Onuncu mühazirə. YUXUGÖRMƏNİN SİMVOLLARI

Dəyərli xanımlar və bəylər! Biz yuxarıdakı danışığımızda əxlaqa uyğun olmayan şüurdışı istəklərə qarşı çıxan senzuranın yuxugörmələri korlayıb, onu bizim üçün anlaşılmaz elədiyini özümüz üçün aydınlaşdıra bildik. Bununla yanaşı olaraq, yuxugörməni təkcə elə bu senzuranın korladığını da demək olmaz, doğrudan da, bir az sonra biz bu korlanmanı doğuran başqa faktorların olduğunu da görəcəyik. Belə çıxır, biz birdən yuxugörmənin senzurasını aradan qaldıra bilsəydik də, yuxugörmələrimizdəki anlaşılmazlıqlar yenə də qalacaqdı, bir sözlə, yuxugörmənin məzmunu heç vaxt onun gizli qalan anlamı ilə üst-üstə düşməyəcəkdi.

Biz yuxuyozma texnikamızın çatışmazlıqlarını araşdırmağa çalışsaq, onda yuxugörməni korlayan bu yeni faktorun nə demək olduğunu da aydınlaşdıra bilərik.

Yuxugörməsini yozduğumuz kimsələrin sorğulanması zamanı onların yuxugörmələrindəki bir sıra elementlərlə bağlı ağıllarına heç bir düşüncənin gəlmədiyini deyib durduqlarını mən artıq sizə demişəm. Düzdür, bu çox vaxt heç də onların düşündükləri kimi olmur; belə durumların çoxunda biz öz sorğulamağımızda inadcıllıq göstərəndə onların ağlına hansısa düşüncələr də gəlir. Ancaq doğrudan da, bir sıra durumlarda onların ağlına öz yuxugörmələrinin hansısa elementi ilə bağlı heç bir düşüncə gəlmir, onları belə bir düşüncəyə gəlib çıxmağa sürükləyəndə isə ağıllarına gələnlərin işimizə yaramadığı bəlli olur. Birdən bu durum psixoanaliz metodu ilə sağaltmaq istədiyimiz xəstəni sorğulayanda baş verirsə, onda biz psixoanalitiklər buna çox böyük önəm veririk, ancaq mən indi bununla bağlı danışmağa gərək duymuram. İş burasındadır ki, belə bir durum sağlam adamların, elə özümüzün yuxugörmələrimizi yozanda da baş verir. Belə durumlarda inadcıllığın köməyi olmayanda birdən bu arzuolunmaz təsadüflərin çox vaxt yuxugörmə elementlərinin hamısı ilə deyil, yalnız onların bəlli bir tipləri ilə bağlı olduğunu görürsən və bundan öncə bizim yuxuyozma texnikamızın işə yaramadığını düşündüyümüz yuxugörmə elementləri ilə bağlı yeni bir qanunauyğunluğun olduğunu da anlamağa başlayırsan.

Belə durumlarda bu “lal” yuxugörmə elementlərini öz düşüncələrinə uyğun olaraq yozmaq, onları öz bildiyin kimi “çevirmək” üçün şirnikirsən. Doğrudan da, bu yolla irəliləyib, hər dəfə anlamı bəlli olmayan yuxugörmə elementi üçün özümüz ağlabatan yozumlar tapa biləndə yuxugörmənin özü də bütövlükdə anlaşıqlı olur; bu addımı atmayana kimi yuxugörmə anlaşılmaz olaraq qalır və onun ayrı-ayrı elementlərinin bir-biri ilə bağlılığı pozulur. Apardığımız çoxsaylı sınaqlarla tapdığımız bu bir-birinə olduqca uyğun gələn durumları tutuşdurmaqla biz öncə çəkingənliklə başladığımız bu işə daha da ürəklə girişməyə başlayırıq.

Mən indi bir az sxematik danışıram, ancaq bu, yeni bir nəsnəni öyrətmək üçün gərəkli bir yoldur və mən burada özümdən nəsə uydurmuram, yalnız baxdığımız mövzunu bir az sadələşdirməklə daha da anlaşıqlı eləmək istəyirəm.

Beləliklə də, apardığın bu sınaqlarla bir-birinə oxşar olan bir sıra yuxugörmə elementləri üçün üst-üstə düşən “çevirmələr (tərcümələr)” alınır, bu isə bir az, çağdaş günümüzdə düzənlənən qondarma yuxugörmə yozumları kitabçalarında olduğu kimi, yuxuya girən hər bir nəsnə (əşya) üçün hazır yozumların verilməsinə bənzəyir.

Unutmamısınızsa bizim yuxugörmə texnikamızda yararlandığımız yuxugörən kimsənin sorğulanmasının gedişində yuxugörmə elementlərinin tapdığımız əvəzedicilərinin bu cür təkrarlanması ilə qarşılaşmamışdıq.

Sizin indi dediklərimə qarşı çıxacağınızı mənim bu yeni yuxuyozma metodumun bundan öncəki sərbəst düşüncələrin yaranmasına arxalanan sorğulama metoduna baxanda daha az inandırıcı və mübahisəli olduğunu deyəcəyinizi bilirəm. Ancaq mənim indiyədək dediklərimə bir sıra artırmalarım da vardır. Aparılan sınaqların gedişində araşdırdığımız ayrı-ayrı elementlərin hər biri ilə bağlı belə ayrıca və üst-üstə düşən, dəyişməz əvəzedicilər üzə çıxanda onda öz bildiklərinə arxalanaraq belə bir yozumlar aparmağın da doğru olduğunu anlayırsan və bir sıra yuxugörmə elementlərinin psixoanalitik araşdırmalar olmadan da yozula biləcəyinə inanırsan. Bu yuxugörmə elementlərinin anlamlarının necə tapılacağını isə biz aşağıda açıqlayacağıq.

Belə durumlarda yuxugörmənin araşdırdığımız elementi ilə onun çevirməsinin (tərcüməsinin) belə dəyişməz bağlılığını biz simvolik asılılıq (symbolische), yuxugörmənin bu elementini isə onun şüurdışındakı gerçək anlamının simvolu (Symbol) adlandıracağıq. Bir az öncə mən yuxugörmənin elementi ilə onun şüurdışındakı gizli anlamı arasındakı asılılığın üç tipini ayırmışdım: yuxugörmənin elementi hansısa bütövün bir kəsimi olaraq ortaya çıxır, bu elementdə həmişə bir üstüörtülük olur və o, gerçək anlamın obrazlı görünüşü kimi gerçəkləşir. Mən onda bu asılılığın dördüncü bir tipi də olduğunu deyib onunla bağlı danışmağı sonraya saxlamışdım. Bu, olduqca qəribə asılılıq tipindən danışmazdan öncə biz simvollarla bağlı bir sıra özəl baxışlarımızı açıqlayacağıq. Mənə elə gəlir, simvollar yuxugörmə ilə bağlı nəzəriyyənin ən başlıca bölümünə çevrilə bilər və elə buna görə də onları bir az da dərindən öyrənməyə dəyər.

Öncədən diqqətinizə bunları da çatdırmaq istərdim: simvolların çoxunun artıq qabaqcadan bəlli olan çevirmələri (tərcümələri) olduğundan, onlar yuxugörmənin antik və bugünkü – elmilikdən uzaq olan populyar yozumları üçün çox xarakterikdir və bildiyiniz kimi, biz özümüzün yuxuyozma texnikamızı yaratmaqla belə yuxuyozmalarla öz yolumuzu çoxdan ayırmışıq. Bu simvollar bir sıra durumlarda yuxugörən kimsəni sorğulamadan onun yuxusunu yozmağımıza imkan yaradır. Onsuz da onu sorğulasaq da, yuxugörən kimsənin bu simvollarla bağlı heç nə bilmədiyini görəcəyik. Yuxugörmədə özünü göstərən simvolları bilməklə, yuxugörən kimsəni yaxından tanımaqla, onun yaşadığı durumu və yuxugörmədən öncə aldığı təəssüratları öyrənməklə biz çox vaxt çətinlik çəkmədən onun gördüyü yuxunu simvolları anladığımız dilə “çevirməklə” yoza bilərik. Belə bir “fokus” yuxuyozanı sevindirir, yuxusu yozulan isə bunu vurğunluqla qarşılayır; sözsüz, yuxunun belə asanlıqla yozulması bizim yuxuyozmada yararlandığımız yorucu sorğulama texnikasına baxanda çox əlverişli görünür. Ancaq bu sizi çaşdırmasın. Biz qarşımıza fokus göstərmək kimi bir məqsəd qoymamışıq. Simvolları bilməyə arxalanaraq yuxunun yozulması yuxuyozma texnikası deyil, habelə bizim yuxugörənin sərbəst düşüncələrinin yaranması üçün yararlandığımız yuxuyozma texnikasının yerini tuta, onunla eynigüclü sayıla da bilməz. Yuxugörməni simvollara görə yozmaq bizim yuxuyozma texnikamıza bir əlavədir və o yalnız bizim yararlandığımız texnika ilə birgə işləyəndə hansısa dəyərli bilgilər verə bilir. Yuxugörən kimsənin yaşadığı psixi durumu öyrənməyə gəlincə, mən burada sizin diqqətinizi belə bir problemə yönəltmək istərdim, yuxusunu yozmağa çalışdığınız insanlar heç də həmişə sizin yaxından tanıdığınız kimsələr olmayacaqdır və deməli, siz onların yuxugörməsini doğuran qıcıqların gündəlik yaşamlarındakı olaylarla bağlılığını da bilməyəcəksiniz, ona görə də ancaq yuxugörən kimsələri sorğulamaqla və onların ağlına gələn sərbəst düşüncələri araşdırmaqla bu insanların psixi durumlarını öyrənə biləcəksiniz.

