Vyana, dördüncü gün, 5 oktyabr 1882-ci il
Professor Notnagelə baş çəkməyimin nəticəsini öz ürəkdən sevdiyim, səmimi sayğı bəslədiyim Martama deməyim, axı, kimə düşərdi? Acıqlanma, mənim gözəl qızım. Bu gün günorta sənin yanında elə utanıb məftun olmuşdum ki, günəş altında özümə yer qazanmaq uğrunda apardığım mübarizənin şəraitini sənə çatdıra bilmədim. Ancaq məni təkcə öz mübarizəm və bir-biri ilə içdən bağlı olan elmi maraqlarım narahat eləmir. Ən çox da məni sənin mənə göstərdiyin diqqət son dərəcə xoşbəxt edir. Mənimlə bağlı hər şeydə sənin iştirakın mənim üçün çox gərəklidir. Bütün ideyalarım o halda böyük dəyər kəsb eləyəcəkdir ki, sən onların işlənməsində mənimlə birlikdə iştirak edəsən. Professorun yanına getməyimin yekunu istədiyim kimi alınmasa da, sən, mənim əziz mələyim, bütün çətinliklərə mənimlə birlikdə dözsən, yaxşı gələcəyə ümid bəsləməyim üçün heç bir əsas görmürəm.
Beləliklə, mən N.-in yanında oldum, bütün yazılarımı və Meynertin tövsiyə məktubunu özümlə aparmışdım. Ev təzədir, demək olar ki, tikilib qurtarıb, mənzildə hələ də lak iyi gəlir, qonaqların gözlədiyi otaq isə sadəcə əzəmətlidir. Divarda heyrətamiz bir şəkil asılıbdır. Orada dörd uşaq təsvir olunub, onlardan biri elə gözəl bir oğlandır ki, iyirmi ildən sonra tibb elmində öndə gedən mövqe tutacaqdır; bir də balaca qız vardır, onun gözəlliyinin əlamətləri elə aydındır ki, artıq on ildən sonra tələbə balında gənclər onun üstündə vuruşacaqlar. İkisi də qarasaçlıdır; mən belə güman elədim – və sonradan məlum oldu ki, büsbütün haqlı imişəm – onların anası da qarasaçlı imiş. Onlardan başqa, orada daha yaşlı, gözəl olmayan bir sarışın da vardır; onun cizgiləri atasını xatırladır. O, qucağında bir uşaq tutubdur, o uşaq da, sözsüz, ona oxşayır.
Sonra mən divarların boyunca düzülmüş çoxlu kitablara göz gəzdirdim, ailənin əsasını qoymuş, əlində molybert tutub təsvir olunmuş ciddi qarasaçlı bir xanımın böyük portretinə və onun yanında bizim taleyimizi həll edəcək bir kişiyə baxdım. Bu adamın mənim haqqımda hər şeyi, hətta ən xırdalığa kimi bilməsini dərk eləmək qorxunc olur, mən isə özümə heç bir şeylə kömək eləyə bilmirəm. Məndə elə bir təəssürat yarandı ki, sanki o, başqa bir nəsilə mənsubdur. Qədim german vəhşisi. Tamamilə açıq saçları dərisinin rəngindən güclə seçilir. Başı, boynu, yanaqları, qaşları qatı tüklə örtülüdür. Yanaqlarında və burnunun üstündə iki nəhəng ziyil vardır. Gözəlliyə heç bir işarə yoxdur, ancaq ümumi təəssürat çox əhəmiyyətli bir şey yaradır.
Zahirdən mən həyəcanlı görünürdüm, içimdə isə, həmişə olduğu kimi, öz ideyalarım uğrunda mübarizəyə hazır idim.
– Mənə professor Meynertin tövsiyə məktubunu sizə çatdırmaq və onun bir neçə gün öncə sizi tapa bilmədiyinə görə təəssüfünü bildirmək tapşırılıbdır. Onun açıqcasını sizə verməyə də cəsarət eləyirəm, çünki bu, mənim öz xeyrimədir.
O məktubu oxuyan vaxt mən bir az aralandım və orada nə yazıldığını gördüm:
“Sayğılı həmkar! Sizə cənab doktor Ziqmund Fredu tövsiyə eləyirəm. Onun histologiya sahəsində bir neçə dəyərli işi vardır. Xahiş eləyirəm, onun istək və canatmalarına diqqət yetirəsiniz.
