Hamburq, bazar günü, 23 iyul 1882-ci il.

Demək Natan sənə “yəhudi qızı” deyir.

Görünür o, həyatda deyib-gülməyi sevir!

Ardını danışsana, de, nədən utanırsan,

Daha nələr söyləyir, sənə o qoçaq Natan?

Deyəsən, bu şeir Lessinqin hansısa dramından, ya da başqa bir şerindəndir. İndi şəhər kitabxanasına gedib gətirdiyim sitatın doğruluğunu yoxlamağa imkanım da yoxdur. Qenzemarktdakı o ucalıqda, həmişəlik dayanıb duran o böyük kişi, elə bilirəm, məni bu özbaşınalığıma görə bağışlayar.

... Bizim ilk tanış olduğumuz günləri anıram. Boynuma alıram, mən onda Hamburqa7 bir gözlənilməzlikdən gəlmişdim və sənə, bu balaca qıza, elə ilk baxışdanca vurulmuşdum. Yadındamı, sən bir dəfə atanın haçansa anana bağışladığı üzüyü mənə göndərmişdin? Mən də sənin incə barmaqlarının ölçüsündə, o üzüyün oxşarını düzəltdirmək istəmişdim. Ancaq zərgərin sözündən sonra, mənə göndərdiyin üzüyün əslinin evinizdə olduğunu bilmişdim. Lessinqin dramında olduğu kimi, bu üzüyü görənlərin çoxu onun əsl üzüyün surəti olduğunu deyirdilər. Mən bu olaydan çox üzülmüşdüm. Başımda qarışıq-dolaşıq düşüncələr dolanırdı, mənə elə gəlirdi, yer üzündə sevə biləcəyim bir kimsə də yoxdur. Ruhumu belə bir ağır düşüncə sarmışdı: görəsən o, bir başqasınımı sevir, yoxsa bir başqası onun sevgisindən dəli-divanədir?

Hamburqa gələndə mən bax belə bir düşkünlüyə qapılmışdım. Səhərlər, həmişə olduğu kimi, ilıq və gözəl idi, axşamlar da elə bu səhərlərə oxşayırdı. Mən bu, gözəl keçən səhərləri və axşamları ilə qarşıma çıxan günlərə sayğı duyurdum.

Daha sonra, ola bilsin, səni öz despotik xarakterimlə qorxuda biləcəyimi düşünmüşdüm. Ancaq bu da məni öz istəyimdən çəkindirə bilməmişdi. Mən yaşamdan nə isə bənzərsiz və çox böyük bir sovqat ala bilmək yanğısı içində idim və az qala mövhumata qapılıb, qarşılaşdığım ən kiçik əlamətlərə də anlam verir, gələcəyin necə olacağını öyrənməyə çalışırdım.

Mənim sevgilim alimlər ailəsində doğulub, indi də yazıçılıq eləyir, daha doğrusu, o da mənim ona yazdığım kimi, vaxtının çoxunu mənə məktub yazmaqla keçirir.

Sözsüz, bu məktubları mənə göndərmək üçün o, poçt markaları almağa az-maz pul da xərcləməli olur. Mən də, onun kimi. İndi budur, mən bu sevimli, çalışqan qızın mənə məktub yazması üçün özəl bir kağız düzəltdirirəm, bu kağızın da bir özəlliyi var, ondan ancaq mənə məktub yazmaq üçün yararlanmaq olar: bax, elə bu da mənim üzə çıxan, özünü göstərən despotizmimdir. Mənim istəyimlə, oymaçı (qravüraçı) bütün vərəqlərin üstündə, “M” və “Z”, sənin və mənim adlarımızın baş hərflərini yazmışdır. Ona görə də, bu poçt kağızından yalnız mənə məktub yazmaq üçün yararlana biləcəksən.

Həftənin beşinci günü, bu kağızları düzəltməyi sifariş elədiyim adam kağızların ancaq bazar günü hazır olacağını dedi. O bunun niyəsini belə açıqladı: “Biz axı neçə min ildir, şənbə günləri işləmirik, inancımız bunu yasaqlayır”. Ah, mən bu əskidən qalma ənənələrin nə olduğunu yaxşı bilirəm!

