Doqquzuncu mühazirə. YUXUGÖRMƏNİN SENZURASI

Dəyərli xanımlar və bəylər! Biz uşaqların yuxugörmələrini öyrənərək yuxugörmənin yaranması, mahiyyəti və funksiyası ilə tanış olduq. Yuxugörmə yuxunu pozmağa çalışan psixi qıcıqların aradan qaldırılması üçün yaranan və onların yerini tutan qarabasmalı (hallüsinasiyalı) görüntülərdir. Düzdür, biz burada yaşlı insanların yuxugörmələrindən yalnız bir bölümünü, körpələşmək (infantillik) adlanan tipləri aydınlaşdıra bildik. Başqa yuxugörmələrlə bağlı işlərin nə yerdə olduğunu hələ yetərincə bilmirik və onları başa düşmürük. İndilikdə biz bəlli sonuclara gəlib çıxmışıq, ancaq onları gərək olduğundan artıq dəyərləndirməyi də istəmirik. Gəlib çıxdığımız bu sonuclara görə, yuxugörmənin anlaşıqlı olduğu bütün durumlarda o, istəklərin qarabasmalı görüntülər kimi gerçəkləşməsidir. Belə çoxsaylı üst-üstə düşmələrə isə təsadüfi və dəyərsiz faktlar kimi yanaşmaq düzgün olmazdı.

Bir sıra düşüncələrimizə və yuxugörmələrlə yanlış davranışların bir sıra uyğunluqlarına dayaqlanaraq, yozumu aydın olmayan yuxugörmələrin bizə bəlli olmayan gerçək bir məzmunun korlanmasından yaranıb, özü gizli qalan bu məzmunun əvəzedicisi olduğunu da demişdik və bu yuxugörmələrin anlaşılmasının dediyimiz o gizli qalan gerçək məzmunun aydınlaşdırılmasından asılı olduğunu bildirmişdik.

Yuxugörmələrdəki bu korlanmanın araşdırılması və anlaşılması bizim görmək istədiyimiz ən başlıca işlərdən biridir.

Yuxugörmədəki korlanma onu bizim üçün qəribə və anlaşılmaz eləyir. Ona görə də bizim bu korlanma ilə bağlı çoxsaylı sorğularımız yaranır: birincisi, o necə yaranır və inkişaf eləyir, ikincisi, o nə iş görür, üçüncüsü, o öz işini necə yerinə yetirir? Biz yuxugörmənin korlanmasını elə yuxugörmənin özünün törətdiyini də düşünə bilərik.

Elə ona görə də yuxugörmənin gördüyü işi aydınlaşdırmaq və buradakı təsiredici qüvvələri ayırd eləmək istəyirik.

İndi isə bir yuxugörmə örnəyinə baxaq. Onu bizim elmi çevrəmizdən olan bir xanım (doktor fon Huq-Helmut) yazıya almışdır. Onun deməsinə görə, bu, çox sayğılı və yüksək təhsilli yaşlı bir qadının yuxugörməsidir. Bu yuxugörmə araşdırılmamışdır.

Xanım fon Huq-Helmutun deməsinə görə, bu yuxugörməni yozmaq üçün psixoanalitikadan yararlanmağa gərək yoxdur. Yuxugörənin özü yuxusunu yozmaqla bağlı heç nə deməsə də, onun danışığından elə görünürmüş ki, sanasan, o bu yuxugörməsini yoza bilərmiş. O öz yuxugörməsi ilə bağlı belə bir söz də demişdi: görürsünüz, gecə-gündüz öz oğlunun qayğısını çəkməkdən başqa bir düşüncəsi olmayan 50 yaşlı qadının yuxusuna necə iyrənc anlamazlıqlar girə bilərmiş.

Beləliklə də, yaşlı və sayğılı bir xanımın “sevişmək qulluğu göstərməklə” bağlı olan yuxusu belədir: “O, hərbi qarnizonun bir nömrəli hospitalına gedir, qapıda dayanan keşikçiyə hospitalın baş həkimi ilə (bu zaman o, öncədən tanımadığı hospitalın baş həkiminin adını da çəkir) burada qulluğa girmək üçün danışmaq istədiyini deyir. O burada “qulluq” sözünü bəlli bir vurğu ilə dediyindən, keşikdə dayanan kiçik zabit onun “sevişmək qulluğundan” danışdığını zənn edir. Zabit onun qoca olduğunu görüb bir az tərəddüd eləsə də, sonra onu içəriyə buraxır. Ancaq o birbaşa baş həkimin yanına getməkdənsə, nədənsə, birdən adamların bir çoxunun ayaq üstə dayandığı, bir başqalarının da böyük bir stolun arxasında oturduğu alaqaranlıq bir otağa gəlib çıxır. O buradakı yüksək hərbi rütbə daşıyan həkimlərdən birinə üz tutub nə istədiyini deməyə başlayır, bu həkim isə onun bir neçə sözündən nə demək istədiyini anlayır. Onun bu həkimə dediyi sözlər, olduğu kimi belə imiş: “Vyananın çoxlu qadınları, gənc qızları da mənim kimi düşünür, sıravi əsgərlərdən tutmuş zabitlərəcən, fərq qoymadan...”. Yuxugörmənin bu yerində onun dedikləri anlaşılmaz mızıltılara çevrilmişdi. Ancaq yan-yörədəki zabitlərin birilərinin çaşqınlığından, o birilərinin bic-bic qımışmalarından onun dediklərini bütünlüklə anladıqları görünürdü.

