Altıncı mühazirə. FƏRZİYYƏLƏR VƏ YOZUM TEXNİKALARI

Dəyərli xanımlar və bəylər! Göründüyü kimi, yuxugörməni öyrənməkdə irəliləyə bilmək üçün bizə indi yeni yanaşma və bəlli bir metod tapmaq gərəkdir. Öncə sizinlə bir məsələ üzrə anlaşmaq istəyirəm: gəlin bundan sonrakı yanaşmalarımızda yuxugörməni cismani yox, psixi fenomen sayaq. Bunun nə demək olduğunu bilirsiniz, ancaq gəlin görək belə bir anlaşma ilə biz nə qazanırıq? Bu anlaşmadan bir qazancımız olmasa da, ona qarşı dayana bilən hansısa tutarlı bir arqument də yoxdur.

Ona görə də biz indi iki yoldan birini seçməliyik: yuxugörmə cismani bir fenomendirsə onda bizim onunla bağlı görüləsi bir işimiz də yoxdur; o yalnız psixoloji fenomen sayıla biləcəyi durumunda bizim üçün maraqlı olacaqdır. Beləliklə də, biz yuxugörməni psixi fenomen saymaqla işimizi davam etdirəcək və bunun hansı sonuclara gətirdiyini izləyəcəyik. Gördüyümüz bu işin sonucu isə, bu yanaşmamızın üstündə qalıb-qalmayacağımızı aydınlaşdırmaqla yanaşı, onun özünün də doğru olub-olmayacağını göstərəcəkdir. Biz nə istəyirik və gördüyümüz işin adı nədir? Biz elmin görməyə alışdığı bir işi yerinə yetirmək istəyirik, bir az da açıq desək, qarşılaşdığımız fenomenləri anlamağa çalışırıq, onların bir-biri ilə ilişkilərini tapmaq istəyirik və bacardıqca onları idarə edə bilmək üstünlüyünə də yiyələnmək istəyirik.

Beləliklə də, biz yuxugörməni psixi fenomen sayaraq öz işimizi davam elətdiririk. Belə bir durumda isə yuxugörmə yuxugörən kimsənin törətdiyi və açıqlamalı olduğu bir olay olacaqdır, ancaq burada bir iş də var, yuxugörənin dilindən eşitməli olduğumuz bu yuxugörmə bizim üçün anlaşılmaz qalır. Birdən mən sizə anlaşılmaz görünən bir söz desəm siz nə edərdiniz? Məndən nə demək istədiyimi soruşardınız, deyilmi? Onda biz də nə üçün yuxugörən kimsədən gördüyü yuxunun anlamını soruşmayaq?

Unutmamısınızsa, biz artıq bir dəfə belə bir duruma düşmüşdük. Bununla, yanlış davranışlarla bağlı sualı araşdırarkən söz yanılmalarından danışanda qarşılaşmışdıq.

Yanılan bir kimsə belə demişdi: Da sind Dinge zum Vorschwein gekommen, ondan niyə belə dediyini, daha doğrusu, nə üçün yanılıb anlaşılmaz bir söz olan Vorschwein sözünü işlətdiyini soruşmuşdular və nə yaxşı, bunu biz, psixoanalitika üzrə işləyən araşdırıcılar yox, büsbütün ona qarışacağı olmayan insanlar ondan soruşmuşdular.

Soruşulan kimsə o andaca belə bir cavab vermişdi: mən das waren Schweinereien (bu, donuzluq idi) demək istəyirdim, ancaq bu niyyətimi sıxışdırıb bir az yumşaq çalarlı söz deməyə çalışdığımdan, bu yanlışlıq baş verdi. Mən onda sizə belə bir söz demişdim: belə bir sorğulama üsulu istənilən psixoanalitik araşdırmanın kökündə dayanır və mənə elə gəlir, indi siz də psixoanalizin başlıca texnikasının nə demək olduğunu bilirsiniz: psixoanalitik axtardığı tapmacanın cavabını, hara qədər bacarırsa, araşdırmaq üçün götürülmüş kimsənin özündən soruşub öyrənməyə çalışır. Beləliklə də, yuxugörən kimsə gördüyü yuxunun hansı anlamı daşıdığını özü bizə açıb deməlidir.

Ancaq bəlli olduğu kimi, yuxugörmədə hər şey belə sadə deyildir. Yanlış davranışlarla bağlı araşdırmalarımızda bu texnika çoxlu durumlarda bizi doğru sonuclara gətirib çıxara bilmişdi, ancaq orada da sorğulanan kimsənin bizimlə danışmaq istəməməsi, habelə bizim yozumumuzdan acıqlanması da olmuşdu.

Yuxugörmədə isə birinci variantla qarşılaşmırıq; yuxugörən kimsə, demək olar, həmişə niyə belə yuxu gördüyünü bilmədiyini deyir. Biz onun qarşısına yuxugörməsi ilə bağlı hansısa yozum qoya bilmədiyimiz üçün onun bizim dediklərimizi danmasına da gərək qalmır. Yoxsa biz bu cəhdlərimizdən əl çəksək yaxşıdır? Biz də, yuxugörən də nəsə bilmirik, burada üçüncü birisinin nəsə biləcəyini düşünmək də yersizdir, ona görə də bizim burada nəsə öyrənə biləcəyimizə ümid yeri qalmır. İstəyirsinizsə, bu araşdırmanı dayandıra da bilərsiniz. Dayandırmaq istəmirsinizsə, onda ardımca gəlin.

Görün indi mən sizə nə deyirəm: ola bilsin, olduqca böyük ehtimalla, yuxugörən kimsə onun yuxusunun nə demək olduğunu bilir, o, sadəcə, bunu bildiyini anlaya bilmədiyindən, bunu bilmədiyini düşünür.

