deyiləcək, çox vaxt da sonda deyilməli olan sözlərin öncədən yazılması kimi olaylar bu mətnin könülsüz yazılmasından və yazanın gördüyü bu işdən bezdiyindən soraq verir; öz aydınlığı ilə seçilən yanlış yazmalarda buradakı pozucu meylin xarakterini və məqsədini aydınlaşdırmaq olur. Məktubda hansısa yanlış yazı ilə üzləşəndə onu yazanın özündə olmadığını anlayırsan, ancaq məktubu yazan anda onu nəyin özündən çıxardığını öyrənmək həmişə baş tutmur. Yazı yanlışı buraxan, söz yanılmasına uğrayan kimsə çox vaxt özü bunu sezmir. Buradakı çox qəribə bir duruma da göz yetirməyə dəyər: bir çox insanlar vərdiş kimi yazdıqları məktubları göndərməzdən öncə bir də oxuyurlar. Bir başqalarında isə bu vərdiş yoxdur; ən maraqlısı isə, belə vərdişi olmayan insanlar birdən, nəyə görəsə, yazdıqları məktubları göndərməzdən öncə oxuyarlarsa, onda hökmən buraxdıqları yazı yanlışlarını sezir və onu düzəldirlər. Bu niyə belə olur? Adama elə gəlir, bu adamlar, sanasan, yazılarında yanlışa yol verdiklərini bilirlər. Belə bir ehtimala inanmaq olarmı?
Yazıda yanılmanın yozumunun praktikada yoxlanılması ilə bağlı çox qəribə bir problem də vardır. Siz, ola bilsin, qatil X. ilə bağlı baş vermiş olayı bilirsiniz, bu adam özünü bakterioloq kimi tanıdaraq, elmi-araşdırma institutundan insan yaşamı üçün olduqca qorxulu olan bakteriyaları götürə bilmişdi və irs olaraq ala biləcəyi mülkiyyəti onunla bölüşməli olan doğmalarını aradan götürmək üçün bu “müasir silah”dan yararlanmışdı. Bir dəfə o bu bakteriyaları götürdüyü institutların birinə yazdığı məktubda onlardan aldığı bakteriyaların təsirsiz olduğu ilə bağlı şikayətlənmişdi və bu məktubunda çaşaraq “mənim siçanlar və dəniz donuzcuqları üzərində apardığım təcrübələr” yerinə “mənim insanlar üzərində apardığım təcrübələr” yazmışdı. Bu yazı yanılması institutun həkimlərinin gözünə sataşmışdı, ancaq bildiyimə görə, onlar buna heç bir önəm verməmişdilər. Siz necə düşünürsünüz? Həkimlər bu yazı yanılmasını onun cinayətini boynuna alması kimi yozub, istintaq orqanlarına xəbər verərək, bu cinayətin qarşısını vaxtında ala bilərdilərmi? Yanlış davranışların yozulması ilə bağlı bizim irəli sürdüyümüz nəzəriyyənin ortada olmaması praktikada belə bir önəmli işin aydınlaşdırılmasının qarşısını almamışdımı? Ancaq mənə elə gəlir, deyilən yazı yanılması necə şübhəli görünsə də, burada yaranmış bir durum ondan birbaşa dəlil kimi yararlanmağın qarşısını alır. Axı hər şey heç də düşünüldüyü qədər sadə deyildir. Buradakı yazı yanılması onu yazana qarşı yönəlmiş bir dəlildir, ancaq bu ona qarşı istintaq başlamaq üçün yetərli deyildir. Bu yazı yanılması onu yazan adamın əlində olan bu bakteriyalarla insanları da yoluxdurmaq düşüncəsinə gələ biləcəyini göstərir, ancaq bu yanılma ilə onun həmin düşüncəsini, doğrudan da, gerçəkləşdirmək istədiyini, yoxsa bütün bunların onun ziyansız bir fantaziyası olduğunu sonacan aydınlaşdırmaq olmur.
Ola bilər, buna oxşar yazı yanılması buraxmış başqa birisi onun düşüncələrində heç bir ziyanlı fantaziyanın olmadığını desin və belə düşüncələrin ona büsbütün yad olduğuna inansın. Belə bir durumda isə biz psixi, praktiki gerçəkliyi araşdırıb tutuşdurmalı olacağıq və ancaq bundan sonra o adamın belə bir işi görməyə yönəlik olub-olmadığını aydınlaşdıra biləcəyik. Deməli, baxdığımız bu yanlış davranışın içində olan gizli niyyətin sonacan aydınlaşdırılması da bizim üçün qaranlıq qalacaqdır.
