Paris, ikinci gün, 2 fevral 1886-cı il

Mənim dəyərli incilərin yatağı olan sevgilim!

Sən məktublarında olduqca ilginc olaylardan söz açmağı çox gözəl bacarırsan, ona görə də, mən sənin sonrakı məktubunda daha hansı maraqlı yeniliklər yazacağını səbirsizliklə gözləyirəm. Bilirəm, çatdırdığın bu bilgilərə görə məndən sağ ol istəmirsən. Sənin yazı stilin təbiətinə çox oxşayır. Son çağlar mən sənə daha da artıq sayğı və inam bəsləməyə başlamışam.

Mənim ürəyimdə indi bir istək baş qaldırıb, elə bilirəm, hər bir insanda belə bir istək var – mən sağlam olmaq istəyirəm. Ola bilsin, bu sözümü oxuyanda gülümsəyəcəksən. Ancaq doğrudan da, mən indi sağlam deyiləm. Gərgin işləməkdən yaranan yorğunluq məndə yüngül formada nevrasteniya(sinir pozğunluğu) doğurubdur. Bu xəstəliyin məni yaxalamasının niyəsi isə, ara vermədən qarşılaşdığım sıxıntılar, daimi əsəb gərginliyi, son illərdə çəkdiyim ağır qayğılar və yaşadığım sarsıntılarıdır. Ancaq nə işdirsə, səninlə görüşəndə bu xəstəlik bir andaca yox olub gedir. Bu fakt isə mənə sağalmağımın yolunu göstərir. Biz gecikmədən bir yerdə yaşamağa başlamalıyıq və bizim bu istəyimizin gerçəkləşməsinin qarşısını kimsə ala bilməz. Biz evlənəndən sonra mən ildə ən azı üç min qulden pul qazanmağa çalışacağam. Onda bizim ağır qayğılarımıza də son qoyulacaq, özümüzü qaragünlü və yalqız saymaqdan da qurtulacağıq. Umarım, onda mənim əsəblərim də qaydasına düşəcəkdir.

Sən nə yaxşı, mənim Vyanadakı naşirdən, Şarkonun çevirdiyim kitabına görə, alacağım qonorarı xatırlatdın. Mən bu naşirlə, ürəyimin təmizliyinə görə, götür-qoy eləmədən bağlaşdığım üçün, bu işdə çox pis duruma düşdüm. Burada durum doğrudan da sən dediyin kimidir. Görünür, biz hələ çox gənc olduğumuzdan belə yanlışlara yol veririk və yaşamın bu sınaqlarından gələcək üçün dərs almalıyıq. Mən kitabın satışı ilə məşğul olan adama məktub yazsam da, o mənə cavab vermir. Sözün düzü, bütün bunları sənə yazmaq mənim üçün çox ağırdır. Ancaq naşirin bu davranışı məni sarsıtdığından, özümü saxlaya bilməyib, bunları sənə yazmalı oldum.

Başqa bir yenilik də deyim. Oberştaynerdən çox dostyana yazılmış bir məktub almışam. Bildiyin kimi, onun mənə yardımçı olacağına ümid bəsləməkdəyəm. O mənə öz işlərindən yazır, sonra isə Vyanadakı elmi çevrələrdə alimlər arasında çoxlu çəkişmələrin olduğunu deyir. Bilmirəm, onun yazdıqlarına inanmaq olarmı? Sözün düzü, Vyanadakı böyük alimlərin mənə çox yaxşılıqları keçib. Çox ola bilsin, elmi çevrələrdəki mənəvi ovqat heç də bir çoxlarının danışdığı qədər pis deyildir. Ancaq nə bilmək olar, gərək bu işlərə yanaşanda, necə olsa da, götür-qoylu olmağı da unutmayasan. Oberştayner buradakı həkimlər cəmiyyətinin statusu ilə bağlı bilgilər almaq istəyir. Mənə məktubu da buna görə yazıbdır. Çox ola bilsin, bu axşam mən ona gərək olan bilgiləri öyrənə biləcəyəm.

İndi saat altıdır, axşam saat onun yarısında isə Şarko məni evinə qonaq çağırıb.