Siz indi məni yeni bir fərziyyə irəli sürməkdə qınaya bilərsiniz, belə qısa bir araşdırmanın gedişində artıq ikinci fərziyə irəli sürməyin çox olduğunu, bununla mənim öz metodumun inandırıcılığını azaltdığımı da deyə bilərsiniz. Beləliklə də, biz birinci fərziyyəmizdə yuxunun psixi fenomen olmasını irəli sürmüşdük, indi isə insan ruhunda olan, ancaq onun bunun varlığını bilmədiyi və bunun üçün də onu bildiyini anlamadığı hansısa bilginin olduğu fərziyyəsini ortaya atırıq. Bu fərziyyələrdən istənilən birini doğru saymamağımız onların yardımı ilə alınan bütün sonucların önəmsiz olduğu anlamına gələcəkdir.

Ancaq, dəyərli xanımlar və bəylər, mən sizi bura aldatmaq üçün çağırmamışam və sizdən nəyisə gizlətməyə də çalışmıram. Düzdür, mən sözümün başlanğıcında sizə

“psixoanalizlə ilkin tanışlıq üzrə” mühazirə oxuyacağımı demişəm, ancaq mən sizə in usum delphini tipli bilgilər vermək, hər şeyin ütülü olduğunu, asan başa gəldiyini göstərmək istəmirəm, habelə inamsızlıq yaranmasın deyə ortalıqda olan bütün boşluqları sizdən gizlətməyi də düşünmürəm. Mən sizin dərinliklərə varmadan, ötəri bilgilər alıb, nəsə yeni biliklər aldığınızla bağlı yanlışlara qapılmağınızı da ummuram.

Yox, siz elə bu elmlə ilk dəfə tanış olmağa başladığınız üçün də mən sizə onu necə varsa eləcə də göstərmək istəyirəm. Bizim bu elmimizin bütün daşlı-kəsəkli və ağır yollarını da, bu yolu keçdikcə sizin ürəyinizdə yaranacaq şübhə və narazılıqları da bəri başdan bütün aydınlığı ilə bilməyinizi istəyirəm. Bütün elmləri öyrənməkdə, ən çox da başlanğıcda belə bir yolu keçməyin qaçılmaz olduğunu da yaxşı bilirəm. Mən müəllimlərin çox vaxt başlanğıcda bu çətinlikləri tələbələrindən gizlətməyə çalışdıqlarını da bilirəm. Ancaq belə yanaşma psixoanalizin öyrənilməsində bir işə yaramır. Mən, doğrudan da, bir-biri ilə uyuşan iki fərziyyə irəli sürmüşəm, bu fərziyyələr kim üçünsə anlaşılmazlıq və dolaşıqlıq yaradırsa, kimsə elmdə böyük güvənlik və gözəlliklə dolu sonuclar arayırsa, o bizimlə öz yolunu ayırsa yaxşıdır.

Mən belə birisinin axtardığı dəqiq və inamlı yolu burada tapa bilməyəcəyini bildiyimdən, onun psixoloji problemlər üzrə çalışmalara qoşulmasını da kökündən yanlış sayıram. Eləcə də nəsə dəyərli sonuclar üzə çıxaran elmin də birdən onu eşitməzlər kimi bir qorxusu yoxdur və o, qapı-qapı gəzib özünə yandaşlar axtarmağa da gərək duymur. Hansısa elmin gəldiyi sonucların özü bu elmin dəyərini göstərəcəkdir, ona isə yalnız bu sonucların insanların diqqətini çəkəcəyi günü gözləmək qalır.

Ancaq kimsə bizim çalışmalarımızdan ayrılmaq istəmirsə, onlara bir sözüm də var: mənim irəli sürdüyüm bu iki fərziyyə ekvivalent (eynigüclü) deyildirlər.

Yuxugörmənin psixoloji fenomen olduğu ilə bağlı irəli sürdüyümüz fərziyyənin doğruluğunu biz gördüyümüz işlərin sonucu olaraq sübut eləmək istəyirik; ikinci fərziyyənin doğruluğu isə başqa bir elm sahəsində artıq isbat olunmuşdur və mən yalnız ürək eləyib onun bizim problemlərin çözülməsinə yarayacağını irəli sürmüşəm.

Yaxşı, harada, elmin hansı bölməsində insanın özünə bəlli olmayan biliyinin varlığı sübut olunmuşdur (Biz də yuxu görmüş insanın belə bir biliyi olduğunu demirikmi)?! Belə bir çox gözəl, olduqca parlaq faktın ortalıqda olması bizim ruhi yaşamımızla və onun gizlətməyə gərək olmayan özəllikləri ilə bağlı baxışlarımızı kökündən dəyişə bilərdi. Beləliklə də, özünün dediyini özü də danan belə bir faktın olması gerçəkdir və o, contradicto in adjecto (bəlliliyin içindəki qarşıdurma) sayılmalıdır. Bu fakt özünü gizlətməyə çalışmır. Onunla bağlı heç nə bilmirlərsə və yetərincə düşünmürlərsə, bu heç də onun suçu deyildir. Elə bunun kimi də psixoloji problemlərlə bağlı sorular üzrə mühakimə yürüdənlərin böyük çoxluğunun bu sualın önəmli özəlliklərini aramaqdan və sınaqla yoxlamaqdan çox uzaq olan adamlar olması da bizim suçumuz deyildir.

Belə bir sübutu elmin hipnozla bağlı olayları öyrənən bölməsi ortaya qoymuşdur.