Yaşlı xanım yuxugörməsində öz danışığına davam eləyir: “Mən bizim bu qərarımızın qəribə göründüyünü anlayıram, ancaq biz düşünüb-daşınaraq bu qərara gəlmişik. Axı əsgərlərdən də savaş meydanında ölmək istəyib-istəmədiyini soruşmurlar”. Bir anlıq ortalığa çox ağır bir susqunluq çökür. Bir az keçmiş onun üz tutduğu yüksək hərbi rütbəli həkim yaxınlaşıb bu xanımın belini qucaqlayır və deyir: “Çox dəyərli xanım həzrətləri, bir anlıq düşünün, indi biz sizinlə bu işə başlasaq... (burada onun danışığı anlaşılmaz mızıltıya çevrilir)”. Qadın dartınıb onun qolları arasından çıxır, ürəyində

“onların elə hamısı bir bezin qırağıdır” deyə düşünür və bərkdən deyir: “İlahi, mən yaşlı bir qadınam, ola bilsin, mən heç bu qulluğa yaramayım. Ancaq bizim bir şərtimiz də var, gərək burada yaş nisbəti gözlənilsin: yaşlı bir qadın büsbütün gənc olan birisi ilə... (burada yenə onun danışığı anlaşılmaz mızıltıya çevrilir); yoxsa bu lap dəhşətli bir iş olardı”. Həkim ona deyir: “Mən sizi çox gözəl başa düşürəm”.

Zabitlərdən bir neçəsi (onların arasında ona gənclikdə evlənmək təklifi eləyən birisi də var) bərkdən gülüşürlər və xanım bu işi yoluna qoymaq üçün onu baş həkimin yanına aparmalarını xahiş eləyir. Bu anda o birdən baş həkimin adını unutduğunu duyaraq bərk çaşqınlığa qapılır. Onun danışdığı həkim isə çox böyük sayğı ilə ona binanın yuxarı qatına qalxan, spiralvari, dar dəmir pilləkənlə yuxarı qalxmağı təklif eləyir. Yuxarı qalxmağa başlayanda bu xanım zabitlərdən birinin belə dediyini eşidir:

“Bu çox düzgün bir qərardır, yaşlı, yoxsa gənc olmağından asılı olmayaraq, gərək hər bir kəs öz borcunu ödəsin”. Yaşlı xanım, öz borcunu yerinə yetirdiyinə sevinərək yuxarıya doğru ucalan sonsuz pilləkənlərlə qalxmağa başlayır”.

Bu xanımın deməsinə görə, o bu yuxunu bir neçə həftə, ardıcıl olaraq, dəyişilmədən görmüş, yalnız iki dəfə onun bu yuxusunda kiçicik və önəmsiz dəyişikliklər baş vermişdir.

Bu yuxugörmə gündüzlər insan düşüncəsində yaranan fantaziyalara çox oxşayır: burada baş verən olayın gedişində qırılmalar yoxdur, onun məzmununun bir çox yerlərini yuxugörən xanımı sorğulamaqla aydınlaşdırmaq da olardı, ancaq bildiyiniz kimi, bunu eləyən olmamışdır. Bu yuxugörmədə bizim üçün ən qəribə olan, onun gedişində bir neçə yerin buraxılmasıdır, özü də bu buraxılmış yerlər yuxugörmədəki olaylarla yox, oradakı danışıqların məzmunu ilə bağlıdır. Üç yerdə, elə bil, danışılan məzmunun bir bölümü pozulmuşdur; danışığın pozulan yerlərində anlaşılmaz mızıltılar eşidilir. Burada psixoanalitik araşdırmalar aparılmadığından, bizim bu yuxugörmənin hansı anlam daşıdığı ilə bağlı söz deməyə də haqqımız çatmır. Düzdür, burada gözəçarpan bir sıra eyhamlara görə hansısa sonuclara gəlib çıxmaq olar,

“sevişmə qulluğu göstərmək” deyimi buna örnək ola bilər, ancaq danışığın mızıltılarla kəsilən bölümlərini bu “sevişmə qulluğu göstərmək” fantaziyasına arxalanaraq bərpa eləməyə çalışsaq, onda bu boşluqları doldurmaqla yalnız bir düşüncəyə gəlib çıxmaq olar. Bu düşüncəyə görə, yuxugörən xanım çox yurdsevər olduğundan və orduda qulluq eləyən əsgər və zabitlərin seksual istəklərini ödəmək baxımından sıxıntılar içində yaşadığını bildiyindən, öz bədəni ilə onların bu istəklərini ödəməyə hazırdır.

Bu isə, sözsüz, çox iyrənc və kirli bir fantaziyadan törəyə bilər, ancaq ən qəribəsi, yuxugörmədə bu fantaziyanın doğurduğu istəklərin gerçəkləşməsi yoxdur. Harada olayların gedişi bu istəklərin gerçəkləşməsinə yaxınlaşırsa, oradaca anlaşılmaz mızıltılar araya girib bu istəkləri sıxışdırır, yuxugörmənin məzmununu isə anlaşılmazlığa uğratmağa başlayırlar.

