On birinci mühazirə. YUXUGÖRMƏNİN İŞİ

Dəyərli xanımlar və bəylər! Siz yuxugörmənin senzurasının və onun simvolik təsvirlərinin nə demək olduğunu dərindən mənimsəmisinizsə, bu biliyinizlə yuxugörmənin məzmununun korlanmasını sonacan aydınlaşdıra bilməsəniz də, yuxugörmələrin böyük çoxluğunun gerçək anlamlarını qavraya bilərsiniz. Bunun üçün siz əlimizin altında olan, bir-birini tamamlayan, yuxugörmələri yozmaq üçün olan iki texnikadan yararlana bilərsiniz, daha doğrusunu desək, yxu görəni sorğulayaraq onun ağlına gələn sərbəst əlaqələndirici düşüncələri öyrənməklə, yuxugörmədəki əvəzedicilərdən onların gizlətdiyi gerçək anlamlara gedib çata bilərsiniz, habelə özəl biliklərinizə arxalanmaqla, yuxugörmənin simvollarının daşıdığı anlamları araşdıraraq gördüyünüz işi tamamlaya, ortaya çıxan boşluqları doldura bilərsiniz. Bu işin gedişində ortaya çıxan, inamsızlıq yarada bilən durumlar da vardır və onlarla bağlı aşağıda söz açacağıq.

İndi isə biz yenidən bir az öncə görmək istədiyimiz, ancaq əlimizdə yetərincə vasitələrin olmadığına görə dayandırmalı olduğumuz işin üzərinə qayıda bilərik.

Unutmamısınızsa, bu işin gedişində biz yuxugörmə elementinin yardımı ilə onun gizlin qalan anlamını araşdırarkən, onlar arasındakı asılılığın aşağıdakı dörd özəlliyini ayırd eləmişdik: bu elementlərin bütövdən ayrılan bölümlər olması; yuxugörmədə addımbaşı üstüörtülülüyün və ya eyhamın özünü göstərməsi; buradakı ortamda simvolik ilişkilərin geniş yer alması; bir də yuxugörmələrdə sözlərin və düşüncələrin obrazlı görüntülərə çevrilməsi. Yuxugörmənin ayrı-ayrı elementləri ilə bağlı gördüyümüz bu işi indi daha böyük miqyasda bütövlükdə yuxugörmənin özü üçün görməyə, yuxugörmənin bütün məzmununu yuxuyozma texnikasının yardımı ilə aydınlaşdırmağa, onun gizli qalan gerçək anlamı ilə tutuşdurmağa çalışacağıq.

Elə bilirəm, siz onları bir-biri ilə qarışdırmaqdan qaça biləcəksiniz. Bunu bacara bilsəniz, onda siz yuxugörmələri mənim “Yuxugörmələrin yozumu” kitabımı oxuyanların çoxundan daha yaxşı anlaya biləcəksiniz. Elə isə, qoyun mən bu anlayışların nə demək olduğunu sizə bir də xatırladım: yuxugörmənin gizlin qalan gerçək anlamını onun görünən açıq anlamına çevirmək yuxugörmənin işi (Traumarbeit) adlanır. Bunun tərsi olan işə, yəni yuxugörmənin açıq görünən anlamından onun gizli qalan gerçək anlamına gedib çıxmağa isə yuxugörmənin yozumu (Deutungsarbeit) deyilir. Yozumun işi yuxugörmənin gördüyü işi aradan qaldırmaq üçündür. Uşaq yuxugörmələrinə gəlincə, orada yuxugörmə istəklərin birbaşa gerçəkləşməsindən yaransa da, burada yuxugörmə özünün korlayıcı işini görmüş, daha doğrusunu desək, o burada ayıqlıqda yerinə yetməyən istəkləri gerçəkləşdirmişdir, habelə düşüncələri görünən obrazlara çevirərək ortaya çıxarmışdır. Ona görə də uşaq yuxuları üçün bu iki çevrilməni aradan qaldırmaqdan başqa bir yozuma gərək qalmır. Yuxugörmənin uşaq yuxugörmələrindən fərqli olan başqa tipli yuxugörmələrdə gördüyü işə isə biz yuxugörmənin korlanması (Traumentstellung) deyirik; bax elə bu korlanmanı aradan qaldırmaq da bizim yuxugörməni yozmaqla bağlı olan işimizdir.

Mən çoxlu sayda yuxugörmələrin yozumlarını tutuşdurmaq yolu ilə, yuxugörmənin öz işi ilə bu yuxugörmənin gizli qalan məzmununu necə dəyişdiyini sizlər üçün açıqlaya bilərəm. Ancaq sizdən də belə bir istəyim vardır, bu açıqlamaya vasvasılıqla yanaşmayasınız. Bu açıqlamalar, sadəcə, soyuqqanlılıqla dinlənilməli olan təsvirlərdən başqa bir şey deyildir.

Yuxugörmənin öz işində qazandığı ilk uğurunu qatılaşdırma (Verdichtung) adlandıra bilərik. Bu anlayışla biz yuxugörmənin açıq məzmununun onun gizlin qalan məzmunundan qısa olduğunu başa düşürük, daha doğrusu, yuxugörmənin açıq məzmunu onun gizli məzmununun qısaldılmış çevrilməsidir. Yuxugörmədə qatılaşmanın olmadığı durumlar da ola bilər, ancaq yuxugörmələrdə qatılaşmanın olması, bir qayda olaraq, çox sıx-sıx və olduqca aşırı formalarda baş verir. Bunun tərsi isə baş vermir, yəni yuxugörmənin açıq məzmunu heç vaxt onun gizlin məzmunundan uzun olmur. Yuxugörmədəki qatılaşma bu formalarda baş verir: 1) yuxugörmənin gizli məzmunundakı bir sıra elementlərin bütünlüklə buraxılması ilə; 2) yuxugörmənin gizli anlamındakı mürəkkəbliklərin yalnız bir bölümünün yuxugörmənin açıq məzmununa keçməsi ilə; 3) yuxugörmənin gizlin məzmunundakı oxşar elementlərin birləşərək açıq yuxugörmədə bir element kimi ortaya çıxması ilə.