Bir az sonra açıqlayacağımız durumun yaranması ilə bağlı olaraq, yuxugörmə ilə şüurdışı arasında simvolik bir bağlılığın olduğunun tanınması çox böyük bir hay-küyə gətirib çıxardı. Öz mühakimələrində heç nədən çəkinməyən, habelə psixoanalizin keçdiyi yolda onunla uzun bir müddət üçün yoldaşlıq eləyən bir çox kimsələr də yuxugörmədəki simvolu qəbul etməkdən boyun qaçırdılar. Onların bu yanaşması iki baxımdan çox böyük təəccüb doğururdu: birincisi, simvolların varlığı təkcə yuxugörmənin özəlliyi deyildir və yalnız onun üçün xarakterik sayıla bilməz, ikincisi, yuxugörmədə simvolların olmasının tapılması heç də psixoanalitiklərin işi deyildir.

Biz bunu irəli sürənlərin ən sonuncusunu arasaq, onda o bizim çağdaşımız sayıla biləcək, yuxugörmədəki simvollarla bağlı araşdırmalarını sistemləşdirib 1861-ci ildə kitab şəklinə salmış filosof K.A.Şerner olacaqdır. Psixoanaliz isə yalnız Şernerin bu tapıntısını tanımış və sözün düzünə qalsa, onu anlamca yox, bir az görünüşcə dəyişikliyə uğradaraq öz işində yararlanmağa başlamışdır.

Elə bilirəm, siz indi yuxugörmədəki simvolların mahiyyəti ilə bağlı tutarlı sözlər eşitmək və onunla örnəklərin araçılığı ilə tanış olmaq istəyirsiniz. Bəri başdan bu mövzu ilə bağlı almaq istədiyimiz biliklərin yetərli olmadığını sizlərə bildirməkdən də çəkinmirəm.

Simvolik asılılığın başlıca mahiyyəti tutuşdurmalarla bağlı olsa da, burada istənilən tutuşdurma işə yaramır. Düşünüldüyünə görə, bir sıra obyektlərin belə tutuş-durmalara uğrayaraq simvollar yaratmasının özəl səbəbləri var, ancaq bu səbəblərin nə olduğu da bizə sonacan bəlli deyildir. Eləcə də, bizim başqası ilə tutuşdura biləcəyimiz predmetlərin və proseslərin heç də hamısı simvol olaraq yuxugörməyə qatılmır. Başqa bir yandan da, yuxugörmə ancaq simvollar üzərində qurulmur, o yalnız yuxugörmənin bir sıra anlamı gizli qalan bəlli elementlərini simvollaşdırır.

Beləliklə də, burada hər iki tərəflə bağlı olan məhdudiyyət vardır. Habelə simvol anlayışının nə demək olduğu konkret olaraq aydınlaşdırılmadıqca, o da yuxugörmənin gizli qalan gerçək anlamının əvəzedicilərinə qarışır və beləliklə də, üstüörtülü işartılar kimi ortaya çıxır. Simvolların yaranmasının özülündə dayanan tutuşdurmaların anlamları bir sıra durumlarda açıq-aydın görünür. Ancaq belə simvollarla yanaşı, başqaları da vardır və onları araşdıranda belə tutuşdurmaların anlamları ilk baxışdan görünmür və buna görə də Tertium comparationis4 tapılmasına gərək duyulur. Bizim bu axtarışımız isə ya çox keçmədən gərəkən obyektin tapılması ilə, ya da onun bizim üçün hələlik gizli qalması ilə sonuclanır. Ən qəribəsi isə, simvollar tutuşdurmalar yolu ilə yaransa da, yuxugörən kimsəni sorğulayanda onun araşdırılan yuxugörmə elementi ilə bağlı ağlına gələn əvəzedici düşüncələrinin köməyi ilə gəlib bu simvolların üstünə çıxmaq olmur, yuxugörən kimsə öz yuxugörməsində belə bir tutuşdurmadan yararlansa da, onunla bağlı heç nə bilmir. Bu azmış kimi, bu tutuşdurmadan yaranan simvolu yuxugörən kimsəyə açıqlayanda o, yuxusunda belə tutuşdurmaya qapıldığını da danmağa çalışır. Beləliklə də, gördüyünüz kimi, simvolik münasibətlər tutuşdurmaların büsbütün fərqli bir tipidir və bunun nədən belə olduğu isə bizə sonacan aydın deyildir. Ola bilsin, bunu aydınlaşdırmaq üçün bilgiləri biz sonrakı araşdırmalarımızda öyrənə biləcəyik.

Yuxugörmədə özünü simvollar kimi göstərən predmetlər elə də çoxsaylı deyildir.

İnsan bədəni bütövlükdə, valideynlər, uşaqlar, qardaş-bacılar, doğuluş, ölüm, bədənin çılpaqlığı və daha bir neçə belə şeylər simvollara çevrilib yuxugörmədə iştirak eləyirlər. Yuxugörmələrdə insanın bədənini simvollaşdıran ən tipik görüntü evdir, bunu ilk olaraq göstərən də yuxarıda adını çəkdiyimiz filosof Şerner olmuş və o bu simvolu şişirdərək onu olduğundan artıq göstərməyə, yuxugörmənin ən başlıca simvolu kimi tanıtmağa da çalışmışdır. Bəlli olduğu kimi, yuxugörmələrdə çox sıx-sıx evin divarı ilə üzüaşağı sürüşməklə qarşılaşılır, özü də bu sürüşmə durumların birində yuxugörənə sevinc, o birində qorxu aşılayır. Yuxugörmədə divarları bütünlüklə hamar olan evlər kişiləri simvollaşdırır; eyvanı, balkonu olan evlər, yəni sürüşərkən nədənsə tutmağın mümkün olduğu evlər isə qadınları simvollaşdırır. Valideynlər yuxugörmələrdə çox vaxt imperatorlar və krallar kimi, yaxud da yüksək görəvli kimsələr olaraq ortaya çıxırlar və belə yuxugörmələrdə bu, yüksəkdə dayanan kimsələrə sayğı ilə yanaşılır. Yuxugörmədə uşaqlara, qardaş-bacılara incə duyğularla yanaşılır: onlar kiçik vəhşi heyvan yavruları, yaxud da parazitlər kimi obrazlaşırlar.

Doğulma, demək olar, bütün durumlarda, necəsə su ilə bağlanır, burada ya suya tullanırlar, ya da sudan çıxırlar, yaxud da kimisə suda batmaqdan qurtarırlar, ya da yuxugörənin özünü suda batmaqdan qurtarırlar, bütün bunlar isə hamılıqla ana bətni ilə bağlıdır. Canvermə – ayrılıq, dəmir yolu ilə yola çıxmaq kimi, ölüm isə çoxlu üstüörtülü və aydın olmayan eyhamlarla, çılpaqlıq – əyninə paltar, yaxud da hansısa uniforma geyinməklə əvəz olunur. Gördüyünüz kimi, burada simvollarla yuxugörmədə özünü göstərən eyhamlardan doğan obrazlar az qala bir-biri ilə eyniləşirlər.

Yuxugörmələrdə indicə sadaladığımız simvollaşan obyektlərə göz yetirəndə burada bir oblastdan olan obyektlərin daha çox simvollaşdığı mütləq gözə çarpır. Bu isə seksual yaşamla bağlı oblastın cinsi orqanlar, cinsi proseslər, cinsi münasibətlər kimi obyektləridir. Yuxugörmənin simvolları arasında seksual simvolların sayı olduqca çoxdur. Burada isə çox böyük bir uyğunsuzluq özünü göstərməkdədir.

Seksuallıqla bağlı məzmunlar azsaylı olsa da, onlarla bağlı olan simvollar çoxsaylıdır, beləliklə də, yuxugörmələrdə özünü göstərən belə üstüörtülü seksual məzmunlardan hər biri çoxsaylı və eynigüclü olan ayrı-ayrı simvollarla ifadə olunur. Ona görə də belə simvollarla bağlı olan yuxuların yozulmasından çox böyük qarmaqarışıqlıqlar yaranır. Burada yuxugörmənin çox geniş bir çevrədə baş verən və çoxsaylı olan elementlərinin simvollardan asılılığı və onların köməkliyi ilə yozulması çox dar bir çevrəyə qapanmaqla baş verir və olduqca monoton görünür. Belə yuxuyozmaları isə heç də hamı bəyənmir, ancaq nə etməli, olan budur və burada bizim əlimizdən başqa heç nə gəlmir!