Elə bilirəm, yuxugörmənin bu yerlərinin ədəbsiz olduğu üçün belə sıxışdırıldığı ilə bağlı mənim düşüncələrimə siz də qatılırsınız. Elə isə, yaranmış bu duruma uyğun gələn gerçək faktları harada axtarmalı? Bugünkü yaşamımızda belə faktları tapmaq üçün çox da uzun bir axtarış aparmağa gərək yoxdur. İstənilən siyasi qəzeti götürüb baxın, siz orada mətnin bir sıra bölümlərinin pozulduğunu və qəzetin bu yerlərinin ağ buraxıldığını görəcəksiniz. Bunun isə qəzetlərin senzuraya uğradığına görə belə olduğunu da bilməmiş deyilsiniz. Mətndə boş qalan yerlərdə nə isə hakimiyyətin senzorlarının bəyənmədiyi düşüncələr yer aldığından, onları pozmuşlar. Siz isə bu mətnin pozulan yerlərinə baxıb düşünürsünüz: Ah, nə yazıq! Ola bilsin, bu pozulan yerlər mətnin ən maraqlı, “ən yaxşı yerləri” imiş.

Başqa durumlarda senzuranın təsiri özünü hələ yazıya alınmamış mətnlərdə də göstərir. Yazar onun yazısında hansı düşüncələrin senzuradan keçməyəcəyini bildiyindən, belə kəskin düşüncələrini yumşaldır, onları yüngülcə dəyişir, yaxud da onları eyhamlar və üstüörtülü sözlərlə yazıya alır. Qəzetlərdə senzuranın pozduğu belə ağ yerlər gözə dəyməyəndə və yazarın ortaya çıxardığı mətndə ilk baxışda anlaşılmaz görünən belə üstüörtülü və eyhamlı sözləri düşüncənizi gücə salmaqla anlayanda siz senzuranın təsiri ilə bu yazıların necə korlandığını da anlaya bilirsiniz.

Bu bənzətməni apardığımız araşdırmaya tətbiq eləyəcəyik. Bizim inamımıza görə, baxdığımız yuxugörmədə buraxılan, anlaşılmaz mızıltılarla əvəz olunan sözlər yuxugörmədə özünü göstərən senzuraya görə baş vermişdir. Biz burada birbaşa yuxugörmənin senzurası terminini işlədərək, onun yuxugörmələrin korlanmasında böyük rol oynadığını irəli sürürük. Bütün yuxugörmələrin harasındasa boşluq, buraxılan yerlər varsa, bunlar hamısı yuxugörmənin senzurasının suçudur. Mənə elə gəlir, biz bir az da irəliyə gedib yuxugörmələrdə sonradan yaxşı xatırlaya bilmədiyimiz, onun başqa daha aydın olan elementlərindən qat-qat az anlaşılan və şübhəli görünən bütün elementlərinin də yuxugörmənin senzurasına uğradığı üçün belə korlandığını deyə bilərik. Ancaq yuxugörmənin senzurası heç də həmişə

“sevişmə qulluğu göstərməklə” bağlı olan yuxudakı kimi aydın olmur, necə deyərlər, bütün açıq-saçıqlığı ilə görünmür. Yuxugörmənin senzurası daha çox özünü yuxarıda dediyimiz ikinci tipdə gerçəkləşdirir, bəyənmədiklərini yumşaldır, üstüörtülü şəklə salır.

Yuxugörmənin senzurasının üçüncü tipi də var, ancaq onu qəzet senzurası ilə tutuşdurmaq olmur; mən onu bir az öncə baxdığımız bir yuxugörmə örnəyinin köməyi ilə sizə göstərə bilərəm. “1 fl. 50 kr. pul ödəyib teatra üç pis bilet almaqla” bağlı yuxugörməni xatırlayın. Bu yuxugörmənin gizli anlamında ilk yerdə tələsmək, çox tez başlamaq kimi davranışlar dayanırdı. Bu isə aşağıdakı anlamı bildirirdi: belə tez ərə getmək anlamazlıq idi, teatra öncədən, tələsərək bilet almaq anlamsızlıq idi, adaxlısının verdiyi pulu belə tələsik qızıl bəzəklərə xərcləmək gülünclük idi. Ancaq göründüyü kimi, yuxugörmənin gizli qalan bu başlıca elementlərindən heç biri onun görünən açıq məzmununda yoxdur; bu elementlərin gerçək ağırlıq mərkəzi yerini dəyişərək teatra getməklə tələsik bilet almağın üstünə keçmişdir. Belə bir qarışıqlığın təsiri ilə yuxugörmənin özülündə dayanan bu elementlər qrupu çox böyük dəyişikliyə uğradığından, onlar görülən yuxunun aydın məzmununda büsbütün özlərinə oxşamayan şəkillərə düşürlər və biz yuxugörməni araşdırmağa başlayanda onların bu elementlərinin arxasında nələrin dayana biləcəyini heç ağlımıza belə gətirmirik.

Yuxugörmənin gerçək məzmununun belə qarışıq-dolaşıq biçim alması yuxugörmələrin korlanmasının başlıca vasitəsidir və onun yuxugörmələrə gətirdiyi bu qəribəliyə görə də yuxugörən kimsələr onların öz psixikalarından törəndiyinə inanmaq istəmirlər.

Boşluq yaratma, dəyişikliyə uğratma və elementlərin yenidən qruplaşdırılması yuxugörmənin senzurasının təsiri ilə yaranır və bunlar yuxugörmələri korlamaq üçün başlıca vasitələrdir. Yuxugörmənin senzurası bizim araşdırmağa çalışdığımız yuxugörmələri ya birbaşa korlayır, ya da onu korlayan elementlərdən biri olaraq bu işdə iştirak edir. Burada adını çəkdiyimiz dəyişikliyə uğrama və elementlərin yenidən qruplaşmasını biz qarışdırma (Verschiebunq) adlandırmağa öyrəşmişik.