İstəsəniz bu “qatılaşma” anlayışını indicə sadaladığımız formalardan təkcə üçüncüsü ilə bağlı işlətməklə də kifayətlənə bilərsiniz. Üçüncü bəndlə bağlı olan faktları aydınlaşdırmaq çox asandır. Özünüzün gördüyünüz yuxulardan siz bir neçə tanışınızın yuxugörmənizdə birləşib bir adama çevrildiyini asanlıqla xatırlaya bilərsiniz. Tanışlarınızın yuxugörmədə bir-birinə qatışması təxminən belə baş verir: yuxunuzda A-nı görürsünüz, ancaq o B kimi geyinibdir, onun gördüyü iş isə sizə C-nin gördüyü bir işi xatırladır, bununla yanaşı olaraq, siz yuxuda gördüyünüz bu adamın yəqinliklə Ç olduğunu bilirsiniz. Göründüyü kimi, belə qatıb-qarışdırmada tanıdığınız bu dörd kimsənin hər biri üçün ümumi olan nələrsə də vardır.

Yuxugörmədə ayrı-ayrı insanların beləcə bir-birinə qatıb-qarışdırılması kimi ayrı-ayrı predmetlərin və yerlərin də bu cür bir-birinə qovuşması ola bilər, həm də yuxugörmənin gizli məzmunundan ayrılan bu predmetlər və yerlər açıq yuxugörmədə onları birləşdirən hansısa ümumi olan özəlliklər üzrə qatışırlar. Bu isə belə ümumiliklərdən qurulmuş nüvənin özülündə ötəri-keçici olan yeni anlayışların yaradılmasına oxşayır. Ayrı-ayrı elementlərin bir-birinə qatılmasından yaranmış belə qatılaşma, bəlli olduğu kimi, yuxugörmədə qaranlıq, anlaşılmaz bir görünüş yaradır.

Birdən eyni bir fotolentlə üst-üstə bir neçə fotoşəkil çəkilsəydi, onun üstündə alınan qatışıq şəkil də elə yuxugörmədəki elementlərin bir-birinə qarışmasından alınan görünüşə oxşayardı.

Yuxugörmənin işinin baş tuta bilməsi üçün belə qatışıqların yaranması çox önəmlidir, ona görə də yuxugörmədə nəsnələr arasında öncədən olmayan ümumi özəlliklərin qondarılaraq ortaya çıxmasının da bilərəkdən (qəsdən) törədildiyini sübut eləmək olar, buna örnək olaraq, hansısa pozucu düşüncənin gerçək düşüncənin yerini tutmasını göstərə bilərik. Biz yuxugörmələrdəki belə qatılaşma və qarışdırma örnəkləri ilə artıq tanışıq; onların söz yanılmalarının yaranmasında oynadığı rol da bizə bəllidir. Gənc bir kişinin sayğılı bir xanımı ötürmək istəyini, onu aşağılamaq (beqleitdigen) istəməsi kimi dilə gətirdiyini, elə bilirəm, unutmamısınız. Bundan başqa da, danışıq dilində işlənilən bir çox atmacaların yaranması da belə qatılaşmalarla bağlı olur. Ancaq gətirdiyimiz bu örnəklərə baxmayaraq, yuxugörmələrdə baş verən bu prosesin anlaşılmaz və qəribə olduğu danılmazdır.

Düzdür, bizim fantaziyalarımızda da yuxugörmənin bir neçə adamın özəlliklərini qarışdırmasına uyğun örnəklər də vardır. Biz belə fantaziyalarımızla bir-biri ilə əlaqəsi olmayan obyektləri bir bütövdə birləşdiririk, tutalım, mifologiyadakı kentavrlar, habelə çoxsaylı əfsanəvi heyvanların yaradılmasında olduğu kimi, yaxud da rəssam Beklinin çəkdiyi şəkillərdəki kimi durumlarda bununla üzləşirik. Axı insanlarda özünü göstərən “yaradıcılıq fantaziyası”, doğrudan da, yeni heç nə yarada bilmir, yalnız bir-birinə yad olan nəsnələri bir-biri ilə calamaqla yaradıcılıq deyilən işi görmüş olur. Ancaq yuxugörmənin işində yaranan qəribəliyin belə bir səbəbi vardır: yuxugörmənin işinin üzərində çalışdığı material düşüncələrdən ibarətdir, habelə bunların bir çoxu ədəbsiz və deyilişi yolverilməz düşüncələr olsa da, onların hamısı anlamları büsbütün aydın olan düşüncələrdir. Bax elə bu aydın düşüncələr də yuxugörmənin işi ilə başqa bir formaya çevrilir və bu çevirmənin ən anlaşılmaz və qəribə olan özəlliyi isə yuxugörmənin işinin onların aydın anlamlı məzmununu çevirəndə yararlandığı şriftləri də, bu şriftlərdən alınan sözləri də bir-birinə qarışdırıb yeni kombinasiyalar yaratmasıdır. Bəlli olduğu kimi, hansısa mətni çevirəndə dilmanclar buradakı hər bir sözün anlamını ayrıca aydınlaşdırmağa çalışır, sözlərin bir-birinə qarışmasına yol vermirlər. Yuxugörmədə isə bunun büsbütün tərsi baş verir: burada iki büsbütün fərqli düşüncə bir-birinə qarışdırılır və bununla da, hər iki düşüncəni öz içində saxlaya bilən çoxanlamlı bir düşüncə yaradılmasına çalışılır və bu proses danışıq dilindəki atmacaların yaradılmasına çox oxşayır. Yuxugörmənin işinin yaratdığı bu keçidi ilk baxışdan anlamaq olmur, ancaq onu anlaya bilməyin yuxugörmənin işinin aydınlaşdırılması üçün çox böyük önəmi vardır.

