Üçüncü mühazirə. YANILMALAR (ardı)

Dəyərli xanımlar və bəylər! Ötən dəfəki mühazirəmizdə biz yanılmalara öz-özlüyündə baxmağa, onları çaşqınlıq gətirmək istədikləri düzgün olan işdən asılı olmayaraq, ayrılıqda araşdırmağa çalışdıq; ayrı-ayrı durumlarda bu ayrılıqda götürülmüş yanılmaların öz anlamları ola biləcəyi düşüncəsinə də gəlib çıxdıq.

Araşdırmalarımızın ardında yanılmaların, doğrudan da, təsadüfilikdən yaranmayıb anlam daşıyıcıları olduğu daha çox durumlarda doğrulanarsa, onda bizim üçün yanılmaların daşıdığı bu anlamlar yanılmaların hansı şəraitdə və necə yaranmasını araşdırmaqdan daha maraqlı olacaqdır.

Gəlin sizinlə bu məqamı bir daha anlaşaq: hansısa psixi prosesin “anlamı” (Sinn) deyəndə başqa bir şeyi deyil, yalnız və yalnız bu psixi prosesin qulluq elədiyi niyyəti və onun, bu niyyətlə bağlı olduğu üçün, başqa psixi olayların içində seçilib ayrılaraq tutduğu yeri başa düşəcəyik. Biz öz araşdırmalarımızda çox yerdə “anlam” yerinə

“niyyət” (Absicht), ya da “yönlənmək” və ya “meyillənmək” (Tendenz) sözlərini işlədəcəyik. Ancaq buradaca belə bir sorğu ilə də üzləşməli oluruq: yanılmalara məqsədyönlü əməllər kimi yanaşmağımız özünüaldatma, ya da təxəyyülümüzün poetik özbaşınalığa uymasından doğa bilməzdimi?

Çalışmalarımızın bu yerində yenə də söz yanılmalarını araşdıracaq və bununla bağlı olan daha çox durumları izləməyə çalışacağıq. Biz indiyədək qarşılaşdığımız bir çox söz yanılmalarının hansısa anlamın, niyyətin daşıyıcısı olduğunu bütün aydınlığı ilə gördük. Bu isə özünü, ən çox, demək istədiyinin əksini söyləməklə baş verən söz yanılmalarında göstərməkdədir. Örnək üçün, parlamentin sədri iclası açanda deyir:

“İclasımızı bağlayıram”. Onun bu yanlışının anlamı və niyyəti iclası bağlamaq istəməsidir. Biz bu durumda onu öz sözü ilə tutmağa çalışıb deyə bilərik:

“Görürsünüz, o bunu öz dili ilə deyir”. Ancaq bunu da yaxşı bilirsiniz, gerçəklikdə, parlamentin sədrini öz sözləri ilə tutmaq mümkün olmayacaqdır, axı biz özümüz də onun iclası bağlamaq yox, açmaq istədiyini bilirik, habelə onun özü də iclası bağlamaq yox, açmaq istədiyini deyəcək və söz yiyəsinin dediyini danmaq üçün bizim əlimizdə heç bir dəlil olmayacaqdır. Eləcə də siz belə düşünəndə bizim bu yanılmalara ayrılıqda, öz-özlüyündə baxmaq istədiyimizi də unutmuş olursunuz; biz bu yanılmaların daşıdığı anlamın, yaxud niyyətin, onların yerini tutmuş olduğu “düzgün”

niyyətlə qarşılıqlı asılılığına bir az sonra baxacağıq. Yoxsa siz məntiqi yanlışa uğradığınızdan, problemi araşdırmaqdansa onun özünü itirmiş olarsınız. İngilis dilində buna “begging the question” (sualı xırdalaya-xırdalaya yox eləmək) deyilir.

Başqa durumlarda söz yanılmasının özü birbaşa deyilməli olan sözlə əks olan anlam daşımasa da, onun ortaya çıxması ilə deyiləcək fikir əks anlama çevrilir.

Yuxarıda professorun öz müəllimi ilə bağlı dediyi “İch bin nicht geneigt (geeignet), die Verdienste meines sehr geschatztenVorgangers zu würdigen” ifadəsində bu çox aydın görünür. Buradakı “istəmərəm” (geneigt) sözü “bacarmaram” (geeignet) sözü ilə əks anlamlı olmasa da, bu söz yanılması natiqin demək istədiyi sözü əks anlama gətirib çıxarır.

Bir sıra durumlarda isə söz yanılması deyilməli olan gerçək sözə əks anlam yaratmır, ancaq ona yeni bir anlam artırır. Burada deyilən cümlə elə bil bir neçə cümlənin daralmasından, qısalmasından, sıxlaşmasından yaranmış kimi görünür.

Örnək olaraq, yuxarıda dediyimiz, əri üzərində ağalıq eləməyi sevən xanımın sözlərini göstərə bilərik: “O mənim istədiyim nə varsa onları yeyə və içə bilər”. Xanım bununla aşağıdakıları demək istəyir: “Ərim nə istəsə yeyə və içə bilər, ancaq o mənim istəmədiyim nəyisə yeməyə necə ürək eləyə bilər? O mənim istədiyimi istəməlidir”.

Söz yanılmaları onu eşidənlərdə çox vaxt deyilən cümlənin qısaldılması ovqatını yaradır. Örnək üçün, anatomiya professoru burun oyuqları ilə bağlı mühazirə oxuyandan sonra tələbələrindən deyilənləri anlayıb-anlamadıqlarını soruşur, onlardan

“anladıq” cavabını eşidincə deyir: “İnanmıram, mənim bildiyimə görə, milyon nəfərin yaşadığı şəhərdə burun oyuqlarının anatomiyasını anlayan insanların sayını bir barmaqla saymaq olar, bağışlayın, bir əlin barmaqları ilə saymaq olar demək istəyirdim”. Bu qısaltmanın anlamı bəllidir: burada burun oyuqlarının anatomiyasını bilən ancaq bir adam var, o da mənəm.

Dediyimiz sırada dayanan, özləri birbaşa öz anlamlarını açıqlayan yanılmalarla əks olan başqa yanılma tipləri də vardır və onlar, elə bil, heç bir anlam daşımırlar və bizim indicə dediklərimizi yalana çıxarmış kimi görünürlər. Birdən kimsə söz yanılmasında hansısa adı düzgün səsləndirmirsə, yaxud da söz demək yerinə, hansısa büsbütün anlamsız səs yığınını dilə gətirirsə, onda bu sıx-sıx üzləşdiyimiz durumlara baxaraq, belə söz yanılmalarının heç bir anlam daşımadıqlarını düşünə bilərik. Ancaq belə örnəklərə bir az dərindən yanaşanda onlardakı yanlışların da hansısa bir anlamı bildirdikləri bəlli olur və bu yanılmalarla bir az öncə baxdığımız yanılmalar arasında elə də çox böyük fərqin olmadığı üzə çıxır.

Bir sayğılı ağadan onun atının sağlamlıq durumunu soruşurlar, o isə belə cavab verir: “Ja, das draut... Das dauert vielleicht noch einen Monat (Hə, görünür, bu hələ bir ay da çəkəcəkdir). Burada “çəkəcəkdir” anlamında olan dauert sözünün yerinə heç bir anlamı olmayan draut sözünü işlədir. Ondan bu yanlış sözü nə üçün işlətdiyini soruşanda o bir az düşünür, sonra deyir: “Das ist eine tpaurige Geschichte (Bu çox qüssəli bir olaydır). Burada “dauert” sözü ilə “traurige” sözlərinin toqquşmasından anlamsız bir söz olan “draut” yaranmışdır (Bu örnək Meringerlə Mayerin dediyimiz araşdırmalarından götürülmüşdür).

Başqa birisi qarşılaşdığı bir olaydan danışaraq onun baş verməsini qınayır və ardınca deyir: Dann aber sind die Tatsachen zum Vorschwein (forşvayn) gekommen...

(Beləliklə də, faktlar üzə çıxdı; ancaq burada “üzə çıxdı” deyimi “Vorschein” kimi deyilməkdənsə ona, yanlış olaraq, “w” səsi artırılaraq anlamsız bir söz alınmışdır).