Yuxugörmənin senzurasının fəaliyyəti ilə bağlı qeydlərimizdən sonra bu senzuranın dinamizmi (hərəkət tərzi) ilə bağlı soruya da diqqət yetirməyə dəyər.

Mənim inamıma görə, siz buradakı yuxugörmənin senzurasının dinamizmi ilə bağlı deyilənləri insaniləşdirmirsiniz və yuxugörmənin senzurasının fəaliyyətini, yuxugörməni öz ciddi nəzarət altında saxlayan hansısa çox kiçik bir insanın, yaxud da beynin qırışlarında özünə yer eləyən bir ruhun gördüyü iş kimi qavramırsınız, habelə bu olayları haradasa, kənarda yerləşən bir “beyin mərkəzi”nin senzura fəaliyyəti də saymırsınız və bu deyilən “mərkəz”in işinin pozulması, yaxud da onun aradan qaldırılması ilə bu senzuranın aradan qalxacağını da düşünmürsünüz. Hələlik baxdığımız olayların dinamik bağlılıqlarını göstərə bilmək üçün bu, ən əlverişli bir termin sayıla bildiyi üçün biz ondan yararlanırıq. Yuxugörmənin senzurası adlandırdığımız bu termin yuxugörmənin hansı elementinin və hansı meyillərinin bu korlanmalara gətirib çıxardığını araşdırmağımıza yardımçı olur və keçmişdə üzləşib ancaq aydınlaşdıra bilmədiyimiz bir çox durumların da elə bu senzuradan yarandığını üzə çıxarır.

Biz, doğrudan da, indiyədək belə senzuraların olduğunu bilməsək də, onların təsiri ilə yaranan olaylarla üzləşmişik. Bizim yuxuyozma texnikamızın tətbiqində başlıca yeri tutan, yuxugörən kimsənin sorğulanması zamanı onun ağlına ilk gələn sərbəst düşüncələri ilə bağlı qarşılaşdığımız sarsıdıcı faktları, elə bilirəm, unutmamısınız. Biz onda yuxugörmənin elementindən onun gerçək anlamının gizləndiyi şüurdışına keçmək istəyəndə şüurun dirənişləri ilə üzləşmişdik. Biz bu dirənişlərin duruma görə dəyişdiyini, birində çox güclü, bir başqasında isə çox zəif olduğunu da demişdik. Dirənişlərin zəif olduğu durumlarda yuxugörməni yozmaq da çox yüngülləşirdi və bir neçə aralıq əlaqələndiricilərin tapılması ilə baş tuturdu, ancaq bu dirənişin güclü olduğu durumlarda biz gərək yuxugörmənin elementindən asılı olan əlaqələndiricilərin uzun bir sırasını tapaydıq, ondan çox uzaqlara gedib çıxaydıq və bu əlaqələndiricilərin özünü də saf-çürük eləmək üçün çoxlu çətinlikləri adlayaydıq.

Yuxuyozmalarda qarşılaşdığımız bu dirənişlər onun senzurasının yaratdığı çətinliklərlə bağlıdır. Yuxuyozmalara qarşı olan dirənişlər yuxugörmənin senzurasının obyektivləşməsi deməkdir. Bununla da o, yuxugörmənin senzurasının yuxugörməni korlayandan sonra da öz gücünü itirmədiyini, yenə də qaldığını və var gücü ilə korladığı yuxugörmə elementini necə varsa elə də saxlamağa çalışdığını göstərir.

Yuxugörmənin ayrı-ayrı elementlərinin yozulmasında özünü göstərən dirənişlərin güclü və zəif olması da yuxugörmənin bu elementlərin korlanmasına göstərdiyi təsirin güclü və zəif olmasından asılı olur. Yuxugörmənin açıq məzmunu ilə onun şüurdışındakı gizli qalan anlamını tutuşdursaq, onda onun gizli qalan anlamındakı bir çox elementlərin yuxugörmədə bütünlüklə olmadığını (pozulduğunu, buraxıldığını), bir başqa elementlərinin az, ya çox dəyişikliklərə uğradığını, üçüncü tip elementlərinin isə dəyişikliyə uğramadan, bir sıra hallarda isə daha da qabardılaraq yuxugörmənin açıq məzmununda yer tutduğu gözə çarpır.

Ancaq biz bu senzuranın hansı meyillərdən törəndiyini və onun özünün hansı meyillərə qarşı yönəldiyini araşdırmağı qarşımıza məqsəd qoymuşuq. Yuxugörməni, ola bilsin, elə bütün insan yaşamını da anlamaq üçün olduqca dəyərli olan bu sorğuya bir sıra yozulmuş yuxugörmələrə göz gəzdirəndə çox asanlıqla cavab tapmaq olar.