Qatılaşma adlandırdığımız olay yuxugörməni anlaşılmaz eləsə də, onun bu işi yuxugörmənin senzurasının təsirinə qapılaraq elədiyi də inandırıcı görünmür. Bu olayın baş verməsini mexanikilik və qənaətcillik kimi faktorlarla bağlamaq daha ağlabatandır.

Qatılaşma olduqca ağlagəlməz sonuclara da gətirib çıxara bilər. Bir sıra durumlarda bu qatılaşma yuxugörmənin gizli qalan gerçək məzmunundakı iki büsbütün fərqli düşüncəni birləşdirib, onu bizə gördüyümüz yuxugörmədəki bir düşüncə kimi tanıda bilər və biz də yuxugörməni yozarkən bu düşüncələrdən daha üzdə olanını tapıb, o birisini gözdən qaçıra bilərik.

Qatılaşmanın yaranması yuxugörmənin gizlin və açıq məzmunları arasındakı ilişkilərdən də asılı olur, burada gizlin və açıq məzmunların elementləri arasındakı birbaşa uyğunluğun pozulması bu qatılaşmanın törədicisi olur. Birdən yuxugörmənin açıq məzmunundakı bir element onun gizlin məzmununda olan bir neçə elementin əvəzedicisi olur, birdən də gizlin məzmunun bir elementi açıq yuxugörmənin bir neçə elementində yer ala bilir və bu haradasa yol ayrıcının ondan keçən bir neçə yola qoşula bilməsinə bənzəyir. Yuxugörmənin yozumunun gedişində, bir də görürsən, yuxugörənin sorğulamasından alınan və yuxugörmənin açıq məzmunu ilə gizli məzmununu əlaqələndirən sərbəst düşüncə baxılan elementlə uyuşmur, ona görə də bir sıra durumlarda bu uyuşmanı görə bilmək üçün yuxugörmənin sonacan yozulmasını gözləməli olursan.

Beləliklə də yuxugörmənin işi olduqca qeyri-adi bir funksiyanı yerinə yetirərək yuxugörmənin gizlin qalan anlamını şifrələşdirir, özü də bunu söz-söz, hərf-hərf eləmir, habelə hansısa bəlli qayda üzrə də yerinə yetirmir; bəlli olduğu kimi, gerçəklikdə sürətli yazmaq üçün işlədilən belə şifrələmələrdə (stenoqrafiya) yazıya alınan sözün saitləri buraxılır və bəzən bir yazı elementi bir neçə belə elementlərin əvəzedicisi kimi verilir, ancaq bizim baxdığımız durum büsbütün başqadır və qat-qat mürəkkəbdir.

Yuxugörmənin işinin ikinci sonucu qarışdırma (Verschiebung) adlanır. Onun nə demək olduğunu anlaya bilmək üçün bizim bəlli hazırlığımız vardır; bildiyimiz kimi, qarışdırmanın yaranması bütünlüklə yuxugörmənin senzurasının işidir. Onun ortaya çıxması isə iki yolla baş verir, birincisi, yuxugörmənin gizlin məzmunundakı hansısa element yuxugörmənin açıq məzmununda özü ilə bağlı olmayan hansısa başqa bir elementlə əvəz olunur, daha doğrusu, açıq şəkildə yox, eyham kimi ortaya çıxır, ikincisi, gizlin məzmunun psixi baxımdan önəmli olan vurğusu yuxugörmədə önəmsiz bir elementin üstünə düşərək onunla əvəz olunur və bu da yuxugörməni anlaşılmaz eləyir.

Sözün üstüörtülü formaya salınaraq eyhama çevrilməsi bizə ayıqlıq çağımızdakı düşüncə və danışıqlarımızdan da bəllidir, ancaq yuxugörmədəki eyhamlar onlardan fərqlənir. Ayıqlıq çağımızdakı eyhamlar asanlıqla anlaşılan formalarda olur və gerçəkdən deyilməli olan sözlə onun əvəzedicisi kimi seçilmiş bu eyhamın anlamları arasında anlaşıqlı ilişkilər olur. Beləliklə də, belə eyhamlar çox vaxt işləndiyi atmacalarda sözün birbaşa anlamını verən əvəzedicilərin yerini tutur, sözlərin səslənməsindən, çoxanlamlılığından yararlanmaqla yaradılır və deyiləsi gerçək sözü anladır. Ancaq buradakı əvəzedici söz (eyham) həmişə anlaşılan olur; atmacada işlənən eyhamlı əvəzedicini incələyib, geriyə qayıdaraq, deyiləsi gerçək sözü asanlıqla tapmaq olmasaydı, onda bu atmacanın heç bir dəyəri də olmazdı. Ancaq yuxugörmədəki eyham bildirən əvəzedici sözlərdə bu iki özəllik yoxdur.

Yuxugörmənin gizli qalan gerçək anlamı bu eyhamlı əvəzedicilərlə olduqca üzdən və zəif bağlanır, ona görə də anlaşılmaz olur, eləcə də onu yozmağa çalışanda uğursuz deyilmiş atmaca təsiri bağışlayır. Bu görünüşü, güclə formaya salındığından, yapışıqsız görünən saç düzümü ilə də tutuşdura bilərsiniz, yəni belə eyhamlar yarıtmaz olur və onların bütün durumlarda dəyişdirilib işəyarar bir formaya salınmasına, onlar üçün daha anlamlı əvəzedicilər tapılmasına gərək duyulur. Bəlli olduğu kimi, senzura öz məqsədinə çatmaq üçün üzə çıxan eyhamdan onun gerçək anlamına aparan yolu bütünlüklə qaranlığa bürüyüb keçilməz eləməyə çalışır.

Burada atmacalarda yararlı olan, deyilən sözdə vurğunun yerini dəyişmək isə büsbütün yoxdur. Ayıqlıq çağında biz sözdə vurğunun yerini dəyişməkdən çox vaxt komik effekt yaratmaq üçün yararlanırıq, yuxugörmədə isə bununla qarşılaşmırıq.