Mən 1899-cu ildə alimlərdən Lyebo ilə Berngeymin Nansi şəhərində sərgilədikləri olduqca inandırıcı görüntüləri izləyəndə onların apardıqları belə bir sınaqla üzləşmişdim. Hipnoza salınmış insanı ayaq üstə gəzərgi yuxugörmə durumuna gətirib, onu bu anlarında qarabasmalarla bağlı olaylar yaşamağa sürükləyəndən sonra düşdüyü bu durumdan ayıltdılar və bu adamı sorğulayanda o, keçirdiyi hipnoz zamanı başına gələnlərlə bağlı heç nə bilmədiyini dedi. Ancaq Berngeym onun yaxasını buraxmayıb hipnoz zamanı başına gələnləri xatırlamağı tələb elədi. Adam isə, doğrudan da, heç nə xatırlamadığını deyib durdu. Berngeym yenidən təkidlə ondan başına gələnləri xatırlamağı tələb eləməyə başladı, bilmədiyini sandığı bu faktları bildiyinə onu inandırmağa çalışdı. Ona bunları xatırlamalı olduğunu aşıladı və birdən indicə hipnozdan çıxmış adam tərəddüd eləməyə başladı, düşüncələrini toplayıb hipnoz anında ona aşılanan olaylardan birini dumanlı şəkildə xatırlamağa başladı, bir az sonra bir başqasını yadına saldı, getdikcə başına gələnlərin hamısını bir-bir xatırlayıb, sonunda bütün baş verənləri olduğu kimi xatırlamağa gəlib çıxdı. Bütün bunları kiminsə ona kənardan demədən özünün xatırlaması onun bilmədiyini sandığı bu faktları öncədən də bildiyini üzə çıxarmış oldu. Onun bildiyi bu “bilmədiyi bilgilər”

öncə onun üçün əlçatmaz idi, o bunları bilmədiyini düşünür, özünün belə bir biliyi olduğuna inanmırdı. Gördüyünüz kimi, bu durum eyni ilə yuxugörən kimsənin yuxudan ayılandan sonra düşdüyü durum kimidir.

Elə bilirəm, indicə dediyim bu fakt sizi sarsıdır və məndən soruşmaq istəyirsiniz: siz nə üçün bu sübutu bir az öncədən, yanlış davranışları araşdıranda demirdiniz? Bu yanılmalarda da sözünü yanılan adamın özünün belə, bilmədiyi niyyətinin olduğunu irəli sürəndə və yanılan kimsə belə bir niyyətinin olduğunu dananda biz bu sübutu ortaya atmaqla araşdırmamıza aydınlıq gətirə bilməzdikmi? Kimsə yaşadığı hansısa anlarla bağlı heç nə bilmədiyini, onları büsbütün unutduğunu düşünürsə, ancaq özlüyündə bu bilik onun ruhunda varsa, onda o bu durumunda özünün daha dərinliklərdə baş verən ruhi prosesləri ilə bağlı bir az da çox biliksiz olacaqdır. Belə bir dəlil çox tutarlı olduğundan, yanlış davranışları daha dərindən və dəqiq anlamağımıza yardımçı ola bilərdi. Sözsüz, mən bu faktdan yanlış davranışları araşdıranda da yararlana bilərdim, ancaq mən onu başqa, daha önəmli bir durumda işlədə bilmək üçün qoruyub saxlamışdım. Yanlış davranışların bir çox kəsimlərini biz onların özündən yararlanmaqla aydınlaşdıra bilmişdik; bundan başqa, biz baş verən psixi olayların özbaşına olmadığını, onların bir-biri ilə qırılmaz tellərlə bağlı olduğunu xatırlamış, buna görə də bizə bəlli olmayan ruhi proseslərin də ola biləcəyi düşüncəsinə gəlib çıxmışdıq. Yuxugörməni öyrənəndə isə biz elmin başqa oblastlarında əldə olunan sonuclardan yararlanmalı olduq və mənə elə gəlir, burada hipnozla bağlı oblastdan götürülmüş bilgilərdən yararlanmağımızı siz anlayışla qarşılayacaqsınız. Yanılmalar isə insanın normal durumlarında baş verir və onunla hipnotik durumlar arasında heç bir uyğunluq yoxdur. Əksinə, hipnotik durumla yuxugörmənin baş verdiyi yuxuya dalmaq arasında çox önəmli uyğunluqlar vardır.

Axı biz hipnoza elə süni yuxu deyirik; eləcə də hipnoz elədiyimiz adamlara “yatın”

deyərək onları yuxulatmağa çalışırıq və bu durumda bizim ona aşıladıqlarımızı yatmış adamın yuxugörməsi ilə tutuşdurmaq da olar. Hər iki olaydakı psixi durum, demək olar, çox uyğundur. Adi yuxuda biz ətraf aləmə olan marağımızı söndürürük, hipnozda da, bizi hipnoz eləyəndən başqa, nə varsa hamısına olan marağımız sönmüş olur və bizim yalnız onunla ilişkilərimiz qalır. Elə uşaq əmizdirən qadının mürgüləməsi də hipnotik yuxunun bir örnəyi sayıla bilər. Bəlli olduğu kimi, bu vaxt qadının yan-yörəsi ilə bütün ilişkiləri kəsilir, bütün diqqəti əmizdirdiyi körpəyə yönəlir. Ona görə də yuxu və yuxugörmənin araşdırılmasında çəkinmədən hipnozun özəlliklərindən yararlana bilərik. Deməli, “yuxugörən kimsə öz yuxugörməsinin nədən yaranmasını bilir, ancaq bu biliklərin yolu onun üçün bağlıdır və ona görə də o belə bir biliyinin olduğuna inanmır” mülahizəsi heç də əsassız deyildir. Yeri gəlmişkən, bunu da deyim, burada bizim qarşımızda yuxugörməni öyrənmək üçün üçüncü bir yol da açılmış olur: indiyədək olan araşdırmalarımızda yararlandığımız yuxunu pozan xarici qıcıq, “ayıqlıqda yuxu görmə” adlandırdığımız anlayışlara hipnozla aşılanan yuxugörmə anlayışı adlana biləcək yeni birisi də qoşulur.

