Vyana, 10 iyun 1882-ci il
İstəklim, sevgisinin oduna alışıb yandığım, gözəl qız!
Mən bunu bilirdim: yolların ortaya atdığı bu uzaqlıq, sənin olmadığın bu yerlər, mənə qarşılaşdığım itkinin necə böyük olduğunu anladacaqdır. Ancaq ha çalışsam da, gömüldüyüm bu duyğuların dərinliyinə varmağı, onları sonacan qavramağı bacarmıram. Sənin o incə görkəmin, bir an da olsa belə, gözlərimin önündən çəkilmir.
Daldığım bu dadlı yuxunun pozulacağı, qapıldığım bu işıqlı xəyalın dağılacağı məni qorxudur.
Arxadaşlarımın deməsinə görə, gerçək sevgi elə belə də olur. Sənin görkəminin ayrı-ayrı cizgilərini gözümün önündən keçirirəm və bu anlarda yaşadığım duyğuların gözəlliyindən, qeyri-adiliyindən yaranan xoşbəxtliyimi doğuracaq başqa bir fantaziyanın ola biləcəyinə inanmıram.
Mənim Martam – görənlərin ağlını başından alan, hamının vurğunluq və sevgi ilə bağlanıb ayrıla bilmədiyi bir gözəldir. Elə onun bu özəllikləri də, ilk görüşdəcə, məni onun dustağına çevirdi, onun mənə güvənclə və istiqanlılıqla yanaşması isə məni öz gözümdə ucaltdı və mənə tükənməz ümidlər aşıladı, ən başlıcası isə, mən bütün bunlara görə, öz gələcəyimi qura bilmək üçün gərəkən, coşqun bir yaradıcılıq enerjisi aldım.
Bir də görüşəsi olsaq, elə bilirəm, mən bizim ilişkilərimizdəki utancaqlığı və gərginliyi aradan qaldıra biləcəyəm. Biz yenə də sənin o kiçik, gözəl otağına çəkiləcəyik, mənim gözəlim qəhvəyi kresloya dirsəklənəcək, mən isə onun ayaqlarının yanında qoyulmuş alçaq, dairəvi oturacaqda oturacağam. Beləliklə də, biz biribirimizlə danışmaqdan, biri-birimizə isinişməkdən yorulub usanmayacağıq...
Gündüzlərlə gecələrin yerlərini dəyişməsi də, qıraqdan kimlərinsə göz yetirməsi də bizə mane ola bilməyəcəkdir, heç bir qayğı da, heç bir görülməli olan iş də bizi biribirimizdən ayıra bilməyəcəkdir.
Sənin obrazını canlandıran bu gözəl portretin... Sözün düzü, mən ilk öncə, səni andıran, prototipin olan bu portreti yetərincə dəyərləndirə bilməmişdim. İndi isə sənin portretinə baxdıqca baxır və onda mənim sevgilimə oxşar olan və olmayan cizgiləri özüm üçün ayırd eləyirəm. Birdən, necə oldusa, portretdəki solğun yanaqlarının, incə əllərində tutduğun o qızılgüllər kimi, al rəngə boyanıb canlanacağını düşündüm. Ancaq sənin sevimli obrazın öz toxtaqlığını saxlayır və elə bil mənə bunları pıçıldayırdı: “dözümlü ol, dözümlü... Mən axı bu portretdə eləcə bir obrazam, işarəyəm, bu mənim kağız üzərindəki kölgəmdir, mənim gerçək varlığım isə sənin ürəyinə köçüb və sən məni heç vaxt unuda bilməyəcəksən”.
Sənin portretini də, iş stolumun üstündən asdığım ev tanrıları simvollarının arasında yerləşdirmişəm. Ancaq mənim sayğı ilə yanaşdığım bu simvollardakı ciddi baxışlı kişilər, sanasan, mənə üz tutub: bu incə qızın yeri bizim aramızda deyildir, deyirlər. Mən isə sutkanın bütün iyirmi dörd saatı boyunca ara vermədən, dönədönə, portretinə baxıb, səninlə bağlı xatirələrimi gözlərimin önündə canlandırmaq istəyirəm.
Çoxdandır başımda dolanır, bilmirəm, haradansa belə bir yazı oxumuşdum: birisi, gecə-gündüz, harada olursa olsun, nə iş görürsə görsün, dayanmadan, sevgilisi haqqında düşünür, ancaq çox uzun çəkən götür-qoydan sonra bu işdən əl çəkir.
Deyəsən bu, Götenin “Vilhelm Meysterin özünə qapıldığı illər” dramında verilən nağılda olmalıdır. Bu süjet mənim istəklərimin dumana bürünmüş təsviridir.