Yuxugörmənin yaratdığı yanlışlığın doğurduğu təəssürat, indi sizə danışacağım bu lətifədən alacağınız təəssürata çox oxşayır: Kəndin dəmirçisi çox ağır cinayət törətmişdi və buna görə onu ölüm cəzası gözləyirdi. Məhkəmə onun cinayəti ilə bağlı belə bir qərar çıxardı: ona bu cinayətinə görə ölüm cəzası verilməlidir, ancaq bu kənddə ondan başqa bir dəmirçi olmadığından və kənddə üç dərzi olduğundan, bu dərzilərdən biri dəmirçinin yerinə dar ağacından asılmalıdır.

Yuxugörmənin gördüyü işin ortaya çıxardığı üçüncü sonuc psixoloji baxımdan daha maraqlıdır. Bu işin gedişində düşüncələr görünən obrazlara çevrilirlər. Düzdür, düşüncələrin hamısı yuxugörmədə belə görünən obrazlara çevrilmir və öz formalarını saxlayaraq elə yuxugörmədə də düşüncə və yaxud bilgi kimi ortaya çıxır; eləcə də düşüncələr yuxugörmədə təkcə elə görünən obrazlara çevrilmirlər. Ancaq düşüncələrin bu cür görünən obrazlara çevrilməsi yuxugörmələrin yaranmasında çox önəmli faktorlardan biridir; yuxugörmənin bu işi, bəlli olduğu kimi, yuxugörmələrin ikinci gözəçarpan özəlliyidir, yuxugörmənin ayrı-ayrı elementlərinin araşdırılmasında biz artıq sözlərin görünən təsvirlərə çevrilməsi ilə qarşılaşmışıq.

Bu işin asan başa gəlmədiyi bəllidir. Yuxugörmənin işinin bununla necə çətin bir iş gördüyünü dəyərləndirmək üçün belə bir durumu təsəvvürünüzə gətirin: siz hansısa qəzetin baş səhifəsində verilmiş bir siyasi yazını götürüb onun bütün mətnini illüstrasiyalara çevirib oxuculara çatdırmaq istəyirsiniz, daha doğrusunu desək, hərflərlə verilmiş yazını rəsmlərin yardımı ilə verilən bir yazıya çevirməyə çalışırsınız. Bu yazıda adları çəkilən insanları və konkret predmetləri siz çox asanlıqla illüstrasiyalara çevirə bilərsiniz, ancaq mətndəki abstrakt sözləri, durğu işarələrini, bağlayıcıları, habelə cümlənin sözləri arasında məntiqi bağlılıq yaradan başqa qrammatik işarələrini təsvir eləmək istəyəndə olduqca çətin problemlərlə üzləşəcəksiniz. Abstrakt sözləri təsvir eləyə bilmək üçün siz çoxlu düşünülmüş yeni üsullar yaradıb onlardan yararlana bilərsiniz. Bunun üçün də siz qarşınızdakı mətni başqa sözlərin yardımı ilə dəyişib öz işinizə yarayan, yəni sözlərin illüstrasiyalarla çevrilə biləcəyi şəklə salmağa çalışacaqsınız, bu vaxt mətn qeyri-adi bir şəklə düşsə də, buradakı sözlərin anlayışları rəsmlərə çevrilə bilən konkretlik qazanacaqdır. Bu işin gedişində siz abstrakt sözlərin çoxusunun konkret sözlərin anlamlarının dumanlanmasından yarandığını da xatırlayacaq və bacardıqca bu abstrakt sözlərin yerinə onların ilkin anlamlarını bildirən sözləri işlətməyə çalışacaqsınız. Beləliklə də, tutalım, siz nəyəsə yiyələnməyi (Besitzen) fiziki anlamda onun üstündə oturmaq (Daraufsitzen) kimi təsvir edəcəksiniz. Bax elə yuxugörmə də, öz çevirmələrində belə davranır. Siz mətni illüstrasiyalara çevirəndə sözlərin rəsmlərə çevrilməsindən alınan təsvirlərə vasvasılıqla yanaşmayacaqsınız. Elə isə, gəlin yuxugörmənin təsvirlərindəki bu qeyri-dəqiqlikləri də çox çək-çevirə salmayın, tutalım, yuxugörmə evlilikdə olan ərlə arvaddan birinin o birisinə dönüklüyünü (Ehebruch), başqa sözlə desək, sevgi bağlarının qırılmasını hansısa başqa bir qırılma ilə (Bruch), ayağın sınması (Beinbruch)5 ilə təsvir eləməyə çalışırsa, bunu qınaqla qarşılamayın.

Ona görə mən də hərflərlə verilmiş sözləri çevirməyə çalışan rəsm dilinin gücsüzlüyünü, necə olsa da, bağışlayacağınızı umuram.

Bəlli olduğu kimi, danışıqda məntiqi ilişkilər yaratmaq üçün işlədilən ona görə də, bunun üçün də, ancaq kimi nitq hissələrini göstərə bilmək üçün illüstrasiyalar tapmaq mümkün deyildir; ona görə də danışığı rəsmlərin yardımı ilə çevirəndə bu nitq hissələrinin yeri boş buraxılacaqdır. Elə bunun kimi, yuxugörmənin işi də yuxugörmənin gizlin qalan gerçək məzmunundakı bir çox obyektlərin və davranışların üstündən keçib onların yerini boş saxlayır. Elə sizin özünüz də, ümumilikdə qaranlıq qalan hansısa təsvirlərin arasındakı ilişkiləri aydınlaşdırmaq üçün ən kiçik ipucu tapmaqla, buradakı bir sıra incəlikləri açıqlaya bilməyi sevinclə qarşılardınız.