Sonradan söz danışan kimsəni sorğu-suala çəkəndə o bu üzə çıxan faktları bəyənmədiyini, bunun “donuzluq eləmək” (Schweinerei) olduğunu demişdi. Beləliklə də iki sözün: Vorschein (forşayn) ilə Schweinerei (şvayneray) toqquşmasından anlamsız bir söz olan Vorschwein (forşvayn) ortaya çıxmışdır (Bu örnəklər də

Meringer ilə Mayerin kitabından götürülmüşdür). Buradaca yuxarıda örnək gətirdiyimiz gənc kişinin bir xanıma dediyi anlamsız begleitdigen sözünü də ana bilərik. Biz bu örnəkdə üzləşdiyimiz begleitdigen yanılmasının begleiten (ötürmək) və beleidigen (aşağılamaq) sözlərinin toqquşmasından doğulduğunu bildirmişdik və bu yozuma inansaq da, onu doğrultmağa gərək duymamışdıq. Bu cür örnəklərdən aydın göründüyü kimi, yanılmanın anlamsız söz yaratdığını düşündüyümüz durumları da danışığın gedişində düşüncədə toqquşan iki fərqli niyyətin toqquşması ilə açıqlamaq olar. Buradakı fərqlər də göz önündədir: birinci örnəkdə ürəkdən keçən bir niyyət deyiləcək sözün daşıdığı niyyətlə bütünlüklə qarışır və əks anlamlı bir söz yaranıb söz yanılması kimi ortaya çıxır; ikinci örnəkdə isə deyilməli olan sözün daşıdığı niyyət korlanır, söz özü də dəyişikliyə uğrayıb buraxılan söz yanılmasının az-çox anlaşıla bilən hansısa anlamı daşımasına gətirib çıxarır.

Mənə elə gəlir, biz indi yetərli sayda söz yanılmalarını yoza bildik. Biz bu yanaşmamızdan yayınmasaq, indiyədək olmuş və bizim üçün anlaşılmaz qalmış çoxlu yanılmaları da özümüz üçün aydınlaşdıra bilərik. Örnək üçün, bu yanaşmamızdan adların yanlış deyilməsinin iki oxşar, ancaq fərqli anlam daşıyan adın toqquşmasından yarandığı çıxmır. Bunun kimi, buradakı başqa durumlara da asanlıqla aydınlıq gətirmək olar. Bəlli olduğu kimi, adların düzgün deyilməməsi heç də həmişə yanılmalarla bağlı olmur; çox vaxt ad yiyəsini aşağılamaq üçün bu adın deyilişini korlamağa çalışırlar; bu, mədəni insanların da bir sıra durumlarda yol verdikləri, başqasını aşağılamaq istəyindən yaranan bir durumdur. Mədəni insanlar bu durumu

“sözü zarafata salmaq” adlandırıb yumşaltmaq istəsələr də, buradakı qabalıq açıq-aydın gözə çarpır. Buna örnək olaraq, Fransa prezidenti Puankarenin adının önünə

“şvayn” (donuz) sözünün artırılıb “Şvaynkare” çağırılması kimi iyrəncliyi göstərmək olar. Ona görə də başqa söz yanılmalarında da, adların korlanmasında olduğu kimi, başqasını alçaltmaq istəyinin olduğunu düşünməyə dəyər. Bir az yuxarıda göstərdiyimiz gülünc bir duruma gətirib çıxaran örnəyin də, başqasını aşağılamaq istəyinin gizlədilə bilməyib gözlənilmədən üzə çıxmasından doğduğunu güman eləmək olar. Unutmamısınızsa, bu örnəkdə işçisi öz rəisinin sağlığına tost deyəndə

“qədəhlərimizi qaldırıb, toqquşduraq” əvəzinə “qədəhlərimizi qaldırıb, gəyirək”

deyirdi. Beləliklə də, yanılmadan doğan bu ürəkbulandırıcı sözlə ortalıqda olan bayram ovqatı pozulur və biz bir az öncə baxdığımız örnəklərə arxalanarsaq, onda bu işçinin yanılmasının da onun öz daxilində rəisinin kimliyinin belə yersiz şişirdilməsinə qarşı olmasından doğduğunu, onun gerçək düşüncələrinin isə belə olduğunu düşünə bilərik: “Burada deyilən yalanlara inanmayın, bütün bunlar boş-boş sözlərdir, tüpürüm sizin şişirtdiyiniz bu cılız adama... habelə bunun kimi düşüncələr”.

Bunun kimi də, çox vaxt görürsən belə yanılmalarda hansısa yaxşı anlamlı bir söz ədəbsiz anlam daşımağa başlayır. Örnək üçün, apropos (sözgəlişi) anlamlı söz apopos (dalından dəymək) kimi, EiweiBscheibchen (zülal təbəqəsi) anlamlı söz isə, EischeiBweibchen (iyrənc arvad) kimi pis anlamlar daşımağa başlayır (Bu örnəklər də

Meringerlə Mayerin kitabından götürülüb). Biz öz yaşamımızda çoxlu elə insanlar tanıyırıq ki, yalnız əylənmək üçün istənilən normal sözü götürüb iyrənc şəkillərə salırlar; bu çox vaxt itiağıllılıq da sayılır və doğrudan da, bir çox durumlarda bu işi görən insanlardan dediyinin zarafatmı, yoxsa yanılmamı olduğunu soruşmalı da olursan.

Ancaq görürsünüz, biz çox asanlıqla belə söz yanılmalarının necə yaranmasını özümüz üçün aydınlaşdıra bildik! Onlar təsadüfdən yaranmırlar və anlamları olan çox ciddi psixoloji olaylardır, habelə onlar iki fərqli niyyətin qarşılaşmasından, daha doğrusunu desək, toqquşmasından yaranırlar. Mən sizin indiki durumunuzu çox gözəl anlayıram, bilirəm, bu məsələni özünüz üçün sonacan aydınlaşdıra bilmək üçün üstümə dolu kimi yağdırmaq istədiyiniz çoxlu sorğularınız vardır və bu sorğulara cavab vermədən araşdırmalarımızda gəlib çıxdığımız bu ilk sonucu uğur sayıb ona sevinmək də hələ tezdir. Sözün düzü, mən sizləri tələsik sonuclara gəlməyə sürükləməyi də istəmirəm. Ona görə də gəlin ortaya çıxan sorğulara sıra ilə və soyuqqanlı yanaşaraq cavab tapmağa çalışaq.

Siz məndən nələri soruşmaq istərdiniz? Elə bilirəm, bunları bilmək istəyərdiniz: mən söz yanılmalarının yozulması ilə bağlı tapdığımız bu qaydanın bütün söz yanılmalarınımı, yoxsa yalnız onların bir sırasınımı aydınlaşdıra biləcəyini düşünürəm? Belə bir qayda ilə başqa yanılma növlərini: yanlış oxumanı, yanlış yazmanı, unutqanlığı, nəyinsə yerinə başqa bir nəsnəni yanlış götürməyi, nəyisə gizlədib sonra tapa bilməməyi, habelə bu başqa yanılmaları da yozmaq olarmı?

Yanılmaların baş verməsinə gətirən psixoloji durumun yaranmasında yorğunluq, həyəcan, dalğınlıq və diqqətin yayınması kimi faktorların önəmi varmı? Burada yanılmaların yaranmasına gətirən iki toqquşan niyyətlərdən birinin bəzən açıq-aydınlığı ilə üzə çıxmasını, bəzən isə sonacan bəlli olmamasını da deməyin yeri vardır. Elə isə, bu üstüörtülü qalan niyyətin aydın olması üçün nə etmək gərəkdir və biz bu niyyətin nə olduğunu fərz eləyiriksə, onda bu düşüncəmizin ancaq ehtimal olunan mülahizələrdən biri olmayıb, büsbütün doğru olduğunu necə sübut eləmək olar? Sizin bütün bunlardan başqa da sorğularınız varmı? Başqa sorğularınız yoxdursa, onda mən sözümə davam edirəm. Buradaca onu da sizə xatırlatmaq istəyirəm ki, bütün bu yanılmalar psixoanalizin öyrəndiyi problemlərdə yararlana biləcəyi çox dəyərli materiallar əldə edəcəyi təqdirdə bizi maraqlandırır. Yanılmaların bundan nə az, nə də çox sayıla biləcək bir önəmi yoxdur. Buradan isə belə bir sorğu yaranır: demək istənilən gerçək sözün qarşısını alaraq, bu sözü yanılmağa gətirib çıxaran hansısa niyyət, yaxud meyil nə üçündür? Biz yalnız bu problemi aydınlaşdırandan sonra öz araşdırmamıza davam edəcəyik.