Biz bu mühazirələrimizdə ilk dəfə olaraq seksual məsələlərdən danışmağa başladığımızdan, mən ilk öncə, bu mövzu ilə bağlı sizinlə necə danışmaq istədiyimi açıqlamaq istəyirəm. Psixoanaliz bu çox önəmli mövzunun araşdırılmasının gedişində üstüörtülü və utancaqlıqla danışmağı yersiz sayır, burada hər şeyi olduğu kimi, doğru-düzgün adı ilə çağırmağa çalışır və beləliklə də, konkret sonuclara gəlib çıxacağına inanır. Burada mənim danışdığım auditoriyada hər iki cinsdən olan insanların olması da durumu dəyişmir. Elmin kimlər üçünsə qəbulolunan formaya salınması yolverilməz olduğu kimi, yeniyetmə qızlara öyrədilmək üçün də ayrıca bir elm yoxdur və bu auditoriyada qadınların da olması onların elm öyrənməkdə kişilərlə bir sırada dayanmaq istəyinin göstəricisidir.

Beləliklə də, yuxugörmə kişi cinsiyyət orqanını bir neçə simvolun köməyi ilə göstərir və bu simvolik görünüşlərin gerçək cinsi orqanla tutuşdurulmasından, doğrudan da, çox aydın bir bənzəyişin olduğu da görünməkdədir. Kişi cinsiyyət orqanı ilə bağlı olan ən önəmli simvol müqəddəs 3 rəqəmi sayılır. Kişi cinsiyyət orqanının ən gözəgəlimli və hər iki cins üçün maraqlı olan başlıca hissəsi yuxugörmələrdə aşağıdakı kimi simvollarla əvəz olunur: ən çox ona formaca oxşayan cisimlər şəklində, daha doğrusu, yuxarıdan sallanan uzun bir predmet kimi görünür, örnək üçün, çubuq, çətir, dirək, ağac, habelə bunun kimi nəsnələr şəklində olur.

Burada kişi cinsiyyət orqanının daha bir simvollaşması bədənə batan, onu yaralaya bilən predmetlər olur, daha doğrusu, istənilən itiuclu yaraqlar, bıçaq, xəncər, nizə, qılınc, habelə, odlu silahlardan: tüfəng, tapança, formaca kişi cinsiyyət orqanına çox oxşayan revolver yuxugörmələrdə kişi cinsiyyət orqanının simvolu kimi üzə çıxır.

Bəlli olduğu kimi, gənc qızların ən qorxulu yuxugörmələrində çox vaxt onları əlində bıçaq, yaxud odlu silah olan kişilər izləyirlər. Dediyimiz bu örnək, yuxugörmələrdə ən çox üzləşilən və simvolik anlamını sizin də çox asanlıqla anlaya bildiyiniz durumlardan biridir. Kişi cinsiyyət orqanının simvolu olaraq içindən su tökülən predmetlərin götürülməsi də anlaşılandır, bunlara örnək olaraq, su kranını, susəpəni, fontanı göstərmək olar, bundan başqa da, uzanıb qısala bilən predmetlərdən, tutalım, asma lampa, uzanıb sonra içinə yığılan karandaş kimi fiqurlar da belə simvollara çevrilə bilirlər. Bəlli oxşarlıqlara görə, karandaşlar, qələmlər, dırnaq üçün yeyələr, çəkiclər və başqa bir sıra alətlər də kişi cinsiyyət orqanının simvolu kimi özünü göstərə bilir.

Kişi cinsiyyət üzvünün çox gözəçarpacaq bir özəlliyi onun qalxaraq lazımi yönü tutması və geriyə dartına bilməsi (bu, cinsi orqanın ereksiyası, yəni cinsi əlaqəyə canatması zamanı olur) bu günümüzdə onun hava şarı, aeroplan, ən son dönəmdə isə dirijablla simvollaşdırılmasına da gətirib çıxarmışdır. Ancaq yuxugörmə ereksiyanı başqa cür, daha qabarıq formada simvollaşdıra da bilir. O, insanın özünü cinsi orqanı ilə eyniləşdirir və bundan sonra insanı yuxuda uçmağa məcbur eləyir. Siz eşitdiyiniz bu yeniliyi ürəyinizə salıb üzülməyin, ancaq hamımıza bəlli olan bu, insanların uçduğu yuxugörmələr, doğrudan da, cinsi ehtirasların coşması, ereksiyanın başlaması kimi yozulmalıdır. Araşdırıcı-psixoanalitiklərdən P.Federn 1914-cü ildə çap elədiyi yazılarında belə bir yozumun tam doğru olduğunu sübut eləmişdir, habelə elmi araşdırmalarında ən kiçik detallara kimi varmağı ilə seçilən Mourli Vold, psixoanalitika ilə bağlı heç bir bilgisi olmadan, yuxugörmələrlə bağlı çoxlu sınaqlar aparmış, yuxugörmədə əl və ayaqların gözəçarpan görüntüləri ilə bağlı apardığı yozumların sonunda yuxugörmə zamanı uçmağın biz dediyimiz yozumuna gəlib çıxmışdır. Siz burada mənim dediklərimi danmaq üçün qadınların da yuxuda uçduqlarını deyə bilərsiniz. Elə isə, yuxugörmələrin insan istəklərinin gerçəkləşməsindən yarandığını bir də yadınıza salıram və elmi araşdırmalarla qadınların çox vaxt şüurlu və ya şüurdışındakı istəklərində kişi olmaq arzusunun yer aldığının sübut olunduğunu da artıq bəlli bir fakt kimi diqqətinizə çatdırıram. İnsanın anatomiyasını yaxşı öyrənən kimsələrin bildiyi kimi, qadınların da öz seksual istəklərini kişilər sayağı yerinə yetirə bilmək imkanları vardır. Qadınların cinsiyyət üzvlərində də kişi cinsiyyət orqanına oxşar, klitor adlanan bir orqan vardır, bu kiçik orqan qadınlar uşaqlıq yaşlarında olanda və cinsi yetkinlik yaşına yaxınlaşanda kişilərin cinsi orqanlarının oynadığı rolu oynaya bilir.

Kişilərin cinsi orqanlarının sürünənlərin və balıqların, ən çox da ilanların örnəyində simvollaşması anlaşılmaz görünür. Eləcə də, şlyapa ilə paltonun kişi cinsiyyət orqanının simvolu olduğu sübut olunsa da, bunun nədən belə olduğu çətin anlaşılır. Bu araşdırmaların gedişində belə bir sual da yaranır: yuxugörmədə kişi cinsiyyət orqanı başqa orqanlarla, tutalım, əllə, yaxud ayaqla simvollaşa bilərmi?

Mənim düşüncəmə görə, yuxugörmənin gedişinin araşdırılması və qadınların yuxugörmələrində üzləşdiyimiz uyğunluqlar bizi istər-istəməz bunu təsdiqləməyə gətirib çıxarır.

Qadınların cinsi orqanları fəza hissəsinin məhdudlaşdırılmasından yaranan və içərisinə nəyisə qəbul eləmək özəlliyi olan predmetlərin köməyi ilə simvollaşdırılır.

Bunlara örnək olaraq, mədən şaxtası, çuxur, mağara, habelə qab, butulka, qutu, tütünqabı, çamadan, banka, yeşik, paltarın cibi kimi predmetləri göstərmək olar. Gəmi və qayıqlar da bu sıradandır. Bu simvolların çoxu qadının cinsi orqanı ilə yox, uşaqlıq borusu ilə bağlı olur, bunlara örnək olaraq şkafı, sobanı və ən başlıcası otağı göstərmək olar. Otağın simvollaşması evin simvollaşması ilə uyğunlaşır, buradakı qapı və darvaza cinsiyyət orqanının deşiyini simvollaşdırır. Müxtəlif materiallar da qadınlıq simvolu ola bilər, ağac, kağız və ya onlardan düzəldilmiş stol və kitab kimi predmetlər bu sıradandır. Canlılardan ilbiz və molyusklar qadınlığı simvollaşdırırlar; insanın bədənində ağız cinsi orqandakı deşiyə uyğun sayılaraq simvollaşır, tikililərdən kilsə və kiçik məbədlər də qadın cinsi orqanını simvollaşdırır. Gördüyünüz kimi, bu simvolların heç də hamısı, ilk baxışdan, eyni dərəcədə aydın deyildir.

