İkinci mühazirə. YANILMALAR
Dəyərli xanımlar və bəylər! Gəlin indi də fərziyyələr yürütməkdən əl çəkib birbaşa araşdırmalar aparmağa başlayaq. Bu araşdırmalarımızın məzmunu hamıya bəlli olan, insanların sıx-sıx qarşılaşdığı, ancaq çox az baş qoşduğu olaylardır. Bu olaylar birbaşa xəstəliklərlə bağlı deyil və istənilən sağlam adamın da başına gələ bilər. Belə olaylar insanın yanılması (Fehlleistungen) adlanmaqla aşağıdakı növlərə bölünür: sözdə yanılma (Versprechen) – kimsə demək istədiyi bir sözün yerinə yanlış olaraq başqasını deyir; yazıda yanılma – kimsə yazmaq istədiyi bir sözün yerinə başqasını yazır və sonradan bu yanlışını duya da, duymaya da bilir; oxuda yanılma (Verlesen) – burada kimsə verilmiş mətndəki hansısa sözü yazıldığı kimi yox, başqa cür oxuyur; eşitmədə yanılma (Verhören) – bu durumda qulağı çox yaxşı eşidən birisi ona deyilən hansısa sözü yanlış eşidir. Bu tipli olayların başqa örnəyi isə unutqanlıqdır (Vergessen). Ancaq burada sürəkli yox, ötəri olan unutqanlıqdan söz açılır, belə durumda insanlar bildikləri hansısa adları (Name), yaxud da niyyətlərini (Vorsatz) ötəri olaraq unudur və sonradan xatırlayırlar. Buna uyğun gələn üçüncü qrup olaylarda artıq ötərilik olmur, bu durumlarda nəyisə gizlədib unudursan (Verlegen), yaxud itirib tapa bilmirsən (Verlieren). Belə durumlarda qarşılaşdığımız bir ayrı unutqanlıqdır; biz başqa tipli unutqanlıqlara təbii baxırıq, ancaq bu dediyimiz qısa sürən unutqanlıq bizə təəccüblü gəlir, habelə buna görə qanımız qaralır. Ötəri olaraq baş verən və çaşqınlıq (İrrtümer) adlanan olaylar da bu sıradandır. Belə durumlarda qısa bir müddətdə nəyinsə doğru olduğuna inanırsan, ən qəribəsi isə, bu inandığın nəyinsə doğruluğuna öncədən də və ona inanmağa başlayandan hansısa bir vaxt keçəndən sonra da inanmırsan. Yaşamın gedişində belə durumlarla yetərincə üzləşdiyimiz, məncə, hamınıza bəllidir.
Alman dilində bu sözlərin hamısı “bununla bağlı”, yaxud “buna görə” anlamı verən “ver” sözönü ilə başlayır. Bu olayların, demək olar, hamısı önəmsizdir, ötəri-keçicidir və insanın yaşamında gözəçarpacaq bir rol oynamır. Çox az hallarda, tutalım, nəyisə itirməklə bağlı olan olayların necəsə bir önəmi ola bilər. Ona görə də dediyimiz bu olaylara böyük önəm vermirlər və onlar baş verəndə də insanları çox az qıcıqlandırır.
Mən indi baxışlarınızı belə olaylara yönəltmək istəyirəm. Siz isə mənim bu istəyimə qarşı çıxıb deyə bilərsiniz: “Bu dünyada və onun ən başlıca bölmələrindən biri olan mənəvi aləmdə sayagəlməz, bilinməzliklərlə örtülü böyük gizlinlər varsa, psixi pozuntularla bağlı öz yozumunu gözləyən bu qədər önəmli işlər qalırsa, biz nədən öz dəyərli vaxtımızı belə kiçicik məsələlərə sərf etməliyik? Siz indi bizə eşitmə və görmə orqanları yaxşı işləyən hansısa bir insanın günün işıqlı vaxtında gerçək olmayan nəyisə görməsi və eşitməsi ilə bağlı danışıb, bunun nədən baş verdiyini desəydiniz, bir başqasının isə bir az öncə hamıdan artıq sevdiyi bir kəsin indi onu izlədiyini deməsinin nədən yarandığını aydınlaşdırmağa çalışsaydınız, yaxud birisinin uşağa belə inandırıcı görünməyən qarabasmalarla üzləşdiyini deməsinin necə yarandığından danışsaydınız, onda biz psixoanalizin, doğrudan da, önəmli işlərlə məşğul olduğunu düşünə bilərdik. Siz isə, bütün bunların yerinə, hansısa natiqin niyə bir sözü demək yerinə yanılıb başqasını deməsindən, yaxud da evdar qadının öz açarını haradasa gizlədib sonra tapa bilməməsindən, bir sözlə, belə boş və anlamsız işlərdən danışmaq istəyirsiniz. Elə isə bizim burada itirdiyimiz vaxtı gedib başqa, daha maraqlı və dəyərli işlərə sərf eləməyimiz yaxşı olmazdımı?” Onda mən də sizlərə belə bir cavab verərdim: “Bir az dözümlü olun, dəyərli xanımlar və bəylər!”