Ancaq demə, bərk yanılıbmışam. Deməyəsən, onun yetmiş dörd yaşı varmış.

Danışığımızın gedişində o özünün hələ də işdən-gücdən yorulmadığı, və yaşamın dadını çıxarmaqdan bezmədiyi ilə öyünürdü. Bundan başqa da, o hələ ömrünü başa vurmağa tələsmədiyini də deyirdi. Mən bu adamı çox bəyəndim. Görünür, bu mənim də o anlarda onun təki optimist duyğularla köklənməyimlə bağlı idi. Bazar günü mən kağızları götürmək üçün onunla yenidən görüşməli oldum. O mənim üçün belə gözəl və keyfiyyətli poçt kağızı düzəltdirdiyi ilə öyünürdü. Görünür, o da məni nəyə görəsə bəyənmişdi, ona görə də, mənə sıradan bir alıcı kimi yanaşmırdı, oradan-buradan danışıb, sonra onun dükanının qarşısında yerləşən alman bankını göstərib sözə başladı.

Bu bankda, hamburqlu tacirlərdən pul-parasını evdə saxlamaq istəməyənlərinin var dövləti qorunur. Bankın zirzəmisi ağzına kimi qızıl-gümüşlə dolub tıxanıbdır.

Mən ona üz tutub: çox ola bilsin, o qızıl-gümüşlərin bir hissəsi də sizin dükanın zirzəmisində qorunur, dedim. Onda o mənə, varlı adamların öz var-yatırlarını nə üçün banklarda saxladıqlarını anlatmağa başladı.

– Birdən, alıcı borcludursa və mənə olan bu borcunu gecikdiribsə, onda o banka gedir, mənə nağd pul verməkdənsə, öz hesabında olan pullardan bir hissəsini mənim hesabıma köçürüb borcunu ödəyir – o bankların necə işlədiyini mənə belə aydınlaşdırmağa çalışdı.

Boynuma alıram, onun bu dediklərindən sonra da, bankların borcların ödənilməsi ilə bağlı necə işlədikləri mənə qaranlıq qaldı. Qoca məni buraxmaq istəmədiyindən, stul çəkib oturmalı və onunla danışmalı oldum. O məndən şəhərin haralarında olduğumu soruşdu, mənə şəhərin hələ olmadığım görməli yerlərindən danışdı və dedi:

– Böyük həvəslə sizi şəhərlə tanış eləyərdim, ancaq mən qoca bir yəhudiyəm, görürsünüz, saçım-saqqalım qarışıb biri-birinə, belə bir yaman günlü görkəmdə sizin yanınızca düşüb gəzsəm adamlar buna pis baxarlar.

Doğrudan da, pırpızlaşmış saqqalı onu çox pis göstərirdi.

“Axı bu qoca dünən bərbər yanına gedib saç-saqqalını qaydaya sala bilərdi” – deyə, mən düşündüm.

Qoca birdən gözlənilmədən məndən soruşdu:

– Mənə elə gəlir, siz, bu yaxınlarda hansı dini pəhrizin başlayacağını bilmirsiniz!

Necə gözlənilməz olsa da, mən bu pəhrizin adını bilirdim. Müqəddəs kitablarda yazıldığına görə, İsa Məsihin ölümündən bir neçə il sonra Yerusəlim bütünlüklə dağıdılmışdı. Sevgilim, bunu bütün genişliyi ilə sənə danışmağa dəyərmi? Şekspirin

“Hamletində” deyilən kimi: “Hekubedən mənə nə?” Bütün bunlar da mənim üçün heç bir anlam daşımayan olaylar sırasındandır. Yerusəlimi dağıdıblar, nə olsun, mənim Martam sağdır və xoşbəxtdir, mənə bu da yetər. Ola bilsin, gələcəkdə, tarixçilər bunu sübut eləyəcəklər: birdən onda Yerusəlimi dağıtmasaydılar, yəhudilər də, bunadək bu torpaqlarda yaşamış başqa xalqlar kimi, bütünlüklə yer üzündən silinəcəkdilər. Axı bu əski çağdan qalma məbədlər dağılandan sonra iudaizm bir din kimi formalaşmağa başladı.