Qadının döşləri və yanbızları da cinsi orqan kimi qavranıldığından, onların da yuxugörmədəki simvollarına diqqət yetirməyə dəyər, bu orqanlar burada alma, şaftalı və bu kimi meyvələrin köməyi ilə təsvir olunub simvollaşdırılır. İstər qadının, istərsə də kişinin cinsi orqanlarındakı tüklər yuxugörmələrdə meşə və kolluq kimi tanıdılır (təsvir olunur). Qadının cinsi orqanlarının yerləşməsində özünü göstərən mürəkkəblik çox vaxt onun yuxugörmələrdə qayalıq yer, meşəlik və bataqlıq kimi simvollaşmasına gətirib çıxarır. Kişilərin cinsi orqanlarının işləmə mexanizmindəki cəlbedicilik isə onların çətin idarə olunan mürəkkəb maşınlar kimi təsviri ilə sonuclanır.

Qadın cinsi orqanlarının simvollarından bəzək şeyləri yığılan mücrünü də xatırlamağa dəyər; bununla yanaşı olaraq, yuxugörmədə daş-qaş və xəzinə sevgili qadının üzünü; şirin şeylər cinsi əlaqədən alınan ləzzəti simvollaşdırır. Cinsi duyğularının ödənilməsindən alınan həzz isə müxtəlif əyləncəli oyunlarla təsvir olunur, bunlardan biri də fortepianoda çalmaqdır. Onanizmin yuxugörmələrdəki tipik təsviri sürüşmək və yumbalanmaq, habelə ağacın budağını sındırmaq kimi olur. Bu olayla bağlı gözəçarpan simvollardan biri də dişin düşməsi və ya çıxarılmasıdır. Bu isə onanizmin cinsi gücsüzlüyə gətirib çıxaracağı ilə bağlı aşılanan düşüncələrdən qaynaqlanır və onanizmin axtalanmaqla cəzalandırılması anlamına gəlir. Cinsi orqanlarla bağlı belə çoxsaylı simvolların olmasına baxmayaraq, cinsi əlaqənin özünü simvollaşdıran təsvirlər yuxugörmədə olduqca azsaylıdır. Cinsi əlaqəni simvollaşdıran təsvirlərə örnək olaraq, ritmik hərəkətləri, tutalım, rəqs eləməyi, yorğalayan at üstündə gəzməyi, yoxuşa qalxmağı, habelə zorakılıqla üzləşməyi, tutalım, nəyinsə altında qalıb əzilməyi göstərmək olar. Buraya sənətkarlıqla bağlı işlər və silahla qorxudulma da daxildir.

Siz yuxugörmələrdə bu simvollardan yararlanmanın və sonradan onların gerçək anlamlarının yozularaq tapılmasının çox da sadə bir iş olduğunu düşünməyin.

Buradakı proseslərdə istənilən təsadüflər də ola və bizim gözləntilərimizin əksi də baş verə bilər. Örnək üçün, necə inanılmaz görünsə də, bu simvolik təsvirlərdə çox vaxt cinsi fərqlər bir-birindən kəskin ayrılmır. Elə simvollar da var, onlar qadın, yoxsa kişi cinsi orqanı olmasına fərq qoymadan, ümumilikdə cinsi orqanları simvollaşdırır, bunlara örnək olaraq, körpə uşaq, kiçik oğlan və ya qız uşaqlarını göstərmək olar.

Başqa bir durumda isə kişi cinsi orqanı üçün xarakterik olan simvol qadın cinsi orqanının simvoluna çevrilə bilər və bunun tərsi də ola bilər. Bütün bunları yuxugörməsini araşdırdığımız insanların seksual özəlliklərini dərindən bilmədən ayırd eləmək olmur. Bir sıra durumlarda isə simvolların belə ikili anlam daşıması bizə yanlış olaraq belə görünür; araşdırmaların göstərdiyi kimi, cinsi orqanlarla bağlı ən gözəçarpan simvollardan silah, cib və yeşik kimi təsvirlər heç vaxt biseksual (ikicinsli) özəlliyi olan adamların yuxugörmələrində cinsi simvollar kimi özünü göstərmir.

Mən indi yuxugörmədəki təsvirlərin hansı simvollardan necə asılı olduğundan deyil, simvolların bu təsvirlərin yaranmasına göstərdiyi təsirlərdən danışmaq istəyirəm, beləliklə də, seksual simvolların ən çox götürüldüyü oblastlara göz gəzdirməklə, necə yarandığı sonacan bəlli olmayan bir sıra seksual simvollara diqqət yetirmək istəyirəm. Belə qaranlıq qalan simvollardan biri şlyapa, ümumilikdə götürsək, kişi papağıdır, bir sıra durumlarda qadın papaqları da bura aid ola bilir. Elə bunun kimi, palto da həmişə kişiliyi (ancaq təkcə seksual baxımdan yox!) simvollaşdırır. Siz bunun niyə belə olduğunu ürəyiniz istədiyi qədər sorğulaya bilərsiniz, ancaq bu sorğunuza hansı cavabı alacağınızı öncədən demək çətindir.

Qadınların taxmadığı, boyundan üzüaşağı sallanan qalstuk açıq-aydın kişilik simvoludur. Alt paltar, kətan parça qadınlığı simvollaşdırır; paltarın, uniformanın çılpaqlığın, bədənin formasının, ayaqqabı ilə çəkmənin isə qadın cinsi orqanının simvolu olduğunu artıq eşitmisiniz. İstənilən pilləkən və nərdivanlar, habelə onlarla qalxmaq, sözsüz olaraq, cinsi əlaqədə olmağın simvoludur. Bir az düşünsək, doğrudan da, pilləkən və nərdivanla qalxmağın, habelə bu zaman aradabir dayanıb nəfəs dərməyin, cinsi ehtirasın artıb coşması və cinsi əlaqənin baş verdiyi zaman yaranan ritmik hərəkətliliyin arasında oxşarlığın olduğunu görmək olar.

Biz artıq yuxugörmədəki alçaq-hündürlüyü ilə gözə çarpan yer səthinin (landşaftın) qadın cinsi orqanını simvollaşdırdığını demişdik. Dağ və qaya isə kişi cinsi orqanının simvoludur; yuxugörmədə sıx-sıx rast gəlinən bağ qadın cinsi orqanının simvoludur. Meyvə isə doğulan uşağın yox, qadının döşlərinin simvoludur.

Yırtıcı heyvanlar isə cinsi ehtirası coşmuş insanların, habelə başqa qaba istəklərə qapılmış kimsələrin simvoludur. Çiçəkləmə və çiçək qadın cinsi orqanının simvoludur, bir sıra durumlarda isə bu, bakirəliyi simvollaşdırır. Burada çiçəklərin, doğrudan da, bitkilərin cinsi orqanları olduğunu xatırlamağa dəyər.

Otağın nəyin simvolu olduğu artıq bizə bəllidir. Burada daha kiçik detallara da varmaq olar: pəncərələr və başqa giriş-çıxış üçün olan yerlər insan bədənində olan deşiklərin simvoludur. Burada otağın qapısının bağlı, yoxsa açıq olması da bir simvoldur və bu zaman qapını açan açar kişilik simvoludur.

Yuxugörmənin simvolları ilə bağlı əlimizdə olan materiallar indilik bunlardır.

Bunlar hələlik yarımçıqdır, onları dərinləşdirməyə və genişləndirməyə gərək duyulur.

Ancaq mənə elə gəlir, tanış olduğunuz materiallar da sizin üçün yetərlidir və ola bilsin, onların sadalanması artıq sizi bezdirmişdir. Siz bu materiallarla tanış olandan sonra özünüzdən soruşacaqsınız: doğrudanmı, mən burada deyildiyi kimi, seksual simvolların arasında yaşayıram? Doğrudanmı, yan-yörəmdəki bu predmetlər – əynimə geyindiyim paltarlar, əlimdə tutduğum şeylər hamısı seksual simvollardan başqa bir şey deyilmiş? Anlaşılmazlıqdan doğan belə soruların ortaya çıxması təbiidir və bu sorğulardan, elə bilirəm, ən önəmlisi belə olacaqdır: yuxugörənin özü bu simvollarla bağlı heç nə bilmirsə və ya sorğulananda bunlarla bağlı olduqca az bir bilgi verə bilirsə, onda yuxugörmənin simvollarının daşıdığı bu anlamlar bizə haradan və necə bəllidir?

Bu sorğunuza mənim cavabım belədir: bunlar bizə çoxlu qaynaqlardan bəllidir.

Bunların sırasında: nağıllar və mifləri, folklorda qarşılaşdığımız zarafatları və lətifələri, habelə əxlaqla bağlı deyimləri, atalar sözlərini, xalq mahnılarını, poetik və gündəlik danışıq dilindəki deyimləri göstərmək olar. Burada yuxarıda danışdığımız simvollar ilə addımbaşı qarşılaşırıq və onları çox vaxt çətinlik çəkmədən anlayırıq.

Biz birdən dediyimiz bu qaynaqları dərindən öyrənib araşdırsaq, onda burada yuxugörmənin simvolları ilə olduqca çoxlu paralellər tapacaq və bununla da, yozumlarımızın doğruluğuna bir daha inanacağıq.