Yanlış oxumaq ilə bağlı olan durumda biz söz yanılması ilə yazı yanılmasında olduğundan büsbütün fərqli olan bir psixi durumla qarşılaşırıq. Buna qədər olan yanılmalarda özünü göstərən iki toqquşan niyyətin yerini burada duyğulanmadan yaranan qıcıqlanma tutur və görünür, elə buna görə də o çox dayanıqsız olur. Burada yazmaqdan fərqli olaraq, oxunan mətn onu oxuyan kimsənin öz psixi yaşamından törəməmişdir. Oxumada baş verən yanılmalarda, başlıca olaraq, hansısa oxunmalı olan bir sözün yerini bütünlüklə başqa bir söz tutur. Oxunmalı olan düzgün sözün yerini tutan yanlış söz oxunan mətnin məzmunu ilə heç ilişkisi olmayan bir söz də ola bilər və çox vaxt buradakı yanlış sözün oxunmalı olan sözlə oxşarlığı, səslənmə uyğunluğu olur. Lixtenberqin gətirdiyi örnəkdə olduğu kimi, angenommen yerinə
Aqamemnon deyilməsi bu tip yanılmalar üçün çox xarakterikdir. Biz yanlış oxumanı törədən meyli tapmaq istəyiriksə, onda gərək yanlış oxunan mətni bir qırağa qoyub iki momenti bütün incəliklərinə qədər araşdırmağa çalışaq: oxuyanda yanılan bu kimsənin oxumağa başlamazdan öncə başından hansı düşüncə keçmişdir və bu düşüncə hansı durumda yarana bilərdi? Çox vaxt soruşduğumuz bu durumun necə yarandığını bilməyimiz oxumaqla bağlı yanılmanın necə baş verdiyini anlamaq üçün yetərli olur. Örnək üçün, tanış olmadığı bir şəhərdə tualet ehtiyacı hiss etmiş birisi vurnuxub tualet axtarır, birdən bir evin birinci mərtəbəsində çox hündürdən böyük bir lövhədə yazılmış klozet (Klosetthaus), yəni tualet sözü gözünə sataşır. Lövhənin niyə belə hündürdən asıldığına təəccübünü gizlədə bilməyən bu adam bir də lövhəyə baxıb lövhədəki yazının klozet yox, korset olduğunu görür. Mətndə yazılanlarla bağlı olmayaraq baş verən yanlış oxumanın yarandığı başqa durumlarda isə əksinə, çox dərin araşdırmalara gərək duyulur və psixoanalizin üsullarını bilmədən və onlara güvənmədən bu araşdırmaları aparmaq mümkün deyildir. Ancaq durumların çoxunda yanlış oxumanın nədən baş verdiyini aydınlaşdırmaq çətin deyildir. Aqamemnon sözünün yerinə başqa bir sözün keçməsi ilə bağlı örnəkdə bu pozuculuq yaradan sözün hansı düşüncələrin çevrəsindən özünə yol tapıb ortaya çıxdığı bəllidir. Bu epopeyada baş verən savaşlardakı yer, insan adları və çoxlu terminlər indi işlənmədiyindən, qarşılaşılan şəhər adları, qoşun başçılarının adları və savaşla bağlı terminləri oxuduqca onlara oxşarlığı ilə qulağa yatımlı olan sözlər xatırlanmağa başlayır. Ona görə də bu düşüncələrə qapılan insan üçün maraqlı və əyləncəli olan bu oxşar sözlər onun üçün yad və anlaşılmaz olan sözlərin yerini tutur. Oxşar sözlərin düşüncədə ilişib qalması isə bu yeni sözlərin qavranılmasını çətinləşdirir.
Yanlış oxumalarda çox sıx-sıx rast gəlinən durumlardan biri də mətnin özünün oxuyanı yanıltmağa yönəltməsi ilə bağlıdır, bu isə mətnin öz-özünün əksinə çevrilməsinə gətirib çıxarır. Araşdırmaların gətirib çıxardığı inandırıcı sonuclarının göstərdiyi kimi, birisi ürəyincə olmayan hansısa mətni oxumalı olursa, oxuduqlarını bəyənməzlikdən yaranan və buna görə də oxuduğu mətni danmaqla bağlı getdikcə artan istəyi onu oxuduğu mətni dəyişdirməyə yönəldir.
Yanılmaların yaranması mexanizmində çox önəmli rol oynadığına inandığımız iki faktor indiyədək araşdırdığımız yanlış oxuma ilə bağlı olaylarda gözə dəymir: burada nə bir-biri ilə toqquşan iki əks niyyətlər, nə də onlardan birinin sıxışdırılaraq sonradan özünün varlığını yanılmalarda üzə çıxarması vardır. Beləliklə də, yanlış oxumada hansısa əks niyyətləri aramağa gərək duyulmur, habelə yanlış oxumağa yönəldən düşüncənin özü açıq-aydın göz önündədir və onun haçansa sıxışdırılması da araşdırma mövzusu deyildir. Ancaq unutqanlıq ilə bağlı yanılmaların törənməsində dediyimiz bu iki faktorun varlığı başlıca yer tutur.