Gəlin ilk olaraq bu sorunu aydınlaşdırmaqdan başlayaq: bizim söz yanılmalarını yozmaq üçün tapdığımız qayda bütün söz yanılmalarını yozmaq üçün yararlı sayıla bilərmi? Mən bunun elə belə də olduğuna inanmağa üstünlük verirəm, bunun səbəbi isə tapdığımız bu qaydanın, demək olar, baxdığım bütün söz yanılmalarında işə yaramasıdır. Ancaq bu deyilənlər heç də bu qayda ilə yozula bilməyən söz yanılmalarının ola bilməyəcəyini sübut eləmir. Qoy belə də olsun; bizim irəli sürdüyümüz nəzəriyyə üçün bunun önəmi yoxdur, tapdığımız qaydanın azsaylı söz yanılmaları üçün özünü doğrultması da onu doğru saymaq üçün yetərli olacaqdır, ancaq düzünə qalsa, bu qayda ilə yanılmaların yozulması onun çoxsaylı söz yanılmalarına aydınlıq gətirə bildiyini göstərməkdədir. Sonrakı sorğumuz belə olacaqdır: söz yanılmalarını araşdırmaqla bağlı yararlandığımız bu qayda ilə yerdə qalan başqa yanılmaları da araşdırmaq olarmı? Mən bəri başdan bunun mümkün olduğunu sizə deyə bilərəm. Biz yazıda yanılmaları, yaxud da çaşıb vacib olanı yox, vacib olmayan nəyisə götürməklə bağlı yanılmaları, habelə başqa yanılmaları da araşdırmağa başlayanda bunun belə olduğuna siz də inanacaqsınız. Ancaq mən burada söz yanılmalarını dərindən araşdırıb qurtarmadan başqa yanılmaların araşdırılmasına keçməyi metodoloji baxımdan düzgün saymıram.

Biz indi yanılmaların baş verməsi ilə bağlı öz yozumumuzu irəli sürürüksə, onların baş verməsinin psixi mexanizmini ortaya qoyuruqsa, onda belə çıxır ki, bununla bağlı başqalarının irəli sürdüyü fərqli yozumlara, yəni bu yanılmaların qan dövranının pozulmasından, yorğunluqdan, həyəcandan, dalğınlıqdan, diqqətin yayınmasından baş verdiyini irəli sürən kimsələrin yanaşmalarına da önəm verməli, onlarla bağlı da araşdırmalar aparıb kimin doğru olduğunu üzə çıxarmalıyıq. Ancaq gördüyünüz kimi, biz bu durumlara önəm vermir, bu düşüncələrin yiyələri ilə söz çəkişmələrinə girişmirik. Bu, psixoanalizin bir özəlliyidir, o heç vaxt birbaşa başqalarının hökmlərinə qarşı çıxmır, bu hökmləri irəli sürənlərlə söz güləşdirmir; psixoanaliz başqa yolla gedir, o danışılan mövzu ilə bağlı ilk baxışda önəmsiz görünən mülahizələr irəli sürməyə başlayır və çox vaxt bu, indiyədək önəmsiz görünən və yalnız psixoanalizin irəli sürməyi gərəkli saydığı nəsnələrin sonradan danışılan mövzu üzrə ən başlıca faktorlardan biri olduğu üzə çıxır. Biz psixoanalitiklər fizioloji faktorlar olan qan dövranının pozulmasının, yüngül sağlamlıq pozuntularının, üzgünlüyün, habelə bu kimi gündəlik üzləşdiyimiz bir sıra faktorların söz yanılmalarının yaranmasına təsir etdiyini danmırıq. Ancaq bilsəniz, bu faktorlar yanılmalara necə də az aydınlıq gətirə bilir! Hər şeydən öncə, yanılmaların yaranması heç də həmişə bu faktorlardan asılı olmur. Bütünlüklə sağlam və yorğun olmayan insanlarda da söz yanılmaları baş verə bilir. Ancaq sadalanan bu fizioloji çatışmazlıqların törətdiyi durumlar bu yanılmaların yaranmasını yeyinləşdirə və asanlaşdıra bilir, bu doğrudan da belədir. Dediyimin yaxşı anlaşılması üçün vaxtilə düşünüb tapdığım bir bənzətməni yenidən səsləndirmək istəyirəm, sözün düzü, bundan yaxşısını hələ tapa bilməmişəm. Tutalım, mən qaranlıq bir gecədə yiyəsizlik olan bir küçə ilə gedirəm və bir soyğunçu basqın eləyib mənim pul kisəmlə saatımı əlimdən alır. Mən soyğunçunun üzünü görə bilmədiyim üçün yaxınlıqdakı polis bölməsinə gəlib deyirəm: “Yiyəsiz və qaranlıq bir küçədə elə indicə mənim pulumu və saatımı əlimdən aldılar”. Bu dediklərimin qarşılığında polis komissarı mənə deyir:

“Siz niyə başınıza gələnlərə belə mexaniki baxımdan yanaşırsınız? Düzünə qalsa, sizin başınıza gələn hadisəni belə açıqlamaq olar: Tanımadığınız bir soyğunçu qaranlıqdan və yiyəsizlikdən yararlanaraq sizin pulunuzu və bahalı saatınızı əlinizdən almışdır. Sizin düşdüyünüz bu acınacaqlı durumdan ən yaxşı çıxış yolu isə bizim o soyğunçunu tapa bilməyimizdir. Onda biz soyğunçunun oğurladıqlarını alıb sizə qaytara bilərdik”.

Həyəcanlanma, dalğınlıq, diqqətin yayınması kimi psixofizioloji pozuntular yanılmaların yaranmasına olduqca az aydınlıq gətirə bilir. Bu kimi səbəbləri ortaya atmaq çox vaxt məsələyə üzdən yanaşmadır, ya da boşuna deyilmiş bir sözdür. Biz gərək bu sözlərin dəyərləndirilməsində yanlışa qapılmaqdan özümüzü çəkindirməyi bacaraq. Daha yaxşısı isə, bu deyilən həyəcanın, yaxud da diqqətin yayınmasının nədən yaranması üzərində baş sındırmaq olardı. Oxşar səslənmənin, sözlərin və onların doğurduğu duyğuların uyğunluğunun önəmli olduğunu da danmaq olmaz.

Onlar da söz yanılmalarının yaranmasını asanlaşdırır, onun üçün irəliləyə biləcəyi yolu açırlar. Ancaq birdən mənim qarşımda hansısa yol açılmışsa, mənim bu yolu seçməyim özümdən asılı deyilmi? Mənim bu yolu seçməyim üçün hansısa səbəb olmalı deyilmi? Habelə məni bu yola sarı itələyən hansısa bir güc də olmalı deyilmi?

Beləliklə, həm səslərin və sözlərin uyğunluqları, həm fizioloji pozuntular söz yanılmalarının yaranmasına yardımçı olsalar da, onların yaranmasının səbəbini aydınlaşdıra bilmirlər. Buradaca olduqca çoxsaylı söz yanılmalarını anıb, onların böyük çoxluğunun heç də sözlərin uyğunluğundan, yaxud da əksmənalı fikir daşıyıcısı olan sözlərin toqquşması ucbatından baş vermədiyini də xatırlaya bilərsiniz. Mənə elə gəlir, biz bu araşdırmamızda çox dərinə getməsəydik, filosof Vundtun bu sözləri ilə razılaşa da bilərdik: “Fiziki yorğunluq ucbatından, insanı danışmağa yönəldən duyğulardan biri onun bu anda açıqlamaq istədiyi niyyətini üstələyəndə söz yanılmaları yaranır”. Doğrudan da, fiziki üzüntüsü olmayan və dərin duyğulara qapılmayan insanların da danışığında söz yanılmalarının baş verməsi faktı olmasaydı, onda bu sözlərə çox asanlıqla inanmaq olardı.