Yuxugörmənin senzurasını törədən meyillər elə yuxugörən kimsənin ayıqlıqda razılaşdığı və əməl elədiyi meyillərdir. Ona görə də birdən siz gördüyünüz yuxunun düzgün yozumu ilə razılaşmaqdan boyun qaçırırsınızsa, sizin burada arxalandığınız səbəb elə yuxugörmənin senzurasının törənmə səbəbi ilə eynidir və elə bu səbəbdən də yuxugörməniz belə korlanır və onun yozulması gərəkliyi yaranır. Yuxarıda baxdığımız örnəkdəki 50 yaşlı xanımın yuxugörməsini xatırlayın. Yuxugörməsini yozmamışdan da bu xanım yuxuda gördüklərinin çox iyrənc olduğunu düşünür. İndi birdən doktor fon Huq-Helmut onun yuxugörməsinin yozumu ilə bağlı gerçəkləri açıqlamağa başlasaydı, onda bu xanım bir az da çox sarsılardı, ancaq elə onun ayıqlıq çağında yürütdüyü belə mülahizələrindən də yuxugörməsindəki bu anlaşılmaz mızıltılar yaranmışdır.

Biz gərək burada yuxugörmənin senzurasının qarşı çıxdığı meyillərin də necəliyini aydınlaşdıraq. Onlarla bağlı bunu demək olar: bu meyillər daşıyıcısı olduqları özəlliklərinə görə qınanmağa layiqdirlər, habelə etik, estetik və sosial münasibətlər baxımından ədəbsizdirlər. İnsanlar bu meyillərlə bağlı düşünməyə belə ürək eləmirlər, ya da onlarla bağlı düşünəndə bunu iyrənərək eləyirlər. Yuxugörmənin senzurasının rədd etdiyi və yuxugörmədə korlanmış şəkildə üzə çıxan istəklər insanın amansız və məhdudiyyət tanımaq istəməyən eqoizmindən doğulurlar. Doğrudan da, istənilən yuxugörmədə insanın fərdi MƏNİ birbaşa iştirak eləyir və burada başlıca rol oynayır, ancaq çoxlu durumlarda onun oynadığı bu rol yuxugörmənin açıq məzmununda birbaşa yox, üstüörtülü şəkildə iştirak eləyir. Yuxugörmədə üzə çıxan bu “sacro egoismo”2 yuxugörmənin quruluşu ilə bağlıdır və bu zaman bütün ətraf dünyaya olan marağın itməsi belə bir eqoizmin oyanmasının başlıca səbəbi olur.

Dünyaya olan maraqlarını söndürməklə bütün etik bağlardan da azad olan MƏN cinsi ehtiraslarla bağlı qoyulmuş bütün yasaqlara qarşı çıxır. O bu ehtiraslarla bağlı insanlığın çoxdan estetik və etik baxımdan bəyənmədiyi nə varsa onların hamısına meyil salmağa yönəlir. Şəhvətdən həzz almağa yönəlmiş meyillər (biz elmi dildə buna libido deyirik) heç bir ölçü-biçi gözləmədən öz ehtiraslarını ödəyə biləcəyi obyektləri seçməyə başlayır və çox vaxt da bunu yasaqlanmış obyektlərin arasında arayır. Bu zaman o təkcə başqasının arvadını yox, öz anasını və bacısını da seksual həzz alacağı obyekt kimi seçə bilər, yaxud o qadındırsa, seksual həzz alacağı obyekti təkcə başqa kişilərdə yox, habelə öz atasında və qardaşında da axtarmağa başlayır (Yuxarıda yuxugörməsinə baxdığımız 50 yaşlı qadının da yuxusunda belə yasaqları pozmağa yönələn meyillər var və onun cinsi ehtirasları, sözsüz, öz oğluna doğru yönəlmişdir).

Bizim insan ruhuna yad saydığımız şəhvət duyğusu, əslində, yuxugörmələr doğuracaq qədər güclüdür. İnsanın acıq və öfkələrinin də yuxugörmələrdə özünün bütün aşırılığı ilə üzə çıxdığı durumlar çox olur. O sıradan yuxugörmələrdə ən doğma və sevimli adamların ölümünü arzulamaqla bağlı olan elementlərlə də sıx-sıx qarşılaşmaq olur, bunlar ata-analar, qardaş-bacılar, ər, yaxud da arvad ola bilər. Yuxugörmənin senzurasının rədd elədiyi bu istəklər, elə bil cəhənnəmdən çıxıb yuxugörmələrə soxulmağa çalışırlar; ancaq ayıldıqdan sonra bu yuxular yozulanda yuxugörmə senzurasının onlara təsirinin ciddi olmadığı da bəlli olur.

Ancaq siz gəlin bu qorxunc məzmunların yaranmasının suçunu yuxugörmələrin üzərinə atmayın. Yuxugörmənin zərərsiz, hələ desən yararlı bir iş gördüyünü, onun bizim yuxumuzu pozmaq istəyən qıcıqları aradan qaldırdığını unutmayın. Bu alçaq istəklər yuxugörmənin mahiyyətindən doğulmur. Bunu da bilməmiş deyilsiniz: yuxugörmələr insanların dincliyinə qulluq eləyir və onların çoxlu könül istəklərini gerçəkləşdirməyə yönəlik olur. Ancaq bildiyiniz kimi, elə bu yaxşı məzmunlu yuxugörmələrdə korlanmalar da olmur; onların buna gərəyi olmur, onlar insan MƏNİNİN etik və estetik meyillərini aşağılamadan özlərinin insana yarayan işlərini yerinə yetirirlər. Yuxugörmələrin korlanmasının iki faktordan asılı olduğunu da unutmayın.