Hansısa niyyətin unudula bilməsindən yaranan yanılma danılmaz bir gerçəklikdir və onun yozulması ilə bağlı deyilənlərə bu mövzu üzrə bilgili olmayanlar belə qarşı çıxmırlar. Bu yanılmalarda həmişə unudulan niyyətin əksi olan, onu unutdurmağa çalışan, gerçəkləşməyə qoymayan bir pozucu niyyət vardır və burada bizim başlıca işimiz bu əks niyyətin nədən dərinliklərdə gizlənməyib tez üzə çıxması və onun nə üçün yaranmasıdır. Ancaq necə olsa da, burada unudulan niyyətə qarşı olan bir niyyətin varlığına söz ola bilməz. Aradabir bu iradənin əksinə çıxan niyyətin nə üçün gizli qalmaq istədiyini də aydınlaşdırmaq olur. Beləliklə də, bu əks niyyət özünü gizləyərək yanılmalar törətməklə öz məqsədinə çatır, görünür, özünü açıq-aydın göstərmək istəməsi onun danılmasına və aradan qaldırılmasına gətirib çıxaracağı üçün də o belə üstüörtülü qalmağı seçir. Birdən hansısa niyyətin yerinə yetirilməsi üçün lazım olan psixoloji durum dəyişildiyindən, onu yerinə yetirmək baş tutmursa, onda belə niyyətin unudulması yanlış davranışların olduğu çevrədən qırağa çıxır. Belə bir unudulma kimsəni təəccübləndirmir; dəyərini itirmiş niyyətin xatırlanması gərəksizləşdiyindən o, uzun bir müddətdə unudulur. Bundan başqa, yerdə qalan bütün unudulmalar yanlış davranışlar sayılır.
Niyyətin unudulması ilə bağlı yanılmalar olduqca gözəçarpan olduğundan, onların araşdırılması bizim üçün maraqlı deyildir. Ancaq bu yanılmaları araşdırmaqla iki baxımdan bəzi yeniliklər öyrənə bilərik. Biz unutmanın, daha doğrusu, niyyətin yerinə yetirilməməsinin, bu niyyətə qarşı çıxan əks niyyətin olduğundan soraq verdiyini demişdik. Bu dediklərimiz öz yerində qalmaqla, bizim araşdırmalarımızın göstərdiyinə görə, buradakı əks niyyətlər iki yerə bölünür, bunlar: başlıca niyyəti birbaşa pozan və bir də bu niyyətin pozulmasına vasitəçilik edən niyyətlər olurlar.
Gəlin hər hansı bir niyyətin pozulmasına vasitəçilik edən niyyətin nə demək olduğunu örnəklərlə aydınlaşdırmağa çalışaq. Kimisə himayə edən birisi onun işini yoluna qoymaq üçün bir başqası ilə danışmağı unutmuşsa, bunun baş vermə səbəbi, onun himayə etdiyi adama qarşı laqeydliyi və onun işini yoluna qoymaq üçün başqasına ağız açmağı istəməməsi ola bilər. Elə sözü yerə düşən himayədə olan kimsə də onun bu unutqanlığını belə başa düşür. Ancaq bu durum heç də göründüyü qədər sadə deyildir. Öz niyyətinin əksinə olaraq himayə etdiyi birisinin xahişini unutmaq bütünlüklə başqa bir səbəbdən də yarana bilər və bunun himayə etdiyi adamla heç bir ilişkisi olmaya da bilər. Bu əks niyyət himayə olunana qarşı yox, onun işini düzəltməli olan adama qarşı ola bilər. Gördüyünüz kimi, bizim yozumumuzun praktikaya tətbiqində necə də şübhəli durumlar ortaya çıxa bilir. Baş verən unutmanın yozumu sonuncu dediyimiz yozumla açıqlana bilsə də, burada himayə olunanın öz himayəçisinə yanaşmasında aşırı bir inamsızlıq və ədalətsizlik də özünü göstərə bilər.