Qorxuram, bugünkü qonaqlıq mənim üçün çox da ilginc olmasın. Bu qonaqlığa, birinci qonaqlıqda olduğu kimi, çox da bərk hazırlaşmıram. Özümlə götürdüyüm kiçik dozada kokain, elə bilirəm, mənim dilimi açmağa kömək eləyəcəkdir. Şarkonun evindəki qonaqlığın necə keçdiyini sənə gələn məktubumda bütün genişliyi ilə yazaram, indi isə sənin mənim kimliyimlə bağlı qınaqlarından söz açıb, dediklərinin doğru olduğunu bildirmək istəyirəm. Sən bunu yaxşı bilirsən, insanın yaxşılıqsevərliyi, yaşamda çox az durumlarda ona köməklik eləyir, çoxunda isə onu, demək olar, qaragünlü eləyir. Bunun tərsinə olaraq, insanın kimliyində özünü göstərən kiçik çatışmazlıqlar və onun böyük olmayan yanlışlıqları, çox vaxt görürsən, onun çıxış yolu tapmağına və xoşbəxtliyinə yardımçı olur.

Məncə, sənin Barnayslar soyunun özəllikləri ilə bağlı yazdıqların da doğrudur.

Ancaq mən bu özəlliklərdən şikayətçi deyiləm. Sənin soyunda özünü göstərən, olayları bir az şişirtməyə çalışmaq özəlliyi olmasaydı mən, çox ola bilsin, sənin sevgini qazana da bilməzdim. Birdən, necəsə, mənim gözləntilərim də səninki kimi belə ağır durumlarla üzləşsəydi, onda mənim hansı duyğuları yaşayacağımı demək çox çətindir, ancaq bütün bu: yoxsulluğuma, olduqca yavaş-yavaş uğur qazanmağıma, işimin çox vaxt düz gətirməməyinə, yersiz dəymədüşərliyimə, əsəblərimin yerində olmamasına və çoxlu ağır qayğılarıma baxmayaraq, mən özümü xoşbəxt saymaqdayam. Mənə bu sarsılmaz gücü verən isə, sənin mənim olacağına inamım və özümün də sənin tərəfindən sevildiyimə olan arxayınçılığımdır. Mən səninlə həmişə açıq danışmışam, deyilmi? Mən bütün durumlarda, istənilən insanda, o sıradan qadınlarda da, hər şeydən öncə onların ən yaxşı özəlliklərini görməyə çalışıram. Bu baxışlarım istənilən yaşda olan insanlar üçün də belədir. Bununla bağlı sənə belə geniş yazmağımın bir niyəsi var, bizim qarşılıqlı ilişkilərimizin sonucunu mən yalnız belə görürəm: biz gərək həmişəlik bir yerdə olaq. Mən bu konuda çoxlu düşünüb-daşınandan sonra, ancaq sənin mənim olmağından başqa bir şey istəmədiyimi anlaya bildim. Bir sözlə, sən mənə olduğun kimi, necə varsansansa elə də gərəksən.

... Doğrudanmı, mən deyilən kimi, görünüşcə çox yaraşıqlıyam? Sözün açığı, mən özümdə nəsə bir qeyri-adilik, daha doğrusu, bir qəribəlik olduğunu duyuram. Məncə, bunun niyəsi, gəncliyimdə olduqca toxtaq, yaşa dolanda isə çox çılğın olmağımla bağlıdır. Ötənlərdə mənim biliksevər və özünəvurğun birisi olduğumu deyərdilər.

Mən çox vaxt təbiətin məni görünüşcə dahiyə oxşatmasını onun mənə qarşı yamanlığı sayaraq ondan inciyərdim. Doğrudan da, təbiətin belə anlaşılmazlıqları çox olur, görürsən, gözlənilmədən, kiməgəldi, necəgəldi, dahilik möhürü vurub ortaya çıxarır. Mən indi dahi olmadığımı bilirəm və bunu bilən gündən, özümün nə üçün dahi olmaq istədiyimi heç cür anlaya bilmirəm. Çox ola bilsin, mənim böyük bir istedadım da yoxdur. Ancaq mənim kimliyimdə olan bir sıra özəlliklər, olduqca əməksevər bir kimsə olmağıma gətirib çıxarmışdır. Ona görə də, qazandığım uğurların mənim çox böyük intellekt yiyəsi olmağımla bağlı olmadığını düşünürəm. Ancaq mən bir şeydən arxayınam, insanın kimliyində belə özəlliklərin olması onu yavaş-yavaş olsa da, gerçəkliyi anlamağa doğru aparır. Mənim oxuyub işləməyim üçün yaxşı maddi imkanlarım olsaydı, onda Notnageldən daha çox işlər görə bilərdim və ola bilsin, Şarkonun qalxdığı ucalığa çata da bilərdim. Bu heç də mənim onlar təki olacağım kimi anlaşılmamalıdır, birincisi, onlar kimi əlverişli maddi durumum, bundan başqa da, məni içəridən tərpədəcək mənəvi gücüm və dahilik enerjim yoxdur. Deyəsən, yaman çox yanşaqlayıram a!