Qoca yenidən sözə başladı:

– İudaizm inancının bu pəhrizinə doqquz gün qalmış biz yaşamımızda olan bütün əyləncələrdən və həzlərdən əl çəkirik. Bununla da biz Yerusəlimdəki məbədin dağıdılmasına yas tuturuq. Yəhudilər burada çox azdır, yaşlılardan da çoxu ölüb gediblər, ona görə də, qocalardan biz sağ qalanlar dini ənənələri qoruyub saxlamaq üçün var gücümüzlə çalışırıq. Düzdür, özümüzü buradakı yaşamın gerçəklərindən də ayırmırıq. İnancımızı qoruyub saxlamaqda biz bir nəfərə çox borcluyuq.

Çox qabaqlar Hamburqla onun yaxınlığındakı Altonedə yaşayan yəhudilər bir dini icmada birləşmişdilər, sonradan onlar ikiyə bölündülər. Dini təhsillə çox əski çağlardan Almaniyada yaşayan ravvinlər məşğul olurdular. Biz buraya, dini təhsilimizi qurmaq üçün çox seçkin bir kimsə olan ravvin Bernaysı8 çağırmışdıq. Bu gözəl insan bizim inancımızın dayanıqlığı və inkişafı üçün çox böyük işlər gördü. Soruşursunuz, o, hamburqlu idimi? Yox, o, Vyurtsburqdan buraya gəlmişdi. Onu oraya Birinci Napoleon oxumağa göndəribmiş. O, bura gələndə çox gənc idi, ancaq otuz yaşına kimi burada olmamışdı.

– Siz, onun ailəsini tanıyırdınızmı? – mən ondan soruşdum.

– Yaxşı tanıyırdım. Mən onun uşaqları ilə bir yerdə böyümüşəm.

Sonra o iki ad çəkdi: Münhendə yaşayan Mixael Bernays və Bonnda yaşayan Yakob Bernays9. Daha sonra, nəyisə xatırlayıb dedi:

– Hə, onun üçüncü bir oğlu da vardı, Vyanada yaşayırdı. Elə orada da ölmüşdü. O bütün ömrü boyu qardaşlarının kölgəsində qalıb gözə görünməzdi. Onu yaxşı tanıyırdım. Atalarının çoxçalarlı özəllikləri uşaqlarına da keçmişdi. Ataları çox yaxşı linqvist, filoloq idi, əski çağdan qalma əlyazmalara yozum yazardı. Uşaqlar da atalarından onlara keçən bu üstünlüklərə görə çox böyük alimlər oldular. Böyük oğul da filoloq oldu, atasının elmi işlərini davam elətdirdi. Ortancıl oğulun çox incə bədii zövqü vardı, o öz elmi işlərində bizim böyük şairlərimizin yaradıcılığını araşdırar, onların əsərlərindəki gözəllikləri incələyərdi. Üçüncü oğul, çox qaraqabaq və özünəqapılmış birisi idi, dünyanı elmin və incəsənətin yol verdiyindən daha artıq səviyyədə qavramağa çalışardı. Onu yaxından tanıyanların deməsinə görə, o çox ideal bir insan idi. O, insan ruhunu dəyişməyə yönəlik yeni əsərlər yazırdı, daha qardaşları kimi, ömrünü insanlığın yaratdığı böyük əsərləri araşdırmaqla keçirmək istəmirdi.

Qoca tacirin dediyi bu böyük insanın xatirəsini yaşadan üzüyünün surətini Marthen mənə bağışlamışdı. Görəsən, bu qoca yəhudi, sabah, Praqalı dostum doktor Valenin, mənim tapşırığımla, onun ruhani ustadının nəvəsinin əlini öpəcəyini bilsəydi nə deyərdi?