Yaxud birdən kiminləsə görüşməli olan birisi qabaqcadan onunla görüşmək niyyətində olub, ancaq görüşə gəlməyi unudursa, bu onun həmin adamla görüşməyi istəməməsinə yozulur. Ancaq aparılan araşdırmalar, bir sıra durumlarda, burada başqa səbəblərin də ola biləcəyini üzə çıxarır. Unutmanı törədən pozucu niyyət görüşüləcək adama qarşı deyil, görüş yerinə qarşı da ola bilər və ola bilsin, bu yer görüşə gələcək adam üçün hansısa xoşagəlməz xatirələrlə bağlıdır və o bu xatirələri unutmağa çalışdığı üçün belə bir unutqanlığa qapılmışdır. Yaxud da yazılan məktubun göndərilməsinin unudulması ilə bağlı olayda üzə çıxan əks niyyət məktubun məzmunu ilə bağlı ola bilər; ancaq ola da bilər ki, bu, içində adi sözlər yazılmış məktubun məzmunu yox, sadəcə, məktubun özü, ondan qabaq yazılmış hansısa başqa xoşagəlməz bir məktubu xatırlatdığına görə, unutqanlığa gətirib çıxaran pozucu niyyətin yaranmasına səbəb olur. Onda belə çıxır, bundan qabaqkı məktubla bağlı yaranmış əks niyyət özünü indi gerçəkləşdirməyə can atsa da, onun yaranmasında indi göndərilməsini unutdurduğu bu məktubun heç bir rolu yoxdur. Beləliklə də, gördüyünüz kimi, bizim doğru olan yozumlarımızdan yararlanarkən soyuqqanlı və tədbirli olmağa çalışmalıyıq; deməli, psixoloji baxımdan birmənalı saydığımız nəsnələr praktikada çoxlu anlamlar da daşıya bilər.
Belə olaylar sizə çox anlaşılmaz görünə bilər. Ola bilsin, siz bu “vasitəçilik eləyən” əks niyyətin baş verməsinin insanların sağlamlığının necəsə korlanması ilə bağlı yarandığını da düşünə bilərsiniz. Ancaq bu olayın bütünlüklə normal və sağlamlığı yerində olan adamların da başına gələ biləcəyini mən sizə ürəklə deyə bilərəm. Bütün bunları deyərkən, bir də, məni düzgün başa düşməyinizi istərdim. Mən özüm də, azacıq olsa belə, bizim yararlandığımız analitik yozumlara inamsızlıq bəsləmək istəmirəm. Yuxarıda örnək olaraq göstərdiyimiz, unutqanlıq yaradan niyyətin çoxanlamlılığına gəlincə, bu bizim baş verən olayı yalnız ümumi mülahizələrlə yozmağa çalışdığımız durumlarda olur, biz olay üzərində konkret araşdırmalara başlayanda bu çoxanlamlılıq da ortadan qalxır. Biz unutqanlığa uğramış adam üzərində araşdırma aparsaq, onda bu durumda birbaşa özünü göstərən əks niyyətin olub-olmadığını da, onun nə üçün yarandığını da bütün aydınlığı ilə öyrənə bilirik.
Buradakı ikinci momenti belə açıqlamaq olar: niyyətin unudulması ilə bağlı olayların baş verməsinin, ona qarşı olan hansısa əks iradənin varlığından yarandığının inandırıcılığını öz araşdırmalarımızla görə biliriksə, onda bu əks iradənin bütün başqa unutqanlıqlarla bağlı durumlarda olmasını da düşünməyə dəyər və araşdırdığımız hansısa belə olayda unutqanlığa qapılmış birisinin belə bir əks iradəsinin olmasını boynundan atması da bizi belə düşünməkdən çəkindirməməlidir. Gəlin unutqanlıqla bağlı çox geniş yayılmış bir sıra örnəklərə: oxumaq üçün götürülmüş kitabın, borc faizinin və borcun qaytarılmasının unudulması ilə bağlı olaylara baxaq. Biz heç nədən çəkinmədən, unutqanlıqda başqa bir niyyəti olmadığını deyən kimsəyə üz tutub, onun bu unutqanlığının səbəbinin kitabı özündə saxlamaq istəməsi və borcunu ödəmək istəməməsi olduğunu deyəcəyik, yoxsa onun bu davranışını başqa heç bir şeylə yozmaq mümkün deyildir, onun belə bir niyyəti olmuş, ancaq ola bilsin, o özü də bu niyyətindən xəbərsiz olmuşdur; biz isə onun belə bir gizli niyyətinin olduğunu baş verən unutqanlıqdan duya bilmişik. Unutqan kimsə bütün bunları dana, baş verən olayın adi bir yaddan çıxma olduğunu deyə bilər. Elə bilirəm, sizlər bizim belə bir durumla öncə də üzləşdiyimizi xatırlayırsınız. Biz indi yanlış davranışlarla bağlı arxalandığımız, özünü çoxlu örnəklərdə doğrultmuş yozum yolunu ardıcıl olaraq tətbiq eləmək istəyiriksə, onda qaçılmaz olaraq belə bir qənaətə gəlib çıxacağıq: unutqanlığa qapılmış bu insanın, bunu özünün bilib-bilməməsindən asılı olmayaraq, deyilən əks niyyəti olmuşdur. Ancaq belə deməklə biz istər yaşamda, istərsə də psixologiyada ağalıq eləyən və çoxluğun razılaşdığı baxışlara qarşı çıxmış oluruq.