Mən büsbütün başqa söz demək istəyirdim. Məni, ən çox da bu yad yer olan Parisdə, özünəvurğun və qapalı adam olmaqda qınayanların yanıldıqlarını demək istəyirdim, gör hara gəlib çıxdım. Qarşılaşdığım pis adamların, elə adi sayılan adamların da çoxunun, davranışları məndə adamlara qarşı belə bir inamsızlıq yaratmışdır və buna görə də öz yalqızlığımı onlarla qaynayıb-qarışmaqdan üstün tuturam. Düzdür, iş yoldaşlarım və tabeliyimdə olan adamlarla qurduğum yaxşı ilişkilər bu baxımdan məni ovundurur. Ancaq, sözün düzü, məndən azacıq üstün mövqedə dayanan insanlarla ilişkilərdə mən onlardan çoxlu yamanlıqlar gördüyümü deyə bilərəm. Bütün bunlardan gəldiyim sonuc isə belədir: yaşamın ağrı-acılarına qarşı dayana bilmək üçün gərək bacardıqca müstəqil və güclü olasan.

Mən hələ məktəbdə oxuyanda özümün olaylara fərqli yanaşmağımla seçilər, ən kəskin ideyaları bəyənər, onları yaymağa çalışardım. Habelə, bunu düşünərəkdən eləyər, bütün bu elədiklərimə görə cavab verməli olacağımdan da çəkinməzdim. Çox vaxt, mənə elə gəlir, bu üsyankarlığımın və çılğınlığımın niyəsi, ulu babalarımın öz torpaqlarından qovulmaları, öz müqəddəs məbədlərini və inanclarını itirmələri ilə bağlıdır. Ona görə də, mən hansısa böyük ideyaya görə özümü qurban verməyə sevincək atılacaq bir durumdaydım. Müəllimlərim bu davranışlarıma görə çox tez-tez məni söyüb yamanlayardılar. Ancaq bir az sonra, mənim sinifdə ən yaxşı dərs oxuyan öyrənci olduğumu və yaşıdlarımın mənə çox böyük sayğı ilə yanaşdıqlarını görüb, daha məndən atama şikayət eləməyi yığışdırdılar.

Bilirsənmi, bir dəfə gecə vaxtı Breyer mənə nə demişdi? Mən onu özümə yaxın bildiyimdən, bizim necə adaxlandığımızı, habelə, bununla bağlı başqa ürək sözlərimi də açıb ona demişdim. O gecə, onunla başqa konularda da çox danışmışdıq. Onun deməsinə görə, mən üzdən çəkingən və utancaq olsam da, içdən çox kəskin və dönməz baxışları olan birisiyəm. Sözün düzü, mən də çoxdan özümlə bağlı belə düşünürdüm, ancaq bu düşüncələrimi başqa birisi ilə bölüşməyə ürək eləmirdim.

Bundan başqa da, mən öz düşüncələrimi sözlə və şeirlə yetərincə açıqlamağı da bacarmıram. Ona görə də, içimdəki bu qızğınlığı örtülü saxlamağa üstünlük verirəm.

Ola bilsin, məni dərindən izləyə bilənlər bu özəlliyimi duyurlar. Görürsənmi, mənim incim, necə bir sayalıqla öz ürəyimdəkiləri açıb tökürəm. Sözün düzü, bütün bunları mənə dedirdən azacıq dozada qəbul elədiyim kokaindir, məni belə açıq danışdıran onun gücüdür. İndi isə mən gərək çağırıldığım qonaqlığa tələsəm. Sabah sənə

Şarkonun evindəki qonaqlığın necə keçdiyini doğru-düzgün, olduğu kimi yazmağa söz verirəm. Sən hər dəfə, məktublarında, mənimlə danışmağın çox maraqlı olduğunu yazırsan. Ona görə də, mən Vyanadakı doğmalarıma da Şarkodan da, səndən də bilgilər yazıram. Ancaq, nə olursa olsun, yenə də özümü düşdüyüm bu yalqızlıqdan qurtara bilmirəm. Sənə ürəkdən gələn alqışlarımı yetirirəm.

Sənin Ziqmundun

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.