Yuxugörmənin senzurasının sıxışdırıb uzaqlaşdırmaq istədiyi istəklər nə qədər pisdirsə, yuxugörmə bir o qədər korlanmaya uğrayır, ikincisi isə, insanların gerçək yaşamında belə istəklərə qarşı olan senzura nə qədər güclüdürsə, yuxugörmə də o qədər çox korlanır. Elə buna görə də gördüyü aşırı ciddi tərbiyədən vasvası olmuş gənc bir xanımın yuxugörmədə gerçəkləşmək istəyən seksual istəkləri qarşısıalınmaz bir senzurayla üzləşib onun yuxusunu korlayır. Biz həkimlərin bu yaşda və durumda olan insanlar üçün zərərsiz olduğunu saydığımız şəhvətli duyğuları bu gənc xanım qorxunc bir olay kimi qarşılayır.

Ancaq elə bilirəm, bizim yozumlarımızın belə sonuclara gəlib çıxmasına görə darılmağa da dəyməz. Mənə elə gəlir, biz hələ bu yozumları yetərincə anlaya bilmirik; ancaq yenə də bizim qarşımızda dayanan başlıca məqsəd onu bəlli və yersiz basqılardan qorumaqdır. Bu işi başlamaq üçün əlverişli durumu tapmaq heç də çətin deyildir. Bizim yuxugörmələri yozmağa başlamağımız onların bəlli anlamlarının olması fərziyyəsi üzərində qurulmuşdur, bu düşüncəmizə görə, şüurdışı ilə bağlı psixi proseslər yalnız hipnozla bağlı olaylarda yox, habelə adi insan yuxularında da baş verir və yuxudan ayıldıqdan sonra yuxugörmə ilə bağlı yaranan bütün düşüncələr də səbəbsiz deyildir. Biz bu fərziyyələrimizə arxalanaraq yuxugörmənin yozulmasında anlaşıqlı və doğru saydığımız sonuclara gəlib çıxdığımızdan, öncədən irəli sürdüyümüz fərziyyələri də doğru saya bilərik. Ancaq yuxugörmələrin yozumundan indiki kimi çox qorxunc görünən sonuclar alındığı durumlarda nə etməliyik? Yoxsa bu durumlarda belə deyilməlidir: bunlar mümkün olmayan, anlamsız sonuclardır, bu heç vaxt belə ola bilməz, deməli, bizim yuxugörmələri yozmaqla bağlı irəli sürdüyümüz fərziyyələrdə də nə isə bir sıra yanlışlıqlar vardır. Yoxsa yuxugörmə psixi fenomen deyil, ya da insanın normal durumlarında şüurdışının ona təsiri olmur?

Yaxud bizim yuxugörməni yozmaq üçün yararlandığımız texnika özü yarımçıqdır?

Bizim yuxugörmələri yozmaqla gəldiyimiz bu çox iyrənc sonucları qəbul eləməkdənsə, yuxugörmələri yozmaq üçün işlətdiyimiz texnikanın yanlış olduğunu deməyimiz daha sadə və canqurtarıcı olmazdımı?

İkisi də ola bilər! Sadəliyə və canqurtarıcılığa da yönələ bilərik, ancaq bu, problemdən çıxış yolu olmayacaqdır. Gəlin tələsməyək, baxdığımız sual hələ sonacan açıqlanmayıb. İlk öncə biz yuxuyozma texnikamıza bir az da tənqidi yanaşa bilərik.

Onun gəldiyi sonucların belə xoşagəlməz və ürəkbulandırıcı olması hələ ən pisi deyildir. Bu durumda bizim işimizi əngəlləyən ən güclü arqument yuxugörən kimsənin, bizim yuxuyozma texnikamıza arxalanaraq, onun adına yazdığımız istəklərinin olmasını var gücü ilə və əsaslandıraraq danmasıdır. Onlardan biri belə deyir: “Necə? Siz gördüyüm yuxuya görə mənim bacımın cehizi, qardaşımın oxuması üçün pula qıymadığımı sübut eləmək istəyirsiniz? Bu heç cür ola bilməz; mən yalnız elə onlar üçün çalışıram, mənim bu yaşamda onlar qarşısında olan borcumu yerinə yetirməkdən başqa bir diləyim yoxdur. Bir böyük qardaş kimi mərhum anama onlar üçün əlimdən gələni edəcəyimə söz vermişəm”. Yaxud yuxugörməsini yozduğumuz bir xanım deyir: “Necə-necə? Mən ərimin ölməsini istəyirəm? Bu nə ürəkbulandıran yalandır belə, danışırsınız? Ola bilsin, siz mənə inanmazsınız, bizim onunla evliliyimizin ikimiz üçün də böyük bir xoşbəxtlik olmağı bir yana qalsın, onun ölümü mənim belə gözəl yaşamaq üçün olan nəyim varsa, hamısının əlimdən çıxması demək olardı”. Üçüncü birisi bizə belə etiraz eləyir: “Deyirsiniz mən bacıma şəhvətlə yanaşıram? Çox gülünc söz danışırsınız; mən onu lap çoxdan saya salmıram, bizim aramız çoxdan dəyib, neçə illərdir küsülüyük”. Biz yuxugörən kimsənin, yuxuyozma texnikamızdan yararlanaraq, onun istəkləri ilə bağlı gəldiyimiz sonucları qəbul etməməsini, onları var gücü ilə danmasını düzgün saya bilərik; biz onun bu istəklərinin olmasından baş açmadığını, onlarla bağlı heç nə bilmədiyini də deyə bilərik. Bundan başqa da, bu yuxugörən kimsələr bizim yuxuyozma texnikamızın onların adına çıxdığı istəklərin özlərinə yad olduğunu deməklə yanaşı, özlərinin yaşam tərzini açıqlamaqla bunun, doğrudan da, onlar dediyi kimi olduğunu sübut eləyə də bilərlər, bax bu yerdə biz dalana dirənmiş oluruq. Halbuki belə bayağı və anlamsız sonuclara gətirib çıxaran yuxuyozma texnikasını bir qırağa tullamaq daha yaxşı olmazdımı?