Tezliklə sizinlə görüşməyə ümid bəsləyirəm. Sizin Teodor Meynert.”
– Həmkarım Meynertin tövsiyəsi mənim üçün çox önəmlidir. Bəs, siz nə istəyirsiniz, cənab doktor?
O mənə müraciət eləyəndə çox xoş bir təəssürat yaranırdı. O, doğrudan da düşünən bir adam kimi danışırdı və sözlərinin altında təmkinli, ancaq etimad doğuran bir fikir gizlənirdi.
– Düzdür, sizin canatmalarınızı təxmin eləmək heç də çətin deyildir. Məlumdur ki, indi siz assistent vəzifəsini tutmaq istəyirsiniz. Onu da güman eləmək olar ki, bir müddətdən sonra – az ya çox – siz başqa, daha yüksək bir mövqe tutacaqsınız. Elmi işləriniz müəyyən maraq doğurur. Tibbi araşdırmalarınızı davam elətmək üçün sizdə kifayət qədər imkan olacaqdır. Bir sözlə, mən sizi assistent vəzifəsinə namizəd kimi təqdim eləmək fikrindəyəm. İşləriniz yanınızdadırmı, cənab doktor?
Mən cibimdən məqalələrimi çıxartdım və o mətnlərə göz gəzdirən vaxt onlara şərh verirdim.
– Əvvəlcə mən zooloq idim, sonra fiziologiya ilə məşğul oldum, indi isə histologiya ilə məşğulam.
Mən sözümü bitirdim və professorun qiymətli vaxtını almamaq üçün, vaxtilə onun yanında assistent işləməyə başlamış Brükkenin mənə məsləhət verdiyi kimi, artıq durub getmək istəyirdim. Ancaq bu vaxt o danışmağa başladı:
– Sizdən gizlətməyəcəyəm, burada boş vəzifəyə namizəd kimi çoxlu cənablar olubdur. Sizdə heç bir ümid yaratmaq istəmirəm. Bu, mənim tərəfimdən vicdansızlıq olardı. Ancaq mən bu vakansiyaya namizəd kimi sizin adınızı çəkmək və bu işdə sizə kömək eləmək niyyətindəyəm. Qalan namizədlər sərbəstdirlər. Artıq dediyim kimi, heç bir vəd vermirəm, siz də onu gözləmirsiniz. Yaşayaq, görək. İşlərinizi isə özümdə saxlamaq istərdim.
Bu, büsbütün dostcasına səsləndi. Mən ona məqalələrimi verəndə o, artıq mənə əvvəlki kimi sərt görünmürdü.
İş burasındadır ki, birinci yer artıq bir namizədə vəd olunubdur (deyilənə görə, Praqa professorunun oğluna) və söhbət ikinci vakansiyadan gedə bilər, onun taleyi isə hələ həll olunmayıbdır. Ancaq professor öz arxasınca hərəkət azadlığı saxlamaq niyyətindədir, hərçənd o, mənim namizədliyimi ciddi qarşılayıbdır.
– Bir xahişim də var, cənab professor. İndi mən çoxprofilli xəstəxanada aspirantam və əgər siz məndə heç bir ümid yarada bilmirsinizsə və perspektivləri açmırsınızsa, bəlkə o zaman hamı kimi aspiranturanı sizin yanınızda keçməyimə icazə verəsiniz?
– Bu nə deməkdir – aspirant? Mən bu işdə o qədər də baş açmıram.
Mən ona qısaca izah elədim (mənim qızım ətraflı danışığıma dözməli olacaqdır): bizim xəstəxana iki hissədən ibarətdir: klinika və şöbələr. Klinikalarda professor aspirantlarla və tələbələrlə məşğələ keçirir, şöbələrdə isə baş həkim kiçik həkimlərlə birlikdə (tələbəsiz) xəstələri müalicə eləyir. Professor aspirantlardan kimini götürmək hüququna malikdir, baş həkim isə kiçik həmkarlarını diqqətlə seçmək imkanından məhrumdur. Hər bir həkim, mənim kimi, aspirant ola bilər, ancaq bununla o, xəstəxanada kiçik həkim vakansiyasının açıla biləcəyinə ümid bəsləyir və onu gözləyir. Başa düşdün, Marthen?
Professor N. heç nə başa düşməmişdi, çünki o, belə bir yekun çıxartdı:
– Əgər sizin cərrah yerini tutmaq perspektiviniz varsa və bir şans üz verərsə, onu əldən verməyin. Elm sahəsində işləməyi davam etdirin, vaxt gələndə isə assistent vəzifəsi üçün ərizənizə baxarıq. Mən bunu nəzərə alacağam.
