Berlin, beşinci gün, 19 mart 1886-cı il

Mənim şirinliklərlə dolu xəzinəm!

Sənə deyiləsi heç bir yenilik yoxdur və mən, sənin yanına gəlməkdənsə, burada ilişib qaldığım üçün bərk acıqlıyam. Sənin bizə qonaq gələsi xanım qohumun da hələ gəlib çıxmayıb və açığını desəm, mən onun belə gözlənilməz gəlişindən bir az qorxuya düşmüşəm. İndi mən gərək, vaxtın mənim üçün çox dəyərli olduğu bu durumda, bir həftəmi də bu çağırılmamış qonağın qulluğunda durmaqla itirəm. Ancaq yenə də qarşıdan, dincələ və əylənə biləcəyim günlərin gəldiyini bildiyimə görə bir az ovunuram.

Mən çoxdandır, olduqca əməksevər, doğrucul, qoçaq və götür-qoylu olmuşam və sözün düzü, belə, başqalarına görk olası birisi olmağım məni artıq bezdiribdir, ürəyimdən bütün bunları bir qırağa tullayıb, nəsə bir şuluqluq salmaq keçir.

İstəyirəm, sənə, gecikdirmədən, bir xəbər də verim, Hammerşlaqın Breslauda yaşayan kürəkəni professor L.-dən məktub almışdım. O mənim də uzaq qohumum olan, öz qardaşı arvadına baş çəkməyi xahiş eləmişdi. Mən artıq onun bu istəyini yerinə yetirmişəm. Sözün düzü, bütün bunlar məni bezdirir, axı mənim üçün indi vaxt çox dəyərlidir və indi görməkdə olduğum öz başlıca işimdən heç vaxt indiki kimi sevinc duymamışam.

Müəllimim Şarko ilə bağlı mənim çox parlaq və yüksək dəyəri olan xatirələrim vardır, bu xatirələri yalnız səninlə birgə keçirdiyim son görüşümüzdən qalan xatirələrlə tutuşdurmaq olar. Doğrudan da, Şarko ilə bu tanışlığımızdan, nəsə çox gözəl olan duyğular yaşadım və bu duyğuları kimsə mənim ömrümdən silə bilməyəcəkdir.

İş yoldaşlarımla çox götür-qoylu dolanmağa çalışıram. Öz kimliyimi və iş bacarığımı ucuz tutmaqdan qaçıram.

Burada, bu ayın iyirmi ikisində başlayacaq, tətil kursları adlanan mühazirələrə qatıla bilmədiyim üçün üzgünəm.

Ah, sevdiciyim, mənimlə görüşdən qaçmağın sənin, kiçik də olsa, yanlışındır. Mən indi özümün xoşbəxt olmağı ən yaxşı bacara biləcək çağlarımı yaşayıram və bu xoşbəxtliyin acıyam. Mən hələ bir neçə həftə də burada qalmalı olacağam, sonra isə

Vyanada ev kirələməyə çalışacağam və yayda biz evlənəcəyik. Daha sonra biz əlimizdə olan, mənim bu yeddiaylıq ezamiyyətim zamanı qazandığım nə varsa hamısını dəyərləndirib, onunla necə dolanacağımızın üstündə düşünərik.

Gözəl diləklərin əlçatmaz olmağı insanı çox ağrıdır. Mən günü sabah və birisigün sənə bağışlaya biləcəyim və səndən ala biləcəyim öpüşlərin ancaq bir xəyal olaraq qalmasından çox üzülürəm. Ancaq bax ha, sən də qarşıdakı görüşümüzdə, beləcə əlçatmaz olacaq və məndən qaçacaqsansa, onda mən də indidən işimi bilim, burada daha çox gecikməklə, sənin bu yamanlığına cavab verim. Axı Hamburqa bilet bir də yalnız beş gündən sonra olacaqdır. Mənim bu yaxın günlər üçün qurduğum planlar baş tutmasa da, ancaq mən belə bir taleyə heç cür boyun əymək istəmirəm.

Mən anlaya bilmirəm, səndə bu son günlərin üzgünlüyü nədəndir? Sənə, adını gizləyərək, o buketi göndərən kimdir? Yoxsa bunu sənin keçmiş adaxlın Huqo Kadiş göndərib, bununla da səninlə keçmiş ilişkilərinin barışla qurtardığını bildirmək istəmişdir?

