Vyana, bazar ertəsi, 30 iyun 1884-cü il
Mənim sevimli adaxlım!
Tezliklə bir yerdə olacağımıza görə bərk sevinirəm, sən doğrudan da məndən ötəri darıxırsansa, onda bu qısa sürəcək qovuşmağımızdan sonra az da olsa toxtaqlıq tapa biləcəksən. Mən birlikdə keçirəcəyimiz o gözəl günləri gözləməkdən duyduğum sevinclərlə yaşamaqdayam. Bilirəm, burada sən məni saxlayıb, bu görüşümüzdən çox şeylər ummaqdan çəkindirəcəksən, axı gözləntiləri doğrulmayanda insanın ürəyi sınır, ona görə də düşünürəm, sən məni bu duruma düşməkdən qorumaq istəyərdin.
Ancaq Marthen, bu, birlikdə keçirəcəyimiz günlərin gözəl olması bizim özümüzdən asılı deyilmi?.. Bizim bu günləri sevinc içində yaşamağımıza nə pis keçən hava, nə başqalarının ovqatı, nə də eşitdiyimiz yaxşılı-yamanlı xəbərlər təsir eləyə bilər.
Bilirsənmi, mənim bu, qarşıdakı birgə gəzintimizdən gözləntim nədir? Mən bu, birlikdə keçirəcəyimiz vaxt ərzində sənin həmişəlik mənim olacağına bir də arxayın olmaq istəyirəm, bir də, bizim ilişkilərimizin sözdə yox, gerçəkdən də böyük bir sevgi üzərində qurulduğuna inanmaq üçün də, bu birgə səfərimiz mənim üçün çox önəmlidir.
Sənin olub-keçənləri göz önünə gətirib götür-qoy eləmək özəlliyin doğrudan da yaxşı bir iş imiş. İndi mən də bu yolla geriyə boylananda, mənim səni, sənin məni sevdiyindən, qat-qat artıq sevdiyimi görürəm. Daha doğrusunu desəm, biz hər birimiz ayrı-ayrılıqda öz sevgimizin mahiyyətini qavramadıqca, mən özümü sənə sırıyacağam, sən isə, heç bir vurğunluq və istək olmadan mənim sənə aşıladıqlarımı qəbul edəcəksən. Ancaq mən bizim bu maneəni də adlaya biləcəyimizə ürəkdən inanıram.
Mən bütün bunların yaxşılığa doğru dəyişəcəyinə arxayınam. Bilirsənmi, mənə səninlə bağlı nələr deyirlər? Deyirlər, mənim işim-gücüm səni qıcıqlandırıb özündən çıxarmaqdır, özü də, sən demə, mən bunu çox yaxşı bacarıram. Deyirlər, biz ara vermədən biri-birimizlə öcəşirik, savaşırıq, sən mənim üçün heç nə eləmirsən, yalnız özünü düşünürsən. Deyirlər, biz büsbütün ayrı-ayrı adamlarıq, özümüzün eqoist sevgi istəyimizi qarşılıqlı sevgi adı ilə ortaya çıxarır, belə tanıtmaq istəyirik. Deyirlər, biz sevib sevilmək istəyimizdən adaxlanmışıq, ancaq bizim ömür yolumuz, özəlliklərimiz biri-biri ilə uyğun deyildir. Ancaq bütün bu ağır sözləri eşidəndən sonra da, boynuma alıram: mən səni sevirəm. Bizim sevgimizlə bağlı soruda mənim tərəfimdə olan bir-iki adamı çıxsaq, qalan çoxlu kimsələrdən heç birisi sənin insanlıq mahiyyətini anlamaq gücündə deyil, onlar sənin, taleyin mənim üçün yaratdığı, ən gərəkli bir varlıq olduğunu başa düşə bilmirlər.
Sənin deməyinə görə, mən sənə heç bir təsir göstərə bilmirəm. Bunun niyəsi, səni yetkin və öz anlağı ilə yaşamağı bacaran bir kimsə saymağımdır. Ancaq sən mənə acımırsan və bu davranışını adətlərin qoyduğu yasaqlarla doğrultmağa çalışırsan, mənim isə sənin üzərində heç bir ağalığım yoxdur və mən bunun olmasını istəmirəm də. Sən mənim sözümə qulaq asmasan da, günü-gündən mənim gözümdə böyüyürsən. Birdən, on üç ay bundan öncə, Vyanadakı hospitalın qarşısında sözləşib ayrılmağımıza oxşar bir olay yenidən baş versəydi, onda mən özümü bu dünyanın ən qaragünlü kişisi sayardım. Onda mənim ümidim az qala tükənmək üzrə idi və mən, elə bil, dəyişməyi unutduqları keşikçi əsgərin gününə düşmüşdüm. Onda bizim biribirimizlə görüşmək, vaxtımızı bir yerdə keçirmək istəyimiz də çox soyumuşdu.