İndi isə bizim gördüyümüz işin doğruluğuna inamımızın artdığı bu durumda araşdırdığımız problemin üstünə qayıdaq. Beləliklə də, ola bilsin, yuxugörən kimsə öz yuxusunun nədən doğduğunu bilir və indi bizim başlıca görməli olduğumuz iş ona bu biliyini üzə çıxarmaqda yardım eləmək, daha sonra onun bu bildiklərini gizlətmədən bizə çatdırmasına çalışmaqdır. Biz ondan gördüyü yuxunun hansı anlam daşıdığını deməyi tələb eləmirik, ondan bu yuxugörmənin nədən qaynaqlana biləcəyini, onu doğura biləcək düşüncə və maraqlarının çevrəsini soruşub öyrənməyə çalışırıq. Gəlin yenidən yanlış davranışlarla bağlı araşdırmamızdakı örnəyi xatırlayaq. Biz yanılan kimsədən “Vorschwein” kimi anlaşılmaz bir sözün onun ağlına haradan gəldiyini soruşanda o andaca onun ağlına bunu açıqlamaq üçün lazım olan fikir gəlmişdi. Bizim yuxugörməni araşdırma texnikamız çox sadədir və indicə dediyimiz örnəkdə yararlandığımız üsula çox oxşayır. Biz burada da yuxugörəndən onun nə üçün belə bir yuxu gördüyünü soruşacaq və ağlına ilk gəlib dediyi sözü açar söz, ipucu sayaraq onun yuxusunu yozmağa çalışacağıq. Biz onun yuxugörməsinin səbəbini bilib-bilmədiyi ilə maraqlanmayacağıq, ancaq hər iki durumda onun nə dediyinə diqqət yetirəcəyik.

Bu texnika, gördüyünüz kimi, çox sadədir, ancaq qorxuram sizdə bu texnikaya qarşı inamsızlıq yarana və siz onun doğruluğunu danmağa başlayasınız. Ola bilsin, siz belə deyə bilərsiniz: “Ah, bu da üçüncü fərziyyə! Bu, o birilərindən də qat-qat az inandırıcıdır! Bu necə ola bilər: mən yuxugörəndən onun bu yuxunu görməyinin səbəbi ilə bağlı nə düşündüyünü soruşuram, o isə ağlına ilk olaraq gələn fikri deyir, mən də gərək bunu yuxugörmənin doğru yozumu sayam?! Ola bilər, onun ağlına heç bir fikir gəlməsin, ya da kim bilir, heç bu məsələylə qarışacağı olmayan bir fikir gəlsin. Biz onun bu sözlərinə nə üçün inanmalı olduğumuzu anlaya bilmirik. Görünür, düz deyirlər, hansısa fərziyyəyə tənqidi yanaşmadan ona böyük inam bəsləməyin sonu yaxşı qurtarmır. Bundan başqa da, yuxugörmə təkcə elə bir anlaşılmaz məqamdan ibarət deyil, buradakı anlaşılmazlıqların sayı çoxdur. İndi biz yuxugörənin o anlaşılmazlıqları yozmaqla bağlı ağlına gələn bu təsadüfi sözlərindən hansılarını araşdırma üçün işlətməliyik?”

Burada sizin, problemin ikinci dərəcəli tərəfləri ilə bağlı dediklərinizin hamısı doğrudur. Elədir, yanlış davranışdan fərqli olaraq, yuxugörmədə yozulmalı olan elementlərin sayı çoxdur. Bizim araşdırma texnikamız gərək bu durumu gözdən qaçırmasın. Ancaq mən sizə yuxugörməni ayrı-ayrı elementlərə ayırmağı, hər bir elementi ayrılıqda araşdırmağı təklif eləyirəm, onda bu araşdırmamız yanlış davranışlarla bağlı araşdırmalarımızla uyğun gələcəkdir. Söz soruşduğumuz bu yuxugörən kimsənin gördüyü yuxunun ayrı-ayrı elementləri ilə bağlı heç nə bilmədiyini söyləyə biləcəyini deməkdə də siz haqlısınız. Bəlli durumlarda biz onun verdiyi cavabları yetərli sayacağıq, bunun hansı durumlar olduğunu isə, bir az sonra biləcəksiniz. Ən başlıcası, onun yuxugörməsində yoza bilmədiyi elementlər çox vaxt elə bizim özümüzün onları yoza bilməyimiz üçün yararlı olurlar. Ancaq biz öz araşdırmamızda belə bir yolu tutmağa çalışacağıq: yuxugörən kimsənin hansısa elementlə bağlı ağlına heç nə gəlmədiyini deməsinə baxmayaraq, biz onunla razılaşmayacaq, təkid eləyəcək, onu bu elementlə bağlı ağlına mütləq hansısa fikrin gəlməli olduğuna inandırmağa çalışacağıq və sonunda bizim haqlı olduğumuz bəlli olacaqdır. Onun ağlına hökmən hansısa fikir gələcək və bunun hansı fikir olmasının bizim üçün önəmi olmayacaqdır. Ağlına ən asanlıqla gələn fikirlər ən çox keçmişlərdə baş vermiş olaylarla bağlı olacaqdır. O deyəcəkdir: bax bu dünən baş vermişdi (bir az öncə biz “aydın yuxu” dediyimiz iki belə yuxugörmə örnəyinə baxmışdıq). Yaxud o belə də deyə bilər: bu mənə yaxın zamanlarda baş vermiş bir olayı xatırladır. Bu araşdırmalar, bizim düşündüyümüzün əksinə olaraq, yaxın günlərdə baş vermiş olaylarla yuxugörmələr arasında çox sıx ilişkilərin olduğunu qabarıq bir şəkildə göstərəcəkdir. Yuxugörməni araşdırdıqca yuxugörən kimsə getdikcə keçmişdə olmuş olayları xatırlayacaq, ola bilsin, lap uzaq keçmişlərdə olmuş olayları da yadına salacaqdır.