Kimlik bildirən adların və yad dildən alınma adların, habelə yad dildə olan başqa sözlərin unudulması da birbaşa, ya da dolayısı ilə bu sözlərə qarşı yönələn hansısa əks niyyətin olması ilə yozula bilər. Kiməsə qarşı olan açıq-aydın öcəşkənliyə görə yaranan belə unutmalarla bağlı örnəkləri bir az öncə göstərmişdik. Ancaq bu durumların yaranmasında dolayı səbəblər daha çox olur və onların tapılması üçün çox ciddi araşdırmalara gərək duyulur. Örnək üçün, bizim qabaqlar bəyəndiyimiz bir çox nəsnələrlə bağlı baxışlarımızı dəyişdirən müharibələr, çox anlaşılmaz görünən ilişkilərlə, yaddaşımızda olan bir çox adları unutdurmağa gətirib çıxarır. Bu yaxınlarda mənim başıma belə bir olay gəlmişdi: nə qədər çalışırdımsa Moraviyada yerləşən Bizents şəhərinin adını xatırlaya bilmirdim. Sonradan apardığım araşdırmalar bu şəhərə qarşı heç bir bəyənməzlik duyğumun olmadığını üzə çıxardı, sən demə, mənim illər öncə yaşadığım, bu gün məndə yaxşı duyğular oyatmayan Orvieto şəhərində yerləşən Bizentsi otelinin adının bu şəhərin adı ilə oxşarlığı belə bir unutqanlığın yaranma səbəbi olubmuş. Burada hansısa adın yaddaşa qayıtmasının qarşısını alan meyli doğuran ilkin prinsip sonradan özünü nevrotik pozuntuların yaranmasında daha da güclü şəkildə göstərir: bu prinsip yaddaşın xatırlanması xoşagəlməz duyğular oyadan nələrisə xatırlamasının qarşısını alır və bununla da o xoşagəlməz duyğuları yenidən yaşamağın yolunu bağlamağa çalışır. Qaynağı yaddaş və ya başqa bir psixi akt olan xoşagəlməz duyğulardan qurtulmaq niyyətini, başqa sözlə desək, xoşagəlməzlikdən psixi olaraq yayınmaq istəyi təkcə elə adların, sözlərin unudulmasının səbəbi deyil, o hətta çoxlu başqa yanlış davranışların da yaranma səbəbidir və adi çaşqınlıqların yaranmasında da rol oynayır.
Ancaq görünür, adların unudulmasını psixofizioloji səbəblərlə daha yüngüllüklə yozmaq olduğu üçün, bir çox durumlarda bu yanılmanı xoşagəlməz duyğuların oyanmasından yayınmaq kimi yozmaq özünü doğrultmur. Birdən kimsə adları unutmağa yönəlik olursa, analitik araşdırmaların göstərdiyi kimi, bu heç də həmişə bu adların onda birbaşa və ya dolayısı ilə xoşagəlməz duyğular yaratması ilə bağlı olmur, bu adama yad olan birisinin daşıdığı adın, ona olduqca doğma olan və kövrək duyğular yaradan adlar çevrəsindən olması da bu adın unudulmasına gətirib çıxara bilər. Bu ad onunla eyni olan adın yaratdığı duyğuları doğura bilmədiyi üçün bu çevrədə tutulub saxlanılır və ondan çıxıb yaddaşa gəlib çata bilmir. Siz yaddaşın inkişaf etdirilməsi texnikası (mnemotexnika) ilə bağlı üsullarla tanış olsanız, belə bir təəccüblü faktla qarşılaşacaqsınız: adlar çox vaxt onları unutmamaq üçün düşünülərək qurulmuş əlaqələrin ucbatından unudulur. Buna ən parlaq örnək olaraq, başqa-başqa insanlar üçün fərqli psixoloji dəyər daşıyıcısı olan insan adlarını göstərmək olar. Gəlin Teodor adını götürüb baxaq. Kimin üçünsə bu adın elə bir dəyəri yoxdur, başqası üçün bu, ola bilsin, atasının, qardaşının, dostunun adıdır, yaxud da elə onun öz adıdır.