Ancaq mənim üçün sizin sonrakı sorğunuz daha maraqlıdır: yanılmaların yaranmasında rol oynayan iki bir-biri ilə çəkişən niyyətin olmasını necə sübut eləmək olar? Bu sorğuya cavab axtarmağın bizi necə uğurlu sonuclara gətirib çıxaracağını siz indidən ağlınıza belə gətirə bilməzsiniz. Doğrudan da, burada deyiləsi olan bir niyyətin varlığı yəqinliklə bəllidir: yanılmış insan onun varlığını bilir və soruşanda da onu doğru sandığını deyir. Ancaq yanılmaya gətirən ikinci niyyətin varlığı çox vaxt inandırıcı görünmür və üzücü düşüncələrə gətirib çıxarır. Ancaq mənə elə gəlir, yanılmaların baş verdiyi durumlarda belə niyyətlərin olduğunun açıq-aydın göründüyü örnəklərlə bağlı bir az öncə dediklərimizi unutmamısınız. İkinci niyyətin varlığını biz söz yanılmasının yaratdığı effektə görə arayıb tapırıq, ancaq burada istər-istəməz belə bir sual da yaranır: görəsən, bu effekti onun varlığının sübutu kimi götürmək düzgündürmü? Yenə də yuxarıdakı örnəklərə üz tutmalı oluruq: söz yanılmasında əks niyyəti dilinə gətirib parlamentin iclasını bağladığını deyən parlament sədri özlüyündə bu iclası açmaq istəyir, ancaq onun bu iclası elə bəri başdan bağlamaq istədiyi də açıq-aydın göz önündədir. Bu olduqca aydın göründüyündən, heç bu durumu dərindən araşdırmağa da gərək duyulmur. Elə isə, deyiləsi niyyəti bütünlüklə poza bilməyib, onu ancaq korlamaqla söz yanılmasına gətirən, beləliklə, özü də sonacan açıqlamayan əks niyyəti necə tapmalı?

Burada çətin heç nə yoxdur, bu üstüörtülü qalan əks niyyət də elə başqa örnəklərdəki bütün açıqlığı ilə görünən əks niyyətlər kimi tapılır. Elə söz yanılmasının özü onun varlığından soraq vermiş olur. Bu yanılmaya arxalanmaqla ilk baxışda anlamsız görünən söz yanılmasının özlüyündə necə olmasını aydınlaşdırmaq olur, yuxarıda bununla bağlı dediyimiz örnəkdə olduğu kimi: “Das draut (bu, anlamı olmayan söz yanılmasıdır), nein, das dauert (bu isə yanılmaya uğrayan sözdür) vielleicht noch einen Monat” (çevirməsi: Bu draut, bağışlayın, yanıldım, bu, deyəsən, bir ay da davam edəcək). Bu örnəkdə yanılan adamdan nə baş verdiyini soruşanda o burada işlətdiyi anlaşılmaz draut söz yanılmasına aydınlıq gətirə bilmişdi: “Das ist eine traurige Geschichte” (Bu olduqca qüssəli bir olaydır). Bununla bağlı olaraq baxdığımız ikinci söz yanılması örnəyində üzləşdiyimiz “Vorschwein” yanılmasını deyən adam o andaca boynuna alır: “mən burada, ilk öncə, “Das ist Schweinerei” (bu donuzluq) demək istəyirdim, ancaq özümü saxlayıb başqa söz demək istədim”.

Göründüyü kimi, buradakı söz yanılmasında yanlışa uğramış niyyəti də, onu yanlışa uğradan əks niyyəti də aydınlaşdırmaq çox asandır. Mən bilərəkdən özümün, habelə mənim ardıcıllarım olan araşdırıcıların yozmadığı, başqalarının araşdırıb tapdıqları bu söz yanılmaları ilə bağlı durumları örnək olaraq göstərdim. Ancaq bu örnəklərin ikisində də problemin həlli üçün kiçik bir üsula əl atmalı oluruq. Burada söz yanılmasının yiyəsindən onun nə üçün belə yanılmaya yol verdiyini soruşmağa gərək duyulur. Yoxsa kimsə onun bu yanılmasını duymasa və bununla bağlı soruşmasaydı, o da bu yanılmaya önəm verməyəcək, onu özü üçün aydınlaşdırmadan üstündən keçib gedəcəkdi. Burada o, soruşulan soruya ilk ağlına gələn sözlə cavab verir. Bax bu gördüyünüz üsul və onun gətirdiyi sonuc elə psixoanaliz deməkdir və bu, demək olar, bizim bundan sonra aparacağımız bütün psixoanalitik araşdırmalar üçün bir örnək sayıla bilər.

Bu sözlərimə görə məni sizə güvənməməkdə qınasanız da, mənə elə gəlir, sizin düşüncələrinizdə psixoanalizlə bağlı formalaşan görüşlərə qarşı çıxan, onları sarsıdan qavramlar da sıx-sıx baş qaldırmaqdadır. Elə buna görə də indi siz söz yanılmasının yiyəsindən bu yanılmayla əlaqədar nəsə öyrənməyin mümkünlüyü ilə bağlı mənim dediklərimin inandırıcı olmadığını düşünmürsünüzmü? Sizin düşüncənizə görə, söz yanılmasının yiyəsindən bu yanılmanın niyə baş verdiyini soruşanda o özünü doğrultmaq üçün ağlına gələn ilk sözlərlə ağlabatan bir yozum verməyə çalışır. Ancaq söz yanılması onun dediyi səbəbdən yaranmaya da bilər. Bu, doğrudan da, belə ola bilər, ancaq olayın başvermə səbəbinin elə onun dediyi kimi ola bilməsi də eyni dərəcədə doğru ola bilər. Ola bilsin, bir az da düşünsəydi, o başqa bir yozum da tapa bilərdi və bu yozum onun birinci dediyindən daha yaxşı olardı.

Bax elə bu cür düşüncələrlə üzləşəndə mən bizlərin özlüyümüzdə psixoloji faktlara necə də sayğısız yanaşdığımıza təəccüblənməyə bilmirəm! Bir anlığına belə bir durumu göz önünə gətirin: bir kimyaçı hansısa maddəni kimyəvi analizdən keçirmiş və onun tərkibində bir neçə milliqram çəkisi olan başqa bir maddə də tapmışdır. Bu maddənin tərkibində tapılan başqa maddənin çəkisi onunla bağlı hansısa önəmli sonuclara gəlməyə yol açır. İndi isə bu durumla bağlı yaranan belə bir olayı göz önünə gətirin: başqa bir kimyaçı bu kimyəvi analizin gedişində ayrılan başqa maddənin çəkisinin özündən öncəki kimyaçının göstərdiyindən az-çox fərqli ola biləcəyini irəli sürərək onun gəldiyi sonuclara inanmadığını bildirir. Sonra isə bu kimyaçılardan hər biri ayrılan maddənin yalnız onun araşdırmasındakı çəkidə olduğu ilə bağlı dediyinin üstündə qalaraq, buna uyğun sonuclara gəlib çıxır və bunlardan hər biri o birinin gəldiyi sonucu yanlış sayır. İndi bizim dediyimiz kimi, ortalıqda gerçək bir psixoloji fakt varsa, yəni söz soruşduğumuz insanın ağlına bəlli bir düşüncə gəlibsə və o bu sözü dilinə gətiribsə, onda sizlər niyə bunu saya salmaq istəmir, onun başına bundan başqa bir düşüncənin də gələ biləcəyini deyib, baş vermiş psixoloji faktı dəyərdən salmağa çalışırsınız?! Görünür, sizdə fərdi psixologiyanızın özgür olması ilə bağlı illüziya vardır və siz ondan əl çəkmək istəmirsiniz. Düşdüyünüz bu duruma acısam da, mən bu duruma sizdən büsbütün fərqli yanaşıram.

İndi siz mənim sözümə qarşı çıxmağı dayandırsanız da, yenidən hansısa dolaşıq bir durum yaranan kimi yenidən mənimlə razılaşmadığınızı dilə gətirəcəksiniz. Siz söz yanılması ilə bağlı başqa bir örnəyi göstərib bunları deyəcəksiniz: “Psixoanalizin başlıca texniki özəlliyinin insanın problemlərini özünün həll etməsinə yönəltməkdən ibarət olduğunu yaxşı bilirik. Gəlin başqa bir söz yanılması örnəyinə baxaq: tost deyən birisi qonaqlara üz tutub öz rəisinin sağlığına badələri qaldıraraq

“toqquşdurmaq” yerinə “gəyirməyə” çağırır. Psixoanalizin bizi inandırdığına görə, burada tost deyənin psixologiyasında özünə yer eləmiş pozucu niyyət, yəni öz rəisini aşağılamaq istəyi onu bu söz yanılmasına gətirib çıxarmışdır. Ancaq bu, yalnız elə bizim yozumumuzdur, özü də bu yozum söz yanılmasına kənardan baxan bizlərin yozumudur. Biz bu durumda yanılan kimsəyə öz düşündüyümüzü desək, o öz rəisini alçaltmaq istədiyini boynundan atacaq, hələ var gücü ilə bizimlə söz güləşdirməyə də çalışacaqdır. Burada yanılan kimsə belə kəskin bir tərzdə bizim yanıldığımızı deyirsə, onda biz ancaq öz düşüncələrimizə arxalanıb başqa heç bir dəlillə sübut oluna bilməyən bu sözümüzün üstündə dayanmalıyıqmı?”