Mənə elə gəlir, sizin bu qınaqlarınız heç də yerinə düşmür. Doğrudan da, psixoanaliz çox kiçik nəsnələrlə məşğul olmadığı ilə öyünə bilməz. Tərsinə, başqa elmlərin önəm vermədiyi kiçik, gözəçarpmayan, necə deyərlər, olaylar dünyasının qırıntıları onun başlıca araşdırma obyektləridir. Ancaq deyin görək, siz hansısa problemin dəyərinin onun parlaq görüntülərindən asılı olması ilə bağlı olan baxışlarınızdan daşınmaq istəyirsinizmi? Olduqca önəmli olayların bəlli durumlarda və bəlli zaman kəsiyində özünü güclə sezilən əlamətlərlə göstərdiyi ilə bağlı faktlar sizə tanış deyilmi? Mən belə durumlarla bağlı sizə çoxlu örnəklər gətirə bilərəm. Üzümü burada oturan gənc kişilərə tuturam: siz vurulduğunuz xanımın ürəyini ələ aldığınızı olduqca kiçik görünən hansısa əlamətlərdən sezmirsinizmi? Doğrudanmı, vurğunu olduğunuz hansısa xanım öz dili ilə “sevirəm” deməyincə, sizə qucaq açmayınca, onun sizi sevdiyini duya bilmirsiniz? Ötəri bir baxışdan, ürkək bir davranışdan, əlinizi öz əlindən bir azca gec buraxmağından bu sevgini sezmirsinizmi? Yaxud tutalım, siz bir kriminalist olaraq hansısa cinayət işini araşdıranda ölüm törədən caninin olay yerində öz fotosunu və yaşadığı yerin adresini qoyacağınımı gözləyirsiniz? Yoxsa axtardığınız caninin buraxdığı ən kiçik və önəmsiz izlərə dayanaraq onu tapmağa çalışırsınız? Ona görə də biz önəmsiz sayılan əlamətləri lazımınca dəyərləndirməmək vərdişindən biryolluq əl çəkməliyik. Əksər durumlarda elə bu gərəksiz saydığımız əlamətlər bizi ən önəmli sonuclara aparıb çıxarmağa yardımçı olur. Yeri gəlmişkən, məni düzgün anlaya bilməyiniz üçün deyim, mən də elə sizin kimi, ilk növbədə, yaşadığımız dünyanın və onu araşdıran elmlərin ən gərəkli problemləri ilə məşğul olmağın tərəfdarıyam. Ancaq burası da var ki, kiminsə uca səslə hansısa böyük problemlə məşğul olmaq istədiyini deməsi hələ heç nə demək deyildir. Çox vaxt belə durumlarda araşdırmalara nədən başlamağı kəsdirə bilmirlər. Elmi işlərdə uğur qazanmaq üçün, ilk olaraq, gərək yan-yörəndə gözə çarpan və araşdırmaq üçün əlçatan olan nəsnələri öyrənməkdən başlayasan. Bu işi dərinliyə vararaq, götür-qoy edərək, gözüaçıq və dözümlü olaraq yerinə yetirsəniz, bir də uğur sizinlə olarsa, onda ən kiçik sayıla biləcək bir araşdırma ilə çox böyük problemlərin həll olunmasına aparan yolu aça bilərsiniz; dünyadakı bütün nəsnələr qarşılıqlı olaraq bir-biri ilə bağlı olduğundan, bütün kiçik nəsnələr hansısa tellərlə böyük nəsnələrdən asılı olduğundan, belə araşdırmaların gərəkli sonuclara gətirib çıxara biləcəyi də gözləniləndir.
Bax belə bir məntiqə arxalanmaqla mən sizlərdə, sağlam insanlarda üzə çıxan və ilk baxışda olduqca kiçik və önəmsiz görünən yanılmalara maraq oyatmağa çalışıram.
İndi isə psixoanalizlə heç bir tanışlığı olmayan birisini göz önünə gətirib, onun belə yanılmaları necə aydınlaşdıra biləcəyini araşdırmağa çalışaq.
Belə birisi söz açdığımız mövzu ilə bağlı, ilk öncə, bunları deyəcəkdir: “Ah, bilirsiniz, bu yanılmaların nə olduğunu aydınlaşdırmaq üçün baş sındırmağa dəyməz; bu, hamının başına gələ biləcək bir gözlənilməzlikdir”. Gəlin görək o bu sözlərlə nə demək istəyir? Onun deməyindən belə çıxmırmı: dünyada baş verən olayların hamısını özündə saxlayan zəncirin halqalarından qopub ayrılan olduqca önəmsiz olaylar da vardır və onlar baş verə də, verməyə də bilərlər? Ancaq elmi baxışların özülündə dayanan səbəb-nəticə bağının hansı bir yerdəsə beləcə qırılması elmi dünyagörüşün bütünlüklə çökməsi demək olardı. Elə isə, “Allahın istəyi olmadan insanın başından bir tük də düşə bilməz” deyən dini baxış elmi baxışdan daha ardıcıl və daha üstün görünməzdimi? Elə bilirəm, bizim bu dediyimiz arqumenti eşidincə psixoanalizi bilməyən tanışımız sözünü dəyişəcək və belə olaylar daha dərindən öyrənilərsə, onların da səbəbsiz olmadığının üzə çıxacağını deyəcəkdir. Onun dediyi bu yeni yozuma görə, belə olayların ortaya çıxmasının səbəbi hansısa bir durumda psixi funksiyada baş verən kənaraçıxmaların yaratdığı qeyri-dəqiqliklər ola bilər. Yəni düzgün danışan insanın sözünü yanıltmasının aşağıdakı səbəbləri ola bilər: 1) o, xəstə, yaxud da yorğun ola bilər; 2) o, həyəcanlı ola bilər; 3) onun başı bərk qarışıq ola bilər.
Bütün bu deyilənlərin doğruluğunu çox asanlıqla təsdiq eləmək olar. Doğrudan da, insanın sözünü yanıltması ən çox onun yorğun olduğu, başı ağrıdığı, yaxud da onda miqrenin başladığı durumlarda olur. Bu durumlarda insanların nəsnələrin adını unutması da çox tez-tez baş verə bilir. Bir sıra insanlar üçün nəsnələrin adını unutmağa başlaması miqrenin yaxınlaşmasının başlıca əlaməti olur. Eləcə də həyəcanlı olduqda sözləri qarışdırırsan; düşdüyün qarğaşadan “yanılıb” gərək olanın yerinə başqa bir nəsnəni götürürsən, indicə nə eləmək istədiyini unudursan, bir sözlə, diqqətin bütünlüklə başqa bir nəsnənin üstündə toplanıbsa, onda çoxlu gözlənilməz və yanlış işlər görə bilərsən. Buna ən yaxşı örnək kimi, Almaniyada çıxan Fliegende Blatter yumoristik jurnalında təsvir olunan professorun davranışlarını göstərə bilərik.