Yox, gəlin bir az da gözləyək. Yuxugörənin ilk baxışdan çox güclü görünən arqumentinə tənqidi yanaşsaq, çox keçmədən onun inandırıcı olmadığını görəcəyik.

İnsanın ruhi yaşamında şüurdışında qalan meyillərin olması heç də ona əks olan meyillərin hamısının yalnız elə şüurda olması demək deyildir. Ola bilər, insanın ruhani yaşamında bir-birinə əks olan, biri o birini danan meyillər yanaşı da yerləşsinlər; eləcə də, ruhani yaşamda hansısa bir motivin üstünlük qazanaraq üzə çıxması şüurdışında ona əks olan başqa bir meylin olmasına görə də baş verə bilər.

Beləliklə də, yuxugörmələrin yozumlarının sadə olmadığı və çox xoşagəlməz sonuclara gətirib çıxardığı ilə bağlı başlanğıcda bildirdiyimiz etirazlar hələ də öz yerində qalır. Bunlardan birincisinə qarşı biz öz etirazımızı belə bildirə bilərik: sadəlik axtarışına uymaqla siz yuxugörmənin heç bir problemini həll edə bilməzsiniz; siz burada təklif olunan yanaşmanın mürəkkəbliyi ilə barışmalısınız. İkinci etirazınıza gəlincə, siz burada elmi mühakimələr yürütməyi nəyi bəyənib nəyi bəyənməməyiniz üzərində qurmaqla açıq-aydın yanılırsınız. Yuxugörmənin yozulmasından belə xoşagəlməz, lap biabırçı və iyrənc sonuclar alınırsa, bunun bizim elmi araşdırmalarımıza nə qarışacağı var? Mən gənc bir həkim olduğum çağlarda belə durumlarla üzləşəndə müəllimim Şarko deyərdi: Ça nempeche pas dexister3.

Yaşadığın dünyanın gerçəklərini doğru-düzgün anlamaq istəyirsənsə, onda gərək bəyəndiklərinlə bəyənmədiklərini barışdırmağa çalışasan. Birdən hansısa bir fizik yaxın gələcəkdə dünyada yaşamın bitəcəyini sübut eləsə siz onun sözlərini danaraq

“bu ola bilməz, bu çox xoşagəlməz iş olardı” deməyə ürək eləyərdinizmi? Mənə elə gəlir, siz susardınız, yaxud da başqa bir fizikin ortaya çıxıb birinci fizikin dediklərini və hesablamalarını yalana çıxarmasını gözləyərdiniz. Siz bəyənmədiyiniz şeyləri anlayıb mənimsəmək yerinə, onları özünüzdən uzaqlaşdırıb qovursunuzsa, onda elə yuxugörmənin yaranma mexanizminə uyğun davranırsınız.

Yoxsa siz yuxugörmə senzurasının rədd elədiyi iyrənc istəkləri danmağı insanın varlığında bu qədər yamanlıqların ola bilməyəcəyi ilə əsaslandırmaq istəyirsiniz?

Ancaq sizin yaşamda keçdiyiniz çoxsaylı sınaqlar bunu deməyə əsas verirmi? Sizin özünüzü necə bir insan saymağınızla mənim işim yoxdur, ancaq deyin görüm, siz öz rəisinizdən və rəqiblərinizdən çoxmu yaxşılıqlar görmüsünüz, öz düşmənlərinizdə çoxmu kişilik görmüsünüz, yaşadığınız toplumda azmı gözü götürməzliklərlə üzləşmişsiniz və bunları bilərək siz, doğrudanmı, insan təbiətində kök salmış eqoistik yamanlıqların olması ilə bağlı deyilənlərə qarşı çıxmağı, bunu danmağı özünüzün borcunuz sayırsınız? Yoxsa siz orta səviyyəli insanın seksual yaşamla bağlı olan oblastda özünə necə pis yiyəlik elədiyini və necə etibarsız olduğunu bilmirsiniz?

Olmaya siz bizim yalnız gecələr yuxularımızda törədə bildiyimiz yamanlıqlarla zorakılıqları bir çoxlarının gündəlik, gündüz çağı və açıq aydın şəkildə törətdiklərini də bilmirsiniz? Bu durumda psixoanaliz yalnız Platonun uzaq keçmişdə dediyi bu sözlərin doğruluğunu təsdiqləyir: “Yaxşı insanlar pis adamların gerçəklikdə elədiklərini yalnız öz yuxugörmələrində eləməklə kifayətlənən kimsələrdir”.

İndi isə diqqətinizi fərdlərdən ayırıb, Avropanı uçurub dağıdan, onun insanlarını qırıb-tökən bugünkü qanlı savaşa yönəldin, daha sonra dünyanın mədəni adlanan bölümündə geniş yayılmış sayagəlməz amansızlıqlar, yırtıcılıqlar, yalanlar ilə bağlı düşünün. Siz, doğrudanmı, bütün bu yamanlıqları bir yığın vicdansız mənsəb düşkün-lərinin və insanları yoldan çıxarmağı bacaran fırıldaqçıların törətdiyini düşünürsünüz, bu başçıların arxasınca gedib bu yamanlıqların gerçəkləşməsinə qatılan milyonların da elə bu cinayətlərdə onlarla ortaq olduğunu bilmirsiniz? Bütün bu deyilənlərdən sonra da siz insanın ruhunda yamanlıqların kök salması ilə bağlı deyilənlərə qarşı çıxıb, söz güləşdirməkdə davam edəcəksinizmi?