Hə, bu dəfə, deyəsən, doğrudan da, çox ciddi arqument tapa bilmisiniz. Mən indi o tanımadığım tost deyən kimsənin yanıldığı anı göz önünə gətirirəm. Bu gənc adam, ola bilsin, rəisinin assistenti, ya da perspektivli bir dosent olsun. Mən onu küncə qısnayıb soruşuram: o, rəisi ilə bağlı belə alçaldıcı söz deyəndə öz ürəyindən bunu törədən bir pis niyyətin keçdiyini duyubmu? Çox keçmədən mən olduqca pis bir duruma düşürəm. Sorğularımdan bezib özündən çıxan bu gənc mənim üstümə qışqırmağa başlayır: “Siz gəlin bu anlamsız istintaqınızı dayandırın, yoxsa mən indicə sizə ağır söz deməkdən özümü saxlaya bilməyəcəyəm. Ortaya atdığınız bu şübhələrinizlə siz mənim gələcək karyeramı korlayırsınız. Mən, sadəcə, yanılıb anstoben yerinə austoben demişəm, bunun da səbəbi, danışdığım cümlədə iki dəfə

“auf” sözündən yararlanmağım olub, qurtardı getdi. Alim Meringerin deməsinə görə, bu söz yanılması səslərin oxşarlığından baş verir, ona görə də sizin burada sözdən söz çıxarmağınızın heç bir anlamı yoxdur. Siz məni anladınızmı? Yetər bu dedi-qodu yaymağınız!” Ah, necə də təəccüblü qıcıqlanmadır; necə də kəskin danmadır bu. İndi bu gənclə söz güləşdirməyin heç bir anlamı yoxdur, ancaq mən özlüyümdə düşünürəm: yaxşı, bu gənc onun yanılmasını kiminsə pis yerə yozmasından niyə belə bərk acıqlanır? Ola bilsin, bizim bu yanılmanı nəzəri baxımdan araşdırmaq istəyimizə onun belə kobud yanaşmasına siz də yaxşı baxmırsınız, ancaq bununla yanaşı olaraq, sizlər həm də onun nəyi demək, nəyi deməmək istədiyini özünün hamıdan yaxşı bildiyini də düşünürsünüz. O, doğrudanmı, bunu hamıdan yaxşı bilir? Bax başlıca sorğu da elə budur.

İndi məni ilişdirdiyinizə bütünlüklə arxayınsınız, deyilmi? Mən sizin bu cür deyindiyinizi eşidirəm: “Psixoanalitik araşdırma texnikası dediyiniz budurmu?

Demək, yanılan birisi yanılmasının səbəbini sizin işinizə yarayan şəkildə boynuna alırsa, siz onun sözünə bütünlüklə inanırsınız: o özü belə deyirsə, demək, elə belədir.

Birdən onun dedikləri işinizə yaramırsa, onda deyirsiniz: o düz danışmır, ona inanmaq olmaz”.

Doğrudan da belədir. Mən sizə gündəlik yaşamdan da buna oxşar və elə bunun kimi inanılmaz örnəklər gətirə bilərəm. Baxın, nədəsə suçlanan birisi məhkəmədə suçunu boynuna alırsa, hakim onun dediyinə inanır, ancaq suçlanan adam dirənib suçlu olmadığını deyirsə, hakim buna inanmır. Bu belə olmasaydı, onda məhkəmə də ədalətli sayılmazdı. Siz bu sistemdə olan çatışmazlıqlara baxmayaraq, onu doğru saymırsınızmı?

Soruşa bilərsiniz: Axı nə siz hakim, nə də sözündə yanılan adam məhkum deyildir? Yoxsa siz söz yanılmasını cinayət sayırsınız?

Məncə, mənim bu tutuşdurmam yerinə düşür və ondan əl çəkməyə dəyməz.

Özünüz deyin, olduqca adi görünən yanılmaları araşdırmaqda bir az dərinə gedən kimi biz necə də kəskin fikir ayrılıqlarına gəlib çıxdıq. Biz araşdırmamızın indiki dönəmində bu kəskin fikir ayrılığını aradan qaldırmaq gücündə də deyilik. Ona görə də mən indilikdə bu hakim və məhkumla bağlı tutuşdurmaya dayaqlanan araşdırma yolunu saxlamağı doğru sayıram. Yanılan kimsə niyə yanıldığını özü deyəndə yanılmanın daşıdığı anlama inanırsınız, düzdürmü? Belə çıxır, mən də sizinlə razılaşmalıyam və yanılan kimsənin özü yanılmasının səbəbi ilə bağlı açıqlama verməyincə, yaxud belə bir səbəbin olmadığını deməyincə, birbaşa öz düşüncələrimizə arxalanaraq gəldiyimiz qənaəti yanılmanın sübutu saymamalıyam.

Əldə birbaşa dəlillərin olmadığı belə durumlarda, elə məhkəmə proseslərində olduğu kimi, bizi hansısa ehtimal olunan qənaətlərə gətirib çıxara biləcək dolayı dəlillərə üz tutmalı oluruq. Bəlli olduğu kimi, bəzən elə bu dolayı dəlillərə arxalanaraq da məhkəmələr məhkumları suçlu sayıb, onlarla bağlı hökmlər verirlər. Biz burada kimisə cinayət məsuliyyətinə almaq istəmirik, ancaq ortalığa çıxan belə dolayı dəlillərdən yararlanmaqdan da boyun qaçırmalı deyilik. Elmin ancaq ciddi şəkildə sübut olunmuş dəlillər üzrə yarandığını düşünmək böyük yanlışlıq olardı və elmdən belə bir dəqiqlik tələb eləməyin özü ona düzgün yanaşma deyildir. Elmə belə yanaşmanı çox vaxt özü üçün başbilənlər axtaran və dini inancları yozan kitablarda tapa bilmədiklərini elmi baxışlarda tapmaq istəyən kimsələr sərgiləyirlər. Elm özünün yozum kitablarında çox az, sonacan sübut olunmuş hökmlər verə bilir, onun hökmlərinin çoxu hansısa ehtimallara arxalanaraq irəli sürülür. Elə elmi düşüncənin başlıca göstəricisi də gerçəkliyə bacardıqca daha çox yaxınlaşmaqla kifayətlənmək və yəqinliklə bilinən hansısa hökmlər vermədən bu yöndə olan yaradıcılıq axtarışlarını davam etdirməkdir.

Yanılan kimsənin dedikləri yanılmanın səbəbini anlada bilmirsə, onda biz yozumlarımızda nələrə arxalanmalı, yanılmanın dolayı səbəblərini necə tapmalıyıq?

Belə çıxır, bu durumda geniş bir çevrədə, ayrı-ayrı yönlərdə axtarış aparmalıyıq. İlk öncə yanılmalarla bağlı olmayan olaylarla uyğunluqlar axtarmaqdan başlayacağıq.

Örnək üçün, biz söz yanılmalarında olan kimsəlik bildirən adların korlanmasının da adların alçaldılmaq üçün bilərəkdən korlanması ilə eyni anlam daşıdığını sanacağıq.

Daha sonra isə biz yanılmanın baş verdiyi psixoloji durumla bağlı sonuclara gəlməyə çalışacaq, bunun üçün də yanılan kimsənin özəlliklərini öyrənəcək, yanılmadan öncə onun hansı təəssüratı aldığını arayacaq və ola bilsin, onun elə bu təəssüratdan qıcıqlanıb yanıldığı ehtimalının üzərində dayanmalı olacağıq. Biz, öyrəncəmiz üzrə, yanılmaları yozanda ümumi mülahizələrə arxalanır və yanılmanı yozmaq üçün, ilk olaraq, özümüzün ehtimallarımızı və hipotezlərimizi irəli sürür, sonra isə yanılmanın baş verdiyi psixoloji durumu araşdıraraq irəli sürdüyümüz bu mülahizələrin doğruluğunu sübut eləməyə çalışırıq. Çox vaxt yanılmada ortaya çıxan anlamın doğruluğunu sübut eləyə bilmək üçün yanılma kimi üzə çıxan olayın gerçəkdən baş verəcəyini uzun bir müddət gözləməli də oluruq.