Ancaq sizin başlıca sorular üzrə yürütdüyünüz mühakimələr yanlışdır. Siz indi yuxugörənin ağlına gələn birinci düşüncənin özbaşına yarandığını, bu düşüncənin yuxugörmənin səbəbini araşdırmaq və onu tapa bilmək işinə yaramadığını sanırsınızsa, onun ağlına gələn bu düşüncənin büsbütün təsadüfi və araşdırılan mövzu ilə ilişkili olmadığını düşünürsünüzsə, mən bunun büsbütün tərsini düşünərək, yuxugörənin ağlına gələn bu ilk düşüncənin yardımı ilə çoxlu nəsnələrin aydınlaşdırıla biləcəyinə inanıram və sizin bu yanaşmanızın kökündən yanlış olduğunu deyirəm. Mən bundan qabaq da sizi yanlış olaraq inandığınız psixi olayların özgür olmasına, onların özbaşına baş verə bilməsinə olan inamınızdan çəkindirmək istəmişdim. Belə bir düşüncə elmilikdən çox uzaqdır və öz yerini ruhi dünyamızda determinizmin olduğu düşüncəsinə verməlidir. Ona görə də sizi yuxugörənin bu anda ilk olaraq ağlına başqa bir sözün yox, yalnız elə dediyi sözün gəlməsi faktına qarşı saymazlıq göstərməkdən çəkinməyə çağırıram. Onun ağlına gələn bu sözün özbaşına yaranmadığını, bütünlüklə bizim araşdırdığımız yuxugörmə ilə bağlı olan bəlli bir düşüncə olduğunu sübut eləmək də olar. Hə, mən lap bu yaxınlarda eksperimental psixologiyanın əlində belə sübutların olduğunu öyrənmişəm, baxmayaraq, mən bunlara elə də çox önəm vermirəm.

Araşdırdığımız mövzunun olduqca böyük önəmi olduğu üçün sizi ona çox diqqətlə yanaşmağa çağırıram. Baxın, mən kimisə gördüyü yuxunun hansısa elementi ilə bağlı olaraq ağlına gələn sözü deməyə çağırıramsa, onda bu kimsənin duyğularına bütünlüklə sərbəstlik verməsini tələb eləyir, onu ağlına ilk gələn mülahizədən başlayaraq danışdırmağa çalışıram. Bu isə diqqətin yönəldilməsinin xüsusi bir halına keçməyi tələb eləyir, o da düşüncənin adi qaydada yönəlməsi halından köklü şəkildə fərqlənən bir durum deməkdir. Bir sıra insanlar çox asanlıqla öz duyğularına bütünlüklə sərbəstlik verə bilirlər, bir başqaları isə bunu əsla bacarmırlar. Duyğularına bütünlüklə sərbəstlik verməyin daha yüksək dərəcələri də vardır və bu zaman doğulan fikirlərdəki ayrı-ayrı məqamlara xüsusi diqqət yetirilir. Örnək üçün, bu durumda ağıla gələn adlara, yaxud da rəqəmlərə əsaslanaraq, baxılan sorğu üzrə araşdırmalar aparılır.

Ancaq dediyimiz bu, duyğulara daha yüksək sərbəstlik durumu veriləndə doğulan fikirlər, bizim yararlandığımız texnika ilə ortaya çıxardığımız fikirlərdən fərqli olaraq, özbaşına yarana və sonacan aydın olmaya da bilər. Ancaq bu düşüncələrin ruhumuzun dərinliyində olan hansısa qurumlarla qırılmaz bağları olduğunu isbat eləmək də olar.

Bu dərinlikdə olan qurumlar isə istər özləri, istərsə də göstərdikləri təsirləri ilə bizə bəlli deyillər, bunu necəsə yanlış davranışlardakı yanılmaları, habelə çoxlu təsadüfi olayları doğuran, ancaq özü gizli qalan pozucu niyyətlərlə tutuşdurmaq da olar.

Mən və məndən sonra da bir çoxları düşüncədə özbaşına yaranan adlar və rəqəmlərlə bağlı çoxsaylı araşdırmalar aparmışıq; onların bir sırası ilə bağlı bilgilər çap da olunmuşdur. Bu sınağın gedişi belə bir ardıcıllıqla olur: düşüncədə sərbəst olaraq doğulmuş bu ad üzərində araşdırma başlayan kimi, o artıq öz sərbəstliyini itirir və yuxugörmənin onun yardımı ilə araşdırılan bəlli elementi ilə əlaqəli olan duyğular yaratmağa başlayır. Belə əlaqəli duyğuların yaranması tükənməyənə kimi bu sınaq da davam etdirilir. Daha sonra isə düşüncədə sərbəst yaranan bu adın nədən yaranması və baxılan durumda hansı dəyəri daşıması aydınlaşdırılır. Gərək olan sonuclara gətirib çıxaran belə sınaqlar dayanmadan təkrar olunur və onlarla bağlı bilgi ala bilmək üçün çox vaxt olduqca çoxsaylı faktiki materialların öyrənilməsi və aydınlaşdırılması tələb olunur. Ola bilsin, bu yöndəki ən inandırıcı sübutları düşüncədə sərbəst olaraq yaranan rəqəmlərin yaratdığı əlaqələndirici duyğuların üzərində göstərmək olar; onlar çox tez yarandığından və qətiyyətlə gizli qalan məqsədin üstünə yönəldiyindən onların bu özəlliyinə vurğun olmaya bilmirsən. Mən indi sizə adların araşdırılması ilə bağlı apardığım bir sınaqdan danışmaq istəyirəm. Bu sınaq çox uzun çəkmədiyindən onu danışmaq da vaxtımızı çox almayacaqdır.