Yuxugörmənin işi də, yuxugörmənin gizli məzmunundan hansısa elementləri yuxugörmənin açıq məzmununa, formal şəkildə olsa belə, gətirməyə çalışır, bunun üçün əli çatan fraqmentlərdən bacardığı kimi yararlanır. Yuxugörmənin açıq məzmunundakı bölmələrin sayı yuxugörmənin gizli məzmunundan bölünərək götürülmüş olayların və düşüncələrin sayı ilə eyni olur; yuxugörmənin başlanğıcında isə sonradan gələn bütöv yuxugörmənin məzmunu ilə ilkin tanışlıq baş verir; bir sözlə, yuxugörmənin gizli məzmununda ifadə olunan bölmələr açıq yuxugörmədə öz sıralarını gözləyərək səhnəyə çıxırlar. Ona görə də yuxugörmənin formasını heç vaxt önəmsiz saymaq olmaz və bu formanın özü də yozulmalıdır. Bir gecədə baş verən bir neçə yuxugörmələr çox vaxt hamılıqla eyni bir anlam daşıyır və bu yuxugörmə onu doğuran qıcığın artan gücünü daha yaxşı yönəldə bilməyə çalışır. Habelə bir yuxugörmənin içindəki çox mürəkkəb element də bir neçə simvolun yardımı ilə təsvir edilə bilər.

Yuxugörmənin gizli anlamını onun açıq yuxugörmədəki əvəzedicisi ilə tutuşdurmaqda davam etdikcə biz qavramağa hazır olmadığımız durumlarla üzləşirik, örnək üçün, sən demə, yuxugörmədəki anlamsızlıqlar və bayağılıqların da öz anlamları varmış. Elədir, bu durumda artıq yuxugörmənin tibbi və psixoanalitik anlamları arasındakı ziddiyyət son həddə kimi kəskinləşir. Tibbi baxımdan, yatmış insanın psixi fəaliyyəti özünün tənqidi yanaşma bacarığını itirdiyindən, yuxugörmə də anlamsızlıqdır; bizim baxışımız isə bunun tərsinədir: yuxugörməni anlamsız eləyən onun gizlin anlamına tənqidi yanaşmadan doğularaq açıq yuxugörməyə çevrilən təsvirlərdir. Sizə bəlli olan, teatra getməklə bağlı olan yuxugörmə (1 fl. 50 kr. ilə üç bilet almaq) buna tutarlı bir örnək sayıla bilər. Yuxugörmənin bu elementindəki anlamsızlığın açması belədir: ərə getməyə tələsmək anlamsızlıq imiş.

Eynilə bunun kimi, biz yuxugörmələri yozarkən yuxugörənlərin öz yuxularındakı bəlli bir elementə şübhə ilə yanaşmaları, “görəsən, yuxuda onu, yoxsa bir başqa elementi gördükləri” üzərində baş sındırıb inamsızlığa qapıldıqları ilə sıx-sıx üzləşirik. Bəlli olduğu kimi, bu şübhə və inamsızlıqları yuxugörmənin gizli qalan anlamı ilə heç nə bağlamır; bütün bu inamsızlıqları doğuran yuxugörmənin senzurasıdır və o bu yolla yuxugörmənin bu elementini bütünlüklə unutdurub yox eləməyə çalışır.

Buradakı ən sarsıdıcı tapıntı isə yuxugörmənin işinin yuxugörmənin gizli məzmunundakı ziddiyyətləri necə təsvir eləməsi üsuludur. Biz artıq yuxugörmənin gizlin məzmunundakı uyğunluqlar və üst-üstə düşmələr üçün açıq yuxugörmədə qatılaşma yolu ilə əvəzedicilər yarandığını bilirik. Yuxugörmənin işi gizlin məzmundakı ziddiyyətlərlə də eyni cür davranır, onları yuxugörmənin gedişində kəskin vurğulanan eyni bir elementdə toplayır. Açıq yuxugörmədə əks anlam daşıyan bir element burada, eyni zamanda, özünün də, özünə əks olan elementin də, daşıyıcısı ola bilər, habelə bunların ikisinin də birdən daşıyıcısı da ola bilər; ona görə də yuxugörmənin gizlin qalan məzmununu sonacan öyrənmədən bu elementin də düzgün anlamını öyrənmək mümkün deyildir. Bunun səbəbi isə yuxugörmədə “yox” anlamı daşıyan sözün birbaşa təsvir oluna bilməməsi ilə bağlıdır, bu isə belə bir məzmunun ikibaşlı anlam daşıyan təsvirlərlə verilməsinə gətirib çıxarır.

Yuxugörmənin gördüyü işin bu qəribəliyinə uyğun gələn ürəyəyatımlı örnəyi biz dillərin inkişafını izləməklə tapa bilərik. Dilçilərin bir çoxunun bildirdiyinə görə, ən əski çağdakı dillərdə güclü-gücsüz, işıqlı-qaranlıq, böyük-kiçik kimi əksanlamlı sözlər eyni bir sözlə deyilmişdir. Tutalım, əski Misir dilində ken sözü güclü və gücsüz sözlərinin ikisini də bildirmişdir. Belə ikianlamlı sözü işlədərkən anlaşılmazlıqdan qaçmaq üçün bu sözü deyəndə, yerinə görə, intonasiyadan və jestdən (əlin özəl hərəkətindən) yararlanmışlar, yazıda isə bu sözü bildirən ieroqlifə oxunmayan bir rəsm artırılmışdır. Ken sözü güclü anlamını bildirəndə onun yazıldığı hərflərdən sonra yerdə oturmuş bir insan rəsmi çəkilmişdir; ken gücsüz anlamında işlənəndə onun yazıldığı hərflərdən sonra çömbəlmiş insan rəsmi verilmişdir. Sonradan bu sözdə yüngülcə dəyişiklik aparmaqla onun əksanlam daşıyan bu sözləri bildirməsindəki anlaşılmazlığı aradan qaldırmışlar. Beləliklə də, ken sözünü güclü anlamında işlətmiş,