Mən burada az-çox bilgilər ala biləcəyim söz yanılmaları ilə kifayətlənib başqa yanılmaları da araşdırmağa çalışmasam, dediklərimin doğruluğunu bütün genişliyi ilə anlada bilməyim çox çətin olacaqdır. Ötürmək istədiyi xanıma, yanılaraq, onu begleitdigen (aşağılamaq istədiyini) deyən gənc, ola bilsin, utancaq bir kimsədir; əri yalnız onun istədiklərini yeyib-içən xanımın isə bizim çoxumuzun tanıdığı, öz evində hamını buyruq quluna çevirmiş, çox enerjili qadınlardan biri olduğu aydındır. Ya da belə bir örnəyə baxaq: “Konkordiya” cəmiyyətinin ümumi yığıncağında bu cəmiyyətin üzvü olan bir gənc cəmiyyətin gördüyü işləri kəskin tənqid eləyən çıxışında cəmiyyətin idarə heyətinin üzvlərinə üz tutub onları “VorschuBmitglieder”

(ssuda (kredit) üzvləri) deyə çağırır, bu söz isə Vorstand (idarə) və AusschuB (heyət üzvləri) kimi iki sözün bir-birinə qarışmasından yarana bilər. Bizim gümanımıza görə, onun buradakı kəskin müxalifətçi çıxışını pozan və yanılmaya gətirib çıxaran niyyəti bu gəncin ssuda almaq istəməsi ilə bağlı ola bilər. Doğrudan da, sonradan bu olayı araşdırarkən, gəncin pula bərk ehtiyacının olduğu aydınlaşmış, habelə onun bu yaxında cəmiyyətin idarə heyətinə özü üçün ssuda ayrılması ilə bağlı diləkçə yazdığı da bəlli olmuşdu. Burada onu yanıldan niyyət gəncin beynində belə bir düşüncə doğura bilərdi: sən öz sözünü belə kəskin deməkdən çəkin, axı sənin ssuda ala bilməyin bu tənqid elədiyin insanların əlindədir.

Mən burada söz yanılmalarının yaranmasını açıqlayan daha çox dəlillər gətirə bilsəm də, bunu eləməyib, başqa yanılma növlərini araşdırmağa keçirəm.

Birdən kimsə ona yaxşı bəlli olan bir adı unudursa və onu sonradan çox çətinliklə xatırlayırsa, onda bu kimsənin adını unutduğu adamı nəyə görəsə bəyənmədiyini və elə buna görə də onunla bağlı düşünmək istəmədiyini güman etmək olar. Gəlin bu yanılmanın baş verdiyi psixoloji duruma baxaq. “Y adlı bəyin dəlicəsinə vurulduğu bir xanım, çox keçmədən, X adlı başqa bir bəyə ərə gedir. Y adlı bəy X adlanan bəyi çoxdan tanısa da və onunla işgüzar ilişkiləri olsa da, soyadını daima unudur və ona məktub yazanda soyadını başqalarından soruşub yadına salır” (Bu örnək K.Yunqun kitabından götürülmüşdür). Göründüyü kimi, Y adlı bəy onun sevdiyi qadınla evlənib ağ günə çıxdığı üçün özünə rəqib saydığı bu X adlanan bəy ilə bağlı heç nə bilmək istəmir. Beynində daima belə bir fikir dolanır: “Onunla bağlı düşünmək belə istəmirəm”.

A.Brillin öz kitabında verdiyi başqa bir örnəyə baxaq: “Bir xanım həkimdən onların ortaq tanışları olan başqa bir xanımın sağlamlıq durumunu soruşur, ancaq bu xanımdan danışanda onu ərinin soyadı ilə yox, qızlıq soyadı ilə xatırlayır. O, bacılığı olan bu xanımın ərinin soyadını unutmuşdur. Bir az sonra baş tutan danışıqda bu xanım bacılığının həmin adama ərə getməsini bəyənmədiyini, onun ərini görməyə belə gözü olmadığını dilə gətirir”.

Biz yenə də adların unudulması ilə bağlı örnəklər verəcək və bu olayın üzərində çoxyönlü araşdırmalar da aparacağıq, ancaq indilikdə bizim üçün maraqlı olan bu unutqanlığın baş verdiyi psixoloji durumdur.

İlkin niyyətin unudulmasını buna əks olan niyyətlər çoxluğunun varlığı və onların üzə çıxaraq bu ilkin niyyətin baş tutmasının qarşısını alması ilə aydınlaşdırmaq olar.

Bunu yalnız elə biz – psixoanalizlə məşğul olan kimsələr yox, başqa insanlar da belə sayırlar, ancaq nədənsə bu adamlar yaşamda inandıqları mülahizələrini nəzəri baxımdan danmağı üstün tuturlar. Kimsə özündən yuxarıda dayanan birisinin yanına gəlib, ondan qabaqcadan xahiş elədiyi çox gərəkli bir işin necə olduğunu soruşursa, o isə üzr istəyib onun xahişini yerinə yetirməyi unutduğunu deyirsə, mən inanmıram, xahiş eləyən öz ürəyində bu üzrü qəbul edib onu haqlı saysın. Xahiş edən o anda belə düşünəcəkdir: bu işin baş tutmasının mənim üçün necə gərəkli olması onun vecinə belə deyildir, elə buna görə də o mənə boyun olduğu bu işi görməyi unutmuşdur.

Eləcə də, yaşamda da unutqanlıqlara pis baxır, onlara görə çox vaxt insanları qınayırlar, bu baxımdan, belə yanılmalara yanaşmada yaşamdakı insanlarla psixoanalitiklərin baxışları üst-üstə düşür. Bir anlıq gözünüzün önünə evin xanımının qonaqları bu sözlərlə qarşıladığını gətirin: “Necə, siz bu gün gəlmisiniz? Mən isə sizi bu gün qonaq çağırmağımı unutmuşam”. Ya da təyin olunmuş görüşə gəlməyi unudan gənc oğlanın bunu öz sevgilisinin qarşısında açıq ürəklə boynuna almasını göz önünə gətirin. Sözsüz, bu gənc oğlan görüşə gəlməyi unutduğunu boynuna almayacaqdır və görüşə gəlməməyini doğrultmaq üçün özündən ağlagəlməz olaylar uyduracaqdır, üstəlik, gələ bilməyəcəyini ona nə üçün qabaqcadan çatdıra bilməməsi ilə bağlı da nəsə bir yalan düşünüb tapmağa çalışacaqdır. Hərbi qulluqda olan, hamının bildiyi və düzgün saydığı qaydaya görə, hansısa işi görməyi unutmaq özünü doğrultmaq üçün vasitə sayılmır və hərbi qulluqçunu bu işi görmədiyinə görə çəkməli olduğu cəzadan qurtarmır. Burada nədənsə hamı baş verən yanlış davranışın bəlli anlamı olduğunu bilir. Onda nə üçün biz bu ardıcıllığı pozub, başqa durumlardakı yanılmalara da bunun kimi yanaşmırıq? Bu sorğu öz cavabını gözləməkdədir.

Belə unutmaların hansı anlam daşıdığını yaradıcılıqla bağlı olmayan adamlar da anlaya bilirlərsə, onda yazıçıların bu unutqanlıqlardan öz yaradıcılıqlarında yararlanması da gərək sizə təəccüblü gəlməsin. Sizlərdən kim Bernard Şounun “Sezar və Kleopatra” pyesini oxuyubsa bilir: sonuncu səhnədə Romaya yola düşən Sezar yola çıxmazdan qabaq bütün düşüncələrini gərginləşdirib, elə bil, bu anda nəsə eləmək istədiyini, ancaq bunu unudub yadına sala bilmədiyini düşünür. Bir az sonra Sezar nəyi unutduğunu xatırlaya bilir: o, yola düşməzdən öncə Kleopatra ilə görüşüb sağollaşmağı unutmuşdu. Bu kiçik səhnədə yazıçı böyük Sezarı oxucunun gözündə qaldırmaq üçün onda olmayan bir üstünlüyü, onun can atmadığı bir olayı onun adına yazmağa çalışır. Sizin çoxunuzun tarixdən bildiyi kimi, Sezar Kleopatranı başqa bir gəmidə öz ardınca Romaya getməyə məcbur eləmişdi, Kleopatra azyaşlı oğlu Sezarionla birlikdə Romada yaşamalı olmuş, Sezar öldürüləndən sonra Misirə qaçmışdı.