Qoca yəhudi isə gənclik xatirələrinə qapılıb danışmaqdan yorulmurdu, bu görkəmində o mənə Lessinqin dramındakı bilgin Natanın duyğulu obrazını xatırladırdı. O, gənclik çağında ruhani ustadı olmuş ravvin İsaak Bernaysın ruhani zənginliyindən, insansevərliyindən, necə dərin bir inanc yiyəsi olmağından, usanmaq bilmədən, danışırdı. Onun deməsinə görə, bu bilgin ravvin öz baxışlarını ona inanmaq istəməyənlərə sırımağa çalışmazdı. Ancaq kimsə dediklərinə inansaydı, onun çağırdığı yolu tutub getsəydi, onlara qarşı çox tələbkar olardı. Bizim qulaqardına vurub önəmsiz saydığımız, dəyər vermədiyimiz çoxlu nəsnələri o çox yüksək dəyərlər sayar, onları bizə aşılamaqdan yorulmazdı. Örnək üçün, o yeməklə bağlı dinin qoyduğu yasaqlara barmaqarası baxmağı ən böyük suçlardan biri sayırdı. Qoca yəhudinin deməsinə görə, bu konunun üzərində dərindən düşünüb-daşınmağa dəyər.

Minillərdir insan Tanrıya inanır. Elə bu gerçəkliyin özü, inancı və dini, məntiqsizlik və yanlışlıq saymağın doğru olmadığını göstərir. Əksinə, din hansısa böyük anlamların daşıyıcısı olmasaydı insanlar bu qədər uzun bir vaxtda ona bağlanıb qalmazdılar. Tanrı insanı yaradıb onu Yer cənnəti olan Edem bağında yerləşdirəndə onlara birinci olaraq yeməklə bağlı yasaq qoymuşdu –hansı ağacın meyvəsini yemək olar, hansını yemək olmaz, insanların davranışına qoyulan ilk yasaq sayılır. Tanrının ilk yasağı yeməklə bağlı idisə, onda biz bu yasağın insanlar tərəfindən pozulmasına necə soyuqqanlı yanaşa, barmaqarası baxa bilərik?

O yenə də bir neçə dini yasaqlardan danışıb, onların gizlin anlamlarını mənim üçün yozmağa başladı. Onun deməyinə görə “Müqəddəs Kitablardakı yazıların özülündə ən doğru-düzgün buyuruqlar dayandığı üçün də insanlar onlara söz-sovsuz boyun əyməlidirlər. Ancaq bu heç də insanın əzəli haqqı olan şübhə eləməyi onun əlindən almağa yönəlməmişdir, insanın yer üzündəki istənilən ad-sanlı, bilgin kimsəni danmağa, ona inanmamağa haqqı vardır”.

Görünür, Lessinq “insanların arasında nəsildən-nəslə keçən dini tərbiyənin insanlığın tərəqqisində böyük rol oynadığını” deməkdə haqlıdır. Dinin insan anlağına təsiri çox böyükdür, dini və fəlsəfi baxışlar donuq ehkamlara çevrilməyənə kimi onların insan üzərində təsiri çox böyük olur. Bu baxışlar öz ardınca dərin elmi düşüncələrə yol açmış, dünyanın incəsənət, poeziya və ədəbiyyat kimi dəyərlərinin yaranmasına, habelə, yüksəlişinə olduqca böyük təsir göstərmişdir. Neçə-neçə böyük düşünürlərin və şairlərin dini süjetlərdən yararlanaraq necə böyük əsərlər ərsəyə gətirdikləri də bəllidir. Dini təlimlər mistik qavrama arxalandığına görə, onlardan əl çəkilməli olsa belə, yenə də onların qurulmasında özünü göstərən ilham və incə məntiqin insanlığın yetirdiyi çoxlu bilgin kimsələrin yaradıcılıqlarına göstərdiyi təsirləri danmaq olmaz.

Qoca yəhudi hamburqlu ravvinin verdiyi bütün öyüdləri yaxşı xatırlayırdı. Ancaq bu, onun ravvini müqəddəs saymasına görə deyildi. Bununla bağlı, onun dediklərindən bir örnək də verirəm:

– O bizə dini təlimi dərindən qavraya bilməkdən doğan sevinc duyğusu aşılamağı bacarırdı. O insanların yerdəki yaşam qaydalarını bəyənməzdi, bizə aşıladığı dini tərbiyə ilə yetkin insanın necə olmasını anlatmağa çalışardı.

İndi öz böyük müəlliminin nəvəsinin adı oyulmuş poçt kağızı düzəldən bu qoca yəhudi, onun çox illər bundan öncə dediyi sözləri hələ də unutmamışdı:

– Bizim bu böyük ravvin asket deyildi. Tərsinə, o bütün insanların, o sıradan yəhudilərin də, sevinmək, işləmək və həzz içində yaşamaq üçün yaradıldığını deyirdi.