O, gələcək kitabı ilə bağlı problemlər üzərində baş sındırdığından çətirini götürməyi unudur, başqasının şlyapasını geyinib gedir. Biz özəl yaşamımızdan da, hansısa sıxıntıya düşdüyümüzə görə, verdiyimiz vədləri, görməli olduğumuz işləri unutmaqla bağlı çoxsaylı örnəklər tapa bilərik.
Dediklərimiz yetərincə aydın olduğundan, məncə, kiminsə bunlara qarşı çıxacağını gözləməyə dəyməz. Doğrudan da, axtardığımız hansısa sualın cavabı tapılanda onun düşündüyümüz qədər maraqlı olmadığı durumlar da çox olur. İndisə gəlin bu yanılmalara bir az da diqqətlə baxmağa çalışaq. Ortalıqda olan fərziyyələrə görə, onların baş verməsinə gətirib çıxaran çoxlu səbəblər vardır. İnsanın bədənində onu incidən hansısa ağrıların olması və qan dövranının pozulması onun normal iş qabiliyyətini itirməsinə gətirib çıxaran fizioloji səbəblər sayıla bilər; həyəcan, yorğunluq, fikir dağınıqlığı – normal iş qabiliyyətinin itirilməsinin psixofizioloji səbəbləri ola bilər. Bütün bunları nəzəri baxımdan aydınlaşdırmaq çox asandır.
Yorğunluqda, eləcə də fikir dağınıqlığında, yaxud da həyəcan içində olduqda insanın diqqəti çoxlu başqa yönlərə dağıldığından onun əlində gördüyü işə yönələn diqqəti çox zəif olur. Ona görə də o bu durumda gördüyü işdə yanlışlığa yol verir, yaxud bu işi dəqiqliklə görə bilmir. İnsanın bədənində ağrılar varsa, ya da beyninə axan qanın miqdarında dəyişiklik yaranıbsa, bu durumda da onun diqqəti zəifləyə və yanlışa qapıla bilər. Beləliklə də, baxdığımız bu durumların hamısında hansısa üzvi, ya da psixi kökü olan səbəbdən insanın diqqəti zəifləyir və o, gördüyü işdə yanlışlığa yol verir.
Deyəsən, bu deyilən sözlərdən psixoanalizin işinə yaraya biləcək nələrsə tapmaq çox çətindir. Bu isə bizi başladığımız bu araşdırmanı yarımçıq qoymağa yönəldə bilər.
Ancaq məsələyə bir azca dərindən yanaşanda, yanılmaların heç də hamısının diqqətin yayınması nəzəriyyəsi ilə yozula bilmədiyi üzə çıxır, hər halda burada təkcə elə diqqətin yayınması faktorunun rol oynamadığı aydın olur. Aparılan sınaqların göstərdiyinə görə, yanılmalar və unutmalar yorğun olmayan, diqqəti yayınmayan, həyəcanlanmayan adamlarda da baş verir və yanılmalarından sonra onların adına yorğunluq, həyəcan kimi durumların yazılması yanlışdır, çox vaxt onlar özləri də heç bir fiziki gərginlik olmadan yanıldıqlarını boyunlarına alırlar. Doğrudan da, bütün bu olayların səbəblərini ancaq diqqətin üstünə yükləmək, diqqətin güclü olduğunda işlərin düz, zəif olduğunda isə yanlış görüldüyünü deməyin özü də gerçəkliyə uyğun deyildir. Bəlli olduğu kimi, çoxsaylı elə işlər vardır ki, onlar avtomatik olaraq görülsə də, inamla və yanılmadan yerinə yetirilir, habelə onların baş tutması üçün çox az diqqətli olmaq da yetərlidir. Tutalım, gəzməyə çıxanda düşünmədən yeriyirsən, ancaq azıb eləmədən istədiyin yerə gəlib çıxırsan. Hər halda, durumların çoxunda bu belə də olur. Yaxşı pianoçu hansı anda pianinonun hansı dilini basacağını düşünmədən çalır.
Düzdür, o da hansısa durumda yanıla bilər, ancaq barmaqlarını hansı dillərə toxundurmağa diqqət yetirmədən çalmaq, elə çalmağa yönələn diqqətin zəifliyi kimi dəyərləndirilə bildiyindən, onda gərək belə virtuoz çalğıçılar yanılmağın başlıca səbəbi sayılan bu “diqqət zəifliyi”ndən daha çox yanlışlara yol verəydilər. Biz isə gerçəklikdə bunun büsbütün tərsini görürük: görülən çoxlu işlər onları diqqəti gərginləşdirmədən yerinə yetirəndə daha asan başa gəlir, onları düzgün yerinə yetirmək üçün diqqəti gərginləşdirmək isə çoxlu yanılmalara gətirib çıxarır. Bu durumu “həyəcanlanmaq”la əlaqələndirmək istəsək, onda bu “həyəcan”ın nə üçün ürəkdən görmək istədiyimiz bir işdə diqqətli olmağımıza yardım eləmədiyi anlaşılmaz qalır. Əgər hansısa çox önəmli bir nitqdə, yaxud da ciddi bir danışıqda yanılaraq demək istədiyinin büsbütün tərsi olan bir sözü deyirsənsə, bunun psixofizioloji, yaxud da diqqətin yayınması səbəbi ilə necə baş verdiyini tapmaq olmur.