Biz Şernerin araşdırmalarına dayaqlanaraq, yuxugörmələrdə insan bədəninin evlə simvollaşdırıldığını demişdik. Bu təsvirlərə bir az da dərindən baxsaq, onda pəncərə, qapı, darvaza kimi təsvirlərin insan bədənində olan daxilə yönəlik dəliklərin simvolları olduğunu aydınlaşdıra bilərik, burada, habelə evin çöl divarları ya bütünlüklə hamar, ya da yapışıb dayana bilmək üçün olan eyvanlı və ya balkonlu olur.

Belə simvollar bizim danışıq dilimizdə də sıx işlənir, örnək üçün, loru danışıqda biz köhnə tanışımızı altes Haus (köhnə xarabalıq) deyə çağırırıq, yaxud kimisə vurmağa aus Dachl (günbəzinə) daş çalmaq deyirik və ya başı pozulmuş adamla bağlı Oberstübchen (evinin damı uçulub) söyləyirik. Anatomiyada isə, bildiyiniz kimi, bədənin dəlikləri birbaşa Leibespforten (bədənin qapıları) adlanır.

Valideynlərin yuxugörmələrdə imperatorla, imperator xanımı, yaxud da kralla, kral xanımı kimi görünməsi ilk baxışda təəccüblü görünür. Ancaq nağıllarda buna uyğun gələn oxşarlıqlar çoxdur. Nağılların bir çoxunun başlanğıcında deyilən: biri vardı, biri yoxdu, bir kralla onun xanımı vardı deyimi çox vaxt bizim düşüncələrimizdə: biri vardı, biri yoxdu, bir ata ilə ana vardı kimi qavranılmırmı?

Ailədə zarafatla uşaqları prins adlandırmaq da, böyük uşağa isə Kronprinz (vəliəhd) demək də bu sıradandır. Bəlli olduğu kimi, krallar da elə özlərini xalqın atası adlandırırlar. Nağıllarda kiçikyaşlı uşaqların soxulcana oxşadılmasını da xatırlamaq yerinə düşərdi, birdən öz uşağının hansısa durumuna acıyan valideynlərin onu

“mənim yazıq soxulcanım” deyə çağırmaları da olur.

Gəlin yenidən ev simvolunun üzərinə qayıdaq. Evin çöl divarı ilə sürüşüb, sonra onun eyvan və ya balkon kimi çıxıntılarından yapışıb dayanmaq kimi yuxugörmələri ananda, bu sizə, xalq içində iri döşləri olan qadınlarla bağlı deyilən “bunun yapışıb dayanmağa nəyisə var” sözünü xatırlatmırmı? Xalq arasında ətli-canlı qadınlarla bağlı başqa bir deyim də vardır: Sie hat viel Holz vor dem Haus (bu qadının evinin qarşısında çoxlu oduncağı var). Gördüyünüz kimi, bu xalq deyimi də ağacın qadınlıq-analıq simvolu olması ilə bağlı dediyimiz sözün doğruluğunu göstərir.

Ağacla bağlı bir-iki söz də demək istəyirəm. Ağacın qadınlıq-analıq simvoluna necə çevrilməsi bizim üçün aydın deyildir. Ona görə də, gəlin, filoloji-tutuşdurma metoduna üz tutaq. Almancadakı Holz (ağac) sözü əski yunan dilindəki “material”,

“xammal” anlamı verən sözdən yaranmışdır. Burada biz çoxluğun onun geniş yayılmış bir elementi ilə tanıdılması durumu ilə üzləşirik, beləliklə də, baxdığımız durumda material kimi çoxanlamlı bir nəsnə, onun bir elementi olan ağac adı altında qavranılır. Okeanda Madeyra adında bir ada vardır. Bu adanı tapan portuqallar, sıx meşəliklə örtüldüyünə görə, bu adanı belə adlandırmışlar. Madeira portuqalcada meşə deməkdir. Ancaq bu madeira sözünün latıncadakı materiya sözünün yüngülcə dəyişikliyə uğramasından yarandığını və material sözünü anlatdığını sezmək, məncə, sizin üçün çox da çətin deyildir. Materiya sözü isə, bəlli olduğu kimi, mater – ana sözündən törənmişdir. Göründüyü kimi, burada material ondan düzəldilən predmetlərin anası kimi qavranılır. Beləliklə də, əski çağ insanlarının düşüncəsində özünə yer eləmiş bu qavrayış indi də öz varlığını sürdürməkdədir.

Doğuluş yuxugörmələrdə həmişə su ilə bağlanır: suya atılmaq və ya sudan çıxmağın anlamı doğmaq və doğulmaqdır. Bu simvol insanlığın inkişaf tarixinin gedişinə baxanda özünü ikiqat doğruldur. Bəlli olduğu kimi, bütün məməlilərin, o sıradan insanın da soykökündə dayanan heyvanlar öz başlanğıclarını suda yaşayan heyvanlardan götürmüşlər, ona görə də bu simvol ilk öncə bu gerçəyi özündə əks etdirir, daha sonra insan embrionunun ana bətnində maye mühitdə böyüməsi və doğulanda bu mayedən çıxması da bu simvolda öz əksini tapır. Mən yuxugörənin bütün bu elmi baxışlarla tanış olduğunu sanmıram, əksinə, onun belə bir biliyi olmadan da bu sayaq yuxular görə biləcəyini düşünürəm. Onun yuxugörməsində belə bir simvolun yaranması isə, görünür, ona uşaqlıqda danışılan bir miflə bağlıdır, mən indi o mifi burada xatırladacağam. Ola bilsin, bu yuxugörən kimsəyə uşaqlıqda körpələri leyləklərin gətirib gəldiyini danışmışdılar və onda belə bir sorğu da yaranmışdı: leylək onları haradan tapıb gətirir? Bu sorğuya cavab olaraq, çox vaxt böyüklər leyləyin bu körpələri quyudan, yaxud da nohurdan tapıb gətirdiyini deyirlər.

Mənim xəstələrimdən birinin dediyinə görə, uşaqlıq çağında ona bu mifi danışandan sonra o, evdən qaçıb yaxınlıqdakı nohura getmiş, bir neçə saat üzünü suya dayayaraq orada körpə uşaqları axtarmışdı, sonra böyüklər onu güclə axtarıb taparaq evə aparmışdılar.

Qəhrəmanların doğulması ilə bağlı bu günümüzə gəlib çatan miflərdən ən birincisi bizim eradan 2800 il öncəyə gedib çıxan Aqadanın çarı Sarqonla bağlıdır. Bu miflər O.Rank tərəfindən tutuşdurma yolu ilə araşdırılmış və buradakı durumların çoxunda qəhrəmanların doğulmasının suya atılma və sudan çıxarılma ilə simvollaşdırıldığı bəlli olmuşdur. Rank bu araşdırmalarında yuxugörmədəki doğma və doğulmanın da buna uyğun olaraq simvollaşdırıldığını sübut eləyə bilmişdir. Kimsə yuxugörmədə birisini sudan çıxarırsa özünü onun anası kimi qavrayır; miflərdə uşaqları sudan çıxaran kimsələr də onların gerçək anaları sayılırlar. Çoxunuzun eşitdiyi bəlli lətifədə çoxbilmiş yəhudi oğlan uşağından Musanın anasının kimliyini soruşurlar. O düşünmədən Musanın anasının fironun qızı olduğunu deyir. Soruşanlar deyirlər: axı fironun qızı onu yalnız sudan çıxarmışdı. Uşaq deyir: yoxsa düşünürsünüz, fironun qızı bic doğduğunu boynuna alacaqdı? Beləliklə də, xalq uşağın dili ilə mifin gerçək anlamını açıqlayır.

Yola çıxmaq yuxugörmələrdə canvermə ilə ölümü bildirir. Bildiyiniz kimi, kiminsə ölümünü uşaqlardan gizlətmək üçün onlara ölən kimsənin uzaqlara getdiyini deyirlər. Bir çoxları yuxugörmələrdə ölümün uzaq yola çıxmaq kimi simvollaşdırılmasının uşaqların başını aldatmaq üçün düşünülmüş bu üsuldan qaynaqlandığını düşünürlər, ancaq mən bu düşüncənin kökündən yanlış olduğunu sanıram. Baxın, şairlər də eyni ilə bu simvolikadan yararlanır, o dünya ilə bağlı yazanda onu heç bir yolçunun gedib-qayıtmadığı bir ölkə kimi təsvir eləyirlər.

Gündəlik yaşamımızda biz də ölümə sonuncu yola çıxmaq deyirik. Əski çağların adətlərinin biliciləri bunu yaxşı bilirlər: uzaq keçmişlərdə yaşayan insanlar ölənləri hansısa ölülər ölkəsinə yola saldıqlarını düşünür, onların qəbirlərinə yola çıxmaq üçün lazım olan sursatları gen-bol qoymağa çalışırdılar. Bunun ən parlaq örnəklərini əski Misir dəfn mərasimlərində görmək mümkündür. Əski Misirin inanclarından danışan

“Ölülər kitabı” adlı yazıların bizə gəlib çatan parçalarında mumiyaların uzaq yola çıxdıqları və onların yoluna qoyulmalı olan şeylər geniş təsvir olunur. İnsanlığın tarixində haçandan ölüləri öz evlərində deyil, ayrıca qəbiristanlıqlarda basdırmağa başlamışlarsa, elə o çağlardan da başlayaraq ölən kimsələrin basdırılması onların sonuncu yola çıxmaları sayılmağa başlamışdır.