Durumun bu ağırlığı məni sındıra bilmədi və mən bu sınaqdan qalib kimi çıxmağı bacardım, düzdür, mən onda başqalarının bacardığı kimi, qadınların könlünü almaq üçün deyilən çoxlu incə sözləri də bilmirdim. Ancaq mən onda sənin gözündə hansısa dəyərimin olduğunu duymuşdum. Sənin tez-tez şikayətləndiyin bu, bizim ilişkilərimizdə özünü göstərən iyəşmələr və özünəqapanmalar biz birgə yaşayanda özözünə yox olub gedəcəkdir.
O günlərdən keçən vaxtda mən çox dəyişmişəm. Ruhumdakı yaraların bir çoxu qaysaq bağlasa da, indi başqa, daha dərin yaralarım vardır. Sən bilirsən, məndə indi çox güclü inadcıllıq və özünəsayğı özəllikləri oyanmışdır. Bir il öncəyə kimi mən bu özəlliklərimin olmasından baş açmırdım. Ona görə də, mən daha öz səadətimizə qovuşmağı gecikdirmək istəmirəm. Səninlə ürəklərimizi biri-birinə bağlayan anlaşmanın olması mənə öz işlərimi davam elətdirmək, yeni işlərə başlaya bilmək üçün də çox önəmlidir.
Ancaq necə də olsa, kiçik bir inamsızlıq da qalır. Sən məni, yenədəmi, öncələrdə olduğu kimi, o çılğın vurğunluq ilə sevirsənmi? Belə uzun bir sürədə görmədiyin, səsini eşitmədiyin, düşüncələri ilə tanış ola bilmədiyin bir insan sənə yadlaşmayıb görəsən? Yoxsa, çoxdandır sənin yanında olmayan bu insan sənin üçün özgələşibdir?
Bütün bu, çoxillik ayrılıqdan sonra görüşəcəyin bu insan sənin öz düşüncələrində obrazını yaratdığın və iki-üç il bundan öncə tanıdığın o insana oxşayacaqmı, yoxsa sən onun indisinin keçmişinə uyğun gəlmədiyini görüb sarsılacaqsan? Mən sənin “yox”
sözünün ağırlığına dözüb yaşaya bilmərəm. Sənin gəlişini dözümsüzlüklə gözləməkdəyəm. Görünür, gözləmək, səninlə mənim taleyimizə yazılıb. Bezikmədən və toxtaqlıqla, həyəcan içində və çarpışaraq, o günü gözləmək. Düzünə qalsa, gündəlik yaşamımızda əlimizə düşən səadəti necə bərk-bərk qoruyub saxlamağa çalışırıqsa, burada da elə o sayaq dirənişə gərək vardır.
... On dörd gün də gözləməliyik. Ardınca nə olacağını isə artıq düşünmürəm.
Qarşıdakı illər, elə bil, zaman adlı bir pərdə ilə örtülmüşdür. Mən səni çox sevirəm, ancaq özümün də sənin sevimlin olmağımı, bilsən, necə çox istəyirəm.
Mən görüşümüzədək qalan bu iki həftəni də, indiyədək ömrümə sevinc gətirmiş günlərin sırasına yazmaq istəyirəm, ancaq bu günləri də, hər şeyin yaxşı olacağı düşüncəsi ilə özümü ovudaraq, gələcəyə qurban vermək və səni görmədən yaşamağın ağrısına qatlanmaq istəmirəm. Bu iki həftənin özü elə gələcək deməkdir.
Mənim körpəmin sağlamlığı yerindədirmi? Mən elə sağlamam, deyəsən, heç vaxt bunca sağlam olmamışam, habelə, indi işim də çox azdır. Mən gərək sənin gəlişinədək, vaxt tapıb, nə işlər görəcəyimin üzərində düşünüb daşınam.
Məndən qəzet üçün məqalə yazmağı istəyiblər və bir sıra xəstələrin üzərində müşahidə aparmağı tapşırıblar. Mən xəstəxananın müalicə şöbəsində onları izləyirəm.
İstəkli Marthenim, bu məktubumda sənin könlünə toxuna biləcək nəsə varmı?
Varsa, mənə çəkinmədən de.
Sənin Ziqmundun