Niyyətin unudulması ilə bağlı yaranan durumların yozulması çox aydın olduğundan, yanılmaların anlamının tapılması ilə bağlı dolayı sübutların axtarılması və yanılmanın ortaya çıxdığı psixoloji durumu öyrənmək baxımından bizim araşdırmalarımız üçün burada görüləsi bir iş qalmır. Ona görə də, gəlin çoxanlamlı və az anlaşılan yanılmalara – nəsnələrin itirilməsi və qoyulduğu yerin unudulması ilə bağlı olaylara baxaq. Sözsüz, sizlərin qanqaraldıcı bir gözlənilməzlik saydığınız nəyisə itirməyinizin də arxasında hansısa gizli bir niyyətin olduğu sizlər üçün ağlasığmaz görünür. Ancaq bu yanılmalarımızda, doğrudan da, bizim hansısa niyyətlərimizin olduğunu sübut eləyən çoxlu örnəklər göstərmək olar.

Bir gənc insan çox böyük dəyər verdiyi karandaşını itirmişdir. Karandaşını itirməzdən bir gün öncə o öz qaynından belə bir məktub almışdır: “Mən daha sənin yüngülağıllığına və ərincəkliyinə dözmək istəmirəm”. İtirilən karandaşı gəncə bu qaynı bağışlamışdı. Bu durumda belə bir üst-üstə düşən olaylar olmasaydı, biz, sözsüz, bu karandaşın gözdən düşdüyü və ondan can qurtarmaq niyyətinin yarandığı üçün itirildiyini də deyə bilməzdik. Buna oxşar olaylar sıx-sıx baş verir. Hansısa nəsnəni sizə verən kimsə ilə sözləşəndə, onu bağışlayan kimsəni xatırlamaq sizə xoş gəlməyəndə, ya da artıq bu nəsnəni bəyənməyib onu yenisi ilə dəyişmək istəyəndə siz onu itirirsiniz. Belə bir niyyətin olması bu nəsnəni çilikləməyə, əzməyə, sındırmağa da gətirib çıxara bilər. Buna nə deyirsiniz: ad gününə az qalmış məktəblinin çox gərəkli bir nəsnəni, tutalım, çantasını, ya da cib saatını itirməsi, korlaması, sındırması da yalnız elə gözlənilməz bir təsadüfdürmü?

Hansısa nəsnəni öz əli ilə dalda bir yerə qoyan, sonra onu hara qoyduğunu unudub tapa bilməyən və buna görə çox qanqaraldıcı duyğular yaşayan kimsəni bu olayın baş verməsində özünün hansısa niyyətinin rol oynadığına inandırmaq çox çətindir. Ancaq hər halda olduqca çoxlu durumlarda gizlətdiyi nəsnəni tapa bilməməyin, elə bu nəsnəni gizlədənin özünün həmin nəsnədən ya bir müddət üçün, ya da həmişəlik əl çəkmək kimi niyyətindən asılı olduğu üzə çıxır. Bununla bağlı ən tutarlı örnəklərdən birinə baxaq.

Bir gəncin mənə söylədiklərindən: “Bir neçə il öncə xanımımla mənim aramdakı ilişkilərdə bir anlaşılmazlıq yaranmışdı, onun çox gözəl özəllikləri olduğunu bilsəm də, mənə qarşı soyuq olduğunu düşünürdüm. Biz bir-birimizə qarşılıqlı incə duyğular bəsləmədən yaşamaqda idik. Günlərin birində o, gəzməyə çıxanda mənim üçün maraqlı olacağını düşündüyü bir kitab alıb mənə bağışlamışdı. Mən bu “diqqət”inə görə ona öz minnətdarlığımı yetirdim, kitabı oxuyacağıma söz verdim və bu kitabı haradasa gizlətdim, amma sonra qoyduğum yeri unutdum. Üstündən aylar keçdi, mən aradabir xanımımın bağışladığı bu kitabı xatırlayır, ancaq axtarsam da tapa bilmirdim.

Yarım il sonra bizdən ayrı yaşayan sevimli anam xəstələndi. Xanımım qayınanasına qulluq eləmək üçün onun yanında qalmağa başladı. Xəstənin durumu çox ağır idi, ancaq xanımım əlindən gələni əsirgəmir, onun bütün qayğılarını çəkməkdən usanmırdı. Onun bu davranışları necə gözəl bir ürəyinin olduğunu göstərməkdəydi.

Günlərin bir günü, gecə vaxtı xanımımın bu gözəl insani özəllikləri ilə bağlı düşüncələrə dalaraq evə qayıtdım və elə bil yuxudaymış kimi, öncədən heç bir niyyət güdmədən, inamla yazı stolumun bir siyirməsini çəkib itirdiyim həmin kitabın orada, lap göz qabağında olduğunu gördüm”. Beləliklə də, insanlar arasında soyuqluq yaradan səbəb aradan qalxan kimi itmiş nəsnə də tapılmışdı.

Dəyərli xanımlar və bəylər! Mən burada çoxlu belə örnəklər göstərə bilərəm.

Ancaq bunu etməyəcəyəm. İstəsəniz, mənim 1901-ci ildə çapdan çıxmış “Gündəlik yaşamın psixopatologiyası” kitabımdan olduqca çoxlu sayda belə örnəklər tapa bilərsiniz, bundan başqa da, araşdırıcılardan A.Mederanın, A.Brillin, E.Consun, İ.Şterkenin, habelə başqalarının kitablarından da bu sayaq çoxsaylı örnəkləri oxuya bilərsiniz. Bütün bu örnəklərin hamısı yanlış davranışların da anlamları olduğunu göstərir və bu anlamları yerinə görə necə ayırd eləyib öyrənməyin yollarını da açıqlayır. Mən bu gün qısa danışmağa çalışacağam, biz daha çox bu yanılmaları öyrənməklə psixoanaliz üçün yararlı olan bilgilər toplamağa vaxt ayırsaq yaxşıdır.

Mən indi iki tip yanılmaların üzərində dayanmaq istəyirəm, bunlar təkrarlanan və birləşmiş yanılmalar adlana bilər və yanılmalarla bağlı olan yozumlarımızın doğruluğunu da bu tipli yanılmalar üzrə apardığımız araşdırmalarda göstərməyə çalışacağıq.

Təkrarlanan və birləşmiş yanılmalar yanlış davranışlarla bağlı olayların ən yüksək pillələri sayıla bilər. Biz yanlış davranışların anlamlarının olduğunu sübut eləmək üçün elə bu tipli yanılmaları araşdırmaqla da kifayətlənə bilərik, axı bu tipli yanılmaların anlamları olduğu ən dar düşüncəli insanlar üçün də aydındır və istənilən öcəşkən tənqidçi də sonunda bunun belə olduğunu dana bilmir. Hansısa yanlış davranışın təkrarlanması, onun dayanıqlığından soraq verməklə, olayın bilməyərəkdən yox, öncədən olan bir niyyət üzrə baş verdiyini göstərir. Bundan başqa, ayrı-ayrı yanlış davranışların bir-birinin ardınca baş verməsi də yanlış davranışların yaranmasında forma və vasitələrin önəmli olmadığını göstərməklə burada yanlış davranışın gerçəkləşdirdiyi və müxtəlif yollarla üzə çıxardığı niyyətin önəmli olduğunu aydınlaşdırır. Sizə burada təkrarlanan unutma ilə bağlı örnək gətirmək istəyirəm. E.Cons özünün 1911-ci ildə çap olunmuş kitabının 483-cü səhifəsində yazır ki, o, səbəbini bilmədən, yazdığı bir məktubu bir neçə gün yazı stolunun üstündə saxlamış, göndərməyi unutmuşdu. Sonra məktubu göndərmiş, ancaq bir neçə gün sonra poçtla məktubu geri qaytarmışdılar. Sən demə, o, məktubun üstünə göndərəcəyi ünvanı yazmağı unudubmuş. Ünvanı yazıb məktubu poçta gətirəndə isə konvertin üstünə marka alıb yapışdırmağı unutduğu üçün məktubu qəbul etməmişdilər. Bundan sonra o bir az düşünmüş və bu məktubu könülsüz yazdığını və göndərmək istəmədiyini xatırlamışdı.