Cinsi orqanların simvollaşması da yalnız elə yuxugörmələrin özəlliyi deyildir.

Sizin istənilən birinizin özündən çıxıb hansısa qadını alte Schachted (köhnə kalafa) adlandırdığınız anlar olur, dediyiniz bu sözün cinsi orqanla bağlı olan simvol olduğunu isə çox vaxt bilmirsiniz. İncildə isə cinsi orqanın simvollaşması ilə bağlı belə bir söz var: qadın kövrək saxsı qabdır. Yəhudilərin müqəddəs kitabları poetik bir dillə yazıldığından, burada çoxlu seksual simvollardan da yararlanmışlar və belə deyimlər sonradan çox vaxt düzgün anlaşılmadığından, bu kitabların yozumunda çoxlu yanlışlıqlara yol verilməsinə gətirib çıxarmışdır. Elə “Mahnılar mahnısı”

adlanan kitabın bizim çağa gəlib çıxmış nüsxəsindəki çoxlu anlaşılmazlıqlar da buna görədir. Yəhudilərin daha sonrakı kitablarında qadının ev kimi təsvir olunması çox geniş yayılmış, evin qapısı isə onun cinsi orqanının dəliyi kimi simvollaşmışdır. Belə kitablarda birdən ərə gedən qız bakirə deyilsə, onunla evlənən kişi belə gileylənir: evimə gəlib qapının açıq olduğunu gördüm. Bu kitablarda qadının stolla simvollaşdırılması ilə də üzləşilir. Örnək üçün, qadın öz əri ilə bağlı deyir: mən onun üçün stol açmışdım, o isə götürüb stolu çevirdi. Bu kitablarda topal uşaqların doğulmasını da kişilərin sekslə düzgün məşğul olmayıb, stolu ağzı üstə çevirməsi ilə bağlayırlar. Dediyim bu faktları mən Bryunnlu L.Levinin 1914-cü ildə çap olunmuş

“Bibliya və Talmudda seksual simvolikalar” kitabından götürmüşəm.

Gəmi və qayıqların qadını simvollaşdırması da bu sözlərin əski çağlardakı deyilişinin etimologiyasından bəlli olur. İlk gəmiləri (Schiff) gil qablar adlandırmışdılar, bu isə həm də şişək – dişi qoyun (Schaff) anlamında işlənmişdir.

Korinfli Periandr və onun xanımı Melisse ilə bağlı əski çağ yunan mifində qadın və onun uşaqlığı (matka) peçlə simvollaşdırılır. Herodotun yazdığına görə, Periandr qısqanclığa uyub öldürdüyü sevimli xanımının Ölülər dünyasındakı kölgəsini çağırıb ondan bir sıra bilgilər almaq istəyəndə Melissanın kölgəsi yalnız onunla ərinə bəlli olan bir olaya eyham vurub deyir: sən, Periandr, mənimlə yaşayanda öz çörək kündələrini yanmayan sobada bişirmək istəmişdin. F.S.Kraussun çap elətdirdiyi

“Anthropophyteia” toplusunda müxtəlif xalqların cinsi yaşamları ilə bağlı olduqca dəyərli bilgilər yer almışdır; bu kitabın bir yerində, Almaniyanın bir bölgəsində uşaq ziyan eləmiş qadınla bağlı belə bir deyimin olduğu göstərilir: Onun sobası uçulub dağıldı. Ocaq qalamaq və onunla bağlı olan çoxlu işlərin seksual simvollarla qırılmaz bağlılığı vardır. Burada ocağın alovu kişinin, ocağın özü isə qadının cinsi orqanı olaraq simvollaşdırılmışdır.

Yuxugörmələrdə çox vaxt qadın cinsi orqanının torpaq landşaftı kimi verilməsi sizə anlaşılmaz görünürsə, onda mifologiyaya üz tutaraq, əski çağ mədəniyyətlərində yerin anaya bənzədilməsi və əkinçilikdə torpağın da qadın kimi, törəyişin qaynağı olması ilə bağlı saysız təsvirlərə göz yetirib, bu mövzunu özünüz üçün aydınlaşdıra bilərsiniz. Yuxugörmədə otağın (Zimmer) qadını (Fraunzimmer) simvollaşdırmasını aydınlaşdırmaq üçün siz dilimizdə Frau yerinə bu Frauenzimmer sözünün də işlənməsinə baxa bilərsiniz. Göründüyü kimi, burada insan kimliyi onun yaşadığı sığınacaqla eyniləşdirilmişdir. Elə bunun kimi də, biz türk sultanının sarayını Böyük Liman adlandırırıq, eləcə də, əski Misir dilində firon sözü “böyük həyət” anlamı vermişdir (Əski çağ Yunanıstanında insanların toplaşma yeri bazar meydanları olmuşsa da, Əski çağ Şərq ölkələrində bu yer üçün ikiqat qapısı olan böyük saray həyəti seçilmişdir). Mənə elə gəlir, bu mövzuya bir az dərindən yanaşmaqla çoxlu ağlabatan sonuclara gəlib çıxmaq olar. Məncə, otağın öz içində insanı saxlaya bilməsi özəlliyi onun insanları öz bətnində saxlayaraq dünyaya gətirən qadının simvoluna çevrilməsinə gətirib çıxarmışdır. Bildiyimiz kimi, çox keçmişlərdən “ev” sözü qadın anlamlı simvola çevrilmişdir; ancaq mifologiya və poetik deyimlərdən biz qadını simvollaşdıran: şəhər, qəsr, saray, qala kimi terminləri də görürük. Bu məsələni dərinliyinədək araşdıra bilmək və qadınlıqla bağlı olan simvolların birbaşa qadınlıq anlamı bildirən sözlər kimi işlənməsinin başqa dillərdə hansı durumda olduğunu öyrənmək üçün biz gərək almanca bilməyən və anlamayan kimsələrin yuxugörmələrini də araşdıraq. Mən son illər çoxlu sayda alman dilini bilməyən xarici vətəndaşları müalicə eləmişəm və onların dilində almancada olduğu kimi simvolun birbaşa dilə keçidi ilə bağlı nəsə tapa bilməmişəm. Ancaq bunun tərsi də olur və bir çox simvolların bir-birinə yad olan başqa-başqa dillərdə eyni olması ilə bağlı örnəklər də vardır. Belə faktları yuxugörmənin keçmiş araşdırıcılarından Şubert 1814-cü ildə çap elətdirdiyi kitabında göstərmişdir. Mən isə xarici vətəndaşlar olan çoxsaylı xəstələrimin danışdığı dillərdə işlənən simvolların bizim dilimizdəki simvollar arasında uyğunluqlar tapa bilmədiyimi deyə bilərəm və görünür, bu məsələni sonacan aydınlaşdıra bilmək üçün başqa dillərdə danışan xalqların arasında yayılmış belə simvolları toplayıb bu yöndə araşdırmalar aparmaq psixoanalitiklərin görməli olduğu önəmli işlərdən biri sayılmalıdır.

Kişi cinsi orqanının simvollarından, demək olar, hamısı zarafat içində, loru dildə və əski çağ şairlərinin şeirlərində poetik dillə işlənmişdir. Onların arasında yuxugörmədə rast gəlinən simvollardan başqaları da vardır, örnək üçün, folklorda və poetik deyimlərdə kişi cinsiyyət orqanını müxtəlif əmək alətləri ilə, ən çox da kotanla simvollaşdırmışlar. Bir sözlə, kişiliyin simvollaşdırılması ilə bağlı oblast çox genişdir və burada qızğın söz dartışmalarına gətirib çıxaran durumlar da olduqca çoxdur, ancaq biz vaxt qıtlığına görə bu məqamlara diqqət yetirməkdən çəkinməli olacağıq.

Ancaq yenə də bu simvollardan qopub ayrılan birisi, “üç” simvolu ilə bağlı bir-iki söz demədən keçmək istəmirəm. Bu ədədin müqəddəslik statusu qazanmasının onun seksual simvol olması ilə bağlı olub-olmadığı hələlik sonacan aydınlaşdırılmamışdır.