Üstündən neçə il keçəndən sonra mən bu kitabı tapıb bir də oxudum və yanılmadığımı gördüm. Bu kitabı oxuyanda, orada, axtardığımdan çox şeylər tapdım.
Buradakı oxucunu əyləndirən yüngül eyhamlar gözlənilməz və təkəmseyrək olsa da, bizim ilişkilərimizlə bağlı çoxlu şeyləri mənə andırdı.
Ancaq sonradan, sənin məndə yaratdığın özüməinamı xatırlayıb bu kitabdan üz döndərdim, onu bir qırağa tullayıb: “Mənim Martam bu kitabdakı kimi bir pəri deyildir, gözəl bir insan övladıdır” deyərək, toxtaqlıq tapdım. Bildiyimə görə, biz yumorla danışanda da biri-birimizi çox gözəl anlaya bilirik, ancaq ola bilsin, sən Vilhelm Meyster haqda olan bu kiçik kitabçanı vərəqləyib burada sənə oxşar olan kimisə axtardığıma görə məndən inciyə də bilərsən. Sözün düzü, mənim baş-beynimi aparan bu yaramaz fantaziyalarla sənin başını ağrıtmağı heç istəməzdim.
Sevimli Marthen1, bu məktubu birdəfəyə yazmamışam. Eli2 ilə Şenberq dünən mənim yanıma gəlmişdilər, bu axşam yenə də mənimlə idilər; dünən onlarla bir neçə qız da buraya gəlmişdi. Qızların könlünə toxunmamaq üçün mən onlara qulluq göstərməli, onlarla danışmalı oldum, ancaq onlarla vaxt keçirməkdənsə təkliyə qapılmaq daha çox ürəyimdən olardı.
Mənim əyləncəmə bax, Şenberqin enerji və doğruculluq yağan üzünə baxıram, onun gözlərindən bir yığın alabəzək xatirələri oxuyub sevinirəm. Bütün bu xatirələrin baş qəhrəmanı isə sənsən, ay mənim möcüzə yaradanım... İkimizin də tanıdığımız Şenberqə baxıb səni xatırlaya bilməyim, onu get-gedə mənim üçün ən doğma birisinə çevirir.
Səninlə vağzalda ayrıldığımız anları, sənin, arxamca baxıb, əlini yellətməyini xatırlayıram. Eli bugün sənin yaxın günlərdə buralara gəlmək istədiyini deyəndə, deyəsən, ən böyük arzuma çata biləcəyimi düşündüm.
Sənin qardaşın Vyanada, bizdə olanda könlü açılır. Mənə yalqızlığımı unutdurmağa da çalışır, ancaq mən ona, sənin buralara gəlmək sorağını alandan sonra, artıq yalqız olmadığımı deyib, ürəyinə toxunmaq istəmədim. Bundan başqa da, mən iş yerimdə özümə yaxşı bir əyləncə tapmışam, özümü belə bir inam ilə ovuduram: Marta çox uzun bir müddətə mənim olacağına görə, o, uzun bir ömür sürə biləcəkdir.
Mənim istəkli adaxlım! İndiyədək sənin taleyinlə özümünkünü qırılmaz tellərlə bağlamağa, səni bütün sevinclərimizi və kədərlərimizi bölməyə çağırmağa ürək eləmirdimsə, indi, elə bilirəm, bunu eləmək çağı gəlib çatıbdır. Çalış, yaxın qohumlarında qorunan bütün uşaqlıq fotolarını toplayıb mənə gətirəsən. Mənə elə gəlir, burada olacağın sürədə, sənin ananla çəkilmiş bütün fotolarını özümdə saxlamağa haqqım çatır. Buralardan nəsə alıb göndərmək gərəksə mənə yaz, sənin istənilən tapşırığını yerinə yetirmək mənim üçün xoşbəxtçilikdir.
Çox istərdim, özünün işgüzar və dostluq ilişkilərindən mənə yazasan. Bu, sənin ayrılığına dözə bilməyimə kömək eləyərdi.
Hamburqda olmağından yararlanıb sağlamlığını bərkitməyə çalış. Səni, yenə də, uşaqlıq fotolarında olduğun kimi, toppuş yanaqlı görsəydim, bilsən necə sevinərdim.
Gecə yarıdan keçib, məktubu bitirirəm, kağız da qurtarır və beləliklə də, səninlə danışığımı burada kəsməli oluram... Sağlıqla qal və ruhunu xilas elədiyin, xoşbəxtliyə çatdırdığın bu yazıq kişini unutma.
Şenberq mənə Minnanın3 alovlu salamlarını yetirdi.
Marthen – almanca “Martacığaz”demək olub, əzizləmək üçün deyilən bir sözdür.
Eli – Martanın kiçik qardaşıdır.
Minna – Martanın kiçik bacısıdır.