Müalicə elədiyim bir gənc kişi ilə danışıb, insanın düşüncəsində sərbəst yarandığını sandığımız adların əslində özbaşına yaranmadığını, bunun belə bir düşüncəyə qapılan kimsənin özünün bu andakı durumundan və adını çəkdiyi kimsə ilə hansısa yaxın ilişkilərindən asılı olaraq yarandığını demişdim. O bu sözümə inanmadığından bu sınağı elə indicə onun üzərində aparmağı təklif eləmişdim. Mən müalicənin gedişində bu gəncin kişilərdən uzaq gəzdiyini, ən çox qadınlarla oturub-durduğunu bilirdim və onun fizioloji quruluşunda qadınlıq elementlərinin normadan artıq olduğunu sezdiyimdən, ona ağlına gələn ilk qadın adını çəkməyi təklif eləsəm, onun daha çox seçim imkanlarının olacağını düşünürdüm. O mənim bu təklifimlə razılaşdı. Ancaq bu sınağın verdiyi nəticə məndən də çox onu təəccübləndirdi. Mən indi onun birdən-birə çoxlu qadın adları çəkəcəyini gözlədiyim yerdə o, bu anda ağlına ilk olaraq yalnız bir qadın adının gəldiyini və bu adın Albina olduğunu bildirdi.

Mən ondan soruşdum: bu adla bağlı sizin hansı xatirələriniz var? Albina adında neçə qadın tanıyırsınız? Gəncin cavabı çox sarsıdıcı oldu: onun indiyədək bir nəfər də olsun Albina adında qadın tanışı olmamışdı və bu adla bağlı onun heç bir xatirəsi də yox idi. Beləliklə də, mənim araşdırmamın baş tutmadığını düşünmək olardı; ancaq yox, mənim bu apardığım sınaq baş tutmuşdu və mənə həmin gəncin bundan başqa heç bir düşüncəsini öyrənmək də gərək deyildi. Bu gəncin olduqca işıqlı sarı rəngdə saçları vardı və mən müalicə zamanı onu çox vaxt zarafatla Albina deyə çağırardım (Albina latıncada ağ, işıqlı anlamını verir); mən apardığım bu sınaqla onun daxili aləmində bayaq dediyimiz qadınlığın hansı ölçüdə olduğunu öyrənmək istəyirdim.

Beləliklə də, görünür, mənim apardığım bu sınağa qədər, özü də bilmədən, o gəncdə

Albina qadın adına böyük bir vurğunluq yaranmış, o özünü daxilən bütünlüklə bu Albinaya çevirmişdi.

İnsanların beynində gözlənilmədən səslənməyə başlayan melodiyalar da bunun kimi, onun düşüncələrindən asılı olaraq yaranır və ola bilsin, bu melodiyaya qapılan insan onun hansı düşüncələri ilə bağlı olaraq yarandığını sezməsin. Beyində gözlənilmədən hansısa melodiyanın səslənməsinin bu melodiyanın oxunduğu mətndən, ya da melodiyanın bağlı olduğu hansısa olaydan asılı olduğunu sübut eləmək çox da çətin deyildir; ancaq bu problemə də götür-qoylu yanaşmalı, onun gerçək musiqi yaradıcılığı ilə məşğul olan insanlara aid olmadığını da demək gərəkdir. Sözün düzü, belə yaradıcı insanlarla bağlı heç bir araşdırma aparmadığımdan, əlimdə onlarla bağlı heç bir bilgi də yoxdur. Ola bilsin, belə insanların beynində yeni melodiyaların yaranması bu musiqinin daşıdığı məzmunla bağlı olaraq baş verir. Ancaq bizim üçün ən çox maraqlı olan dediyimiz birinci durum, yəni gözlənilmədən, öncədən tanış olan hansısa melodiyanın insan beynində səslənməsidir. Mənim tanıdığım bir gəncin beynində çox sıx-sıx Offenbaxın “Gözəl Yelena” operasından Parisin çox gözəl mahnısı səslənərək onun dincliyini pozurdu, sonradan aparılan psixoanalitik araşdırmalar onun düşüncələrində “İdı” və “Gözəl Yelena” operalarının qarşı-qarşıya dayandığını, necəsə öcəşdiyini üzə çıxarmış, düşdüyü durumun da qarşılaşdığı bu psixi sarsıntıdan törəndiyi bəlli olmuşdu.

Beləliklə də, bütünlüklə sərbəst şəkildə yaranan düşüncələrin də hansısa əlaqələrə tabe olduğu bəllidirsə, onda yalnız konkret bir olayla bağlı olduğu görünən ilkin düşüncələrin də belə bir əlaqələr ilə bağlanacağına söz ola bilməz. Doğrudan da, araşdırmaların göstərdiyi kimi, insanın ağlına gələn ilkin düşüncənin biz düşündüyümüz olayla bağlılığından başqa da çoxlu duyğularla, maraqlarla, sıxıntılarla əlaqələri vardır və bu əlaqələr yalnız ilk baxışdan gözə çarpmaz olur, daha doğrusunu desək, qeyri-şüuri formada gizlənərək var olur.