Analitik araşdırmaların göstərdiyinə görə, birinci durumda, daha doğrusu, bu ad kimin üçünsə yad bir adamın adı olduqda, onu unutmaq üçün heç bir əsas yoxdur, ikinci durumda isə, onun üçün doğma olan və kövrək duyğular yaradan adamla eyni bir adı daşıyan adamın adı yaddaşdan sıxışdırılacaqdır. İndi isə duyğuların xatırlamanı tormozlamasını xoşagəlməz duyğuların oyanması prinsipi ilə birləşdirin, bunların üstünə dolayısı ilə unutqanlıq yaradan mexanizmi də gəlin, onda sizin adların unudulmasını doğuran səbəblərin necə də mürəkkəb olması ilə bağlı olan təsəvvürləriniz bitkinləşəcəkdir. Bu mürəkkəblikdən baş açmağın yolu isə hər bir durumla bağlı dərin araşdırmalar aparılmasından keçir.
Təəssüratları və ömrün keçilmiş sınaqlarını unutmaqla bağlı faktlar adları unutmaqdan qat-qat güclü olaraq üzə çıxan gerçəklikdir və onlarda xoşagəlməz xatirələrin aradan qaldırılması niyyəti açıq-aydın özünü göstərməkdədir. Belə unutqanlıqları bütünlüklə yanlış davranışlar sırasına yazmaq doğru olmazdı. Bu unudulmalar yalnız adi həyat təcrübəsindən kənara çıxdığı ölçülərdə yanlış davranışlar sayıla bilərlər. Örnək üçün, çox yaxın vaxtda baş vermiş, yaxud çox önəmli təəssüratın unudulması bu sıradandır və ya yaddaşda çox yaxşı qalmış olayların arasında əlaqə yaradan hansısa təəssüratın və önəmli epizodun unudulması da yanlış davranışlar çevrəsinə düşür. Bizim düşüncə və qavramımızda çox dərin izlər buraxmış belə yaşam olaylarını, tutalım, ilk uşaqlıq çağımızda yaşadığımız anları niyə unutduğumuza cavab axtaranda bütün bunların adi unutqanlıqlar olmayıb, keçmişlə bağlı xoşagəlməz xatirələrdən və ağrı-acılı duyğulardan qorunmaq istəyi ilə bağlı olduğu bəlli olur, ancaq bu olayların baş verməsi təkcə elə bu niyyətlərin varlığı ilə sonacan yozula da bilmir. Xoşagəlməz təəssüratların asanlıqla unudulması danılmaz bir faktdır. Bunun belə olduğunu keçmişdə yaşamış psixoloqlar da bilirdilər, hətta bu faktın varlığı böyük Darvində çox güclü təəssürat yaratdığından, o özü üçün belə bir
“qızıl qayda” qoymuşdu: bu böyük alim onun təkamül nəzəriyyəsinin yararına deyilmiş mülahizələrin yaddaşında yaxşı qorunub saxlandığını, bu nəzəriyyəyə qarşı olan fikirlərin isə çox tez unudulduğunu bildiyindən, nəzəriyyəsinin əksinə olan arqumentləri gecikdirmədən və bütün genişliyi ilə yazıya alırdı.
Arzuolunmaz xatirələrdən unudulma yolu ilə qorunmaq prinsipinin varlığı ilə bağlı ilk dəfə eşidənlər çox vaxt buna qarşı çıxır, insanların öz yaşamlarında baş verən xoşagəlməz olayları və yaşadıqları ağrı-acılarını, tutalım, özünün alçaldılması və incidilməsi ilə bağlı hansısa olayları çox gec unutduqlarını, örnəklər göstərməklə, sübut eləməyə çalışırlar. Bu kimi ayrı-ayrı faktlar doğru olsa da, o bizim sübutlarımıza qarşı tutarlı arqument sayıla bilməz. Burada, ilk növbədə, insan ruhunun bir-birinə qarşı olan əks niyyətlərin savaş meydanı olduğunu, ruhun dinamik olmayan durumunda onun qarşılıqlı əks olan bu ikiliklərin əlində qalıb çaşqınlığa uğradığını anlamaq gərəkdir. Hansısa yararlı olan niyyətin varlığı heç də ona qarşı olan əks niyyətin olmaması demək deyildir, burada onların ikisinə də yer çatır. Ən başlıcası isə, bu iki qarşılıqlı əks olan meyillərin bir-biri ilə hansı ilişkilərdə olması və onların hansının fəaliyyətindən nələrin yaranıb üzə çıxmasıdır.