Yanılmaların gedişində onlarla yanaşı doğulan çoxlu başqa önəmsiz olaylar da vardır və onların da yaranması anlaşılmaz olaraq qalmaqla yanaşı, ortalıqda olan nəzəriyyələrin heç biri onları aydınlaşdıra bilmir. Tutalım, hansısa sözü unutduğun zaman qanın bərk qaralır, necə olursa olsun, o sözü xatırlamağa çalışırsan və bu istəyindən ayrıla bilmirsən. Onda nəyə görə belə bir sıxıntı keçirən insan bütün diqqətini toplayıb o sözü tapmağa çalışsa da, özünün dediyi kimi, “dilinin ucunda olan” bu söz yadına düşmür, ancaq birdən kimsə bu sözü deyəndə o andaca bu sözü xatırlayır? Yaxud birdən bir yanılmanın ardınca başqaları da gəlir, onlar bir-birinə qoşularaq artmağa başlayır. Tutalım, birinci dəfə hansısa görüşə gedəcəyini unudursan, sonradan bu görüşə ikinci dəfə gedəndə onu unutmayacağına bərk söz versən də görüş baş tutmur, sən demə, indi də görüşün vaxtını qarışdırmısan. Yaxud unutduğun sözü dolayı yolla xatırlamaq istəyəndə bu dəfə həmin sözü xatırlamaq üçün gərəkli olan ikinci bir sözü unudursan. Bu ikinci sözü xatırlamaq istəyəndə isə üçüncü bir söz yadından çıxır və s. Yazıdakı yanılmalarda da mətni yazan, yaxud kitab çapı üçün şriftləri yığan insanla da buna oxşar olaylar baş verir. Deyilənə görə, belə bir yazı yanılması çox adlı-sanlı bir sosial-demokrat qəzetini olduqca pis bir duruma salıbmış. Bu qəzetdə, hansısa çox təntənəli mərasimlə bağlı yazıda belə bir bildiriş varmış: “Mərasimə qatılanlar arasında əlahəzrət kornprins də var idi”. Burada taxt-tacın varisi, “vəliəhd” anlamında olan “kronprins” yerinə “qarğıdalı prins”
anlamını verən “kornprins” yazılmışdır. Sonrakı gün qəzet buraxdığı yanlışa görə üzr istəyərək, bu cümlədəki “kornprins” sözünün “knopprins”(düymə prins) kimi oxunmalı olduğunu yazmaqla daha bir yanlışa yol vermişdi. Adətən, belə durumlarda mövhumi qara qüvvələrin rolundan danışır, qəzetin mətbəə şriftlərinin şər ruhların təsirinə düşdüyünü deməyi sevirlər, bunlar isə artıq psixoanalizin araşdırma mövzusu olmayan nəsnələrdir.
Mən bilmirəm, siz insanları sözdə yanılmağa çəkməyin, başqa sözlə desək, bunu onlara aşılamağın mümkünlüyünü bilirsinizmi? Bununla bağlı indi lətifə kimi söylənən bir olay da danışırlar: “Səhnədə yeni olan bir aktyora “Orleanlı bakirə”
dramında baş rollardan birini verirlər; o, bir yerdə kralın yanına gəlib konnetablın (Fransada yüksək hərbi vəzifə) öz qılıncını göndərdiyini deməli idi (der Connetable schickt sein Schwert zurück). Məşq zamanı baş rolu oynayan aktyor bu, yeni olduğu üçün sıxılan və utanan aktyorla zarafat eləyir, bir neçə dəfə bu sözü dəyişib
“komfortabl (rahatlıq quran) öz atını göndərdi” (der Komfortabel schickt sein Pferd zurück) şəklində deyir. Tamaşa zamanı bu qaragünlü yeni aktyor, doğrudan da, çaşıb, bu sözü baş rolu oynayan aktyorun ona aşıladığı kimi deyir, baxmayaraq, tamaşadan öncə ona zarafatla deyilən bu sözü dilinə gətirməməklə bağlı xəbərdarlıq da olunmuşdu”.
Yanılmaların belə kiçik özəlliklərini yalnız elə diqqətin yayınması ilə aydınlaşdırmaq mümkün deyildir. Ancaq bu deyilənlər diqqətlə bağlı olan nəzəriyyənin yalan olduğunu da göstərə bilmir. Elə bil bu nəzəriyyənin ortaya çıxardığı yozumda nəsə bir yarımçıqlıq vardır, bu deyilənlərin doğru olduğunu göstərən başqa bir sübut da tapa bilsək, onda bu nəzəriyyə, sanasan, bizi qane edəcəkdir. Ancaq bu yanılmaların bir çoxuna büsbütün başqa bir yöndən də yanaşmaq mümkündür.
Gəlin sözdə yanılmaqdan başlayaq. Mənə elə gəlir, söz açdığımız yanılmalardan ən uğurlu araşdırmanı bu yöndə aparmaq daha asandır. Düzdür, bir az artıq əmək qoysaq, biz eyni uğurla yazıda və eşitmədə baş verən yanılmaları da araşdıra bilərdik.
Buradaca demək yerinə düşərdi ki, biz indiyədək yalnız bir soruya cavab axtarmışdıq: hansı durumlarda və nə üçün söz yanılmaları baş verir? Eləcə də bu soruyla bağlı cavablar almışdıq. Ancaq indi başqa bir soruyla da maraqlana bilərik. Biz baş verən istənilən yanılmaya diqqət yetirib soruşa bilərik: nə üçün bu yanılan birisi başqa cür yox, yalnız belə yanılmışdır? Biz bu soruya cavab tapa bilməsək, bu yanılmanın baş verməsinin psixoloji səbəbini aydınlaşdırmasaq, onda bu yanılma, doğrudan da, bir kiçik təsadüf sayılaraq qalacaqdır və insanlar baş sındırıb onun hansısa fizioloji səbəbdən baş verdiyini də axtarıb “tapa biləcəklər”. Doğrudan da, mən hansısa sözü yanlış deyirəmsə, burada yanılanda deyə biləcəyim minlərlə sözlər vardır, deməli, olduğum sözün yerinə deyilə biləcək çoxsaylı yanlış sözlər ortaya çıxa bilər. İndi burada dayanıb düşünmək olar: mən nə üçün yanıldığım anda bu minlərlə sözün arasından məhz yanlış dediyim bu sözü seçib demişəm? Bu təsadüfdürsə, yaxud özbaşına baş verirsə, onda mənim bu sorumun dəqiq cavabı da olmayacaqdır.