“gücsüz” anlamını bildirmək üçün kan sözünü işlətmişlər. Əksanlamlı sözlərin bir sözlə bildirilməsi və yazılması təkcə elə əski çağ dillərində olmamışdır, belə faktlarla çox da uzaq olmayan keçmişdə yaranmış dillərdə də, eləcə də, indiki danışılan dillərin bir çoxunda da üzləşmək olar. İndi isə dilçi alim K.Abelin 1884-cü ildə yazdığı kitabından bununla bağlı bir neçə örnəyi diqqətinizə çatdırmaq istəyirəm: Latın dilində belə əksanlam daşıyıcısı olan sözlərdən altus (uca-alçaq) və sacer (müqəddəs – murdar) kimi sözləri göstərmək olar. Bu kitabda bir kökdən yaranan əksanlamlı sözlər də xatırlanır: clamare – qışqırmaq, clam – zəif, sakit, gizli; siccus – quru, succus – şirəli, sulu. Bu deyilənlərlə bağlı alman dilində də örnək tapmaq olar: Stimme – səs, stimm – lal. Bir kökdən olan dilləri tutuşduranda da belə uyğunluqlar tapmaq olar. İngiliscədə lock – örtmək anlamı verir, almancada buna uyğun gələn Loch sözü deşik, Lücke sözü isə, lyuk – dərin çuxur anlamındadır. İngiliscədə cleave

– parçalamaq, almancada isə kleben – yapışdırmaq anlamı verir.

İngiliscədəki without sözü əski çağlarda olan və olmayanı bildirən anlam daşımışdır, ancaq indi yalnız olmayanı bildirir; with sözü şəkilçisiz işlənəndə dartıb əlindən almaq anlamı daşıyır, onun mürəkkəb withdraw sözünə çevrilməsindən isə geriyə çəkmək, geri almaq anlamı yaranır, habelə withhold sözü boyun qaçırmaq, dayandırmaq anlamlarını verir. Alman dilindəki wieder sözü də belə anlamların yaradıcısı kimi özünü göstərir.

Dillərin inkişafında özünü göstərən bir özəlliklə yuxugörmənin işinin daha bir özəlliyi arasında uyğunluq vardır. Əski Misir və tarixcə ona yaxın olan dillərdə sözlərdəki hərflərin tərsinə düzülüşündən də bu sözlərlə eyni anlamlı sözlərin yaranması faktları özünü göstərir. Buna uyğun örnəklər bugünkü ingilis və alman dillərində də qalmaqdadır: Topf – pot (bardaq); boat – tub (qayıq); hurru (tələsmək) – ruhe (dinclik, tərpənməz); balken (dirək, tir) – kloben (odun, kötük).

Latın və alman dillərində isə belə örnəklər göstərmək olar: capere – packen (tutmaq); ren – niere (böyrək).

Burada ayrı-ayrı sözlərdə özünü göstərən tərsinə çevrilmələrə oxşar olan olayları yuxugörmənin işi fərqli üsullarla yerinə yetirir. Yuxugörmədə düşüncələrin özü ilə tərs olan düşüncələrə çevrilməsini biz artıq bilirik. Bundan başqa da, yuxugörmələrdə situasiyaların, iki insan arasındakı münasibətlərin də belə tərsinə çevrilmələri baş verir, elə bil, hər şeyin tərsinə baş verdiyi bir dünya “yaranır”. Yuxugörmələrdə dovşanın ovçuya güllə atması sıx-sıx baş verən olaylardandır. Burada daha sonra olayların baş vermə ardıcıllığının yerinin dəyişdirilməsi ilə də üzləşirik, görürsən, gerçəklikdə hansısa olayı doğurmuş səbəb özünün doğurduğu bu olaydan sonra ortaya çıxır. Bunu pis teatr truppasının tamaşasına oxşatmaq olar: öncə əsərin qəhrəmanı ürəyini tutub yıxılır, bundan sonra isə səhnə arxasından onu öldürmək üçün atılmış güllənin səsi gəlir. Yaxud da bütün gedişi baş-ayaq baş verən yuxugörmələr də olur, bu yuxugörməni yozmaq üçün gərək sonuncu elementdən başlayaraq bütün elementləri tərsinə düzəsən. Yuxugörmənin simvollarını öyrənəndə belə bir olayla üzləşdiyimizi unutmazsınız: orada suya yıxılmaqla sudan çıxmaq eyni anlamlı simvollar kimi özünü göstərirdi, bunun ikisi də doğuluşu bildirirdi, yaxud da nərdivanla qalxmaq da, düşmək də eyni anlamda idi. Görünür, təsviretmədə belə özbaşınalıqlara əl atılması bunların yuxugörmənin korlanması işinə yaradığı üçündür.

Yuxugörmənin işinin belə özəlliyini arxaiklik adlandırmaq yerinə düşərdi. Belə bir özəllik eyni ilə əski çağların danışıq və yazı dilində də özünü qabarıq olaraq göstərməkdədir və bununla bağlı yaranan çətinliklər də bir-birinə çox yaxındır. Biz bütün bunlardan bir az sonra verəcəyimiz tənqidi icmalda geniş danışacağıq.

İndi isə deyilənlərlə bağlı daha bir neçə baxışı gözdən keçirək. Yuxugörmənin işi, başlıca olaraq, yuxugörmənin gizlin qalan məzmunundakı düşüncələri duyğulara və görünən obrazlara çevirməkdir. Bizim düşüncələrimizin özü də elə duyğulardan və duyğuların doğurduğu obrazlardan yaranmışdır; düşüncələrimizin yarandığı ilkin materiallar duyğuların buraxdığı təsirlər, daha doğrusunu desək, yaşadığımız duyğularla bağlı yaranan obrazlı xatirələr olmuşdur. Sonradan isə bunlar sözlərlə, daha sonra isə düşüncələrlə ifadə olunmağa başlamışlar. Beləliklə də, yuxugörmənin işi düşüncəni, keçdiyi inkişaf yolu ilə gəlib çatdığı yerdən qoparıb geriyə sürükləyir, onun bu inkişaf yolunda qazandığı, duyğuların və xatırlanan obrazların düşüncəyə çevrilməsi kimi üstünlüyünü yox eləməyə çalışır.