Sərbəst şəkildə yaranmış düşüncənin belə əlaqələrinin olması ilə bağlı çoxlu örnək ola biləcək sınaqlar keçirilmişdir və bu araşdırmalar psixoanalizin tarixində çox önəmli bir yer tutmaqdadır. Vundtun yaratdığı psixoanaliz məktəbi belə əlaqələndirici eksperimentlərin varlığını göstərmək üçün sınaqlar aparmışdı: burada sınaq iştirakçılarının qarşısında onlara deyilən qıcıqlandırıcı sözlərə bacardıqca tez cavab verilməsi tələbi qoyulmuşdu. Daha sonra qıcıqlarla onlara qarşı yaranan reaksiyalar arasındakı intervalları, verilən cavabların xarakterini, bu eksperimenti təkrarlayanda baş verən yanlışlıqları, habelə bu kimi başqa göstəriciləri toplayaraq araşdırmaya cəlb eləmişdilər. Psixoanalitikanın Sürix məktəbi Beylerlə Yunqun başçılığı ilə belə əlaqələndiricilərlə bağlı olan eksperimentlərdə baş verən reaksiyalardan doğan sorulara aydınlıq gətirə bilmişdir. Bunun üçün onlar sınaqdan keçirilən kimsəyə onun üçün qeyri-adi görünən bu reaksiyalarını (qıcıqlandırıcı sözə verdikləri anlaşılmaz görünən cavabları) daha başqa əlaqələndiricilərin yardımı ilə aydınlaşdırmağı təklif eləmişdilər. Belə bir araşdırmanın gedişində isə qeyri-adi reaksiyaların sınaqdan keçirilən insanların kompleksləri (daxili mürəkkəblikləri) ilə olduqca sıx bağlı olduğunu öyrənmişdilər. Bununla da, Beylerlə Yunq eksperimental psixologiya ilə psixoanaliz arasında körpü salmağı bacarmışdılar.

Beləliklə, siz aldığınız bu bilgilərə arxalanaraq deyə bilərsiniz: “İndi biz sərbəst yaranan düşüncənin səbəb-nəticə ilişkiləri ilə bağlı olduğuna inanırıq, onların bütünlüklə özbaşına olduğunu sanmağımız yanlış imiş. Yuxugörmənin elementləri haqqında düşünəndə ilk ağıla gələn sərbəst düşüncələrlə bağlı da deyilənləri doğru sayırıq. Ancaq bütün bunların bizim işimizə yarayacaq bir dəyəri də yoxdur. Sizin deməyinizə görə, yuxugörmənin hansısa elementi ilə bağlı olaraq ağıla gələn düşüncənin bu elementin hansısa bəlli olmayan psixi özülü ilə səbəb-nəticə ilişkisinin olduğu aydındır. Ancaq bu bizim üçün heç də aydın deyildir. Düzdür, biz də yuxugörmənin hansısa elementi ilə bağlı ağıla gələn düşüncənin yuxugörənin kompleksləri ilə əlaqədar olduğuna inanırıq, ancaq bütün bunlarda bizim araşdırmalarımıza yarayacaq nəsə varmı? Bütün bu araşdırmalar bizi yuxugörməni öyrətməyə yox, əlaqəli eksperimentlərdə olduğu kimi, yalnız yuxugörənin komplekslərini öyrənməyə gətirib çıxaracaqdır. Bunların yuxugörmənin araşdırılmasına nə qarışacağı vardır?”

Siz düz danışırsınız, ancaq bir momenti gözdən qaçırırsınız. Mən elə bu momentə görə də, əlaqələndirici eksperimenti öz açıqlamam üçün başlanğıc nöqtəsi seçməkdən boyun qaçırıram. Biz bu sınaqlarda qıcıqlandırıcı sözləri sərbəst olaraq seçirik. Bu qıcığın yaratdığı reaksiya isə onunla sınağa cəlb edilmiş adamın kompleksləri arasında vasitəçilik eləyir. Yuxugörmədə qıcıqlandırıcı söz nə isə başqa bir nəsnə ilə əvəz olunur, bu nəsnə isə yuxugörənin ruhi yaşamından, onun özünə bəlli olmayan hansısa bir qaynaqdan doğulub ortaya çıxır, daha doğrusu, onun özü də yuxugörmədə gerçəkləşməsəydi, onda başqa bir durumda bu insanın “kompleksinin törəməsi” kimi ortaya çıxa bilərdi. Ona görə də yuxugörəndən bütün yuxu yox, onun ayrı-ayrı elementləri haqqında soruşulur, bu isə bizi araşdırılan elementlə bağlı kompleksin araşdırılmasına yönəldir və sonucda bu elementin əvəzedicisi olduğu gerçəkliyin özünün tapılmasına gətirib çıxarır.

Onda qoyun mən sizə başqa bir örnəklə bizim baxdığımız durumda işlərin elə biz düşündüyümüz kimi olduğunu göstərim. Adların unudulması ilə bağlı bildiklərimiz yuxugörməni araşdırmaq üçün bizə çox gözəl örnəklər verə bilər; ancaq yuxugörmənin yozulmasında iki nəfərin arasında bölüşdürülən işi adların bölüşdürülməsində bir nəfər təkbaşına görməli olur. Mən ötəri olaraq hansısa adı unutsam da, həmin adı bildiyimə inanıram; yuxugörmədə isə belə bir inamı ancaq dolayı yolla, Berngeym eksperimentinin köməkliyi ilə aşılaya bilərik. Unutduğum, ancaq mənə bəlli olan ad indi mənim üçün əlçatan deyil. Öz təcrübəmdən bildiyimə görə, onu birbaşa xatırlamaq üçün mənim bütün çalışmalarım uğursuzluqla qurtaracaqdır. Ancaq mən unutduğum bu adın yerinə bir neçə əvəzedici ad düşünə bilərəm. Habelə bu əvəzedici adlar (Ersatz) mənim ağlıma qəfildən gələrsə, yalnız onda bu durum yuxugörmə ilə bağlı apardığımız araşdırmaya oxşayacaqdır.

Yuxugörmənin baxdığımız elementi yuxugörməni araşdırmaqla öyrənmək istədiyimiz və indilikdə bilmədiyimiz önəmli bir nəsnənin əvəzedicisidir. Bu tutuşdurmada yalnız bir fərq vardır: adların unudulmasında mən əvəzedici adın məzmununu (Eigentliche) axtardığım adın özü kimi tanımıram, yuxugörmədə isə baxdığım elementlə bağlı olan əvəzedicilərin statusunu öyrənmək, onların hansının əvəzedici, hansının axtarılanın özü olduğunu demək olduqca böyük çətinliklər yaradır. Ancaq bildiyimiz kimi, adların unudulmasında yararlandığımız əvəzedici adlardan qeyri-şüuriliyə keçmiş və unudulmuş ada keçid tapmaq mümkündür. Mən öz diqqətimi bu əvəzedici adlara yönəldib, bu zaman mənim ağlıma bununla bağlı gələn düşüncələri izləsəm, gec-tez unutduğum adı xatırlaya biləcəyəm və bu zaman mənim ağlıma gələn bu əvəzedici adların da unudulmuş adla hansısa tellərlə bağlı olduğu və onun təhriki ilə yarandığı da bəlli olacaqdır.