Ancaq sözsüz, təbiətdə olan başqa üçbölümlü bitkilərin, örnək üçün, üçyarpaq yoncanın gerb və emblem kimi işlədilməsində “üç” rəqəminin seksual simvol olmasının təsiri duyulmaqdadır. Gerblərdə və emblemlərdə geniş yer alan fransız zanbağı da üçbölümlüdür, ən ilginci isə bir-birindən çox uzaqda yerləşən Siciliya ilə

Men adalarının ikisinin də gerbinin eyni olmasıdır. Bu gerblərdə təsvir olan Trisreles (bir nöqtədən çıxan üç yarımbükülü ayaq) də, görünür, kişi cinsi orqanına oxşadılaraq yaranmışdır. Uzaq keçmişlərdə insanlar kişi cinsi orqanına oxşar tilsimləri boyunlarından asar və onların yaman güclərdən qoruyan ən kəsərli vasitə olduğuna inanardılar. Elə bugünkü tilsimli sayılan belə amuletlərdə də cinsi orqana oxşarlıqlar tapmaq mümkündür. Bu günümüzdə insanların üstlərində gəzdirdiyi belə amuletlərdə dördyarpaqlı yonca, donuz, göbələk, nal, nərdivanla gəzən buxarıtəmizləyən təsvir olunur. Dördyarpaqlı yonca özlüyündə elə üçyarpaq yoncanın abstraktlaşmış təsviridir; donuz törəyib artmanın ən əski simvollarından sayılır; göbələk isə birbaşa kişi cinsi orqanının simvoludur. Göbələklər arasında kişi cinsi orqanına çox bənzəyən bir növü bioloqlar elə bu orqanın adı ilə, Phallus impudicus adlandırmışlar; nal qadın cinsi orqanının dəliyinə bənzədilir; nərdivan gəzdirən buxarıtəmizləyənə gəlincə, xalq arasında işlənən loru dildə onun gördüyü işin cinsi əlaqəyə oxşadılması bəllidir. Onun gəzdirdiyi nərdivana seksual simvol kimi baxılmasını isə biz bir az öncə demişdik: bunun niyə belə olduğunu anlamaqda bizə alman dilində seksual anlam daşıyan steigen (qalxmaq) sözü yardım eləyə bilər. Alman dilindəki Den Frauen nachsteigen (qadına sarmaşmaq) və qadın düşkünü anlamında işlənən ein alter Steiger (arxasınca sürünmək) deyimlərindəki “sarılmaq” və “asılmaq” anlamı verən sözlər də nərdivan simvolunun seksuallığına aydınlıq gətirə bilər. Fransız dilində pilləkənə la marche deyirlər, qadın və əyləncə düşkünləri üçün anlamca pilləkənlə bağlanan un vieux marchuer sözü işlədilir. Bütün bu qalxmaqla bağlı sözlərin seksual simvollarda işlənməsi, görünür, cinsi əlaqə zamanı erkəklərin dişilərin üzərinə qalxması (steigen, besneigen) ilə bağlı olaraq yaranmışdır.

Onanizmin budağın qırılması ilə simvollaşdırılması təkcə elə loru dildə işlənən bir söz olaraq qalmır, habelə bu deyimin kökü çox uzaq mifik baxışlara gedib çıxır.

Bəlli olduğu kimi, keçmişlərdə yeniyetmələri onanizmdən çəkindirmək üçün onanizmin kişilik gücünü itirməyə gətirib çıxardığını demiş, bu işə qoşulanları axtalamaqla qorxutmuşlar, habelə onanizmlə məşğul olanların dişlərinin düşməsi və ya çıxarılması ilə bağlı danışıqlar da folklorda özünü göstərmişdir, yuxuda dişinin düşdüyünü görməyi də onanizmlə bağlamışlar. Mənə elə gəlir, bir sıra xalqlar arasında yayılmış sünnət eləmək ayini də elə bu “axtalamaq” ayininin formal olaraq yerinə yetirilməsi deməkdir. Bu dediklərimizi doğruldacaq bir örnək demək istəyirəm.

Avstraliyada geriçilik içində yaşayan bir oymaqda oğlan uşaqları yetkinlik yaşına çatanda onları sünnət eləyirlər, onlarla qonşuluqda yaşayan başqa bir geriçi oymaqda isə cinsi yetkinlik yaşına çatan oğlan uşaqlarının bir dişini çıxarırlar.

Elə bilirəm, düşüncələrimi örnəklərlə aydınlaşdırmaq üçün bu dediklərim yetərlidir. Ona görə də örnəklərin yardımına üz tutmağı dayandırmaq istəyirəm.

Düzünə qalsa, bunlar yalnız elə örnəklərdir; biz isə onların aydınlaşdırdığından da çox şeylər bilirik. Bir anlığına düşünün: birdən bu örnəkləri toplamağa bizim kimi bu işdən az baş açan kimsələr yox, mifologiya, antropologiya, dilçilik və folklor üzrə bilicilər qoşulsaydı, onların topladıqları belə örnəklər necə də dərin anlamlı və maraqlı olardı. İndi isə, mənə elə gəlir, bura qədər dediklərimizdən çıxan və bizə düşünmək üçün təpər verən bir sıra sonuclara baxmağa dəyər.

Birincisi, biz belə bir fakt qarşısında qalmışıq: yuxugörən kimsə yuxusunda simvollarla bağlı olan görüntülərlə üzləşir və o özü bunların istər yuxuda, istərsə də ayıqlıqda nə demək olduğunu bilmir. Bu isə bizi çox sarsıdıcı bir duruma salmış olur, birdən siz Bohemiyanın bir kəndində doğulmuş, öz ana dilindən başqa heç bir dili bilməyən qulluqçunuzun sanskrit dilini bildiyini eşitsəydiniz, onda da belə sarsılardınız. Bizim psixoloji dəlillərimizlə bu faktı aydınlaşdırmaq çox çətindir. Bu durumla bağlı deyə biləcəyimiz yalnız bir söz var: yuxugörən kimsə özünün simvolikliyi ilə bağlı bilgilərindən xəbərsizdir, bu bilgilər onun şüurdışında yerləşən və ondan gizli qalan bilgilərdir. Ancaq belə bir fərziyyə irəli sürməklə biz görmək istədiyimiz işi irəli apara bilmək üçün heç nə qazanmırıq. İndiyədək bizə belə bir fərziyyəyə arxalanmaq gərək olmuşdu: insan ruhunda şüurdışı istəklər var, onlar ya bir müddət üçün, ya da həmişəlik bizim üçün gizli qalır. İndi isə şuürdışı biliklərdən, şüurdışında olan bilgilərin arasında məntiqi ilişkilərin olmasından və burada çoxsaylı obyektlərin bir-biri ilə tutuşdurularaq onların arasından birinin başqa birilərinin əvəzedicisi kimi dayanıqlı bir duruma keçməsindən söz açılır. Özü də bu tutuşdurmalar hər dəfə ortaya çıxan yeni durumların gedişində yaranmır, onlar artıq işlək bir durumdadırlar, həmişəlik və dəyişməz olaraq şüurdışında öz yerlərini tutmuşlar; obyektlərin tutuşdurulması yolu ilə seçilən əvəzedicilər isə insanların hamısı üçün eynidir və burada dil ayrılıqları da böyük rol oynamır.

Elə isə bu simvolik münasibətlərlə bağlı biliklər haradandır? Onların yalnız çox az bir bölümünün danışıq dilindəki sözlərin ilişkilərindən yarandığı bəllidir. Ancaq başqa oblastlarla bağlı olan çoxsaylı simvolların yaranması yuxugörənin özünə də bəlli deyildir; bizim onların necə yarandığını tapmağımızın isə necə çətinliklərlə başa gəldiyini özünüz də gördünüz.

İkincisi, bu simvolik ilişkilər təkcə elə yuxugörənlər üçün və yuxugörmənin baş verməsi üçün işə yarayan özəlliklər deyildir. Bildiyiniz kimi, biz öz araşdırmalarımızla belə simvollaşdırmanın mif və nağıllarda, atalar sözlərində, xalq mahnılarında, loru danışıq dilində və poetik fantaziyalarda da olduğunu aydınlaşdırdıq. Simvollaşmanın baş verdiyi oblastlar olduqca çoxdur, yuxugörmənin simvolları bu oblastların az bir kəsimindən yararlanırlar və elə buna görə də simvollaşmanı yalnız yuxugörmə ilə bağlayıb öyrənməyə çalışmaq da böyük yanlışlıq olardı. Başqa oblastlarda çox geniş işlənən simvollar ya yuxugörmədə yoxdurlar, ya da burada çox təkəmseyrək işlənən simvollar sırasındadırlar, habelə yuxugörmədə bütün oblastlardan olan simvollar deyil, ancaq bir sıra oblastlardan olan simvollar işlənir. Yuxugörmədə simvollardan belə yararlanmanı əski çağlardan qalma, yalnız azacıq qalıqları bu günə gəlib çıxmış təsvirlərə bənzətmək olar. Bu təsvirlərdə əski çağ yaşamının müxtəlif oblastlarının görüntüləri olsa da, bu oblastlardan qırıq-qırıq təsvirlər baxımlı və anlaşılan durumda qalmışdır. Mən burada bir psixi xəstənin çox maraqlı fantaziyasını xatırlayıram. Onun bu fantaziyasına görə, haçansa yalnız bir

“başlanğıc dil” olmuşdur və indi işlənən simvollar da o dilin qalıqlarıdır.