Yuxugörmənin işi belədir. Bu işi öyrəndiyimiz zaman qarşılaşdığımız prosesləri izlədikcə yuxugörmənin açıq məzmununa olan maraq arxa plana keçmiş olur. Ancaq yuxugörmələri arayıb öyrənmək üçün bizə bəlli olan material təkcə bu açıq yuxugörmə olduğu üçün mən onunla bağlı bir-iki düşüncəmi də bildirmək istəyirəm.

Sözsüz, indiyədək öyrəndiklərimiz açıq yuxugörmənin dəyərini bizim üçün çox azaldır. Bu yuxugörmənin yaxşı qurulması, yoxsa onun elementlərinin bir-biri ilə çox pis ilişkilərlə bağlanması da artıq bizə önəmli görünmür. Açıq yuxugörmə üzdən anlamlı görünəndə belə, biz bu anlamın yuxugörmənin gizli qalan anlamının korlanmasından yarandığını və yanlışlıqlarla dolu olduğunu bilirik, habelə açıq yuxugörmədəki məzmunun gizlin qalan anlamla bağlı olmadığını da anlayırıq, belə demək olarsa, italyan kilsəsinin fasadı onun quruluşu və silueti ilə necə az bağlıdırsa, açıq yuxugörmədəki məzmun da yuxugörmənin gizlin qalan anlamı ilə onun kimi bağlıdır. Bir sıra durumlarda yuxugörmənin fasadı hansısa bir anlam daşıyır və yuxugörmənin gizlin məzmununun az korlanmış, yaxud da heç korlanmamış bölümlərini ortaya çıxarır. Ancaq biz bunu da yuxugörməni yozmadan, onun haracan korlandığını aydınlaşdırmadan öyrənə bilmirik. Elə yuxugörmənin bir-biri ilə sıx bağlı olan istənilən iki elementinə yanaşmada da belə şübhələr ortaya çıxır. İlk baxışda elə görünə bilər, sanasan, bu iki bir-biri ilə bağlı olan element yuxugörmənin gizlin məzmununda da sıx bağlılığı olan məqamların daşıyıcılarıdır, ancaq yuxugörmənin yozumunun gedişində bu elementlərin bir-biri ilə bağlı olduqları görünsə də, yuxugörmənin gizli məzmununda bu elementlərin gerçək anlamları çox vaxt bir-biri ilə bağlı olmur.

Bir sözlə, açıq yuxugörmənin bir bölümünü onun başqa bir bölümünə əsaslanaraq aydınlaşdırmaqdan çəkinmək gərəkdir, açıq yuxugörmə heç də bir-biri ilə məntiqi bağlılığı olan elementlərdən qurulmur. Yuxugörmənin açıq məzmununu haradasa təbiətdə qarşılaşdığımız berekçi adlanan süni mərmərə bənzətmək olar. Bu zaman təbiətdə gedən proseslər müxtəlif daşların parçalarını birləşdirib, üzdən bütöv görünən bir material yaradır və bu birləşmədəki müxtəlif daşlar ümumi mənzərənin içində özlərinin ilkin görünüşlərini də, özəlliklərini də itirirlər. Doğrudan da, yuxugörmənin işinin gedişində ikinci emal (sekundere Bearbeitung) deyilə bilən bir bölmə də vardır və bu bölmədə yuxugörmənin işi özünün son gördüyü işləri birləşdirib harmonik və bütöv şəklə salmağa çalışır. Özü də yuxugörmənin bunun üçün yararlandığı materialların bir çoxu heç bir anlam daşımır, yalnız yaranmış hansısa boşluğu doldurmaq üçün götürülür.

Başqa bir yandan da yuxugörmənin işinə aşırı dəyər vermək, ona güvənmək də olmaz. Onun öz işini görmək üçün yararlandığı üsullar da azsaylıdır; yuxarıda sadaladığımız qatılaşdırmaq, qarışdırmaq, söz və düşüncələri görüntülərə çevirmək və ikinci emalla uyğunsuzluqlar yaratmaqdan başqa, onun əlindən ayrı bir iş gəlmir.

Eləcə də, birdən yuxugörmədə özünü göstərən ağlabatan mühakimələr, tənqidi yanaşmalar, təəccüblənmələr, hansısa sonuclara gəlmək kimi hallar da yuxugörmənin gördüyü işlərin sonucu deyildir, bütün bu elementlər yuxugörmənin gizlin anlamının yuxugörmədəki olayların gedişinə müdaxiləsindən, onun bir sıra elementlərinin açıq yuxugörməyə adlaya bilməsindən yaranır. Yuxugörmənin işi yuxugörmənin gedişində danışıq da yarada bilmir. Çox az durumları çıxmaqla, baş verən bu danışıqlar yuxugörənin bu yuxunu gördüyü gün özünün dediyi, yaxud da kimdənsə eşitdiklərini yamsılamasından törəyir, bu danışıqlar isə yuxugörmənin gizlin məzmununda yer alıb yuxugörməni törədən qıcıqlara qarışır. Elə bunun kimi də, yuxugörmənin işi hesablama da apara bilmir; yuxugörmənin açıq məzmununda qarşılaşılan bütün hesablamaya oxşayan nə varsa hamısı anlamsızdır və onların da qaynağı yuxugörmənin gizli məzmunudur. Ona görə də buradakı qarşılıqlı münasibətlərdə özünü göstərən bütün maraqların açıq yuxugörmədə az, ya çox dərəcədə korlanaraq üzə çıxan faktlarını izlədikcə onların yuxugörmənin gizli məzmununa doğru yönəlməsi təəccüblü deyildir. Ancaq bu qarşılıqlı münasibətlərin çox uzağa gedib nəzəri baxımdan yuxugörmənin gizlin məzmununun bütünlüklə açıq yuxugörmənin yerinə qoyulmasına gətirib çıxardığını və gizli məzmunda nə varsa hamısının korlanmış şəkildə açıq yuxugörməyə keçdiyini də düşünmək doğru olmazdı. Necə qəribə görünsə də, belə qarşılaşdırma və qarışdırma prosesi psixoanalitikanın gəldiyi sonucları düzgün olmayan yönə çəkib apara bilər. Ona görə də yuxugörmə dedikdə yalnız yuxugörmənin işinin nəticəsi anlaşılmalıdır, daha doğrusu, yalnız yuxugörməni doğuran gizlin məzmunun yuxugörmənin işi ilə çevrildiyi formaya yuxugörmə deyilə bilər.