O öz ömrünü sevinclər və həzlər içində keçirə bilməyən insanlara acıyardı.

Bu yerdə mən sənin qardaşını, o böyük ravvinin nəvəsi olan, Elini, onun, sevərək, sıx-sıx işlətdiyi bu sözü xatırladım: “Mən insanam və insana xas olan şeylərdən heç biri də mənə yad deyildir”. Qoca yəhudi isə, bu dünyada qarşılaşdığımız ən kiçik uğurlara görə də sevinməli olduğumuzu deyir, ancaq bütün bunlara görə Tanrıya dualar eləməyi unutmamağın gərəkliyini də önəmli sayırdı. Onun deməsinə görə, bu gözəl dünyada hər şey biri-birilə qarşılıqlı bağlılıqdadır. O ustadı olmuş ravvinin bir sözünü xatırlatdı: insan sevinmək üçün, sevinclər isə insan üçün yaradılıb. Martanın babası olan ravvin bayram günlərində bu düşüncəni daha çox vurğulayarmış. Qoca yəhudi sözünə belə davam elədi:

– Xristian yeni ili qarşılayanda bütün pisliklərin köhnə ildə qalacağına, yeni ildə yaxşılıqlara qovuşacağına, uğur qazanacağına inanır. Yəhudi üçün yeni il –taleyilə barışıq və anlaşma günüdür, bu gün irəlidən gələn bütöv bir ildə onun taleyini müəyyən edir. Adama elə gəlir, qarşıdan gələn ildə Tanrının bizimlə necə davranacağını düşünüb qorxuya düşməliyik, ancaq xoşbəxtlikdən yəhudilər onları gözləyən taledən qorxmurlar. Tərsinə, biz Tanrıdan qorxduğumuzu yox, onu sevdiyimizi sübut eləməyə çalışırıq, bunun üçün də yeni ilin birinci gününü bütünlüklə oruc tutmaqla keçiririk. Biz Tanrını sevdiyimiz üçün oruc tuturuq. Sevgi isə özünün gerçəkliyini ağır sınaqlarla sübut eləməli olur. Beləliklə də, biz yəhudilər üçün yeni il bayramı Tanrını sevmək bayramıdır. İudey dini insanların bu gün sevinc içində olmalı olduqlarını öyrədir. Bir sözlə, Yeni il yəhudilər üçün İlahi sevincə qovuşmaq bayramıdır.

Bu vaxt dükana yeni bir alıcı gəldi və Natan sözünü kəsdi, bir anın içindəcə dəyişib, yenidən bayaqkı çoxbilmiş tacirə çevrildi. Onun bayaqdan dediklərinə qulaq asdıqca həyəcanımı gizlədə bilməyən mən, yüngülcə baş əyib ayrılmaq istədim, ancaq o müəllimi ilə bağlı danışanda mənim nədən belə həyəcanlandığımı duymamışdı.

Sağollaşıb ayrılanda o, Praqaya gəlsə, hökmən məni axtarıb tapacağına söz verdi.

Ancaq nə etmək olar, o Praqaya gələndə onsuz da məni orada tapa bilməyəcəkdir. Onun könlünü almaq üçün mən bu qoca yəhudini başqa bir şeylə sevindirmək istərdim. Birdən, mənim Marthenim Vyanaya gələndə özü ilə, ailə arxivindən, böyük bir insan olan babasını xatırladan nəsə gətirə bilərdisə, onda biz Vyanadakı Adolfplatsdakı o qoca yəhudinin, babanın öyrəncisinin yanına gedərdik və sən onunla tanış olanda, gözlənilmədən, öz Bernays soyadını səsləndirərdin. Onda o qoca yəhudi öz müəllimini dinlədiyi vaxtlardan necə uzun bir zaman keçdiyini anar, ancaq mənim Martama baxıb ravvin Bernaysın bütün gözəl özəlliklərinin onun nəvəsində yaşadığını da görərdi.

Bunun belə olduğunu ondan eşitmək ikimizi də sevindirərdi. Din insan yaşamına yüksək anlam və sevinc gətirə bilirsə, deməli, bizim gələcək evimizdə ona da yer tapılacaqdır.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.