Çox yüksək çevrələrdə məni gözləyən görüşün20 baş tutacağını gözləyə-gözləyə mən burada fransızsayağı saqqal buraxası oldum. Bir sözlə, burada artıq hamı mənə həsəd aparır. Ancaq indi istəyirəm saqqalımı qırxdırıb, üz-gözümü qaydaya salam.

Doğrusu, mən elə yerində bu berlinlilərin, ən çox da onların bərbərlərinin bədii yaradıcılıq bacarıqlarını bəyənmirəm. Mənim reyxsmarka ödəyib saç-saqqalımı qırxdırdığım Unter den Linden küçəsindəki bərbərxanadakı gənc özünü lap nazir kimi aparır, mənə də çox yuxarıdan aşağı baxır.

Darıxmayım deyə ya şənbə, ya da bazar günü teatra gedəcəyəm. Bu darıxmağın mənim üçün necə də qorxunc olduğunu bilsəydin. Şənbə günləri kitabxanalar da bağlı olur. Bazar günləri isə mən fransızcadan almancaya çevirmələrimlə başımı qatmağa çalışıram. Ancaq deyəsən, yorğunluqdan lap kütləşmişəm, görürsən, birdən hansısa sözün çevirməsinin dəqiq qarşılığını tapa bilmirəm, sözlərin anlamını olduğu kimi çevirə bilmirəm, birdən də, çevirdiyim sözün almancamı, yoxsa fransızcamı yaxşı səsləndiyi üzərində baş sındırmaqla özümü əldən salıram.

Mənə elə gəlir, yolüstü səninlə görüşmədən, birbaşa Parisdən Vyanaya gəlsəydim darıxmaqdan ölüb gedərdim. İndi Parisdən çox uzaqlarda olan Vyanadayam və sənə belə yaxın olduğuma görə sevinirəm. Vyananın Deblinq rayonu isə indi mənim üçün ən sevimli bir yerə çevrilib, axı mən, bu yaxınlarda, buradakı gözəl kitabxanada öz elmi işimi bitirə bilmişəm.

Bilirsənmi, bugünlərdə mən birgə yaşayacağımız günlərdəki dolanışığımızı götürqoy eləyəndə, bizə ildə ən azı min, yaxşısı isə, iki min qulden pul gərəkəcəyini anladım. Vyanada yerləşə bilsək, burada iş-gücümü qura bilsəm, onda faizlə pul verən adamların yanına getməli olacağam, ancaq bunların arasında olan soyğunçu faizlərlə pul verənlərin tələsinə düşməkdən də çəkinməliyəm. Görəsən, yaxşı bir faizlə pul borc verib qarşılığında insanın başını və əllərini mənimsəmək istəməyən gözütox bir kapitalisti haradan tapmaq olar? Bu çox çətin bir problemdir. Mən indidən, bir neçə ay keçəndən sonra, qazana biləcəyimi düşündüyüm o min quldeni necə xərcləyəcəyimizi düşünürəm. Bu, sözsüz, bizim yaşamımızda böyük bir çevriliş olardı, sanasan, illər uzunu pul-para korluğu çəkən birisinin əlinə, sonradan, birdənbirə, bir neçə min qulden pul keçir. Sözün düzü, hərdənbir gələcəklə bağlı düşünəndə qorxuram.

15 iyun 1886-cı ildə mən, əlimdə ödəniş vaxtı çatmış veksellə, sənin yanına gələcəyəm, ancaq bacarsam bu işi bir az da qabağa salmağa çalışacağam. Sən də, mənim sevimli körpəm, elə bütün varlığınla bunu istəmirsənmi? Qarşıdan gələn bu böyük olay – bizim toyumuz, mənim gözümdə, bu yüzillikdə baş vermiş olayların hamısından yuxarıda dayanır.

Bu məktubun cavabını, sənin Ziqmunduna, ayın sonunda, öz dilinlə verə biləcəksən.

20 Froud burada Marta ilə qarşıdakı görüşünü yumorla belə adlandırmışdır.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.