Yuxugörmənin işi olduqca özgün (orijinal) bir prosesdir, indiyədək aparılan elmi-psixoloji araşdırmalarda insan ruhunda buna bənzər başqa bir olayın tapılması bəlli deyildir. Onun öz işində yararlandığı qatılaşma, qarışdırma, düşüncələri geriyə sürükləyib onları görüntülərə çevirmə kimi özəlliklər psixoanalizin öyrənməyə başladığı və bir sıra bəlli uğurlar qazana bildiyi yeni obyektlərdir. Burada apardığımız tutuşdurma örnəklərinin köməyi ilə siz, habelə psixoanalitik araşdırmalarla başqa oblastlar arasında hansı ilişkilərin yarana biləcəyini də gördünüz, bu ilişkilərin ən güclü olduğu oblastlar isə, göründüyü kimi, danışıq və düşüncədir. Ortaya qoyduğumuz psixoanalitika adlanan baxışın başqa önəmli cəhətlərini siz bir az sonra, yuxugörmənin yaranma mexanizminin nevrotik simptomların yaranması mexanizmi ilə uyğunluqlarını öyrənəndə biləcəksiniz.

Araşdırmalarımızda tapdığımız bu yeniliklərin psixologiyanın işinə necə yarayacağını hələlik yetərincə anlaya bilmədiyimizi mən də yaxşı bilirəm. Biz bu çalışmalarımızla şüurdışında baş verən psixoloji olayların varlığını sübut eləmək üçün daha yeni arqumentlər tapmaq istəyirik, axı yuxugörmənin gizlin qalan məzmunu elə bu şüurdışındakı olaylardan ibarətdir, habelə şüurdışındakı psixoloji yaşantılarla bağlı belə gözlənilməz və geniş biliklər ala bilməyimiz yuxugörmələri uğurla yoza bilməyimiz üçün çox önəmlidir.

İndi isə yuxugörmələrlə bağlı ayrı-ayrı örnəkləri sizinlə birgə incələməyin vaxtıdır, elə düşünürəm, indiyədək öyrəndikləriniz belə bir işi görə bilmək üçün yetərlidir.

5 Kitabı çapa hazırlayarkən bu vərəqdə yazılanları bir də gözdən keçirəndə, gözlənilmədən, qəzetdə bir yazı gözümə sataşdı. Bu yazı, elə bil, mənim yuxarıda dediklərimi doğrultmaq üçün yazıldığından, onu burada oxucuların diqqətinə çatdırıram.

TANRININ CƏZASI (evlilikdəki dönüklüyə görə qolun sınması) (Armbruch durch Ehebruch)

Könüllü döyüşçülərdən birinin xanımı olan Anna M. Klimentina K. adlı qadını onun ərini yoldan çıxarmaqda suçlamışdı. Onun deməsinə görə, Klimentinanın əri savaşdadır və oradan ona hər ay yetmiş kron pul da göndərir, ancaq bu qadın Anna M.-in əri Karl M.-dən də pul qoparır. Klimentina onun ərinin pullarını əlindən çıxardığına görə Anna M. öz körpə uşağı ilə aclıq və sıxıntı içində yaşayır. Anna M.- in ərinin döyüşçü yoldaşlarının deməsinə görə, Klimentina ilə onun əri hər gün restorana gedib orada gecə yarısına kimi əylənirlər. Bir dəfə Klimentina ərinin döyüşçü yoldaşlarının yanında utanıb-qızarmadan ondan soruşubmuş: sən haçan bu

“qoca qarı”nı atıb mənim yanıma köçəcəksən? Klimentinanın yaşadığı evdə qapıçı işləyən kişinin xanımı da bir neçə dəfə Annanın ərinin Klimentinanın mənzilində ev paltarında olduğunu görübmüş.

Dünən Leopoldştatda keçirilən məhkəmədə Klimentina Annanın ərini tanımadığını və buna görə də onunla heç bir intim ilişkisinin ola bilməyəcəyini deyib.

index

Ancaq məhkəmədə şahidlik eləyən Albertina M. bir dəfə gözlənilmədən Klimentina ilə Karlın öpüşdüklərini gördüyünü deyib.

Məhkəmə istintaqında şahid qismində dindirilən Karl M. də Klimentina ilə heç bir intim ilişkisinin olmadığını bildirmişdi. Ancaq dünənki məhkəmədə Karl M.-in xəstəxanadan göndərdiyi məktub oxunub, o bu məktubunda yazır: “Mən məhkəmə istintaqı zamanı verdiyim ifadədə yalan danışdığımı boynuma alıram, mənim bu ilin iyun ayına kimi Klimentina ilə intim sevgi ilişkilərim olubdur. İstintaqa yalan ifadə verməyimə gəlincə, mən istintaqa çağırılanda Klimentina qarşımda diz çöküb yalvararaq, onu bu suçlamadan qurtarmaq üçün sözün düzünü deməməyə çağırmışdı.

Mən indi sağ qolumu sındırandan sonra bunun xanımıma dönüklük elədiyim üçün Tanrının göndərdiyi cəza olduğunu anladığımdan suçumu boynuma alıram”.

Məhkəmə törədilən suçun baxılması üçün müəyyən olunmuş vaxtın keçdiyini bildirəndən sonra Anna M. öz şikayətini geri götürmüş və beləliklə də, məhkəmə

Klimentina K.-ya bəraət vermişdir.

5 Kitabı çapa hazırlayarkən bu vərəqdə yazılanları bir də gözdən keçirəndə, gözlənilmədən, qəzetdə bir yazı gözümə sataşdı. Bu yazı, elə bil, mənim yuxarıda dediklərimi doğrultmaq üçün yazıldığından, onu burada oxucuların diqqətinə çatdırıram.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.