İki araşdırıcı − Meringerlə Mayer (birincisi filoloq, ikincisi psixiatrdır) 1895-ci ildə apardıqları araşdırmalarında yanılmalarla bağlı olan mövzuya bu yöndən yanaşmağa çalışmışdılar. Onlar sözdə yanılmalarla bağlı olduqca çoxlu faktları toplayıb, onların necə baş verdiyini təsvir eləmişdilər. Belə bir yanaşma, sözsüz, bu tipli yanılmalara heç bir aydınlıq gətirmir, ancaq bu çoxsaylı faktlar araşdırdığımız sorunun cavabını tapmağa yardımçı ola bilər. Bu iki araşdırıcı sözdə yanılmalarla bağlı aşağıdakı tipləri ayırd edirlər: sözlərin yerdəyişməsi (Vertauschungen), başqa sözə uymaq (Vorklange), sözlərin səslənmə oxşarlığı (Nachklange), sözlərin qarışdırılması (Vermengungen, oder Kontaminationen) və sözlərin əvəz olunması (Ersetzungen, oder Substitionen) ilə bağlı yaranan yanılmalar. Mən indi bu araşdırıcıların sadalanan yanılma tipləri ilə bağlı göstərdikləri örnəklərlə sizləri tanış etmək istəyirəm. Sözlərin yerdəyişməsindən yaranan yanılma: die Venus von Milo deməkdənsə, Die Milo von Venus deyərək yanılmaq; burada sözlərin deyilmə ardıcıllığının pozulmasından yanılma alınmışdır (“Miloslu Venera” əvəzinə “Veneralı Milos” deyilmişdir); başqa sözə uymaqdan yaranan yanılma: Es war mir auf der Schwest (bu söz yanlış deyilib!)... auf der Brust so schwer (Danışan adam: “köksümə (yəni ruhuma) bir ağırlıq çökmüşdü” demək istəyir, ancaq bir az sonra gələn “ağırlıq”
anlamı verən “schwer” sözünə uyaraq, “Brust”(“köks”) sözünün yerinə anlamsız bir söz olan “schwest” deyir). Sözlərin səslənmə oxşarlığından yaranan yanılmaya aşağıdakı uğursuz tostu örnək göstərmək olar: İch fordere Sie auf, auf das Wohl unseres Chefs aufzustoben (“Gəlin qədəhlərimizi qaldırıb rəisimizin sağlığına toqquşduraq”. Burada “toqquşdurmaq” anlamında olan “anstoben” sözünün yerinə, yanlış olaraq, “gəyirmək” anlamı verən “aufstoben” sözü deyilmişdir). Sadaladığımız bu üç yanılma tipləri təkəmseyrək baş verir. Söz yanılmaları ən çox sözlərin qarışdırılması ilə baş verir. Bir örnəyə baxaq, tutalım, gənc kişi bir xanımla danışığında deyir: Wenn Sie gestatten mein Fraulein möchte ich Sie gerne beqleitdigen (“Xanım, icazə versəydiniz, sizi ötürərdim”. Buradakı “ötürmək” anlamı verən
“beqleit” sözünə dig kimi üç səs də artırılmışdır. Alınmış beqleit-digen sözü isə
“ötürmək” anlamı verən “beqleit” sözü ilə “alçaltmaq” anlamı verən beleidigen sözlərinin qarışığından yaranmışdır. Görünür, buradakı gənc kişi qadınların ürəyini ələ almaqda çoxlu uğursuzluqlarla üzləşmiş birisidir.) Sözlərin əvəz olunmasından yaranan yanılma üçün yazarlar aşağıdakı örnəyi göstərirlər: İch gebe die Praparete in den Briefkasten anstatt Brütkasten (“Mən dərmanları termosa yox e, poçt yeşiyinə qoymuşam”).
Ancaq bu iki yazarın örnək verdikləri yanılmaların necə baş verdiyi ilə bağlı yozumlar yetərli sayıla bilməz. Onların düşüncəsinə görə, sözlərdəki səslər və hecaların biriləri o birilərindən daha önəmli olduğuna görə, belə önəmli səs və hecalara daha artıq diqqət yetirilməsi az önəmli səs və hecalara yönələn diqqətə təsir eləyir, bu da yanılmalara gətirib çıxarır. Dediklərini doğrultmaq üçün bu araşdırıcılar, başqa sözə uyma və sözlərin səslənmə oxşarlığından doğan yanılmaları əsas tuturlar; ancaq başqa tipli söz yanılmalarında onların dediyi bu inandırıcı görünməyən səs-heca üstünlüyünün hansı rol oynadığı aydın olmur. Söz yanılmalarında ən çox sözlərin səslənmə oxşarlığına uymaqla yanılırlar və çoxları söz yanılmasını elə bununla da aydınlaşdırmağa çalışırlar. Örnək üçün özünün giriş sözündə professor deyir: İch bin nicht geneigt (geeignet), die Verdienste meines sehr geschatzten Vorgangers zu würdigen (“Mən özümün sayğılı müəllimimin çəkdiyi əməkləri dəyərləndirməyi istəmərəm”. Burada yanılıb “bacarmaram” yerinə “istəmərəm” deyir). Başqa bir professor isə belə yanılır: Beim weiblichen Genitale hat man trotz vieler Versuchungen... Pardon: Versuche... (Qadının cinsi orqanında aparılan çoxlu sınaqlara baxmayaraq... bağışlayın, yanıldım, “yoxlamalara baxmayaraq” demək istəyirdim...).
Ancaq bu söz yanılmalarının içində sıx-sıx qarşılaşdığımız və ən sarsıdıcı olanları deyiləcək sözün tərsi olan anlam daşıyan hansısa sözün deyilməsindən yarananlarıdır.