Başqa bir örnəkdə nəyisə “yanlış olaraq götürmə ilə” onu gizlədib tapa bilməmək yanılmasının birləşməsi ilə qarşılaşırıq. Bir xanım adlı-sanlı artist olan qaynı ilə Romaya gedir. Romada yaşayan almanlar bu adlı-sanlı artisti böyük coşqu və sevinclə qarşılayır, ona çoxlu ərməğanlar verirlər və onların içində antik dövrdən qalma bir qızıl medal da olur. Xanım öz qaynının bu antik medalı yetərincə dəyərləndirə bilmədiyini görüb sarsılır. Bir az keçmiş xanımın bacısı Romaya gəlib onu əvəz eləyir və bu xanım evə qayıdır. O, evdə yol çantalarındakı nəsnələri töküşdürəndə, özü də bilmədən, həmin antik qızıl medalı da götürüb gətirdiyini görür. Xanım elə o andaca qaynına teleqram vurub, bilməyərəkdən, antik medalı götürdüyünü, sabah onu poçtla Romaya göndərəcəyini yazır. Sonrakı gün medalı göndərmək üçün axtaranda onu hara qoyduğunu heç cür xatırlaya bilmir və medalı yiyəsinə göndərə bilmir. Xanım dərindən düşünüb-daşınandan sonra özünün bu “dalğınılığının” səbəbini anlayır və bunu boynuna alır: mən bu medalı göndərməli olduğumu anlasam da və doğrudan da, göndərmək istəsəm də ürəyimdən onu özümdə saxlamaq keçirdi (Bu örnək R.Reytlerin kitabından götürülmüşdür).

Mən yuxarıda sizə unutma ilə bağlı birləşik yanılma örnəyi göstərmişdim. Kimsə sevgilisinə görüş verdiyini unudur, sonra yenidən verilmiş görüşü unutmayacağına bərk söz versə də, görüşün vaxtını unudub görüş yerinə başqa vaxtda gəlir. Buna büsbütün oxşar olan bir olayı mənə elm və ədəbiyyat üzrə çalışan yaxın bir dostum danışmışdı: “Bir neçə il öncə mən ədəbiyyat üzrə çalışan bir komissiyanın işinə qatılmağa razılıq vermişdim. Bu komissiyanın yardımı ilə yeni yazdığım dramı tamaşaya qoymağı düşünürdüm. Hər cümə günü, ürəyim istəməsə də, bu komissiyanın yığıncaqlarına qatılırdım. Bir neçə ay bundan öncə F. teatrından mənim pyesimi tamaşaya qoyacaqları ilə bağlı bildiriş aldım və o gündən başlayaraq mən hər həftə bu ədəbiyyat komissiyasının yığıncağı olduğunu unutmağa başladım. Sonra bir gün mən sizin kitabınızdan belə olayların nədən baş verməsi ilə bağlı yazılanları oxuyanda bu unutqanlığıma görə bərk utandım, mənə sərf edən işdən sonra bu insanların yığıncağını unutduğuma görə özümü bərk qınadım və sonrakı cümə günü mütləq bu ədəbiyyat komissiyasının yığıncağına gedəcəyimlə bağlı özümə söz verdim. Mən, demək olar, hər gün o yığıncağa getməli olduğumu özümə xatırladırdım və sonunda yığıncağın keçirildiyi yerə gəldim. Ancaq yığıncağın keçirildiyi otağın qapısının bağlı olduğunu görüb çox təəccübləndim. Bu gün yığıncaq olmayacaqdı: sən demə, mən yığıncağa cümə günü yox, şənbə günü gəlibmişəm!”

Danışdığımız örnəklər çox ürəkçəkici və qəribə olsa da, biz gərək araşdırmalarımızı davam etdirək. İndi də mən sizlərə özünü gələcəkdə doğruldan yozumlarla bağlı örnəklərdən danışmaq istəyirəm.

Danışmaq istədiyimiz bu örnəklərin başlıca özəlliyi buradakı psixoloji durumun bizə sonacan bəlli olmaması və araşdırmaya uymamasıdır. Belə olanda isə bizim yozumlarımız ancaq ehtimal olunan mühakimələrə çevrilir və biz özümüz də onlara çox böyük önəm vermək istəmirik. Ancaq sonradan baş verən olaylar bizim inamsız yanaşdığımız yozumlarımızın doğruluğunu üzə çıxarır. Günlərin birində mən yenicə ailə qurmuş cütlüyün evində qonaq olanda evin xanımının dilindən belə bir gülməli əhvalat eşitdim: Onlar evlənəndən sonra əri ilə toy səyahətinə çıxırlar. Evə qayıtdıqlarının ertəsi günü bu xanım öz subay bacısını çağırır və onlar ikisi də subay olduqları dövrlərdəki kimi gəzməyə, alış-veriş eləməyə çıxırlar. Xanımın əri isə öz işlərini yoluna qoymaq üçün gedir. Onlar gəzərkən birdən bu xanım yolun o üzündəki küçədə bir tanış kişini görür və bacısını dümsükləyərək deyir: “Ora bax, L. bəy gedir”. Onun göstərdiyi bu tanış kişi artıq bir aya yaxın əri olan adam idi və o bu anda bunu unutmuşdu. Bu əhvalat ilə bağlı danışıq mənim ürəyimcə olmadı, ancaq mən özlüyümdə bu eşitdiyimi pis yerə yozmamağa çalışdım. Bir il sonra bu gənc ər-arvad çox böyük hay-küylə boşananda mən eşitdiyim o əhvalatı bir də xatırlamalı oldum.

A.Mader öz kitabında toy gününə bir gün qalmış gəlinlik paltarının əyninə necə oturduğunu yoxlamaq üçün öz dərzisinin yanına getməyi unutmuş bir xanımdan yazır.

Onun gəlinlik paltarını tikən dərzi ancaq gecəyarısı bu xanımın paltarın əyninə necə oturmasını yoxlamadığını yada saldığını görüb bərk sarsılıbmış. Ən qəribə olanı isə, onun bu olayı adı çəkilən xanımın toydan bir neçə ay sonra ərindən boşanması ilə bağlı olaraq xatırlamasıdır. Mən indi artıq öz ərindən boşanmış bir xanım tanıyırdım, o, ərə gedəndən sonra ərinin soyadına keçməsinə baxmayaraq, çox vaxt bunu unudur, mülkiyyətinin idarəçiliyi ilə bağlı sənədlərdə öz qızlıq soyadını yazırdı və doğrudan da, bir neçə il sonra o, ərindən boşanıb yenidən bu soyada qayıtmışdı. Mən evləndikdən sonra çıxdıqları toy gəzintisində nişan üzüyünü itirən bir qadın tanıyırdım, doğrudan da, bu itki sonradan onun evliliyində özünün çox pis izlərini qoymuşdu. İndisə daha gözəçarpan və yaxşı sonluqla bitən bir örnəyə baxaq. Çox adlı-sanlı bir alman kimyaçısı ilə bağlı danışırlar ki, o, kəbin kəsdirmək üçün kilsəyə getməli olduğu günü unudaraq, həmin vaxt öz laboratoriyasına gedibmiş və buna görə də onun evlənməyi baş tutmayıbmış. Bu alim çox ağıllı olduğundan, bir daha evlənməyə çalışmamış, uzun bir ömür sürərək ölənədək subay qalmışdı.

Ola bilsin, danışdığımız bu örnəklərdə baş verənlərin hansısa əlamətlərlə və ya keçmişdən qalma işarələrlə bağlı olduğunu düşünə bilərsiniz. Doğrudan da, burada bir sıra görünən əlamətlər vardır və onlar elə bu yanılmalarla üzə çıxır. Bu əlamətləri yıxılan adamın yıxılmazdan öncə büdrəməsi ilə tutuşdurmaq olardı. Burada yanılmalarla bağlı olaraq özünü göstərən subyektivlik varsa da, olayın bütün qalan kəsimi obyektiv olaraq baş verir. Ancaq inanmazsınız, burada hər bir konkret durumda baş verənlərin hansısa qrupa aid olunmasını təyin etmək necə çətinliklər törədir. Bunun səbəbi isə, buradakı subyektiv kəsimin çox vaxt hansısa sıxıntıların içində gizlənmiş bir durumda olmasıdır.

Bizlərdən hər birimiz keçdiyimiz uzun ömür yoluna baxıb deyə bilərdi ki, ola bilsin, o indiyədək öz yaşamında üzləşdiyi çoxlu qanıqaralıqlardan və ağrı-acılardan qurtula da bilərdi, bunun üçünsə gərək özünün insanlarla ilişkilərində baş verən kiçik yanılmalarını gələcəkdə baş verəcəklərin əlamətləri saymağa ürək eləyəydi və onları baş verməyə can atan gizli niyyətlər kimi dəyərləndirməyi bacaraydı. Biz çox vaxt bu addımı atmağa ürək eləmirik: bizə elə gəlir, bu, artıq birbaşa yox, dolayısı ilə, daha doğrusu, elmi yolla xurafata qapılmaq deməkdir. Ancaq burası da var ki, bu əlamətlərdən heç də hamısı gerçəkləşmir və bizim irəli sürdüyümüz nəzəriyyə də sizə onların hamısının gerçəkləşməli olduğunu öyrətmir.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.