Nəyisə itirməklə və gizlədib yerini unutmaqla bağlı baş verən yanılmalar, onların yaranmasına gətirib çıxaran faktorların çoxanlamlılığı və müxtəlif meyilliliyi ilə bizim üçün çox maraqlıdır. Bu faktorları ümumiləşdirmək istəsək, onların hamısının bir adı vardır: öncədən, bu itirilən nəsnədən yaxa qurtarmaqla bağlı hansısa gizli bir niyyət olmuşdur; ancaq bu niyyətin hansı məqsədlə yaranmasının səbəbləri çox fərqli ola bilər. Dediyimiz kimi, hansısa nəsnəni itirməklə bağlı istəyin yaranması səbəbləri çox fərqli ola bilər: onun köhnəlməsi, ondan yaxşısının əldə olunmasını ummaq, onun gözdən düşməsi, onun ilişkilərin korlandığı birisini xatırlatması, onun əldə olunması ilə bağlı olan xoşagəlməz durumu xatırlamaqdan yaxa qurtarmaq kimi çoxlu faktorlar bu səbəbi törədə bilər. Elə buna görə də çox vaxt yiyələri bu nəsnələri itirməzdən öncə əzir, korlayır, sındırırlar. Toplumla bağlı aparılan araşdırmalarda arzuolunmaz və ya evlilik olmadan doğulan uşaqların çox vaxt qanuni evlilikdən doğulan uşaqlarla müqayisədə daha çox xəstə olmaları üzə çıxmışdır. Bildiyiniz kimi, kütlə arasında yayılan bir inanca görə, bu uşaqlara qayğı göstərilməməsi onların erkən yaşlarında ölərək mələklərə çevrilməsinə gətirib çıxarır, ancaq belə uydurmalara uymadan bu uşaqların onlara gərəkən qulluğun göstərilməməsindən tez-tez xəstələndikləri və onların arasında ölüm sayının çox olması, elə bilirəm, hamı üçün aydındır. Nəsnələrə bəslənən qayğı da elə bu uşaqlarla bağlı örnəkdəki kimi olur.
Ola da bilər ki, itirilən heç öz dəyərini itirməmiş bir nəsnə olsun. Buradakı itki bu nəsnənin yiyəsinin öz taleyində nəyisə qurban vermək niyyətindən də yarana bilər, yəni itən nəsnənin yiyəsinin, itirilən bu nəsnə ilə onda çox güclü qorxu doğuran başqa bir itkinin qarşısını almaq istəyi də buna gətirib çıxara bilər. İnsanın öz taleyinin belə qarğışlarına tuş gəlməsi, psixoanalitik araşdırmaların da göstərdiyi kimi, çox tez-tez baş verən olaylar sırasındadır, ona görə də bizim itkilərimiz könüllü verdiyimiz qurbanlar sayıla bilər. İtkilər insanın tərsliyinə salıb öz-özünü cəzalandırmağa gəlib çıxması kimi də baş verə bilər; sözün qısası, hansısa nəsnənin itirilməsi ilə bağlı çoxlu durumlar yozuma uğramayacaq qədər mürəkkəb də ola bilirlər.
Özünü itirmə (Vergreifen) və bu kimi başqa çaşqınlıqlarda (İrrtümer) insanlar çox vaxt könülsüz əl çəkdikləri niyyətlərini gerçəkləşdirməyə can atırlar. Buradakı gizli niyyət çox vaxt xoş təsadüf adı altında gizlənmiş olur. Məsələn, mənim yaxın bir dostumun başına belə bir iş gəlmişdi: o, dəmir yolu ilə, görməyə gözü olmadığı bir şəhərə getməli idi, ancaq qatarı dəyişməli olduğu stansiyaların birində, yanlış olaraq, başqa qatara minib geri qayıtmışdı. Yaxud da getməli olduğun uzun bir yolun yarısında bir az dayanıb gəzib-dolanmaq istəyirsən, ancaq görməli olduğun işlər buna yol vermir, onda bir də görürsən, minməli olduğun qatara gecikmisən və gəzmək üçün ürəyin istədiyi vaxtı da qazanmısan. Bunun kimi başqa bir olay mənim xəstəmin başına gəlmişdi. Mən ona sevdiyi qadına zəng eləməyi yasaqlamışdım, o isə
“dalğınlığa qapıldığından”, mənə zəng eləmək istəyəndə “yanılaraq” telefonçuya mənim nömrəmi deməkdənsə sevdiyi qadının telefon nömrəsini deyərək onunla danışmışdı. Gerçəklikdə baş verən bu kimi olayların gözəl bir örnəyini bir mühəndis belə danışır: “Bu yaxınlarda mən öz iş yoldaşlarımla bir institutda elastikliklə bağlı çox mürəkkəb bir eksperiment üzərində işləyirdik; bizim könüllü olaraq qoşulduğumuz bu iş gözlədiyimiz vaxtdan qat-qat uzun çəkməyə başladı. Günlərin birində mən iş yoldaşım F. ilə laboratoriyaya, başladığımız işi davam elətdirmək üçün getməli olduq, ancaq F. deyinməyə başladı və bu gün burada belə çox vaxt itirmək istəmədiyini, evdə görüləsi çoxlu işlərinin tökülüb qaldığını dedi; mən onunla razılaşıb zarafatla dedim: “Ümid edirəm, keçən həftədə olduğu kimi, işlədiyimiz qurğu bu gün də sınacaq və biz evə tez qayıda biləcəyik”. İş elə gətirmişdi ki, F. apardığımız sınağın gedişində presin kranını idarə eləməli idi, o gərək kranı yavaş- yavaş açaraq akkumulyatorda yüksək təzyiq altında olan mayeni hidravlik presin silindrinə boşaldaydı. Eksperimentə başçılıq eləyən bu vaxt monometrin yanında dayanmışdı və təzyiq gərəkən səviyyəyə çatanda qışqırdı: “Stop!” Bu komandanı eşidən kimi F. var gücü ilə kranı sola fırlatmışdı (buradakı kranların hamısı sağa fırlanmaqla bağlanır!).