Belə yanılmaların baş verdiyi durumda səslərin uyğunluğu, yaxud sözlərin oxşar səslənməsi önəmli sayıla bilməz, burada əks anlam daşıyan sözlərin bir-birinə kökcə doğma sözlərdən yaranması, bununla da psixoloji baxımdan bir-birindən asılı olan əks duyğular doğurması bu yanılmanın başlıca yaranma səbəbi sayıla bilər. Bununla bağlı olaraq tarixi bir örnək də gətirmək olar. Günlərin birində deputatlar palatasının prezidenti onların yığıncağını bu sözlərlə açmışdı: “Bəylər, mən salondakı deputatların sayına baxıb burada yetərsay olduğunu gördüyümdən, iclasımızı bağlayıram”. Demək istədiyinin büsbütün tərsini söyləməklə yanılmaların insanları belə pis duruma salması, özü də bunun qanıqaralığa gətirib çıxarması sıx-sıx baş verir. Örnək üçün, deyilənə görə, adlı-sanlı alim H.Helmholsla, ünlü ixtiraçı və böyük sənayeçi V.Simensin uşaqlarının kəbinkəsmə mərasimində tanınmış fizioloq Dyuba-
Reymon təbrik sözü demişdi. O özünün parlaq çıxışını belə bir tostla bitirmişdi:
“Beləliklə də, yaşasın Simenslə Halskenin yeni firması”. Bu isə, özü də istəmədən, Simensin keçmiş ortağı ilə qurduğu, indi artıq ortalıqda olmayan firmasının adının xatırlanması demək idi. Bu yanılmadakı adların uyğunluğuna gəlincə, bizdə, Vyanada Ridel-Boytel adlarını yanaşı olaraq çəkməyə alışdıqları kimi, bu adlar da Berlində yanaşı olaraq çox işlənməkdədir.
Beləliklə də, biz səslərin uyarlığı və sözlərin oxşarlığından başqa, bir də şifahi danışıqda ortaya çıxan adların qoşalaşması ilə bağlı durumu da gözdən qaçırmamalıyıq. Söz yanılmalarının baş verdiyi durumlarda bundan qabaqkı cümlədə nə deyildiyini bilmədən, ya da danışanın, əslində, nə demək istədiyini öyrənmədən, bu yanılmaların niyəsini tapmaq olmur. Ona görə də indicə söz açdığımız yanılmanı da, Meringerin dediyinə uyğun olaraq, sözlərin səslənmə oxşarlığı ilə yoza bilərik, ancaq buradakı yanılmada işlənən sözün gerçək sözlə anlamca uyğunluğu olduqca zəifdir.
Sözün doğrusu, bütün bu dediyimiz yozumlardan sonra adama elə gəlir, biz yanılmaların baş vermə səbəblərini anlaya bilməkdən bir az da uzaq düşməyə başlayırıq!
Ancaq elə bilirəm, gərəkli sayaraq, araşdırma üçün götürdüyümüz söz yanılması örnəklərini incələyəndə bizim hamımızda büsbütün yeni bir təəssürat yaranacağını desəm yanılmaram. Biz burada söz yanılmalarının hansı durumlarda yarandığını araşdırdıq, yanılma tiplərinin hər birinin hansı faktorların təsiri ilə formalaşdığını öyrəndik, ancaq söz yanılmasının yaranmasının öz-özlüyündə hansı effekti doğurduğunu gözdən keçirməyi unutduq. Belə bir işi görməyi boynumuza götürsək, onda gərək bunu da deməkdən çəkinməyək: hə, bir sıra durumlarda söz yanılmasının bəlli anlamı (Sinn) da olur. Burada səsləndirdiyimiz: “anlamı olur” deyimi necə anlaşılmalıdır? Bu, söz yanılmasını öz məqsədi, bəlli ifadə forması və dəyəri olan dolğun bir psixi fəaliyyət saymaq deməkdir. Biz indiyədək baş verən olayı yanlış fəaliyyət kimi dəyərləndirirdik, indi isə bu yanlış fəaliyyətin özlüyündə düzgün olduğunu deyirik, ancaq bu yanlış kimi görünən düzgün fəaliyyət başqa bir gözlənilən, yaxud iddia olunan fəaliyyətin əvəzində ortaya çıxmışdır.
Yanlış hərəkətin gerçək bir anlamının olması ayrı-ayrı durumlarda çox aydın görünür və danılmazdır. Yuxarıdakı verdiyimiz örnəkdə deputatlar palatasının sədri yığıncağın başlanğıcında, özünün ilk sözündə yığıncağı açmaq yerinə onu bağlayırsa, onda bu söz yanılmasının yarandığı durumu bilməklə biz bu yanlış hərəkətin hansısa bir anlamı olduğunu düşünə bilərik. Görünür, o bu yığıncaqdan yaxşı heç nə gözləmir və onu başlamamış bağlaya bilsəydi, buna çox sevinərdi. Onun bu anda nə düşündüyünü duymaq, başqa sözlə desək, bu söz yanılmasını dediyimiz kimi yozmaq elə də çətin deyildir. Bunun kimi də, başqa bir xanımın, o biri xanıma yaxşı anlamda demək istədiyi bu yanılmanı götürək: Diesen reizenden neuen Hut haben Sie sich wohl selbst aufgepatz? (Bu gözəl və təzə şlyapanı sizmi belə korlamısınız?) Burada aufgeputzt (bəzəmisiniz) sözünün yerinə “korlamaq” anlamı verən aufgepatz sözü işlənmişdir və dərin elmi araşdırma aparmadan da, bu yanılan xanımın ürəyindən aşağıdakı düşüncənin keçdiyini anlamaq olar: Dieser Hut ist eine Patzerei (Bu şlyapa yararsız duruma salınıb). Başqa bir durumda əri üzərində ağalıq eləyən bir xanımın yanılmasına da baxa bilərik: “Ərim həkimdən necə pəhriz saxlamalı olduğunu soruşdu, həkim isə ona pəhriz gərəkmədiyini, mənim istədiyim bütün yeməkləri yeyə biləcəyini dedi”. Göründüyü kimi, burada xəstənin öz istədiyi bütün yeməkləri yeyə bilməsi ilə bağlı deyilən söz öz əri üzərində ağalıq eləməyə öyrəşmiş qadının dilində yanlış səslənir və bu yanlışın nədən qaynaqlandığı da bəllidir.