İstəyirəm bununla bağlı sizə bir örnək də göstərəm. Günlərin birində mən Riverdə yerləşən, başlıca şəhəri Monte-Karlo olan kiçik bir dövlətin adını unutmuşdum. Bu çox acınacaqlı olsa da belə idi. Mən bu ölkə ilə bağlı bildiyim nə varsa xatırlamağa çalışdım, bu ölkəni idarə edən, Luzinlər sülaləsindən olan knyaz Alberti xatırladım, onun bir neçə dəfə evlənməsini, dənizin dərinliklərini araşdırmağı sevməsini və başqa bu kimi nəsnələri yadıma saldım, ancaq bunların heç biri unutduğum adı tapmağa kömək eləyə bilmədi. Mən bunu görüb, unutduğum adı xatırlamaqdan əl çəkərək, onun üçün əvəzedicilər axtarmağa başladım. Çox keçmədən ağlıma çoxlu adlar gəldi.

İlk olaraq, Monte-Karlo, sonra Piyemont, Albaniya, Montevideo, Koliko kimi adlar ağlıma gəldi. Bu adların içində mənim diqqətimi, ilk öncə, Albaniya çəkdi, ancaq çox keçmədən onun yerini ağlıma yeni gələn Monteneqro sözü tutdu. Görünür, Albaniya sözünün “ağ”, Monteneqronun “qara” anlamlı kökdən yaranaraq ziddiyyət yaratması bu sözün ağlıma gəlməsinə yardımçı olmuşdu. Sonra mən ağlıma gələn əvəzedici adların dördündə “mon” hecasının olduğunu gördüm; bunu ayırd eləyəndən sonra birdən mən unutduğum sözü xatırlayıb bərkdən səsləndim: Monako! Sonradan göründüyü kimi, əvəzedici sözlər, doğrudan da, unudulmuş adla əlaqəli olaraq yaranmışdılar, onlardan birinci gələn dördündə unudulan adın ilk hecası, sonuncu əvəzedici adda isə sonuncu hecası vardı. Onu da deyim, mən bu ölkənin adını nə üçün unutduğumu da sonrakı araşdırmalarımla aydınlaşdıra bildim. Monako ilə Münhen sözlərinin birbaşa bağlılığı vardır, bəlli olduğu kimi, Monako Münhenin adının italyanca deyilişindən yaranmışdır; elə mənim yaddaşımda çox işlənən Münhen adı da Monako adını sıxışdırıb yaddaşıma gəlməyə qoymamışdı.

Gətirdiyimiz örnək çox tutarlıdır, ancaq çox da sadədir. Başqa durumlarda birinci əvəzedici sözün yanında daha uzun bir sıra ağıla gələn əvəzedici adlar düşünmək gərək olur, onda buradakı uyğunluq yuxugörmədəki araşdırmaya daha çox oxşar olur.

Mənim bununla bağlı apardığım bir sınaq da var. Günlərin birində yaxından tanımadığım birisi məni restoranda çaxıra qonaq eləmək istəmişdi, ancaq masa arxasında oturandan sonra onun məni qonaq eləmək istədiyi və çox sevdiyi çaxırın adını unutduğu bəlli olmuşdu. Onda mən bu adama unutduğu adı əvəz eləyə biləcək çoxlu adlar düşünüb tapmağı təklif elədim. Onun səsləndirdiyi bu adları araşdıranda isə mən onun hansısa bir Hedviq adına görə bu çaxırın adını unutduğunu aydınlaşdırdım, bunu ona deyəndə o, doğrudan da, belə olduğunu, bəyəndiyi bu çaxırı Hedviqa adlı birisinin də olduğu məclisdə içdiyini xatırladı və çox keçmədən məni qonaq eləmək istədiyi çaxırın adı da onun yadına düşdü. Məni qonaq eləyən adam artıq çoxdan öz sevdiyi qadınla evlənib xoşbəxt yaşayırdı. Hedviqa adı isə onun bunadək olan yaşamında ötüb keçmiş sevgisi ilə bağlı bir ad idi və o, danışığımızın sonrakı gedişində bu adı xatırlamağı sevmədiyini də boynuna almışdı.

Adların unudulmasının araşdırılmasında özünü doğruldan bu texnika yuxugörmələrin yozumunda da uğur qazanmalıdır; əvəzedici sözləri yuxugörmənin ayrı-ayrı elementləri ilə əlaqələndirməklə yuxugörmənin anlaşılmaz olan gizli anlamlarını aydınlaşdırmaq olar. Adların unudulmasında olduğu kimi, yuxugörmənin elementi ilə bağlı ağlımıza gələn əlaqələndirici düşüncələrin də birbaşa bu yuxugörmə elementindən doğulduğunu və onun bilmədiyimiz məzmunu ilə hansısa bağlılığı olduğunu deyə bilərik. Bununla da biz öz yozum texnikalarımızın doğruluğunu göstərən bir sıra örnəkləri ortaya çıxara bilirik.

XIV Lüdovik oğlu üçün asan anlaşılsın deyə klassiklərin əsərlərinin dilini sadələşdirib çap eləməyi buyurduğundan, sonradan, hansısa kitabın dilinin sadələşdirilməsinə və bununla da məzmununun korlanmasına “in usum delphini”1 deyilmişdir.

1 in usum delphini – “vəliəhd üçün” mənasındadır.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.