Bu isə akkumulyatordakı təzyiqin çox yüksəlməsinə gətirib çıxardığından, mayenin yığılıb saxlandığı boru bu təzyiqə davam gətirməyib partladı, beləliklə də, maşında çox da ciddi olmayan sınıqlıq yarandı və biz bugünkü işi saxlayıb evə getməli olduq.
Ən qəribə olanı isə, bu olayın üstündən bir neçə gün keçəndən sonra mən o günü maşının sınması ilə bağlı həmin olayı danışanda F. bu olayı əsla xatırlaya bilmədi”.
Bu təsadüfə baxarkən, sizin ev qulluqçunuzun da belə bir kiçik təsadüfə görə evinizdə çox qorxulu işlər törədə biləcəyini düşünməyinizə dəyər. Bütün bunlara baxanda istər-istəməz belə bir sorğu yaranır: insanın öz zərərinə gördüyü işlər, yaxud öz həyatını təhlükə qarşısında qoyan hərəkətləri həmişəmi təsadüfən baş verir? Bütün bu durumlarda baş verənləri siz öz müşahidələrinizi analiz eləməklə dəyərləndirə bilərsiniz.
Sevimli dinləyicilər! Bütün bunlar yanlış davranışlarla bağlı deyilə biləcəklərin hamısı deyildir. Burada hələ olduqca çoxlu araşdırılmalı və dəyərləndirilməli nəsnələr vardır. Ancaq mənim bu danışıqlarımdan sonra siz bunadək olan baxışlarınızdan əl çəkib, yeni baxışlara yiyələnmək istəyinə düşmüsünüzsə, mənim üçün elə bu da yetərlidir. Bir sözlə, mən burada araşdırdığımız mövzunun bir sıra yönlərinin hələ də sonacan aydınlaşdırıla bilmədiyini deməyə də gərək duyuram. Yanlış davranışları öyrənərək biz bunların necə baş verməsi ilə bağlı irəli sürdüyümüz mülahizələrimizin heç də hamısının doğruluğunu sübut eləyə bilmirik. Görünür, bu mülahizələrimizin doğruluğunu sübut eləmək üçün bizim başqa davranışlarımızla bağlı olan materiallardan da yararlanmağa çalışmalıyıq. Yanlış davranışların öyrənilməsini bizim üçün dəyərli edən onların çox sıx-sıx baş verməsi və gözəçarpan olmasıdır. Ən başlıcası isə, biz onların baş verməsini öz üzərimizdə də izləyə bilirik və onların yaranmasının hansısa xəstəliklərlə bağlı olmadığını da deyə bilərik. Sözümün sonunda mən indiyədək cavab vermədiyim bir sorğunun üstündə dayanmaq istərdim: çoxlu örnəklərdən gördüyümüz kimi, insanlar yanlış davranışların nədən baş verdiyini anlamağa belə çox yaxınlaşa bilirlərsə, çox vaxt bu yanılmaların daşıdığı anlamları da başa düşdükləri ilə öyünürlərsə, onda bu yanlış davranışları necə təsadüfi, heç bir anlamı olmayan olaylar saymaq olar və onların psixoanalitik yozumlarına qarşı olan bu dirənişlər nə üçündür?
Düz tapmısınız, bu çox təəccüblüdür və yozulmasına gərək duyulan bir mövzudur. Ancaq mən sizə bunun nə üçün belə olduğunu deməyəcəyəm, mənim bacardığım, sizləri bu mövzu ilə bağlı olan qarşılıqlı ilişkiləri anlamağa gətirib çıxarmaqla, özünüzün, mənsiz də, bütün bu sorğuların cavabını tapmağınıza çalışmaqdır.
İkinci bölmə
Yuxugörmə
1916 [1915-16]