Dəyərli xanımlar və bəylər, təkcə söz yanılmalarının deyil, başqa yanılmaların da hansısa bir anlamı olduğu aydınlaşarsa, özü də onların böyük çoxluğu üçün bu dəqiqləşərsə, onda indiyədək kimsənin söz açmadığı bu yanlış davranışların da öz anlamları olduğu ilə bağlı durum bizlərə çox qəribə görünəcəkdir və onlarla bağlı olan bütün başqa baxışların önəmsiz olduğu da bəlli olacaqdır. Ona görə də biz fizioloji və psixofizioloji prosesləri bu araşdırmalara qoşmaqdan əl çəkib, yanılmaların daşıdığı anlamları sırf psixoloji baxımdan araşdıracağıq, daha doğrusu, onların dəyərini və nədən baş verdiyini aydınlaşdırmağa çalışacağıq. Ona görə də mövzunu daha dərindən öyrənə bilmək və irəli sürülən mülahizələrin doğruluğunu yoxlaya bilməkdən ötəri, çoxsaylı faktları bir yerə toplayıb araşdırmalarımızın çevrəsini genişləndirməyə çalışacağıq.
Ancaq bu istəyimizi yerinə yetirməzdən öncə mən sizlərin baxışlarını başqa bir yönə çəkməyə çalışacağam. Bəlli olduğu kimi, şairlər öz əsərlərində çox vaxt belə yanılmalardan sözlərinin təsir gücünü artırmaq üçün yararlanırlar. Bu fakt da öz-özlüyündə şairlərin bu yanlışların, daha doğrusu, söz yanılmalarının hansısa anlam daşıdığına inanmasını göstərir, axı şairlər belə düşünməsəydilər yeri düşəndə onlardan yararlana bilməzdilər. Bu durumda şair heç də təsadüfən buraxdığı hansısa yazı yanlışını sonradan öz qəhrəmanının çiyninə söz yanılması olaraq yükləmir. Şair bu söz yanılması ilə bizə nəyisə anlatmaq istəyir, biz də gərək əsərin bu yerini oxuyanda onun bu yanılma ilə nə demək istədiyinin üstündə düşünək: o bununla yanılan insanın yorğun olduğunu, diqqətinin dağınıq olduğunu, yoxsa onda miqren tutmalarının başladığınımı demək istəyir? Sözsüz, şairin söz yanılmalarına həmişə hansısa anlam verməsini çox da şişirtməyə dəyməz. Özlüyündə bu söz yanılmaları anlamsız psixi gəlişigözəllik də ola bilər və çox az durumlarda hansısa anlamı daşıya bilər, ancaq şair bu yanılmaların hamısına hansısa bir anlam yükləmək istəyir və bununla da onlardan öz məqsədi üçün yararlanır. Ona görə də söz yanılmaları ilə bağlı şairlərdən nəsə öyrənməyi ummaq, onların bununla bağlı bizə filoloq və psixiatrlardan artıq bilgi verə biləcəyini düşünmək yersizdir.
Söz yanılmaları ilə bağlı bir örnəklə biz Şillerin “Vallenşteyn” dramında (Pikkolomini, 1-ci pərdə, 5-ci səhnə) üzləşirik. Maks Pikkolomini bundan öncəki səhnədə böyük bir coşqunluqla hersoqun tərəfinə keçir və bir az öncə düşərgəyə ötürdüyü Vallenşteynin qızına vurulduğundan, tezliklə savaşın öz yerini barışa verməsini istəyir. Onun atası, sarayın elçisi olan Kvestenberq oğlunun bu durumundan baş aça bilmir. Dramın sonrakı, 5-ci səhnəsində isə belə bir danışıq baş verir: Kvestenberq
Gör iş nə yerə çatdı!
(İsrarlı və hövsələsiz görünür)
Biz onu gözləri qamaşmış
Buraxdıq getdi, dəyərli dostum,
Çağırmayaqmı onu geriyə –
Açmayaqmı onun gözünü?
Oktavio (dərin düşüncəyə dalıb, nəyisə xatırlamış kimi dillənir) Sözün düzü, o mənim də gözümü açdı,
Ancaq mən bunu heç istəməzdim.
Kvestenberq
Sizə nə olub, dostum?
Oktavio
Ah, bu lənətə gəlmiş səfər!
Kvestenberq
Necə yəni? Nə baş verib?
Oktavio
Tələsin! Mən gərək
Bu uğursuzluğun izinə düşəm,
Hər şeyi öz gözlərimlə görəm. Gedək.
(Onu aparmağa çalışır)
Kvestenberq
Nə üçün? Haraya belə?
Oktavio (Onu tələsdirir)
O xanımın yanına!
Kvestenberq
Kimin yanına?
Oktavio (Sözünə düzəliş verir)
Hersoqun yanına! Gedək!
Oktavio burada Kvestenberqi öz ağası olan hersoqun yanına getmək üçün çağırmaq istəyir, ancaq yanılaraq “xanımın yanına gedək” deməklə ürəyinin dərinliyindəki diləyini açıb tökür: demək, bu gənc savaşın yox, barışın tərəfindədir.
Psixoanalitik O.Rank, yanılmalarla bağlı olaraq, Şekspirin “Venetsiyalı tacirlər”
dramında üç mücrünün içindən birinin seçilməsi ilə, uğurlu sevgilinin ayırd edilməsi olayına üz tutaraq, daha gözəçarpacaq bir örnək göstərir; mən burada Rankın sözlərini onun öz dilindən vermək istəyirəm.
