Vyana, 16 yanvar 1885-ci il

Mənim dəfinəm!

Səni ayın onyeddisinə17 görə ürəkdən alqışlayıram! Görünür, bu da bir yaxşı gəlişigözəllikdir, mənim dərs deməyə başladığım kurs da ayın on yeddisində açıldı.

İndi isə, gecikmədən, səni sevindirəcək yeniliklərimi çatdırmaq istəyirəm.

Artıq püşküm atılır. Mən pırtlaşıq saqqalımı qırxdırıb, Notnagelin yanına getməli oldum, bu yaxınlarda isə ona belə bir açıqca göndərmişdim: “Cənab dövlət müşaviri, icazənizlə bilmək istərdim, məni özəl bir işimlə bağlı qəbul eləyə bilərsinizmi, bu mümkündürsə, qəbul vaxtını mənə bildirməyinizi rica eləyirəm”. Açıqlamama cavab olaraq Notnagel məni yanına çağırdı.

Yenə də yan-yörəmdə, mənə qorxu ilə baxıb pıç-pıç eləyən bir yığın adamlar vardır. Onlara belə bir soru dinclik vermir: ölkənin sayğılı vətəndaşlarından biriləri düzmü eləyib mənim yanıma müalicəyə gəlirlər? mənə həkim demək doğrumu?

mənim gördüyüm işlərin tibb elminə bir qarışacağı varmı?

Mənimlə bağlı danışılan sözlərin mahiyyətini, bir qara paltarlı xanımın öz qardaşına dedikləri daha aydın açıqlayır. O özünün qadınlara xas “uzaqgörənliyi” ilə mənim işimə şübhə ilə yanaşdığını demişdi. Onun qardaşı isə, incə bir tərzdə ona etiraz eləmişdi, ancaq gülümsəməsindən onun da bacısı kimi düşündüyü, habelə, mənə bir həkim kimi güvənmədiyi duyulurdu. Kolleqalarımdan Manne adında birisinin mənə münasibəti daha kəskindir. Ancaq mən onu yaxşı başa düşürəm: bu adamın kabinetində ölmüş arvadının ciddi və qaraqabaq görünüşlü portreti asılıbsa, ondan nəsə bir yaxşı iş gözləməyə dəyməz.

Mən Notnagelin kabinetinə girən kimi ondan soruşdum: mən elə indi nə istədiyimi deyə bilərəmmi? O mənə: qısa danışa biləcəksizsə indi də deyə bilərsiniz, uzun çəkəcəksə, sonraya saxlayaq, dedi.

Mən qısa danışacağımı deyib sözə başladım:

– Siz, bir dəfə yeri gələrsə mənə kömək eləyəcəyinizi demişdiniz, mən də buna inandığım üçün sizə müraciət elədim. İndi isə sizə nə işim düşdüyünü deyirəm.

Bilmək istəyirəm, indiyədək gördüyüm elmi işlərimə görə mən dosent adı almaq üçün namizədliyimi verə bilərəmmi, yoxsa hələ gözləməliyəm?

– Sayğılı doktor, siz ancaq bu “Koko” dərgisində işləmisiniz, yoxsa elmi çalışmalarınız başqa dərgilərdə də çap olunubdur?

Mən ona mart ayından bugünə kimi yazdığım elmi məqalələrimin əlyazmaları olan qovluğu verdim. O bu məqalələrin məzmunu ilə maraqlanmayıb, yalnız onları saymaqla yetindi. Sonra isə mənə dedi:

– Həcminə görə bu elmi işləriniz ya səkkiz, ya da doqquz müəllif səhifəsi eləyir.

Siz dosent adı almaq üçün ərizə verə bilərsiniz. Aman allah! Bilsəydiniz, necə adamlar dosent adı almaq üçün ərizə verirlər! Onların arasında azacıq da olsa belə elmlə məşğul olmayanlar da vardır.

Mən dilləndim:

– Lap bu yaxınlarda mənim daha bir neçə elmi məqaləm çap olunacaqdır, onlardan ikisi bugünlərdə çıxacaqdır.

– Sizin yeni məqalələrinizin çıxmasını gözləməyə gərək yoxdur. Çap olunan yazılarınız yetərlidir.

– Axı çap olunan yazılarımın çox azı nevropatologiya ilə bağlıdır...

– Bu önəmli deyil. Psixologiya və anatomiya ilə dərindən tanış olmadan nevropatologiyadan necə baş açmaq olar? Siz nevropatologiya üzrə dosent olmaq istəyirsiniz? Onda Meynertin, Bambergerin, bir də, çox ola bilsin, mənim sizin referatınızın rəyçiləri olması ən məqsədəuyğun bir iş olardı. Elə bilirəm, sizin dosent seçilməyinizə etiraz edən olmaz, birdən kolleqalarınızdan kimsə sizin elmi işlərinizə şübhə ilə yanaşsa, adını çəkdiyim rəyçilərin ortalıqda olması onları geri çəkilməyə məcbur eləyər və siz, sözsüz, bu işdə uğur qazanarsınız. İşlər yoluna qoyulacaq, siz özünüzü darıxdırmayın.

– Elə isə, sizin mənim namizədliyimə səs verəcəyinizə ümid bəsləyə bilərəmmi?

Meynertlə yaxından tanışıq, onun mənə səs verəcəyini bilirəm.

– Sözsüz, mən sizə səs verəcəyəm və sizin namizədliyinizə qarşı kiminsə çıxacağını da düşünmürəm, birdən belələri olsa belə, biz səs çoxluğu ilə onları üstələyərik.

Mən sözümə davam elədim:

– Bilirsiniz, mən indi ara-sıra kurslar düzənləyib mühazirələr oxuyuram, dosent görəvi alsam bu kursları arasıkəsilməz olaraq apara bilərdim. Düzdür, mən indi ancaq ingilislər üçün və sözsüz, ingiliscə mühazirələr oxuyuram. Onlar mənim mühazirələrimə böyük axınla gəlirlər.

Sonra biz biri-birimizin əlini bərk-bərk sıxıb ayrıldıq, mən onun yanından tezliklə ən gənc dosent olmaq umdusu ilə çıxdım.

Dosentliyə namizədlik üçün diləkçəni gələn həftə verəcəyəm.

Bu dəfə “qızıl ilan” sürüşüb əlimdən çıxa bilməyəcək.

Minlərlə öpüşlərimi göndərirəm.

Sənin Ziqmundun

17 Ziqmund Froudla Marta Bernays 17 iyun 1882-ci ildə adaxlandıqlarından, Froud bütün ayların on yeddisini özəl bir gün kimi vurğulayırdı.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.