– Ancaq mənim elmə indi tam gücümlə qapılmaq imkanım yoxdur. Mən tibbi bütün çalarları ilə, son dərəcə geniş və tez mənimsəməliyəm. Elmi müstəqillik qazanmaq üçün, ola bilsin ki, qohumlarımın yaşadığı İngiltərəyə gedəcəyəm. Mən artıq uzun müddət əvəzsiz, yalnız sağ ol deməklə işləmişəm.
Tibbə bağlı kimyadan başladığım bir işi yarımçıq qoymalı olacağam.
– Sizin mütləq nəsə çap elətməyiniz gərəkdir, deyə düşünmürəm, – dedi o cavabında, – ancaq elmi planda işləməyi davam etdirin. Axı elmi araşdırmalarla məşğul olmaq olar.
– Mən bunu bilirəm, üstəlik, fizioloqun iş üsulları elmi işçinin rejimindən o qədər də fərqlənmir.
– Elə belə də, – deyə o, sözümü davam elətdi.
– Yaxın gələcəkdə praktik həkimlərə gərəkən işlərlə məşğul olmaq istərdim.
– Gərək bilirsinizsə, bunu eləyin. Mənim nöqteyi-nəzərimdən, sizə heç nə ziyan vura bilməz və münasib bir hal yaranarsa, xəbər verəcəyəm.
– Beləliklə, sizi düzgün başa düşmüşəmsə, mən elə hərəkət eləməliyəm ki, sanki sizinlə söhbətim heç olmayıbdır.
– Bəli, – dedi o, – özünüzü hər bir hala görə təmin eləyin. Mən heç nə vəd eləyə bilmərəm. Bu, mənim tərəfimdən əxlaqsızlıq olardı. Bəs, siz akademik, yoxsa praktik karyeranı üstün tutursunuz?
– Meyillərim və keçmiş yaşamım sübut eləyir ki, birincisi daha yaxşıdır, ancaq mən gərək…
– Bəli, siz gərək yaşayasınız və hazırda dolanışığınız üçün qazanmalısınız. Mən bunu başa düşürəm. Bir də təkrar eləyirəm: yaşayaq, görək.
Bu sözlərdən sonra o, ayağa qalxdı.
– Hər halda sizə minnətdaram. Bir müddətdən sonra işlərimi ala bilərəmmi? Bunlar son nüsxələrdir.
– Onları oxuyan kimi, xahiş eləyirəm, üç-dörd həftədən sonra mənim yanıma gəlin və hamısını qaytaracağam. İndi mən çox məşğulam.
– Sizə təşəkkürümü bildirməyə icazə verin, cənab professor. Bu arada, ən önəmli şeylər professor Şvalbenin “Nevrologiya” dərsliyində və illik hesabatında da vardır.
Bir də əyilib baş endirdim və çıxıb getdim.
Bəs, mənim sevgilim, necə? Yaxın vaxtlarda heç nə dəyişməyəcəkdir. Birinci yer artıq itirilibdir. İkinci vəzifəyə gəlincə, məni, sözsüz, rəqib kimi nəzərə alacaqlar, professor da bunu səmimi deyibdir. Bir neçə gün sonra N.-in yanında böyük nüfuza malik olan Meynert şəxsən mənim üçün xahiş edəcəkdir və əgər o, professorlar arasında olan başqa dostlarımla birlikdə bunu eləsə, o zaman şanslarım artacaqdır. Hələlik isə elə işləməyi davam eləyəcəyəm ki, sanki heç nə olmayıbdır. Elə indi nəyə qızğın girişməyim barədə hələ də fikirləşirəm. Dəri xəstəlikləri kimi cəlbedici olmayan, ancaq praktik baxımdan çox önəmli və maraqlı bir sahə haqqında düşünürəm.
Sabah Meynertin yanına gedib ona orada boş aspirant yeri olmadığını demək istəyirəm. Mənim niyyətlərim belədir.
Sənin yazıq anan, mənimlə maraqlarının ziddiyyət təşkil eləməsinə baxmayaraq, xoş xasiyyətli bir insandır. Ümid eləyirəm ki, ona artıq yaxşı olubdur. Bir də ümid eləyirəm ki, səni şənbə günü, təxminən saat onda görəcəyəm.
Sənin sadiq Ziqmundun.