“Freydin “Vallenşteyn” dramından gətirdiyi, çox uğurlu bədii incəlik və yaradıcılıq bacarığı ilə işlənmiş bəlli söz yanılması örnəyi şairlərin bu yanılmaların mexanizmini və daşıdığı anlamı çox yaxşı bildiklərini göstərir və görünür, onlar yararlandıqları yanılmaların bu özəlliyini oxucularının da anlaya biləcəklərinə inanırlar. Şekspirin “Venetsiyalı tacirlər” dramında (3-cü pərdə, 2-ci səhnədə) bunun çox yaxşı bir örnəyi ilə qarşılaşırıq. Atasının buyruğu ilə püşkatmada uğur qazanan kimsəyə ərə getməli olan Portsiya yalnız onun üçün uğurlu qurtaran gözlənilməzliklərin köməyi ilə sevmədiyi adaxlılardan canını qurtara bilir. Günlərin birində Portsiya ilk baxışdan vurulduğu Basanionun da onunla evlənmək üçün bəxtini sınamaq istədiyini görəndə onun da bu sınaqdan uğursuz çıxacağından qorxuya düşür.
Qız necə olursa olsun, Bassanio ilə danışmaq, uğursuz püşkə tuş gələcəyi durumda da onu sevəcəyini bildirmək istəyir, ancaq Portsiya püşkatmada uğur qazana bilməyən kimsəyə ərə getməyəcəyinə və könül verməyəcəyinə görə atasının qarşısında and içdiyindən, bu sözü dilinə gətirə bilməzdi. Ürəyində belə bir ikili duyğuların çarpışması gedən qız vurulduğu gəncə belə deyir:
Bir az yavaşıyın, iki-üç gün də dözün
Barı, riskdən çəkindirin özünüzü;
Yanılsanız, bu mənim üçün çox ağır
İtki olacaq; içimdən bir səs gəlir (Bu, sevginin səsi deyildir ancaq):
Mən sizi itirmək istəmirəm heç;
Bilməmiş deyilsiniz, belə düşüncələrin
Nifrətdən doğmadığını. Yaxşı, elə isə
Qoyun deyim sözümü, lap açıq-aydın (Mənim günümdə olan bir qıza
Düşüncələrə qapılaraq susmaq,
Dil-dil ötməkdən çox yaraşır):
Mən sizi ən çoxu ikicə aylıq, bu riskdən
Qorumaq istəyirəm; Və sizə püşkünüzü
Necə seçməyi öyrətməkdir diləyim...
Bunu eləsəm, onda gərək andımı pozam, günaha batam; yox-yox, bunu bacarmaram.
Ancaq vay o gündən, püşkünüz gətirməyə,
Bax onda mən elə bərk yanıb-yaxılacağam:
Nədən andımı pozub, günaha batmadım deyə!
Görüm lənətə gəlsin məni tilsimə salan,
Dilimə qıfıl vuran, ruhumu yarıya bölən bu andı!
Sanasan, ikiyə bölüblər məni: yarısı sizindir,
O biri yarısı isə sizin... Ah, nə yaman yanıldım...
O biri yarısı da mənimkidir deməkdən –
Sizinkidir deyirəm; elə isə, nə etmək olar,
Belə çıxır, nəyim varsa elə hamısı da sizindir!..
Şair burada insanda vurğunluq yaradan psixoloji bir dərinliyə vara bilir, habelə, çox böyük bir bacarıqla, ürəyindən keçənləri him-cimlə anlatmaq istəyən Portsiyanı hər şeyi açıqlığı ilə deməyə gətirib çıxarır. Baxmayaraq, Portsiya atası qarşısında içdiyi anda görə püşkatma bitməyənə kimi kimisə sevdiyini dilinə gətirə bilməzdi, ancaq belə bir gözlənilməz və düşünülmüş üsulla şair onu sevən Bassanionu da, intizarda qalan tamaşaçını da bu sıxıntılı durumdan qurtarmaq üçün olayların nə ilə bitəcəyini burada yararlandığı söz yanılması ilə açıqlayır”.
Bir anlığına yaranmış gərgin durumdan çıxmaq üçün Portsiyanın söz yanılmasından necə bacarıqla yararlandığına, bu yanılmanın daşıdığı gerçək anlamı necə açıqladığına baxsaq, yuxarıda yanılmaların hansısa anlamı daşıdığı ilə bağlı dediklərimizin düzgünlüyü ortaya çıxmış olur:
Sanasan, ikiyə bölüblər məni: yarısı sizindir, o biri yarısı isə sizin... Ah, nə yaman yanıldım...
o biri yarısı da mənimkidir deməkdən – sizinkidir deyirəm; elə isə nə etmək olar, belə çıxır, nəyim varsa elə hamısı da sizindir!..
Göründüyü kimi tibb elmindən məlumatı olmayan böyük bir mütəfəkkir yaradıcılığında yer alan ötəri bir epizodda söz yanılmasının hansısa gizlin bir mənanın daşıyıcısı olduğunu açıqlaya bilmiş, bunu bizim üçün aydınlaşdırmağa çalışmışdır.
Elə bilirəm, sizlər çox hazırcavab olan satirik Lixtenberqi yaxşı tanıyırsınız, Göte onunla bağlı yazırdı: “Onun bütün zarafatlarında, üstüörtülü olaraq, hansısa bir böyük problemdən söz açılır. Axı bir sıra problemlər elə zarafatın köməyi ilə də həll olunur”.
Lixtenberq özünün 1853-cü ildə yazdığı satirik yazılarının birində qeyd edirdi: “O, Homeri oxumağa çox bərk qapıldığından, oxuduğu başqa kitablarda qarşılaşdığı angenommen (almaq, götürmək) sözünü həmişə Aqamemnon kimi oxuyurdu”. Baxın, oxuda yanılmanın nəzəri baxımdan açılımı elə budur.
Sonrakı mühazirəmizdə biz şairlərin yanılmalarla bağlı bu baxışlarının nə qədər gerçək olub-olmadığını aydınlaşdırmağa çalışacağıq.