Siz mənim savaşa birtərəfli yanaşdığımı deyib etiraz eləyə bilərsiniz; savaşların insanları yamanlıqlara qarşı dirəniş üçün birləşdirdiyini, onlarda igidliyi, özündən keçməyi, habelə bu kimi çoxlu yaxşı özəllikləri ortaya çıxardığını da deyə bilərsiniz.

Qoy siz deyən kimi olsun, ancaq siz də gəlin psixoanalizə qarşı belə ədalətsizlik eləməyin, onu nələrisə danmaqla başqa bir nələri doğrultmaq istəməkdə qınamayın.

Biz psixoanalitiklər heç vaxt insan təbiətinin yaxşılıqsevərliyə yönəlik olduğunu danmırıq və onun bu özəlliklərini əskiltmək və dəyərdən salmaq üçün çalışmırıq.

Əksinə, mən sizə yalnız yuxugörmənin senzurasının rədd elədiyi iyrənc istəkləri göstərməklə kifayətlənmirəm, həm də onları sıxışdıran, basıb əzən, tanınmaz bir duruma salan senzuranın özünü də göstərməyə çalışıram. Biz insanda olan yamanlıqları göstərməklə, bunların olmadığını deyənlərə qarşı çıxırıq, onların bu davranışı heç də insanın ruh aləmini yaxşılaşdırmır, əksinə, onu anlaşılmaz eləyir. Biz insana yanaşmada başlıca yeri tutan birtərəfli etik dəyərləndirmə metodundan əl çəksək, onda insan təbiətində olan yamanlıqlarla yaxşılıqların qarşılıqlı nisbətlərini dəyərləndirməyin daha düzgün formasını da tapa bilərik.

Beləliklə də, hər şeyi olduğu kimi saxlayırıq. Yuxugörmələrin yozulması ilə bağlı gördüyümüz işlər bizə çox qəribə görünən sonuclara gəlib çıxsa da, biz onlardan əl çəkmirik. Ancaq bunu da unutmayaq: yuxugörmənin korlanması onun bəlli tendensiyalara yönəlik olan senzuraya uğramasından yaranır. Mən bizi gecələr yuxugörmələrimizdə yerimizdən oynadan ədəbsiz duyğuların yaranmasına qarşıyam.

Ancaq bu sualdan da qaçmaq olmur: onlar nə üçün gecələr yaranır və bu yaramaz istəklər necə doğulur? Burada çoxlu anlaşılmazlıqlar var və onları araşdırıb aydınlaşdırmaq gərəkdir.

Ancaq buradakı araşdırmalarımızdan ortaya çıxan başqa sonucları yetərincə dəyərləndirməməyimiz də düzgün olmazdı. Yuxugörmənin yuxularımızı pozan istəkləri bizə bəlli deyildir, biz yalnız yuxugörmələri yozmaqla onların varlığını öyrənirik; ona görə də onları hələlik, yuxarıda dediyimiz anlama uyğun olaraq, şüurdışı istəklər adlandırmaq olar. Biz onların varlığını yuxugörmələri yozmaqla tapsaq da, bildiyiniz kimi, çoxlu durumlarda yuxugörən kimsələr belə istəklərinin olduğunu danırlar. Yuxarıda söz yanılmalarını yozanda “aufstoben” yanlışı ilə bağlı üzləşdiyimiz durumla burada yenidən qarşılaşırıq, unutmamısınızsa, orada da yanılan kimsə özündən çıxaraq heç vaxt öz rəisinə qarşı sayğısızlıq bəsləmədiyini demişdi.

Biz onda da onun bu sözlərinə inanmamışdıq və yanılan söz yiyəsinin özünün də rəisinə qarşı sayğısızlığı olduğunu bilmədiyini fərz eləmişdik. İndi isə bu durum, çox güclü korlanmış yuxugörmələri yozanda təkrarlanır və beləliklə də, bizim fərziyyəmizin doğruluğunu təsdiq eləmək üçün bunun çox böyük önəmi vardır. Bizə elə gəlir, insanın psixi yaşamında onun özünün də bilmədiyi proseslər və tendensiyalar vardır, insan bunlarla bağlı çoxdandır heç nə bilmir və ola bilsin, heç vaxt da heç nə bilməmişdir. Bütün bunlara görə də şüurdışı anlayışı bizim üçün yeni bir anlam daşımağa başlayır; bu çağacan onun mahiyyətinə bağlanılan “hələlik”, yaxud “keçicilik” özəllikləri yoxa çıxır və onun mahiyyətindən “indiki zamanda gizli qalan bilgilər” anlayışı itərək öz yerini “şüurdışının uzun müddətli bilgilər”inə verir.

Bununla bağlı olaraq, başqa bir vaxt daha geniş danışmalı olacağıq.

2 sacro egoismo” – müqəddəs eqoizm

3 Ça nempeche pas dexister – fransızcadan çevirməsi: Sizin istəyiniz onu öz yolundan döndərə bilməz.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.