Üçüncüsü, elə bilirəm, sizin də gözünüzə belə bir özəllik çarpmamış deyildir: digər oblastlarda seksual simvollardan başqa da çoxsaylı simvollar vardır, ancaq yuxugörmədəki simvolların az qala hamısı seksual obyektlərlə və seksual ilişkilərlə bağlıdır. Bunun nə üçün belə olduğunu aydınlaşdırmaq isə asan deyildir. Yoxsa simvollar ilk öncə yalnız seksual anlamlar daşımış, sonradan isə başqa oblastlarda işlənməyə başlayaraq yeni anlamlar qazanmışlar və simvolik təsvirlərin əks elətdirdikləri növlərdən birindən o birinə keçidi də bununlamı bağlıdır? Yalnız yuxugörmənin simvollarını araşdırmaqla bu sorğunun cavabını tapmaq olmaz. Burada ən ağlabatan fərziyyə isə gerçək simvollarla seksuallıq arasında sıx ilişkilərin varlığını düşünmək olardı.

Bununla bağlı biz son illər çox önəmli bir qaynaq da əldə edə bilmişik.

Psixoanalitiklə elmi baxımdan heç bir ilişkisi olmayan filoloq Q.Şperber apardığı araşdırmaları ilə bağlı 1912-ci ildə çap elətdirdiyi kitabında danışıq dilinin yaranması və sonrakı inkişafında seksual ehtiyacların çox önəmli bir rolu olduğunu göstərir.

Şperberin araşdırmalarına görə, ilkin insanların çıxardığı səslər, öncə, seksual istəklərini bildirmək üçün olan çağırışlardan ibarət olmuşdur; sonra bu seksuallıq bildirən səslərin kökü üzərində ibtidai insanların gördükləri işlərlə bağlı davranışlarını bildirən sözlər yaranmağa başlamışdır. Bu işlər birlikdə görülürdü və onları görərkən insanlar görülən işin özəlliyinə uyğun gələn ritmik və təkrarlanan səslər çıxarırdılar.

Bununla da, onların seksual maraqlarla bağlı olan sözləri ilə, gördükləri işlərlə bağlı yararlandıqları sözlər arasında bir uyğunluq yaranmağa başlayırdı. Beləliklə də, psixoloji baxımdan yanaşanda ilk öncələr cinsi əlaqədən həzz alan insan daha sonra gördüyü işlərdən də buna bənzər həzz almağa keçirdi. Bununla da, onların iş görməklə bağlı yararlandıqları sözlər iki anlam daşıyırdı, bu sözlər həm cinsi əlaqə, həm də onunla ekvivalent sayılan əməklə bağlı olurdu. Zaman keçdikcə bu sözlər seksual anlamlarını itirərək yalnız əməklə bağlı olan sözlərə çevrilirdilər. İnsanların sonra gələn nəsilləri də bu sözlərlə eyni cür davranmaqda davam eləyirdilər, onların da yararlandığı bir sıra sözlər seksual anlam daşımaqla yanaşı, əməklə bağlı davranışlarını da bildirirdi. Beləliklə də, kökü seksuallıqla bağlı olan çoxlu sözlər yarandı və sonradan onlar öz seksual anlamlarını itirərək gündəlik işlərlə bağlı anlamların daşıyıcısı olan sözlərə çevrildilər. Şperberin irəli sürdüyü bu baxışlar doğrudursa, onda bizim qarşımızda yuxugörmənin simvollarını aydınlaşdırmaq üçün geniş imkanlar açılır. Bu baxışlara arxalanarsaq, onda çox əski çağlarda insanların arasında olan ilişkilərin nə üçün yuxugörmədə belə çoxsaylı simvollar kimi işləndiyini də, əmək alətlərinin nədən kişi cinsi orqanı kimi simvollaşdığını, bu alətlərlə işlənilən material və xammalların isə qadın cinsi orqanının simvoluna çevrildiyini də anlaya bilərik. Elə isə, simvolik anlayışlar sözlərin çox-çox əski çağlarda daşıdığı anlamların qalıqlarını özündə yaşadır; elə bunun kimi də, o çağlarda adları cinsi orqanlarla bağlı olaraq yaranan predmetlər yuxugörmələrdə özlərinin ilkin seksual adlarına qayıdırlar.

Yuxugörmənin simvolları ilə başqa oblastlardan olan simvollar arasında belə paralelləri axtarıb tapmasını siz psixoanalizin önəmli özəlliklərindən biri kimi də dəyərləndirə bilərsiniz, elə bu cür özəlliklərinə görə də psixoanalitik psixologiya ilə psixiatriyanın bacarmadığı bir işi görə bilir və insanların çox geniş çevrəsini maraqlandıra biləcək bir elm sahəsinə çevrilir. Psixoanalitik öz işində humanitar elmlər, mifologiya, dilçilik, folklor, xalqların psixologiyası və ilahiyyatçılıq kimi sahələrlə ilişkilər qurmaqla, onların verdiyi bilgilərdən yararlanmaqla dəyərli sonuclara gəlib çıxa bilir. Bütün bunları biləndən sonra Hans Saksla Otto Rankın 1912-ci ildən yayınlamağa başladıqları və psixoanalitik baxışların yayılmasına qulluq eləyən “İmago” dərgisinin məramı da sizin üçün aydınlaşacaqdır. Bəlli olduğu kimi, bu dərgi psixoanalitika ilə sadaladığımız elm və başqa sahələr arasında körpü salmaq üçün çalışır. Başqa sahələrlə bağlı bu ilişkilərində psixoanalitik ilk çağlarda onlardan aldığından daha çox, onların işinə yarayacaq bilgilər verirdi. Elə bunun özü də psixoanalizin qazancı idi, axı onun gəldiyi sonucların başqa sahələrdə özünü doğrultması insanların ona olan inamını möhkəmlədirdi, doğrudan da, psixoanalitikanın təklif elədiyi metodların tətbiqi onun ilişkilərdə olduğu başqa oblastlarda da çoxsaylı və olduqca gərəkli sonucların alınmasına gətirib çıxarmışdı.

Ayrıca götürülmüş bir insanın ruhi yaşamında olan gizlinləri psixoanalitikanın köməyi ilə öyrənməklə biz insan kütlələrinin içində olan çoxlu gizli qalan problemləri həll edə, ən azından işıqlandıra bilərik.

Mən sizə bundan sonrakı araşdırmalarımızı necə dərinləşdirəcəyimizi, “başlanğıc dil” dediyimiz anlayışla bağlı düyünlərin açılmasında konkret olaraq hansı oblastdan daha çox yararlana biləcəyimizi deməmişəm. Bunu bilməyənədək siz bizim araşdırdığımız mövzunu da dəyərləndirə bilməyəcəksiniz. Bizim öz işlərimizi irəli aparmaq üçün yararlanacağımız oblastın adı nevrotikdir (sinir xəstəlikləri), onun bizim araşdırmalarımız üçün yararlı materialları isə nevrotik simptomlar və əlamətlərdir. Elə psixoanalitika da bunları aydınlaşdırmaq və sağaltmaq üçün yaradılmışdır.

Baxdığımız sorğuya dördüncü baxımdan yanaşanda, biz yenidən başlanğıca qayıtmalı oluruq və başladığımız yolun ardını getməyə yönəlirik. Biz, yuxugörmənin senzurası olmasa belə, yuxugörmələrin bizim üçün anlaşılmaz qalacağını demişdik, doğrudan da, istənilən durumda yuxugörmələrdə qarşılaşdığımız simvolları bizim ayıq olanda anladığımız dilə çevirmək kimi çox çətin bir sual dayanır. Beləliklə də, yuxugörmələrdə qarşılaşdığımız simvollar senzuradan sonra yuxugörməni korlayan və bu senzuradan asılı olmayan ikinci özgür faktor sayılmalıdır. Habelə senzuranın özünün də simvollardan yararlanmağa yönəlik olduğu bəllidir, axı onların ikisinin də amacı yuxugörməni anlaşılmaz və qarmaqarışıq duruma salmaqdır.

Başladığımız bu işə davam etdikcə biz yuxugörmələri pozan yeni faktorların olub-olmaması sorusuna da aydınlıq gətirə biləcəyik. Mən yuxugörmənin simvolları ilə bağlı məsələni qapatmazdan öncə yetərincə aydın düşüncəli insanların da nədənsə bu simvollarla bağlı deyilənlərə qarşı var gücü ilə çıxıb onları danmalarını, bir də diqqətinizə çatdırmaq istərdim. Simvolların miflərdə, dinlərdə, incəsənətdə və dildə geniş yayıldığı bəllidirsə, onda onun yuxugörmələrdə də ola bilməsi niyə belə qısqanclıqla qarşılanmalıdır? Yoxsa bu danmanın kökündə onların seksual anlamlar daşıması dayanır?

4 Tertium comparationis – iki tutuşdurulan obyektin bənzəyişlərini təsdiqləyən üçüncü obyekt anlamındadır.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.