07BİRİNCİ İNTERMEDİYA

Mariya. Vittenberq, 1515

Qəhrəmanlarımız zamanda səyahət edəcək. Fəsillərin arasında başqa dövrlərə aid qısa səhnələrlə qarşılaşacaq, orada tanış adlar eşidəcəksiniz. Bunlar fərqli taleləri olan ayrı-ayrı insanlardır. Amma beyinlərindəki virus eynidir.

Mariya otuz bir yaşında dul qadındır. Əri, fıçı ustası Hans qışda qızdırmadan cəmi üç günə dünyasını dəyişmiş, heç günah çıxarmağa da macal tapmamışdı.

Məhz bu «macal tapmamaq» ona yuxu vermir.

Keşiş öyrədildiyi kimi hər şeyi düz və aydın izah etdi: günahları bağışlanmamış bədəndən çıxan ruh ərafa düşür. Orada nə qədər yanacağını heç kəs bilmir. Yüz il də ola bilər, min il də. Amma bu müddəti qısaltmaq mümkündür. Müqəddəs Kilsə öz mərhəməti ilə əraf kağızları satır.

Ölənin əzablarını yüngülləşdirən indulgensiya Mariyanın çamaşır yuyaraq dörd aya qazandığı pul qədərdir.

Pulu ovcunun istisi ilə isinmiş kisəcikdə gətirir. Masanın arxasında oturan rahib onun üzünə belə baxmır, gözləri sikkələrdədir; onları sayıb başını tərpədir. Qadına möhürlü bir vərəq verirlər. Oxumağı bilməsə də, vərəqi sinəsinə sıxır — necə ki, vaxtilə yenicə doğulmuş oğlunu bağrına basmışdı.

Bir həftə boyu Mariya sakit yatdı. Yarım ildən sonra ilk dəfə.

Səkkizinci gecə isə bıçaq kimi iti bir fikirlə dik atıldı yuxudan: bəs bu bəs etməsə? Hans meyxanada söyüş söyürdü. Hans kilsəyə getmirdi. Bəs özü? O, günahsız idi ki? Əri içəndə ona acıqlanırdı. Allahın hüzuruna apardığı adamına — ərinə acıqlanırdı. Bəlkə Allah onu elə buna görə almışdı əlindən?

Səhər yenə sikkələri sayır.

Vittenberqli Mariya “narahatlıq pozuntusu”, “obsessiv dairə” kimi ifadələri bilmir. O, yalnız bir şeyi bilir: günahkarlıq borcdur, borc isə ödənməlidir. Ağlının ucundan belə keçmir ki, sadə bir sual versin: kim və nə vaxt sübut edib ki, o, borcludur? Bu sual yaranmır, çünki onun daxili əməliyyat sistemində cavab əvvəlcədən yüklənib: doğulduğu andan günahkardır. Geriyə yalnız borcu ödəmək qalır.

İki ildən sonra elə bu şəhərdə Martin adlı bir rahib kilsənin qapısına doxsan beş tezis mıxlayacaq və dünya ikiyə bölünəcək. Amma Mariya hələ bundan xəbərsizdir. O, özgə paltarlarını yuyur, növbəti sənədini almaq üçün pul yığır.

Ödənilə bilməyən borc — borc deyil. Bu, hakimiyyət quruluşudur.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.